Bizimlə əlaqə

Müsahibə

“Nuri Paşanın gözəl Bakıda izinə rast gəlmədim”– Ənvər Paşanın nəvəsi Bakının xilasından danışır (EKSKLÜZİV)

Yayımlandı

da

O, böyük bir imperiyanın – Osmanlının taleyini on il boyunca əlində saxlayan Ənvər Paşanın nəvəsidir. Arzu Ənvər Əroğan jurnalist Hafiz Əhmədovla müsahibəsində Türk dünyasının ən məşhur simalarından biri olan babasının həyatı ilə bağlı özəl məqamları açıqlayır.

–Sizi daha yaxından tanımaq istərdik. Paşa nəvəsi necə bir həyat yaşayıb? Həyatınızdan danışarkən xüsusi vurğulamaq istədiyiniz məqamlar varmı?

–Böyük babam Devlet-i  Aliyyei-i Osmaniyyədə Hərbiyyə Naziri və Baş Komandanın vəkili vəzifəsində çalışıb. Həmin illərdə Türk-İslam dünyası böyük hücumlara məruz qalıb. Ata nənəm Naciyə sultan tərəfindən də soy kökümüz dövlətin qurucsu olaraq qəbul edilən Osman Qaziyə dayanır. Orta məktəb illərindən etibarən siyasi amillərlə əlaqəli təhrifə uğramış rəsmi tarixin nəticəsi kimi siniflərdə ağır ittihamlara məruz qalmaq son dərəcədə sıxıntılı idi. Təbii ki, hüzn də mövcu idi. Hələ də davam edir. Amma bu hüzün şəxsi xarakter daşımır. Bu, millətimizin nəsillərinə həqiqətlərin çatdırılmaması ilə bağlıdır. Belə ki, tarixi şəxsiyyətlər və onların zamanında cərayan edən hadisələrlə əlaqəli obyektiv dəyərləndirmələr həmin şəxslərin yaşadıqları dövrün şərtlərinə görə edilməlidir. Bu, sonrakı dövrlərdə keçmişin daha sağlam dəyərləndirilə bilməsi üçün olduqca vacibdir. Amma bu günün şərtlərinə uyğun olaraq keçmişi dəyərləndirmək və keçmiş tarixi şəxsiyyətlərə görə bugünkü hadisələrə qiymət vermək son dərəcə yanlışdır.

– Nəvəsi Ənvər Paşanı necə xatırlayır?

– Xatırlamaq üçün onun zamanında yaşamaq lazımdır. Amma ailə böyüklərimizdən, əziz milllətimizdən öyrəndiklərimiz və nəslin çox gözəl bir vərdişi olan sənəd qoyub getmək adətlərinin nəticəsi olaraq onu daha yaxşı tanımaq fürsətini əldə etdik. Mərhumun bizlərə buraxdığı beş minə yaxın yaxın məktubu və mütəmadi olaraq yazdığı gündəliklərinin böyük hissəsini millətimizə məxsus olduğunu düşünərək, Baş Qərargahın hərbi tarix və strateji Etüt dairə başqanlığına təhvil vermişik.Ənvər Paşanın və Osman Qazinin soyundan olmaq mənim üçün ən böyük şərəfdir. Buna görə də Rəbbimə hər zaman şükr edirəm. Bu mənsubluq geniş bilgi, intizam, məsuliyyətli və cəsur həyat tərzi, yaxın tarixin təhrif edilmiş bölümlərinin düzəldilməsi və həqiqətlərin nəsillərimizə daha əlçatan olması üçün böyük səylər göstərmək tələb edir. B u şərəfli həyat tərzini xoşbəxtlik vəsiləsi kimi qəbul edirəm.

– Ənvər paşanın həyatını sizin dilinizdən eşitmək, öyrənmək istərdik.

–1902-ci ildə Hərbiyyədən uğurla məzun olduqdan sonra 21 yaşında Balkan dağlarında başlayan ziddiyətli, Vətən və Millətin müdafiəsinə həsr etdiyi həyatı Trablusgarpın müdafiəsi ilə davam edib. Balkan müharibələrinin nəticəsi olan böyük məğlubiyyətin sonucunda işğal edilmiş Ədirnəni qurtarıb. Nəzarət vəzifəsinə gəlişindən sonra qısa bir müddət ərzində İmpertorluğun ordusunu tamamilə yeniləyib. Ordunu Çanaqqqala, Qalisiya, Kut-ül Amare, Bakı və s. hərbi zəfərlərini qazanacaq vəziyyətə gətirəndən sonra İmperializm əleyhinə mübarizəni Türküstanda davam edib. Mübarizəsi Çegan təpəsində “Şəhidi-ala və Qazi Namdar” olaraq 1922-ci ilin avqust ayında, 41 yaşında sonlanıb.

Bir kitabın üzərinə yazdığı qeydi hər zaman xatırlamalıyıq: “Əgər biz bu dövlətə (o dövrün ən güclü Qərb dövlətini nəzərdə tutur) qarşı bütün gücümüzlə mübarizə aparmasaq, İslam aləminə rahatlıq və rifahın gəlməsi uzun illər mümkün olmayacaq”.

Ənvər Paşa Osmanlı və Xilafətin davam etməsi üçün ciddi sivil fəaliyyət də göstərib. “Təşkilatı Mahsusa” adlı bir təşkilat qurub. Bu təşkilatın üzvləri sonrakı dövrələrdə ölkələrin idarə olunmasında da özlərinə yer tutublar. “Hukuk-i Aliyye” qərarnaməsənin çıxarılması, hərbi rəssamlar təşkilatının inkişaf etdirilməsi, film-fotoqraf mərkəzinin qurulması, bu gün qürurla dinlədiyimiz Mehtər Orkestrinin bərpası, dövlətin çöküşünə səbəb olan icra və məhkəmə səlahiyyətlərinin xaricilərə verilməsi, maliyyə borclarını əhatə edən “Kapitulyasiyalar”ın ləğvi, Düyun-ü Ümumiyə təşkilatının ilgası, İstanbul Sultanisinin quruluşu və s. kimi xidmətləri var. Bunlarla yanaşı, son dərəcə şəfqətli bir ailə başçısı olan Paşa təvazökar və mömin həyat tərzi keçirib.

(Ənvər Paşa və həyat yoldaşı Naciyə sultan)

– Ailəniz və atanız barəsində danışaq. Əli Ənvər kim idi, necə bir həyat yaşadı? Digər babanız məşhur jurnalist olub. Necə xatırlayırsınız o illəri?

– Ənvər Paşa və Naciyə Sultanın Mahipeyker, Türkan və Əli adlarında uşaqları olub. Atam Əli Ənvər 1921-ci ildə Berlində dünyaya gəlib (Paşanın ingilislər və digər düşmən güclərin yaxından izlədiyi Türkistandakı mübarizəsi əsnasında istifadə etdiyi gizli adı Əli idi). Mahpeyker xalam tibb doktorluğu, Türkan xalam isə kimya mühəndisliyi üzrə Fransada təhsil alıblar. Həmin vaxtlar orta təhsilini davam etdirməkdə olan atam Əli isə, 1939-ci ildə əmiləri Nuri Paşanın cəhdləri nəticəsi Böyük Millət Məclisində qəbul edilən “Mərhum general Ənvərin uşaqlarının məmləkətə geri dönə bilmələri” ilə bağlı xüsusi qanun nəticəsində Qalatasaray liseyində təhsilini tamamlayıb, imtahandan keçərək girdiyi Hərb məktəbindən məzun olub. Qərargah imtahanına girmək istəsə də, maneə törədilib, pilot zabit olaraq vəzifəyə başlayıb, illər sonra girə bildiyi qərargah imtahanını qazansa da, qəbul edilməyib. Nəticədə çox sevdiyi peşəsindən ayrılmaq məcburiyyətində qalıb. Əsgəriyyənin təyyarəçi sinfi mənsubu olan Əli Ənvər Parisdə akrobatik pilotluğu öyrənib. Sonradan Osmanlı ailəmizin rəisi olan Mehmet Orhan Əfəndidən də öyrənib və bu sahədə təhsil almaq istəyib. İkinci dünya müharibəsi əsnasında R.A.F. nəzdində vəzifəli olaraq Londonda çalışıb. Həmin vaxt baş nazir Çörçil Türkiyənin İngiltərədəki səfiri Rauf Orbaydan Əli Ənvərin Londonda olduğunu öyrənib və onunla görüşüb. Baş nazir Çörçilin Əli Ənvərə “Sizin atanız mənim siyasi həyatımı iyirmi il gecikdirdi” deməsi tarixə düşüb.

Atam Əli Ənvər Napolidəki NATO bazasında vəzifə tutan zaman mən dünyaya gəlmişəm. Türkiyə Böyük Millət Məclisində qəbul edilən və 1924-ci il tarixli 431 nömrəli qanunun bir maddəsinin dəyişdirilməsi ilə məmləkətə geri qayıda bilən Osmanlı xanədanı mənsubu ata nənəm Naciyə Sultan ilə atam Əli Ənvər nəhayət, 4 avqust 1952-ci il tarixində qovuşa biliblər.

1950-ci illərin ikinci yarısında mərhum Adnan Menderes tərəfindən Yeşilköy Hava Limanı rəhbərliyinə təyin edilən Əli Ənvər 1960-cı ildən sonra Avstraliyaya köçüb və 1971-ci ildə bir qəza nəticəsində haqqın rəhmətinə qovuşub. Altı dil bilən, rəsm və musiqi bilgilərinə sahib, Bəyzadə sifətinə sahib atam Əli Ənvərin dəstəyilə Universitet təhsili almağa hazırlaşdığım ərəfədə onun vəfat xəbərini eşitdim. Budur ən böyük şəxsi hüznüm!

Anamın atası Abidin Davər jurnalist, baş yazar və türk dənizçiliyinə verdiyi töhfələrinə görə mülki admiral olaraq tanınıb. Millət vəkili, futbolçu olub, və bir müddət “Qalatasaray” İdman Klubununa rəhbərlik edib. Anam mərhum Pərizat xanım isə indiki Boğaziçi Universiteti olan Amerikan Qız Kollecini erkən yaşda yaxşı dərəcə ilə bitirib, şagird təşkilatlarında fəal biri olub.
Evimizdə dövrün sənətçiləri, elm adamları qonaq olurdular. Musiqi və ədəbiyyatla zəngin, son dərəcə məsud, verimli zamanlar idi.

– Babanız Ənvər Paşanın Türkiyənin tarixindəki rolunu necə qiymətləndirirsiniz?

– 1917-ci ildən sonra, yeni rejim tərəfindən açıqlanan, 1908-ci il iyun tarixli “Reval” gizli danışıqlarından aydın olduğu kimi, İngiltərə Krallığı və Rusiya çarlığının Osmanlı Dövlətinin gələcəyi haqqındakı düşüncə və arzuları o zamankı gənc Osmanlı nəsilinə məlum olub. Onların uzaqgörənliyi sayəsində millət və din əleyhinə böyük hücuma qarşı sürətlə təşkilatlanma həyata keçirilib və böyük varolma mübarizəsi başladılıb.

Rəhbərlik səviyyəsinə yüksəlmiş hər möhtərəm şəxsiyyət millətin tarixində əhəmiyyətli bir mil daşıdır. Cənnət Vətənimiz dağıdıcı hücumlara məruz qalan bir mövqedədir, bəzi dövrlərdə bu hücumlar şiddətlənirdi. Qarşılığında isə “milli refleks” meydana gəlir və liderlər yetişir. Ənvər Paşa da belə liderlərdəndir. O, Balkan müharibəsindən sonra dağılmış vəziyyətdə olan Türk ordularını iki ilə yenidən təşkilatlandırıb. Yoxluq içərisindəki ordunun Çanaqqala, Galisya, Kut-ül Amarə, Bakı və s. cəbhələrdə böyük zəfərlər qazanmasını təmin edib. Bununla yanaşı, hər şeydən əvvəl milli ruhun yenidən təsisi, milli sərmayənin meydana gəlməsi, təhsilin inkişafı və s. mövzularda da geniş fəaliyyət göstərərək, mükəmməl formada ayaqda durmağı bacara bilən nəsillərin yetişməsinin təşəbbüskarı olub.

–Ənvər Paşanın şəhid olması, nəşinin Türkiyəyə gətirilməsi mövzusunda düşüncələrinizi bilmək istərdik…

– Əvvəlcə, onun şəhadətindən öncəki hadisələri qısaca gözdən keçirmək lazımdır: Böyük Hərbin əsas məqsədlərindən biri yox etməyə qarşı var olma mübarizəsidir. Bu səbəblə Buxara və bölgədən yığılan yardımların Anadoluya çatdırılması Sovet rəhbərliyi tərəfindən təhlükəsizlik problemi olaraq təqdim edilir və böyük məbləğlər paytaxtlarında toplatdırılır. Öncə Ənvər Paşanın əmisi, Kut-ül Amarənin müzəffər komandiri Xəlil Paşa tərəfindən 1920-ci ilin iyul ayında külçə qızıllar halında Ankaraya gətirilir. Bu vaxt Ankaranın Moskvadakı nümayəndəsi Yusif Ziya Tengirşenk ilə də danışıqlar davam edir. Xalq Komissarı Trotski tərəfindən Şərqi Sovet ordularının komandanı təyin edilən general Mixail Frunze 13 Dekabr 1921-ci ildə yığılan yardımların bir qisiminin qarşılığı olan silah və sursat ilə birlikdə Ankaraya gəlir. Azərbaycan SSRİ-nin Ankaradakı səfiri İ.Abilovun zabit katibi olaraq iştirak etdiyi, general Frunze və Mustafa Kamal Paşa toplantısındakı görüş protokollarda dörd maddə başlığında, ikinci maddə “Ənvər” olaraq təsbit edilib. 4 Yanvar 1922-ci il tarixində general Frunze eyni tapşırıqla ikinci dəfə Ankaraya gəlir və yenə də özü ilə silah-sursat gətirir. Səfir İ.Abilovun zabit katibi olaraq iştirak etdiyi iclasın protokolunda üç maddə başlığından ikinci maddə yenə də “Ənvər” olaraq qeyd edilib. Bu sənədlər Azərbaycan Dövlət Arxivində mövcuddur. 1928-ci ilin avqust tarixində İstanbulun Taksim Meydanında ucalan abidədəki əsas fiqurun sol hissəsində general Frunzenin heykəli də var.

1922-ci ilin 4 avqust tarixində, Qurban Bayramının ilk günü Sovet Şərq Ordu birləşmələri tərəfindən Ənvər Paşa Belcivan ətrafında toqquşma zamanı şəhid edilib. Onun qəbrinin Türkiyəyə gətirilməsi məsələsinə gəlincə, rəhmətlik nazir Ayvaz Gökdəmir Bəyəfəndinin təklifləri və rəhmətlik prezident Süleyman Dəmirəlin razılığı ilə belə bir iş reallaşdırıldı. Biz xaricdə dəfn edilən bütün ailə böyüklərimizin qəbirlərinin Vətən torpağına gətirilməsini arzu edirik. Lakin Ənvər Paşanın Çegan təpəsindəki qəbirinin oralardakı qardaşlarımız üçün, Şərq xalqlarının istiqlal mübarizələrində nə dərəcədə əhəmiyyətli olduğunu oradan ziyarətimizə gələn qardaşların sözlərindən günbəgün daha yaxşı anlayıram. Hələ məzarın gözətçisi olan ailənin hüznlü, gözyaşları içərisindəki hallarını heç unuda bilmərəm.

– Azərbaycanda, Bakıda olmusunuzmu?

– Bəli, nə xoşbəxtəm ki, Bakıda olmuşam. Möhtəşəm qarşılandıq, yüksək səviyyədə qonaq edildik. Lakin diqqətimi çəkən bir məqam oldu. Azərbaycanlı qardaşlarımızın ədəbiyyat və musiqidə Nuri Paşanı andıqlarını fərq etdim, amma gözəl Bakı şəhərində hər hansı bir izinə rast gəlmədim. Bəlkə də mən çox gəzməmiş ola bilərəm. İstanbulda iqamətgahımın olduğu prospektin adı Heydər Əliyev Prospektidir. Boğaz sahilində isə Heydər Əliyevə ithaf edilmiş bir park mövcuddur. Hər gün birlikdə dağlalanan Azərbaycan və Türkiyə bayraqlarını seyr edən zaman qürur hissi keçirirəm. Təbii ki, uyğun bir zamanda gözəl Bakı şəhərini təkrar ziyarət etmək bizlər üçün xoşbəxtlik qaynağı olacaq.

(Nuru Paşanın dəfn mərasimi)

– Ənvər Paşanın Azərbaycan üçün etdikləri sizin fikirinizcə, hansı əhəmiyyəti daşıyır?

– Millətimiz üçün çox böyük əhəmiyyət kəsb edir. 3 Mart 1918-də imzalanan Brest-Litovsk razılaşması ilə 30 oktyabr 1918-də imzalanan Mondros Müqaviləsi arasında işğal və zülm altında olan Azərbaycan torpaqları mütləq xilas edilməli idi. Osmanlı və müttəfiqləri Büyük Hərbdə məğlub olmuşdular, dövlət yox olmağın sərhədində idi. Ruslar, ermənilər, ingilislər Azərbaycanla Anadolu arasında o dövrdə inkişaf etməkdə olan fikri, milli və coğrafi münasibətləri bitirmək üçün işğal hərakatlarına başladılar. Bu zaman azəbaycanlı liderlərin Ənvər Paşaya çağırışları bütün maneələrə baxmayaraq, qısa bir müddətdə Qafqaz İslam ordusunun təşkili və hərəkatın başlanması ilə cavablandırılıb, nəticədə tarixdəki ilk böyük Türk Respublikasının qurulması təmin edilib. İsmail Zührinin sözlərilə desək:
Hilal artıq öldü deyə sevinmişdi düşmən yenə,
Hilal birkən iki oldu, salam bizdən ikinciyə…
Bu gün də ortaq inkişafa imkan yaradan əsl münasibətlərin möhkəm təməlləri qurulub. Hörmətli Heydər Əliyev və İlham Əliyev başda olmaqla Türkiyə Respublikasının rəhbərləri də münasibətlərin inkişafına verdikləri böyük töhfələrlə daim ehtiramla yad ediləcəklər.

– Qafqaz İslam Ordusunun Komandiri, Ənvər Paşanın qardaşı, Bakı fatehi Nuru Paşanın haqqında nələr danışa bilərsiniz?

– 1890-cı il təvəllüdlü Nuri bəyin bu vəzifəyə 28 yaşında təyini olunması çox tənqid edilib. Xəlil Paşa o günləri belə izah edirdi: “Azərbaycanın hərbi əhəmiyyətli və təlim görmüş ordusu yox idi. Bakı ingilislər və onlara kömək edən rus və ermənilər tərəfindən işğal edilincə, mənə Şərq orduları komandanlığı vəzifəsi verilərkən Ənvər Paşa Azərbaycanda və Bakı istiqamətində bir İslam Ordusu meydana gətirməyi hesaba qatdı. Qurulacaq bu ordunun komandanlığını da qardaşım oğlu Nuruya verdi. Nuru Paşa Ənvər Paşanın qardaşıdır. Trablusda birlikdə döyüşdük. Balkan cəbhəsində və I Dünya Müharibəsində ona əhəmiyyətli vəzifələr verilmişdi…”

1918-ci ilin 10 avqust tarixində Bakı əhalisinin Qafqaz İslam Ordusuna göndərdiyi uzun bildirişin son cümlələri belə idi: “…Əgər siz bu böyük İslam şəhərini tuta bilməsəniz, “Allah” deyənlərin varlığını aradan qaldıran və qaldırmaq istəyən düşmənlər öndən və arxadan sizi saracaq, qıcıran dişlər yeni zülmlər üçün itilənmiş olacaq. Lakin sən, ey türk əsgəri! İngilislərin gücünü öz hesabına Çanaqqalada qırdın. Ən böyük hərbi gəmilərinə, böyük güllələrinə aylarla sinə gərdin. Kut-ül Amaredə 14.000 əsir aldın. Türk adını böyüdən Çanaqqala, Kut-ül Amarə, Galisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almaz daşı olacaq…”

(Nuru Paşa)

Ənvər Paşanın da yazdığı kimi, “Allahın köməyi ilə, Bakı şəhəri otuz saatlıq şiddətli döyüşlərdən sonra, 15 sentyabr 1334-cü ildə (1918) saat doqquz radələrində azad edilib”.

Azərbaycanın məşhur siyasət və düşüncə adamı Əhməd bəy Ağaoğlunun oğlu, Demokrat Partiyasının önəmli üzvü, ailəmizin yaxın dostu Səməd Ağaoğlunun bizlərə nəql etdiyinə görə, “Nuru Paşa İstanbulda bir silah və sursat fabriki qurmaqla məşğul olur və icazələr üçün tez-tez Ankaraya gəlirdi. Biz də eşidib ziyarətinə gedirdik. Qafqazdakı zəfərləri ilə əlaqədar suallar verdiyimizdə xəcalətli bir şəkildə “Uşaqlar, sabaha baxın lütfən, bundan sonra məmləkətin sürətlə inkişaf etməsi lazımdır və bütün zamanınızı bu istiqamətdə sərf edin” deyərdi”.

O, Misirin Hidiv ailəsindən Mislimələk adlı xanımla evli idi və uşaqları olmamışdı. Ənvər Paşa şəhid olandan sonra ailənin bütün məsuliyyətini üzərinə götürərək, bibilərim və atamın yetişmələrində böyük xidmətləri olub. Bir ata şəfqətlə onları qucaqlayıb. İstiqlal mübarizəsinə böyük töhfələrinə görə “İstiqlal Medalı” ilə təltif edilib. Əsas vaxtını ilk yerli silah sənayesinin quruluması və istismarı üçün sərf edib. Hərbi illərin çatışmazlıqları içərisində Milli Müdafiə ehtiyaclarının qarşılanması ilə yanaşı, ixrac istiqamatində də istehsal həyata keçirib. İsrail-Ərəb döyüşü zamanı İordaniya, Misir ordularının və Fələstinli güclərin silah-sursat ehtiyaclarını fabriki vasitəsilə qarşılayıb. 1949-ci il 2 mart tarixində İstanbulda Sütlüce tərəfdə yerləşən fabrikində şübhəli, böyük bir partlayış meydana gəlib. Nəticədə işçilərilə birlikdə həlak olub. Həmin ilin 15 aprelində London İslam Mədəniyyət Mərkəzində təşkil edilən Nuri Paşanı anım mərasimində çıxış edən İordaniya Kral ailəsinin üzvü Şahzadə Əbdülməcid Heydərə görə, “Nuru Paşa İslam dünyasını birləşdirmək üçün çalışan fiqurlardan biri idi”.

– Niyə Nuru Paşanın cənazə namazı 67 il sonra qılındı?

– Nuru Paşanın cənazəsi fabrikin yanındakı Haliçdən ancaq martin 22-də tapıldı və İstanbul Müftülüyünün qərarı ilə cənazə namazının qılınmasına icazə verilmədiyindən, elan edilə bilmədən ailəsi və yaxınları tərəfindən martın 24-də 18 işçisinin yanında Ədirnə parkındakı şəhidlikdə dəfn edildi. Qəbirin yeri uzun illər idi ki, itmişdi, tapa bilmirdik. Bəzi himmətli vətəndaşlar tərəfindən tapıldı və onu 67 il sonra yerinə gətirə bildik.

– Azərbaycan torpaqlarının böyük qismi 25 ildən çoxdur ki, ermənilərin işğalı altındadır. Azərbaycan üçün böyük işlər görmüş Paşanın nəvəsi olan Arzu Ənvər Ərdoğan xanım ermənilərin Azərbaycan xalqına qarşı etdiyi təcavüz, soyqırım siyasətilə bağlı nə düşünür?

– Cəddimiz Fatih Sultan Mehmet Xan 1461-ci ildə Yepiskop Hovadimi İstanbula gətirdərək, ona Patriarx rütbəsi verəndən sonra bu ermənilər yeni tarixə qədər sadiq millət kimi tanınırdılar. Zeytun hadisələrindən bu günə qədər isə təəssüf ki, kin və nifrət siyasəti yürüdürlər.
Keçdiyimiz günlərdə Xocalı soyqırımının ildönümünü geridə qoyduq. Bütün qırğınların qurbanı olan şəhidlərimizə rəhmət diləyirəm və xatirələri qarşısında təzim edirəm. Təəssüf doğuran budur ki, Beynəlxalq təşkilatların nümayəndələri millətimiz ilə əlaqədar ən dəhşətli mövzularda öz vəzifələrini yerinə yetirmirlər. Bu isə hələ 1918-ci ildə həyata keçirilən millətimizi tükətmək hərəkatına bənzəyir. Edilən bütün soyqırımlar və həyata keçirilən işğallar Hilalı yox etmək təşəbbüslərinin qurtarmaq bilməyən təkrarıdır. Əziz millətimizin istiqbal və istiqlal uğrunda səbir və əzmlə çalışıldığı, bir və diri olacağı təqdirdə, mütləq bu qəmli mövzunun xoş sonluqla qurtaracağına əminəm. Uşaqlarımızın haqqı olan “Qafqazda sülh” şübhəsiz ki, təsis ediləcək.

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

`Amerikalı milyarderlə dost olduq` – Cümhuriyyətin ən nüfuzlu qadın varisi: “Azərbaycan Vətənimdir” (EKSKLÜZİV+FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Atam Azərbaycanın Sovet hakimiyyətinin işğalından azad olub, müstəqillik qazanacağı günün xəyalı ilə yaşayırdı”

“Warren Buffettin həyat yoldaşı Susan Buffettlə çox yaxın dost olduq”

“Nəsib bəy Yusifbəyli kimi bir çox insan öz Vətənləri üçün həyatlarını qurban verdilər”

“Buffett ailəsi mənə təklif etdi ki, beynəlxalq program yaradım və rəhbərlik edim”

“Qardaşımız olmadığı üçün övladlarım, hətta nəvələrim də atamın soyadını daşıyırlar”

“Atam Azərbaycanın eşqi ilə yaşadı və Azərbaycana olan həsrəti ilə gözlərini əbədi olaraq yumdu”

“Ümid edirəm ki, Azərbaycan Xalqı bu Cümhuriyyətin qurulması və müstəqil olması üçün həyatlarını fəda edən insanları heç vaxt unutmaz”

Türkiz Göygöl – Dünyada ən uğurlu 10 türk qadından biri. “Willows International”da prezident və CEO.  Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi Çingiz Göygölün qızıdır. Əmisi Mirzə Göygöl Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri olub. T. Göygöl 1947-ci ildə İstanbulda anadan olub. Hazırda ABŞ-da Rhode Island əyalətində yaşayır. O, dünyada ən zəngin investor, xeyriyyəçi-milyarder Warren Buffettin ailəsinin etibarını qazanıb və bir müddət “Buffett Foundation”a rəhbərlik edib. Uzun illərdir ki, qadınların yaşadıqları problemləri araşdırır, onların hüquqlarını müdafiə edir, xeyriyyə işləri həyata keçirir. Qeyd edək ki, Türkiz Göygöl Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varislərindəndir.

(Nərgiz, Çingiz, David Kline-Perihan, Yaqut Göygöl)

Türkiz Göygöl HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Azərbaycan əsilli iş qadını Türkiz Göygöl bir çox mühüm məqamlara aydınlıq gətirib.

 -Siz koronavirusa qarşı necə mübarizə aparırsınız? Amerikada tətbiq olunan karantin şərtləri həyatınıza, fəaliyyətinizə necə təsir edir?

-Mart ayından bəri evimizdən işləyirik. Biz yaşadığımız bölgədə koronavirus çox da yayılmayıb. Hər şeyə diqqət yetiririk və normal həyatımızı yaşayırıq.

(Eral, Arman Gökgöl-Kline və həyat yoldaşları)

-Azərbaycanlı “Göygöl” ailəsinin qızının yolu necə oldu ki, dünyanın ən zəngin, məşhur Buffet ailəsi ilə kəsişdi?

-1986-cı ildə “Pathfinder International”da vitse-prezident kimi çalışırdım. Oranın prezidenti məni Warren Buffettin hazırda vəfat etmiş həyat yoldaşı Susan Buffettlə tanış etdi. Bu illər ərzində çox yaxın dost olduq. Suzi Buffett onlara maliyyə dəstəyi üçün göndərilən layihələri mənə də təqdim edirdi, fikirlərimi soruşurdu. Beləliklə o, mənim peşəkar olduğumu da öyrəndi.

-Türkiz Göygölün uğur sirri nədir?

-Əvvəlcə dürüstlük və etibarlılıq deyə bilərəm. Əlbəttə ki, yaxşı təhsil və zəhmət olmadan bunlar mümkün deyil.

-“Willows International” ilə bağlı bilmək istərik. Necə qurdunuz, planlarınız nə?

-“Pathfinder İnternational”da 14 il çalışdıqdan sonra 1996-cı ildə işdən çıxdım. Birləşmiş Millətlər Təşkilatının UNFPA-da (Əhali Fondu) işləməyə başladım. Azərbaycan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstan üzrə proqramların direktoru oldum. Özbəkistanın BMT-dəki nümayəndəsi kimi fəaliyyətə başladım. Daşkənddə yaşayırdım. 1998-ci ildə BMT-nin bürokratiyasında işləməyi sevmədiyim üçün UNFPA-dakı işimdən uzaqlaşdım. Bundan sonra ABŞ-ın Virciniya ştatında “Willows Fondu”nu təsis etdim. İlk layihəmizi Türkiyənin 15 əyalətində həyata keçirməyə başladıq.

(Eral Gökgöl Kline və ailəsi)

“2004-cü ildə Susan Buffett vəfat edəndə Buffett ailəsi mənə təklif etdi ki, “International”  program qurub rəhbərlik edim”.

-2005-ci ilin martında “Willows”dan uzaqlaşdım və “Buffett Foundation”da işləməyə başladım.

-Sizcə qadınların ən böyük problemi nədir? Siz uzun illər bu sahədə çalışıb, araşdırmalar edibsiniz. Qadınlara nə söyləmək istərsiniz?

-Məncə, qadınların böyük əksəriyyəti “özlərinə inam” və “öz ayaqları üstə durmaq” öyrədilmədən böyüyürlər. Bu da qadınların bir çoxunun ən böyük problemidir. Bir peşəkar kimi uğur qazanmağın həzzini duya bilmirlər. Onlar öz peşələrindən yalnız pul qazanmamalıdırlar. Həmçinin bacarmaq, iqtisadi baxımdan müstəqil olmağın həzzini yaşamırlar. Özləri ilə bağlı qərar qəbul edib, həyata keçirə bilmirlər. Əvvəlcə ataya, sonra isə həyat yoldaşlarına bağlı bir həyat yaşayırlar.

(Çingiz Göygöl və xanımı Perihan)

-Ailənizin Azərbaycandan olduğunu nə vaxt öyrəndiniz? Atanız Çingiz Göygöl Azərbaycanla bağlı  sizə nələr danışardı?

-Doğulduğumdan bəri, atamın Azərbaycanın Gəncə şəhərində dünyaya göz açdığını, böyüdüyünü, bolşevik hücumlarını, ailəsinin başına gələnləri dinləyərək böyüdüm. Evimizdə həmişə Azərbaycan musiqilərinə qulaq asardıq, Azərbaycan yeməkləri bişirərdik. Evimiz Azərbaycandan Türkiyəyə köç etmiş dostlarımızla dolub-daşardı. Atamız həmişə bizə ailəsi, qonşuları və Gəncə şəhəri ilə bağlı maraqlı məlumatlar danışardı. 1997-ci ildə UNFPA ilə (BMT-nin Əhali Fondu) Gəncəyə gedəndə artıq hər yeri tanıyırdım.

(Arman Gökgöl-Kline və ailəsi)

“Sərdar Bağı” ya da “Xan Bağı”, “Maral Gölü”, “Hacıkənd”, “Gökgöl” və ya “Göygöl”, Gəncə Qalası haqqında məlumatları dinləyərək böyüdük. Atam deyirdi ki, sovet hakimiyyətinin işğalından sonra hər şey dəyişdi. Bildiyiniz kimi, atam “Türk izi” və “Mücahit” adlı jurnallar nəşr etdirib. Atam Azərbaycanın Sovet hakimiyyətinin işğalından azad olub, müstəqillik qazanacağı günün xəyalı ilə yaşayırdı.

(Çingiz Göygöl)

“Qazaxıstanın Ayagöz rayonuna sürgünə göndərilən bibim 1964-cü ildə Türkiyəyə gəldi. Atam 40 ildən sonra bacısına qovuşdu. Hamımız çox xoşbəxt idik. Səkkiz ay evimizdə qonaq oldu”.

-Göygöl ailəsində büyümək necə idi? Necə bir uşaqlıq illəri yaşamalı oldunuz?

-Atamın anası, bacısı və qardaşı Məcidin taleyinin necə olduğunu bilmirdik. Atam onlara görə dərin kədər hissi keçirirdi. Bütün bunlar istisna olmaqla çox xoşbəxt bir uşaqlıq illəri keçirdik…

(Çingiz Göygöl)

-Azərbaycanlı məşhur mühacir Çingiz Göygölü qızının dilindən tanımaq istərik. Bizə atanızdan, ananız Perihan xanımdan bəhs edin. Çingiz bəy mühacirətdə necə bir həyat yaşadı?

-Mənim atam Azərbaycanın eşqi ilə yaşadı və Azərbaycana olan həsrəti ilə gözlərini əbədi olaraq yumdu. Biz uşaq olarkən atamgil Azərbaycan dərnəkləri, Azərbaycan günləri təşkil edərdilər. Atam Azərbaycan rəqslərini də çox gözəl bacarırdı. Anam isə həm xaricdən, həm də qəlbən çox gözəl bir xanım idi. O, əsl bir xanım idi. Möhtəşəm ana idi. Atam-anamız bizə oxumağı, peşə sahibi olmağı, həyatda uğur qazanmağı, öz ayaqlarımız üzərində durmağı öyrətdilər. Heç vaxt nə atamdan, nə də anamdan “tez ailə qurun” cümləsini eşitmədik.

(Perihan xanım)

Atam evinə, ailəsinə çox bağlı bir insan idi. Hətta günorta da yemək üçün evimizə gələrdi. İstəyirdi ki, biz həmişə gözəl geyinək, təmiz və baxımlı olaq, məktəbdə yaxşı qiymətlər alaq, uğur qazanaq. Atam bizi özəl məktəblərdə oxutdu.

(Çingiz Göygöl və qardaşı oğlu Oğuz)

Atam oğul övladı olmadığına görə əvvəllər bir az kədərlənirdi. Amma yaşa dolduğu zaman fikirləri belə dəyişdi: “Mən nə axmaq adam olmuşam, oğlan övladım olmadığına görə kədərlənmişəm. Allah mənə övladların ən yaxşısını, brilyant kimi dörd qızı verib. Allaha min dəfə şükür olsun”- deyərdi.

(Çingiz Göygöl)

-Çingiz Göygöl Azərbaycan Milliyyətçilər Dərnəyinə başqanlıq edib, “Türk izi”, “Mücahid” kimi önəmli dərgilər nəşr etdirib.  Sizin adınız həmin dərgi ilə bağlıdır?

-Hamımızın adını atam qoyub. Mən istisna olmaqla digər bacılarımın ikinci adları belədir: böyük bacım ata nənəm Yaqutun adını daşıyır. Digər bacım isə sürgünə göndərilən bibim Şulənin adını danışıyır. O biri bacım da digər bibimin adını daşıyır, Mahtaban. Bacılarım və mənim tam adlarımız belədir:  Yaqut Yıldız, Şulə Güliz, Nərgiz Mahtaban və Aykut Türkiz.

-Atanız Çingiz Göygöl Türkiyədə mühacirətdə olarkən Azərbaycan üçün çox dəyərli işlər görmüş bir şəxsiyyət. Siz bu barədə nə demək istərsiniz?

-Çingiz Göygölün qızı olduğum üçün fəxr edirəm. Atam bizə Azərbaycana qarşı böyük bir sevgi aşıladı. Mən də UNFPA-dakı işi qəbul etməklə Azərbaycana xidmət etmək istəyirdim. Biz UNFPA ilə birlikdə Gəncədə bir təhsil mərkəzi açdıq. Azərbaycana başqa faydalarım da oldu.

Əziz atam 1987-ci ildə vəfat etdi. Mən isə Azərbaycana (Bakı, Gəncə və Göygöl) ilk dəfə 1989-cu ildə gəldim. Kaş ki, atam bir neçə il də yaşayardı və mən də Gəncə, Hacıkənd, Göygöllə bağlı xatirələrimi, şəkillərimi onunla bölüşərdim.

(Niyazi, Çingiz Gökgöl və qardaşı oğlu Selçuk)

-Göygöl Azərbaycanda Gəncə şəhəri yaxınlığında məşhur bir göldür. Atanız soyadınızla (Gökgöl) bağlı sizə nə danışardı?

-Atamızın Azərbaycana olan sevgisi soyadımızın da oradan gəlməsinə səbəb oldu. Soyadımızın Gəncədəki Göygöldən gəldiyini bilirik. 1989-cu ildə Göygölə gedəndə onun gözəlliyinə heyran oldum.

(Çingiz Göygöl, Mirzə Göygöl və nəvəsi)

-Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Nəsib bəy Yusifbəyli və həyat yoldaşı Şəfiqə Qaspıralı haqqında nələr bilirsiniz? Nəsib bəyin qızı Zöhrə Yusifbəyli əminiz Mirzə Göygölün xanımı idi…

-Nəsib bəy Yusifbəylinin “nənə” dediyimiz Şəfiqə xanımın həyat yoldaşı olduğunu bilirəm. O, Gəncədə anadan olub. Daha sonralar isə Krımda Şəfiqə xanımın atası İsmayıl Qaspıralı ilə birlikdə “Tərcüman” qəzetini nəşr ediblər.  Onun “Tərcüman” qəzetində yazıları yayımlanıb. Həmin vaxt Şəfiqə xanımla tanış olublar və ailə qurublar. Nəsib bəy Yusifbəylinin böyük işlər gördüyünü, nazir, baş nazir olduğunu da bilirəm. Hətta qısa bir müddətlik İstanbula gəlməsi barədə də məlumatlıyam. Bolşeviklərin istilasından sonra 37 və ya 38 yaşında ikən öldürüldüyünü də bilirəm. Nənəm Şəfiqə xanım da öz atasının təşəbbüsü ilə bir jurnal da nəşr edib. O, qadın hüquqlarının qorunması ilə bağlı çalışırdı.

(Arman Göygöl Kline və ailəsi)

-Əminiz Mirzə Göygölün həyat yoldaşı Zöhrə Yusifbəylini, qardaşı Niyazi Yusifbəylini (Nəsib bəy Yusifbəylinin övladları) necə xatırlayırsınız? Azərbaycandan heç bəhs edərdilər?

-Niyazi bəy atamın ən yaxın dostlarından biri idi. Oğlunun adını da Nəsib qoymuşdu. Mirzə Göygöl əmimgil o vaxtlar İstanbulda yaşayırdılar. Biz isə atamın işinə görə Ankarada olurduq. Buna görə də bir-birimizi tez-tez görə bilmirdik. Nəticədə, əmim uşaqları ilə birlikdə böyüyə bilmədik. Əmim iş üçün Ankaraya gələndə bizdə qaldırdı. Biz də İstanbula gedəndə “Kabataş” tərəfdə (Ayazpaşa) əmimgilin möhtəşəm mənzərəli evində qalırdıq. Əmim ciddi bir insan idi. Şəfiqə nənəm və Zöhrə “yengəm” bizimlə ciddi məsələlər, Azərbaycan, Krım haqqında danışmazdılar.

(Çingiz Göygöl)

-Azərbaycan Cümhuriyyətinin dövlət hesabına Avropada ali təhsil almaq üçün göndərdiyi tələbələrdən olan əminiz, məşhur alim Mirzə Göygöllə bağlı bilmək istərik. Necə bir həyat yaşadı? Övladları ilə əlaqə saxlayırsınızmı?

-1980-ci ildə ABŞ-dan Türkiyəyə gələndə əmimin böyük oğlu Səlcukla (Səluş deyərdik) çox yaxın dost olduq. Hərdən görüşüb, Tarabiyada “rakı” içməyə gedərdik. Söhbətimiz çox gözəl olardı. Əmim oğlanları “Oşan” (Oğuz), Dəmir Göygöl (aktyor) və  əmim qızı Şulə Türkiyədən Almaniyaya köçdülər. Bundan sonra əlaqələrimiz kəsildi. Xeyli vaxtdır ki, bir-birimizdən xəbərsizik.

(Çingiz Gökgöl-Niyazi bəy)

-Azərbaycanla bağlı hansı xatirələriniz var?

-Əvvəllər Azərbaycana UNFPA vasitəsi ilə iş üçün gələrdim. Daha sonra isə qohumlarımızı görmək üçün gəldim. Övladlarım da Azərbaycana gəliblər.  Həyat yoldaşımla birlikdə ən az 5 dəfə Azərbaycanda olmuşuq. Bibimin qızı Türkan üç il bundan öncə vəfat etdi. Onu və digər qohumlarımızı görmək üçün Bakıya gələrdim. Yəni ki, axırıncı dəfə 3 il öncə Bakıda olmuşam. Türkan və qızı Fatma da İstanbula tez-tez gələrdilər.

-Azərbaycan sizin üçün nə məna ifadə edir?

-Azərbaycan mənim Ata Yurdum – Vətənimdir. Biz yarı azərbaycanlıyıq. Azərbaycan deyiləndə öz Vətənim kimi hiss edirəm. Azərbaycanın bir çox yerlərində oldum. Çox gözəl bir ölkədir. Atamın bizə danışdığı kimi gözəldi.

(Məcid Göygöl)

-Atanızın yaxın dostu azərbaycanlı memar, yazar Safvet Məlik-Zərdabi (Həsən bəy Zərdabinin Türkiyədəki mühacir oğlu) və həyat yoldaşı Nəfisə xanımla bağlı nələr bilirsiniz? Onları necə xatırlayırsınız?  

-Safvet bəy və Nəfisə xanımı çox yaxşı xatırlayıram. Ankarada Ulus məhəlləsində Posta küçəsində evləri vardı. Evlərini gözəl dizayn etmişdilər. Uşaqları yox idi, bizi, xüsusilə, böyük bacım Yaqutu çox sevirdilər… Olduqca nəzakətli, mədəni insanlardı.

(Çingiz Göygöl)

-Atanızın azərbaycanlı qohumlarından, dostlarından daha kimləri tanıyırdınız? Sizə kimlər qonaq gələrdilər?

-Niyazi bəy Yusifbəyli, həyat yoldaşı Nəzakət xanım, Əflan Muğan bəy, gəncəli İsa Göçer bəy və qardaşlarını, Mehmet Altunbay,  Əli Taşkent, Müallim Nəbi bəy, Beşir bəy, Bahadır bəy, Taki bəy, İbrahim Sofu, Hüseyin Gencer bəy, İsmail və Davud Saryal qardaşlarını yaxşı xatırlayıram. Çünki həmişə evimizə gəlib-gedərdilər. Bayram günlərində bütün azərbaycanlılar evimizə toplaşardılar. İstanbuldakı nənəm Şəfiqə xanım Qaspıralının qardaşı Heydər Qaspıralı və qızı İnci xanımı yaxşı xatırlayıram.

(Şəfiqə xanım Qaspıralı)

-Azərbaycana yenidən gəlmək istərsinizmi?

Azərbaycana mütləq yenidən gedəcəyik. Bəlkə də  gələn il.

(Perihan və Çingiz Göygöl)

-28 May Azərbaycan Xalq Cümhuriyyətinin(AXC) yaranması günüdür (1918-ci il). Ailəniz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli varislərindəndir. Bu barədə nə demək istərsiniz?

-Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin önəmli şəxsiyyətlərindəndir. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından iki il sonra öldürüldü. Onun kimi bir çox insan öz Vətənləri üçün həyatlarını qurban verdilər. Ümid edirəm ki, Azərbaycan Xalqı bu Cümhuriyyətin qurulması və müstəqil olması üçün həyatlarını fəda edən insanları heç vaxt unutmaz və özlərinə layiq bir həyat sürərlər. Gənclər hər zaman onları xatırlamalıdırlar.

(Eral Gökgöl-Kline və ailəsi)

-Ailəniz, amerikalı həyat yoldaşınız, övladlarınız haqqında bilmək istərik. Maraqlıdır ki, sizin övladlarınız da “Gökgöl” soyadını daşıyırlar.  Azərbaycanla bağlı onlara nə danışırsınız?

-İki oğlum var: Arman Çingiz Göygöl Kline və Eral David Göygöl Kline. İki oğlumun da iki övladı var. Armanın oğlu Marin Eral Göygöl Kline (10 yaş), Evren Skott Göygöl Kline (8 yaş). Eralın oğlu Kai Alexandır Göygöl Kline (9 yaş), qızı Keilani Armana Göygöl Klinedir (6 yaş).

(Gökgöl-Kline ailəsinin nəvələri)

Həyat yoldaşımın atası tərəfi 1600-cü illərdə Hollandiyadan Amerikaya köçüblər. Ana tərəfi isə ingilis və alman mənşəlidir. Onlar da 1700-cü illərdə Amerikaya mühacirət ediblər. Həyat yoldaşım Kanzasda anadan olub və Amerika vətəndaşıdır.

“Mən Harvard Universitetində fəlsəfə doktoru ikən onunla (həyat yoldaşım)  tanış oldum”.

-Orada professor kimi çalışırdı. Özümü həmişə həm azərbaycanlı, həm də türkiyəli kimi görmüşəm. Övladlarım da özlərini elə görürlər. Qardaşımız olmadığı üçün övladlarım da atamın soyadını (Göygöl) daşıyırlar. Hətta nəvələrimə də bu soyadı veriblər. Nəvələrimiz də, övladlarımız da Göygölü tanıyırlar. Və babalarının (Çingiz Göygöl) həyatı haqqında həmişə onlara danışırıq.

(Eral Gökgöl-Kline və xanımı)

-Sonda oxucularımıza nə demək istərsiniz?

-Türkiyə ilə Azərbaycan bir-birinə ən yaxın, iki qardaş ölkədir. Təəssüf ki, keçmişdə baş verən çirkin siyasi oyun və hadisələr ailələrin parçalanmasına səbəb olub və atamız Türkiyəyə gələrkən anası, bacısı, qardaşı Azərbaycanda qalıb. Ümid edirəm ki, Azərbaycan və Türkiyənin sevgi bağı hər zaman davam edəcək.

Hafiz Əhmədov

HafizTimes.com

“Atam baş nazirin ailəsinin süründüyünü görüb və qızı ilə evlənib” – Nəsib bəy Yusifbəylinin nəvəsi ilə TARİXİ MÜSAHİBƏ (FOTOLAR) BURADAN oxuya bilərsiniz. 

Oxuyun

Müsahibə

`Varlığımın xəta olduğunu dedi` – Van Dammın oğlu: “Azərbaycan gəncləri üçün bu bir təcrübədir” (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Hüquqlarını müdafiə edən insanlara həqiqətən də heyranam”

“Valideynlərimə borclu deyiləm”

“Ətrafınızdakılara hörmət edərək özünüz üçün yaşayın”

“Din ancaq “ehtiyac duyduğumuzda” başımızı qoya biləcəyimiz bir yastığa sahib olmaq üçün qurub hörmət etdiyimiz bir inanc formasıdır”

“Buna görə atamla eyni layihədə rol almaq istəmirəm”

HafizTimes.com-un növbəti müsahibi Hollivudun döyüş səhnələrinin mahir ifaçısı, məşhur aktyor Jan Klod van Dammın oğlu Kris van Dammdır. Atasının yolunu davam etdirən aktyor, kinorejissor Kris van Damm esklüziv müsahibə zamanı özü, karyerası, ailəsi, atası ilə bağlı mühüm məqamlardan söhbət açıb. İlk dəfə olaraq Azərbaycan, Bakı ilə bağlı fikirlərini bölüşüb:

-Los-Ancelesdə anadan olmuşam. Amma uşaqlıq illərimin çox hissəsi Belçikada keçib. Nənə-babamın (ata tərəf) yanında böyümüşəm. Demək olar ki, dünyanın hər yerində təhsil almışam. Ancaq gənclik illərim burada, yəni Cənubi Kaliforniyada keçir. Hazırda Los-Ancelesdə yaşayıram və müstəqil kinorejissoram.

-Jan-Klod van Dammın oğlu olmağın hansı məsuliyyətləri var?

Heç bir məsuliyyəti yoxdur. Bu dünyada yaşayan bir insan olaraq özümüzü dərk etməli, sevməli və buna uyğun hərəkət etməliyik. Hamımız fərqliyik. Və öz həyat yolumuz və seçimlərimiz var.

-Hazırda həyatda olan kimə qarşı heyranlıq hissi duyursunuz və nə üçün?

-İnandıqları şeylər üçün mübarizə aparan, hüquqlarını müdafiə edən insanlara həqiqətən də heyranam.

-Özünüzdə və başqalarında hər zaman olmasını istədiyiniz ən vacib xüsusiyyət nədir?

-Əzmli olmaq, dürüstlük, qərarlı olmaq, özünü tanımaq və məsuliyyət.

Ən dəyərli varlığınız?

-Ailəm, dostlarım və motosikllarım.

-Jan-Klod van Damm evdə, ailədə necə bir atadır?

-Mən uşaq olan zaman atamın iş qrafiki gərgin olduğu üçün onu heç görə bilmirdik. Amma əmin olun ki, o, bir ata kimi bizə qayğı göstərirdi və bütün ehtiyaclarımızı təmin edirdi. Həmişə başımızın üstündə bir dam, masamızda yemək və birlikdə film çəkməkdən zövq almaq imkanımız vardı.

 -Əgər nəsli tükənmiş bir şeyi geri qaytarmaq imkanına sahib olsaydınız nəyi seçərdiniz?

-Mənim itim, “Ajax”.

-Ən sevdiyiniz söz nədir?

– “SOLİD(bərk, möhkəm)

-Böyüyəndə nəçi olmaq istəyirdiniz?

-Kinorejissor və hekayə danışan.

-Sizə deyilmiş ən pis söz nə olub?

-Bir nəfər mənə varlığımın xəta-səhv olduğunu demişdi. Amma indi özümü sevirəm, bu həyatdakı varlığımı dərk edirəm və məqsədlərimi müəyyənləşdirdiyim üçün onun fikrinin düzgün olmadığını bilirəm.

-Valideynlərinizə nəyi borclusunuz?

-Heç nə! Mən yalnız onlara öz sevgi və hörmətimi verə bilərəm. Çünki, onlar yaşamaq üçün mənə nəfəs veriblər. Unutmayın ki, istəmədiyimiz təqdirdə heç kimə “borclu” deyilik. “Vermək” “borclu olmaq”dan daha dəyərlidir. Çünki bunun arxasında vicdan və iradə durur.

-Atanızın uğur sirri nədir?

-Bunun hər hansı bir sirri yoxdur. Uğur universaldır və insandan-insana dəyişir, fərqlənir. Mənim fikrimcə uğur özümüzə və dünyaya inamdan, universal, qərarlı olmaqdan, diqqət, dözüm və sevgidən doğur.

-Ən böyük məyusluğunuz nə oldu?

-Mənzilimi çox tez satmışdım.

-Ən çox nə zaman xoşbəxt olursunuz?

-Motosikletimə minəndə və bir filmdə, ya da bədii layihə üzərində çalışanda çox xoşbəxt oluram.

-Görünüşünüzdə nəyi bəyənmirsiniz?

-Hər şeyi bəyənirəm. Mən özümü sevirəm.

-Böyüdüyünüz ailədə nə çatışmırdı?

-Davamlı ünsiyyət.

-Bu ağır günlərdə sizi motivə edən nədir?

-Yaradılışa olan sevgim.

-Gələcək üçün hansı planlarınız var? Heyranlarınıza nə demək istərsiniz?

-Sevginizə görə təşəkkür edirəm. Mən də qarşılıqlı olaraq sizin hər birinizi sevirəm. Mənim planlarım heç vaxt imtina etməmək və sevdiyim işi davam etdirməkdir.

-Uğurunuzu kimə borclusunuz?

-Həyata və özümə minnətdaram.

-Hazırkı dünyanın mənzərəsini necə və hansı rənglə çəkərsiniz?

-Mən bunu əsasən sağ əlimlə, qızılı və solğun göy rəngli  kölgələrlə çəkərəm. Ancaq görmək istədiyim dünyanın rəsmini çəkəcəyəm. Yaşadığımız dünya isə fərqlidir.

-Atanızla bərabər eyni layihədə rol almaq istərsiniz?

-Xeyr. Özəl bir səbəbə görə bu barədə plan qurmuram. Öz tərzinizdə şəxsi layihələrinizin olması daha yaxşıdır.

-Oynamaq istədiyiniz bir film və ya rol varmı?

-Bəli, “STAR WARS”.

-Nəyi karyeranızda ən böyük uğur hesab edirsiniz? Və ya aşdığınız ən böyük əngəl nə olub?

Özümə inanmaq və sevmək. Həyatdakı varlığımın önəmini başa düşdükdən sonra işimlə ətrafımdakılara və dünyadakı digər insanlara necə təsir etdiyimi görmək bir nailiyyətdir. Hamımız fərdi olaraq çox dəyərliyik. Bəzən müəyyən insanlar üçün başqalarından daha dəyərliyik. Amma bu rəqəm dəyişmir, cəmi bir neçə nəfər üçün… Fiziki olaraq zamandan aslıyıq. Ancaq məqsədimiz və təmsil etdiklərimiz həmişə olacaq.

-Din sizin üçün nə deməkdir?

-Ancaq “ehtiyac duyduğumuz zamanda” başımızı qoya biləcəyimiz bir yastığa sahib olmaq üçün qurub hörmət etdiyimiz bir inanc formasıdır. Məndən dinimin nə olduğunu soruşsanız, həyatdakı yolum kimi “universal” olduğunu söyləyərəm.

-Co Bayden, yoxsa Donald Tramp?

-Hörmətlə, Donald Tramp.

-Koronavirusa yoluxmamaq üçün məsləhətiniz nədir?

-Maska taxın, sosial məsafə qaydalarına riayət edin, idmanla məşğul olun və sağlam olun. Həmçinin pəhriz də saxlamağı unutmayın.

-Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərik. Atanız da Azərbaycana səfər edib…

-Əminəm ki, ora gözəl bir yerdir. Bir gün Azərbaycanı ziyarət edəcəm. Orada yaşayan bir dostum var. O, mənə tez-tez Bakının foto və videolarını göstərir. İnanıram ki, mən bunu dəyərləndirəcəm.

Azərbaycandakı gənclərə nə demək istərsiniz?

-Bu mesajım bütün dünyadakı və Azərbaycandakı gənclər üçündür. Özünə inam, məsuliyyət uğurun və nailiyyətin əsasdır. Bu, özümüzü tanımaq deməkdir. Nəticədə siz hər gün, hər şeyi daha çox bilib inkişaf edərsiniz. Sizi xoşbəxt edən qərarlar qəbul edin. Ətrafınızdakılara hörmət edərək özünüz üçün yaşayın. Həyatımız boyu özümüzü daha da inkişaf etdirmək üçün daxili məsuliyyətimizi də dərk etməliyik. Bu, sürətli böyüməyimizə kömək edən ömürlük bir təcrübədir. Özünüz üçün də ədalətli və balanslı sərhədlərə sahib olmağı unutmayın, çünki dəyəriniz ölçüb-biçilməzdir. Və buna hörmət edilməlidir. Tanrı hamınızı qorusun.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Atam baş nazirin ailəsinin süründüyünü görüb və qızı ilə evlənib” – N.Yusifbəylinin nəvəsi ilə TARİXİ MÜSAHİBƏ (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Evimizdə heç kim babam Nəsib bəy Yusifbəylidən bəhs etməzdi”

“Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb”

“Bundan sonra atam baş nazirin qızı ilə evlənməyə qərar verib”

“Bəlkə babamı da ermənilər öldürüb”

“Bütün həyatları boyu Vətən həsrəti ilə yaşamalı oldular”

“Atam deyərdi ki, ermənilər azərbaycanlılara qarşı hər zaman düşmən münasibəti bəsləyib”

“Ağ ruslar” da bizim evimizdən əksik olmazdı”

“Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar”

Oğuz Yusuf Göygöl – Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən biri, Azərbaycan hökumətinə başçılıq etmiş tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsidir. Atası Mirzə Göygöl Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri olub. Əmisi Çingiz Göygöl Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi, Azərbaycan Milliyyətçilər Dərnəyinin başqanı idi. Anası Zöhrə Yusifbəyli-Göygöl Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Nəsib bəy Yusifbəylinin qızıdır. Nənəsi Şəfiqə Qaspıralı-Yusifbəyli məşhur Krım tatar ictimai xadimi, “dildə, fikirdə, əməldə birlik” ideyasının müəllifi İsmayıl Qaspıralının qızıdır.

Tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsi Oğuz Yusuf Göygöl Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq  HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Oğuz Yusuf Göygöl ailəsi ilə bağlı illərlə gizli qalmış bir çox məqamlara aydınlıq gətirib. O, həmçinin ailəsinin fotoşəkillərdən ibarət şəxsi arxivini HafizTimes.com-a təqdim edib.

-Əvvəlcə özünüz haqqında danışaq. Uşaqlığınızı necə xatırlayırsınız? Göygöl ailəsində böyümək necə idi? İndi harada yaşayırsınız?

-Mən uşaq olan zaman həmişə İstanbulda, Yeşilköydə böyük bağçası olan evlərdə, hətta “köşk”lərdə kirayə qalardıq. Qohumlarımız bizə gələrdilər, bütün yay tətillərini bizimlə keçirərdilər. Evlərimiz hər zaman dəniz sahilində olardı. Anamın dayısı Heydər də Türkiyədə təhsil aldı. Daha sonralar isə Kayseridə məskunlaşdı. Həyat yoldaşının möhtəşəm bir sarayı da vardı. Çox zəngin idilər. Heydər dayı ailəsi və xidmətçiləri ilə bizə gələr, bütün yayı birlikdə keçirərdik. Onlar üçün üç növ süfrə qurulardı. Hətta xüsusi aşbazımız da vardı.

(Çingiz Göygöl, qardaşı Mirzə Göygöl və nəvə Tuluğ)

Xəlil dayi (Has?) bir gün atamı kənara çəkib məsləhət verdi ki, bu evdən heç vaxt qonaq əksik olmur, belə davam edə bilməz. Cavad qardaş da oxuyub həkim oldu. Atamın “yeğeni” idi, oxumaq üçün İrandan İstanbula gəlmişdi. O da bizimlə birlikdə yaşadı. Atamın Berlindən də tələbə yoldaşları gələrdilər. Atamın süfrəsi axasında həmişə xeyli insan əyləşərdi. Maaşı çox yüksək olsa da, heç vaxt pulu bir yerə toplayıb zəngin ola bilmədi. Bütün dostlar, qohumlar varlandılar, bizdə də yeyib-içdilər. Bundan sonra Cavad bəy Azərbaycan əsilli iranlı, çox zəngin bir xanımla ailə qurdu.

(Zöhrə Yusifbəyli və oğlu Oğuz Göygöl)

Mənim uşaqlıq illərim gözəl keçdi. Dəniz sahilində yaşamaqdan həzz alırdım. Yesilköy çox kosmopolit bir bölgə idi və xeyli sayda qeyri-müsəlman ailələr yaşayırdı. Onların uşaqları yay tətilində ataları ilə işləməyə məcbur idilər, biz isə (qardaşım və mən) səhər duran kimi dənizə gedirdik. 1952-ci ildə Almaniyanın Darmştadt şəhərinə təhsil almağa gəldim. 1963-cü ildən bəri Hamburqda yaşayıram.

(Məhəmməd Əmin Rəsulzadə də fotoda yer alıb)

-Ailənizin Azərbaycandan olduğunu nə vaxt öyrəndiniz? Atanız Mirzə Göygöl Azərbaycan haqqında sizə nələr danışardı?

-Atam öz millətini çox sevən bir insan idi. Bizə xüsusilə Gəncənin nə qədər gözəl olduğunu söylərdi. Azərbaycanı cənnətin bir hissəsi kimi təsvir edərdi. Azərbaycanın müstəqillik ildönümlərində bütün qohum-əqrabaları, dostlarını başına toplayıb həmin günü qeyd edərdilər. Bunun üçün gözəl yerlər icarəyə götürüb, əyləncələr təşkil edərdilər. 28 may 1918-ci il Azərbaycanda Cümhuriyyətin yaranması günüdür

(Mirzə Göygöl və xanımı Zöhrə Yusifbəyli)

-Bizə mərhum atanız Mirzə Göygöl, ananız Zöhrə Göygöl-Yusifbəylidən bəhs edin. Göygöl ailəsinin həyatını sizdən öyrəmək istərik. Valideynləriniz necə tanış olublar, evləniblər? Türkiyəyə köçməli olduqdan sonra hansı çətinlikləri yaşadılar? Axı ananız Zöhrə xanım Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin yeganə qızı idi…

-Atam millətçi bir insan olduğu üçün anamla nənəmin (Nəsib bəy Yusifbəylinin qızı və həyat yoldaşı: Zöhrə Yusifbəyli və Şəfiqə xanım Qaspıralı) İstanbulda tək yaşadıqlarını biləndə onları axtarır tapıb. Nənəm iki uşağı ilə birlikdə Sevastapoldan İstanbula qaçmağı bacarıb. Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) Qalatasaray Liseyində təqaüd ilə təhsil alıb. Anam isə Erenköydəki qız liseyindən məzun olub.

(Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım İstanbulda)

Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb. Daha sonra kim olduqlarını araşdırıb tapıb. Azərbaycan baş nazirinin həyat yoldaşı və uşaqlarının belə ağır vəziyyətdə yaşamaları atamı çox məyus edib, kədərləndirib. O, anamla evlənməyə qərar verib. Nənəmi də (Şəfiqə xanım Qaspıralı) öz yanlarına gətiriblər, birlikdə yaşayıblar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) isə ərzurumlu zəngin bir ailənin qızı ilə evləndi.

(Bu şəkili illərlə nənəm qoruyub, saxlayıb)

İş qurmaları üçün qayınatası onlara sərmayə verdi. Fəqət dayımı aldatdılar və təəssüf ki, pullar batdı. Dayım heç nəsiz ortalıqda qaldı. Daha sonra bir liseydə müəllim kimi çalışmağa başladı. Atam anamla evləndikdən sonra nənəmlə yanaşı, dayım da onlarla birlikdə yaşamağa başladı. Onlara da atamgil baxırdı.

Atam məni Almaniyaya göndərəndə dedi ki, heç vaxt alman qadınla evlənmə. Dostlarının hamısı alman qadınla evlənib, boşanmışdılar. Mən də atama qulaq asmadım. Atam haqlı idi. Alman qadınla nikahımız davam etmədi və ayrıldıq.

(Mirzə Göygöl, Zöhrə xanım, Oğuz bəy, Nuran xanım və Neriman Aykut)

-Göygöl Azərbaycanda Gəncə şəhəri yaxınlığında məşhur bir göldür. Necə oldu ki, siz “Göygöl” soyadını qəbul etdiniz? Atanız bu barədə sizə nə danışıb?

-Atamgilin keçmiş soyadı “Hacızadə” olub. Türkiyədə soyadla bağlı qanun tətbiq edilən zaman məmurlar atama deyiblər ki, “elə hacı-macı olmaz. Özünüz üçün başqa bir soyad tapın”. Cavad bəy tez “Gəncəli” soyadına sahiblənib. Atam da “Göygöl” sözünü soyad kimi qəbul edib. Hətta illər sonra atam öz evini qurarkən binanın adını “Gəncə” qoydu.

(Şəfiqə xanım Qaspıralı-Yusifbəyli)

– Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan babanız Nəsib bəy Yusifbəyli və həyat yoldaşı Şəfiqa xanım haqqında nələr bilirsiniz? Ananız ailəsi haqqında sizə nələr danışardı?

-Anam ailəsi haqqında danışanda yalnız İsmayıl Qaspıralıdan bəhs edərdi. Atası haqqında danışmazdı. Babam və nənəm haqqında çox şey bilmirəm. Nənəm kədərlənməsin deyə babam haqqında evdə heç kim danışmazdı.

(Babamın qoruyub saxladığımız rəsimi)

-Nənəniz Şəfiqə xanım Qaspıralını (Nəsib bəy Yusifbəylinin xanımı) necə xatırlayırsınız? Şəfiqə xanım Nəsib bəydən ayrıldıqdan sonra necə yaşadı?

-Qohumlarımızdan başqa bir çox rus dostumuz vardı. Onlar İstanbuldan qatara minib, Yesilköyə bizə qonaq gələrdilər. Yemək yeyib, çay süfrəsi açardılar. Corc adlı bir nəfəri də xatırlayıram. Rus kolbasalarını gətirib bizimkilərə satardı. Nənəm evimizə gələn qonaqları qarşılardı, yola salardı, uşaqlarla vaxt keçirərdi.

(Mirzə Göygöl, Zöhrə, Səlcuk, Oğuz Yusuf)

-Şəfiqə xanım həyat yoldaşı Nəsib bəy Yusifbəylidən necə bəhs edərdi?  Nəsib bəylə Şəfiqə xanım ayrılmışdılar? 

-Evimizdə bu mövzuda heç kim danışmazdı. Çünki nənəm çox kədərlənirdi. Nənəmi incitməmək üçün heç kəs bu barədə söhbət açmazdı.

-Nəsib bəy Yusifbəylinin öldürülməsi, məzarının yeri ilə bağlı nə bilirsiniz? Ailədə bu barədə nə danışardılar? Ananız Zöhrə xanım atasından necə bəhs edərdi? Nəsib bəyin də qatili ermənilərdi?

-Gəncənin yaxınlığında azərbaycanlı və ermənilərdən ibarət yanaşı kəndlər olub. Bəzi erməni kəndliləri azərbaycanlıları təhdid edib oradan keçmələrinə mane olurlarmış. Atam da çox ehtiyatlı hərəkət edərmiş. Bəzən erməni kəndliləri qışqırırlarmış ki, “kəndə ayaq basma, səni öldürəcəyik”. Bəlkə babamı da onlar öldürüb. Amma bununla bağlı məndə dəqiq məlumat yoxdur.

Anam heç vaxt öz atasından bəhs etməzdi. Rus qonaqlar daim ətrafımızda idi. Gələn qonaqlar bir-biri haqqında qeybət edərdilər. Anam və nənəm isə sadəcə olaraq onlara müvəqqəti xoş münasibət göstərərdilər. Yəqin ki, anam babamla bağlı onlara məlumat ötürmək istəməyib.

-Azərbaycan Cümhuriyyətinin Ədliyyə naziri, görkəmli şəxsiyyət eyni zamanda qohumunuz olan Halil Has Mehmet Gürgören (Xəlil bəy Xasməmmədov) haqqında nə bilirsiniz?

-İnsanlar daim bizə gəlib, gecə yarısına qədər söhbət edərdilər. Onların arasında “Xan” adlı biri də vardı. Çox güman ki, o da önəmli bir insan idi. Atam onlara deyirdi ki, Azərbaycan cənnət kimi bir ölkədir, həyət-bağlarının gözəlliyindən söz açardı. Atam ermənilərin azərbaycanılara qarşı hər zaman düşmən münasibəti bəslədiklərini də qonaqlara danışardı. “Ağ ruslar” da bizim evimizdən əksik olmazdı. Halil Has Mehmet Gürgörenin ailəsindən heç kimi tanımıram. Valideynlərim sağ olsaydılar onlar barəsində bilərdilər.

(Mirzə Göygöl, Çingiz Göygöl və nəvə Tuluğ)

-Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi olan əminiz Çingiz Göygöl necə bir həyat yaşadı? Əminizin övladları ilə əlaqə saxlayırsınız?

-Əmim Çingiz inşaat mühəndisi idi, öz şirkəti vardı. Evlərin damını tikirdilər. Qazancı bol idi. Biz uşaqlara həmişə xərcləmək üçün pul verərdi. Təəssüf ki, əmim qızı Türkizlə əlaqəmiz kəsildi. Əmim çox vaxt kefsiz olurdu. Çünki onun heç oğlan övladı olmamışdı. Daha sonralar isə çoxlu oğul nəvələri oldu.

-Azərbaycanla bağlı hansı xatirələriniz var? Azərbaycan sizin üçün nə deməkdir? Gəncəyə gəlmək istəyərsiz?

-Atamın iki böyük bacısı (sürgündən gəliblər) illər sonra Hamburqa bizi ziyarət etməyə gəlmişdilər. Daha sonra Viesbadendə yaşayan bacım Şuləyə də baş çəkdilər. Birlikdə çox gözəl vaxt keçirdik. Təəssüf ki, mən heç vaxt Azərbaycana getməmişəm.

Anam və atam quru yol ilə Azərbaycana gedəndə Naxçıvandakı erməni gömrük məmurları onlara qarşı ədəbsizlik edərlərmiş, çox kobud və qəddar münasibət göstərirlərmiş.

İndi isə Azərbaycana getmək çox asandır. Amma mən qocalmışam. İnşallah qızım və nəvələrim bir gün Azərbaycana gedərlər.

Atam həmişə vətən həsrəti ilə yaşadı. Anam da, atam da öz vətənlərindən uzaq düşdülər. Bütün həyatları boyu bunun kədəri ilə yaşamalı oldular. Mən də vətənim olan İstanbul, Türkiyəmi itirdim. Uşaqlığımın, gəncliyimin keçdiyi ölkə, şəhər artıq yoxdur və ya çox uzaqda qalıb.

(Meral Qaspıralı və Tuluğ Göygöl)

-28 May Azərbaycan Xalq Cümhuriyyətinin ildönümüdür (1918-ci il). Ailəniz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərindəndir. Azərbaycanda sizi sevən insanlara nə demək istərsiniz?

-İnsanlar bir-birlərinə hörmət etməli, yaxşı yola getməlidirlər.

-Cənnət Vətəninizi qoruyun, sahib çıxın.

-Bir millət, iki Cümhuriyyət.

-Sevgi, hörmət və salamımı göndərirəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar