Bizimlə əlaqə

Müsahibə

“Dərman qutusundan üzüyü çıxarıb diz çökdü”-Marqaret Tetçerin əczaçı nəvəsi: “Azərbaycanı görmək istərik” (EKSKLÜZİV)

Yayımlandı

da

“Mark Tetçer də mənim kimi birinci həyat yoldaşından boşanmışdı. Onun iki, mənim isə bir övladım vardı…”

“Marqaret Tetçerin gəlini olmaq böyük məsuliyyət tələb edir”

“İtləri çox sevirəm. Euronu əzizləyirəm”

Marqaret Tetçer — Böyük Britaniyalı mərhum siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət baş nazir olmuş şəxs. 1979-cu ildə Böyük Britaniyanın birinci qadın baş naziri olub. O, 19-cu əsrin əvvəllərindən bəri Böyük Britaniya tarixində hökumətə ən uzun müddət rəhbərlik edən şəxs olub. Marqaret Tetçer üç dəfə bu vəzifənin sahibi olub. Ölkə tarixində 1827-ci ildən bəri belə bir göstəriciyə malik ikinci qadın adı mövcud deyil. Xanım Tetçer eyni zamanda, Avropanın ilk qadın baş naziri kimi də tarixə düşüb. O, 1979-cu ildən 1990-cı ilədək yüksək vəzifədə çalışıb.  “Dəmir ledi” kimi tanınan Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer  2013-cü il aprelin 8-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. İki övladı var: Mark və Karol Tetçer.

        Marqaret Tetçerin oğlu Mark Tetçer və həyat yoldaşı Sarah Tetçer

Hafiztimes.com dünyanın ən nüfuzlu mətbuat orqanlarının uzun illərdir ki, axtarıb tapa bilmədikləri Tetçer ailəsindən eksklüziv müsahibə götürüb. Marqaret Tetçerin yeganə oğul nəvəsi Mikayıl Tetçer, gəlini Sarah Tetçer, Kortni Tetçer əfsanəvi xanım siyasətçinin ailəsi ilə bağlı mühüm məqamları açıqlayıblar. Hafiztimes.com  Tetçer ailəsinin indiyə qədər heç bir mətbuat orqanında yayımlanmayan fotolarını da  oxuyucularına özəl olaraq təqdim etmək şansına sahib olub.

Mikayıl Tetçer – Marqaret Tetçerin yeganə oğul nəvəsidir. O, Mark Tetçerin övladıdır.

-Sizin həyatınız, fəaliyyətiniz uzun illərdir ki, tam gizli saxlanılır. Biz sizi yaxından tanımaq istərdik. Harada yaşayırsınız, nə işlə məşğul olursunuz?

-Dallasda dünyaya  gəlmişəm. Uşaqlıq illərim Cənubi Afrika Respublikasında Keyp şəhərində keçib. Daha sonra Highland Park Liseyində təhsil almışam. Texasdakı A&M Kollecində kimya üzrə bakalavr təhsili almışam. Amarillodakı Əczaçılıq məktəbini bitimişəm.

2017-ci ildə məzun olduqdan sonra sinif yoldaşım ilə ailə həyatı qurdum. Hazırda Vaco şəhərində həyat yodaşım, 3 pişiyimizlə birlikdə yaşayırıq. Dallasda məşhur dərman əczaxanasında çalışıram. Əczaçıyam.

-Niyə məhz əczaçılıq ? Bu sənəti seçməkdə məqsədiniz nədir?

-Əczaçılıq sahəsində ən böyük məqsədim xəstələrin dərmanlardan istifadə etmələləri prossesini asanlaşdırmaqdır. Onlara şəxsi sağlamlıqlarının qeydinə qalmalarının vacibliyini aşılayıram.

-İllər öncə futbolçu olduğunuz haqqında məlumatlar dərc olunmuşdu…Başqa hansı fəaliyyətlərlə məşğul olursunuz?

-Futbolla  da məşğul oluram. Deyilənə görə yaxşı qapıçıyam. Həmçinin həvəskar formada  gitarada ifa etməyi sevirəm. Taxta üstü oyunlarla da maraqlanıram.

-Marqaret Tetçer sizin üçün kim olub?

-Hər zaman qürur duyduğum bir şəxsiyyət olub. Tetçer soyadını daşımaq, onun ailəsinin bir üzvü olmaq mənə xoşbəxtlik, qürur və məsuliyyət gətirir.

-Sizin şəxsi həyatınızla bağlı indiyə qədər heç bir mətbuat orqanında məlumatlar dərc olunmayıb. Sonuncu dəfə nənəniz Marqaret Tetçerin dəfn mərasimində (2013) iştirakınızla bağlı xəbər yayılıb. Bu barədə bilmək istərdik…

-Mən ötən il  Kortni adlı bir xanımla ailə həyatı qurdum. O, mənim sinif yoldaşım olub. Bir yerdə təhsil almışıq. Bu barədə Kotni daha yaxşı məlumat verə bilər…

Kortni Tetçer “Dəmir Ledi”nin  yeganə oğul nəvəsi Mikayıl Tetçerlə necə tanış olub, ailə həyatı qurmaları barədə bütün məqamları eksklüziv  olaraq HafizTimes.com-a açıqlayıb:

-Mikayıl və mən Texasda Amarillodakı Əczaçılıq məktəbinin yeməkxanasında yemək gözləyərəkən tanış olduq. Hər ikimiz subay və yalnız idik. Bu aramızda inanılmaz dərədəcə yaxşı dostluğun qurulmasına şərait yaratdı. Mikayılla futbol, voleybol meydançlarında xeyli vaxt keçirdik.Oyunlar oynadıq, yeni kəşflər etdik.

Təhsil ilinin sonuna yaxın dostlarımız bizdən münasibətimiz barədə soruşmağa başladılar. Çox təəccübləndim. Çünki mən Mikayıla olan diqqətimi həmişə gizlətməyə çalışırdım. Sonra isə aramızda plotonik münasibətlərin yarandığını dostlarımıza açıqladıq və ikimiz də rahatlamağa başladıq.

3 həftəlik qış tətilmizdə hər gün görüşdük, əlaqə saxladıq. Dallasda , Austində bir-birimizlə xeyli vaxt keçirdik. Bu zaman Mikayılın mənim həyatımda necə bir önəm daşıdığını anladım.

İkinci semestrdə oxuyarkən biz ilk dəfə öpüşdük.  Daha sonra isə bir tarixi yaşamağa başladıq. O vaxtdan bəri bir-birimizdən ayrılmadıq, bütün zamanımızı birlikdə keçirməyə başladıq, həyatlarımızı bütünləşdirmək istiqamətində addımlar atdıq. Anladıq ki, birlikdə yola çıxmaq daha əyləncəli və rahat olur. Hər şey möhtəşəm idi.

 

“Dərman qutusundakı üzüyü çıxarıb,qarşımda diz çökdü…”

– Mikayıl Tetçer sizə necə evlənmə təklif etdi?

-Bir gün Mikayılla mən yenə də məktəbdə günorta yeməyinə getdik. O, məndən soruşdu ki, sabah Dallasdakı sənət muzeyinə gedə bilərik? Səhər yenidən görüşdük. Mikayılın düyməli köynək geyinməsi diqqətimi çəkdi. Muzeyə gedəcəyimiz üçün belə geyindiyi dedi. Muzeydən sonra biz birlikdə İngiltərə Primer Liginin futbol maçını izlədik. Daha sonra şəhərdəki ən sevdiyimiz restoranda yemək yedik.  Birdən yolda Mikayıl dedi ki, əczanədən  təcili bir resept götürməlidir. O , aptekdən dərman aldı. Hər şey normal idi.

Daha sonra maşına tərəf getdik. Mikayıl resept çantasını açtı və dayandı. Dedi ki, “bu resept mənim deyil, öz əczanəm mənə yalnış resept verib”. Birdən gözüm dərman qabına sataşdı. Orada mənim adım yazırdı.

Mikayıl dərman qabının ağızını açdı. Mənə nəsə təklif edəcəkdi. O, dizi üstə çökdü, dərman qabının içindən möhtəşəm bir üzük çıxardı və mənə evlənmə təklif etdi. Həyatımın ən özəl və xoşbəxt anlarını yaşayırdım. Bir neçə gün sonra ailə həyatı qurduq. İndi çox xoşbəxtik.

Marqaret Tetçerin gəlini Sarah Tetçer də fikirlərini eksklüziv olaraq  HafizTimes.com-la bölüşüb.

Sarah Tetçer – Marqaret Tetçerin oğlu Mark Tetçerin hazırkı həyat yoldaşı. 2008-ci ildə ailə həyatı qurublar. Mark Tetçer birinci həyat yoldaşı Dianadan boşanıb və Sarah xanımla ailə həyatı qurub. Mark Tetçerin birinci həyat yoldaşından olan övladları: Mikayıl və Amanda Tetçer. Diana xanım isə hazırda multi-milyoner bir biznesmenlə ailə həyatı qurub.

-Azərbaycan barədə nələr bilirsiniz?

-Heç vaxt Azərbaycanda olmamışıq. Oraları gedib görmək istərdik. Bizimlə maraqlandığınız üçün sizə təşəkkür edirik.

                     “Hər ikimiz boşanmışdıq, yalnız idik…”

-Necə oldu ki, Tetçer ailəsinin gəlini oldunuz?

-Mən də  Mark Tetçer kimi həyat yoldaşımdan boşanmışdım. İkimiz də subay idik. Onun iki övladı vardı: Mikayıl və Amanda. Mənim də birinci nikahımdan bir oğlum vardı: Henri… Biz tanış olduq, bir-birimizi sevdik və ailə həyatı qurduq. İndi çox xoşbəxtik. Bu yaxınlarda evliliyimizin 13 ilini qeyd etdik.

-Henrinin Mikayıl və Amanda ilə münasibəti necədir?(Ögey bacı-qardaşları)

-Onlar bir-birini çox sevirlər. Buna görə də biz çox xoşbəxt oluruq. Henri həmişə Amanda və Mikayılla əlaqə saxlayır, onlar tez-tez görüşürlər.

-Henri sizinlə yaşayır?

-Bir neçə ay öncə Henrinin 18 yaşı tamam oldu. Hamımız onun doğum günü tədbirində idik. Bəzən onun uşaqlıq şəkillərinə baxıram. Onun böyüməsini gördükcə qürurlanıram. Mən hər zaman onun yanındayam. Mark da Henrini çox sevir.

-Mark Tetcer necə bir insan, həyat yoldaşıdır? Hansı işlə məşğul olur?

-Mark bizneslə məşğul olur. O, ailəsinə, övladlarına qarşı çox diqqətcil, qayğıkeşdir. Onu sevirəm.

-Marqet Tetçerin gəlini olmaq sizə nələr bəxş edib?

-Hər zaman, bütün addımlarımda böyük məsuliyyət duyuram. O, heç vaxt unudulmayacaq əfsanəvi bir qadın olub. Mənim üçün böyük xoşbəxtlik və qürurdur ki, bu gün onunla eyni soyadı daşıyıram, Tetçer ailəsinin bir üzvüyəm.

-Bildiyimiz qədəri heyvanlara qarşı xüsusi qayğı göstərirsiniz…

-Ötən il Teddim (it) öldü. Ona çox bağlı idim. Hələ də onu unuda bilmirəm. Onun ölümündən sonra çox stress yaşadım. İtləri çox sevirəm. İndi Euronu (it) əzizləyirik…

-Sonda oxuyucularımıza nə demək istərdiniz?

-Hər kəsə salam göndəririk. Bizə göstərdiyiniz sevgi və diqqətə görə xüsusi ilə sizə təşəkkür edirik!

                     Marqaret Tetçerin nəvəsi Amanda Tetçer

 

 

Hafiz Əhmədov

Müsahibə

“Anam Azərbaycan dilində danışır”– M.F.Axundzadənin Yaponiyadakı varisi ilə EKSKLÜZİV MÜSAHİBƏ (FOTO)

Yayımlandı

da

Tərəfindən

“Babam ateist olsa da mən düşünürəm ki, insanlar hər zaman dinə bağlı olurlar”

“Mirzə Fətəli Axundzadə insanları “qutunun kənarında” düşünməyə məcbur edirdi”

“Azərbaycan çox zəngin mədəniyyətə sahibdir”

Mirzə Fətəli Axundzadə  – Azərbaycanın böyük mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi. Bütün həyatı boyu doğma vətəninin, xalqının tərəqqisi yolunda yorulmadan çalışıb, yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edib. Zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açıb. 1812-ci ildə Şəkidə anadan olub. 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. Mirzə Şəfi Vazeh ilə Gəncədəki görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərib. Şərqdə ilk dəfə dram janrında əsərlər yaradıb. “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası 1859-cu ildə Tiflisdə nəşr edilib.

1842-ci ildə Tubu xanımla evlənib. 13 övladı olub. Amma onlardan yalnız ikisi – oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşayıb, qalanları isə erkən yaşlarında dünyalarını dəyişib. M.F.Axundzadə 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat edib və Tiflisdə dəfn olunub.

 

Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com böyük mütəfəkkir, görkəmli ictimai xadim, maarifçi Mirzə Fətəli Axundzadənin Amerika, Yaponiyada yaşayan yeganə varislərini tapıb, həmsöhbət olub. M.F.Axundzadənin nəticəsi Pəri Pezeşkinin oğlu Parsi Parsinejad eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox önəmli məqamdan söhbət açıb,  ilk dəfə olaraq Azərbaycan, Bakı ilə bağlı fikirlərini ifadə edib:

 Parsi Parsinejad: “Valideynlərimin tanış olduğu London şəhərində dünyaya gəlmişəm. Kaliforniya Dövlət Universitetinin məzunuyam. Marylanddakı Johns Hopkins Universitetindən MBA dərəcəsi almışam”.

-Necə bir ailədə böyüyübsünüz? Uşaqlıq illərinizi necə xatırlayırsınız? Görkəmli şəxsiyyət M.F. Axundzadənin varisi olduğunuzu ilk dəfə nə vaxt öyrəndiniz?

-Yaponiyanın paytaxtı Tokioda böyüdüm. Çox gözəl bir uşaqlıq illəri keçirdim. ASIJ- beynəlxalq məktəbdə təhsil aldım. Yaponların arasında böyümək fərqliydi. Orda çox az sayda qeyri-yapon milləti yaşayırdı. Amma məktəbdə özümü çox rahat hiss edirdim. Orta məktəbdə oxuyan zaman müəllimlərim ailə köklərimizlə bağlı bir layihə hazırlamaq tapşırığını verdilər.

“Etiraf edim ki, həmin vaxta qədər babamın böyük, məşhur bir şəxsiyyət olması barədə heç nə bilmirdim”.

Təbii ki, belə bir uğurlu işlərə imza atmış, tarixi önəm daşıyan bir filosof, yazar və müasir ədəbi təndiqin banisinin nəslindən olmağımla qürur duyuram.

-Sizin ananız Pəri xanım M.F.Axundzadənin doğma nəticəsidir. Ailənizlə bağlı məlumat verin. Atanız İraj Parsinejad Tokio Universitetində M.F.Axundzadənin yaradıcılığını tədris edir?

-Anam Pəri xanım Mirzə Fətəli Axundzadənin nəticəsidir.  Təsadüfən mənim atamın da universitetdəki elmi işi “Mirzə Fətəli Axundzadə və onun gördüyü işlər” ilə bağlı olmuşdu. Təhsilə dəyər verən bir ailədə böyüdüm. Onlarla birlikdə bir çox ölkəyə səyahət etdiyim üçün çox şanslıydım.

-Mirzə Fətəli Axundzadə kimi görkəmli bir şəxsiyyətin ailə üzvü olmaq necə bir hissdir? Mirzə Fətəli Axundzadənin adı sizin həyatınıza necə təsir edib?

-Bu qədər hörmətli və uğurlu bir ailədən olduğum üçün qürur duyuram.  “Mirzə Fətəli Axundzadə” adı və gördüyü işlər tamamilə həyatımı daha da zənginləşdirir. Ailəmizdə anam tərəfə dayım, xalalarıma çox bağlıyam. Uşaq olarkən azərbaycanlı qohumlarımla tanış olduğum üçün  özümü çox şanslı hesab edirdim.

-Mirzə Fətəli Axundzadə haqqında sizin fikirlərinizi bilmək istərik. Mirzə Fətəli Axundzadə sizin üçün kim olub?

-Mirzə Fətəli Axundzadə sözün əsl  mənasında azad düşüncəli, ziyalı idi. O, bütün cəsarəti ilə status-kvoya  etiraz etdi.

-Valideynləriniz Mirzə Fətəli Axundzadənin həyatı barəsində sizə nələr danışıblar? Mirzə Fətəli Axundzadənin dünyada təbliği ilə bağlı gördüyünüz uğurlu işlər barəsində məlumat verin.

-Bəli, az da olsa xatırlayıram ki, anam və atamı Mirzə Fətəli Axundzadənin xatirəsinə həsr olunmuş tədbirə dəvət etmişdilər.

Atamın  müasir ədəbi tənqidin banisi kimi Mirzə Fətəli Axundzadənin rolunu tez-tez vurğuladığını yaxşı xatırlayıram. Bu həm də atamın universitetdəki elmi işi idi. Atam ingilis və fars dillərində “İranda ədəbi tənqidin tarixi” (1866-1951) və Mirzə Fətəli Axundzadə haqqında bir kitab yazmışdır.

-Siz Mirzə Fətəli Axundzadəni necə təsvir edərsiniz?

-Mirzə Fətəli Axundzadəni insanları “qutunun kənarında” düşünməyə məcbur edən  və ənənəviliyə meydan oxumaq istəyən bir insan kimi təsvir edərdim.

-Mirzə Fətəli Axundzadənin hansı əsərlərini oxuyubsunuz? Onun yaradıcılığı barədə nə düşünürsünüz?

-Bəli, mən Mirzə Fətəli Axundzadənin “Təmsilat (6 pyes , 1 Qısa Hekayəsi)”ni tam oxudum və həmin dövrdə farsların necə düşündükləri barədə çox şey öyrəndim…

-Mirzə Fətəli Axundzadənin ateist olması barədə nə düşünürsünüz? Dinlə bağlı sizin düşüncəniz necədir?

-Bəli, onun ateist olduğunu bilirəm. Mən düşünürəm ki, insanlar hər zaman ən azından bir formada dinə bağlıdırlar.

-Mirzə Fətəli Axundzadənin necə xatırlanmasını istərdiniz?

-Mən Mirzə Fətəli Axundzadəni hər zaman ağıl və rasional  düşüncəni dəstəkləyən bir insan kimi xatırlamaq istəyirəm.

-Sizin işinizlə bağlı bilmək istərdik. Karyeranızda indiyə qədərki  ən böyük uğurunuz nə olub?

-Mən rəqəmsal sağlamlıq/səhiyyə texnologiyası üzrə çalışıram. İnsanların sağlamlıqla bağlı məlumatları əldə etməsi, toplaması və paylaşmağına yardım edən  “Seqster” adlı bir şirkətlə əməkdaşlıq edirəm. (Seek-ster).  Ən böyük nailiyyətim isə Johns Hopkinsdən  məzun olmağımdır. Çünki on il həmin universitetdən uzaq düşdükdən sonra məzun  olmuşam.

-Yeni layihələriniz, hədəfiniz barədə bilmək istərdik. .

-Şirkətdəki bugünkü işim sağlamlıq xidmətini daha da yaxşılaşdırmaqla bağlı texnologiyamızı komersiyalaşdırmaqdır. Mənim həyatdakı əsas hədəfim peşamlıq duymadan tamamlanacaq bir ömür yaşamaqdır.  Həmçinin mümkün qədər səyahətlər etmək,  müxtəlif mədəniyyətlərlə tanış olmaq istəyirəm.

   (Mirzə Fətəli Axundzadənin yazı masası)

-Sizin üçün uğur qazanmağın şərtləri nədir? Gənclərə bununla bağlı hansı məsləhəti verərsiniz?

-Məqsədinizə bağlı, israrcı, empatiya quran, cəsur və güclü olun. Hədəflərinizə çatmaq üçün çox çalışın. Özünüzə inanın və sonda daha yaxşı şeylər olacaq. Həyatda bir çox insan sizi sorğulayacaq, ittiham edəcək. Nə baş verirsə baş versin siz heç vaxt potensialınıza olan inancınızı itirməyin.

 

-Azərbaycana səfər etmisinizmi? Azərbaycan sizin ailə üçün nə məna ifadə edir?

 -Düşünürəm ki, Azərbaycan çox zəngin mədəniyyətə sahib, gözəl bir ölkədir.  Təəssüf ki, hələ oranı ziyarət etmək kimi bir şansım olmayıb.

Ancaq mən həmişə, hər yerdə mədəniyyət və dilin ailəm üçün nə dərəcədə mühüm olduğunu hiss etmişəm. Mənim anam Azərbaycan dilində danışır.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Azərbaycanı görmək istəyirəm”– Çarli Çaplinin nəvəsi ilə EKSKLÜZİV MÜSAHİBƏ (FOTO)

Yayımlandı

da

Tərəfindən

“Babamı insanlıqla bağlı mesajlarına görə məhv etmək istəyirdilər”

“Gülüş eyni zamanda diktatorlara və dini ekstremistlərə qarşı güclü bir silahdır”

“Babam ən çətin günlərdə dünyanı gülümsətməyi bacardı!”

 Laura Çaplin – Məşhur rəssam, dizayner. 1987-ci ildə İsveçrənin Vevey şəhərində anadan olub. London/Lozannada təhsil alıb. Dünyanın bir çox ölkələrində incəsənət sərgiləri təşkil olunur. Əfsanəvi aktyor,  rejissor  Çarli Çaplinin  nəvəsidir.

Laura Çaplin  HafizTimes.com-a eksklüziv müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məqamlardan söhbət açıb, həmçinin  Azərbaycanla bağlı sevgisini də ifadə edib.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız?  Dünyanın ən məşhur aktyoru Çarli Çaplinin nəvəsi kimi necə böyüdünüz?

-Mənim sehirli uşaqlıq illərim babamın sonuncu evində keçib. Həmin ev bu gün Çaplinin muzeyi kimi fəaliyyət göstərir. Heyvanlarla həyətdə  oynayırdım. Hələ o zamanlardan bəri rəsm çəkməyi də çox sevirdim. Çox sadə, sevgi və gülüş səsləri içərisində böyüdüm. Bu mənim üçün bir şans idi. Babamın bütün nailiyyətləri ilə qürur duyuram.

-Siz dünyada Çarli Çaplinin ailəsini təmsil edirsiniz. Çarli Çaplinin nəvəsi olmaq necə bir hissdir? Bunun hansı faydaları, çətinlikləri var?

-Babamın vəfatından 10 il sonra dünyaya gəlmişəm. Babamı görə bilməsəm də həmişə onunla qürur duymuşam. Onun varlığı daimidir. Hər dəfə məni ruhlanıdırır.  Belə bir mirasa sahib olmaq bəzən səbəbsiz ittihamlar gətirə bilir. Amma mən digər insanların nə düşündüklərinə fikir vermirəm. Qəlbimin  səsini dinləyirəm və məni xoşbəxt edən işlər görürəm.

-Babanız haqqında fikirlərinizi bilmək istərik. Çarli Çaplin sizin üçün kim olub?

-O, bir dahi, mükəmməlik tərəfdarı və böyük şöhrət sahibidir! Babam ən çətin günlərdə dünyanı gülümsətməyi bacarıb! Sülh və xoşbəxtlik bəxş etmək istəyən bir hümanist idi! O, hər kəsin başa düşə biləcəyi bir dildə danışıb…

-Atanız Çarli Çaplin haqqında sizə nələr danışardı? Çarli Çaplin evdə, ata kimi necə olub? Atanız onu necə təsvir edirdi?

-Babam çox təvəzökar bir insan olub. Sual vermədikcə heç kimə heç nə deməzdi. İş yerində çox ciddi bir adam idi. Boş vaxtlarında klounluq edirmiş. O, səhər və günorta yeməyini yaxın dostları, ailəsi ilə  paylaşmaqdan zövq alıb. Nənəm və babamın gözəl bir sevgi hekayələri olub. Onların sevgisi hər zaman heyranlıq doğurub.

-Çarlı Çaplin niyə “Osqar” mükafatına layiq görülməyib? Onun düşmənləri kimlər idi?

-Babam gördüyü işlərə görə bir çox mükafatlara layiq görülüb. Çox təəssüf ki,  insanlıqla bağlı mesajlarına görə bir çoxları onu məhv etmək istəyirdi.

-Çarli Çaplindən nə miras qalıb?

-O, kimsədən  nəs’ almağa meyilli deyildi, sadəcə mədəsinin toxluğuna fikir verirdi.

-Babanınız heç vaxt unutmayacağınız  məsləhəti  nədir?

-Onun heç vaxt unutmayacağım fikri budur: “Gülüşsüz bir gün,  boş bir gündür”

-Babanızın ən çox hansı filmlərini sevirsiniz? Babanızın həyatını çətinləşdirən “Böyük Diktator” filmi haqqında nə düşünürsünüz? Bu film sizin həyatınıza necə təsir etdi?

-Onun sevdiyim filmləri fərqli səbəblərə görə dəyişir. Filmlər arasından birinin adını çəkmək çox çətindir. “Şəhər işiqları” filmini sevgi hekayəsinə, “Müasir zamanlar” filmini insanlığa verdiyi mesaja, “Uşaqlar” filmini emosional təsirinə görə sevirəm. “Sirk” isə uşaqlıq illərimin filmidir.

“Böyük Diktator” filmi isə çox güclü mesaj verir.

-Atanız Çarli Çaplinin ölümü haqqında sizə nə danışıb? Babanızın tabutunu niyə oğurlayıblar? Babanızın tabutunu miqrantların oğurladığı qeyd olunur. Bu barədə nə deyə birləsiniz?

-Babamın tabutunu pula görə oğurlayıblar… Bu barədə artıq heç bir fikrim yoxdur.

-Çarli Çaplinin necə xatırlanmasını istərdiniz? 

-Babam həmişə işləri, sənəti və uğurları ilə xatırlanacaq. Film sənayesinə böyük bir fayda verib. Dünyaya verdiyi güclü mesajları ilə xatırlanacaq!

-Çarli Çaplinin uğur sirri nə olub? 

-Məncə onun uğur sirri gördüyü işlərə çox bağlı olması idi. O, gördüyü  bütün işlərini çox sevirdi!

-Babanızın filmindəki bir mahnını Maykl Cekson da ifa edib. Maykl Ceksonla necə münasibətiniz vardı?

-Maykl Cekson yaxşı bir dost, ürəyi təmiz  bir insan idi! Maykl  ilə ilk dəfə həyətimizə helikopterlə enən zaman tanış olmuşam.

-İşiniz haqqında məlumat verin. Babanız sənət seçiminizə necə təsir edib? Rəsimlər çəkmək üçün nədən ilham alırsınız?

-Üç əsas  mövzu ətrafında rəsmlər çəkməyi sevirəm: Çarli Çaplin, xanımlar və atlar. Mən sevdiyim şeylərin  nə demək istədiyini boyayaraq təsvir etməyi sevirəm. Rəsm əsərlərimlə müsbət hisslər oyatmaq istəyirəm. Mən müəyyən bir mövzuya üstünlük vermirəm. Arzularımı, həyatımda keçirdiyim duyğuları təmsil edən  bir rəsm əsərləri yaratmaq üçün  azad düşüncəm olmasının tərəfdarıyam. Bu mənim şəxsiyyətimi təmsil edir!

Qeyri-adi bir sənətkarın nəvəsi olmaq yalnız mənim dünyamı deyil, çox sayda insanları  dəyişib. O, tariximizə həkk olunub. Və onu heç vaxt unutmayacaq tək şəxs mən deyiləm. O, mənə çox ilham verir. O, bir dahi idi. Öz qərarlılığı və yaxşı ürəyi ilə çox şeyləri dəyişib. Onlar bu gün də mövcuddur.

Babamla şəxsən tanış olmaq şansım olmasa da hər zaman qəlbimdə müxtəlif ritmlərlə varlığını qoruyur. Onun portretini çəkmək həmişə aramızda mövcud olan  bağı mənə yenidən yaşadır. Onun ən böyük qorxusu unudulmaq idi. Onu yaşatmaq mənim sənətim üçün bir şərəfdir. Babama heyranam.

Xatırladığımdan bəri onun rəsimlərini çəkməyi çox sevirəm. Babamın rəsimlərini çəkmək mənə onunla yenidən əlaqə qurmaq kimi bir şans təqdim edir. Bunu ifadə etmək, kəşf etməkdən böyük zövq alıram. Bu yalnız mənə məxsus olan bir zövqdür!

-Karyeranızda indiyə qədərki ən böyük uğur nə olub?Rəsm çəkmək sahəsində  uğur qazanmağın əsas şərtləri nədir?

-Ən böyük uğurum sevdiyim işlə, yaradıcılıqla  məşğul olmaq, sənət əsərlərində insanların duyğularını, hisslərini əks etdirməkdir. Başqalarına müsbət enerji vermək!

Bütün yaradıcılığımı ömür boyu kətan üzərinə tökmək mənim üçün uğurdur.  Tələb olunan bacarıqlar bunlardır: Qətiyyət, səbr, özünə güvən, sevdiyiniz və hisslərinizə uyğun bir iş !

-Gülüş, yumor sizin üçün nə məna ifadə edir?

-Gülüş mənim üçün böyük məna kəsb edir. Mənim qlobal rifahım üçün çox önəmlidir.

-Gülməklə bağlı insanlara hansı məsləhəti verərsiniz?

-İnsanlara gülüşlə bağlı verə biləcəyim tək məsləhətim budur ki, gülüşlərinizi mümkün qədər paylaşın. Bütün gülümsəmələr gözəldir və  hər birinin öz dili var. Sizi xoşbəxt edən şeylərlə özünüzü əhatələyin.

“Gülüş eyni zamanda diktatorlara və dini ekstremistlərə qarşı güclü bir silahdır”  fikrinizi necə izah edərsiniz?

-İdarə etməyi sevən insanlar çox təəssüf ki, ifadə azadlığını sevmirlər!

-Yeni layihələriniz, hədəflərinizlə bağlı məlumat verin.

-Hazırda çoxlu rəsimlər üzərində çalışıram. London və Yaponiyada sərgimin açılışına hazırlaşıram. Həmçinin hazırda uşaqlar üçün kitab da yazıram. Həyatdakı tək hədəfim bütün sahələrdə yaradıcı olmağa davam etmək və hər dəqiqədən zövq almaqdır.

-Bakı, Azərbaycan haqqında düşüncələrinizi bilmək istərdik. Heç Azərbaycana gəlibsinizmi?

-Heç vaxt Azərbaycanda olmamışam. Bəzən Bakını ziyarət etməyi çox istəyirəm. Mədəniyyəti, tarixi çox gözəldir!

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Atamın bədənindəki zəhər torpağa yayılmışdı”-Turqut Özalın oğlu: “Azərbaycandakılara demək istəyirəm ki,”(EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

Tevfik Əhməd Özal – Türkiyənin keçmiş prezidenti və baş naziri, mərhum Turqut Özalın oğlu.  1955-ci ildə Ankarada dünyaya gəlib. Çankayada ilk təhsilini alıb. Daha sonra Amerikada liseydə təhsilini davam etdirib.  ABŞ-da Şimali Karolina Dövlət Universitetinin məzunu olub. 1979-cu ildə iş həyatına başlayıb. Bir müddət bank sahəsində fəaliyyət göstərib. 1983-cü ildə Türkiyəyə qayıdıb. 1989-cu ildə Türkiyənin ilk özəl televiziya kanalını qurub. 1999-cu ildə Malatya bölgəsindən millət vəkili seçilib. Daha sonra bir neçə siyasi partiyanın əsasını qoyub. Bir müddət öncə isə siyasətdən uzaqlaşdığını açıqlayıb.

Türkiyənin keçmiş prezidenti mərhum Turqut Özalın oğlu Əhməd Özal  HafizTimes.com-a eksklüziv müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məqamlara aydınlıq gətirib. Əhməd Özal ilk dəfə olaraq atasının ölümü ilə bağlı illərdir ki, gizli saxlanılan  faktlardan da söhbət açıb. Türkiyənin keçmiş prezidentinin oğlu müsahibə zamanı Azərbaycanla bağlı fikirlərini də ifadə edib:

-Türkiyənin keçmiş prezidenti, mərhum Turqut Özalın oğlu necə bir həyat  yaşayır, hansı işlə məşğul olur? Həyatınızla bağlı danışarkən daha çox hansı məqamları vurğulamaq istərdiniz?

-Atamın Baş nazir, Prezident olduğu vaxtlarda və yaxud da bu gün mənim həyatım heç dəyişmədi. Hər zaman olduğu kimi üç otaqlı sadə bir bina evində yaşayıram. Ailəmiz üçün bir avtomobilimiz var. O da ki, standart bir Tayota markalı avtomobildir. Həmişə xaricdə bir iş qurmağa çalışdım. Türkiyədə atamın vaxtlarında və yaxud da bu gün heç vaxt dövlət ilə çalışmadım. Heç vaxt dövlət tenderlərində iştirak etmədim. Yəni ki, Allaha şükür olsun ki, dövlətdən bir qəpik də olsa cibimə girməyib. Vurğulamaq istədiyim ən vacib məqam budur ki, vəzifələr, mövqelər hamısı gəlib-keçəndir. Və heç vaxt bu yalan həyata öyrəşmək doğru deyil. Kiminsə özünü başqa birindən daha üstün görməsi düzgün deyil.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Atanızın ölümündən sonra həyatınızda nələr dəyişdi?

-Uşaqlıq illərim çox gözəl keçdi.  Xoşbəxt bir ailədə, ata-anamızın sevgisi ilə böyüdük. Atam dövlət işçisi idi. Maaşı çox olmasa da bərəkətli idi. Bizə hər zaman kifayət edirdi.

Həyatımdakı tək dəyişiklik bu idi ki, artıq atam yox idi. Atam həyatda ikən yanımızda peyda olan yalan insanlar yox oldu və buna görə çox şadam. Çünki zamanında da onlara yer verməmişdim. Yəni bizi narahat edənlər azaldı.

-Turqut Özalın həyatını  sizdən dinləmək və öyrənmək istəyirik. Onunla keçirdiyiniz illəri necə xatırlayırsınız? Turqut Özalın övladı olmaq necə bir hissdir?

-Atam çox sakit, kimsəyə əsəbləşməyən, hər zaman xalqın içərisində olan bir siyasətçi idi. Çox zaman gəzməyə çıxardı. Bu zaman polislərin onunla birlikdə getməsini istəməzdi. Təbii ki, uşaqlıq illərimizdə atamı çox görə bilmirdik. Çünki həftə sonları da daxil olmaqla  atam hər gün çalışırdı.

38 il Dövlət vəzifəsində çalışdı. Türkiyəni müasir, demokratik, dinc və zəngin bir ölkə etmək üçün çalışdı. Və bunu da bacardı!

-Turqut  Özal necə bir ata, insan və prezident idi? Atanızla bağlı bir xatirənizi bizimlə paylaşardınız.

-Atam İstanbula gəldiyi zaman dövlətə məxsus qonaq evində qalardı.(Harbiyə Ordu evi). Təbii ki, xeyli sayda polis, jurnalistlər və yüzlərlə insanla birlikdə! Bəzən çox bezirdi və mənə zəng edib deyirdi ki, qaldığı binanın arxa qapısına özümün şəxsi maşınım ilə gəlim. Mən  də ora gedib tək atamı maşına mindirib aparırdım. Sadəcə ikimiz birlikdə İstanbulda gəzməyə gedərdik. Onu müdafiə etmək üçün bir nəfər də olsa polisi avtomobilə götürməzdi.

Bir şənbə günü yenə atamla birlikdə avtomobillə gedirdik. Qeyd edim ki,  sükan arxasında atam əyləşmişdi. Bir polis nəfəri maşınımızı dayandırdı. Fəqət polis avtomobili idarə edən şəxsin atam olduğunu bilmirdi və görmürdü. Polis işarə edən kimi atam avtomobili yolun kənarına sürdü və gözlədik. Önəmli olan məqam budur ki, atam o zaman hələ baş nazir idi. Buna rəğmən sürücülük vəsiqəsini çıxarıb polisə təqdim etmək üçün gözləyirdi.

Polis avtomobilimizin pəncərəsinə tərəf yaxınlaşdı. Atamdan sürücülük vəsiqəsini istədi. Atam da sürücülük vəsiqəsini ona təqdim etdi. Bu zaman polis inana bilmirdi ki, qarşısındakı ölkənin baş naziridir. “Həqiqətən də bu baş nazirdirmi?”- deyə atama baxırdı. “Bu dəqiqə əmr edin, Hörməti Baş Nazirim!”- deyə qışqırmağa başladı. Atam çox sakit bir formada polisə dedi ki, “övladım bir xətam oldusa cəzamı yaz”. Son dərəcə sakit və sevgi ilə polisə baxırdı. Polis də çox sevinirdi.

– Atanızın öldüyü günü necə xatırlayırsınız? İllər keçsə də bu ölüm hadisəsi ilə bağlı həqiqətlər nədənsə gizli saxlanılır. Sizcə Turqut Özalı kim və nə üçün zəhərlədi?

-Həmin vaxt mən Türkiyədə deyildim. Aparılan bütün araşdırmaların nəticələrinə görə atamın ölümü  tamamilə normal bir ölüm faktı deyil. Bunu hər kəs bilir. Ölümündən 19 il sonra məhkəmə qərarına əsasən məzar açıldı. Ədliyyə Tibb naziri, professor məzar açılmadan öncə mənə dedi ki, insanın vücudu 5 il içərisində torpağa qarışır və sadəcə olaraq sümükləri tapa bilərik. Zəhər məsələsini bu sümüklərdə axtarmalı olacağıq.

Fəqət məzar açıldığında sümüklər deyil, atamın vücudu ortaya çıxdı. Hətta daxili orqanları, beyin, sümük iliyi də üzə çıxdı. Təbii ki, bu inanılmaz bir nəticə idi. Hətta o zamankı Ədliyyə naziri açıqlama verdi ki, Özalın vücudu çürüməyib.

“Nəticədə çox geniş bir formada analizlər aparıldı. Atamın bədənində 4 fərqli zəhər aşkar edildi. Hətta bu zəhərlər torpağa da yayılmışdı”.

-Kim bunu etmişdi? Bilmək çətindir. Ancaq bu bir həqiqətdir ki, ölüm faktı atamın Orta Asiyaya çox geniş səyahətindən sonra baş vermişdi. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan ölkələrinə çox uğurlu səfərlər etmiş, oralarda önəmli sazişlər imzalamışdı. Bu səfərlərin sonunda Türkiyə ilə bu qardaş ölkələrimiz arasında çox mühüm addımlar atılacaqdı.

Düşünürəm ki, bəzi güclər bu regionda birləşmə, böyümə və güclənməni istəmədilər.  Artıq atamdan sonra bu münasibətlər də təəssüf ki, istədiyimiz şəkildə getmədi. İnşallah bu xəyal heç vaxt yox olmayacaq  və bu region güclənəcək.

-Turqut Özalın Türkiyənin tarixindəki rolunu necə dəyərləndirirsiniz?

-Mən ölkə xaricinə etdiyim səfərlərdən və tanış olduğum böyük liderlərdən eşitdiklərimi sizə çatdırmaq istəyirəm. Xaricdə mövcud olan dünya bunu söyləyir: “Müasir Türkiyənin təməllərini (bünövrə) Atatürk qoyub, sonra isə bu ölkənin inşaatını Özal həyata keçirib”.

Mən dəqiq bilirəm ki, atam həyatda olsaydı, Türkiyə Avropa Birliyinə daxil olmuşdu. Orta Asiyadakı qardaş ölkələri ilə çox güclü iqtisadi və siyasi birlik  qurmuşduq. Düşünürəm ki, onun ölümü sadəcə Türkiyənin deyil, sizlərin də gələcəyinə təsir göstərdi.

-Hazırkı  Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı nə düşünürsünüz?

-Türkiyə və Azərbaycanın hazırkı münasibətlərinin yaxşı olduğunu hesab edirəm. Amma bu qətiyyən kifayət qədər deyil. Bundan ən azı 100 dəfə artıq mükəmməl olması vacibdir.

-İşlərinizlə bağlı bilmək istərdik. Gələcək planlarınız nədir?

-Mən siyasətdən uzaqlaşdım. Amma insanlar, çox böyük bir kütlə son zamanlarda mənim siyasətə geri qayıtmağımı istəyir və bu istiqamətdə mənə təzyiq edirlər. Əlbəttə ki, insan öz atasının başladığı hədəflərə çatmaq istəyər. Bütün bunlar sadəcə olaraq Allahın təqdiri ilə olur. Hər şeyin xeyirlisi olsun.

– Azərbaycandakı Özal ailəsini sevənlərə, mərhum atanızın dostlarına nə demək istərsiniz?

-Özalı sevən bütün qardaşlarıma demək istəyərəm ki, Özalın çıxışlarını, etdiklərini gənc nəsillərə öyrədin, izah edin. Özalın hamımız üçün olan xəyallarını yaşadın ki, bunlar bir gün reallaşsın.

Bütün azərbaycanlı qardaşlarımı sevgi ilə qucaqlayıram, onlara sevgi və hörmətlərimi mütləq çatdırın!

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar