Bizimlə əlaqə

Müsahibə

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm” (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Robert Kalina dünya şöhrətli dizaynerdir. O, T382 dizaynının yaradıcısı kimi dünyada tanınır. 1996-cı ildə Avro banknotlarının yarışında qalib olan Kalina avronun, Azərbaycan manatının, Suriya funtunun, Bosniya və Hersoqovina markının dizaynının müəllifidir. O, uzun müddət Avstriya Milli Bankında işləyib.

Robert Kalinanın Hafiztimes.com-a eksklüziv müsahibəsini təqdim edirik:

-Cənab Kalina, hazırda işləriniz necədir? Hansı layihələr üzərinə çalışırsınız?

– Əvvəla, özümlə bağlı sizə məlumat verim. 1955-ci ildə Vyana şəhərində anadan olmuşam. İndiyədək doğma şəhərimdə – Vyanada yaşayıram. Evliyəm, bir qızım və bir oğlum, həmçinin iki nəvəm var. 1976-cı ildən bəri banknot dizayneriyəm və 35 il ərzində Avstriyanın Mərkəzi Bankında işləmişəm.1982-ci ildə buraxılan bütün Avstriya şillinqinə dizayn vermişəm. 1996-cı ildə AvropaMonetar İnstitutunun (Keçmiş Avropa Mərkəzi Bankı) Avropa üçün ilk vahid valyuta banknotlarının dizaynı üzrə yarışmada qalib olmuşam. Növbəti illərdə Avropa İttifaqından kənarda olan bir sıra ölkələrin (Bosniya-Herseqovina, Malayziya və Suriyada) banknotlarının dizaynını hazırlamışam. Mənim üçün ən maraqlı çağırışlardan biri də Azərbaycan Respublikası üçün banknot və qəpiklərin hazırlanması idi

-Necə oldu ki, dizayner olmağa qərar verdiniz?

-Dizayner olmaq barədə qərarı lap əvvəldən vermişdim. Artıq 15 yaşında mən Vyanada dizayn, foto və çap texnologiyaları sahəsində məşhur olan “Höhere Graphische Bundes- Lehr- und Versuchsanstalt” müəssisəsində təhsil almağa başladım. Mən burada beş il, 4 il “qrafik dizayn” sahəsində və bir il magistraturada təhsil aldım. Baza təhsilini bitirdikdən sonra 1956-1970-cı illərdə Avstriya Şillinqinin dizaynın yaradılmasına cavabdeh olan məşhur rəssam-qrafik və banknot dizayneri olan professor Roman Hellmanla birgə Avstriya Mərkəzi Bankında banknotların tipoqrafiyada hazırlanması üzrə xüsusi kurs keçdim. 1980-cı ildə isə “Banca d’Italia”da (İtaliya bankı) rəssam və banknot dizayneri Qulelmo Savani ilə birgə işləyərək beynəlxalq təcrübə qazandım.

-Siz həm də Azərbayacanın milli valyutasının dizaynerisiniz. Bununla bağlı təklif gələndə reaksiyanız necə oldu?

-Səhv etmirəmsə, məhz 2003-cü ildə ilk dəfə Azərbaycanın yeni banknotlarının dizaynı üzrə təkliflərlə bağlı eskizləri hazırladım. Bu ekzotik, lakin maraqlı ölkə üçün bir sıra banknotların hazırlanması imkanını əldə etmək sevindirici, həm də qürurverici hal idi.

– Azərbaycanın milli valyutasının dizaynını hazırladığınız günləri necə xatırlayırsınız? Ornametlərdən hansını hazırlamaq sizin daha çox vaxtınızı aldı? Ümumilikdə, bu prosses nə qədər davam etdi?

-Ümumilikdə, dizayn prosesi bir neçə il davam etdi. Ən əsas şərtlərdən biri Azərbaycan Mərkəz Bankından (AMB) olan şəxslərlə sıx işləmək idi. Bu anda mən bank rəhbərinin himayəsini xüsusi vurğulamaq istəyirəm. Onlar dizayn işlərini və bir çox ideyaları şəxsən dəstəklədi. Həmçinin məni Azərbaycan Mərkəzi Bankının heyətindən olan digər şəxslər də dəstəklədilər. Biz birlikdə 6 pul vahidi üçün müxtəlif mövzular düşünməli idik. Beləliklə, bir manat Azərbaycanın varlı və müasir mədəniyyətini, həmçinin qədim xalçalarında olan dekorativ elementləri və ənənəvi musiqi alətlərini göstərir. 5 manat Azərbaycanın dünya ədəbiyyatına verdiyi töhfəni simvolizə edir. 10 manat Azərbaycanın qədim ənənə və zəngin tarixini, 20 manat Azərbaycanın ərazi bütövlüyünü, 50 manat Azərbaycanın təhsilə və onun gələcək nəsillərə aidliyini, 100 manat isə iqtisadi inkişafı və Azərbaycan xalqının çiçəklənməsini simvolizə edir. Bu simvolik dəyərlərlə yanaşı təhlükəsizlik məsələsi də olduqca önəmlidir. Saxtalaşdırmadan qorunma ən yüksək prioritetdir. Azərbaycan valyutası Avro banknotları kimi yüksək standarta, çap keyfiyyətinə və təhlükəsizlik funksiyalarına malikdir.

-Həmin vaxt Azərbaycanla bağlı hansı məlumatlara malik idiniz?

-O zaman Azərbaycanla bağlı çox az bilgiyə malik idim. Sadəcə gözəl naxışlarla bəzədilmiş məşhur xalçaları sevirdim. Araşdırma üçün ölkənin tarixi və görməli yerləri haqda xeyli kitablar aldım. Başlanğıcda internetdə bu barədə araşdırma aparmaq bizə yardımçı oldu.

– İndiyədək Azərbaycanda, Bakı şəhərində olmusunuzmu?

-Bəli, Bakıya tez-tez səfər edirdim. Bu sizin ölkənizin mədəniyyətini və insanların necə yaşadığını öyrənmək üçün yeganə yol idi. Bundan əlavə, mən bir tərəfdən AMB-dən olan şəxslərlə ideya və dizayn məsələlərini müzakirə edir, digər tərəfdən isə dizaynlarda istifadə etmək istədiyim motivlərin fotolarını çəkirdim. Olduqca maraqlı vaxtlar idi. Muzeyləri, eyni zamanda Bakının bütün görməli yerlərinə səfər edirdim. Bu gözəl şəhəri görmək üçün yaradılan imkana görə təşəkkür edirəm.

– Siz həm də avronun dizaynerisiniz…

– Bəli. Avro banknotlarının dizaynı olduqca xüsusi və unikal çağırış idi. Banknotları hazırlamaq üçün müxtəlif mədəniyyətlərə malik xalqların qəbul edəcəyi motivləri axtarıb tapırdım. Avro üçün mənim ideyam Avropanın müxtəlif dövrlərindən, epoxalarından olan körpüləri bir istiqamətdə göstərmək idi. Bu körpülər Avropa qitəsində olan ölkələr arasında əlaqəni, həmçinin Avropa ilə dünyanın digər hissələri ilə əlaqəni simvolizə edir. Banknotların ön hissəsində Avropanın müxtəlif dövrlərindən olan qapılar və pəncərələr əks olunub. Bu, şəffaflıq və açıqlığı, həmçinin gələcəyə baxışı simvolizə edir. Hər iki motiv – körpülər və açıq qapılar Avropa dəyərlərini nümayiş etdirir.Maraqlı fakt ondan ibarətdir ki,körpülər, pəncərələr və qapılardan heç bir reallıqda mövcud deyil. Çünki Avropa İttifaqının heç bir üzvü bu faktla ön plana çəkilməməli idi. Avropaİttifaqı ölkələrinin vahid valyutası ilə hər hansı bir ölkənin – Avstriya, Suriya və ya Azərbaycanın valyutasının dizaynında böyük fərqlər var.

-Siz hansı valyutadan istifadə edirsiniz: avro, yoxsa dollardan?

-Hər gün avro ilə ödəniş etdiyim üçün daha çox avroya üstünlük verirəm. Yeri gəlmişkən, bütün dünyada hamı, dollarla yanaşı avronu da qəbul edir.

– Bəs, dolların dizaynını bəyənirsinizmi?

-Dollar çox qədim və ənənəvi valyutadır, hətta onun yeni dizaynı belə köhnə kimi görünür.

-Necə düşünürsünüz, pulun dizaynının hansısa psixoloji əhəmiyyəti varmı?

-Köhnə görünüşlü dizayn sabitlik və təhlükəsizlik simvolu kimi dəyərləndirilə bilər, lakin bu eyni zamanda köhnəlmiş və bir az da “tozlu” olaraq görünür. Digər tərəfdən çox müasir və təcrübə xarakterli dizayn isə əksinə davamlı və təhlükəsiz olmayan valyuta kimi dəyərləndirilə bilər. Dizaynerin məqsədi yaxşı kompromis tapmaqdır.Mən bu mərhələdə yenidən saxta əskinazlardan müdafiəyə qayıtmalıyam. Saxta əskinazlardan qorunmağa dair yaxşı müdafiəyə malik banknotlar etibarlıdır və insanlar onları daha çox sevəcək və inanacaqlar. Təhlükəsizlik banknotların ən əhəmiyyətli funksiyasıdır.

