Bizimlə əlaqə

Xəbər

`Hamınızı alnınızdan öpürəm` – Şuşalı əfsanəvi musiqiçi: “Ata yurduma qovuşdum” (EKSKLÜZİV)

Yayımlandı

da

Şəhidlərimizin qanı yerdə qalmadı

Azərbaycan kim olduğunu bütün dünyaya nümayiş etdirdi

“Babalarımın ruhu şad oldu”

Türk musiqi tarixinin ən önəmli simalarından biri, əfsanəvi musiqiçi, gitarist Əhməd Güvənç iki il öncə Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com-a eksklüziv müsahibəsində bu cümləni qeyd etmişdi: “Çox təəssüf ki, illər öncə Azərbaycana getdiyim zaman müharibəyə görə Şuşadakı ailə ocağımızı ziyarət edə bilmədim”.

Bu gün isə artıq Şuşa azadlıqdadır. Şanlı Azərbaycan ordusu Şuşanı düşmən tapdağından azad etdi. 

(Əhməd bəy Ağaoğlu)

Əhməd Güvənç – Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun nəticəsidir. Məşhur “Kurtalan Ekspres” qrupunun baş gitaristi olan Əhməd Güvənç Barış Mançonun vəfatına qədər onunla birlikdə çalışıb, yaxın dost olublar. Uzun illərdir ki, yaddaşlardan silinməyən, dillər əzbəri olmuş “Gülpembe” və “Dönence” adlı mahnıların bəstəkarıdır.

Əhməd Güvənç Şuşanın işğaldan azad edilməsi ilə bağlı fikirlərini HafizTimes.com-la bölüşüb:

-İllər öncə Bakıya gələndə çox kədərləndim və əsəbləşdim. Azərbaycandakı dostlarıma dedim ki, bayrağın ortasındakı qırmızı rəng qanla yazılır. Qarabağda müharibə ola-ola siz necə burada dura bilirsiniz?! İndi çox xoşbəxtəm. Azərbaycan kim olduğunu bütün dünyaya nümayiş etdirdi. Hamınızı alnınızdan öpürəm. Nəhayət ata yurdumuz olan Şuşa şəhərini geri aldıq.

28 ildən sonra Şuşaya qovuşduq. Şəhidlərimizin qanı yerdə qalmadı. Şükürlər olsun ki, babalarımın ruhu şad oldu. Bilirəm ki, Şuşada bitən möhtəşəm çiçəyin adı Xarı bülbüldür. Bu gül yalnız Şuşada bitir. Şuşanın simvoludur.

Əhməd Güvənç Şuşanı ziyarət etmək istədiyini də vurğulayıb: “Koronavirusla bağlı problemlər aradan qalxandan sonra mütləq oranı ziyarət etmək istəyirəm”.

Qeyd edək ki, Ə.Güvənç 1951-ci ildə Əhməd bəy Ağaoğlunun nəvəsi Suna Gülərin birinci nikahından dünyaya gəlib. Mərhum Suna Gülər Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıranın övladıdır. Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıran isə Türkiyənin Qars bölgəsinin ilk qadın millət vəkili olub.

HafizTimes.com Əhməd Güvənç ilə illər öncə baş tutan özəl müsahibəni də olduğu kimi təqdim edir: 

-Necə bir ailədə böyüyübsünüz? Əhməd bəy Ağaoğlunun ailəsinin bir üzvü  olmaq necə bir hissdir? Ağaoğlu ailəsi ilə bağlı fikirlərinizi bilmək istərik.

-Əvvəlcə ailəmə və mənə göstərdiyiniz hörmətə, sevgiyə görə sizə dərindən təşəkkür edirəm. Bizə olan bu münasibətiniz qürurvericidir.

(Əhməd bəy Ağaoğlunun övladları: Sürəyya, Səməd və Gültəkin Ağaoğlu)

-Çox təəssüf edirəm ki, hörmətli babam Əhməd bəy Ağaoğlunu heç vaxt görə bilmədim.  Amma mən Əhməd bəy Ağaoğlunun övladları nənəm Təzər Taşkıran, bacıları (xalalarım) Sürəyya və Gültəkin Ağaoğluların əllərində böyüdüm.  Hər biri mənim üçün çox əzizdilər. Mənim yetişməyimdə böyük əməkləri olub.

“Onlar mənə əxlaqlı olmağı, Vətəni sevməyi, Əziz Atatürk kimi intizamlı və çalışqan olmağı öyrətdilər”.  

(Əhməd Güvənçin anası Suna Gülər)

-Çox sevdiyim hörmətli anam Suna Gülər də qeyri-adi bir insan idi. Onların əllərinin içində böyümək mənim üçün böyük bir şans idi.

-Sizin adınızı kim qoyub? Bu adın Əhməd Bəy Ağaoğlu ilə bağlılığı var?

-İlk nəvə (nəticə) olduğuma görə mənə babamın (Əhməd bəy Ağaoğlu) adını qoyublar.

(Əhməd Güvənç: “Nənəm Təzər Taşkıran və babam Nimət Taşkıran”.)

-Babanızın Vətəni olan Azərbaycana heç səfər etmisinizmi?

-Barış Manço ilə  birlikdə 3 dəfə Azərbaycana səfər etmişik. Azərbaycana ilk getdiyim zamanlarda ermənilərlə müharibə dövrü idi. Bakıda bəzi qohumlarımı tapdım, Ağaoğlu binasını ziyarət etdik.

-Əhməd bəy Ağaoğlunun həyatı ilə bağlı nə bilirsiniz?

– Əhməd bəy Ağaoğlu Türkiyəyə gəldikdən sonra “məclisi məbusan” ilə ingilislər tərəfindən həbs edilib, Maltaya sürgünə göndərilib. Sürgündən göndərdiyi məhbus məktublarının hamısı məndədir. Üzərlərinə ingilis dilində məhbus məktubu damğası vurulub. Sürəyya xalam vəfat etmədən öncə bunları mənə əmanət etmişdi. Həmçinin Sürəyya xalam Əhməd bəy Ağaoğlunun heç vaxt yanından ayırmadığı kəhrəba təsbehini də mənə verib. Mən də sizə göndərdim…

(Əhməd bəy Ağaoğlunun Maltda sürgündən göndərdiyi məhbus məktubu)

-Babanız Əhməd bəy Ağaoğlunun doğulduğu Şuşa şəhəri də illərdir ki, erməni işğalı altındadır. Bu barədə nə bilirsiniz?

-Çox təəssüf ki, Azərbaycana getdiyimiz zaman müharibəyə görə Şuşadakı ailə ocağımızı ziyarət edə bilmədim. Turqut Özal ilə Azərbaycana ikinci ziyarətimizdə Bakı Havalimanının açılışında iştirak etdik, musiqilər ifa etdik.

“Barış Manço Heydər Əliyevə mənim Azərbaycan əsilli olduğumu dedi”

-Bu zaman hörmətli Heydər Əliyev üzünü mənə tərəf çevirib dedi: “Ata evinə xoş gəldin”. Həmin an çox sevinmişdim…

(Əhməd bəy Ağaoğlunun Maltda sürgündən göndərdiyi məhbus məktubu)

-Bakı ilə bağlı nə deyə bilərsiniz?

-İndi  Bakıya gedib-gələn dostlarımdan sizi xəbər alıram. Bakının çox gözəlləşdiyini görüb-eşidib sevinirəm.

(Ağaoğluların ailə məzarlığı)

“Ailəmin məzar daşları üzərinə hər zaman çiçək qoyurlar”

-İstanbul Feriköydəki ailə məzarlığımıza getdiyim zaman Azərbaycandan gəlmiş ziyarətçilərin məzar daşları üzərinə qoyduqları çiçəkləri görürəm, qürur duyuram. Hər nə qədər uzaq olsaq da qəlbim hər zaman sizinlə döyünür.

(“Kurtalan Ekspres”: Barış Manço, Ahmet Güvenç və s.)

-Musiqi fəaliyyətinizlə bağlı məlumat verərsiniz. Niyə musiqi sahəsini seçdiniz?

-Bildiyiniz kimi, mən Barış Manço vəfat edənə qədər onunla çiyin-çiyinə çalışdım. 25 il bərabər fəaliyyət göstərdik. Dünyanın bütün ölkələrində konsertlər verdik. Əlbəttə ki, “Gülpəmbə” və “Dönence” mənim bəstələrimdir.

-Azərbaycan musiqilərini də dinləyirsiniz?

-Azərbaycan musiqisini də hər bir Türk kimi yaxından izləyirəm.

“Bu il Barış Mançonu itirməyimizdən 20 il ötür”.

-Yəni ki, 20 ildir ki, “Kurtalan Ekspresi” yaşadırıq, hər bir konsertimizdə Barış Mançonu, 5 il bərabər fəaliyyət göstərdiyimiz Cem Karacanı və itirdiyimiz qədim dostum Bahadır Akkuzunu alqışladırıq, gənclərə xatırladırıq. Barışın vəfatından sonra təxminən 2000 konsert verdik, 4 CD çıxardıq.

(Feriköy məzarlığının girişindəki bir kitabə)

“Qeyd edim ki, Cem Karacanın atası da Azərbaycanlı idi”.

-Barış Manço deyirdi ki, insan xatırlanmadığı zaman ölür. Mən də özüm ölənə qədər bu əziz dostlarımın unudulmamasına çalışacağam.

-“Gülpəmbə” kimi unudulmaz bir mahnı necə yarandı?

-Ən gözəl musiqilər, bəstələr uzayda (kosmos) olur. Əgər çox çalışsan və  layiq olsan bir dənəsini almağına icazə verilər.

(Əhməd bəy Ağaoğlunun heç vaxt yanından ayırmadığı kəhribar təsbehi)

-Sonda Azərbaycanda  Ağaoğlu ailəsini sevənlərə nə demək istərdiniz?

-Bütün Azərbaycana sonsuz sevgilərimi göndərirəm.

Hafiz Əhmədov

HafizTimes.com

Xəbər

`Babamın qisasını ermənilərdən aldıq` – Xoyskinin nəticəsi: “İnanıram ki, onun başını uca etdim” (EKSKLÜZİV-FOTO)

Yayımlandı

da

Tərəfindən

“Həmin vaxt qisas hissi keçirirdim”

“Bizi döyüşdən-döyüşə aparan da məhz bu idi”

Vətən müharibəsində iştirak edən döyüşçülərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) lideri, qurucularından, AXC-nin ilk baş naziri Fətəli xan Xoyskinin həyatda olan yeganə varisi, nəticəsi Murad Hüseynovdur. O, sentyabrın 27-dən etibarən Azərbaycan ordusunun sıralarına qoşulub və Qarabağın işğaldan azad olunması uğrunda döyüşüb.

Bu yaxınlarda tərxis edilən Azərbaycan Xalq Cümhuriyyəti liderinin nəticəsi Vətən Müharibəsi ilə bağlı xatirələrini eksklüziv olaraq HafizTimes.com-la bölüşüb. O, Azərbaycan Quru Qoşunlarında xidmət edib.

Fətəli xan Xoyski –AXC-nin ilk baş naziri , daxili işlər, hərbi, ədliyyə və xarici işlər nazirləri vəzifəsində çalışıb. 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal edildi. Bundan 53 gün sonra 1920-ci ilin iyunun 19-da Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi. Qeyd edək ki, Murad Hüseynovun anası Tamara  Xoyski  Fətəli xan Xoyskinin doğma nəvəsidir.

– Ölkəmizdə tətbiq edilən qismən səfərbərlik çağrışına əsasən mən də böyük qürur hissi ilə Azərbaycan Ordusunun sıralarına qoşuldum. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşdüm. Vətənimizi müdafiə etdik.

Əvvəl Cəbrayıl, daha sonra Füzuli istiqamətindəki döyüşlərdə iştirak etdim. Füzulidən Xocavəndə getdik. Oradan isə Şuşa və Laçına getdik, döyüşlərdə olduq.

-Ordumuzda ruh yüksəkliyi vardı. Bizi döyüşdən-döyüşə aparan da məhz bu idi. Düşünürəm ki, bu çox əsasdır. Müxtəlif çətinliklərimiz də oldu. Hava həddən artıq soyuq idi.

Ən əsası isə biz bu sınaqlardan başı uca və alını açıq keçdik. Allaha şükür olsun ki, hər şey öz qaydasındadır. Mən həm də Fətəli Xan Xoyskinin nəticəsi kimi bu sınaqlardan çıxdım.

-Sizin Azərbaycan Xalq Cümhuriyyəti liderinin varisi olduğunuzu döyüşçü yoldaşlarınız bilirdilər?

-Orada dost olduğum bir-iki nəfərə bu barədə demişdim. Onlar tariximizi yaxşı bilirdilər. Fətəli Xan Xoyskinin adını çəkəndə onlar artıq deyirdilər ki, o, kimdir və Azərbaycan qarşısında hansı xidmətləri olub. Bu barədə başqa heç kimə demədim.

– Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirilib. Bu barədə nə demək istərsiniz? Ermənilərə qarşı döyüşdüyünüz zaman nə hiss etdiniz? Fətəli Xan Xoyskinin qisasını ermənilərdən aldınızmı?

-Əlbəttə ki, qisas hissi keçirirdim. Babamın qisasını aldıq. Özü də ki, yüz faiz bu qisası aldıq. Bu mənim borcum idi. Bacardığım qədər bu borcumu ödədim. İnanıram ki, onun başını uca etdim.

-Qələbə xəbərini necə qarşıladınız?

-Biz ön xətdə döyüşürdük. Daha sonra Şuşanın müdafiəsində iştirak etdik. Döyüş qurtaran zaman minomyotların səsi azaldı. Bu bizim üçün çox xoş oldu. Hamımız sevindik. Bunu sözlə izah etmək çətindir. Biz torpaqlarımızı düşməndən azad etdik. Bununla da nöqtəni qoyduq. Buna sadəcə olaraq sevinmək lazımdır. İnşallah, gələcək nəsillər bu əziyyətləri çəkməzlər.

-Hansı xatirənizi heç vaxt unutmazsınız?

-Bizim sıralarımızda da şəhidlərimiz oldu. Əlbəttə ki, onları heç vaxt unutmarıq. Daimi qəlbimizdə yaşayacaqlar.

Yəqin ki, Şuşada “hinduşka” kababı yeməyimizi heç vaxt unutmarıq. 28 ildən sonra biz ilk azərbaycanlılar idik ki, Şuşada kabab çəkdik və dağlara baxaraq yedik.

-Azərbaycan əsgərinə nə demək istərsiniz?

-Allah onlara kömək olsun. Hər zamankı kimi möhkəm olsunlar. Bilirəm ki, çətinliklər mövcuddur. Amma bunlar müvəqqətidir.

-Sizə də medal verilmədi?

-Hələ verilməyib. Bu barədə məlumatsızam. Yəqin ki, verilər.

“Heç vaxt soyadımızı dəyişmədik”– Fətəli xan Xoyskinin nəvə-nəticəsi ilə geniş müsahibəni BURADAN oxuya bilərsiniz (EKSKLÜZİV FOTOLAR)

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Xəbər

“Oğluma babamın adını qoydum” – Hacıbəylilərin varisi: “Fransa tarixi unudub erməniləri müdafiə etdi” (EKSKLÜZİV-FOTO)

Yayımlandı

da

Tərəfindən

“Ceyhun Hacıbəyli yenidən doğuldu”

“Mən jet ski sürürdüm, sizlər isə Qarabağ üçün döyüşürdünüz”

“Azərbaycanda olsaydım Qarabağ uğrunda döyüşməyə gedərdim. Qarabağ Azərbaycandır!”

“Azadlıq uğrunda mübarizə aparan hər birinizlə qürur duyuram”

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Fransada yaşayan nəticəsi Jeremie Hacıbəyli HafizTimes.com-a ekslüziv müsahibəsində Hacıbəylilər ailəsində baş verən xoş hadisədən bəhs edib. O, yeni doğulan övladına babası Ceyhun Hacıbəylinin adını qoyduğunu qeyd edib: 

(Ceyhun Hacıbəyli, Jeremie və atası Klement Hacıbəyli)

“Bu gün oğlum dünyaya göz açdı. Ceyhun Hacıbəyli yenidən doğuldu. Ona babamın adını qoydum. Teremoana, Ceyhun Hacıbəyli. Bizim ailəmiz hər zaman yaşayacaq. Artıq babam Ceyhun Hacıbəyli də yaşayır. Hacıbəylilər ailəsi ilə qürur duyuram”, – deyə Jeremie Hacıbəyli qeyd edib.

(Teremoana, Ceyhun Hacıbəyli)

Jeremie Hacıbəyli Azərbaycan Ordusu tərəfindən Qarabağın erməni işğalçılarından azad olunmasına da münasibət bildirib:

“Mən sizin hərbi geyimdə şəkillərinizi gördüm. Könüllü əsgər olduğunuzu bilirdim. Azərbaycanda olsaydım mən də sizin kimi edərdim, Qarabağ uğrunda döyüşməyə gedərdim. Qarabağ Azərbaycandır!

(Ceyhun Hacıbəyli ailəsi ilə birlikdə illər öncə)

Azadlıq uğrunda mübarizə aparan hər birinizlə qürur duyuram. Mən adada günəşin altında idim. Sizlər isə müharibəyə getmişdiniz. Mən jet ski sürürdüm, sizlər isə Qarabağ üçün döyüşürdünüz. Sizin hər birinizlə fəxr edirəm”

(Jeremie Hacıbəyli həyat yoldaşı ilə birlikdə )

Jeremie Hacıbəyli Fransanın Qarabağ müharibəsi zamanı tutduğu qərəzli mövqedən də söz açıb:

“Fransa tarixi unutdu. Və erməniləri müdafiə etdi. Amma biz sizinləyik! Qarabağ Azərbaycandır!”

(Üzeyir Hacıbəyli)

Jeremie Hacıbəyli ilə bir müddət öncə baş tutan geniş müsahibəmizi BURADAN oxuya bilərsiniz. 

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Xəbər

“Azərbaycan əsgərlərinə təşəkkür edirəm” – Hacıbəylilərin fransız gəlini Şuşanın azad edilməsindən danışdı (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Ümid edirəm ki, Qarabağda uzunmüddətli sülh olacaq”

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Fransada yaşayan gəlini Paskal Hacıbəyli Buşe (Timuçin Hacıbəylinin həyat yoldaşı) dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin illər sonra Şuşaya qaytarılmasına  münasibət bildirib. Paskal Hacıbəyli Buşe HafizTimes.com-a açıqlamasında Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsindən də bəhs edib:

-Həyat yoldaşım Timuçin əmisi Üzeyir bəyin heykəlinin illər sonra yenidən Şuşaya – Hacıbəylilər ailəsinin “beşiyi”nə qaytarıldığını görsəydi çox xoşbəxt olardı, gözü arxada qalmazdı. Onun atası Ceyhun Hacıbəyli, əmisi Zülfüqar Hacıbəyli də Şuşa şəhərində  dünyaya göz açıblar. Timuçin Şuşadakı ailə evlərinin (ev muzeyi) dağılmasına görə dərindən kədərlənirdi. 1976-cı ildə Timuçin əmisi oğlu Niyazi ilə birlikdə Şuşada qalan zaman çoxlu şəkillər çəkmişdi. Həmin şəkilləri mən sizə göndərirəm.

-Bəs siz Şuşanı görmək istərsiniz?
-Əlbəttə ki, mən Şuşanı çox görmək istəyirəm.

-Şuşanı da işğaldan azad edən Azərbaycan Ordusuna nə demək istərsiniz?
-Şuşanı azad etdikləri üçün bütün Azərbaycan əsgərlərinə təşəkkür edirəm. Ümid edirəm ki, Qarabağda uzunmüddətli sülh olacaq.

(Timuçin Hacıbəyli, həyat yoldaşı Pasqal xanım və Ceyhun Hacıbəyli)

HafizTimes.com illər öncə Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli ilə baş tutan eksklüziv müsahibələri də olduğu kimi təqdim edir:

Ceyhun Hacıbəylinin gəlini, Timuçin Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe:

– 1959-cu ildə Paris ətrafında dünyaya göz açmışam. Fransalıyam. Sarbonna Universitetində Psixologiya və Paris Siyasi Araşdırmalar Universitetində İnsan resursları fakültəsində təhsil almışam. Uzun müddət HR mütəxəssisi işləmişəm, indi isə Avropa sosial fondunda inzibati və maliyyə administratoru işləyirəm.

(Pasqal xanım, Timuçinin birinci həyat yoldaşından olan oğlu Klement və R.Abutalıbov – Bakıda)

– Necə oldu ki, Hacıbəylilərin gəlini oldunuz?

-Mən Timuçinlə ilk dəfə 1984-cü ildə qarşılaşmışam. 1988-ci ildə isə ailə həyatı qurduq. 1990-cı ildə bizim bir oğlumuz dünyaya gəldi. Adı Benjamindir.

– Timuçin Hacıbəyli necə insan idi?

– Timuçin Fransanın Nitsa şəhərində doğulub. O, Azərbaycan dilində danışmırdı. İlk dəfə 1985-ci ildə Azərbaycana getmişdi. O, 1993-cü ildə isə dünyasını dəyişdi. Timuçinin birinci nikahından bir oğlu var idi, adı Jan Klementdir.

(Ceyhun Hacıbəyli ailəsi ilə birlikdə)

– Qayınatanız Ceyhun Hacıbəylini heç görmüsünüzmü?

-Ceyhun Hacıbəyli 1962-ci ildə vəfat edib. Buna görə də mən onu heç vaxt görməmişəm. Həyat yoldaşım həmişə öz ailəsi ilə fəxr edirdi. 1945-ci il müharibəsində onun atası, anası, əmisi və qardaşı Fransa üçün həyatlarını fəda etmişdilər. Timuçin uzun müddət Ramiz Abutalıbovla birlikdə çalışıb. O, atası ilə bağlı sənədləri Ramiz müəllimə verib.

Həyat yoldaşım xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra mən Hacıbəylilər ailəsinin tarixini oğlum Benjamin üçün qoruyub saxlamağa çalışdım. Mən azərbaycanlılara Parisdə Ticarət Palatası yaratmaqda kömək etdim. Həmin Palatada ictimaiyyətlə əlaqələr üzrə müşavir işləmişəm. Heydər Əliyevin Parisə səfərinin təşkil olunmasında iştirak etmişəm.

– Sizin üçün Üzeyir Hacıbəyov kim olub?

– Əlbəttə ki, Üzeyir Hacıbəyov musiqisi ilə tanışam. O, Qərb və Şərq musiqilərini sintez edən bəstəkar idi. Ənənəvi Azərbaycan musiqisinin dünyada tanınan məşhur milli musiqilər – məsələn, Rusiya, Türkiyə, Skandinaviya və İspan musiqisi kimi,- məşhurlaşması üçün çox çalışıb. “Arşın Mal Alan” həzin musiqili komediya, “Koroğlu” isə möhtəşəm operadır.

Ceyhun Hacıbəylinin Fransada yaşamış oğlu Timuçinin (1921—1993) övladı Benjamin Hacıbəyli:

“27 yaşım var. Fransanın cənubundakı Nice şəhərində anadan olmuşam. Parisdə böyüdüm.  Parisdə və Lyonda  Riyaziyyat, Kompüter elmləri və iqtisadiyyatı üzrə təhsil almışam. Hazırda Fransa İqtisadiyyat Nazirliyi üçün  iqtisadi analizlər hazırlayıram”.

– Siz Azərbaycanda hörmətli bir nəslin nümayəndəsisiniz. Hacıbəylilər nəsli barədə nə düşünürsünüz? Bu ailənin  digər üzvləri ilə əlaqə saxlayırsınız?

-Bilirəm ki, ailəmizi Azərbaycanda  hər kəs tanıyır. Bununla da fəxr edirəm. Bir çox sahələrdə uğurlu işlər görmüş  doğmalarımız var. Belə bir nəslin nümayəndəsi olmaq mənim üçün böyük şansdır.

Təəssüf ki,  ailəmizin digər üzvləri ilə əlaqəmiz yoxdur. Azərbaycandakılarla  olan əlaqələrimiz rus inqilabından bəri kəsilib. Sovet İttifaqı dövründə xaricdəkilərlə  təmaslar riskli idi. 70-ci illərə qədər ailəmizin üzvləri arasında demək olar ki, heç bir əlaqə olmayıb. Bilirəm ki, atam  70-ci illərdə Niyazi ilə tanış  idi.  Ancaq mən atamı çox görə bilmədim. Buna  görə də mən  heç kəslə əlaqə qura bilmədim.

(Benjamin Hacıbəyli və anası Pasqal Hacıbəyli Buşet)

 – Necə bir ailədə böyüdünüz? Uşaqlıq xatirələrinizi bölüşərdiniz…

-Mənim 3 yaşım olanda , atam Timurçin vəfat edib.  Məni anam Pasqal Hacıbəyli Buşet böyüdüb.  Mən özüm də tək uşaq idim. Atam da yox idi. Belə bir ailədə böyüdüm.  Bu məni anama daha çox yaxınlaşdırdı. Amma heç vaxt güclü bir ailə hissini duymadım.  Mən çox yalnız bir uşaq idim.

(Timurçin Hacıbəyli və həyat yoldaşı Pasqal Hacıbəyli Buşet)

– Azərbaycan sizin üçün nə məna ifadə edir? Bakıya, Azərbaycana səfər etmək istəyirsiniz?

-Ailəmizin bir hissəsi Azərbaycanda yaşayıb. Mənim üçün Azərbaycanın xüsusi bir yeri var. Artıq iki dəfə Bakıya getmişəm və tezliklə yenidən ziyarət etmək istərdim.12 və 15  yaşım olanda  ora getmişdim.  Şəhər bu 3 il ərzində çox dəyişmişdi. Düşünürəm ki, bu gün mən Bakını tanımaram.

– Sizin fikrinizcə Üzeyir Hacıbəyli kim olub? Onunla aranızda oxşarlıqlar  varmı? 

-Üzeyir  bəy mənim babam Ceyhun Hacıbəylinin qardaşıdır.  Bilirəm ki, o, ailəmizin  ən tanınmış üzvü olub.  Onun necə bir insan olması ilə bağlı heç nə deyə  bilmərəm. Amma musiqilərini çox yaxşı bilirəm.  Bizim aramızda  bir o qədər də oxşarlıq yoxdur. O,bəstəkar olub. Uşaq olan zaman musiqini öyrənməyə çalışdım. Çox təəssüf ki, bu məndə yaxşı alınmadı…

 – Üzeyir bəyin musiqilərini dinləyən zaman hansı hissslər keçirirsiniz?

-Əlbəttə ki, mən qürur duyuram. Azərbaycan mədəniyyəti ilə birbaşa əlaqə qurmaq  çox gözəldir. Onun musiqiləri bütün dünyaya yayılıb.  “Arşın mal alan”  pyesinin Fransada bu il nümayiş etdirilməsi məni çox qürurlandırdı.

– Atanızla bağlı heç  xatirələriniz  varmı? Atasız böyümək çətin olmadı ki?

-Mənim atamla bağlı heç bir xatirəm yoxdur. Atam vəfat edən zaman mən körpə idim.  Anam mənə hər şeyi danışıb.

Atasız böyümək çətin olmadı. Həqiqətən də düşünürəm ki, bu mənim üçün çox asan oldu. Daha az təziq və rəqabət vardı.  Hacıbəylilər çox böyük , güclü bir nəsildir. Bəlkə də mən atamın yanında böyüsəydim tamamilə fərqli bir şəxsiyyətə sahib olacaqdım.

– Ceyhun Hacıbəylinin məqalələrini heç oxuyubsunuz?

-Evimizdə olan və ya internetdə tapdığım məqalələri oxuyuram.  Babam Ceyhun Hacıbəyli müxtəlif mövzularda yazıb: siyasət, sənət, elm… Babamın gördüyü işlər barədə çox da məlumatım yoxdur. Çünki atam vəfat etdikdən sonra bütün məqalə və sənədlər Azərbaycana göndərilib.

– Fransada  sizə, Azərbaycana qarşı münasibət necədir? 

-Fransada mənim ailəm haqqında heç kim eşitməyib. Əvvəllər heç Azərbaycanı  da tanımırdılar. Son illər  Azərbaycanda çoxlu reklam, idman və ya mədəni tədbirlər təşkil olunur. İndi insanlar Azərbaycanı tanıyırlar.  Ailəm, nəslimiz haqqında onlara deyən zaman çoxlu suallar verirlər, maraqlanırlar. Bəziləri internetdə axtarış edirlər, musiqilərimizi dinləyirlər.

-Siz Vətən kimi haranı qəbul edirsən?

-Mən Fransada böyüdüm, fransız dilində danışıram, mədəniyyətim də bura  ilə bağlıdır. Mənim atam  da bir növ azərbaycanlı xüsusiyyətlərinə sahib olmasına baxmayaraq , fransız mədəniyyətini özündə daşıyırdı.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar