“Hər il ölkəmizdə ən azı 10-15 dəfinə tapılır”.
“Qızıl pullardan ibarət ən zəngin dəfinəni ilk dəfə mən tapdım və dövlətə təhvil verdim”.
“Çoban tapdığı xəzinə pullarını ətrafa atırdı”
Azərbaycanın müxtəlif bölgələrində tez-tez dəfinələrin aşkar edilməsi ilə bağlı məlumatlar eşidirik. Keçmişdə insanların yad ələ düşməməsi üçün torpağa basdırdıqları, divara hördükləri, hündür ağacların koğuşunda gizlədikləri ən qiymətli sərvətləri, əsrlər sonra dəyəri milyonlara bərabər olan xəzinələr formasında üzə çıxır. HafizTimes.com olaraq Azərbaycan ərazisində basdırılmış dəfinələrlə bağlı geniş araşdırma apardıq. Uzun müddət davam edən araşdırmamız zamanı Azərbaycan ərazisində aşkar edilən dəfinələrlə bağlı çox ciddi məqamlar üzə çıxdı. Bütün ömrünü xəzinələrin axtarışına, tədqiqinə həsr etmiş mütəxəssislərlə həmsöhbət olduq. Azərbaycan ərazində indiyə qədər ən zəngin qızıl dəfinəni tapan şəxsdən də eksklüziv müsahibə götürdük. Xəzinələrin basdırıldıqları yerlər, əlamətlər, aşkar etmək formaları, qanunsuz “xəzinə ovçuları” və s. bir çox mühüm məqamlara aydınlıq gətirməyə çalışdıq.

Əli Rəcəbli – Tarix elmləri doktoru, professor, numizmat-arxeoloq, AMEA-nın müxbir üzvü, Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika Elmi Fondunun şöbə müdiri:
-Mənim işlədiyim vaxtlarda Azərbaycanda təkcə antik dövrə aid 10-dan çox dəfinə tapılıb. Onlardan cəmi iki-üçü bizim Muzeyə təhvil verilib. Təsəvvür edin ki, 2300 il bundan öncə basdırılan dəfinələr, qızıl sikkələr (pul) bizim dövrə qədər gəlib çatıb. İndi 10 dənə dəfinə tapılıbsa, görün bu illər ərzində nə qədər dəfinələr aşkar olunub?! Nə qədər dəfinə də hələ yerin altındadır! Bu dəfinələr axtarmaqla yox, təsadüfən tapılır. Bəzən həmin dəfinəni basdıran adamın özü ölür, bəzən də basdırdığı yeri tapmır. Beləliklə həmin sikkələr bizə gəlib çatır. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada dəfinə tapılmasın.

“Dəfinəni tapan adamlar çox vaxt onu özləri mənimsəyib, satırlar. Buna görə də həmin dəfinlərin hamısı bizə gəlib çatmır”.
-Xalqımızın diqqətinə çatdırmaq lazımdır ki, dəfinələr yerin altında olan hər şeydən- neft, qazdan daha qiymətlidir. Çünki həmin dəfinələr tariximizin güzgüsüdür, keçmişimizi əks etdirir. Hər şey həmin dəfinəni tapanların vicdanından aslıdır. Həmin insanlar gərək tapdıqları dəfinəni bütövlükdə Muzeyə təhvil versinlər. Neft və qaz xalqın, dövlətin malı olduğu kimi dəfinələrə də dövlətin malıdır.

“Dövlət həmin dəfinələri tapıb təhvil verənlərə 20, 30, 50 faizlik pul mükafatları təqdim edir”.
-Müxtəlif adamların əllərində aparatlarla dəfinə axtarışına çıxmaları ilə bağlı bizə çox sayda məlumatlar daxil olur. Bu cinayətdir! Yerli icra nümayəndələri də onlarla birlikdə hərəkət edir, guya xəbərləri yoxdur. Əslində hamısı bir yerdə işləyir. Qiymətli bir şey tapan kimi öz aralarında bölüşürlər.
-Bir dəfə Ucar rayonunda 100-dən çox Bizans qızılının olduğu böyük bir dəfinə tapılmışdı. Bəzək əşyaları, bilərziklərlə və s. zəngin bir dəfinə idi. Mən də ora getdim. Orda məni polislər qarşıladılar, kəndə apardılar. Guya dəfinəni tapan adam itib-batıb, yoxa çıxıb. Camaat isə hər şeyi danışırdı. Polis, prokuror da hər şeyi bilirdi…

“Şamaxıda tapılan dəfinəni camaata pul verib satın aldım”
-Şamaxıda tapılan dəfinə barədə də mənə tez məlumat verdilər. Şəxsən özüm ora getdim. Camaata müəyyən məbləğdə pullar verdim və həmin dəfinənin bəzi hissələrini satın alıb bura gətirdim. Dəfinənin xeyli hissəsi insanlarda qaldı.
Digər dəfinə isə Qəbələ yaxınlığında tapıldı. Orda arxeoloqlar işləyirdi. Pullar da dəfinə tapılan yerə səpələnmişdi. Təxminən 600- 700 dənə pulu toplayıb Muzeyə təhvil verdilər.

“Hər il ölkəmizdə ən azı 10-15 dəfinə tapılır”.
-Təsəvvür edin ki, bu illər ərzində ölkəmizdə nə qədər dəfinə tapılıb! Tək sadaladığım rayonlarda dəfinə tapılmayıb. Hər yerdə belə dəfinələr tapılır. Amma həmin dəfinələri kimlərsə mənimsəyir. Əvvəllər əhali bir qədər də gözü açıq deyildi. İndi “kolleksioner” deyilən “məxluq”lar peyda olub. Guya kolleksiya toplayırlar, dəfinə pullarını bahalı qiymətə satıb varlanırlar.
-Azərbaycan ərazisində tapılmış ən zəngin dəfinə hansıdır?
-Şamaxı və Qəbələdə antik dövrə aid tapılmış dəfinələr həm dövrə görə, həm də tərkibinə görə çox zəngin dəfinələrdir.Həmin dəfinələrin içərisində müxtəlif dövlətlərin sikkələri də var. Dəyərsiz dəfinə yoxdur. Hər bir pul dəfinəsi torpağa basdırılan vaxt, o ərazidə mövcud olan ictimai, siyasi həyatın mənzərəsini əks etdirir.Bu pulların üstündə olan yazılara əsasən, Azərbaycanda hansı şəhərlərin olduğunu, iqtisadi vəziyyəti müəyyən edə bilirik.Bizə məlum olmayan hakimlərin, şəhərlərin adları pullar üzərində həkk olunur.

-Bu günə qədər tapılan dəfinələrdən hansı önəmli tarixi faktları aşkar etmisiniz? Azərbaycanda hansı şəhərin olduğunu müəyyən etmisiniz?
-Hələ 2000 il əvvəl Azərbaycan (Atropatena) sözü monaqrama şəkilində pul üzərində həkk olunub. 696-cı ildə isə Ərəb Xilafətinin milli pullarının üzərində ilk dəfə “züriaba hazə dirham pi Azerbaican”. “Bu sikkə Azərbaycanda kəsilib” deməkdir. “Zuriaba hazə pi Aran”. Bu pul Aranda kəsilib. Ərəblər artıq 6-cı əsridə Azərbaycanın hara olduğunu bilirdilər ki, burada pullar kəsirdilər.
Bir zamanlar Azərbaycan ərazisində Mahmudabad şəhəri olub. Orada şahlar çoxlu sayda pullar kəsib. Pulun üzərində “Mahmudabad” yazılıb. İndi isə həmin şəhərin yeri dəqiq məlum deyil. Bu yolla 15-20 dənə belə şəhərlər aşkar edilib.

-Tapılan dəfinələr sizə təqdim olunan zaman harada saxlanılır və aqibəti necə olur?
-Muzeyimizdəki Numizmatika Fondunda saxlanılır.
-Azərbaycanın Numizmatika Fondunda nə qədər xəzinə saxlanılır?
-Fondda 150 minə qədər mis, gümüş, qarışıq sikkə var. 1000-dən çox qızıl sikkə var. 10 minlərlə gümüş sikkə var. 100 minlərə isə mis sikkə var.

-Azərbaycan ərazisində nə qədər itmiş xəzinə mövcududur?
-Sadəcə olaraq deyə bilərəm ki, Azərbaycanda hər il ən azı 10-15 dəfinə tapılır.
“Bu yaxınlarda 5 kiloqram ağırlığında dəfinəni təhvil verdilər”
-Hər sikkənin çəkisi də bir qramdır. Dəfinənin içində beş min sikkə vardı. Sovet dövründə bir dəfə Bərdə də böyük dəfinə tapılmışdı. Dəfinəni vedrə ilə bura gətirmişdilər.

“Bərdədə tapılan dəfinəni vedrə ilə bizə təhvil verdilər”
-Hələ sovetlər vaxtında Qəbələdə qazıntı aparılıb. Təxminən 50-60 il olar ki, bu qazıntı işləri davam edir. Çuxur-Qəbələ adlı kənddə antik dövrə aid böyük bir sikkə dəfinəsi tapılıb. Sikkələr bütün kurqan boyu dağılmışdı. Yağış yağan zaman göbələk kimi görünüb, parıldayırdı. 500-600 yüz sikkəni gətib muzeyə təhvil verdilər. Bu yaxınlarda balaca bir dəfinə də tapılıb. Orada Şirvanşah Qubadın adına da pul var.
“Xəzinələr əksər hallarda küpə formasında tapılır”.
-Çünki küpə xəzinəni yaxşı saxlayır. Amma bəzən küpənin ağzı açılır və içərisinə su düşür. Nəticədə sikkələr paslanır. Bəzən əskilərə bükülmüş xəzinlər də tapılır. Kimin nəyi varsa ona büküb basdırır.

-Bütün ömrünü xəzinə axtarışlarına həsr edən insanlara nə demək istərdiniz?
-Onların hər biri cani, cinayətkardır. Heç kəs yerin altındakı sərvəti birbaşa məniməsəyə bilməz. Əgər xəzinə tapmısansa onu dövlətə təqdim etməlisən. Dövlət də bunun müqabilində sənə mükafat verir. Biz xəzinə gətirənlərə elə mükafatlar veririk ki, əgər o xəzinəni kənar bir şəxsə satarsa bizim təqdim etdiyimiz məbləğdən çox az qazanacaq.Yəni ki, biz daha çox pul təklif edirik.Buna baxmayaraq yenə də xəzinə tapan insanlar bura gəlmirlər. Dövlətdən qorxurlar. Gedib gizlin şəkildə alver edirlər.
Televizordan tez-tez eşidirəm ki, rayonlarımızda dəfinələr tapılıb. Bizim arxeoloqlar da gedib həmin dəfinə tapanlarla danışıb, onlar da söz veriblər ki, gətirəcəyik. Hələ indiyə qədər gözləyirik ki, dəfinəni gətirəcəklər.
Şəmkirdə qazıntı gedən zaman da qızıl pullar aşkar edilmişdi. Onu muzeymizə təhvil verdilər. Bizim torpağımız çox bərəkətlidir. Niyə Gürcüstanın bu qədər şəhərində pul kəsilməyib. Yalnız Tiflisdə pul kəsilib. Amma təkcə Şimali Azərbaycanda 50-dən çox şəhərdə pul kəsilib. Bu iqtisadi həyatın inkişafını göstərir.

-Niyə xəzinəni tapıb, gizlədən şəxslər cəzalandırılmır?
-Biz bir neçə dəfə polisə məktub yazmışıq. Polis də gedib 3-5 dənə dəmiri tapıb bizə verir. Gedib o xəzinə tapanların əlində nə varsa alırlar, qorxudurlar. Üstəlik başqa şeylər də tələb edirlər. Deyirlər ki, guya bunları tapıblar…
-Həyətində xəzinə olduğunu güman edən insanlar kimə müraciət etsinlər?
-Əgər sən ev tikirsənsə o torpaq öz mülkündür. Buna heç kəs söz deyə bilməz. Amma çöldə haranısa qazmağına heç kəs icazə verməməlidir. Həyətini qazıb, xəzinə tapan çox insan var… Və yaxud da gedib birini tapıb həyətlərini qazdırsınlar. Bunun bizə heç bir aidiyyatı yoxdur. Tapıb muzeyə təhvil versələr daha yaxşı olar.

“Çoban tapdığı xəzinə pullarını ətrafa atırdı”
-Şamaxıda böyük bir dəfinə tapılmışdı. Bir neçə dəfə Şamaxıya getdim. Qədim şəhər yeridir. Həmin ərazidə əkin işləri də aparılmamışdı. Əhali orada üzümlük salmışdı. Həmin vaxt bir çoban orada sürü otarırmış. Çomağı ilə yeri eşən zaman birdən küp tapıb. Çoban küpün içərisindəki 15 qram ağırlığındakı iri, gümüş pulları götürüb ətrafa atmağa başlayıb. Oradakı camaata xeyli pul ödədim və 300-ə qədər sikkəni alıb Muzeyə gətirdim.
-Bir qızıl sikkəni muzeyə təhvil verən zaman əvəzində nə qədər pul ödənilir?
-Əgər həmin qızıl sikkə bizim Muzeydə yoxdursa, biz onun qiymətini 1000 manatdan 10 min manata qədər qaldıra bilərik. Məsələn, Şirvanşah Qubadın xalis gümüş olmayan bir sikkəsini tapıb bizə təhvil verənə 1000 manat ödədik.
-Makedoniyalı İsgəndərin, Çingiz xanın xəzinəsinin Azərbaycan ərazisində olduğu iddia edilir. Bu nə dərəcədə doğrudur?
-Hələ Çingiz xanın, Makedoniyalı İsgəndərin xəzinəsini tapan yoxdur. Hansı rayona getsən orda sənə deyəcəklər ki, burada hansısa şahın xəzinəsi basdırılıb. Təsəvvür edin ki, Çingiz xan bütün dünyanın yarı hissəsini zəbt etmişdi, xeyli sərvət monqolların əlində toplanmışdı. Həmin xəzinəni basdıranları öldürdülər. Öldürən şəxsləri də qətlə yetirdilər. Beləliklə, iz-toz itdi. Amma hardasa o xəzinə var, yatıb qalıb…

Qafar Cəbiyev – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda tarixçi alim, tarix elmləri doktoru. Qafar Cəbiyev Azərbaycanda indiyə qədər ən böyük qızıl dəfinəsini tapan və dövlətə təhvil verən ilk arxeoloqdur. Bu barədə bir neçə kitabın müəllifidir. Q. Cəbiyev HafizTimes.com-a müsahibəsində dəfinələrlə bağlı mühüm məqamları açıqlayıb:
–Bu yaxınlarda Ağsu rayonu ərzisində bir orta əsr şəhəri aşkar etdim. Həmin şəhərin adı Mehrəvandır. Bu şəhərin adı Musa Kalankatlının “Albaniya tarixi” əsərində qeyd olunub. Şəhərin qalıqlarını ilk dəfə 2004-cü ildə mən aşkara çıxardım. 2014-2015-ci illərdə orda geniş miqyaslı tədqiqatlar apardıq. Qazıntı zamanı orada xeyli pullar, bir neçə qızıl üzük, bilərzik və qızıl zəncirin hissələrini də aşkar etdik.

“Şamaxıda hökmdar və xanımının ləl-cəvahiratla bəzənmiş məzarını açdıq”
-2017-ci ildə isə Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında Dəmirçi-Lahıc yolu çəkilən zaman orada daş qutu qəbirlər üzə çıxıb. SOCAR-ın sifarişi ilə biz ora getdik və may ayında 20 gün ərzində orada tədqiqat işi apardıq. 30-qədər daş qutu açıldı. Həmin qəbirlərin 18-ni tam şəkildə tədqiq etdik. Orada hökmdar statusunda olan bir sərkərdənin qəbrini aşkar etdik. Bu qəbrdən o dövr üçün çox önəmli hesab olunan qılınc və xəncərlər tapdıq. Hökmdarın başının altına gümüş nimçə qoyulmuşdu. Gümüş nimçənin içərisində parça vardı. Bu nadir tapıntıdır. Həmin sərkərdənin yanında isə 45-46 yaşlarında bir xanım dəfn olunmuşdu. Məzardan çox qiymətli əşyalar çıxdı. Bir cüt ləl-cəvahiratlə bəzənmiş Roma istehsalı olduğu güman edilən qızıl sırğa, daha sonra gümüş fibula(sancaq) da tapdıq. Həmin qəbirdə çox saylı gümüş, Roma və Parfiya pulları da aşkar etdik. Bəzək əşyalarının yanında üstü-üstə formada 1500-ə qədər müxtəlif qiymətli daşlardan olan muncuqlar, asmalar aşkar etdik. Həmin asmaların kəhrəbadan, firuzədən olduğunu üzə çıxardıq. Həmin qiymətli əşyaların bir çoxu standart ölçüdədir, elə bil qəlibdən çıxıb.Düşünəm ki, həmin məzarlar Girdiman hökmdarı Xurs və onun xanımına məxsusdur.

“Hər yeri gedib qazmaq olmaz. Arxeoloq ərzini gəzib görməlidir, orda nələrinsə ola biləcəyindən xəbər verən əlamətləri müəyyən etməlidir”.
-Arxeologiya özü başdan-başa romantikadır, sensassiyalarla dolu olan bir elmdir. Haranı tətqiq etmək arxeoloqun duyumundan aslıdır. Həmin yerdən çox nadir, sensassiya sayılacaq nələrsə çıxa bilər. Və belə hallar çox olub. Amma ordan heç nə çıxmaya da bilər.
– Dəfinənin olduğunu göstərən əlamətlər nələrdir?
-Məsələn düzənlik bir ərazidir. Nə bilirik ki, orada əvvəllər yaşayış olmayıb. Yəqin o düzənlik zaman-zaman şumlanıb. Bəlkə də heç şumlanmayıb. Nə vaxtsa kimsə orada hansısa bir xəndək qazıb. Elektrik dirəyi basdırıb. Bu zaman orada təsadüfən hansısa bir yarğan olubmu? Arxeoloq həmin yerləri gəzir. Yarğanlarda müəyyən yaşayış izləri görünür. Əgər orada kömür qalığı, kül, sümüklər, saxsı qırıqları və insan əlinin məhsulu olan əşyaların hissələri varsa, demək ki, orda həyat olub. Tapılan əşyalara görə orda hansı dövrdə yaşayış olduğunu müəyyənləşdirmək olur. Bəzi qazıntılar zamanı 30 metrə qədər yerin altına gedib çıxmaq olur. Çox dərində qazıntı işləri aparmaqla da qədimliyi üzə çıxarmaq olmaz. 30 metr qazandan sonra lal təbəqə üzə çıxır. Lal təbəqə ona görə deyilir ki, orda insan həyatının izi yoxdur.

“Siçan yuvaları, kömür,kül, saxsı qırıqları olan yerə diqqət yetirmək lazımdır”
-Məsələn, bir təpə görürük. Necə bilərik ki, orada yaşayış olub, yoxsa olmayıb? O təpənin kənarlarını gəzirik. Bir dəfə gördük ki, təpənin kənarlarında siçan yuvaları var. İçəridən kül, kömür, saxsı qırığı çıxıb. Bir az gəzdik, gördük yaxınlıqda bir dənə porsuq yuvası da var. O da torpağı eşib. Həmin vaxt dedik ki, burada yüz faiz həyat olub. Tədqiqat aparmağa başaldıq. Nəticədə 7000 il tarixi olan təbəqə aşkar etdik.
“Gözə görünən yerdə dəfinə ola bilməz”
-Pulu heç vaxt insanlar çölə atmayıblar. Pulu kimlərsə itiriblər.Dəfinələri də adətən gizlədiblər. Güman edilməyən yerlərdə isə dəfinələr ola bilər. Çox nadir hallarda tədqiqatlar zamanı dəfinələr üzə çıxır. Azərbaycanda bu vaxta qədər çoxlu dəfinələr aşkar edilib.

“Qızıl pullardan ibarət dəfinəni ilk dəfə mən tapmışam. Arxeoloji tədqiqatlar zamanı tapılan bu dəfinə Ağsu dəfinəsidir. Orda qızıl pullarla yanaşı, gümüş pullardan ibarət dəfinə də tapdıq”.
-Həmin günü necə xatırlayırsınız?
-Dəfinə tapılan yer şəhərin anbar buzxanası olub. 7-8 metr dərinlikdə böyük bir ərazidir. Şəhərin strateji ərzaq ehtiyatları orada saxlanılıb. Üstü kərpic “arka” ilə bağalanıb.Müəyyən tarixi dövrdən sonra həmin daşlar çöküb.Ordan biz top mərmisi də tapdıq. Güman edirəm ki, 18-ci əsrdə ruslar Azərbaycana hücum edən zaman oranı top atəşi ilə dağıdıblar. Töküntünü təmizləyərəkən bir yerdən topa hallında 37 ədəd qızıl çıxdı. Holland qızıl duqatlarıdır. Əyyarı 986, diametri 21,8 mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qram, forması dairəvi,kənarı döyülüb, üzəri zərb olunub. Sikkələrin üzərində latın dilində yazısı olan kvadrat lövhə var. Təcüməsi isə belədir: “İmperiya qanunlarına uyğun olaraq Belçika Əyalət Federasiyası hökumətinin sikkəsidir”. Sikkənin digər üzündə zirehli cəngavər təsvir olunub.

-Həmin gün mən Bakıda idim. Müavinim Elmira Abbasova orda qalıb, işə nəzarət edirdi. Səhər saat təxminən 08:15-də mənə zəng etdi. Dedi ki, “işin gedişatı zamanı, qazarkən qızıl….”
“Qızıl” deyən kimi dedim ki, “dayan, artıq heç nə demə. Heç kəsi kənardan ora buraxma. Və ordan kənara heç kəsi buraxma. Qızılı apara bilərlər. Bu barədə informasiya yayılmamalıdır.Mən gəlirəm”.
-Bakıdan Ağsuya təxminən iki saatdan artıq yol var. Mən həmin yolu 1 saat 10 dəqiqəyə getdim. Ora çatan kimi diktafonu, videonu da qoşdum. Dedim ki, tapıntı prossesini danışın. Dedilər ki, “filankəs qazarkən lapatka dəyən kimi qızıllar üzə çıxdı”. Şahidləri də danışdırdım, aktlaşdırdım.Çünki sabah məni şərləyə bilərdilər. Deyərdilər ki, guya çox olub, yarısını oğurlayıblar. Daha sonra xəzinəni bazaya gətirdik və tətqiq etməyə başladıq. Bu hadisə şənbə günü olmuşdu. Birinci gün onu Tarix Muzeyinə Nadir Metal Əşyalar Fonduna aktla təhvil verdim.

“Pullar isə iki əl qarışı qədər yerdə yayılmış bir vəziyyətdə idi”.
-Ehtimal edirik ki, ya yerli, ya da xarici bir tacir gəlib orda alveri edirmiş. Həmin pul kisədə olub. Çox güman ki, parça kisədə olub. Bəlkə də qəfildən hücum və yaxud da zəlzələ olub. Hansısa şəraitdə o kisə həmin şəxsin əlindən yerə düşüb. Biz tapan zaman artıq kisə çürümüşdü. Pullar yerə yayılmışdı.
-Həmin qızıl xəzinəni tapıb dövlətə təhvil verəndən sonra həyatınızda nələr dəyişdi? Hansı hissləri keçirdiniz?
-Həmin qızılları təhvil verəndən sonra söz-söhbət çoxaldı. Yəni ki, bəs bu arxeoloqlar yüz ildi qazıntı işləri aparırlar, nə əcəb indiyə qədər qızıl tapmayıblar? Məlum oldu ki, ayrı-ayrı arxeoloqlar müəyyən vaxtlarda qızıl əşyalar tapıblar və özlərində saxlayıblar. Tarix Muzeyinin təkidindən sonra bəzi arxeoloqları bir neçə qızıl əşyanı gətirib muzeyə təhvil verdilər.
“Bəzi arxeoloqlar birbaşa olaraq mənə dedilər ki, “sən çox pis bir iş gördün. Sən tapdığın qızılları aparıb ora təhvil verməklə hamımızı təzyiq altına saldın”.
-“Onu qara bazarda bu qədər qiymətə satardın? Sənin ağlın yox idi ki, belə etdin?”
Cavab verdim ki, “mən bunu etməklə zövq aldım. Qoy bütün ölkə desin ki, bu axmaq bir kişidir. Nə isə ölkədə bir kişi tapıldı ki, qızıl tapa bilir və onu aparıb dövlətə təhvil verə bilir. Bunun qüruru mənə bəs edir”.

Şamaxıda qızıl dəfinəni tapıb Tarix Muzeyinə təhvil verəndə oranın direktoru, Akademik Nailə Vəlixanlı mənə dedi ki, “Qafar müəllim bu vaxta qədər düşünürdüm ki, bu arxeoloqlar niyə qızıl tapmırlar? Axı bu qədər qazıntı işləri aparırlar. İndi isə mənə tam şəkildə məlum olub ki, qızıl çıxır, amma üzə çıxmır”.
“Qəbələdə Teymurləngin 25 dəvə yüklü qızıl xəzinəsini axtardılar”.
-1980-ci illərdə xəbər yaydılar ki, Qəbələnin Vəndam kəndində Teymurləngin 25 dəvə yüklü qızıl xəzinəsi var. O vaxt axtarışların nəticəsi olmadı. Mən yazı hazırlayıb qeyd etdim ki, bu “şarlatanlıqdır”, belə şey yoxdur.
“Xalq Cəbhəsinin vaxtında Qəbələyə texnikalar göndərib, xəzinə axtarmağa başladılar”.
-Nəticədə heç nə tapa bilmədilər. Təxminən 5-6 il öncə də dedilər ki, orada xəzinə var. Aidiyyatlı qurumlar mənimlə əlaqə saxladılar. Dedim ki, orada, Qəbələnin Vəndam kəndində, Girvə deyilən ərazidə heç nə yoxdur. İnsanlar düşünmürlər ki, orada qızıldan qiymətli bir tarix var. Çox arzu edirəm ki, Qəbələdən Alban əlifbasının sistemli halda olan bir mətnini tapım. Bu vaxta qədər həmin əlifba açılmayıb, oxunmayıb.Tariximizin ağ səhifəsidir. Onu tapmaq mənim üçün 10 dənə qızıl dəfinəsindən daha önəmlidir.

-Ən zəngin qızıl dəfinələr tapmış bir şəxs olaraq, özünüzü qeyri-adi insan kimi hiss edirsiniz? Yəqin ki, dəfinə də hər adamın əlinə gəlmir…?
-Mən sadəcə olaraq buna bir “naxış” kimi baxıram. Arxeoloqlar arasında bəzən “naxışlı arxeoloqlar”da var. Həmin insanın duyumu, peşə hazırlığı, təcrübəsinin çox olması da bura daxildir. Elə hallar olur ki, qazıb xəzinəni kənara atırlar. Görmürlər ki, orada qiymətli əşyalar var.
“Qısqanclıq zəmnində Ağsu ekspedisiyasını bağlamaq istədilər”.
-Bir məqamı heç vaxt unutmaram. 2011-ci il tədqiqatlarından sonra qısqancılıq zəmnində Ağsu ekspedisiyasını bağlamaq istədilər. Həmin ekspedisiyaya dövlət tərəfindən bir manat da vəsait verilmirdi.İctimai birlik tərəfindən maliyyələşdirilirdi.Daha sonra yuxarı orqanlar tərəfindən Akademiyanın rəhbərliyinə tədqiqatların davam etməsi bağlı göstəriş verildi. 2012-ci ildə məhz orada qızıl dəfinəsi aşkar etdik. Bu sanki həmin ekspedisiyanı bağlamaq istəyənlərə bir cavab oldu.

“Azərbaycanın hər yerində dəfinələr ola bilər”
-Azərbaycan ərazisi başdan-başa muzeydir. Onun torpağının altında hər qarışda bir tarix var. Fikrimcə, Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi heç olmasa orta səviyyədə tədqiq olunarsa, bu uzun illər ərzidə neft-qazdan daha artıq ölkəmizə divident gətirə bilər.

“Mənim əlimə də qızıl axtaran aparat versələr, bir gün ərzində 50-yə yaxın ərazidə qızılın olduğunu göstərərəm”.
-Vizual görüntülərə, məntiqimə və duyğuma əsasən deyə bilərəm ki, filan nöqtədə qızıl var. Amma bu elm deyil!
-Qızıl dəfinənin olduğu yerin vizual görünüşü necə olur? Yəni harada xəzinə ola bilər?
-Yaşayış izləri özü sənə deyir ki, orada davamlı yaşayış olub, hakim zümrəyə məxsus insanlar burada yaşayıblar və s. Tikinti, ordakı əmək alətlərindən, təsadüfən tapılan sikkə və yazı nümunələrindən hər şeyi müəyyən etmək olur.

“Qızıl tapmaq üçün qəbirlərin üzərindəki bütün daş qoç fiqurlarını sındırıblar”
-Bu da ermənilərin bir hiyləsi idi. Guya həmin daş fiqurların içərisində qızıl var. Daşdan düzələn həmin qoç fiqurları Azərbaycan ərazisindəki məzarın üzərində olurdu. Qaraqoyunlu, Ağqoyunlu dövləti ilə bağlıdır. Ermənilər də bilirdilər ki, bu bizim tariximizlə bağlıdır. Ermənilər tariximizi məhv etmək üçün 19-cu əsrin sonlarından belə bir şaiyə yayıblar ki, guya həmin fiqurların içərisində qızıl var. Bizim camaat da Cənub, Şimali-qərb bölgəsində hətta Gücüstan ərazisində olan xeyli sayda daş qoç fiqurlarını qırıb, dağıdıblar ki, guya qızıl tapacaqlar.
19-cu əsrin sonlarından etibarən Qarabağda, Naxçıvanda, Daşkəsəndə, Gədəbəydə və Lənkəran bölgələrində qızıl axtaranların, xüsusən də xarici ölkələrdən olan şəxslərin tarixi abidələrə bir növ total hücumu müşahidə olunub. Nəticədə qalalar, kurqanlar, daş heykəllər və daş qutu qəbirlər dağıdılıb, tapılan materiallar isə talan edilərək gizli yollarla ABŞ, Almanya, Fransa, İsveç, Hollandiya və s. ölkələrə daşınıb.

“Makedoniyalı İsgəndərin dəfinəsini Azərbaycanda axtarırdılar”
-Ötən əsrin əvvəllərində qızılaxtaranların Şirvan bölgəsində, xüsusən də Şamaxı ətrafında intensiv axtarışları olub. O zaman başlıca hədəf Makedoniyalı İsgəndərin xəzinəsini tapmaq arzusu idi. Qəribədir, İskəndərin və onun adamlarının heç zaman olmadığı yerdə onun nə vaxtsa gizlətmiş olduğu xəzinəni axtarırdılar. Maraqlıdır ki, bu axtarışlar barədə məlumatlar hətta həmin dövrün nəşrlərində də özünün geniş əksini tapıb. Amma İsgəndərin dəfinəsini tapan olmayıb.
“Kənd sakini gecələr, gizli olaraq Qəbələdə Teymurləngin xəzinəsini axtarırdı”
-Əvvəllər polis orqanlarında çalışan və sağlamlıq durumunda yaranan problemlə bağlı təqaüdə çıxan Vəndam kənd sakini Sabir Əhmədovun təşəbbüsü və rəhbərliyi ilə Girvə ərazisində Teymurləngin “basdırmış” olduğu 25 dəvə yükü qızılın axtarışına başlayıblar. O zaman Sabirin maliyyələşdirdiyi və rəhbərlik etdiyi bu axtarışlar əsasən gecələr, həm də gizli aparılsa da, hətta Elmlər Akademiyasında da bundan xəbərdar idilər. Amma Sabirin axtarışları nəticəsiz qaldı.

“1992-ci ildə AXC-nin hakimiyyəti dövründə Sabirin məlumatları əsasında Girvədə dövlət səviyyəsində daha bir irimiqyaslı axtarışlara başlanıldı”.
-Dəfinə tapmaq hərisliyi ilə əraziyə çoxlu texnika və əsgəri qüvvə gətirdilər. Axtarışların lap qızğın çağında xidməti işimlə bağlı Qəbələyə getmişdim. İcra başçısı və hüquq-mühafizə orqanlarından birinin rəhbəri mənə təklif etdi ki, Girvəyə gedək. Etiraz etdim. Dedim ki, 80-ci illərdə orada olmuşam və fikrimi də elə o zaman mətbuatda çap etdirmişəm. Girvədə Teymurləngin xəzinəsini axtarmaq boş şeydir. Təbii ki, mənim bu sözlərim rayon rəsmilərinin xoşuna gəlmədi. Dedilər ki, sən nə danışırsan, nazir müavini özü bir neçə dəfə orada olub. Moskvadan xüsusi olaraq qızılaxtaran cihaz gətiriblər. Hansı ki, həmin cihaz orada xəzinə olduğunu göstərir. Bir sözlə, gördüm ki, kişilər möhkəm inad edirlər, mən də inadımdan dönmədim. Dedim ki, 10-12-il öncə mətbuatda yazdıqlarımı bir daha təkrar edirəm: Girvədə, yerin dərin qatlarında, bəlkə də, qızıl yataqları ola bilər. Bunu müəyyən etmək geoloqların işidir. Amma qəti şəkildə bildirirəm ki, orada Teymurləngə aid heç bir dəfinə və ya xəzinə ola bilməz. Onu axtarmaq da mənasız bir işdir. Girvədə təqribən bir ay davam edən növbəti “axtarışlar”ın da sonu nəticəsiz oldu. Yeganə müsbət nəticə o oldu ki, 16-17 metr dərinlikdə gözəl bir bulaq üzə çıxdı ki, bu da ətraf ərazidə yaşayan sakinlər üçün, həqiqətən, çox qiymətli tapıntı oldu.
Təəssüf ki, Girvədə xəzinə axtarışı bununla da bitmədi. Sonralar Sabir Əhmədov və digərləri aidiyyatı orqanlara təkrar-təkrar müraciət etməklə öz “ideyalarını” yenidən cücərtməyə çalışdılar. Yenidən nəzərlər Girvəyə yönəldi. Amma növbəti dəfə də xəzinə axtarışı uğursuzluqla nəticələndi.
Sabir Əhmədovla əlaqə saxlamağa çalışdıq. Məlum oldu ki, o bir neçə il öncə dünyasını dəyişib: “O, ailə həyatı da qurmamışdı.Heç bir övladı da yoxdur. Sabir ömrü boyu xəzinə axtarışında oldu. Xəzinə deyə-deyə dünyadan köçdü”.

“Kürdəmirdə su kanalı qazılarkən Muradxan dəfinəsi üzə çıxdı”
-2010-cu ildə Kürdəmir Rayon Suvarma Sistemləri İdarəsinin mexanizatoru Əlimövsüm İsmayılov Muradxan kəndi ərazisində ekskavatorla kanal yeri qazarkən saxsı küpdə basdırılmış pul dəfinəsi aşkara çıxıb. Bu barədə o, aidiyyatlı dövlət orqanlarına məlumat verib.Telefon zəngi əsasında biz Kürdəmirə yollandıq.
Muradxan kəndində olduq, dəfinənin tapıldığı ərazi ilə tanış olduq. Yerli sakinlərin sözlərinə görə, kanal qazılan sahədə və ona yaxın ərazilərdə əvvəllər də torpaq işləri aparılarkən müxtəlif növ maddi mədəniyyət qalıqları, o cümlədən iri saxsı küp parçaları üzə çıxıb. Yerli sakinlərin sözlərinə görə, Muradxan kəndi yaxınlığında “Kültəpə” adı ilə bəlli olan yerdə də bu qəbildən olan tapıntılara tez-tez təsadüf olunur.

“Dəfinənin çəkisi 5 kiloqramdan artıq idi”
-Muradxan dəfinəsi uzun müddət çöl şəraitində qalıb, nəm çəkdiyinə görə, güclü surətdə oksidləşməyə məruz qaldığından onun içərisindəki sikkələrin hamısı vahid metal külçəsi kimi bir-birinə yapışmış vəziyyətdə tapılıb. Sikkələrin səthi bütünlüklə oksidləşərək göyərdiyindən ilk baxışda onların mis pullar olduğu təsirini bağışlayırdı. Elə bu səbəbdən dəfinə Kürdəmir tarix-diyarşünaslıq muzeyinə mis pullardan ibarət dəfinə kimi təhvil verilib. Təhvil-təslim aktına əsasən dəfinənin ilkin çəkisi 5 kiloqram 470 qramdır. Qeyd edim ki, indiyədək Azərbaycan ərazisində tapılmış əksər pul dəfinələrindən fərqli olaraq Muradxan dəfinəsi heç bir dağıntı və itkiyə məruz qalmadan tam şəkildə əldə olunub. Dəfinədə ümumilikdə 1134 ədəd sikkə aşkar olunub. Onlardan təqribən 16-sı sınaraq xırda-xırda hissələrə parçalanmış vəziyyətdədir. Sikkələr təmizlənərkən onların əvvəlcə güman edildiyi kimi, misdən deyil, gümüşdən olduğu müəyyən edilib. Dəfinədəki sikkələrin orta çəkisi 3,5-4,5 qramdır. Muradxan dəfinəsinin təqribən 1441 -1445-ci illər arasında basdırıldığını güman etmək olar.
“Qonşu rayonlardan olan “qızılaxtaranlar” qızıl pulları talan ediblər”
-1970-ci illərdə rayonun Ərəbqubalı kəndi yaxınlığındakı “Şəhərgah” adlı orta əsr şəhər yerində pambıq əkiləcək sahələr şumlanarkən də bir neçə yerdə əsasən qızıl pullardan ibarət dəfinələr üzə çıxıb. Nəzarətsizlik səbəbindən həmin dəfinələr yerli sakinlər və qonşu rayonlardan olan “qızılaxtaranlar” tərəfindən tam şəkildə talan edilərək dağıdılıb. Kürdəmirdə uşaqdan böyüyədək hamının bildiyi bu olay barədə guya aidiyatı orqanlara məlumat verilməyib…

Firudin Qurbansoy – Məşhur astroloq. Uzun illər öncə “Xəzinə tapmağın sirləri” adlı kitab yazıb. Kitabda xəzinə tapmağın qeyri-adi yolları, xəzinə basdırılmış yerin əlamətləri qeyd olunub. HafizTimes.com məşhur astroloqun xəzinə tapmaqla bağlı fikirlərini olduğu kimi təqdim edir:

-Xəzinəni nə vaxt və necə axtarmaq lazımdır?
-Rusiya xəzinə axtaranlarının fikrincə, xəzinə axtarmağın ən vacib məqamı, vaxtı düz müəyyənləşdirməkdir. Təcrübəlilər cavan “goreşənləri” belə öyrədilər: “Hər dəfinənin öz zamanı var, göylərin izni ilə bir amanı var”. Deyirlər ki, tilsimlənmiş dəfinələr il ərzində 3 dəfə yerini dəyişirlər.Xristianlar inanır ki, bu Yeni il gecəsi, Pasxa və İvan Kupala gününə təsadüf edir. Yeni il gecəsi köhnə kişilərin çoxlu sikkələr tapmaları ilə bağlı əfsanələr də yayılıb. Deyilənə görə, bu vaxt yerdən göy alov çıxır. Həmin alovu bəsirət gözü ilə görə bilən hər kəs əynində nəyisə çıxarıb alovun üstünə atmalı və elə həmin dəqiqə də qazımağa başlamalıdır. Yoxsa bir daha heç kəs o pulları əldə edə bilməz.

“Təmiz dəfinələr həzin, kədərli səslə, bədxahları isə qışqırıq, söyüş, fitli səslə səslənərək aşkara çıxarılmağını istəyir”.
-Daha bir məqamı da qeyd edim ki, yeni il gecəsi xəzinənin səsi olur. Bu səsə görə xəzinənin hansının daha zəngin olduğunu bilmək mümkündür. Pasxa gecəsinin öz qayda-qanunu var. Şənbə günü qaş qaralanda xəzinə axtaran xaçpərəstlər özləri ilə xaç, xeruvim ladanı (ətirli bitki) və şam götürüb yola çıxırlar. Xəzinəni tapmaq üçün dualar oxunmalıdır. Qətiyyən əsəbləşmək olmaz. Pasxa gecəsi bir şey çıxmasa işi Simon Zilota günün təkrar etmək lazımdır.
27 iyun gecəsi – İvan Kupalo vaxtı xəzinə axtaranlar hesab edirlər ki, ugurlu gün gəlib çatıb. Qocalar deyirlər ki, əgər yaxşı dəfinəyə rast gəlmək istəyirsənsə sübh şəfəqləri yenicə görünməyə başladığı vaxt axtar. Əgər səfeh bir şey tapmaq istəyirsənsə o zaman axşam işə başla. Tam gecə yarı, ay çıxan zaman kurqanın təpəsinə dırmanan adam kölgəsinə baxıb onu ölçməlidir. Deyilənə görə, dəfinə elə bu məsafədə basdırılıb. Bəziləri əlavə edirlər ki, kölgənin uzunluğundan iki addım məsafədə axtarılsa da tapılar. Çünki dəfinəni basdıran tapandan daha hündür olur. (“Orakul” qəzeti, 1999 , N: 7)

“Sovet vaxtı gizli tədqiqatlarla məşğul olanlar Naxçıvanda Gəmiqaya ərazisində qəribə, qeyri-adi hadisələrlə rastlaşdılar”.
-Həmin tədqiqat ekspedisiyasında iştirak etmiş bir nəfərin etirafına görə, mağarada uzun, qaranlıq yolun uc tərəfini işıqlandıranda ayaq üstə, yanında köpək olan ağheykəli sileuti görünüb. Buna görə ekspedisiya rəhbəri mağaraya girməyi qətiyyətlə yasaqlayıb.Ayağına qırılmayan elastik tilov ipi bağalanmış dovşanı mağaranın ağzına yaxın gətirirlər. Gücləndirici vasitəsi ilə it hürüşü yazılmış maqnitafon lentini səsləndirirlər.Qorxmuş dovşan işıqlandırılan dar yolla mağaranın içərilərinə doğru götürülür. Mağaranın dərinliyində, heykələ yaxın yerdə ağ bulud topasına bənzər çoxsaylı mığmığı dəstəsi dovşana hücum edib, onu sancırlar.Dovşanı öldürdükdən sonra, mığmığı topası qəfildən yox olub. Ekspedisiya üzvləri ipi çəkib dovşanı mağaradan çıxarılar. Həyat əlamətləri olmayan dovşan sanki gipislənib. Bu dovşan heykəli hamını heyrətə gətirib. Bütün bunlar kino lentinə alınır. Moskvadan gəlmiş ekspedisiya üzvləri dovşanı da, kino lentini də götürüb heç kəsə bir söz demədən oranı tərk edirlər.

-Dəfinəni basdıran adamlar təbii və sünni əlamətlər qoyurlar.
-Təbii əlamətlərə nümunə kimi divar, böyük daş, qaya, ağac, yolayrıcı və s. göstərmək olar. Süni əlamətlər isə xəzinə basdıranın özünün qoyduğu nişanlardır. Hərbçilərin meşədə, çay içində, bataqlıqda, qamışlıqda xəzinə basdırmasına dair məlumatlar var. Onlar ölmüş atın leşini basdırmaq adı altında iri bir çala qazırlar. Əslində isə əl altından əldə etdikləri hərbi qəniməti basdırır, üstünü torpaqladıqdan sonra at leşini də üstünüdən qoyub çalanı doldururdular. Bəzən belə çalalara at deyil, şəhid olmuş döyüşçü yoldaşlarının, düşmən tərəfin əsgərlərinin cəsədlərini qoyurdular. Qəbri torpaqladıqdan sonra üstünə əlamət də qoyurdular. Bu əsasən dik hamar daşlar, taxta və ağac olurdu. Bəzən döyüşçülər başqa ərazidə həlak olurdular və bir daha həmin yerə qayıtmırdılar. Vaxt ötür, cəsədlər çürüyür, məzar yerlə-yeksan olurdu.Cəsədlərin çürüməsi və fosforun oksigenlə birləşməsi nəticəsində yaranan qaz yerin üstünə sızırdı. Bu qaz açıq göy, mavi rəngdə görünürdü. Mavi rəngli qaz çıxan xəzinələrdə magik bir əlamət yoxdur. Bu təbii kimyəvi reaksiyadır. (Ensiklopediya suevery. M. 1995, səh. 159)

-Suyun içində, çay yatağında, göllərdə, köhnə evlərin xarabalığında, mağaralarda, tərk edilmiş qədim yaşayış yerlərində dəfinə tapmaq ehtimalı böyükdür.
-Dağ yolunda qara keçi görmək həmin yerdə dəfinənin basdırılmasından xəbər verir. Çöllükdə nəzərə çarpan böyük qaya parçası, çəmənlikdəki tək, cüt hətta üç ədəd palıd, qoz, şabalıd ağacalarının ətrafında da dəfinə axtarmaq yaxşı nəticələnə bilər. Yerdən alov (dilimləri mavi, bənövşəyi, sarı, qırmızı rənglərdə ola bilər) çıxmağı əsas əlamətdir. İldırım vuran yerdə xəzinənin olması da sınamalarda təsdiqlənib.

“Dəfinəni yuxarıdan yox, yandan götürmək lazımdır”.
-Çünki onun lənətlənmiş və ya boş olduğu hamı üçün ayıdınlaşmır. Xəzinə yan tərəfdən çıxarılanda sərvət səpələnir və bununla da lənət dağılıb gedir. Xəzinəni çıxaranda söyüş söymək, bəd ruhları xatırlamaq, yerə tüpürmək, təbii ehtiyacını ödəmək qəti olmaz. Göy rənglə yanan alovu ancaq xəzinəni çıxarmağa icazə verilən adam görə bilər. Çox vaxt xəzinə uşaqların qismətinə çıxır. Belə sınama var ki, xəzninəni qoruyan ruhlar tam məsum uşaqlara daha çox şəvqətlidir. Çünki onlar günah iş tutub, hələ çirklənməyiblər. Dəfinə və xəzinələrdə 3, 9, 12, 40 rəqəmləri önəm daşıyır.
Gəzərgi dəfinlər də var. Bəzən dəfinələr obraza girib heyvan, quş və əldən düşmüş qoca şəkilində, səfil insan görkəmində adamın qarşısına çıxırlar. Heyvanı və quşu vuran kimi dəfinə səpələnir, ya da insandan nəsə xırda bir xahiş edir, xahişi rədd etməsən, xəzinənin sahibinə çevirilə bilərsən. Xəzinə xoş niyyətlə axtarılmalıdır. Tapılmış xəzinənin onda biri kasıba, bivarisə, xəstəyə verilməlidir ki, özün kasıb, bivaris və xəstə olmayasan. Xəzinənin yerinin dərinliyə çəkilməsinə, “küsməsinə” səbəb insanların fikirlərindəki bəd niyyətdir. Axı qoruyucu ruhlar fikirləri “oxuyur”. “Dəfinəni başla axtarmaq lazımdır, bellə, külünglə yox”-deyimi yerində söylənilib.

“Dəfinə dəmir çəndə, mis və ya şüşə qabda basdırılıbsa, bir ildən sonra yeri qazıb onu tapmaq olmaz”.
-Bu zaman insanın ürəyinə elə hiss gəlir ki, guya kimsə qazıyıb çıxarıb. Əslində qızılın xüsusi çəkisi ağır olduğundan torpağın qatlarını keçib suya çatınca dərinliyə enir.
HafizTimes.com olaraq son illər Azərbaycanın müxtəlif bölgələrində tapılan xəzinələri də araşdırdıq. “Xəzinə ovuna çıxanlar”la bağlı çox ciddi, eyni zamanda təhlükəli məqamlarla qarşılaşdıq:

12/10/ 2014 – Yardımlı rayonunun Məlikli kəndində xəzinə tapılıb. Mətbuatın yazdığına görə, qızılla dolu xəzinə Məlikli kəndinin yaxınlığında “Əli daşı” deyilən yerdə olub. Yerli sakinlər bir əsrdən artıq müddətdə buranı pir olaraq ziyarətgah kimi istifadə ediblər. İddialara görə, pirdə böyük bir daşın üzərində Həzrət Əlinin ayaq izləri olub. Lakin sonradan bu daşın xəzinənin basdırıldığı yeri işarələmək üçün bura qoyulduğu ortaya çıxıb.Xəzinə xüsusi xəritə əsasında aşkara çıxıb.Arus kəndinin ərazi nümayəndəsi İrasət Nəzərov :“Tanımadığımız adamlar kəndimizə gəlmişdilər. Heç bir sakinimiz onları tanımırdı. Arxeologiya İnstitutunun adından istifadə edərək gəlmişdilər. Həmin İnstitutun rektoru olan Maya xanıma rəsmi məktub yazdım. Cavab gəldi ki, bizim bu işdən xəbərimiz yoxdur, həmin şəxslərin kim olduqlarını bilmirlər. Təxminən 5-6 nəfər gəlmişdilər. Həmin ərazi Məlikli kəndinin ətrafında yerləşən bir ərazidir. Oranın sakinləri repressiya illərində sürgün ediliblər. Təxminən 2-3 gün orda axtarış apardılar.Həmin şəxslər orda vəhşilik ediblər. Həmin böyük daşı da uçurublar. İki yerdə 7-8 metr dərinlikli quyular qazıblar”.

HafizTimes.com olaraq qızıl-gümüş axtaran cihazların Azərbaycanda satış qiymətləri ilə bağlı da araşdırma apardıq.
Məlum oldu ki, Azərbaycanda kütləvi sayda metal-qızıl-gümüş axtaran cihazların satışı təşkil olunur. Belə ki, ölkəmizdə fəaliyyət göstərən elan saytlarında Almaniya, ABŞ istehsalı olan belə cihazlar satışa təqdim olunur. Qiymətlər isə 1000 manatdan, 7500 manata qədərdir. Həmçinin qeyd edək ki, metal axtaran cihazların qiymətləri dərinlikdən aslı olaraq dəyişir. Belə ki, 8-12 metr dərinliyə qədər torpaqda metal axtaran cihazların qiymətləri çox yüksəkdir. Elan saytlarından da gördüyümüz qədəri ilə, ölkə əhalisinin də böyük əksəriyyəti xəzinə tapmağa xüsusi maraq göstərir…
Hafiz Əhmədov