Bizimlə əlaqə

Köşə yazısı

Natiq Əliyevin tələbə yoldaşı: “İkimiz də fəhlə işləyirdik…” (EKSKLÜZİV-FOTOLAR)

Yayımlandı

da

Akif Nərimanov mərhum energetika naziri Natiq Əliyevlə tələbə yoldaşı, həm də yaxın dost olub. Onların dostluğu 1970-ci ildən başlayıb. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alan Akif Nərimanov tələbə yoldaşı, mərhum nazir N. Əliyevlə bağlı xatirələrini HafizTimes.com-la bölüşüb.

– Natiq Əliyevin vəfatı mənə çox pis təsir etdi. Qrup yoldaşım, ən yaxın dostumu itirdim. Bu, bizim üçün çox ağırdır. Qrup yoldaşlarımızdan bir-iki nəfər sağ qalmışdı. Natiq də bizi tərk etdi.

O, həmişə özünə qarşı çox tələbkar idi. Bizdən fərqli olaraq dərslərə ciddi yanaşardı. Hətta tənəffüs zamanı da kitab oxuyardı. Təcrübə keçən zaman Neft Daşlarında bir yerdə olmuşduq. Çilov adasında onunla birlikdə fəhlə işləmişəm. Adada fəhlə işləyəndə Natiq kitablarla maraqlanırdı. Deyirdik ki, axı biz məktəbi bitirmişik, bu kitablar sənin nəyinə lazımdır? Cavab verirdi ki, birdən gələcəkdə lazım olar. Adada günün istisi, yorğun olmağımıza baxmayaraq, Natiq boş vaxtını kitab oxumaqla keçirirdi.

Natiq həm yaxşı dost, həm də sədaqətli insan idi. Tələbə vaxtı futbol oynamağı sevirdi. Cinah müdafiəçisi kimi oynayırdı. Düzdür, hərdən ayaqları şişirdi. Amma müdafiədə ondan yaxşısı yox idi.

Biz tələbə olanda Natiqin ailəsi Razin (İndiki Bakıxanov) qəsəbəsində yaşayırdı. Natiq həm də gülərüz insan idi. Yaxşı yumor qabiliyyəti vardı. Həmişə bizə lətifələr danışardı. İmtahanlar başlayanda Natiq yoxa çıxırdı. 2-3 gündən sonra bilirdik ki, o imtahanlara görə evdən bayıra çıxmır.

Ovla məşğul olmağı sevirdi. Birlikdə tez-tez ova gedərdik. Həmin günləri heç vaxt unuda bilmərəm.

– Natiq Əliyev vəzifəyə gələndən sonra da sizinlə dostluq edirdi?

-Bəli, Natiq vəzifəyə gələndən sonra da dostlarını atmadı. Onun üçün dostluq, qardaşlıq önəmli idi. Biləndə ki, hansısa tələbə yoldaşının vəziyyəti pisdir, mütləq ona kömək edirdi. Natiq çalışırdı ki, hamıya əl tutsun. O, nə edirdisə, qanun çərçivəsində edirdi.
Natiq tələbə vaxtı necə idisə, nazir vaxtı da elə idi. Onu vəzifə dəyişməmişdi.

Qrupumuzda bir-iki nəfər ingilis dilini bilirdisə, onlardan biri də Natiq idi. Vaxtı olanda ingilis dilində kitablar oxuyurdu.

Natiq hər addımında dövləti düşünürdü. Onun üçün dövlət hər şeydən üstün idi. Təəssüf ki, qrup yoldaşlarımızın çoxu infarktdan dünyasını dəyişib. Natiq üçün ilk növbədə iş idi, özünə o qədər də vaxt ayırmırdı.

Neft Şirkətinin rəhbəri olanda işləri çox ağır idi. Hər şeyə diqqət yetirirdi. Natiq neft geologiyası üzrə təhsil alsa da, sonradan iqtisadiyyat sahəsini öyrənməyə başladı. İqtisadiyyat üzrə elmlər doktoru adına layiq görüldü.

– Natiq Əliyev necə bir ailədə böyüyüb? 

– Onun atası da çox gözəl insan idi. Natiq ailəsindən icazəsiz addım atmazdı. O, ailəsinə bağlı insan idi. Atası baş həkim işləyirdi. Natiqin atası bizə qarşı da mehriban idi.

Natiqin toy mərsimində də onun yanında idik. Çox gözəl məclis keçmişdi.

Bir dəfə onun qəbulunda idim. Nəvəsi zəng vurdu. Gördük ki, Natiq onunla danışanda tamamilə dəyişdi. Nazir olmasına baxmayaraq, çox səmimi idi.

– Fəhləlikdən nazir vəzifəsinə yüksəlmək necə mümkün oldu?

-Natiq işdən qorxan adam deyildi. O, nə qədər çətin olsa da, işdən qaçmırdı. Biz üçüncü kursdan sonra fəhləlik etməyə başladıq. Qazma idarəsində fəhlə kimi çalışırdıq. Bundan başqa Neft Daşlarında da fəhləlik etmişik.

Bir dəfə biz işdən qayıdanda yolda jurnalistləri gördük. Dedilər ki, nə yaxşı fəhlə briqadasıdır. Bizi düzüb şəkillərimizi çəkdilər. Qəzetdə haqqımızda məlumat verdilər. İlk dəfə olaraq bizim adımız qəzetdə dərc olunmuşdu.

Qrup yoldaşlarımız Natiqlə mənə deyirdilər ki, siz danışmasanız da bir-birinizi başa düşürsünüz. Ağzımı açan kimi, Natiq deyirdi ki, aydındır, söhbətin nədən getdiyini başa düşdüm. Natiq pozitiv insan idi. Heç vaxt ölümdən danışmazdı. Yaşamağı sevirdi.

– Ölüm xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

-Xəstələndiyini bilirdim. Onunla tez-tez əlaqə saxlayıb, hal-əhval tuturdum. Son günlər səhhətində problemlər vardı. İnanmırdıq ki, belə tez bizi tərk edər.

Biz həm də ailəvi dost olmuşuq. Əvvəllər tez-tez görüşürdük. Sonradan işlər çox olduğundan ara-sıra görüşürdük.

Yadımdadır, mən elmlər namizədliyini Moskvada müdafiə edirdim. 1982-ci il olardı. Azərbaycana qayıdanda Natiq məni qarşılamaq üçün dostlarla hava limanına gəlmişdi. Bir yerdə oturub, yaxşıca yeyib-içdik.

O vaxtlar mobil telefonlar yox idi. Bir gün ürəyim qrup yoldaşlarımı yenidən görmək istədi. Dəvətnamə düzəldib hamısına göndərdim ki, guya oğluma kiçik toy edirəm, sizi bu məclisdə görmək istəyirəm. Natiq daxil olmaqla bütün tələbə yoldaşlarım dəvətimi yerə salmayıb gəlmişdi. Dostlarımdan biri dedi ki, bəs sən oğluna kiçik toy etmisən, bizi indi niyə çağırırsan. Cavab verdim ki, sizi bir yerə necə toplaya bilərdim. Oğlumun kiçik toy məclisini deyən kimi hamınız yığışıb gəldiniz.

Tələbə vaxtı Natiqin musiqiyə həvəsi vardı. O, gitarada ifa etməyi xoşlayırdı. Amma iş həyatı buna imkan vermirdi. Elə vaxt olurdu ki, Natiq səhərə kimi işdən çıxmırdı. Evə gedən kimi çağırırdılar ki, işə gəl. Onun həyatı belə olub.

Qeyd edək ki, Natiq Əliyev  9 iyun 2017-ci ildə Türkiyənin İstanbul şəhərində, ürəyi ilə bağlı olan problemlərə görə yerləşdirildiyi “Florence Nightingale” xəstəxanasında ömrünün 69-cu yaşında vəfat edib.

Hafiz Əhmədov

HafizTimes.com

Köşə yazısı

Vətəni və atanı sev! – Lütfi Zadənin oğluna borcumdan necə çıxdım…

Yayımlandı

da

Tərəfindən

Gecə saatları idi. Bayırda şiddətli bir yağış yağırdı. Amerikada isə gündüz idi. Mesaj yazdım ki, “Norman, cəmi bir necə saatdan sonra atanızın cənazəsi Bakıya enəcək, sən gəlirsən? Bu, bizim üçün ağır dərddir, böyük alimi itirmişik. Ürəyimiz səninlədir, möhkəm ol, Dostum…” Cəmi bir neçə saatdan sonra gələn mesaj: “Hafiz, gözəl sözlərinə görə təşəkkür edirəm…”

Bir neçə ildir ki, Lütfi Zadənin oğlu Normanla əlaqə saxlayıram, özəl müsahibələr götürürəm. Onu necə tanımağım barədə bir az məlumat verim. İllər öncə ölkə mətbuatında “Lütfi Zadənin qumarbaz oğlu” başlıqlı yazı dərc olunmuşdu. Bu yazı diqqətimi çəkdi və onu axtarmağa başladım. Bir həftəlik axtarışlarımın sonunda onun illər öncə Amerikanın “sarı mətbuat”ında çıxan bir müsahibəsini oxudum. Dörd yanında qızlar, içki məclisi, qumar… Müəllifi “facebook”da tapdım, sağ olsun, o da mənə Normanın e-mailini yazdı.

Mesaj yazdım ki, “Siz bizim dahi ailimin övadısınız və mən szdən müsahibə götürmək istəyirəm”. Cəmi 3-4 saatdan sonra telefonuma zəng gəldi: “Mən Norman Zadəyəm – Lütfi Zadənin oğlu”. Dedi ki, sualları göndər, cavablandırım. Onun sualımın birinə verdiyi cavab illərlə müzakirə mövzusu oldu: Lütfi Zadənin oğlu Azərbaycanı vətən hesab etmirmiş…

İllər keçdi, mən yenidən Normana yazdım ki, “Deyəsən, atanın vəziyyəti ağırdır…” İki gün sonra cavab gəldi ki, “O dəhşətli gün gələndə biz onu Azərbaycana aparmalı olacağıq. Bununla bağlı Şahnaz xanıma vəsiyyət edib”.

Hər kəs yazdı-pozdu, bizi ittiham etdilər ki, guya yalan yazmışıq, Lütfi Zadə Azərbaycanı sevirmir, oğlu da yalan danışır və s. Məcbur qalıb, yenidən Normana müsahibə ilə bağlı yazdım. Yenə bir axşam çağı zəng gəldi. Bu dəfə videozəng idi. Evdə idi, yanında da model kimi gözəl bir xanım… Elə bildim, həyat yoldaşıdır. Xoşbəxtlik arzuladım. Gülüş səsləri, zarafatlar… Ata isə ölüm yatağında…

Azərbaycanda bəzi insanların ittihamlarına cavab vermək üçün çox çətinliklə də olsa, Normana sual verdim ki, burada çoxları deyirlər ki, guya Lütfi Zadə Azərbaycanı sevmir…

Cavabı: “Əslində atam və anam yandırılmaq istəyirdilər. Bu, o deməkdir ki, onlar küllərinin basdırılmasını istəyirdilər. Mən istərdim ki, onları yan-yana Amerika torpağında dəfn edəm. Ancaq atam fikrini dəyişdi və Azərbaycanda dəfn olunmaq istədi. Mənə sadəcə, onların arzularını yerinə yetirmək qalır və bununla bağlı deyə biləcəyim heç nə yoxdur.
Anamın Azərbaycanda dəfn edilməsi üçün heç bir səbəb yox idi. Eləcə də, əgər atam ömrünün sonlarına yaxın Azərbaycanda Amerikadan daha çox sevildiyini anlayıbsa, düşünürəm ki, bu arzusu heç də əsassız deyil. O, azərbaycanlıdır, Azərbaycanda doğulub və orada dəfn olunmaq istəməsi tamamilə məntiqli addımdır.
O, Azərbaycanı çox sevir. Əgər uzun illər Amerika Birləşmiş Ştatlarında yaşadığı halda, Azərbaycanda dəfn edilmək istəyirsə, deməli, Azərbaycana bağıldır. Onun öz həyatını dərindən götür-qoy etməsi üçün xeyli vaxtı olub. Atam Amerikanı çox sevir, ancaq əminəm ki, Azərbaycanı daha çox sevir”.

Müsahibə zamanı dəfələrlə sual verdim ki, “Siz yenə Azərbaycanı özünüzə Vətən hesab etmirsiniz?”. Cavab isə dəyişməz qaldı: “Vətən hesab etmirəm…”

Müsahibə zamanı məlum oldu ki, Lütfi Zadənin yeganə övladı heç ailə həyatı da qurmayıb. Mənim bayaqdan ona xoşbəxtlik arzuladığım xanım isə sadəcə olaraq…

Dünən yenidən mesaj göndərdim ki, “Norman, sən dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gələcəksənmi”?

Cavab: “Planımda yoxdur. Gələcəkdə ola bilsin ki, gəldim….”Söz verdim ki, atasının dəfnindən canlı yayım edib ona göndərəcəyəm və etməli olduğu hər şeyi özüm yerinə yetirəcəyəm…

Bu gün səhər tezdən Milli Elmlər Akademiyasına üz tutdum. Mühafizəçilər içəri buraxmadılar. Dedim ki, mərhumun oğluna görə gəlmişəm. Amma “Akdemiyanın vəsiqəsi olmasa səni içəri buraxmarıq”,- deyib, kənara itələdilər. Nəhayət, bir müddət sonra hüzr yerinə daxil olanda ha gözlədim ki, Lütfi Zadənin vəsiyyət etdiyi Rafiq Əliyev çıxış edəcək, olmadı, Şahnaz xanım çıxış edəcək, olmadı… Maraqlı, ürək dolusu çıxış edənlər görmədim.

Fəxri Xiyabanda 4 fəhlə tabutu maşından düşürəndə dözmədim, aralarına girib, dedim ki, “mən də aparacağam”.

“Bu, bizim işimizdir. İşimizə qarışma” desələr də, çəkilmədim. Əlimdə mikrofon, ştativ tabuta çiynimi dirədim. Biz tərəflərdə Atanı oğul uzadar məzara, gözlərinə də bir ovuc torpaq tökər… Amma oğlu gəlməmişdi və mən Normana verdiyim sözü yerinə yetirməlidim. Elə bil, çiynimdə bir dünya aparırdım…

Bilmirəm bu, mənəvi, yoxsa fiziki ağırlıq idi, amma tabut həqiqətən də çox ağır gəldi. Amma fəxr idi… Həm də bu, bir oğlun biganəliyinə cavab idi… Əbəs demirlərmiş ki, övlad yaxşı şeydir. Söz verdiyim kimi, 20 dəqiqəlik canlı yayım etdim və Normana göndərdim. “Bu da sənin atana qoyduğun hörmət. Bax, ürəyin açılsın!” mesajı ilə.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Köşə yazısı

“Ana, səninlə ölməyə gəlmişəm” – Aprel döyüşləri vaxtı həlak olan 16 yaşlı qızın hekayəti (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Turanə Kamandar qızı Həsənli 2000-ci ilin mayın 27-də anadan olub. O, Kəlbəcərin Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurdundan köçkün düşərək, Tərtərin Həsənqaya kəndində yuva qurmuş bir ailənin övladı idi. 16 yaşında erməni gülləsinə tuş gələrək, faciəvi şəkildə həyatla vidalaşana qədər…

16 yaşlı Turanə Həsənlinin ömrünün baharının yenicə başlayan vaxtlarında düşmən gülləsilə həyatını itirməsi yaxınlarının qəlbindən ağır izlər buraxıb.

Anası Laləzar Həsənova  HafizTimes.com-un müxbiri ilə söhbətində qəhərdən boğula-boğula bir bahar günü dünyaya gələn qızının bir bahar səhəri necə həlak olmasını danışır:

– Bahar gələndə, ağaclar, güllər çiçək açanda Türanəm çox sevinirdi, üzü gülürdü. Elə bil, yenidən dünyaya gəlirdi. O, günəşə, çiçəklərə aşiq idi. Həyatı çox sevirdi. Hər il bağımızdakı ağaclar çiçəkləyəndə onların arasında şəkil çəkdirirdi. Ömrünün də beləcə gözəl, işıqlı olacağını təsəvvür edirdi. Keçən ilin aprel ayında cəbhədə döyüşlər başlayanda ermənilər kəndimizə atəş açırdılar. Mənim bir oğlum da həmin vaxt hərbi xidmətdə idi. O da daxil olmaqla, bütün əsgərlərimizə görə çox narahatlıq keçirirdim. Güllə səsindən evdə otura bilmirdik. Dedim ki, Turanə, sən qardaşıngilə get, onların evini güllə tutmur. Bizi tək qoyub getmək istəmirdi.
Aprelin 5-i bacım, yəni Turanənin xalası kəndə gələndə Turanə də ona qoşulub və geri qayıdıb. Təhlükə barədə heç düşünmürdü. Deyib ki, təki evimizə çatım, anamın açdığı süfrənin arxasında oturub, onunla birlikdə çörək yeyim.

Bir də gördüm ki, maşın dayandı və içindən Turanə də düşdü. Tez gəlib boynumu qucaqladı. Dedim ki, qız, görmürsən, ermənilər kəndlərimizi atəşə tuturlar, qorxmursan ki, güllə sənə dəyər? Qızımın cavabı ölənə qədər yadımdan çıxmaz. Üzümə baxıb dedi ki, ana, mən səninlə ölməyə gəlmişəm. Sonra təzədən bərk-bərk boymu qucaqladı.

Tələsik çay-çörək hazırladım. Ana-bala süfrənin kənarında boş qalan yerlərə baxıb, köks ötürürdük. Qızım mənim, mən də qızımın ürəyindən keçənləri hiss edirdik. Amma dilə gətirmirdik. O, hərbi xidmətdə olan qardaşına, mən də oğluma görə narahat idik. Oğlum ən qaynar nöqtədə – Qapanlıda döyüşürdü. Heç ağlıma da gəlməzdi ki, cəmi bir neçə dəqiqədən sonra ermənilərin göydən yağdırdığı od-alov elə bu dəqiqə qarşımda oturan sonbeşiyimiz qızımın canını alacaq.

Dedim ki, “Qızım, dur, süfrəni yığışdır, onsuz da fikirdən əlimizi çörəyə uzada bilmirik”. Özüm fikirli-fikirli küçəyə çıxdım. Birdən arxamda dəhşətli bir partlayış səsi eşitdim. Qulaqlarım tutuldu. Ermənilər evimizin önünə mərmi atmışdılar. Tez geri çevrildim, gördüm ki, Turanə su kranımızın yanında yerə yıxılıb. Küçənin o biri tərəfində duran atası və mən tez onun yanına qaçdıq. Qəlpə Turanənin kürəyindən girib, ürəyinin üstündən çıxmışdı. Övladımın ürəyi çölə çıxmışdı. Dünya başıma fırlandı. Tez onu qucağımıza aldıq. Amma nə xeyri, o, artıq dünyadan köçmüşdü…

Bu dərd bizim ürəyimizi parçaladı. Evimiz də dağılmışdı. Qızımın cansız bədənini erməni gülləsi çatmayan qonşu kəndə apardıq. Övladımı əllərimlə ağ kəfənə bükdüm. Bu, bir ana üçün ölümə bərabərdir…

Mən anayam. Bu dərdi içimdə çəkirəm. Yoldaşım isə qızımın faciəvi ölümünə dözə bilmədi, cəmi bir-iki aydan sonra ürəyi dayandı. Qızımın həyatına son qoyan mərmi çox sevdiyi çiçək açmış ağacın üzərinə düşmüşdü… İndi həmin ağac da quruyub…

Qızımın gözəl arzuları vardı. O, məktəbi bitirmək, ali təhsil almaq, universitetə qəbul olmaq istəyirdi. Amma qismət olmadı.

Turanə erməni qəlpəsinə tuş gələndən yarım saat sonra döyüşlər dayandırıldı, atəşkəs yenidən bərpa olundu…”

Türanənin ömrünün son anına qədər nigaran qaldığı, həmin vaxt Vətən qarşısında borcunu layiqincə yerinə yetirən qardaşı isə söz verib ki, bacısının qisasını alana qədər hərbi formanı əynindən çıxarmayacaq. “Ermənilərdən bacımın və bütün şəhidlərimizin qisasını alacağıq. Turanənin qanı yerdə qalmayacaq”,- deyə o, verdiyi sözü bizimlə söhbətində də təkrarladı.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Köşə yazısı

`O, gözəl bir qız kimi yadımda qalıb` – Birinci xanımın müəlliməsi

Yayımlandı

da

Tərəfindən

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.

Hafiztimes.com  bu münasibətlə ölkənin birinci xanımına 23 saylı orta məktəbdə Azərbaycan dili fənnini öyrədən müəllimə Zemfira Əliyeva ilə həmsöhbət olub.

– Mən Mehriban xanıma dərs deyən müəllimlərdən biri olmuşam. İndi şagirdlər mənə tez-tez suallar verirlər ki, Mehriban xanım necə şagird olub, dərslərinə necə hazırlaşaradı? Mənim onlara cavabım isə belə olur: Mehriban çox yaxşı şagird olub, ona görə də məktəbi qızıl medalla bitirib. O, çox tərbiyəli və böyüyün-kiçiyin yerini bilən bir şagird idi. Başqa cür ola da bilmədi. Çünki ona tərbiyə verən qadın Aida xanım idi.

Mehriban xanım bu yaxınlarda məktəbimizin açılış mərasiminə gəlmişdi. Həmin vaxt onunla görüş keçirildi. Hamı sevinclə həmin görüşə gəlmişdi. Mehriban müəllimləri ilə söhbət edən zaman ona dedim ki, kaş, Aida xanım bu gününüzü görərdi. Siz bütün işlərin öhdəsindən gəlirsiniz. Çox qabiliyyəti və bacarıqlısınız. Hamıya öz kömək əlinizi uzadırsınız. Kaş bunu ananız da görərdi. Mehriban isə bir az fikrə getdi və mənə belə cavab verdi: `Müəllimə, yaralı yerimə toxunmayın`.

Orta məktəbdə oxuyan zamandan o, gözəl bir qız kimi yadımda qalıb. Uzun və gözəl kirpikləri var idi. Mehriban həmişə “müəllim” sözünə dəyər verib. Mənə göstərdiyi diqqətinə görə ona çox minnətdaram. O, həmişə mənim üçün şagirdim Mehriban olaraq qalacaq. Mehribanın yaddaşı çox güclü idi. Bütün fənnləri yaxşı oxuyurdu. O, birinci partada oturmurdu. Orta cərgədə otururdu. Sinif yoldaşları ilə də münasibəti çox yaxşı idi.

Azərbaycan dili fənnini çox yaxşı oxuyurdu. Mənə ünvanladığı bütün suallarından vətənpərvəlik hissləri duyulurdu. Hiss edirdim ki, Mehriban gələcəkdə də öz Vətəni üçün çalışan bır insan olacaq. Necə ki, oldu da!

Mehriban xanımdan sonra onun bacısı Nərgiz xanımın qızı Aida də mənim sinifmdə oxuyurdu. Dərsdə həmişə çaşırdım, Aidaya deyirdim ki, Mehriban, çıx lövhəyə. O isə deyirdi ki, `Mən Aidayam, Zemfira müəllimə`.

Bu gün Mehribanın anadan olan günüdür. Ona uzun ömür, can sağlığı arzu edirəm. Allah o ailənin hər zaman köməyi olsun.

Hafiz Əhmədov

Oxuyun

Trend yazılar