`Torpaqlarımızın işğal olunduğuna sevinən konqresmen`
Azərbaycan müstəqillik qazanandan sonra ABŞ-ın paytataxtı Vaşinqtonda Azərbaycanın işlər vəkili kimi fəaliyyət göstərdim. Bu, Azərbaycanın Amerikadakı ilk diplomatik addımları idi. Prezident Bill Klintonun inauqurasiya mərasimində Azərbaycanı təmsil etdim. 1993-cü ildə isə cənab səfir Hafiz Paşayev də Amerikaya gəldi. O, Azərbaycanın Amerikada birinci səfiri olub. Deyə bilərəm ki, onun dövründə Azərbaycan Amerikada daha uğurlu təmsil olunub. O zamanlar Azərbaycana qarşı 907-ci maddə artıq tətbiq olunmuşdu. Ona qarşı Azərbaycan səfirliyi müəyyən uğurlu işlər aparırdı. Səfirlikdən ayrılandan sonra da mən diaspora çərçivəsində bu fəaliyyətimi davam etdirdim. Demək olar ki, Azərbaycan Diasporasının təşkil olunması prossesində dostlarla birlikdə xüsusi fəaliyyət göstərmişik.
Amerika-Azərbaycan Şurası olaraq həm türk, həm də yəhudi dərnəklərilə birlikdə Amerikadakı erməni təşkilatlarının Azərbaycana qarşı haqsızlıqları ilə bağlı Konqresdə və Amerika hökumətinin müxtəlif tədbirlərində öz haqq sözümüzü demişik. Baxmayaraq ki, ermənilər həqiqətən orada güclü bir lobbiyə malikdirlər. İnformasiya baxımından Azərbaycan tərəfi həm rəsmi, həm də qeyri-rəsmi çərçivədə böyük nailiyyətlər əldə edib. Bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzü faktı heç kəsdə şübhə yaratmır. Amma təəssüflər olsun ki, Ermənistana qarşı hansısa sanksiyalar da tətbiq olunmur. Həmçinin BMT-nin qətnamələrinə də məhəl qoyulmur.
Biz Amerika-Azərbaycan Şurasından başqa, orada yaşayan bir qurup gənc azərbaycanlılarla birlikdə Amerika Azərbaycanlıları Şəbəkəsini (US Azeris Network) qurduq. Elektron bəyanatların yayılması sahəsində böyük bir kampaniya aparırıq. Bir neçə ildir ki, həmin təşkilatın idarə heyətinin üzvüyəm. Bu təşkilatın məqsədi orada Azərbaycan üçün ürəyi yanan və nəsə etmək istəyən insanları bir araya gətirməkdir.
-Amerikada çalışdığınız ilk illəri necə xatırlayırsınız?
-O zaman çətin dövrlər idi. Erməni lobbisinin neçə illərdir Türkiyəyə qarşı apardığı təxribat və iftira kampaniyası 1988-ci ildən sonra Azərbaycana qarşı çevirildi. Amma təəssüflər olsun ki, həmin vaxt Azərbaycanın orada nə rəsmi nümayəndəliyi, nə də haqq sözünü deyən bir təşkilat var idi. İllər boyu yaxılan iftiraları təmizləmək həqiqətən də, asan deyildi. Resurs və imkanlar da zəif idi. Burada isə Ermənistanın təcavüzü davam edirdi. Mən orada olarkən Kəlbəcər hadisələri də baş verdi. Sonralar isə başqa bölgələrimiz işğal olundu.
Bir məqamı qeyd edim. O zaman enerji lobbisinin nümayəndəsi məni bir konqresmenlə görüşdürdü. Görüş zamanı o, dedi ki, bizim şirkətlərin Azərbaycana qarşı maraqları var, əməkdaşlıq etmək istəyirlər. Həmçinin, Azərbaycana qarşı olan mənfi fikirləri dəyişmək üçün bizə kömək etmək fikrindədirlər. Nahar vaxtı xəritələri qarşımıza qoyduq və mən ona başa saldım ki, Azərbaycan, Dağlıq Qarabağ, Laçın və Ermənistan harada yerləşirlər. O zaman Laçın da, Dağlıq Qarabağın bütün şəhər və kəndləri də işğal olunmuşdu. Bunları ona izah etdikdən sonra soruşdu ki, bu ərazilər – yəni, Dağlıq Qarabağ, Şuşa, Laçın BMT tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb? Cavab verdim ki, bəli! Bu zaman o, çox sevindi, dedi ki, gəl bir içki içək, kefim açıldı. Cavab verdim ki, niyə belə edirsiniz, axı bizim ərazilərimiz işğal olunub, sevinməli nə var? Dedi ki, siz məni düzgün başa düşmədiniz, mən elə hesab edirdim ki, Azərbaycan gedib Ermənistanın torpaqlarını işğal edib. Seçicilərim məndən xahiş etmişdilər ki, Azərbaycana haqq qazandırım. Mənsə Azərbaycanla bağlı həqiqətləri bilmədiyimə görə, fikirləşirdim ki, belə bir ölkəyə necə haqq qazandıracağam? Siz mənə həqiqətləri deyəndən sonra kefim açıldı. Sabahdan etibarən mən Azərbaycanın haqq sözünü Konqresdə böyük məmnuniyyətlə səsləndirəcəyəm.
O, ilk dəfə Konqresdə belə çıxış edəndə həmkarları gəlib dedilər ki, sən başa düşürsən, orada nə baş verir? Müsəlmanlar xristianları öldürür, təcavüz edirlər, sən necə onları müdafiə edə bilirsən? O isə onlara dedi ki, bir dəqiqə dayanın, sizə xəritələri göstərib, hər şeyi izah edəcəyəm.
“Günah müsəlmanların özündədir”
Bu gün Moskva-İrəvan münasibətlərinin hərbi baxımından güclənməsi istər-istəməz Amerikada Ermənistan barədə çox mənfi rəy formalaşdırır. Donald Tramp isə nadir prezidentlərdən biridir ki, ermənilərə “qondarma soyqrımı” tanımaqla bağlı vəd verməyib. Azərbaycan Cənubi Qafqazda inkişaf edən bir ölkədir. Eyni zamanda, İran və Rusiya ilə sərhəddə yerləşsə də, müstəqil və suverən siyasətini davam etdirir. Amerika bütün bunları açıb deməsə də, analitik səviyyədə bildirirlər ki, Ermənistan artıq müstəqilliyini itirib. Amerikalı diplomatlar, təhlilçilər ilə qeyri-formal danışanda etiraf edirlər ki, Ermənistan bu gün müstəqil bir ölkə kimi onlar üçün heç bir maraq kəsb etmir. Amma yenə də erməni lobbisi Amerikada öz işini davam etdirir. İndi taktikalarını dəyişiblər. Yəni “Azərbaycan təcavüzkarıdır”, “müsəlmanlar bizi öldürürlər” kimi tezisləri qırağa qoyublar. Ermənilərin yeni təxribatları budur ki, guya Azərbaycanda demokratiya və insan haqqları pozulduğu üçün, Dağlıq Qarabağ erməniləri orada yaşaya bilməzlər. Ermənilərin bu mahnısını Obama administrasiyası öz repertuarına salmışdı. Tramp isə deyir ki, Amerikanın maraqları mənim üçün birinci yerdə dayanır. Sözsüz ki, Azərbaycan da öz maraqlarını üstün tutmalıdır. Beləliklə, yeni şəraitdə əməkdaşlıqdan həm Azərbaycan, həm də Amerika faydalana bilər.
– Sizcə, Trampın dövründə Qarabağ münaqişəsinin həllində, ümumilikdə Azərbaycana qarşı münasibətdə nələr dəyişəcək?
– Məsələ burasındadır ki, nə Avropa, nə də Amerika gəlib Azərbaycanın torpaqlarını ya hərbi yolla, ya da hansısa digər üsulla azad etmək niyyətində və yaxud qüdrətindədir. Rusiyanın Ermənistanda, ümumilikdə Qafqazda təsir dairəsi böyükdür. Hesab edirəm ki, diplomatik baxımdan Tramp Administrasiyası səylərini artıra bilər. Amma bunun nə effekti ola bilər? Birinci ssenariyə görə, Tramp-Putin, Vaşinqton-Moskva arasında hansısa müsbət bir anlaşmaya gəlinir ki, müxtəlif bölgələrdə sabitlik yaransın, konfliklər həll olunsun. Əgər Rusiyada bu prossesdə səmimi şəkildə iştirak etmək istərsə, Ermənistan məcbur olacaq ki, Azərbaycan ərazilərini sülh yolu ilə boşaltsın.İkinci ssenariyə görə, Trampla Putinin maraqları üst-üstə düşmür. Bu zaman sözsüz, Moskva çalışacaq ki, Dağlıq Qarabağ konflikti Rusiyanın aparıcı rolu çərçivəsində həll olunsun və yaxud da heç həll olunmasın.
Azərbaycan da hər zaman öz qüdrətindən istifadə edərək, erməni qoşunlarını torpaqlarından çəkilmələri ilə bağlı hədələyə bilər. Azərbaycan Ermənsitanın sərhəddini keçib, təcavüzkarlıq etmir. Öz ərazisini,öz torpaqlarını istəyir. Bütün bunlara rəğmən, Rusiyanın mövqeyi hər şeyi problemə çevirir. Azərbaycan hər zaman çalışır ki, bu problem diplomatik yolla həllini tapsın. Neçə illərdir ki, öz iqtisadi və hərbi qüdrətini gücləndirmək istiqamətində işlər görür. Prezident İlham Əliyevin apardığı siyasət çox praqmatikdir və torpaqların qan axmadan, faciələr baş vermədən azad olunmasına yönəlib. Dağlıq Qarabağ konflikti çox mürəkkəbdir. Çətin döngələr var. Amma səbrli olmaq lazımdır. Hesab edirəm ki, biz nə vaxtsa onun həllinə nail olacağıq.
– ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətini necə dəyərləndirirsiniz?
– Əlbəttə, mən o təşkilatın fəaliyyətini müsbət dəyərləndirmirəm. Çünki ortada bir nəticə yoxdur. Qarabağ məsələsində Türkiyə maraqlıdır ki, Azərbaycan əraziləri işğaldan azad olunsun. O biri tərəfdən isə Rusiya və Avropa faktorları da mövcuddur. Amerika və Avropa istəyirlər ki, bu münaqişə müəyyən bir modelə uyğun olaraq həll edilsin. Rusiya bir tərəfdən deyir ki, tərəflər öz aralarında razılığa gəlsinlər, amma o biri tərəfdən də keçmişdə olduğu kimi, İrəvana başqa təlimatlar verirlər. Heç bir ölkə – nə Amerika, nə Rusiya, nə də Avropa Ermənistana real bir təzyiq göstərib. Bəlkə də deyiblər ki, qoy, elə məsələ dondurulmuş vəziyyətdə qalsın. Bunu Ermənistan da istəyir. Rusiyada hər iki tərəfə də silah verir. Bunları nəzərə alsaq, Minsk Qurupu heç bir nəticə əldə etməyib. Əslində problemin necə həll oluna biləcəyi hamıya bəllidir. Yəni Qarabağın Azərbaycandan ayrılması mümkün deyil. Çünki Azərbaycan heç vaxt buna razı ola bilməz. Bu gün Ermənistan özünü ərköyün uşaq kimi aparır ki, eləmirəm, qurtardı, nə edəcəksiniz? Bölgədə güc baxımından hansısa balans dəyişikliyi olsa, sabah Ermənsitan özünü belə ərköyün apara bilməyəcək.
– Trampın müsəlman miqrantlara qarşı tətbiq etdiyi qaydalara münasibətiniz necədir? Amerikada yaşayan müsəlman kimi narahatsınızmı?
– Mən artıq 16 ildir ki, Amerika vətəndaşıyam. Bu qaydaların mənə aidiyyatı yoxdur. Həmçinin də Azərbaycan vətəndaşıyam. Ona görə də mənim gedib-gəlməklə bağlı viza problemim yoxdur. Amma buna biganə qalmaq düzgün deyil. Amerikalılar özlərini müdafiə etmək istəyirlər. Bu baxımdan onları başa düşmək olar. O biri baxımdan isə, viza alıb ora getmək istəyən, terrorist olmayan adi insanlar da var. Onlar bu qərarın qurbanı oldular. Hesab edirəm ki, bu qərarı gərək müxtəlif qurumlar əvvəlcədən götür-qoy edərdilər. Tələsik olduğuna görə bir az xaos yaratdı. Amma bütün bunlar müvəqqətidir.
Əslində müsəlman ölkələri, dini liderləri, fondlarları öz milyardlarla dollar pullarından xərcləyib, Amerikada İslamın sülh dini olduğunu təbliğ etməlidirlər. Bu, müsəlman ölkərinin nöqsanıdır. Ümumilikdə müsəlman dünyası İslam dininin təcavüzkar din olmadığını nümayiş etdirməlidir. Ola bilsin ki, Azərbaycan İslam Konfrası Təşkilatının üzvü kimi gələcəkdə belə bir təşəbbüslər irəli sürə bilər. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə yəhudi və xristian dini liderlərlə birlikdə ABŞ-a səfərlər edib. Bu səfərlər ABŞ dini-hökumət dairələrində də yüksək qarşılanıb. Bu Azərbaycanın tolerant bir ölkə olmasını göstərir. Azərbaycanda sünni-şiələrin, yəhudi və xristian dini icmaları ilə birlikdə dinc, rahat həyat sürmələri Amerika-Azərbaycan təhlilçilərini həmişə heyran qoyub.
Yəhudilər istər Sinaqoqları, istərsə də lobbilərin üçün sərvətlərini əsirgəmirlər. Şeyxlər isə yaxtalarda dünya okeanlarını gəzib kef edirlər, əyləncələrə 100 milyonlarla pul xərcləyirlər. Sonra da deyirlər ki, bizi orada sevmirlər. Çünki sizi orada tanımırlar, siz orada yoxsunuz.