Bizimlə əlaqə

Müsahibə

NASA-da çalışan yeganə azərbaycanlı: “İki milyardlıq teleskopun mühəndisiyəm” – EKSKLÜZİV MÜSAHİBƏ

Yayımlandı

da

Atilla Əsgərov 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 6 saylı məktəbin məzunudur. Daha sonra İstanbul Texniki Universitetində təhsil alıb. Virciniya Universitetində təhsilini davam etdirib. Corc Meyson universitetində magistr təhsilinə yiyələnib. Hazırda həmin universitetdə doktrantura oxuyur. Atilla Əsgərov artıq bir ilə yaxındır ki, NASA-da (National Aeronautics and Space Administration – Milli Aeronavtika və Kosmos İdarəsi) mühəndis (ASİC Engineer-Application Specific İntegrated Circuit) vəzifəsində çalışır.

Qısamüddətli məzuniyyət üçün Azərbaycana gələn Atilla Əsgərov HafizTimes.com-a eksklüziv müsahibə verib.

 –Magistraturanı bitirdikdən sonra bir neçə start-up şirkətində çalışdım. Daha sonra “Deloitte”, “İntelsat” kimi şirkətlərdə çalışdım. NASA-nın vakansiya elanını görəndə rezümemi göndərdim. 3 gün sonra mənə zəng edib müsahibəyə çağırdılar. Çox sevinirdim. NASA-nın Goddard Space Flight Center (GSFC) adlanan kampusunda (Merilend ştatı) müsahibədən keçdim. Hazırda elə orada müqavilə üzrə işləyirəm. Müsahibə zamanı mənə texniki sahə ilə bağlı çoxlu suallar verdilər. İki gündən sonra zəng edib dedilər ki, “Rəsmi olaraq sizə iş təklifi göndərmək istəyirik. Əgər təklifimizlə razılaşsanız, imzalayıb, geri göndərin”.

– İşiniz nədən ibarətdir?

– NASA 2023-cü ildə Kosmosa WFIRST (Wide Field Infrared Survey Telescope) adlı yeni teleskop göndərəcək. Mən bu teleskopun detektor elektronikasının mühəndisiyəm. Mənimlə yanaşı orada xeyli sayda insan çalışır. Bütün günü laboratoriyada oluram.

– Həmin teleskopdan hansı məqsədlə istifadə olunacaq?

– Bu teleskop başqa qalaktikaların kəşf, insanın yaşaya biləcəyi digər planetlərin aşkarlanması məqsədilə yaradılır. Həyatın mənşəyini öyrənmək də bu teleskop vasitəsilə mümkün ola bilər. Əslində teleskoplar bilmədiyimiz şeyləri kəşf etmək üçündür. Elə bil, insan ayağı dəyməyən bir yerə gedirsiniz. Sizin məqsədiniz bu ola biməz ki, məsələn, orada qızıl axtaracaqsınız. Sadəcə, oraları kəşf etmək istəyirsiniz. Qalanları sonrakı mərhələdir. NASA-nın da əsas məqsədi kəşfiyyat xarakterlidir. Ola bilsin ki, bu kəşfiyyatın nəticəsində çox faydalı bilgilər əldə ediləcək. Çox adam deyir ki, bizim Yer planetində günlərimiz sayılıdır, əvvəl-axır bu planetdən köçməli olacağıq. Biz, əlbəttə ki, bunu görə bilməyəcəyik. Bizdən sonrakı 50-ci nəsil bəlkə görə bilər.

– NASA ilə müqavilənizin müddəti nə qədərdir?

– 2023-cü ilə qədər NASA-nın işçisiyəm. İstəsəm, 2023-dən sonra da NASA-da qala bilərəm. Orada çalışdığım heç bir il deyil, amma işimin nəticəsini çox bəyənirlər. Hiss edirəm ki, o layihə qurtarsa, mən başqa bir layihəyə də transfer ola bilərəm. Hətta o layihə bitməmiş daha iki layihə üzərində də işləyə bilərəm. Bunu gələcək göstərəcək. Əsas odur ki, işimin nəticəsindən razıdılar.

– Sizdən başqa NASA-da azərbaycanlı çalışırmı?

– Bildiyim qədərilə, hazırda orada çalışan tək azərbaycanlı mənəm. Bir nəfər də İran azərbaycanlısı çalışır. Buna görə də Azərbaycandan üzərimdə çox böyük diqqət var. Mən də bunu oradakı iş yoldaşlarıma deyirəm. Bu diqqətə görə hər kəsə öz dərin təşəkkürümü bildirirəm.

– Üzərində işlədiyiniz teleskopun dəyəri nə qədərdir?

– Təxminən 2 milyard dollardan çox olacağı gözlənilir.

– NASA-da iş yoldaşlarınız arasında Azərbaycana qarşı münasibət necədir?

– Yaxın dostlarım, iş yoldaşlarım tez-tez Azərbaycan barədə soruşular. Mən də onlara ölkəmiz haqqında məlumat verirəm. Onlar da Azərbaycana gəlib, buraları görmək istəyirlər.

– NASA-da maaş sistemi necədir?

– Azərbaycandakı maaşlarla müqayisədə çox yüksəkdir. Amma Amerika ilə müqayisədə o qədər də çox deyil. NASA dövlət qurumudur. Əgər mənim tək istəyim pul olsa idi, daha çox maaş verən iş tapar və NASA-da qalmazdım. Hazırda da belə imkanlarım var. Amma NASA sözü “CV”-də çox gözəl görünür. Artıq oktyabr ayında orada işləməyimin bir ili tamam olacaq.

– NASA-da rəhbər və işçilər arasında münasibətlər necə tənzimlənir?

– Hər kəs bəlli bir layihə üzərində çalışır. Və hər kəs də öz vəzifə öhdəliyini bilir. Hamının rəhbəri, yəni supervayzeri var. Supervayzerlər öz aralarında iclas keçirirlər və qərar verirlər ki, məsələn, bu gün ADC testi olmalıdır. Daha sonra mənim supervayzerim gəlir və öz qurupunu yığır, bizə qərarları barədə məlumat verir. Qoyulan tapşırığı icra edir və bu haqda report yazıb, supervayzerə göndəririk.

– İşə gecikmə zamanı cəza tədbirləri olurmu?

– Xeyr. İş mühiti çox rahatdır.

– Rəsmi şəxslər gəlib işlərinizlə tanış olurlarmı?

– Bir dəfə İsveç kralı NASA-ya gəlib, işlərimizlə tanış olmuşdu. ABŞ prezideti və vitse prezideti tez-tez gəlirlər.

NASA-da çalışan yeganə azərbaycanlı: “İki milyardlıq teleskopun mühəndisiyəm” – MÜSAHİBƏ

– NASA-nın gələcək layihələri haqqında məlumat verə bilərsinizmi?

– Bəlkə də mənə güləcəksiniz, amma siz bu haqda məndən daha çox bilirsiniz. Bu haqda NASA-nın daxilində çox danışılmır. Hər gün NASA haqqında məqalələr oxuyan insanlar bu barədə məndən daha çox məlumatlıdırlar. Mən sadəcə, mühəndisəm.

– “NASA” deyiləndə bizim gözümüzün önünə baxdığımız filmlər gəlir. Bəs ilk vaxtlar sizdə vəziyyət necə idi?

– Hətta bəzən indi də nəyə görəsə qəmgin olada fikirləşirəm ki, mən Amerikadayam və NASA-da işləyirəm. Özümə belə bir təsəlli verirəm.

– Azərbaycanla bağlı hansı planlarınız var?

– Bura vətəndir. Təbii ki, qayıtmaq istəyərəm. İstəyərəm ki, orada aldığım təhsili, təcrübəni vətənimdə də tətbiq edim…

– Atilla özü necə bir ailədə böyüyüb?

– Atam Ramiz Əsgər Bakı Dövlət Universitetində (BDU) Türkologiya Kafedrasının müdiridir. “Şöhrət” ordenilə təltif olunub. Anam isə 6 nömrəli məktəbdə müəllimə işləyir. Mən də həmin məktəbin məzunuyam. Anam iki dəfə “İlin Müəlliməsi” seçilib. Əməkdar müəllimədir. İki bacım var – Leyla Azərbaycan Dövlət Televiziyasında müxbir, Ayla isə Türkiydə həkim işləyir.

– Sonda gənclərə nə demək istərdiniz?

– Nə oxumaq istədiklərinə öncədən qərar versinlər. Daha çox texniki sahələrə yönəlsinlər. Fizika, kimya, biologiya və s. dəqiq elmləri oxusunlar. İmkanları dəyərləndirsinlər. Azərbaycanda yaxşı təhsil aldıqdan sonra öz üzərlərində işləyərək də böyük mütəxəssislər ola bilərlər. Sadəcə, özlərinə inanmalı və öz üzərlərində çalışmalıdırlar.

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

`Azərbaycan muğamı oxumaq istəyirəm`– İslamı seçən amerikalı müğənni: “Ona görə bunu etdim ki…” (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Azərbaycanı ziyarət etməkdən şərəf duyaram”

“İslamı qəbul etməklə yalnız bilik qazandım”

“Əksər liderlər demokratiyaya ən böyük əngəldir. Unudurlar ki, bu onların şəxsi mübarizəsi və qazancı deyil”

“Heç vaxt narkotik maddə istifadə etmədim, içki içmədim”. 

Dünyaca məşhur amerikalı müğənni Della Miles eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. Maykl Cekson və Uitni Hyuston da daxil olmaqla bir çox əfsanəvi müğənninin vokalistliyini edən Della Miles bir neçə il öncə İslamı qəbul etdiyini və Türkiyəyə köçdüyünü açıqlayıb. 

HafizTimes.com-a müsahibəsində Della Miles həyatı ilə bağlı bir çox önəmli məqamdan söhbət açıb, ilk dəfə olaraq Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız?

-Mən musiqiçi ailəsində böyümüşəm. Anam əla incil oxuyardı, atam isə cazı çox sevirdi.

– Böyüdüyünüz ailədə nə çatışmırdı?

-Altı uşağın ən kiçiyi mən idim. Ailəmiz bizi qoruyurdu. Həqiqəti bilmək istəyirsizsə etiraf edim ki, böyüyənə qədər kasıb olduğumuzu başa düşməmişəm. Gucci-si olan uşaqlardan deyildik. Biz maddiyyat üzərində böyümədik. Ehtiyacımız olan hər şeyimiz vardı.

-Uğurunuzu nəyə borclusunuz?

-Bəziləri uğuru pul və maddi şeylərlə ölçür. Amma mən uğuru qazandığımı söyləyirəm. Çünki insanlar iki saatdan da artıq mənim musiqilərimi dinlədikləri zaman üzlərində təbəssüm yaranır və problemlərini az da olsa unudurlar.

-Sizinlə bağlı ən böyük yanlış fikir nədir?

-İnsanlar bəzən bütün sənətçilərin eyni olduğunu düşünürlər. Whitney Houstonla (narkotik və alkoqol problemi olan) ilə işlədiyim üçün məni də bəzən onunla eyni tuturlar. Amma mən heç vaxt narkotik maddədən istifadə etməmişəm, içki içməmişəm. Bu bir çox sənətçi haqqında yanlış şablon düşüncədir.

-Gələcək üçün hansı planlarınız var?

-Uşaqlar üçün televiziya proqramı hazırlamaq üçün çalışıram. Yenilik olduqca məlumat verəcəyəm. Xüsusi ilə, bu il bir neçə “single” yayımlayacam və YouTube konsertlərimə start verəcəyəm.

-Maykl Ceksonla bağlı ən unudulmaz xatirəniz nədir?

-Biz onun “Sisterella” müziklını ifa edirdik. O isə teatrın ikinci mərtəbəsində tək otururdu. Maykl Cekson orada olduğu üçün heç kimin eyvana çıxmasına icazə verilmədi.

Bütün qonaqlar tamamilə birinci mərtəbədə qalmalı oldu. Bunun çox qəribə olduğunu düşündüm.

-İslamı qəbul etdikdən sonra həyatınızda ilk olaraq nə dəyişdi?

-Mən eyni insanam. Həmişə vicdanlı və sədaqətli bir insan kimi yaşamağa çalışmışam. Beləliklə, yalnız bilik qazandım.

-İslamı seçməyinizin ən böyük səbəbi nə idi?

-BİLİK.

-Xristianlıqda sizin üçün nə kifayət etmədi?

-Mən kiməm ki, xristian olmağın kifayət etmədiyini söyləyim. Sonda görəcəyik ki, sadəcə olaraq hamımızın yalnız bir Allahı var.

– “İslam” sizin həyatınıza nə bəxş etdi?

-Müsəlman olmaq bir dərman deyil. Həyatımı yalnız Allahın istədiyi kimi yaşamağa çalışıram.

-Müsəlman qadın olmağın ən böyük çətinliyi nədir?

-Mən müsəlman doğulmamışam və həyatımı müsəlman ölkəsində yaşamamışam. Buna görə müsəlman qadınların üçün nəyin ən çətin olduğunu deyə bilmərəm. Ancaq dünyadakı bütün qadınlar mübarizə aparırlar.

– “İslamofobiya” kimə xidmət edir?

-Mən bunu heç başa düşmürəm.

-İslam ölkələrindəki müharibələr sizi heç qorxutmur?

-Niyə qorxmalıyam, bir İslam ölkəsindəki müharibə və ya öz ölkənizdə hədəfə alınmış Afro-amerikalı (Afrika) arasında heç bir fərq yoxdur. Müharibə nifrətdir, acgözlükdür!! Hətta qonşunuz da bu xüsusiyyətlərə sahib ola bilər.

-Dünyada belə müharibələri törədənlərə nə demək istərsiniz?

-Demək istəyirəm ki, bu qərəzə, düşmənliyə son verin artıq! Bu dünya sizə hakimiyyət qurmaq, nəzarət etmək üçün verilməyib. Allahın bizə bəxş etdikləri ilə qürur duymalı və bölüşməliyik.

-Siz üçün demokratiyanın təməl daşı nədir?

– İlk növbədə demokratiya, ali hakimiyyətin xalqın ixtiyarına verdiyi üstünlükdür və vaxtaşırı keçirilən azad seçkiləri əhatə edən təmsilçilik sistemidir.

-Biz öz kökümüzə qayıtdıqda isə bu dediyiniz təməl daşı lazım olmayacaq.

– Demokratiyaya əngəl olaraq nəyi görürsünüz?

-Əksər liderlər demokratiyaya ən böyük əngəldir. Çünki unudurlar ki, bu onların şəxsi mübarizəsi və qazancı deyil. Amma əksəriyyətin ehtiyacıdır.

-Türkiyədə azadsınızmı?

-Azadam.

-Azadlığın həddi sizin üçün harada başa çatır?

-Əgər azadlığa sahib olmaq sizə sui-istifadə, qətl, yalan, fırıldaqçılıq və oğurluq hüququ verirsə, deməli artıq həmin həddə çatmışıq.

-Rasizm kimə xidmət edir?

-Əlbəttə ki, irqçilərə xidmət edir!

-Sizin üçün xoşbəxt həyatın düsturu nədir?

-Düzgün bir formulum olub-olmadığını bilmirəm. Sadəcə olaraq müalicə olunmaq istədiyim üçün insanlarla rəftar etməyə çalışıram. Ailəmi, dostlarımı və özümü sevirəm.

-Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycana səfər etmək istərsinizmi?

-Ölkənizlə bağlı çox gözəl sözlər eşitmişəm. Azərbaycanı ziyarət etməkdən şərəf duyaram.

– Azərbaycanın məşhur muğamları haqqında heç eşitmisiniz?

-Bəli !!!!! Və bu musiqini sənətkarlarınızdan biri ilə ifa etmək istərdim.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərsiniz?

-Bu anda onlara deyirəm ki, COVİD-19-dan qorunmaq üçün EVDƏ QALIN.  Bundan sonra Azərbaycana gedib SOUL MUSİQİMİ onlarla bölüşərəm. Bir seminar təşkil etmək istəyirəm. Həm onlar öz musiqilərini mənə öyrətsinlər, həm də mən öz musiqimi onlar üçün ifa edim.

-Nəhayət, Coronavirusun qarşısını almaq üçün tövsiyələriniz nədir?

-Ən yaxşı cavab Evdə qalın!

  • Hər zaman yanınızda kağız salfet gəzdirin, asqırdığınız zaman ağzınızı və burnunuzu örtün. Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın.
  • Əllərinizi tez-tez yuyun. ÜST-ün qeydlərinə əməl edin. Əgər əl altınızda sabun və yaxud da su yoxdursa, tərkibində ən azı 60% spirt olan antiseptik geldən istifadə edin. Əgər əlləriniz əyani olaraq çirkli görsənərsə, onları daim su və sabunla yuyun.
  • Yuyulmamış əllərlə üzünüzə, xüsusən ağzınıza, gözlərinizə və burnunuza toxunmayın.
  • Xəstəliyi olan insanlarla əlaqə qurmayın.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

Samir Sadıxovun son layihəsi (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Bu avtomobili evdə, boş vaxtımda hazırladım. Şəxsi layihədir”

“Gənclərə demək istəyirəm ki, ölkədəki və ya cəmiyyətdəki vəziyyətə görə ruhdan düşməsinlər və gələcəyə ümidlə baxsınlar”

“Bu texnologiya dünya sənayesində ciddi dəyişikliklərə səbəb olacaq”

HafizTimes.com-un növbəti müsahibi gənc yaşlarında dünyada məşhur olan azərbaycanlı dizayner Samir Sadıxovdur.

Məlumat üçün bildirək ki, S.Sadıxov 1990-ci ildə Gəncədə ziyalı ailəsində dünyaya göz açıb. Anası həkim, atası isə mühəndisdir. Gəncədə Azərbaycan – Türk liseyində orta təhsil alıb. İtaliyanin Turin şəhərində olan Istituto Europeo di Design – Nəqliyyat dizaynı fakültəsində bakalavr təhsili alıb. Almaniyanın Pforzheim Universitetində Nəqliyyat dizaynı fakültəsində isə magistr təhsili alıb. 

Sadıxov Azərbaycanın ilk peşəkar maşın dizayneridir. O, 2011-ci ildə Ferrari World Design Contest dizayn müsabiqəsində ikinci yeri tutan Ferrari Xezri Competizione Edition layihəsi ilə məşhur olub. Gənc yaşında bir çox uğura imza atan azərbaycanlı dizanyer “Ferrari World Design Challenge 2014” müsabiqəsində qalib olmaqla məşhurluq qazanıb.

O, 30 dizayn məktəbi, 500 tələbə arasında bir neçə turu keçərək, ilk pilləyə yüksəlib. Bundan başqa, o, Cadillac C-Ville və XTS konseptlərini layihələşdirib. Eləcə də Rezvani Beast (“Heyvan”) markalı avtomobil də azərbaycanlı dizayner tərəfindən layihələşdirilib, həmin avtomobil Hankook Tyre Design Challenge 2014 müsabiqəsinin qalibi olub. Samir Sadıxov təxminən 6 ay ərzində dizayn üzərində işləyib. Azərbaycanlı gənc dizayner Red Dot Design Award-ın 4680 layihəsi sırasında “Luminary” və “Best of the Best” mükafatlarına layiq görülüb. 

Qeyd edək ki, Red Dot Design Award yer kürəsinin dizayn Mərkəzi olan Essene (Almaniya) şəhərində yerləşən Şimali Reyn-Vestfaliya İnstitutu (alm. Design Zentrum Nordhein Westfalen) tərəfindən təqdim edilən dizayn sahəsində nüfuzlu mükafatdır. Mükafatlanmış işlər, Essendə Red Dot dizayn muzeyində sərgilənir. Bu muzey müasir dizaynın nailiyyətlərinin nəhəng toplusudur. Samir Sadıxov hazırda dünyanın çox nüfuzlu avtomobil şirkətində dizayner olaraq çalışır. Bu yaxınlarda onun hazırladığı Rezvani Motors TANK dizaynı işıq üzü görüb. Çox qısa zamanda hər kəsin rəğbətini qazanıb.

-Necə oldu ki, siz avtomobil dizayneri olmaq qərarına gəldiniz? 

– Uşaqlıqdan avtomobillərə qarşı xüsusi marağım olub. Hər zaman avtomobil eskizləri çəkməyi sevirdim, lakin yoldaşlarımdan fərqli olaraq, var olan avtomobilləri çəkməyi sevmirdim, hələ də sevmirəm. Hər zaman istəyirdim ki, öz fantaziyamda olan yeni bir avtomobil çəkim. Orta məktəbdə oxuyarkən, belə bir məşğuliyyətin, peşəkar səviyyədə etməyin mükün olduğunu öyrəndim və o gündən qərarım dəyişmədi. Nəhayət, avtomobil dizayneri oldum.

-Hazırkı işinizlə bağlı məlumat almaq istərdik.

-Hazırda dünya nəhəngi olan, Cənubi Koreyadakı “Hyundai” qrupuna məxsus olan “Genesis” brendində dizayner olaraq çalışıram.

“Bu isə şəxsi layihədir. Ticarət məqsədi daşımır. 70-ci illərdəki AutoMecca şirkətinin istehsal etdiyi “BrubakerBox” modelinin yeni versiyasını hazırladım. Evdə olan zaman, boş vaxtımda! Qeyd edim ki, hazırda yaşadığım ölkədə karantin rejimindəyik”.

– Sizcə, peşəkar avtomobil dizayneri necə olmalıdır? Bunun üçün nələr tələb olunur?

– Avtomobil dizayneri olmaq üçün əsas iki şərt vacibdir. Dizayn etmək üçün xəyal gücü və rəssamlıq qabiliyyəti önəmlidir. Çünki xəyalınızda təsəvvür etdiyiniz dizaynı canlandırmağın ən ideal və tez üsulu onu yaxşı çəkməkdir. Dizayner olmaq üçün bu çox vacibdir. Şirkətlər və universitetlər adətən işə qəbul prosessində birinci bu xüsusiyyətlərlə önəm verirlər. Dizayn ideyalarının yenilikçiliyi və dizaynların necə təsvir olunduğuna diqqət yetirirlər. Əsas rəqabət də bunun üzərində gedir.

-Gündəlik iş rejiminiz necədir? 

– Standart iş rejimi ilə çalışırıq. Həftədə 5 gün işləyirik. Əsas iş rejimi layihə üzərində olur. Əgər konsept bir modelin üzərində işləyiriksə, proses 1 il çəkir. Əgər istehsala gedəcək seriya avtomobilidirsə, 2 – 3 il çəkir. Gündəlik işimiz isə avtomobilin dizayn prosesi ilə bağlıdır. Bəzən yeni avtomobil üzərində eskizlər, bəzən 3D formatlə layihələr hazırlayırıq, bəzən isə hansısa modelin detallarını yenidən dizayn edirik.

Avtomobil insanlıq tarixinin ən vacib kəşflərindən biridir. Həyatımızı asanlaşdıran, bizi bir-birimizə tez və rahat qovuşduran vasitədir.

-Dünyada ən çox hansı avtomobillərə təlabat var?

– Hazırda ən əsas təlabat SUV ve Crossover seqmentində olan avtomobillərədir və ikinci tələb olunan isə ekonomik kompakt avtomobillərdir.

-Avtomobil istehsalı o qədər də asan başa gəlmir. Ən çətin proses nədən ibarətdir?

– Avtomobilin ən çətin hissəsi onun monokokunun ve şassisinin hazırlanmasıdır. Sonra isə ona uygun olan mühərrik ve transmissiya sisteminin hazırlanmasıdır.

– Gələcək avtomobil dizaynlarını necə təsəvvür edirsiniz? 

– Avtomobil dizaynı heç vaxt inqilaba uğramayıb, hər şey təkamül olub, inkişaf edib və yeni formalara sahib olub. Düşünürəm ki, gələcəkdə də avtomobillər texnologiyaya uyğun dizaynlara sahib olacaq. Dizayndakı ən çox dəyişikliklərin səbəbi, texnologiya və yeni çıxan qanunlardır. Bunların işimizə təsiri çox olur.

-Dizayner olmaq üçün fitri istedad lazımdır, yoxsa ağıl?

– İstedad 20 faiz, çalışmaq və zəhmət isə 80 faiz…

-Siz hansı avtomobillərə üstünlük verirsiniz?

– Praktik, əlverişli, ekonomik və sürətli avtomobilə daha çox üstünlük verirəm. Bunları özündə birləşdirən modellər mənim üçün daha məqsədəuyğundur.

-Artıq dünyada özü idarə olunan avtomobillərin dövrü başlayır. 

– Avtonom avtomobiller qaçınılmaz və üzümüzə doğru gələn inqilabi texnologiyadır və bu texnologiya dünya sənayesində ciddi dəyişikliklərə səbəb olacaq. Buna uyğunlaşmalıyıq, yoxsa geridə qalacağıq.

-Azərbaycana gəlirsinizmi? Çalışdığınız yerdə ölkəmizə qarşı insanların münasibəti necədir?

– Təəssüf ki, işlərimə görə Azərbaycanda gec-gec gəlirəm. Gələndə isə maksimum ailəm və sevdiklərimlə vaxt keçirməyə çalışıram. İş yerimdə tək azərbaycanlı olduğum üçün maraq pozitivdir və çalışıram ki, ölkəmizi yaxşı təmsil edim.

-Azərbaycanda iş qurmaq istərdinizmi? Bu istiqamətdə planlarınız nədən ibarətdir? 

– Plandan əlavə xəyallarım və arzularım var. Bu sahədə planları reallaşdırmaq üçün hökumətimiz və iş adamları dəstək olmalıdırlar. Uğurlu iş ortaya qoymaq üçün ciddi investisiya və plan lazımdır.

-Sonda gənclərə nələri məsləhət görərdiniz?

-Gənclərə ən əsas məsləhətim budur ki, dayanmadan öz üzərlərində çalışsınlar, xəyallarının ardınca getmək üçün özləri özlərini motivasiya edib, bütün maneələrə üz döndərib onlara qarşı vuruşsunlar. Ölkədəki və ya cəmiyyətdəki vəziyyətə görə ruhdan düşməsinlər və gələcəyə ümidlə baxsınlar.

Ümidi isə reallaşdıracaq olan sadəcə özləri, zəhmət və cox çalışmalarıdır. Tək formula – çox çalışmaqdır.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

`Ailəsini qorumaq üçün bunu edib` – Mirzə Cəlilin Kanadadakı mühacir nəticəsi (EKSKLÜZİV-FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Bir ailə olmağımıza baxmayaraq, illərlə bir-birimizi tanımamışıq”

“Mirzə Cəlilin adını çəkməyə qorxublar”

“Babam xəstələri pulsuz müalicə edirdi”

“Kökümüzün Azərbaycandan olduğunu bilmək məni qürurlandırır”

Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) – Görkəmli dramaturq və yazıçı, publisist, ictimai xadim,  Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalı.  “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Ana dilinin saflığı uğrunda mübarizə apar Mirzə Cəlilin zəngin irsində azərbaycançılıq məfkurəsi  əsas yer tutub. Xаlqımızın mədəni gеriliyinə, dini хürаfаtа, mövhumata, cəhalətə, avamlığa, mürtəce çаrizm siyаsətinə qаrşı inаdlа mübаrizə аpаrıb, milli mədəniyyətin yüksəlməsi üçün mühüm xidmətlər göstərib. Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. 1907-ci ildə Həmidə xanım Cavanşirlə ailə həyatı qurub və oğlanları Midhət və Ənvər dünyaya gəlib. Böyük Vətən müharibəsi illərində həkim kimi ordu sıralarına çağırılan Mirzə Cəlilin oğlu Ənvər, sovet qoşunlarının tərkibində İrana gedib. Ənvər burada polyak qızı, onunla bir xəstəxanada işləyən tibb bacısı Zofya Bahrinovskaya ilə evlənib. Bu nikahdan övladları – Midhət, Nizhət, Teymur, İren Cavanşirlər dünyaya gəlib. O, heç vaxt İrandan Vətənə qayıtmayıb. Qeyd edək ki, bu il Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, görkəmli ictimai xadim, maarifçi Cəlil Məmmədquluzadənin (Mirzə Cəlil) varislərinin  axtarışına çıxıb.  Mirzə Cəlilin nəvəsi Teymur Cavanşirinin Kanadaya mühacirət edən oğlu Şahin Cavanşiri eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı ailəsi ilə bağlı bir çox önəmli məqamdan söhbət açıb,  Azərbaycan haqqında fikirlərini ifadə edib və ailə üzvlərinin fotolardan ibarət daha bir şəxsi arxivini təqdim edib. Qeyd edək ki, Mirzə Cəlilin Polşada yaşayan varisləri Martin Cavanşiri və oğlu Przemysłavı, İralandiyada mühacir həyatı yaşayan nəticəsi Ramin Cavanşirini də illər sonra Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com tapıb, ailə kökləri ilə tanış edib və eksklüziv müsahibələr götürüb.

Cəlil Məmmədquluzadənin Kanadada mühacir həyatı yaşayan nəticəsi Şahin Cavanşiri HafizTimes.com-a danışır:

-Azərbaycan xalqının ailəmə olan sevgisini çox yüksək qiymətləndirirəm. Bu sevgi heç vaxt ailəm üçün mənfəətə çevrilməyib. Hər zaman gözəl sözlər kimi yaddaşlarda qalacaq. Biz heç vaxt Azərbaycanda yaşamamışıq. Buna görə də kitablarda ailəmiz haqqında nələr yazıldığını təəssüf ki, bilmirik: Həmidə xanımın taleyi necə oldu? Biz onun haqqında heç nə bilmirik. Onların adına muzey varmı? Bakıda qohumlarımız yaşayırmı? Ailəmizlə qürur duyuruq. Amma əlaqələrimizin kəsildiyinə görə çox kədərlənirik.

-Mən İranın Tehran şəhərində sevgi dolu bir ailədə dünyaya göz açdım, böyüdüm. İranda orta məktəbdə təhsil aldım. Daha sonra Kanadaya köçdüm. 10 ilə yaxındır ki, Kanadada yaşayıram. İT sahəsində çalışıram. Hazırda 43 yaşım var. Ümid edirəm ki, ailəmizin bütün üzvlərini bir gün görəcəyəm.

Təəssüf ki, Azərbaycana gedən əmim oğlu Martin Cavanşirini, oğlunu görmək şansım olmadı. Uşaq olanda Martini görmüşdüm.

(Ailəmiz: Atam Teymur Cavanşiri, anam Nəsirin, mən və qardaşım)

Biz bilirik ki, Mirzə Cəlilin həyatı heç də rahat keçməyib. Bundan sonra oğlu Ənvər İrana köçdü. Və ailəsini qorumağa çalışdı. Mən hələ də bilmirəm ki, əmim oğlu Martin ora necə getdi? Bu bizim ailəmizin təhlükəsizliyinə təsir edə bilərdi…

Ailəmizdən təkcə bibimin yaşadığını bilirəm. Başqaları barədə məlumatlı deyiləm. Ailəmizdə heç vaxt Azərbaycan, türk dilində danışmırdılar. Buna görə də, biz Azərbaycan dilini bilmirik. O vaxtlar Azərbaycanla heç bir əlaqəmiz olmayıb. Hər yerdə Mirzə Cəlilin əleyhidarları çox olub. Buna görə də bir ailə olmağımıza baxmayaraq, bir-birimizi tanımamışıq. Diqqət çəkmək istəməmişik. Axı siz heç vaxt İranda yaşamayıbsınız…

(Atamla anamın toyu-1974. Neşat əri ilə birlikdə, İren, Zofia nənə, atam Teymur, anam Nəsrin, Elisabeth, Ənvər babam, Midhət əmi, Neşətin qızı Zərrin)

-Niyə Kanadaya köçdünüz?

-Kanadaya oxumaq, əsasən də işləmək üçün köçdüm. Qardaşım da Britaniyaya köçüb. İllərdir ki, bir-birimizdən ayrı düşmüşük…

Mirzə Cəlilin ailəsinin üzvü olduğuma görə qürur duyuram. Azərbaycandakı insanların onu sevdiyini bilirəm. Mirzə Cəlilin Azərbaycan ədəbiyyatında, mədəniyyətində mühüm rol oynadığı da bizə məlumdur. Hərdən beynimdə Mirzə Cəlillə bağlı çoxlu suallar yaranır. Əgər Mirzə Cəlili bu qədər çox sevirdinizsə niyə axı onun həyatı çox ağır keçib? Hətta İrandakı ailə üzvlərimiz Mirzə Cəlilin adını çəkməkdən belə qorxublar.

Artıq mən də uzun müddətdir ki, İrana getmirəm. Amma gələcəkdə ora yenidən baş çəkmək fikrim var. Hazırda İranda siyasi vəziyyət çox mürəkkəbdir. Bizim İranda qohumlarımız yaşayır. Yəqin ki, onları ziyarət etməyimiz də çətinləşəcək…

(Atam Teymur, mən və balaca qardaşım Barzinin əlində Mirzə Cəlilin şəkili var)

-Cəlil Məmmədquluzadə sizin üçün kimdir?

-Mirzə Cəlil xürafat-cəhalətlə mübarizə aparmaq üçün canını fəda edən cəsur bir insan idi. Mən onun kimi cəsarətli deyiləm. Siyasətlə də məşğul olmuram. Ailəmizdə Mirzə Cəlilin yolunu davam etdirən birini tanımıram.

-Babanız Ənvər Cavanşirini (Mirzə Cəlilin oğlu) heç görmüsünüz? Onu necə xatırlayırsınız? Azərbaycan, ailəsi barədə sizə nə danışırdı?

-Bəli mən onu gördüm, çox bacarıqlı və mehriban bir həkim idi. Babam İranın şimalında bir çox xəstələri pulsuz sağaldıb, onlara kömək edib. Həmin xəstələrin ödəməyə pulları da yox idi. Oradakı insanlar babama inanırdılar və onu çox sevirdilər. Babam Azərbaycandakı ailəsi haqqında bizə heç danışmadı. Atam isə bizə dedi ki, o, ailəsini qorumaq hər şeyi gizli saxlayıb…

(Atam Teymurun toyu-1974. Mirzə Cəlilin oğlu Ənvər babam, anam Nəsrin, atam Teymur, Zofia nənəm)

-Atanız Teymur Cavanşiri, ananız Nəsrin xanımla bağlı bilmək istərik.

-Atam çox illər öncə qəzada həyatını itirdi. Anam Nəsrin isə Britaniyada qardaşımla yaşayır. Bu barədə qardaşımla müsahibənizdə geniş məlumat veriləcək.

-Azərbaycan haqqında fikirlərinizi bilmək istərik. Ailənizin Azərbaycan əsilli olduğunu nə vaxt öyrəndiniz?

-Eşitmişəm ki, Azərbaycan qonaqpərvər insanların yaşadığı gözəl bir ölkədir.  Əlbəttə ki, Bakını, Azərbaycanı çox görmək istəyərəm. Ailəmizin Azərbaycan əsilli olduğunu uşaq ikən öyrənmişdim.

Mən Azərbaycan xalqını sevirəm. Onların böyük bir hissəsi İranda yaşayır. Kökümüzün Azərbaycandan olduğunu bilmək məni qürurlandırır. Belə bir qanı daşıdığıma görə, başqa ölkələrdən olan insanlarla da daha yaxşı əlaqələr  qura bilirəm.

-Siz niyə Azərbaycana dəvət edilmədiniz?

-Bu, mənim də sualımdır. Cavabını bilmirəm. İstərdim ki, siz və ya oxucularınız mənim üçün bu suala cavab verəsiniz.

Bizi illər sonra məhz siz axtarıb tapdınız. Buna görə sizə təşəkkür edirik. Sizin göndərdiyiniz ilk mesajınız bizə çox təsir etmişdi. Ailəmizin digər üzvləri ilə 30 ildən sonra yenidən əlaqə saxlamağımıza vasitəçi oldunuz. Biz bunu heç vaxt unutmarıq. (Ünvanları, telefon nömrələrini göndərdik)

(Ənvər babamın evinin önü. Onun kiçik qızı İren, Zofia nənəm, Ənvər baba, atam Teymur və Martin)

-Azərbaycana səfər etmək istərsinizmi?

-Azərbaycan mənə çox maraqlıdır. Ümid edirəm ki, nə vaxtsa bu ölkənin gözəlliklərini görmək şansına sahib olacağam.

-Mirzə Cəlilin Polşadakı varisləri Martin Cavanşiri və oğlu Przemysłav ilə EKSKLÜZİV MÜSAHİBƏ-ni BURADAN oxuya bilərsiniz.

-Mirzə Cəlilin İralandiyadakı varisi Ramin Cavanşiri ilə EKSKLÜZİV MÜSAHİBƏ-ni BURADAN oxuya bilərsiniz.

Davamı olacaq…

HafizTimes.com

Hafiz Əhmədov                                                                    

Oxuyun

Trend yazılar