Bizimlə əlaqə

Müsahibə

“Günəşli” faciəsində sağ qalan neftçi: “Hamı qışqırırdı, “Allahu Əkbər” deyirdik” – MÜSAHİBƏ (VİDEO)    

Yayımlandı

da

Faiq Cəfərov 2015-ci ilin dekabr ayında “Günəşli” yatağında baş vermiş faciə zamanı sağ qalan neftçilərdən biridir. Fırtınalı havada Xəzərin sularında ölüm-dirim savaşı verən və sonda sağ qalmağı bacaran qəhrəman neftçi Hafiztimes.com-a müsahibəsində 2 il öncə yaşadığı dəhşətli anları, indiyədək gözünün önündən getməyən səhnələri canlandırmağa çalışıb.– Həmin gün otaqda iş yoldaşlarımızla söhbət edirdik. Hava küləkli idi. Buna görə işləri təxrə salmışdıq. Yalnız ən vacib işlərə nəzarət edirdik. Axşam saatları olardı, birdən güclü partlayış səsi eşitdik. Pəncərdən alovun yuxarı qalxdığını gördüm. Tez bayıra çıxdıq. Alov təzyiqlə yuxarı doğru qalxırdı. Başa düşdüm ki, vəziyyət gərgindir. Hamımız xilasedici jiletlərimizi geyinib, toplanma məntəqəsinə yığışdıq. Məlum idi ki, dənizdə dalğa çox güclüdür. Belə bir vəziyyətdə xilasedici qayıqlarla dənizə düşmək təhlükəli idi. Başqa çıxış yolu yox idi.

-Həmin vaxt orada nə baş verirdi? 

-Alov çox güclü idi. Alovdan çıxan isti orada qalmağımıza çətinlik yaradırdı. Qara tüstü hər yeri bürümüşdü. Gözümüzü açıb ətrafa baxa bilmirdik. Buna görə də adam nəyin doğru, nəyin yalnış olduğunu seçə bilmirdi. Çıxış yolunu xilasedici qayıqlara minməkdə gördük. Çünki orada çox böyük təhlükə vardı. Hər tərəf yanırdı. Alovun miqyası getdikcə böyüyürdü.

Ağlımıza gəlməzdi ki, orada qalsaq sağ çıxa bilərik. Hamımız qayıqlara mindik. Dalğa çox hündür idi. Buna görə bizim olduğumuz qayıq platformanın dirəklərinə çırpılırdı. Nəticədə qayıq zədləndi.

-Sizin qayıqda neçə nəfər vardı?

-Səhv etmirəmsə, 33 nəfər. Mən qazma ustası oduğuma görə sırf qazmaya aid işçilər mənim diqqətimdə idi. Qazma birqadası 15 nəfər idi. Digər işçilərimiz o biri qayıqda idilər. Qayıq çırpılanda qapı qırılıb, dənizə düşdü. Bayırdakı alov qayığın içində hiss olunurdu. Hamı həyəcan içində idi. Ümid edirdik ki, bizi xilas edəcəklər. Ətrafda gəmilər vardı. Hadisə baş verəndən sonra gəmilər bizi xilas etməyə çalışırdılar. Amma dalğa böyük olduğuna görə bizə yaxınlaşa bilmirdilər. Yaxınlaşsaydılar, gəmilər bizə daha da ziyan vurardılar.

-Neçə saat qayıqda qaldınız?

– Təxminən 4 saatdan çox qayığın içində olduq. Bu müddət ərzində qayıq dəfələrlə ora-bura çırpılmışdı. Nəticədə qayıq suya düşdü. Suya düşməmişdən öncə qayıq bir neçə dəqiqə yanalma meydançasının ətrafında qaldı. Bu vaxt iki nəfər özünü meydançaya atdı. Vəziyyətimiz çox pis idi. Meydançaya tullanmaq böyük hünər tələb edirdi.

Qayıq suya düşən kimi iki yerə parçalandı. Qayığın içində idik. Hamımız dənizə töküldük. Su buz kimi idi. Xilas olunmaq üçün əlimizdən gələni edirdik.

-O anları necə xatırlayırsınız?

-Mən iki hissəyə bölünmüş qayığın bir hissəsindən tutmağı bacardım. Dalğa onu uzaqlaşdırmamış qayığın üst hisəsindən tutdum. Mənimlə yanaşı bir neçə nəfər də suyun içində qayıqdan tutmuşdu. Dalğa bizi uzaqlaşdırdı. Ətrafda gəmiləri görürdük. Onları köməyə çağırdıq. Qışqırırdıq ki, bizə kömək etsinlər.

-Digər neftçilərin aqibəti necə oldu?

– Dalğa bizi aparandan sonra tutduğum hissələr bir-birindən ayrıldı. Ona görə də həmin yoldaşları görə bilmədim. Bir-birimizdən ayrı düşdük. Hamımızın bir fikiri var idi ki, gəmilər bizi görə bilsin. Dalğa böyük olduğuna görə gəmilər bizi görə bilmirdilər. Su həddindən artıq soyuq idi.

-Eşitdiyimizə görə həmin vaxt nefçilərin bir neçəsi dənizdə donubmuş..

-Mən qayıqdan tutmuş vəziyyətdə qaldım. Yanımda 7 nəfər vardı. Birdən dalğa məni möhkəm vurdu. Əlim qayıqdan üzüldü. Dalğa məni aparmağa başladı. Həmin vaxt heç kimi görə bilmirdim. Dalğa məni iki kilometrə yaxın məsafəyə apardı. Gördüm ki, yeni tikilmiş 7 nömrəli platformanın yaxınlığındayam. Başımı qaldırdım, gördüm ki, bir qayıq qarşıma çıxdı. Qayıqdakı insanlar məni gördülər. Dedilər ki, qorxma səni xilas edəcəyik.

Suyun üzərində qalmağa cəhd edirdim. Artıq son anlarım idi. Soyuqdan donurdum. Hərəkət edə bilmirdim. Ömrümün son dəqiqələri idi. Biz az da keçsəydi, sağ qalmayacaqdım.

Onlar xilasedici dairəni mənə tərəf atdılar. Sonra məni qayığa tərəf çəkdilər. Qayıqda gördüm ki, iş yoldaşım Ənvər də ordadır. Xilasedicilər sağ olsunlar, bizi ölümdən qurtardılar.

-Qayıq parçalananda neftçilər xilas olmaq üçün nə edirdilər? 

-Xatırlaya bilmirəm. Mən ailəmə zəng vurmadım. Fikirləşdim ki, bəlkə sağ qalarıq, buna görə də onlara təlaş, həyəcan yaşatmayım.

-Suya düşəndə sağ qalacağınızı düşünürdünüzmü?

-Fikirlərşdim ki, ailəm bundan sonra mənsiz yaşamalıdır. 3 övladım var – iki oğlum, bir qızım. Onlar bir anlıq gözümün önündən keçdilər.

– Hadisədən sonra bu iki il necə keçdi? Yəqin ki, hələ də o səhnələr gözünüzün önündədir.

-Elə bir an yoxdur ki, həmin hadisə gözümdə canlanmasın. Hər gün o anları xatırlayıram.

-Sizin qayıqda olan iş yoldaşlarınız həlak oldular. Onları xilas edə bilmədiyiniz üçün peşmançılıq hiss keçirirsinizmi?

-Buna əsas yoxdur. İndi məlum olur ki, biz platformada qalsaydıq, hamı sağ olardı. Belə fikirlər var. Biz həmin vaxt bunu fikirləşmirdik.

– Ailənizlə əlaqə saxlaya bildinizmi?

-Ailə üzvlərimlə xəstəxanada olanda görüşdük. Müalicə alırdıq.

-İş yoldaşlarınızın çoxu artıq həyatda yoxdur. Onların sizə sonuncu sözü nə oldu?

-Hamımız qışqırırdıq. Qayıq suya düşmüşdü. Çırpılırdı. Həmin vaxt “Allahu Əkbər”, “Lə iləhə illallah” deyirdik. Bunu heç vaxt unutmaram. Ailələri ilə əlaqə saxlayanlar da olurdu.

-Bu faciə mənə “Titanik” filmini xatırlatı…

-Bir vaxtlar mən də o filmə baxmışdım. Çox dəhşətlidir. Fikirləşməzdim ki, belə bir hadiəsə başımıza gələr.

-Yəqin ki, bilirsiniz, bu gün Neftçilərin peşə bayramıdır. 

-Neftçi peşəsi çox çətindir. Bütün neftçilərə can sağlığı arzulayıram. Allahdan arzu edirəm ki, nefçilərimizin işləri rahat olsun, bir də belə çətin sınaqlarla üzləşməsinlər.

– Hazırda nə işlə məşğul olursunuz?

-Əvvəl dənizə çıxmağa tərəddüd edirdim. Sonra fikirləşdim ki, bu, mənim peşəmdir və buna davam etməliyəm.
Qəbul etmək lazımdır ki, itkin düşən neftçilərin tapılması çətindir, həqiqətlə barışmaq lazımdır. Dünyasını dəyişən bütün neftçilərimizin ailələrinə başsağlığı verirəm. Allah bütün dünyasını dəyişən neftçilərə rəhmət eləsin.

Hafiz Əhmədov

Reklam
Şərh yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müsahibə

“Atam övladlığa verilməyib” – Azərbaycanlı milyonçu və nazirin fransız varisi (EKSKLÜZİV+FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Ailəmə Azərbaycan əsilli olduğumu söyləməyin” 

“Şəmsi Əsədullayev mənim babamdır

“Nənəm atamı ingilis qadına övladlıq verməyib”

Kristina Vəzirov Petit  – 1947-ci ilin yanvarın 23-də Fransanın Marsel şəhərində dünyaya göz açıb.  1960 – 1961-ci illərdə “Adventistlər” məktəbində təhsil alıb. Jean-Lou Petitlə ailə həyatı qurub. Hazırda ailəsi ilə birlikdə Fransanın DignelesBains regionunda yaşayır.

Jurnalist Tommi Franklin müsahibə götürür

Kristinanın atası Tommi Franklin Fransada məşhur idman jurnalisti olub. “RTF” və “France İnter” kanallarında çalışıb. T. Franklinin əsl adı Fərrux Murad oğlu Vəzirov olub. O, Azərbaycanda ən böyük sənaye maqnatlarından sayılan milyonçu Şəmsi Əsədullayevin (1840-1913) nəticəsidir. Belə ki, Fərrux Vəzirovun anası Sürəyya Əsədullayeva Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədullayevin qızıdır. Fransada yaşayıb-yaratmış məşhur azərbaycanlı yazıçı, 20-ci əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi Ümmülbanu ilə (Banin) Sürəyya Əsədullayeva doğma bacı olub.

Mirzə Şəmsi oğlu ƏsədullayevAzərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi hökumət kabinetində Ticarət və Sənaye naziri vəzifəsini icra edib.  Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milyonçu Şəmsi Əsədullayevin mülkiyyəti müsadirə olunub. Mirzə Əsədullayev isə 1920-ci ilin mayında həbs edilib. Bir müddət sonra azadlığa buraxılıb. 1921-ci ildə Fransaya mühacirət edib. M. Əsədullayev ömrünün sonuna kimi Fransanın paytaxtı Parisdə yaşayıb. 1936-cı ildə orada vəfat edib və Bobinyada dəfn olunub.

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq uzun müddət davam edən axtarışdan sonra nəhayət ki, azərbaycanlı ən nüfuzlu neft maqnatlarından biri, milyonçu, xeyriyyəçi Şəmsi Əsədullayevin Fransada yaşayan yeganə varisi, nəticəsi Kristina Vəzirova Petiti tapıb, həmsöhbət olmağa çalışıb. Eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandıran K. P. Vəzirova Əsədullayevlər ailəsi ilə bağlı illərdir ki, gizli qalmış  bir çox məqamlara aydınlıq gətirib, Bakı-Azərbaycanla bağlı  arzu və istəklərini ifadə edib:

Tommi Franklin iş yoldaşları ilə birlikdə

-Əvvəlcə qeyd etmək istəyirəm ki, mən Azərbaycanda (SSRİ) doğulmamışam. Mən Fransada dünyaya göz açmışam. Atam Tommy Franklindir. Onun əsil adı Fərrux bəy Vəzirov olub. Daha sonra o, soyadını dəyişib “Vəziri” etdi. Bir müddət sonra isə o, bütün ad-soyadını dəyişdi və Tommi Franklin oldu. Nənəmin adı isə Sürəyya Əsədullayeva olub.

“Anam da rus deyildi. Fransız idi! Mən də Fransada böyüdüm”.

-Banin, Sürəyya və Kübra bacıları ilə çox yaxın münasibətim vardı. Xüsusilə yazar Banin və nənəm Sürəyyanın adını qeyd etmək istəyirəm.

Banin, Sürəyya Əsədullayeva bacıları və Kristine Petit

“Babamı görə bilmədiyim üçün çox təəssüflənirəm”

-Əlbəttə ki, Şəmsi Əsədullayev mənim babam idi. Amma çox təssüf ki, mən onu görüb, tanıya bilmədim. Çünki, həmin vaxt mən dünyaya gəlməmişdim. Mən daha çox atam və nənəmi görmüşəm, həmsöhbət olmuşam.

“Banin ilə yaxşı münasibətlərimiz olub”.

-Amma onun həyatı barədə danışmaq istəmirəm…Banin “Qafqaz günləri” əsərində hər şeyi özü qeyd edib. Baninin həyatı barədə bilmək istəyənlər həmin kitabı mütləq oxusunlar…

“Ailəmin heç bir  üzvü, nəvə-nəticələrim də Azərbaycan əsilli olduğumu bilmir. Xahiş edirəm sizə də deməyin”

Kristine Vəzirov Petitin atası Tommi Franklin

– Baninin alman varisi illər öncə müsahibəsində bildirmişdi ki, nənəniz Sürəyya Əsədullayeva öz oğlunu- atanız Fərrux Vəzirovu bir ingilis qadına övladlıq verib. Bu nə dərəcədə doğru məlumatdır?

-Bu məlumatı haradan əldə ediblər?! Təbii ki, bu doğru deyil. Nənəmlə yaxşı münasibətimiz vardı. Ailəm haqqında çox məlumat vermək istəmirəm!

-Azərbaycana gəlmək istərsinizmi?

 -Övladlarım və nəvələrim mənim Azərbaycanda olan ailə köklərim barədə heç nə bilmirlər. Mən heç vaxt Azərbaycanda olmamışam. Buna görə çox peşimanam.

-Sonda Azərbaycanda sizin ailənizi sevənlərə nə demək istərsiniz?

 -Yaşadığım Dese Les Bains bölgəsindən hər kəsə ən xoş arzularımı, sevgilərimi göndərirəm.

Ramiz Abutalıbovun qızı Nigar Baninin evində

Kristina Vəzirov Petit kitab oxuyur

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Təqaüd vermədilər, qoca vaxtında iş axtarırdı” – Milyonçu Tağıyevin Türkiyədəki nəticələri (EKSKLÜZİV+FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyevin nəticələri hazırda Türkiyədə yaşayırlar.

Əbdürrəhman Tağıyev (Abdurrahman Taki)Hacı Zeynalabdin Tağıyevin nəvəsidir.  H. Z. Tağıyevin birinci həyat yoldaşı Zeynəb xanımdan olan övladı İsmayıl Tağıyevin oğludur. 1899-cu ildə Bakı şəhərində anadan olub. Bakı gimnaziyasını bitirib. 1926-cı ildə İstanbul Texniki Universitetinin inşaat fakültəsinin məzunu olub.  Həmin illərdə bolşevik hökumətinin Tağıyevlər ailəsinə qarşı olan təzyiqlər səbəbi ilə ölkəyə geri qayıtmayıb. 1926-cı ildə Türkiyədə əmək fəaliyyətinə başlayıb. O, tanınmış bir inşaat mühəndisi olub.  Türkiyə İnşaat Mühəndisləri Birliyinə üzv seçilib. Faika Onat adlı xanımla ailə həyatı qurub. 1932-ci ildə Suna adlı bir qızı dünyaya gəlib. Suna xanımın həyat yoldaşı 1983-1986-cı illərdə Türkiyənin Dövlət naziri vəzifəsini icra etmiş Prof. Dr.Mehmet Nimet Özdaşdır. Əbdürrəhman Tağıyev 1983-cü ildə İstanbul şəhərimdə vəfat edib. Qızı Sona Özdaş 2011-ci ildə, kürəkəni Mehmet Nimet Özdaş 2014-cü ildə vəfat edib. Mehmet və Orxan Özdaş adlı övladları var.

HafizTimes.com uzun müddət davam edən axtarışdan sonra Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq məşhur azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabidin Tağıyevin Türkiyədə yaşayan varisləri Mehmet və Orxan Özdaş qardaşlarını tapıb, həmsöhbət olmağa çalışıb.  Eksklüziv müsahibə zamanı Mehmet və Orxan Özdaş qardaşları ailələri ilə bağlı uzun illərdir ki, gizli qalmış məqamlara aydınlıq gətirib, Bakı, Azərbaycanla bağlı fikir və duyğularını ifadə ediblər. Qeyd edək ki, Özdaş qardaşları Hacı Zeynalabidin Tağıyevin Türkiyədəki varislərinin şəxsi fotolarını da özəl olaraq HafizTimes.com-a təqdim ediblər:

Mehmet Özdaş: “1957-ci ildə İstanbulda dünyaya göz açmışam. Atam NATO-da çalışdığına görə mən liseyi Belçikada bitirdim. Daha sonra isə Türkiyədə prestijli universitetlərdən biri olan Boğaziçi Universitetinin Elektrik mühəndisliyi fakültəsinin məzunu oldum. İstanbul Universitetində “İşlətmə” ixtisası üzrə magistr təhsili aldım. Beynəlxalq inşaat sektorunda əsas yer tutan firmalardan biri olan ENKA-da uzun illər çalışdım. Bundan sonra isə həyatım uşaqlıqdan bəri həvəs göstərdiyim dəniz və yelkən sahəsinə yönəldi. İstanbuldan Egeyə köçdükdən sonra yelkən idman növü ilə məşğul olmağa başladım. Yelkən idarə etməyə əvvəllər hobbi kimi yanaşırdım. Daha sonralar isə professional şəkildə məşğul olmağa başladım. Hələ də davam edirəm. Yelkənlə Ege, Ağdəniz, Qırmızı dəniz və Atlantik okeana  səfərlər etmişəm. İstanbul və Ağdəniz arasında bir həyat yaşayıram.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailəni təsvir edərsiniz…

İstanbulun dənizlə daha çox iç-içə olduğu zamanlarda babam Əbdürrəhman Tağıyev və nənəmlə bir-birinə bidişik olan evlərdə yaşayırdıq. Nəticədə onları daha yaxından tanımaq şansına sahib oldum.  Təhsilə, fərdi inkişafa, elmə, sənətə meyilli, uşaqlarının fərdiliyini dəstəkləyən, Atatürk Türkiyəsinin müasir, dünyəvi və mütərəqqi dəyərləri ilə əhatələnmiş bir ailədə böyüdüm. Demokratik, səyahəti sevən, kitabxanası kitablarla dolu, idmanı sevən,  dostlarla əhatəli bir ailəm vardı. Həyatımın formalaşmasında bunların rolu çox böyükdür.

-Tağıyev (Taki) ailəsini sizin dilinizdən eşitmək, öyrənmək istərik. Onlarla birlikdə keçirdiyiniz illəri necə xatırlayırsınız?

– Tağıyev (Taki) ailəsindən olan babam Əbdürrəhman Tağıyev mənim üçün örnək bir insandır. Həm elmə, həm də sənətə çox meyilli idi. O, hər zaman bu iki mövzu üzərində çalışırdı. Hesab edirəm ki, lap uşaqlıqdan bəri aldığı təhsil onun bu qədər mükəmməl, hərtərəfli bir şəxsiyyət kimi yetişməsinə səbəb olub. Rəsimlər çəkən, bağçasına qulluq edən, idmana, bağçılığa meyilli, ensiklopedik biliyə sahib və 5 dil bilən bir inşaat mühəndisi idi. Onlarla birlikdə keçirdiyim illəri sevgi və həsrətlə xatırlayıram. Və hər zaman qəlbimdə yaşadacağam.

-Hacı Zeynalabidin Tağıyevin, Əbdürrəhman Takinin nəvəsi olmaq necə bir hissdir?

– Zaman keçdikcə Hacı Zeynalabidin Tağıyev haqqında daha çox bilmək şansına sahib oldum. Onun nə dərəcədə uzaqgörən və vətənpərvər olduğunu öyrəndim. Bu mənim üçün böyük bir qürurdur. Və hər zaman onlarla qürur duyucağam.

-Ailənizlə bağlı heç vaxt unutmadığınız bir xatirəni bizimlə bölüşərsiniz…

-Bir neçə dəfə başıma gələn və hər zaman qürur duyduğum, həyəcanlandığım bir hadisəni sizinlə bölüşmək istəyirəm. Bəzən Azərbaycandan olan insanlarla qarşılaşıram, həmsöhbət oluruq. Hacı Zeynalabidin Tağıyevin nəvəsi olduğumu bilən zaman əvvəllcə çox təccüblənirlər. Deyirlər: “Babanızla nə qədər çox qürur duysanız azdır. O, bizim ölkəmizin milli dəyəridir”. Əsrlər sonra da xatırlanan bir babaya sahib olmaq böyük qürurdur. Həmin anlar mənim üçün unudulmazdır.

Əbdürrəhman Tağıyev – Uşaqlıq illəri

-Babanız Əbdürrəhman Taki və ananız mərhum Suna Taki Özdaş sizə ailəniz, keçmişinizlə bağlı nələr danışardılar? 

 -Anam və babam Hacı Zeynalabidin Tağıyevlə qürur duyardılar və onun vətənpərvərliyindən, xalqı üçün həyata keçirdiyi uğurlu işlərdən danışardılar. Onlar Tağıyevin Türkiyədə də tanınması üçün buradakı insanlara, akademiklərə çoxlu məlumatlar verirdilər.

Əbdürrəhman Tağıyev iş yoldaşları ilə birlikdə

-Hacı Zeynalabidin Tağıyev və övladları barəsində nələr bilirsiniz? 

-Anam Azərbaycana bir dəfə səfər etmişdi. Orda olan zaman qohumları ilə görüşüb, söhbətləşib. Bizə həmişə bu barədə danışardı…

-Babanız Əbdürrəhman Tağıyev necə bir insan idi? Necə bir həyat yaşadı? Ailəsiylə bağlı sizə nələr danışardı?

– Babam çox gənc yaşlarında İngiltərəyə səfər edəcəkmiş.Bu səfər ərəfəsində Rusiya inqilabına görə İstanbulda qalmalı olur. Bundan sonra o, bir daha heç vaxt Azərbaycana qayıtmayıb. İstanbul Texnik Universitetinin İnşaat mühəndisi ixtisası üzrə məzunu olub. Daha sonra Türkiyənin müxtəlif bölgələrində çalışıb. O, özünü son dərəcə mükəmməl formada yetişdirib. Elm, bilik, sənətdən tutmuş, idmana qədər bütün sahələrlə məşğul olub. Xeyirxah, mehriban, insanlarla yaxşı münasibət qurmağı bacaran bir insan idi.

Ə. Tağıyevin ailəsi, nəvələri

Onun həyatı Azərbaycanın çox zəngin bir ailəsinin övladı olaraq başladı. Amma, təəssüf ki, Türkiyədə babamın həyatı elə də rahat davam etmədi. Anadolunun müxtəlif yerlərində tikintidə çalışdı. Amma heç vaxt həyatından şikayətlənmədi. Babam həmişə deyərdi ki, əsas maddiyat deyil, əsas şəxsi bilikləri artırmaq və yaxşı savada malik olmaqdır.

Təəssüf ki, təqaüdə çıxanda qanundakı dəyişiklik səbəbindən babamın təqaüdü etibarlı sayılmadı. Ona deyiblər ki, bir müddət yenidən çalışmalıdır. Həmin vaxt isə babam təqaüd alacağına inandığı üçün işdən çıxmışdı. Nəticədə o, yenidən iş tapmaq üçün çox çətinliklər çəkdi. Bir dövlət layihəsi üçün isveç dilində  tərcüməçi axtarılması barədə xəbər eşitdi. Çox qısa bir zamanda isveç dilini öyrəndi və bu vəzifəyə təyin olundu. Hesab edirəm ki, bu dediklərim babamın şəxsiyyəti ilə bağlı sizə olduqca geniş məlumat verir…

Əbdürrəhman Takinin nəvələri

-Əbdürrəhman Takinin qızı, ananız mərhum Suna Taki Özdaş haqqında məlumat verərsiniz…

-Anam çox aktiv bir insan idi. Həmyaşıdlarından fərqli olaraq zamanı qabaqlayırdı. Çox sosial, həyat dolu, həvəsli, hər zaman öyrənən, daimi özünü təkmilləşdirən, şən və səmimi bir insan idi. Ömrünün bir hissəsini Amerika və Belçikada keçirdi. İngilis və fransız dillərini bilirdi. Ömrünün son 10 ilini xəstəliklərlə mübarizdə keçirsə də, son dərəcə həyata bağlı idi.

Əbdürrəhman Takinin nəvəsi Orhan Özdaş

-Bəs ananız heç Azərbaycana gəldimi? 

-Anam Azərbaycana getmişdi. Oradakı qohumlarımızla əlaqə qurub. Babası Hacı Zeynalabidin Tağıyevin gördüyü işlər ilə yerindəcə tanış olan zaman çox təsirlənib, qürur duyub. Həmişə bu barədə bizə danışardı.

-Atanız mərhum Prof. Dr. Mehmet Nimet Özdaşın Türkiyənin tarixindəki rolunu necə dəyərləndirirsiniz?

-Atam Türkiyənin də elmdə inkişaf etmiş ölkələr səviyyəsinə gəlməsini özü üçün hədəf seçmişdi. Bu məqsədlə o, Türkiyə Elmi Araşdırma Təşkilatı (TÜBİTAK) və ona bağlı Mərmərə Araşdırma İnsititutlarının qurulmasına rəhbərlik edib. Daha sonra elm sahəsini Türkiyədə inkişaf etdirəcək, elm siyasətinin qurulduğu “1983-2003 Türkiyə Elm Siyasəti Belgesi”nin yaradılması üçün əsas vəzifəni öz öhdəsinə götürüb. Bununla yanaşı, Türkiyənin o vaxtkı “siyasi konjonktürü” həmin layihənin tətbiqinə icazə verməyib. Nəticədə bu gün Türkiyənin elmdəki səviyyəsi atamın həyata keçirəcəklərindən çox uzaqdır…

Orhan Özdaşın qızı Damla və oğlu Əli

-Babanız Əbdürrəhman Taki öz atası İsmayıl Tağıyevlə bağlı sizə nələrsə danışdı?

-Xüsusi bir məqam xatırlamıram.

-Sizin üçün Hacı Zeynalabidin Tağıyev kimdir?

-Azərbaycanın yetişdirdiyi böyük bir vətənpərvər, xeyriyyəçi ! O, bizim üçün qürur mənbəyi olan bir şəxsiyyətdir.

-Siz Azərbaycana, Bakıya heç gəldinizmi? Azərbaycan sizin üçün nə məna ifadə edir?

-Çox təəssüflə qeyd edirəm ki, bu günə qədər heç Azərbaycana gedə bilmədim. Ancaq anam və mənim danışdıqlarımdan təsirlənən həyat yoldaşım Bakıya getmişdi. Bakını çox sevib. Planımızda var ki, yaxın vaxtlarda Bakını ziyarət edək.

Aslıhan Karay və həyat yoldaşı Mehmet Özdaş

-Türkiyənin məşhur yazarı, jurnalist Refik Halid Karayın nəvəsi, həyat yoldaşınız Aslıhan Karay Özdaş Bakı səfərindən necə təəssüratla qayıdıb? Sizə Bakı haqqında nələr danışdı?

– Tağıyevlərin gəlini olduğunu söylədiyi zaman muzeydəki işçilər ona xüsusi münasibət göstəriblər. Onu sevgi ilə qucaqlayıblar. Muzeydəki pianolar, rəsimlər sənəti sevən həyat yoldaşımı heyran edib. O, həmin binanın gözəlliyi, zərif əzəməti, H.Z. Tağıyevin həyat hekayəsi ilə məst olaraq Türkiyəyə qayıtmışdı…

– Qardaşınız Orhan Özdaş barədə bilmək istərik. O hansı işlə məşğul olur?

-Mən təqaüdçü mühəndis kimi vaxtımın çox hissəsini dənizlərdə keçirirəm. Qardaşım Orhanın isə dəniz elektronikası ilə bağlı bir şirkəti var.

-Sonda Azərbaycanda sizin ailənizi sevənlərə nə söyləmək istərsiniz?

– Hacı Zeynalabdin Tağıyevin nəvələrindən biri olaraq Türkiyədə tez-tez ondan bəhs edirik,  onu nümunə kimi təqdim edirik. Ən qısa zamanda Bakıya gəlmək, həm qohumlarımızla, həm də bizi sevənlərlə görüşmək istəyirik. Sevgi və hörmətimizi ifadə edirik.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Azərbaycanı görmək istəyərik” – Əfsanəvi ÇE GEVARANIN həkim qızı, nəvələri (EKSKLÜZİV + FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

 “Uzun illər tibb sahəsində çalışsam da uşaqlar mənə deyirlər ki “Siz Çenin qızısınız. Buna görə də yaxşısınız”

“Babam da, anam da həkim olub. Mən də onların yolunu davam etdirirəm”

Ernesto Çe Gevara – Kuba azadlıq inqilabının simvolu, XX əsrin əfsanəsi, inqilabçı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1924-cü il iyunun 14-də Argentinanın Rosario şəhərciyində dünyaya göz açıb. Valideynləri ona Ernesto Gevara de la Serna adını veriblər.  Lakin o, tarixə, sadəcə, “Çe” təxəllüsü ilə düşüb. Adındakı “Çe” hissəciyi argentinalılar üçün xarakterik müraciət forması olub, “yoldaş”, “dost” mənalarında işlənir. İxtisasca həkim olan Ernesto Çe Gevara Latın Amerikası xalqlarının azadlığı uğrunda mübarizənin simvoludur. 1959-cu ildə Fidel Kastro ilə Kubada inqilabın qələbəsinə nail olan Çe Gevara mübarizəni davam etdirmək qərarına gəlib. 1967-ci ildə o, Boliviya ordusunun dəstələri tərəfindən ələ keçirilib. 1967-ci il oktyabrın 9-da güllələnib.

Çox kiçik yaşlarından astma xəstəsi olan Çe Gevara həmişə “sən xəstəsən bacarmazsan” deyilən şeyləri mütləq bacardığını sübut edib. Ernesto uşaqlıq illərindən etirazçı ruha sahib olub.  Həmişə astma xəstəliyindən xilas olmağın yollarını axtarıb. O, digər insanları da xəstəliklərdən xilas edə bilmək üçün həkim olmağı seçib. 1948-ci ildə dünyanın ən yaxşı 300 universiteti arasında yer alan “Bueonos Aires” Universitetinin Tibb fakültəsinə daxil olub. Səyahət etməyi çox sevib. Səfalət, xəstəlik içərisində yaşayan Latın Amerikalıların tək qurtuluş yolunun inqilab olduğuna inanıb. Sosial-bərabərsizlikdən marksist nəzəriyyə və sosializm sayəsində qurtuluş olacağına inanıb.

Çe Gevara xanımı Aleyda Març və uşaqları ilə birlikdə

İki dəfə ailə həyatı qurub. 1955-ci il 18 avqustda Hilda Gadea ilə evlənib. Bu evlilikdən 1956-ci ildə Hilda Beatriz adlı qız övladları dünyaya gəlib. İnqilabdan sonra Çe Gevara Aleyda Març (Çenin ikinci həyat yoldaşı) adında bir qadını sevdiyini açıqlayıb. Aleyda Març öz kitabında yazır: “Çe məni ilk görəndə agent olduğumu düşünmüşdü, ancaq bir gün gəldi mənə dedi ki “maşına min, döyüşə gedirik” bundan sonra o  maşından bir də düşmədim”. Çenin Aleyda Marçla sevgi münsibətindən xəbər tutan Hilda Gadea Kubaya gələrək Çe Gevaradan boşanma tələb edib. Cütlük 1959-cu il 22 mayda boşanıblar. 2 iyun 1959-cu ildə Ernesto Aleyda Març ilə evlənib. Toy mərasimində Çe həmişəki görünüşdə – yaşıl formasını geyinib,  üstündə ulduz olan məşhur papağını taxıb…

HafizTimes.com  Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq bir ilə yaxın davam edən axtarışdan sonra nəhayət ki,  Kuba azadlıq inqilabının simvolu, XX əsrin əfsanəsi, məşhur inqilabçı Ernesto Çe Gevaranın varislərini tapıb, həmsöhbət olmağa çalışıb.  (Çe-nin ailəsinin axtarışına çıxdığımız bu bir il ərzində çox çətinliklərlə qarşılaşmalı olduq. Onun övladları, nəvələri ilə həmsöhbət olmaq üçün demək olar ki, Kubada yaşayan ən məşhur şəxslər, jurnalistlər, siyasi partiya üzvləri, Gevara nəslinə yaxın hər kəs ilə əlaqə saxladıq. Və nəhayət Ernesto Çe Gevaranın qızı Aleyda Gevara Marçın ailə üzvlərinə müsahibə ilə bağlı təklifimizi  göndərdik).

HafizTimes.com  məşhur inqilabçı Ernesto Çe Gevaranın gənc nəvələrinin fikirlərini olduğu kimi təqdim edir:

Seliya Marçin Gevara – Ernesto Çe Gevaranın ikinci nikahından dünyaya gələn böyük qızı Aleyda Gevaranın övladıdır. “Victoria de Giron” Tibb Universitetinin məzundur. Angieologiya-damar cərrahı kimi  fəaliyyət göstərir. Hazırda Havanada yaşayır.

– İngilis dilində danışa bilərik?

-Mənə yalnız ispan dilində müraciət edin! (İngiliscə bilir, amma danışmır)

-Sizi yaxından tanımaq istərik. Necə bir ailədə böyüyübsünüz?

-Öncə sizə təşəkkür  edirəm ki, mənim ailəmlə maraqlanırsınız. “Çox sağ olun” deyirik.  Çe mənim babamdır. Yəni anamın  atasıdır. Babam yaxşı həkim olub. Anam da həkimdir. Bizim ailəmiz tibb sahəsinə meyillidir.

Babamla bağlı deyə bilərəm ki, mən çox təəssüf ki, onu canlı görə bilməmişəm. Çünki mən dünyaya gələndə o, artıq yox idi. Anam onun haqqında bizə çox danışıb. Hər kəs babamı tanıyır. Onun yaxşı insan olduğunu, xalqını, insanları sevdiyini deyirlər. Babam xalq, ədalət üçün mübarizə aparıb,  tarixi bir şəxsiyyətdir!

  “Mən də babam kimi həkim oldum”

-Mən də öz peşəm üzrə xalqa xidmət edirəm.(həkimlik). Babam da, anam da həkim olub. Mən də onların yolunu davam etdirirəm. Babamla qürur duyuram. Bu bizim üçün böyük xoşbəxtlikdir. Artıq heç nə deyə bilmərəm. Həkimlər də çox danışmırlar…

-Azərbaycan, Bakını görmək istəyərsiniz?

-Əlbəttə görmək istərəm. Sizinlə əlaqə qurana qədər Azərbaycanla bağlı çox az məlumatım var idi. Sizə təşəkkür edirəm ki, uzaq bir ölkədən bizi axtarıb tapmısınız. Bir gün ailəmizlə birlikdə ora səfər etmək istəyərəm. Hər kəsə “salam” göndərirəm. Anam ailəmiz, babamla bağlı sizə geniş məlumat verər…

Fanni Maçin GevaraErnesto Çe Gevaranın qızı Aleyda Gevaranın övladıdır. 1988-ci ilin dekabrın 21-də dünyaya gəlib.  Havanada İqtisad Universitetinin məzunu olub.  Hazırda  IIFT-də iqtisadçı kimi çalışır:

“Sevgi və gülüş bizim üçün hər şey deməkdir. Çünki insanları xoşbəxt edir”.

Və nəhayət aylar sonra Kuba azadlıq inqilabının simvolu, məşhur inqilabçı Ernesto Çe Gevaranın özü kimi məşhur həkim qızı Aleyda Marçin Gevara HafizTimes.com -un sorğusuna cavab göndərir:

– Qızım Seliya sizin fikirlərinizi mənə çatdırdı. Çox təşəkkür edirəm. Ailəmə göstərdiyiniz hörmət və ehtirama görə çox sağ olun. Təəssüf ki, Azərbaycan barədə kifayət qədər məlumatlı deyiləm. Sizin ölkədə Kubaya qarşı münasibətin necə olması barədə məlumatsızam. Bilmirəm ki, sizin ölkə mətbuatında bizim Kuba barədə necə məlumatlar dərc olunur. Əlbəttə bu mənim müsahibə verməyim üçün çox vacibdir. Həmçinin qeyd edim ki, mən yalnız  Kuba mətbuat cəmiyyətinə üzv olan mətbuat orqanlarının suallarını cavablandırıram”.

Bir müddət sonra Aleyda Marçin Gevara yazır:  “Sizin istəyinizi, təklifinizi yüksək qiymətləndirirəm. Göndərdiyiniz məlumatları tam oxudum. Azərbaycanla Kuba arasındakı gözəl, əlverişli münasibətlər barədə məlumat verdiniz üçün təşəkkür edirəm. İndi Azərbaycanla bağlı daha çox məlumatlıyam. Gözəl ölkəniz, paytaxtınız var. Bir gün Azərbaycana səfər etmək istəyərəm”.

“Ernesto Çe Gevara mənim atamdır. Onun qızı olduğum üçün özümü xoşbəxt hiss edirəm”.

Aleyda Gevara Març – Ernesto Çe Gevaranın ikinci həyat yoldaşından dünyaya gələn ilk övladıdır. 1960-cı il noyabrın 24-də dünyaya göz açıb.  Havanadakı “William Soler Uşaq Xəstəxanasında” həkimdir.  Bir müddət Anqola, Ekvador və Nikaraquada könüllü olaraq həkim kimi fəaliyyət göstərib.  O, daha çox insan hüquqlarının müdafiəçisi kimi çıxış edir. Bu istiqamətdə bir neçə kitabın müəllifidir.İki qız anasıdır.

Çe Gevara və övladları

HafizTimes.com Aleyda Gevaranın ailəsi, atası, həyatı ilə bağlı bizə təqdim etdiyi fikirlərini olduğu kimi təqdim edir:

-Ernesto Çe Gevara necə bir ata, insan idi? Onu necə xatırlayırsınız? Onunla bağlı hansı xatirələriniz var?

– Atamla bağlı çox az xatirələrim var. Atamı mütəmadi olaraq görmürdüm.  Əslində uşaq vaxtı ondan bir az qorxurdum. O, evdə olmadığı üçün mən anamla birlikdə yatardım. Bundan bir bəhanə kimi istifadə edirdim. O, gecə evə qayıdan kimi məni qucağına alıb öz otağıma aparardı, öpərdi. Həmin vaxt mən də yuxudan oyanardım. Beləliklə xəyal etdiyim, üzünü çox az gördüyüm bir insanı gecənin qaranlığında  qarşımda görərdim.

Atam bəzən bizi də özü ilə könüllü işlər görməyə aparardı. Bu atamın bizimlə olmaq, söhbət etmək üçün yeganə vaxt idi. Bir dəfə könüllü işdən evə qayıtdı, paltarlarını dəyişirdi. Balaca qardaşım Camilo və mən tez onun çiyinlərinə çıxdıq.  Bizi çiyinlərində gəzdirməsini istədik…

Atamın intizamlı olmağı necə tələb etdiyini və sevdiyini çox yaxşı xatırlayıram. O,  bizə daxilən çoxlu dəyərləri aşıladı: Kitab sevgisi, oxumaq, öyrənmək, heyvanlara, insanlara hörmət və qayğı ilə yanaşmaq. Amma bütün bunları həyata keçirmək üçün kifayət qədər ömrü olmadı…

Aleyda Gevara və qızları

-Atanızın ölümündən sonrakı illəri necə xatırlayırsınız? Necə böyüdünüz? Hansı çətinliklərlə üzləşdiniz?

-Anamız üçün ən çətin şey atamdan ayrı qalmaq idi. O, Boliviyada atamla birlikdə qalmaq istəyirdi. Amma atam xahiş etdi ki, ən azı iki il müddətində Havanada yaşasın. Bu bir öhdəlik idi. Atam demişdi ki, müharibə iki ildən çox davam edərsə anamı geri qaytaracaq.

Kuba cəmiyyəti hər zaman anama dəstək olurdu. Atamın dostlarının bir çoxu mütəmadi olaraq bizi görməyə gələrdilər. Əgər anamın hər hansı bir problemi olurdusa birbaşa olaraq Fidelə (Kastro), ya da Ramon Valdesə (Kuba İnqilab Lideri) müraciət edə bilirdi. Onlar da dərhal gəlirdilər.

-Atanız həm də tanınmış bir yazar idi. Onun daha çox hansı əsərini sevirsiniz?

-Atamın ilk oxuduğum əsəri “Səyahət qeydləri” idi. Hansı ki, sonralar bu əsər əsasında film çəkildi. Mən bu kitab nəşr olunan zaman önsöz yazdım. Əslində anam oxumaq üçün ilk dəfə mənə bu kitabı verən zaman 16 yaşım vardı. Həmin kitab hələ tam hazır deyildi, əlyazma formasında idi. Kitabı oxumağa başladım. Bu zaman kitabın müəllifini sevdim. Daha sonra isə başa düşdüm ki, həmin kitabın müəllifi mənim atam imiş. O, enerjili, səyahət həvəskarı bir insan idi. Mən özümü ona çox yaxın hiss edirdim. Bir çoxları kimi mən də onun yazılarını bəyənirdim. Hər şeyi olduğu kimi təsvir edirdi. Onun əlyazmalarını oxuyan zaman elə bil ki, hər şey gözünün önündə canlanır. Onun əsərləri müxtəlif mövzulardadır. İlk kitabını yazan zaman yayımlamaq istəməyib. İllər sonra həmin əlyazma atamın adını daşıyan mərkəz tərəfindən yayımlandı. Həmçinin kitabda ilk dəfə olaraq atam tərəfindən çəkilmiş şəkillərə də yer verilmişdi. Atam həm də yaxşı şəkillər çəkirdi.

-Ernesto Çe Gevaradan sizə nə miras qalıb?

-Bu çox geniş mövzudur. Amma ən önəmlisi fərqli bir cəmiyyət yaratmaq üçün yeni bir insanın yaradılmasıdır.

-Siz atanızın necə xatırlanmasını istərdiniz?

-Atam necə seviləcəyini özü çox yaxşı bilirdi. Buna görə də o, böyük bir  kommunist idi…

Çe Gevaranın oğlu Camilio Gevara

-Atanızın öldüyü ili necə xatırlayırsınız? Kuba xalqı bu xəbəri necə qarşıladı?  Bundan sonra həyatınız necə dəyişdi? Çe-nin qızı olmaq necə hissdir?

-Kuba xalqı üçün bu çox çətin idi. Bu ölkəyə addım atdığı andan etibarən xalq onu çox sevdi. Uzun illər ötsə də, onun yoxluğunda da biz bu sevgini aydın şəkildə görürük. Mən bir uşaq həkimiyəm və uşaqlarla işləməyi çox sevirəm. Bəzən məni çox təəccübləndirirlər. Adımı, soyadımı (Gevara) bilən kimi tez mənə sual verirlər ki, “Çenin qızısınız?”. Deyirlər ki, “Həqiqətən də siz Çe Gevaranın qızısınız?”.  Cavab verirəm ki, “bəli, mən onun qızıyam”. Bu zaman  mənə çox təəccüblə baxırlar. Uzun illər tibb sahəsində çalışsam da mənə deyirlər: “Siz Çenin qızısınız. Buna görə də çox yaxşısınız”.

Çe Gevaranın oğlu və nəvələri

İllər öncə Quantanamodakı bir məktəbə baş çəkdim. Balaca, xəstə bir qız uşağı zorla yeriyərək mənə tərəf gəldi və mənə iki dənə qələm hədiyyə etdi. Ona dedim ki, “qızım bu qələmlərə məndən çox sənin ehtiyacın var, xahiş edirəm geri götür”. Xəstə olan bu qız uşağı mənə cavab verdi: “Geri qaytarma. Sənə verə biləcəyim tək şey bunlardır”.

-Ernesto Çe Gevaranın qızı olduğunuzu bilən zaman insanların sizə qarşı reaksiyası necə olurdu?

-Buna görə kimsə bizə böyük bir problem yaratmadı. Biz normal uşaqlar idik. İmkanımız yox idi, hansısa bir maşın bizi məktəbə aparmırdı. Böyüdüyümüz zaman işlər tamamilə dəyişdi. Kuba televiziyasında bizi nümayiş etdirdilər. Səhər bir mağazaya  getdim. Mənə baxıb dedilər ki, “Televizordakı siz idiniz?”. Mən də gülərək cavab verdim. Daha sonra bir banka getməli oldum. Bankın qarşısında uzun bir növbə vardı. Bir nəfər mənim Çenin qızı olduğumu hiss etdi və dedi: “Əminəm ki, biz hamımız sizin birinci banka daxil olmağınızı istəyirik”. Mən isə nəzakətlə bu təklifi qəbul etmədim.

Ernesto Çe Gevara da bir həkim idi. Atanız sizin həyatınıza, peşə seçimizə necə təsir edib?

-İnsanlara layiq olmağa çalışıram. Bunu atam da çox istəyirdi. Atam deyirdi ki, uşaqları yaşadıqları yerlərə layiq olmalıdırlar. Biz də həmişə belə insanlar olmağa çalışdıq. Bir həkim olaraq Nikaraqua və Anqolada iki beynəlxalq missiyada iştirak etdim. Ekvadorda yerli xalqla, Argentinada tibbi briqadada, Brazilyadakı evsizlərin hərəkatında iştirak etdim. Anqolada irqçilik və korrupsiyaya qarşı mübarizə birliklərində çıxış etdim.

Bir tərəfdən baxanda deyə bilərəm ki, atam peşə seçimimə “bəli” təsir etdi. Amma bu öz qərarım idi. Mən də insanlara borclu idim və bunu geri qaytarmalı idim. Bu mənə daha çox ehtiyacı olan insanlara yaxın olmağın bir yoludur.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar