Bizimlə əlaqə

Müsahibə

Səxavət Məmmədovun diplomat oğlu: “Atam mənim üçün böyük sərvət qoyub, ömrüm boyu xərcləsəm də bitməyəcək” (MÜSAHİBƏ)

Yayımlandı

da

Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur.

1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə attestatı ilə bitirərək, yüksək balla Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisasına qəbul olub. 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək, Böyük Britaniyadakı London Diplomatiya Akademiyasının (Vestminster Universiteti) magistraturasına qəbul olub. 2006-cı ildə Diplomatiya Elmləri Magistri dərəcəsini alıb. 2008-ci ildə BDU-da Beynəlxalq Hüquq ixtisası üzrə daha bir magistr diplomuna yiyələnib.

Uzun müddət aparıcılıq edən gənc diplomat Hafiztimes.com-un suallarını cavablandırıb. O, müsahibəsində 7 yaşında itirdiyi atası ilə bağlı xatirələrindən, ailəsindən və diplomatik fəaliyyətindən danışıb:

-Mənim əvvəldən Azərbaycanı təmsil etmək kimi istəklərim olub. Məqsədyönlü şəkildə buna hazırlaşmışam. Sırf bu sahə üzrə təhsil almaq üçün Beynəlxalq hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə qəbul oldum. Jurnalistika üzrə getmədim. Universitetə qəbul olduğum il topladığım bal kifayət edirdi ki, jurnalistika və digər fakültələrə qəbul olum. Amma mən bu sahəyə üstünlük verdim. Təbii ki, bu bir az da qismətdir.

-Niyə atanızın yolunu davam etdirmədiniz?

-Əgər siz sırf atamda olan istedadı nəzərdə tutursunuzsa, Səxavət Məmmədov ona görə Səxavət Məmmədov idi ki, ondan bir dənə idi. Ondan ikinci, altenativi olsaydı və yaxud o səsdən çox olsaydı, yəqin ki, bu gün o qədər də xatırlanmaz və sevilməzdi. İkinci məqam isə bundan ibarətdir ki, mən özümdə nə o vaxt, nə də indi atamdakı istedadın olduğunu hiss etməmişəm. Anamın da çox gözəl musiqi duyumu var. Atam həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda sevilən sənətkar olub. Həmin mühit mənim birbaşa olaraq musiqi duyumuma təsir edib. İki yaşım olanda pianoda ifa edə bilirdim. Bütün bunlar məndə musiqiyə olan meyli daha da artırdı. Ancaq musiqiyə xüsusi həvəsim olub, profesional səviyyədə məşğul olmaq nədənsə məni özünə çəkmədi. Aildə həmin vaxtlar baş verən prosseslər də buna təsir edirdi.

-Siz atanızın sənətini davam etdirməsəniz də, əminiz Səxavət Məmmədovun adını öz sənətində yaşada bildi.

-Bəli, əmim Fehruz atamın yolunu davam etdirdi. Səxavətin nəfəsinin, səsinin təskinliyini artıq xalq Fehruzdan almağa başladı. Doğurdan da mən baxdım ki, o atamı layiqincə təmsil edir.

Mənim sırf oğlu olduğuma görə, onun yolunu davam etdirməyim yamaq kimi görünərdi. Çünki ömrümün axırına qədər Səxavətin oğlu olaraq o sahədə özümü bəlkə də təsdiq edə bilməyəcəkdim. Sözün açığı mən bunu sevmirəm. Bu mənim xasiyyətimə yaddır.
Düşündüm ki, mən atamı başqa formada da yaşada bilərəm. Mənim şəxsi fikrimdir ki, ilk növbədə insan öz əzizlərini, doğmalarını təkcə onun sənəti ilə deyil, insanlar arasındakı mövqeyi, insanlara münasibəti ilə yaşada bilsin. Sənin hansısa bir yaxşı əməlin, sənin doğmalarına, bu dünyadan köçənlərinə rəhmət qazandırar. Ətrafında yaratdığın müsbət aura bir növ gedib o biri dünyada onlara çatır. Mən də fikirləşdim ki, bunu edə bilərəm. Məcbur deyil ki, mən xanəndə olum. Bu sahəyə qarşı xüsusi bir həvəsim olmadı. Amma çox narahat idim. İstəyirdim kimsə atamın yolunu davam etdirsin. Şükürlər olsun ki, əmim Fehruz atamın sənətini davam etdirdi. Buna görə mən həmişə əmim Fehruza minnətdaram. Səxavət irsinin ölməsi haqsızlıq olardı.

-Bu yaxınlarda 32 yaşa qədəm qoydunuz. Ad gününüzü necə keçirdiniz?

-Sözün açığı 20 yaşımdan sonra ad günlərimi xüsusi qeyd etməyim yadıma gəlmir. Hətta ailə qurandan sonra ad günü keçirməklə bağlı evdə bir az söz-söhbət də olur. Onlar israr edirlər, mən isə qəbul etmirəm. Özümə görə tünlük sevən adam deyiləm. Başqasının ad gününə canla-başla gedirəm, iştirak da edirəm. Amma özümə gələndə bir az fərqliyəm. Sözün açığı, həvəsim yoxdur. Arzum var. İnşallah torpaqlarımızı düşməndən azad etdikdən sonra qismət olarsa, gedib atamın qəbrini ziyarət edərəm və bəlkə bundan sonra özümə qoyduğum qadağaları aradan götürərəm. Gülüb-danışmaq, hər şeyin dadını çıxarmaq üçün özümə içimdə haqq qazandıra bilmirəm. İnsan həyata bir dəfə gəlir. Gərək istədiyin kimi yaşayasan. Amma mən bir az özümü çəkindirirəm. Bəlkə də normal deyil. Amma mən də buyam. Hətta müsahibə ilə bağlı siz mənə müraciət etmişdiniz. Mən fikirləşirəm ki, maraqlı insan deyiləm. Bu gün Azərbaycan jurnalistikası cəbhədə şəhid olan insanlardan, onların ailələrindən yazmalıdılar. Çünki insanlar 80-90 yaşlarında valideynlərini itirirlər. Və bunu da çox çətinliklə qəbul edirlər. Mən atamı çox gənc yaşında avtomobil qəzasında itirmişəm. Təsəvvür edin ki, insanlar min-bir əziyyətlə böyütdükləri balalarını bir gecədə itirirlər. Bəzən meyitləri döyüş bölgəsində qalır. Fikirləşirəm ki, bu anda bizim qələm əhlimiz, jurnalistikamız sırf o ailələrin təskinliyi üçün səfərbər olmalıdırlar. Söhbət təkcə məndən getmir. Mən və digərləri…. Razıyam ki, insanları belə ağır mövzularla yükləmək də olmaz. Amma ən azından onlara üstünlük verilməlidir. Onlar hiss etməlidirlər ki, bu insanlar elə-belə canlarını qurban verməyiblər.

-Bəxtiyar Məmmədov için bu illər neçə keçdi?

-Çox yaxşı sualdır. Əslində bir müddət öncə bu sual üzərində düşünmüşdüm. Hiss etmişəm ki, 27-28 yaşdan sonra elə bil illər sürətlə keçir. Bəlkə də informasiya texnologiyalarının sürəti artdığına görə belədir. Vaxta çatmaq olmur. Üç-dörd il bundan öncə baş verən hadisələr çox yaxşı yadımdadır. Geriyə baxanda bir-iki il bundan öncə baş verən hadisələr sanki dünən olmuş kimi görünür. Sanki müddətin necə keçdiyini insan xatırlaya bilmir. Hardasa 25-26 yaşıma qədər geriyə gönüb baxanda görürdüm ki, bax, bu mənim yeniyetmə çağlarım olub . İndi zamanın necə keçməsi məsələsi qorxulu həddə çatıb.

Artıq 32 yaşıma gəlib çatmışam. Dönüb arxaya baxanda görürəm ki, özümlə bağlı bəlli şeylərdən razıyamsa, çox şeylərdən də narazıyam.

Düşünürsən ki, kaş bunu belə edərdim, misal üçün burda bu səhvi etmişəm, gərək onu etməyəydim. Bəlkə də bu, Allahın bir hikmətidir. Yaşın üstə yaş gəldikcə daha ağıllı olursan. Təəssüf ki, ağıl insana əvvəldən verlmir. Sadəcə hansısa məqamlarda radikal dəyişiklik üçün addım atmağa hazırlıqlı olasan. Bunun üçün gərək özündə güc tapasan. Geriyə baxan zaman gördüyün dəyişib-dəyişə bilmədiyin şeyləri bundan sonrakı həyatında öz qaydasına salmağı bacarmalısan. Düşünürəm ki, bu zaman da Allaha yalavarıb möhlət istəmək lazımdır ki, gələcəkdə də bir bu qədər yaşaya biləsən. Həyatıdır da…

-Bu illər ərzində ən böyük səhviniz nə olub?

– Çox şükür ki, etdiyim hansısa bir əməlin səhv olduğunu düşünmürəm. Sadəcə olaraq daha yaxşısını edə bilərdim. Bunu yox, onu edərdim kimi və s. Amma buna da biz tam qərar verə bilmirik. Çünki Allahın da öz hökmü var. Səni yönləndirmək məsələsi var. Bəzən insan bir şeyi istəyir. Olmayan zaman deməli Allah-təala sənin üçün daha xeyirlisini düşünüb. Demək xeyirlisi bu imiş. Səhvlərim olub. Amma xüsusi olaraq qeyd etmək istəmirəm. Çünki mənim təbiətimdə yoxdur ki, xüsusən nəyəsə üsyan edim və yaxud deyim ki, yox, gərək bunu belə edim. Sadəcə fikirləşirəm ki, daha yaxşısını edə bilərdim. Bu gün keçmişə baxan zaman çox şükür elədiyim şeylər gərək edərdim dediklərimdən dəfələrlə çoxdur. Düşünürəm ki, bu normaldır. İnsan hər şeyi ürəyi istədiyi kimi edə bilməz axı… İnsanın varlığının mənası da budur. Səhv, yanlış seçim də edə bilərsən. Ən böyük səhvimlə bağlı konkret bir cavab verə bilməyəcəm. Çünki nəticəsini bilmədiyim nəyəsə səhv deyə bilmərəm. Öz-özlüyümdə düşünürəm ki, bunu etdiyim zaman gərək digərini etsəydim daha yaxşı olardı. Bunlar isə qeyd edim ki, mənim 17-18 yaşıma qədərki, hətta yeniyetməlik dövrümdə olan prosseslərdir.

Bəzən zamanımı lazım olmayan şeylərə xərcləmişəm. Gərək xərcləməzdim. Mən onun yerinə başqa məsələlərə daha çox diqqət ayırardım. Layiq olmayan insanlara, məsələlərə baş qoşmuşam. Halbuki, bu gün edə bilmədiyim, zamanımın azlığında çatdıra bilmədiyim bəzi məsələlərdə onlara ehtiyac duyuram. Kaş onları etmiş olaydım. Həmin dövrlərdə belə deyək ki, gənclik çoşqusu, gəncliyin alovu adamı bir az yolundan azdırır. Amma yaşa dolduqca görürsən ki, zamanı geri qaytarmaq olmur. Həmin dövrlərdə hansısa təkliflər olur. Kiməsə və yaxud nəyəsə görə dəyərləndirmirsən. Zaman keçir görürsən ki, necə boş şeylər imiş, gərək edərdim. Bu gün isə artıq o təklif yoxdur. İnsan həmişə etmədiyinin peşmançılığını daha çox çəkir nəyinki etdiyinin.

-Söhbət iş təklifindən gedir?

-Xeyr. Təkcə işi nəzərdə tutmuram. İş, təhsil, ixtisas artırma kursu və digər məsələlər. Hansı ki, insanın peşəkar karyerasına böyük təkan verə bilərdi.

-İllər sizdən nələri apardı? Saçlarınızı da deyəsən illərə qurban vermisiniz…

-Hətta məni tanıyan insanların arasında saçlarım çox böyük müzakirə mövzusu oldu. Saçlarım var. Hətta mən saçımı uzatsam bu gün az saçları ilə imitasiya edənlərdən kifayət qədər çox saçım olar. Sadəcə olaraq mən bu “saç düzümü”nə üstünlük verirəm. Çünki vaxt baxımından kifayət qədər tez olur. Çox az hallarda olur ki, mən öz bərbərimə zəng edib vaxt təyin edirəm. Məndən sonra gələnə bir çay verirlər. Mənim saçımı isə cəmi on dəqiqəyə həll edib, yola sala bilir. Həm də sözün açığı pis-yaxşı deyirlər ki, yaraşır. Özümdə təskinlik tapıram ki, yaraşır və bəs edir. Mən televiziyada çalışmışam. Efirə çıxan zaman mənim imicmeykerim anam olub. Evdən güzgüyə baxmadan çıxan bir insanam. Əlbəttə, səliqə səhmanıma, təmizliyə çox fikir verirəm. Amma mən heç vaxt saçımla oynamağı sevməmişəm. Belə bir xasiyyətim də olmayıb.

-Yəni qocalmamısınız?

-Qocalmaq bioloji və mənəvi məsələdir. Qocalmaq bir az dərin anlayışdır. Bioloji olaraq məncə 32 yaş kifayət qədər cavan yaş sayılır. Həyat bəzən səni yaşdından çox öyrədəndə, informasiya bolluğunda adam qocalır.

Təhsilim, işimlə bağlı xaricdə çox oluram. 2002-ci ildən indiyədək mütəmadi olaraq Azərbaycandan kənarda oluram. Müxtəlif coğrafiyalarda olmaq, müxtəlif iqlimlərdə yaşamaq, müxtəlif mətbəxlərdən dadmaq insanın bioloji olaraq qocalmasına gətirib çıxarır. İmkan olduqca futbol oyanıyıram, idman edirəm. Bu, onu göstərir ki, hələ enerji var.

-Xarici ölkələrdə necə bir həyat yaşayırsınız? Vətən üçün darıxırsınızmı?

-İnsan harada olmasından aslı olmayaraq həmişə vətəni üçün darıxır. Biz Azərbaycan xalqı olaraq elə-obaya bağlıyıq. Digər xalqlardan fərqimiz də budur. O cümlədən mən. Azərbaycan mənim Vətənimdir. Mən heç bir xarici ölkədə Azərbaycandakı kimi ayağımı rahat yerə basa bilmirəm. Hazırda işimlə bağlı xaricdə oluram. Vətən hər bir halda adamı özünə çəkir. Hələ gəncəm müəyyən mənada bu uzaqlıqların öhdəsindən gəlirəm. Düşünürəm ki, Allah ömür versə, bir bu qədər də yaş yaşasam, artıq o dövrdə bilmirəm mən nə dərəcədə uzun müddət başqa bir yerdə qala bilərəm. Bəzən sənin işin, həyatın tələb edəndə razı olursan. Hər halda Allah bütün dünyanı insanlar üçün yaradıb.

Təbii ki, ildə bir-iki dəfə, lap imkan olub 3-4 dəfə gəlib Azərbaycanda o torpağı iyləmək nəyə desən dəyər. O başqa hissdir. Vətəni Vətən olduğu üçün sevirsən. Onu gözəlliyi ilə, hətta gözəl olmayan tərəfləri ilə də sevirsən. Buna görə də ona Vətən deyirlər. Onu hər şeyi ilə qəbul edirsən. Xaricdə olanda hər halda insanın təbiətindən aslı olaraq daha çox onun pis tərəfini tez görürsən. Min dənə yaxşısı olur, bir dənə pisini görən kimi deyinirsən. Amma öz ölkəndə səni daha çox doğmalıqlar cəlb edir və onu olduğu kimi qəbul edirsən.

-Azərbaycandan kənarda ən çox kimin və nəyin həsrətini çəkirsiniz?

-Anam üçün darıxıram. Anamı ildə bir dəfə də olsa ya mən Azərbaycana gedib görürəm, ya da onu yanıma gətirirəm. Darıxmaq yüksək həddə çatanda onu yanıma gətirirəm. Düzdür, anam artıq mənim üçün çox darıxmır. O, daha çox nəvələri üçün darıxır. Mən də nəvələrini onun yanına göndərirəm. Prosses belə gətirib ki, mən artıq onun üçün bir o qədər də əhəmiyyətli deyiləm.
Novruz bayramı ərəfəsində Azərbaycanda torpaqdan qəribə iy gəlir. Mən onu çox sevirəm. Dünyanın heç bir yerində yaz ərəfəsində torpaqdan o iy gəlmir. Mənim ən sevdiyim budur ki, o iyi məhz Azərbaycanda duyum, hiss edim. Alçanın çiçəkləyən dövrünü çox istəyirəm ki, ölkəmdə olum. Çox qəribədir ki, həmin vaxt adamın həyat eşqi artır, insanın ürəyi qəribə hisslərlə dolur. Düşünürəm ki, insanın ciddi xəstəliyi olsa, həmin ətirlə onu müalicə etmək olar. İnanılmaz dərəcədə həmin vaxt orada həyat eşqi yaranır. Vətənin o dövründə orada olmağı çox sevirəm. Tut yetişən dövrü həddsiz çox sevirəm. Tutu ağacda yeməyi sevirəm. Bəzən qabda bura tut göndərirlər. Amma həmin tamı vermir. Hansısa bir tut ağacı görürsən və onun üstünə çıxırsan, üstün-başın şirə-ləkə olur, tut yeyirsən. Həmin vaxtlarda Vətən üçün çox darıxıram. Deyirəm ki, kaş 15 günlük də olsa vətənimdə olardım.

-Səxavət Məmmədovun yurdunda indi kimlər böyüyür?

-Səxavətin dörd övladı olub. Mənim özümdən böyük bir bacım, məndən balaca iki qardaşım var. Bizim son beşiyimiz olan qardaşımın bu yaxınlarda övladı dünyaya gələcək. Artıq Səxavət yurdunda övladlar, nəvələr var. Düzdür ki, indi işlərlə bağlı tez-tez gedib gəlmək olmur. Azərbaycana çox qısa müddətlik gedirəm. Orada hamıya vaxt ayırmağa çalışıram. Gedəndə imkan daxilində qohum əqraba ilə görüşməyə can atıram.

Mənim öz övladlarıma gəlincə, oğlumun adı Cüneyddir. Cüneyd Şah İsmayıl Xətainin babasının adıdır. Çox adam mənə deyirdi ki, uşağa türk adı qoymusan. Amma türklərə aid ad deyil. Sonradan öyrəndim ki, Türkiyədə Cüneyt Arkın adlı aktyor var. Ümumiyyətlə, mənim Səfəvilər dövlətinin tarixinə, Azərbaycanda böyük, qüdrətli dövlətin əsasını qoymuş qızılbaşlara, o tarixi irsə böyük simpatiyam var. Sırf bu anlamda Şah İsmayılın babası, Şeyx Heydərin atası Şeyx Cüneydin adının şərəfinə oğluma bu adı qoymuşam. İki ad arasında qalmışdım Cavad, ya Cüneyd? Cavad adı Cavad xanla bağlı idi. Sonda uşağın adını Cüneyd qoymağa qərar verdik.

“Oğluma Səxavət adını qoysaydım, onun üstünə qışqıra bilməyəcəkdim”

– Övladınıza nə üçün atanızın adını qoymadınız?

– Bu sualı mənə çox verirdilər. Həmişə deyirlər ki, gərək oğlunun adını Səxavət qoyardım. Oğluma Səxavət adını qoysaydım, sözün açığı onun üstünə qışqıra bilməyəcəkdim. Mənə bir az çətin idi. Həm də evdə oğlan uşağı böyüdəsən və üstünə təpinməyəsən. Belə hal olmur. Qızı bəlkə yola vermək olar, amma ən azından ata üçün oğluna təpinməmək mümkün deyil. Amma bir şeyi qeyd edim ki, Cüneydin soyadı Səxavətdir. Yəni rəsmi olaraq oğlum Cüneyd Səxavətdir. Atamın adını ona soyad kimi verdim. Əslində soyadla adın yaşaması daha yaxşı oldu.

Üzr istəyirəm, sonra qızım dünyaya gəldi. Qızım isə atam Səxavət Məmmədovun anasının adını daşıyır. Onun adı Eskinazdır. Hər ikisi qədim addır. Dövrümüz üçün bir az məşhur olmayan adlardır. Amma məni xoşbəxt edən adlardır. Əsas budur.

-Siz özünüz necə bir atasınız?

-Uşaqlar da yavaş-yavaş böyüyürlər. Sözün açığı, onlarla vaxt keçirməyə bir o qədər də imkan tapmıram. Onların tərbiyəsi ilə daha çox anaları məşğul olur. İmkan olduqca nənələri məşğul olur. Məktəbə, bağçaya gedirlər. Mən isə mühiti elə seçməliyəm ki, onların tərbiyəsinə mənfi təsir göstəməsin. Maksimum bunu edə bilərəm. Həm də uşaqlar bir az balacadırlar. Birinin beş yaşı, o birinin isə iki yaşı var.

“Mən atamdan görmədiyimi anamdan görmüşəm”

– Sizin üçün ata nə deməkdir? Bir övlad üçün ata sözü nə anlamı ifadə edir?

– Atam dünyasını dəyişəndə heç 38 yaşı yox idi. Kifayət qədər cavan idi. 7 yaşımda mənim atamdan öyrənə biləcəyim hələ çox şey var idi. Təbii ki, mən onu özüm üçün örnək götürmüşdüm. Onun müəyyən hərəkətləri, xasiyyəti genetik olaraq məndə var idi. Həm də o dövrdə atamı təqlid etməyə çalışırdım. Yaşım kifayət qədər az idi, bilmirdim nə dərəcədə alınırdı. Bir işi bəlkə ondan 3-4 il sonra öyrənməyə başlayacaqdım. Amma həmin dövrdə mənim üçün ata yox idi. Ona görə də mən “ata övlad üçün kimdir” sualından daha çox, “ata olmayanda necə olur” sualını daha yaxşı başa düşürəm. Mən əminəm ki atam sağ olsaydı, bəlkə dünyanın ən gözəl, ən yaxşı atası olardı. Fikirləşirəm ki, atam bu gün yaşasaydı nəvələrinə qarşı necə olardı? Bunları öz-özümə xəyal edirəm. İnanılmaz bir duyğu olardı. Allahın qisməti belə imiş ki, mən atamı görmədim. İndi mən özüm övladıma qarşı nə dərəcə yaxşı ata ola bilirəm? Bunu zaman göstərəcək.

Ümumiyyətlə, inkişaf edən cəmiyyətdə bu qəliz münasibətdir. Təbii ki, mən çalışıram, əlimdən gələni edirəm. Zatən azərbaycanlıların genetik xüsusiyyəti bundan ibarətdir ki, bəlli bir müddətdən sonra sən özünü övladına həsr edirsən və onun üçün yaşayırsan. Mənim də çalışmağım, işimin məsuliyyəti və digər məqamlar sırf onların gələcəyi, rifahları üçündür. İstəyirəm ki, onlar üçün yaxşı olsun.

Düşünürəm ki, hər bir atanın övladına ən birinci verə biləcəyi şey tərbiyədir. Bu tərbiyə bir çox elmentləri özündə birləşdirir. Uşaq hansısa şeylərə meyl edir və yavaş-yavaş onun qarşısını almağa çalşırsan ki, bunlar gələcəkdə hansısa fəsadlara yol açmasın. Biz insanıq, bioloji varlığıq. Bəzən nədəsə insansının tamahı ona güc gələ bilir. Yəni bu məsələləri bəri başdan maaarifləndirmə yolu ilə həll etmək lazımdır. Deyirsən ki, bu olmaz, o olmaz. Bəzən danlayırsan. Yeri gələndə bir kötək vurmaq olar. Əsasən oğlan uşağını nəzərdə tuturdum. Qız uşağına isə adamın ürəyi gəlməz. Səmimi deyim ki, qız uşağına bunu edə bilmirəm. Qız uşaqları bir az fərqli olurlar. Onlar daha çox analarına bağlı olurlar. Mən də imkan daxilində boş vaxtım olanda oğlumu özümlə aparıram, bazarlıq edirik. Evə qayıdanda bir-iki zənbili ona verirəm. Deyirəm ki, bunu daşı, onu elə, bunu elə və s. İstəyirəm ki, uşaq indidən zəhmətə alışsın. Düzdür ki, nəsə ürəyi bir şey istəyəndə, bu ona havayı başa gəlmir. Ona nail olmaq üçün səbr göstərmək, uğur əldə etmək, atanın tələblərini yerinə yetirmək lazımdır.

Mən atamdan görmədiyimi anamdan görmüşəm. Anam bizə həm ana, həm də ata olub. Düşünürəm ki, insanın tərbiyəsi, təhsili və imanı yerində olanda bir qayda olaraq onlar cəmiyyət üçün yararlı olurlar. Onlar pis insan olmurlar. Mən də çalışıram ki, bu üç məfhumu, qismət olsa, Allah mənə imksan versə, övladıma təlqin edə bilim. Bir də ən azından normal təhsilli olsunlar. Kitaba, elmə, müasir texnologiyalara maraqlı olmalarını istərdim. Övladlarımın nələrə maraqlarının olduğunu yavaş-yavaş kəşf edirəm. Bütün uşaqların xoşu gəlir ki, cizgi filmlərinə baxsınlar, kompüterdə oyun oynasınlar. Amma mən eyni zamanda onlara həkim, usta və digər profilli oyuncaq ləvazimatları da alıram. Düzü, onların gələcəkdə hansı peşəyə sahib olacaqlarını indidən demək çətindir.

Mən onlara seçim azadlığı verirəm ki, yavaş-yavaş yaşayıb özləri hər şeyi görsünlər. Bir valideyn kimi məndən məsləhət istəsələr ən azından öz təcrübəm daxilində onlara məsləhət verə bilərəm.

-Vətəndən kənarda, başqa dəyərlərlə malik olan ölkələrdə övladlarınızın göz açıb böyüməsi sizi narahat etmir ki?

-Dəyərlərin zidd olması anlayışı ilə razı deyiləm. Təbii ki, mentalitet mənim də qəbul etdiyim məfhumdur. Hər xalqın özünün mentaliteti var. Çox təəssüf ki, bu mövzuda danışılanda biz Qərb ölkələrini daha çox açıq-saçıq, özümüzü isə qapalı kimi təsvir edirik. Bu fikirlər mənim üçün daha çox qəbul olunmazdır. Diqqətlə baxsaq, qəbul edərik ki, biz bir çox özümüzün də qəbul etmədiyimiz məqamlarda qərbi geridə qoyuruq. Hər yerdə normal, yaxşı insanlar var. Hər yerdə sizin, mənim yaxşı qəbul edərək mentalitetin ayağına yazdığımız şeyləri burada və orada da yaxşı qəbul edib-etməyən insanlar var. Bu, hər yerdə belədir. Sadəcə olaraq mən razıyam ki, intibah dövrünü keçmiş dövlətlər , xalqlar var ki, bizim tam qəbul etmədiyimiz şeyləri onlar bizdən daha sakit şəkildə, normal qəbul edirlər. Çalışıram ki, uşaqlar da hər şeyi olduğu kimi normal qəbul etsinlər. Söhbət ondan getmir ki, gördüyümüz pis bir şeyi nümunə kimi götürsünlər. Əksinə, icazə verməliyik ki, uşaqlar onu görsün və biz onlara başa salmalıyıq ki, bu, bizim üçün yaxşı nümunə deyil. Tam məlumatsız olub qəfildən məlumat bolluğuna düşən adam çox halda özünü normal idarə edə bilmir. Bacarıb ona nail olmaq lazımdır ki, insan öz milli kimliyindən kənara çıxmasın. Bu, çox vacib məqamdır. Mən hansı ölkədə yaşamağımdan aslı olmayaraq öz evimdə ünsiyyəti birinci növbədə öz Azərbaycan dilimdə qururam. Mənim üçün azərbaycanlı olmağın açarı Azərbaycan dilindən başlayır. Mən işimlə bağlı bir neçə dildə danışa bilərəm. Övladlarım olduqları ölkələrdən aslı olaraq hər dildə ünsiyyət qura bilərlər. Ancaq bu zaman uşaqlar şikəst vəziyyətdə olurlar və bir dili sonadək təkmilləşdirə bilmirlər. İstəyirəm ki, onlara Bəxtiyar Vahabzadədən, Musa Yaqubdan şeir deyəndə məni anlasınlar ki, nə deyirəm. Düşünmürəm ki, bu halda bizim azərbaycanlı olaraq düşündüyümüz horizontdan kənara çıxa bilər.

-Övladlarınız babaları ilə bağlı sizə suallar verirlərmi? Babalarını onlara necə təqdim edirsiniz?

-Avtomobildə atamın ifa etdiyi mahnılar var. Söhbət təkcə atamdan getmir. Alim Qasımovun, rəhmətlik Ağaxan Abdullayev, Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, əmim Fehruzun, milli koloritli muğamlarımızın məndə diski var. O cümlədən, bizim yerli estrada ulduzlarının Röyadan tutmuş hamısının diskləri var. Uşaqlar dinləyən zaman bilirlər ki, bunu oxuyan onların babalarıdır. Cüneyd babası oxuyan kimi onu səsindən tanıyır. Gələcəkdə onlar hər şeyi daha yaxşı dərk edəcəklər.

-Siz bir övlad kimi atanız Səxavət Məmmədovu necə xatırlayır, yaşadır və anırsınız?

-Mən atamı çox həlim, ürəyi yumuşaq insan kimi xatırlayıram. Onunla bağlı bir xatirəm var. Yadımdadır ki, təzə məktəbə gedirdim. Xəttim normal deyildi, çox pis yazırdım. Anam tez-tez məni danlayırdı. Mətbəxdə otururduq. Qışqırırdı üstümə ki, a-nı, b- hərfini düz yazmadım. Mən də dözmürdüm, ağlayırdım. Birdən atam yanımıza gəldi. Anamı necə deyərlər ağ yuyub-qara sərdi. Dedi ki, nə istəyirsən uşaqdan. Birinci sinif şagirdidir, qoy, necə bilir elə də yazsın. O ürəyiyumşaq idi. Uşağı danlaya bilməzdi. O, bir başqa insan idi. Allah o dünyasını versin.

Vaxtım olan kimi “Youtube”da atamın mahnılarına qulaq asıram. Yazılan şərhlərə diqqət yetirirəm . Onu tanıyan və tanımayan insanlardan, dostlarından xatirələr eşidirəm. Sənətkar olmaq olar. Bu, Allah vergisidir. Amma həmişə gözəl sənətkar və gözəl insan olmaq olmur. Mən oğul kimi atamın sənətindən daha çox onun şəxsiyyəti ilə fəxr edirəm. “Sən yaxşı kişinin oğlusan” eşitmək çox böyük fəxarətdir. Mənə atam elə bir sərvət qoyub gedib ki, ömrüm boyu xərcləsəm də bitməyəcək. Yəni sən yaxşı kişinin oğlusan sözü… Bu, çox böyük sərvətdir.

Atamı tanıyanlar da, tanımayanlar da bunu dəfələrlə təsdiqləyiblər. Mənim üçün Səxavət Məmmədov sənətkardan öncə şəxsiyyətdir. Mən addım atanda atamın sənətinin məsuliyyətini yox, şəxsiyyətinin məsuliyyətini duyuram.

-Atanızın ən çox hansı mahnılarına qulaq asırsınız?

-Xalqın ürəyini fəth edən “Azad bir quşdum”, “Külək”, “Çiçək” mahnılarına tez-tez qulaq asıram. Həmin mahnılar atamın ifasında hədsiz dərəcədə çox sevilir. Amma bir oğul kimi mən nəyə qulaq asıram? Rəhmətlik xanəndə Hacıbaba Hüseynovun səhv etmirəmsə, 70 illiyində atam öz müəlliminin mahnısını “Durnam”ı ifa edib və ona ithaf edib. Mən həmin o ifanı hədsiz dərəcə də çox sevirəm. 1991-ci ildə atamın son səfəri İsrailə olub. Elə oradan qayıtdandan sonra avtoqəzaya düşüb. İsraildə “Sona bülbüllər”i oxumuşdu. Bilirsiniz ki, “Sona Bülbül”lərin möhürünü vuran rəhmətlik Qədir Rüstəmovdur. Amma atam İsraildə “Sona bülbüllər”i möhtəşəm oxumuşdu. Soruşublar ki, niyə belə oxumusan? Deyib ki, orada ev, Azərbaycan üçün o qədər darıxırdım ki.. . Həmin ifada bir nisgil, inilti var. Mən atamın ifasında “Sona Bülbüllər”i çox sevirəm. Yolda gedəndə, avtomobildə tək olanda, çıxılmaz vəziyyətə düşündə mənim əlimdən tutan atamın mahıları olur. Bir də görürəm ki, atamın toyda oxuduğu hanısa bir segahı mənə göndərirlər ki, buna qulaq as. Atamla bağlı iki külliyyat buraxıldı. O vaxt Ukraynada iş adamı Burzu Əliyev bunu etmişdi. Çox sağ olsun. Bunlar “Səxavətli muğamlar” və “Səxavətli mahnı və təsiflər” adlanır. Orada demək olar ki, atamın yaradıcılığının böyük bir hissəsi əhatə olunub.

-Atanızı yuxuda görürsünüzmü?

-Mən yuxu görən insan deyiləm. Bəzən insanlar serial kimi yuxular görürlər. O insanlara qibtə edirəm. Problem də budur ki, yuxu gördüyüm zaman nəsə baş verir. Təbii ki yaxşı və pis yuxudan danışıram. Ona görə yuxu görməyə qorxuram. Bir az cahilik kimi səslənməsin, bəzən sevmədiyim bir insanı yuxumda görən zaman həmin gün nəsə pis hadisə baş verir. Atamı yuxumda görəndə həmin gün mənim üçün düşərli olur. Bunu sadəcə sizin üçün ilk dəfə açıqlayıram. Mən qəbul imtahanına getməmişdən əvvəl, yəni 2001-ci ildə imtahanda toplayacağım balı atam yuxumda mənə demişdi. Mən evdə toplayacağım balı vərəqə yazıb imtahana getmişdim. Həmin balı da topladım. Bu, bir faktdır. Bu və ya digər formada atamın mənim, övladlarının yanında olduğunu hiss edirəm. Onsuz da hamımız gec-tez köçüb gedəcəyik. Mən axirətə inanan insanam. Gözə görünməz qüvvənin insanı qoruduğu məqamlar var. 1998-ci ilin fevral ayında mən dəhşətli avtoqəzaya düşmüşdüm. Həmin qəzada bir neçə adam öldü, mən sağ qalanlardan oldum. Həmin vaxt atamı yuxumda görmüşdüm. Halbuki mənim düz yanımda oturan adam öldü. Bir növ atam qorudu məni.

-Atanızın ifa etdiyi ən məşhur mahnılardan biri də “Əziz dost”dur. Sizin də əziz dostlarınız varmı?

-Mənim həyatda çox yaxşı ünsiyyətdə olduğum insanlar var. Birinci dost anlayışını qavramaq lazımddır. Yəni, sən nə dərəcədə dost ola bilirsən və qarşı tərəfdən nə gözləyirsən. Dostluq birtərəfli yox, ikitərəfli münasibətdir. Biri insana çox yaxşı dost ola bilər. Bir nəfərin digərinə qarşı möhkəm dost olması mümkün deyil. Dostluq qarşılıqlı olmalıdır. Mən heç vaxt deyə bilmərəm ki, Həsənin ən yaxın dostuyam. Ola bilsin ki, Həsən məni özünə bir o qədər də yaxın hiss eləmir. Ətrafımda kifayət qədər şəxsiyyətinə, ailəsinə hörmət etdiyim insanlar var.

Atam yeni rəhmətə gedən vaxtlar çox dar günlərimiz olub. Həmin günlərdə atamın iki-üç dostu sınaqdan yaxşı çıxıb. Amma onlar məndən çox böyükdürlər. Mən onlara dost deyə bilmərəm. Onların övladları ilə bu gün çox yaxşı münasibətlərimiz var. Sonradan həyatda özümün qazandığım insanlar da var ki, çox yaxşı münasibətdəyik. Mən sizə yalandan deyim ki, qəlb bir, can bir dostum var. Yalan demiş olaram. Əslində mən özüm imkan verə bilmirəm ki, kimsə həmin məsafəyə qədər yaxınlaşsın. Çünki insanın gözləntiləri çox böyük olanda və buna müqabil əks bir şey görəndə onun sınmaları çox pis olur. Mən istəmərəm ki, kiməsə münasibətdə içimdə xəyal qırıqılığı olsun. Bəlkə də bundan qorxuduğum üçün belə edirəm. Atamın oxuduğu mahnıdakı “Əziz dost” qarşıma çıxmayıb. 32 yaşımda hələ o adamı tapmamışam. Halbuki mən özümü kiməsə həsr etməyi bacararam. Hər şey edərəm, gərək qarşılıqlı olsun. Dostluq sevgi deyil axı ki, sən onu qarşlıqsız edəsən. Dostluq gərək iki tərəfdən də zəncirlənsin, möhkəm olsun. Əmin olmalısan ki, lazım olanda sən o insana kürəyini söykəyə bilərsən. Kiminləsə bir neçə dəfə bərkə-boşa düşüb sınanmağa şərait olmayıb.

– Kürəyinizi söykəyə biləcək insanlar yoxdur?

-Mənim həyatımda, fəaliyyətimdə arxalandığım Allahım var. Mən həmişə Allaha tapınmışam. Təbii ki, Allah yaxşı insanlar vasitəsi ilə bu və ya digər şəkildə etdiyim yaxşı və pis əməllərimi qaşıma çıxarıb. Bir misal var: bir oğlan atasına deyir ki, mənim yaxşı dostlarım var. Atası deyir ki, ay oğul, gəl sənin bu dostlarını bir sınaqdan çıxaraq, görək onların hansı əsl dostdur. Daşıya biləcəyi qədər duzu oğlunun çiyninə qoyur. Deyir ki, götür bunu get o dost dediklərinin qapısına, dedi ki, cinayət etmişəm, çuvalın içindəki meyitdir, olarmı bunu bir gecə sizin həyətinizdə qoyum qalsın. Gör, hansı dostun səni qəbul edəcək. Oğlan həmin o dost dediklərinin qapısını bir-bir döyür. Heç birisi onu qəbul etmir. Amma onların arasında biri bunu qəbul edir. Sonra açıb görürlər ki, çuvalın içindəki duzdur. Oğlanda çörəyi həmin duza batırıb deyir ki, bundan sonra mən bir ömürlük səninlə dostam.

Dostluqlar bu və ya digər formada çətin anlardan keçməlidir ki, bərkisin, sınaqdan çıxsın. Toydan-toya, yas düşəndə gedirsən, hamı kimi iştirak edirsən. Və yaxud zəng edib futbol oynamağa dəvət edirsən. Bu, sadəcə xoş münasibətdir. İndiki dövrdə sözün açığı bunu əldə etməyin özü də çətindir. Ən üst səviyyədə hecalanmayan dostluqlar var. Mən onlara kənardan baxıb qibtə də etmişəm ki, kaş mənim belə bir dostum olardı. Ola bilər ki, mənim özüm elə olmamışam. Mən heç də yaxamı kənara çəkməyim.

“O insanlar mənə heç vaxt zərər vura bilmirlər”

-Sevmədiyiniz xüsusiyyətiniz hansıdır?

-Bir dənə deyil, çoxdur. Ən sevmədiyim xüsusiyyətlərimdən biri bəzən layiq olduğu halda insanların xətrinə dəyə bilməməyimdir. Halbuki, onlara mövqe bildirmək lazımdır. Amma mən boş verirəm. Bəzən məndə bu hal hədsiz dərəcdə olur. Fikirləşirəm ki, belə olmamalıyam. Bu, mənim özümlə bağlı ən xoşuma gəlməyən xüsusiyyətimdir ki, qarşımdakı insanı tərbiyə edə bilmirəm. Hansısa bir hərəkət görürsən, fikirləşirsən ki, yaxşısı budur ondan uzaq durum. Amma bəlli bir müddətdən sonra fikirləşirəm ki, insandır və bağışlayıram. Düzdür o tip insanlar mənə heç vaxt zərər vura bilmirlər. Çünki heç vaxt o dərəcədə yaxın olmurlar. Sadəcə olaraq ətrafımda o insaların olmamaları daha yaxşıdı. Bəzən kiməsə və yaxud nəyəsə görə ötüb keçirəm, fikir vermirəm.

-Aprel döyüşlərinin bir ili tamam oldu. Həmin döyüşlər zamanı torpaqlarımızın bir hissəsini düşməndən azad etdik. Aprel döyüşlərində hansı hissləri keçirdiniz. Çünki, sizin atanızın məzarı hələ də işğal altında olan Ağdam rayonundadır.

-Tam səmimiyyətimlə sizə deyirəm ki, nə aprelin birindən ikisinə, nə də ikisindən üçünə keçən gecə yatmışam. Həmin günlər işə baş ağrıları ilə getmişəm. Uzaqdayam, əlim çatmır. Bəzən həqiqətən də insanın ürəyi partlayır, o an istənilən hər şeyə hazır olursan. Sözlə deyilməyəcək hisslər yaşayırdım. Həmin vaxt mənə evdə söz deyə bilmirdilər. Gözüm xəbərlərdə qalmışdı. Beş dəqiqədən bir “refresh” düyməsinə basırdım. Bütün xəbər saytlarını izləyirdim ki, görüm nə xəbər var. Cəbhə bölgəsində yaşayan qohum-əqrabalarımla tez-tez əlaqə saxlayırdım.

“Atamın məzarını ziyarət etmək istəyirəm. Ən böyük arzum budur”

-Ağdam işğaldan azad ediləndə ilk addımınız nə olacaq? Bu hada heç düşünmüsünüzmü?

-İlk növbədə gedib atamın məzarını ziyarət edəcəyəm. Mən birinci bunu istəyirəm. Bu dəqiqə mənim bundan başqa arzum yoxdur. Faktiki olaraq mənim atam bütün nəsildə torpağına hamıdan sədaqətli və qeyrətli çıxan insandır. O qalıb orada, öz torpağından ayrılmayıb. Amma biz torpağımızdan ayrılıb yaşayırıq. Mən Ağdamı çox görməmişəm. Mingəçevirdə doğulmuşam. Qısa müddətdən sonra Bakıya köçmüşəm. Ağdamı çox epizodik xatırlayıram. Ora mənim yadımda yaxşı qalmayıb. Həmin vaxtlar çox balaca idim. Amma ora mənim ata yurdumdur. Mən bunu bilirəm. Bu gün məni ora çəkən başqa bir şey isə atamın qəbrinin Ağdamda olmasıdır. Atamın məzarını ziyarət etmək istəyirəm. Ən böyük arzum budur. Mənim nənəm, babam rəhmətə getdi. Onlar bir nisgillə öldülər. Çox pis hissdir. Mən istəmirəm ki, məndə də elə olsun. Əminəm ki olmayacaq. Cənab Prezident başqda olmaqla dövlətimizin bütün resursları buna sərf olunub ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın. Biz səbrlə həmin günü gözləyirik.

-Bundan sonrakı plan və hədəfləriniz nədir?

-Mənim planım da, hədəfim də var. Amma bunlar barədə danışmağı sevmirəm. İki səbəbim var. Birinci, buğdanı torpağın altında gizlətməsən, o heç vaxt cücərməz. Mən Allaha inanıram. Onun mənim haqqımda nə yazdığını bilmirəm. Ola bilər ki, mən yüz dənə plan, hədəf yazım. Təbii ki, mənim də özümlə, ailəm və övladlarımla bağlı arzu və istəklərim var. Qismət olsa çalışacağam ki, onlara nail olum. Mən övladlarımın timsalında bütün azərbaycanlı balalara, gənclərə deyirəm ki yaxşı elm, təhsil alın. Elmə və təhsilə qiymət verən insam. Hansısa bir azərbaycanlı tələbənin beynəlxalq olimpiadada qalib gəlməsi və yaxud yüksək nəticə göstərməsini eşidəndə ürəyim fərəhlənir. Özümü xoşbəxt hiss edirəm. Elə bilirəm ki, mən özüm uğur qazanmışam. Amma özünü beynəlxalq arenada təsdiq edən zaman Azərbaycanı da unutmamaq lazımdır.

Azərbaycan bizim vətənimizdir. Bəzən elə insanlar şikayət edirlər, fikirləşirsən ki aprel döyüşündə canlarını fəda edən gənc şəhidlərimiz nə etsin? İnsanlar bəzən çox eqoist olurlar. Bu halda insan normal düşünə bilmir. Bizdə nədənsə bəzi insanlar düşünür ki, Vətən mənim üçün nəsə etməlidir. “Mən Vətən üçün nə etməliyəm” anlayışı ikinci plana atılıb. Azərbaycan bizim Vətənimizdir. Biz Azərbaycanda dünyaya gəlmişik və azərbaycanlıyıq. Bu, təkzib olunmaz faktdır.

-Uzun müddətdir efirlərdən uzaq düşmüsünüz. Yenidən televiziyaya qayıtmaq istərdinizmi?

-Axırıncı dəfə 2001-ci ildə efirdə apardığım veriliş “Məktəblilərin Tusi klubu” olub. 1992-2003-ci illər efirdə olmuşam. Ömürümün 11 ilini Azərbaycan televizyasına həsr etmişəm.

Geriyə baxanda fikirləşirəm ki, əməlli-başlı iş stajım var. Azərbaycan Televiziyasını (AzTV) həmişə özümə ev bilmişəm. Ora mənim üçün çox doğmadır. İndi orada kollektiv yenilənib, çox adamı tanımıram. Amma oranın kollektivi mənim üçün həmişə doğma olub.

-Sizi sevənlərə, yenidən efirdə görməyi arzulayanlara nə demək istərdiniz?

-Mən daha çox yaşlı nəslin yaddaşında qalmışam. Bizim veriliş bir qayda olaraq xəbərlərdən öncə olurdu. Hamı xəbərlərə baxmamışdan öncə məcburən bizə də baxırdı. Hər kəsə möhkəm can sağlığı, bol səbr arzu edirəm. Vətənimizə bundan gözəl günlər arzu edirəm. Arzu edirəm Azərbaycan layiq olduğu yerlərə yüksəlsin. Bunda isə bir xalq kimi bizim birliyimiz və müştərək olmağımıza ehtiyac var. Bizi içəridən parçalmaq istəyən qüvvələr hədsiz çoxdur. Biz bir olub, birliyimizi onlara nümayiş etdirməliyik. Ona görə də bir-birimizə arxlanmalı, bir-birimizi sevməliyik. Düşünürəm ki, buna zamanla nail olacağıq. Bu barədə çox optimistəm. Çünki Azərbaycan xalqı çox talantlı, mərd və qədirbilən xalqdır. Mən harada olmağımdan aslı olmayaraq ürəyim Azərbaycanla, Vətənimlə döyünür.

Hafiz Əhmədov

Reklam
Şərh yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müsahibə

“Azərbaycanı görmək istəyərəm”-Markın həkim atası:“Valideynlər məndən soruşurlar ki…”(EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Bacarıqlı övlad yetişdirmək üçün nə etmək lazımdır?”

“Facebook” qurulan ilk vaxtlarda oğluma məsləhətlər verirdim”

Edvard J. Zukerberq – 30 ildən çoxdur ki, diş klinikasında ən müasir texnologiyaların inteqrasiyası və “Ağrısız” diş həkimliyi ilə bağlı texnologiyaların inkişafı sahəsində liderdir. Diş həkimliyi ilə bağlı konfranslarda çıxış edərək diş həkimliyində yeni texnologiyaların inkişafına çalışır.  Diş həkimliyi ilə bağlı sosial media təcrübələrini bölüşərək bu sahənin inkişafına töhfə verir. Rəqəmsal marketinqin imkanları və sosial mediadan necə istifadə edilməsi ilə bağlı diş həkimlərinə yerli və beynəlxalq mühazirələr keçir. Sosial media vasitəsi ilə xəstə və həkimlər arasında əlaqələrin necə qurulması, online marketinqlə bağlı təcrübələrini bölüşür.

-Nyu-York şəhərində anadan olub, təhsil alıb. 1978-ci ildə Nyu-York Diş Həkimliyi Kollecinin məzunu olub. 40 ilə yaxındır ki, lisenziyalı diş həkimidir. 4 övladı, 6 nəvəsi var.

 

“Facebook” sosial şəbəkəsinin rəhbəri, milyarder iş adamı Mark Zukerberqin atası, diş həkimliyi sahəsində ilklərə imza atmış həkim   Edvard J. Zukerberq eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb.  Dünyanın ən zəngin və şöhrətli Zukerberq ailəsinin başçısı Edvard Zukerberq müsahibə zamanı Azərbaycan, Bakı ilə bağlı da fikirlərini bölüşüb:

-Artıq uzun illərdir ki, “Ağrısız” Diş Həkimliyi sahəsi ilə məşğul olursunuz. İlk dəfə Diş klinikasında ən yeni texnologiyaların tətbiqinə məhz siz başlamısınız. Həmin vaxtları necə xatırlayırsınız? Dr. Edvard Zukerberqi daha yaxından tanımaq istərdik.

-Hər zaman texnologiyalara heyran olmuşam. Ən son texnologiyaların hər birindən istifadə etmişəm. Həmkarlarımdan öncə çox yaxşı təcrübə keçdim, çalışdım. Əslində mən bir iz açdım. Bütün ofisimi 1985-ci ildə ilk IBM PC XT ilə kompiterləşdirdim.  Bu 10 MB-lıq sadə bir maşın idi. 512K RAM və DOS əməliyyat sistemi. Həmin vaxt mənim həmkarlarımın bir çoxu tapşırıqları tamamlamaq üçün kitab kağızları və formlardan istifadə edirdilər.

                                   “Mən də  bir iz açdım”

-Tezliklə mən xəstələrin ağzında şəkillər çəkmək üçün intraoral kamerlardan istifadə etməyə başladım. Və xəstələrin ağzındakı vəziyyəti əks etdirən şəkilləri televizor ekranında onların özlərinə nümayiş etdirdim. İndi bu adi bir şeydir. Amma 1980-ci illərin sonunda Diş Həkimliyi Ofisində iz açan bir texnologiya idi.

-“Ağrısız” Stomatologiya nədir? Diş həkimliyi sahəsində daha hansı ilklərin müəllifisiniz?

-1990-cı illərin əvvələrində hava aşındırma texnologiyasından istifadə etdik. Bir çox “Dental fobya”sı olan xəstələrin istifadəsinə təqdim etdik. Kiçik boşluqları alətlərdən istifadə etmədən müalicə etmək üçün çox yaxşı üsuldur. Xüsusi ilə balaca uşaqların müalicəsi üçün əla metod idi.

1990-cı illərin sonlarında ilk dəfə olaraq məhz mənim ofisimdə Digital X- şüalarından istifadə etdik. Bu mənim ofisimdə baş tutmuş ilklərdən biri idi.

                           “Kağızdan imtina etdim”

-2005-ci ildə kürəkənimlə birlikdə daha bir sistemi inkişaf etdirdim. Bütün cədvəllərimizi, yazılarımızı rəqəmsallaşdırdıq və praktik olaraq bütün  kağızları ofisimizdən çıxardıq.

2008-ci ildə ilk dəfə olaraq CAD/CAM təklif etdik.  Həmin gün tac (plomb), dişüstü örtük, “inlay/onlay” bərpalar üçün texnologiyalar üzərindəki işlərimizi tamamladıq.

– Siz nə vaxtdan bəri sosial mediaya maraq saldınız?

-Oğlum Mark 1996-cı ildə, 12 yaşında mənim ofisimdə kompiterləri çalışdıran bir proqram yazdı. Bu proqram vasitəsi ilə ofisimizdəki işçi heyətimiz bir-biri ilə əlaqə saxlayıb, danışa bilirdilər.

“Zucknet” adlanan bu proqram həqiqətən dünyanın ilk Sosial Mediası idi”

-Sosial medianın insanların həyatındakı rolu ilə bağlı nə düşünürsünüz? “Painless Dr. Z.” haqqında bilmək istərdik. Həmin vaxtları necə xatırlayırsınız?

-Xəstələrimə rahat və yaxşı müalicə təqdim etmək bacarığıma görə mənim adımın önünə “Painless” (Ağrısız) sözünü əlavə etdilər. Yəni ki, “Painless Doktor Zukerberq” (DRZ).

(Edvard Zukerberq, həyat yoldaşı Karen, qızı Randi və kürəkəni)

Psixoloq olan həyat yoldaşım Karen dişlə bağlı fobyası olan xəstələrimi ağrısız müalicə etmək üsullarını inkişaf etdirməklə bağlı mənə çox kömək etdi. Beləliklə biz diş həkiminə getməklə bağlı böyük qorxu və narahatlıqları olan bir çox xəstələri ofisimizə cəlb etdik və ağrı-acısız onları müalicə edirik.

“Sosial media ilə bağlı məsuliyyəti öz üzərimə götürdüm”

-Sizin bütün fəaliyyətiniz ən son texnologiyalar ilə bağlıdır. Hazırda diş həkimliyində  ən yaxşı texnologiyalar hansılardır? “Painless Social Media” ilə bağlı fikirlərinizi bilmək istərdik.

-Bu mənim ikinci və hazırkı kariyeramdır. Diş həkimliyi üzrə məsləhətçi, Diş Həkimliyi  üzrə Təşkilatlar və Diş Həkimliyi Texnologiyaları üzrə startup biznesləri. Qeyd edim ki, Sosial media vasitələrindən istifadə üsulları diş həkimləri üçün çox çətin idi. Beləliklə mən bu məsuliyyəti qəbul etdim və “Painless Social Media” işini həyata keçirməyə başladım.

“Hazırda yarım gün ərzində diş həkimliyi ilə məşğul oluram”

 -“Facebook” səhifələrini özünüz idarə edirsiniz?

 -Artıq mən köhnə Dişçilik ofisimin “Facebook” səhifəsini idarə etmirəm. Amma xoşbəxtlikdən Einstein Medical bunu mənim üçün edir. Çünki mən hazırda çox az vaxt ərzində diş həkimliyi ilə məşğul oluram.

www.facebook.com/painlessdrz səhifəsi xəstələrim üçün dəyərli bir mənbədir.

Bununla yanaşı mənim gündəlik konsultasiyalar səhifəm də mövcuddur. Bu da diş həkimlərinə öz sosial media fəaliyyətlərini idarə etmək üçün kömək edir. www.facebook.com/painlesssocialmedia

   “Nəvələrimlə vaxt keçirməyi sevirəm”

 -Ailəniz haqqında bilmək istərdik. Gündəlik nə ilə məşğul olursunuz?

-Hazırda diş həkimlərinə və yeni başlayanlara  konsultasiyalar keçirəm. Startup-larla bağlı mühazirələr keçirəm. Müqavilələr üzərində çalışıram.

Həmçinin fotoqrafiya, yerimək, səyahət etməkdən zövq alıram.

“Həyat yoldaşım, 6 nəvəm və işdə məğul olmayan 4 övladımla çoxlu vaxt keçirməkdən zövq alıram”.

 

“Övladlarımıza dəstək olduq”

-Edvard Zukerberq valideynlərə hansı məsləhətləri verə bilər?

-Bir çok insan məndən soruşur ki, bacarıqlı övlad yetişdirmək üçün nə etmək lazımdır. Söyləyə biləcəyim tək söz budur ki, həyatda hər şeydən çox iş yerində daha çox zaman keçirməlisiniz. Hansı ki, həmin işdən zövq alırsınız.

Biz övladlarımıza həyatda öz sevdikləri yerləri tutmaları üçün icazə verməyə çalışdıq. Və maraqlarına uyğun kariyeralarını qurmaları üçün onlara dəstək olduq və təşviq etdik.

-“Facebook” necə quruldu? “Facebook”un qurulmasında sizin rolunuz nə olub?

-“Facebook”un inkişafında mənim birbaşa rolum olmasa da, ilk vaxtlar oğluma məsləhətlər verən şəxs kimi xidmət etmişəm. Amma onun ən yaxşı etdiyi şeylərdən biri isə özünün ətrafına böyük məsləhət verən şəxsləri toplamasıdır. Onların məndən çox texnologiya ilə bağlı təcrübələri var.

-Mark Zukerberqin uğurunun sirləri nədir?

-O, uğurlu bir biznes modeli qurmaq üçün mentor-ların gücündən istifadə etdi. Özünün daxilinamı və şəxsi bacarıqlarından istifadə edərək möhtəşəm bir biznes modeli təqdim etdi.

-Ailənizdə sizin yolunuzu davam etdirən varmı? Nəvələrinizin gələcəkdə diş həkimi olmasını istəyirsinizmi?

-Övladlarımın heç biri diş həkimi olmasa da, nəvələrimdən birinin  bu peşə ilə məşğul olmasını məmnuniyyətlə qarşılayaram. Əsas odur ki, onlar öz sevdikləri iş ilə məşğul olsunlar.

(Edvard Zukerberq həyat yoldaşı, oğlu və gəlini ilə birlikdə)

-Sonda Azərbaycan, Bakı haqqında düşüncələrinizi bilmək istərdik. Bakıya səfər etmək istərdinizmi?

 -Mən heç vaxt Azərbaycanda olmamışam. Amma gələcəkdə bir dəfə ora baş  çəkməyi çox istərdim.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Sadə bir  insan kimi böyüdüm”-Brüs Linin qızından Azərbaycan mətbuatına ETİRAFLAR (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Mənə həmişə deyirlər ki, xarakter və görünüşümə görə atama çox oxşayıram”

“Mən Brüs Linin qızı kimi böyümədim, sadə bir  insan kimi böyüdüm”. 

Dünyaca məşhur əfsanəvi döyüşçü, kinoaktyor, ssenarist və rejissor Brüs Linin həyatda olan yeganə övladı  Şennon Li HafizTimes.com-a eksklüziv müsahibə verib.

Şennon Li –  aktrisa və prodüser.  Döyüş sənəti və biznes sahəsi ilə məşğul olur. Ailəlidir. Vren Kisler adlı bir qız övladı var.

-1969-cu ilin 19 aprel tarixində Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub. Brüs və Linda Linin ailəsində ikinci övlad olaraq dünyaya göz açıb. 1987-ci ildə Chadwick liseyinin məzunu olub.  Daha sonra Nyu-Orleans Tulane Universitetində təhsilini davam etdirib. Hazırda “Brüs Li”nin adını daşıyan Fonda rəhbərlik edir.  Bir neçə filmdə rol alıb. O, həmçinin ilk dəfə olaraq atasının həyatından bəhs edən sənədli filmdə də çıxış edib.

-Atanızı necə xatırlayırsınız?  

-Mən atamı çox az görmüşəm. O, həyatda olanda mən çox balaca idim. Atamla birlikdə keçirdiyim uşaqlıq illərinin çox az bir qismini xatırlayıram.

   “Mən Brüs Linin qızı kimi böyümədim”

-Brüs Linin qızı olaraq böyüməyin hansı çətinlikləri oldu?

– Hər zaman məndən soruşurlar ki, “Brüs Linin qızı olaraq böyümək çətin olmadı ki? Mən də cavab verirəm ki, xeyr: “Brüs Linin qızı olaraq böyümək çətin olmadı.  Çünki mən Brüs Linin qızı kimi böyümədim, sadə bir  insan kimi böyüdüm”.

-Atanızla aranızda  hansı oxşarlıqlar var?

-Mən bunu özüm yaxşı bilmirəm. Amma ailəm hər zaman deyir ki, mən xarakter və görünüşə görə atama çox oxşayıram. İnsanlar fərqli-fərqli fikirlər söyləyirlər.

“Atam çoxlu kitab oxuyurdu”

-Atanızla bağlı yaddaşınızda qalmış hansısa xatirəniz varmı?

-Atamla bağlı mənim  çox az xatirələrim var. Az da olsa xatırlayıram ki, evdə həmişə bilikdə olardıq. Atamla qardaşım Brandon müxtəlif oyunlar oynayırdı.

-Brüs Linin hansısa bir uğur sirri olubmu?

-Brüs Linin  elə də gizli uğur sirri olmayıb. O, həmişə hər şeyi açıq şəkildə edib. Beləliklə insanlar onun necə biri olduğunu gördülər və başa düşdülər.

-Sizcə Brüs Linin ən böyük tarixi xidməti nə olub?

-Brüs Li Şərqin yeni bir döyüş sənəti növünü dünyaya təqdim etdi.  O, filmlərdəki döyüş sənəti ilə bağlı dünyanı dəyişdi.

“Atam deyirdi: “Su olun Dostlar”

-Atanızdan örnək götürdüyünüz hansı məqamlar var?

-Atam Brüs Lidən bir örnək götürdüm: “Hər zaman irəli gətməlisən”

-Atanız Brüs Linin daha çox hansı fəlsəfi fikirlərini dəstəkləyirsiniz?

-Atamın demək olar ki, bütün fikirlərini sevirəm və  dəstəkləyirəm. Atamın “Su ol,  mənim dostum” məşhur fikrini hər kəs kimi mən də dəstəkləyirəm.

 “Qardaşım üçün çox darıxıram”

-Qardaşınız mərhum Brandon Lini necə xatırlayırsınız? Onun vəfatından sonra illər necə keçdi?

-Mənim Brandonum möhtəşəm bir insan idi. Onu hər zaman sevəcəm. Onun üçün çox darıxıram…

-Qardaşınız Brandon Linin ölümü ilə bağlı zaman-zaman müxtəlif şübhəli fikirlər səsləndirilir. İddia edilir ki, o, film çəkiliş meydançasında qətlə yetirilib, ona atəş açılan silaha kimsə əvvəlcədən barut qoyub. Sizcə Brandonun qatili kimdir?

– Sadəcə olaraq deyə bilərəm ki, qardaşım Brandon film çəkiliş meydanında baş verən qəza nəticəsində vəfat etdi. Bu ailəmiz üçün ən böyük faciə idi.

“Qardaşım qəza nəticəsində vəfat etdi”

-Hazırda hansı işlə məşğul olursunuz? Film çəklişlərinə davam edirsiniz?

-Bildiyiniz kimi, bir müddət film sahəsində çalışdım. Hazırda  atamla bağlı  bir film çəkməyə çalışıram.

-Hədəfim Brüs Linin irsini qorumaq və onu dünyaya təqdim etməkdir.  Mənim ilk filmim “Dragon: Brüs Linin həyat hekayəsi” idi. Hazırda isə biz “Warrior” filmini çəkirik.

“Brüs Linin nəvəsi Vren”

 “Atamın həyatı ilə bağlı teleserial çəkirəm

 -Şəxsi həyatınızla bağlı bilmək istərdik.

-Bu barədə çox danışmaq istəmirəm. Mən də anayam. Vren adlı bir qız övladım var. Ona çox bağlıyam.

“Bu həyatda etmək istədikləriniz hər şeyin siyahısını tutun”

– Gənclərə uğur qazanmaqla bağlı hansı məsləhəti verərsiniz?

-Xəyallarınızın ardınca gedin. Arzularınızı fəaliyyətinizlə dəstəkləyin. Əgər bir şeyi ürəkdən istəyirsənsə bu istiqamətdə həm qəlbdən, həm də fiziki olaraq fəaliyyət  göstər. Hər şeyə qəlbinizlə qərar verin. Düşünləriniz, davranış və görüntünüz bir-birinə zidd ola bilməz.

“Azərbaycandakı Brüs Li sevərlərə sevgimi göndərirəm”

-Sonda Azərbaycanda Brüs Li sevənlərə nə demək istərdiniz?

-Brüs Liyə verdiyiniz dəyər və hörmətə görə hər kəsə öz təşəkkürlərimi, sevgimi göndərirəm. O, həyatda olsaydı bu sevgiyə görə çox xoşbəxt olardı…

Sonda isə qeyd edim ki, bir neçə sualınızı cavablandıra bilmədiyim üçün üzr  istəyirəm. Bəzi sualların cavabını mən özüm də bilmirəm. Anlayışınız üçün təşəkkür edirəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Bakını görmək istəyirəm”-Kraliyyəti əbədiləşdirən şəxs:“Şahzadə Harrini uşaqlar çox sevir”(ÖZƏL)

Yayımlandı

da

Tərəfindən

“Kraliçənin aurası, üz ifadəsi məni həyəcanlandırır”.

“Şahzadə Harrini görən zaman uşaqların gözlərinin içi aydınlanır”.

“Bir gün mütləq ora səfər etmək istəyirəm”.

Kris Cakson (Kristofer) – Məşhur ingilis fotojurnalist. 15 ildir ki, Britaniya Kraliyyət ailəsinin şəxsi fotoqrafı kimi çalışır. Kraliyyət ailəsi ilə birlikdə dünyanın əksər ölkələrində səfərdə olub və çəkdiyi şəkillərlə möhtəşəm bir tarixi arxivin əsasını qoyub. Kris Cakson ingilis Kraliyyət ailəsinin 15 il ərzində çəkdiyi fotolarını “Modern Monarchy” adlı kitabında toplayıb. 225 səhifəlik “Modern Monarchy” kitabında Kraliyyət ailəsinin üzvləri Şahzadə Uliams, həyat yoldaşı Ketrin Middlton, Şahzadə Harri, Meqan Marklın və  Kraliça 2-ci Yelizavetanın şəkilləri çap edilib. Həmçinin kitabda İngilis Kraliyyət ailəsinin özəl şəkilləri ilə yanaşı, xatirələr də qeyd edilib.

İngilis Kraliyyət ailəsinin şöhrətini  dünyaya yayan  “Getty İmages”in  Kral fotoqrafı Kris Cakson HafizTimes.com -a eksklüziv müsahibə verib.  K. Cakson müsahibə zamanı Kraliyyət ailəsi ilə bağlı  bir çox mühüm məqamlara aydınlıq gətirib:

-Psixologiya ixtisası üzrə məzun olmuşam. Amma ürəyimdə hər zaman başqa bir sahəyə meyil vardı. Fotoqrafiya, şəkil çəkmək istiqamətində bacarığım olduğunu hiss edirdim və bunu inkişaf etdirmək üçün yollar axtarırdım.Əlbəttə ki, arzularımın arxasınca getdim və  hazırda 15 ildir ki, “Getty İmages”də Kral fotoqrafı kimi çalışıram.

-Kraliyyət ailəsinin fotoqrafı olaraq çalışdığınız bu 15 ili necə xarakterizə edərsiniz? Kraliyyət ailəsində nələr baş verdi?

-“Getty Images”də Kraliyyət fotoqraflığı üzrə kariyerama başladığım andan bəri Uels Şahzadəsi Uliams və ailəsi ilə dünyanı səyahət etməyə başladım. Zamanımın çoxunu həmin səfərlərə xərclədim. Şahzadə Corc, Şarlotta və  Luyis dünyaya gəldi. Daha sonra Şahzadə Harri və Meqan Marklın nişan və toy mərasimləri oldu. Kraliça Birləşmiş Krallıq taxtında ən uzun müddətdə hakimiyyətdə olan kraliçə seçildi.  Möhtəşəm bir brilyant yubiley qeyd etdik. Həqiqətən də  bu illər ərzində çox çalışdıq.

Son zamanlar Kraliyyət ailəsinin üzvləri artdı. Mən isə hər zaman ayaq barmaqlarımın üzərində dayanıb, çalışmağa hazır oldum. Mən də onlar kimi bir Kraliyyət səfərindən digərinə tələsirdim.

Zaman keçdikcə Kraliyyət ailəsinin gənc üzvlərinin üzərində daha çox məsuliyyət düşməyə başladı. Bu əlbəttə ki, zamanın tələbi idi. Həm də bir adətdir. Sosial media və texnologiyalar sahəsində sürətli inkişaf oldu. Kraliyyət də gənclərlə əlaqə saxlamaq üçün sosial media əlaqələrini inkişaf etdirməyə başladı. Çox sayda mesajlar qəbul edildi. Sosial media önəmli mesajları yaymağın daha yaxşı bir yoludur. Hazırda Kraliyyət sarayının sosial media səhifəsinin 6 milyondan çox izləyicisi var. Daha çox xeyriyyə işləri ilə bağlı mesajlar yayımlanır.

-Kraliyyət ailəsinin şəkillərini çəkdiyiniz zaman sizə hansısa bir göstəriş verirlərmi?

-Mənim işim Kraliyyət ailəsinin fəaliyyətini sənədləşdirmək və bir “reportaj” təəssüratı yaratmaqdır. Bir fəaliyyəti və yaxud xüsusi bir anı görən kimi şəklini çəkirəm. Kraliyyət ailəsinin üzvləri müəyyən bir işlə məşğul olan zaman, xəstəxana, məktəb açılışı və yaxud da insanlarla qarşılıqlı ünsiyyətdə olduqları zaman çəkiliş edirəm.

“Hansısa bir görüntü ilə bağlı göstəriş və yaxud istiqamət verilmir. Açıq desəm ki, hər situasiya fərqlidir”.

Kraliyyət ailəsinin şəklini çəkmək üçün daha çox hansı məqamları uğurlu hesab edirsiniz?

-Tarixi anlar zamanı şəkil çəkmək məni daha çox həyəcanlandırır. Eyni zamanda zövq alıram. Çəkdiyim şəkillər daha çox səfərlər və turlar zamanı olan xüsusi anları əks etdirir. Şahzadə Harri ilə Lesothoda xeyriyyə işləri görmək möhtəşəmdir. Son 10 ildir ki, Lesothoya  gedirəm. Oradakı uşaqların şəkillərini çəkməkdən zövq alıram.

“Şahzadə Harrini görən zaman uşaqların gözlərinin içi aydınlanır”.

-Şahzadə Harri ilə kimsəsiz uşaqlar evinə xüsusi ziyarət etdik. Uşaqlar onun üzünü görən zaman çox sevinirdilər. Şahzadə Harri onlarla birlikdə çox səmimi, rahat, xoş zaman keçirdi.

“Kraliçənin şəklini çəkən zaman həyəcanlanıram”.

-Başqa bir ən sevdiyim məqam isə işıq düzgün formada düşəndə və ifadə  mükəmməl olanda Kraliçənin şəklini çəkməkdir. O, bir ikondur. Onun aurası və şəkil çəkilən zamankı üz ifadəsi məni həyəcanlandırır.

“Balaca Şahzadə Corcun şəklini çəkməkdən zövq alıram”

-Şahzadə Corc Kanadadakı bir bağça şənliyində şarları  partladan zaman  atasına həyəcanla baxırdı. Bu zaman  onların şəkilini çəkməkdən zövq aldım.

-Kraliyyət uşaqları Şahzadə Corc və Şarlottanın şəkillərini çəkmək çətin olmur ki?

-Balaca uşaqların şəkilini çəkən zaman böyük zövq alıram. Bu həm də mənim işimdir. Onların üzlərində gülümsəmə olan zaman mənim də üzüm gülür. Bu zaman şəkillər daha təbii olur. Uşaqlar Kraliyyət səfərlərinə dinamiklik və gözəllik qatır.

“Ailə üzvlərinin hamısının şəklini eyni vaxtda çəkmək bir az zaman alır”.

-Amma mənim ən sevdiyim rəsimlər daha çox uşaqlarla bağlıdır.  Şahzadə Corcun Kanadadakı bağça şənliyindəki şən hərəkətləri, Şahzadə Şarlottanın Almaniyada ilk gül buketini aldığı zaman keçirdiyi həyəcan möhtəşəm idi. Bu rəsimləri çox sevirəm.

-Ən çox qürur duyduğun şəkillər  hansıdır?

-Çəkdiyim şəkillərlə hansısa bir problemə az da olsa diqqət çəkmək istəyirəm. Bunu hiss etmək möhtəşəmdir. Siz Kraliyyətin həyata keçirdiyi bir çox xeyriyyə işlərindən məlumatlanırsınız, gözəl bir şəkil məşhur qəzetin, jurnalın ön səyfəsini bəzəyir. Pis fotoqraflığın isə bir o qədər də təsir imkanı yoxdur.

“Uşaqların əlində kameraları gördüyüm zaman qürur duydum”.

-Afrikada Sentebelledə Şahzadə Harri ilə gördüyüm işlərlə qürur duyuram.  Çalışdığım “Getty İmage” şirkətinin dəstəyi ilə Lesothoya səfər etməyim məni xoşbəxt edir. Bir neçə il öncə mən kameramı da özümlə götürüb uşaqların yanına getdim və onlara fotoqrafiya ilə bağlı dərs keçdim. Uşaqları yaradıcılığa təşviq etmək məni ruhlandırdı. Bu il yenidən Lesothaya getdim. Orada uşaqların əlində kameraları gördüyüm zaman qürur duydum.

-İş rejiminizdən razısınız?

-Kraliyyətin bu illəri çox məşğul keçir. Buna görə də işdən uzaqlamaq, istirahət etmək çox çətindir. Bu il Kraliyyət ailəsində toy oldu və s.  Çox ağır iş günü sonrası çalışıram ki, yaxınlıqda olan parkda qaçım və müxtəlif idman növləri ilə məşğul olum.

-Kral ailəsi ilə birlikdə səyahət edirsiniz? Yoxsa media üçün ayrı nəzərdə tutulmuş təyyarədə səyahət edirsiniz?

-Ficidən Avstraliyaya səyahət edən zaman Kraliyyət ailəsi ilə eyni təyyarədə oldum. Bəzən yerli təyyarədə, bəzən də Kral ailəsinin  təyyarəsində səyahət edirəm. Səyahətlər əsasən Kraliyyət ailəsi və hökumət üzvləri tərəfindən təşkil olunur. Hər şey mütəmadi olaraq dəyişir. Mən isə  hər zaman səyahətlərdə oluram.

-Kraliyyət ailəsinin sizə qarşı münasibəti necədir?

-Mehriban, mərhəmətli və səmimi…

-Kral ailəsi ilə birlikdə səyahətləriniz  zamanı ən yaddaqalan məqam nə olub?

-Togaya (Afrika) çatan zaman minlərlə məktəbli uşaq kilometlərlə uzanan yolun kənarı ilə düzülüb bizi salamlayırdılar. İnanılmaz, möhtəşəm bir mənzərə idi.

-Fəaliyyətiniz barədə məlumat verin. Yağışlı havalarda Kraliyyətin şəkillərini çəkmək çətin olmur ki?  

-Çox vaxt yağışlı havada çəkiliş etmirəm.  Bəzən isə çətirdən istifadə edirəm.

-Nəmli havada kameranı necə qoruya bilirsən?

-Səyahət etdiyimiz bəzi ölkələrdə hava həddindən çox nəmli olur. Bu zaman kameranı öz qabına qoyuram və bağlı saxlayıram.  Bir müddət sonra onu yenidən açıb istifadə edirəm. Canon-Avstraliya öz  fövqəladə şüşələri ilə işimi uğurla başa vurmağıma kömək edir.

-Fotojurnalist olmayaq istəyən gənclərə hansı məsləhəti verə bilərsiniz?

-İşləri ilə bağlı mümkün qədər çoxlu təcrübə keçsinlər. Sənayə dəyişir. Beləliklə nəyi istədiklərini dəqiqləşdirsinlər. Bu çox mühüm məqamdır. Fotoqraflarla çoxlu vaxt keçirsinlər, onlardan öyrənməyə çalışsınlar. Bu zaman redaktə, xəbər hazırlamaq da daha asan olacaq.

-Səyahətlər  zamanı ümumilikdə neçə saat çalışırsınız?

-Bu yay aylarında Uels Şahzadəsi ilə birlikdə Qana da daxil olmaqla 30-dan çox ölkəyə səyahət etmişəm.

-Siz Kraliyyət səfərlərində olduğunuz zaman ən çox nə etməyi sevirsiniz?

-Bu bir faktdır ki,  hər bir insan dünyanı gəzməklə maraqlanır.

– Səyahət zamanı neçə teleobyektiv (linza) götürsünüz?

-Bu çox yaxşı sualdır. Mən özümlə yedək çanta götürürəm.  ( 2×24-70 2.8/500 mm/  2×70-200 2.8/    100mm-400mm /85mm 1.2/ )

-Şəkilləri redaktə etmək üçün hansı proqramdan  istifadə edirsiniz?

-Fotoşop və “Getty İmages” sistemlərindən istifadə edirəm.

-Çəkdiyiniz şəkilləri tez bir zamanda sosial şəbəkələrdə paylaşmaq çətin deyil ki?

-Mən fotoqrafiyanın “Hüseyn Boltu” olmağı sevirəm. Xüsusi olaraq qeyd edim ki, “Getty İmages”də fantastik sürətli komandamız var. Mənim çəkdiyim şəkillər kameradan birbaşa olaraq “Getty İmages” komandasına ötürülür. Və biz tez bir zamanda həmin şəkilləri düzgün redaktə edirik və bir neçə dəqiqə ərzində  dünyaya yayırıq.

-Səyahətlər zamanı sizi ən çox narahat edən , həyəcanlandıran məqam nədir?

-Yuxusuz qalmaq. Tam ciddi deyirəm bu zaman çox narahat oluram.

-Ən sevdiyiniz Kraliyyət səfərləri hara olub?

-Hindistan, Pakistan, Braziliya, Yaponiya, İndoneziya, Tanzaniya, Cənubi Afrika, Peru, İslandiya, Avstraliya, Kanada, Yeni Zellandiya… Hər bir səyahətimi sevirəm.

-Bakı, Azərbaycana nə vaxt səyahət etməyi düşünürsünüz?

Bir gün mütləq ora səfər etmək istəyirəm. Bakı haqqında gözəl sözlər eşitmişəm. Oraları görmək istəyərəm.

Hafiz Əhmədov

Oxuyun

Trend yazılar