Bizimlə əlaqə

Araşdırma

“Vətən xainləri”nin xanımları: Mir Cəfər Bağırov öz süd anasını da həbs etdirmişdi – SİYAHI, FOTOLAR .

Yayımlandı

da

1937-1953-cü illərdə Qazaxıstanın Akmol kəndinin ərazisində ALJİR adlanan dəhşətli bir yer vardı. Bu abbreviatura rus dilindəki “Акмолинский лагерь жён изменников Родины” sözlərinin baş hərflərindən yaranmışdı. SSRİ-də o dövrün ən ağır ittihamlarından biri – Cinayət Məcəlləsinin 58-ci maddəsi olan “vətənə xəyanət”də günahlandırılan şəxslərin həyat yoldaşları, bacıları, anaları bu düşərgədə saxlanılırdılar.

…Onların yatmağa nə yorğanları, nə də döşəkləri vardı. Quru saman üzərində gecələyirdilər. Bataqlıqlardan tapdıqları qamışları yandıraraq isinirdilər, aclıq, sussuzluqla mübarizə aparırdılar. Yaxınları, övladları və həyat yoldaşlarının vəhşicəsinə öldürməsini hiss edərək ağrı, işgənclərlə gözlərini əbədi həyata yumurdular. Bəzi qadınlar gördükləri dəhşətli hadisələrin təsirindən dəli olurdular. Hər gün ailə üzvlərinin adını sayıqlayıraq, özlərinə qəsd edib, həyatları ilə vidalaşırdılar. Körpə övladlarını evdə təkbaşına qoyub gələn anaların gecə çəkdikləri ah-nalə, fəryad səsləri düşəgənin ətrafına yayılardı.

Düşərgədə 18.000 qadın məhbus həyatı yaşayıb ki, onların arasında 44 azərbaycanlı xanım da olub. Hafiztimes.com   ALJİR məhbusu olan 44 azərbaycanlı qadının həyatı, doğmaları ilə bağlı faktları toplayıb. ALJİR məhbusları olan xanımların əksəriyyəti bu yaxınlarda 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ailə üzvləridir… 

Kimdir onlar?

– Məmmədova Nəimə Rəşid qızı – 1906-ci ildə Şəki şəhərində doğulub. O, xalq maarifinin təşkilatçılarından olan yazıçı-pedaqoq Rəşid bəy Əfəndiyevin kiçik qızı, tarixçi-alim, Azərbaycan Dövlət Universitetinin kitabxanasının direktoru Ağamir Məmmədovun həyat yoldaşı idi.

1937-ci ilin oktyabrında rəhbər orqanlara Ağamir Məmmədov haqqında məktub daxil olur. Məktubda onun və ailəsinin müsavatçı olduğu, əksinqilabi fəaliyyətlə məşğul olduğu yazılmışdı. Azərbaycan tarixininin qatı açılmamış səhifələrini öyrənən bir alimi ittiham etmək üçün bu, əsl fürsət idi…

Hər qapının bir gün döyüləcəyi gözlənilən illərdə Nəimə xanımın ağlına da gəlmirdi ki, onun həyat yoldaşını ölkəyə xəyanətdə, satqınlıqda ittiham edə bilərlər. Ağamir Məmmədovun yoxa çıxması məlum olanda o, xəstəxanaları axtarmağa başlayır. Başına qəza gəldiyini güman edir. Lakin axtarışları heç bir nəticə vermir. Bir neçə gün sonra məlum olur ki, Ağamir Məmmədov 10 yanvar 1937-ci ıldə Azərbaycan SSR Xüsusi Dövlət İstintaq Komitəsi (XDİK) tərəfindən terrorçu əksinqilabi-millətçi, pantürkist təşkilatın üzvü kimi həbs edilib.

Nəimə xanımın bütün sualları cavabsız qalır. O, evdən əri üçün yemək gətirmək, onu görmək istədiyini desə də, imkan vermirlər. Yalnız dəyişmək üçün alt paltarları gətirməsini icazə verirlər. Çirkli paltarları ona qaytaranda məlum olur ki, köynəyinin arxasında zolaq-zolaq qan ləkələri var. Bu, Ağamir Məmmədova işgəncə verildiyini göstərirdi.

“Hazır şahidlər” vasitəsilə onun “günahı sübut olunur”. İftiralar yağdırmağa başlayırlar. Ancaq Ağamir Məmmədov elan olunmuş ittihamların heç birini qəbul etmir. Üç aylıq istintaqdan sonar, 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarına əsasən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilir.

Artıq Nəimə xanım əmin idi ki, bütün sürgün olunanların ailəsini Bayıla aparan qara maşın çox yaxında onların da qapısına gələcək. Həmin günə qədər səksəkə içində iki ay keçir. Və nəhayət, 10 aprel 1938-ci ildə iki nəfər içəri girir: “Yığışın, bir dəstə paltar götürün, balaca çemodan olsun, başqa dəyişəkləri də qoyun və bu qoca arvadla vidalaşın, qayıtmayacaqsınız!”

Nəimə xanımı fəlakətlərə düçar olmuş, qəm dəryasına batmış qadınların olduğu dəmir barmaqlıqlar arasına itələyib salırlar. Bir neçə gün sonra həmin qapı yenə açılır. Ağ saçları üzünə tökülmüş bir qadını içəri gətirirlər. Nəimə xanım həmin qadını belə xatırlayır: “Ağzının qanı solğun çöhrəsinə yayılmışdı. Su tapıb içirtdik. Özünə gələndən sonra əllərini göyə qaldırıb, dodaqları altında nəsə pıçıldadı, sonra döşlərini tutub, başını qaldırdı, ah-zarlı səsi həbsxananın lal divarlarını titrətdi: “Ay Allah, Mir Cəfərə bu döşümdən verdiyim südü haram elə, onu dünya işığına həsrət qoy!” Həmin qadın Mir Cəfər Bağırovun süd anası imiş. Ona süd verən qadına mərhəmət göstərməyən insanın başqalarına nəzakətli olacağını gözləməyə dəyməzdi.

Nəimə xanımı iki ay istintaqsız Bayıl həbsxanasında saxlayırlar. Bir gün içəri iki nəfər girir və hökmü oxuyur. Digər qadınlar kimi onun da adı çəkilir. Səkkiz il Azərbaycandan kənara sürgün! Qadınların “nəyə görə” sualının cavabı isə belə olur: “Siz xalq düşmənlərinin arvadlarısınız!”

Onunla birlikdə sürgün olunanların arasında Ruhulla Axundovun arvadı Frida Naumovna və Soltan Məcid Əfəndiyevin arvadı Zivər xanım da var idi.

Onları mal-qara daşınan qatarlara doldurub, naməlum istiqamətə aparırlar. Qatarı müəyyən yerlərdə saxlayıb, meyitləri çölə atırlar. Qadınların çoxu dəli olur, özünə qəsd edir. Yalnlz ən güclü iradəyə sahib olan qadınlar o cəhənnəmə tab gətirə bilirlər. Nəimə xanım da güclü qadınlardan biri idi. O, çəkdiyi əzaba yalnız ona görə dözürdü ki, inanırdı: bir gün haqq öz yerini tapacaq, o, yaşadıqlarını başqalarına danışa biləcək, ağır sürgün həyatının canlı şahidi kimi hər şeyi sonrakı nəsillərə çatdıracaq.

Qadınları Rusiyanın soyuq Seqeja şəhəri yaxınlığında hasara alınmış həbs düşərgəsinə gətirirlər. Onlar burada köynəklərin yaxasına bəzək vurur, başqa işlər də görürlər. Nəimə xanım qeyd edir ki, Soltan Məcid Əfəndiyevin arvadı, bacarıqlı həkim Zivər xanımın gözləri zəif gördüyü üçün ona tualet təmizlədiblər.

O, tez-tez atasını fikirləşir, onun üçün necə narahat olduğunu təsəvvür edirdi. Atasına olan bağlılığından, sevgisindəndir ki, onun ölümünü də hiss edir: “Qırx ikinci ilin fevral günlərinin birində elə bil dünya bir anlığa dayandı. Gözlərimə qaranlıq çökdü. Elə qışqırdım ki, səsimə barakdakılar oyandılar: “Nə olub sənə, özünü ələ al!” Mən ömrümdə ilk dəfə yanıqlı-yanıqlı ağladım. Deyirdim, atam daha bu dünyada yoxdur, o ölüb!”

Həbsdən qayıdandan sonra öyrənir ki, atası 1942-ci ilin fevralında onun azad olunması üçün Moskvaya mərhəmət ərizəsi göndərib. Lakin rədd cavabı alıb. Bundan bir neçə gün sonra isə gözlərini əbədi yumub…

Nəimə xanımı 1943-cü ildə azad edirlər. Amma bir şərtlə: birbaşa Azərbaycana gedə bilməz, bir neçə ay Qazaxıstanda yaşamalıdır. Azərbaycan Dövlət Universitetinin riyaziyyat professoru olan qardaşı Məmməd bəy işə qarışır, Azərbaycana qayıtmağına icazə ala bilir. Ancaq qayıdanda o qədər dəyişibmiş ki, qardaşı onu tanımır.

“Qapını açıb içəri girdim. O, mətbəxdə nahar edirdi. Səsə bəy başını qaldırdı, fikirləşdim ki, ayağa duracaq, məni qucaqlayacaq. Belə olmadı. Yəqin etdim ki, məni tanımayıb. Arvadını səslədi. Dedi, dilənçiyə pay ver, yola sal. Ürəyim gedib yıxıldım. Qardaşım arvadı ilə köməkləşib, məni yerdən qaldırdılar. Tanıdı. Qardaşım, gəlin və mən bir müddət bir-birimizə sarılıb, hönkür-hönkür ağladıq”,- deyə Nəimə xanım sonralar xatırlayırdı.

Sürgündən qayıdandan sonra heç bir tanışı onunla ünsiyyət saxlamır, hamı ondan qaçır. Bunu da anlamaq olardı. Çünki sürgündən qayıtmış biri, üstəlik, “xalq düşməninin arvadı” ilə ünsiyyət saxlayan hər kəsi təhlükə gözləyirdi.

Bir gün Nəimə xanım DİN-ə gedir və iş istəyir. Bu fikrinə gülürlər. Lakin o, dediyindən dönmür. Orada süpürgəçi kimi də olsa, işləmək istədiyini deyir. Yalnız bu yolla normal cəmiyyətə qarışa biləcəyini düşünür. Əmin idi ki, insanlar DİN-ə gedib-gəldiyini görsələr, onunla ünsiyyətdən qaçmazlar.

Yaşlı bir kişi onu dinləyir. Tutulmamışdan qabaq elmi işçi olduğunu öyrənir. Onu Şəkiyə ipəkçiliyə göndərməyə qərar verirlər. O, bir neçə il – Mir Cəfər Bağırov həbs olunana qədər Şəkinin ipək sənayesi fabriklərində laboratoriyada işləyir. İiyirmi ilə yaxın isə respublikanın ipəkçilik üzrə mərkəzi təşkilatlarında çalışır. Əzmi, inadkarlığı sayəsində əzablara dözür, ölkənin ən güclü mütəxəssisinə çevrilir. Həyat yoldaşına bəraət almağa da nail olur.

– Mehdiyeva Setar Hüseyin qızı – 1910-cu ildə Qaryagin şəhərində anadan olub. Həbs edilərkən 9 yaşında Fikrət adlı oğlu, 3 yaşında Rima adlı qızı varmış. Həyat yoldaşı Mehdiyev Mehdi Adıgözəl oğlu ictimai xadim idi, 1895-ci ildə Cəbrayıl qəzasının Qarakollu kəndində dоğulmuşdu. 1908-ci ildə Şuşa seminariyasına daxil оlub, 1911-ci ildə oranı bitirib, sоnra Gürcüstan hərbi dəmiryоlunun çəkilişində fəhləlik edib. 1914-cü ildə Dоnbasda bir sıra məşhur inqilabçılarla tanış оlub.

О, 1915-1918-ci illərdə Türküstan vilayətinin Buxara dəmir yоlunda yükdaşıyan işlədiyi vaxt Birinci Dünya Müharibəsinin başlanması xəbərini eşidib. Tale elə gətirir ki, Mehdi 1918-ci ildə Çapayevin kоmandanlıq etdiyi 25-ci divizyaya düşür. Divizyanın tərkibindəki yeganə azərbaycanlı kimi ağqvardiyaçılara və xarici müdaxiləçilərə qarşı mübarizə aparır. M.V.Frunzenin Türküstan cəbhəsinə kоmandanlığı dövründə M.Mehdiyev həmin cəbhənin sıvari döyüşçüsü kimi vuruşur.

1920-ci ilin əvvəllərində Həştərxanda S.M. Kirоv ilə tanış оlan M.Mehdiyev aprelin 27-də XI Qızıl Оrdunun tərkibində Bakıya gəlir. Bakıda bir çоx məşhur bоlşeviklərlə yaxından tanış оlur. Azərbaycanda Sоvet Hakimiyətinin qələbəsindən sоnra bir sıra məsul vəzifələrdə çalışır.

Mehdi Mehdiyev SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyanın Səyyar Sessiyasının qərarı ilə 13.10.1937-ci ildə “əksinqilabi-millətçilik fəaliyyətinə görə” güllələnməyə məhkum edilir. Bundan sonar xanımı – Mehdiyeva Sitarə Hüseyn qızı “vətən xainin həyat yoldaşı” ki¬mi 8 il müddətinə azadlıqdan məhrum edilir.

– Mehtiyeva Dursun Həmzə qızı – 1907-ci ildə Gəncədə doğulub. 8 yaşında Sahib adlı oğlu, 3 yaşında Xalidə adlı qızı varmış. Həyat yoldaşı Mehdiyev Eyyub Nağı oğlu “əksinqilabi-millətçilik fəaliyyəti”nə görə güllələnməyə məhkum edilib. Dursun Mehdiyeva “vətən xaininin həyat yoldaşı” kimi 8 il müddətinə azadlıqdan məhrum edilib

– Muradova Səfurə Nəsib qızı – 1902-ci ildə Zaqatala şəhərində doğulub. Həbs edilərkən 16 yaşında Oğuz adlı oğlu vardı. Həyat yoldaşı Muradov Səbri Murad oğlu 3 yanvar 1938-ci idə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilib. Səfurə xaım SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsasında “vətən xaininin həyat yoldaşı” kimi 8 il müddətinə azadlıqdan məhrum edilib.

– Naibova Məryəm Əli qızı – 1900-cı ildə Zaqatala rayonunun Çardaxlar kəndində anadan olub. Oğlu Bayram 1931-ci, ögey oğlu Qazı Məmməd – 1923-cü ildə dünyaya gəliblər. 1931-ci ildə qolçomaq ailəsi kimi həbs olunaraq, Azərbaycan Dövlət Siyasi İdarəsi Fövqəladə Üçlüyünün qərarı ilə uşaqları ilə birlikdə Qazaxstana sürgün ediliblər.

– Nurməmmədova Fatma Abdul qızı- 1899-cu ildə Şamaxı şəhərində doğulub. Həyat yoldaşı Nurməmmədov Mirzə Həsən 4 iyul 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərfindən əksinqilabi terrorçuluq fəaliyyətinə görə 2-ci kateqoriya ilə həbs edilib. Nurməmmədova Fatma Əbdül qızı “vətən xaininin həyat yoldaşı” kimi 8 il müddətinə azadlıqdan məhrum edilib.

– Eyyubova Sənubər Nəsibovna – 1905-ci ildə Qazax bölgəsinin Dağ Kəsəmən kəndində imkanlı ailədə doğulub. Atasının zavodları, neft anbarları, dəyirmanları vardı. Lakin bu var-dövlət gənc qızı maraqlandırmırdı. O, oxumağa, təhsil almağa can atırdı. 1920-ci ildə ali təhsil almaq üçün Bakıya gəlir. Həmin dövrdə Azərbaycanda sovet hakimiyyəti qurulur. Sənubər 1920-ci ildə Kommunist Partiyasına üzv olur. 1924-cü ildə Sənubər daha 16 nəfər gənc qızla birlikdə Azərbaycan Ali Pedaqoji Qadın İnstitutunu bitirir. Onu təyinatla Qubaya göndərirlər.

Gənc müəllimə Qubada böyük çətinliklərlə üzləşir. Sənubər Əyyubovanın bacısı qızı Ruhəngiz Fətullayevanın xatirələrindən: “Xalam deyirdi ki, yaxın rəfiqəsi Sürəyya Xəlifəzadə ilə Xaçmazda qatardan düşüb, faytona əyləşirlər. Faytonçudan xahiş edirlər ki, onları Qubada yaşlı bir qadının evinə aparsın. Axı onların Qubada heç bir tanışları yox idi. Nadürüst faytonçu isə onları Hacıağa adlı yaşlı bir kişinin evinə aparır. Hacıağa qızların nə məqsədlə gəldiyini, varlı ailədən olduqlarını bilincə, deyir: “Nəbadə bayıra çıxasınız, sizi çadrasız görsələr, öldürərlər…”

Sənubər Əyyubova dörd il Quba Qızlar Seminariyasına rəhbərlik edir. O, qızların təhsilinə, təlim-tərbiyə işlərinə çox ciddi yanaşırdı. Özü təbiət dərslərini tədris edirdi. Seminariyanı bitirən məzunları müxtəlif yerlərə müəllim işləməyə göndərirdilər.

Sənubər xanımın səyi ilə Qubada qadınlar klubu da açılır. İllər ötür. Qızlar Seminariyasının açılmasında olmazın çətinliklərə rast gələn Sənubər xanım qubalıların sevimlisinə çevrilir. Onun qədəmləri hər evə sevinc bəxş edirdi. Qubada doğulan qızlara qoyulan “Sənubər” adının verilməsi gənc müəlliməyə bəslənilən dərin hörmətin izharı idi.

Gənc müəllimə 1928-cı ildə Qubanın prokuroru Mehdi Məhərrəmovla ailə qurur. Onlar Bakıya qayıdırlar, Mehdi Respublika prokurorunun müavini, Sənubər isə maarif komissarlığında şöbə müdiri olur. 1930-cu ildə bu xoşbəxt ailədə Alanqo adlı qız, bir neçə il sonra isə Çingiz adlı oğlan dünyaya gəlir.

1935-ci ildə Sənubər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-coğrafiya fakültəsinin dekanı təyin edilir. Beləcə, hər şey irəliyə, daha fərəhli günlərə doğru gedirdi…

1937-ci ilin yayında pedaqoji institutun tələbələri üçün Şuşada təkmilləşdirmə kursları təşkil edirlər. Sənubər də uşaqlarını götürüb oraya gedir. Günlərin birində onun qaldığı otağın qapısı döyülür və iki nəfər içəri girir. Nisbətən yaşlı olanı cibindən bir kağız çıxarıb, göstərir. Bu həbs olunmaq üçün sanksiya idi. Heç bir seçimi qalmayan ana uşaqlarını dayələrinə tapşırır və deyir ki, onları nənələrinin yanına aparsın. Uzun ayrılıq başlanır…

Sənubər xanım ömür-gün yoldaşının həbs edilməsini də həbsxanada öyrənir. Mehdi köhnə bolşevik Sarı Şəmistanla bir kamerada qalırdı. Şəmistan Sənubərin əmisi oğlu idi. Onu tutan kimi, həyat yoldaşı Pərini də həbs etmişdilər. Pəri isə Səməd Vurğunun əmisi qızı idi. Dustaq otağında dörd qadın – Ayna Sultanova, Xavər Qarayeva, Sevgili Hacıyeva və Sənubər Əyyubova birlikdə idilər.

Sənubər xanıma çoxlu işgəncələr versələr də, boynuna bir şey qoya bilmirdilər. Ruhəngiz xanım söyləyir ki, sürgündən qayıdandan sonra xalası həmin acı anları belə xatırlayırdı: “Özünü müstəntiq adlandıran cəllad pəncərənin qarşısına gəlib, onu taybatay açdı. Məni pəncərənin önünə çağırdı. Aşağıda maska taxmış bir kişi əlində şallaq, müntəzir dayanmışdı. Yerdə kisənin içində nəsə tərpənirdi. Bədənim üşəndi. Ani olaraq beynimdən keçdi: “Birdən kisədəki Mehdi olar?!” Gözlərimə qaranlıq çökdü. Əgər o, Mehdi deyilsə, onda müstəntiq məni niyə pəncərə önünə çağırdı? Müstəntiq «Vur!» əmrini verəndən sonra aşağıda döyülən adamı mənə göstərərək, mənəviyyatımı sarsıtmaq, yazılı kağızlara qol çəkdirmək istəyirdi».

Gənc qadın bayılır, üzünə su çiləyirlər. Özünə gəlmədiyini görüncə, yenidən kameraya aparırlar.

Mehdi Məhərrəmov həbsxanada güllələnir. Sənubər xanımı isə SSRİ XDİK-nin 29 may 1938-ci il qərarına əsasən “xalq düşməninin arvadı” kimi Qazaxıstana sürgün edirlər.

Bu qədər haqsızlıqlara tuş gələn Sənubər Əyyubova həyatla çarpışır, gözü önünə qurub-yaratdığı işləri gətirir, “Mən sınmamalıyam” deyirdi. Elə bil uca, işıqlı zirvədən qaranlıq quyunun dibinə yuvarlanmışdı.

1947-ci ilidə Sənubər xanım sürgündən qayıdır. Qocalmışdı, amma yenə də sarsılmamışdı. Bəraət alana qədər Kürdəmirdə, Şamaxıda baytar həkimi işlədi. Övladlarının hər ikisi ali təhsil aldı.

1956-cı ildə bir çox günahsız repressiya olunmuş şəxslər kimi ona və ərinə (ölümünüdən sonra) bəraət verildi. Bakıda yaşamaq hüququ bərpa edildi. Pedaqoji fəaliyyətə qayıtdı, müxtəlif işlərdə BDU-nun prorektoru vəzifəsində çalışdı. 1967-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edildi. 1970-ci ildə, 65 yaşında dünyasını dəyişdi.

– Rzayeva Balabaci Hüseyn qızı – 1902-ci ildə Bakıda doğulub. Həbs edilərkən 8 yaşlı Sona adlı qızı varmış. Həyat yoldaşı Cəfər Rzayev əksinqilabi-terrorçuluq fəaliyyətinə görə həbs edilib. Balabacı Rzayeva “vətən xaininin həyat yoldaşı” kimi 10 noyabr 1937-ci ildə tutularaq, Seqejlaqa, oradan isə Karlaqa gətirilib.

– Rizayeva Firəngiz Marzayevna – 1901-ci ildə İranın Qəzvin şəhərində doğulub. Qızları Zaranın 17, Kamilənin 9 yaşı varmış. Həyat yoldaşı Səfərov Həsən Qulam oğlu perspektivli kadr sayılırdı, Lenin ordeni də almışdı. Söhbətlər gedirmiş ki, yuxarı vəzifəyə çəkəcəklər. Bir gün Mircəfər Bağırov kurortda olan H.Səfərovun geri çağırtdırır. 28 avqust 1936-cı ildə SSRİAli Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən I kateqoriya üzrə həbs edilir. Firəngiz xanım isə “vətən xaininin həyat yoldaşı” ki¬mi SSRİ XDİK Xüsusi Müşavirəsinin 7 iyul 1938-ci il qərarına əsasən 5 il müddətinə Karlaqa göndərilir.

– Sadıqova Qeysə Nəsir qızı – 1912-ci ildə Şuşa şəhərində anadan olub. Həyat yoldaşı Sadıxov Qəmbər Nəsir oğlu (1899) Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru, Marksizm-leninizm İnstitutunun direktoru, AK(b)P MK sovet ticarəti şöbəsi müdirinin müavini olub. 12 oktyabr 1937-ci ildə əksinqilabi trotskiçi-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilib. Qeysə Sadıxova da “vətən xaininin həyat yoldaşı” ki¬mi 8 il müddətinə azadlıqdan məhrum olunur.

– Salamzadə Fəridə Rəhmanovna – 1910-cu ildə Şəki şəhərində doğulub. 1933-cü ildə qızı Quzeyda dünyaya gəlib. Həyat yoldaşı, tənqidçi, tarixçi Salamzadə Əbdül Əziz oğlu 1907-ci ildə Nuxada anadan olub. Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı, Azərbaycanda ilk tarix elmləri namizədi idi. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 11 oktyabr 1937-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının hökmü ilə “trotski-terrorçuluq fəaliyyəti”nə go¬rə güllələnməyə məhkum edilib. Bundan sonra Fəridə xanım “vətən xaininin həyat yoldaşı” ki¬mi 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov

Hafiztimes.com

Araşdırma

“5 kilo qızılı vedrəyə yığdıq”-Azərbaycanda dəfinə tapanlar:“Həmin yerləri qazın”(SENSASSİON ARAŞDIRMA)

Yayımlandı

da

Tərəfindən

“Hər il ölkəmizdə ən azı  10-15 dəfinə tapılır”.

“Qızıl pullardan ibarət ən zəngin dəfinəni ilk dəfə mən tapdım və dövlətə təhvil verdim”.

“Çoban tapdığı xəzinə pullarını ətrafa atırdı”

Azərbaycanın müxtəlif bölgələrində tez-tez dəfinələrin aşkar edilməsi ilə bağlı məlumatlar eşidirik. Keçmişdə insanların yad ələ düşməməsi üçün torpağa basdırdıqları, divara hördükləri, hündür ağacların koğuşunda gizlədikləri ən qiymətli sərvətləri, əsrlər sonra dəyəri milyonlara bərabər olan xəzinələr formasında üzə çıxır. HafizTimes.com olaraq Azərbaycan ərazisində basdırılmış dəfinələrlə bağlı geniş araşdırma apardıq. Uzun müddət davam edən araşdırmamız zamanı Azərbaycan ərazisində aşkar edilən dəfinələrlə bağlı çox ciddi məqamlar üzə çıxdı. Bütün ömrünü xəzinələrin axtarışına, tədqiqinə həsr etmiş mütəxəssislərlə həmsöhbət olduq. Azərbaycan ərazində  indiyə qədər ən zəngin qızıl dəfinəni tapan şəxsdən də eksklüziv müsahibə götürdük. Xəzinələrin basdırıldıqları yerlər, əlamətlər, aşkar etmək formaları, qanunsuz “xəzinə ovçuları”  və s. bir çox mühüm məqamlara aydınlıq gətirməyə çalışdıq.

Əli Rəcəbli Tarix elmləri doktoru, professor, numizmat-arxeoloq, AMEA-nın müxbir üzvü, Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika Elmi Fondunun şöbə müdiri:

-Mənim işlədiyim vaxtlarda Azərbaycanda təkcə antik dövrə aid 10-dan çox dəfinə tapılıb. Onlardan cəmi iki-üçü bizim Muzeyə təhvil verilib. Təsəvvür edin ki,  2300 il bundan öncə basdırılan dəfinələr, qızıl sikkələr (pul) bizim dövrə qədər gəlib çatıb. İndi 10 dənə dəfinə tapılıbsa, görün bu illər ərzində nə qədər dəfinələr aşkar olunub?! Nə qədər dəfinə də hələ yerin altındadır!  Bu dəfinələr axtarmaqla yox, təsadüfən tapılır. Bəzən həmin dəfinəni basdıran adamın özü ölür, bəzən də basdırdığı yeri tapmır. Beləliklə həmin sikkələr bizə gəlib çatır. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada dəfinə tapılmasın.

“Dəfinəni tapan adamlar çox vaxt onu özləri  mənimsəyib, satırlar. Buna görə də həmin dəfinlərin hamısı bizə gəlib çatmır”. 

-Xalqımızın diqqətinə çatdırmaq lazımdır ki, dəfinələr yerin altında olan hər şeydən- neft, qazdan daha qiymətlidir. Çünki həmin dəfinələr tariximizin güzgüsüdür, keçmişimizi əks etdirir. Hər şey həmin dəfinəni tapanların vicdanından aslıdır.  Həmin insanlar gərək tapdıqları dəfinəni bütövlükdə Muzeyə təhvil versinlər. Neft və qaz xalqın, dövlətin malı olduğu kimi dəfinələrə də dövlətin malıdır.

“Dövlət həmin dəfinələri tapıb təhvil verənlərə 20, 30, 50 faizlik pul mükafatları təqdim edir”. 

-Müxtəlif adamların əllərində aparatlarla dəfinə axtarışına çıxmaları ilə bağlı bizə çox sayda  məlumatlar daxil olur. Bu cinayətdir! Yerli icra nümayəndələri də onlarla birlikdə hərəkət edir, guya xəbərləri yoxdur. Əslində hamısı bir yerdə işləyir. Qiymətli bir şey tapan kimi öz aralarında bölüşürlər.

-Bir dəfə Ucar rayonunda 100-dən çox Bizans qızılının olduğu böyük bir dəfinə tapılmışdı. Bəzək əşyaları, bilərziklərlə və s. zəngin bir dəfinə idi. Mən də ora getdim. Orda məni polislər qarşıladılar, kəndə apardılar. Guya dəfinəni tapan adam itib-batıb, yoxa çıxıb. Camaat isə hər şeyi danışırdı. Polis, prokuror da hər şeyi bilirdi…

     “Şamaxıda tapılan dəfinəni camaata pul verib satın aldım”

-Şamaxıda tapılan dəfinə barədə də mənə tez məlumat verdilər. Şəxsən özüm ora getdim. Camaata müəyyən məbləğdə pullar verdim və həmin dəfinənin bəzi hissələrini satın alıb bura gətirdim. Dəfinənin  xeyli hissəsi insanlarda qaldı.

Digər dəfinə isə Qəbələ yaxınlığında tapıldı. Orda arxeoloqlar işləyirdi. Pullar da dəfinə tapılan yerə səpələnmişdi. Təxminən  600- 700 dənə pulu toplayıb Muzeyə təhvil verdilər.

        “Hər il ölkəmizdə ən azı  10-15 dəfinə tapılır”.

-Təsəvvür edin ki, bu illər ərzində ölkəmizdə nə qədər dəfinə tapılıb! Tək sadaladığım rayonlarda dəfinə tapılmayıb. Hər yerdə belə dəfinələr tapılır. Amma həmin dəfinələri kimlərsə mənimsəyir. Əvvəllər əhali bir qədər də gözü açıq deyildi. İndi “kolleksioner” deyilən “məxluq”lar peyda olub. Guya kolleksiya toplayırlar, dəfinə pullarını bahalı qiymətə satıb varlanırlar.

-Azərbaycan ərazisində tapılmış ən zəngin dəfinə hansıdır?

-Şamaxı və Qəbələdə antik dövrə aid tapılmış dəfinələr həm dövrə görə, həm də tərkibinə görə çox zəngin dəfinələrdir.Həmin dəfinələrin içərisində müxtəlif dövlətlərin sikkələri də  var. Dəyərsiz dəfinə yoxdur.  Hər bir pul dəfinəsi  torpağa  basdırılan vaxt, o ərazidə  mövcud olan ictimai, siyasi  həyatın mənzərəsini əks etdirir.Bu pulların üstündə olan yazılara əsasən, Azərbaycanda hansı şəhərlərin olduğunu, iqtisadi vəziyyəti müəyyən edə bilirik.Bizə məlum olmayan hakimlərin, şəhərlərin  adları pullar üzərində həkk olunur.

-Bu günə qədər tapılan dəfinələrdən hansı önəmli tarixi faktları aşkar etmisiniz? Azərbaycanda hansı şəhərin olduğunu müəyyən etmisiniz?

-Hələ 2000 il əvvəl Azərbaycan (Atropatena) sözü monaqrama şəkilində pul üzərində həkk olunub. 696-cı ildə isə Ərəb Xilafətinin milli pullarının üzərində ilk dəfə “züriaba hazə dirham pi Azerbaican”. “Bu sikkə Azərbaycanda kəsilib” deməkdir.  “Zuriaba hazə pi Aran”. Bu pul Aranda kəsilib. Ərəblər artıq 6-cı əsridə Azərbaycanın hara olduğunu bilirdilər ki, burada pullar kəsirdilər.

Bir zamanlar Azərbaycan ərazisində Mahmudabad şəhəri olub. Orada şahlar çoxlu sayda pullar kəsib.  Pulun üzərində “Mahmudabad” yazılıb. İndi isə həmin şəhərin yeri  dəqiq məlum deyil. Bu yolla  15-20 dənə belə şəhərlər aşkar edilib.

-Tapılan dəfinələr sizə təqdim olunan zaman harada saxlanılır və  aqibəti necə olur?

-Muzeyimizdəki Numizmatika Fondunda saxlanılır.

-Azərbaycanın  Numizmatika Fondunda nə qədər xəzinə saxlanılır?

-Fondda 150 minə qədər mis, gümüş, qarışıq  sikkə var. 1000-dən çox qızıl sikkə var. 10 minlərlə gümüş sikkə var. 100 minlərə isə mis sikkə var.

-Azərbaycan ərazisində nə qədər itmiş xəzinə mövcududur?

-Sadəcə olaraq deyə bilərəm ki, Azərbaycanda hər il ən azı 10-15 dəfinə tapılır.

“Bu yaxınlarda 5 kiloqram ağırlığında dəfinəni təhvil verdilər”

-Hər sikkənin çəkisi də bir qramdır.  Dəfinənin içində beş min sikkə vardı. Sovet dövründə bir dəfə Bərdə də böyük dəfinə tapılmışdı. Dəfinəni vedrə ilə bura gətirmişdilər.

      “Bərdədə tapılan dəfinəni vedrə ilə bizə təhvil verdilər”

-Hələ sovetlər vaxtında Qəbələdə qazıntı aparılıb. Təxminən 50-60 il olar ki, bu qazıntı işləri davam edir. Çuxur-Qəbələ adlı kənddə antik dövrə aid böyük bir sikkə dəfinəsi tapılıb. Sikkələr bütün kurqan boyu dağılmışdı. Yağış yağan zaman göbələk kimi görünüb, parıldayırdı. 500-600 yüz sikkəni gətib muzeyə təhvil verdilər. Bu yaxınlarda balaca bir dəfinə də  tapılıb. Orada  Şirvanşah Qubadın adına da  pul var.

        “Xəzinələr əksər hallarda küpə formasında tapılır”.

-Çünki küpə xəzinəni yaxşı saxlayır. Amma bəzən küpənin ağzı açılır və içərisinə su düşür. Nəticədə sikkələr paslanır. Bəzən əskilərə bükülmüş  xəzinlər də tapılır. Kimin nəyi varsa ona büküb basdırır.

-Bütün ömrünü xəzinə axtarışlarına həsr edən insanlara nə demək istərdiniz?

-Onların hər biri cani, cinayətkardır. Heç kəs yerin altındakı sərvəti birbaşa məniməsəyə bilməz. Əgər xəzinə tapmısansa onu dövlətə təqdim etməlisən. Dövlət də bunun müqabilində sənə mükafat verir. Biz xəzinə gətirənlərə elə mükafatlar veririk ki, əgər o xəzinəni kənar bir şəxsə satarsa bizim təqdim etdiyimiz məbləğdən çox az qazanacaq.Yəni ki, biz daha çox pul təklif edirik.Buna baxmayaraq  yenə də xəzinə tapan insanlar  bura gəlmirlər. Dövlətdən qorxurlar. Gedib gizlin şəkildə alver edirlər.

Televizordan tez-tez eşidirəm ki, rayonlarımızda dəfinələr tapılıb. Bizim arxeoloqlar da gedib həmin dəfinə tapanlarla danışıb, onlar da söz veriblər ki, gətirəcəyik. Hələ indiyə qədər gözləyirik ki, dəfinəni gətirəcəklər.

Şəmkirdə qazıntı gedən zaman da qızıl pullar aşkar edilmişdi. Onu muzeymizə təhvil verdilər. Bizim torpağımız çox bərəkətlidir. Niyə Gürcüstanın bu qədər şəhərində pul kəsilməyib. Yalnız Tiflisdə pul kəsilib. Amma təkcə Şimali Azərbaycanda 50-dən çox şəhərdə pul kəsilib. Bu iqtisadi həyatın inkişafını göstərir.

-Niyə xəzinəni tapıb, gizlədən şəxslər cəzalandırılmır?

-Biz bir neçə dəfə polisə məktub yazmışıq. Polis də gedib 3-5 dənə dəmiri tapıb bizə verir. Gedib o xəzinə tapanların əlində nə varsa alırlar,  qorxudurlar. Üstəlik  başqa şeylər də tələb edirlər. Deyirlər ki, guya bunları tapıblar…

-Həyətində xəzinə olduğunu  güman edən insanlar  kimə müraciət etsinlər?

-Əgər sən ev tikirsənsə o torpaq öz mülkündür. Buna heç kəs söz deyə bilməz. Amma çöldə haranısa qazmağına heç kəs icazə verməməlidir. Həyətini qazıb,  xəzinə  tapan çox insan var… Və yaxud da gedib birini tapıb həyətlərini qazdırsınlar. Bunun bizə  heç bir aidiyyatı yoxdur.  Tapıb muzeyə  təhvil versələr  daha yaxşı olar.

        “Çoban tapdığı xəzinə pullarını ətrafa atırdı”

-Şamaxıda böyük bir dəfinə tapılmışdı. Bir neçə dəfə Şamaxıya getdim. Qədim şəhər yeridir. Həmin ərazidə əkin işləri də aparılmamışdı. Əhali orada üzümlük  salmışdı. Həmin vaxt bir çoban orada sürü otarırmış. Çomağı  ilə yeri eşən zaman birdən küp tapıb. Çoban küpün içərisindəki 15 qram ağırlığındakı iri, gümüş  pulları  götürüb ətrafa atmağa başlayıb. Oradakı camaata xeyli pul ödədim və 300-ə qədər sikkəni alıb Muzeyə gətirdim.

-Bir qızıl sikkəni muzeyə təhvil verən zaman əvəzində nə qədər pul ödənilir?

-Əgər həmin qızıl sikkə bizim Muzeydə yoxdursa, biz onun qiymətini 1000 manatdan 10 min manata qədər qaldıra bilərik. Məsələn, Şirvanşah Qubadın  xalis gümüş olmayan bir sikkəsini tapıb bizə təhvil verənə 1000 manat ödədik.

-Makedoniyalı İsgəndərin, Çingiz xanın xəzinəsinin Azərbaycan ərazisində olduğu iddia edilir. Bu nə dərəcədə doğrudur?

-Hələ Çingiz xanın, Makedoniyalı İsgəndərin xəzinəsini tapan yoxdur. Hansı rayona getsən orda sənə deyəcəklər ki, burada  hansısa şahın  xəzinəsi basdırılıb. Təsəvvür edin ki, Çingiz xan bütün dünyanın yarı hissəsini zəbt etmişdi, xeyli sərvət  monqolların əlində toplanmışdı. Həmin xəzinəni basdıranları öldürdülər.  Öldürən şəxsləri də qətlə yetirdilər. Beləliklə, iz-toz itdi.  Amma hardasa o xəzinə var, yatıb qalıb…

Qafar Cəbiyev – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda tarixçi alim, tarix elmləri doktoru. Qafar Cəbiyev Azərbaycanda indiyə qədər ən böyük qızıl dəfinəsini tapan və dövlətə təhvil verən ilk arxeoloqdur. Bu barədə bir neçə kitabın müəllifidir.  Q. Cəbiyev HafizTimes.com-a müsahibəsində dəfinələrlə bağlı mühüm məqamları açıqlayıb:

Bu yaxınlarda Ağsu rayonu ərzisində bir orta əsr şəhəri aşkar etdim. Həmin şəhərin adı Mehrəvandır. Bu şəhərin adı Musa Kalankatlının “Albaniya tarixi” əsərində qeyd olunub. Şəhərin qalıqlarını ilk dəfə 2004-cü ildə mən aşkara çıxardım. 2014-2015-ci illərdə orda  geniş miqyaslı tədqiqatlar apardıq. Qazıntı zamanı orada xeyli pullar, bir neçə qızıl üzük, bilərzik  və qızıl zəncirin hissələrini də aşkar etdik.

“Şamaxıda hökmdar və xanımının ləl-cəvahiratla bəzənmiş məzarını açdıq”

-2017-ci ildə isə Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında Dəmirçi-Lahıc yolu çəkilən zaman orada daş qutu qəbirlər üzə çıxıb. SOCAR-ın sifarişi ilə biz ora getdik və  may ayında 20 gün ərzində orada tədqiqat işi apardıq. 30-qədər daş qutu açıldı. Həmin qəbirlərin 18-ni tam şəkildə tədqiq etdik. Orada hökmdar statusunda olan bir sərkərdənin qəbrini aşkar etdik. Bu qəbrdən o dövr üçün çox önəmli hesab olunan qılınc və xəncərlər tapdıq. Hökmdarın başının altına gümüş nimçə qoyulmuşdu. Gümüş nimçənin içərisində parça vardı. Bu nadir tapıntıdır. Həmin sərkərdənin yanında isə 45-46 yaşlarında bir xanım dəfn olunmuşdu. Məzardan çox qiymətli əşyalar çıxdı. Bir cüt ləl-cəvahiratlə bəzənmiş Roma istehsalı olduğu güman edilən qızıl sırğa, daha sonra gümüş fibula(sancaq) da tapdıq. Həmin qəbirdə çox saylı gümüş, Roma və Parfiya pulları da aşkar etdik. Bəzək əşyalarının yanında üstü-üstə formada 1500-ə qədər müxtəlif qiymətli daşlardan olan muncuqlar, asmalar  aşkar etdik. Həmin asmaların kəhrəbadan, firuzədən olduğunu üzə çıxardıq. Həmin qiymətli  əşyaların bir çoxu standart ölçüdədir, elə bil qəlibdən çıxıb.Düşünəm ki, həmin məzarlar Girdiman hökmdarı Xurs və onun xanımına məxsusdur.

“Hər yeri  gedib qazmaq olmaz. Arxeoloq ərzini  gəzib görməlidir, orda nələrinsə ola biləcəyindən xəbər verən əlamətləri  müəyyən etməlidir”.

-Arxeologiya özü başdan-başa romantikadır, sensassiyalarla dolu olan bir elmdir. Haranı tətqiq etmək arxeoloqun duyumundan aslıdır. Həmin yerdən çox nadir, sensassiya sayılacaq nələrsə çıxa bilər. Və belə hallar çox olub. Amma ordan heç nə çıxmaya da bilər.

– Dəfinənin olduğunu göstərən əlamətlər nələrdir? 

-Məsələn düzənlik bir ərazidir. Nə bilirik ki, orada əvvəllər yaşayış olmayıb. Yəqin o düzənlik zaman-zaman  şumlanıb. Bəlkə də heç şumlanmayıb. Nə vaxtsa kimsə orada hansısa bir xəndək qazıb. Elektrik dirəyi basdırıb. Bu zaman orada  təsadüfən hansısa bir yarğan olubmu? Arxeoloq həmin yerləri gəzir. Yarğanlarda müəyyən yaşayış izləri görünür. Əgər orada kömür qalığı, kül, sümüklər, saxsı qırıqları və insan əlinin məhsulu olan əşyaların hissələri varsa, demək ki, orda həyat olub. Tapılan əşyalara görə orda hansı dövrdə yaşayış olduğunu müəyyənləşdirmək olur. Bəzi qazıntılar  zamanı 30 metrə qədər yerin altına gedib çıxmaq olur. Çox dərində qazıntı işləri aparmaqla da qədimliyi üzə çıxarmaq olmaz. 30 metr qazandan sonra  lal təbəqə üzə çıxır. Lal  təbəqə ona görə deyilir ki, orda insan həyatının izi yoxdur.

“Siçan yuvaları, kömür,kül, saxsı qırıqları olan yerə diqqət yetirmək  lazımdır”

-Məsələn, bir təpə görürük. Necə bilərik ki, orada yaşayış olub, yoxsa olmayıb? O təpənin kənarlarını gəzirik. Bir dəfə gördük ki,  təpənin kənarlarında siçan yuvaları var. İçəridən kül, kömür, saxsı  qırığı çıxıb. Bir az gəzdik, gördük yaxınlıqda bir dənə porsuq yuvası da var. O da torpağı eşib.  Həmin vaxt dedik ki, burada yüz faiz həyat olub. Tədqiqat aparmağa başaldıq. Nəticədə  7000 il tarixi olan təbəqə aşkar etdik.

        “Gözə görünən yerdə dəfinə ola bilməz”

-Pulu heç vaxt insanlar çölə atmayıblar. Pulu kimlərsə itiriblər.Dəfinələri də  adətən gizlədiblər. Güman edilməyən yerlərdə isə dəfinələr ola bilər. Çox nadir hallarda tədqiqatlar zamanı dəfinələr üzə çıxır. Azərbaycanda bu vaxta qədər çoxlu dəfinələr aşkar edilib.

“Qızıl pullardan ibarət dəfinəni ilk dəfə mən tapmışam. Arxeoloji  tədqiqatlar zamanı tapılan bu dəfinə Ağsu dəfinəsidir. Orda  qızıl pullarla yanaşı, gümüş pullardan ibarət dəfinə də tapdıq”.

-Həmin günü necə xatırlayırsınız?

-Dəfinə tapılan yer şəhərin anbar buzxanası olub. 7-8 metr dərinlikdə böyük bir ərazidir. Şəhərin strateji ərzaq ehtiyatları orada saxlanılıb. Üstü kərpic “arka” ilə bağalanıb.Müəyyən tarixi dövrdən sonra həmin daşlar çöküb.Ordan biz top mərmisi  də tapdıq. Güman edirəm ki, 18-ci əsrdə ruslar Azərbaycana hücum edən zaman oranı top  atəşi ilə dağıdıblar. Töküntünü təmizləyərəkən bir yerdən topa hallında 37 ədəd qızıl çıxdı. Holland qızıl duqatlarıdır. Əyyarı 986, diametri 21,8  mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qram, forması dairəvi,kənarı döyülüb, üzəri zərb olunub. Sikkələrin üzərində latın dilində yazısı olan  kvadrat lövhə var. Təcüməsi isə belədir: “İmperiya qanunlarına uyğun olaraq Belçika Əyalət Federasiyası hökumətinin  sikkəsidir”. Sikkənin digər üzündə zirehli cəngavər təsvir olunub.

-Həmin gün mən Bakıda idim. Müavinim Elmira Abbasova orda qalıb, işə nəzarət edirdi. Səhər saat təxminən 08:15-də mənə zəng etdi. Dedi ki, “işin gedişatı zamanı, qazarkən qızıl….”

“Qızıl” deyən kimi dedim ki, “dayan, artıq heç nə demə. Heç kəsi kənardan ora buraxma. Və ordan  kənara heç kəsi buraxma. Qızılı apara bilərlər. Bu barədə  informasiya yayılmamalıdır.Mən gəlirəm”.

-Bakıdan Ağsuya təxminən iki saatdan artıq yol var. Mən həmin yolu 1 saat 10 dəqiqəyə getdim. Ora çatan kimi diktafonu, videonu da qoşdum. Dedim ki, tapıntı prossesini danışın. Dedilər ki, “filankəs qazarkən lapatka dəyən kimi qızıllar üzə çıxdı”. Şahidləri də danışdırdım, aktlaşdırdım.Çünki sabah məni şərləyə bilərdilər. Deyərdilər ki, guya çox olub, yarısını oğurlayıblar. Daha sonra xəzinəni bazaya gətirdik və tətqiq etməyə başladıq. Bu hadisə şənbə günü olmuşdu. Birinci gün onu Tarix Muzeyinə Nadir Metal Əşyalar Fonduna aktla təhvil verdim.

  “Pullar isə iki əl qarışı qədər yerdə yayılmış bir vəziyyətdə idi”.

-Ehtimal edirik ki, ya yerli, ya da xarici bir tacir gəlib orda alveri edirmiş. Həmin pul kisədə olub. Çox güman ki, parça kisədə olub. Bəlkə də qəfildən  hücum və yaxud da zəlzələ  olub. Hansısa şəraitdə o kisə həmin şəxsin əlindən yerə düşüb. Biz tapan zaman artıq kisə çürümüşdü.  Pullar yerə yayılmışdı.

-Həmin qızıl xəzinəni tapıb dövlətə təhvil verəndən sonra həyatınızda nələr dəyişdi? Hansı hissləri keçirdiniz?

-Həmin qızılları təhvil verəndən sonra söz-söhbət çoxaldı. Yəni ki, bəs bu arxeoloqlar yüz ildi qazıntı işləri aparırlar, nə əcəb indiyə qədər  qızıl tapmayıblar? Məlum oldu ki, ayrı-ayrı arxeoloqlar müəyyən vaxtlarda qızıl əşyalar tapıblar və özlərində saxlayıblar. Tarix Muzeyinin təkidindən sonra bəzi arxeoloqları bir neçə qızıl əşyanı gətirib muzeyə təhvil verdilər.

“Bəzi arxeoloqlar birbaşa olaraq mənə dedilər ki, “sən çox pis bir iş gördün. Sən tapdığın qızılları aparıb ora təhvil verməklə hamımızı təzyiq altına saldın”.

-“Onu  qara bazarda bu qədər qiymətə satardın? Sənin ağlın yox idi ki, belə etdin?”

Cavab verdim ki,  “mən bunu etməklə zövq aldım.  Qoy bütün ölkə desin ki, bu axmaq bir kişidir. Nə isə ölkədə bir kişi tapıldı ki, qızıl tapa bilir və onu aparıb dövlətə təhvil verə bilir. Bunun qüruru mənə bəs edir”.

Şamaxıda qızıl dəfinəni tapıb Tarix Muzeyinə təhvil verəndə oranın direktoru, Akademik Nailə Vəlixanlı mənə dedi ki, “Qafar müəllim bu vaxta qədər düşünürdüm ki, bu arxeoloqlar  niyə qızıl tapmırlar? Axı bu qədər qazıntı işləri aparırlar. İndi isə mənə tam şəkildə məlum olub ki, qızıl çıxır, amma üzə çıxmır”.

“Qəbələdə Teymurləngin 25  dəvə yüklü qızıl xəzinəsini axtardılar”.

-1980-ci  illərdə xəbər yaydılar ki, Qəbələnin Vəndam kəndində Teymurləngin 25  dəvə yüklü qızıl xəzinəsi var. O vaxt axtarışların nəticəsi olmadı. Mən yazı hazırlayıb qeyd etdim ki, bu “şarlatanlıqdır”, belə şey yoxdur.

“Xalq Cəbhəsinin vaxtında Qəbələyə texnikalar göndərib, xəzinə axtarmağa başladılar”. 

-Nəticədə heç nə tapa bilmədilər. Təxminən 5-6 il öncə də dedilər ki, orada xəzinə var. Aidiyyatlı qurumlar mənimlə əlaqə saxladılar. Dedim ki, orada, Qəbələnin Vəndam kəndində, Girvə deyilən ərazidə heç nə yoxdur.  İnsanlar düşünmürlər ki, orada qızıldan qiymətli bir tarix var. Çox arzu edirəm ki, Qəbələdən Alban əlifbasının sistemli halda olan bir mətnini tapım. Bu vaxta qədər həmin əlifba açılmayıb, oxunmayıb.Tariximizin ağ səhifəsidir. Onu tapmaq mənim üçün 10 dənə qızıl dəfinəsindən daha önəmlidir.

-Ən zəngin qızıl dəfinələr tapmış bir şəxs olaraq, özünüzü qeyri-adi insan kimi hiss edirsiniz? Yəqin ki, dəfinə də hər adamın  əlinə gəlmir…?

-Mən  sadəcə olaraq buna bir “naxış” kimi baxıram. Arxeoloqlar  arasında  bəzən “naxışlı arxeoloqlar”da var. Həmin  insanın duyumu, peşə hazırlığı, təcrübəsinin çox olması da bura daxildir. Elə hallar olur ki, qazıb xəzinəni kənara atırlar. Görmürlər ki, orada qiymətli əşyalar var.

  “Qısqanclıq zəmnində Ağsu ekspedisiyasını bağlamaq istədilər”.

-Bir məqamı heç vaxt unutmaram. 2011-ci il tədqiqatlarından sonra qısqancılıq zəmnində Ağsu ekspedisiyasını bağlamaq istədilər. Həmin ekspedisiyaya dövlət tərəfindən bir manat da vəsait verilmirdi.İctimai birlik tərəfindən maliyyələşdirilirdi.Daha sonra yuxarı orqanlar tərəfindən Akademiyanın  rəhbərliyinə tədqiqatların davam etməsi  bağlı göstəriş verildi. 2012-ci ildə məhz  orada qızıl dəfinəsi aşkar etdik. Bu sanki həmin ekspedisiyanı bağlamaq istəyənlərə  bir cavab oldu.

              “Azərbaycanın hər yerində dəfinələr ola bilər”

-Azərbaycan ərazisi başdan-başa muzeydir. Onun torpağının altında hər qarışda bir tarix var. Fikrimcə, Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi  heç olmasa orta səviyyədə tədqiq olunarsa, bu  uzun illər ərzidə neft-qazdan daha artıq ölkəmizə divident gətirə bilər.

“Mənim əlimə də qızıl axtaran aparat versələr, bir gün ərzində 50-yə yaxın ərazidə qızılın olduğunu göstərərəm”.

-Vizual  görüntülərə, məntiqimə və duyğuma əsasən deyə bilərəm ki,  filan nöqtədə qızıl var. Amma bu elm deyil!

-Qızıl dəfinənin olduğu yerin vizual görünüşü necə olur? Yəni harada xəzinə ola bilər?

-Yaşayış izləri özü sənə deyir ki, orada davamlı yaşayış olub, hakim zümrəyə məxsus insanlar burada yaşayıblar və s. Tikinti, ordakı əmək alətlərindən, təsadüfən tapılan sikkə və yazı nümunələrindən hər şeyi müəyyən etmək olur.

“Qızıl tapmaq üçün qəbirlərin üzərindəki bütün daş qoç fiqurlarını sındırıblar”

-Bu da ermənilərin bir hiyləsi idi. Guya həmin daş fiqurların içərisində qızıl var. Daşdan düzələn həmin qoç fiqurları Azərbaycan ərazisindəki məzarın üzərində olurdu. Qaraqoyunlu, Ağqoyunlu dövləti ilə bağlıdır. Ermənilər də bilirdilər ki, bu bizim tariximizlə bağlıdır. Ermənilər tariximizi  məhv etmək üçün 19-cu əsrin sonlarından belə bir şaiyə yayıblar ki, guya həmin fiqurların içərisində qızıl var. Bizim camaat da Cənub, Şimali-qərb bölgəsində hətta Gücüstan ərazisində olan xeyli sayda daş qoç fiqurlarını qırıb, dağıdıblar ki, guya qızıl tapacaqlar.

19-cu əsrin sonlarından etibarən Qarabağda, Naxçıvanda, Daşkəsəndə, Gədəbəydə və Lənkəran bölgələrində qızıl axtaranların, xüsusən də xarici ölkələrdən olan şəxslərin tarixi abidələrə bir növ total hücumu müşahidə olunub. Nəticədə qalalar, kurqanlar, daş heykəllər və daş qutu qəbirlər dağıdılıb, tapılan materiallar isə talan edilərək gizli yollarla ABŞ, Almanya, Fransa, İsveç, Hollandiya və s. ölkələrə daşınıb.

 “Makedoniyalı İsgəndərin dəfinəsini Azərbaycanda axtarırdılar”

-Ötən  əsrin əvvəllərində qızılaxtaranların Şirvan bölgəsində, xüsusən də Şamaxı ətrafında intensiv axtarışları olub. O zaman başlıca hədəf Makedoniyalı İsgəndərin xəzinəsini tapmaq arzusu idi. Qəribədir, İskəndərin və onun adamlarının heç zaman olmadığı yerdə onun nə vaxtsa gizlətmiş olduğu xəzinəni axtarırdılar. Maraqlıdır ki, bu axtarışlar barədə məlumatlar hətta həmin dövrün nəşrlərində də özünün geniş əksini tapıb. Amma İsgəndərin dəfinəsini tapan olmayıb.

“Kənd sakini gecələr, gizli olaraq Qəbələdə Teymurləngin xəzinəsini axtarırdı”

-Əvvəllər polis orqanlarında çalışan və sağlamlıq durumunda yaranan problemlə bağlı təqaüdə çıxan Vəndam kənd sakini Sabir Əhmədovun təşəbbüsü və rəhbərliyi ilə Girvə ərazisində Teymurləngin “basdırmış” olduğu 25 dəvə yükü qızılın axtarışına başlayıblar. O zaman Sabirin maliyyələşdirdiyi və rəhbərlik etdiyi bu axtarışlar əsasən gecələr, həm də gizli aparılsa da, hətta Elmlər Akademiyasında da bundan xəbərdar idilər. Amma Sabirin axtarışları nəticəsiz qaldı.

“1992-ci ildə AXC-nin hakimiyyəti dövründə Sabirin məlumatları əsasında Girvədə dövlət səviyyəsində daha bir irimiqyaslı axtarışlara başlanıldı”.

-Dəfinə tapmaq hərisliyi ilə əraziyə çoxlu texnika və əsgəri qüvvə gətirdilər. Axtarışların lap qızğın çağında xidməti işimlə bağlı Qəbələyə getmişdim. İcra başçısı və hüquq-mühafizə orqanlarından birinin rəhbəri mənə təklif etdi ki, Girvəyə gedək. Etiraz etdim. Dedim ki, 80-ci illərdə orada olmuşam və fikrimi də elə o zaman mətbuatda çap etdirmişəm. Girvədə Teymurləngin xəzinəsini axtarmaq boş şeydir.  Təbii ki, mənim bu sözlərim rayon rəsmilərinin xoşuna gəlmədi. Dedilər ki, sən nə danışırsan, nazir müavini özü bir neçə dəfə orada olub. Moskvadan xüsusi olaraq qızılaxtaran cihaz gətiriblər. Hansı ki, həmin cihaz orada xəzinə olduğunu göstərir. Bir sözlə, gördüm ki, kişilər möhkəm inad edirlər, mən də inadımdan dönmədim. Dedim ki, 10-12-il öncə mətbuatda yazdıqlarımı bir daha təkrar edirəm: Girvədə, yerin dərin qatlarında, bəlkə də, qızıl yataqları ola bilər. Bunu müəyyən etmək geoloqların işidir. Amma qəti şəkildə bildirirəm ki, orada Teymurləngə aid heç bir dəfinə və ya xəzinə ola bilməz. Onu axtarmaq da mənasız bir işdir. Girvədə təqribən bir ay davam edən növbəti “axtarışlar”ın da sonu nəticəsiz oldu. Yeganə müsbət nəticə o oldu ki, 16-17 metr dərinlikdə gözəl bir bulaq üzə çıxdı ki, bu da ətraf ərazidə yaşayan sakinlər üçün, həqiqətən, çox qiymətli tapıntı oldu. 

Təəssüf ki, Girvədə xəzinə axtarışı bununla da bitmədi. Sonralar Sabir Əhmədov və digərləri aidiyyatı orqanlara təkrar-təkrar müraciət etməklə öz “ideyalarını” yenidən cücərtməyə çalışdılar. Yenidən nəzərlər Girvəyə yönəldi. Amma növbəti dəfə də xəzinə axtarışı uğursuzluqla nəticələndi.

Sabir Əhmədovla əlaqə saxlamağa çalışdıq. Məlum oldu ki, o bir neçə il öncə dünyasını dəyişib: “O, ailə həyatı da qurmamışdı.Heç bir övladı da yoxdur.  Sabir  ömrü boyu  xəzinə axtarışında oldu. Xəzinə deyə-deyə dünyadan köçdü”.

   “Kürdəmirdə su kanalı qazılarkən Muradxan dəfinəsi üzə çıxdı”

-2010-cu ildə Kürdəmir Rayon Suvarma Sistemləri İdarəsinin mexanizatoru Əlimövsüm İsmayılov Muradxan kəndi ərazisində ekskavatorla kanal yeri qazarkən saxsı küpdə basdırılmış pul dəfinəsi aşkara çıxıb. Bu barədə o, aidiyyatlı dövlət orqanlarına məlumat verib.Telefon zəngi əsasında biz Kürdəmirə yollandıq.

Muradxan kəndində olduq, dəfinənin tapıldığı ərazi ilə tanış olduq. Yerli sakinlərin sözlərinə görə, kanal qazılan sahədə və ona yaxın ərazilərdə əvvəllər də torpaq işləri aparılarkən müxtəlif növ maddi mədəniyyət qalıqları, o cümlədən iri saxsı küp parçaları üzə çıxıb. Yerli sakinlərin sözlərinə  görə, Muradxan kəndi yaxınlığında “Kültəpə” adı ilə bəlli olan yerdə də bu qəbildən olan tapıntılara tez-tez təsadüf olunur.

      “Dəfinənin çəkisi 5 kiloqramdan artıq idi”

-Muradxan dəfinəsi uzun müddət çöl şəraitində qalıb, nəm çəkdiyinə görə, güclü surətdə oksidləşməyə məruz qaldığından onun içərisindəki sikkələrin hamısı vahid metal külçəsi kimi bir-birinə yapışmış vəziyyətdə tapılıb. Sikkələrin səthi bütünlüklə oksidləşərək göyərdiyindən ilk baxışda onların mis pullar olduğu təsirini bağışlayırdı. Elə bu səbəbdən dəfinə Kürdəmir tarix-diyarşünaslıq muzeyinə mis pullardan ibarət dəfinə kimi təhvil verilib. Təhvil-təslim aktına əsasən dəfinənin ilkin çəkisi 5 kiloqram 470 qramdır. Qeyd edim ki, indiyədək Azərbaycan ərazisində tapılmış əksər pul dəfinələrindən fərqli olaraq Muradxan dəfinəsi heç bir dağıntı və itkiyə məruz qalmadan tam şəkildə əldə olunub. Dəfinədə ümumilikdə 1134 ədəd sikkə aşkar olunub. Onlardan təqribən 16-sı sınaraq xırda-xırda hissələrə parçalanmış vəziyyətdədir. Sikkələr təmizlənərkən onların əvvəlcə güman edildiyi kimi, misdən deyil,  gümüşdən olduğu müəyyən edilib. Dəfinədəki sikkələrin orta çəkisi 3,5-4,5 qramdır. Muradxan dəfinəsinin təqribən 1441 -1445-ci illər   arasında  basdırıldığını güman etmək olar.

“Qonşu rayonlardan olan “qızılaxtaranlar” qızıl pulları talan ediblər”

-1970-ci illərdə rayonun Ərəbqubalı kəndi yaxınlığındakı “Şəhərgah” adlı orta əsr şəhər yerində  pambıq əkiləcək sahələr  şumlanarkən də bir neçə yerdə əsasən qızıl pullardan ibarət dəfinələr üzə çıxıb. Nəzarətsizlik səbəbindən həmin dəfinələr yerli sakinlər və qonşu rayonlardan olan “qızılaxtaranlar” tərəfindən tam şəkildə talan edilərək dağıdılıb. Kürdəmirdə uşaqdan böyüyədək hamının bildiyi bu olay barədə guya aidiyatı orqanlara məlumat verilməyib…

Firudin Qurbansoy – Məşhur astroloq. Uzun illər öncə “Xəzinə tapmağın sirləri” adlı kitab yazıb. Kitabda xəzinə tapmağın qeyri-adi yolları, xəzinə basdırılmış yerin əlamətləri qeyd olunub. HafizTimes.com  məşhur astroloqun xəzinə tapmaqla bağlı fikirlərini olduğu kimi təqdim edir:

-Xəzinəni nə vaxt  və necə axtarmaq lazımdır?

-Rusiya xəzinə axtaranlarının fikrincə, xəzinə axtarmağın ən vacib məqamı, vaxtı düz müəyyənləşdirməkdir. Təcrübəlilər cavan “goreşənləri” belə öyrədilər: “Hər dəfinənin öz zamanı var, göylərin izni ilə bir amanı  var”. Deyirlər ki, tilsimlənmiş dəfinələr il ərzində 3 dəfə  yerini dəyişirlər.Xristianlar inanır ki,  bu Yeni il gecəsi, Pasxa və İvan Kupala gününə təsadüf edir. Yeni il gecəsi köhnə kişilərin çoxlu sikkələr tapmaları ilə bağlı əfsanələr də yayılıb. Deyilənə görə,  bu vaxt yerdən göy alov çıxır. Həmin alovu bəsirət gözü ilə görə bilən hər kəs əynində nəyisə çıxarıb alovun üstünə atmalı və elə həmin dəqiqə də  qazımağa başlamalıdır. Yoxsa bir daha heç kəs o pulları əldə edə bilməz.

“Təmiz dəfinələr həzin, kədərli səslə, bədxahları isə qışqırıq, söyüş, fitli səslə  səslənərək aşkara çıxarılmağını istəyir”.

-Daha bir məqamı da qeyd edim ki, yeni il gecəsi xəzinənin  səsi olur. Bu səsə görə xəzinənin hansının daha zəngin olduğunu bilmək mümkündür. Pasxa gecəsinin öz qayda-qanunu var. Şənbə günü qaş qaralanda xəzinə axtaran xaçpərəstlər özləri ilə xaç, xeruvim ladanı (ətirli bitki) və şam götürüb yola çıxırlar. Xəzinəni tapmaq üçün dualar oxunmalıdır. Qətiyyən əsəbləşmək olmaz. Pasxa gecəsi bir şey çıxmasa işi Simon Zilota günün təkrar etmək lazımdır.

27 iyun gecəsi – İvan Kupalo vaxtı xəzinə axtaranlar hesab edirlər ki, ugurlu gün gəlib çatıb. Qocalar deyirlər ki, əgər yaxşı dəfinəyə rast gəlmək istəyirsənsə sübh şəfəqləri yenicə görünməyə başladığı vaxt axtar. Əgər səfeh bir şey tapmaq istəyirsənsə o zaman axşam işə başla.  Tam gecə yarı, ay çıxan zaman kurqanın təpəsinə dırmanan adam kölgəsinə baxıb onu ölçməlidir.  Deyilənə görə, dəfinə elə bu məsafədə basdırılıb.  Bəziləri əlavə edirlər ki, kölgənin uzunluğundan iki addım məsafədə axtarılsa da tapılar. Çünki dəfinəni basdıran tapandan daha hündür olur. (“Orakul” qəzeti, 1999 , N: 7)

“Sovet vaxtı gizli tədqiqatlarla məşğul olanlar Naxçıvanda Gəmiqaya ərazisində qəribə, qeyri-adi  hadisələrlə rastlaşdılar”.

-Həmin tədqiqat ekspedisiyasında iştirak etmiş bir nəfərin etirafına görə, mağarada uzun, qaranlıq yolun uc tərəfini işıqlandıranda ayaq üstə, yanında köpək olan ağheykəli sileuti görünüb. Buna görə ekspedisiya rəhbəri mağaraya girməyi qətiyyətlə yasaqlayıb.Ayağına qırılmayan elastik tilov ipi bağalanmış dovşanı mağaranın ağzına yaxın gətirirlər. Gücləndirici vasitəsi ilə it hürüşü yazılmış maqnitafon lentini səsləndirirlər.Qorxmuş dovşan işıqlandırılan dar yolla mağaranın içərilərinə doğru götürülür. Mağaranın dərinliyində, heykələ yaxın yerdə ağ bulud topasına bənzər  çoxsaylı mığmığı dəstəsi dovşana hücum edib, onu sancırlar.Dovşanı öldürdükdən sonra, mığmığı topası qəfildən yox olub.  Ekspedisiya üzvləri ipi çəkib dovşanı mağaradan çıxarılar. Həyat əlamətləri olmayan dovşan sanki gipislənib.  Bu dovşan heykəli hamını heyrətə gətirib. Bütün bunlar kino lentinə alınır.  Moskvadan  gəlmiş ekspedisiya üzvləri dovşanı da, kino lentini də götürüb heç kəsə bir söz demədən oranı tərk edirlər.

-Dəfinəni basdıran adamlar təbii və sünni əlamətlər  qoyurlar.

-Təbii əlamətlərə nümunə kimi divar, böyük daş, qaya, ağac, yolayrıcı və s. göstərmək olar. Süni əlamətlər isə xəzinə basdıranın özünün qoyduğu nişanlardır. Hərbçilərin meşədə, çay içində, bataqlıqda, qamışlıqda xəzinə basdırmasına dair  məlumatlar var. Onlar ölmüş atın leşini basdırmaq adı altında iri bir çala qazırlar. Əslində isə əl altından əldə etdikləri hərbi qəniməti basdırır, üstünü torpaqladıqdan sonra at leşini də üstünüdən qoyub çalanı doldururdular. Bəzən belə çalalara at deyil, şəhid olmuş döyüşçü yoldaşlarının, düşmən tərəfin əsgərlərinin cəsədlərini  qoyurdular. Qəbri torpaqladıqdan sonra üstünə əlamət də qoyurdular. Bu əsasən dik hamar daşlar, taxta və ağac olurdu. Bəzən döyüşçülər başqa ərazidə həlak olurdular və bir daha həmin yerə qayıtmırdılar. Vaxt ötür, cəsədlər çürüyür, məzar yerlə-yeksan olurdu.Cəsədlərin çürüməsi və fosforun oksigenlə birləşməsi nəticəsində yaranan qaz yerin üstünə sızırdı. Bu qaz açıq göy, mavi rəngdə görünürdü.  Mavi rəngli qaz çıxan xəzinələrdə magik bir əlamət yoxdur. Bu təbii kimyəvi reaksiyadır. (Ensiklopediya suevery. M. 1995, səh. 159)

-Suyun içində, çay yatağında, göllərdə, köhnə evlərin xarabalığında, mağaralarda, tərk edilmiş qədim yaşayış yerlərində dəfinə tapmaq ehtimalı böyükdür.

-Dağ yolunda qara keçi görmək həmin yerdə dəfinənin basdırılmasından xəbər verir. Çöllükdə nəzərə çarpan böyük qaya parçası, çəmənlikdəki tək, cüt hətta üç ədəd palıd, qoz, şabalıd ağacalarının ətrafında da dəfinə axtarmaq yaxşı nəticələnə  bilər. Yerdən alov (dilimləri mavi, bənövşəyi, sarı, qırmızı rənglərdə ola bilər) çıxmağı əsas əlamətdir. İldırım vuran yerdə xəzinənin olması da sınamalarda təsdiqlənib.

    “Dəfinəni yuxarıdan yox, yandan götürmək  lazımdır”.

-Çünki onun lənətlənmiş və ya boş olduğu hamı üçün ayıdınlaşmır. Xəzinə yan tərəfdən çıxarılanda sərvət səpələnir və bununla da  lənət dağılıb gedir. Xəzinəni çıxaranda söyüş söymək, bəd ruhları xatırlamaq, yerə tüpürmək, təbii ehtiyacını ödəmək qəti olmaz. Göy rənglə yanan alovu ancaq xəzinəni çıxarmağa icazə verilən adam görə bilər. Çox vaxt xəzinə uşaqların qismətinə çıxır. Belə sınama var ki, xəzninəni qoruyan ruhlar tam məsum uşaqlara daha çox şəvqətlidir. Çünki onlar günah iş tutub, hələ çirklənməyiblər.  Dəfinə və xəzinələrdə 3, 9, 12, 40 rəqəmləri önəm daşıyır.

Gəzərgi dəfinlər də var. Bəzən dəfinələr obraza girib heyvan, quş və əldən düşmüş qoca şəkilində, səfil insan görkəmində adamın qarşısına  çıxırlar. Heyvanı və quşu vuran kimi dəfinə səpələnir, ya da insandan nəsə xırda bir xahiş edir, xahişi rədd etməsən, xəzinənin sahibinə çevirilə bilərsən. Xəzinə xoş niyyətlə axtarılmalıdır. Tapılmış xəzinənin onda biri kasıba, bivarisə, xəstəyə verilməlidir ki, özün kasıb, bivaris və xəstə olmayasan.  Xəzinənin yerinin dərinliyə çəkilməsinə, “küsməsinə” səbəb insanların fikirlərindəki bəd niyyətdir. Axı qoruyucu ruhlar fikirləri “oxuyur”. “Dəfinəni başla axtarmaq lazımdır, bellə, külünglə yox”-deyimi yerində söylənilib.

“Dəfinə dəmir çəndə, mis və ya şüşə qabda basdırılıbsa, bir ildən sonra yeri qazıb onu tapmaq olmaz”.

-Bu zaman insanın ürəyinə elə hiss gəlir ki, guya kimsə qazıyıb çıxarıb. Əslində qızılın xüsusi çəkisi ağır olduğundan torpağın qatlarını keçib suya çatınca dərinliyə  enir.

HafizTimes.com olaraq son illər Azərbaycanın müxtəlif bölgələrində tapılan xəzinələri də araşdırdıq. “Xəzinə ovuna çıxanlar”la bağlı çox ciddi, eyni zamanda təhlükəli məqamlarla qarşılaşdıq:

12/10/ 2014 – Yardımlı rayonunun Məlikli kəndində xəzinə tapılıb. Mətbuatın yazdığına görə, qızılla dolu xəzinə Məlikli kəndinin yaxınlığında “Əli daşı” deyilən yerdə olub. Yerli sakinlər bir əsrdən artıq müddətdə buranı pir olaraq ziyarətgah kimi istifadə ediblər. İddialara görə, pirdə böyük bir daşın üzərində Həzrət Əlinin ayaq izləri olub. Lakin sonradan bu daşın xəzinənin basdırıldığı yeri işarələmək üçün bura qoyulduğu ortaya çıxıb.Xəzinə xüsusi xəritə əsasında aşkara çıxıb.Arus kəndinin ərazi nümayəndəsi İrasət Nəzərov :“Tanımadığımız adamlar kəndimizə  gəlmişdilər. Heç bir sakinimiz onları tanımırdı.  Arxeologiya İnstitutunun adından istifadə edərək gəlmişdilər. Həmin İnstitutun rektoru olan Maya xanıma  rəsmi  məktub yazdım.  Cavab gəldi ki, bizim bu işdən xəbərimiz yoxdur, həmin şəxslərin kim olduqlarını bilmirlər. Təxminən 5-6 nəfər gəlmişdilər.  Həmin ərazi Məlikli kəndinin ətrafında yerləşən bir ərazidir. Oranın sakinləri repressiya illərində sürgün ediliblər. Təxminən 2-3 gün orda axtarış apardılar.Həmin şəxslər orda vəhşilik ediblər. Həmin böyük daşı da uçurublar. İki yerdə 7-8 metr dərinlikli quyular qazıblar”.

HafizTimes.com olaraq qızıl-gümüş axtaran cihazların Azərbaycanda satış qiymətləri ilə bağlı da araşdırma apardıq.

Məlum oldu ki, Azərbaycanda kütləvi sayda metal-qızıl-gümüş axtaran cihazların satışı təşkil olunur. Belə ki, ölkəmizdə fəaliyyət göstərən elan  saytlarında Almaniya, ABŞ istehsalı olan belə cihazlar satışa təqdim olunur. Qiymətlər isə 1000 manatdan, 7500 manata qədərdir. Həmçinin qeyd edək ki, metal axtaran cihazların qiymətləri dərinlikdən aslı olaraq dəyişir. Belə ki, 8-12 metr dərinliyə qədər torpaqda metal axtaran cihazların qiymətləri çox yüksəkdir. Elan saytlarından da gördüyümüz qədəri ilə, ölkə əhalisinin də böyük əksəriyyəti xəzinə tapmağa xüsusi maraq göstərir…

Hafiz Əhmədov

Oxuyun

Araşdırma

Xəngəli sevən, nisyə mal götürən, bic “Serjik” – Sarkisyanın azərbaycanlı iş yoldaşları danışır – MÜSAHİBƏ (FOTOLAR+VİDEO)

Yayımlandı

da

Tərəfindən

Oxuyun

Araşdırma

Cümhuriyyətin qurucularına divan tutan bolşevik Fətəli xanın qızı ilə niyə evləndi? – TARİXİ ARAŞDIRMA

Yayımlandı

da

Tərəfindən

1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal edildi. Bundan 53 gün sonra 1920-ci ilin iyunun 19-da Cümhuriyyətin xarici işlər naziri olmuş Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi.

Hafiztimes.com  Fətəli xan Xoyskinin yeganə qızı Tamara xanım Xoyskinin həyatı ilə bağlı araşdırma aparıb və maraqlı faktları üzə çıxarıb.Cümhuriyyətin qurucusu və ilk baş naziri Fətəli xan Xoylu (Xoyski) Tiflisdə qətlə yetiriləndə 18 yaşlı Tamara Xoyski nəyin bahasına olursa-olsun, özünü atasının dəfn mərasiminə çatdırmaq istəyib. O zaman Gürcüstan hələ Sovet işğalına düşməmişdi. Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu. Tamara xanım təzəcə yaranmağa başlayan sovet idarələrinə üz tutub və Azərbaycanın Hərbi-İnqilab Komitəsinin sədrinin müavini, 26 yaşlı Mirzə Davud Hüseynovun qəbuluna düşüb.

Mirzə Davud Hüseynov bir müddət sonra Tamara Xoyski ilə evlənib və 17 il birlikdə yaşayıblar. Sonradan hər ikisi Moskvada eyni gündə həbs edilib, eyni həbsxanaya aparılıblar. Mirzə Davud ölümə, Tamara xanım sürgünə göndərilib.

Həyatının bir qismi məhbəs və sürgünlərdə keçən Tamara Xoyski 1990-cı ildə Bakıda, tək-tənha yaşadığı birotaqlı mənzildə dünyadan köçüb.

Bəs Cümhuriyyətin qurucusu olan bir şəxsin qızı ilə bolşevik məmuru hansı tellər bağlaya bilərdi?

Mirzə Davud Hüseynov (1894-1938) 1894-cü ilin martında Bakı şəhərində ruhani ailəsində anadan olub. 1906-cı ildə şəhər məktəbini bitirib və Bakı realnı məktəbinə daxil olub. 1913-cü ildə Moskva Kommersiya İnstitutunun iqtisadiyyat fakültəsində təhsilini davam etdirib.

1918-ci ilin noyabrından Rusiya Kommunist Partiyasına üzv olub. 1917-ci ildə Bakıya qayıdıb, Azərbaycan tələbələri arasında inqilabi iş aparıb, tələbə komitəsini yaradıb. 1918-1919-cu illərdə bolşevik “Hümmət” təşkilatının əvvəl sədr müavini, sonra sədri, RKP-nın Bakı komitəsinin və partiyanın Qafqaz Ölkə Komitəsinin üzvü olub. Azərbaycan KP-nın I qurultayında (1920-ci il fevral) cari vəziyyət barəsində məruzə edib, MK Rəyasət Heyətinin sədri seçilib.


(Mirzə Davud Hüseynov)

Azərbaycanda Rusiyanın müdaxiləsi ilə Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR İnqilabi Komitəsinin sədrinin müavini, Azərbaycan SSR-in Xalq Maliyyə naziri, Xarici İşlər Komissarı, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə və Xarici İşlər Komissarı vəzifələrində çalışıb.

1930-1933-cü illərdə Tacikistan KP MK-nin birinci katibi, sonralar Moskvada RSFSR Xalq Maarifi Komissarlığında qeyri-rus məktəbləri şöbəsinin müdiri olub. Dəfələrlə Azərbaycan KP MK Siyasi Şurasının, ÜİK(b)P ZÖK və Orta Asiya bürolarının, Azərbaycan SSR, Tacikistan SSR və ZSFSR MİK Rəyasət Heyətlərinin, SSRİ MİK-nin üzvü seçilib. 21 mart 1938-ci ildə Bakıda güllələlənib.

Nəriman Nərimanovun İ.V.Stalinə yolladığı “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı məktubu M.D.Hüseynovla bağlı həqiqətləri bütün çılpaqlığı ilə üzə çıxarır. Məktubda həmin hissəni olduğu kimi təqdim edirik:

Azərbaycan SSRİ Xalq Komissarları Sovetinin ilk tərkibi: yuxarıdan sağa: Həmid Sultanov, Mirzə Davud Hüseynov, Möhsün İsrafilbəyov (Qədirli), Dadaş Bünyadzadə, Nəriman Nərimanov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Ağahüseyn Kazımov, Səmədağa Ağamalıoğlu, Çingiz İldırım, Cəmil Vəzirov

– Daha bir hadisə məni vadar etdi ki, ətrafımdakılara – Azərbaycanın taleyini həll edənlərə diqqət yetirim. Bir dəfə, məşhur, hörmətli bir qadın gözüyaşlı yanıma gəlib, ailəsinin namusunu qorumağı xahiş edir. O aşağıdakıları danışdı:

“Hökumət üzvü M.D.Hüseynov qızıma evlənməyi təklif edib, lakin qızım ona rədd cavabı verib – başqa birisinə, elə onun yoldaşına ərə getməyə hazırlaşır. İndi hər gecə EFKA -nın agentləri evimə girib, axtarış aparır və mənim evimdə gələcək kürəkənimi axtarırlar. Uşaqlar tamam əsəbi olublar və demək olar ki, gecələr yatmırlar. Mən bildirirəm ki, bu, M.D.Hüseynovun işləridir, xahiş edirəm məni müdafiə edin və i.a. və i.a.”.

Onu sakitləşdirib, Hüseynovu yanıma çağırdım və bu əhvalatı ona danışdım.
O qıpqırmızı oldu, başını aşağı saldı və mənim qəti xəbərdarlığımdan sonra dedi: “Arxayın olun, daha bu, təkrar olmayacaqdır”.

Bir müddət keçdikdən sonra yenə bu qadın gəlib onu daha heç kimin narahat etmədiyini bildirdi və mənə təşəkkür etdi.

Bu əhvalat məni belə bir sual üzərində düşünməyə məcbur etdi: Mən kimlərlə işləyirəm və Azərbaycanın taleyi kimlərin əlindədir…”

Ədəbiyyatşünas, tərcüməçi, Vilayət Quliyev illər öncə bu məktubda nələrdən söhbət açıldığını belə qeyd edib:

– Ailə gizlinlərinə baş vurmaq hər zaman maraqlıdır. Xüsusən söhbət tarixi şəxsiyyətlərdən, dövlət adamlarından gedəndə bu maraq qat-qat artır. Həm də ictimai əhəmiyyət kəsb edir. Bizə yol göstərənlərin özlərinin şəxsi həyatda necə olduqlarını bilmək hər kəsin ilgisini çəkir.

Yəqin çox az adam bilir ki, Azərbaycandakı ən fəal bolşevik liderlərindən birinin – Mirzə Davud Hüseynovun xanımı ilk Cümhuriyyətimizin qurucularından olan Fətəli xan Xoyskinin qızı idi. Görünür, məğlub hökmdarın arvadını, yaxud qızını cariyəyə çevirmək təkcə nağıllara, yaxud qədim dövrlərin tarixinə xas olay deyildi.

Yəqin ki, unudulmaz “Komsomol poeması”nın müəllifi, xalq şairi Səməd Vurğunun bu qeyri-adi izdivacdan xəbəri vardı. Həmin vaxt Fətəli xan həyatda olmasa da, onunla Gəray bəy, Tamara ilə Humay, Mirzə Davudla Cəlal arasında müəyyən bənzərlik sezməmək mümkün deyil. Səməd Vurğunun poemasında komsomol Cəlalı Gəray bəy öz əlilə cəzalandırır. Sinfi tabuları pozan M.D.Hüseynova isə qurucularından olduğu rejim eyni amansızlıqla divan tutdu.

Azərbaycanın faciəsini şəxsi faciəsi kimi yaşayan Nəriman Nərimanov Leninə, Trotskiyə və Stalinə ünvanladığı “Milli ucqarlarda partiyanın siyasətinə dair” adlı məktubda Əliheydər Qarayev, Mirzə Davud Hüseynov kimi neobolşevik liderlərin özlərini inqilabın ərköyün övladları kimi apardıqlarından, yazılmış və yazılmamış qanunları pozduqlarından, milli və partiya əxlaqına sayğı göstərmədiklərindən şikayətlənirdi. Konkret nümunə kimi M.D.Hüseynovun yanına şəxsi məsələsilə əlaqədar gəlmiş gənc bir xanıma ədəbsiz təklifdə bulunmasından bəhs edirdi.

Düşünmək olar ki, söhbət Fətəli xanın qızından getmir. Çünki Mirzə Davud Tamara Xoyski ilə qanuni nikaha girib və 17 il birlikdə yaşamışdılar. Hər ikisini Moskvada eyni gündə həbs edib, hətta eyni “voronka”da həbsxanaya aparıblar. Molotovlarla ailəvi dostluq da işlərinə yaramayıb. Xidmətində canla-başla dayandığı rejim M.D.Hüseynovu 1938-ci il martın 21-də, Novruz bayramı günü qətlə yetirib. Amma Tamara Xoyskiyə – Cümhuriyyətin sonuncu xarici işlər nazirinin qızı və Azərbaycan SSR-nın ikinci xarici işlər nazirinin xanımına atasının və Azərbaycan Cümhuriyyətinin siyasi bəraətini görmək qismət olub.

Yazıçı-publisist Şəmistan Nəzirli isə bizimlə söhdətində M.D.Hüseyovun Azərbaycan tarixinin “üz qarası” olduğunu deyib:

– Mirzə Davud Hüseyov AXC-ni quranlara divan tutan bolşevik olub. Onlar ölkəni başdan-başa qarət edir, xoşlarına gəlməyən hər kəsi güllələdirdilər. Mikoyan istəyirdi ki, Mirzə Davud Hüseynov və Əliheydər Qarayevdən istifadə edərək, İnqilab Komitəsinin sədri Nərimanovun əl-ayağını bağlasın, o, öz nüfuzundan istifadə edə bilməsin”.

Diplomat Pərvin Mirzəzadənin anası Fətəli xan Xoyskinin uşaqları ilə qonşuluqda yaşayıb. Onlar indiki İstiqlaliyyət, o vaxtkı Kommunist küçəsində, “İsmailiyyə” binası ilə üzbəüz, “İtalyanskiy dvor” adlanan kommunal mənzilli bir həyətdə yaşayıblar. Xoyskinin həyat yoldaşı rus olub – Yevgeniya xanım-, amma Fətəli xan Xoyskiyə ərə gələndən sonra İslamı qəbul edib və Ceyran xanıma çevrilib.

– Mənim anam onun qızı ilə dostluq edib. Yəni Fətəli xan Xoyskinin nəvəsi ilə,- deyir Pərvin Mirzəzadə,- Anam danışırdı ki, onlar çox ağır şəraitdə yaşayıblar, bir otaqda bir neçə nəfər qalırmış. Fətəli xan Xoyskinin oğlu sürücü olub. Bilirsiniz ki, 30-cu illərdə əsilzadə sinfinə aid olan nəsillər müəyyən hüquqlardan məhrum olunmuşdular, o cümlədən ali təhsil hüququndan. O üzdən, oğlu ali təhsil ala bilməyib… Fətəli xanın babaları çar ordusunda böyük vəzifə sahibi olublar. Babası general-mayor, atası general-leytenant imiş. Tamara xanım 37-ci ildə repressiyalarla üzləşib. 50-ci illərdə Azərbaycana qayıdıb. Qayıdandan sonra uzun müddət Nazirlər Kabinetində çalışıb…

Sonda isə Mirzə Davud Hüseynovla bağlı Stalinin Nərimanova yazdığı cümlələri xatırlayaq: “Sizin yerliniz Hüseynov da bizim komissarlığın tərkibində olan hörmətli bolşeviklərimizdən biridir, yoldaş Nərimanov, Siz onu yaxşı tanıyırsız”.

Hafiz Əhmədov

Oxuyun

Trend yazılar