Hafiz Əhmədov
HafizTimes.com

Müsahibə

“Xocalıdan qayıtdıqdan sonra içkiyə başladım”– İngilis jurnalist: “Ermənilərə rəğbət bəsləyirdik” (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

Öləndə hamımızın qırılmış, əzilmiş “kukla”lara bənzədiyimizi görmək məni şok etdi

Həmin an bütün bədənimin keyidini hiss etdim

O, mənə təzyiq göstərmədi, situasiyanı başa düşməyimə kömək etdi

Helen Vomak: “Britaniyalıyam. 1985-ci ildən 2015-ci ilə qədər 30 il Moskvada işlədim. Reuters”, “İndependent”, “The Times” (London) və Avstraliyanın “Fairfax” (The Sydney Morning Herald and The Age of Melbourne) qəzetlərində  çalışdım. Mən “The Ice Walk – Surviving the Soviet Break-up and the New Russia” (Melrose Books, 2013) adlı kitabın  müəllifiyəm. Budapeştdə yaşayıram. Hazırda Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığında (UNHCR) Əfqanıstandan, Yaxın Şərq və Afrikadan olan qaçqınların Avropadakı yeni həyatlarına necə uyğunlaşdıqlarını öyrənən bir yazaram”.

 Helen Vomak 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımının canlı şahidlərindəndir. Həmin vaxt İngiltərənin məşhur  “İndependent” qəzetinin əməkdaşı olan Helen Vomak Xocalı soyqrımı ilə bağlı Azərbaycana səfər edib, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri öz gözləri ilə görüb və bununla bağlı mətbuatda məqalələrlə çıxış edib.

 Helen Vomak eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb:

-Xocalını necə xatırlayırsınız?

Həqiqətin tədricən üzə çıxdığı çox ağrılı bir təcrübə idi.

“Bütün müharibələr dəhşətlidir və hər iki tərəfdə də daima nöqsanlar olur”.

-Ancaq Moskvadan müharibə bölgəsinə getmək heç də asan olmadı. Ermənilər, onların xarici ölkələrdəki diasporaları media ilə əlaqələrini daha yüksək səviyyədə təşkil etmişdilər. Beləliklə, görünürdü ki, biz – jurnalistlər Ermənistana daha çox rəğbət bəsləmişik.

Xocalıda qorxunc bir hadisənin baş verdiyini eşitdik. Mənim işim hərbi itkilər və mülki əhalini qırğına məruz qoyan bir döyüşün olub-olmadığını müəyyən etmək idi.

Nəhayət biz gecenin bir vaxtında ora gedib çatdıq. Azərbaycanlı müşayətçi bizi əvvəlcə bir otelə dincəlməyə aparmaq əvəzinə, birbaşa olaraq Ağdamdakı məscidə apardı. Orada dəhşətli formada olan dörd meyid vardı.

“Azərbaycanlıların bu hərəkəti peşəkar PR baxımından çox da ağıllı, məntiqli deyildi”

 Həmin vaxt biz çox yorğun idik və narahat olduq. Digər tərəfdən isə həmin dörd cəsəd həqiqətən də qırğına uyğun gəlmirdi.

“Amma PR-ın bu qədər primitiv olması məni azərbaycanlıların həqiqəti söylədiyi barədə düşündürdü”. 

 -Ertəsi gün məscidin qarşısına toplaşan insanlar öz qohumlarını axtarmağa başladılar. Onların çoxu dağlarda itkin düşmüşdülər. Qəbristanlığa getdik. Gördüm ki, qadınlar ən azı 75 təzə qəbirin üzərində fəryad edirlər. Bəzi qəbirlərin üzərini “kukla”larla bəzəmişdilər. Orada uşaqların, gənclərin dəfn edildiyini öyrəndik. Dəmiryol stansiyasındakı qatar vaqonlarını təcili yardım xəstəxanasına çevirmişdilər. Oradakı həkimlərdən, yaralılardan müsahibə götürdüm.

Və mənə aydın  oldu ki, həqiqətən də Xocalıda mülki əhaliyə qarşı qətliam törədilib. Əvvəllər mən, məsələn 1988-ci ildə baş verən zəlzələ zamanı ermənilərə qarşı rəğbət hissi ilə yazmışdım.

“Lakin bu dəfə Xocalı qurbanlarının azərbaycanlı olduqları barədə məlumat yaymaq mənim borcum idim”.

“Mən gördüklərim barədə məlumat verdim. Həmin qeydlərimə də əsaslanıram. Ancaq ümumilikdə mən Dağlıq Qarabağ məsələsində neytral və balanslıyam. Hazırkı situasiya ilə bağlı heç bir fikrim yoxdur. Çünki son vaxtlar bu münaqişəni izləmirəm”.

 -Siz Xocalıda daha nələr gördünüz?

-Məsciddəki meyidxanada dörd cəsəd gördüm; qohumlarını axtaran izdiham, Ağdam qəbristanlığında ən az 75 yeni qazılmış qəbir üzərində ağlayan qadınları və qatar vaqonlarındakı yaralılar…

-Xocalıda sizə ən çox nə təsir etdi?

-Avtobusda azərbaycanlı bir jurnalist həmkarımla uzun söhbət etdik. Təəssüf ki, adını xatırlamıram. Amma onun zəkasını, mərhəmətini və qətiyyətini xatırlayıram. Bununla da dünya həqiqəti öyrənərdi. O, mənə təzyiq göstərmədi, situasiyanı başa düşməyimə kömək etdi…

-Ermənilər tərəfindən xüsusi amasızlıqla qətlə yetirilən insanların, uşaqların meyidlərini görən zaman hansı hissləri keçirdiniz?

 -Dəhşətli bir formada olan meyidləri görən zaman çox təsirləndim. Həmin vaxt 36 yaşım vardı. O vaxta qədər yaxından gördüyüm tək meyid tabutunda rahat yuxuda olan nənəm  idi. Öləndə hamımızın qırılmış, əzilmiş “kukla”lara bənzədiyimizi görmək məni şok etdi…

Qəbristanlıqda dəfn olunanların içərisində uşaqların olduğunu da öyrəndim. Qəbirlərin üzərində fəryad edən qadınların səsini eşitmək çox kədərli idi… Yaxınları, doğmaları dağlarda itkin düşmüş, xəsarət alanların hekayələrini dinləmək məni çox incitdi. Həmin an bütün bədənimin keyidini hiss etdim. Mən işimi görürdüm. Özümü birtəhər saxladım. Ancaq evə qayıdanda yıxıldım…

-Xocalıda öz gözlərinizlə gördüyünüz dəhşətli hadisə sizin şəxsi həyatınıza necə təsir etdi?

-Moskvaya qayıdanda dərhal sətəlcəm xəstəliyinə tutuldum. Bundan sonra psixoloji problem yaşamağa başladım. Müharibə müxbirlərinin bu barədə danışması düzgün deyil. Amma travma bizə də təsir edir.

Ölümün bu qədər yaxın olduğunu görmək məni öz ölümüm barədə düşünməyə vadar etdi. Əvvəlcə uçmaqdan qorxdum. Sonra metroya minməkdən qorxdum. Təyyarələrdə özümü rahat hiss etmək üçün içməyə başladım. Amma başa düşdüm ki, bu uzun müddət həll olmayacaq. Çünki qısa bir uçuş zamanı üç saat qorxa bilsəniz, amma uzun bir uçuşda isə qorxu ilə 18 saat mübarizə apara bilməzsiniz. Sonda isə bədən sadəcə olaraq təslim olur və rahatlaşır.

-Ağdamda sizi müşayət edən azərbaycanlı bir əsgər sizə demişdi: “Siz bura gəlirsiniz, simpatiya göstərirsiniz. Amma bilirik ki, gedib fərqli şeylər yazacaqsınız”. Həmin əsgər həqiqəti söyləmişdi? İllər sonra ona nə demək istərsiniz?

-Mən onu başa düşürəm. Duyğularını dürüstcə ifadə etdi. Ümid edirəm ki, onu incitmədim…

-Azərbaycana yenidən səfər etmək istərsinizmi?

O vaxt Bakıdan keçməklə yalnız Ağdama getmişəm. Amma Bakının gözəl bir şəhər olduğunu bilirəm. Fürsət yaranarsa və şərait uyğun olsa Azərbaycana getmək istəyərəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

`Atam öləndə heç birimiz yanında deyildik`- Mirzə Cəlilin İrlandiyadakı mühacir nəticəsi (EKSKLÜZİV+FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Bəlkə də qardaşımın, sonra anamın və mənim Polşaya köçməyimiz atam üçün çox ağır oldu”.

“Atam İranda vəfat edəndə biz yanında deyildik. Bu da kədərli son…”

“Atam babası Cəlil ilə bağlı olan ailə hekayəsini hər kəsdən gizli saxladı. Beləliklə özlərini qorudular…”

“Cəlilin 150 illik yubileyi üçün mən şəxsən Azərbaycana dəvət olunmadım”. 

“Məmmədquluzadə” soyadı mənə problem yarada bilər”.

Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) – Görkəmli dramaturq və yazıçı, publisist, ictimai xadim,  Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalı.  “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Ana dilinin saflığı uğrunda mübarizə apar Mirzə Cəlilin zəngin irsində azərbaycançılıq məfkurəsi  əsas yer tutub. Xаlqımızın mədəni gеriliyinə, dini хürаfаtа, mövhumata, cəhalətə, avamlığa, mürtəce çаrizm siyаsətinə qаrşı inаdlа mübаrizə аpаrıb, milli mədəniyyətin yüksəlməsi üçün mühüm xidmətlər göstərib. Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. 1907-ci ildə Həmidə xanım Cavanşirlə ailə həyatı qurub və oğlanları Midhət və Ənvər dünyaya gəlib. Böyük Vətən müharibəsi illərində həkim kimi ordu sıralarına çağırılan Mirzə Cəlilin oğlu Ənvər, sovet qoşunlarının tərkibində İrana gedib. Ənvər burada polyak qızı, onunla bir xəstəxanada işləyən tibb bacısı Zofya Bahrinovskaya ilə evlənib. Bu nikahdan övladları – Midhət, Nizhət, Teymur, İren Cavanşirlər dünyaya gəlib. O, heç vaxt İrandan Vətənə qayıtmayıb. Qeyd edək ki, bu il Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, görkəmli ictimai xadim, maarifçi Cəlil Məmmədquluzadənin İrlandiyada mühacir həyatı yaşamalı olan daha bir nəticəsini tapıb, həmsöhbət olub.  Cəlil Məmmədquluzadənin nəvəsi Midhət Cavanşirinin İrlandiyaya mühacirət edən digər oğlu Ramin Cavanşiri eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı ailəsi ilə bağlı bir çox önəmli məqamdan söhbət açıb,  Azərbaycan haqqında fikirlərini ifadə edib. Ramin Cavanşiri Cəlil Məmmədquluzadənin ailə üzvlərinin fotolardan ibarət daha bir şəxsi arxivini də HafizTimes.com-a təqdim edib. Qeyd edək ki, Mirzə Cəlilin Polşada yaşayan varisləri Martin Cavanşiri və oğlu Przemysłavı da illər sonra Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com tapıb, ailə kökləri ilə tanış edib və eksklüziv müsahibə götürüb.

Ramin Cavanşiri: “Əvvəlcə sizi, Azərbaycandan olan bütün möhtəşəm insanları salamlayıram. Ailə hekayəmi sizinlə bölüşümək mənim üçün çox xoşdur. Həmçinin məni daha yaxından tanıyacağınıza görə həyəcanlanıram. Mən məşhur Cəlil Məmmədquluzadənin nəticəsiyəm. 20-ci əsrdə ailəmizlə bağlı yaranmış mürəkkəb vəziyyətə görə mən Tehranda (İran) anadan olmuşam.15 il Polşada yaşadım. Daha sonra isə müxtəlif ölkələrə mühacirət etməli oldum. Qeyd edim ki, mən İrandan Polşaya anamla birlikdə köçmüşəm. Qardaşım Martin isə 1980-ci illərdə davam edən İran-İraq müharibəsinin doğurduğu ağır fəsadlar və bu kimi müxtəlif səbəblərə görə İranı tərk etmişdi. Amma bütün bunlara baxmayaraq, Tehranda çox xoşbəxt uşaqlıq illəri keçirdim. Anam, atam Midhət (Mirzə Cəlilin nəvəsi), qardaşım Martin və mən orada orta sinifə məxsus sadə bir ailə yaratdıq. Vəziyyətimiz yaxşı idi. Daha sonra isə Polşada orta məktəbdə təhsil aldım. Lodz Universitetində (Polşanın ikinci böyük şəhəri) sosiologiya ixtisası üzrə ali təhsil adım. Ancaq mənim 15 yaşım olanda qardaşım Martin öz ailəsini formalaşdırmağa başladı.

(Midhət Cavanşiri və oğlanları Martin, Ramin)

“İranda qalan atam Midhət ilə əlaqələrimiz kəsildi”

-Mən anamın yanında qaldım. Həmin vaxt başa düşdüm ki, mən də öz gələcəyimi düşünməliyəm. Buna görə də bir az səyahət etməli oldum. İki dəfə ABŞ-da Pensilvaniyada yaşamalı oldum və bir il orada çalışdım. Həmçinin 6 ay İngiltərədə, Birminhemdə yaşadım,  çalışdım. Təhsilimi bitirdikdən sonra Polşada məşğulluq səviyyəsi, iqtisadi vəziyyət yaxşı olmadığına görə başqa ölkəyə mühacirət etməyi düşündüm. O vaxtkı sevgilim İrlandiyaya köçdü. Bir neçə ay sonra mən də onun arxasınca İrlandiyaya köçdüm. Beləliklə mən İrlandiya-Dublində yaşamalı oldum.

-Bəs indi harada yaşayırsınız, nə işlə məşğul olursunuz? Gələcək planlarınız nədir?

-Hazırda Dublin şəhərində yaşayıram. Demək olar ki, məzilim şəhərin tam mərkəzində yerləşir. Həqiqətən də əvvəllər bu mənzildə kirayə yaşayırdım. Daha sonra özüm üçün ev almaq istədim. Kirayənin sahibi mənə dedi ki, bu evi  dərhal satın ala bilərsən. Mən də əvvəllər kirayə qaldığım evi satın aldım. İrlandiyada böyük bir beynəlxalq online bankda çalışıram. Əvvəllər bu şirkətdə telefonla-çağrı mərkəzində çalışırdım. Daha sonralar isə böyük layihələrə rəhbərlik etməyə başladım. İşim mənə rahatlıq bəxş edir. İş və həyatımı eyni vaxtda tarazlamaq imkanına sahibəm. Müsbət cəhətləri çoxdur. Həmçinin il ərzində tətil günlərimin sayı 30-dan çox olur. Bu tətil günlərində Polşadakı ailəmi, dostlarımı ziyarət edirəm, yaxşı vaxt keçirirəm. Gələcək planlarımla əlaqədar olaraq deyə bilərəm ki, mən sərbəst və rahat bir insanam. Yəni ki, İrlaniyadan köçüb mənzilimi icarəyə verə bilərəm, işim və şəxsi həyatıma görə çox tezliklə başqa ölkəyə köçə bilərəm. Karyeramda irəliləməyi planlaşdırıram. Amma 5 ildən sonra həyatımın necə olacağı barədə heç nə deyə bilmərəm…

“Azərbaycandan olan bir xanımla da evlənə bilərəm”

-30 yaşdan sonra zaman çox sürətlə ötüb keçir. Şəxsi həyatımla bağlı danışarkən, həmişə qardaşım Martin Cavanşirinin mükəmməl ailəsini təsvir etmək istəyirəm. 25 yaşında evləndi, ailəsi, uşaqları oldu. Mənim həyatım isə bir az fərqlənir. Yeni bir ölkəyə (İrlandiya) mühacirət etməli oldum. Əvvəl qeyd etdiyim sevgilimlə (İrlandiya getdiyim) olan uzun müddətli münasibətimiz başa çatdı. Bəlkə də buna xaraketlərimizin, gələcək hədəflərimizin fərqliliyi səbəb oldu. Bu ayrılıqdan sonra zamanımı kimə sərf etdiyimə diqqət yetirməyə başladım. Öz şəxsi inkişafıma zaman ayırdım. Özümə mənzil satın aldım, karyeramı inkişaf etdirdim, idmanla məşğul oldum. Dostlarıma da kömək etməklə bağlı daha da diqqətli oldum. Əlbəttə ki, növbəti uzunmüddətli münasibətlər və ya evlilik də olacaq. Bütün bunlar ömür yolumuzda bizimlə qarşılaşan insanlardan aslıdır. Bəzən yalnız o hüquqa sahib olan tək insanı gözləməlisiniz. Bu bəlkə də  azərbaycanlı bir qadın olacaq, kim bilir ?! Əlbəttə ki, istəyərəm.

“Ailəmiz artıq dağılmışdı”

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailəni təsvir edin… Mirzə Cəlilin nəticəsi kimi böydünüz?

-Tehranda keçirdiyim ilk uşaqlıq illərimi möhtəşəm hesab edirəm. Daha sonra Polşada qardaşım və anamın yanında qaldığım zamanlar da gözəl idi. Ancaq ailəmiz artıq dağılmışdı, atam İranda qaldı. Ümumiyyətlə, böyüməyimlə bağlı həqiqətən şikayətlənə bilmərəm. Anam da 15 il İranda yaşadı. Daha sonra sonra övladları ilə birlikdə başqa bir ölkəyə (Polşa) köçdü. O, gözəl, güclü və cəsur bir qadın idi. Amma onun əri (atam) İranda qaldı.

“Atamın İranda qalması istisna olmaqla hər şeylə, ailəm, böyüməyim, aldığım tərbiyə, dəyərlərlə qürur duyuram”.

-Ulu babam Cəlilin həyatım üzərindəki “kölgəsi” ilə bağlı deyə bilərəm ki, mən böyüyünə qədər bu barədə heç nə bilmirdim. Əlbəttə ki, uşaq, gənc olduğum vaxtlarda ulu babamın Azərbaycanda məşhur bir yazıçı olduğunu bilirdim. Onun kimliyi ilə bağlı heç bir detalı bilmirdim. 1979-cu ildə İranda İslam İnqilabı baş vermişdi. Həmin vaxtlar biz də İranda yaşayırdıq. Əlbəttə ki, hər şey bununla bağlı idi. Cəlil bir satirik idi. Dini liderlərə, dini cəhalətə yönəlmiş satiralarını əsirgəmirdi. Nəticədə Cəlilin özü də bütün həyatı boyu müxtəlif problemlərlə qarşılaşmalı oldu.

Bəlkə də mənim ailəm İranda öz ailə köklərini daha da gizli tutmağa çalışdı və bununla da özlərini müdafiə etdilər”.

 – “Məmmədquluzadə” soyadını heç əvvəllər eşitmişdiniz?

-Ailəm (bəlkə də babam Ənvər) ulu nənəm Həmidənin “Cavanşiri” soyadına keçməklə bağlı qərar qəbul edib. Etiraf etməliyəm ki, ulu babam Cəlilin başqa bir soyadı olduğunu bilmirdim.

-Ailənizin digər üzvləri ilə əlaqə saxlayırsınız?

-Təəssüf ki, İrlandiya, Polşada yaşayaraq İranda kimsə ilə əlaqə saxlamaq o qədər də asan deyil. İrlandiya, Polşada – Avropa Birliyi ölkələrində saatlarla sənədləşmə işləri aparmadan sadəcə olaraq bir təyyarəyə minməklə başqa ölkəyə gedə bilirəm. İrana səyahət və ya oradan kimləsə sosial media vasitəsi ilə əlaqə qurmaq çox çətindir. Ancaq Teymurun uşaqlarının ABŞ-da və İngiltərədə olduqları barədə məlumatlıyam. Teymur mənim əmim idi. O, 1993-cü ildə qəzada həyatını itirdi. Onun oğlu ilə İngiltərədə yaşadığım müddətdə əlaqə saxladım. Anam və mən Fransanın Nitsa şəhərində yaşayan bibimlə də bəzən əlaqə saxlayırdıq. Mən bir gün mütləq ora baş çəkməliyəm. Bunu xeyli vaxtdır ki, planlaşdırmışam.

(Midhət Cavanşiri, həyat yoldaşı)

– “Cavanşiri” soyadından imtina edib öz babanızın doğma soyadını götürmək istəmirsinizmi?

-Təxmin edə bilərsiniz ki, Tehranda keçən ilk uşaqlıq illərimdə “Cavanşiri” də digər İran soyadları kimi idi. Polşada isə həm adım, həm də soyadım çox fərqli səslənirdi. Əvvəllər, orta məktəbdə oxuduğum illərdə, tanış olduğum hər kəsə bu barədə geniş açıqlama verməli olurdum. Onlara İranda doğulduğumu, ailə hekayəmizi danışmalı olurdum. Amma Polşada hər kəs soyadımla maraqlanırdı. Ancaq İrlandiyada çox sayda əcnəbi yaşadığı üçün soyadım çox da maraq kəsb etmir.

“Məmmədquluzadə” soyadı problemlər yarada bilər”.

Polşada görüşüdüyüm insanların yanında “Məmmədquluzadə” soyadını səsləndirsəm əminəm daha ağır problemlər yaranacaq…

-Cəlil Məmmədquluzadə barədə fikirlərinizi bilmək istərik. Cəlil Məmmədquluzadə sizin üçün kimdir?

-Qeyd etmək istəyirəm ki, bu barədə məlumatlı deyildim. Bu mövzu mənə çox qaranlıq idi. Ancaq sonralar bu barədə məlumatlandım. Onun işlərinə, əsərlərinə və baxış tərzinə heyran oldum. Həmçinin mən də özümü həmişə humanist və azad düşüncəli biri hesab edirəm. 12-15 yaşımda qısa romanlar yazdım. Bəlkə də daxilimdə bir az Cəlilin ruhu qalmışdı. Məhz onun kimi mən də əvvəlcə hər şeyə bir az tənqidi baxımdan yanaşıram. Fundamental düşüncələri qəbul etməkdə çox ehtiyatla yanaşıram.

“Siyasi görüşlərimlə bağlı deyə bilərəm ki, mən azadlıq tərəfdarıyam”.

-Fundamentalizmi, ikiüzlülüyü, ikili standartları və insanlara edilən təzyiqləri rədd edirəm və hər bir şəxsin (ən kiçik bir azlığın da) hüquqlarının, ifadə azadlığının qorunmasının tərəfdarıyam. Bunların hamısı bir dəyərdir. Cəlil də rüşvətxorluq, fanatiklik, zülm və cəhaləti gülüş hədəfinə çevirməklə kəskin tənqid edirdi və onlara qarşı mübarizə aparırdı. Qəti şəkildə hiss edirəm ki, Cəlilin uğrunda mübarizə apardığı bu dəyərlər üçün mən də mübarizə aparmalıyam.

(Cavanşiri ailəsi)

-Mirzə Cəlil haqqında valideynləriniz sizə heç nə danışmadılar? Babanız Ənvər Cavanşiri görmüsünüz?

-Atam babası Cəlil ilə bağlı olan ailə hekayəsini hər kəsdən gizli saxladı. Onun yalnız bir xatirə kitabı vardı. Ailə hekayəmizi də yalnız o, bilirdi. Çox təəssüf ki, mən dünyaya gələndə Ənvər babam (Cəlilin oğlu) vəfat etmişdi. Qardaşım Martin isə onu görmüşdü.

-Cəlil Məmmədquluzadənin əsərlərini oxuyubsunuz?

-Mən onun əsərləri, düşüncə tərzi ilə ilə tanışam (“Ölülər” və s.). “Molla Nəsrəddin” jurnalındakı bütün hekayələri oxudum. Bəlkə də dil fərqlərinə görə (həm Azərbaycan dili, həm də əlifba fərqlidir və mən onları bilmirəm) onun əsərlərinə istədiyim qədər daxil ola bilmirəm.

-Atanız Midhətin həyatı barədə bilmək istərik. O, necə bir həyat yaşmalı oldu?

-Atam yaxşı insan idi. Amma bəlkə də bir qədər faciəli həyat yaşamalı oldu. Onunla bağlı xoş xatirələrim də var. Bildiyiniz kimi, atam 2013-cü ildə  Tehranda insult keçirdi və vəfat etdi. Onu Ənvər (Cəlilin oğlu) və Zofia (mənim polyak nənəm) düzgün tərbiyə etmişdilər və onu Polşaya mühəndislik təhsil almağa göndəriblər. Burada o, anam Elizabetlə qarşılaşıb. Polşadakı təhsilini başa vurduqdan sonra onlar yenidən İrana, Tehrana köçdülər. Həmin vaxt qardaşım doğulmuşdu. 11 il sonra isə mən dünyaya göz açdım. Atam həmişə ailəsinə yaxşı qayğı göstərirdi.

Bəlkə də qardaşımın, sonra anamın və mənim Polşaya köçməyimiz atam üçün çox ağır oldu”.

-Bundan sonra atam cəmi 10 il yaşadı. Yenə də bizi qoruyur, dəstək olur, baş çəkirdi. Bəlkə də o, düşündü ki, bizə daha çox dəstək olmalı imiş. Bəlkə də atam çox peşman olub.

“Atam İranda vəfat edəndə biz yanında deyildik. Bu da kədərli son…”

-Amma o vaxtkı şəraitə baxanda həm atam, həm də anam haqqında pis söz deyə bilmirəm…

-Cəlil Məmmədquluzadə maarifçi idi. Xalqını savadlı görmək istəyir. Dini cəhalətə qarşı mübarizə aparırdı. Bəs siz necə? 

-Mən də biliyin, fərdi hüquqların, cəhalətə qarşı mübarizənin güclü bir tərəfdarıyam. İnanıram ki, yaxşı cəmiyyətlərdə güclü, müstəqil, təhsilli, azad insanlar və ailələr olmalıdır. Əgər belə deyilsə, tarix boyu, xüsusən də XX əsrdə dəfələrlə müşahidə etdiyimiz kimi, cəmiyyət totalitarizmin və ya dini fundamentalizmin əsirinə çeviriləcək. Cəmiyyətin, fərdin hüquqları qorunmalıdır.  Əksi baş versə bütövlükdə bir cəmiyyət təhlükə, faciələrlə üzbəüz qala bilər. Nəticə çox ağır olar. Bunu Cəlil dövründən bəri dəfələrlə müşahidə etdik. Ancaq bu risklər hər zaman mövcuddur. Buna görə cəmiyyət və fərd üçün bu təhdidlərdən hər zaman xəbərdar olmalıyıq. Özümü azadlıqsevər, klassik liberal hesab edirəm. Əminəm ki, bu gün Cəlillə söhbət etsəydim bir çox ictimai və siyasi mövzularda oxşar fikirlərimiz olacaqdı. Onunla əla söhbətimiz olardı.

-Azərbaycan haqqında nə bilirsiniz? Ailənizin Azərbaycan əsilli olduğunu nə vaxt öyrədiniz?

-Bildiyiniz kimi, mənim ailə hekayəmin bu hissəsi haqqında biliklərim çox yenidir. Bu yaxınlarda Bakıya səfər edən qardaşım Martinlə əlaqə saxladım.(Mirzə Cəlilin 150 illik yubileyi). İndi bildim ki, Azərbaycan gözəl bir ölkədir. Ora haqqında çox maraqlandım. Ölkənizi ziyarət etmək istərdim. İnsanların mehriban olduğunu da bilirəm. Çox güman ki, yaxın aylarda, illərdə  ölkənizə özüm bir səfər təşkil edəcəyəm. Cəlil və Həmidə xanımın məzarlarını mütləq ziyarət etmək istəyirəm. Daha sonra ailə köklərimizlə bağlı olan yerləri görmək istəyirəm.

– Ailənizin Azərbaycan əsilli (İran deyil) olduğunu öyrəndiyinizdə hansı hissləri keçirdiniz?

-Cəlil və Azərbaycanın ailə hekayəmizə daxil olduqlarını öyrənməmişdən öncə də hiss edirdim ki, unikal bir ailə tariximiz var. Cəlil və Azərbaycanın ailə hekayəmizə daxil olması ilə ailəmiz daha da maraqlı olmağa başladı. Mən yeni öyrəndiyimiz ailə hekayəmizi dostlarıma qürurla danışıram. Onlar da heyrət və təəccüblə dinləyirlər.

-Azərbaycana səfər etmək istərsiniz? Azərbaycan sizin üçün nə məna ifadə edir?

-Xüsusən mənim üçün İrandan daha çox Azərbaycana getmək asandır. Rəsmi olaraq İranın bir vətəndaşıyam. Buna görə də ziyarət etmək istəyəcəyim zaman bu faktın törədə biləcəyi fəsadları barədə 100 faiz məlumatlı deyiləm. Azərbaycana isə yalnız bir turist kimi gedə bilərəm və bunu səbirsizliklə gözləyirəm. Son aylarda İran və Polşadan sonra Azərbaycan mənim üçün 3-cü Vətən oldu.

-Mirzə Cəlilin 150 illik yubileyi üçün siz niyə Azərbaycana gəlmədiniz?

-Cəlilin 150 illik yubileyi üçün mən şəxsən Azərbaycana dəvət olunmadım. Bəlkə də sosial media profilimi tapmaq bir az çətin olub və tədbiri təşkil edən mənimlə birbaşa əlaqə qurmadı. Beləliklə, mən bu tədbir barədə bir az gec bildim. Qardaşım Martinin isə bir həftə və ya 10 gün öncədən Azərbaycana səfəri planlaşdırılıbmış… Mirzə Cəlilin həyatı və yaradıcılığı ilə bağlı gələcəkdə qeyd olunacaq bütün tədbirlərə mütləq dəvət olunmaq istəyirəm!

-Sonda nə söyləmək istərsiniz?

Siz möhtəşəm bir millət və cəmiyyətsiniz. Tarix boyu Polşa, İrlandiya və ya İran xalqları kimi sizə qarşı da təzyiqlər göstərildi. Bilirəm ki, 1990-cı ildə Qara Yanvar qırğını ilə qanla müstəqilliyinizi yenidən qazandınız. Bilirəm ki, Sovet İttifaqı dağılandan dərhal sonra, son 30 ildir ki, millətinizin öz tarixi köklərini araşdırırsınız və məşhur şəxsiyyətlərinizi tədqiq edirsiniz. Millətin kökünü araşdırmaq tarixi əhəmiyyət daşıyır. Düşünürəm ki, ulu babamın Azərbaycan xalqı üçün bu qədər əhəmiyyət kəsb etməsinin səbəbi budur.  Və mən buna böyük hörmətlə yanaşıram. Buna görə də xüsusi ilə sizə dərindən təşəkkür edirəm.

“Ümid edirəm ki, gələcəkdə sizin ölkəni heç kim işğal etməyəcək, zülmə məruz qalmayacaqsınız və sülh içində çiçəklənəcəksiniz”.

-Möhtəşəm ölkənizə getmək və sizləri görmək üçün səbirsizlənirəm.

Mirzə Cəlilin Polşadakı varisləri Martin Cavanşir və oğlu Przemysłav ilə EKSKLÜZİV MÜSAHİBƏ-ni BURADAN oxuya bilərsiniz.

Davamı olacaq…

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

`Atamın adına Bakıda bir küçə də yoxdur` – Bəstəkarın oğlu Zərdabi ailəsinin bütün gizlinlərini açıqladı (TARİXİ FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Ankarada olan zaman Həsən bəy Zərdabinin “itkin” oğlu Safvet Məlik-Zərdabinin evini, məzarını ziyarət etdik”

“Qərib Soltan nənə həmişə mənə qardaşının adını – Safvet deyirdi”

“O, deyirdi ki, məni bacım Nanənin yanında dəfn edin”

“Rauf Hacıyevin adına bir küçə də yoxdur”

“Nazir işləyən atam bütün qapıları üzümüzə bağladı”

Fuad Rauf oğlu Hacıyev – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, məşhur rejissor. 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların  böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Qeyd edək ki, Fuad Hacıyev SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu!

Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qərib Soltan Məlikova böyüdüb, analıq edib. Fuad Hacıyev də daxil olmaqla Rauf Hacıyevin bütün övladlarına Qərib  Soltan Məlikova nənəlik edib.

Bir müddət öncə Türkiyədən Azərbaycana qayıdan Fuad Raufoğlu və həyat yoldaşı Zəminə Hacıyeva eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıblar. Fuad Hacıyev müsahibə zamanı özü, ailəsi və fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlara aydınlıq gətirib. Həsən bəy Zərdabinin nəticəsi, Qərib Soltan Məlikovanın nəvəsi olan Fuad Raufoğlu Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Zərdabi ailəsi ilə bağlı uzun illər gizli qalmış, heç bir Zərdabişünasın üzə çıxara bilmədiyi tarixi faktları HafizTimes.com-a açıqlayıb. Həmçinin Hacıyevlər ailəsi illərdir ki, hər kəsin ümidlə gözlədiyi fotoşəkillərdən ibarət şəxsi arxivlərini də eksklüziv olaraq HafizTimes.com-a təqdim ediblər:

-Bacınız Nanə xanımın erkən vəfatına görə dərin kədərimizi ifadə edirik…

-Çox sağ olun. Bacım Nanənin bu yaxınlarda qəfildən beyninə qan sızdı. Bunu heç gözləmirdik. Vətənimizə yenicə qayıtmışıq. Gəlib bizimlə də görüşdü. İki gün sonra Nanənin vəfat xəbərini aldıq. Bu bizim üçün çox ağır oldu. Dərin sarsıntı keçirdik…

-Ailənizlə bağlı bilmək istərik. Necə bir ailədə böyüdünüz? Rauf Hacıyevin övladı olmaq nə deməkdir? Atanızın adı  sizin həyatınıza, karyeranıza necə təsir etdi?

-Əlbəttə ki, bir az çətinliklər oldu. Rauf Hacıyevin övladı olmaq böyük bir məsuliyyət tələb edir. Atamı çox sevərdim. O, ciddi bir insan idi. Məni daha çox Qərib Soltan nənəm böyüdüb. Atam çox tələbkar idi. Həmişə bizə deyirdi ki, dərslərinizi oxuyun. Musiqi məktəbinə də aparardı. Uşaqlıq illərim fərqli keçməyib. Pianoda ifa edərdim.

(Nanə Hacıyeva və Zəminə xanım)

-Rauf Hacıyev övladlarına qarşı sərt münasibət göstərirdi?

-Atam bizə qarşı çox da sərt münasibət göstərmirdi. Amma həddindən artıq tələbkar idi. Kiçik bacım Nanəni bir az ərköyün böyütmüşdü.  Biz hamımız Nanəni çox sevərdik.  Amma o bizi çox erkən tərk etdi…

(Selcuk Universiteti Konservatoriya tələbələri ilə birlikdə)

-Rauf Hacıyevlə bağlı nəyi etiraf etmək istərsiniz?Atanızla bağlı heç vaxt unutmadığınız bir xatirənizi bizimlə bölüşərsiniz.

-Atam çox düzgün bir insan idi. Hətta o, öz uşaqlarına da güzəştə getməzdi. O vaxt həyat yoldaşım Zəminə xanımla birlikdə İncəsənət İnstitutunun Rejissorluq fakültəsinə daxil olmuşduq. Bu fakültə həmin il açılmışdı. Tofiq Kazımov, Mehdi Məmmədov, Adil İsgəndərov bizim müəllimlərimiz olub. Çox görkəmli rejissorlar, aktyorlar bizə dərs deyirdilər.

Zəminə Hacıyeva: “Fuadla imtahanlara girən zamanı tanış olduq. Bir-birimizi ilk dəfə orada gördük. O vaxt müəllimlər qadın olduğuma görə mənə çox da diqqət yetirmədilər. Dedilər ki, gəlin bunu rejissorluqdan aktyorluğa keçirək. Tofiq müəllim çox təkid edirdi. Hətta Fuada zarafatla deyirdi ki, “kartof-soğanla olmaz. Sən onunla evlənirsən, bu iş belə davam edə bilməz”. Mən isə aktrisa olmağı düşünmürdüm. Heç Fuad da bunu istəmirdi.  Biz Fuadla birlikdə orada təhsil aldıq. Fuad çox istedadlı idi. Hətta Moskvada da imtahanlarda iştirak edirdi. Amma o, Vətəni seçdi.

-Rauf Hacıyev sizi belə asanlıqla gəlin kimi qəbul etdi?

-Fuad müəllim də qulaq asır. Yəqin məni təsdiqləyər… Çünki bizim aramızda yalan yoxdur. Fuad mənə çox aşiq idi. Müzakirə edəcək bir məsələ yox idi. Kimsə Fuada müdaxilə etməzdi ki, “bu qız olmasın, başqası olsun” və s. O vaxtlar Fuadı çox incitdim(gülür). Amma sonda hər şey çox gözəl oldu, biz ailə həyatı qurduq.

Fuadın atası, qaynatam Rauf Hacıyev çox dürüst bir insan idi. O vaxt bütün müəllimlərimiz deyirdilər ki, Fuadla Zəminə də gəlib teatrda çalışsınlar. Amma qaynatam Rauf Hacıyev bizə icazə vermirdi. Deyirdi: “Qətiyyən olmaz! Mən Mədəniyyət naziriyəm və mənim uşaqlarım da mədəniyyət sahəsində çalışa bilməzlər!” Rauf Hacıyev bizə belə bir qadağa qoydu. Biz də çox kədərlənirdik. Hətta Fuad deyirdi: “Mən Moskvaya gedirəm, burada qala bilmərəm. Atam bizə heç bir yerdə çalışmağa imkan vermir. Bizim sənətimiz budur! Biz rejissoruq. Teatrda çalışmalıyıq”.

Rauf Hacıyev bizə icazə vermədi. Nə yaxşı ki, müəllimlərimiz bizə dəstək oldular. Müəllimlərimiz dedilər ki, Rauf Hacıyev icazə verməsə də siz İncəsənət İnstitutunda qalın və bizimlə birlikdə çalışın. Tofiq Kazımovun, Mehdi müəllimin əməkləri danılmazdır. Beləliklə biz onların köməkçiləri olaraq çalışmağa başladıq.

(Yaxın dostum Cahangir Zeynalovla birlikdə)

Rauf Hacıyevin xasiyyəti gözəl idi. Mədəni bir insan idi. Hətta indi də bəzi insanlar bizimlə qarşılaşdıqları zaman Rauf müəllimin onlara etdikləri yaxşılıqlardan söhbət açırlar. Hər kəsə yaxşılıq edib. Amma öz uşaqlarına qarşı belə deyildi. Deyirdi ki, mən özüm hər kəsə örnək olmalıyam: “Mən Nazir ola-ola uşaqlarımı da nazirliyə işə düzəldə bilmərəm!”.

(Qərib Soltan, Mehriban Ələkbərov, R.Hacıyevin qızı Natavan H. və F.Hacıyevin nəvəsi Fidan H.)

-Rauf Hacıyevin qadağalarından sonra Azərbaycanı tərk edib Türkiyəyə köçməli oldunuz?

-Biz 25 il Azərbaycanda çalışdıq. Hətta İnstitutda kafedra müdiri Mehdi müəllim də öz yerinə məni gətirdi. 16 ilə yaxın Rejissorluq fakütləsinin rəhbəri kimi çalışdım. Daha sonra professor oldum. Zəminə xanım da professordur. İndi yaxşı tələbələrimiz var. İnanın ki, teatrda çalışanların 80 faizi bizim məzunlarımızdır.

O vaxtlar Türkiyəyə getmək, orada çalışmaq kimi düşüncəmiz yox idi. Həmin vaxtlar bizim səhnəyə qoyduğumuz bütün əsərlər hər yerdə, Dövlət televiziyamızda da nümayiş etdirilirdi. Həmin tamaşalara görə çoxsaylı mükafatlara layiq görüldük. Bir dəfə Aktyorlar Evində  Jan Batist Molyerin heç vaxt təqdim olunmamış bir əsərini səhnələşdirdik. Adını isə “Köylü damat” qoymuşduq. Həmin tamaşanı izləmək üçün Türkiyədən də çoxlu qonaqlar gəlmişdi.

(Türkiyə, Konya- rektorla birlikdə)

O vaxtlar Türkiyədə Fuad Qafarov adlı bir rəssam dostumuz vardı. Dedi ki, Türkiyədə rejissorlar sizdən bəhs edirlər: “Gəlin burada sizinlə birlikdə bir konfrans təşkil edək”. Bizi də həmin konfransa dəvət etdilər. Fikirləşdik ki, həm də gedib Türkiyəni gəzib-görərik. Həmin vaxt türk dilini bilmirdik. Cəmi bir-iki kəlmə bilirdik. Buna görə də konfrans üçün çıxış mətnini əvvəldən hazırladıq. Konfrans çox uğurlu keçdi.

(Viktoriya Albert Muzeyi-Sərvər Qəniyev, Şəfiqa Məmmədova)

Zəminə Hacıyeva: “Fuad orada türklərin çox da bilmədikləri mövzulardan danışdı. Onlar da gördülər ki, bizim danışdıqlarımızdan bixəbərdilər. Hətta o qədər gözəl məlumatlar verdi ki, oradakılar türklər demişkən “şaşırdılar”. Dostumuz Fuad isə bizə türkcə kəlimələri yazıb öyrətdi”. Rektor Xəlil Cin bizə yaxınlaşıb dedi ki, mənim sizə bir təklifim var: “Biz Konyada bir konservatoriya açmak istəyirik.  Razısınızsa, bizimlə Konyada qalın”. Biz isə ona türkcə danışa bilmədiyimizi söylədik. O vaxtlar daha çox rus dilində danışırdıq. Hətta bizim üçün tərcüməçi də tutdular.  Beləliklə düz 25 il Türkiyədə fəaliyyət göstərdik. Bir müddət olar ki, Türkiyədəki işimizdən uzaqlamışıq.  Hər ikimiz də “xərçəng” xəstəliyinə tutulduq. Hazırda müalicə olunuruq.

(Nərminə Hacıyeva, Mehriban Ələkbərova, Qərib Soltan V.)

-Türkiyədə tutduğunuz mövqedən razısınızmı? Siz  yenə də çalışmaq üçün Türkiyəni seçərdiniz?

-Çox razıyıq. Çünki orada bizə xüsusi bir münasibət göstərirdilər. Həm də biz ora Azərbaycandan getmişdik. Azərbaycana qarşı böyük sevgiləri var. İndi isə dövlətlər arasında daha yaxın münasibətlər qurulub. O vaxt isə nadir hallarda Türkiyədə azərbaycanlı görərdik. Biz orada bütün Azərbaycanı təmsil edirdik. Hətta orada “bölüm başqanı” olaraq fəaliyyət göstərirdim. İlk vaxtlar türkcə yanlış danışanda da sevinirdilər, alqışlayırdılar ki, biz ruhdan düşməyək. Hazırda isə Türkiyədə çəkilən bütün filmlərdə, seriallarda bizim tələbələrimizi görə bilərsiniz. Hətta Türkiyədəki teatrların 80 faizinə bizim yetişdirdiyimiz rejissorlar rəhbərlik edir.

“Fuad Hacıyev Türkiyədə rejissorluğun əlifbasını öyrədib”

-Artıq yorulmuşuq. Vətənə qayıtdıq. Türkiyədəki fəaliyyətimizdən, gördüyümüz münasibətdən, işlərimizdən razı qaldıq. Bizi çox sevirlər. 25 ildən sonra dedik ki, işdən uzaqlaşmaq istəyirik. Onların bizi yola salmaları çox tərsirli və gözəl idi. Böyük bir restoranda məclis təşkil etdilər. Bütün tələbələrimiz, müəllim yoldaşlarımız orada idi.  Çoxlu hədiyyələr gətirmişdilər. Hətta bizim xəstəliyimizi də sağaltmaq üçün hər şey edəcəklərini bildirdilər. Bizə orada ev də verdilər. Qayıtmağımızı istəmirdilər. Dili bilmədiyimiz üçün ora qorxa-qorxa getmişdik. Amma sonda elə bil bizi göylərə uclatılar…

Azərbaycanda da bizi çox sevirdilər. Türkiyəyə getməyimiz bir təsadüf idi. Gənc idik. Deyirdik ki, 4 ildən sonra ilk tələbələrimiz məzun olduqda Azərbaycana qayıdarıq. 4 il başa çatdı, mükafatlar aldıq, tədbirlər keçirdik. Orada 4 ildən bir rektor dəyişir. Yeni rektorlar bizə qayıtmağa icazə vermirdilər. Deyirdilər ki, bizdən öncəki rektorlarla neçə çalışdınız? Axı bizimlə niyə çalışmırsınız? Biz də məcbur olub qalırdıq…İnsanın öz fəaliyyətini təkmilləşdirməsi mühümdür. Həmin vaxt heç Azərbaycan dilini də yaxşı bilmirdik. Bəxtiyar Vahabzadə o vaxt deyirdi ki, “Eh Fuad nə yaxşı ki, sən o vaxt Türkiyəyə getdin.  Onlar sənə dilimizi öyrətdilər…”.

(Hüseyin Seyidzadə ilə birlikdə)

-İllər sonra qayıtdığınız Azərbaycanda nə ilə qarşılaşdınız?

-İndi hiss edirik ki, Vətən üçün çox darıxmışıq! İnsanlarla qarşılarışıq: bəziləri sevincli, bəziləri isə kədərli… Gözəl binalar ucalıb. Bakı çox dəyişib. Köhnə Bakımızdan əsər-əlamət qalmayıb. Nyu-Yorka bənzəyir.

-Azərbaycanda nəyin  dəyişməsini istəməzdiniz?

-İnsanların səmimi, gözəl, dürüst qalmasını istərdik. Mən insanda yalnız dürüstlüyü sevirəm.

(H.Zərdabi və həyat yoldaşı Hənifə xanım-Safvet bəyin evindəki portret)

-Sizi daha çox görkəmli maarifçi, Azərbaycan Milli mətbuatının banisi Həsən bəy Zərdabinin nəvəsi kimi təqdim edirlər. Buna münasibətiniz necədir?

-Fuad Həsən bəyin nəvəsi ola bilməz. Fuadın atısı Rauf Hacıyev Həsən bəyin nəvəsi idi. Fuad isə nəticəsidir…

Hələ o vaxtlar atam Rauf Hacıyev Həsən bəyin Parisdə yaşayan qızı Pəri xanımla (Əlimərdan bəy Topçubaşının həyat yoldaşı) əlaqə saxlayırdı. Onların övladı Ələkbər Topçubaşı ilə də yaxın münasibəti vardı. Biz də Parisə gedən də onların məzarını ziyarət etdik. Atam danışırdı ki, Parisdə olanda onların məzarından bir ovuc torpaq götürüb Azərbaycana gətirib və Həsən bəy Zərdabi, həyat yoldaşı Hənifə xanımın məzarı üzərinə səpib.

(Safvet Məlik-Zərdabi)

-Həsən bəy Zərdabinin illərdir ki, axtarılan sonuncu övladı Safvet Zərdabi ilə heç görüşmüsünüz? Safvet Zərdabi ilə bağlı nələr bilirsiniz? Həsən bəyin “itkin” oğlu ilə  bağlı yalnız sizin məlumatlı olduğunuz qeyd edilir…

-Biz Ankarada olan zaman Həsən bəy Zərdabinin sonuncu övladı Safvet Məlik-Zərdabinin evini ziyarət etdik. Orada Safvetin həyat yoldaşı Nəfisənin bacısı Aişə xanım yaşayırdı. O, bizə Safvetin iş vəsiqəsini, sənədlərini təqdim etdi. Sənəddə də qeyd olub ki, Safvet Almaniyada təhsil alıb. O həm memar, həm də mühəndis bölməsinin məzunu olub. Soyadı isə “Məlik-Zərdabi” kimi qeyd olunub. Biz onun adını “Saffet” kimi yazırdıq.Amma “f” hərfi bir dənə olub. Bütün bu sənədlərin şəkillərini sizə təqdim etdik.

(Safvet Məlik-Zərdabinin sənədləri)

Nəfisənin bacısı Aişə çox yaşlı qadın idi. Gözləri zəif görürdü. O, bizə Safvetlə bağlı xeyli məlumat verdi. Hətta qeyd edim ki, atam Rauf Hacıyev Maestro Niyazi Türkiyəyə gedərkən Safvet əmiyə çox şey göndərirdi. Həmin vaxt bizim bir qızımız dünyaya gəlmişdi. Safvet əmi də qızımıza Türkiyədən gözəl geyimlər alıb göndərmişdi. Rauf Hacıyev Safvet Məlik-Zərdabi ilə həmişə əlaqə saxlayırdı.

Fuad Raufoğlu: “Atam o vaxt Safvet ilə görüşünü film kimi çəkmişdi. Həmin video lenti bizə də göstərib. İlk dəfə Safvet Zərdabinin üzünü həmin videoda görmüşdük. Amma təəssüf ki, onun özünü biz görə bilmədik. Həmin vaxt heç Nəfisə xanım da həyatda deyildi. Nəfisə xanımın bacısı Aişə xanım Həsən bəy Zərdabi ilə Hənifə Xanımın divardan asılmış qədim protretini bizə bağışladı. Aişə xanım dedi ki, “Safvet həmin portret illərlə öz evində, ən yüksək yerdə saxlayıb. Safvet evinə qonaq gələn hər kəsə həmin portreti göstərib deyirmiş ki, bunlar mənim ata-anamdır. Gözləri dolarmış…”

(Safvet Məlik-Zərdabinin sənədləri)

-Safvet Məlik-Zərdabi və Nəfisə xanımın övladı olmayıb?

-Onların bir övladı olub. Amma çox yaşamayıb, vəfat edib. Aişə xanım tez-tez deyirdi ki, bacısı Nəfisə xanım çox gözəl olub. Əsil türk qızı olub. Safvetlə Nəfisə çox mehriban olublar. Bir-birini seviblər. Təəssüf ki, biz onları görə bilmədik.

(Safvet Məlik-Zərdabinin sənədləri)

– İllərdir ki, bütün Zərdabişünaslar Safvet Məlik-Zərdabi və həyat yoldaşı Nəfisə xanımın məzarı axtarırlar. Amma nədənsə tapa bilmirlər. Onların məzarı haradadır?

-Safvet bəylə Nəfisə xanımın məzarı Ankaradadır. Fuad gedib onların məzarını tapıb, ziyarət etmişdi. Məzarın yerini Nəfisənin bacısı Aişə xanım bizə demişdi. Biz də bir müddət Ankarada yaşamalı olduq. Fuad həmin qəbirstanlığa tək getməmişdi. Teatrdakı aktyor dostları ilə birlikdə getmişdilər və Safvet bəyin məzarını tapdılar. Məzarları önündə dayanıb onların ruhuna rəhmət oxuyublar. Göz yaşlarını saxlaya bilməyib… Biz yenidən Ankaraya gedəndə onların evinə baş çəkəcəyik. Aişə xanım bəlkə də indi dünyasını dəyişib.

-Safvet Məlik-Zərdabinin evi necə idi?

-Zəngin bir saray deyildi. Sadə bir ev idi. Çox qədim idi.

(Moskva. “Yol ayrıcı operattası”. H.Rauf, H. Fuad və Zəminə Hacıyeva)

-Safvet Məlik-Zərdabi niyə heç Azərbaycana gəlməyib?

-O vaxtlar çox çətin idi. Qadağalar var idi. Həmin qadağalar aradan qalxandan sonra Safvet bəy də dünyadan köçdü. Bu barədə bizə atam danışardı. O, Azərbaycanı çox görmək istəyirmiş…

(Türkiyə Mədəniyyət naziri Fikri Sağlar ilə birlikdə)

Bir məqamı da qeyd edim ki, Safvetin evi başqa ünvanda idi. Safvet bəylə Nəfisə xanım vəfat etdikdən sonra Aişə xanım onların evini dəyişib. Hətta biz Aişə xanıma yardım-pul təklif etdik ki, bəlkə ehtiyacı var. Amma o, dedi ki, Safvet və Nəfisə xanım ona hər şey veriblər.

(Safvet Məlik-Zərdabinin sənədləri)

-Safet bəylə Nəfisə xanımın məzarları necə idi?

-Çox sadə məzarlardı. Türkiyədə bizdəkilərdən fərqli olaraq məzar üstləri çox sadə olur. Kiçik bir daş qoyurlar.

(Həsən bəy Zərdabinin qızı Qərib Soltan Məlikova)

-Həsən bəy Zərabinin qızı Qərib Soltan xanımla da bağlı yalnız sizin ailənizin məlumatlı olduğu qeyd edilir. Qərib Soltan xanımı necə xatırlayırsınız?

-Qərib Soltan bizim nənəmizdir. Gözəl bir insan idi. Bizim evdə onun canlı-canlı rəsimləri var. Qızımız dünyaya gələndə Qərib Soltan nənəni də videoya çəkdik. O, uşaqla elə gözəl oynayırdı ki… Hətta ikinci qızımıza nənəmiz Qərib Soltanın adını qoyduq. Rauf Hacıyev birinci qızımın adını isə Naminə qoydu.

(Qərib Soltan Məlikova, Fuad Hacıyev və Natavan Hacıyeva)

Məni də, bacılarımı da, Nanəni də Qərib Soltan nənə böyüdüb. Qərib Soltan nənə həmişə mənə qardaşının adını – Safvet deyirdi. Hətta o, deyirdi ki, oğlunuz olsa adını Safvet, qız olsa isə mənim adımı qoyun. Bizim də qızımız oldu. Adını da Qərib Soltan qoyduq.  Qızımız Qərib Soltan indi Kanadada yaşayır.

(Rauf Hacıyev anası Nanə xanımın qucağında)

-Qərib Soltan xanımın vəfat etdiyi günü necə xatırlayırsınız? Onu sizin ailə dəfn etdi?

Atam Rauf müəllim Qərib Soltan nənəni çox sevərdi. Hətta o, öz anası Nanədən də çox Qərib Soltanı sevərdi. Nanə xanım (Rauf Hacıyevin doğma anası) da Həsən bəyin qardaşının qızı idi. Nanənin həyat yoldaşı Maştağadan idi. Musiqi alətində ifa edirdi. Sənət ruhlu insan idi. O, vəfat etdikdən sonra Qərib Soltan gördü ki, Nanə çox kərdələnir, arıqlayıb xəstələnib. Nanə bir az erkən vəfat etdi. Onun uşaqlarını, yəni atamgil Qərib Soltan nənə böyüdüb. Qərib Soltanın özünün uşaqları yox idi. Biz onun övladları, nəvələri idik.

(Qərib Soltan Vəzirova)

Zəminə Hacıyeva: “Fuad Qərib Soltan nənəsinin çoxlu videolarını çəkib. O vaxtkı kameralar çox köhnə idi və yaxşı çəkmirdi. Hərdən həmin videolara yenidən baxırıq. Qərib Soltan nənə üzünü əli ilə bağlayır, gülə-gülə deyir ki, çəkmə-çəkmə Safvet…

(Soldan 3-cü Qərib Soltan Məlikova, 2-ci Nəcibə xanım Axundova)

-Uzun müddətdir ki, Qərib Soltanın məzarı ilə bağlı müəmmalı fikirlər qeyd olunur. 3 nəfərin eyni məzarda basdırıldığı bildirilir. Necə oldu ki, Qərib Soltanı Nanə xanımla eyni məzarda dəfn etdiniz?

-Ora Nanənin (Rauf Hacıyevin doğma anası) məzarı idi. Qərib Soltan nənə isə vəfat etməmişdən öncə həmişə deyirdi ki, məni bacım Nanənin yanında dəfn edin. Nanəyə həmişə “bacım” deyirdi. Nanə erkən vəfat etdikdən sonra Qərib Soltan nənə çox kədərlənirdi. Onlar bir-birini çox sevirdilər. Hətta illər sonra bir bacımız da dünyaya gəldi (Rauf Hacıyevin qızı). Qərib Soltan nənə özü onun adını da Nanə qoydu.

(Rauf Hacıyevin doğma anası Nanə)

Mən şəxsən Qərib Soltan nənənin dəfn mərasiminə gəlmişdim. Biz hamımız onu çox sevirdik. Qərib Soltan nənənin yeri bizim üçün başqa idi. Heç kim Qərib Soltan nənəni əvəz edə bilməz.

(Atası Soltan Hacıyev)

Zəminə Hacıyeva: “Hökumət Qərib Soltana böyük bir ev vermişdi. O həm də çox tanınmış bir müəllimə idi. Lenin ordeni də vardı…”

(Rauf Hacıyevin qızı Nanə və gəlini Zəminə xanım)

-Qərib Soltan xanımın son vaxtlar ağlını itirməsi ilə bağlı  iddialar səsləndirilir.Bu nə dərəcədə doğrudur?

-Qətiyyən belə deyil. Qərib Soltan nənə çox hafizəli qadın idi. Yaddaşı da yerində idi. Həmişə deyirik ki, onun kimi yaddaşımız olsun. Vəfat edənə qədər onun yaddaşı da, ağlı da yerində olub.

-Qərib Soltan xanım heç vaxt ailə həyatı qurmayıb?

-Bir oğlanı həddindən çox sevib. Oğlan isə vəfasız çıxıb. Qərib Soltan da qəti qərarlı qadın idi. Bundan sonra həmin oğlanı həyatından həmişəlik silib. Və heç vaxt evlənməyib. Qərib Soltan nənə bizimlə birlikdə yaşayırdı. Hamız bir evdə olurduq. Rauf müəllimin də, Qərib Soltan nənənin də evi birlikdə idi. İki evi birləşdirmişdik.

-Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımın məzarının harada olması ilə bağlı illərdir ki, müxtəlif iddialar səsləndirilir. Hənifə xanımın məzarının yerinin naməlum olduğu yazılır. Bu barədə yalnız Rauf Hacıyevin ailəsinin məlumatlı olduğu qeyd olunur. Siz bu barədə nə bilirsiniz?

(Həsən bəy Zərdabi və Hənifə xanım)

-Atam nazir işləyəndə hökumət tərəfindən ona tapşırıq verilib ki, Həsən bəyin məzarını Bayıl tərəfdəki qəbirstanlıqdan (Şıxov) Fəxri Xiyabana köçürsünlər. Atam mənə dedi ki, Həsən bəyin məzarı qazılanda oradan iki nəfərin sümükləri çıxıb. Yəni ki, Hənifə xanımın məzarı da orada olub. Eyni məzarda basdırılıblar. Daha sonra onların hər iksini Fəxri Xiyabanda dəfn etdilər. Amma Hənifə xanımın adı məzar daşı üzərinə qeyd olunmadı. Bütün bunları mənə atam danışıb. Bəlkə də düşünüblər ki, qadınla kişinin eyni məzarda basdırılması düzgün deyil və buna görə də Hənifə xanımın adı orada qeyd olunmayıb…

Zəminə Hacıyeva: “Biz Fuadla Hənifə xanımın ailəsinin Nalçikdə olan evlərinə də baş çəkmişik. Hənifə xanımın ailəsi yəni Abayevlər orada yaşayır. Çox məşhur bir musiqiçi qohumları da vardı. Biz onların hamsı ilə görüşdük. Dəyərli bir ailədir”.

-Həsən bəyin qətlə yetirilən oğlu Midhətin qızı Fatma xanım Zərdabinin ailəsi ilə əlaqə saxlayırsınızmı?

-Sovet hökuməti onları sürgün etmişdi. Rauf Hacıyev Fatma xanım Zərdabini Bakıya gətirib. Hətta Bakıda onun üçün ev də aldıq. Burada işləyirdi. Fatma xanım çox da yaşlı deyildi. Onun həyat yoldaşı ilə problemləri vardı. O da erkən vəfat etdi. Fatma xanımın bir oğlu var. Hamımız ona Alik deyirdik. Alikin də bir Hacıağa adlı oğlu var. Onların da övladları, ailələri var. Xeyli vaxt Bakıda yaşadılar. Stavropolda onların yazlıqları var idi. Daha sonra isə oraya köçdülər. Amma Alik hərdən Bakıya gəlir. Bizimlə də görüşür.

“Həsən bəyin Parisdə yaşamış qızı Pəri xanımın oğlu Ələkbər Topçubaşı da İren Melikofla evlənmişdi”.

-Yəqin ki, İren xanımı tanıyarsınız? Bakıya da gəlmişdi. Starsburqda yaşayırdı. Gənclik illərində birlikdə olublar. Hətta məncə onların bir qızları da olub. Amma bunu dəqiq deyə bilmərəm. Daha sonra onlar ayrılıblar.

(İncəsənət İnstitutu- A.Aslanov, F.Poladov, H.Xanızadə, Y. Nuri, H. Əbluç, V. Fətullayeva, Əliabbas)

-Sonda nə demək istərsiniz?

-Zəminə Hacıyeva: “Rauf müəllim çox utancaq idi. Heç vaxt özü, övladları barədə danışmazdı. Fuad da atasına oxşayır. Fuadın atasının adına heç bir küçə də yoxdur. Fuad deyir ki, mən utanıram. Necə deyim  Rauf Hacıyev!? SSRİ Xalq artisti, böyük bəstəkar…! Hamı danışır ki, Rauf müəllim hər kəsə dəyər verirmiş. Heç vaxt deməyib ki, bunun vəsiqəsi var, onun yoxdur və s. İnsanları fərqləndirməyib. Hər yerdə onun mahnılarını ifa edirlər. Fuad utanır. Deyir ki, mən necə gedim deyim ki, mənim atamın adına bir küçə də yoxdur?! Rauf Hacıyev də belə idi! Heç vaxt özünü, uşaqlarını düşünməzdi. Həmişə deyirdi ki, yox siz bu sahəyə getməyin, birdən deyərlər ki, atası bunları vəzifəyə qoyub.

(Rauf Hacıyev)

Siz bilirsinizmi ki, Fuad Raufoğluna nə vaxt fəxri ad verilib!? Rauf Hacıyev artıq nazir deyildi. Brejnev Bakıya gəlmişdi. O, həmişə Bakıya gələndə parad kimi kütləvi tamaşa hazırlanırdı. Fuad da orada rejissorluq edirdi. Həmin vaxt dövlət özü Fuada fəxri ad verib. Yəni ki, Fuad atası Rauf Hacıyevə görə fəxri ad almayıb. Atası Fuad üçün heç nə etmədi…

(F. Hacıyev və M. Maqomayev sinif yoldaşı və dost olublar. Həmişə məktublaşıblar. M. Maqomayev vəfat etməmişdən öncə sonuncu məktubunu da F. Hacıyevə göndərib. Aşağıda sağdan 4-cü F. Hacıyev. Yuxarıda sağdan 4-cü M.Maqomayev)

Fuad Raufoğlu: “Atam deyirdi ki, mən sizin üçün kimsəyə ağız açmaram. Özün çabala-vuruş bir yerlərə ucal. Sənin yetimlərdən, atasızlardan nəyin artıqdır?!”

Zəminə Hacıyeva: “Mənim atam şəhid olub. Şəhid qızıyam. Heç vaxt Rauf Hacıyev oğlu Fuada demədi ki, niyə bu yetim qızla ailə həyatı qurursan. Əksinə dedi ki, o da bizim canımızdır, qızımızdır. Məni də qızı kimi bağrına basdı. Biz tək başımıza Moskvada 4 əsəri tamaşaya qoymuşuq. Amma burda bunu kimsə bilmir…

Fuad deyir ki, atamın böyük xidmətləri olub: “Vaqif Mustafazadəni Bakıya o, gətirib. “Qaya kvarteti”nin başında o durub. Estrada Orkestrinə rəhbərlik edib. 10-a yaxın operetta yazıb. Onun operettaları hər yerdə səhnələşdirilir. Biz də Türkiyədə onun operettalarını səhnələşdirdik. Amma buradan heç bir səda çıxmadı. Yalnız həmin vaxt mədəniyyət naziri işləyən Polad Bülbüloğlu bir təbrik məktubu göndərdi. Dörd şəhərdə Üzeyir Hacıbəyovun əsərlərini səhnəyə qoyduq.

(F. Hacıyev Ü.Hacıbəylinin pianosunda dərs çalışır)

Fuad Hacıyev: “Üzeyir Hacıbəyov atamın müəllimi olub. Hələ də evimizdə onun pianosunu xatirə kimi saxlayırıq. Həmin pianoda Üzeyir Hacıbəyov ifa edirdi. Üzeyir bəy bizə çox gəlib-gedirdi. Nənəm Qərib Soltanla Üzeyir bəy çox yaxın dost idilər”.

Sonda biz gözəl xalqımıza, millətimizə təşəkkür edirik. Nə yaxşı ki, bizim Xalqımız, Vətənimiz var! Yoxsa biz də Safvet kimi orada qalıb, vəfat edərdik.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar