Bizimlə əlaqə

Araşdırma

`Həmin iki xanımı tapın`– Erməni terrorçunun qətlə yetirdiyi azərbaycanlı nazirin varisləri: “Hamı ağlayırdı” (FOTOLAR)

Yayımlandı

da

“Evdəki hər kəs hönkür-hönkür ağlayırdı… Deyirdilər ki, biz Vətənimizin qoxusunu sizdən aldıq…”

Behbud xan Cavanşir – Görkəmli dövlət xadimi, Azərbaycan Demokratik Respublikasında Daxili İşlər naziri, Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu. 1921-ci il iyulun 18-də saat 23 radələrində İstanbulun “Pera-Palas” otelinin önündə “Daşnaksütyun” partiyasının üzvü və Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlakyan Behbud Xan Cavanşiri üç güllə ilə qətlə yetirib və həbs olunub. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilib. Prokuror qatil üçün ölüm cəzası istəyib, lakin o, 24 saat içərisində Türkiyədən uzaqlaşdırılıb. Yerinə gələn prokuror isə müttəhimə bəraət istəyir və qatil Torlokyan gecə ikən qaçırılıb. 1921-ci il iyulun 18-də Behbud Xanın ölümündən sonra dəfn mərasimi kütləvi nümayişə çevrilib. Həmin vaxt terrorçu Mişaq Torlakyan ingilis hərbçilərinin qərargahının yerləşdiyi “Kroker” otelində saxlanılıb. “Daşnaksütyun” partiyasının üzvü olan M. Torlakyan Azərbaycanda 1918-ci il mart soyqırımında xüsusi fəallıq göstərib.

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Behbud xan Cavanşirin varislərinin axtarışına çıxıb. Bir ilə yaxın davam edən axtarışlarımız nəticəsində nəhayət ki, Cavanşir ailəsinin davamçılarını Türkiyədə tapıb həmsöhbət olmağa çalışdıq. Qarabağ xanının varisləri HafizTimes.com-a eksklüziv müsahibələrində ailələri ilə bağlı indiyə qədər gizli qalmış bir çox məqamlara aydınlıq gətirməyə çalışıblar. Cavanşir ailəsinin varisləri fotolardan ibarət şəxsi arxivlərini də özəl olaraq HafizTimes.com-a təqdim ediblər.  

Bekir Emre – İdman yazarı. Türkiyədə tennis idman növü ilə bağlı ən önəmli şəxslərdən biridir. Bir çox Beynəlxalq Tennis Turnirlərinin təşkilatçısıdır. O, Behbud xan Cavanşirin Türkiyədə yaşamış qardaşı Cümşüd Cavanşirin yeganə nəvəsidir. HafizTimes.com çox çətinliklə də olsa Bekir Emreni tapıb və onunla həmsöhbət olmağa çalışıb:

– Türkiyənin ilk həkim xanımlarından olan Semiramis Tezelin bacısı Hamiyet xanım Azərbaycan Xalq Cümhuriyyəti naziri Behbud xan Cavanşirin qardaşı Cemşid Cavanşirin (Cümşüd) həyat yoldaşı olub.  Behbud xan Cavanşirin digər qardaşı Surxay Cavanşirin həyat yoldaşı isə Nüzhet Erenyol olub. O, Türkiyənin məşhur teatr aktyoru Haldun Dormenin yeznəsi (bacısı Gülər Dormenin həyat yoldaşı) Hikmet Erenyolun bacısı olub.

(Surxay xan Cavanşir)

– Sürhay Cavanşir (Surxay) orta məktəbi Bakıda bitirib. Daha sonra Dresden Technische Hochschule-də mühəndislik ixtisası üzrə təhsil alıb. Bursa Elektrik İdarəsi rəisi olaraq karyerasına başlayıb. İzmir Nafia rəisi, İstanbul Elektrik Su Hava İdarəsi rəisi və İstanbul Nafia Şirkətlər rəisi olub. Bir müddət Sümerbankda mühəndis işləyib. 1939-cu ildə IETT (İstanbul Elektrik Tramvay və Tunel Müəssisələri birliyi) Texniki bölməsinə rəhbər təyin edilib. 1944-cü ildə IETT Baş İdarəsinin Texniki Müşaviri vəzifəsinə təyin edildi. 1958-ci ildə təqaüdə çıxıb.

(Behbud Xan Cavanşirə Balaxanıdakı Şibayevin mədənlərində çalışan həmkarlarından hörmətlə)

Cemşit Cavanşir qardaşı Behbud xan Cavanşirin qətli ilə bağlı məhkəmə prossesləri ilə əlaqədar olaraq Haydar Rıfat bəyin evinə tez-tez getməli olurdu. Həmin vaxt Haydar Rıfat bəy evini ofis kimi istifadə edirdi. Cemşit Cavanşir evə girib-çıxan zaman Haydar bəyin qızı Hamiyet xanımla tanış olub, bir-birini seviblər. Hər iki tərəfin razılığı ilə İstanbulda ailə həyatı qurublar. Nikahdan sonra onlar Haydar Rıfat bəyin evinə köçüblər və illərlə həmin evdə yaşayıblar. Həmin evdə bu gün mən yaşayıram…

Cemşit Cavanşirlə Hamiyet xanımın nigahından iki övladları dünyaya gəlib. Qızları Mələk Cavanşir Münhendə dünyaya göz açıb. Cemşit Cavanşir iş üçün Münhenə getməli olub. Həkimlər həmin vaxt hamilə olan Hamiyet xanıma tövsiyyə ediblər ki, doğuş riskli olacaq, Almaniyada xəstəxanaya getsin. Bundan sonra Haydar Rıfat bəy qızı Hamiyeti də götürüb Almaniyaya, kürəkəni Cemşit Cavanşirin yanına gediblər.  Geri qayıtdıqları zaman alman tibb bacılarından birini də özləri ilə İstanbula gətiriblər ki, uşağın qayğısına qalsın. Bu tibb bacısı 86 yaşında vəfat edənə qədər Haydar Rıfat bəyin evində, ailənin bir üzvü kimi yaşayıb.

Cemşit Cavanşirlə Hamiyet xanımın ikinci övladı oğlan doğulur. Adını isə Behbut Cavanşir qoyurlar. Cemşit bəy oğluna şəhid olmuş qardaşı Behbud xan Cavaşirin adını qoyub.

Mələk Cavanşir, yəni mənim anam isə Selim Emre ilə ailə həyatı qurur. Atam Selim Emre çox gənc – 39 yaşında, 1953-cü ildə vəfat etdi. Selim Emre Mələk Cavanşir cütlüyündən mən dünyaya gəlmişəm. Adımı isə Haydar Bekir Emre qoyublar.

Mən isə iki dəfə ailə həyatı qurdum. İlk həyat yoldaşından Tuvana Deniz Emre Vetmore adlı bir qızım var. Deniz Emre hazırda həyat yoldaşı və oğlu Alexander, qızı Alya ilə birlikdə Amerikada yaşayırlar…

(Bekir Emrenin qızı və kürəkəni )

Cemşit Cavanşir hətta o illərdə hərbi xidmətdə də olub. Hamiyet xanım isə olduqca sakit təbiətli evdar qadın idi. Uşaq vaxtdan ona da alman dili də öyrədiblər. Onlar alman mədəniyyətinin təsirində böyüyüblər.

Ötən il dekabrın 18-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin xatirəsinə ucaldılan abidənin açılışı olub. Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı, İstanbul Valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanan xatirə abidəsi şəhərin tarixi bölgələrindən olan Beyoğlu rayonunda, Behbud xan Cavanşirin erməni terrorçu tərəfindən qətlə yetirildiyi “Pera Palas” otelinin qarşısında yerləşdirilib.  Abidənin qoyulması layihəsi Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən irəli sürülüb.

(Mahir Əliyev Behbud xan Cavanşirin abidəsinin açılışında)

Həmin mərasimdə çəkilən fotolardan birini Cavanşir ailəsinin Türkiyədəki yaşayan məşhur nümayəndəsi Bekir Emreyə yolladıq. Fotonun müəllifinin fikirlərini də olduğu kimi qeyd etdik: “Açılış mərasimində iştirak edən Mahir bəy Behbud xan Cavanşirin kiçik qardaşının nəvəsidir”

HafizTimes.com Behbud xan Cavanşirin Türkiyədə yaşayan qardaşı nəvəsi Bekir Emrenin fikirlərini olduğu kimi təqdim edir:

– Behbud xan Cavanşirin qardaşlarının Mahir bəy adlı qohumu olmayıb. Bəlkə də o şəxs yalan danışır… Çünki Behbud xanın yalnız iki qardaşı olub Surxay və Cemşid Cavanşirlər. Cemşid Cavanşir Hamiyet xanımla evlənib. İki övladı olub: Mələk xanım və Behbud bəy.  O,  erməni Torlakyanın öldürdüyü qardaşının adını öz oğluna qoyub. Mələk xanım isə mənim anamdır. O,  5 il öncə vəfat etdi. Surxay Cavanşir isə Nüzhet Erenyola ilə evləndi. Surxay xanın isə iki qızı olub: Bala və Sara Cavanşirlər. Onların heç birinin övladı yoxdur. Heç vaxt ailə həyatı qurmayıblar. Məndən yaşlıdırlar. Mahir bəy kimdi? Biz tanımırıq. Sizdən xahiş edirəm ki, Mahir Bəyin kim olduğunu araşdırın və mənə də məlumat verin…

(Cümşüd xan Cavanşir)

Azad xanın 3 oğlu olub: Behbud, Sürhay və Cemşit. Onların 3-ü də İstanbula qaçıblar. Behbud xanın yanında rus həyat yoldaşı Tamara da olub. Erməni Misak Torlakyan da Behbud xanı “Pera-Palas” otelinin önündə qətlə yetirib. İki qardaş Sürhay və Cemşit Cevanşirlər isə İstanbulda məskunlaşıb.

Sürhayın qızları Sara və Bala Cavanşirlərlə də əlaqə saxlayıram. Uzun müddət ölkə xaricində yaşadılar. Sara həkim işləyib. İndi qocalıblar. Onlar da Mahir adlı bir şəxsi tanımırlar…

Əgər Behbud xan  Cavanşir Rusiyada başqa bir qadınla da evlənibsə bu Mahir bəy də onun övladı ola bilər… Amma dəqiq heç nə bilmirəm.

(Surxay xan Cavanşir)

– Sizin yaşadığınız ərazinin yaxınlığında Behbud Xan Cavanşirin xatirəsinə abidə ucaldıldı. Sizi niyə həmin açılış mərasiminə dəvət etmədilər?

-Bu barədə mənə məlumat verilməyib. “Aferin bu tam onlara göre bir haraket!” Belə bir açılış tədbiri keçiriləcəkdisə məni də dəvət etməli idilər. “Hatta rica edilir”. Mən hər şeydən öncə bu Mahir bəyin kim olduğunu bilmək istəyirəm…

-Həmin vaxt nə hisslər keçirdiniz?

-Buna görə heç narahat olmuram. Dəvət etmək istəmədilər və dəvət də etmədilər. Onlar Mahir bəyi dəvət ediblər… Mən ora gedənlərdən fərqli olaraq həm babam Cemşid Cavanşiri, həm də Sürhay Cavanşiri  canlı olaraq görmüşəm. Onların həyatlarının necə keçdiyini də çox yaxşı bilirəm…

(Cümşüd Xan Cavanşirin oğlu həkim Behbud Cavanşir)

-Babanız Cümşüd Cavanşir oğluna yəni sizin dayınıza da Behbud Cavanşir adını qoymuşdu. Dayınız, həkim Behbud Cavanşirlə bağlı bilmək istərik. O, necə bir həyat yaşadı? 

 -Dayım Behbud Cavanşir 1926-ci ildə İstanbulda dünyaya göz açıb. Galatasaray liseyindən məzun olub. Daha sonra İstanbul Tibb Fakültəsini QBB (qulaq,burun, boğaz) ixtisası üzrə bitirib. Berlin və Hannover Universitetlərində çalışıb. 1971-ci ildə professor olub. Bu sahədə bir çox mühüm araşdırmaların müəllifidir. 29 noyabr 1999-cu ildə 73 yaşında vəfat etdi. Türkiyədə ən uzun müddətli klub prezidenti olub.  Təxminən 27 il tennis klubunun prezidenti vəzifəsini icra edib.

Dayım Behbud Cavanşir heç vaxt Azərbaycana getməyib. Ailə qurmuşdu. Ömrünün sonuna qədər həyat yoldaşı ilə yaşadı. Təəssüf ki, heç vaxt övladı olmadı. Dayım həkim Behbud Cavanşirlə bağlı bir neçə il öncə yazdığım bir köşə yazısına diqqət yetirin:

(Həkim, tennisçi Behbud Cavanşir)

“Behbud Cavanşir – İstanbulun varlı ailələrindən birinin övladı kimi pambıq içərisində tələbəlik keçirmək yerinə, Qalatasarayda yatılı bir məktəbdə qalmağı seçdin. Atanın daş mədənlərini idarə etmək yerinə tibbi təhsili almağı seçdin. Adanada hərbi xidmətdə olan zaman ailən evlənməyinə qarşı çıxdı. Sevdiyini, nişanlını qaçırıb ailə həyatı qurdun. Ömrünün 55 ilini onunla bölüşdün. Atan sahələrdə pullar səpərkən sən Almaniyada iki otaqlı balaca bir evdə ixtisas sahibi olmağı seçdin… İxtisasla bağlı imtahanda “almancanız kifayət deyil” sözünü eşitdiyin zaman da “lənət olsun” demədin. Yenidən oxudun və birinci yerin sahibi oldun. Heç kimə arxalanmadın. Əvvəl dosent, sonra da professor oldun. Nazmi (Bari) və Suzan (Gürel) ilə birlikdə tennisdə möhtəşəm bir dövrə imza atdınız.  Klubun prezidenti oldun. 26 il rəhbər vəzifəsini icra etdin. Bu 26 ildə heç kimi incitmədin.  Başqa rəhbərlər klubu məhv edərkən sən idmançıların qışda da məşq etmələri üçün idman salonunu xilas etdin. Onlar üçün pul və mənfəət hər şeydən, ölkədən də üstün idi. Buna görə sən onları inandıra bilmədin. Bir çox bələdiyyə sarayından qovuldun, bir çox bank sahibi tərəfindən təhqir edildin. Sən imtina etmədin. İki ildən sonra ölkənə ən müasir klubu təqdim etdin. Sən yalnız memar, mühəndis kimi çalışmadın. Sən həm də uçan pulları geri qaytardın. Heç kim səndən bir söz, təhqir eşitmədi.  İdmançları  Amerikada oxutdun. Hətta ailələrinə maddi-mənəvi dəstək oldun. Əməliyat otağını (xəstəxana) isitmək əvəzinə müxtəlif qanunsuz işlər görən fakültə işçilərinə layiqli cavab verdin, polisə düşdün. Camaat özəl klinikalarda fəaliyyət göstərərkən, sən sənə inanan bir neçə həkimlə birlikdə Halıcıoğlu’nda böyük bir “Eşitmə Uşaq Mərkəzi” açdın. Neçə-neçə xəstə uşaq sənin sayəndə eşidir və danışmağı öyrəndi. Türk tennisini xaricdə tanıtdın. 

-Öz əlinlə vəzifə sahibi etdiklərin, öz əlinlə bəslədiklərin sənə çox pis xəyanət etdilər. Amma sən onlara doğru yolu göstərmək üçün mübarizə apardın. “Onları görən zaman niyə ayaq üstə durursunuz?”- deyə sizə sual veriləndə cavab verdin ki, “onlar utansın!”. Bütün ömrün boyu heç kimdən küsmədən, incimədən yaşadın. Həyatın xəstələr, müəllimlər və idmançılar arasında keçdi. Nə qədər də xoşbəxtsən! Bəlkə də ölümü də vaxtında  seçdin. Belə bir şərəfli ömür bu pisliklərə daha tab gətirə bilməzdi. Bu dünyadan qəflətən köçməyindən artıq 21 il (29 Noyabr 1999) keçir. Sən həqiqətən mənim dayım idin. Amma mən səni heç vaxt tanıya bilmədiyim atamın yerinə qoydum…Kiçik bir uşaq olsam da çox düzgün bir qərar vermişdim…Bütün ömrüm boyu belə yaşadım. Səni hər dəfə xatırlayan zaman həsrət çəkirəm. Yaxşılığının, dürüstülüyünün dərinliyini fikirləşdikcə qürur duyuram. Çox çoxbəxtəm ki, hələ də səni özümə örnək bilirəm…

(Rəşid ağa Cavanşir)

-Siz niyə indiyə qədər ailəniz, Behbud xan Cavanşirlə bağlı danışmadınız? Niyə hər şeyi gizli saxladınız?

Mən özüm hər şeyi yaxşı bilirəm. Nə üçün bu barədə danışmalıyam ki?! Anam Mələk Cavanşir də əmisi Behbud xan Cavanşirlə bağlı heç vaxt mənə danışmayıb. Bəlkə də çox məlumatlı deyildi. Cemşid babam isə qardaşının qətli ilə bağlı mənə çox az danışıb. O vaxtlar mən uşaq idim. Həmin məlumataları isə indi hər kəs bilir. Bu barədə kitablar yazılıb…

Sizdən 2-ci xahişim də var. Təxminən 50 il öncə mən hərbi xidmətdə olan zaman Azərbaycandan iki xanım Türkiyəyə, bizim evə qonaq gəliblər.  Həmin xanımlar mənim anamla da görüşüblər. Birlikdə yemək yeyiblər. Anam mənə onların kimlikləri ilə bağlı məlumat vermədi. Siz də bir araşdırmaçı jurnalist kimi araşdırın görün o qadınlar kim idi? Bu mənə çox maraqlıdır…

-Azərbaycandakı qohumlarınız barədə nə bilirsiniz? Bəlkə Mahir bəy də sizin doğma qohumunuzdur?

-Necə ola bilər ki, bu illər ərzində İstanbula gələn Behbud xanın qohumaları bizi axtarıb tapmadılar?! Əgər Behbud xanın belə qohumları vardısa bizi mütləq İstanbulda axtarıb tapmalı idilər.

(Behbud xan Cavanşirin Azərbaycanda qalan bacısı Dilşad bəyim)

-Ananız Mələk Cavanşir ailəsi bağlı sizə nə danışardı?

-Mənim anam Mələk xanım evdar qadın idi. Heç bir yerdə işləmirdi. Təhsilli deyildi. Ailəsi, Azərbaycanla bağlı mənə heç vaxt danışmayıb.Səbəbini də bilmirəm.

(Rəşid ağa Cavanşir ailəsi ilə birlikdə)

-Azərbaycana gəlmək istərsiniz?

-Heç vaxt Azərbaycana getməmişəm. Amma işlərimi tənzimləyib ora getmək, qohumlarımı tapmaq, görmək istəyirəm. Əvvəlcə siz Behbud Xan Cavanşirin İstanbuldakı abidəsinin açılış mərasimində iştirak edən Mahir bəyin kim olduğunu araşdırın…

Cavanşir qardaşları ilə bağlı həmin illərdə Türkiyə mətbuatında yayımlanan  bəzi məlumatları da HafizTimes.com olaraq araşdırdıq.  Türkiyənin ən zənginlərinin həyatlarını əks etdirən məqalələrdə (sosyete dergisi) Cavanşirlərin adları da xüsusi olaraq qeyd olunub:

-“Hamiyet Cavanşir iti “Daddy”ni  uşağı qədər çox sevirdi”.

-“Nüzhet Cavanşir (Erenyol) gecədə ən diqqəti çəkən qonaqlardan idi”

-“İlin ən yaxşı geyinən qadın və kişilərinin siyahı”sında Cemşid Cavanşirin də adı ön pillədədir

-“Məşhur bir modelyerin atleyelərində verdiyi çaylı moda şoularında tək model kim idi?”- sualının cavab variantlarında Cemşid Cavanşirin də adı qeyd olunur…

HafizTimes.com olaraq sözügedən Mahir Əliyevi tapıb, həmsöhbət olduq. O, ailəsi ilə bağlı gizli qalmış bütün məqamlara aydınlıq gətirdi. Cavanşirlər ailəsinin fotolardan ibarət şəxsi arxivini də HafizTimes.com-a təqdim etdi:

– Behbud Xan Cavanşirgil  dörd qardaş, bir bacı olublar.  Behbud xan ailədə böyük qardaş idi. Daha sonra Cümşüd, Surxay və Rəşid Ağa. Sizinlə əlaqə yaratmağıma kömək edən Tatyana Cavanşirin atası Əkbər dayı uşaq yaşlarında yetim qalmışdı. Behbud xan onu elə bil ki, qeyri-rəsmi olaraq övladlığa götürüb böyütmüşdü.  Əslində o,  Behbud xanın dayısı oğlu idi. Behbud xan Cavaşirin doğma övladı olmayıb.

(Tatyana Cavanşir və qızı)

-Cümşüd xan Cavanşirin nəvəsi Bekir Emre sizi tanımadığını qeyd etdi. Bu barədə nə demək istərsiniz? Siz Behbud xan Cavanşirin qohumusunuz?

-Mən Behbud xan Cavanşirin Azərbaycanda qalan kiçik qardaşı Rəşid ağa Cavanşirin nəvəsiyəm. Yəqin ki, sizin Türkiyədə tapıb üzə çıxardığınız Bekir Emre bəy Rəşid Ağa Cavanşirin varlığından xəbardar olmayıb. O, heç Azərbaycandakı qohumlarını da tanımır. Biz də heç onu tanımırdıq… Sizin araşdırmanız nəticəsində tanıdıq. Mən indi bütün həqiqətləri sizə açıqlayıram.

(Rəşid ağa Cavanşir)

Rəşid ağa Cavanşir Behbud xan Cavanşirin kiçik qardaşı, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu olub. Məşhur Cavanşir nəslindən olan Rəşid ağa Cavanşir 1889-cu ildə Cavanşir qəzasının Qaraqoyunlu kəndində Azad ağanın ailəsində dünyaya gəlib. Behbud xanın qətlindən sonra qardaşları Cümşüd və Surxay ağanın təkidinə baxmayaraq, İstanbula getməyib Bakıda qalıb. “Azərittifaq”da mühasib işləyirdi. 4 qardaş olublar. Surxan bəy, Cümşüd bəy adlı qardaşları Türkiyəyə mühacirət edib. Rəşid Ağa Cavanşir bir müddət Qarabağda yaşasa da, sonra Bakıya gələrək işə düzəlib. 1937-ci ilin dekabrında həbs edilərək güllələnib.

(Bəturə,Zəminə Cavanşirlər, övladları: İlqar,Tahir, Eldar, Mahir -1971-ci il.Türkiyəyə göndərmək üçün çəkilib)

Rəşid ağa Cavanşirin, yəni babamın iki qızı olub: Bəturə və Zəminə Cavanşirlər. Mən də Bəturə Cavanşirin övladıyam. Xalam Zəminə Cavanşirin isə iki oğlu vardı: İlqar və Eldar. 1991-ci ildə Eldar  çox erkən yaşda “xərçəng” xəstəliyindən dünyasını dəyişdi.  O, filologiya elmlər namizədi idi.  İlqar isə  məşhur bir jurnalda çalışır.  Anam Bəturə, xalam Zəminə Cavanşirlər də vəfat ediblər.

Bəturə Cavanşirin 3 oğlu olub. Mən onun ilk övladıyam: Mahir, Tahir, Yalçın adlı qardaşlarım var. Anam isə 1996-cı ildə vəfat etdi.

(İlqar Kərimov və Tahir Əliyev)

-1976-cı ildə (1973 də ola bilər) Surxay Cavanşir Bakıya gəlmişdi. Bütün SSRİ üzrə iki aylıq tur paketi almışdı. Həmin tur paketlə turist kimi gələnləri əvvəl SSRİ-nin bütün böyük şəhərlərinə, ucqalarına aparıb gəzdirirdilər. Surxay Cavanşir də Bakıdakı qohumlarını 3 gün görmək üçün bütün SSRİ-nin ən ucqarlarına qədər gedib çıxmışdı… Bu tur zamanı Surxay Cavanşiri məcburən də olsa Orta Asiya  ölkələrinin paytaxtlarına da aparmışdılar. Orada deyib ki, mən artıq buralarda qala bilmirəm: “Mən bu gün Bakıya, Vətənimə gedirəm. Bakıdakı qohumlarımın yanında qalmaq istəyirəm. İcazə verin mən öz Vətənimə gedim”.

(Surxay Cavanşiri qarşılayırıq. Hava limanı 1976-ci il. Rasim Kərimli də buradadır)

“Surxay Cavanşirin qəfil, illər sonra Azərbaycana gəlməsi bizim üçün əsl şok idi. Bütün qohumlarımız çox təəccübləndilər”.

-Behbud xan Cavanşirgilin Azərbaycanda bir doğma bacıları da qalmışdı. O, bir-iki dəfə Türkiyə məktub göndərmişdi. Qardaşları Cümşüdü, Surxayı görmək istədiyini qeyd edirdi. Surxay Cavanşir Azərbaycana gəlməmişdən bir il öncə bacıları vəfat etdi. O, Türkiyədə yaşayan qardaşlarının həsrətinə dözə bilmədi. 1918-ci ildə gördüyü qardaşı nəhayət 1976-cı ildə Bakıya yenidən qayıtdı….

“Həmin vaxt mənim 15 yaşım olardı. Təsəvvür edə bilməzsiniz ki… Biz Surxay Cavanşirə elə baxırdıq ki, elə bil başqa planetdən gəlib…”

(Zəminə Cavanşir, Dilşad bəyim, Sara nənə- R.Kərimlinin anası, Sənubər nənə )

-Behbud xan Cavanşirin Bakıda qalan bacısı kim idi?

-Onun adı Dilşad bəyim idi. Behbud xan Cavanşirin doğma bacısı idi. Dilşad bəyimin həyat yoldaşının adı Şahmar bəy idi. Ağdamın Əfətli kəndinin bəyi idi. Şahmar bəy də, mənim babam Rəşid ağa Cavanşir də repressiyaya məruz qaldılar. 1973-cü ildə isə Dilşad bəyim vəfat etdi. O, bütün ömrü boyu Türkiyədə olan qardaşlarının görmək həsrəti ilə yaşadı. Amma qardaşlarını görmək ona qismət olmadı…

(Dilşad bəyim)

Surxay Cavanşir 1976-cı ildə ilk dəfə Bakıya gələndə xahiş etdi ki, ona bacıları Dilşad bəyimi göstərək: “Bacımı görmək istəyirəm. Mənim bacım haradadır?!” Hətta onun halı pisləşdi…Biz onu bacısı Dilşad bəyimin məzarı üstünə apardıq. Surxay Cavanşir bacısının məzarı üzərində hönkür-hönkür ağlayırdı…Həmin anları heç vaxt unutmaram…

“Bir neçə ildir ki, mən də Türkiyəyə köçmüşəm. Mən şəxsən Türkiyədə yaşayan qohumlarımızı tapıb, onlarla əlaqə yaratmaq istəyirdim. Onlar isə elə bilirdilər ki, guya biz onlardan nəsə istəyirik, nəyəsə ehtiyacımız var və s.”

-Xalam Zəminə Cavanşirin oğlu İlqar da mənim qardaşımdır. Çünki, biz hamımız bir yerdə böyümüşük. Bizim heç birimizin nədəsə gözümüz yoxdur. Hətta digər qardaşlarım mənə deyirdilər ki, onlarla heç əlaqə qurmağa dəyməz!  Onlar bizə yuxarıdan aşağı baxırlar…

(Atam Qasım Əliyev, anam, Tahir, nənəm və Yalçın)

Xalam Zəminə Cavanşirin həyat yoldaşı məşhur şair Rasim Kərimli idi. Surxay Cavanşir Bakıya gələn vaxtlarda mənim atam da Maliyyə Nazirliyində şöbə rəisi işləyirdi. Nazir atamı yanına çağırıb deyib ki, təcili ezamiyyətə getməlisən. Atam ona deyib ki, Türkiyədən bizim qonağımız gələcək icazə verin onunla görüşüm. Nazir isə atama deyib ki, məhz həmin qonağa görə sən ezamiyyətə getməlisən, burada olmamalısan: “Sabah Təhlükəsizlik Xidməti mənim üstümü kəsəcək ki, sənin işçinin yanına xaricdən adam  gəlib. Məni çox incidəcəklər. Yaxşısı budur ki, sən özün o, gəlməmiş buraları tərk et”. Surxay Cavanşir Bakıya gəlib gedəndən iki-üç gün sonra atama Azərbaycana qayıtmağa icazə verdilər.

Zəminə Cavanşir, həyat yoldaşı Rasim Kərimli, anam Bəturə Cavanşir, nənəm hamımız birlikdə o vaxtın məşhur “Paz” avtobusu ilə hava limanına getdik.  Biz ora çatanda artıq vəzifəli şəxslər bilirdilər ki, Türkiyədən kimsə Azərbaycana gəlir.  Rasim Kərimli onlara bərk əsəbləşdi. Onu otağa apardılar.  Rasim əmi uca səslə dedi ki, “camaat belə bir insanlarla fəxr edir, bunlar isə hələ bizi sıxışdırırlar ki, Surxay Cavanşir Azərbaycana niyə gəlir?!”

(Rəşid ağa Cavanşir ailəsi ilə)

Rasim Kərimli vəzifə sahiblərinə deyirdi ki, Surxay Cavanşir illər sonra öz doğma Vətəninə gəlir: “Sizə görə onlar Azərbaycandan uzaq düşüblər”. Vəzifəlilər isə Rasim Kərimlini məcbur edirdilər ki, Surxay Cavanşiri tez geri göndərsin . Və bir daha Azərbaycana qayıtmasın. Köhnə hava limanında Rasim Kərimlinin səsi hər yanı bürümüşdü. O, Surxay Cavanşirə qarşı göstərilən nalayiq münasibətə etiraz edirdi.

Biz çox çətinliklə də olsa Surxay Cavanşiri hava limanında qarşıladıq. Daha sonra onu köhnə “İnturist” mehmanxanasına apardıq. Orada Surxay Cavanşirlə Rasim Kərimlini bir otağa aparıb məcburi şəkildə kağızları imzaladıblar ki, Surxay Cavanşir gün ərzində nə etməsindən aslı olmayaraq axşam saat 11 tamamda oteldə olmalıdır.

Surxay Cavanşir çox əsəbləşmişdi. O, deyirdi ki, axı mən Vətənimi görməyə gəlmişəm. İcazə verin doğma yurdumu gəzim.  Ona dedilər ki, sən heç Bakıdan Sumqayıta da gedə bilməzsən!

Bakıda Surxay Cavanşiri gəzdirdik, görməli yerlərə apardıq. Operaya baxmağa getdik. Surxay Cavanşir gülə-gülə dedi ki, mən Avropada bütün opera tamaşalarına baxıb gəlmişəm: “Bura gəlmişəm ki, Azərbaycan musiqisini eşidim, Vətənin havasını udum”. Bundan sonra Surxay Cavanşir üçün təşkil etdiyimiz proqramı tamamilə dəyişməli olduq.

Bakıdan getməyinə iki-üç gün qalmış Surxay Cavanşir qardaşı qızları Zəminə və Bəturə Cavanşirə dedi ki, sabah bu vaxt mən yalnız sizin üçün gələcəyəm  və sizi özümlə Bakıda məşhur bir mağazaya aparacağam. O vaxt Qız Qalasının yanında “Çinar” adlı bir mağaza vardı. Anamgilə dedi ki, mən uzaq yoldan gəldiyim üçün şəxsən sizə heç nə gətirə bilmədim… Amma o, bizə – uşaqlara alman istehsalı olan bir qələm bağışlamışdı. Surxay əmi Zəminə xala ilə anama deyib ki, girin bu mağazadan nə istəyirsiniz alın: “Bütün xərci  mən ödəyəcəm. Siz mənim qardaşımın övladlarısınız. Mənim də ürəyim rahat olar ki, qardaşım övladları üçün nəsə etdim”.

Surxay Cavanşir Bakıda deyirdi: “Türkiyədəki qardaşım Cemşid Cavanşir mənə dedi ki, Surxay Azərbaycana getmə, “KQB” səni güllələyə bilər”.

Surxay Cavanşir Türkiyəyə qayıtdı. Bir neçə il sonra Cümşüd Cavanşir Azərbaycandakı qardaşı qızları Bəturə və Zəminə Cavanşirləri Türkiyəyə dəvət etmək istəyib. Bu məqsədlə onların adına Bakıya dəvətnamə göndərib. Həmin dəvətnaməni 1 il sonra xalamgil alır. Həmin dəvətnamə bir il ərzində “KQB”də gizli saxlanıb.

Daha sonra isə Cümşüd Cavanşir xalam Zəminəyə bir məktub göndərdi. Məktubda qeyd edirdi ki, axı mən sizə bir ildir ki, dəvətnamə göndərmişəm. Siz niyə Türkiyəyə gəlmirsiniz? Niyə dəvətnaməyə cavab vermirsiniz? Bəlkə sizi Azərbaycandan buraxmırlar? Bəlkə buradakı səfirliklərə müraciət edim ki, sizin Türkiyəyə gəlməyinizə icazə versinlər?! Zəminə Cavanşir o dövrdə “siyasi səhv” buraxmadan əmisinə cavab yazdı ki, guya hər şey yaxşıdır, ailə-övladlar və işlə məşğul olublar: “Hər şeyimiz var. Özüm “Gənclik” redaksiyasında redaktor işləyirəm. Bacım Bəturə də uzun illərdir ki, həkim işləyir. Narahat olmayın.  Tezliklə Türkiyəyə gedəcəyik”. Həmin məktubu göndərəndən sonra “KQB”dən bir inspektor Zəminə Cavanşirin yanına gəlib dedi ki, sizin bu səfəriniz baş tutacaq, narahat olmayın: “Siz bu məktubunuzda heç bir siyasi səhvə yol vermədiniz”.

(Cümşüd Cavanşirin dəvəti ilə Zəminə və Bəturə Cavanşir bacıları Türkiyəyə gedəcəklər)

Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Anam Bəturə ilə xalam Zəminə Cavanşir Türkiyəyə ailə üzvlərini görməyə gedən zaman Bakıda bankda valyuta tapılmadı. Sovet pulunu dollarla dəyişmək üçün banka getmişdilər.Onların hərəsinə 12 dollar pul verdilər. Bankda da deyiblər ki, guya pul yoxdur, sizə yalnız 12 dollar verə bilərik. (İki nəfərə 24 dollar).  24 dollarla Sovet İttifaqından Ermənistan-Gümrüdən keçməklə Qarsa getməli idilər. Orada da hələ dəmir yolu çəkilməmişdi, İstanbula getməli idilər…

(Nənəm Sənubər Cavanşirova – Cəmillinskaya)

Bütün çətinliklərə baxmayaraq anam və xalam Qarsa-sərhədə qədər gedib çıxıblar: “Sərhədə çatanda hamı dağıldı. Yalnız biz iki bacı sərhəddə qaldıq. Ətrafa boylandıq. Heç bir yeri tanımırdıq. Birdən gənc bir oğlan bizə yaxınlaşıb dedi ki, “abla” (bacı) siz kimsiniz? “Misafirsiniz” (qonaq)? Hara gedirsiniz?”

-Biz Azərbaycandan, Bakıdan gəlmişik. İstanbuldakı əmilərimizi görməyə gedirik.

“Azərbaycan” sözünü deyən zaman həmin gənc oğlan hönkür-hönkür ağlamağa başladı:

“Mən də azərbaycanlıyam. Gəncədənik. Burada çoxlu azərbaycanlılar yaşayır.  Sovet hakimiyyəti qurulanda Gəncədən xeyli sayda ailə İğdıra, Qarsa qaçmalı oldu”. Gənc oğlan həmin vaxt kimlərəsə zəng edib. Tez bir zamanda bir neçə maşın ora gəlib. Maşının içindən bir neçə kişi düşüb. Gəlib xalamgilin əllərini öpüblər, ağlaşıblar…Onları maşına mindirib aparıblar. Həmin kişilər Bəturə və Zəminə Cavanşirləri Qarsda iki mərtəbəli böyük bir evə gətiriblər. Həmin vaxt elə evlərə villa kimi baxırdılar… O vaxtlar Sovet İttifaqında isə “xruşovka” və “stalinka” tipli binalar vardı. Anam mənə danışırdı ki, biz evə daxil olduq: “Evin içərisi insanlarla dolu idi, yaşlı, ağsaqqal, qadın, uşaq, gənc və s. Hamısı hönkür-hönkür ağlayırdı… Deyirdilər ki, biz Vətənimizin qoxusunu sizdən aldıq…”

(Yalçın Əliyev -Rəşid ağa Cavanşirin nəvəsi, jurnalist )

Anamla xalamı iki gün məcbur orada qonaq ediblər. Qarsdan avtobusa bilet alıb getmək istəyəndə Zəminə Cavanşir deyib ki, bizim pulumuz var, yol pulunu özümüz verəcəyik.  Həmin 24 dolları Zəminə Cavanşir cibindən çıxarıb. Ordakılar deyiblər ki, siz o ölkədən bu ölkəyə cəmi bu 24 dollarla gəlmisiniz? Sizi bu pul ilə yola salıblar?! Onlar bileti özləri alıb. Sürücüyə də deyiblər ki, bu xanımlar nə desələr yerinə yetir, avtobusdan düşəndə onları taksiyə mindir və dedikləri ünvana yola sal: “Geri qayıdanda isə mütləq Qarsda bizim yenidən qonağımız olun”.

Nəhayət Bəturə və Zəminə Cavanşirlər əmiləri Cümşüd Cavanşirin evinə gedib çatırlar. Cümşüd Cavanşir əvvəllər məktub yazanda qeyd edirdi ki, siz Türkiyəyə gəlin mən sizi özüm aparıb İstanbulu  gəzdirəcəm və s. Amma anamgil ora gedəndə Cümşüd Cavanşir onlara deyib ki, mən sizi gəzdicə bilməyəcəm. Guya xəstədir: “Nə istəyirsiniz alın, uşaqlarınız, həyat yoldaşlarınız üçün alış-veriş edin. Xərci mən ödəyəcəm”.

Anam həmişə xüsusi ilə bu məqamı danışardı. Cümşüd Cavanşir ilk gün anamla-xalama deyib: “Amma bu evdə bir rejm, şərt var. Hər bir yeməyin öz saatı var. Yəni ki, səhər yeməyi bu saatda, günorta yeməyi bu saatda, axşam yeməyi də bu saatda yeyilməlidir.  Çalışın bu yemək saatlarına gecikməyin”.

Bir gün anamgil bazarlıq edib evə qayıdıblar. Cümşüd Cavanşirin dediyi yemək saatından bir az gec idi: “Cümşüd Cavanşir qarşımıza çıxdı və dedi ki, yemək yoxdur. Mən demişdim axı yeməyin vaxtı budur!  Amma bu “para”nı götürün aşağıdakı restoranda yemək yeyin. Bundan sonra isə yemək vaxtlarına gecikməyin”.

(Tahir Əliyev- Rəşid ağa Cavanşirin nəvəsi)

Xalamla anam danışırdılar ki, əmiləri Cümşüd xan Cavanşirin  iki evi vardı. (5-6 mərtəbəli). Həmin evlərin birində – axırıncı mərtəbədə özü yaşayırdı. Üzbəüz evdə isə oğlu həkim Behbud Cavanşir yaşayırdı.  Binanın birinci mərtəbəsində isə oğlu üçün həkim otağı hazırlatmışdı.

Mələk Cavanşir isə həmin evin 4-cü mərtəbəsində kirayə qalırdı. Onların ata-bala münasibətləri bir qədər soyuq idi…

-Daha sonra anamla xalam əmiləri Surxay Cavanşirgilə gediblər. Bir məsələni də qeyd edim ki, Surxay Cavanşirin ömrünün sonuna qədər öz evi olmayıb. Bütün həyatı boyu oteldə yaşayıb. Anamgil həmin otelin adını deyirdilər. İndi mən unutmuşam…

(Məşhur aktyor Haldun Dormenin bacısı Gülər Erenyol. Hikmet Erenyolun xanımı olub)

Cümşüd Cavanşir isə çox zəngin olub. Xalam deyirdi ki, Cümşüd Cavanşirin bahalı bir saat kolleksiyası vardı. Hətta anamın əlini sıxan zaman da saatına baxıb deyib ki, nə gözəl bir saatdır. Anam da Bakıya qayıdanda həmin saatını əmisi Cümşüd Cavanşirə hədiyyə edib.

Davamı olacaq…

Hafiz Əhmədov

HafizTimes.com

Araşdırma

`Meyiti yandıracaqdılar, 4 nəfər eyni məzarda, təyyarə qəzası və zəhərlənmə` – Xoyskilərin faciəsi ARAŞDIRMA (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Maddi imkanları olmadığına görə 4 nəfəri bir qəbirdə dəfn etdilər”

“Xahiş edirəm onun meyitini yandırmayın…”

“İlk üçrəngli Azərbaycan bayrağını evimizdən ya oğurladılar, ya da itirdik”.

HafizTimes.com Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk baş naziri olan, daxili işlər, hərbi, ədliyyə və xarici işlər nazirlər vəzifəsində çalışan Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin varislərinin həyatını araşdırıb.

Hüseynqulu xan Xoyskinin İstanbulda yaşayan nəvəsi Leyla xan Xoyski HafizTimes.com-a danışır:

-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bütün qurucularını, ulu babalarımızı gördüyüm üçün çox xoşbəxtəm. Onlar 1920-ci ildə bura gəliblər. Məmməd Əmin Rəsulzadəyə mən “əmi” deyərdim. Babalarım 28 mayı çox gözəl qeyd edərdilər. Bütün mühacirlər bir yerə toplaşardı. 28 may mənim üçün də müqəddəs bir gündür. Həmin gün oturub ağlayıram, Azərbaycan üçün dualar edirəm. Azərbaycanda Cümhuriyyət dağıldıqdan sonra qurucular oradan köçmək məcburiyyətində qaldılar. Bir daha geri qayıda bilmədilər. Bu barədə heç nə danışa da bilmirdilər. Cümhuriyyətin qurucularının Azərbaycanda olan qohum-əqrabalarını öldürdülər. Onların həyatının çətinliklərini izah etmək mənə çox ağırdır. Mən və qardaşım isə burada doğulduq. Atam Türkiyəyə gələn zaman 18 yaşında imiş. Həyatımız gözəl olsa da, ürəyimizdə bir həsrət vardı.

İlk 5 üçrəngli Azərbaycan bayrağıdan biri sovetlər zamanında – 70 il bizim evdə gizli qaldı. Amma həmin illər ərzində Azərbaycan bayrağı bizim evdə açıq şəkildə dalğalandı. Ulu babam həmin bayrağın ətrafına qızıl pullar düzmüşdü. O vaxtı uşaq idim, babamgilə gedəndə divarda üçrəngli, kənarları qızılı pullarla bəzənmiş bir parça gördüm. Rəngləri çox gözəl idi. Adamı özünə heyran edirdi. Sonra başqa bir evə köçən zaman onları itirdik, ya da oğurladılar. O bayraq bizim üçün çox dəyərli, müqəddəs və toxunulmaz idi. Sonralar Azərbaycan bayrağının yağlı boya ilə tablosunu çəkdik.

(Zahid xan Xoyski, Adilə Şeyxzamanlı, Həsən Həsənov -1992)

Zahid xan Xoyski – Azərbaycanın ictimai və siyasi xadimi. Azərbaycan Cümhuriyyətinin baş naziri olmuş Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xanın oğlu. Nyu-Yorkda (ABŞ) yaşayıb, mühəndis-energetik kimi fəaliyyət göstərib. Həyat yoldaşı Tereza xanım Polşa mənşəli olub. Qızı isə Yeganə xan Xoyskidir.

Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəri HafizTimes.com-a danışır:

-Leyla xala əvvəllər mənə danışardı ki, Amerikada yaşayan əmisi oğlu Zahid xan Xoyskidə Azərbaycan bayrağının orijinalı var. Zahid xan Xoyski Polşadan olan həyat yoldaşı Tereza və qızı Yeganə ilə birlikdə Long Island, Nyu-Yorkda yaşayırdılar. Yaxşı münasibətlərimiz var idi və o, mənə məktub yazırdı (məktublar hələ də məndə var) və anam onunla tez-tez telefonla danışırdı.
Leyla xala mənə demişdi ki, Azərbaycan Demokratik Respublikası barədə çox sayda qeydlər Zahid xan Xoyskidədir.

“Zahid xan Xoyskinin meyitini yandıracaqlar”

1997-ci ilin yayında mən işdə idim və Zahid xanın qohumlarından biri Enis mənə zəng etdi: “Zahid xan vəfat etdi və onun cənazəsini dəfn etməyə ailəsinin pulu yoxdur. Zahid xanın meyitini yandırmağı düşünürlər…”

Bu məni çox narahat etdi. Belə böyük bir ailənin oğlunu necə yandırarlar axı?! Enisə zəng edib dedim ki, xahiş edirəm bütün xərcləri öz üzərimizə götürəcəyik. Zahid xana layiq bir dəfn mərasimi təşkil edəcəyimi dedim: “Xahiş edirəm onun meyitini yandırmasınlar…..”

Dərhal Nyu-Yorkdakı Fatih məscidinə zəng etdim. Dedim ki, Zahid xan Xoyskinin meyitini götürüb məscidə aparsınlar. Oradakı səlahiyyətli şəxslərdən xahiş etdim ki, yaşayış yerinin yaxınlığındakı Long Island-da uyğun bir qəbirstanlıq tapsınlar və Zahid xanın cənazəsini orada dəfn edək.

Azərbaycanın BMT-dəki nümayəndəsinə zəng etdim. Səfir Eldar Quliyevə məlumat verdim, istədim ki, dəfn zamanı bizim yanımızda olsun.

“Zahid xan Xoyskinin cənazəsini Azərbaycan bayrağı ilə bürüdük”

-Zahid xan Xoyskini dualarımız sədasında və Azərbaycan bayrağına bürünmüş tabutunda dəfn etdik. Səfir Eldar Quliyev Azərbaycan dövləti adından Zahid xan Xoyski üçün məzar daşı hazırlatdı. Məzar daşının üzərində bu qeyd olundu: “Zahid xan Xoyski..Son of Azerbaijan”.

“Zahid xanın qızı Yeganə Xoyski Azərbaycanın orijinal bayrağını mənə vermədi”

-Dəfn mərasimindən sonra Zahid xan Xoyskinin qızı Yeganədən xahiş etdim ki, bütün sənədləri və orijinal Azərbaycan bayrağını mənə versin. Ondan istədiyim tək şey idi. Çünki bilirdim ki, bunların heç birinin onun üçün əhəmiyyəti yoxdur.

Dəfələrlə zəng etdim, o heç cavab da vermədi. Heç vaxt mənə heç nə vermədi. Bu günə qədər də bütün bu vacib sənədlərə və bayrağımıza nə baş verdiyini bilmirəm.

(Valiyə xan Xoyski)

Valiyə xan Xoyski – Hüseynqulu xan Xoyskinin qızı. Azərbaycan Demokratik Respublikasında ordu zabiti, Gəncə alayında briqada komandiri, Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq Gəncədə başlayan üsyanın rəhbərlərindən biri Cahangir bəy Kazımbəyli ilə ailə həyatı qurub. Abbas, Mustafa, Əli bəy adlı oğulları dünyaya gəlib. Azərbaycanı bolşeviklər işğal etdikdən sonra Polşaya köçüblər. Daha sonra Almaniya, İtaliya və İstanbula köçəməli olublar. Valiyə xan Xoyski həyat yoldaşı Cahangir bəylə birlikdə “Prometey” cəmiyyətində istilaçı ruslara qarşı mübarizə aparıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəşr edib, “Azəri-türk” dərnəyini yaradıblar.

(Valiyə Xan Xoyski ailəsi ilə birlikdə)

HafizTimes.com Valiyə xanım Xoyskinin İtalyada yaşayan nəvəsi Daniel Kazımbəylini tapıb, həmsöhbət olmağa çalışıb. Daniel Kazımbəyli nənəsi Valiyə xan Xoyski ilə bağlı bir çox məqamlara aydınlıq gətirib. O, ailəsinin fotolardan ibarət şəxsi arxivini də HafizTimes.com-a təqdim edib:

-Nənəniz Valiyə xan Xoyski necə bir insan idi? Onu necə xatırlayırsınız?

-Təəssüf ki, nənəmi heç vaxt görməmişəm. Yunanıstanda Olimpus dağında təyyarə qəzası zamanı dünyasını dəyişib. O, azərbaycanlılara kömək etmək üçün gedibmiş. Atam  həmişə mənə deyirdi ki, nənəm qeyri-adi istedada malik, mükəmməl  bir insan idi. O, əsl insani duyğulara malik şəxsiyyət, böyük bir Xan Xoyski idi. Babam Cahangir Kazımbəylinin isə zəhərlənərək öldürülməsindən şübhələnirik.

 Mənim qanım, kökümün Azərbaycan ərazilərindən gəlməsi xoşbəxtlikdir. Xoyski-Kazımbəyli ailəsinin üzvü olmaqdan qürur duyuram. Mütləq gəlib Azərbaycanı ziyarət edəcəyəm. Ailəm haqqında daha çox məlumata sahib olmaq üçün Azərbaycana səfər etməkdən şərəf duyaram.

HafizTimes.com olaraq Zahid xan Xoyskinin qızı, Xoyski ailəsinin Amerikadakı  sonuncu nümayəndəsi Yeganə xan Xoyski ilə bağlı uzun müddət davam edən araşdırma apardıq. Yeganə xan Xoyskinin məzarı ilə qarşılaşdıq. 4 nəfər bir məzarda…

(Yeganə xan Xoyskinin məzarı)

“Yeganə xan Xoyski 1944-cü ilin yanvarın 1-də anadan olub.  1961-ci ildə Nyu-Yorkda Dana Martin adlı bir şəxslə ailə həyatı qurub. Həyat yoldaşı memar olub. Çox erkən – 57 yaşında (23 noyabr 2001) ağır xəstəlikdən vəfat etdi. Maddi çətinliklərə görə, Rohode İsland-dakı “Greenwood” qəbirstanlığında həyat yoldaşının ailəsinin olduğu məzarda dəfn edildi…”

Hafiz Əhmədov

HafizTimes.com

“Babam bəlkə də zəhərlənərək öldürülüb” – Kazımbəyli və Xoyskinin İtaliyadakı biznesmen varisi ilə eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz. 

“Heç vaxt soyadımızı dəyişmədik”– Fətəli xan Xoyskinin nəvə-nəticəsi ilə eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz. 

`Azərbaycan üçün dua edirəm` – Leyla xan Xoyski ilə eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz. 

Oxuyun

Araşdırma

Dünyanı fəth edən BAKILI AİLƏ – Biri “Oskar” alıb, digəri Sofi Lorenin…TARİXİ ARAŞDIRMA (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Bakı nefti ilə zəngin olan, dünyanı fəth edən milyonçu Şiffrinlər ailəsinin köklərini, varislərini araşdırıb. 

“Uzaq bir ölkədə Bakı neftinin qoxusunu duyan bir tacir həyat yoldaşını da tez yanına alıb məsafələr qət edərək milyonçular yetişdirən Xəzərin sahilinə – Azərbaycana gəlir. Bu adi tacir də bir müddət sonra Bakının qara qızılının milyonlarına bürünüb şan-şöhrətli bir neft maqnatına çevrilir. Doğub-törəyirlər, artırlar. Bakı  neftinin milyoçuya çevridiyi bu ailəni oktyabr ilqilabının dalğaları pərən-pərən salır. Fransa sahillərinə yan almalı olan bu ailənin fərdləri dünyanı fəth etməyə, tarix yazmağa başlayırlar. Qəfildən əsən müharibə rüzgarı Şiffrinlər ailəsini Amerika sahillərinə vurur. Yəhudi qanı daşıdıqlarına görə daimi təziqlərə məruz qalan Şiffrinlər ailəsi öz uğurları ilə dünya tarixinə həkk olunurlar”.

HafizTimes.com Bakıda doğulub-böyüyən yəhudi-rus əsilli məşhur Şiffrin qardaşlarının həyatını araşdırıb. Uzun müddət davam edən axtarışlarımız nəticəsində Şiffrinlərin həyatı, mübarizələri, uğurları ilə bağlı önəmli fatkları üzə çıxardıq. Şiffrin qardaşlarının uğurlu varislərini də tapıb həmsöhbət olmağa çalışdıq. Hazırda dünyanın hər yerində ən yüksək vəzifələrdə çalışan Şiffrinlərin məşhur varisləri HafizTimes.com-a eksklüziv açıqlamlarında ilk dəfə olaraq ailə kökləri, baba yurdları olan Azərbaycanla bağlı fikirlərini ifadə ediblər.

  “Simon Şiffrin Amerika Kino Akademiyasının “Oskar mükafatına layiq görülüb”.

Simon Şiffrin – Məşhur film istehsalçısı, rejissor, film produseri. 1894-cü ilin 29 sentyabr tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. Əsl adı Semyon Savelevich (Shevelevich) ,Şiffrin olub. Daha sonra adı Simon Şiffrin kimi təqdim edilib.

İlk fransız film istehsal şirkətinin təsisçisi – sahibi olub. Bu şirkət əvvəllər onun öz adını daşıyıb: “Les Films Simon Schiffrin”. Daha sonralar isə “Flags Films” adlandırılıb. Ömrünün  41 ilini kino sahəsinə  həsr edib.(1927 – 1967)

Şiffrinlər ailəsinin varisi, məşhur jurnalist Anya Şiffrin

Simon Şiffrin Bakıda zəngin bir yəhudi – rus ailəsində dünyaya gəlib. Atası Saveliy Lvoviç (Şevel Leyboviç) Şiffrin olub. İlk vaxtlar o, “mqlinski meşşan”, “1-ci gildiyanın taciri” olub.  Saveliy Lvoviç Şiffrin 1892-ci ildən etibarən Bakıda tanınmış milyonçu – neft maqnatına çevrilib. Şiffrin ailəsi 1917-ci ilin oktyabr inqilabına qədər Bakıda neft maqnatı kimi həyat sürüblər. O, həmçinin Bakıda sulfat – sement zavodlarının sahibi olub. Nobel qardaşları ilə yaxın münasibət qurub, əməkdaşlıq edib. Simon Şiffrinin anası Fedosya Aleksandrovna Shiffrin (Litvinov) Moskvada məşhur at yetişdirən Litvinovun qızı olub.

Simon Şiffrin – İlk fransız kino istehsalı şirkətinin rəhbəri

Simon Şiffringil ailədə 5 uşaq olub.  Yevgeni Şiffrin adlı bir bacıları olub. Yevgeni ailənin ən böyük övladı olub.  1890-cı ildə  Voronejdə anadan olub. 1905-1908 illərdə  Bakıda 2-ci qızlar gimnaziyasında təhsil alıb.

Simon Şiffrinin qardaşı Jacques Şiffrin

Jacques Schiffrin  –  1892-ci ilin 28 mart tarixində Bakı şəhərində anadan olub. 1899-cu ildə Bakıda ailənin kiçik övladı Lev, 1900-cu ildə isə Aleksandr dünyaya gəlib. Onların həyatları barədə təəssüf ki, heç bir məlumat mövcud deyil.

Jacques Şiffrinin oğlu Andre Şiffrin

1-ci Dünya Müharibəsi zamanı Şiffrin ailəsi Bakını tərk edib Fransaya köçdülər, bir müddət orduda xidmət etdilər. İkinci Dünya müharibəsi başlayanda isə Simon və Jacques Şiffrin qardaşları ailələri ilə birlikdə ABŞ-a sığındılar. Ancaq müharibənin sonunda Simon Şiffrin Fransaya qayıtdı və Jaques isə həyatının sonuna qədər ABŞ-da yaşadı. 1960-cı illərdə və sonralar Simon Shiffrin bir neçə dəfə SSRİ -ni ziyarət edib.

Simon Şiffrin və Sofi Loren Moskvada festivalda

“Simon Şiffrin məşhur italyan kino-ulduzu Sofi Lorenlə birlikdə Moskvaya gəlib”

– Fransa kino istehsalı şirkətinin sahibi milyonçu Simon Şiffrin müharibədən sonra 1965-ci ildə SSRİ -yə yenidən səfər edir. Bu zaman o, məşhur italyan aktrisa Sofi Loreni müşayət edir. İtalyan aktrisa IV Beynəlxalq Moskva Film Festivalında iştirak edir. O,  Vittorio de Sicanın  “İtalyada nikah” adlı filmdəki roluna görə mükafatlandırılır.

Simon Şiffrin, Karlo Ponti, Sofi Loren

Simon Şiffrinlə yanaşı məşhur aktrisanı gələcək həyat yoldaşı film produseri Karlo Ponti də müşayət edib. Simon Şiffrin Sofi Lorenlə birlikdə Moskva küçələrində gəzib, insanlarla şəkillər çəkdiriblər. Milyonçu Simon Şiffrinin cazibədar Sofi Lorenə baxan zaman çəkilmiş şəkli uzun müddət müzakirə mövzusu olub. 

“Bakılı Simon Shiffrinə “Chagall” filminə görə “Oskar” təqdim olunur”

 -Simon Şiffrinin çəkdiyi “Chagall”(1963) filmi 1964-cü ildə Amerika Kino Akademiyasının “Ən yaxşı qısa sənədli film” kateqoriyasında – “Oskar” mükafatına layiq görülür. 36 dəqiqəlik fransız sənədli filmində rəssam və yazıçı Marc Chagall-ın həyat və fəaliyyətindən bəhs olunur.  İtaliyalı rejissor Lauro Venturi tərəfindən çəkilən filmdə Mark Chagall-ı canlı olaraq görə bilərsiniz. Təəssüf ki, 13 aprel 1964-cu ildə baş tutan “Oskar” mükafatının təqdim etmə mərasimində Simon Şiffrinin özü iştirak edə bilmir. Onun mükafatını Yosef Auerbaxın qəbul edir.

Simon Şiffrin və Sofi Loren Moskvada

Simon Şiffrin 22 iyul 1985-ci ildə Fransanın paytaxtı Paris şəhərində 90 yaşında dünyasını dəyişir.

Jacques (Jak) Schiffrin – Məşhur naşir, tərcüməçi, Bakı neft kralı Savely L. Şiffrininin oğlu,  Simon Şiffrinin isə qardaşıdır.

– Jak Şiffrinin də həyatı heç də asan keçməyib. O da bütün ömrü boyu köçkün həyatı yaşamalı olub. 1892-ci ilin 28 mart tarixində Bakı şəhərində anadan olub. 1917-ci ildə oktyabr inqilabı başlayanda Bakını tərk edib, ailəsi ilə birlikdə Parisə sığınır. Orada nəşriyyat sahəsi ilə məşğul olur. Müharibədən sonra Parisdə  özünə məxsus məşhur “Edicions de la Pleiade” nəşriyyatının əsasını qoyur. Görkəmli şəxsiyyətlərin, yazarların əsərlərini, klassik ədəbiyyat nümunələrini nəşr edir. Tez bir zamanda böyük şöhrət qazanır.

Şiffrin qardaşlarının nəticələri

Amma bir müddət sonra İkinci Dünya müharibəsi başlayır. Fransa faşistlərin istilasına məruz qalır. Həmçinin Fransada da yəhudi əsilli insanlar barəsində sərt tədbirlərin görülməsi ilə bağlı göstərişlər verilir. Yəhudi əsilli ailənin övladı olan Jaques Şiffrin də təziqlərə məruz qalır. Nəticədə o, bütün işini, mal-mülkünü atır və ailəsi ilə birlikdə Nyu-Yorka köçməli olur.

Cibində pulu olmayan J. Şiffrin Nyu-Yorkda iş axtarır, müxtəlif yerlərdə çalışmalı olur, çətinliklərlə üzləşir.

“Jacques Şiffrin Nyu-Yorkda məşhur “Pantheon Books”un əsasını qoyub”.

 – “Pantheon Books”da “Fransanın mübarizəsi” başlıqlı əsərlər nəşr etdirir. Tezliklə dünyanın ən məşhur yazarlarının əsərlərini nəşr edir. Böyük şöhrət qazanır. Dünya ədəbiyyatının təbliği, yayılması istiqamətində onun gördüyü işlər hər kəs tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlara baxmayaraq Jacques Şiffrin dəfələrlə Fransaya, öz köhnə nəşriyyatına,  dostlarının yanına  qayıtmaq istəyir. Amma təssüf ki, onun istəyi  baş tutmur.

Jacques Şiffrinin nəvəsi Jurnalist Anya Şiffrin

Jacques Şiffrinin vəfatından sonra 1961-ci ildə “Pantheon Books” nəhəng “Random House” tərəfindən satın alınır. Qeyd edək ki, bu gün “Pantheon Books” Amerikada heç kəsdən aslı olmayan müstəqil bir kitab nəşriyyat orqanıdır və “Knopf Doubleday” yayım qrupunun bir hissəsidir.

Qeyd edək ki, Jacques Şiffrin 1950-ci ildə Nyu-Yorkda vəfat edib və orada dəfn olunub.

Jacques Şiffrinin oğlu Andre Şiffrin

 Andre Schiffrin – Məşhur amerikan yazar, naşir.  J. Şiffrinin yeganə oğludur.

– 1935-ci ilin 14 iyun tarixində Parisdə  dünyaya gəlib. Andre Şiffrin kommunizmə qarşı mübarizə aparan bir sosialist olub. O, Çexoslovakiyanın Sovetlər tərəfindən işğalına, Vyetnamda ABŞ müharibəsinə qarşı çıxıb. Andre Şiffrin Demokratik Cəmiyyət üçün tələbələr yetişdirməklə bağlı təşkilatın ilk qurucusu olub. Həmçinin A. Şiffrin dəyərli əsərləri Amerika xalqına təqdim etmək kimi məsuliyyətli bir vəzifəni də icra edib.

“Andre Şiffrin 28 il nəhəng “Pantheon Books”un yayım müdiri vəzifəsində çalışıb”.

 1990-ci ildə isə özünün yeni, heç bir maddi məqsəd güdməyən “New Press” nəşriyyatının əsasını qoyur. O, açıqlamasında bildirir ki, həmin illərdə iqtisadi maraqlara görə ciddi əsərlərin yayımlanmasına qarşı qadağalar tətbiq olunurdu. Məhz bu səbəbdən A. Şiffrin 28 il rəhbər vəzifədə çalışdığı, atasının təsis etdiyi “Pantheon Books”u tərk edir və heç bir iqtisadi aslılığı olmayan yeni bir nəşriyyat “New Press”i yaradır. 2011-ci ildə A. Şiffrin Fransa hökuməti tərəfindən “Légion d’honneur Chevalier” elan edilib.  2013-cü ilin dekabrın 1-də  Parisdə xərçəngdən dünyasını dəyişib.

Andre Şiffrinin qızı Natalya Şiffrin

Andre Şiffrinin iki qız övladı olub. Bir qızı məşhur jurnalist Anya Şiffrin iqtisadçı və Nobel mükafatı laureatı Jozef Stiglitz ilə evlidir. Digər qızı Natalya Şiffrin beynəlxalq dərəcəli hüquqşünas Philippe Sands ilə ailə həyatı qurub.

Anya Şiffrin və həyat yoldaşı Nobel mükafatlı iqtisadçı, yazıçı Cozef E. Stiglitz

HafizTimes.com çox çətinliklə də olsa Bakılı Şiffrin qardaşlarının məşhur varislərini tapıb,  həmsöhbət olmağa çalışıb:

Anya Şiffrin – Kolumbiya Universitetinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Məktəbində (SIPA) Texnologiya, Media və Əlaqələr (TMaC) bölməsi üzrə direktor.  Beynəlxalq və İctimai Məsələlər Məktəbində müəllim. Amerikalı biznes jurnalisti. Barselonada “Reuters”in qurucusudur. Nyu-Yorkda “The Industry Standard”da maliyyə yazarı, Amsterdam və Hanoidə “Dow Jones Newswires”in büro şefidir. Kolumbiyadakı  Jurnalistika məktəktəbində biznes jurnalistliyi üzrə akademik işçidir. Reed  Kollecin məzundur.

Anya  Schiffrin həmçinin Açıq Cəmiyyət Fondunun Müstəqil Jurnalistika üzrə Proqramı, Qlobal İdarə Heyəti və Təbii Resursları İdarəetmə İnstitutu da daxil olmaqla bir çox qurumlarda fəaliyyət göstərir. Anya Şiffirin 2004 -cü ildə Nyu-Yorkda Kolumbiya Universitetində dərs deyən Nobel mükafatlı iqtisadçı və yazıçı Cozef E. Stiglitzlə ailə həyatı qurub:

“Bizim ailəmizlə bağlı araşdırma apardığınıza görə sizə dərindən təşəkkür edirəm. Mənim babam Jacques Şiffrinin Azərbaycanla bağlı xətirələri çox idi. Bəzən babam Azərbaycanla bağlı danışardı… Mən yaxşı xatırlamıram. Babam çox illər öncə vəfat edib.  O,  Bakı şəhərində dünyaya gəlib. 

Mən də şəxsən işimlə əlaqədar olaraq 3 dəfə Bakıda olmuşam. Atam da Bakıya səfər edib.Bakı çox gözəl bir şəhərdir”, – deyə Anya Şiffrin HafizTimes.com-a bildirib. 

Jacques Şiffrinin nəvəsi Natalya Şiffrin

Natalia Şiffrin – Məşhur vəkil. 1992-ci ildən bəri Nyu-York Vəkillər Kollegiyasının üzvüdür. İnsan Hüquqlarının Qorunması üzrə Mərkəzdə çalışır. Uşaqların qoruması ilə bağlı fəaliyyət göstərir. İngiltərədə Uşaqların Hüquqları Birliyində çalışıb. “London Multi-Agency Public Protection Arrangement”də strateji idarə heyətinin üzvü və hakimidir.

Natalya Şiffrinin həyat yoldaşı məşhur hüquqşünas Philippe Sands

Philippe Sands – “Matrix Chambers”də britaniya-fransalı hüquqşünas. Hüquq üzrə professor və London Universitet – Kollecində Beynəlxalq Məhkəmələr və Tribunallar Mərkəzinin direktorudur. Beynəlxalq hüquq üzrə mütəxəssisdir. O, həmçinin  Beynəlxalq Ədalət Məhkəməsində, Dəniz Hüquqları üzrə Beynəlxalq Tribunalda, Avropa Ədalət Məhkəməsində, Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəmlərində vəkil və məsləhətçi kim çıxış edir. P. Sands İnvestisiya Mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəzdə (ICSID) və İdman üzrə Arbitraj Məhkəməsində (CAS) hakim panelində təmsil olunur. O, beynəlxalq hüquqa dair 16 kitabın müəllifidir. (“Lawless World” və “Torture Team”) . Onun “East West Street: On the Origins of Genocide and Crimes against Humanity” adlı kitabı çox saylı mükafatlara layiq görülüb. O cümlədən 2016-cı ildə “Baillie Gifford” mükafatına layiq görülüb. Phillpe Sands “English PEN”in prezidentidir. Şimali Londonda həyat yoldaşı və üç uşağı ilə yaşayır. Jacques Şiffrinin nəvəsi Natalya Şiffrinin həyat yoldaşıdır:

“Sizə təşəkkkür edirəm ki, Şiffrinlər ailəsi ilə bağlı araşdırma aparıbsınız. Mən də hər kəs kimi Şiffrinlər ailəsi ilə fəxr edirəm. Mənim həyat yoldaşım Natalya xanım Jacques Şiffrinin nəvəsidir. Onun nəticəsi də hazırda BBC-də jurnalist kimi çalışır. Sizə öz təşəkkürlərimizi göndərirəm.

Əminəm ki, gözəl Bakı şəhərinə səfər edən zaman sizinlə görüşəcəyik və bu ailə barədə daha ətraflı söhbət edəcəyik”- deyə Plippe Sands qeyd edib.

 Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Araşdırma

`Azərbaycanda hər il ən azı 10-15 dəfinə tapılır`- Xəzinə tapanlar: “Bütün qızılları dövlətə təhvil verdim” (XÜSUSİ ARAŞDIRMA)

Yayımlandı

da

Tərəfindən

“Qızıl pullardan ibarət ən zəngin dəfinəni ilk dəfə mən tapdım və dövlətə təhvil verdim”.

“Çoban tapdığı xəzinə pullarını ətrafa atırdı”

“Bəzi arxeoloqlar müəyyən vaxtlarda qızıl əşyalar tapıblar və özlərində saxlayıblar”

Azərbaycanın müxtəlif bölgələrində tez-tez dəfinələrin aşkar edilməsi ilə bağlı məlumatlar eşidirik. Keçmişdə insanların yad ələ düşməməsi üçün torpağa basdırdıqları, divara hördükləri, hündür ağacların koğuşunda gizlədikləri ən qiymətli sərvətləri, əsrlər sonra dəyəri milyonlara bərabər olan xəzinələr formasında üzə çıxır. HafizTimes.com olaraq Azərbaycan ərazisində basdırılmış dəfinələrlə bağlı geniş araşdırma apardıq. Uzun müddət davam edən araşdırmamız zamanı Azərbaycan ərazisində aşkar edilən dəfinələrlə bağlı çox ciddi məqamlar üzə çıxdı. Bütün ömrünü xəzinələrin axtarışına, tədqiqinə həsr etmiş mütəxəssislərlə həmsöhbət olduq. Azərbaycan ərazində  indiyə qədər ən zəngin qızıl dəfinəni tapan şəxsdən də eksklüziv müsahibə götürdük. Xəzinələrin basdırıldıqları yerlər, əlamətlər, aşkar etmək formaları, qanunsuz “xəzinə ovçuları”  və s. bir çox mühüm məqamlara aydınlıq gətirməyə çalışdıq.

Əli Rəcəbli Tarix elmləri doktoru, professor, numizmat-arxeoloq, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika Elmi Fondunun şöbə müdiri:

-Mənim işlədiyim vaxtlarda Azərbaycanda təkcə antik dövrə aid 10-dan çox dəfinə tapılıb. Onlardan cəmi iki-üçü bizim Muzeyə təhvil verilib. Təsəvvür edin ki,  2300 il bundan öncə basdırılan dəfinələr, qızıl sikkələr (pul) bizim dövrə qədər gəlib çatıb. İndi 10 dənə dəfinə tapılıbsa, görün bu illər ərzində nə qədər dəfinələr aşkar olunub?! Nə qədər dəfinə də hələ yerin altındadır!  Bu dəfinələr axtarmaqla yox, təsadüfən tapılır. Bəzən həmin dəfinəni basdıran adamın özü ölür, bəzən də basdırdığı yeri tapmır. Beləliklə həmin sikkələr bizə gəlib çatır. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada dəfinə tapılmasın.

“Dəfinəni tapan adamlar çox vaxt onu özləri  mənimsəyib, satırlar. Buna görə də həmin dəfinlərin hamısı bizə gəlib çatmır”. 

-Xalqımızın diqqətinə çatdırmaq lazımdır ki, dəfinələr yerin altında olan hər şeydən- neft, qazdan daha qiymətlidir. Çünki həmin dəfinələr tariximizin güzgüsüdür, keçmişimizi əks etdirir. Hər şey həmin dəfinəni tapanların vicdanından aslıdır.  Həmin insanlar gərək tapdıqları dəfinəni bütövlükdə Muzeyə təhvil versinlər. Neft və qaz xalqın, dövlətin malı olduğu kimi dəfinələrə də dövlətin malıdır.

“Dövlət həmin dəfinələri tapıb təhvil verənlərə 20, 30, 50 faizlik pul mükafatları təqdim edir”. 

-Müxtəlif adamların əllərində aparatlarla dəfinə axtarışına çıxmaları ilə bağlı bizə çox sayda  məlumatlar daxil olur. Bu cinayətdir! Yerli icra nümayəndələri də onlarla birlikdə hərəkət edir, guya xəbərləri yoxdur. Əslində hamısı bir yerdə işləyir. Qiymətli bir şey tapan kimi öz aralarında bölüşürlər.

-Bir dəfə Ucar rayonunda 100-dən çox Bizans qızılının olduğu böyük bir dəfinə tapılmışdı. Bəzək əşyaları, bilərziklərlə və s. zəngin bir dəfinə idi. Mən də ora getdim. Orda məni polislər qarşıladılar, kəndə apardılar. Guya dəfinəni tapan adam itib-batıb, yoxa çıxıb. Camaat isə hər şeyi danışırdı. Polis, prokuror da hər şeyi bilirdi…

     “Şamaxıda tapılan dəfinəni camaata pul verib satın aldım”

-Şamaxıda tapılan dəfinə barədə də mənə tez məlumat verdilər. Şəxsən özüm ora getdim. Camaata müəyyən məbləğdə pullar verdim və həmin dəfinənin bəzi hissələrini satın alıb bura gətirdim. Dəfinənin  xeyli hissəsi insanlarda qaldı.

Digər dəfinə isə Qəbələ yaxınlığında tapıldı. Orda arxeoloqlar işləyirdi. Pullar da dəfinə tapılan yerə səpələnmişdi. Təxminən  600- 700 dənə pulu toplayıb Muzeyə təhvil verdilər.

“Hər il ölkəmizdə ən azı 10-15 dəfinə tapılır”.

-Təsəvvür edin ki, bu illər ərzində ölkəmizdə nə qədər dəfinə tapılıb! Tək sadaladığım rayonlarda dəfinə tapılmayıb. Hər yerdə belə dəfinələr tapılır. Amma həmin dəfinələri kimlərsə mənimsəyir. Əvvəllər əhali bir qədər də gözü açıq deyildi. İndi “kolleksioner” deyilən “məxluq”lar peyda olub. Guya kolleksiya toplayırlar, dəfinə pullarını bahalı qiymətə satıb varlanırlar.

-Azərbaycan ərazisində tapılmış ən zəngin dəfinə hansıdır?

-Şamaxı və Qəbələdə antik dövrə aid tapılmış dəfinələr həm dövrə görə, həm də tərkibinə görə çox zəngin dəfinələrdir.Həmin dəfinələrin içərisində müxtəlif dövlətlərin sikkələri də  var. Dəyərsiz dəfinə yoxdur.  Hər bir pul dəfinəsi  torpağa  basdırılan vaxt, o ərazidə  mövcud olan ictimai, siyasi  həyatın mənzərəsini əks etdirir.Bu pulların üstündə olan yazılara əsasən, Azərbaycanda hansı şəhərlərin olduğunu, iqtisadi vəziyyəti müəyyən edə bilirik.Bizə məlum olmayan hakimlərin, şəhərlərin  adları pullar üzərində həkk olunur.

-Bu günə qədər tapılan dəfinələrdən hansı önəmli tarixi faktları aşkar etmisiniz? Azərbaycanda hansı şəhərin olduğunu müəyyən etmisiniz?

-Hələ 2000 il əvvəl Azərbaycan (Atropatena) sözü monaqrama şəkilində pul üzərində həkk olunub. 696-cı ildə isə Ərəb Xilafətinin milli pullarının üzərində ilk dəfə “züriaba hazə dirham pi Azerbaican”. “Bu sikkə Azərbaycanda kəsilib” deməkdir.  “Zuriaba hazə pi Aran”. Bu pul Aranda kəsilib. Ərəblər artıq 6-cı əsridə Azərbaycanın hara olduğunu bilirdilər ki, burada pullar kəsirdilər.

Bir zamanlar Azərbaycan ərazisində Mahmudabad şəhəri olub. Orada şahlar çoxlu sayda pullar kəsib.  Pulun üzərində “Mahmudabad” yazılıb. İndi isə həmin şəhərin yeri  dəqiq məlum deyil. Bu yolla  15-20 dənə belə şəhərlər aşkar edilib.

-Tapılan dəfinələr sizə təqdim olunan zaman harada saxlanılır və  aqibəti necə olur?

-Muzeyimizdəki Numizmatika Fondunda saxlanılır.

-Azərbaycanın  Numizmatika Fondunda nə qədər xəzinə saxlanılır?

-Fondda 150 minə qədər mis, gümüş, qarışıq  sikkə var. 1000-dən çox qızıl sikkə var. 10 minlərlə gümüş sikkə var. 100 minlərə isə mis sikkə var.

-Azərbaycan ərazisində nə qədər itmiş xəzinə mövcududur?

-Sadəcə olaraq deyə bilərəm ki, Azərbaycanda hər il ən azı 10-15 dəfinə tapılır.

“Bu yaxınlarda 5 kiloqram ağırlığında dəfinəni təhvil verdilər”

-Hər sikkənin çəkisi də bir qramdır.  Dəfinənin içində beş min sikkə vardı. Sovet dövründə bir dəfə Bərdə də böyük dəfinə tapılmışdı. Dəfinəni vedrə ilə bura gətirmişdilər.

      “Bərdədə tapılan dəfinəni vedrə ilə bizə təhvil verdilər”

-Hələ sovetlər vaxtında Qəbələdə qazıntı aparılıb. Təxminən 50-60 il olar ki, bu qazıntı işləri davam edir. Çuxur-Qəbələ adlı kənddə antik dövrə aid böyük bir sikkə dəfinəsi tapılıb. Sikkələr bütün kurqan boyu dağılmışdı. Yağış yağan zaman göbələk kimi görünüb, parıldayırdı. 500-600 yüz sikkəni gətib muzeyə təhvil verdilər. Bu yaxınlarda balaca bir dəfinə də  tapılıb. Orada  Şirvanşah Qubadın adına da  pul var.

        “Xəzinələr əksər hallarda küpə formasında tapılır”.

-Çünki küpə xəzinəni yaxşı saxlayır. Amma bəzən küpənin ağzı açılır və içərisinə su düşür. Nəticədə sikkələr paslanır. Bəzən əskilərə bükülmüş  xəzinlər də tapılır. Kimin nəyi varsa ona büküb basdırır.

-Bütün ömrünü xəzinə axtarışlarına həsr edən insanlara nə demək istərdiniz?

-Onların hər biri cani, cinayətkardır. Heç kəs yerin altındakı sərvəti birbaşa məniməsəyə bilməz. Əgər xəzinə tapmısansa onu dövlətə təqdim etməlisən. Dövlət də bunun müqabilində sənə mükafat verir. Biz xəzinə gətirənlərə elə mükafatlar veririk ki, əgər o xəzinəni kənar bir şəxsə satarsa bizim təqdim etdiyimiz məbləğdən çox az qazanacaq.Yəni ki, biz daha çox pul təklif edirik.Buna baxmayaraq  yenə də xəzinə tapan insanlar  bura gəlmirlər. Dövlətdən qorxurlar. Gedib gizlin şəkildə alver edirlər.

Televizordan tez-tez eşidirəm ki, rayonlarımızda dəfinələr tapılıb. Bizim arxeoloqlar da gedib həmin dəfinə tapanlarla danışıb, onlar da söz veriblər ki, gətirəcəyik. Hələ indiyə qədər gözləyirik ki, dəfinəni gətirəcəklər.

Şəmkirdə qazıntı gedən zaman da qızıl pullar aşkar edilmişdi. Onu muzeymizə təhvil verdilər. Bizim torpağımız çox bərəkətlidir. Niyə Gürcüstanın bu qədər şəhərində pul kəsilməyib. Yalnız Tiflisdə pul kəsilib. Amma təkcə Şimali Azərbaycanda 50-dən çox şəhərdə pul kəsilib. Bu iqtisadi həyatın inkişafını göstərir.

-Niyə xəzinəni tapıb, gizlədən şəxslər cəzalandırılmır?

-Biz bir neçə dəfə polisə məktub yazmışıq. Polis də gedib 3-5 dənə dəmiri tapıb bizə verir. Gedib o xəzinə tapanların əlində nə varsa alırlar,  qorxudurlar. Üstəlik  başqa şeylər də tələb edirlər. Deyirlər ki, guya bunları tapıblar…

-Həyətində xəzinə olduğunu  güman edən insanlar  kimə müraciət etsinlər?

-Əgər sən ev tikirsənsə o torpaq öz mülkündür. Buna heç kəs söz deyə bilməz. Amma çöldə haranısa qazmağına heç kəs icazə verməməlidir. Həyətini qazıb,  xəzinə  tapan çox insan var… Və yaxud da gedib birini tapıb həyətlərini qazdırsınlar. Bunun bizə  heç bir aidiyyatı yoxdur.  Tapıb muzeyə  təhvil versələr  daha yaxşı olar.

“Çoban tapdığı xəzinə pullarını ətrafa atırdı”

-Şamaxıda böyük bir dəfinə tapılmışdı. Bir neçə dəfə Şamaxıya getdim. Qədim şəhər yeridir. Həmin ərazidə əkin işləri də aparılmamışdı. Əhali orada üzümlük  salmışdı. Həmin vaxt bir çoban orada sürü otarırmış. Çomağı  ilə yeri eşən zaman birdən küp tapıb. Çoban küpün içərisindəki 15 qram ağırlığındakı iri, gümüş  pulları  götürüb ətrafa atmağa başlayıb. Oradakı camaata xeyli pul ödədim və 300-ə qədər sikkəni alıb Muzeyə gətirdim.

-Bir qızıl sikkəni muzeyə təhvil verən zaman əvəzində nə qədər pul ödənilir?

-Əgər həmin qızıl sikkə bizim Muzeydə yoxdursa, biz onun qiymətini 1000 manatdan 10 min manata qədər qaldıra bilərik. Məsələn, Şirvanşah Qubadın  xalis gümüş olmayan bir sikkəsini tapıb bizə təhvil verənə 1000 manat ödədik.

-Makedoniyalı İsgəndərin, Çingiz xanın xəzinəsinin Azərbaycan ərazisində olduğu iddia edilir. Bu nə dərəcədə doğrudur?

-Hələ Çingiz xanın, Makedoniyalı İsgəndərin xəzinəsini tapan yoxdur. Hansı rayona getsən orda sənə deyəcəklər ki, burada  hansısa şahın  xəzinəsi basdırılıb. Təsəvvür edin ki, Çingiz xan bütün dünyanın yarı hissəsini zəbt etmişdi, xeyli sərvət  monqolların əlində toplanmışdı. Həmin xəzinəni basdıranları öldürdülər.  Öldürən şəxsləri də qətlə yetirdilər. Beləliklə, iz-toz itdi.  Amma hardasa o xəzinə var, yatıb qalıb…

Qafar Cəbiyev – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda tarixçi alim, tarix elmləri doktoru. Qafar Cəbiyev Azərbaycanda indiyə qədər ən böyük qızıl dəfinəsini tapan və dövlətə təhvil verən ilk arxeoloqdur. Bu barədə bir neçə kitabın müəllifidir. 

Q. Cəbiyev HafizTimes.com-a müsahibəsində dəfinələrlə bağlı mühüm məqamları açıqlayıb:

Bu yaxınlarda Ağsu rayonu ərzisində bir orta əsr şəhəri aşkar etdim. Həmin şəhərin adı Mehrəvandır. Bu şəhərin adı Musa Kalankatlının “Albaniya tarixi” əsərində qeyd olunub. Şəhərin qalıqlarını ilk dəfə 2004-cü ildə mən aşkara çıxardım. 2014-2015-ci illərdə orda  geniş miqyaslı tədqiqatlar apardıq. Qazıntı zamanı orada xeyli pullar, bir neçə qızıl üzük, bilərzik  və qızıl zəncirin hissələrini də aşkar etdik.

“Şamaxıda hökmdar və xanımının ləl-cəvahiratla bəzənmiş məzarını açdıq”

-2017-ci ildə isə Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında Dəmirçi-Lahıc yolu çəkilən zaman orada daş qutu qəbirlər üzə çıxıb. SOCAR-ın sifarişi ilə biz ora getdik və  may ayında 20 gün ərzində orada tədqiqat işi apardıq. 30-qədər daş qutu açıldı. Həmin qəbirlərin 18-ni tam şəkildə tədqiq etdik. Orada hökmdar statusunda olan bir sərkərdənin qəbrini aşkar etdik. Bu qəbrdən o dövr üçün çox önəmli hesab olunan qılınc və xəncərlər tapdıq. Hökmdarın başının altına gümüş nimçə qoyulmuşdu. Gümüş nimçənin içərisində parça vardı. Bu nadir tapıntıdır. Həmin sərkərdənin yanında isə 45-46 yaşlarında bir xanım dəfn olunmuşdu. Məzardan çox qiymətli əşyalar çıxdı. Bir cüt ləl-cəvahiratlə bəzənmiş Roma istehsalı olduğu güman edilən qızıl sırğa, daha sonra gümüş fibula(sancaq) da tapdıq. Həmin qəbirdə çox saylı gümüş, Roma və Parfiya pulları da aşkar etdik. Bəzək əşyalarının yanında üstü-üstə formada 1500-ə qədər müxtəlif qiymətli daşlardan olan muncuqlar, asmalar  aşkar etdik. Həmin asmaların kəhrəbadan, firuzədən olduğunu üzə çıxardıq. Həmin qiymətli  əşyaların bir çoxu standart ölçüdədir, elə bil qəlibdən çıxıb.Düşünəm ki, həmin məzarlar Girdiman hökmdarı Xurs və onun xanımına məxsusdur.

“Hər yeri gedib qazmaq olmaz. Arxeoloq ərzini  gəzib görməlidir, orda nələrinsə ola biləcəyindən xəbər verən əlamətləri  müəyyən etməlidir”.

-Arxeologiya özü başdan-başa romantikadır, sensassiyalarla dolu olan bir elmdir. Haranı tətqiq etmək arxeoloqun duyumundan aslıdır. Həmin yerdən çox nadir, sensassiya sayılacaq nələrsə çıxa bilər. Və belə hallar çox olub. Amma ordan heç nə çıxmaya da bilər.

– Dəfinənin olduğunu göstərən əlamətlər nələrdir? 

-Məsələn düzənlik bir ərazidir. Nə bilirik ki, orada əvvəllər yaşayış olmayıb. Yəqin o düzənlik zaman-zaman  şumlanıb. Bəlkə də heç şumlanmayıb. Nə vaxtsa kimsə orada hansısa bir xəndək qazıb. Elektrik dirəyi basdırıb. Bu zaman orada  təsadüfən hansısa bir yarğan olubmu? Arxeoloq həmin yerləri gəzir. Yarğanlarda müəyyən yaşayış izləri görünür. Əgər orada kömür qalığı, kül, sümüklər, saxsı qırıqları və insan əlinin məhsulu olan əşyaların hissələri varsa, demək ki, orda həyat olub. Tapılan əşyalara görə orda hansı dövrdə yaşayış olduğunu müəyyənləşdirmək olur. Bəzi qazıntılar  zamanı 30 metrə qədər yerin altına gedib çıxmaq olur. Çox dərində qazıntı işləri aparmaqla da qədimliyi üzə çıxarmaq olmaz. 30 metr qazandan sonra  lal təbəqə üzə çıxır. Lal  təbəqə ona görə deyilir ki, orda insan həyatının izi yoxdur.

“Siçan yuvaları, kömür,kül, saxsı qırıqları olan yerə diqqət yetirmək  lazımdır”

-Məsələn, bir təpə görürük. Necə bilərik ki, orada yaşayış olub, yoxsa olmayıb? O təpənin kənarlarını gəzirik. Bir dəfə gördük ki,  təpənin kənarlarında siçan yuvaları var. İçəridən kül, kömür, saxsı  qırığı çıxıb. Bir az gəzdik, gördük yaxınlıqda bir dənə porsuq yuvası da var. O da torpağı eşib.  Həmin vaxt dedik ki, burada yüz faiz həyat olub. Tədqiqat aparmağa başaldıq. Nəticədə  7000 il tarixi olan təbəqə aşkar etdik.

   “Gözə görünən yerdə dəfinə ola bilməz”

-Pulu heç vaxt insanlar çölə atmayıblar. Pulu kimlərsə itiriblər.Dəfinələri də  adətən gizlədiblər. Güman edilməyən yerlərdə isə dəfinələr ola bilər. Çox nadir hallarda tədqiqatlar zamanı dəfinələr üzə çıxır. Azərbaycanda bu vaxta qədər çoxlu dəfinələr aşkar edilib.

“Qızıl pullardan ibarət dəfinəni ilk dəfə mən tapmışam. Arxeoloji  tədqiqatlar zamanı tapılan bu dəfinə Ağsu dəfinəsidir. Orda  qızıl pullarla yanaşı, gümüş pullardan ibarət dəfinə də tapdıq”.

-Həmin günü necə xatırlayırsınız?

-Dəfinə tapılan yer şəhərin anbar buzxanası olub. 7-8 metr dərinlikdə böyük bir ərazidir. Şəhərin strateji ərzaq ehtiyatları orada saxlanılıb. Üstü kərpic “arka” ilə bağalanıb.Müəyyən tarixi dövrdən sonra həmin daşlar çöküb.Ordan biz top mərmisi  də tapdıq. Güman edirəm ki, 18-ci əsrdə ruslar Azərbaycana hücum edən zaman oranı top  atəşi ilə dağıdıblar. Töküntünü təmizləyərəkən bir yerdən topa hallında 37 ədəd qızıl çıxdı. Holland qızıl duqatlarıdır. Əyyarı 986, diametri 21,8  mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qram, forması dairəvi,kənarı döyülüb, üzəri zərb olunub. Sikkələrin üzərində latın dilində yazısı olan  kvadrat lövhə var. Təcüməsi isə belədir: “İmperiya qanunlarına uyğun olaraq Belçika Əyalət Federasiyası hökumətinin  sikkəsidir”. Sikkənin digər üzündə zirehli cəngavər təsvir olunub.

-Həmin gün mən Bakıda idim. Müavinim Elmira Abbasova orda qalıb, işə nəzarət edirdi. Səhər saat təxminən 08:15-də mənə zəng etdi. Dedi ki, “işin gedişatı zamanı, qazarkən qızıl….”

“Qızıl” deyən kimi dedim ki, “dayan, artıq heç nə demə. Heç kəsi kənardan ora buraxma. Və ordan  kənara heç kəsi buraxma. Qızılı apara bilərlər. Bu barədə  informasiya yayılmamalıdır.Mən gəlirəm”.

-Bakıdan Ağsuya təxminən iki saatdan artıq yol var. Mən həmin yolu 1 saat 10 dəqiqəyə getdim. Ora çatan kimi diktafonu, videonu da qoşdum. Dedim ki, tapıntı prossesini danışın. Dedilər ki, “filankəs qazarkən lapatka dəyən kimi qızıllar üzə çıxdı”. Şahidləri də danışdırdım, aktlaşdırdım.Çünki sabah məni şərləyə bilərdilər. Deyərdilər ki, guya çox olub, yarısını oğurlayıblar. Daha sonra xəzinəni bazaya gətirdik və tətqiq etməyə başladıq. Bu hadisə şənbə günü olmuşdu. Birinci gün onu Tarix Muzeyinə Nadir Metal Əşyalar Fonduna aktla təhvil verdim.

  “Pullar isə iki əl qarışı qədər yerdə yayılmış bir vəziyyətdə idi”.

-Ehtimal edirik ki, ya yerli, ya da xarici bir tacir gəlib orda alveri edirmiş. Həmin pul kisədə olub. Çox güman ki, parça kisədə olub. Bəlkə də qəfildən  hücum və yaxud da zəlzələ  olub. Hansısa şəraitdə o kisə həmin şəxsin əlindən yerə düşüb. Biz tapan zaman artıq kisə çürümüşdü.  Pullar yerə yayılmışdı.

-Həmin qızıl xəzinəni tapıb dövlətə təhvil verəndən sonra həyatınızda nələr dəyişdi? Hansı hissləri keçirdiniz?

-Həmin qızılları təhvil verəndən sonra söz-söhbət çoxaldı. Yəni ki, bəs bu arxeoloqlar yüz ildi qazıntı işləri aparırlar, nə əcəb indiyə qədər  qızıl tapmayıblar? Məlum oldu ki, ayrı-ayrı arxeoloqlar müəyyən vaxtlarda qızıl əşyalar tapıblar və özlərində saxlayıblar. Tarix Muzeyinin təkidindən sonra bəzi arxeoloqları bir neçə qızıl əşyanı gətirib muzeyə təhvil verdilər.

“Bəzi arxeoloqlar birbaşa olaraq mənə dedilər ki, “sən çox pis bir iş gördün. Sən tapdığın qızılları aparıb ora təhvil verməklə hamımızı təzyiq altına saldın”.

-“Onu  qara bazarda bu qədər qiymətə satardın? Sənin ağlın yox idi ki, belə etdin?”

Cavab verdim ki,  “mən bunu etməklə zövq aldım.  Qoy bütün ölkə desin ki, bu axmaq bir kişidir. Nə isə ölkədə bir kişi tapıldı ki, qızıl tapa bilir və onu aparıb dövlətə təhvil verə bilir. Bunun qüruru mənə bəs edir”.

Şamaxıda qızıl dəfinəni tapıb Tarix Muzeyinə təhvil verəndə oranın direktoru, Akademik Nailə Vəlixanlı mənə dedi ki, “Qafar müəllim bu vaxta qədər düşünürdüm ki, bu arxeoloqlar  niyə qızıl tapmırlar? Axı bu qədər qazıntı işləri aparırlar. İndi isə mənə tam şəkildə məlum olub ki, qızıl çıxır, amma üzə çıxmır”.

“Qəbələdə Teymurləngin 25 dəvə yüklü qızıl xəzinəsini axtardılar”.

-1980-ci  illərdə xəbər yaydılar ki, Qəbələnin Vəndam kəndində Teymurləngin 25  dəvə yüklü qızıl xəzinəsi var. O vaxt axtarışların nəticəsi olmadı. Mən yazı hazırlayıb qeyd etdim ki, bu “şarlatanlıqdır”, belə şey yoxdur.

“Xalq Cəbhəsinin vaxtında Qəbələyə texnikalar göndərib, xəzinə axtarmağa başladılar”. 

-Nəticədə heç nə tapa bilmədilər. Təxminən 5-6 il öncə də dedilər ki, orada xəzinə var. Aidiyyatlı qurumlar mənimlə əlaqə saxladılar. Dedim ki, orada, Qəbələnin Vəndam kəndində, Girvə deyilən ərazidə heç nə yoxdur.  İnsanlar düşünmürlər ki, orada qızıldan qiymətli bir tarix var. Çox arzu edirəm ki, Qəbələdən Alban əlifbasının sistemli halda olan bir mətnini tapım. Bu vaxta qədər həmin əlifba açılmayıb, oxunmayıb.Tariximizin ağ səhifəsidir. Onu tapmaq mənim üçün 10 dənə qızıl dəfinəsindən daha önəmlidir.

-Ən zəngin qızıl dəfinələr tapmış bir şəxs olaraq, özünüzü qeyri-adi insan kimi hiss edirsiniz? Yəqin ki, dəfinə də hər adamın  əlinə gəlmir…?

-Mən  sadəcə olaraq buna bir “naxış” kimi baxıram. Arxeoloqlar  arasında  bəzən “naxışlı arxeoloqlar”da var. Həmin  insanın duyumu, peşə hazırlığı, təcrübəsinin çox olması da bura daxildir. Elə hallar olur ki, qazıb xəzinəni kənara atırlar. Görmürlər ki, orada qiymətli əşyalar var.

“Qısqanclıq zəmnində Ağsu ekspedisiyasını bağlamaq istədilər”.

-Bir məqamı heç vaxt unutmaram. 2011-ci il tədqiqatlarından sonra qısqancılıq zəmnində Ağsu ekspedisiyasını bağlamaq istədilər. Həmin ekspedisiyaya dövlət tərəfindən bir manat da vəsait verilmirdi.İctimai birlik tərəfindən maliyyələşdirilirdi.Daha sonra yuxarı orqanlar tərəfindən Akademiyanın  rəhbərliyinə tədqiqatların davam etməsi  bağlı göstəriş verildi. 2012-ci ildə məhz  orada qızıl dəfinəsi aşkar etdik. Bu sanki həmin ekspedisiyanı bağlamaq istəyənlərə  bir cavab oldu.

   “Azərbaycanın hər yerində dəfinələr ola bilər”

-Azərbaycan ərazisi başdan-başa muzeydir. Onun torpağının altında hər qarışda bir tarix var. Fikrimcə, Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi  heç olmasa orta səviyyədə tədqiq olunarsa, bu  uzun illər ərzidə neft-qazdan daha artıq ölkəmizə divident gətirə bilər.

“Mənim əlimə də qızıl axtaran aparat versələr, bir gün ərzində 50-yə yaxın ərazidə qızılın olduğunu göstərərəm”.

-Vizual  görüntülərə, məntiqimə və duyğuma əsasən deyə bilərəm ki,  filan nöqtədə qızıl var. Amma bu elm deyil!

-Qızıl dəfinənin olduğu yerin vizual görünüşü necə olur? Yəni harada xəzinə ola bilər?

-Yaşayış izləri özü sənə deyir ki, orada davamlı yaşayış olub, hakim zümrəyə məxsus insanlar burada yaşayıblar və s. Tikinti, ordakı əmək alətlərindən, təsadüfən tapılan sikkə və yazı nümunələrindən hər şeyi müəyyən etmək olur.

“Qızıl tapmaq üçün qəbirlərin üzərindəki bütün daş qoç fiqurlarını sındırıblar”

-Bu da ermənilərin bir hiyləsi idi. Guya həmin daş fiqurların içərisində qızıl var. Daşdan düzələn həmin qoç fiqurları Azərbaycan ərazisindəki məzarın üzərində olurdu. Qaraqoyunlu, Ağqoyunlu dövləti ilə bağlıdır. Ermənilər də bilirdilər ki, bu bizim tariximizlə bağlıdır. Ermənilər tariximizi  məhv etmək üçün 19-cu əsrin sonlarından belə bir şaiyə yayıblar ki, guya həmin fiqurların içərisində qızıl var. Bizim camaat da Cənub, Şimali-qərb bölgəsində hətta Gücüstan ərazisində olan xeyli sayda daş qoç fiqurlarını qırıb, dağıdıblar ki, guya qızıl tapacaqlar.

19-cu əsrin sonlarından etibarən Qarabağda, Naxçıvanda, Daşkəsəndə, Gədəbəydə və Lənkəran bölgələrində qızıl axtaranların, xüsusən də xarici ölkələrdən olan şəxslərin tarixi abidələrə bir növ total hücumu müşahidə olunub. Nəticədə qalalar, kurqanlar, daş heykəllər və daş qutu qəbirlər dağıdılıb, tapılan materiallar isə talan edilərək gizli yollarla ABŞ, Almanya, Fransa, İsveç, Hollandiya və s. ölkələrə daşınıb.

 “Makedoniyalı İsgəndərin dəfinəsini Azərbaycanda axtarırdılar”

-Ötən  əsrin əvvəllərində qızılaxtaranların Şirvan bölgəsində, xüsusən də Şamaxı ətrafında intensiv axtarışları olub. O zaman başlıca hədəf Makedoniyalı İsgəndərin xəzinəsini tapmaq arzusu idi. Qəribədir, İskəndərin və onun adamlarının heç zaman olmadığı yerdə onun nə vaxtsa gizlətmiş olduğu xəzinəni axtarırdılar. Maraqlıdır ki, bu axtarışlar barədə məlumatlar hətta həmin dövrün nəşrlərində də özünün geniş əksini tapıb. Amma İsgəndərin dəfinəsini tapan olmayıb.

“Kənd sakini gecələr, gizli olaraq Qəbələdə Teymurləngin xəzinəsini axtarırdı”

-Əvvəllər polis orqanlarında çalışan və sağlamlıq durumunda yaranan problemlə bağlı təqaüdə çıxan Vəndam kənd sakini Sabir Əhmədovun təşəbbüsü və rəhbərliyi ilə Girvə ərazisində Teymurləngin “basdırmış” olduğu 25 dəvə yükü qızılın axtarışına başlayıblar. O zaman Sabirin maliyyələşdirdiyi və rəhbərlik etdiyi bu axtarışlar əsasən gecələr, həm də gizli aparılsa da, hətta Elmlər Akademiyasında da bundan xəbərdar idilər. Amma Sabirin axtarışları nəticəsiz qaldı.

“1992-ci ildə AXC-nin hakimiyyəti dövründə Sabirin məlumatları əsasında Girvədə dövlət səviyyəsində daha bir irimiqyaslı axtarışlara başlanıldı”.

-Dəfinə tapmaq hərisliyi ilə əraziyə çoxlu texnika və əsgəri qüvvə gətirdilər. Axtarışların lap qızğın çağında xidməti işimlə bağlı Qəbələyə getmişdim. İcra başçısı və hüquq-mühafizə orqanlarından birinin rəhbəri mənə təklif etdi ki, Girvəyə gedək. Etiraz etdim. Dedim ki, 80-ci illərdə orada olmuşam və fikrimi də elə o zaman mətbuatda çap etdirmişəm. Girvədə Teymurləngin xəzinəsini axtarmaq boş şeydir.  Təbii ki, mənim bu sözlərim rayon rəsmilərinin xoşuna gəlmədi. Dedilər ki, sən nə danışırsan, nazir müavini özü bir neçə dəfə orada olub. Moskvadan xüsusi olaraq qızılaxtaran cihaz gətiriblər. Hansı ki, həmin cihaz orada xəzinə olduğunu göstərir. Bir sözlə, gördüm ki, kişilər möhkəm inad edirlər, mən də inadımdan dönmədim. Dedim ki, 10-12-il öncə mətbuatda yazdıqlarımı bir daha təkrar edirəm: Girvədə, yerin dərin qatlarında, bəlkə də, qızıl yataqları ola bilər. Bunu müəyyən etmək geoloqların işidir. Amma qəti şəkildə bildirirəm ki, orada Teymurləngə aid heç bir dəfinə və ya xəzinə ola bilməz. Onu axtarmaq da mənasız bir işdir. Girvədə təqribən bir ay davam edən növbəti “axtarışlar”ın da sonu nəticəsiz oldu. Yeganə müsbət nəticə o oldu ki, 16-17 metr dərinlikdə gözəl bir bulaq üzə çıxdı ki, bu da ətraf ərazidə yaşayan sakinlər üçün, həqiqətən, çox qiymətli tapıntı oldu. 

Təəssüf ki, Girvədə xəzinə axtarışı bununla da bitmədi. Sonralar Sabir Əhmədov və digərləri aidiyyatı orqanlara təkrar-təkrar müraciət etməklə öz “ideyalarını” yenidən cücərtməyə çalışdılar. Yenidən nəzərlər Girvəyə yönəldi. Amma növbəti dəfə də xəzinə axtarışı uğursuzluqla nəticələndi.

Sabir Əhmədovla əlaqə saxlamağa çalışdıq. Məlum oldu ki, o bir neçə il öncə dünyasını dəyişib: “O, ailə həyatı da qurmamışdı.Heç bir övladı da yoxdur.  Sabir  ömrü boyu  xəzinə axtarışında oldu. Xəzinə deyə-deyə dünyadan köçdü”.

   “Kürdəmirdə su kanalı qazılarkən Muradxan dəfinəsi üzə çıxdı”

-2010-cu ildə Kürdəmir Rayon Suvarma Sistemləri İdarəsinin mexanizatoru Əlimövsüm İsmayılov Muradxan kəndi ərazisində ekskavatorla kanal yeri qazarkən saxsı küpdə basdırılmış pul dəfinəsi aşkara çıxıb. Bu barədə o, aidiyyatlı dövlət orqanlarına məlumat verib.Telefon zəngi əsasında biz Kürdəmirə yollandıq.

Muradxan kəndində olduq, dəfinənin tapıldığı ərazi ilə tanış olduq. Yerli sakinlərin sözlərinə görə, kanal qazılan sahədə və ona yaxın ərazilərdə əvvəllər də torpaq işləri aparılarkən müxtəlif növ maddi mədəniyyət qalıqları, o cümlədən iri saxsı küp parçaları üzə çıxıb. Yerli sakinlərin sözlərinə  görə, Muradxan kəndi yaxınlığında “Kültəpə” adı ilə bəlli olan yerdə də bu qəbildən olan tapıntılara tez-tez təsadüf olunur.

“Dəfinənin çəkisi 5 kiloqramdan artıq idi”

-Muradxan dəfinəsi uzun müddət çöl şəraitində qalıb, nəm çəkdiyinə görə, güclü surətdə oksidləşməyə məruz qaldığından onun içərisindəki sikkələrin hamısı vahid metal külçəsi kimi bir-birinə yapışmış vəziyyətdə tapılıb. Sikkələrin səthi bütünlüklə oksidləşərək göyərdiyindən ilk baxışda onların mis pullar olduğu təsirini bağışlayırdı. Elə bu səbəbdən dəfinə Kürdəmir tarix-diyarşünaslıq muzeyinə mis pullardan ibarət dəfinə kimi təhvil verilib. Təhvil-təslim aktına əsasən dəfinənin ilkin çəkisi 5 kiloqram 470 qramdır. Qeyd edim ki, indiyədək Azərbaycan ərazisində tapılmış əksər pul dəfinələrindən fərqli olaraq Muradxan dəfinəsi heç bir dağıntı və itkiyə məruz qalmadan tam şəkildə əldə olunub. Dəfinədə ümumilikdə 1134 ədəd sikkə aşkar olunub. Onlardan təqribən 16-sı sınaraq xırda-xırda hissələrə parçalanmış vəziyyətdədir. Sikkələr təmizlənərkən onların əvvəlcə güman edildiyi kimi, misdən deyil,  gümüşdən olduğu müəyyən edilib. Dəfinədəki sikkələrin orta çəkisi 3,5-4,5 qramdır. Muradxan dəfinəsinin təqribən 1441 -1445-ci illər   arasında  basdırıldığını güman etmək olar.

“Qonşu rayonlardan olan “qızılaxtaranlar” qızıl pulları talan ediblər”

-1970-ci illərdə rayonun Ərəbqubalı kəndi yaxınlığındakı “Şəhərgah” adlı orta əsr şəhər yerində  pambıq əkiləcək sahələr  şumlanarkən də bir neçə yerdə əsasən qızıl pullardan ibarət dəfinələr üzə çıxıb. Nəzarətsizlik səbəbindən həmin dəfinələr yerli sakinlər və qonşu rayonlardan olan “qızılaxtaranlar” tərəfindən tam şəkildə talan edilərək dağıdılıb. Kürdəmirdə uşaqdan böyüyədək hamının bildiyi bu olay barədə guya aidiyatı orqanlara məlumat verilməyib…

HafizTimes.com olaraq son illər Azərbaycanın müxtəlif bölgələrində tapılan xəzinələri də araşdırdıq. “Xəzinə ovuna çıxanlar”la bağlı çox ciddi, eyni zamanda təhlükəli məqamlarla qarşılaşdıq:

12/10/ 2014 – Yardımlı rayonunun Məlikli kəndində xəzinə tapılıb. Mətbuatın yazdığına görə, qızılla dolu xəzinə Məlikli kəndinin yaxınlığında “Əli daşı” deyilən yerdə olub. Yerli sakinlər bir əsrdən artıq müddətdə buranı pir olaraq ziyarətgah kimi istifadə ediblər. İddialara görə, pirdə böyük bir daşın üzərində Həzrət Əlinin ayaq izləri olub. Lakin sonradan bu daşın xəzinənin basdırıldığı yeri işarələmək üçün bura qoyulduğu ortaya çıxıb.Xəzinə xüsusi xəritə əsasında aşkara çıxıb. Arus kəndinin ərazi nümayəndəsi İrasət Nəzərov: Tanımadığımız adamlar kəndimizə  gəlmişdilər. Heç bir sakinimiz onları tanımırdı.  Arxeologiya İnstitutunun adından istifadə edərək gəlmişdilər. Həmin İnstitutun rektoru olan Maya xanıma  rəsmi  məktub yazdım.  Cavab gəldi ki, bizim bu işdən xəbərimiz yoxdur, həmin şəxslərin kim olduqlarını bilmirlər. Təxminən 5-6 nəfər gəlmişdilər.  Həmin ərazi Məlikli kəndinin ətrafında yerləşən bir ərazidir. Oranın sakinləri repressiya illərində sürgün ediliblər. Təxminən 2-3 gün orda axtarış apardılar.Həmin şəxslər orda vəhşilik ediblər. Həmin böyük daşı da uçurublar. İki yerdə 7-8 metr dərinlikli quyular qazıblar”.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar