Bizimlə əlaqə

Müsahibə

`Nənəmgili zirzəmidən də qovurdular`– Hacı Zeynalabidinin rus nəticəsi: “Həmin kasetdə hər şeyi danışıb” (EKSKLÜZİV+SƏNƏDLƏR)

Yayımlandı

da

Nənəmin səs yazısı olan kaseti verdiyimiz şəxs qəflətən helikopter qəzasında həlak oldu”

“Tağıyev restoran sahibinə deyib ki, bu illər ərzində hər bir azərbaycanlı orada pulsuz, onun hesabına yemək yeyə bilər. Bunu nənəm Sara xanım mənə danışıb”

Nənəm öz oğlu Oleqi Sankt-Peterburqda yaşayan qohumumuza vermişdi. Mənim atam isə internatda böyüyüb

“Nənəmə kömək etməyə yox, muzey eksponatı kimi baxmağa gəlirdilər”

Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyevin nəticələrinin bir qismi hazırda Rusiyada yaşayırlar. 

HafizTimes.com Hacı Zeynalabidin Tağıyevin qızı Sara Tağıyeva-Sarayevanın Moskvada yaşayan nəvəsi Dmitri Sarayev ilə həmsöhbət olub. Dmitri Sarayev babası Hacı Zeynalabidin Tağıyevlə bağlı illərdir ki, gizli qalmış bir çox məqamlara aydınlıq gətirib, ailəsinin fotolarını, nənəsi Sara Tağıyevanın əlyazmalarını da HafizTimes.com-a təqdim edib:

Qeyd edək ki, Hacı Zeynalabidin Tağıyevin qızı Sara xanımın hazırda Rusiyada Oleq və Lev Nikolayeviç Sarayev adlı iki oğlu yaşayır. Bizim müsahibimiz Dimitri Sarayev Lev Sarayevin oğludur. Uzun müddət Bakıda nənəsi Sara xanımın yanında yaşayıb.

(Sağdakı 2-ci xanım Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadədir)

– Azərbaycan dilində danışa bilirsinizmi?

– Bəli. Amma çox da yaxşı danışa bilmirəm. Elə sözlər var ki, başa düşmürəm.

– Tağıyevin nəvələri – Sara Tağıyevanın oğulları indi harada yaşayırlar, nə ilə məşğuldurlar?

– Nənəm Sara Xanımın bir oğlu Oleq hazırda Sankt-Peterburqda yaşayır, Elmlər Akademiyasında çalışır. Digər oğlu, yəni mənim atam Lev isə hazırda Ryazan şəhərində yaşayır. Atam indi yaşlanıb, pensiya alır. Mənim Oleq adlı qardaşım isə 5 il bundan öncə rəhmətə edib.

(Sara Tağıyeva və övladları: Oleq, Lev Sarayev)

– Onlar Azərbaycana gəlmək istəyirlərmi?

– Əmim Oleq Nikolayeviçin fikirini bilmirəm. Amma atam yaşlandığı üçün ona uzaq yol getmək çətindir. Mən özüm Bakıda anadan olmuşam. 1993-cü ildə Bakıdan çıxmışam. Həmin vaxt atam Bakıda yaşayırdı. Amma Oleq əmim hələ uşaqlıqdan Sankt-Peterburqda yaşayıb.

– Hazırda hansı işlə məşğulsunuz?

– Mən podpolkovnikəm, uzun müddət polis orqanında çalışmışam, indi isə pensiyaya çıxmışam.

– Nənəniz Sara xanım necə bir həyat yaşayırdı?

– Biz nənəmin evinin qonşuluğundakı binada qalırdıq. Nənəm həmişə tək qalmaq istəyirdi. Həmişə yanına gəlirdim, soruşurdum ki, ay nənə, nə lazımdır? Nənəm həmin vaxt zəif eşidirdi, görə bilmirdi. Deyirdi ki, “Dima, bir bax gör, evin polunu necə yumuşam? Gör, hər yer təmizdirmi?” Deyirdi ki, “Dima, sən heç nə etmə, qonaq gəlmisən, heç nəyə əl vurma, özüm hər şeyi edəcəyəm”.

Nənəm öz atasını çox sevirdi. Bütün həyatını atasına həsr etmişdi. Həmişə bizə atasından danışırdı. Deyirdi ki, atası öz millətini həddindən artıq çox sevirdi. Dostumun bir maqnitofonu vardı. Nənəmin yanına gələndə ona çoxlu suallar verib, səsini kasetə yazırdım. Amma o kaset indi itib. Atam o vaxt həmin kaseti Vəli Məmmədova verib. Nənəm hər şeyi danışmışdı. Daha sonra Vəli Məmmədovun helikopter qəzasında faciəvi şəkildə həlak olduğunu eşitdik. Təəssüf ki, bu gün həmin kaset yoxa çıxıb.  Qeyd edim ki, Vəli Məmmədov atamla tez-tez gürüşərdi. O, nənəmə də hər zaman kömək edərdi.

Məndə indi də nənəmin babama yazdığı məktubları qalıb. Fikrim vardı ki, həmin məktubları kompüterdə çapdan çıxarım. Çünki, nənəmin yazdığı sözlərin çoxunu başa düşmürəm.

Məndən öncə qardaşım nənəmlə birlikdə qalırdı. Mən isə həmin vaxt ata-anamla birlikdə Culfada yaşayırdıq. Qardaşım birinci sinifdə oxuyanda mən də Bakıda Yasamal rayonunda nənəmin yanında qalmağa başladım.

– Siz azərbaycanlısınızmı?

– Xeyr. Mən rusam. Mənim nənəmin ikinci həyat yoldaşı Nikolay Sarayev rus olub. Ona görə bizim milliyətimiz rusdur.

– Hacı Zeynalabidin Tağıyev haqqında nələr bilirsiniz?

– Yəqin, Hacı Zeynalabidin Tağıyevin Almaniyada restorana getməsi məsələsindən xəbərdarsınız. Bu, tamamilə doğrudur. Nənəm mənə danışırdı ki, Tağıyev Birinci Dünya Müharibəsi vaxtı Almaniyada olub. O vaxt Kayzer belə bir əmir vermişdi ki, rus təbəələrinin banklarda olan hesabları bağlansın. Amma Tağıyevin bankdakı hesabını açmışdılar ki, o, Almaniyadan çıxa bilsin.

Tağıyev Almaniyada olanda restorana gedib. Xidmətçi ona yemək verməyib. Amma axşam restoranın sahibinə məlum olur ki, ora kim gəlibmiş. Onu yenidən restorana dəvət edib, böyük bir süfrə açıb. Axşam yeməyi zamanı Tağıyev soruşub ki, bir günlük bu stolun qiyməti nə qədərdir? Bir həftəlik, bir aylıq və bir illik nə qədərdir? On illik qiyməti nə qədərdir? Qiyməti biləndən sonra Tağıyev restoran sahibinə deyib ki, bu illər ərzində hər bir azərbaycanlı orada pulsuz, onun hesabına yemək yeyə bilər.

Nənəm danışırdı ki, bir aralar bazarda balıq olmayıb. Hamı Tağıyevin yanına gəlib ki, balıq yoxdur. Tağıyev dənizin kənarına gedərək, deyib ki, mənə bir balıq tutun. Barmağındakı üzüyü çıxarı, balığın quyruğuna bağlayıb və dənizə buraxıb. Deyib ki, kim bu balığı tutsa, üzük də onun olacaq.

Nənəm hətta danışırdı ki, Tağıyev ilk dəfə olaraq Bakıya pomidor gətirdib və dadına baxıb. İndi Şollar suyunu Bakıda camaata butulkalarda satırlar. Amma Tağıyev Şollar suyunu o vaxt Bakıya çəkmişdi ki, camaat o suyu pulsuz içsin.

Nənəm deyirdi ki, o vaxt çar Aleksandr Bakıda vağzalda Tağıyevlə görüşərkən Hacı papağını çıxarmayıb…

– Sara xanımın həyat yoldaşı ilə bağlı danışaq…

– Babamız Nikolay o vaxt Leninqradda zavodda mühasib işləyirmiş. Nənəmlə orada tanış olublar. Babam müharibədə həlak olub.

– Nənəniz Sara xanımın övladlarını atıb, Bakıya gəldiyini deyirlər. Bu, nə dərəcədə doğrudur?

– Nənəm öz oğlu Oleqi Sankt-Peterburqda yaşayan qohumumuza vermişdi. Mənim atam isə internatda böyüyüb. O vaxtlar çox çətin idi. Nənəm işləmək istəyirdi. Amma onu Bakıda hər yerdən qovurdular. Atam həmişə bizə danışırdı ki, bir müddət Bakıda zirzəmidə yaşayıb. Nənəmgili hətta zirzəmidən də qovurmuşlar. Buna görə nənəm elə bir addım atmışdı. Nənəmə ömrünün sonlarına yaxın Nərimanov prospektində ev vermişdilər. O, elə həmin evdə də yaşayırdı..

– Bəs atanız, əminiz öz anaları Sara xanımdan inciməmişdilər?

– Nənəm həmişə uşaqlarına məktublar yazırdı. Həmin məktubları oxuyanda nənəmin öz övladlarına nə dərəcədə bağlı olduğunu görmək olur. Hətta nənəm ömrünün son günlərində Respublika Xəstəxanasının reanimasiya şöbəsində yatırdı. Onun otağında qalmaq üçün mənə və atama icazə vermişdilər, növbə ilə orada qalırdıq. Nənəm orada da dünyasını dəyişdi. Həmin gecə atam onun yanında qalmışdı. Nənəm dünyasın dəyişən vaxt heç nə deməyib.

– Bəs siz niyə Azərbaycanı tərk etdiniz?

– Həmin vaxt qardaşım Arxangelskdə işləyirdi. Mən isə Neft Daşlarında çalışırdım. Qardaşım onunla getməyi təklif elədi, mən də fikirləşmədən ona qoşuldum.

– Bəs atanız, əminiz nəyə görə getdilər?

– Bu, çox çətin sualdır. Evimiz də var idi. Ayaz Mütəllibovun vaxtında bizə Mərdəkanda bağ da vermişdilər. Elçibəy hakimiyyətə gələndə siyasət bir az başqa cür oldu.

– Elçibəyə görə Azərbaycandan getdilər?

– Çox çətin sualdır. Cavab verə bilmirəm.

– Siyasəti bəyənmədiniz?

– Bəli. Deyək ki, səbəb budur. Məndə bu sualın cavabı var. Amma demirəm.

– Bəlkə sizi incidirdilər?

– Mən Bakıda anadan olmuşam. Bizi kimsə incitməyib.

– Deyirlər ki, o vaxt nənəniz dilənçilik edirdi, çörək pulu yox idi… Doğrudurmu?

– Mən o vaxtlar Neft Daşlarında işləyirdim, yaxşı pul qazanırdım. Nənəmin yanına gəlirdim. Həmişə mənə deyirdi ki, “Dima bir, yoxsa iki manat pul verim?” Deyirdim ki, “Nənə, mənə pul lazım deyil. Əsas sənə pul lazımdırsa, de, istədiyin qədər verim…” Nənəm belə bir insan idi.

– Nə yaxşı, Azərbaycan dilini unutmamısınız?

– Mən Moksavada yaşayıram. Burada isə xeyli azərbaycanlı var. Axı mən Azərbaycan dilini necə unuda bilərəm? Həmişə azərbaycanlılarla söhbət edirəm. Biz Azərbaycan Tarix Muzeyinin 90 illiyində Bakıya gəlmişdik. Babamın bütün qohumlarını ilə görüşdük. Amma indi elə də yaxın əlaqələrimiz yoxdur.

– Bakı üçün darıxırsınız?

– Əlbəttə. Mən Bakıda anadan olmuşam, böyümüşəm, əsgərliyə getmişəm… İndi isə 53 yaşım var.

– Bakıdan getdiyinizə görə peşmansınızmı?

– Əlbəttə, peşman oluram. Belə gətirdi ki, çıxıb getdik. Amma ora qayıtmaq istəyirəm.

(Lev Sarayevin oğlanları: Dmitriy və Oleq)

– Nənəniz Sara xanımın acınacaqlı vəziyyətdə ömür sürməsi ilə bağlı mətbuatda qeyd olunan iddialara münasibətiniz necədir?

-80-ci illərin sonu 90-cı illərin əvvəlində nənəmin yanına çox adam gəlirdi. Lakin onların əksəriyyəti nənəmə muzey eksponatı kimi baxmağa gəlirdilər. Əslində isə kömək edənlər çox az idi. Yaxşı xatırlayıram ki, Vəli Məmmədov ona həmişə kömək edirdi. İndi isə əlbəttə bəziləri çox söz danışa bilərlər… Nənəmin xasiyyətinə bələd olduğum üçün deyə bilərəm ki, tələbələrin gəlib onu çimdirmələri ilə bağlı mətbuatda yazılanlar sadəcə olaraq cəfəngiyyatdır.

Bəli, xatırlayıram ki, texniki bir məktəbdən ona yemək gətirdilər. Amma 6 il boyu belə davam etmədi. Onun həqiqətən də buna ehtiyacı yox idi. Sadəcə olaraq atasının xidmətlərinə görə ona qayğı göstərilməsini xoş qarşılayırdı. Həyatının son günlərində Respublika xəstəxanasında reanimasiya şöbəsində yatarkən də atam daim onun yanında olub. Mən atamla birlikdə növbə ilə onun yanında qalırdıq. Bir dəfə o qolundakı iynəni çıxarıb atdı və heç kimə icazə vermədi. Yalnız biz onun əlini tutanda sakitləşdi…

Hafiz Əhmədov

HafizTimes.com

Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadənin Sara Tağıyeva ilə bağlı HafizTimes.com-a açıqlamasını BURADAN oxuya bilərsiniz: Qarakənd faciəsi noyabr ayının 20-də olmuşdu. Ayın 23-cü biz eşitdik ki, Vəli də vertolyotda olub və həlak olub. Bir həftə sonra Sara Tağıyeva mənə zəng edib dedi ki, Xalidə, mən ikinci atamı da itirdim, bundan sonra çətin ki, yaşayım. Vəlidən bir həfətə sonra Sara Tağıyeva da dünyasını dəyişdi…”.

Müsahibə

`Amerikalı milyarderlə dost olduq` – Cümhuriyyətin ən nüfuzlu qadın varisi: “Azərbaycan Vətənimdir” (EKSKLÜZİV+FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Atam Azərbaycanın Sovet hakimiyyətinin işğalından azad olub, müstəqillik qazanacağı günün xəyalı ilə yaşayırdı”

“Warren Buffettin həyat yoldaşı Susan Buffettlə çox yaxın dost olduq”

“Nəsib bəy Yusifbəyli kimi bir çox insan öz Vətənləri üçün həyatlarını qurban verdilər”

“Buffett ailəsi mənə təklif etdi ki, beynəlxalq program yaradım və rəhbərlik edim”

“Qardaşımız olmadığı üçün övladlarım, hətta nəvələrim də atamın soyadını daşıyırlar”

“Atam Azərbaycanın eşqi ilə yaşadı və Azərbaycana olan həsrəti ilə gözlərini əbədi olaraq yumdu”

“Ümid edirəm ki, Azərbaycan Xalqı bu Cümhuriyyətin qurulması və müstəqil olması üçün həyatlarını fəda edən insanları heç vaxt unutmaz”

Türkiz Göygöl – Dünyada ən uğurlu 10 türk qadından biri. “Willows International”da prezident və CEO.  Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi Çingiz Göygölün qızıdır. Əmisi Mirzə Göygöl Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri olub. T. Göygöl 1947-ci ildə İstanbulda anadan olub. Hazırda ABŞ-da Rhode Island əyalətində yaşayır. O, dünyada ən zəngin investor, xeyriyyəçi-milyarder Warren Buffettin ailəsinin etibarını qazanıb və bir müddət “Buffett Foundation”a rəhbərlik edib. Uzun illərdir ki, qadınların yaşadıqları problemləri araşdırır, onların hüquqlarını müdafiə edir, xeyriyyə işləri həyata keçirir. Qeyd edək ki, Türkiz Göygöl Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varislərindəndir.

(Nərgiz, Çingiz, David Kline-Perihan, Yaqut Göygöl)

Türkiz Göygöl HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Azərbaycan əsilli iş qadını Türkiz Göygöl bir çox mühüm məqamlara aydınlıq gətirib.

 -Siz koronavirusa qarşı necə mübarizə aparırsınız? Amerikada tətbiq olunan karantin şərtləri həyatınıza, fəaliyyətinizə necə təsir edir?

-Mart ayından bəri evimizdən işləyirik. Biz yaşadığımız bölgədə koronavirus çox da yayılmayıb. Hər şeyə diqqət yetiririk və normal həyatımızı yaşayırıq.

(Eral, Arman Gökgöl-Kline və həyat yoldaşları)

-Azərbaycanlı “Göygöl” ailəsinin qızının yolu necə oldu ki, dünyanın ən zəngin, məşhur Buffet ailəsi ilə kəsişdi?

-1986-cı ildə “Pathfinder International”da vitse-prezident kimi çalışırdım. Oranın prezidenti məni Warren Buffettin hazırda vəfat etmiş həyat yoldaşı Susan Buffettlə tanış etdi. Bu illər ərzində çox yaxın dost olduq. Suzi Buffett onlara maliyyə dəstəyi üçün göndərilən layihələri mənə də təqdim edirdi, fikirlərimi soruşurdu. Beləliklə o, mənim peşəkar olduğumu da öyrəndi.

-Türkiz Göygölün uğur sirri nədir?

-Əvvəlcə dürüstlük və etibarlılıq deyə bilərəm. Əlbəttə ki, yaxşı təhsil və zəhmət olmadan bunlar mümkün deyil.

-“Willows International” ilə bağlı bilmək istərik. Necə qurdunuz, planlarınız nə?

-“Pathfinder İnternational”da 14 il çalışdıqdan sonra 1996-cı ildə işdən çıxdım. Birləşmiş Millətlər Təşkilatının UNFPA-da (Əhali Fondu) işləməyə başladım. Azərbaycan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstan üzrə proqramların direktoru oldum. Özbəkistanın BMT-dəki nümayəndəsi kimi fəaliyyətə başladım. Daşkənddə yaşayırdım. 1998-ci ildə BMT-nin bürokratiyasında işləməyi sevmədiyim üçün UNFPA-dakı işimdən uzaqlaşdım. Bundan sonra ABŞ-ın Virciniya ştatında “Willows Fondu”nu təsis etdim. İlk layihəmizi Türkiyənin 15 əyalətində həyata keçirməyə başladıq.

(Eral Gökgöl Kline və ailəsi)

“2004-cü ildə Susan Buffett vəfat edəndə Buffett ailəsi mənə təklif etdi ki, “International”  program qurub rəhbərlik edim”.

-2005-ci ilin martında “Willows”dan uzaqlaşdım və “Buffett Foundation”da işləməyə başladım.

-Sizcə qadınların ən böyük problemi nədir? Siz uzun illər bu sahədə çalışıb, araşdırmalar edibsiniz. Qadınlara nə söyləmək istərsiniz?

-Məncə, qadınların böyük əksəriyyəti “özlərinə inam” və “öz ayaqları üstə durmaq” öyrədilmədən böyüyürlər. Bu da qadınların bir çoxunun ən böyük problemidir. Bir peşəkar kimi uğur qazanmağın həzzini duya bilmirlər. Onlar öz peşələrindən yalnız pul qazanmamalıdırlar. Həmçinin bacarmaq, iqtisadi baxımdan müstəqil olmağın həzzini yaşamırlar. Özləri ilə bağlı qərar qəbul edib, həyata keçirə bilmirlər. Əvvəlcə ataya, sonra isə həyat yoldaşlarına bağlı bir həyat yaşayırlar.

(Çingiz Göygöl və xanımı Perihan)

-Ailənizin Azərbaycandan olduğunu nə vaxt öyrəndiniz? Atanız Çingiz Göygöl Azərbaycanla bağlı  sizə nələr danışardı?

-Doğulduğumdan bəri, atamın Azərbaycanın Gəncə şəhərində dünyaya göz açdığını, böyüdüyünü, bolşevik hücumlarını, ailəsinin başına gələnləri dinləyərək böyüdüm. Evimizdə həmişə Azərbaycan musiqilərinə qulaq asardıq, Azərbaycan yeməkləri bişirərdik. Evimiz Azərbaycandan Türkiyəyə köç etmiş dostlarımızla dolub-daşardı. Atamız həmişə bizə ailəsi, qonşuları və Gəncə şəhəri ilə bağlı maraqlı məlumatlar danışardı. 1997-ci ildə UNFPA ilə (BMT-nin Əhali Fondu) Gəncəyə gedəndə artıq hər yeri tanıyırdım.

(Arman Gökgöl-Kline və ailəsi)

“Sərdar Bağı” ya da “Xan Bağı”, “Maral Gölü”, “Hacıkənd”, “Gökgöl” və ya “Göygöl”, Gəncə Qalası haqqında məlumatları dinləyərək böyüdük. Atam deyirdi ki, sovet hakimiyyətinin işğalından sonra hər şey dəyişdi. Bildiyiniz kimi, atam “Türk izi” və “Mücahit” adlı jurnallar nəşr etdirib. Atam Azərbaycanın Sovet hakimiyyətinin işğalından azad olub, müstəqillik qazanacağı günün xəyalı ilə yaşayırdı.

(Çingiz Göygöl)

“Qazaxıstanın Ayagöz rayonuna sürgünə göndərilən bibim 1964-cü ildə Türkiyəyə gəldi. Atam 40 ildən sonra bacısına qovuşdu. Hamımız çox xoşbəxt idik. Səkkiz ay evimizdə qonaq oldu”.

-Göygöl ailəsində büyümək necə idi? Necə bir uşaqlıq illəri yaşamalı oldunuz?

-Atamın anası, bacısı və qardaşı Məcidin taleyinin necə olduğunu bilmirdik. Atam onlara görə dərin kədər hissi keçirirdi. Bütün bunlar istisna olmaqla çox xoşbəxt bir uşaqlıq illəri keçirdik…

(Çingiz Göygöl)

-Azərbaycanlı məşhur mühacir Çingiz Göygölü qızının dilindən tanımaq istərik. Bizə atanızdan, ananız Perihan xanımdan bəhs edin. Çingiz bəy mühacirətdə necə bir həyat yaşadı?

-Mənim atam Azərbaycanın eşqi ilə yaşadı və Azərbaycana olan həsrəti ilə gözlərini əbədi olaraq yumdu. Biz uşaq olarkən atamgil Azərbaycan dərnəkləri, Azərbaycan günləri təşkil edərdilər. Atam Azərbaycan rəqslərini də çox gözəl bacarırdı. Anam isə həm xaricdən, həm də qəlbən çox gözəl bir xanım idi. O, əsl bir xanım idi. Möhtəşəm ana idi. Atam-anamız bizə oxumağı, peşə sahibi olmağı, həyatda uğur qazanmağı, öz ayaqlarımız üzərində durmağı öyrətdilər. Heç vaxt nə atamdan, nə də anamdan “tez ailə qurun” cümləsini eşitmədik.

(Perihan xanım)

Atam evinə, ailəsinə çox bağlı bir insan idi. Hətta günorta da yemək üçün evimizə gələrdi. İstəyirdi ki, biz həmişə gözəl geyinək, təmiz və baxımlı olaq, məktəbdə yaxşı qiymətlər alaq, uğur qazanaq. Atam bizi özəl məktəblərdə oxutdu.

(Çingiz Göygöl və qardaşı oğlu Oğuz)

Atam oğul övladı olmadığına görə əvvəllər bir az kədərlənirdi. Amma yaşa dolduğu zaman fikirləri belə dəyişdi: “Mən nə axmaq adam olmuşam, oğlan övladım olmadığına görə kədərlənmişəm. Allah mənə övladların ən yaxşısını, brilyant kimi dörd qızı verib. Allaha min dəfə şükür olsun”- deyərdi.

(Çingiz Göygöl)

-Çingiz Göygöl Azərbaycan Milliyyətçilər Dərnəyinə başqanlıq edib, “Türk izi”, “Mücahid” kimi önəmli dərgilər nəşr etdirib.  Sizin adınız həmin dərgi ilə bağlıdır?

-Hamımızın adını atam qoyub. Mən istisna olmaqla digər bacılarımın ikinci adları belədir: böyük bacım ata nənəm Yaqutun adını daşıyır. Digər bacım isə sürgünə göndərilən bibim Şulənin adını danışıyır. O biri bacım da digər bibimin adını daşıyır, Mahtaban. Bacılarım və mənim tam adlarımız belədir:  Yaqut Yıldız, Şulə Güliz, Nərgiz Mahtaban və Aykut Türkiz.

-Atanız Çingiz Göygöl Türkiyədə mühacirətdə olarkən Azərbaycan üçün çox dəyərli işlər görmüş bir şəxsiyyət. Siz bu barədə nə demək istərsiniz?

-Çingiz Göygölün qızı olduğum üçün fəxr edirəm. Atam bizə Azərbaycana qarşı böyük bir sevgi aşıladı. Mən də UNFPA-dakı işi qəbul etməklə Azərbaycana xidmət etmək istəyirdim. Biz UNFPA ilə birlikdə Gəncədə bir təhsil mərkəzi açdıq. Azərbaycana başqa faydalarım da oldu.

Əziz atam 1987-ci ildə vəfat etdi. Mən isə Azərbaycana (Bakı, Gəncə və Göygöl) ilk dəfə 1989-cu ildə gəldim. Kaş ki, atam bir neçə il də yaşayardı və mən də Gəncə, Hacıkənd, Göygöllə bağlı xatirələrimi, şəkillərimi onunla bölüşərdim.

(Niyazi, Çingiz Gökgöl və qardaşı oğlu Selçuk)

-Göygöl Azərbaycanda Gəncə şəhəri yaxınlığında məşhur bir göldür. Atanız soyadınızla (Gökgöl) bağlı sizə nə danışardı?

-Atamızın Azərbaycana olan sevgisi soyadımızın da oradan gəlməsinə səbəb oldu. Soyadımızın Gəncədəki Göygöldən gəldiyini bilirik. 1989-cu ildə Göygölə gedəndə onun gözəlliyinə heyran oldum.

(Çingiz Göygöl, Mirzə Göygöl və nəvəsi)

-Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Nəsib bəy Yusifbəyli və həyat yoldaşı Şəfiqə Qaspıralı haqqında nələr bilirsiniz? Nəsib bəyin qızı Zöhrə Yusifbəyli əminiz Mirzə Göygölün xanımı idi…

-Nəsib bəy Yusifbəylinin “nənə” dediyimiz Şəfiqə xanımın həyat yoldaşı olduğunu bilirəm. O, Gəncədə anadan olub. Daha sonralar isə Krımda Şəfiqə xanımın atası İsmayıl Qaspıralı ilə birlikdə “Tərcüman” qəzetini nəşr ediblər.  Onun “Tərcüman” qəzetində yazıları yayımlanıb. Həmin vaxt Şəfiqə xanımla tanış olublar və ailə qurublar. Nəsib bəy Yusifbəylinin böyük işlər gördüyünü, nazir, baş nazir olduğunu da bilirəm. Hətta qısa bir müddətlik İstanbula gəlməsi barədə də məlumatlıyam. Bolşeviklərin istilasından sonra 37 və ya 38 yaşında ikən öldürüldüyünü də bilirəm. Nənəm Şəfiqə xanım da öz atasının təşəbbüsü ilə bir jurnal da nəşr edib. O, qadın hüquqlarının qorunması ilə bağlı çalışırdı.

(Arman Göygöl Kline və ailəsi)

-Əminiz Mirzə Göygölün həyat yoldaşı Zöhrə Yusifbəylini, qardaşı Niyazi Yusifbəylini (Nəsib bəy Yusifbəylinin övladları) necə xatırlayırsınız? Azərbaycandan heç bəhs edərdilər?

-Niyazi bəy atamın ən yaxın dostlarından biri idi. Oğlunun adını da Nəsib qoymuşdu. Mirzə Göygöl əmimgil o vaxtlar İstanbulda yaşayırdılar. Biz isə atamın işinə görə Ankarada olurduq. Buna görə də bir-birimizi tez-tez görə bilmirdik. Nəticədə, əmim uşaqları ilə birlikdə böyüyə bilmədik. Əmim iş üçün Ankaraya gələndə bizdə qaldırdı. Biz də İstanbula gedəndə “Kabataş” tərəfdə (Ayazpaşa) əmimgilin möhtəşəm mənzərəli evində qalırdıq. Əmim ciddi bir insan idi. Şəfiqə nənəm və Zöhrə “yengəm” bizimlə ciddi məsələlər, Azərbaycan, Krım haqqında danışmazdılar.

(Çingiz Göygöl)

-Azərbaycan Cümhuriyyətinin dövlət hesabına Avropada ali təhsil almaq üçün göndərdiyi tələbələrdən olan əminiz, məşhur alim Mirzə Göygöllə bağlı bilmək istərik. Necə bir həyat yaşadı? Övladları ilə əlaqə saxlayırsınızmı?

-1980-ci ildə ABŞ-dan Türkiyəyə gələndə əmimin böyük oğlu Səlcukla (Səluş deyərdik) çox yaxın dost olduq. Hərdən görüşüb, Tarabiyada “rakı” içməyə gedərdik. Söhbətimiz çox gözəl olardı. Əmim oğlanları “Oşan” (Oğuz), Dəmir Göygöl (aktyor) və  əmim qızı Şulə Türkiyədən Almaniyaya köçdülər. Bundan sonra əlaqələrimiz kəsildi. Xeyli vaxtdır ki, bir-birimizdən xəbərsizik.

(Çingiz Gökgöl-Niyazi bəy)

-Azərbaycanla bağlı hansı xatirələriniz var?

-Əvvəllər Azərbaycana UNFPA vasitəsi ilə iş üçün gələrdim. Daha sonra isə qohumlarımızı görmək üçün gəldim. Övladlarım da Azərbaycana gəliblər.  Həyat yoldaşımla birlikdə ən az 5 dəfə Azərbaycanda olmuşuq. Bibimin qızı Türkan üç il bundan öncə vəfat etdi. Onu və digər qohumlarımızı görmək üçün Bakıya gələrdim. Yəni ki, axırıncı dəfə 3 il öncə Bakıda olmuşam. Türkan və qızı Fatma da İstanbula tez-tez gələrdilər.

-Azərbaycan sizin üçün nə məna ifadə edir?

-Azərbaycan mənim Ata Yurdum – Vətənimdir. Biz yarı azərbaycanlıyıq. Azərbaycan deyiləndə öz Vətənim kimi hiss edirəm. Azərbaycanın bir çox yerlərində oldum. Çox gözəl bir ölkədir. Atamın bizə danışdığı kimi gözəldi.

(Məcid Göygöl)

-Atanızın yaxın dostu azərbaycanlı memar, yazar Safvet Məlik-Zərdabi (Həsən bəy Zərdabinin Türkiyədəki mühacir oğlu) və həyat yoldaşı Nəfisə xanımla bağlı nələr bilirsiniz? Onları necə xatırlayırsınız?  

-Safvet bəy və Nəfisə xanımı çox yaxşı xatırlayıram. Ankarada Ulus məhəlləsində Posta küçəsində evləri vardı. Evlərini gözəl dizayn etmişdilər. Uşaqları yox idi, bizi, xüsusilə, böyük bacım Yaqutu çox sevirdilər… Olduqca nəzakətli, mədəni insanlardı.

(Çingiz Göygöl)

-Atanızın azərbaycanlı qohumlarından, dostlarından daha kimləri tanıyırdınız? Sizə kimlər qonaq gələrdilər?

-Niyazi bəy Yusifbəyli, həyat yoldaşı Nəzakət xanım, Əflan Muğan bəy, gəncəli İsa Göçer bəy və qardaşlarını, Mehmet Altunbay,  Əli Taşkent, Müallim Nəbi bəy, Beşir bəy, Bahadır bəy, Taki bəy, İbrahim Sofu, Hüseyin Gencer bəy, İsmail və Davud Saryal qardaşlarını yaxşı xatırlayıram. Çünki həmişə evimizə gəlib-gedərdilər. Bayram günlərində bütün azərbaycanlılar evimizə toplaşardılar. İstanbuldakı nənəm Şəfiqə xanım Qaspıralının qardaşı Heydər Qaspıralı və qızı İnci xanımı yaxşı xatırlayıram.

(Şəfiqə xanım Qaspıralı)

-Azərbaycana yenidən gəlmək istərsinizmi?

Azərbaycana mütləq yenidən gedəcəyik. Bəlkə də  gələn il.

(Perihan və Çingiz Göygöl)

-28 May Azərbaycan Xalq Cümhuriyyətinin(AXC) yaranması günüdür (1918-ci il). Ailəniz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli varislərindəndir. Bu barədə nə demək istərsiniz?

-Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin önəmli şəxsiyyətlərindəndir. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından iki il sonra öldürüldü. Onun kimi bir çox insan öz Vətənləri üçün həyatlarını qurban verdilər. Ümid edirəm ki, Azərbaycan Xalqı bu Cümhuriyyətin qurulması və müstəqil olması üçün həyatlarını fəda edən insanları heç vaxt unutmaz və özlərinə layiq bir həyat sürərlər. Gənclər hər zaman onları xatırlamalıdırlar.

(Eral Gökgöl-Kline və ailəsi)

-Ailəniz, amerikalı həyat yoldaşınız, övladlarınız haqqında bilmək istərik. Maraqlıdır ki, sizin övladlarınız da “Gökgöl” soyadını daşıyırlar.  Azərbaycanla bağlı onlara nə danışırsınız?

-İki oğlum var: Arman Çingiz Göygöl Kline və Eral David Göygöl Kline. İki oğlumun da iki övladı var. Armanın oğlu Marin Eral Göygöl Kline (10 yaş), Evren Skott Göygöl Kline (8 yaş). Eralın oğlu Kai Alexandır Göygöl Kline (9 yaş), qızı Keilani Armana Göygöl Klinedir (6 yaş).

(Gökgöl-Kline ailəsinin nəvələri)

Həyat yoldaşımın atası tərəfi 1600-cü illərdə Hollandiyadan Amerikaya köçüblər. Ana tərəfi isə ingilis və alman mənşəlidir. Onlar da 1700-cü illərdə Amerikaya mühacirət ediblər. Həyat yoldaşım Kanzasda anadan olub və Amerika vətəndaşıdır.

“Mən Harvard Universitetində fəlsəfə doktoru ikən onunla (həyat yoldaşım)  tanış oldum”.

-Orada professor kimi çalışırdı. Özümü həmişə həm azərbaycanlı, həm də türkiyəli kimi görmüşəm. Övladlarım da özlərini elə görürlər. Qardaşımız olmadığı üçün övladlarım da atamın soyadını (Göygöl) daşıyırlar. Hətta nəvələrimə də bu soyadı veriblər. Nəvələrimiz də, övladlarımız da Göygölü tanıyırlar. Və babalarının (Çingiz Göygöl) həyatı haqqında həmişə onlara danışırıq.

(Eral Gökgöl-Kline və xanımı)

-Sonda oxucularımıza nə demək istərsiniz?

-Türkiyə ilə Azərbaycan bir-birinə ən yaxın, iki qardaş ölkədir. Təəssüf ki, keçmişdə baş verən çirkin siyasi oyun və hadisələr ailələrin parçalanmasına səbəb olub və atamız Türkiyəyə gələrkən anası, bacısı, qardaşı Azərbaycanda qalıb. Ümid edirəm ki, Azərbaycan və Türkiyənin sevgi bağı hər zaman davam edəcək.

Hafiz Əhmədov

HafizTimes.com

“Atam baş nazirin ailəsinin süründüyünü görüb və qızı ilə evlənib” – Nəsib bəy Yusifbəylinin nəvəsi ilə TARİXİ MÜSAHİBƏ (FOTOLAR) BURADAN oxuya bilərsiniz. 

Oxuyun

Müsahibə

`Varlığımın xəta olduğunu dedi` – Van Dammın oğlu: “Azərbaycan gəncləri üçün bu bir təcrübədir” (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Hüquqlarını müdafiə edən insanlara həqiqətən də heyranam”

“Valideynlərimə borclu deyiləm”

“Ətrafınızdakılara hörmət edərək özünüz üçün yaşayın”

“Din ancaq “ehtiyac duyduğumuzda” başımızı qoya biləcəyimiz bir yastığa sahib olmaq üçün qurub hörmət etdiyimiz bir inanc formasıdır”

“Buna görə atamla eyni layihədə rol almaq istəmirəm”

HafizTimes.com-un növbəti müsahibi Hollivudun döyüş səhnələrinin mahir ifaçısı, məşhur aktyor Jan Klod van Dammın oğlu Kris van Dammdır. Atasının yolunu davam etdirən aktyor, kinorejissor Kris van Damm esklüziv müsahibə zamanı özü, karyerası, ailəsi, atası ilə bağlı mühüm məqamlardan söhbət açıb. İlk dəfə olaraq Azərbaycan, Bakı ilə bağlı fikirlərini bölüşüb:

-Los-Ancelesdə anadan olmuşam. Amma uşaqlıq illərimin çox hissəsi Belçikada keçib. Nənə-babamın (ata tərəf) yanında böyümüşəm. Demək olar ki, dünyanın hər yerində təhsil almışam. Ancaq gənclik illərim burada, yəni Cənubi Kaliforniyada keçir. Hazırda Los-Ancelesdə yaşayıram və müstəqil kinorejissoram.

-Jan-Klod van Dammın oğlu olmağın hansı məsuliyyətləri var?

Heç bir məsuliyyəti yoxdur. Bu dünyada yaşayan bir insan olaraq özümüzü dərk etməli, sevməli və buna uyğun hərəkət etməliyik. Hamımız fərqliyik. Və öz həyat yolumuz və seçimlərimiz var.

-Hazırda həyatda olan kimə qarşı heyranlıq hissi duyursunuz və nə üçün?

-İnandıqları şeylər üçün mübarizə aparan, hüquqlarını müdafiə edən insanlara həqiqətən də heyranam.

-Özünüzdə və başqalarında hər zaman olmasını istədiyiniz ən vacib xüsusiyyət nədir?

-Əzmli olmaq, dürüstlük, qərarlı olmaq, özünü tanımaq və məsuliyyət.

Ən dəyərli varlığınız?

-Ailəm, dostlarım və motosikllarım.

-Jan-Klod van Damm evdə, ailədə necə bir atadır?

-Mən uşaq olan zaman atamın iş qrafiki gərgin olduğu üçün onu heç görə bilmirdik. Amma əmin olun ki, o, bir ata kimi bizə qayğı göstərirdi və bütün ehtiyaclarımızı təmin edirdi. Həmişə başımızın üstündə bir dam, masamızda yemək və birlikdə film çəkməkdən zövq almaq imkanımız vardı.

 -Əgər nəsli tükənmiş bir şeyi geri qaytarmaq imkanına sahib olsaydınız nəyi seçərdiniz?

-Mənim itim, “Ajax”.

-Ən sevdiyiniz söz nədir?

– “SOLİD(bərk, möhkəm)

-Böyüyəndə nəçi olmaq istəyirdiniz?

-Kinorejissor və hekayə danışan.

-Sizə deyilmiş ən pis söz nə olub?

-Bir nəfər mənə varlığımın xəta-səhv olduğunu demişdi. Amma indi özümü sevirəm, bu həyatdakı varlığımı dərk edirəm və məqsədlərimi müəyyənləşdirdiyim üçün onun fikrinin düzgün olmadığını bilirəm.

-Valideynlərinizə nəyi borclusunuz?

-Heç nə! Mən yalnız onlara öz sevgi və hörmətimi verə bilərəm. Çünki, onlar yaşamaq üçün mənə nəfəs veriblər. Unutmayın ki, istəmədiyimiz təqdirdə heç kimə “borclu” deyilik. “Vermək” “borclu olmaq”dan daha dəyərlidir. Çünki bunun arxasında vicdan və iradə durur.

-Atanızın uğur sirri nədir?

-Bunun hər hansı bir sirri yoxdur. Uğur universaldır və insandan-insana dəyişir, fərqlənir. Mənim fikrimcə uğur özümüzə və dünyaya inamdan, universal, qərarlı olmaqdan, diqqət, dözüm və sevgidən doğur.

-Ən böyük məyusluğunuz nə oldu?

-Mənzilimi çox tez satmışdım.

-Ən çox nə zaman xoşbəxt olursunuz?

-Motosikletimə minəndə və bir filmdə, ya da bədii layihə üzərində çalışanda çox xoşbəxt oluram.

-Görünüşünüzdə nəyi bəyənmirsiniz?

-Hər şeyi bəyənirəm. Mən özümü sevirəm.

-Böyüdüyünüz ailədə nə çatışmırdı?

-Davamlı ünsiyyət.

-Bu ağır günlərdə sizi motivə edən nədir?

-Yaradılışa olan sevgim.

-Gələcək üçün hansı planlarınız var? Heyranlarınıza nə demək istərsiniz?

-Sevginizə görə təşəkkür edirəm. Mən də qarşılıqlı olaraq sizin hər birinizi sevirəm. Mənim planlarım heç vaxt imtina etməmək və sevdiyim işi davam etdirməkdir.

-Uğurunuzu kimə borclusunuz?

-Həyata və özümə minnətdaram.

-Hazırkı dünyanın mənzərəsini necə və hansı rənglə çəkərsiniz?

-Mən bunu əsasən sağ əlimlə, qızılı və solğun göy rəngli  kölgələrlə çəkərəm. Ancaq görmək istədiyim dünyanın rəsmini çəkəcəyəm. Yaşadığımız dünya isə fərqlidir.

-Atanızla bərabər eyni layihədə rol almaq istərsiniz?

-Xeyr. Özəl bir səbəbə görə bu barədə plan qurmuram. Öz tərzinizdə şəxsi layihələrinizin olması daha yaxşıdır.

-Oynamaq istədiyiniz bir film və ya rol varmı?

-Bəli, “STAR WARS”.

-Nəyi karyeranızda ən böyük uğur hesab edirsiniz? Və ya aşdığınız ən böyük əngəl nə olub?

Özümə inanmaq və sevmək. Həyatdakı varlığımın önəmini başa düşdükdən sonra işimlə ətrafımdakılara və dünyadakı digər insanlara necə təsir etdiyimi görmək bir nailiyyətdir. Hamımız fərdi olaraq çox dəyərliyik. Bəzən müəyyən insanlar üçün başqalarından daha dəyərliyik. Amma bu rəqəm dəyişmir, cəmi bir neçə nəfər üçün… Fiziki olaraq zamandan aslıyıq. Ancaq məqsədimiz və təmsil etdiklərimiz həmişə olacaq.

-Din sizin üçün nə deməkdir?

-Ancaq “ehtiyac duyduğumuz zamanda” başımızı qoya biləcəyimiz bir yastığa sahib olmaq üçün qurub hörmət etdiyimiz bir inanc formasıdır. Məndən dinimin nə olduğunu soruşsanız, həyatdakı yolum kimi “universal” olduğunu söyləyərəm.

-Co Bayden, yoxsa Donald Tramp?

-Hörmətlə, Donald Tramp.

-Koronavirusa yoluxmamaq üçün məsləhətiniz nədir?

-Maska taxın, sosial məsafə qaydalarına riayət edin, idmanla məşğul olun və sağlam olun. Həmçinin pəhriz də saxlamağı unutmayın.

-Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərik. Atanız da Azərbaycana səfər edib…

-Əminəm ki, ora gözəl bir yerdir. Bir gün Azərbaycanı ziyarət edəcəm. Orada yaşayan bir dostum var. O, mənə tez-tez Bakının foto və videolarını göstərir. İnanıram ki, mən bunu dəyərləndirəcəm.

Azərbaycandakı gənclərə nə demək istərsiniz?

-Bu mesajım bütün dünyadakı və Azərbaycandakı gənclər üçündür. Özünə inam, məsuliyyət uğurun və nailiyyətin əsasdır. Bu, özümüzü tanımaq deməkdir. Nəticədə siz hər gün, hər şeyi daha çox bilib inkişaf edərsiniz. Sizi xoşbəxt edən qərarlar qəbul edin. Ətrafınızdakılara hörmət edərək özünüz üçün yaşayın. Həyatımız boyu özümüzü daha da inkişaf etdirmək üçün daxili məsuliyyətimizi də dərk etməliyik. Bu, sürətli böyüməyimizə kömək edən ömürlük bir təcrübədir. Özünüz üçün də ədalətli və balanslı sərhədlərə sahib olmağı unutmayın, çünki dəyəriniz ölçüb-biçilməzdir. Və buna hörmət edilməlidir. Tanrı hamınızı qorusun.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Atam baş nazirin ailəsinin süründüyünü görüb və qızı ilə evlənib” – N.Yusifbəylinin nəvəsi ilə TARİXİ MÜSAHİBƏ (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Evimizdə heç kim babam Nəsib bəy Yusifbəylidən bəhs etməzdi”

“Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb”

“Bundan sonra atam baş nazirin qızı ilə evlənməyə qərar verib”

“Bəlkə babamı da ermənilər öldürüb”

“Bütün həyatları boyu Vətən həsrəti ilə yaşamalı oldular”

“Atam deyərdi ki, ermənilər azərbaycanlılara qarşı hər zaman düşmən münasibəti bəsləyib”

“Ağ ruslar” da bizim evimizdən əksik olmazdı”

“Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar”

Oğuz Yusuf Göygöl – Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən biri, Azərbaycan hökumətinə başçılıq etmiş tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsidir. Atası Mirzə Göygöl Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri olub. Əmisi Çingiz Göygöl Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi, Azərbaycan Milliyyətçilər Dərnəyinin başqanı idi. Anası Zöhrə Yusifbəyli-Göygöl Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Nəsib bəy Yusifbəylinin qızıdır. Nənəsi Şəfiqə Qaspıralı-Yusifbəyli məşhur Krım tatar ictimai xadimi, “dildə, fikirdə, əməldə birlik” ideyasının müəllifi İsmayıl Qaspıralının qızıdır.

Tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsi Oğuz Yusuf Göygöl Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq  HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Oğuz Yusuf Göygöl ailəsi ilə bağlı illərlə gizli qalmış bir çox məqamlara aydınlıq gətirib. O, həmçinin ailəsinin fotoşəkillərdən ibarət şəxsi arxivini HafizTimes.com-a təqdim edib.

-Əvvəlcə özünüz haqqında danışaq. Uşaqlığınızı necə xatırlayırsınız? Göygöl ailəsində böyümək necə idi? İndi harada yaşayırsınız?

-Mən uşaq olan zaman həmişə İstanbulda, Yeşilköydə böyük bağçası olan evlərdə, hətta “köşk”lərdə kirayə qalardıq. Qohumlarımız bizə gələrdilər, bütün yay tətillərini bizimlə keçirərdilər. Evlərimiz hər zaman dəniz sahilində olardı. Anamın dayısı Heydər də Türkiyədə təhsil aldı. Daha sonralar isə Kayseridə məskunlaşdı. Həyat yoldaşının möhtəşəm bir sarayı da vardı. Çox zəngin idilər. Heydər dayı ailəsi və xidmətçiləri ilə bizə gələr, bütün yayı birlikdə keçirərdik. Onlar üçün üç növ süfrə qurulardı. Hətta xüsusi aşbazımız da vardı.

(Çingiz Göygöl, qardaşı Mirzə Göygöl və nəvə Tuluğ)

Xəlil dayi (Has?) bir gün atamı kənara çəkib məsləhət verdi ki, bu evdən heç vaxt qonaq əksik olmur, belə davam edə bilməz. Cavad qardaş da oxuyub həkim oldu. Atamın “yeğeni” idi, oxumaq üçün İrandan İstanbula gəlmişdi. O da bizimlə birlikdə yaşadı. Atamın Berlindən də tələbə yoldaşları gələrdilər. Atamın süfrəsi axasında həmişə xeyli insan əyləşərdi. Maaşı çox yüksək olsa da, heç vaxt pulu bir yerə toplayıb zəngin ola bilmədi. Bütün dostlar, qohumlar varlandılar, bizdə də yeyib-içdilər. Bundan sonra Cavad bəy Azərbaycan əsilli iranlı, çox zəngin bir xanımla ailə qurdu.

(Zöhrə Yusifbəyli və oğlu Oğuz Göygöl)

Mənim uşaqlıq illərim gözəl keçdi. Dəniz sahilində yaşamaqdan həzz alırdım. Yesilköy çox kosmopolit bir bölgə idi və xeyli sayda qeyri-müsəlman ailələr yaşayırdı. Onların uşaqları yay tətilində ataları ilə işləməyə məcbur idilər, biz isə (qardaşım və mən) səhər duran kimi dənizə gedirdik. 1952-ci ildə Almaniyanın Darmştadt şəhərinə təhsil almağa gəldim. 1963-cü ildən bəri Hamburqda yaşayıram.

(Məhəmməd Əmin Rəsulzadə də fotoda yer alıb)

-Ailənizin Azərbaycandan olduğunu nə vaxt öyrəndiniz? Atanız Mirzə Göygöl Azərbaycan haqqında sizə nələr danışardı?

-Atam öz millətini çox sevən bir insan idi. Bizə xüsusilə Gəncənin nə qədər gözəl olduğunu söylərdi. Azərbaycanı cənnətin bir hissəsi kimi təsvir edərdi. Azərbaycanın müstəqillik ildönümlərində bütün qohum-əqrabaları, dostlarını başına toplayıb həmin günü qeyd edərdilər. Bunun üçün gözəl yerlər icarəyə götürüb, əyləncələr təşkil edərdilər. 28 may 1918-ci il Azərbaycanda Cümhuriyyətin yaranması günüdür

(Mirzə Göygöl və xanımı Zöhrə Yusifbəyli)

-Bizə mərhum atanız Mirzə Göygöl, ananız Zöhrə Göygöl-Yusifbəylidən bəhs edin. Göygöl ailəsinin həyatını sizdən öyrəmək istərik. Valideynləriniz necə tanış olublar, evləniblər? Türkiyəyə köçməli olduqdan sonra hansı çətinlikləri yaşadılar? Axı ananız Zöhrə xanım Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin yeganə qızı idi…

-Atam millətçi bir insan olduğu üçün anamla nənəmin (Nəsib bəy Yusifbəylinin qızı və həyat yoldaşı: Zöhrə Yusifbəyli və Şəfiqə xanım Qaspıralı) İstanbulda tək yaşadıqlarını biləndə onları axtarır tapıb. Nənəm iki uşağı ilə birlikdə Sevastapoldan İstanbula qaçmağı bacarıb. Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) Qalatasaray Liseyində təqaüd ilə təhsil alıb. Anam isə Erenköydəki qız liseyindən məzun olub.

(Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım İstanbulda)

Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb. Daha sonra kim olduqlarını araşdırıb tapıb. Azərbaycan baş nazirinin həyat yoldaşı və uşaqlarının belə ağır vəziyyətdə yaşamaları atamı çox məyus edib, kədərləndirib. O, anamla evlənməyə qərar verib. Nənəmi də (Şəfiqə xanım Qaspıralı) öz yanlarına gətiriblər, birlikdə yaşayıblar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) isə ərzurumlu zəngin bir ailənin qızı ilə evləndi.

(Bu şəkili illərlə nənəm qoruyub, saxlayıb)

İş qurmaları üçün qayınatası onlara sərmayə verdi. Fəqət dayımı aldatdılar və təəssüf ki, pullar batdı. Dayım heç nəsiz ortalıqda qaldı. Daha sonra bir liseydə müəllim kimi çalışmağa başladı. Atam anamla evləndikdən sonra nənəmlə yanaşı, dayım da onlarla birlikdə yaşamağa başladı. Onlara da atamgil baxırdı.

Atam məni Almaniyaya göndərəndə dedi ki, heç vaxt alman qadınla evlənmə. Dostlarının hamısı alman qadınla evlənib, boşanmışdılar. Mən də atama qulaq asmadım. Atam haqlı idi. Alman qadınla nikahımız davam etmədi və ayrıldıq.

(Mirzə Göygöl, Zöhrə xanım, Oğuz bəy, Nuran xanım və Neriman Aykut)

-Göygöl Azərbaycanda Gəncə şəhəri yaxınlığında məşhur bir göldür. Necə oldu ki, siz “Göygöl” soyadını qəbul etdiniz? Atanız bu barədə sizə nə danışıb?

-Atamgilin keçmiş soyadı “Hacızadə” olub. Türkiyədə soyadla bağlı qanun tətbiq edilən zaman məmurlar atama deyiblər ki, “elə hacı-macı olmaz. Özünüz üçün başqa bir soyad tapın”. Cavad bəy tez “Gəncəli” soyadına sahiblənib. Atam da “Göygöl” sözünü soyad kimi qəbul edib. Hətta illər sonra atam öz evini qurarkən binanın adını “Gəncə” qoydu.

(Şəfiqə xanım Qaspıralı-Yusifbəyli)

– Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan babanız Nəsib bəy Yusifbəyli və həyat yoldaşı Şəfiqa xanım haqqında nələr bilirsiniz? Ananız ailəsi haqqında sizə nələr danışardı?

-Anam ailəsi haqqında danışanda yalnız İsmayıl Qaspıralıdan bəhs edərdi. Atası haqqında danışmazdı. Babam və nənəm haqqında çox şey bilmirəm. Nənəm kədərlənməsin deyə babam haqqında evdə heç kim danışmazdı.

(Babamın qoruyub saxladığımız rəsimi)

-Nənəniz Şəfiqə xanım Qaspıralını (Nəsib bəy Yusifbəylinin xanımı) necə xatırlayırsınız? Şəfiqə xanım Nəsib bəydən ayrıldıqdan sonra necə yaşadı?

-Qohumlarımızdan başqa bir çox rus dostumuz vardı. Onlar İstanbuldan qatara minib, Yesilköyə bizə qonaq gələrdilər. Yemək yeyib, çay süfrəsi açardılar. Corc adlı bir nəfəri də xatırlayıram. Rus kolbasalarını gətirib bizimkilərə satardı. Nənəm evimizə gələn qonaqları qarşılardı, yola salardı, uşaqlarla vaxt keçirərdi.

(Mirzə Göygöl, Zöhrə, Səlcuk, Oğuz Yusuf)

-Şəfiqə xanım həyat yoldaşı Nəsib bəy Yusifbəylidən necə bəhs edərdi?  Nəsib bəylə Şəfiqə xanım ayrılmışdılar? 

-Evimizdə bu mövzuda heç kim danışmazdı. Çünki nənəm çox kədərlənirdi. Nənəmi incitməmək üçün heç kəs bu barədə söhbət açmazdı.

-Nəsib bəy Yusifbəylinin öldürülməsi, məzarının yeri ilə bağlı nə bilirsiniz? Ailədə bu barədə nə danışardılar? Ananız Zöhrə xanım atasından necə bəhs edərdi? Nəsib bəyin də qatili ermənilərdi?

-Gəncənin yaxınlığında azərbaycanlı və ermənilərdən ibarət yanaşı kəndlər olub. Bəzi erməni kəndliləri azərbaycanlıları təhdid edib oradan keçmələrinə mane olurlarmış. Atam da çox ehtiyatlı hərəkət edərmiş. Bəzən erməni kəndliləri qışqırırlarmış ki, “kəndə ayaq basma, səni öldürəcəyik”. Bəlkə babamı da onlar öldürüb. Amma bununla bağlı məndə dəqiq məlumat yoxdur.

Anam heç vaxt öz atasından bəhs etməzdi. Rus qonaqlar daim ətrafımızda idi. Gələn qonaqlar bir-biri haqqında qeybət edərdilər. Anam və nənəm isə sadəcə olaraq onlara müvəqqəti xoş münasibət göstərərdilər. Yəqin ki, anam babamla bağlı onlara məlumat ötürmək istəməyib.

-Azərbaycan Cümhuriyyətinin Ədliyyə naziri, görkəmli şəxsiyyət eyni zamanda qohumunuz olan Halil Has Mehmet Gürgören (Xəlil bəy Xasməmmədov) haqqında nə bilirsiniz?

-İnsanlar daim bizə gəlib, gecə yarısına qədər söhbət edərdilər. Onların arasında “Xan” adlı biri də vardı. Çox güman ki, o da önəmli bir insan idi. Atam onlara deyirdi ki, Azərbaycan cənnət kimi bir ölkədir, həyət-bağlarının gözəlliyindən söz açardı. Atam ermənilərin azərbaycanılara qarşı hər zaman düşmən münasibəti bəslədiklərini də qonaqlara danışardı. “Ağ ruslar” da bizim evimizdən əksik olmazdı. Halil Has Mehmet Gürgörenin ailəsindən heç kimi tanımıram. Valideynlərim sağ olsaydılar onlar barəsində bilərdilər.

(Mirzə Göygöl, Çingiz Göygöl və nəvə Tuluğ)

-Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi olan əminiz Çingiz Göygöl necə bir həyat yaşadı? Əminizin övladları ilə əlaqə saxlayırsınız?

-Əmim Çingiz inşaat mühəndisi idi, öz şirkəti vardı. Evlərin damını tikirdilər. Qazancı bol idi. Biz uşaqlara həmişə xərcləmək üçün pul verərdi. Təəssüf ki, əmim qızı Türkizlə əlaqəmiz kəsildi. Əmim çox vaxt kefsiz olurdu. Çünki onun heç oğlan övladı olmamışdı. Daha sonralar isə çoxlu oğul nəvələri oldu.

-Azərbaycanla bağlı hansı xatirələriniz var? Azərbaycan sizin üçün nə deməkdir? Gəncəyə gəlmək istəyərsiz?

-Atamın iki böyük bacısı (sürgündən gəliblər) illər sonra Hamburqa bizi ziyarət etməyə gəlmişdilər. Daha sonra Viesbadendə yaşayan bacım Şuləyə də baş çəkdilər. Birlikdə çox gözəl vaxt keçirdik. Təəssüf ki, mən heç vaxt Azərbaycana getməmişəm.

Anam və atam quru yol ilə Azərbaycana gedəndə Naxçıvandakı erməni gömrük məmurları onlara qarşı ədəbsizlik edərlərmiş, çox kobud və qəddar münasibət göstərirlərmiş.

İndi isə Azərbaycana getmək çox asandır. Amma mən qocalmışam. İnşallah qızım və nəvələrim bir gün Azərbaycana gedərlər.

Atam həmişə vətən həsrəti ilə yaşadı. Anam da, atam da öz vətənlərindən uzaq düşdülər. Bütün həyatları boyu bunun kədəri ilə yaşamalı oldular. Mən də vətənim olan İstanbul, Türkiyəmi itirdim. Uşaqlığımın, gəncliyimin keçdiyi ölkə, şəhər artıq yoxdur və ya çox uzaqda qalıb.

(Meral Qaspıralı və Tuluğ Göygöl)

-28 May Azərbaycan Xalq Cümhuriyyətinin ildönümüdür (1918-ci il). Ailəniz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərindəndir. Azərbaycanda sizi sevən insanlara nə demək istərsiniz?

-İnsanlar bir-birlərinə hörmət etməli, yaxşı yola getməlidirlər.

-Cənnət Vətəninizi qoruyun, sahib çıxın.

-Bir millət, iki Cümhuriyyət.

-Sevgi, hörmət və salamımı göndərirəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar