Bizimlə əlaqə

Müsahibə

Bir gün də yaşasa, müdafiə naziri olacaqdı – Həzi Aslanovun ölümünün böyük sirri (MÜSAHİBƏ+VİDEO)

Yayımlandı

da

Azərbaycanın igid oğlu, general-mayor Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı olub.Azərbaycanlı general-mayordur. 1910-cu il yanvarın 22-də Lənkəranda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1929–cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.

Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi igidliyə görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunub. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.Stalinqrad Cəbhəsi Veteranlar Şurasının fəxri üzvü, Respublika Veteranlar şurasının üzvü, SSRİ Jurnalistlər İttifaqı və Kinomatoqrafçılar İttifaqının üzvü, professor, əməkdar İncəsənət xadimin Musa Bağırov ömrünün 25 ilini Həzi Aslanovun həyat və fəaliyyətinin tətqiqinə həsr edib, filmlər çəkib, kitablar yazıb. Məhz onun zəhmətinin nəticəsi olaraq, H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Musa Bağırov müsahibəsində xalqımızın igid oğlunun ölümünün sirli qalan tərəfləri ilə bağlı maraqlı faktlar açıqlayıb:

-Mən çox maraqlanırdım ki, Həzi Aslanov niyə belə gənc yaşında dünyasını dəyişib? Özü də çox müəmmalı şəkildə ölüb. Mənə dedilər ki, Həzini qətlə yetiriblər. 1967-ci ildə onun haqqında çəkdiyim filmin təqdimatından sonra balaca banket oldu. Orada polkovnik Filimenko mənə təklikdə dedi ki, Baqramyanın sağlığında heç kim Həzi Aslanovun necə ölməsi barədə həqiqəti danışmırdı. Əli ilə bir sxem çəkdi. Həmin sxem indi də məndə durur. Dedi ki, Həzi Aslanov başından balaca yaralanmışdı, xəstəxanada yatırdı. 1945-ci ildə bütün müttəfiq Respublikalarda Müdafiə Nazirlikləri yaranırdı. O cümlədən də, Azərbaycanda. Mircəfər Bağırov deyib ki, Həzi Aslanovu Azərbaycanın Müdafiə naziri təyin edək. Həmin vaxt Nazirlər Sovetinin sədri olan Teymur Quliyev bildirib ki, hazırda müharibə gedir, Həzi Aslanova icazə verməzlər, o, döyüşdədir. Bağırov Stalinə zəng edib və Həzi Aslanovun Azərbaycana gəlməsi üçün icazə alır. Həzini xəstəxanadan qulluq etdiyi hərbi hissəyə çağırırlar. Baqramyan ona deyir ki, “Həzi, mən səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan”.

Bu planlaşdırma – rekoqnisirovka vaxtı bütün komandirlər orada iştirak edirlər. Təxminən 18-20 nəfər adam olur. Həzi təklif edir ki, almanlardan qənimət götürülən altılüləli minamyot orta cihanda yerləşdirilsin və düşmənə atəş açsın. Səhərisi gün Həzi Aslanov Bakıya getməli idi. Onun bir yük maşını vardı, dincəlmək üçün həmin maşını yaşayış otağına çevirmişdi. Ora gedir, çəkmələrini çıxarır ki, rahatlansın. Onu görən şahid Kulkov deyir ki, Həzi Aslanovın ayağında milli qaydada toxunmuş corab var idi. Aradan 20-25 dəqiqə keçməmiş o altılüləli minamyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir.

– O atəşi kim aça bilərdi?

– Minamyot bizim sahədə olub. Yalnız sovet ordusunun nümayəndələri ondan atəş aça bilərdilər. Ona görə, Klemenko mənə xəlvətcə dedi ki, Həzi Aslanov ölməyib, onu qətlə yetiriblər. Bu hadisə məndə çox maraq oyatdı: 34 yaşında general, Sovet İttifaqı Qəhrəmanı necə qətlə yetirilib? Mən maraqlanmağa başladım ki, niyə Həzi Aslanov ikinci Ulduzunu almayıb? Axı İyunun 23-dən 30-na qədər Həzi Aslanovun apardığı əməliyyatlara görə cəbhə komandanı Çernyayovski onu ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edib. Aradan 15 gün keçir, Həzi Aslanovun qulluq etdiyi bütün korpus Birinci Pribaltika cəbhəsinin sərəncamına verilir. Orada da komandir Baqramyan idi. Həzi ilə bağlı təqdimatın əslini mən çox axtarsam da, tapa bilmədim. Onu məhv edib, təhrif edilmiş təqdimat yazıblar, buna görə də ona qəhrəman adı verilməyib.

– Bunu kim edə bilərdi?

– Burada 100 faiz ermənilərin rolu olub. Köhnə təqdimatı gizlədənlər də, məhv edənlər də, təzə təqdimatı yazanlar da İ.Baqramyanın rəhbərliyi alıtında ermənilər olublar. Bir müddət sonra mən əsas, yəni köhnə təqdimatı da tapdım və SSRİ Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Marşal Arximeyevin yanına apardım. O, təqdimata baxıb dedi ki, Həzi Aslanova ikinci dəfə də qəhrəman adı düşür. Yazılı şəkildə bildirlər ki, xahiş edirik, bu təqdimat əsasında Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilsin.Amma bundan sonra həmin məsələni həll etməli olan Georgi Şahnazarov bizə xeyli əngəl törətdi. O, Qorbaçovun birinci köməkçisi idi. Dəfələrlə yanına getdik, işi xeyli süründürdü. Məsələ – yəni, Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının təqdim olunması iyun ayının 21-nə qədər həll olunmalı idi. Çünki müharibənin 50 illiyinə həsr olunacaqdı. Əks halda, daha sonra bu işə qayıtmayacaqdılar. İyunun 19-da Şahnazarov məni kabinetinə çağırdı. Dedi ki, nə istəyirsən? Mən də dedim, istəyirəm ki, siz sənədlərə baxıb, Qorbaçova təqdim edəsiniz, çünki bu adam qəhrəman adına layiqdir. Şahnazarov qalxıb, mənim yaxamdan tutub, dedi ki, burada xuliqanlıq eləmə! Mənim köynəyimdəki düymə qopdu. Mən də onu itələdim, divana əyləşdi. Sən demə, qabacaqdan hazırlıq işləri görübmüş. Zəngi vurdu, iki nəfər içəri daxil oldu. Dedi ki, “bunu aparın buradan!”

Məni həmin iki nəfər milis şöbəsinə apardılar. Məqsədləri bu idi ki, məni bir saxlasınlar və ad verilməsi işini qaldıran olmasın. Amma milis işçiləri elə bilirdilər, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov mənəm və ikinci dəfə ad tələb edirəm. Buna görə mənə çox yaxşı münasibət göstərdilər. Oradakı bir polkovnik dedi ki, sizə necə kömək edə bilərik? Cavab verdim ki, icazə verin, mən Marşal Belova zəng edim. Telefon nömrəsini verdim, özləri zəng etdilər. Dedilər ki, burada bir nəfər sizinlə danışmaq istəyir. Məsələni Belova izah etdim.Aradan yarım saat keçdi. Marşal Belov, Andrey İvanoviç və Tank Qoşunları Akademiyasının rəis müavini, general Orlov ora gəldilər. Nəsə söhbət etdilər, sonra məni milis şöbəsindən çıxarıb, özlərilə apardılar. Yolda onlara hər şeyi danışdım. Dedilər ki, rahat ol, hər şey yaxşı olacaq.

Gecə saat 12-də yoldaşım Bakıdan mənə zəng etdi. Dedi ki, səni təbrik edirəm, 20 illik zəhmətin bəhrəsini verdi, gecə televiziya bütün verilişləri dayandırdı və Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsini elan etdilər. Mən 3 dəfə yoldaşımdan xahiş etdim ki, həmin sözləri bir də təkrar etsin. Təsəvvür edin, mən arxivlərdə 20 il çalışmışam, Belorusiyada, Stalinqradda, Moskva, Ukraynada gecə-gündüz əziyyət çəkmişəm. Bu, mənim əziyyətimin bəhrəsi idi. Özümü saxlaya bilmədim, ağladım. Həmin vaxt oteldə mənimlə yanaşı şair Cabir Novruz da qalırdı. O, mənim səsimi eşidib otağa gəldi. Dedi ki, ay Musa, nə olub, niyə ağlayırsan? Ona hər şeyi danışdım. Dedi ki, ay kişi, ağlamaq yox, biz bunu qeyd etməliyik! Gecə saat 1-də biz bu qələbəni qeyd etdik.Əslində Qorbaçov o sərəncama qol çəkməyə məcbur olmuşdu. Çünki o da ermənilər kimi istəmirdi ki, Həzi Aslanova ikinci dəfə Qəhrəman adı verilsin.

Mən medalı və ordeni götürüb, Bakıya gəldim. Həmin vaxt prezident olan Əbülfəz Əliyevin yanına getdim, məsələni danışdım. Qayıdıb dedi ki, Musa müəllim, bunun bizə dəxli yoxdur, Həzi Aslanov ruslar üçün vuruşub, onun bizə aidiyyatı yoxdur. Medalı, ordeni qəbul etmədi. Dedim ki, Əbülfəz müəllim, Azərbaycandan 700 min insan müharibəyə gedib, 350 mini həlak olub. Bu, Azərbaycanın hərb tarixidır, şərəfi, şöhrətidir. Xahiş edirəm, bunu qəbul edin. O isə götürmədi. Həmin Qızıl Ulduz Ordenini və Medalı evə gətirdim. Onlar düz iki il bizim evdə qaldılar. Hara verə bilərdim? Heç kim qəbul etmirdi…Heydər Əliyev hakimiyyətə gələndən sonra bir müşavirə keçirilirdi. Mən də orada çıxış elədim. Sonda isə ona yaxınlaşıb dedim ki, həmin orden və medal iki ildir məndədir, heç kim qəbul etmir. O isə “Nə danışırsan?! Haradadır!? Tez onaları mənə gətir!”,- dedi.

Səhərisi gün saat on bir tamamda ordeni də, medalı da götürüb Mərkəzi Komitəyə getdim. Heydər Əliyev çox mehribanlıqla məni qucaqladı, ordeni-medalı məndən təhvil aldı. Bir gün sonra Azərbaycanda bununla bağlı fərman çıxdı. Heydər Əliyev özü məni təbrik elədi.Həzi Aslanovla birlikdə vuruşan generallar Heydər Əliyevin vaxtında tez-tez Azərbaycana gəlirdilər. İndi onların çoxu dünyasını dəyişib. Həzi Aslanov çox yaxşı komandir olub. Onun əməliyyatları ilə bağlı birinci kitabımı rus dilində yazmışdım. O kitabdan Zirehli Tank Qoşunları Alkademiyasında dərslik kimi istifadə edirlər. Mən 20 il əziyyət çəkmişəm, gecə-gündüz arxivlərdə olmuşam. Səhər saat doqquzda arxivə daxil olurdum, saat dörddə-beşdə görürdüm ki, acından başım gicəllənir. Çox çətinliklə o təqdimlarları, gündəlikləri tapmışam. İndi bəzi tarixçilər, jurnalistlər mənim kitablarımı qarşılarına qoyub, üzünü köçürürlər. Heç biri də demir ki, bütün bunları Musa Bağırov yazıb.

– Həzi Aslanovun cəbhə yoldaşları onun ölümünün səbəbkarı olaraq kimi görürdülər? Onun vertalyotla xəstəxanaya aparılmasına kimlər mane olub?

– Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olub. Mən Həzi Aslanovun oğlu ilə birlikdə 1980-ci ildə Tiflisdə onun evinə getdim. O, dedi ki, Həzi Aslanovun yarası ölümcül deyildi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb, başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Daha sonra Həzi Aslanova həkim çağırırlar. Bu, ermənilərin fırldağı idi Onda süni ürək çatışmazlığı yaradırlar. Halbuki, Həzi Aslanov öləsi deyildi, onun qabırğaları sınmışdı.

– Cəbhə yoldaşları Həzi Aslanovla bağlı hansı xatirələri bölüşürdülər?

– Bunu mənə elmlər doktoru, professsor Paqadayka bu yaxınlarda danışıb.Deyir ki, Həzi Aslanov 1941-ci ildə Tulada maşınla keçəndə görür ki, cammat bir evin qarşısına toplaşıb. İki balaca uşaq isə ağlayır. Həzi Aslanov tez maşını geriyə verib, düşür və soruşur ki, bu uşaqlar niyə ağlayırlar? Yerli camaat deyir ki, bu iki uşağa nənələri baxırdı, ataları müharibədə həlak olub, anaları da dünyasını dəyişib. Nənələri də indi rəhmətə getdi. Bu iki uşaq ortada qalıb. Həzi Aslanov soruşub ki, bəs bunları niyə uşaq evinə aparmırsınız? Deyirlər ki, uşaq evinə aparmışdıq, amma yer yox idi. Həzi Aslanov bütün iş-gücünü bir kənara qoyub, uşaqları maşına mindirib, uşaq evinə gəlib. Direktorun otağına daxil olub. Direktor da görüb ki, bu şəxs Sovet İttifaqı Qəhrəmanıdır. Həzi Aslanov hər iki uşağı ora qəbul etdirib. Daha sonra yenə də gedib, həmin uşaqları yoxlayıb. Qız uşağının səkkiz, oğlanın isə 6 yaşı olub. Qız Həzi Aslanovu görən kimi onu qucaqlayıb, ağlayıb. Həzi Aslanov soruşub ki, bəs qardaşın haradadır? Qız deyib ki, qardaşımı elektrik vurdu, öldü, mən tək qalmışam. Həzi Aslanov tapşırıq verib ki, bu qıza baxın, məktəbi bitirsin, unirversitetə daxil olsun. Həmin qız indi Almaniyda yaşayır, akademikdir. Onun Həzi Aslanov haqqında çoxlu xatirələri var: “Bizim həyatımızda onun böyük rolu var. Biz yad uşaqlar idik, o, bizə kömək etməyə də bilərdi. Ondan başqa heç kəs bizim əlimizdən tutmadı. Onu heç vaxt unutmarıq”.

Həzi Aslanov hər şeydən öncə xeyirxah insan olub. Təsəvvür edin ki, müharibə başlayan vaxt Həzi Aslanov mayor idi. Olduğu Lvovda zabitlərin ailələrini vaqonlara mindirib, axta cəbhəyə göndərəndə həyat yoldaşı Xavər xanım, oğulları Tofiq və Arif də orada olublar. O, qətiyyən ailəsinə xüsusi yer ayırmayıb, hamı kimi onları da ümumi vaqona mindirib, uşaqların üzündən öpüb, ayırılıb. Öz ailəsi ilə başqaları arasında heç bir fərq qoymayıb.

– Həzi Aslanovun oğlu ilə yaxın münasibətiniz olub. Onlar atları barədə nə danışırdılar?

– Həzi Aslanovun həyat yoldaşı Xavər xanım həmişə deyirdi ki, mənim iki yox, üç oğlum var. Tofiq və Arifdən başqa Musa, yəni məni də oğlu bilirdi. Xavər xanım Həzi Aslanovunun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını almasına çox az qalmış rəhmətə getdi. Mənə dünyasını dəyişməmişdən öncə demişdi ki, Musa, çalış, başladığın işi sona çatdır, Həzi Aslanov qəhrəman adını alsın. Həzi Aslanov ikinci dəfə layiq olduğu qəhrəman adını alandan sonra mən Bakıya qayıdanda öncə qəbirstanlığa gedib, Xavər xanımın məzarını ziyarət etdim. Dedim ki, Ana, mən sənin tapşırığını yerinə yetirmişəm, Allah sənə rəhmət eləsin və rahat yat!

Mən bu işləri görərkən 7 nəfər marşalla görüşümüşəm. Təəccüb edirdim ki, o cür yaşlı generallar, marşallah mənim yanıma düşüb, hər yerə gedirdilər. Deyirdilər ki, biz bunların hamısını Həzi Aslanovun xətrinə edirik. Görün, ona nə qədər hörmət var idi ki, 80 yaşında qoca Marşal mənim yanıma düşüb, arxivə gedirdi!

– Həzi Aslanov hansı əməliyyatına görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunmuşdu?

– Almanlar Berejina çayının üzərindəki körpünü bombalayıb, dağırtmışdılar. Cəbhə komandanı Çernyavski deyir ki, kim bu çayı birinci keçsə, qəhrəman olacaq. Həzi Aslanov iki tankı suda batırır, qalan maşınlar o tankların üzərindən o biri sahilə adlayırlar və hücum davam edir.

Həzi Aslanov çox ağıllı insan olub. O, sağ qalsa, mütləq Marşal olacaqdı. Mən Baqramyanla bir neçə dəfə görüşmüşəm. Bir dəfə ona dedim ki, Həzi Aslanov barədə iki-üç kəlmə fikirləşrini bölüş. Gülərək, qayıtdı ki, heç müsəlmandan da zabit olar? Mən cavab verdim ki, niyə olmur? O, təmiz Azərbaycan dilində mənə qayıtdı ki, atalar məsəli var, müsəlmandan yaxşı bostançı olar.Mən də ona cavab verdim ki, İvan Kritoviç, başqa misal da var: müsəlmandan yaxşı bostançı olur, ermənidən də yaxşı zurnaçı. Baqramyan yaman hirsləndi. Mənə dedi ki, sən nə danışırsan? Siz axı kimsiniz? Ermənilər iki dəfə azərbaycanlılardan azdırlar, görün, bizdə nə qədər general, marşal var? Sizdə kim var?..Bizim bir Həzimiz ermənilərin bütün generallarına dəyərdi! Akademik Samsonov deyirdi ki, başqaları tankda lyuklu örtüb hücuma keçəndə, Həzi Aslanov maşında oturub gedirdi. O, özünü Allahın saxladığı insan kimi hiss edirdi, ölümdən qorxmurdu. Samsonova görə, Aslanov inanırdı ki, o, ölə bilməz. Ölməyib də!

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

`Ailəsini qorumaq üçün bunu edib` – Mirzə Cəlilin Kanadadakı mühacir nəticəsi (EKSKLÜZİV-FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Bir ailə olmağımıza baxmayaraq, illərlə bir-birimizi tanımamışıq”

“Mirzə Cəlilin adını çəkməyə qorxublar”

“Babam xəstələri pulsuz müalicə edirdi”

“Kökümüzün Azərbaycandan olduğunu bilmək məni qürurlandırır”

Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) – Görkəmli dramaturq və yazıçı, publisist, ictimai xadim,  Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalı.  “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Ana dilinin saflığı uğrunda mübarizə apar Mirzə Cəlilin zəngin irsində azərbaycançılıq məfkurəsi  əsas yer tutub. Xаlqımızın mədəni gеriliyinə, dini хürаfаtа, mövhumata, cəhalətə, avamlığa, mürtəce çаrizm siyаsətinə qаrşı inаdlа mübаrizə аpаrıb, milli mədəniyyətin yüksəlməsi üçün mühüm xidmətlər göstərib. Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. 1907-ci ildə Həmidə xanım Cavanşirlə ailə həyatı qurub və oğlanları Midhət və Ənvər dünyaya gəlib. Böyük Vətən müharibəsi illərində həkim kimi ordu sıralarına çağırılan Mirzə Cəlilin oğlu Ənvər, sovet qoşunlarının tərkibində İrana gedib. Ənvər burada polyak qızı, onunla bir xəstəxanada işləyən tibb bacısı Zofya Bahrinovskaya ilə evlənib. Bu nikahdan övladları – Midhət, Nizhət, Teymur, İren Cavanşirlər dünyaya gəlib. O, heç vaxt İrandan Vətənə qayıtmayıb. Qeyd edək ki, bu il Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, görkəmli ictimai xadim, maarifçi Cəlil Məmmədquluzadənin (Mirzə Cəlil) varislərinin  axtarışına çıxıb.  Mirzə Cəlilin nəvəsi Teymur Cavanşirinin Kanadaya mühacirət edən oğlu Şahin Cavanşiri eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı ailəsi ilə bağlı bir çox önəmli məqamdan söhbət açıb,  Azərbaycan haqqında fikirlərini ifadə edib və ailə üzvlərinin fotolardan ibarət daha bir şəxsi arxivini təqdim edib. Qeyd edək ki, Mirzə Cəlilin Polşada yaşayan varisləri Martin Cavanşiri və oğlu Przemysłavı, İralandiyada mühacir həyatı yaşayan nəticəsi Ramin Cavanşirini də illər sonra Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com tapıb, ailə kökləri ilə tanış edib və eksklüziv müsahibələr götürüb.

Cəlil Məmmədquluzadənin Kanadada mühacir həyatı yaşayan nəticəsi Şahin Cavanşiri HafizTimes.com-a danışır:

-Azərbaycan xalqının ailəmə olan sevgisini çox yüksək qiymətləndirirəm. Bu sevgi heç vaxt ailəm üçün mənfəətə çevrilməyib. Hər zaman gözəl sözlər kimi yaddaşlarda qalacaq. Biz heç vaxt Azərbaycanda yaşamamışıq. Buna görə də kitablarda ailəmiz haqqında nələr yazıldığını təəssüf ki, bilmirik: Həmidə xanımın taleyi necə oldu? Biz onun haqqında heç nə bilmirik. Onların adına muzey varmı? Bakıda qohumlarımız yaşayırmı? Ailəmizlə qürur duyuruq. Amma əlaqələrimizin kəsildiyinə görə çox kədərlənirik.

-Mən İranın Tehran şəhərində sevgi dolu bir ailədə dünyaya göz açdım, böyüdüm. İranda orta məktəbdə təhsil aldım. Daha sonra Kanadaya köçdüm. 10 ilə yaxındır ki, Kanadada yaşayıram. İT sahəsində çalışıram. Hazırda 43 yaşım var. Ümid edirəm ki, ailəmizin bütün üzvlərini bir gün görəcəyəm.

Təəssüf ki, Azərbaycana gedən əmim oğlu Martin Cavanşirini, oğlunu görmək şansım olmadı. Uşaq olanda Martini görmüşdüm.

(Ailəmiz: Atam Teymur Cavanşiri, anam Nəsirin, mən və qardaşım)

Biz bilirik ki, Mirzə Cəlilin həyatı heç də rahat keçməyib. Bundan sonra oğlu Ənvər İrana köçdü. Və ailəsini qorumağa çalışdı. Mən hələ də bilmirəm ki, əmim oğlu Martin ora necə getdi? Bu bizim ailəmizin təhlükəsizliyinə təsir edə bilərdi…

Ailəmizdən təkcə bibimin yaşadığını bilirəm. Başqaları barədə məlumatlı deyiləm. Ailəmizdə heç vaxt Azərbaycan, türk dilində danışmırdılar. Buna görə də, biz Azərbaycan dilini bilmirik. O vaxtlar Azərbaycanla heç bir əlaqəmiz olmayıb. Hər yerdə Mirzə Cəlilin əleyhidarları çox olub. Buna görə də bir ailə olmağımıza baxmayaraq, bir-birimizi tanımamışıq. Diqqət çəkmək istəməmişik. Axı siz heç vaxt İranda yaşamayıbsınız…

(Atamla anamın toyu-1974. Neşat əri ilə birlikdə, İren, Zofia nənə, atam Teymur, anam Nəsrin, Elisabeth, Ənvər babam, Midhət əmi, Neşətin qızı Zərrin)

-Niyə Kanadaya köçdünüz?

-Kanadaya oxumaq, əsasən də işləmək üçün köçdüm. Qardaşım da Britaniyaya köçüb. İllərdir ki, bir-birimizdən ayrı düşmüşük…

Mirzə Cəlilin ailəsinin üzvü olduğuma görə qürur duyuram. Azərbaycandakı insanların onu sevdiyini bilirəm. Mirzə Cəlilin Azərbaycan ədəbiyyatında, mədəniyyətində mühüm rol oynadığı da bizə məlumdur. Hərdən beynimdə Mirzə Cəlillə bağlı çoxlu suallar yaranır. Əgər Mirzə Cəlili bu qədər çox sevirdinizsə niyə axı onun həyatı çox ağır keçib? Hətta İrandakı ailə üzvlərimiz Mirzə Cəlilin adını çəkməkdən belə qorxublar.

Artıq mən də uzun müddətdir ki, İrana getmirəm. Amma gələcəkdə ora yenidən baş çəkmək fikrim var. Hazırda İranda siyasi vəziyyət çox mürəkkəbdir. Bizim İranda qohumlarımız yaşayır. Yəqin ki, onları ziyarət etməyimiz də çətinləşəcək…

(Atam Teymur, mən və balaca qardaşım Barzinin əlində Mirzə Cəlilin şəkili var)

-Cəlil Məmmədquluzadə sizin üçün kimdir?

-Mirzə Cəlil xürafat-cəhalətlə mübarizə aparmaq üçün canını fəda edən cəsur bir insan idi. Mən onun kimi cəsarətli deyiləm. Siyasətlə də məşğul olmuram. Ailəmizdə Mirzə Cəlilin yolunu davam etdirən birini tanımıram.

-Babanız Ənvər Cavanşirini (Mirzə Cəlilin oğlu) heç görmüsünüz? Onu necə xatırlayırsınız? Azərbaycan, ailəsi barədə sizə nə danışırdı?

-Bəli mən onu gördüm, çox bacarıqlı və mehriban bir həkim idi. Babam İranın şimalında bir çox xəstələri pulsuz sağaldıb, onlara kömək edib. Həmin xəstələrin ödəməyə pulları da yox idi. Oradakı insanlar babama inanırdılar və onu çox sevirdilər. Babam Azərbaycandakı ailəsi haqqında bizə heç danışmadı. Atam isə bizə dedi ki, o, ailəsini qorumaq hər şeyi gizli saxlayıb…

(Atam Teymurun toyu-1974. Mirzə Cəlilin oğlu Ənvər babam, anam Nəsrin, atam Teymur, Zofia nənəm)

-Atanız Teymur Cavanşiri, ananız Nəsrin xanımla bağlı bilmək istərik.

-Atam çox illər öncə qəzada həyatını itirdi. Anam Nəsrin isə Britaniyada qardaşımla yaşayır. Bu barədə qardaşımla müsahibənizdə geniş məlumat veriləcək.

-Azərbaycan haqqında fikirlərinizi bilmək istərik. Ailənizin Azərbaycan əsilli olduğunu nə vaxt öyrəndiniz?

-Eşitmişəm ki, Azərbaycan qonaqpərvər insanların yaşadığı gözəl bir ölkədir.  Əlbəttə ki, Bakını, Azərbaycanı çox görmək istəyərəm. Ailəmizin Azərbaycan əsilli olduğunu uşaq ikən öyrənmişdim.

Mən Azərbaycan xalqını sevirəm. Onların böyük bir hissəsi İranda yaşayır. Kökümüzün Azərbaycandan olduğunu bilmək məni qürurlandırır. Belə bir qanı daşıdığıma görə, başqa ölkələrdən olan insanlarla da daha yaxşı əlaqələr  qura bilirəm.

-Siz niyə Azərbaycana dəvət edilmədiniz?

-Bu, mənim də sualımdır. Cavabını bilmirəm. İstərdim ki, siz və ya oxucularınız mənim üçün bu suala cavab verəsiniz.

Bizi illər sonra məhz siz axtarıb tapdınız. Buna görə sizə təşəkkür edirik. Sizin göndərdiyiniz ilk mesajınız bizə çox təsir etmişdi. Ailəmizin digər üzvləri ilə 30 ildən sonra yenidən əlaqə saxlamağımıza vasitəçi oldunuz. Biz bunu heç vaxt unutmarıq. (Ünvanları, telefon nömrələrini göndərdik)

(Ənvər babamın evinin önü. Onun kiçik qızı İren, Zofia nənəm, Ənvər baba, atam Teymur və Martin)

-Azərbaycana səfər etmək istərsinizmi?

-Azərbaycan mənə çox maraqlıdır. Ümid edirəm ki, nə vaxtsa bu ölkənin gözəlliklərini görmək şansına sahib olacağam.

-Mirzə Cəlilin Polşadakı varisləri Martin Cavanşiri və oğlu Przemysłav ilə EKSKLÜZİV MÜSAHİBƏ-ni BURADAN oxuya bilərsiniz.

-Mirzə Cəlilin İralandiyadakı varisi Ramin Cavanşiri ilə EKSKLÜZİV MÜSAHİBƏ-ni BURADAN oxuya bilərsiniz.

Davamı olacaq…

HafizTimes.com

Hafiz Əhmədov                                                                    

Oxuyun

Müsahibə

`Nənəmgili zirzəmidən də qovurdular`– Hacı Zeynalabidinin rus nəticəsi: “Həmin kasetdə hər şeyi danışıb” (EKSKLÜZİV+SƏNƏDLƏR)

Yayımlandı

da

Tərəfindən

Nənəmin səs yazısı olan kaseti verdiyimiz şəxs qəflətən helikopter qəzasında həlak oldu”

“Tağıyev restoran sahibinə deyib ki, bu illər ərzində hər bir azərbaycanlı orada pulsuz, onun hesabına yemək yeyə bilər. Bunu nənəm Sara xanım mənə danışıb”

Nənəm öz oğlu Oleqi Sankt-Peterburqda yaşayan qohumumuza vermişdi. Mənim atam isə internatda böyüyüb

“Nənəmə kömək etməyə yox, muzey eksponatı kimi baxmağa gəlirdilər”

Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyevin nəticələrinin bir qismi hazırda Rusiyada yaşayırlar. 

HafizTimes.com Hacı Zeynalabidin Tağıyevin qızı Sara Tağıyeva-Sarayevanın Moskvada yaşayan nəvəsi Dmitri Sarayev ilə həmsöhbət olub. Dmitri Sarayev babası Hacı Zeynalabidin Tağıyevlə bağlı illərdir ki, gizli qalmış bir çox məqamlara aydınlıq gətirib, ailəsinin fotolarını, nənəsi Sara Tağıyevanın əlyazmalarını da HafizTimes.com-a təqdim edib:

Qeyd edək ki, Hacı Zeynalabidin Tağıyevin qızı Sara xanımın hazırda Rusiyada Oleq və Lev Nikolayeviç Sarayev adlı iki oğlu yaşayır. Bizim müsahibimiz Dimitri Sarayev Lev Sarayevin oğludur. Uzun müddət Bakıda nənəsi Sara xanımın yanında yaşayıb.

(Sağdakı 2-ci xanım Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadədir)

– Azərbaycan dilində danışa bilirsinizmi?

– Bəli. Amma çox da yaxşı danışa bilmirəm. Elə sözlər var ki, başa düşmürəm.

– Tağıyevin nəvələri – Sara Tağıyevanın oğulları indi harada yaşayırlar, nə ilə məşğuldurlar?

– Nənəm Sara Xanımın bir oğlu Oleq hazırda Sankt-Peterburqda yaşayır, Elmlər Akademiyasında çalışır. Digər oğlu, yəni mənim atam Lev isə hazırda Ryazan şəhərində yaşayır. Atam indi yaşlanıb, pensiya alır. Mənim Oleq adlı qardaşım isə 5 il bundan öncə rəhmətə edib.

(Sara Tağıyeva və övladları: Oleq, Lev Sarayev)

– Onlar Azərbaycana gəlmək istəyirlərmi?

– Əmim Oleq Nikolayeviçin fikirini bilmirəm. Amma atam yaşlandığı üçün ona uzaq yol getmək çətindir. Mən özüm Bakıda anadan olmuşam. 1993-cü ildə Bakıdan çıxmışam. Həmin vaxt atam Bakıda yaşayırdı. Amma Oleq əmim hələ uşaqlıqdan Sankt-Peterburqda yaşayıb.

– Hazırda hansı işlə məşğulsunuz?

– Mən podpolkovnikəm, uzun müddət polis orqanında çalışmışam, indi isə pensiyaya çıxmışam.

– Nənəniz Sara xanım necə bir həyat yaşayırdı?

– Biz nənəmin evinin qonşuluğundakı binada qalırdıq. Nənəm həmişə tək qalmaq istəyirdi. Həmişə yanına gəlirdim, soruşurdum ki, ay nənə, nə lazımdır? Nənəm həmin vaxt zəif eşidirdi, görə bilmirdi. Deyirdi ki, “Dima, bir bax gör, evin polunu necə yumuşam? Gör, hər yer təmizdirmi?” Deyirdi ki, “Dima, sən heç nə etmə, qonaq gəlmisən, heç nəyə əl vurma, özüm hər şeyi edəcəyəm”.

Nənəm öz atasını çox sevirdi. Bütün həyatını atasına həsr etmişdi. Həmişə bizə atasından danışırdı. Deyirdi ki, atası öz millətini həddindən artıq çox sevirdi. Dostumun bir maqnitofonu vardı. Nənəmin yanına gələndə ona çoxlu suallar verib, səsini kasetə yazırdım. Amma o kaset indi itib. Atam o vaxt həmin kaseti Vəli Məmmədova verib. Nənəm hər şeyi danışmışdı. Daha sonra Vəli Məmmədovun helikopter qəzasında faciəvi şəkildə həlak olduğunu eşitdik. Təəssüf ki, bu gün həmin kaset yoxa çıxıb.  Qeyd edim ki, Vəli Məmmədov atamla tez-tez gürüşərdi. O, nənəmə də hər zaman kömək edərdi.

Məndə indi də nənəmin babama yazdığı məktubları qalıb. Fikrim vardı ki, həmin məktubları kompüterdə çapdan çıxarım. Çünki, nənəmin yazdığı sözlərin çoxunu başa düşmürəm.

Məndən öncə qardaşım nənəmlə birlikdə qalırdı. Mən isə həmin vaxt ata-anamla birlikdə Culfada yaşayırdıq. Qardaşım birinci sinifdə oxuyanda mən də Bakıda Yasamal rayonunda nənəmin yanında qalmağa başladım.

– Siz azərbaycanlısınızmı?

– Xeyr. Mən rusam. Mənim nənəmin ikinci həyat yoldaşı Nikolay Sarayev rus olub. Ona görə bizim milliyətimiz rusdur.

– Hacı Zeynalabidin Tağıyev haqqında nələr bilirsiniz?

– Yəqin, Hacı Zeynalabidin Tağıyevin Almaniyada restorana getməsi məsələsindən xəbərdarsınız. Bu, tamamilə doğrudur. Nənəm mənə danışırdı ki, Tağıyev Birinci Dünya Müharibəsi vaxtı Almaniyada olub. O vaxt Kayzer belə bir əmir vermişdi ki, rus təbəələrinin banklarda olan hesabları bağlansın. Amma Tağıyevin bankdakı hesabını açmışdılar ki, o, Almaniyadan çıxa bilsin.

Tağıyev Almaniyada olanda restorana gedib. Xidmətçi ona yemək verməyib. Amma axşam restoranın sahibinə məlum olur ki, ora kim gəlibmiş. Onu yenidən restorana dəvət edib, böyük bir süfrə açıb. Axşam yeməyi zamanı Tağıyev soruşub ki, bir günlük bu stolun qiyməti nə qədərdir? Bir həftəlik, bir aylıq və bir illik nə qədərdir? On illik qiyməti nə qədərdir? Qiyməti biləndən sonra Tağıyev restoran sahibinə deyib ki, bu illər ərzində hər bir azərbaycanlı orada pulsuz, onun hesabına yemək yeyə bilər.

Nənəm danışırdı ki, bir aralar bazarda balıq olmayıb. Hamı Tağıyevin yanına gəlib ki, balıq yoxdur. Tağıyev dənizin kənarına gedərək, deyib ki, mənə bir balıq tutun. Barmağındakı üzüyü çıxarı, balığın quyruğuna bağlayıb və dənizə buraxıb. Deyib ki, kim bu balığı tutsa, üzük də onun olacaq.

Nənəm hətta danışırdı ki, Tağıyev ilk dəfə olaraq Bakıya pomidor gətirdib və dadına baxıb. İndi Şollar suyunu Bakıda camaata butulkalarda satırlar. Amma Tağıyev Şollar suyunu o vaxt Bakıya çəkmişdi ki, camaat o suyu pulsuz içsin.

Nənəm deyirdi ki, o vaxt çar Aleksandr Bakıda vağzalda Tağıyevlə görüşərkən Hacı papağını çıxarmayıb…

– Sara xanımın həyat yoldaşı ilə bağlı danışaq…

– Babamız Nikolay o vaxt Leninqradda zavodda mühasib işləyirmiş. Nənəmlə orada tanış olublar. Babam müharibədə həlak olub.

– Nənəniz Sara xanımın övladlarını atıb, Bakıya gəldiyini deyirlər. Bu, nə dərəcədə doğrudur?

– Nənəm öz oğlu Oleqi Sankt-Peterburqda yaşayan qohumumuza vermişdi. Mənim atam isə internatda böyüyüb. O vaxtlar çox çətin idi. Nənəm işləmək istəyirdi. Amma onu Bakıda hər yerdən qovurdular. Atam həmişə bizə danışırdı ki, bir müddət Bakıda zirzəmidə yaşayıb. Nənəmgili hətta zirzəmidən də qovurmuşlar. Buna görə nənəm elə bir addım atmışdı. Nənəmə ömrünün sonlarına yaxın Nərimanov prospektində ev vermişdilər. O, elə həmin evdə də yaşayırdı..

– Bəs atanız, əminiz öz anaları Sara xanımdan inciməmişdilər?

– Nənəm həmişə uşaqlarına məktublar yazırdı. Həmin məktubları oxuyanda nənəmin öz övladlarına nə dərəcədə bağlı olduğunu görmək olur. Hətta nənəm ömrünün son günlərində Respublika Xəstəxanasının reanimasiya şöbəsində yatırdı. Onun otağında qalmaq üçün mənə və atama icazə vermişdilər, növbə ilə orada qalırdıq. Nənəm orada da dünyasını dəyişdi. Həmin gecə atam onun yanında qalmışdı. Nənəm dünyasın dəyişən vaxt heç nə deməyib.

– Bəs siz niyə Azərbaycanı tərk etdiniz?

– Həmin vaxt qardaşım Arxangelskdə işləyirdi. Mən isə Neft Daşlarında çalışırdım. Qardaşım onunla getməyi təklif elədi, mən də fikirləşmədən ona qoşuldum.

– Bəs atanız, əminiz nəyə görə getdilər?

– Bu, çox çətin sualdır. Evimiz də var idi. Ayaz Mütəllibovun vaxtında bizə Mərdəkanda bağ da vermişdilər. Elçibəy hakimiyyətə gələndə siyasət bir az başqa cür oldu.

– Elçibəyə görə Azərbaycandan getdilər?

– Çox çətin sualdır. Cavab verə bilmirəm.

– Siyasəti bəyənmədiniz?

– Bəli. Deyək ki, səbəb budur. Məndə bu sualın cavabı var. Amma demirəm.

– Bəlkə sizi incidirdilər?

– Mən Bakıda anadan olmuşam. Bizi kimsə incitməyib.

– Deyirlər ki, o vaxt nənəniz dilənçilik edirdi, çörək pulu yox idi… Doğrudurmu?

– Mən o vaxtlar Neft Daşlarında işləyirdim, yaxşı pul qazanırdım. Nənəmin yanına gəlirdim. Həmişə mənə deyirdi ki, “Dima bir, yoxsa iki manat pul verim?” Deyirdim ki, “Nənə, mənə pul lazım deyil. Əsas sənə pul lazımdırsa, de, istədiyin qədər verim…” Nənəm belə bir insan idi.

– Nə yaxşı, Azərbaycan dilini unutmamısınız?

– Mən Moksavada yaşayıram. Burada isə xeyli azərbaycanlı var. Axı mən Azərbaycan dilini necə unuda bilərəm? Həmişə azərbaycanlılarla söhbət edirəm. Biz Azərbaycan Tarix Muzeyinin 90 illiyində Bakıya gəlmişdik. Babamın bütün qohumlarını ilə görüşdük. Amma indi elə də yaxın əlaqələrimiz yoxdur.

– Bakı üçün darıxırsınız?

– Əlbəttə. Mən Bakıda anadan olmuşam, böyümüşəm, əsgərliyə getmişəm… İndi isə 53 yaşım var.

– Bakıdan getdiyinizə görə peşmansınızmı?

– Əlbəttə, peşman oluram. Belə gətirdi ki, çıxıb getdik. Amma ora qayıtmaq istəyirəm.

(Lev Sarayevin oğlanları: Dmitriy və Oleq)

– Nənəniz Sara xanımın acınacaqlı vəziyyətdə ömür sürməsi ilə bağlı mətbuatda qeyd olunan iddialara münasibətiniz necədir?

-80-ci illərin sonu 90-cı illərin əvvəlində nənəmin yanına çox adam gəlirdi. Lakin onların əksəriyyəti nənəmə muzey eksponatı kimi baxmağa gəlirdilər. Əslində isə kömək edənlər çox az idi. Yaxşı xatırlayıram ki, Vəli Məmmədov ona həmişə kömək edirdi. İndi isə əlbəttə bəziləri çox söz danışa bilərlər… Nənəmin xasiyyətinə bələd olduğum üçün deyə bilərəm ki, tələbələrin gəlib onu çimdirmələri ilə bağlı mətbuatda yazılanlar sadəcə olaraq cəfəngiyyatdır.

Bəli, xatırlayıram ki, texniki bir məktəbdən ona yemək gətirdilər. Amma 6 il boyu belə davam etmədi. Onun həqiqətən də buna ehtiyacı yox idi. Sadəcə olaraq atasının xidmətlərinə görə ona qayğı göstərilməsini xoş qarşılayırdı. Həyatının son günlərində Respublika xəstəxanasında reanimasiya şöbəsində yatarkən də atam daim onun yanında olub. Mən atamla birlikdə növbə ilə onun yanında qalırdıq. Bir dəfə o qolundakı iynəni çıxarıb atdı və heç kimə icazə vermədi. Yalnız biz onun əlini tutanda sakitləşdi…

Hafiz Əhmədov

HafizTimes.com

Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadənin Sara Tağıyeva ilə bağlı HafizTimes.com-a açıqlamasını BURADAN oxuya bilərsiniz: Qarakənd faciəsi noyabr ayının 20-də olmuşdu. Ayın 23-cü biz eşitdik ki, Vəli də vertolyotda olub və həlak olub. Bir həftə sonra Sara Tağıyeva mənə zəng edib dedi ki, Xalidə, mən ikinci atamı da itirdim, bundan sonra çətin ki, yaşayım. Vəlidən bir həfətə sonra Sara Tağıyeva da dünyasını dəyişdi…”.

Oxuyun

Müsahibə

“Onu dəfn etməyə pulumuz olmadı”– Prezident sarayının məşhur memarının həyatı: “41 illik iş yerindən qovdular” (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Prezident Administrasiyasının binasını atam tikib, amma bu gün onu tanımırlar”

“Sahil metro stansiyasının üzərində hündür mərtəbəli binaların tikintisinə qarşı çıxırdı”

“Hamıya evlər tikən memarın özü evsiz qalmışdı”

“Xalq Cəbhəsi hakimiyyətə gələndə atamı işdən azad etdilər”

Tahir Abdulla oğlu Abdullayev – Görkəmli memar. Azərbaycan Respublikasının Əməkdar mühəndisi və Əməkdar memarı. 1915-ci ilin 25 avqustunda Naxçıvan şəhərində anadan olub. Atası cavan ikən vəfat edib. Ailənin dörd övladı –iki qız və iki oğlan uşaqları anaları Surə xanımın  himayəsində böyüyüblər. 1939-cu ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirərək memarlıq ixtisasına yiyələnib. 1944-1951-ci illərdə Şəki Şəhərinin Baş memarı işləyib. 1951-ci ildə isə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna direktor təyin olunub. 1992-ci ilə qədər – 41 il burada fəaliyyət göstərib. O, 1940-cı ildən SSRİ Memarlar İttifaqının üzvü olub. Yüzlərlə yaşayış, ictimai bina və qurğuların müəllifi olan T. Abdullayev 1993-cü ildən ömrünün sonunadək “Bakıdövlətlayihə” İnstitutunda əmək fəaliyyətini davam etdirib. 2004-cü ildə vəfat edib. Milli memarlığımızın inkişafındakı xidmətlərinə görə bir sıra orden və medallarla təltif olunub.

İki dəfə SSRİ Nazirlər Sovetinin Dövlət Mükafatına (Azərbaycan mehmanxanası və Sumqayıt şəhərinin baş planı layihələrinə görə) layiq görülüb. Qırmızı Əmək Bayrağı ordeni, Şərəf nişanı. O, müasir memarlıq məktəbinin yaranıb inkişaf etməsində mühüm xidmətləri olan sənətkar kimi tanınıb. H. Əliyev adına İdman Sarayı, Prezident Administrasiyasının inzibati binası, Millli Məclisin binası, Milli Arxiv İdarəsinin binası, çox saylı yaşayış evləri T. Abdullayevin yadigarı kimi ona ölməzlik qazandırıb. Həmçinin T. Abdullayevin memarlıq tariximizdəki xidmətlərindən biri də respublikanın bütün şəhərlərinin (Bakı şəhəri istisna olmaqla) və rayon mərkəzlərinin baş planlarının hazırlanması işlərinə rəhbərlik etməsidir.

Tahir Abdullayevin yeganə oğlu Namiq Abdullayev HafizTimes.com-a danışır:

-Tahir Abdullayev necə bir insan idi? Onu oxucularımıza necə təqdim edərsiniz?

-Atam çox təvazökar bir insan olub. Heç vaxt özünü reklam etməyib. İşini həddindən çox sevirdi. Hətta vəfat etdiyi gün də işdə olub. Ömrünün sonuna qədər işləyib. 41 il “Azərdövlətlayihə” İnstitutuna rəhbərlik edib. Xalq Cəbhəsi hakimiyyətə gələndə atamı işdən azad etdilər. Böyük bir memar olduğuna görə onu başqa bir instituta məsləhətçi kimi işə götürdülər. Son günlərinə qədər atam orada işlədi.

-“Azərdövlətlayihə” İnstitutunu onun özü yaratmışdı. Xalq Cəbhəsi hakimiyyətə gələndə onu işdən çıxarıb yerinə öz adamlarını təyin ediblər. Atamı öz işindən çox pis bir formada yola saldılar. O, belə münasibəti qətiyyən qəbul edə bilmirdi. “Azərdövlətlayihə” İnstitutuna rəhbərlik etdiyi 41 illik əmək fəaliyyəti dövründə kadrların, xüsusi ilə, milli kadrların sayının artmasına, onların əsl mütəxəssis kimi yetişməsinə qayğı göstərib. Bu mühüm vəzifəni yerinə yetirmək üçün o, öz ətrafında təcrübəli memar və mühəndislər ordusu yaradıb. Sifarişlərin vaxtında yerinə yetiriliməsi üçün Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində İnstitutun filiallarını açıb. Atam işdən çıxarılanda həmin istitutun 800-dən çox işçisi vardı. Çox böyük institut idi. Demək olar ki, Azərbaycanın bütün şəhərlərində məhz bu institutun layihələri əsasında onlarca təhsil və mədəniyyət ocaqları, inzibati binalar tikilib, görkəmli şəxsiyyətlərmizin möhtəşəm abidələri ucaldılıb.

Tahir Abdullayev böyük memar idi. Başqa direktorlardan fərqli olaraq onun kabinetində kulman (Layihə -çertyoj lövhəsi) var idi. Hətta o, direktor olan zaman da kabinetində çalışırdı.

-İşdən uzaqlaşdırılandan sonra Tahir Abdullayev necə bir həyat yaşamalı oldu?

-Çox pis vəziyyətə düşmüşdü. Sonralar “Bakıdövlətlayihə” institutunun direktoru Abbas Ələkbərov dedi ki,  bizə çox böyük fəxr olar, siz gəlib bizim institutda məsləhətçi kimi işləyin. Atam da həmin instituta getdi. Orada atam üçün bütün şərait yaradılmışdı, şəxsi kabinet də ayırmışdılar.

Atam heç vaxt heç kimə şikayət etməzdi. O, belə bir insan idi. Yalnız öz işi ilə məşğul olardı. Amma mən bir oğul kimi görürdüm ki, atamın vəziyyəti yaxşı deyil. İşdən çıxarılandan bir neçə il sonra o, vəfat etdi.

-Tahir Abdullayev ailədə necə biri idi?

-Ailədə bizə qarşı çox ciddi idi. Hətta istəyirdi ki, mən də memar olum. Deyirdim ki, axı mənim bu sahədə qabiliyyətim yoxdur. Memar olmaq da bir istedaddır. Mən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Avtomatika və elektronika ixtisası üzrə sənəd verdim. Həmin vaxt ən dəbdə olan ixtisas idi. Atam da hirslənmişdi. Deyirdi ki, gərək memar olaydın. Tale elə gətirdi ki, mənim nəvəm Türkiyədə memarlıq üzrə təhsil alıb qayıtdı.

“Heydər Əliyevlə Tahir Abdullayevin münasibətləri çox yaxşı idi”

-Heydər Əliyev atamın xətrini çox istəyirdi. Hətta o, hakimiyyətə qayıtdıqdan sonra atama təklif etdi ki, yenidən vəzifəyə qayıtsın. Amma atam imtina etmişdi.

Respublikada heç bir tikinti atamın razılığı olmadan inşa edilmirdi. Hətta bəzi memarlar inciyirdilər. H. Əliyev deyirmiş ki, T. Abdullayevlə məsləhətləşəndən sonra bu layihələri həyata keçirin.

Hətta, Azərbaycan Resublikası Prezident Administrasiyasının inzibati binasını da mənim atam inşa edib.

-Azərbaycan Respublikası Prezident Administrasiyasının binası necə tikildi? 

-Bakı şəhərinin mərkəzində yerləşən Prezident sarayı ən möhtəşəm binalardan biridir. Prezident Administrasiyasının və dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların yerləşdiyi inzibati binadır. On iki mərtəbəli bina H. Əliyevin təşəbbüsü ilə 1977-1986-cı illərdə inşa edilib. Həmin binanın memarı da atam Tahir Abdullayev olub. 1991-ci ilədək orada Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yerləşib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da bina ali hakimiyyətin əsas iqamətgahı statusunu saxlayıb. 2003-cü ildə Prezidentin sərəncamına əsasən, bu binaya Prezident sarayı statusu verilib. Prezident sarayı Azərbaycanın klassik və müasir memarlıq incilərinin xüsusiyyətlərini özündə əks etdirir.

Orada tikinti işləri aparmaq çox çətin idi. Çünki təhlükəli zona idi. Atam hər gün tikinti gedən ərazidə olurdu. Heydər Əliyev şəxsən tikinti prossesinə nəzarət edirdi.  O, atamla bütün mərtəbələri gəzib, tikinti prossesi ilə tanış olurdu. Atam bina tikilib başa çatana qədər orada qalıb.

Heydər Əliyev adına İdman Sarayı, Millli Məclisin binasının baş memarı da atam olub.

O vaxtlar “İçərişəhər” metro stansiyasının yaxınlığında Prezidentin xüsusi iqamətgahı vardı. Həmin iqamətgahın da memarı atam idi. Azərbaycana səfər edən qonaqlar həmin iqamətgahda qalırdılar. Yaşıl Teatrın yaxınlığında yerləşən məşhur 3 evi də atam tikmişdi. Onlardan birində H. Əliyev yaşayırdı.

Atam həmin ərazilərdə binaların inşasına qarşı çıxırdı. Xüsusi ilə qeyd edirdi ki, Azərbaycanda 9 mərtəbədən artıq bina tikmək olmaz. Çünki seysmik zonadır. Hətta televiziyada da çıxış edirdi, qəzetlərə də müsahibə verirdi. Təəssüflər ki, onun sözünü eşitmədilər. Həmin vaxt atam işdən çıxarılmışdı.

Atam həmişə deyirdi ki, mənim layihələrim 9 bal zəlzələyə dözümlüdür. O, hər şeyə ehtiyatla yanaşırdı.

Təəssüf ki, bu gün Prezident Administrasiyasının binasında çalışan işçilərin əksəriyyəti bilmirlər ki, həmin binanın memarı kim olub. Onlar həmin binanın memarı olan atam Tahir Abdullayevi tanımırlar.

-Bu yaxınlarda çalışdığım universitetdə təhsillə bağlı bir problemimiz vardı. Bunun üçün Prezident Administrasiyasının binasına getməli oldum. Qəbul şöbəsində müdir işləyən xanımdan təsadüfən soruşdum ki, çalışdığınız bu binanı kimin inşa etdiyini bilirsinizmi? Cavab verdi ki, bilmirik. Dedim ki, bu binanı mənim atam Tahir Abdullayev inşa edib. Onların heç bu barədə xəbərləri də yoxdur.

-Prezident Administrasiyasının binasının tikintisi ilə bağlı o vaxtlar atanız nə danışardı?

-Atam iş barədə qətiyyən danışmırdı. Amma görürdüm ki, çox əziyyət çəkir. Oradakı bütün tikinti işlərinə ürəklə yanaşırdı. Hətta orada tikintidə çalışan bir baş mühəndis də yerə yıxılıb vəfat etmişdi. Bu atama çox pis təsir etmişdi. Uzun müddət atam həmin hadisəni unuda bilmədi.

“Tahir Abdullayev “Sahil” metro stansiyasının üzərində hündür mərtəbəli binaların tikintisinə qəti etiraz edirdi”

– Deyirdi ki, metronun üzərində hündür mərtəbəli binalar tikmək qətiyyən olmaz. Xatırlayırsınızsa, orada hündür mərtəbəli binaların tikintisinə yeni başlamışdılar. Tikinti işləri qəfil dayandırıldı. Orada elə də hündür olmayan bir idarə binası tikilməli idi. Daha sonra hündür bir yaşayış binası tikildi. Atam da etiraz edirdi ki, metronun üzərində belə hündür binalar tikmək olmaz. Çökmə-sürüşmə amilini vurğulayırdı. Hətta siz də şahid olarsınız  ki, metro hərəkətdə olan zaman silkələnmə, təkanlar hiss olunur. Buna görə də atam deyirdi ki, Bakıda 9 mərtəbədən artıq binalar tikmək qəti qadağandır. Amma çox təəssüflər olsun ki, ona qulaq asmadılar.

Bəzən atamın tikdiyi binaları başqa adamın adına çıxırılar. Hətta Bakı Dövlət Sirkinin binasını da atam tikib. Layihəsini də, inşa edilməli olan yeri də atam verib. Amma indi eşidirəm ki, həmin binanın memarı kimi başqa bir adamların adını qeyd edirlər.

Atamın 100 illik yubileyində işçiləri müraciət etdilər ki, onun yaşadığı binanın önündə bir balaca lövhədə adı, fəaliyyəti qeyd olunsun, şəhərdəki küçələrdən birinə onun adı verilsin. Təəssüflər olsun ki, heç bir reaksiya verilmədi.

“Hamıya evlər tikən memarın özü illərdir ki, evsiz qalıb”

-Heydər Əliyev Moskvaya işləməyə gedən zaman demişdi ki, Tahir Abdullayevin Yaşıl Teatrın yanında tikdiyi evlərdən birini onun özünə verin. Çünki onun evi yoxdur. Oradan bizə ev verdilər.

“Sumqayıt şəhərinin 90 faizi atamın layihələri əsasında tikilib”

-Bölgələrimizin əksəriyyətinin layihə planları da Tahir Abdullayevin rəhbərliyi altında hazırlanıb. Atam Naxçıvanda dünyaya gəlib. Naxçıvandakı bütün tikinti işlərinə şəxsən özü nəzarət edib. Gəncədə də böyük işlər görüb.

-Tahir Abdullayevin özü hansı layihəsini daha yüksək qiymətləndirirdi?

-Ata öz övladı ilə fəxr edən kimi o da öz işləri ilə qürur duyurdu. Onun həm Əməkdar mühəndis, həm də Əməkdar memar adları var. Həmişə deyirdi ki, mənim üçün Əməkdar memar adına layiq görülmək ən yüksək məqamdır.

Atam dövlət  tərəfindən 2-ci Fəxri Xiyabanda dəfn olundu. Hətta gəlib bizə dedilər ki, Tahir Abdullayevin məzarı üzərində böyük bir abidə ucaldaq. Mən isə “yox” dedim. Bildirdim ki, memar olmasam da atamın məzarının çertiyojunu özüm verəcəyəm. Dedim ki, Tahir Abdullayevin özü çox təvazökar bir insan idi, məzar daşı da balaca olsun. Üzərində də şəkil olmasın. Orada yazılsın ki, “Əməkdar memar Tahir Abdullayev”. O, memar adı ilə çox fəxr edirdi.

-Tahir Abdullayevi bu gün tanımayanlara nə demək istərsiniz?

O, bütün ömrü boyu xalq üçün çalışıb. Yaşlı adamlar onu çox yaxşı tanıyırlar. Atamın adına görə mənim üzümə çox qapılar açılıb. Mən isə heç kimdən heç nə istəməmişəm. Bəzən işimlə bağlı müraciət etmişəm. Amma heç vaxt özümüz üçün nəsə istəməmişik. Cavanlara nə deyə bilərəm ki… Tahir Abdullayev yaxşı bir yol keçib. Canını qoyub…

Tahir Abdullayevin hazırda həyatda olan tək övladı mənəm. Bir bacım da vardı. O da rəhmətə gedib. Mən atamla hər zaman fəxr etmişəm. Hətta övladlarım, nəvələrim də fəxr edirlər ki, babaları belə bir insan olub. Bəlkə də siz də mənim haqqımda çox bilmirsiniz. Amma mən də atamın yolu ilə gedirəm. Təmiz işləyirəm. Mənim atam da təmiz işləyib.

“Atamı dəfn etmək üçün pul tapa bilmədik”

-Atam həmin universitetdə 41 il direktor işləyib. Daha sonra da vəzifədə olub. Amma atam rəhmətə gedəndə  onu dəfn etmək üçün bizim pulumuz olmadı. O, heç vaxt heç kimdən bir manat da almayıb. Hər kəsin yanında başı uca idi. Heç kimdən də çəkinmirdi. Buna görə də mən atamla fəxr edirəm. (qəhərlənir)

-Bəs onun dəfn xərclərini kim ödədi?

-Biz onu dəfn edə bilmirdik. Amma İcra Hakimiyyətindən bir nümayəndə gəlib bizə dedi ki, Prezidentin xüsusi göstərişi var, dəfn xərclərini dövlət öhdəsinə götürüb.

Bəzən mənə deyirlər ki, sən də atana oxşayırsan. Deyirəm ki, yox, mən ona oxşamaq üçün çalışıram. Amma bu çox çətin məsələdir. Layihə İnstitutunda da atamın xatirəsinə hörmətlə yanışırlar. Hətta onunla bağlı bir kitab yazmaq istəyirdilər. Yubileyində mənə dedilər ki, maddi imkan olmadığına görə kitab yaza bilməyiblər. Onlara dedim ki, gərək əvvəldən mənə deyərdiniz borc alardım və biz o kitabı nəşr edərdik.

“Atamın tikdiyi universitetdəki işimdən uzaqlaşdırıldım”

-Mən də 43 il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində çalışdım. Sonralar oradakı rektorun xoşuna gəlmədim. Dedi ki, bu düz işləyir və bizə belə işçi lazım deyil… Buna görə işdən çıxdım. Qeyd edim ki, həmin universitetin ikinci korpusunu da atam tikib.

Azərbaycan Texniki Universitetinin rektoru mənim T. Abdullayevin oğlu olduğumu biləndə dedi ki, siz gəlin burada bizimlə işləyin. Mənim üçün kafedra da yaratdı. Hazırda “Biotibbi texnika” kafedrasının müdiriyəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar