Bizimlə əlaqə

Müsahibə

“Hamının səhvi olur”- “Şuşanın məğlub generalı”nın 27 illik ETİRAFLARI (EKSKLÜZİV)

Yayımlandı

da

“Şuşa, Şəhidlərimiz gecələr yuxularımda canlanır”

“Dedim ki, ikinci Şuşa mənim taleyimə yazılmayacaq!”

“Əgər mən xəyanət etmişdimsə niyə məni o vaxt həbs etmədin?! Gücün çatmadı?!”

Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür. 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadratkilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Şuşanın işğalı nəticəsində 480 günahsız soydaşımız qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

General-mayor Elbrus Orucov  HafizTimes.com-un  suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox önəmli məsələlərdən söhbət açıb, Şuşanın işğalı ilə bağlı  27 ildir ki,  gizli qalmış məqamlara aydınlıq gətirib. Qeyd edək ki, E. Orucov  Şuşa-Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri tərəfindən işğalı ilə bağlı ilk dəfədir ki,müsahibə verir.

 

-Bu gün harada, necə bir həyat yaşayırsınız?

-Nəvələrimi çox istəyirəm. Onlarla birlikdə vaxt keçirməyi sevirəm. Ordumuza çox bağlıyam. Təlimləri izləyirəm. Öz təkliflərimi qeyd edirəm. Zabit, generallarla görüşürəm, fikirlərimi onlarla bölüşürəm. Akademiyaya gedirəm, kimsə sual verirsə cavablandırıram.

-Müdafiə Naziri Zakir Həsənovla da görüşürsünüz?

-Tərxis olunduqdan sonra ümumumiyyətlə görüşməmişəm. Amma münasibətimiz həmişə yüksək səviyyədə olub.  Və hələ də münasibətimiz elə qalıb.

-Necə dolanırsınız? Nəvələrinizə necə baxırsınız?

-Allaha şükür olsun bu gün hər kəsin dolanmağa imkanı var. Bir general kimi mənim də pensiyam yüksək səviyyədədir. Öz balalarımı, nəvələrimi dolandırmağa imkanım var.

-“Qarabağ – dağlar bizi haraylayır” adlı bir kitab yazmışam.

-Həmin kitab bütün dünyaya yayılıb. Amerika, Belarusiya, Rusiya, Ukraynadan gözəl mesajlar alıram.  Kitabımı oxuyanlar mənə yazırlar ki, siz bizim gözümüzü açdınız, biz Qarabağla bağlı bu qədər məlumatlı deyildik.

-Maraqlıdır, Elbrus Orucovun özü necə bir ailədə böyüyüb?

-Biz aildə 4 qardaşıq. Atamız bütün həyatı boyu sürücülük edib. Anamız isə  çox gənc – 36 yaşında rəhmətə gedib. Biz yetimliklə böyümüşük. Qoyun otararaq təhsil almışıq. İndi də orta səviyyədə yaşayırıq. Nə villamız, nə də maşınlarımız var.

-Yenə də General rütbəsi daşıyırsınız?

-Ulu Öndərimiz Heydər Əliyev mənə general rütbəsi verib. Hörmətli prezidentimiz İlham Əliyev isə qardaşıma general rütbəsi verib. Digər qardaşım isə şirkətdə Baş Təhlükəsizlik İdarəsinin rəisidir. Orucovlar Azərbaycana elə-belə gəlməyiblər! Orucovlar Azərbaycana xidmətə gəlmişdilər!  Bizə Xalq qiymət verib! Biz demirik ki, Milli Qəhrəmanıq! Biz Xalqın qəhrəmanıyıq.

-1992-93-cü illərdə müdafiə naziri olmuş Rəhim Qazıyevin barənizdə mətbuata verdiyi müsahibələrə niyə illərdir ki, cavab vermirsiniz? Sizi nəyə görə “Şuşaya xəyanət”lə ittiham edirlər?

-Ruslarda belə bir deyim var: “Əgər sən də ona cavab versən, onun səviyyəsinə düşərsən”. Hamı da bilir ki, o, ağzına gələn hər sözü danışır. Mən heç vaxt onun səviyyəsinə düşmərəm. Mənim ad-sanım var. Axı mən elə insan deyiləm. Mən öz sözümü cəbhədə demişəm. Bütün cəbhə bölgələrində Tərtər, Goranboy, Ağdam, Füzulidə şəxsən mənim adım çəkilir. Əgər siz Şuşa, Laçından olan bir nəfərdən soruşsanız  görəsiniz ki, Elbrus Orucova haqqında necə danışırlar!

Gedin mənim haqqımda bir vaxtlar danışmış Arif Paşayevdən soruşun! Hamının yanında məndən üzr istəyib dedi ki, Elbrus müəllim hamının səhvi olur, siz böyük adınıza görə hamını bağışlaya bilərsiniz. Məndən də xahiş etdi. Mən də bağışladım. Mənim haqqımda Arif Paşayevdən, Aqil Əliyev, Fəxrəddin Səfərovdən  soşurun. Mən hara, Rəhim Qazıyev hara!

“Azərbaycanda ilk dəfə general rütbəsini alan mən olmuşam”.

-21 aprel 1994-cü ildə Azərbaycanda ilk dəfə general rütbəsini alan mən olmuşam. Mən cəbhədə komandan olmuşam. Tərtər, Goranboy istiqamətlərində Müdafiə Nazirinin Döyüş Əməliyyatları üzrə müavini olmuşam.

Rəhim Qazıyev heç vaxt mənimlə üz-üzə gələ bilməz. Mən heç vaxt bu barədə müsahibə verməmişdim!

-Azərbaycan Ordusunun hazırkı vəziyyəti ilə bağlı fikirləriniz necədir?

-Hörmətli Ali Baş Komandanımız İlham Əliyev ordumuzun hazırkı vəziyyətini qiymətləndirir. Ali Baş Komandanımızın da dediyi kimi ən yüksək səviyyədə, peşəkar bir ordumuz var!

-Necə oldu ki, siz Azərbaycan ordusunda xidmətə başladınız?

-Mən 1992-ci il 8 yanvar tarixindən Silahlı Qüvvələrimizin könüllü olaraq sırasına qoşulmuşam. Bu gün də fəxr edirəm ki, mən birinci general olmuşam, 38 yaşımda Müdafiə Nazirinin müavini olmuşam.

“Ailədə 4 qardaşıq: iki general, iki polkovnik”. 

-Rəhim Qazıyev kimdir ki, bizə qiymət versin. Bizə Xalqımız qiymət verib.  Hansı azərbaycanlı ailədə dörd doğma qardaş, ikisi general, ikisi də polkovnikdir?! Bizim medal, ordenlərimizi tərəzidə çəksəniz görərsiniz ki, 10-15 kilo çəkisi var.

-Sizi Şuşanın işğalında günahlandırırlar, “Şuşanın məğlub generalı”, “Şuşaya xəyanət etmiş” kimi təqdim edirlər. Siz niyə bu barədə heç vaxt açıqlama vermirsiniz.  Şuşaya xəyanət etmisiniz?

-Şuşada cəmi 7 gün olmuşam. Mayın 1-də getmişəm. Ayın 7-də mübarizə başlayıb. Ayın 9-da da orada olmuşam. Ayın 10-da səhər saatlarında mən Şuşadan çıxmışam. Təkcə Şuşadan söhbət getmir. Ağır günlərdə mən Laçın, Qubadlı, Zəngilan camaatının yanında olmuşam.

-Siz həmin vaxt Şuşadan harasa getmişdiniz və yaxud qaçmışdınız?

-Mən Azərbaycandan qaçıb haradasa gizlənmədim. Mən Xalqıma bağlıyam. Ona görə də orada qalıb sıravi əsgər kimi xidmət etdim. Rəhim Qazıyev bir il müdafiə naziri oldu. Niyə o, Elbrus Orucovu həbs etmədi?! Əgər mən xəyanət etmişdimsə mənə niyə polkovnik rütbəsi verdi?! Nəyə görə Elbrus Orucova Lənkəran, Astara, Neftçalada böyük ordu yaratmaq işi həvalə olundu?! Mən böyük bir ordu yaratdım!

“Əgər mən xəyanət etmişdimsə sən niyə məni o vaxt həbs etmədin?! Gücün çatmadı?!”

 – Mən polkovnik, sən isə Müdafiə naziri idin! 4 qardaşım da mənimlə birlikdə Vətənə xidmət edib. Böyük qardaşım Elxan Orucov Ağdamda 708-in briqada komandiri idi. Elman Orucov da tabor komandiri idi, döyüşürdü. Sən niyə axı o “xəyanətkar” qardaşları həbs etmədin?! Hələ bundan sonra qardaşım Elxan Orucov da Rəhim Qazıyevin nazirlik vaxtında 1-ci korpusun komandirinin müavini oldu.  Elbrus Orucov isə Əməliyyat, Döyüş Planlaşdırma Şöbəsinin rəisi oldu. Daha sonra Əməliyyat Baş İdarəsinin rəis müavini oldum. Bütün bunlar sənin zamanında baş verib Ay Rəhim Qazıyev! Mən heç vaxt onun səviyyəsinə düşmərəm. O, müəllim işləyən zaman Müdafiə Nazirliyinə gəlmişdi…

Müharibə zamanı sən ordu qurmalı idin. Sən siyasətlə məşğul olmalı deyildin. Elbrus Orucov isə Şuşa, Laçının işğalından sonra da bir yerdə durmadı, Ağdam, Tərtərdə briqada komandiri kimi xidmət etdi. 37 yaşımda isə Müdafiə nazirinin Döyüş Əməliyyatları üzrə müavini təyin olundum. Məni bu vəzifəyə rəhmətlik Heydər Əliyev təyin etdi. Mən özüm  gedib o vəzifəni sahiblənmədim ki?!  Mənə rütbə verdilər – polkovnik, general mayor!

-Şuşanın açarı indi kimdədir? Alınmaz qala olan Şuşanı döyüşmədən təhvil verdiniz?

-O vaxtlar da mənə belə bir sual verilmişdi.  Ermənilərin saytında bununla bağlı bütün məlumatlar dərc olunub. Hər kəs girib oxuya bilər. Arkadi Ter-Tatevosyan öz kitabında yazırdı ki, onlar Şuşaya girə bilməyiblər. Həmin kitabın müəllifi komandan olub. Öz kitabında yazır: “Şuşaya ordu yox,  kəşfiyyatçılar daxil olublar və tərk ediblər.  İndi biz sevinək yoxsa ağlayaq. İtkilər çox idi…”

Mən həmişə deyirəm ki, Serj Sarkisyan, Arkadi əgər “milli qəhrəman” idilərsə, Şuşanı işğal ediblərsə,  niyə qəfildən onları vəzifədən uzaqlaşdırdılar. Nəyə görə əgər hələ də o, “komandan” adı daşıyırdısa ordudan uzaqlaşdırıldı?!

Tomas de Vaal öz kitabında Şuşa uğrunda gedən qanlı döyüşlərdən yazıb. Həmin kitabda da erməni Arkadi şəxsən etiraf edir ki, “Xocalı rayonunun Kosalar kəndindəki 26-cı postun uğurunda itkilərlə müşayət olunan qanlı döyüşlər gedib, Elbrus Orucov iki saat da həmin postu saxlasaydı biz heç vaxt ora girə bilməzdik”. Mən 7 gün Şuşada olmuşam. Tomas de Vaal, Arkadi Ter-Tatevosyan öz kitablarında da qeyd edirlər ki, Şuşa uğurundakı döyüşlərdə Elbrus Orucov düşmənə xeyli sayda itkilər verdirib.

-Qeyd etdiyiniz bu qədər döyüş, mübarizədən sonra  bəs niyə  Şuşanın açarı əldən getdi?

-Siz mənə sual verin ki, hansı yolla Şuşanı qaytara bilərik!

-Şuşanı necə qaytara bilərik?

-Biz mütləq Şuşanı qaytaracağıq. Bu yolu mən bilirəm.

-Bu necə bir yoldur? Hərb, yoxsa sülh?

-Ancaq hərb yolu! Heç kim heç vaxt bizim torpaqları bizə bağışlamayacaq! Nə də ki, həmin torpaqları geri qaytarmayacaqlar. Qan ilə alınmış torpaq ömür boyu qaytarılmır. Biz işğal olunmuş bütün torpaqlarımızı – Şuşa, Xankəndini yalnız müharibə yolu ilə, bu yaxınlarda yox, həmin zaman yetişəndə gedib ya şəhid olacağıq, ya da torpaqlarımızı geri qaytaracağıq!

-Bu gün Şuşa uğrunda döyüşlər başlasa siz də  iştirak edərsiniz?

-Hər gün idmanla məşğul oluram. Biz hamımız hazır olmalıyıq. Sabah Elbrus Orucov da qabaqda gedib yol göstərməli olar. Ali Baş Komandanımız bizə əmr verəcək ki, “sıraya durun Ay Generallar! Siz gedib öz torpaqlarımızı işğaldan azad etməlisiniz və gələcək nəsillərimizə təhvil verməlisiniz!”.

Bizim nəvələrimiz döyüşməli deyillər, yalnız orda yaşamalıdırlar. Allah tərəfindən  Qarabağ ancaq döyüşmək, müharibə aparmaq üçün yaranmayıb. Ora yaşamaq üçündür.

-Şuşanın işğalından artıq 27 il ötür. Bu illər ərzində heç düşünürsünüzmü ki, hansı səhv addımı atdım, yanlışlığa yol verdim və Şuşa işğal olundu? Heç peşmanlıq duyursunuzmu?

-Şuşanın dağlarındakı o daşları, qayaları gecə-gündüz yuxumda görürəm. Azərbaycanda ordu səviyyəsində ilk peşəkar döyüşü mən aparmışam. Postlardakı atışmalardan söhbət getmir. Ordu səviyyəsindəki döyüş məhz Şuşada başladı. Şuşada baş tutan ordu səviyyəsindəki döyüşdə atdığım addımlar yuxularımda canlanır. O vaxt 36 yaşım vardı. İndi isə 63 yaşım var. Görün üstündən nə qədər zaman keçib. Yenə də Şuşa mənim yuxularımda canlanır. Qələbələr, verdiyimiz şəhidləri yuxumda görürəm…

-Şuşanın işğalına səbəb olan  hansı addımınıza görə peşmansınız?

Bu sualın cavabı məndə, ürəyimdə qalsın. Hər bir insanın ürəyində belə məqamlar var…

-Hansı səhvə yol vermişdiniz?

-Əgər belə bir səhv olubsa gedin Tərtərdə 42 gün apardığımız mübarizəyə diqqət yetirin. O vaxt hörmətli Ulu Öndərimiz də mənə bu sualı verdi: “Şuşanın müdafiəsi üçün bizdə nə çatmırdı?!”  Cavab verdim ki, “sizin kimi Ali Baş Komandanımız, prezidentimiz yox idi. Ona görə heç nə edə bilmədik”.

Ancaq Tərtər, Goranboy istiqamətində düşməni susdurduq, diz üstə yatırdıq,  atəşkəsi də onların xahişi ilə imzaldıq. Bununla da Ulu Öndərimiz sübut etdi ki, Azərbaycan məğlub olmayıb, biz döyüşməyə, qələbə çalmağa da qadirik!

“Hansı səhvlərdən danışım?! Dünyaya gələn hər bir insanın da səhvi olur. Bizim torpaqlarımız işğal edilib, biz hələ də dözürük…”

-Siz Şuşa uğrunda döyüş gedən zamanı oranı tərk etmişdiniz? Bununla bağlı sizi niyə ittiham edirlər?

-O vaxt da prezidentimiz, Müdafiə nazirimiz vardı. Əgər mən Şuşanı tərk etmişdimsə niyə barəmdə bir tədbir görmədilər?! Onlar gedib özlərini ittiham etsinlər. Həmin şəxslər yemək bişirməkdən başqa nə bilirlər axı məni də ittiham edirlər?! Mən oğullarla döyüşmüşəm.

-Həmin  vaxt hakimiyyətdə təmsil olunanlardan kimsə sizə təzyiq edirdi?

-Mən Azərbaycana gələndə prezidentin səlahiyyətlərini Yaqub Məmmədov icra edirdi. Elçibəy prezident olan vaxtlarda da mən yüksək vəzifələrdə çalışırdım. Bir komandan kimi döyüşürdüm. Elçibəy də, Rəhim Qazıyev də, İsgəndər Həmidov da hər şeyi bilirdilər. Guya onlar bilmirdilər ki, Elbrus Orucov kimdir və hansı fəaliyyətlə məşğul olur?! Heç kim heç vaxt nə mənə, nə də qardaşlarıma təzyiq etməyib!

-Şuşa ilə bağlı sizə kimsə “geri çəkilin” göstərişi verib? Texnikalları geri çəkin əmri və s. ?

-Kim axı mənə nəsə söz deyə bilərdi?! Biz 4 qardaşıq və bir bacımız da var. Hamısı yaxşı bilir ki, Elbrusa söz demək olmur.  Elbrusa heç vaxt heç kim bir söz deməyib. Həmişə öz fikrimlə yaşamışam.

Mənə Ağdamda “Baş kəsən Elbrus” deyirdilər. “Baş kəsən Elbrus”un adı gələndə hamı, rəhmətlik Fred Asif, Allahverdi Bağırov, Elşad əl uzadıb deyirdilər ki, döyüşkən oğlan gəlib. Mənə həmin vaxt “polkovnik”, “general” demirdilər. Bizə “Döyüşə” deyirdilər! Həmin “Döyüşə”ni qazanmaq isə çox çətin idi.

-Bəzən belə bir iddialar da səsləndirilir ki “biz özümüz Şuşanı təhvil vermişik”. Siz bu barədə nə deyə bilərsiniz?

-Yalandır. Heç vaxt inanmayın! Torpağın üstündə çalışan insana “qara millət” deyirlər. Qara millət heç vaxt öz torpağını heç kimə sata bilməz! Əgər qara milləti torpağını satmağa kimsə məcbur etsə yabanı əlinə götürüb, onların qarşısına çıxıb deyərlər ki, torpaqla alver olmaz!

“Siz deyin ki, hökumət, vəzifəyə görə dava edənlərin hamısı Qarabağı unutmuşdu!”.

-Ermənilər də fürsətdən istifadə etdilər. Heç vaxt mən deyə bilmərəm ki, Azərbaycan xalqı öz torpağını satıb. Mən bunu döyüşdə, müharibədə görmüşəm. Mən qadınlar görmüşəm ki, bir əlində  balası, bir əlində isə silah, mübarizə aparır! Siz heç vaxt görməmisiniz ki, ana ayaq yalın dağ yolu ilə övladını qucağında aparır, amma heç vaxt düşmənə təslim olmur. Mən həmin günləri görmüşəm…

Torpağın üstündə yaşayan qara millətdir. Həmin rayonlarda, kəndlərdə xalq yaşayırdı. Onları yada salmaq lazımdır. Tək Şuşadan danışmayın. Şuşa ilə bərabər kəndlər, rayonlar var. Həmin kəndlərin hər birində xalq yaşayırdı. Gedib həmin xalqdan soruşusunlar ki, onları xilas edən kimdir?! Şuşa işğal edilmişdi. Şirvan isə qalmışdı. Biz gedib oranı xilas etdik. Bunu heç kim yada salmır!

-Şuşanı müdafiə etmək üçün texnikanızmı çatmadı ?!

-Nə texnika?! Traktora da, tanka da texnika deyirsiniz! Texnika olsa da onun içində adam olmalıdır. Rəhmətlik Albert 15 dəqiqə də döyüşdü. Albertdən sonra onun yerinə kim oturdu axı?! O tankın içindən Alberti əvəz edən vardı?! Texnika budur. Texnikanın içərsində mütəxəssis olmalıdır. Həmin texnika bir eşşək arabası deyil ki, siz onun üstə oturub sürəsiniz! Albert vurulandan 15 dəqiqə sonra rəhmətə getdi. Onu əvəz edən bir adam tapılmadı…

-Sizi niyə mətbuatda “Şuşanın məğlub general”ı kimi təqdim edirlər?

-Bu sualın cavabını onlardan soruşun. Mən heç vaxt onların səviyyəsinə düşmərəm. Sən əlinə qələm almısan, adını jurnalist qoymusan?! Sən axı kimsən?! Jurnalist  deyiləndə rəhmətlik Salatın Əsgərova, Çingiz Mustafayevi xatırlayıram. Salatın Əsgərovanın ruhuna and içib saatlarla düşmənlə döyüşdük…

“Mən hələ ölməmişəm ki, basdırsınlar da!”

-Mən öz sözümü döyüş meydanında dedim. Və deyəcəyəm də! Mənim ermənilərə hələ sözüm var. Tərtərdə ermənilərin indiki generalları ilə üz-üzə gələndə onları məhv etmişəm.  Bəziləri deyirdi ki, Şuşanı özləri verdi. Niyə axı ermənilər Tərtəri də ala bilmədilər?! Niyə Goranboya girə bilmədilər?! Hələ mən 6 kəndi ermənilərdən geri qaytardım. Şıxanyanı, Qriqoryanı orada məhv etdim. Rusların oradakı taborunu da məhv etdik! Hansı ki, onlar Zəngilana da daxil olmuşdular. Biz belə döyüşümüşük!

“Heydər Əliyev məni yanına çağırdı”

-Heydər Əliyev Bərdəyə gələndə 13 kilometr qabaqda döyüş gedirdi. Bu barədə yazsınlar. İclas gedən zaman ətrafda bombaların səsi dayanmırdı. Heydər Əliyev  iclası kəsmədi, tapşırıqlarını verirdi. Sual verib ki, “bəs Elbrus Orucov haradadır?” Cavab veriblər ki, ön xətdədir. Deyib ki, “döyüş qurtarandan sonra yanıma gəlsin”.

 -Siz Heydər Əliyevin yanına getdinizmi? Sizə nə dedi?

-Bəli, getdim. Dedi ki, artıq Naftalanı, Tapqaraqoyunlunu, ordakı sanatoriyaları, havalimanını vurublar. Soruşdu ki, hazırda orda vəziyyət necədi? Cavab verdim ki, “Cənab prezident mən bir qarış torpağı düşmənə verməyəcəm”.

“Dedim ki, ikinci Şuşa mənim taleyimə yazılmayacaq!”

 -Ulu Öndərimiz isə mənə dedi ki, mən sizə güvənirəm! Bu sözlə mən bir daha sübut etdim ki, ölmək var, amma geri çəkilmək yoxdur! Həmin iclasda çox sayda insanlar iştirak edirdi. Gedin onlardan da soruşun!

 “Şuşanın da azad edilmək vaxtı var. Tezliklə o vaxt gəlib çatacaq”.

-Gənclərə nə demək istərsiniz?

 -Mənim oğlum da gəncdir. Nəvələrim də böyüyürlər.  Oğlum da daxil olmaqla gənclərə demək istəyirəm ki, Vətən, Xalq, Torpaq müqəddəsdir. Torpaq, Vətən, Xalq üçün də hər zaman ölməyə hazır olmalısan! Biz heç vaxt işğal edilmiş torpaqlarımızı unutmayacağıq.

-Əgər Şuşaya bir gün qayıtsaq sizin orda edəcəyiniz ilk iş nə olacaq?!

 -Şuşada bir Uçmıx təpəsi var. 1144 metr hündürlüyü var. Heç vaxt oranı unutmaram. Daşaltının üstündədir. Çox istərdim ki, orda balaca, rahat bir ev tikim, Qarabağı 99 faiz oradan seyr edim. Bütün dağları gəzərəm. Deyərəm ki, mən də öz arzuma çatdım!

“Şuşa, Ağdam xarabalıqları”-İşğal edilmiş Azərbaycan torpaqlarından REPORTAJI(FOTOLAR) BURADAN oxuya bilərsiniz. 

 Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

“Bir gün hamımız Şuşaya toplaşacağıq” – Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının Fransadakı varisləri (EKSKLÜZİV+FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan şəxsiyyətlərdən biri də Ceyhun Hacıbəylidir. Onun Vətən və millət qarşısında gördüyü böyük işlər danılmaz tarixi həqiqətdir.

Ceyhun Hacıbəyli  –  1891-ci ilin fevralın 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada Nəcəf bəy Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda alıb. 1908-ci ildə, yanvarın 12-də qardaşı Ü. Hacıbəylinin “Leyli və Məcnun” operasının H.Z.Tağıyevin teatrında tamaşaya qoyulmasında onun da xidmətləri olub.

C.Hacıbəyli bir müddət Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində çalışıb, sonradan təhsilini davam etdirmək üçün Peterburqa gedib, universitetin hüquq fakültəsinə daxil olub. Ardınca Fransaya gedib və Sorbonna universitetində təhsil alıb. Azərbaycana qayıtdıqdan sonra müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib.

C.Hacıbəyli eyni zamanda “Müsəlmanlıq”, “İzvestiya”, “İttihad”, “Azərbaycan” qəzetlərinin redaktoru olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib, orada ciddi fəaliyyət göstərib.

Ceyhun Hacıbəylinin nəvəsi Klement Bailly Hacıbəyli

1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacirət həyatı yaşayıb. Avropada o, ictimai-siyasi fəaliyyətini davam etdirib, Qərb oxucularını Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə tanış edib.

Ceyhun Hacıbəylinin nəticəsi Jeremie Hacıbəyli

C.Hacıbəyli Parisdə nəşr olunan müxtəlif jurnallarda çıxış edərək, sovet totalitarizminin, Stalin rejiminin antidemokratik olmasını tənqid edən və ölkənin nəhəng bir həbs düşərgəsinə çevrildiyini pisləyən çoxlu yazılar nəşr etdirib.

Ceyhun Hacıbəyli oğlu ilə birlikdə

O, filoloji və tarixi mövzularda – xüsusən Azərbaycanın Rusiya tərəfindən işğalına aid, həmçinin qədim Azərbaycan şəhərləri ilə də bağlı yazılar çap etdirib.

Ceyhun Hacıbəylinin nəvəsi Klement və nəticəsi Jeremie

Ceyhun Hacıbəylinin ən böyük xidmətlərindən biri isə Avropada Azərbaycan Mühacirət Mətbuatının yaranmasına verdiyi dəstək idi. Ceyhun Hacıbəyli və Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin baş redaktorluğu ilə “Azərbaycan” jurnalı nəşr edilib. Jurnalda Azərbaycanın tarix və millətimiz barədə məqalələr dərc olunub. Məqalələrinin birində C. Hacıbəyli yazırdı: “Bu gün gərək firqəçi və gərəksə müstəqil və firqəsiz Azəri Türklərinin hamısını üçrəngli bayrağımızın altında toplanıb, bir yerdə vətənimizin qurtarılması uğrunda çalışmağa dəvət edirik. Azərbaycan davam edir”.

İkinci Dünya müharibəsinin ağrıları Ceyhun bəyin ailəsindən də yan keçmir. Üzeyir bəyin hər bir məktubunda xatırlanan və əzizlənən Ceyhun bəyin  Bakıda dünyaya gəlmiş oğlu Ceyhun 1937-ci ildə Paris Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirəndən sonra alman faşizminə qarşı vuruşmaq üçün cəbhəyə gedir. Düşmənlə döyüşmək üçün təyyarəsi ilə səmaya qalxan Ceyhun  bərabər olmayan vuruşda qəhrəmanlıqla həlak olur. 23 yaşlı oğlunu itirən Ceyhun bəy sarsıntılar keçirir. Bir tərəfdən Vətən həsrəti, digər tərəfdən isə oğlunun faciəsi uzun zaman onu rahat buraxmır.C. Hacıbəyli 1962-ci ilin oktyabr 2-də vəfat edib, Parisin Sen-Klu məzarlığında dəfn edilib. 

HafizTimes.com Ceyhun Hacıbəylinin Fransada yaşamış digər oğlu Timuçinin (1921—1993) ailə üzvlərini tapıb, həmsöhbət olmağa çalışıb:

Jeremie Hacıbəyli –  Timuçin Hacıbəylinin birinci nikahından dünyaya gəlmiş oğlu Klement Bailly Hacıbəylinin yeganə övladıdır. 1977-ci ilin sentyabrın 12-də Fransada dünyaya gəlib.”Lycee Paul Gauguin”də təhsil alıb. Hazırda Fransaya məxsus Uturoa bölgəsində yaşayır. O, Ceyhun Hacıbəylinin nəticəsidir:

-Çox təəssüflər olsun ki, mən musiqiçi deyiləm. Amma bizim nəsil musiqi sahəsində böyük istedadlı şəxsiyyətlər yetişdirib.

Mən gəncikən bass musiqi ailətlərində ifa etməyi öyrəndim. Amma bu uzun müddət davam etmədi. 20 – 30 yaş aralığında elektronik musiqi daha çox üstünük verdim. Bəzən isə Dj-lik edirəm. Təbii ki, bu həvəs, zövqlə bağlıdır. Hazırda isə musiqi ilə nadir hallarda məşğul oluram.

“Mən daha çox kommersiya sahəsi, turizim bələdçiliyi ilə məşğul oluram”.

-Düşünürəm ki, bu sahədə daha çox uğur qazana bilərəm. Mən insanlarla daha çox səyahətlə bağlı məsləhətlərimi bölüşürəm. Müxtəlif mədəniyyətləri, dəyərləri öyrənməyi, yaymağı sevirəm. Hazırda isə turizim mövsümüdür. Mənim işlərim isə həddindən çoxdur.

Jeremie Hacıbəyli anası ilə birlikdə

– Baba yurdunuz Azərbaycanla bağlı nə düşünürsünüz? Azərbaycana nə vaxt səfər edəcəksiniz?

-Mən hər zaman Azərbaycanla bağlı hazırlanmış televiziya şoularına baxıram. Ümid edirəm ki, bir gün mütləq Azərbaycana, gözəl Bakıya səfər edəcəyəm. Azərbaycana səfər etməyi çox istəyirəm.

Jeremie Hacıbəyli həyat yoldaşı ilə birlikdə

Tahiti Azərbaycandan çox uzaqdır. Düşünürəm ki, lotoreyda qazansam  Yaponiyaya,  Azərbaycana gedəcəyəm. Mən hər həftə lotereya oynayıram. Mütləq qalib olacam və ora səfər edəcəyəm.

Klement Hacıbəyli

-Babanız Timuçin Hacıbəylinin ikinci ailəsi ilə münasibətiniz necədir? Ötən illərdə T. Hacıbəylinin gənc oğlu Benjamin Hacıbəyli və anası Pasqal Hacıbəyli Azərbaycana səfər etmişdilər…

-Benjaminlə dostuq. Həmçinin qeyd edim ki, o mənim əmimdir. Baxmayaraq ki, məndən yaşca çox kiçikdir.(gülür)

İnanıram ki, bir gün atamla birlikdə mən də Azərbaycana səfər edəcəyəm.

-Hacıbəylilər ailəsi barədə nə düşünürsünüz?

-Ailəmizlə, babamla qürur duyuram. Sizə də çox təşəkkür edirəm ki, bizim ailəyə belə yüksək dəyər verirsiniz. Bütün azərbaycanlılara salam göndərirəm.

Klement Bailly Hacıbəyli – Fransada məşhur musiqiçidir. 1951-ci ildə Parisdə anadan olub. Dörd yaşında olarkən pianoda ifa etməyi öyrənib. Onun bir musiqiçi kimi yetişməyində nənəsi Madeleine Duparcın böyük rolu olub.  

Klement Bailly Hacıbəyli  məşhur caz-musiqi qruplarında ifa edib.    Hazırda Fransada yaşayır, tələbələr yetişdir. O, Ceyhun Hacıbəylinin oğlu Timuçin Hacıbəylinin birinci nikahından dünya gəlib. Ceyhun Hacıbəylinin ilk nəvəsidir. Jeremie Hacıbəylinin isə atasıdır.

HafizTimes.com  Şuşalı Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının Fransada yaşayan varisləri, məşhur musiqiçi Klement Bailly Hacıbəylinin Azərbaycan, Qarabağ-Şuşa ilə bağlı zaman-zaman qeyd etdiyi fikirlərini olduğu kimi təqdim edir: 

Klement Bailly Hacıbəyli: “Azərbaycan mənim Vətənim, Torpağımdır!”

Klement Bailly Hacıbəyli: “Biz bir gün mütləq Şuşaya toplaşacağıq”

Klement Bailly Hacıbəyli: “Şuşa mənim babamın, atamın şəhərdir. Erməni millətçiləri tərəfindən Qarabağın ürəyi – Şuşa məhv edilib”

Şuşa – Qarabağ

“Qarabağ Şikəstəsini” dinləyən Klement Hacıbəyli: “Bu Qarabağdan mənim ürəyimə yayılan bir musiqdir. Mənim əmim övladları Şuşadan, Qarabağdan ifa edirlər. Amma onlar öz torpaqlarına, yurd-yuvarlarına gedə bilmirlər. O torpaqlar mənim də torpağımdır! Əminəm ki, biz bir gün mütləq Şuşada toplaşacağıq”

Klement Bailly Hacıbəyli: “Şuşaya Azadlıq”

Klement Bailly Hacıbəyli: “Şuşa mənim babamın şəhərdir. Atamın, babamın ürəyinin bir hissədir.  Qarabağın ürəyi erməni millətçiləri tərəfindən dağıdıldı, məhv edildi”

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Azərbaycan gözəl ölkədir” – Nazim Hikmətin xəyanət etdiyi Pirayəsinin ƏFSANƏVİ NƏVƏSİ (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Nazimi çox ittiham etmirəm. Çünki həbsxanada yaşayan mən deyildim”.

“Pirayə nənəm Nazimdən ayrılsa da onun bütün şeirlərini, məktublarını qoruyub saxladı, çap etdirdi

Kənan BengüTürkiyənin əfsanəvi voleybolçusu. 20-ci əsr dünya ədəbiyyatının ən böyük şairlərindən biri Nazim Hikmətin uğruna şeirlər yazdığı, “sən mənim ən yaxın insanımsan” dediyi, 14 illik həyat yoldaşı “qızılı saçlı” Pirayənin nəvəsidir. 

Qeyd: “Çox sayda qadınlarla birlikdə olmasına baxmayaraq Nazim Hikmətin qəlbində kimsə Pirayəni əvəz edə bilməyib. Pirayə ölkə xaricində konsertlər verməyə gedən həyat yoldaşının yolunu iki uşağı ilə gözləyən 24 yaşlı qadın.  Yeni boşanmış Nazim isə Pirayəni görən kimi onun qızılı saçlarına aşiq olur. Hər iki tərəfin ailəsi bu sevgiyə qarşı çıxırlar. Pirayə evli, iki uşaq anası, Nazim isə  cibində bir qəpiyi də olmayan kommunist bir şair. Bütün çətinliklərə baxmayaraq onlar 1932-ci ildə ailə həyatı qururlar. Hər şeyin yolunda getdiyi bir vaxtda Nazim həbs olunur. Əvvəlcə Nazimin edam edilməsini tələb edilir. Daha sonra həbs cəzası ilə əvəz edilir. Nazim Hikmət ömrünün 12 ilini həbsxanada  keçirməli olur. Pirayə bu illər ərzində həyat yoldaşı Nazimi həbsxanada ziyarət edir, ümidlə yolunu gözləyir, sevgi, hörmət və sədaqətini ifadə edir. N. Hikmət də Pirayənin birinci nikahından olan övladlarına doğma ata kimi yanaşır, həbsxanadan göndərdiyi məktublarında Pirayə və onun övladlarına olan sevgisini ifadə edir. Nazim həmçinin həbsxanada yazdığı ən gözəl şeirilərini də məktubla Pirayəyə göndərir. Nəhayət 12 ildən sonra Nazim azadlığa çıxanda öz vəfalı həyat yoldaşı Pirayənin deyil, yeni sevgilisi, dayısı qızı evli Münəvvərin yanına gedir. Münəvvər də birinci həyat yoldaşından ayrıldıqdan sonra N. Hikmətlə evlənir. Cütlüyün bir oğlan evladı dünyaya gəlir. Nazim Hikmət 14 il evli qaldığı, sonda xəyanət etdiyi Pirayənin oğlu Mehmetin adını Münəvvərdən dünyaya gələn öz doğma oğluna qoyur. Bir müddət sonra Nazim Münəvvəri və oğlu Mehmeti də əbədi tərk edib Sovet Rusiyasına köçür və yeni-yeni eşqlərə meydan açır…”.

Türkiyə mətbuatının Nazim Hikmətin nəvəsi kimi təqdim etdiyi peşəkar idmançı, əfsanəvi voleybolçu Kənan Bengü eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı özü və ailəsi ilə bağlı bir çox önəmli məqamlara aydınlıq gətirib:

– Qeyd edim ki, mən sevgi və hörmət duyduğum Nazim Hikmətin doğma nəvəsi deyiləm. Bir çox insan bunu dəqiq bilmir. Buna görə də məsələyə aydınlıq gətirmək istəyirəm. Pirayə xanımın Vedat Orfi Bengü ilə olan nigahından iki övladı dünyaya gəlib. Biri mənim atam Mehmet Fuad Bengü, digəri isə bibim Suzan Yasavul (Bengü). Mən Nazim Hikmətin bir zamanlar həyat yoldaşı olmuş Pirayə xanımın doğma nəvəsiyəm. Nazim Hikmət Pirayədən sonra evləndiyi Münəvvər xanımdan dünyaya gələn doğma oğluna da “Mehmet” adını qoyub. Zaman-zaman yazılan məktublarda, şeirlərdə “Mehmet” adları qarışıq düşmüşdü. Bu məsələni dərindən bilməyən bəzi insanlar mənim atam Mehmet Fuadı Nazim Hikmətin doğma oğlu Mehmet Nazim kimi təqdim edirlər. Bu yanlışlığın bir səbəbi də budur ki, atam “Türkiyə Ədəbiyyatı”da Mehmet Fuad olaraq tanınır. Və atam Nazim Hikmətin bir çox yazılı əsərlərini anası Pirayə xanımın qoruyub saxladığı arxivindən götürüb özünün De Yayın Evi kanalıyla çap etdirib. Xüsusi ilə atam Mehmet Fuat Nazim Hikmətə böyük hörmət və sevgi bəsləyirdi, əsərlərini nəşr etdirirdi. Ədəbi mövzularda da Nazimlə bağlı doğru və geniş məlumata sahib olduğuna görə bir çoxları onu Nazim Hikmətin doğma oğlu kimi tanıyırlar.

-Bu açıqlamadan sonra bir az da öz həyatım haqqında məlumat verim. Mən gənclik illərimdə Türkiyədə hökm sürən qarışıq siyasi vəziyyətə görə atam tərəfindən daha çox idman sahəsinə yönəldildim. 10-40 yaş aralığında 30 il  peşəkar formada voleybol oynadım. 40 yaşımdan sonra İdman Marketinqi və Təşkilatları üzrə özümə aid bir şirkəti idarə etdim. 50 yaşımdan sonra peşəkar idman həyatımdan tamamilə uzaqlaşdım. Bu gün 58 yaşımda özümə məxsus bir yelkənli gəmidə ilin 7 ayını keçirirəm. Həmçinin də yelkənlə bağlı təlim keçirəm. Nəhayət ilin geridə qalan 5 ayını isə İstanbulda başa vururam. Ədəbiyyatla əlaqəm isə oxuyucu olmaqla yekunlaşır. Bu mövzda hər  hansı bir çalışmam olmadı. Qısaca olaraq deyim ki, Kənan Bengü sakit və təvazökar həyat sürür.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Necə bir aildə böyüdünüz?

-Uşaqlıq illərim daha çox təbiətlə əhatələnmiş bir formada keçdi. Anam və atam işlədiyi üçün mən və bibimin uşaqları nənəm Pirayə xanımın (Nazim Hikmətin həyat yoldaşı) əlində böyüdük.

Pirayə xanım çox savadlı, pedaqoq idi. Bizi hər mövzuda çox yaxşı yetişdirdi. Süfrədə çəngəl-qaşıq tutmaqdan, bağda pomidor yetişdirməyə, toyuq bəsləməyə qədər hər şeyi ondan öyrəndik. Sakit, sevgi və təbiətlə əhatələnmiş bir uşaqlıq illəri yaşadım.

“Nazim Hikmətin ailəsinin üzvü olmaq mənim üçün şərəfdir”.

-Pirayə xanım- Nazim Hikmətin nəvəsi olmaq necə bir hissdir?

-Pirayə xanımın yanında böyüdüyüm üçün onu daha yaxından tanıdım. Onun nəvəsi olmaq mənim üçün böyük bir şans idi. Mənim iki yaşım olanda isə Nazim Hikmət vəfat etdi. Onu heç vaxt yaxından görə bilmədim. Amma belə bir böyük şairin ailəsinin üzvü olmaq mənim üçün böyük bir şərəfdir. Nazim Hikmət 20-ci yüzilliyin ən böyük şairilərindən biridir. Ona sevgim və hörmətim hər zaman davam edəcək.

-Nazim Hikmət – Pirayə eşqini sizin dilinizdən öyrənmək istərik. Sizcə bu eşqdə nə çatışmadı?

-Mənim fikrimcə onlar bir-birini çox sevib, fikirlərinə böyük hörmət qoyublar. Ancaq həbsxanadakı illərə görə birlikdə vaxt keçirə bilməyiblər.  Pirayə və Nazim hər zaman bu eşqə hörmət ediblər. Ancaq həbsdə keçən illər, ailənin maddi vəziyyəti, Pirayənin uşaqlarını daha çox valideynlərinin yanında böyütməsinə səbəb oldu.

Nəticədə bir-birinə aşiq olan bu iki insanın uzaqda yaşamaq məcburiyyətində qalmaları bu eşqin ər-arvad münasibətlərini də müəyyən zaman ərzində tükətdi. Mənim fikirimcə bu eşqdə çatışmayan bu idi.

-Nənəniz Pirayə xanım Nazim Hikmətlə bağlı sizə nələr danışardı?

-Pirayə xanım Nazim Hikmətlə bağlı yaxşı və pis tərzdə heç vaxt danışmadı. Başqalarına da icazə vermədi. O zamanlar türk siyasətində Nazim Hikmətə qarşı aparılan qaralama kampaniyası üçün bir çoxları Pirayənin Nazim Hikmət haqqında pis danışması üçün xeyli işlər görüblər. Amma Pirayə heç vaxt Nazim Hikmət haqında pis danışmayıb. Nənəm Nazim Hikmət haqqında həmişə susub. Mənim fikrimcə Pirayə xanımın susmasının səbəbi isə Nazimi qorumaq, onun haqqında yalan-yanlış xəbərlərin yayılmasının qarşısını almaq idi.

-Nazim Hikmət xəyanət etdikdən sonra Pirayə xanım necə yaşadı? Pirayə xanım bu ayrılıqla bağlı nəsə danışırdı?

-Pirayə xanım Nazimdən ayrıldıqdan sonra susdu. Bu ayrılığın səbəbləri barədə danışmadı.Ancaq mənim anam və atam bu ayrılığın səbəblərini bilirdilər. Ancaq onlar da Pirayəyə olan hörmətlərinə görə susdular.

Bu mövzuda ən məlumatlı şəxs həm Nazimə, həm də Pirayəyə yaxın olan atam Mehmet Fuat idi.  Mehmed Fuad Nazimin ədəbiyyaçı şəxsiyyəti və əsərlərinin yayılması üçün böyük əmək sərf etdi. Əlbəttə ki, bütün bu əziyyətlərin arxasında da yenə Pirayə dururdu. Çünki Nazim həbsxanada yazdığı bütün şeirlərini bir-iki dostuna və Pirayəyə göndərirdi. Ancaq həmin insanların hamısı o vaxt Türkiyədə hökm sürən siyasi təzyiqlərə görə Nazimin əsərlərini yox etdilər. Pirayə isə Nazimin ona göndərdiyi əsələrin hamısını qoruyub saxladı. Nazim Hikmət Pirayəyə xəyənət etmiş olsa da Nazim böyük ədəbiyyat insanı idi. Pirayə bunu yaxşı bilirdi. Pirayənin Nazim Hikmətin  əsərlərini qoruyub saxlaması nəticəsində  bu gün onun bir çox əsərləri tam və doğru olaraq bütün dünyada yayımlanır.

-Pirayə xanımın Nazim Hikmətsiz həyatı necə keçdi? Yenidən ailə həyatı qurdumu?

-Pirayənin Nazim Hikmətsiz keçən həyatı barədə deyə bilərəm ki, o, Nazimdən ayrıldıqdan sonra uşaqları Suzan və Mehmet, gəlini İzgen, kürəkəni Metin Yasavul (Nazimin doğma qardaşı) və nəvələri Mehmet Əli, Nurhayat və mənimlə  sadə  bir həyat yaşadı. Erkenköydə satılan bir ərazidən əldə etdikləri pulla Altunizadə məhəlləsində oğlu Mehmed Fuad onun üçün iki mərtəbli ev tikdi. 1955-ci ildən etibərən orada yaşadılar. Evin baxçasında  Pirayənin çox  sevdiyi Ebruli hanıməli vardı. Pirayə xanım Nazimdən sonra heç vaxt evlənmədi, uşaqları ilə birlikdə yaşadı. 1995-ci ildə elə həmin evdə vəfat etdi.

-Siz Nazim Hikmətin nənəniz Pirayə xanımı tərk etməsi ilə bağlı nə düşünürsünüz?

-Məsələyə bir kişi gözü ilə baxdığım zaman deyə bilərəm ki, o,  həbsxanada keçən illərə görə həyat yoldaşından uzaq düşüb və ona yaxın münasibət göstərən qohumu Münəvvər xanıma tərəf hissləri meyillənib. Çox ittiham etmirəm. Çünki həbsxanada yaşayan mən deyildim. Mövzulara kənardan münasibət bildirmək fikrimcə doğru deyil. O insanın yaşadıqlarını, yalnızlığını, problemlərini bilmərik…

-Nazim Hikmət Pirayə xanımı tərk etdikdən sonra atanız Mehmet Fuadın Nazim Hikmətə (ögey atası) qarşı münasibəti necə dəyişdi? Yenə də ata-oğul kimi idilər?

-Atam Mehmet Fuat Bengü Nazim Hikmətə hər zaman yaxın olmağa çalışdı. Onunla yenə də görüşmək istədi. Ancaq o vaxtlar Nazimin yanında olanlar bu münasibəti xoş qarşılamadılar və mane oldular. Nəticədə atam müəyyən bir zamandan sonra Nazimdən uzaqda durmağa başladı. Ölkə xaricində də heç görüşmədilər. Ancaq atam Nazimi həmişə sevdi, hörmət etdi. Atamın onun bütün şeirlərini yayımlaması da buna bir nümunədir.

-Atanız Mehmet Bengü Nazim Hikmətlə bağlı sizə nələr danışardı? Nazim Hikmətin necə bir insan olduğunu söylərdi?

-Nənəm Pirayə vəfat edən qədər bu mövzuda atamla heç vaxt danışmadıq. 1995-ci ildə Pirayə vəfat etdikdən sonra atamla bu mövzuda çox danışdıq. Atam Nazimdən həmişə yaxşı danışırdı. Onun ədəbiyyatçı şəxsiyyətinə olan heyranlığının səbəblərini deyirdi. Atam Nazimin bir şeir yazarkən necə çalışdığını, detallara diqqət yetirdiyini söylərdi. Mehmet Fuatın özü də ədəbi fəaliyyəti zamanı çox detallara fikir verən idi. Düşünürəm ki, bu Nazimdən atama keçmiş bir davranış foması idi. Nazimin şəxsi həyatı ilə bağlı çox danışmazdı.

-Nazim Hikmətin Münəvvər xanımdan olan oğluna da atanızın adını (Mehmet) qoyması ilə bağlı nə düşünürsünüz?

-Kaş ki bu adı qoymamaydı. Çünki kimin kim olduğu, hansı şeiri kimə yazdığı, doğma və ögey oğlu arasında qarışılıq baş verməzdi.

– Nazim Hikmət Mehmet Bengüyə doğma ata ola bildimi?

-Nazimin həbsxanada keçən illərinə görə onlar fiziki olaraq çox da yaxın ola bilmədilər. Ancaq məktublaşmalarını oxuduğumuz zaman Nazimin Mehmet Fuatın düşüncə və yaşam tərzinə daha çox təsir etdiyini görürük. Mən də deyə bilərəm ki, atam ilə olan söhbətlərimdə hiss edirdim ki, Nazimin bir ata kimi təsiri onun üzərində çox olub. Çünki Mehmet Bengünün öz doğma atası onun 1 yaşı olarkən Pirayədən ayırılıb və onlar bir daha heç vaxt görüşməyiblər.

-Nazim Hikmətin doğma oğlu Mehmet Nazimlə heç əlaqə saxladınızmı? Atanızla Nazim Hikmətin doğma oğlunun münasibəti necə idi?

-Mən onunla heç vaxt münasibət qurmadım. Atamın da onunla üz-üzə görüşdüyünə inanmıram.Ancaq Nazim Hikmətin əsərlərini yayımlamaqla bağlı müəllif hüquqları icazəsi üçün müəyyən vasitəçilərlə əlaqə qurduğunu bilirəm. Çünki Nazimin varisi öz doğma oğlu Mehmet Nazim idi.

-Pirayə xanımla Nazim Hikmətin sonrakı həyat yoldaşı Münəvvər  xanım heç görüşdülərmi?

-Nazim Hikmət vəfat etmədən öncə Münəvvərlə Pirayənin qarşılaşdığını bilirik. Kitablarda da bu barədə yazılıb. Ancaq Nazimin vəfatından sonra onlar heç vaxt görüşmədilər.

 -Nənəniz Pirayə xanım və atanız Mehmet Fuat Nazim Hikmətlə bağlı sizə nə miras qoyular?

-Nazim Hikmətlə mənim aramda qanuni bir miras bağlılığı yoxdur. Ancaq Pirayənin qoruyub saxladığı rəsmlər, həbsxanada hazırlanan taxta əl işləri, Pirayəyə yazdığı məktubların orjinalları,  bir çox şeir də Pirayədən biz övladlarına miras qalıb.

-Nazim Hikmətin daha çox hanşı şeirini bəyənirsiniz?

-“Kuvayi Milliye Destani” və “Memleketimden İnsan Manzaraları”nı hər kəs kimi mən də çox bəyənirəm.

Bu dördlüyü də çox bəyənirəm:

Sana düşman, bana düşman

Düşünen insana düşman

Vatan ki insanların evidir

Sevgilim onlar Vatana düşman.

-Nazim Hikmətin evli qadınlarla eşq macəraları barədə nə deyə bilərsiniz?

Bu çox daha çox şəxsi həyata daxildir. Bu mövzuda fikir bildirmək istəmirəm.

Nazim Hikmət

-Atanız Nazim Hikmətin ölümüylə bağlı nə söylərdi?  Pirayə xanım Nazim Hikmətin ölümünü necə qarşıladı?

-O illərdə mən uşaq idim. Buna görə də hər şeyi bilmirəm. Sonra isə bu mövzuda Pirayəyə heç bir sual vermədim.

-Pirayə xanım ona xəyanət etmiş həyat yoldaşı Nazim Hikməti bağışladımı?

-Pirayə xanım bu mövzularda heç vaxt danışmazdı. Amma təxmin edirəm ki, ər-arvad münasibətlərinə son qoyduğu bu insanın sənətinə, fikirlərinə hər zaman hörmət edib.

Xüsusi ilə qeyd edim ki, Pirayə “Sənətkarın həyat yoldaşı olmaq çətindir” deyirdi. Sənətkarların “ruh hallarının fərqli olduğunu, hər növ fakta (Təbiət, qadın, kişi, hadisələr kimi) tez bir zamanda aşiq ola bildiklərini və bu eşqlərin fırtınalı ola biləcəyini” deyirdi. Nazim də bu fikirlərə çox uyğun bir sənətkar idi. Bu düşüncəsinə görə Pirayənin Nazimi çox ittiham etmədiyini, ona qarşı çox incik olduğunu düşünmürəm.

-Bakı, Azərbaycana gəlibsiniz? Azərbaycanla bağlı nə düşünürsüz?        

-Azərbaycana heç vaxt getməmişəm. Sadəcə olaraq gözəl bir ölkə olması ilə bağlı tez-tez məlumatlar eşidərəm. Azərbaycan və Türkiyə xalqlarının çox yaxın olduğunu bilirəm.

-Sonda gənclərə həyatları və idmanla bağlı hansı tövsiyyələri vermək istərsiniz?

-İdman insanın sağlamlığı baxımından çox önəmlidir. İdmanla məşğul olarkən yüksək səviyyəli bir idmançı olacağınızı düşünməyin. Hədəfiniz yüksək olsun amma buna çata bilməsəniz də idmanın sizə bəxş edəcəyi faydaları qarışıdakı həyatınızda hiss edəcəksiniz. Birlik, paylaşmaq və ya itirmək duyğusu, komanda şəklində çalışmaq, məğlub olduqca xətalardan dərs götürüb yeni hədəflərə köklənmək, stressi yönəltmək kimi bir çox duyğuları idman və sənət sayəsində əldə edə bilərsiniz. Buna görə də idmanla məşğul olmaq çox önəmlidir.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Əfsanəvi Freddi Merkyuri azərbaycanlı idi?” – bacısı Kəşmirə Bulsara ilə EKSKLÜZİV MÜSAHİBƏ (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Freddi Merkyuri (Fərrux Bulsara) – Böyük Britaniyanın əfsanəvi müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox “Queen” qrupunun solisti kimi tanınır. Freddi Merkyuri parlaq səhnə performansı və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşıb.

1946-cı ildə Tanzaniyanın Zənzibar adasında anadan olub. Valideynləri Bomi və Cer Bulsara Hindistana köçən Pars Zərdüştləri olub. Onlar Hindistandan Zənzibara Bominin Britaniya Koloniya İdarəsindəki işləri ilə əlaqədar immiqrasiya ediblər. “Bulsara” soyadı Hindistanın Qucarat ştatındakı Bulsar (Valsad) şəhərinin adından götürülüb. Dünya rok musiqisinin kralı 45 yaşlı Freddi Merkyuri 1991-ci ilin 24 noyabr tarixində gözlərini əbədi olaraq yumub. Ölümünün əsl səbəbi kimi QİÇS-dən əmələ gəlmiş sətəlcəm xəstəliyi göstərilir. Mənsub olduğu Zərdüştlük dininə əməl etməsə də, dəfni bu dinin qayda-qanunları əsasında həyata keçirilir. Cənazəsi Kensal adında Yaşıl Qəbirsanlıqda yandırılır amma, külünün yerləşdiyi yer hələ ki, heç kimə məlum deyil. Freddi Merkyurinin özündən kiçik Kəşmirə adlı bacısı da var. Freddi Merkyurinin ailəsinin Azərbaycan əsilli olması da iddia edilir.

Əfsanəvi müğənni Freddi Merkyurinin bacısı Kəşmirə Bulsara (Kashmira Cooke – Bulsara) eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq baş tutan bu müsahibə zamanı Kəşmirə Bulsara ailəsinin kökləri və qardaşı Freddi Merkyuri ilə bağlı mühüm məqamlara aydınlıq gətirib. O, ailəsinin Azərbaycan əsilli olması ilə bağlı yayılan iddialara da ilk dəfə olaraq HafizTimes.com vasitəsi ilə münasibət bildirib. Kəşmirə Bulsara həmçinin Freddi Merkyurinin iki özəl şəkilini də təqdim edib:

Kəşmirə Bulsara (Kashmira Cooke – Bulsara) – 1952-ci ildə Zanbizarda anadan olub, orada təhsil alıb. Roger Cooke ile evlidir. 67 yaşı var. Samuel Cooke adlı oğlu var.

-Kəşmirə xanım hazırda nə işlə məşğul olursunuz?

-Brian May ilə Fredinin keçmişini çəkirəm.

-Uşaqlıq illəriniz necə keçib? Freddinin bacısı olmaq çətin deyildi ki?

-Mənim uşaqlıq illərim normal keçib. Bəzən Freddi ilə mahnı oxuyurdum. Freddinin bacısı olmaq bir az çətin idi.

-Freddi Merkyuri ilə aranızda hansı oxşarlıqlar var?

-Mənim gözlərim və üzüm ona çox oxşayır.

-Freddi Merkyuri necə bir insan idi? Heç vaxt unutmadığınız bir xatirənizi bizimlə bölüşərdiniz…

-Freddi çox utanan oğlan idi. Amma həm çox sevimli, həm də gözəl idi. Mən yaxşı xatırlayıram ki, bir gün o mənə gül almışdı. Gülü mənə verdi və bərk qucaqlayıb dedi: “Kaş, sən mənim ən yaxşı bacımsan”.

-F. Merkyurinin tez bir zamanda şöhrət, uğur qazanmasının sizcə sirri nə idi?

-Düşünürəm ki, Freddinin uğur qazanmasının sirri onun xarizması ilə bağlı idi.

-Freddi Merkyurinin tarixdə ən böyük xidməti nə olub? Sizcə onun hansı əməli nümunə götürülə bilər?

-Mənim qardaşım kim olduğunun axtarışında idi… Onun musiqi sahəsinə böyük təsiri oldu. Freddi özü idi.  Özü olmaq isə yaxşı bir örnəkdir.

Kəşmirə Bulsaranın ailəsi, həyat yoldaşı və övladları

-Freddi Merkyurinin bacısı olmaq necə hisdir? O, evdə, ailədə necə bir insan idi?

-Freddinin bacısı olduğum üçün çox xoşbəxtəm. O, evdə də çox utancaq idi. Hətta mən onu bizimlə yeməyə dəvət edəndə də mənə güllər alırdı.

İndi isə onun sevənlərinə çox bağlıyam.

-Kimi daha çox qardaşınıza oxşadırsınız? Ailədə ona oxşar biri var?

-Marc Martel fiziki və vokal olaraq mənə qardaşımı xatırladır.

-Freddi Merkyurinin həyatının belə tez sona çatmasına nə səbəb oldu?

Fredinin həyatı çox kədərli oldu. Onun ölüm səbəbi AIDS və “sətələcəm” oldu.

Onun videolarına və şəkillərinə baxanda çox özümü xoşbəxt hiss edirəm.

– Azərbaycana səfər etmisiniz? Azərbaycan barədə nə deyə bilərsiniz?

-Xeyr. Mən heç vaxt Azərbaycana getməmişəm. Ona görə də bu haqqda heç nə deyə bilmərəm.

Kashmira Bulsara, Sam Cooke, Brian May- Freddi Merkyurinin evində

-Freddi Merkyurinin ailəsinin Azərbaycan (Cənubi Azərbaycan-İran) əsilli olduğu idda edilir. Bu nə dərəcədə doğrudur?

-Xeyr!  Freddi də “İndian Parsi” idi! O, Fərrox Bulsara adı altında dünyaya gəldi. “Zoroastrian Parsi” idi!

-Sonda Azərbaycanda Freddi Merkyuri sevənlərə,oxuyucularımıza nə demək istərsiniz?

-Freddi hələ də sizi sevir…

(Qeyd edək ki, müsahibə Freddi Merkyurinin bacısı oğlunun dəstəyi ilə baş tutub)

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar