Bizimlə əlaqə

Müsahibə

“O, mənim dünyamı idarə edir”– Azərbaycanlı xanımla evlənən məşhur alman memar (EKSKLÜZİV)

Yayımlandı

da

“İçərişəhər Bakının ürəyidir. Bütün əcnəbilər oradakı dar küçələrin gözəlliyini, nəzakətini dərhal hiss edirlər”.

“Azərbaycanlı xanımla evli olduğuma görə özümü həqiqətən də xüsusi imtiyaz sahibi kimi hiss edirəm”.

Thomas Schinko – Məşhur memar, dizayner. “Vasconi” Memarlıq və Dizayn Studiyasının baş memarı. Dünyada ən dəbdəbəli, nəhəng və bahalı binaların memarıdır. Bakıda, Xəzər dənizinin sahilində bir çox heyrətamiz memarlıq nümunələrinin yaradıcısıdır. T. Schinko Azərbaycan tibb elminin görkəmli xadimlərindən olan Bəşir Quliyevin nəvəsi Aytən Mirzoyeva ilə evlidir. Xatırladaq ki, bir neçə il öncə ABŞ prezidenti Donald Tramp şəxsən Aytən Mirzoyevanı öz andiçmə mərasiminə dəvət etmişdi.

Thomas Schinko HafizTimes.com-a eksklüziv müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məqamlardan söhbət açıb, memarlıqla bağlı fikirlərini bölüşüb. “İçərişəhər”in gözəlliyinə, qədimliyinə heyran olduğunu vurğulayan məşhur memar, Azərbaycan ilə onu bağlayan əlaqələrə də aydınlıq gətirib. T. Schinko Bakının memarlıq xüsusiyyətləri ilə bağlı çox ciddi məqamları da açıqlayıb.

– 1970-ci ildə Almaniyanın cənubunda dünyaya göz açmışam. Texnologiyanın yüksək inkişaf etdiyi bir regionun övladıyam. Zəngin mədəni irsə və müasir incəsənət səhnəsinə malik bir regiondur. Ailəm çoxşaxəli mədəni köklərə malikdir: alman, fransız, İsveçrə və Avstriya. Fransa ilə sərhədin yaxınlığında böyüdüm. Təbii ki, möhtəşəm fransız mədəniyyətini, dilini mənimsədim. Parisdə Memarlıq ixtisası üzrə təhsil aldım. Karlsruhedə Politexnik Universitetinin məzunu oldum. Ecole de Bellevilledə tədqiqatlar apardım.

-Nə üçün memar olmağa qərar verdiniz?  

-Təbii ki, intuisiya ilə! Mən həmişə tikinti, dizayn və tarixi sevmişəm. Memarlıq çox nizam-intizamlı bir sahədir və insan həyatının bütün fəaliyyətlərinə toxunur. Mən də bütün sahələrə maraq göstərdiyim üçün təbii olaraq memarlığı seçdim. Memarlıq da elm, incəsənət, musiqi, mühəndislik, əyləncə və davamlı inkişaf kimi bütün insan fəaliyyəti növlərini ilə məşğul olmaq imkanlarını mənə təqdim etdi.

-Memar olmaq üçün çalışdığınız həmin illəri necə xatırlayırsınız? Yaxşı memar olmaq üçün nə etmək lazımdır?

Memarlıq məktəbimizin multimedia hovuzunda ağır iş və yuxusuz gecələr… Xüsusilə Parisdə təhsil aldığım zaman hər cür informasiyanı özünə soran bir süngər kimi idim. Mən hələ də bizim arxivlərin dərinliklərində araşdırmalar aparıram, gün ərzindəki bütün fəaliyyətimi qeyd edirəm.

-Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Bir çox layihə üzərində işləyirik: Kiyevdə “Metrople Plaza” və “Jelanskaya Towers”, yüksək istifadə imkanlarına malik olan “residenslər”, Parisdən bir saat uzaqlıqda Le Mansdakı məşhur yarış trekinin yaxınlığında bir eko-şəhər layihəsi və Nanjingdə enerjinin israfı ilə bağlı bir layihə… Çox sayda villa, ofis və yaşayış binaları…

-“Vasconi Architectes”in bu günə qədər keçdiyi yol, fəaliyyət sahəsi ilə bağlı bilmək istərik.

  -“Vasconi Architects” bir memarlıq laboratoriyasıdır. Uzun müddətli layihələr, masterplanlar, yaşayış və ofis binaları, sənaye obyektləri, opera və konsert zalları və səhiyyə müəssisələrinə sahibdir. Memarlıq və mühəndisliyə yanaşmamız hər  sahədə işləməyimizə imkan verir. Təbii ki, bu da sübutlarla əks olunur.  Texnologiya və elm mühəndisləri, landşaft memarları, dizaynerlər, eko-mütəxəssislər, sosioloqlar və rəssamlarla bir komanda şəkilində birləşmək bütün növ lahiyələri həyata keçirməyə imkan verir. Bu həmçinin yaxşı layihələrin uğurlu olmasına zəmanət verir. Dizayna yanaşmamız bizim opera və konsert zalları kimi daha çox sənət sahələrinə yönəlməyimizə kömək etdi. Bu gün də biz çalışaraq daha çox öyrənirik. Ən yaxşı nəticələr əldə etməyə çalışırıq! Dizayn, texnologiya və davamlı inkişaf sahəsində mükəmməl təcrübəyə sahib, böyük komandanın bir parçası olan bütün şəxsləri bu sahədə görməyi sevirik. Beləliklə hər bir layihə özündə müəyyən dəyərləri  daşıyacaq. Bu dəyərlər binanın tikinti və dizaynında iştirak edən bütün şəxslərə kömək edəcək. Hər  bina insanın daha yaxşı bir gələcəyi formalaşdırma qabiliyyətini ifadə edir.

-“Vasconi Architects” necə layihələr həyata keçirir? 

– 40 ildir ki, nüfuzlu, böyük miqyaslı şəhər layihələri və nəhəng dizaynlar hazırlayırıq. İnnovativ yaşıl texnologiyalar, ekoloji materiallar, enerjiyə qənaət edən dizaynlar tətbiq edirik. Təbii ki, bütün bunlar da istifadəçilərin tələblərinə cavab verir. Dizayn studiyamız bu təcrübəni lüks ofis binalarında, ən son texnologiyaya sahib otellərdə, yüksək səviyyəli yaşayış və sənaye binalarında, infrastruktur layihələri, tullantıları təmizləyən qurğularda və səhiyyə müəssisələrində tətbiq edir. Zaman keçdikcə biz inqilabi əhəmiyyət daşıyan, yüksək təsirli ekoloji dizaynlar yaratmaq üçün məşhur beynəlxalq mühəndislik şirkətləri ilə güclü əlaqələr qurduq.

Bu dizayn yanaşmamız nəticəsində bir çox beynəlxalq mükafatlara layiq görüldük: “Green Building Merit Award”, “FIABCI Prix d’ Excellence Award” və “Grand Prix d’ Architecture Midi-Pyrenees Award”,  “MIPIM Awards”, “SIMI Awards” və s. Şirkət Səudiyyə Ərəbistanında Riyad Beynəlxaq Konqres və Sərgi Mərkəzini (RICEC) dizayn etdi.(189 min kvadrat metrlik ).Binanın  dalğa formasındakı fərqli üst hissəsi hazırda Riyad şəhərinin ən məşhur dizaynıdır. Honkonqda Tuen Munda şəhərində dünyanın ən büyük palçıq təmizləmə qurğularını inşa emək üçün beynəlxalq  dizayn müsabiqəsinin qalibi olduq. “Vasconi Architects” məşhur “Hotel Melia Paris La Défense”i dizayn etdi. Zərif bina həcm və işıqla xarakterizə edilən şüşə prizamadır.

Bu yaxınlarda TDF Romainvilledə 19-cu əsrdən qalmış bir  qalada yerləşən yeni dizayn edilmiş “Tech-kampusu” nu açdı.  80-ci illərin sonlarında hazırlanmış və mədəni miras hesab edilən Radio və Telekommunikasiya Qülləsi də ora daxildir. Hazırda “Vasconi Architects” Kiyevdə qarışıq dizanlara sahib “Metropole” adlı layihə hazırlayır və ötən il onun innovativ dizaynına görə Londonda “European Property” mükafatına layiq görülüb.

-Daha çox hansı layihənizlə qürur duyursunuz?

– Honkonqda “T Park”, Parisdə “The Hotel Melia La Defense Hotel”… Açıq desəm ki, “Vasconi Architects” komandasının əzmi və fədakarlığı ilə hazırlanan hər bir layihə ilə qürur duyuram. Hər bir layihənin mövcudluğunun öz səbəbi var. Bəzən kiçik layihələr insanların gündəlik həyatına inandığımızdan daha çox təsir göstərir. Memarlıq ölçü və hündürlüklə bağlı deyil. Bu daha çox insanları ruhlandırmaq və onlar arasında əlaqələri daha da gücləndirməklə bağlıdır.

-Müştərilərinizi daha çox hansı şərtlərə əsasən seçirsiniz?

-Müştərilərimiz dizayn, davamlı və etibarlı binalar üçün bizi seçirlər. Onlar dizayn prosesində aktiv şəkildə iştirak edirlər. Və layihənin bir hissəsi olurlar, dəyərli dizayn qrupumuzla bir növ bütünləşirlər. Buna görə də yaxşı nəticələr əldə edə bilirik. Ən yaxşı bir memar öz müştərisi ilə tərəfdaş, ortaq, rəqib və bir dost ola bilmirsə, həmin memar öz dizaynında itib yox olacaq. Ev tikmək təvazökarlığın böyük bir nümunəsidir. Və ən əsası da etibar və sadiqliyə əsaslanır.

-Hansı ölkələrdə çalışmaq daha əlverişli və asandır?

-Hər şey müştərilərimizlə olan münasibətimizə bağlıdır. Və bunu dizayn və tikinti prosesinə cəlb olunmuş bütün qruplarla paylaşmağı bacarmaq lazımdır. Bu ölkələrlə bağlı deyil.

-Memarlığın inkişafını növbəti on ildə necə görürsünüz?

Renzo Piano, Riçard Rogers, Moneo, Vasconi və İ.M. Pei nəslinə heyranam. Əslində tikintiyə onlar kimi bağlı olan yeni nəsil görmürəm. Qorxuram ki, dizayn  memarlığa üstün gələcək, texnologiya da memarlığın yerini tutacaq. Mən hələ də optimistəm. Düşünürəm ki, memarlıq  cəmiyyətimizdə, qloballaşan dünyada, ekoloji problemlərin artdığı bir zamanda yenidən aktiv bir rol oynayacaq.

-Urbanizm layihələri ilə bağlı nə düşünürsünüz? Gələcək şəhərləri necə təsvir edərsiniz?

 İnanıram ki, böyük şəhərlər keçmişin dəyərlərinə geri qayıtmaqla intibah yaşayacaqlar. Bəşəriyyətin sürətli həyat tərzi və ətraf mühitlə harmoniyoda  olan şəhərlər yaradacağına inanıram. Ekoloji, təbii sərvətlərimizə zərər verməyən şəhərin sayı daha da çoxalacaq. Bu gün yer kürəsi məhdud bir qaynaqdır. Buna görə biz təbii parklar və bağlar ilə əhatə olunan və yüksək sıxlığa malik olan şəhərlər barədə düşünməliyik. Bu günün memarlarının ən böyük çətinliyi bəşəriyyətin böyüyən şəhərləşmə meyli ilə ətraf mühiti uzlaşdırmaq olacaq. Şəhərləri daha səmərləri formaya salmaq üçün innovativ yanaşmalara ehtiyacımız yaranacaq. Məsələn: Şəhər təsərrüfatı – əkinçiliyi, geniş tavanlı bağlar, “Sünger şəhər” və “Ağıllı şəhər” və s.

 

-Siz hansı şəhər layihələrini (Urbanizm) həyata keçirmisiniz?

Lüksemburqun Belval şəhərindəki keçmiş polad zavodunda, Berlində Borsig keçmiş fabrikin yenidən qurulması, Honkonqda “T-park” və “Le Mansdakı  Novaxud” eko-şəhər layihələrimiz innovativ ekoloji yanaşma ilə bağlıdır. Çirklənmiş keçmiş sənaye şəhərlərini yeni yaşayış bölgələrinə çeviririk. Yeni şəhər keçmiş, mövcud şəhərin üzərində inşa ediləcək. Beləliklə bizim şəhər mədəniyyətimiz daha da zənginləşəcək.

-Bunları yaratmaq üçün nədən ilham alırsınız?

– Memarlıq komanda şəklində idmandır. Komandanın hər bir oyunçusu “qutudan kənar düşünərək” yenilikləri qəbul etməli və  müştərisinə ən yaxşı formada təqdim etməlidir. Ən yaxşı ilham mənbəyim bizim dizayn işlərimizi müzakirə edən əməkdaşlar, mühəndislərlə bağlıdır. Bəzən intuisiya ən yaxşı ilham mənbəyinə oxşayır. Çünki beynimiz bəzən çox informasiyalara görə yorğun olur. Musiqiyə qulaq asmaq, ifa etmək, sənətə meyl, rəsm çəkmək intuisiyalarımınızı, qavrayışımızı daha da gücləndirə bilər. İncəsənət, elm və texnologiya dünyası ilə hər hansı bir qarşılıqlı əlaqə, məni uzun və yorucu memarlıq yoluma davam etməyə təşviq edir.

-Bakının memarlıq – dizaynı barədə nə düşünürsünüz? Azərbaycanda hansı binaları bəyənirsiniz? Bakı, Azərbaycanla bağlı fikirlərinizi bilmək istərik.

– Yuxarıda qeyd etdiyim səbəblərə görə öz istehkamlarını qoruyub saxlayan şəhərlərə heyranam. “İçərişəhər” Bakının ürəyidir. Bütün əcnəbilər hakim küləklərdən müdafiə olunan, mikro iqlimin hökm sürdüyü kiçik evlərin, dar küçələrin gözəlliyini, nəzakətini dərhal hiss edirlər. Bakıya memarlıq dünyasında gözəl tarixi olan böyük bir şəhər  kimi heyranam. Onun zərif memarlıq inciləri İran, Avropa və Qafqaz təsirlərini özündə birləşdirir.

Bakı regionun ən gözəl və nüfuzlu metropol şəhərlərindən biridir. Azərbaycan caz musiqisinin böyük bir pərəstişkarı kimi qeyd etməliyəm ki, keçmişin və bu günün bəzi dizaynları incə xəttlər və titrəyişlər axını ilə bir az sürətləndirilib.Bu da Azərbaycanla bağlıdır. Zaha Hadid imzası daşıyan həmin bina da bu zərif axının bir hissədir və bu şəhərin memarlığa, dizayna necə böyük önəm verdiyini göstərir. Bakı inkişaf edən və insanlara hörmət edən bir şəhərdir.

-Siz bir memar kimi Bakıda nələri dəyişmək istərdiniz?  

– Biz elə bir intensiv şəhərlər yaratmalıyıq ki, insanlar həm oradakı sıxlıqdan, həm də əsl təbiətdən zövq alsınlar. Bakı Xəzər Dənizinin sahilində yerləşən bir şəhərdir. Bu isə müxtəlif gözəllikləri ortaya çıxarmaq, həmçinin də davamlı böyümək üçün əlavə fürsətlər təqdim edir. Bakı özünün daxilindəki gözəlliyi, gizliliyi, mədəniyyət və ənənələri üzə çıxarmalıdır. Hər bir şəhər oradakı cəmiyyətlərin ifadəsidir. Səmərqənd, İsfahan, Paris, Nyu-York kimi… Güclü şəhərlər güclü bir kimliyə sahibdir. Qlobal dünyada başqalarını təqlid etməyə çalışmamalıyıq. Fərqimizi, ənənələrimizi qürurla təqdim etməliyik. Beləliklə, Bakı da Avropa, Qafqaz və İran (Fars) arasında öz yerini, kimliyini tapacaq.

-Tarixi abidələr sizin üçün nə məna ifadə edir? Qədim abidələrin qoruması ilə bağlı hansı işlər görülməlidir?  

– Vaxtımın çox hissəsini tarixi binalar və onların bərpasını öyrənməyə həsr etmişəm. Həmin tarixi binaların qorunmasında iştirak edən bütün həmkarlarıma dərin hörmət bəsləyirəm. Köhnəlik və yeniliyin bir yerdə tutulmasını, yolların, ictimai yerlərin, parkların gələcək nəsillər üçün qorumasını vacib hesab edirəm. Bu növ şəhərlər sonsuzadək valığını qorub saxlayar və hər nəsil onun nə məna ifadə etdiyini müəyyən edə bilər.

Mən  İ.M. Pei-nin Louvre yenilənməsinin gözəlliyini sevirəm. Bu şəhərə ikinci həyat bəxş edir.  Piramida bu gün Parisin simvolik abidələrindən biridir. Tarixi abidə ilə müasir metropol şəhərin ifrastrukturları arasındakı bu səmərli əlaqəni çox bəyənirəm.  Antik şəhər həmişə mübadilə, ticarət, tədris, toplaşma, yaşamaq üçün bir yer idi.  Tarixi şəhərlərimizi  qorumalıyıq. Şəhərlər nəfəs almalı, yaşamalıdırlar. Hər bir nəsil öz şəhərində keçmişini silmədən yaşamaq və ifadə etmək hüququna malik olmalıdır. Mən köhnə binaların yenidən  istifadəyə verilməsini düşünürəm. Çünki bu həmin binaların gələcək əsrlərdə də varlıqlarını qorumaları üçün bu ən yaxşı üsuldur. Təəssüf ki, hazırda Parisdə Notr – Dam-ın yenidən qurulması ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, UNESCO-nun Bakıdakı növbəti  qurultayında bu abidənin yenidən qurulması ilə bağlı müzakirələrin şahidi olacağıq. Qlobal irsi hər kəs qorumalı, sahib çıxmalıdır.

Sizin uğur sirriniz nədir?

– Müvəffəqiyyət nisbi və dəyişkəndir. Həmçinin işimizin yeganə aparıcı elementi olmamalıdır. Bizim peşə dəyərlərə əsaslanan bir çox başqa peşələr kimidir. Layihələri həyata keçirməklə yanaşı bu dəyərləri də qoruyub saxlamağı bacarmaq deməkdir. Bir müştəriyə və yaxud layihəyə “xeyr” demək  memarlar üçün bəzən ən böyük çətinlikdir.

Mən güclü dəyərləri olan və təmiz vizyona malik bir studiyada böyüdüm. Mənim ən böyük müvəffəqiyyətim gündəlik həyatımızı yaxşılaşdırmaq, planetimizdə yaxşı bir yer hazırlamaq, bunun kimi insani dəyərlərimizi  mümkün qədər geniş yaymaqla bağlıdır. Beləliklə bütün bunlar bəşəri dəyərləri əks etdirən memarlıq fürsətlərini ortaya çıxaracaq.

-Bir tələbəni yaxşı memar kimi yetişdirmək üçün nə etmək lazımdır? Gənclərə uğur qazanmaları ilə bağlı hansı məsləhəti verərsiniz?

– Memarlıq sürət yarış, marafon deyil. Strategiya və dözümlülükdür. Memarlıq  sizi öz ambisiyalarınıza məhkum edə bilər. Biz gənc memarları risk almağa, dərhal hərəkətə keçməyə təşviq edirik, ruhlandırırıq. Bəzən özlərini gərgin hiss edirlər, tərk edirlər. Memarlıq bir ehtirasdır.  Sonsuz sayda dizaynlar hazırlarkən bu ehtirasın bizi könüllü bir məhkuma çevirəcəyini də bilirik. Həmçinin həyat da qısa və məhduddur. Memarlıq inşa etməklə bağlıdır. Buna görə də tövsiyyə edirəm ki, yaxşı memarlıq təcrübəsi keçsinlər, tikinti yerlərini  ziyarət etməkdən qorxmasınlar.

-Bildiyimiz kimi, siz Azərbaycanda hörmətli bir ailəni təmsil edən Aytən Mirzoyeva ilə evlənmisiniz. Bu nikah həyatınıza, karyeranıza necə təsir edir? Sağlam, möhkəm ailəni necə təsvir edərsiniz? 

– Memarlıq, musiqi və incəsənətə olan heyranlığımı bölüşə bilən gözəl bir azərbaycanlı xanımla evli olduğuma görə özümü həqiqətən də xüsusi imtiyaz sahibi kimi hiss edirəm. Biz ruh əkizləriyik və ayna kimi bir-birimizi əks etdiririk.

“Hazırda həyatım zəngin Azərbaycan mədəniyyəti və möhtəşəm mətbəxi ilə əhatələnib”.

Aytən uzun müddət Nyu-Yorkda olduğu üçün biz xaricdə yaşamaq və öz yolumuzu qurmaq kimi eyni təcrübəni bölüşürük. Bu sizin əhatə dairənizi genişləndirir, öz mədəniyyətiniz və şəxsiyyətinizlə olan bağınızı gücləndirir. Beləliklə, Kənan və Aytən öz ölkələrinin gözəl səfirləridir. Nəticədə mənim bizim ev üzərindəki təsirim studiyamla yekunlaşır. Çinlinin dediyi kimi: “Mühüm suallar kişi tərəfindən müəyyənləşdirilir,  ancaq indiyə kimi heç bir vacib qərar verməyib”. Beləlik mənim xanımım mənim dünyamı idarə edir.

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

“Atam baş nazirin ailəsinin süründüyünü görüb və qızı ilə evlənib” – N.Yusifbəylinin nəvəsi ilə TARİXİ MÜSAHİBƏ (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Evimizdə heç kim babam Nəsib bəy Yusifbəylidən bəhs etməzdi”

“Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb”

“Bundan sonra atam baş nazirin qızı ilə evlənməyə qərar verib”

“Bəlkə babamı da ermənilər öldürüb”

“Bütün həyatları boyu Vətən həsrəti ilə yaşamalı oldular”

“Atam deyərdi ki, ermənilər azərbaycanlılara qarşı hər zaman düşmən münasibəti bəsləyib”

“Ağ ruslar” da bizim evimizdən əksik olmazdı”

“Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar”

Oğuz Yusuf Göygöl – Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən biri, Azərbaycan hökumətinə başçılıq etmiş tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsidir. Atası Mirzə Göygöl Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri olub. Əmisi Çingiz Göygöl Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi, Azərbaycan Milliyyətçilər Dərnəyinin başqanı idi. Anası Zöhrə Yusifbəyli-Göygöl Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Nəsib bəy Yusifbəylinin qızıdır. Nənəsi Şəfiqə Qaspıralı-Yusifbəyli məşhur Krım tatar ictimai xadimi, “dildə, fikirdə, əməldə birlik” ideyasının müəllifi İsmayıl Qaspıralının qızıdır.

Tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsi Oğuz Yusuf Göygöl Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq  HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Oğuz Yusuf Göygöl ailəsi ilə bağlı illərlə gizli qalmış bir çox məqamlara aydınlıq gətirib. O, həmçinin ailəsinin fotoşəkillərdən ibarət şəxsi arxivini HafizTimes.com-a təqdim edib.

-Əvvəlcə özünüz haqqında danışaq. Uşaqlığınızı necə xatırlayırsınız? Göygöl ailəsində böyümək necə idi? İndi harada yaşayırsınız?

-Mən uşaq olan zaman həmişə İstanbulda, Yeşilköydə böyük bağçası olan evlərdə, hətta “köşk”lərdə kirayə qalardıq. Qohumlarımız bizə gələrdilər, bütün yay tətillərini bizimlə keçirərdilər. Evlərimiz hər zaman dəniz sahilində olardı. Anamın dayısı Heydər də Türkiyədə təhsil aldı. Daha sonralar isə Kayseridə məskunlaşdı. Həyat yoldaşının möhtəşəm bir sarayı da vardı. Çox zəngin idilər. Heydər dayı ailəsi və xidmətçiləri ilə bizə gələr, bütün yayı birlikdə keçirərdik. Onlar üçün üç növ süfrə qurulardı. Hətta xüsusi aşbazımız da vardı.

(Çingiz Göygöl, qardaşı Mirzə Göygöl və nəvə Tuluğ)

Xəlil dayi (Has?) bir gün atamı kənara çəkib məsləhət verdi ki, bu evdən heç vaxt qonaq əksik olmur, belə davam edə bilməz. Cavad qardaş da oxuyub həkim oldu. Atamın “yeğeni” idi, oxumaq üçün İrandan İstanbula gəlmişdi. O da bizimlə birlikdə yaşadı. Atamın Berlindən də tələbə yoldaşları gələrdilər. Atamın süfrəsi axasında həmişə xeyli insan əyləşərdi. Maaşı çox yüksək olsa da, heç vaxt pulu bir yerə toplayıb zəngin ola bilmədi. Bütün dostlar, qohumlar varlandılar, bizdə də yeyib-içdilər. Bundan sonra Cavad bəy Azərbaycan əsilli iranlı, çox zəngin bir xanımla ailə qurdu.

(Zöhrə Yusifbəyli və oğlu Oğuz Göygöl)

Mənim uşaqlıq illərim gözəl keçdi. Dəniz sahilində yaşamaqdan həzz alırdım. Yesilköy çox kosmopolit bir bölgə idi və xeyli sayda qeyri-müsəlman ailələr yaşayırdı. Onların uşaqları yay tətilində ataları ilə işləməyə məcbur idilər, biz isə (qardaşım və mən) səhər duran kimi dənizə gedirdik. 1952-ci ildə Almaniyanın Darmştadt şəhərinə təhsil almağa gəldim. 1963-cü ildən bəri Hamburqda yaşayıram.

(Məhəmməd Əmin Rəsulzadə də fotoda yer alıb)

-Ailənizin Azərbaycandan olduğunu nə vaxt öyrəndiniz? Atanız Mirzə Göygöl Azərbaycan haqqında sizə nələr danışardı?

-Atam öz millətini çox sevən bir insan idi. Bizə xüsusilə Gəncənin nə qədər gözəl olduğunu söylərdi. Azərbaycanı cənnətin bir hissəsi kimi təsvir edərdi. Azərbaycanın müstəqillik ildönümlərində bütün qohum-əqrabaları, dostlarını başına toplayıb həmin günü qeyd edərdilər. Bunun üçün gözəl yerlər icarəyə götürüb, əyləncələr təşkil edərdilər. 28 may 1918-ci il Azərbaycanda Cümhuriyyətin yaranması günüdür

(Mirzə Göygöl və xanımı Zöhrə Yusifbəyli)

-Bizə mərhum atanız Mirzə Göygöl, ananız Zöhrə Göygöl-Yusifbəylidən bəhs edin. Göygöl ailəsinin həyatını sizdən öyrəmək istərik. Valideynləriniz necə tanış olublar, evləniblər? Türkiyəyə köçməli olduqdan sonra hansı çətinlikləri yaşadılar? Axı ananız Zöhrə xanım Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin yeganə qızı idi…

-Atam millətçi bir insan olduğu üçün anamla nənəmin (Nəsib bəy Yusifbəylinin qızı və həyat yoldaşı: Zöhrə Yusifbəyli və Şəfiqə xanım Qaspıralı) İstanbulda tək yaşadıqlarını biləndə onları axtarır tapıb. Nənəm iki uşağı ilə birlikdə Sevastapoldan İstanbula qaçmağı bacarıb. Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) Qalatasaray Liseyində təqaüd ilə təhsil alıb. Anam isə Erenköydəki qız liseyindən məzun olub.

(Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım İstanbulda)

Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb. Daha sonra kim olduqlarını araşdırıb tapıb. Azərbaycan baş nazirinin həyat yoldaşı və uşaqlarının belə ağır vəziyyətdə yaşamaları atamı çox məyus edib, kədərləndirib. O, anamla evlənməyə qərar verib. Nənəmi də (Şəfiqə xanım Qaspıralı) öz yanlarına gətiriblər, birlikdə yaşayıblar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) isə ərzurumlu zəngin bir ailənin qızı ilə evləndi.

(Bu şəkili illərlə nənəm qoruyub, saxlayıb)

İş qurmaları üçün qayınatası onlara sərmayə verdi. Fəqət dayımı aldatdılar və təəssüf ki, pullar batdı. Dayım heç nəsiz ortalıqda qaldı. Daha sonra bir liseydə müəllim kimi çalışmağa başladı. Atam anamla evləndikdən sonra nənəmlə yanaşı, dayım da onlarla birlikdə yaşamağa başladı. Onlara da atamgil baxırdı.

Atam məni Almaniyaya göndərəndə dedi ki, heç vaxt alman qadınla evlənmə. Dostlarının hamısı alman qadınla evlənib, boşanmışdılar. Mən də atama qulaq asmadım. Atam haqlı idi. Alman qadınla nikahımız davam etmədi və ayrıldıq.

(Mirzə Göygöl, Zöhrə xanım, Oğuz bəy, Nuran xanım və Neriman Aykut)

-Göygöl Azərbaycanda Gəncə şəhəri yaxınlığında məşhur bir göldür. Necə oldu ki, siz “Göygöl” soyadını qəbul etdiniz? Atanız bu barədə sizə nə danışıb?

-Atamgilin keçmiş soyadı “Hacızadə” olub. Türkiyədə soyadla bağlı qanun tətbiq edilən zaman məmurlar atama deyiblər ki, “elə hacı-macı olmaz. Özünüz üçün başqa bir soyad tapın”. Cavad bəy tez “Gəncəli” soyadına sahiblənib. Atam da “Göygöl” sözünü soyad kimi qəbul edib. Hətta illər sonra atam öz evini qurarkən binanın adını “Gəncə” qoydu.

(Şəfiqə xanım Qaspıralı-Yusifbəyli)

– Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan babanız Nəsib bəy Yusifbəyli və həyat yoldaşı Şəfiqa xanım haqqında nələr bilirsiniz? Ananız ailəsi haqqında sizə nələr danışardı?

-Anam ailəsi haqqında danışanda yalnız İsmayıl Qaspıralıdan bəhs edərdi. Atası haqqında danışmazdı. Babam və nənəm haqqında çox şey bilmirəm. Nənəm kədərlənməsin deyə babam haqqında evdə heç kim danışmazdı.

(Babamın qoruyub saxladığımız rəsimi)

-Nənəniz Şəfiqə xanım Qaspıralını (Nəsib bəy Yusifbəylinin xanımı) necə xatırlayırsınız? Şəfiqə xanım Nəsib bəydən ayrıldıqdan sonra necə yaşadı?

-Qohumlarımızdan başqa bir çox rus dostumuz vardı. Onlar İstanbuldan qatara minib, Yesilköyə bizə qonaq gələrdilər. Yemək yeyib, çay süfrəsi açardılar. Corc adlı bir nəfəri də xatırlayıram. Rus kolbasalarını gətirib bizimkilərə satardı. Nənəm evimizə gələn qonaqları qarşılardı, yola salardı, uşaqlarla vaxt keçirərdi.

(Mirzə Göygöl, Zöhrə, Səlcuk, Oğuz Yusuf)

-Şəfiqə xanım həyat yoldaşı Nəsib bəy Yusifbəylidən necə bəhs edərdi?  Nəsib bəylə Şəfiqə xanım ayrılmışdılar? 

-Evimizdə bu mövzuda heç kim danışmazdı. Çünki nənəm çox kədərlənirdi. Nənəmi incitməmək üçün heç kəs bu barədə söhbət açmazdı.

-Nəsib bəy Yusifbəylinin öldürülməsi, məzarının yeri ilə bağlı nə bilirsiniz? Ailədə bu barədə nə danışardılar? Ananız Zöhrə xanım atasından necə bəhs edərdi? Nəsib bəyin də qatili ermənilərdi?

-Gəncənin yaxınlığında azərbaycanlı və ermənilərdən ibarət yanaşı kəndlər olub. Bəzi erməni kəndliləri azərbaycanlıları təhdid edib oradan keçmələrinə mane olurlarmış. Atam da çox ehtiyatlı hərəkət edərmiş. Bəzən erməni kəndliləri qışqırırlarmış ki, “kəndə ayaq basma, səni öldürəcəyik”. Bəlkə babamı da onlar öldürüb. Amma bununla bağlı məndə dəqiq məlumat yoxdur.

Anam heç vaxt öz atasından bəhs etməzdi. Rus qonaqlar daim ətrafımızda idi. Gələn qonaqlar bir-biri haqqında qeybət edərdilər. Anam və nənəm isə sadəcə olaraq onlara müvəqqəti xoş münasibət göstərərdilər. Yəqin ki, anam babamla bağlı onlara məlumat ötürmək istəməyib.

-Azərbaycan Cümhuriyyətinin Ədliyyə naziri, görkəmli şəxsiyyət eyni zamanda qohumunuz olan Halil Has Mehmet Gürgören (Xəlil bəy Xasməmmədov) haqqında nə bilirsiniz?

-İnsanlar daim bizə gəlib, gecə yarısına qədər söhbət edərdilər. Onların arasında “Xan” adlı biri də vardı. Çox güman ki, o da önəmli bir insan idi. Atam onlara deyirdi ki, Azərbaycan cənnət kimi bir ölkədir, həyət-bağlarının gözəlliyindən söz açardı. Atam ermənilərin azərbaycanılara qarşı hər zaman düşmən münasibəti bəslədiklərini də qonaqlara danışardı. “Ağ ruslar” da bizim evimizdən əksik olmazdı. Halil Has Mehmet Gürgörenin ailəsindən heç kimi tanımıram. Valideynlərim sağ olsaydılar onlar barəsində bilərdilər.

(Mirzə Göygöl, Çingiz Göygöl və nəvə Tuluğ)

-Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi olan əminiz Çingiz Göygöl necə bir həyat yaşadı? Əminizin övladları ilə əlaqə saxlayırsınız?

-Əmim Çingiz inşaat mühəndisi idi, öz şirkəti vardı. Evlərin damını tikirdilər. Qazancı bol idi. Biz uşaqlara həmişə xərcləmək üçün pul verərdi. Təəssüf ki, əmim qızı Türkizlə əlaqəmiz kəsildi. Əmim çox vaxt kefsiz olurdu. Çünki onun heç oğlan övladı olmamışdı. Daha sonralar isə çoxlu oğul nəvələri oldu.

-Azərbaycanla bağlı hansı xatirələriniz var? Azərbaycan sizin üçün nə deməkdir? Gəncəyə gəlmək istəyərsiz?

-Atamın iki böyük bacısı (sürgündən gəliblər) illər sonra Hamburqa bizi ziyarət etməyə gəlmişdilər. Daha sonra Viesbadendə yaşayan bacım Şuləyə də baş çəkdilər. Birlikdə çox gözəl vaxt keçirdik. Təəssüf ki, mən heç vaxt Azərbaycana getməmişəm.

Anam və atam quru yol ilə Azərbaycana gedəndə Naxçıvandakı erməni gömrük məmurları onlara qarşı ədəbsizlik edərlərmiş, çox kobud və qəddar münasibət göstərirlərmiş.

İndi isə Azərbaycana getmək çox asandır. Amma mən qocalmışam. İnşallah qızım və nəvələrim bir gün Azərbaycana gedərlər.

Atam həmişə vətən həsrəti ilə yaşadı. Anam da, atam da öz vətənlərindən uzaq düşdülər. Bütün həyatları boyu bunun kədəri ilə yaşamalı oldular. Mən də vətənim olan İstanbul, Türkiyəmi itirdim. Uşaqlığımın, gəncliyimin keçdiyi ölkə, şəhər artıq yoxdur və ya çox uzaqda qalıb.

(Meral Qaspıralı və Tuluğ Göygöl)

-28 May Azərbaycan Xalq Cümhuriyyətinin ildönümüdür (1918-ci il). Ailəniz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərindəndir. Azərbaycanda sizi sevən insanlara nə demək istərsiniz?

-İnsanlar bir-birlərinə hörmət etməli, yaxşı yola getməlidirlər.

-Cənnət Vətəninizi qoruyun, sahib çıxın.

-Bir millət, iki Cümhuriyyət.

-Sevgi, hörmət və salamımı göndərirəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

ABŞ Prezidenti Vilsonun nəticəsi: “AXC diplomatlarının 100 il öncəki bu fəaliyyətini dəyərləndirirəm” (TARİXİ MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

Hafiz Əhmədov

HafizTimes.com

(Tüstü ilə hazırlanmış əsər)

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `Azərbaycan gəncləri, həmişə səmimi və dürüst olun` (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Uşaqlarım mənim əsas ilham mənbəyimdir

“Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq”

“Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar”

“Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildim”

Eros Ramazzotti — Məşhur italyan müğənni və bəstəkar. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edir. O, Adriano Çelentano, Andrea Baçelli, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin və digərləri ilə duet oxuyub. Geniş vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar. Müğənni ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir. Bu günədək 14 albomu işıq üzü görüb.

Dünya şöhrətli müğənni Eros Ramazzotti eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox maraqlı məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nələr çatışmırdı?

-Uşaqlığım çox sevdiyim, gözəl bir dövrdür. Sevgi olduğu üçün hər şeyimiz vardı.

 -İllərlə zirvədə qalmağı necə bacarırsınız?

Bu yalnız bir iş deyil: mahnı oxumaq mənim həyatımdır. Gördüyünüz işi sevsəniz və qərarlı olsanız istədiyiniz hər şeyə nail ola bilərsiniz. Heç bir şey verilmir, amma hər şeyi qərarlılıq və ağır zəhmətlə fəth etmək olar. Əlbətdə ki, lazımi vaxtda bir az şans da kömək edə bilər.

-Bu ağır günlərdə sizi motivə edən nədir? Necə yaradıcı qala bilirsiniz?

-Kiçik şeylərdən ilham alıram: gəzməyə çıxmaq, uşaqlarımla oynamaq və söhbət etmək və təbiətlə təmas qurmaq.

-Uğurunuzu nəyə borculusunuz?

-Çətin iş və səmimiyyətin həmişə qarşılığı olur.

 -Gələcək üçün hansı planlarınız var? Sevənlərinizə nə söyləmək istərsiniz?

-Həmişə yeni musiqi və əsərlər üzərində işləyirəm. Özümü aktiv və motivasiyalı tutmağı sevirəm. Tezliklə yenidən qarşılaşacağıq.

– “Vita ce n’è” nin uğur sirri nədir?

-Vita Ce N’è çox səmimi bir ifadır, əsas mövzu sevgidir: sevgi hər şeyin mərkəzidir, hər kəsin inana biləcəyi nikbinlikdir.

-Mahnılarınızın ilham mənbəyi nədir? Kimin üçün yazmaq istərsiniz?

-Musiqimi  hər zaman ürəyimlə yazıram: duyğularınızı yazmaq və onları musiqiyə çevirə bilmək bir hədiyyədir. Və əgər bunu səmimiyyətlə etsəniz, insanlar onu hiss edəcəklər və hər şeyi sizə qaytaracaq. Uşaqlarım mənim əsas ilham mənbəyim, məni hərəkətə gətirən mühərrikdir. Ancaq gündəlik həyatın anlarından, yaşadığım və ya mənə söylənən hekayələrdən ilham alıram.

-Öhdəsindən gəldiyin ən böyük əngəl nə olub?

-Uçmaq qorxum.

– Qəbul etdiyiniz dəyərləri musiqinizdə necə tətbiq edirsiniz?

-Sadəcə hisslərimdən və həqiqətən kim olduğumdan danışıram. Bu, təbii bir prosesdir, kim olduğum mövzusunda sadəcə olaraq dürüstəm.

-Sizin izinizlə getmək istəyən birinə nə məsləhəti verərsiniz?

-Zəhmət həmişə qarşılığı olur. Xəyallarınıza sadiqsinizsə və özünüzə inanırsınızsa, sonda hər şey qaydasında olacaq.

-Necə xatırlanmaq istərsiniz?

-Bu barədə heç düşünmürəm. Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildin.

-Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

-Müəyyən bir şüarım yoxdur: həyatda təəssüflə yaşamamalıyıq, ancaq hər zaman inam və ümidlə  gələcəyə baxmağa çalışmalıyıq.

 -Həmişə gənc görünməyi necə bacarırsınız?

-Gənc qalmağa deyil, sağlam olmağa köklənmişəm. Hər gün məşq etmək, yerimək, açıq havada olmaq, sağlam yemək və yaxşı yatmaq üçün əlimdən gələni edirəm. Hamısı budur.

-Zamanı geriyə çevirsəydiniz siz hara qayıdardınız?

-Peşimanlıq hissi ilə yaşamıram: etdiyim hər şeyi edərdim.

-Nə vaxt çox xoşbəxt olursunuz?  Almaq, yoxsa vermək daha yaxşıdır?

-Şübhəsiz ki, vermək.

-Azərbaycan, Bakı necə xatırlayırsan? Azərbaycanlılarla bağlı unudulmaz xatirəniz nədir?

-Bütün dünyadakı pərəstişkarlarımla görüşə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanlılar da konsert turum zamanı məni çox isti qarşıladılar. Bu mənim üçün çox gözəl bir xatirədir.

-Azərbaycanın məşhur musiqiləri, Muğamlar haqqında heç eşitmisinizmi? Yenidən Azərbaycana səfər etmək istərsinizmi?

-Bu barədə eşitməmişəm. Amma həmişə yeni musiqilər tapmaqda maraqlıyam, təşəkkür edirəm. Konsert turu üçün getdiyim şəhərləri nadir hallarda gəzə bilirəm. Buna görə də bir gün Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

-Xəyallarınıza həmişə inanın, hər zaman özünüzə və digər insanlara qarşı səmimi və dürüst olun.

Hafiz Ahmadov

HafizTimes.com

`Azərbaycana getmək istəyərəm` – Əfsanəvi rok ulduz Bryan Adamsla eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz.

Oxuyun

Trend yazılar