Bizimlə əlaqə

Müsahibə

`Elə bilirdim ki, babam prezident olub` – Topçubaşının nəticəsi: “Bu, məni çox təsirləndirir” (EKSKLÜZİV-FOTOLAR)

Yayımlandı

da

“Bodrumda işlədiyim gümüş zərgərlik mağazasına azərbaycanlı müştərilər də gəlirdi. Deyirdilər ki, Azərbaycandakı məktəblərdə babam Əlimərdan bəy Topçubaşı ilə bağlı dərslər keçirilir. Çox xoşbəxt olurdum”

“Nənəm onun Prezident (Cumhurbaşqanı) olduğunu söylərdi. Amma deyəsən elə deyilmiş…”

“Babam Bakıdakı çiçək mağazalarından bütün gülləri satın alıb və ona hədiyyə edib”

“Babam pul qazanmaq üçün Parisdə meyvə-tərəvəz bazarında hamballıq edib”

“Azərbaycanlıların babamı belə xatırlamaları və ondan yüksək səviyyədə bəhs etmələri məni çox təsirləndirir…”

Əlimərdan bəy Topçubaşı – Azərbaycanın görkəmli dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin ilk sədri, Xarici işlər naziri. Milli müstəqilliyimiz və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi bir şəxsiyyət

Əlimərdan bəy Topçubaşının böyük qızı Sara Kürdəmirdən (Topçubaşı) 2 nəvəsi olub, Zərifə və Gülnarə Kürdəmir. İllər öncə Zərifə Kürdəmir vəfat edib. 97 yaşlı Gülnarə Kürdəmir və Zərifə Kürdəmirin qızları hazırda İstanbulda yaşayırlar.

(Xalam Zərifə, anam Gülnar və mən)

Jurnalist Hafiz Əhmədov tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşının Türkiyədə yaşayan məşhur nəticəsi Nilufer Sanderi və ailə üzvlərini  tapıb həmsöhbət olub. HafizTimes.com-a eksklüziv müsahibəsində Nilufer Sander ailəsi ilə bağlı bir çox gizli qalmış məqamlara aydınlıq gətirib. N.Sander həmçinin ailəsi ilə bağlı foto şəkillərdən ibarət arxivi də Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com-a təqdim edib:

(Nilufer Sander)

-Əvvəlcə bizə özünüzdən bəhs edin…

-1950-ci ildə İstanbulda anadan olmuşam. Rəhmətlik atam Necdet Sander məşhur şair, Cümhuriyyət qadını Şükufə Nihal və Ədəbiyyat-Türk Dili üzrə Prof. Mithat Sadullah Sanderin oğlu idi. Atam 1960-1980-ci illərdə İstanbulun ən gözəl, böyük kitab evlərini açdı və öz nəşriyyatını qurdu, bir çox kitabı fransız və ingilis dillərindən tərcümə etdi.

(Solda mən və xalam qızı -1965)

-Nilufer xanım, hazırda nə işlə məşğul olursunuz, harada yaşayırsınız?

– 32 ildir ki, Bodrumda yaşayıram. Əvvəllər isə 8 il Almaniyada, 8 il Cənubi Amerikada yaşadım. 4 il Braziliyada və Venesuelada yaşadım. Keçmiş həyat yoldaşım alman idi və işlə əlaqədar olaraq orada yaşayırdıq. O illər çox gözəl idi. Oğlum Alex isə 1976-cı ildə San Pauloda anadan olub.

(Əlimərdan bəyin məzarını anam ziyarət edib – Paris)

-Ananız Gülnar xanım Kürdəmirin (Əlimərdan bəyin nəvəsi) səhhəti necədir? Karantin rejimində ananızla heç görüşə bilirsinizmi?

-Anamın 97 yaşı var. İstanbulda tək yaşayır, gözləri də çox zəif görür. Məlum virusa görə bu il anamı görə bilmədim, yalnız telefonla əlaqə saxlayırıq.

(Anam Parisdə iti ilə birlikdə)

-Ananızın ailəsinin azərbaycan əsilli olduğunu nə vaxt öyrəndiniz? Bu barədə nənəniz Sara xanım Topçubaşı (Əlimərdan bəyin qızı) və ananız sizə nə danışardı?

-Həmin vaxt çox balaca idim. Təxminən 8 yaşım olardı… Hələ 5 yaşım olarkən yəni 1955-ci ildə anam və qardaşım Fikrət ilə Cenevrəyə köçdük. 3 il orada yaşadıq, fransızca məktəbə getdik. Evdə həmişə fransızca danışardıq. 1958-ci ildə İstanbula qayıtdıq və qardaşımla birlikdə nənəmgilin (Sara xanım Topçubaşı) evində qalırdıq. Çünki anam müalicə üçün İsveçrəyə qayıtdı. 2 il boyunca nənəm Sara xanım bizə çox yaxşı baxdı.

(Nənəm Sara Topçubaşı-Kürdəmir Bakıda)

Təbii ki, babam Əli Əşrəf Kürdəmirlə (Sultanov) ya rusca, ya Azərbaycan dilində, ya da fransızca danışardılar. Əslində Sara nənəm qardaşım və mənə bu mövzuda çox şey danışmazdı. Yəqin ki, çox balaca idik və siyasəti başa düşmürdük…

(Anam və babam Əli Əşrəf Kürdəmir Parisdə -1940 )

-Nənəniz Sara xanım Topçubaşını (Əlimərdan bəyin qızı) necə xatırlayırsınız? Onunla bağlı hansı xatirələriniz var?

-Anamın anası, yəni Sara nənəm bir mələkdi. Onu anamdan daha çox sevdim. Anamın böyük bacısı Zərifə xalamın da iki qızı vardı. Biz 4 uşaq eyni yaşda idik. Hər il məktəbimiz yaz tətilində olanda 3,5 ay və digər qış tətillərində də Sara nənəm və Əli Əşrəf Kürdəmir babamın Erenköydəki böyük baxçalı villalarında qalırdıq. Orada geniş bir baxça, bostan vardı. Bütün tərəvəz və meyvələri bağımızdan toplayırdıq. Təbii ki, nənəmgilin azərbaycanlı dostları, qonaqları da ora gəlirdilər. Nənəm və babam Parisdən qayıtdıqdan sonra Erenköydə bu böyük baxçalı villanı satın almışdılar. Mənim həmin baxçada çəkilmiş çoxlu ağ-qara şəkillərim var.

(Saffet əminin xanımı Nəfisə və mən)

-Nənəniz Sara Topçubaşının qardaş-bacılarını (Əlimərdan bəy Topçubaşının digər övladları) heç gördünüzmü?

-Nənəmin Saffet əmi adlı (Həsən bəy Zərdabinin sonuncu övladı) Ankarada yaşayan bir qohumu vardı. Həyat yoldaşı Nəfisə xala yazda bizə qonaq gələndə mənə rus dilində dərs keçərdi. Bir neçə ağ-qara şəklimiz də var. Təəssüf ki, Saffet əminin belə tanınmış bir atasının olduğundan indiyə qədər xəbərim yox idi. Çox sağ olun ki, onun atası Həsən bəy Zərdabi ilə bağlı mənə geniş bilgi verdiniz.

(Saffet Məlik-Zərdabinin sənədi)

Bizə həmişə deyirdilər ki, Saffet nənəmin dayısıdır. Biz də fikirləşərdik ki, nənəmizin belə gənc dayısı necə ola bilər? Uzun boylu və ciddi bir insan idi. Əsasən də rus dilində danışardı. Həyat yoldaşının adı Nəfisə idi. Onların övladı yox idi. Nəfisə xanım mənə rus dilini öyrədirdi. Onlar Ankarada yaşayırdılar. Yaz aylarında nənə-babamın Erenköydəki evinə qonaq gəlirdilər. 2-3 həftə nənəmgildə qalırdılar. Erenköydəki villanın həyətində başqa bir ev də vardı. Onlar qonaq gələndə həmin evdə qalırdılar.

(Anam Gülnar Kürdəmir və nənəm Sara Topçubaşı 1970)

Nilufer Sanderin anası Gülnar Kürdəmir: “Saffet dayı ilə Nefise xala çox gec evlənmişdilər. İkisi də yaşılı idi. Anamla Saffet bəy çox yaxın idi. Çünki, Saffet onun doğma dayısı, ailə üzvü idi. Saffet dayı mədəni bir insan idi. Onu çox sevərdik. Çox az danışardı. Nefise xanımla ailə qurduğu günü xatırlayıram. Həmin vaxt Saffet dayı İstanbulda yaşayırdı. Onların heç toy mərasimləri də olmadı. Çünki, hər ikisi də yaşlı insanlar idi. Onlar evlənəndə Nefise xalanın 40-dan çox yaşı vardı. Anam tez-tez onları bizə yeməyə dəvət edərdi”.

(Ənvər Topçubaşı və mən Erenköydə -1953)

-Başqa bir şəkildə isə nənəmin qardaşı Ənvər əmi (Əlimərdan bəy Topçubaşının oğlu) məni qucağına alıb. 1952-1953-cü illər olmalıdı… Dəqiq xatırlamıram.

(Əlimərdan bəy Topçubaşı Parisdə parkda)

-Azərbaycanla bağlı hansı xatirələriniz var?

-Mən heç vaxt Azərbaycanda olmamışam. Amma Azərbaycandan bir neçə dostum var. Yayda Bodrumda işlədiyim gümüş zərgərlik mağazasına azərbaycanlı müştərilər də gələrdilər. Dərhal onlarla danışardım, nənəmin azərbaycanlı olduğunu söylərdim. Atası Əlimərdan bəy Topçubaşıdan söhbət açardım. Hamı Əlimərdan bəy Topçubaşını tanıyar, ondan  heyranlıq və hörmətlə bəhs edərdilər. Deyirdilər ki, Azərbaycandakı məktəblərdə Əlimərdan bəy Topçubaşı ilə bağlı dərslər keçirilir. Mən də xoşbəxt olardım.

(Nənəm Şükufə Nihal və mən 1951-ci il)

-Əlimərdan bəy Topçubaşı və həyat yoldaşı Pəri xanım haqqında daha nə bilirsiniz?

-Əlimərdan bəy haqqında yalnız internetdən oxuduqlarımı bilirəm. Nə anam, nə də nənəm onun haqqında çox danışmadılar … Əlbəttə ki, onun Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olduğunu deyirdilər. Anam isə son illərdə nənəsi Pəri xanımı çox sevdiyini söylərdi.

(Solda nənəm Sara xanım qucağında anam, xalam İstanbulda çimərlikdə)

-Əlimərdan bəy Topçubaşı sizin üçün kimdir?

-Əlimərdan bəy Topçubaşı fəxr etdiyim bir babamdır. Əlbəttə ki, onu şəxsən tanıya bilmədim. Sonralar internetdən oxuyub öyrəndim ki, babam Qafqazdakı bütün müsəlman ölkələrini bir yerə toplayıb Rus çarının hakimiyyətindən xilas etmək istəyib. Bu, təbii ki, nəhəng bir layihə idi…

(Anam və oğlum Alex 2003, anamın evi)

-Ananız Gülnar xanım Kürdəmirin (Əlimərdan bəy Topçubaşının nəvəsi) evində babası Əlimərdan bəy Topçubaşının rəsimləri var. O rəsimlərlə bağlı hansı xatirəniz var? Ananız sizə ailəsi ilə bağlı nə danışardı?

-Həmin şəkillər çəkiləndə mən hələ doğulmamışdım. Sadəcə onun kim olduğunu söylədilər. Nənəm onun Prezident (Cumhurbaşqanı) olduğunu söylərdi. Amma deyəsən elə deyilmiş… Parlament sədri olduğu haqqında oxudum. Şəkillərdə nənəmin çox gözəl olduğunu gördüm. Əlimərdan babam isə çox ciddi görünür.

(Babam Əli Əşrəf çox sevdiyi bağında -1960-cı illərdə )

-Əlimərdan bəy Topçubaşının kürəkəni, yəni sizin babanız Əli Əşrəf Kürdəmir (Sultanov) də Azərbaycan əsilli idi. Təəssüf ki, onunla bağlı məlumatlarımız çox azdır. Babanız Əli Əşrəf Kürdəmiri necə xatırlayırsınız?

-Babam Əli Əşrəfi çox sevirdim. O, Moskvada universitetdə təhsil almışdı. Nənəm Sara isə çox gözəl bir qadın idi. Babam da daxil olmaqla çox sayda kişi Bakıda nənəmlə ailə qurmaq istəyirlərmiş. Bir gün onun doğum günündə babam şəhərdəki çiçək mağazalarından bütün gülləri satın alıb. Başqa heç kim nənəmə gül hədiyyə etməsin deyə, o, aldığı bütün gülləri nənəmə göndərib. Babam mənim kimi qoç bürcü idi və çox əzmli idi.

(Anamın nişanı 1948-49: Öndə ata-anam, arxada solda nənəm, babam və xalamın azərbaycanlı qaynanası Tamara)

Rusların təqiblərindən qaçıb Parisə gəldikləri zaman bütün əmlakları, hər şeyləri Bakıda qalmışdı. Çox az məbləğdə pulları vardı. Babam pul qazanmaq üçün əvvəllər Parisdə meyvə-tərəvəz bazarında hamballıq etməyə başladı. Daha sonralar isə əzmi, iqtisadi sahədəki zəkası və çalışqanlığı ilə ticarətə qoşuldu. Azərbaycandan gətirdiyi xalçaları Parisdə satmağa başladı və zaman ötdükcə çox zəngin oldu. Şən və zarafatcıl bir insan idi. Anam və xalam Zərifə Parisin ən yaxşı məktəblərində təhsil aldılar. Konservatoriyada piano çalmağı öyrəndilər. Sorbonne Universitetində təhsil aldılar.

(Zərifə xalam və mən 1951-1952)

Babam Erenköydəki villasında səhərlər bağçada gəzməyi, əlləri ilə meyvələrə toxunmağı çox sevərdi. Nənəmi “Sarışka” deyə çağırardı. Biz – 4 uşaq, sonralar isə 4 gənc: qardaşım Fikrət, xalamın qızları Fevziyə, Səlma və mən ilin çox hissəsini Erenköydə həmin villada keçirirdik. Çox yaxşı günlərimiz olurdu. Səhərlər babam bizdən gec oyanardı. Səhər yeməyi süfrəsində oturanda biz dörd nəvəsinə deyirdi ki, bir-bir gəlin yanağımı öpün və fransızca “bonjour” (sabahınız xeyir) deyin. Biz də babamızı öpərdik. O, bir-iki saat orada oturardı və yenə bizi çağırardı: “Nilufer sən mənə “bonjour” dedinmi?”. Mən də cavab verərdim ki, “dedim baba”. O isə deyirdi ki, “xeyr, deməyibsən”. Yəni ki, bir daha öpülmək istəyirdi. Biz babamın bu oyununu artıq bilirdik və onu çox sevirdik.

-Bizə məşhur nənəniz Şükufe Nihal və atanız dəyərli Necdet Sanderdən bəhs edin. Belə insanların ailəsində böyümək necə bir hissdi?

-Atamın anasını, yəni nənəm Şükufe Nihalı həyatda olan zaman çox da tanımadım. Mən uşaq olanda adi bir qəza zamanı nənəmin oma sümüyü sınıb. Sonralar isə o, qocalar evində yaşadı. Bəzən atam məni və qardaşım Fikrəti bazar günləri onun yanına aparardı. Onun əslində kim olduğunu ölümündən sonra tərcümeyi-halını oxuyaraq öyrəndim. Cümhuriyyətin qadın ziyalısı idi. Universitet bitirən ilk türk qadın tələbə idi. Nazim Hikmətin eşqi idi. Özü Anadoluda müəllimlik etmişdi. Qurtuluş savaşında fəallıq göstərib və Sultan Əhməd meydanına toplaşan minlərlə insanın qarşısında çox təsirli bir nitq söyləyib. 6 romanı, 1 hekayə kitabı və saysız-hesabsız şeirləri var. Nənəm çox gözəl və baxımlı bir qadın idi. Həmişə zövqlü geyinər və bəzənərdi. Hündürdaban ayaqqabı ilə küçədə gedərkən yıxılıb və oma sümüyü sınıb.

(Atam Necdet Sander 1980-ci il)

Atamdan isə saatlarla danışa bilərəm. Onu çox sevərdim. 5 yaşım olanda valideynlərim boşandılar. Qardaşımla mən anamla birlikdə 3 il Cenevrədə yaşadıq. Həmin illərdə atamın üzünü çox az gördük. İstanbula qayıtdıqdan sonra atam hər bazar günü öz maşını ilə gəlib bizi evdən götürərdi və bütün günü onunla birlikdə keçirərdik.

İstanbuldakı ən gözəl kitab mağazaları atamın idi. Onun sayəsində kitabların içində böyüdüm. Atam çox zəhmətkeş idi, bütün günü kitab mağazalarında olurdu. Eyni zamanda kitabları ingilis və fransız dillərindən tərcümə edirdi, gözəl əsərlər meydana çıxırdı. Anamın evində də çox sayda fransızca kitab vardı. Təbii ki, onların çoxunu oxumuşam. Kitabların arasında böyüdüyüm üçün özümü çox şanslı hiss edirəm.

(Qardaşım Fikrət Sander -1970)

-Qardaşınız Fikrət Sanderle bağlı bilmək istərik. Bildiyimiz qədəri ilə o, gənc yaşda vəfat edib…

-Qardaşım Fikrət Sander məndən 13 ay balaca idi. 1983-cü ildə atamın vəfatından sonra qardaşım kitab mağazasının müdiri oldu. Ancaq atamda olan kitab sevgisi və əzmkarlıq qardaşımda yox idi. Çox təəssüf ki, o, içkiyə meyillənməyə başladı və kitab dükanımızı idarə edə bilmədi. Mən o vaxtlar Almaniyada yaşayırdım. Qardaşım 1987-ci ildə vəfat etdi…

(Solda nənəm və digərlərini tanımıram)

-Azərbaycana gəlmək istərsinizmi? Azərbaycanda sizin ailənizi sevənlərə nə deyərsiniz?

-Bir gün imkanım olanda təbii ki, Bakını çox görmək istərdim. Burada tanıdığım bir neçə azərbaycanlı var. Onlar səmimi və mehriban insanlardı. Mənə Sara nənəmi xatırlatdıqları üçün onlarla söhbət edən zaman çox xoşbəxt oluram. Hər birinizə öz sevgilərimi göndərirəm.

(Alex və mən İstanbulda, 2003)

-28 may Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı gündür. Babanız Əlimərdan bəy Topçubaşı da qurucularından biridir. Bu günlə bağlı nə söyləmək istərsiniz?

-Babamın Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olması ilə qürur duyuram. Və azərbaycanlıların babamı belə xatırlamaları və ondan yüksək səviyyədə bəhs etmələri məni çox təsirləndirir…

-Ə.M.Topçubaşının ailə üzvləri uzun illər Fransada yaşadılar. Siz Fransada ailənizin yaşadığı həmin evə heç getdinizmi?

-Xeyr, ziyarət edə bilmədim. Məndə yalnız bir şəkil var. Anam öz babasının məzarı önündə durur…

-Xalanız Zərifə Kürdəmiri (Əlimərdan bəyin digər nəvəsi) necə xatırlayırsınız?  

-Xalam anamdan 2 yaş böyük idi. Onu çox sevirdim. Xalamın iki qızı var: Fevziyə mənimlə eyni yaşdadır, Səlma isə bizdən 3 yaş kiçikdir. Biz birlikdə böyüdük.

-Sizin ailəniz, oğlunuz barədə bilmək istərik. Oğlunuz heç Azərbaycana gəldimi?

-Oğlum Alexander Brasack (həyat yoldaşım almandı) Almaniyanın Köln şəhərində yaşayır, ailəlidir və  4 yaşında bir nəvəm var.

Fırat Sander isə mərhum qardaşım Fikrətin oğludur. O, Aleksdən 2 yaş böyükdür. Bodrumda yaxınlığımda yaşayır, evlənib və 10 yaşlı bir oğlu var. Fıratla tez-tez görüşürəm. O da heç vaxt Azərbaycana getməyib.

(Fırat Sander)

-Sonda oxucularımıza nə söyləmək istərsiniz?

-Dostlar, bu an hamımız çətin günlər yaşayırıq, məlum virusa görə 2 aydır ki, evdəyik. Şükürlər olsun ki, yaşadığım kirayə evin böyük bir bağçası var. Hamımız üçün xoş günlərin gəlməsini arzulayıram. Bu müsahibəyə görə Jurnalist Hafiz Əhmədova dərindən təşəkkür edirəm, çox sevindim və şad oldum. Bütün azərbaycanlı qardaşlarımı öpürəm, ümid edirəm ki, bir gün görüşəcəyik.

Həsən bəy Zərdabi ailəsinin gizlinləri: “Dedi ki, məni bacımın yanında dəfn edin”– (EKSKLÜZİV MÜSAHİBƏ-FOTOLAR) BURADAN oxuya bilərsiniz.

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

`Our system intrinsically favors the interests of white people over all others` – The great grandson of U.S. President: “I have no projects in Baku” (EXCLUSİVE)

Yayımlandı

da

Tərəfindən

“Our system intrinsically favors the interests of white people over all others. This is wrong, it is against the purported values of this country and we must change”

“The “Flame Towers”, the SOCAR Tower, and Crystal Hall are all great looking designs, but I have only seen photographs which  is not way to experience good architecture”.

“I pray that the current unrest will, in fact, lead to serious movement towards the dismantling of white supremacy which is systematically imbedded in America”.

“I know a  little of the disappointment of Azerbijan with the Paris talks”.

Thomas Sayre, the great grandson of the 28th President of the United States, Thomas Woodrow Wilson has been interviewed by Azerbaijani journalist Hafiz Ahmadov. HafizTimes.com proudly presents the exclusive interview with American sculptor and painter Thomas Sayre.

-Firstly, please give information about yourself. Where were you born? Where did you study? 

-I was born in Cleveland, Ohio. Early on my father took a job as Dean of the Washington Cathedral and we moved to Washington DC where I grew up. I attended ST Albans School for boys in DC, the University of North Carolina , and art school at Cranbrook Academy of Art in Michigan.

-Why did you decide to become sculptor and painter? How do you remember those years? Which projects do you involve in now? 

-I have always made things with my hands. Growing up in the  shadow of a Cathedral which was under construction at the time, I knew all the stone masons, stain glass window makers, sculptors, and many different artists and crafts people. Early on as a young boy, I knew that art and architecture is capable of conveying deep human emotion and meaning. In a way ,my whole career has been spend expressing that idea. My sculptures are mostly very large and very public, and they seek to bring meaning to public spaces. They seek to tell stories about a particular place. I am currently involved in 5 large public projects all over the US, a museum show of my paintings in Tampa, Florida and am making new paintings every day.

-You are a founding principal of the multi-disciplinary design firm Clearscapes. We would like to know about firm Clearscapes, its inception, journey so far and your this activities. What kind of projects does the firm implement?  

-Clearscapes came about as the result of a fruitful collaboration between an artist and an architect. I met Steve Schuster over thirty years ago and we worked closely together until he died about a year ago. The architecture is mostly based in North Carolina and includes the Raleigh Convention Center, The new Raleigh train station and many arts facilities. The collaboration extends through the public artwork which is all over the US, Canada, and Asia.

-Whats the project you are really proud of? 

-I am very proud of the projects which have had an effect of the community in which the project lives. For example,  “Oberlin Rising” commemorates the African American community of over 100yrs. which has been largely destroyed by development in Raleigh. I am pleased with the Healing Place which is an environment  for people with addictions and is intensely used by the “patients” as part of their spiritual and physical overcoming of addiction. Additionally, I am fond of “Curve Ball”, a fun sculpture at the entrance of the National Ballball Stadium in Washington DC. The Washington Team won the World Series last Summer.

-Which successful projects do you have for future? 

-We are working on a large project in El Paso Texas in front of an 8 story very large Medical Research facility which is part of Texas Tech Medical School. The art is a large landscape design with earth cast walls and sprouting from the undulating land forms come 23  Seven meter in height wind vanes which  will turn in the wind coming off the desert. We are about to start a project in Albuquerque, New Mexico which is about water conservation and drawing attention to how we, humans, must be careful with our water. We are also building a large project in Greensboro North Carolina which creates a public park along a forgotten urban stream.

-How do you now choose clients? In which country is it easier and more successful to work? 

-My clients sometimes contact me because they have seen another project somewhere. Most of the work, however, still comes from national and international competitions. Most of my work is in the US. There are pieces also in Canada, Thailand, Turkey, Hong Kong, and Australia.

-How do you see world architecture evolving in the next 10 years? What are your new goals and plans? What inspires you to create? 

-Many things are inspiring to me. Land is inspiring, stories about  human intersection with particular places are inspiring, Much of the work has to do with the balance between human intention and the grain of nature. By this I mean, I am inspired by art which balances between human control and the happy accidents offed by materials, processes, and chance.

-What would you like to say about the protection of historic monuments? What does historic monuments mean for you?  

-This is a huge and very complicated question. I have designed several monuments and they were very difficult to get right. Who speaks for whom is part of this difficulty. Regarding the monuments to the American Civil War, these are charged with emotion which span  across a large political divide in this country. In my view, the controversy centers around a racism which unfortunately is deeply embedded in this country.

-What is the secret of your success? What is your advice to youth to be successful? 

-I work very hard, I am very honest, and I do not let a project go until it is right whatever that costs.

-We would like to ask about your family. You are great-grandson of Thomas Woodrow Wilson, the 28th President of the United States. How was it to grow up as Woodrow Wilson`s grandson? 

-Yes, I am. All families are complicated. It is important to accept the family history one inherits and make the best of it. I am fortunate that I come from a long line of teachers and preachers, people who stood for values and ideas. While I do not agree with all those values, I am respectful of the fact that many of my ancestors, including Woodrow ‘Wilson, fiercely stood up for what they believed.

-Who is Woodrow Wilson for you? 

-I believe that Wilson was a strong, highly intellectual, and sometimes clever man who was a rare combination of idealism and practicality. Wilson was a real leader. We was by no means perfect, but we was successful at changing America for the better. I only wish that I wish that his vision for the world had been better received. We might have avoided much of the tragic strife which followed World War 1.

-What’s happening in America right now? How do the issues of race in America affect you? Who does racism serve for? 

-America is in the throes of dealing with Covid 19 like the rest of the world. It maybe that the pandemic opened the way for a deeper and more wide spread response to the murder of George Floyd. I pray that the current unrest will, in fact, lead to serious movement towards the dismantling of white supremacy which is systematically imbedded in America. Our system intrinsically favors the interests of white people over all others. This is wrong, it is against the purported values of this country and we must change. Maybe now is an opportunity to reach real change. I hope so.

-We would like to know your thoughts about Azerbaijan, Baku. What is your view about design of Baku? 

-Alas, I have not been to your Capitol City. I am aware of the Citie’s attempts to think forwardly into its future and there are clearly some very interesting pieces of architecture:  the “Flame Towers”, the SOCAR Tower, and Crystal Hall are all great looking designs, but I have only seen photographs which  is not way to experience good architecture.


-What would you like to change in Baku? Do you have any project for Azerbaijan in future? 

-I have no projects in Baku but would certainly like to work there. I am always looking for interesting sites, both physically and culturally, in which to work

-“A first encounter of the United States-Azerbaijani inter-state relations was the meeting between President of the United States Woodrow Wilson and the delegation of Azerbaijan Democratic Republic to the 1919 Paris Peace Conference. Azerbaijani delegates were unimpressed by the meeting in Paris, as instead of recognition, President Wilson advised them to develop a confederation with Transcaucasian neighbours on the basis of a mandate granted by the League of Nations. The Azerbaijani question, Wilson concluded, could not be solved prior to the general settlement of the Russian question…Following the Red Army invasion in April 1920, Azerbaijan SSR was proclaimed, which in 1922 joined Soviet Union as a part of the Transcaucasian Federative Soviet Socialist Republic. On October 18, 1991, the Azerbaijani parliament adopted a declaration of independence. On December 25, 1991, Soviet Union ceased its existence and the United States formally recognized Azerbaijan, as independent states…” Finally, We would like to know your opinion on this… 

-I am afraid that I do not have a great deal of opinion about the recent history of your country. I know a  little of the disappointment of Azerbijan with the Paris talks. Many groups were disappointed and, of course, some were not. I share disappointment that what still seems like a generally good vision for peace in the world was basically ignored by the end of the Paris agreements.

Hafiz Ahmadov

HafizTimes.com

Oxuyun

Müsahibə

`Onun məzar daşını atam düzəldib` – Günəş Kurtulan: “Həmin an başa düşdüm ki, bakılıyam” (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Azərbaycançılıq onun üçün daha çox mədəni müxtəliflik demək idi”

İldəniz Kurtulan – Türkiyədə yaşamış azərbaycanlı mühacir, məşhur həkim, professor, yazıçı və tərcüməçi.  Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasında böyük rolu var. O, Anar, Elçin, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Səməd Behrəngi kimi yazıçıların müxtəlif əsərlərini Türkiyə türkcəsinə ilk dəfə tərcümə edən tərcüməçi, Azərbaycanı sevən insanlardan biri idi. Atası Müsavat zabiti olduğu üçün əvvəlcə həbs edilib, sonra isə təsadüf nəticəsində həbsdən xilas olaraq İrana sürgün edilir. Bəlkə də dövrün tanınmış kommunistlərindən birinin qızıyla evlənməsi onun həyatını xilas edir. İldəniz Kurtulan 1932-ci ildə İranda doğulub. Böyük Vətən müharibəsi illərində əmiləri Sibirə sürgün edilir və orada da həlak olurlar. Atası İldənizi Azərbaycan sevdalısı olaraq böyüdür. İkinci Dünya Müharibəsi illərində müttəfiq qoşunları İrana girir. İldənizin atasını əvvəlcə ingilislər, daha sonra Sovet ordusu həbs edir. Həbsdən xilas olduqdan sonra ailəsini də götürüb Türkiyəyə köçür. İldəniz Kurtulan qızı Günəşin təkidi ilə Azərbaycandan bəhs edən “Amcam Hamlet” (Əmim Hamlet) adlı roman yazıb. Romanın əsas qəhrəmanı əmisi olsa da, əsərdə Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə, Stalinin həyatına da işıq tutulur. Romanı yazdığı ərəfədə dəfələrlə Bakıda olan, Azərbaycanı doğma vətəni hesab edən İ.Kurtulan 2007-ci ildə vəfat edib.

(İldeniz Kurtulan)

HafizTimes.com-un növbəti müsahibi İldəniz Kurtulanın qızı Günəş Kurtulandır. O, müsahibə zamanı atası, ailəsi ilə bağlı mühüm məqamlardan söz açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib:

-Atam İldəniz Kurtulan 1954-cü ildə təkbaşına İstanbula gəlib. Həmin vaxt onun 18 yaşı olub. Daha sonra atamın arxasınca babam Əjdər, nənəm Turan və əmilərim İldar, İlhan və İlbay da İstanbula gəliblər. Mən isə 1965-ci ilin sentyabr ayında İstanbulda, Koşuyoluda böyük bir ailədə anadan olmuşam. Bizimkilər çox tezliklə bura uyğunlaşıblar, çünki Türkiyədə yaşamaq babamın arzusu olub.

-Necə bir ailədə böyüdünüz?

-7 yaşıma qədər Azərbaycan dilində danışan, Azərbaycan yeməkləri hazırlanan və musiqiləri dinlənilən bir mühitdə böyüdüm. Daha sonra biz, yəni anam, atam və məndən dörd yaş kiçik qardaşımla ayrı evə köçdük. Bütün uşaqlıq illərim atamın axşam yeməkləri zamanı danışdığı maraqlı və həyəcanlı hekayələri dinləməklə keçdi. O, babam və digər ailə böyüklərimizdən danışardı. Həmin hekayələri bir ziyalı yazarın gözü ilə söyləyərdi. Daha sonra atamı məcbur etdim ki, bu xatirələrini kitab formasına salsın. Nəhayət atam bir kitab yazdı. “Amcam Hamlet”… Yoxsa həmin hekayələr sadəcə olaraq yemək masamızda qalacaqdı.

(Mirzə Bala Məmmədzadənin məzarı. Bu daşı atam hazırlayıb. Yanındakı isə əmim İldar)

-İldəniz Kurtulanı oxucularımıza siz necə təqdim edərsiniz? O, necə bir həyat yaşamalı oldu?

-Atam ziyalı idi; yazıçı, tərcüməçi, rəssam, heykəltəraş və eyni zamanda uğur qazanmış, tanınmış bir cərrah, ginekoloq idi. Ən başlıcası isə, o, humanist idi. Beləliklə, onun universal bir baxışı tərzi vardı. Buna görə də azərbaycançılıq onun üçün daha çox mədəni müxtəliflik demək idi. Ömrünün son günlərinə qədər yazdı, rəsm çəkdi, tərcümələr etdi və hər anını dəyərli əsərlər yazmaqla dəyərləndirdi.

O vaxtlar Azərbaycan dəmir pərdə arxasında olduğu görə, ailəmizin digər üzvləri ilə Bakıda görüşmək imkanımız olmadı. Ancaq “Glasnost”dan (Aşkarlıq) sonra anam və atam ildə təxminən iki dəfə Azərbaycana gedirdilər. Əslində o dövrdə İstanbuldakı evimiz Bakı-İstanbul xəttindəki bir mədəniyyət evi kimiydi. Niyazi Tağızadə, Zeynəb Xanlarova, Aftandil İsrafilov, Anar, Emin Sabitoğlu … və daha xatırlamadığım bir çox insan..

(Zeynəb Xanlarova, İldeniz Kurtulan və həyat yoldaşı)

-Siz Azərbaycana gəlibsinizmi? Azərbaycan sizin üçün nə məna ifadə edir?

-Keçən il yenidən Bakıya getmək imkanım oldu. Heyran oldum və qürur duydum. Hələ də əlaqə qurduğum qohumlarım var. Mənə atamın nənəsinin evini göstərdilər, həmin an başa düşdüm ki, “mən özüm də bakılıyam”. Bakıya yenidən gedəcəyəm.

(Bu portreti atam özü çəkib)

-Bir az da özünüzdən bəhs edin. Harada yaşayırsınız, nə işlə məşğul olursunuz?

-Xeyli müddət reklam işlərində çalışdım, tərcüməçi oldum. Daha sonra aşbazlıq etdim. İstanbulda restoranlarım oldu, illərlə yemək bişirdim.

2007-ci ildə atamın vəfatından sonra anamla birlikdə İstanbulda qaldıq. İki ildir ki, anamı da itirmişəm. Hələ də İstanbuldayam. Ancaq cənubda kiçik bir torpaq sahəsi almaq, əkib biçmək, torpaqla yaşamaq istəyirəm.

-Atanızda dəyərli arxiv məlumatlarının olduğu qeyd edilir. Siz bu barədə nə deyə bilirsiniz?

-Arxivlə bağlı deyə bilərəm ki, iki il əvvəl, anam hələ sağ ikən Bakıda Bayraq Muzeyi açılacaqdı. Düşünürəm ki, bəzi sənədlər ora təhvil verildi. Məni daha çox maraqlandıran şey ailəmdən mənə ötürülən mədəni irsdir. Geridə də başqa bir şey qalmadı. Əjdərin nəvəsi və İldənizin qızı olduğum üçün qürur duyuram.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

`Atamı dəfn etmək üçün bizə torpaq sahəsi vermədilər` – Cümhuriyyət ordusunun qurucusunun varisi (EKSKLÜZİV-FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Polkovnik İsrafil bəyin erməni üsyanını yatırmaq cəhdləri Qarabağı Azərbaycanın bir hissəsi olaraq saxladı”

“Anamın əmisinin nəvəsi Polşanın prezidenti oldu”

Çingiz İsrafil  – 1942-ci ildə Polşanın paytaxtı Varşava şəhərində doğulub. Türkiyənin mərhum prezidenti Turqut Özalın iqtisadi məsələlər üzrə müşaviri, Türkiyə liberal iqtisadiyyat proqramının müəlliflərindən və icraçılarından olub. Amerika Kolimbiya Univeristetinin məzunudur. 1990–1992-ci illərdə Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə müşavirliyini həyata keçirib.

Qeyd: Atası Hidayət İsrafil Amerikadakı Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndələrindən olub. Əmisi polkovnik İsrafil bəy isə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından biri olub. Bakının erməni-bolşevik işğalından azad olunması uğrunda mübarizədə yaxından iştirak edib. Qarabağda erməni qiyamının yatırılmasında alayı ilə birlikdə vuruşub. Gəncə Üsyanında fəallıq göstərib. Üsyan amansızlıqla yatırıldıqdan sonra İsrafil bəy Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Türkiyə siyasi mühacirət edib, oradan da Avropaya gedib. Polşa Ordusunda polkovnik rütbəsində xidmət edib. SSRİ-ni heç vaxt özünə Vətən saymayan, Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan polkovnik İsrafil bəy döyüşlərin birində əsir düşür, 1945-ci ildə Bakıda güllələnib.

HafizTimes.com Çingiz İsrafil ilə eksklüziv müsahibənin ikinci hissəsini təqdim edir:

(Müsahibənin 1-ci hissəsini buradan oxuya bilərsiniz)

-Polkovnik İsrafil bəy sizin üçün kimdir?
-O, Mehmet Nəbinin nəslindən olan bütün ailəmizin mütləq lideri/rəhbəri idi.

-Polkovnik İsrafil bəyi heç görmüsünüzmü? O necə bir insan olub?
-Əlbəttə onu gördüm. Amma həmin vaxt çox balaca idim. Az xatırlayıram. Atam mənə dedi ki, Polkovnik İsrafil bəydə Çingiz xanın hərbi taktikası adlı iki cildlik kitab vardı və həmişə yanında saxlayırdı. Həmin kitabı oxumadan yatmırdı. Anadan olanda mənə Çingiz xanın adını qoyub.

Polkovnik İsrafil bəy həmişə boynunda gəzdirdiyi kiçik Quran kitabını da mənə vermişdi. Bu onunla bağlı yeganə xatirəmdir. Kiçik metal qabın üzərində şüşə örtük də vardı. Həmin şüşə itmişdi. İmtahanlara gedən zaman boynumdan asırdım.

-Polkovnik İsrafil bəyin ailəsi haqqında bilmək istəyirik. Uşaqları varmı?
-O, heç vaxt evlənməyib.

-Polkovnik İsrafil bəyi bəzən “Yadigar” kimi təqdim edirlər? Bu barədə nə deyə bilərsiniz?
-Yeni əldə etdiyimiz məlumatlara görə, İsrafil Yadigar adlı şəxs Azərbaycan əsilli Gürcüstan vətəndaşı olub. Tiflisdəki Hərbi Akademiyadan məzun olub. Adların oxşarlığına görə hərdən Polkovnik İsrafil bəyi həmin hərbçi ilə qarışdırırlar.

-Ailəniz Amerikaya necə köçdü?

-1950-ci illərin ortalarında Hidayət bəy Paşabahçe Şüşə Fabrikinin (1930-cu illərdə almanlarla əməkdaşlıq nəticəsində qurulan dünyanın ən böyük şüşə istehsalçılarından biri) satıcısı işləyirdi.

Atam qardaşım Nəbi ilə mənim ABŞ-da Kolumbiya Universitetində təhsil almağımızı istəyirdi. Həmin universiteti seçməsi də əbəs deyildi. Atam 1930-cu illərin ortalarında Kolumbiya universitetində birincliklə doktorluq dərəcəsi alan Kasım Gülekə heyran idi. K.Gülek məzun olduqdan sonra Ankarada şəxsən Atatürk tərəfindən qarşılanıb. Həmin vaxt Atatürk onun alnından öpüb. O, Atatürkün təlimatı ilə siyasətə qoşuldu və nəticədə CHP-nin Baş katibi, DSP ilə Dövlət naziri, Baş nazirin müavini oldu. Atamız həmişə K. Gülekdən “Atatürkün alnından öpdüyü qəhrəman” deyərək bəhs edərdi. K. Güleyi bizə örnək göstərərdi. Lakin 1950-ci illərin sonlarında Türkiyə böyük iqtisadi böhrandan əziyyət çəkirdi və atamın artıq bizi Kolumbiya Universitetində oxutmaq üçün maddi imkanları yox idi. ABŞ-a köçmək istəyəndə atamın artıq 59 yaşı vardı, ingilis dilini bilmirdi. Çox az məbləğdə pulla atam ailəsini Nyu-Yorka köçürdü. Bundan sonra atam öz məqsədlərini həyata keçirə bilərdi. Yəni mən və qardaşım Kolumbiya Universitetində təhsil alardıq.

(Hidayət İsrafil)

1988-ci ildə Turqut Özalın müşaviri olduğum zaman Kasım Güləkin iqamətgahında qarşılıqlı görüş üçün nahar yeməyinə dəvət edildim. Həmin vaxt K.Gülek 83 yaşında idi. Siyasətdən uzaqlaşıb təqaüdə çıxmışdı. Onun yayda və qışda soyuq duş qəbul etdiyini hər kəs bilirdi. Evində mərkəzi istilik sistemi istifadə etmirdi. Evi qışda oduğu kimi çox soyuq olurdu. Nahar zamanı bir çox mövzularda xoş söhbətlər etdik. Amma ona olan hörmətimə görə məni bu görüşə dəvət etməsinin dəqiq səbəbini soruşmağa utandım.

Sonra dedi ki, söhbətimizi yaxşı yanan kaminli kitabxanada qəhvə içərək davam etdirək. Qəhvələr gəldikdən sonra bir az isinməyə başladım. K.Gülek isə nəhayət əsas mövzuya keçdi. Məni iki səbəbə görə dəvət etdiyini söylədi: Birincisi, Baş nazir Turqut Özala növbəti prezident seçkilərində özünü namizəd göstərməsini söyləməyimi istədi. Ona dedim ki, məmnuniyyətlə bu istəyini T. Özala çatdıracağam. Amma siyasi məsələlərdə təsirim olmadığı üçün bunun nəticə verəcəyinə şübhə etdim. İkincisi, ABŞ-da yüksək səviyyədə bilik, təcrübə qazanan və onları öz vətənində tətbiq edən biri kimi məni, o zaman Harvard Universitetində oxuyan öz uşaqlarına nümunə göstərdiyini və onlara rəhbərlik etməyimi istədi. Həmin vaxt atam yadıma düşdü, gözlərim yaşla doldu. Çünki ən gözəl anlarımı atam görə bilmədi. Əgər o, həyatda olsaydı həmin vaxt alnımdan öpərdi.

(Turqut Özal və Ayaz Mütəllibovla birlikdə)

-Ailənizin Azərbaycan əsilli olduğunu nə vaxt bildiniz?

-Mən həmişə ailə köklərimizin Azərbaycandan olduğunu bilirdim. Atam mənə əslən Qazaxdan olduğumuzu söyləmişdi. Amma əvvəllər bunun Qazaxıstan olduğunu düşünürdüm. Sonralar Bakıda olanda və Tiflisə gedərkən Qazaxda dayandıq, burada ailəmizlə bağlı mahnıların, aşıq musiqiləri və dastanların olduğunu gördüm.

-Azərbaycandakı ailə üzvlərinizlə əlaqə saxlayırsınızmı?

-Qardaşım və övladlarımdan başqa, ögey qardaşımın uşaqları – Qasım, Oktay və Gazale ilə əlaqə saxlayıram. Həmçinin vəfat etmiş bacımın (ögey) oğlu Habil ilə də əlaqə qururam.

(Hidayət İsrafil toyda – İstanbulda)

-Atanız Hidayət İsrafil haqqında bilmək istərik. Necə bir həyat yaşadı?

-Hidayət İsrafil 1900-cü ildə Gəncədə anadan olub. Anası Begüm xanım seyid (peyğəmbər nəslindəndir) olub. Gəncədə Nizami küçəsində yerləşən evinin bağçasının bir küncündə tarixi bir türbə var. Şəkili sizə göndərirəm.

Atam gimnaziyanı bitirib. Lakin həmin vaxt yaranan qarışıqlığa görə təhsilini davam etdirə bilməyib. Atası Mehmet Nəbi bölgənin “Meşə bəyi”si idi. (bu ünvan ailəmizdə uzun illər qaldı və 1990-cı ildə Gəncəyə ziyarət edərkən öyrəndim ki, atamın qardaşı Fərhad bəy də “Meşə bəyi” olub). Atamın ailəsigil bahar, yay və payızda Yuxarı Seyfəli və Aşağı Seyfəlidə, qış aylarında isə Gəncədə məskən salıblar. Mehmet Nəbi Bəy Gəncədəki ən nüfuzlu ailələrdən birinin lideri idi.  Böyük oğlu İsrafil bəy çar rejimi tərəfindən Moskvadakı Hərbi Akademiyada təhsil almaq üçün Gəncədən seçilən iki gəncdən biri idi.

(Polkovnik İsrafil bəy güllələnməmişdən öncə çəkilib)

Atamın xatirələrindən birini sizinlə bölüşəcəm. Atam 5 yaşında olarkən Mehmet Nəbi bəy öz adamları ilə Yuxarıdan Aşağı Seyfəliyə gedərkən bir qurup erməni tərəfindən pusquya düşüblər. Böyük bir qayanın arxasına sığınıblar və atam həmin vaxt atdan yıxılıb. Bunu görən Mehmet Nəbi bəy atamı xilas etmək üçün tez onun yanına qaçıb. Deyib ki, bizim birinci vəzifəmiz onu xilas etməkdir. Atamın yanına çatan kimi onu qucağına alıb və sol qolunun altında saxlayıb. Fikirləşib ki, birdən güllə atarlar, atama dəysə o, həlak olar. Atamı son ana qədər qorumağa çalışıb. “Ölsək də birlikdə ölərik” deyərək atamı sinəsinin üstünə qaldırıb. Bir neçə dəqiqə sonra atılan güllə onun düz qılıncının üstünə dəyib. Qayanın arxasında təhlükəsiz yerə çatan kimi atamı öpüb. Atam bunu hər zaman xatırlayırdı.

Atamın xatırladığı başqa bir hadisə də vardı. Yeniyetmə yaşlarında olarkən atam Mehmet Nəbi bəy və bir neçə atlı ilə birlikdə səyahət edərkən böyük bir erməni dəstəsi tərəfindən təqib olunublar. Həmin vaxt bir erməni rahib onların həyatını xilas edib. Tövlədə gizləniblər. Həmin rahib Mehmet Nəbinin yaxın dostu olub.

Bolşeviklər hakimiyyətə gələndə bütün ərzaq ehtiyatlarını, atları, mal-qaranı da ələ keçirmişdilər. Götürmədikləri tək şey torpağa basdırılmış soğanlar və hər payızda əhliləşdirilən bir ayğır və dağa-dərəyə qaçmış vəhşi atlar idi. Həmin vaxt Gəncədə qalan evin böyük oğul Hidayət idi.  O, bütün ailənin ehtiyaclarını ödəməli idi. Bir çörək dükanı və eyni zamanda qəssabxana açmaq üçün İrandan iki çörəkçi işə götürdü. Çox uğurlu oldu, pul qazandı. Mənə söyləyərdi ki, “3 atlı araba-troyka ilə gəzirdim”.

(Mehmet Nəbi İsrafil)

Ancaq atası Mehmet Nəbiyə sui-qəsd edildikdən sonra növbəti qurbanın özü olacağını düşünüb və qaçmağa qərar verib. Bir gecə bacısı Gülsümü yanına çağırıb. Paltosunda gizlətdiyi qızıl pullar barədə heç kimə heç nə deməyəcəyi ilə bağlı and içiblər. (Mən onunla 1990-cı ildə görüşəndə çox sevinmişdim. O, mənə bu məlumatı təsdiqlədi) Ertəsi gün səhər heç kimə demədən oranı tərk edib. Geridə isə hamilə arvadı Səkinə və bir yaşında oğlu Sabir qalıb. Mən illər sonra Gəncəyə getdiyim zaman Sabirlə tanış oldum. Bir müddət sonra atamın bir qızı da dünyaya gəlib. Adını Firəngiz qoyublar. O, polkovnik İsrafil bəyin dostu Əhməd Cavadın oğlu Aydınla ailə qurub. Amma mən Gəncəyə getdiyim zaman Firəngiz də vəfat etmişdi. Ancaq onun oğlu Kabil və ailəsi ilə tanış oldum.

Gəncəni tərk etdikdən sonra Hidayət bəy Şimali Qafqaz dağlarını piyada keçərək nəhayət Xəzər dənizinə qədər gedib çatıb. Çox ağır səyahət olub. Oradan Türkmənistana və daha sonra isə İrana gedib. İsfahana gəldikdən sonra bir otel otağı kirayə götürüb. Uzun müddət çimmədiyi üçün hamam axtardığını deyib. Onu mərkəzdəki məscidə aparıblar. Burada hamının bir yerdə yuyunduğu böyük bir hovuzu olan hamama gedib. Durulanmaq üçün pul müqabilində kiçik bir su qabı təmiz su ala biləcəyini deyiblər. Beləliklə o, böyük su qabında təmiz su sifariş verib. Həmin vaxt ətrafdakılar onun pullu olduğunu hiss ediblər. O, otel otağına gedəndə gecə otağa basqın edib bütün qızıl pullarını götürüblər. Nəhayət çox çətinliklə Tehrana gedib. Orada Türkiyə səfiri ilə əlaqə qurub. Səfir ona bütün səyahət sənədlərini təqdim edib. Atamı bir hərbçinin (müfreze) müşayəti ilə at belində Türkiyə sərhədinə aparıblar. Orada olan zaman öyrənib ki, Polkovnik İsrafil bəy Polşadadır. Beləliklə o da Varşavaya gedib qardaşı ilə görüşüb.

1940-cı ildə mənim anam Məryəmlə evlənib. Anamın əmisi oğlunun oğlu Lex Valensa Polşa prezidenti olub.

(Çingiz İsrafilin toyu- 1970-ci il)

İkinci Dünya Müharibəsinin sonunda atam İtaliyadan İstanbula bir qayıqla gedib. Qayıqda olarkən dizlərində deşiklər əmələ gəlib. Nəticədə şalvarını kəsməli olub. 1945-ci ilin payızında qısa şalvarın üzərinə kostyum geyinərək İstanbula gəlib. Bir müddət sonra anamla əlaqə qurub. 1946-cı ilin yayında biz də qatarla İstanbula gəldik. Türk pasportları ilə Türkiyəyə gəlməyimizə baxmayaraq, bizə vətəndaşlıq verilmədi. Məktəbə getmək vaxtı gələndə bizə dedilər ki, yalnız Xarici Vətəndaş Sertifikatı ilə dərslərdə iştirak edə bilərsiniz. Atam bunu qəbul edə bilmədi və Ankaraya getdi. Həmin sertifikatla bağlı Daxili İşlər Naziri ilə görüşüb. Görüş zamanı nazir bizə vətəndaşlıq vermək istəməyəndə atam bu hekayəni ona danışıb: “Bazarda gəzən bir adam qəfildən diqqətini çəkən zəif bir səs eşitdi və dükana girib nə etdiklərini soruşdu. Ona qızıl döydüklərini dedilər.  Bir qədər irəli gedəndə daha yüksək bir səs eşitdi. Gümüş döydüklərini dedilər. Birdən yenə səs eşitdi. Bu dəfə isə mis döydüklərini öyrəndi. Küncə dönəndə çox güclü bir səs onu bürüdü. Soruşduqda ona dəmir döydüklərini söylədilər. Bundan sonra həmin adam üzünü dəmirə tərəf tutub dedi ki, köşədəki qızıl, gümüş və mis səndən daha dəyərlidir, onları da döyürlər. Amma sənin kimi çox şikayətlənmirlər. Halbuki, sən onlardan daha ucuzsan. Dəmir həmin adama cavab verib: Döymə zamanı istifadə olunan bütün çəkiclər dəmirdəndir. Özüm özümü döydüyüm üçün bu qədər ağlayıb, şikayətlənirəm”. Bu hekayədən sonra Nazirlər Kabineti tərəfindən bizə vətəndaşlıq verildi.

(Hidayət İsrafilin sənədi)

ABŞ-a gəldikdən bir neçə il sonra Hidayət bəy ipoteka maliyyələşməsindən istifadə edərək əvvəl əmlak sahəsinə sərmayə qoydu və sonra restoran işinə başladı. Həmin vaxt Hidayət bəy Amerikanın Azərbaycan Türkləri Cəmiyyətinin nəzdində Nyu-York / Nyu-Cersi bölgəsində Azerbaycanlı Mühacirlərin Təşkilatını yaratdı və ilk sədri seçildi.

Üzvlərin çoxu Hidayət bəyin verdiyi fərdi giriş vəsiqələri ilə ABŞ-a gələ bildilər və bir çoxu da Polkovnik İsrafil bəy tərəfindən bolşevik hərbi əsirlərinin sıralarından xilas edilmişdi. Daha sonra Şimali Qafqaz, Ermənistan və Gürcüstan immiqrantları da oxşar cəmiyyətlər qurdular. Və Qafqaz xalqlarının sovet işğalı altındakı acınacaqlı vəziyyətinə diqqət çəkmək üçün siyasi lobbiçiliklə məşğul oldular. Hidayət bəyin ingiliscəsi məhdud olduğundan 1969-cu ildə Prezident Niksonun andiçmə mərasiminə dəvət olundum və bəzi fəaliyyətlərdə də iştirak etdim. İllər sonra Hidayət bəy bəzi üzvlərlə mübahisəyə qarışdı və onlara etiraz olaraq 1970-ci ildə həm sədrlikdən, həm də üzvlükdən istefa verdi.

(Azərbaycan Prezidentinin məsləhətçisi)

Azərbaycan və Şimali Qafqaz cəmiyyətləri öz üzvlərinə dəfn sahələrini 500 dollar müqabilində vermək üçün Nyu-Cersidəki Con F. Kennedi Qəbiristanlığına bitişik ərazinin almaq üçün əməkdaşlıq etmişdilər. Hidayət İsrafil 8 iyul 1972-ci ildə vəfat etdi.  Azərbayan Cəmiyyəti atamı dəfn etmək üçün bizə torpaq sahəsi satmaqdan imtina etdi. Dedilər ki, atam cəmiyyətin üzvlüyündən istefa verib. Çarəsiz qaldığım üçün Şimali Qafqaz Cəmiyyətinin sədri Ramazan bəylə əlaqə saxladım. Dedi ki, “Başımızın üstündə yeri var”  və 500 dolları almaqdan da (israrla) imtina etdi.

(Azərbaycan Təşkilatı, Nyu York toplantısı 1960-cı illərin əvvəlləri (Hidayət bəy, soldan ikinci)

-Hidayət İsrafil bəy heç Azərbaycana qayıtdımı?

-Bolşevik işğalı davam etdiyi müddətdə Azərbaycana qayıda bilmədi. Sovet İttifaqının öz ağırlığına tab gətirmədən dağılacağına inanırdı. Öz vətənlərindən uzaq düşən azərbaycanlıların toyunda hamı vətən həsrəti ilə ağlayırmış. Atam onlara deyib: “Allaha şükür edək ki, Vətəndən uzaqda keçən hər günümüz bizi vətənimizin azadlığına bir gün də yaxınlaşdırır”.

-Hidayət İsrafil və azərbaycanlı dostları Amerikada (Newark) məscid tikdirdilər?

-Atam vəfat edən zaman orada Azərbaycan məscidi yox idi. Onun ölümündən təxminən bir il sonra həmin Cəmiyyət mənimlə əlaqə saxlayaraq Azərbaycan məscidinə töhfə verməyimi istədilər. Həmin vaxt atamın cənazə mərasiminin başqa bir müsəlman icmasının məscidində keçirilməsini xatırladım. Onlara dedim: “Qurucu rəhbərinizə dəfn sahəsi verməkdən imtina etdikdən sonra hansı cəsarətlə məndən kömək istəyirsiniz?” Mən bu töhfədən imtina etdim. “Heç vaxt məscidinizə də, təşkilatınıza da ayaq basmayacam”. Atamın elə dəfnindən sonra ABŞ-dakı azərbaycanlılarla bütün əlaqələrimi kəsdim.

-Sizin ailəniz üçün Azərbaycan nə deməkdir?

-Atam həmişə deyirdi ki, “Allahdan sonra Peyğəmbər gəlir, Peyğəmbərdən sonra ən böyük qardaş gəlir”. Mehmet Nəbi bəyin böyük oğlu Polkovnik İsrafil bəy bütün ömrünü Azərbaycana həsr etdi və onun şərəfi uğrunda ölməyə hazır idi və bütün ailəmizin ən yüksək hörmət və təqdirini qazandı. Mehmet Nəbi bəyin bütün nəsli Polkovnik İsrafil bəyin adını ailəmizin soyadı olaraq qəbul etdi. Hamımız onun adına layiq olmağa çalışırıq. Atam hər zaman yanında gəzdirdiyi gümüş siqaret qutusundan istifadə edirdi. Qutunun ön hissəsinin mərkəzində Azərbaycan bayrağını var. Ətrafında isə onun ailəsinin və Varşavadan olan dostlarının imzaları var. (İsrafilin son iki hərfi yoxdur, Lula isə valideynlərimin bir-birlərini necə çağırdıqlarıdır). Heç vaxt atamın yanında siqaret çəkməsəm də, kolleci bitirdiyim zaman atam həmin qutunu mənə verdi.

(Həmin qutu)

Mən qardaşım M. Nəbiyə Kolumbiya Universitetində təhsilini davam etdirmək üçün kömək edərkən atam “Nəbini mənə ver. Onun bir iş adamı olmasını istəyirəm”- dedi. Atama cavab verdim ki, Nəbi əvvəlcə təhsilini başa vurmalıdır. Geologiya diplomu ilə məzun olduqdan sonra qardaşım Beyrutdakı Amerika Universitetinə yüksək dərəcə ilə daxil oldu. Amma Livandakı vətəndaş müharibə nəticəsində təhsilini yarımçıq qoydu. Və “Manhattan Arts & Antiques Center”də bir mağaza açaraq antik əşyalarla məşğul oldu. Manhettinin 57-ci küçəsində prestijli bir yerdir. Həm də samovarlar haqqında bir kitab yazdı. Atam bunu da görmədi. Amma onun arzusu həyata keçdi.

(Mehmet Nəbinin mağazası)

-Azərbaycan ailəmizin Vətənidir. Xalqımızın rifahına töhfə vermək üçün əlimdən gələni etdim, amma ehtiyac duyulan daha çox şeylər edəcəyim bir vaxtda Elçibəy tərəfindən qarşısı alındı.

-Əmim Polkovnik İsrafil bəyin Qarabağda erməni üsyanını yatırmaq cəhdləri Qarabağı Azərbaycanın bir hissəsi olaraq saxladı. Tam bir əsr sonra qəhrəman Azərbaycan əsgərləri güclü və mahir rəhbərlik altında Qarabağı işğaldan azad etdi və 30 illik ədalətsizliyə son qoydular.  İnamınızı itirməyin və bacardığınız qədər çox çalışmağa davam edin – Ən yaxşısı hələ gələcək.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar