Bizimlə əlaqə

Müsahibə

“Bakını görmək istəyirəm”-Kraliyyəti əbədiləşdirən şəxs:“Şahzadə Harrini uşaqlar çox sevir”(ÖZƏL)

Yayımlandı

da

“Kraliçənin aurası, üz ifadəsi məni həyəcanlandırır”.

“Şahzadə Harrini görən zaman uşaqların gözlərinin içi aydınlanır”.

“Bir gün mütləq ora səfər etmək istəyirəm”.

Kris Cakson (Kristofer) – Məşhur ingilis fotojurnalist. 15 ildir ki, Britaniya Kraliyyət ailəsinin şəxsi fotoqrafı kimi çalışır. Kraliyyət ailəsi ilə birlikdə dünyanın əksər ölkələrində səfərdə olub və çəkdiyi şəkillərlə möhtəşəm bir tarixi arxivin əsasını qoyub. Kris Cakson ingilis Kraliyyət ailəsinin 15 il ərzində çəkdiyi fotolarını “Modern Monarchy” adlı kitabında toplayıb. 225 səhifəlik “Modern Monarchy” kitabında Kraliyyət ailəsinin üzvləri Şahzadə Uliams, həyat yoldaşı Ketrin Middlton, Şahzadə Harri, Meqan Marklın və  Kraliça 2-ci Yelizavetanın şəkilləri çap edilib. Həmçinin kitabda İngilis Kraliyyət ailəsinin özəl şəkilləri ilə yanaşı, xatirələr də qeyd edilib.

İngilis Kraliyyət ailəsinin şöhrətini  dünyaya yayan  “Getty İmages”in  Kral fotoqrafı Kris Cakson HafizTimes.com -a eksklüziv müsahibə verib.  K. Cakson müsahibə zamanı Kraliyyət ailəsi ilə bağlı  bir çox mühüm məqamlara aydınlıq gətirib:

-Psixologiya ixtisası üzrə məzun olmuşam. Amma ürəyimdə hər zaman başqa bir sahəyə meyil vardı. Fotoqrafiya, şəkil çəkmək istiqamətində bacarığım olduğunu hiss edirdim və bunu inkişaf etdirmək üçün yollar axtarırdım.Əlbəttə ki, arzularımın arxasınca getdim və  hazırda 15 ildir ki, “Getty İmages”də Kral fotoqrafı kimi çalışıram.

-Kraliyyət ailəsinin fotoqrafı olaraq çalışdığınız bu 15 ili necə xarakterizə edərsiniz? Kraliyyət ailəsində nələr baş verdi?

-“Getty Images”də Kraliyyət fotoqraflığı üzrə kariyerama başladığım andan bəri Uels Şahzadəsi Uliams və ailəsi ilə dünyanı səyahət etməyə başladım. Zamanımın çoxunu həmin səfərlərə xərclədim. Şahzadə Corc, Şarlotta və  Luyis dünyaya gəldi. Daha sonra Şahzadə Harri və Meqan Marklın nişan və toy mərasimləri oldu. Kraliça Birləşmiş Krallıq taxtında ən uzun müddətdə hakimiyyətdə olan kraliçə seçildi.  Möhtəşəm bir brilyant yubiley qeyd etdik. Həqiqətən də  bu illər ərzində çox çalışdıq.

Son zamanlar Kraliyyət ailəsinin üzvləri artdı. Mən isə hər zaman ayaq barmaqlarımın üzərində dayanıb, çalışmağa hazır oldum. Mən də onlar kimi bir Kraliyyət səfərindən digərinə tələsirdim.

Zaman keçdikcə Kraliyyət ailəsinin gənc üzvlərinin üzərində daha çox məsuliyyət düşməyə başladı. Bu əlbəttə ki, zamanın tələbi idi. Həm də bir adətdir. Sosial media və texnologiyalar sahəsində sürətli inkişaf oldu. Kraliyyət də gənclərlə əlaqə saxlamaq üçün sosial media əlaqələrini inkişaf etdirməyə başladı. Çox sayda mesajlar qəbul edildi. Sosial media önəmli mesajları yaymağın daha yaxşı bir yoludur. Hazırda Kraliyyət sarayının sosial media səhifəsinin 6 milyondan çox izləyicisi var. Daha çox xeyriyyə işləri ilə bağlı mesajlar yayımlanır.

-Kraliyyət ailəsinin şəkillərini çəkdiyiniz zaman sizə hansısa bir göstəriş verirlərmi?

-Mənim işim Kraliyyət ailəsinin fəaliyyətini sənədləşdirmək və bir “reportaj” təəssüratı yaratmaqdır. Bir fəaliyyəti və yaxud xüsusi bir anı görən kimi şəklini çəkirəm. Kraliyyət ailəsinin üzvləri müəyyən bir işlə məşğul olan zaman, xəstəxana, məktəb açılışı və yaxud da insanlarla qarşılıqlı ünsiyyətdə olduqları zaman çəkiliş edirəm.

“Hansısa bir görüntü ilə bağlı göstəriş və yaxud istiqamət verilmir. Açıq desəm ki, hər situasiya fərqlidir”.

Kraliyyət ailəsinin şəklini çəkmək üçün daha çox hansı məqamları uğurlu hesab edirsiniz?

-Tarixi anlar zamanı şəkil çəkmək məni daha çox həyəcanlandırır. Eyni zamanda zövq alıram. Çəkdiyim şəkillər daha çox səfərlər və turlar zamanı olan xüsusi anları əks etdirir. Şahzadə Harri ilə Lesothoda xeyriyyə işləri görmək möhtəşəmdir. Son 10 ildir ki, Lesothoya  gedirəm. Oradakı uşaqların şəkillərini çəkməkdən zövq alıram.

“Şahzadə Harrini görən zaman uşaqların gözlərinin içi aydınlanır”.

-Şahzadə Harri ilə kimsəsiz uşaqlar evinə xüsusi ziyarət etdik. Uşaqlar onun üzünü görən zaman çox sevinirdilər. Şahzadə Harri onlarla birlikdə çox səmimi, rahat, xoş zaman keçirdi.

“Kraliçənin şəklini çəkən zaman həyəcanlanıram”.

-Başqa bir ən sevdiyim məqam isə işıq düzgün formada düşəndə və ifadə  mükəmməl olanda Kraliçənin şəklini çəkməkdir. O, bir ikondur. Onun aurası və şəkil çəkilən zamankı üz ifadəsi məni həyəcanlandırır.

“Balaca Şahzadə Corcun şəklini çəkməkdən zövq alıram”

-Şahzadə Corc Kanadadakı bir bağça şənliyində şarları  partladan zaman  atasına həyəcanla baxırdı. Bu zaman  onların şəkilini çəkməkdən zövq aldım.

-Kraliyyət uşaqları Şahzadə Corc və Şarlottanın şəkillərini çəkmək çətin olmur ki?

-Balaca uşaqların şəkilini çəkən zaman böyük zövq alıram. Bu həm də mənim işimdir. Onların üzlərində gülümsəmə olan zaman mənim də üzüm gülür. Bu zaman şəkillər daha təbii olur. Uşaqlar Kraliyyət səfərlərinə dinamiklik və gözəllik qatır.

“Ailə üzvlərinin hamısının şəklini eyni vaxtda çəkmək bir az zaman alır”.

-Amma mənim ən sevdiyim rəsimlər daha çox uşaqlarla bağlıdır.  Şahzadə Corcun Kanadadakı bağça şənliyindəki şən hərəkətləri, Şahzadə Şarlottanın Almaniyada ilk gül buketini aldığı zaman keçirdiyi həyəcan möhtəşəm idi. Bu rəsimləri çox sevirəm.

-Ən çox qürur duyduğun şəkillər  hansıdır?

-Çəkdiyim şəkillərlə hansısa bir problemə az da olsa diqqət çəkmək istəyirəm. Bunu hiss etmək möhtəşəmdir. Siz Kraliyyətin həyata keçirdiyi bir çox xeyriyyə işlərindən məlumatlanırsınız, gözəl bir şəkil məşhur qəzetin, jurnalın ön səyfəsini bəzəyir. Pis fotoqraflığın isə bir o qədər də təsir imkanı yoxdur.

“Uşaqların əlində kameraları gördüyüm zaman qürur duydum”.

-Afrikada Sentebelledə Şahzadə Harri ilə gördüyüm işlərlə qürur duyuram.  Çalışdığım “Getty İmage” şirkətinin dəstəyi ilə Lesothoya səfər etməyim məni xoşbəxt edir. Bir neçə il öncə mən kameramı da özümlə götürüb uşaqların yanına getdim və onlara fotoqrafiya ilə bağlı dərs keçdim. Uşaqları yaradıcılığa təşviq etmək məni ruhlandırdı. Bu il yenidən Lesothaya getdim. Orada uşaqların əlində kameraları gördüyüm zaman qürur duydum.

-İş rejiminizdən razısınız?

-Kraliyyətin bu illəri çox məşğul keçir. Buna görə də işdən uzaqlamaq, istirahət etmək çox çətindir. Bu il Kraliyyət ailəsində toy oldu və s.  Çox ağır iş günü sonrası çalışıram ki, yaxınlıqda olan parkda qaçım və müxtəlif idman növləri ilə məşğul olum.

-Kral ailəsi ilə birlikdə səyahət edirsiniz? Yoxsa media üçün ayrı nəzərdə tutulmuş təyyarədə səyahət edirsiniz?

-Ficidən Avstraliyaya səyahət edən zaman Kraliyyət ailəsi ilə eyni təyyarədə oldum. Bəzən yerli təyyarədə, bəzən də Kral ailəsinin  təyyarəsində səyahət edirəm. Səyahətlər əsasən Kraliyyət ailəsi və hökumət üzvləri tərəfindən təşkil olunur. Hər şey mütəmadi olaraq dəyişir. Mən isə  hər zaman səyahətlərdə oluram.

-Kraliyyət ailəsinin sizə qarşı münasibəti necədir?

-Mehriban, mərhəmətli və səmimi…

-Kral ailəsi ilə birlikdə səyahətləriniz  zamanı ən yaddaqalan məqam nə olub?

-Togaya (Afrika) çatan zaman minlərlə məktəbli uşaq kilometlərlə uzanan yolun kənarı ilə düzülüb bizi salamlayırdılar. İnanılmaz, möhtəşəm bir mənzərə idi.

-Fəaliyyətiniz barədə məlumat verin. Yağışlı havalarda Kraliyyətin şəkillərini çəkmək çətin olmur ki?  

-Çox vaxt yağışlı havada çəkiliş etmirəm.  Bəzən isə çətirdən istifadə edirəm.

-Nəmli havada kameranı necə qoruya bilirsən?

-Səyahət etdiyimiz bəzi ölkələrdə hava həddindən çox nəmli olur. Bu zaman kameranı öz qabına qoyuram və bağlı saxlayıram.  Bir müddət sonra onu yenidən açıb istifadə edirəm. Canon-Avstraliya öz  fövqəladə şüşələri ilə işimi uğurla başa vurmağıma kömək edir.

-Fotojurnalist olmayaq istəyən gənclərə hansı məsləhəti verə bilərsiniz?

-İşləri ilə bağlı mümkün qədər çoxlu təcrübə keçsinlər. Sənayə dəyişir. Beləliklə nəyi istədiklərini dəqiqləşdirsinlər. Bu çox mühüm məqamdır. Fotoqraflarla çoxlu vaxt keçirsinlər, onlardan öyrənməyə çalışsınlar. Bu zaman redaktə, xəbər hazırlamaq da daha asan olacaq.

-Səyahətlər  zamanı ümumilikdə neçə saat çalışırsınız?

-Bu yay aylarında Uels Şahzadəsi ilə birlikdə Qana da daxil olmaqla 30-dan çox ölkəyə səyahət etmişəm.

-Siz Kraliyyət səfərlərində olduğunuz zaman ən çox nə etməyi sevirsiniz?

-Bu bir faktdır ki,  hər bir insan dünyanı gəzməklə maraqlanır.

– Səyahət zamanı neçə teleobyektiv (linza) götürsünüz?

-Bu çox yaxşı sualdır. Mən özümlə yedək çanta götürürəm.  ( 2×24-70 2.8/500 mm/  2×70-200 2.8/    100mm-400mm /85mm 1.2/ )

-Şəkilləri redaktə etmək üçün hansı proqramdan  istifadə edirsiniz?

-Fotoşop və “Getty İmages” sistemlərindən istifadə edirəm.

-Çəkdiyiniz şəkilləri tez bir zamanda sosial şəbəkələrdə paylaşmaq çətin deyil ki?

-Mən fotoqrafiyanın “Hüseyn Boltu” olmağı sevirəm. Xüsusi olaraq qeyd edim ki, “Getty İmages”də fantastik sürətli komandamız var. Mənim çəkdiyim şəkillər kameradan birbaşa olaraq “Getty İmages” komandasına ötürülür. Və biz tez bir zamanda həmin şəkilləri düzgün redaktə edirik və bir neçə dəqiqə ərzində  dünyaya yayırıq.

-Səyahətlər zamanı sizi ən çox narahat edən , həyəcanlandıran məqam nədir?

-Yuxusuz qalmaq. Tam ciddi deyirəm bu zaman çox narahat oluram.

-Ən sevdiyiniz Kraliyyət səfərləri hara olub?

-Hindistan, Pakistan, Braziliya, Yaponiya, İndoneziya, Tanzaniya, Cənubi Afrika, Peru, İslandiya, Avstraliya, Kanada, Yeni Zellandiya… Hər bir səyahətimi sevirəm.

-Bakı, Azərbaycana nə vaxt səyahət etməyi düşünürsünüz?

Bir gün mütləq ora səfər etmək istəyirəm. Bakı haqqında gözəl sözlər eşitmişəm. Oraları görmək istəyərəm.

Hafiz Əhmədov

Reklam
Şərh yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müsahibə

“Azərbaycan gözəl ölkədir” – Nazim Hikmətin xəyanət etdiyi Pirayəsinin ƏFSANƏVİ NƏVƏSİ (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Nazimi çox ittiham etmirəm. Çünki həbsxanada yaşayan mən deyildim”.

“Pirayə nənəm Nazimdən ayrılsa da onun bütün şeirlərini, məktublarını qoruyub saxladı, çap etdirdi

Kənan BengüTürkiyənin əfsanəvi voleybolçusu. 20-ci əsr dünya ədəbiyyatının ən böyük şairlərindən biri Nazim Hikmətin uğruna şeirlər yazdığı, “sən mənim ən yaxın insanımsan” dediyi, 14 illik həyat yoldaşı “qızılı saçlı” Pirayənin nəvəsidir. 

Qeyd: “Çox sayda qadınlarla birlikdə olmasına baxmayaraq Nazim Hikmətin qəlbində kimsə Pirayəni əvəz edə bilməyib. Pirayə ölkə xaricində konsertlər verməyə gedən həyat yoldaşının yolunu iki uşağı ilə gözləyən 24 yaşlı qadın.  Yeni boşanmış Nazim isə Pirayəni görən kimi onun qızılı saçlarına aşiq olur. Hər iki tərəfin ailəsi bu sevgiyə qarşı çıxırlar. Pirayə evli, iki uşaq anası, Nazim isə  cibində bir qəpiyi də olmayan kommunist bir şair. Bütün çətinliklərə baxmayaraq onlar 1932-ci ildə ailə həyatı qururlar. Hər şeyin yolunda getdiyi bir vaxtda Nazim həbs olunur. Əvvəlcə Nazimin edam edilməsini tələb edilir. Daha sonra həbs cəzası ilə əvəz edilir. Nazim Hikmət ömrünün 12 ilini həbsxanada  keçirməli olur. Pirayə bu illər ərzində həyat yoldaşı Nazimi həbsxanada ziyarət edir, ümidlə yolunu gözləyir, sevgi, hörmət və sədaqətini ifadə edir. N. Hikmət də Pirayənin birinci nikahından olan övladlarına doğma ata kimi yanaşır, həbsxanadan göndərdiyi məktublarında Pirayə və onun övladlarına olan sevgisini ifadə edir. Nazim həmçinin həbsxanada yazdığı ən gözəl şeirilərini də məktubla Pirayəyə göndərir. Nəhayət 12 ildən sonra Nazim azadlığa çıxanda öz vəfalı həyat yoldaşı Pirayənin deyil, yeni sevgilisi, dayısı qızı evli Münəvvərin yanına gedir. Münəvvər də birinci həyat yoldaşından ayrıldıqdan sonra N. Hikmətlə evlənir. Cütlüyün bir oğlan evladı dünyaya gəlir. Nazim Hikmət 14 il evli qaldığı, sonda xəyanət etdiyi Pirayənin oğlu Mehmetin adını Münəvvərdən dünyaya gələn öz doğma oğluna qoyur. Bir müddət sonra Nazim Münəvvəri və oğlu Mehmeti də əbədi tərk edib Sovet Rusiyasına köçür və yeni-yeni eşqlərə meydan açır…”.

Türkiyə mətbuatının Nazim Hikmətin nəvəsi kimi təqdim etdiyi peşəkar idmançı, əfsanəvi voleybolçu Kənan Bengü eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı özü və ailəsi ilə bağlı bir çox önəmli məqamlara aydınlıq gətirib:

– Qeyd edim ki, mən sevgi və hörmət duyduğum Nazim Hikmətin doğma nəvəsi deyiləm. Bir çox insan bunu dəqiq bilmir. Buna görə də məsələyə aydınlıq gətirmək istəyirəm. Pirayə xanımın Vedat Orfi Bengü ilə olan nigahından iki övladı dünyaya gəlib. Biri mənim atam Mehmet Fuad Bengü, digəri isə bibim Suzan Yasavul (Bengü). Mən Nazim Hikmətin bir zamanlar həyat yoldaşı olmuş Pirayə xanımın doğma nəvəsiyəm. Nazim Hikmət Pirayədən sonra evləndiyi Münəvvər xanımdan dünyaya gələn doğma oğluna da “Mehmet” adını qoyub. Zaman-zaman yazılan məktublarda, şeirlərdə “Mehmet” adları qarışıq düşmüşdü. Bu məsələni dərindən bilməyən bəzi insanlar mənim atam Mehmet Fuadı Nazim Hikmətin doğma oğlu Mehmet Nazim kimi təqdim edirlər. Bu yanlışlığın bir səbəbi də budur ki, atam “Türkiyə Ədəbiyyatı”da Mehmet Fuad olaraq tanınır. Və atam Nazim Hikmətin bir çox yazılı əsərlərini anası Pirayə xanımın qoruyub saxladığı arxivindən götürüb özünün De Yayın Evi kanalıyla çap etdirib. Xüsusi ilə atam Mehmet Fuat Nazim Hikmətə böyük hörmət və sevgi bəsləyirdi, əsərlərini nəşr etdirirdi. Ədəbi mövzularda da Nazimlə bağlı doğru və geniş məlumata sahib olduğuna görə bir çoxları onu Nazim Hikmətin doğma oğlu kimi tanıyırlar.

-Bu açıqlamadan sonra bir az da öz həyatım haqqında məlumat verim. Mən gənclik illərimdə Türkiyədə hökm sürən qarışıq siyasi vəziyyətə görə atam tərəfindən daha çox idman sahəsinə yönəldildim. 10-40 yaş aralığında 30 il  peşəkar formada voleybol oynadım. 40 yaşımdan sonra İdman Marketinqi və Təşkilatları üzrə özümə aid bir şirkəti idarə etdim. 50 yaşımdan sonra peşəkar idman həyatımdan tamamilə uzaqlaşdım. Bu gün 58 yaşımda özümə məxsus bir yelkənli gəmidə ilin 7 ayını keçirirəm. Həmçinin də yelkənlə bağlı təlim keçirəm. Nəhayət ilin geridə qalan 5 ayını isə İstanbulda başa vururam. Ədəbiyyatla əlaqəm isə oxuyucu olmaqla yekunlaşır. Bu mövzda hər  hansı bir çalışmam olmadı. Qısaca olaraq deyim ki, Kənan Bengü sakit və təvazökar həyat sürür.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Necə bir aildə böyüdünüz?

-Uşaqlıq illərim daha çox təbiətlə əhatələnmiş bir formada keçdi. Anam və atam işlədiyi üçün mən və bibimin uşaqları nənəm Pirayə xanımın (Nazim Hikmətin həyat yoldaşı) əlində böyüdük.

Pirayə xanım çox savadlı, pedaqoq idi. Bizi hər mövzuda çox yaxşı yetişdirdi. Süfrədə çəngəl-qaşıq tutmaqdan, bağda pomidor yetişdirməyə, toyuq bəsləməyə qədər hər şeyi ondan öyrəndik. Sakit, sevgi və təbiətlə əhatələnmiş bir uşaqlıq illəri yaşadım.

“Nazim Hikmətin ailəsinin üzvü olmaq mənim üçün şərəfdir”.

-Pirayə xanım- Nazim Hikmətin nəvəsi olmaq necə bir hissdir?

-Pirayə xanımın yanında böyüdüyüm üçün onu daha yaxından tanıdım. Onun nəvəsi olmaq mənim üçün böyük bir şans idi. Mənim iki yaşım olanda isə Nazim Hikmət vəfat etdi. Onu heç vaxt yaxından görə bilmədim. Amma belə bir böyük şairin ailəsinin üzvü olmaq mənim üçün böyük bir şərəfdir. Nazim Hikmət 20-ci yüzilliyin ən böyük şairilərindən biridir. Ona sevgim və hörmətim hər zaman davam edəcək.

-Nazim Hikmət – Pirayə eşqini sizin dilinizdən öyrənmək istərik. Sizcə bu eşqdə nə çatışmadı?

-Mənim fikrimcə onlar bir-birini çox sevib, fikirlərinə böyük hörmət qoyublar. Ancaq həbsxanadakı illərə görə birlikdə vaxt keçirə bilməyiblər.  Pirayə və Nazim hər zaman bu eşqə hörmət ediblər. Ancaq həbsdə keçən illər, ailənin maddi vəziyyəti, Pirayənin uşaqlarını daha çox valideynlərinin yanında böyütməsinə səbəb oldu.

Nəticədə bir-birinə aşiq olan bu iki insanın uzaqda yaşamaq məcburiyyətində qalmaları bu eşqin ər-arvad münasibətlərini də müəyyən zaman ərzində tükətdi. Mənim fikirimcə bu eşqdə çatışmayan bu idi.

-Nənəniz Pirayə xanım Nazim Hikmətlə bağlı sizə nələr danışardı?

-Pirayə xanım Nazim Hikmətlə bağlı yaxşı və pis tərzdə heç vaxt danışmadı. Başqalarına da icazə vermədi. O zamanlar türk siyasətində Nazim Hikmətə qarşı aparılan qaralama kampaniyası üçün bir çoxları Pirayənin Nazim Hikmət haqqında pis danışması üçün xeyli işlər görüblər. Amma Pirayə heç vaxt Nazim Hikmət haqında pis danışmayıb. Nənəm Nazim Hikmət haqqında həmişə susub. Mənim fikrimcə Pirayə xanımın susmasının səbəbi isə Nazimi qorumaq, onun haqqında yalan-yanlış xəbərlərin yayılmasının qarşısını almaq idi.

-Nazim Hikmət xəyanət etdikdən sonra Pirayə xanım necə yaşadı? Pirayə xanım bu ayrılıqla bağlı nəsə danışırdı?

-Pirayə xanım Nazimdən ayrıldıqdan sonra susdu. Bu ayrılığın səbəbləri barədə danışmadı.Ancaq mənim anam və atam bu ayrılığın səbəblərini bilirdilər. Ancaq onlar da Pirayəyə olan hörmətlərinə görə susdular.

Bu mövzuda ən məlumatlı şəxs həm Nazimə, həm də Pirayəyə yaxın olan atam Mehmet Fuat idi.  Mehmed Fuad Nazimin ədəbiyyaçı şəxsiyyəti və əsərlərinin yayılması üçün böyük əmək sərf etdi. Əlbəttə ki, bütün bu əziyyətlərin arxasında da yenə Pirayə dururdu. Çünki Nazim həbsxanada yazdığı bütün şeirlərini bir-iki dostuna və Pirayəyə göndərirdi. Ancaq həmin insanların hamısı o vaxt Türkiyədə hökm sürən siyasi təzyiqlərə görə Nazimin əsərlərini yox etdilər. Pirayə isə Nazimin ona göndərdiyi əsələrin hamısını qoruyub saxladı. Nazim Hikmət Pirayəyə xəyənət etmiş olsa da Nazim böyük ədəbiyyat insanı idi. Pirayə bunu yaxşı bilirdi. Pirayənin Nazim Hikmətin  əsərlərini qoruyub saxlaması nəticəsində  bu gün onun bir çox əsərləri tam və doğru olaraq bütün dünyada yayımlanır.

-Pirayə xanımın Nazim Hikmətsiz həyatı necə keçdi? Yenidən ailə həyatı qurdumu?

-Pirayənin Nazim Hikmətsiz keçən həyatı barədə deyə bilərəm ki, o, Nazimdən ayrıldıqdan sonra uşaqları Suzan və Mehmet, gəlini İzgen, kürəkəni Metin Yasavul (Nazimin doğma qardaşı) və nəvələri Mehmet Əli, Nurhayat və mənimlə  sadə  bir həyat yaşadı. Erkenköydə satılan bir ərazidən əldə etdikləri pulla Altunizadə məhəlləsində oğlu Mehmed Fuad onun üçün iki mərtəbli ev tikdi. 1955-ci ildən etibərən orada yaşadılar. Evin baxçasında  Pirayənin çox  sevdiyi Ebruli hanıməli vardı. Pirayə xanım Nazimdən sonra heç vaxt evlənmədi, uşaqları ilə birlikdə yaşadı. 1995-ci ildə elə həmin evdə vəfat etdi.

-Siz Nazim Hikmətin nənəniz Pirayə xanımı tərk etməsi ilə bağlı nə düşünürsünüz?

-Məsələyə bir kişi gözü ilə baxdığım zaman deyə bilərəm ki, o,  həbsxanada keçən illərə görə həyat yoldaşından uzaq düşüb və ona yaxın münasibət göstərən qohumu Münəvvər xanıma tərəf hissləri meyillənib. Çox ittiham etmirəm. Çünki həbsxanada yaşayan mən deyildim. Mövzulara kənardan münasibət bildirmək fikrimcə doğru deyil. O insanın yaşadıqlarını, yalnızlığını, problemlərini bilmərik…

-Nazim Hikmət Pirayə xanımı tərk etdikdən sonra atanız Mehmet Fuadın Nazim Hikmətə (ögey atası) qarşı münasibəti necə dəyişdi? Yenə də ata-oğul kimi idilər?

-Atam Mehmet Fuat Bengü Nazim Hikmətə hər zaman yaxın olmağa çalışdı. Onunla yenə də görüşmək istədi. Ancaq o vaxtlar Nazimin yanında olanlar bu münasibəti xoş qarşılamadılar və mane oldular. Nəticədə atam müəyyən bir zamandan sonra Nazimdən uzaqda durmağa başladı. Ölkə xaricində də heç görüşmədilər. Ancaq atam Nazimi həmişə sevdi, hörmət etdi. Atamın onun bütün şeirlərini yayımlaması da buna bir nümunədir.

-Atanız Mehmet Bengü Nazim Hikmətlə bağlı sizə nələr danışardı? Nazim Hikmətin necə bir insan olduğunu söylərdi?

-Nənəm Pirayə vəfat edən qədər bu mövzuda atamla heç vaxt danışmadıq. 1995-ci ildə Pirayə vəfat etdikdən sonra atamla bu mövzuda çox danışdıq. Atam Nazimdən həmişə yaxşı danışırdı. Onun ədəbiyyatçı şəxsiyyətinə olan heyranlığının səbəblərini deyirdi. Atam Nazimin bir şeir yazarkən necə çalışdığını, detallara diqqət yetirdiyini söylərdi. Mehmet Fuatın özü də ədəbi fəaliyyəti zamanı çox detallara fikir verən idi. Düşünürəm ki, bu Nazimdən atama keçmiş bir davranış foması idi. Nazimin şəxsi həyatı ilə bağlı çox danışmazdı.

-Nazim Hikmətin Münəvvər xanımdan olan oğluna da atanızın adını (Mehmet) qoyması ilə bağlı nə düşünürsünüz?

-Kaş ki bu adı qoymamaydı. Çünki kimin kim olduğu, hansı şeiri kimə yazdığı, doğma və ögey oğlu arasında qarışılıq baş verməzdi.

– Nazim Hikmət Mehmet Bengüyə doğma ata ola bildimi?

-Nazimin həbsxanada keçən illərinə görə onlar fiziki olaraq çox da yaxın ola bilmədilər. Ancaq məktublaşmalarını oxuduğumuz zaman Nazimin Mehmet Fuatın düşüncə və yaşam tərzinə daha çox təsir etdiyini görürük. Mən də deyə bilərəm ki, atam ilə olan söhbətlərimdə hiss edirdim ki, Nazimin bir ata kimi təsiri onun üzərində çox olub. Çünki Mehmet Bengünün öz doğma atası onun 1 yaşı olarkən Pirayədən ayırılıb və onlar bir daha heç vaxt görüşməyiblər.

-Nazim Hikmətin doğma oğlu Mehmet Nazimlə heç əlaqə saxladınızmı? Atanızla Nazim Hikmətin doğma oğlunun münasibəti necə idi?

-Mən onunla heç vaxt münasibət qurmadım. Atamın da onunla üz-üzə görüşdüyünə inanmıram.Ancaq Nazim Hikmətin əsərlərini yayımlamaqla bağlı müəllif hüquqları icazəsi üçün müəyyən vasitəçilərlə əlaqə qurduğunu bilirəm. Çünki Nazimin varisi öz doğma oğlu Mehmet Nazim idi.

-Pirayə xanımla Nazim Hikmətin sonrakı həyat yoldaşı Münəvvər  xanım heç görüşdülərmi?

-Nazim Hikmət vəfat etmədən öncə Münəvvərlə Pirayənin qarşılaşdığını bilirik. Kitablarda da bu barədə yazılıb. Ancaq Nazimin vəfatından sonra onlar heç vaxt görüşmədilər.

 -Nənəniz Pirayə xanım və atanız Mehmet Fuat Nazim Hikmətlə bağlı sizə nə miras qoyular?

-Nazim Hikmətlə mənim aramda qanuni bir miras bağlılığı yoxdur. Ancaq Pirayənin qoruyub saxladığı rəsmlər, həbsxanada hazırlanan taxta əl işləri, Pirayəyə yazdığı məktubların orjinalları,  bir çox şeir də Pirayədən biz övladlarına miras qalıb.

-Nazim Hikmətin daha çox hanşı şeirini bəyənirsiniz?

-“Kuvayi Milliye Destani” və “Memleketimden İnsan Manzaraları”nı hər kəs kimi mən də çox bəyənirəm.

Bu dördlüyü də çox bəyənirəm:

Sana düşman, bana düşman

Düşünen insana düşman

Vatan ki insanların evidir

Sevgilim onlar Vatana düşman.

-Nazim Hikmətin evli qadınlarla eşq macəraları barədə nə deyə bilərsiniz?

Bu çox daha çox şəxsi həyata daxildir. Bu mövzuda fikir bildirmək istəmirəm.

Nazim Hikmət

-Atanız Nazim Hikmətin ölümüylə bağlı nə söylərdi?  Pirayə xanım Nazim Hikmətin ölümünü necə qarşıladı?

-O illərdə mən uşaq idim. Buna görə də hər şeyi bilmirəm. Sonra isə bu mövzuda Pirayəyə heç bir sual vermədim.

-Pirayə xanım ona xəyanət etmiş həyat yoldaşı Nazim Hikməti bağışladımı?

-Pirayə xanım bu mövzularda heç vaxt danışmazdı. Amma təxmin edirəm ki, ər-arvad münasibətlərinə son qoyduğu bu insanın sənətinə, fikirlərinə hər zaman hörmət edib.

Xüsusi ilə qeyd edim ki, Pirayə “Sənətkarın həyat yoldaşı olmaq çətindir” deyirdi. Sənətkarların “ruh hallarının fərqli olduğunu, hər növ fakta (Təbiət, qadın, kişi, hadisələr kimi) tez bir zamanda aşiq ola bildiklərini və bu eşqlərin fırtınalı ola biləcəyini” deyirdi. Nazim də bu fikirlərə çox uyğun bir sənətkar idi. Bu düşüncəsinə görə Pirayənin Nazimi çox ittiham etmədiyini, ona qarşı çox incik olduğunu düşünmürəm.

-Bakı, Azərbaycana gəlibsiniz? Azərbaycanla bağlı nə düşünürsüz?        

-Azərbaycana heç vaxt getməmişəm. Sadəcə olaraq gözəl bir ölkə olması ilə bağlı tez-tez məlumatlar eşidərəm. Azərbaycan və Türkiyə xalqlarının çox yaxın olduğunu bilirəm.

-Sonda gənclərə həyatları və idmanla bağlı hansı tövsiyyələri vermək istərsiniz?

-İdman insanın sağlamlığı baxımından çox önəmlidir. İdmanla məşğul olarkən yüksək səviyyəli bir idmançı olacağınızı düşünməyin. Hədəfiniz yüksək olsun amma buna çata bilməsəniz də idmanın sizə bəxş edəcəyi faydaları qarışıdakı həyatınızda hiss edəcəksiniz. Birlik, paylaşmaq və ya itirmək duyğusu, komanda şəklində çalışmaq, məğlub olduqca xətalardan dərs götürüb yeni hədəflərə köklənmək, stressi yönəltmək kimi bir çox duyğuları idman və sənət sayəsində əldə edə bilərsiniz. Buna görə də idmanla məşğul olmaq çox önəmlidir.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Əfsanəvi Freddi Merkyuri azərbaycanlı idi?” – bacısı Kəşmirə Bulsara ilə EKSKLÜZİV MÜSAHİBƏ (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Freddi Merkyuri (Fərrux Bulsara) – Böyük Britaniyanın əfsanəvi müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox “Queen” qrupunun solisti kimi tanınır. Freddi Merkyuri parlaq səhnə performansı və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşıb.

1946-cı ildə Tanzaniyanın Zənzibar adasında anadan olub. Valideynləri Bomi və Cer Bulsara Hindistana köçən Pars Zərdüştləri olub. Onlar Hindistandan Zənzibara Bominin Britaniya Koloniya İdarəsindəki işləri ilə əlaqədar immiqrasiya ediblər. “Bulsara” soyadı Hindistanın Qucarat ştatındakı Bulsar (Valsad) şəhərinin adından götürülüb. Dünya rok musiqisinin kralı 45 yaşlı Freddi Merkyuri 1991-ci ilin 24 noyabr tarixində gözlərini əbədi olaraq yumub. Ölümünün əsl səbəbi kimi QİÇS-dən əmələ gəlmiş sətəlcəm xəstəliyi göstərilir. Mənsub olduğu Zərdüştlük dininə əməl etməsə də, dəfni bu dinin qayda-qanunları əsasında həyata keçirilir. Cənazəsi Kensal adında Yaşıl Qəbirsanlıqda yandırılır amma, külünün yerləşdiyi yer hələ ki, heç kimə məlum deyil. Freddi Merkyurinin özündən kiçik Kəşmirə adlı bacısı da var. Freddi Merkyurinin ailəsinin Azərbaycan əsilli olması da iddia edilir.

Əfsanəvi müğənni Freddi Merkyurinin bacısı Kəşmirə Bulsara (Kashmira Cooke – Bulsara) eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq baş tutan bu müsahibə zamanı Kəşmirə Bulsara ailəsinin kökləri və qardaşı Freddi Merkyuri ilə bağlı mühüm məqamlara aydınlıq gətirib. O, ailəsinin Azərbaycan əsilli olması ilə bağlı yayılan iddialara da ilk dəfə olaraq HafizTimes.com vasitəsi ilə münasibət bildirib. Kəşmirə Bulsara həmçinin Freddi Merkyurinin iki özəl şəkilini də təqdim edib:

Kəşmirə Bulsara (Kashmira Cooke – Bulsara) – 1952-ci ildə Zanbizarda anadan olub, orada təhsil alıb. Roger Cooke ile evlidir. 67 yaşı var. Samuel Cooke adlı oğlu var.

-Kəşmirə xanım hazırda nə işlə məşğul olursunuz?

-Brian May ilə Fredinin keçmişini çəkirəm.

-Uşaqlıq illəriniz necə keçib? Freddinin bacısı olmaq çətin deyildi ki?

-Mənim uşaqlıq illərim normal keçib. Bəzən Freddi ilə mahnı oxuyurdum. Freddinin bacısı olmaq bir az çətin idi.

-Freddi Merkyuri ilə aranızda hansı oxşarlıqlar var?

-Mənim gözlərim və üzüm ona çox oxşayır.

-Freddi Merkyuri necə bir insan idi? Heç vaxt unutmadığınız bir xatirənizi bizimlə bölüşərdiniz…

-Freddi çox utanan oğlan idi. Amma həm çox sevimli, həm də gözəl idi. Mən yaxşı xatırlayıram ki, bir gün o mənə gül almışdı. Gülü mənə verdi və bərk qucaqlayıb dedi: “Kaş, sən mənim ən yaxşı bacımsan”.

-F. Merkyurinin tez bir zamanda şöhrət, uğur qazanmasının sizcə sirri nə idi?

-Düşünürəm ki, Freddinin uğur qazanmasının sirri onun xarizması ilə bağlı idi.

-Freddi Merkyurinin tarixdə ən böyük xidməti nə olub? Sizcə onun hansı əməli nümunə götürülə bilər?

-Mənim qardaşım kim olduğunun axtarışında idi… Onun musiqi sahəsinə böyük təsiri oldu. Freddi özü idi.  Özü olmaq isə yaxşı bir örnəkdir.

Kəşmirə Bulsaranın ailəsi, həyat yoldaşı və övladları

-Freddi Merkyurinin bacısı olmaq necə hisdir? O, evdə, ailədə necə bir insan idi?

-Freddinin bacısı olduğum üçün çox xoşbəxtəm. O, evdə də çox utancaq idi. Hətta mən onu bizimlə yeməyə dəvət edəndə də mənə güllər alırdı.

İndi isə onun sevənlərinə çox bağlıyam.

-Kimi daha çox qardaşınıza oxşadırsınız? Ailədə ona oxşar biri var?

-Marc Martel fiziki və vokal olaraq mənə qardaşımı xatırladır.

-Freddi Merkyurinin həyatının belə tez sona çatmasına nə səbəb oldu?

Fredinin həyatı çox kədərli oldu. Onun ölüm səbəbi AIDS və “sətələcəm” oldu.

Onun videolarına və şəkillərinə baxanda çox özümü xoşbəxt hiss edirəm.

– Azərbaycana səfər etmisiniz? Azərbaycan barədə nə deyə bilərsiniz?

-Xeyr. Mən heç vaxt Azərbaycana getməmişəm. Ona görə də bu haqqda heç nə deyə bilmərəm.

Kashmira Bulsara, Sam Cooke, Brian May- Freddi Merkyurinin evində

-Freddi Merkyurinin ailəsinin Azərbaycan (Cənubi Azərbaycan-İran) əsilli olduğu idda edilir. Bu nə dərəcədə doğrudur?

-Xeyr!  Freddi də “İndian Parsi” idi! O, Fərrox Bulsara adı altında dünyaya gəldi. “Zoroastrian Parsi” idi!

-Sonda Azərbaycanda Freddi Merkyuri sevənlərə,oxuyucularımıza nə demək istərsiniz?

-Freddi hələ də sizi sevir…

(Qeyd edək ki, müsahibə Freddi Merkyurinin bacısı oğlunun dəstəyi ilə baş tutub)

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Şuşadakı ailə ocağımıza gedə bilmədim”– Əhməd bəy Ağaoğlunun ƏFSANƏVİ VARİSİ (EKSKLÜZİV FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Azərbaycandan gəlmiş ziyarətçilər ailəmin məzar daşları üzərinə hər zaman çiçək qoyurlar. Həmin çiçəkləri görən zaman qürur duyuram.”

“Barış Manço Heydər Əliyevə mənim Azərbaycan əsilli olduğumu dedi” 

Əhməd Güvənç  – Türk musiqi tarixinin ən önəmli simalarından biri, əfsanəvi musiqiçi, gitarist. Məşhur “Kurtalan Ekspres” qrupunun baş gitaristi olan Əhməd Güvənç Barış Mançonun vəfatına qədər onunla birlikdə çalışıb, yaxın dost olublar. O, uzun illərdir ki, yaddaşlardan silinməyən, dillər əzbəri olmuş “Gülpembe” və “Dönence” adlı mahnıların bəstəkarıdır.

Əhməd Güvənç Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun nəticəsidir. O, 1951-ci ildə Əhməd bəy Ağaoğlunun nəvəsi Suna Gülərin birinci nikahından dünyaya gəlib. Mərhum Suna Gülər Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıranın övladıdır. Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıran isə Türkiyənin Qars bölgəsinin ilk qadın millət vəkili olub. Qeyd edək ki, ölkə rəhbərinin sərəncamı ilə Azərbaycanda bu il  Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunur.

Azərbaycanlı görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun nəticəsi, Türkiyə musiqi tarixinə adı qızıl hərflərlə yazılan əfsanəvi musiqiçi Əhməd Güvənç eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı ailə kökləri, həyatı, fəaliyyəti ilə bağlı bir çox önəmli məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini bölüşüb. Əhməd Güvənç Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Ağaoğlu ailəsinin şəxsi fotolarını, mühüm tarixi faktları da özəl olaraq HafizTimes.com-a təqdim edib:

Əhməd bəy Ağaoğlu

-Necə bir ailədə böyüyübsünüz? Əhməd bəy Ağaoğlunun ailəsinin bir üzvü  olmaq necə bir hissdir? Ağaoğlu ailəsi ilə bağlı fikirlərinizi bilmək istərik.

-Əvvəlcə ailəmə və mənə göstərdiyiniz hörmətə, sevgiyə görə sizə dərindən təşəkkür edirəm. Bizə olan bu münasibətiniz qürurvericidir.

Əhməd bəy Ağaoğlunun övladları: Sürəyya, Səməd və Gültəkin Ağaoğlu

-Çox təəssüf edirəm ki, hörmətli babam Əhməd bəy Ağaoğlunu heç vaxt görə bilmədim.  Amma mən Əhməd bəy Ağaoğlunun övladları nənəm Təzər Taşkıran, bacıları (xalalarım) Sürəyya və Gültəkin Ağaoğluların əllərində böyüdüm.  Hər biri mənim üçün çox əzizdilər. Mənim yetişməyimdə böyük əməkləri olub.

“Onlar mənə əxlaqlı olmağı, Vətəni sevməyi, Əziz Atatürk kimi intizamlı və çalışqan olmağı öyrətdilər”.  

Əhməd Güvənçin anası Suna Gülər

-Çox sevdiyim hörmətli anam Suna Gülər də qeyri-adi bir insan idi. Onların əllərinin içində böyümək mənim üçün böyük bir şans idi.

-Sizin adınızı kim qoyub? Bu adın Əhməd Bəy Ağaoğlu ilə bağlılığı var?

-İlk nəvə (nəticə) olduğuma görə mənə babamın (Əhməd bəy Ağaoğlu) adını qoyublar.

Əhməd Güvənç: “Nənəm Təzər Taşkıran və babam Nimət Taşkıran”.

-Babanızın Vətəni olan Azərbaycana heç səfər etmisinizmi?

-Barış Manço ilə  birlikdə 3 dəfə Azərbaycana səfər etmişik. Azərbaycana ilk getdiyim zamanlarda ermənilərlə müharibə dövrü idi. Bakıda bəzi qohumlarımı tapdım, Ağaoğlu binasını ziyarət etdik.

-Əhməd bəy Ağaoğlunun həyatı ilə bağlı nə bilirsiniz?

– Əhməd bəy Ağaoğlu Türkiyəyə gəldikdən sonra “məclisi məbusan” ilə ingilislər tərəfindən həbs edilib, Maltaya sürgünə göndərilib. Sürgündən göndərdiyi məhbus məktublarının hamısı məndədir. Üzərlərinə ingilis dilində məhbus məktubu damğası vurulub. Sürəyya xalam vəfat etmədən öncə bunları mənə əmanət etmişdi. Həmçinin Sürəyya xalam Əhməd bəy Ağaoğlunun heç vaxt yanından ayırmadığı kəhrəba təsbehini də mənə verib. Mən də sizə göndərdim…

Əhməd bəy Ağaoğlunun Maltda sürgündən göndərdiyi məhbus məktubu

-Babanız Əhməd bəy Ağaoğlunun doğulduğu Şuşa şəhəri də illərdir ki, erməni işğalı altındadır. Bu barədə nə bilirsiniz?

-Çox təəssüf ki, Azərbaycana getdiyimiz zaman müharibəyə görə Şuşadakı ailə ocağımızı ziyarət edə bilmədim. Turqut Özal ilə Azərbaycana ikinci ziyarətimizdə Bakı Havalimanının açılışında iştirak etdik, musiqilər ifa etdik.

“Barış Manço Heydər Əliyevə mənim Azərbaycan əsilli olduğumu dedi”

-Bu zaman hörmətli Heydər Əliyev üzünü mənə tərəf çevirib dedi: “Ata evinə xoş gəldin”. Həmin an çox sevinmişdim…

Əhməd bəy Ağaoğlunun Maltda sürgündən göndərdiyi məhbus məktubu 2

-Bakı ilə bağlı nə deyə bilərsiniz?

-İndi  Bakıya gedib-gələn dostlarımdan sizi xəbər alıram. Bakının çox gözəlləşdiyini görüb-eşidib sevinirəm.

Ağaoğluların ailə məzarlığı

“Ailəmin məzar daşları üzərinə hər zaman çiçək qoyurlar”

-İstanbul Feriköydəki ailə məzarlığımıza getdiyim zaman Azərbaycandan gəlmiş ziyarətçilərin məzar daşları üzərinə qoyduqları çiçəkləri görürəm, qürur duyuram. Hər nə qədər uzaq olsaq da qəlbim hər zaman sizinlə döyünür.

“Kurtalan Ekspres”: Barış Manço, Ahmet Güvenç və s.

-Musiqi fəaliyyətinizlə bağlı məlumat verərsiniz. Niyə musiqi sahəsini seçdiniz?

-Bildiyiniz kimi, mən Barış Manço vəfat edənə qədər onunla çiyin-çiyinə çalışdım. 25 il bərabər fəaliyyət göstərdik. Dünyanın bütün ölkələrində konsertlər verdik. Əlbəttə ki, “Gülpəmbə” və “Dönence” mənim bəstələrimdir.

-Azərbaycan musiqilərini də dinləyirsiniz?

-Azərbaycan musiqisini də hər bir Türk kimi yaxından izləyirəm.

“Bu il Barış Mançonu itirməyimizdən 20 il ötür”.

-Yəni ki, 20 ildir ki, “Kurtalan Ekspresi” yaşadırıq, hər bir konsertimizdə Barış Mançonu, 5 il bərabər fəaliyyət göstərdiyimiz Cem Karacanı və itirdiyimiz qədim dostum Bahadır Akkuzunu alqışladırıq, gənclərə xatırladırıq. Barışın vəfatından sonra təxminən 2000 konsert verdik, 4 CD çıxardıq.

Feriköy məzarlığının girişindəki bir kitabə

“Qeyd edim ki, Cem Karacanın atası da Azərbaycanlı idi”.

-Barış Manço deyirdi ki, insan xatırlanmadığı zaman ölür. Mən də özüm ölənə qədər bu əziz dostlarımın unudulmamasına çalışacağam.

-“Gülpəmbə” kimi unudulmaz bir mahnı necə yarandı?

-Ən gözəl musiqilər, bəstələr uzayda (kosmos) olur. Əgər çox çalışsan və  layiq olsan bir dənəsini almağına icazə verilər.

Əhməd bəy Ağaoğlunun heç vaxt yanından ayırmadığı kəhribar təsbehi

-Sonda Azərbaycanda  Ağaoğlu ailəsini sevənlərə nə demək istərdiniz?

-Bütün Azərbaycana və sizə sonsuz sevgilərimi göndərirəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar