Bizimlə əlaqə

Müsahibə

Azərbaycanlı milyonçular, AXC nazirinin erməni nəvəsi: “Həmin vaxt bərk sarsıntı keçirdim” (EKSKLÜZİV MÜSAHİBƏ-FOTOLAR)

Yayımlandı

da

“Anam həmişə deyirdi ki, biz Azərbaycandanıq. Bizim ailəmiz Bakıdandır”.

“Qarabağla bağlı sizə deyə bilərəm ki, çox təəccüblü də olsa, mövcud situasiyalar bir gecədə də dəyişdirilə bilər”

“Birdən orada kiminsə türk dilində danışdığını eşitdim. Həmin vaxt bərk sarsıntı keçirdiyimi yaxşı xatırlayıram”

“Mənim varlığımdan necə xəbər tutdunuz?!”

“Banin mənim doğma xalam idi. O, xəstə xarakterini gizlətməyə çalışdı”.

“Yəqin ki, Azərbaycanda  sizdən başqa mənim haqqımda heç kim bilmir. 29 mart 1969-cu ildən 4 oktyabr 2013-cu il tarixinə qədər “Souren Melikian” imzası ilə məşhur “International Herald Tribune”nun hər şənbə-bazar nömrələrində həftəlik sənət sütununda məqalə-araşdırmalarım nəşr olunub. Yəqin ki,  jurnalistlər arasından bəziləri yazılarımı oxuyub. Bəlkə də orada bir neçə nəfər də mənim yazlarımı oxuyub. 77 yaşıma çatmamışdan iki ay, bir gün öncə təqaüdə çıxdım. Yəqin ki, bəzi insanlar da muzey dünyası ilə bağlı “Əsədullah Suren Məlikian-Şirvani” imzası ilə yazdığım kitablarımı, fransızca məqalələrimi oxuyublar.  Göndərdiyiniz fotoşəkillə bağlı sualınıza cavab vermək istərdim. O, həqiqətən də mənim anam “Kowsar”(Kövsər) xanım Əsədullayevanın şəklidir. Banin mənim anamın ən  gənc bacısı idi. Sizə çoxlu suallarım var. Mənim varlığımdan necə xəbər tutdunuz? Mənim anamın Qərbdə çəkilmiş şəklini necə tapdınız?”

Əsədulla Suren Məlikian Şirvani – Məşhur tarixçi, sənətşünas alim və jurnalist. İran incəsənəti və mədəniyyəti üzrə mütəxəssisdir. Hazırda Fransa Elmi Araşdırmalar Mərkəzinin “İnsan və cəmiyyət elmləri” (CNRS) şöbəsinin baş elmi işçisi, Sorbonna Paris Universitetinin professoru və Toronto (Kanada) şəhərində yerləşən Ağa Xan Muzeyinin (Aga Khan Museum) tədqiqatlar üzrə direktorudur. Məqalə və araşdırmaları 44  il ABŞ-ın nüfuzluİnternational Herald Tribune” qəzentində yayımlanıb. O, Azərbaycanlı məşhur  milyonçular Şəmsi Əsədullayev və Musa Nağıyevin nəticəsidir. Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Şəmsi oğlu Əsədullayevin qızı  Kövsər Əsədullayevanın yeganə oğludur. Qeyd edək ki, Əsədulla Şirvaninin anası Kövsər Əsədullayeva  Fransada yaşayıb-yaratmış məşhur azərbaycanlı yazıçı, 20-ci əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi Ümmül Banu Əsədullayevanın (Banin) doğma bacısıdır. Hazırda 83 yaşı var. 

Əsədulla Suren Məlikian Şirvani eksklüziv olaraq HafizTimes.com-un suallarını cavalandırıb. O, müsahibə zamanı illərdir ki, ailəsi ilə bağlı gizli qalmış bir çox məqamlara aydınlıq gətirib. Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq ailəsinin fotolardan ibarət şəxsi arxivini də HafizTimes.com-a təqdim edib:

-“Lycee Condorcet”də orta təhsil aldım. 1954 və 1955-ci illərdə bakalavr təhsilinin ilk mərhələsini başa vurdum. 1960-cı ildə Paris Milli Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (École des Langues Orientales) ərəb dili, 1961-ci ildə isə fars dili üzrə dərəcə aldım. Fransa hərbi dəniz qüvvələrində 18 aylıq hərbi xidmətimi başa vurduqdan sonra yenidən universitetə qayıtdım. 1966-cı ildə  Sorbonna Paris Universitetində  “Ərəb-fars dili və ədəbiyyatı üzrə magistr təhsili aldım. 1968-ci ilin iyul ayında Sorbonnanın Paris III bölməsində fars dili və ədəbiyyatı üzrə “doktorluq” (fəlsəfə doktoru) dərəcəsinə layiq görüldüm. 1972-ci ildə Sorbonnada ikinci dəfə doktorluq dissertasiyasını müdafiə etdim və Fransa Universitetlərində verilən ən yüksək dərəcəli doktorluq dərəcəsinə layiq görüldüm.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailəni necə təsvir edərsiniz?

-1936-cı ildə dekabrın 5-də Parisdə anadan olmuşam. Hələ lap uşaq ikən anam və atamla birlikdə Almaniyanın işğalı altında olan Fransanın paytaxtında yaşayırdıq. Mənim altı yaşım olanda atam ağır xəstəliyə düçar olmuşdu. Həmin vaxtlar çox çətin idi. Balaca bir evdə yoxsulluq içərisində yaşayırdıq. Anam Kövsər xanım və atam Kevork Melikiyana olan bağlılığım məni həyata daha dözümlü yanaşmağa məcbur edirdi. Mən onun aristokratik tərzinə, səxavətinə heyran oldum, çox gənc olsam da onun zəngin bir mədəniyyətə sahib olduğunu təqdir edirdim. Ancaq atam çox xəstə idi və təəssüf ki, mən anamla olan münasibətimi onunla qura bilmirdim.

( Ambartsum Melikian)

-Anamla hər cəhətdən çox dərin bir münasibətimiz vardı. Amma atamla belə deyildi. Çünki, o biri həyatda onunla belə münasibət qura bilməzdim. Atam 1945-ci ildə dünyasını dəyişmişdi. Bu elə də erkən bir ölüm deyildi.

Atamın mənə böyük bir təsiri olmuşdu. Atamdan mənə nəhəng bir tarixi kitabxana miras qalmışdı. Onun Orta Şərq qədim sivilizasiyalarının tarixinə olan marağı, ölümündən sonra kitabları vasitəsi ilə mənə ötürüldü.

Atam vəfat etdiyinə görə ailəm haqqında hər şeyi yalnız anamdan eşitdim. O, nadir hallarda mənə öz anası Ümmül Banunun ölümü haqqında danışardı. Deyirdi ki, həmin vaxt onun cəmi səkkiz yaşı olub. İllər ötməsinə baxmayaraq anam öz anasının ölümünü hər zaman dərin kədərlə xatırlayırdı. Onun “özünə nəzarət  masqası”nın altında gizlətməyə çalışdığı dərin kədəri hər zaman gözlərindən hiss olunurdu.

-Babanız Azərbaycan Xalq Cümhuriyyəti (AXC)  naziri Mirzə Əsədullayevi (Şəmsi Əsədullayevin oğlu) heç görmüsünüzmü? Onu necə xatırlayırsınız?

-Babam Mirzə Əsədullayevi heç vaxt görməmişəm. Çünki mən doğulmamışdan cəmi bir neçə ay öncə babam vəfat etmişdi. Mənim təəssüratlarıma görə, anam da daxil olmaqla digər üç bacısı da heç vaxt ataları ilə yaxın münasibətdə olmayıblar. Onun həyat yoldaşı Ümmül Banu çox gənc yaşda doğuş zamanı vəfat etmişdi. Bundan sonra o, dərhal “ossetian” xanımla ailə həyatı qurub və öz övladlarına  sevgi bəxş etməyib.

Dörd bacı eyni vaxtda alman, fransız və ingilis olan üç dayə tərəfindən tərbiyə edilib. Onlara görə bu dörd bacının hamısı Qərbi Avropa dillərinin hər 3-nü də bilməli idilər…

“Bu portret 1905-ci ildə Bakıda yaşayan italyan bir rəssam tərəfindən çəkilib. Nənəm Ümmül Banu sonuncu qızını dünayaya gətirən zaman vəfat etmişdi. Həmin dünyaya gələn uşağa da ananın adını – Ümm Əl- Banin (Banine) adını qoyublar. Anam heç vaxt həmin rəssamın adını söyləmədi. Həmin rəssam Bakıda zəngin ailələrin portretlərini çəkirmiş. Bu portreti yalnız sizə göndərdim”.

-Şəmsi Əsədullayev sizin üçün kim olub?

-İran adətlərində çox nadir hallarda rast gəlinən qısaldılmış “Şəmsi” sözü, yəni “Şəms Əl Din Əsədullayev” mənim üçün yalnız bir addır. Mənə elə gəlir ki, o, anamın babası yox, ulu babası olub. Amma mən də səhv edə bilərəm… Anamın ailəsi ilə bağlı xatirələrini yazmadığıma görə böyük bir səhv etmişəm. Səbəb isə budur ki, onlar məni sıxıntılı bir itki hissi baş-başa qoyub tərk etdilər.

-Valideynləriniz milyonçu Əsədullayevlər ailəsinin həyatı barədə sizə nə danışırdılar? Bu ailənin faciəsinin səbəbi nə idi?

– 1920-ci ilin dekabrında rus ordusu Bakını yenidən işğal etdi və müstəqil “Müsavat” hökuməti dövrünə son qoyuldu. Ailəmizin evi, oradakı bir çox mühüm sənətkarlıq nümunələri, xüsusən də fars dilindəki əlyazmalar məhv edildi. İnsanların bir qismi müqavimət göstərmək məqsədi ilə ümidsiz bir cəhdlə dağlara çıxdılar. Anamın əmisi uşaqlarından yalnız biri 2-ci Dünya müharibəsinə qədər mübrizə apardı. Onun adının “Əli” olduğunu bilirdim. Mənə deyilənə görə, o,  1943-cü ildə döyüşdə öldü.

-Ümm-Əl-Banu, yəni məşhur xalanızı (Banin) necə xatırlayırsınız? O, necə bir həyat yaşayırdı? Tez-tez görüşdünüz? 

-Dörd bacının hamısı bir-birindən tamamilə fərqlənirdi. Ümm-Əl-Banu (digər adı “Banine”) daha çox qərbyönümlü oldu və özünü azad bir fransız ziyalısının personajında təqdim etdi. Hərçənd ki, mən bunda xüsusi bir inandırıcılıq görmədim.

`Banin İslama düşmən kəsildi`

-O, sərt yanları olan sürətli bir zəkaya sahib idi. Özü və dünya arasındakı dərin xəstə xarakteri gizlətməyə çalışdı. O, öz irsini acıqla rədd etdi və İslama açıq bir düşmənçilik nümayiş etdirdi. Nəticədə bu məni ondan uzaqlaşdırdı.

Banin Parisin 16-cı “arrondissement”də və ya “40 rue Lauriston”da bir mənzildə yaşayırdı. Deyə bilmərəm ki, onun hansısa bir düşüncəsi məni daha çox təsirləndirib. Fəlsəfəyə meyilli deyildi. Xüsusi ilə şəxslərə və situasiyalara reaksiya verirdi.

Qeyd etməliyəm ki, anam həmişə bacısının, yəni xalamın “Banine” imzası ilə yazdıqlarını götürməməyim barədə mənə ciddi xəbərdarlıq etmişdi. Ümm Əl-Banu, ərəbcə “Umm al-Banin” yəni “İki nəvənin anası” kimi (Həsən və Hüseyni nəzərdə tuturam) tərcümə olunur. O,  Bakıdan gedəndə çox gənc idi, fransız intellektual mühitinə xitab edən və Qafqaz xalqlarının düşüncələrini qərəzli əks etdirən formada ailəmizin rəsmini dünyaya təqdim etdi.

(Sürəyya Əsədullayevin jurnalist oğlu Tommi Franklin)

-Xalanız Sürəyya Əsədullayevanı necə xatırlayırsınız? Onun oğlu,  jurnalist Tommy Franklin haqqında bilmək istərdik. Onunla heç görüşürdünüz?

-Tommi Franklinin həyatı haqqında çox az şey bilirəm,  “Süriyə”nin oğlu idi. Onun adı “Sorayya” kimi səsləndirilirdi.  Həyat yoldaşı Vəziri idi.  “Tony Franklin”nin əsl adı Fərrux idi.  Fransada radioda müxbir olaraq çalışırdı.

Sürəyya bacısı Kübra xalama çox bağlı idi.  O, ürəyində dərin kədər olan bir xarakterə sahib idi. Şən zarafatları ilə həmişə bunu gizlətməyə çalışırdı.

-Dayınız Şəmsi Əsədullayevlə (Mirzə Əsədullayevin ikinci həyat yoldaşından olan oğlu) heç görüşmüsünüz?

-Anamın ögey qardaşı, yəni mənim yarı-dayım Şəmsini bir dəfə, uşaq olan zaman görmüşdüm.

-Xalanız Kübra Əsədullayeva necə yaşayırdı? Rəssam idi? Onun çəkdiyi rəsmlərin oğurlanması ilə bağlı məlumatlar var. Bu həqiqətdir?

-Kübra Əsədullayeva Theakston adlı bir ingilis səhmdarla ailə həyatı qurmuşdu. Sankt-Peterburqda məskunlaşan bir ailənin övladı idi. O, daha çox orta sinifdən yuxarı olan bir rus kimi idi.

Kübra “naif” tərzdə rəsimlər çəkən həvəskar bir rəssam idi. Onu çox da tanımırdılar.  Kübra Əsədullayevanın çəkdiyi rəsimlərin oğurlanması ilə bağlı sizin qeyd etdiyiniz məlumatdan xəbərsizəm. Əgər belədirsə, oğru rəssamdan daha çox həvəskar imiş…

-Əsədullayeva bacıları  Bakı-Azərbaycan haqqında nə danışdılar? Onların Azərbaycan haqqında düşüncələri necə idi?

-Anam və bacıları bəzən görüşürdülər. Həmin vaxt onlar öz doğma şəhərləri Bakı, Azərbaycan haqqında danışardılar. Amma onların söhbətlərini dəqiq xatırlamıram.

Anamın hissləri məndə silinməz izlər qoyub. Bunu yaxşı xatırlayıram. Anama kimliyi ilə bağlı sual verəndə cavabı birbaşa belə olardı: Azərbaycandanıq. Bizim ailəmiz Bakıdandır. İranlıyıq”.

-Sizin atanız haqqında bilmək istərdik. O, erməni əsilli idi?

-Atam əsrlər boyu Azərbaycan mədəniyyətinin qəlibində yer tutan erməni əsilli bir ailədən idi. (Mənim atam Azərbaycan mədəniyyəti ilə böyümüş, yaşamış erməni nəslindəndir).

(Azərbaycan milli geyimində nənəm Ümm əl-Banin. Nənəm bu donu toyunda geyinib)

-Bəs valideynləriniz necə ailə həyatı qurublar?

-Çox təssüf edirəm ki, anama atamla necə tanış olması barədə sual verməmişəm. Hərçənd ki, bu sualı verməyə mənim yaşım da icazə verirdi.  Bakıda uşaq, gənc olarkən bir-birini tanıyıblar. Hər ikisi də ayrı-ayrılıqda Parisə gəliblər. Gənc, yetkin vaxtlarında yaşadıqları “travma”lardan sarsıldılar. Sonra iki milyon əhalisi olan xarici bir şəhərdə yoxsullaşdılar, itkin düşdülər. Onların yenidən qarşılaşmaq ehtimalı çox az idi. Amma onlar yenə də qarşılaşdılar və ailə həyatı qurdular.

-Ananız ilk dəfə Bakıda ailə həyatı qurmuşdu. Bu barədə nə bilirsiniz?

-Anam həqiqətən də ilk dəfə Bakıda cənab Həsənovla ailə həyatı qurub. Onların bir oğlu olub. Qardaşımın (ögey) adı İsmayıl Həsənov idi. 1917-ci ildə üç yaşında o, bu dünyanı tərk etdi. Bu barədə artıq heç nə bilmirəm.

-Sizin haqqınızda bilmək istərdik. Ailəsinizmi? Övladlarınız varmı?

-1984-cü ildə ailə qurmuşam. İsgəndər və Kərim adlı iki oğlum var.

(Suren Melikiyanın məşhur həyat yoldaşı Suzan Stonge)

-Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycana səfər etmək istərsinizmi? Azərbaycanla bağlı hansı xatirənizi bizimlə bölüşmək istərsiniz? Azərbaycan dilini bilirsinizmi?

-Heç vaxt ayaq basmadığım Şimali Azərbaycan, Bakı barədə fikir söyləmək mənim üçün çox çətindir. 2002-ci ildə Cənubi Azərbaycandakı Təbrizə getmişdim. Həyat yoldaşım Susan Stronqe ilə birlikdə bir ziyafətdə iştirak etdik. Birdən orada kiminsə Türk dilində danışdığını eşitdim. Həmin vaxt bərk sarsıntı keçirdiyimi yaxşı xatırlayıram. Öz-özümə çox təəccübləndim. Bütün uşaqlıq xatirələrim gözümdə canladı. Bütün bədənim əsməyə başladı. Mən heç vaxt belə olmamışdım. Hər yerdə tamamilə irad eşitsəm də, yad kimi görünsəm də aid olduğumu hiss etdiyim dünyanın dilində danışmıram.

-Biz həmişə özümüzü iranlı kimi təqdim etdik. Vilayətimiz Azərbaycan, doğma şəhərimizin isə Bakı olduğunu qeyd etdik. Mən özüm də həmişə belə demişəm. Bəziləri və ya oxucularınızın əksəriyyəti bu fikirlə razılaşmaya bilər. Amma bir jurnalist oxucuları sevindirməyə çalışmamalı, onlara məlumat vermək üçün əlindən gələni etməlidir. Beləliklə, “Yaşasın Azərbaycan, yaşasın İran!”. Bu Azərbaycan Respublikasında rəsmi mövqe olmaya bilər.

– Azərbaycanda ailənizi sevənlərə nə demək istərsiniz?

-Azərbaycanda mənim ailəmi “sevən”lər… Onlarla Azərbaycan dilində ünsiyyət qura bilmədiyimə görə çox təəssüflənirəm. Mən onları öz mədəni keçmişlərinə sadiq olmağa və ən böyük şairlərimizin – Gəncənin Nizamisi, Xəqani ( Onu “Şirvani” deyə çağırırlar. Bu söz isə Şimali Azərbaycanın tarixi adı olan “Şirvan”dan götürülüb), Mücrədin Beyləqaninin dilini öyrənməyə çağırardım.

Sizin suallarınızı cavablandırdım. İran incəsənəti və mədəniyyətini tədqiq edən və həyatım boyu aylıq-gündəlik qəzetlərdə məqalələr yazan bir sənətşünas olduğuma görə, gənc bir həmkarımın jurnalistikada etdiyi zəhmətkeş araşdırmalara böyük rəğbətlə yanaşıram. Fikirləşirəm ki, bu, bir jurnalistin karyerası üçün faydalı ola bilər. Bu müsahibəni bir “çevriliş” kimi təqdim edə bilərsiniz. Çünki keçmişdə həmişə ailəm və özümlə bağlı suallara cavab verməkdən imtina etmişəm.

`Nəhayət, sual verdiniz ki, Bakıya gəlmək istəyirəmmi?`

 -Mənim üçün ağır psixoloji sarsıntı olsa da, doğma yurdumuzu görmək istərdim. Şirvanşahanlar Sarayını ziyarət etmək və Pir Hüseyn türbəsində olmaq istərdim. Tədqiqat işim üçün Bakı Muzeylərində və Azərbaycanın digər şəhərlərində erkən İslam dövrünə aid bəzi metal qabları, keramika əsərlərini öyrənmək və fotoşəkillərini çəkmək istərdim. Ancaq zaman keçir. Uzaq yerlərə necə səyahət edə biləcəyimi bilmirəm. 83 yaşım tamam olacaq. Ancaq dediyimiz kimi, Allah Kərimdi.

-Mən Qarabağ-Şuşadanam. Amma 30 ilə yaxındır ki, doğma  Şuşama gedə bilmirəm! İşğal olunub…!Bu barədə nə deyə bilərsiniz?

-Azərbaycan və Ermənistanın xarici güclər tərəfindən qurulan tələyə düşmələrinin faciəvi nəticələri müasir dünya ilə bağlı ümidsizliyi artırır. Həmin güclər bu kiçik Respublikaları bir-birinə qarşı qızışdıraraq onları zəiflətməyə çalışırlar. Nəticədə onlar arasında süni qarşıdurmalar yaranır. Bundan da həmin güclər öz mənfur məqsədləri üçün istifadə edirlər.

Heç bir şeyin əbədi qalmayacağı barədə bir fikir var. Ona görə də rahat ola bilərsiniz. Tarix bizə bunu da öyrədib: “Çox təəccüblü də olsa, mövcud situasiyalar bir gecədə də dəyişdirilə bilər”.

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

Samir Sadıxovun son layihəsi (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Bu avtomobili evdə, boş vaxtımda hazırladım. Şəxsi layihədir”

“Gənclərə demək istəyirəm ki, ölkədəki və ya cəmiyyətdəki vəziyyətə görə ruhdan düşməsinlər və gələcəyə ümidlə baxsınlar”

“Bu texnologiya dünya sənayesində ciddi dəyişikliklərə səbəb olacaq”

HafizTimes.com-un növbəti müsahibi gənc yaşlarında dünyada məşhur olan azərbaycanlı dizayner Samir Sadıxovdur.

Məlumat üçün bildirək ki, S.Sadıxov 1990-ci ildə Gəncədə ziyalı ailəsində dünyaya göz açıb. Anası həkim, atası isə mühəndisdir. Gəncədə Azərbaycan – Türk liseyində orta təhsil alıb. İtaliyanin Turin şəhərində olan Istituto Europeo di Design – Nəqliyyat dizaynı fakültəsində bakalavr təhsili alıb. Almaniyanın Pforzheim Universitetində Nəqliyyat dizaynı fakültəsində isə magistr təhsili alıb. 

Sadıxov Azərbaycanın ilk peşəkar maşın dizayneridir. O, 2011-ci ildə Ferrari World Design Contest dizayn müsabiqəsində ikinci yeri tutan Ferrari Xezri Competizione Edition layihəsi ilə məşhur olub. Gənc yaşında bir çox uğura imza atan azərbaycanlı dizanyer “Ferrari World Design Challenge 2014” müsabiqəsində qalib olmaqla məşhurluq qazanıb.

O, 30 dizayn məktəbi, 500 tələbə arasında bir neçə turu keçərək, ilk pilləyə yüksəlib. Bundan başqa, o, Cadillac C-Ville və XTS konseptlərini layihələşdirib. Eləcə də Rezvani Beast (“Heyvan”) markalı avtomobil də azərbaycanlı dizayner tərəfindən layihələşdirilib, həmin avtomobil Hankook Tyre Design Challenge 2014 müsabiqəsinin qalibi olub. Samir Sadıxov təxminən 6 ay ərzində dizayn üzərində işləyib. Azərbaycanlı gənc dizayner Red Dot Design Award-ın 4680 layihəsi sırasında “Luminary” və “Best of the Best” mükafatlarına layiq görülüb. 

Qeyd edək ki, Red Dot Design Award yer kürəsinin dizayn Mərkəzi olan Essene (Almaniya) şəhərində yerləşən Şimali Reyn-Vestfaliya İnstitutu (alm. Design Zentrum Nordhein Westfalen) tərəfindən təqdim edilən dizayn sahəsində nüfuzlu mükafatdır. Mükafatlanmış işlər, Essendə Red Dot dizayn muzeyində sərgilənir. Bu muzey müasir dizaynın nailiyyətlərinin nəhəng toplusudur. Samir Sadıxov hazırda dünyanın çox nüfuzlu avtomobil şirkətində dizayner olaraq çalışır. Bu yaxınlarda onun hazırladığı Rezvani Motors TANK dizaynı işıq üzü görüb. Çox qısa zamanda hər kəsin rəğbətini qazanıb.

-Necə oldu ki, siz avtomobil dizayneri olmaq qərarına gəldiniz? 

– Uşaqlıqdan avtomobillərə qarşı xüsusi marağım olub. Hər zaman avtomobil eskizləri çəkməyi sevirdim, lakin yoldaşlarımdan fərqli olaraq, var olan avtomobilləri çəkməyi sevmirdim, hələ də sevmirəm. Hər zaman istəyirdim ki, öz fantaziyamda olan yeni bir avtomobil çəkim. Orta məktəbdə oxuyarkən, belə bir məşğuliyyətin, peşəkar səviyyədə etməyin mükün olduğunu öyrəndim və o gündən qərarım dəyişmədi. Nəhayət, avtomobil dizayneri oldum.

-Hazırkı işinizlə bağlı məlumat almaq istərdik.

-Hazırda dünya nəhəngi olan, Cənubi Koreyadakı “Hyundai” qrupuna məxsus olan “Genesis” brendində dizayner olaraq çalışıram.

“Bu isə şəxsi layihədir. Ticarət məqsədi daşımır. 70-ci illərdəki AutoMecca şirkətinin istehsal etdiyi “BrubakerBox” modelinin yeni versiyasını hazırladım. Evdə olan zaman, boş vaxtımda! Qeyd edim ki, hazırda yaşadığım ölkədə karantin rejimindəyik”.

– Sizcə, peşəkar avtomobil dizayneri necə olmalıdır? Bunun üçün nələr tələb olunur?

– Avtomobil dizayneri olmaq üçün əsas iki şərt vacibdir. Dizayn etmək üçün xəyal gücü və rəssamlıq qabiliyyəti önəmlidir. Çünki xəyalınızda təsəvvür etdiyiniz dizaynı canlandırmağın ən ideal və tez üsulu onu yaxşı çəkməkdir. Dizayner olmaq üçün bu çox vacibdir. Şirkətlər və universitetlər adətən işə qəbul prosessində birinci bu xüsusiyyətlərlə önəm verirlər. Dizayn ideyalarının yenilikçiliyi və dizaynların necə təsvir olunduğuna diqqət yetirirlər. Əsas rəqabət də bunun üzərində gedir.

-Gündəlik iş rejiminiz necədir? 

– Standart iş rejimi ilə çalışırıq. Həftədə 5 gün işləyirik. Əsas iş rejimi layihə üzərində olur. Əgər konsept bir modelin üzərində işləyiriksə, proses 1 il çəkir. Əgər istehsala gedəcək seriya avtomobilidirsə, 2 – 3 il çəkir. Gündəlik işimiz isə avtomobilin dizayn prosesi ilə bağlıdır. Bəzən yeni avtomobil üzərində eskizlər, bəzən 3D formatlə layihələr hazırlayırıq, bəzən isə hansısa modelin detallarını yenidən dizayn edirik.

Avtomobil insanlıq tarixinin ən vacib kəşflərindən biridir. Həyatımızı asanlaşdıran, bizi bir-birimizə tez və rahat qovuşduran vasitədir.

-Dünyada ən çox hansı avtomobillərə təlabat var?

– Hazırda ən əsas təlabat SUV ve Crossover seqmentində olan avtomobillərədir və ikinci tələb olunan isə ekonomik kompakt avtomobillərdir.

-Avtomobil istehsalı o qədər də asan başa gəlmir. Ən çətin proses nədən ibarətdir?

– Avtomobilin ən çətin hissəsi onun monokokunun ve şassisinin hazırlanmasıdır. Sonra isə ona uygun olan mühərrik ve transmissiya sisteminin hazırlanmasıdır.

– Gələcək avtomobil dizaynlarını necə təsəvvür edirsiniz? 

– Avtomobil dizaynı heç vaxt inqilaba uğramayıb, hər şey təkamül olub, inkişaf edib və yeni formalara sahib olub. Düşünürəm ki, gələcəkdə də avtomobillər texnologiyaya uyğun dizaynlara sahib olacaq. Dizayndakı ən çox dəyişikliklərin səbəbi, texnologiya və yeni çıxan qanunlardır. Bunların işimizə təsiri çox olur.

-Dizayner olmaq üçün fitri istedad lazımdır, yoxsa ağıl?

– İstedad 20 faiz, çalışmaq və zəhmət isə 80 faiz…

-Siz hansı avtomobillərə üstünlük verirsiniz?

– Praktik, əlverişli, ekonomik və sürətli avtomobilə daha çox üstünlük verirəm. Bunları özündə birləşdirən modellər mənim üçün daha məqsədəuyğundur.

-Artıq dünyada özü idarə olunan avtomobillərin dövrü başlayır. 

– Avtonom avtomobiller qaçınılmaz və üzümüzə doğru gələn inqilabi texnologiyadır və bu texnologiya dünya sənayesində ciddi dəyişikliklərə səbəb olacaq. Buna uyğunlaşmalıyıq, yoxsa geridə qalacağıq.

-Azərbaycana gəlirsinizmi? Çalışdığınız yerdə ölkəmizə qarşı insanların münasibəti necədir?

– Təəssüf ki, işlərimə görə Azərbaycanda gec-gec gəlirəm. Gələndə isə maksimum ailəm və sevdiklərimlə vaxt keçirməyə çalışıram. İş yerimdə tək azərbaycanlı olduğum üçün maraq pozitivdir və çalışıram ki, ölkəmizi yaxşı təmsil edim.

-Azərbaycanda iş qurmaq istərdinizmi? Bu istiqamətdə planlarınız nədən ibarətdir? 

– Plandan əlavə xəyallarım və arzularım var. Bu sahədə planları reallaşdırmaq üçün hökumətimiz və iş adamları dəstək olmalıdırlar. Uğurlu iş ortaya qoymaq üçün ciddi investisiya və plan lazımdır.

-Sonda gənclərə nələri məsləhət görərdiniz?

-Gənclərə ən əsas məsləhətim budur ki, dayanmadan öz üzərlərində çalışsınlar, xəyallarının ardınca getmək üçün özləri özlərini motivasiya edib, bütün maneələrə üz döndərib onlara qarşı vuruşsunlar. Ölkədəki və ya cəmiyyətdəki vəziyyətə görə ruhdan düşməsinlər və gələcəyə ümidlə baxsınlar.

Ümidi isə reallaşdıracaq olan sadəcə özləri, zəhmət və cox çalışmalarıdır. Tək formula – çox çalışmaqdır.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

`Ailəsini qorumaq üçün bunu edib` – Mirzə Cəlilin Kanadadakı mühacir nəticəsi (EKSKLÜZİV-FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Bir ailə olmağımıza baxmayaraq, illərlə bir-birimizi tanımamışıq”

“Mirzə Cəlilin adını çəkməyə qorxublar”

“Babam xəstələri pulsuz müalicə edirdi”

“Kökümüzün Azərbaycandan olduğunu bilmək məni qürurlandırır”

Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) – Görkəmli dramaturq və yazıçı, publisist, ictimai xadim,  Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalı.  “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Ana dilinin saflığı uğrunda mübarizə apar Mirzə Cəlilin zəngin irsində azərbaycançılıq məfkurəsi  əsas yer tutub. Xаlqımızın mədəni gеriliyinə, dini хürаfаtа, mövhumata, cəhalətə, avamlığa, mürtəce çаrizm siyаsətinə qаrşı inаdlа mübаrizə аpаrıb, milli mədəniyyətin yüksəlməsi üçün mühüm xidmətlər göstərib. Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. 1907-ci ildə Həmidə xanım Cavanşirlə ailə həyatı qurub və oğlanları Midhət və Ənvər dünyaya gəlib. Böyük Vətən müharibəsi illərində həkim kimi ordu sıralarına çağırılan Mirzə Cəlilin oğlu Ənvər, sovet qoşunlarının tərkibində İrana gedib. Ənvər burada polyak qızı, onunla bir xəstəxanada işləyən tibb bacısı Zofya Bahrinovskaya ilə evlənib. Bu nikahdan övladları – Midhət, Nizhət, Teymur, İren Cavanşirlər dünyaya gəlib. O, heç vaxt İrandan Vətənə qayıtmayıb. Qeyd edək ki, bu il Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, görkəmli ictimai xadim, maarifçi Cəlil Məmmədquluzadənin (Mirzə Cəlil) varislərinin  axtarışına çıxıb.  Mirzə Cəlilin nəvəsi Teymur Cavanşirinin Kanadaya mühacirət edən oğlu Şahin Cavanşiri eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı ailəsi ilə bağlı bir çox önəmli məqamdan söhbət açıb,  Azərbaycan haqqında fikirlərini ifadə edib və ailə üzvlərinin fotolardan ibarət daha bir şəxsi arxivini təqdim edib. Qeyd edək ki, Mirzə Cəlilin Polşada yaşayan varisləri Martin Cavanşiri və oğlu Przemysłavı, İralandiyada mühacir həyatı yaşayan nəticəsi Ramin Cavanşirini də illər sonra Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com tapıb, ailə kökləri ilə tanış edib və eksklüziv müsahibələr götürüb.

Cəlil Məmmədquluzadənin Kanadada mühacir həyatı yaşayan nəticəsi Şahin Cavanşiri HafizTimes.com-a danışır:

-Azərbaycan xalqının ailəmə olan sevgisini çox yüksək qiymətləndirirəm. Bu sevgi heç vaxt ailəm üçün mənfəətə çevrilməyib. Hər zaman gözəl sözlər kimi yaddaşlarda qalacaq. Biz heç vaxt Azərbaycanda yaşamamışıq. Buna görə də kitablarda ailəmiz haqqında nələr yazıldığını təəssüf ki, bilmirik: Həmidə xanımın taleyi necə oldu? Biz onun haqqında heç nə bilmirik. Onların adına muzey varmı? Bakıda qohumlarımız yaşayırmı? Ailəmizlə qürur duyuruq. Amma əlaqələrimizin kəsildiyinə görə çox kədərlənirik.

-Mən İranın Tehran şəhərində sevgi dolu bir ailədə dünyaya göz açdım, böyüdüm. İranda orta məktəbdə təhsil aldım. Daha sonra Kanadaya köçdüm. 10 ilə yaxındır ki, Kanadada yaşayıram. İT sahəsində çalışıram. Hazırda 43 yaşım var. Ümid edirəm ki, ailəmizin bütün üzvlərini bir gün görəcəyəm.

Təəssüf ki, Azərbaycana gedən əmim oğlu Martin Cavanşirini, oğlunu görmək şansım olmadı. Uşaq olanda Martini görmüşdüm.

(Ailəmiz: Atam Teymur Cavanşiri, anam Nəsirin, mən və qardaşım)

Biz bilirik ki, Mirzə Cəlilin həyatı heç də rahat keçməyib. Bundan sonra oğlu Ənvər İrana köçdü. Və ailəsini qorumağa çalışdı. Mən hələ də bilmirəm ki, əmim oğlu Martin ora necə getdi? Bu bizim ailəmizin təhlükəsizliyinə təsir edə bilərdi…

Ailəmizdən təkcə bibimin yaşadığını bilirəm. Başqaları barədə məlumatlı deyiləm. Ailəmizdə heç vaxt Azərbaycan, türk dilində danışmırdılar. Buna görə də, biz Azərbaycan dilini bilmirik. O vaxtlar Azərbaycanla heç bir əlaqəmiz olmayıb. Hər yerdə Mirzə Cəlilin əleyhidarları çox olub. Buna görə də bir ailə olmağımıza baxmayaraq, bir-birimizi tanımamışıq. Diqqət çəkmək istəməmişik. Axı siz heç vaxt İranda yaşamayıbsınız…

(Atamla anamın toyu-1974. Neşat əri ilə birlikdə, İren, Zofia nənə, atam Teymur, anam Nəsrin, Elisabeth, Ənvər babam, Midhət əmi, Neşətin qızı Zərrin)

-Niyə Kanadaya köçdünüz?

-Kanadaya oxumaq, əsasən də işləmək üçün köçdüm. Qardaşım da Britaniyaya köçüb. İllərdir ki, bir-birimizdən ayrı düşmüşük…

Mirzə Cəlilin ailəsinin üzvü olduğuma görə qürur duyuram. Azərbaycandakı insanların onu sevdiyini bilirəm. Mirzə Cəlilin Azərbaycan ədəbiyyatında, mədəniyyətində mühüm rol oynadığı da bizə məlumdur. Hərdən beynimdə Mirzə Cəlillə bağlı çoxlu suallar yaranır. Əgər Mirzə Cəlili bu qədər çox sevirdinizsə niyə axı onun həyatı çox ağır keçib? Hətta İrandakı ailə üzvlərimiz Mirzə Cəlilin adını çəkməkdən belə qorxublar.

Artıq mən də uzun müddətdir ki, İrana getmirəm. Amma gələcəkdə ora yenidən baş çəkmək fikrim var. Hazırda İranda siyasi vəziyyət çox mürəkkəbdir. Bizim İranda qohumlarımız yaşayır. Yəqin ki, onları ziyarət etməyimiz də çətinləşəcək…

(Atam Teymur, mən və balaca qardaşım Barzinin əlində Mirzə Cəlilin şəkili var)

-Cəlil Məmmədquluzadə sizin üçün kimdir?

-Mirzə Cəlil xürafat-cəhalətlə mübarizə aparmaq üçün canını fəda edən cəsur bir insan idi. Mən onun kimi cəsarətli deyiləm. Siyasətlə də məşğul olmuram. Ailəmizdə Mirzə Cəlilin yolunu davam etdirən birini tanımıram.

-Babanız Ənvər Cavanşirini (Mirzə Cəlilin oğlu) heç görmüsünüz? Onu necə xatırlayırsınız? Azərbaycan, ailəsi barədə sizə nə danışırdı?

-Bəli mən onu gördüm, çox bacarıqlı və mehriban bir həkim idi. Babam İranın şimalında bir çox xəstələri pulsuz sağaldıb, onlara kömək edib. Həmin xəstələrin ödəməyə pulları da yox idi. Oradakı insanlar babama inanırdılar və onu çox sevirdilər. Babam Azərbaycandakı ailəsi haqqında bizə heç danışmadı. Atam isə bizə dedi ki, o, ailəsini qorumaq hər şeyi gizli saxlayıb…

(Atam Teymurun toyu-1974. Mirzə Cəlilin oğlu Ənvər babam, anam Nəsrin, atam Teymur, Zofia nənəm)

-Atanız Teymur Cavanşiri, ananız Nəsrin xanımla bağlı bilmək istərik.

-Atam çox illər öncə qəzada həyatını itirdi. Anam Nəsrin isə Britaniyada qardaşımla yaşayır. Bu barədə qardaşımla müsahibənizdə geniş məlumat veriləcək.

-Azərbaycan haqqında fikirlərinizi bilmək istərik. Ailənizin Azərbaycan əsilli olduğunu nə vaxt öyrəndiniz?

-Eşitmişəm ki, Azərbaycan qonaqpərvər insanların yaşadığı gözəl bir ölkədir.  Əlbəttə ki, Bakını, Azərbaycanı çox görmək istəyərəm. Ailəmizin Azərbaycan əsilli olduğunu uşaq ikən öyrənmişdim.

Mən Azərbaycan xalqını sevirəm. Onların böyük bir hissəsi İranda yaşayır. Kökümüzün Azərbaycandan olduğunu bilmək məni qürurlandırır. Belə bir qanı daşıdığıma görə, başqa ölkələrdən olan insanlarla da daha yaxşı əlaqələr  qura bilirəm.

-Siz niyə Azərbaycana dəvət edilmədiniz?

-Bu, mənim də sualımdır. Cavabını bilmirəm. İstərdim ki, siz və ya oxucularınız mənim üçün bu suala cavab verəsiniz.

Bizi illər sonra məhz siz axtarıb tapdınız. Buna görə sizə təşəkkür edirik. Sizin göndərdiyiniz ilk mesajınız bizə çox təsir etmişdi. Ailəmizin digər üzvləri ilə 30 ildən sonra yenidən əlaqə saxlamağımıza vasitəçi oldunuz. Biz bunu heç vaxt unutmarıq. (Ünvanları, telefon nömrələrini göndərdik)

(Ənvər babamın evinin önü. Onun kiçik qızı İren, Zofia nənəm, Ənvər baba, atam Teymur və Martin)

-Azərbaycana səfər etmək istərsinizmi?

-Azərbaycan mənə çox maraqlıdır. Ümid edirəm ki, nə vaxtsa bu ölkənin gözəlliklərini görmək şansına sahib olacağam.

-Mirzə Cəlilin Polşadakı varisləri Martin Cavanşiri və oğlu Przemysłav ilə EKSKLÜZİV MÜSAHİBƏ-ni BURADAN oxuya bilərsiniz.

-Mirzə Cəlilin İralandiyadakı varisi Ramin Cavanşiri ilə EKSKLÜZİV MÜSAHİBƏ-ni BURADAN oxuya bilərsiniz.

Davamı olacaq…

HafizTimes.com

Hafiz Əhmədov                                                                    

Oxuyun

Müsahibə

`Nənəmgili zirzəmidən də qovurdular`– Hacı Zeynalabidinin rus nəticəsi: “Həmin kasetdə hər şeyi danışıb” (EKSKLÜZİV+SƏNƏDLƏR)

Yayımlandı

da

Tərəfindən

Nənəmin səs yazısı olan kaseti verdiyimiz şəxs qəflətən helikopter qəzasında həlak oldu”

“Tağıyev restoran sahibinə deyib ki, bu illər ərzində hər bir azərbaycanlı orada pulsuz, onun hesabına yemək yeyə bilər. Bunu nənəm Sara xanım mənə danışıb”

Nənəm öz oğlu Oleqi Sankt-Peterburqda yaşayan qohumumuza vermişdi. Mənim atam isə internatda böyüyüb

“Nənəmə kömək etməyə yox, muzey eksponatı kimi baxmağa gəlirdilər”

Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyevin nəticələrinin bir qismi hazırda Rusiyada yaşayırlar. 

HafizTimes.com Hacı Zeynalabidin Tağıyevin qızı Sara Tağıyeva-Sarayevanın Moskvada yaşayan nəvəsi Dmitri Sarayev ilə həmsöhbət olub. Dmitri Sarayev babası Hacı Zeynalabidin Tağıyevlə bağlı illərdir ki, gizli qalmış bir çox məqamlara aydınlıq gətirib, ailəsinin fotolarını, nənəsi Sara Tağıyevanın əlyazmalarını da HafizTimes.com-a təqdim edib:

Qeyd edək ki, Hacı Zeynalabidin Tağıyevin qızı Sara xanımın hazırda Rusiyada Oleq və Lev Nikolayeviç Sarayev adlı iki oğlu yaşayır. Bizim müsahibimiz Dimitri Sarayev Lev Sarayevin oğludur. Uzun müddət Bakıda nənəsi Sara xanımın yanında yaşayıb.

(Sağdakı 2-ci xanım Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadədir)

– Azərbaycan dilində danışa bilirsinizmi?

– Bəli. Amma çox da yaxşı danışa bilmirəm. Elə sözlər var ki, başa düşmürəm.

– Tağıyevin nəvələri – Sara Tağıyevanın oğulları indi harada yaşayırlar, nə ilə məşğuldurlar?

– Nənəm Sara Xanımın bir oğlu Oleq hazırda Sankt-Peterburqda yaşayır, Elmlər Akademiyasında çalışır. Digər oğlu, yəni mənim atam Lev isə hazırda Ryazan şəhərində yaşayır. Atam indi yaşlanıb, pensiya alır. Mənim Oleq adlı qardaşım isə 5 il bundan öncə rəhmətə edib.

(Sara Tağıyeva və övladları: Oleq, Lev Sarayev)

– Onlar Azərbaycana gəlmək istəyirlərmi?

– Əmim Oleq Nikolayeviçin fikirini bilmirəm. Amma atam yaşlandığı üçün ona uzaq yol getmək çətindir. Mən özüm Bakıda anadan olmuşam. 1993-cü ildə Bakıdan çıxmışam. Həmin vaxt atam Bakıda yaşayırdı. Amma Oleq əmim hələ uşaqlıqdan Sankt-Peterburqda yaşayıb.

– Hazırda hansı işlə məşğulsunuz?

– Mən podpolkovnikəm, uzun müddət polis orqanında çalışmışam, indi isə pensiyaya çıxmışam.

– Nənəniz Sara xanım necə bir həyat yaşayırdı?

– Biz nənəmin evinin qonşuluğundakı binada qalırdıq. Nənəm həmişə tək qalmaq istəyirdi. Həmişə yanına gəlirdim, soruşurdum ki, ay nənə, nə lazımdır? Nənəm həmin vaxt zəif eşidirdi, görə bilmirdi. Deyirdi ki, “Dima, bir bax gör, evin polunu necə yumuşam? Gör, hər yer təmizdirmi?” Deyirdi ki, “Dima, sən heç nə etmə, qonaq gəlmisən, heç nəyə əl vurma, özüm hər şeyi edəcəyəm”.

Nənəm öz atasını çox sevirdi. Bütün həyatını atasına həsr etmişdi. Həmişə bizə atasından danışırdı. Deyirdi ki, atası öz millətini həddindən artıq çox sevirdi. Dostumun bir maqnitofonu vardı. Nənəmin yanına gələndə ona çoxlu suallar verib, səsini kasetə yazırdım. Amma o kaset indi itib. Atam o vaxt həmin kaseti Vəli Məmmədova verib. Nənəm hər şeyi danışmışdı. Daha sonra Vəli Məmmədovun helikopter qəzasında faciəvi şəkildə həlak olduğunu eşitdik. Təəssüf ki, bu gün həmin kaset yoxa çıxıb.  Qeyd edim ki, Vəli Məmmədov atamla tez-tez gürüşərdi. O, nənəmə də hər zaman kömək edərdi.

Məndə indi də nənəmin babama yazdığı məktubları qalıb. Fikrim vardı ki, həmin məktubları kompüterdə çapdan çıxarım. Çünki, nənəmin yazdığı sözlərin çoxunu başa düşmürəm.

Məndən öncə qardaşım nənəmlə birlikdə qalırdı. Mən isə həmin vaxt ata-anamla birlikdə Culfada yaşayırdıq. Qardaşım birinci sinifdə oxuyanda mən də Bakıda Yasamal rayonunda nənəmin yanında qalmağa başladım.

– Siz azərbaycanlısınızmı?

– Xeyr. Mən rusam. Mənim nənəmin ikinci həyat yoldaşı Nikolay Sarayev rus olub. Ona görə bizim milliyətimiz rusdur.

– Hacı Zeynalabidin Tağıyev haqqında nələr bilirsiniz?

– Yəqin, Hacı Zeynalabidin Tağıyevin Almaniyada restorana getməsi məsələsindən xəbərdarsınız. Bu, tamamilə doğrudur. Nənəm mənə danışırdı ki, Tağıyev Birinci Dünya Müharibəsi vaxtı Almaniyada olub. O vaxt Kayzer belə bir əmir vermişdi ki, rus təbəələrinin banklarda olan hesabları bağlansın. Amma Tağıyevin bankdakı hesabını açmışdılar ki, o, Almaniyadan çıxa bilsin.

Tağıyev Almaniyada olanda restorana gedib. Xidmətçi ona yemək verməyib. Amma axşam restoranın sahibinə məlum olur ki, ora kim gəlibmiş. Onu yenidən restorana dəvət edib, böyük bir süfrə açıb. Axşam yeməyi zamanı Tağıyev soruşub ki, bir günlük bu stolun qiyməti nə qədərdir? Bir həftəlik, bir aylıq və bir illik nə qədərdir? On illik qiyməti nə qədərdir? Qiyməti biləndən sonra Tağıyev restoran sahibinə deyib ki, bu illər ərzində hər bir azərbaycanlı orada pulsuz, onun hesabına yemək yeyə bilər.

Nənəm danışırdı ki, bir aralar bazarda balıq olmayıb. Hamı Tağıyevin yanına gəlib ki, balıq yoxdur. Tağıyev dənizin kənarına gedərək, deyib ki, mənə bir balıq tutun. Barmağındakı üzüyü çıxarı, balığın quyruğuna bağlayıb və dənizə buraxıb. Deyib ki, kim bu balığı tutsa, üzük də onun olacaq.

Nənəm hətta danışırdı ki, Tağıyev ilk dəfə olaraq Bakıya pomidor gətirdib və dadına baxıb. İndi Şollar suyunu Bakıda camaata butulkalarda satırlar. Amma Tağıyev Şollar suyunu o vaxt Bakıya çəkmişdi ki, camaat o suyu pulsuz içsin.

Nənəm deyirdi ki, o vaxt çar Aleksandr Bakıda vağzalda Tağıyevlə görüşərkən Hacı papağını çıxarmayıb…

– Sara xanımın həyat yoldaşı ilə bağlı danışaq…

– Babamız Nikolay o vaxt Leninqradda zavodda mühasib işləyirmiş. Nənəmlə orada tanış olublar. Babam müharibədə həlak olub.

– Nənəniz Sara xanımın övladlarını atıb, Bakıya gəldiyini deyirlər. Bu, nə dərəcədə doğrudur?

– Nənəm öz oğlu Oleqi Sankt-Peterburqda yaşayan qohumumuza vermişdi. Mənim atam isə internatda böyüyüb. O vaxtlar çox çətin idi. Nənəm işləmək istəyirdi. Amma onu Bakıda hər yerdən qovurdular. Atam həmişə bizə danışırdı ki, bir müddət Bakıda zirzəmidə yaşayıb. Nənəmgili hətta zirzəmidən də qovurmuşlar. Buna görə nənəm elə bir addım atmışdı. Nənəmə ömrünün sonlarına yaxın Nərimanov prospektində ev vermişdilər. O, elə həmin evdə də yaşayırdı..

– Bəs atanız, əminiz öz anaları Sara xanımdan inciməmişdilər?

– Nənəm həmişə uşaqlarına məktublar yazırdı. Həmin məktubları oxuyanda nənəmin öz övladlarına nə dərəcədə bağlı olduğunu görmək olur. Hətta nənəm ömrünün son günlərində Respublika Xəstəxanasının reanimasiya şöbəsində yatırdı. Onun otağında qalmaq üçün mənə və atama icazə vermişdilər, növbə ilə orada qalırdıq. Nənəm orada da dünyasını dəyişdi. Həmin gecə atam onun yanında qalmışdı. Nənəm dünyasın dəyişən vaxt heç nə deməyib.

– Bəs siz niyə Azərbaycanı tərk etdiniz?

– Həmin vaxt qardaşım Arxangelskdə işləyirdi. Mən isə Neft Daşlarında çalışırdım. Qardaşım onunla getməyi təklif elədi, mən də fikirləşmədən ona qoşuldum.

– Bəs atanız, əminiz nəyə görə getdilər?

– Bu, çox çətin sualdır. Evimiz də var idi. Ayaz Mütəllibovun vaxtında bizə Mərdəkanda bağ da vermişdilər. Elçibəy hakimiyyətə gələndə siyasət bir az başqa cür oldu.

– Elçibəyə görə Azərbaycandan getdilər?

– Çox çətin sualdır. Cavab verə bilmirəm.

– Siyasəti bəyənmədiniz?

– Bəli. Deyək ki, səbəb budur. Məndə bu sualın cavabı var. Amma demirəm.

– Bəlkə sizi incidirdilər?

– Mən Bakıda anadan olmuşam. Bizi kimsə incitməyib.

– Deyirlər ki, o vaxt nənəniz dilənçilik edirdi, çörək pulu yox idi… Doğrudurmu?

– Mən o vaxtlar Neft Daşlarında işləyirdim, yaxşı pul qazanırdım. Nənəmin yanına gəlirdim. Həmişə mənə deyirdi ki, “Dima bir, yoxsa iki manat pul verim?” Deyirdim ki, “Nənə, mənə pul lazım deyil. Əsas sənə pul lazımdırsa, de, istədiyin qədər verim…” Nənəm belə bir insan idi.

– Nə yaxşı, Azərbaycan dilini unutmamısınız?

– Mən Moksavada yaşayıram. Burada isə xeyli azərbaycanlı var. Axı mən Azərbaycan dilini necə unuda bilərəm? Həmişə azərbaycanlılarla söhbət edirəm. Biz Azərbaycan Tarix Muzeyinin 90 illiyində Bakıya gəlmişdik. Babamın bütün qohumlarını ilə görüşdük. Amma indi elə də yaxın əlaqələrimiz yoxdur.

– Bakı üçün darıxırsınız?

– Əlbəttə. Mən Bakıda anadan olmuşam, böyümüşəm, əsgərliyə getmişəm… İndi isə 53 yaşım var.

– Bakıdan getdiyinizə görə peşmansınızmı?

– Əlbəttə, peşman oluram. Belə gətirdi ki, çıxıb getdik. Amma ora qayıtmaq istəyirəm.

(Lev Sarayevin oğlanları: Dmitriy və Oleq)

– Nənəniz Sara xanımın acınacaqlı vəziyyətdə ömür sürməsi ilə bağlı mətbuatda qeyd olunan iddialara münasibətiniz necədir?

-80-ci illərin sonu 90-cı illərin əvvəlində nənəmin yanına çox adam gəlirdi. Lakin onların əksəriyyəti nənəmə muzey eksponatı kimi baxmağa gəlirdilər. Əslində isə kömək edənlər çox az idi. Yaxşı xatırlayıram ki, Vəli Məmmədov ona həmişə kömək edirdi. İndi isə əlbəttə bəziləri çox söz danışa bilərlər… Nənəmin xasiyyətinə bələd olduğum üçün deyə bilərəm ki, tələbələrin gəlib onu çimdirmələri ilə bağlı mətbuatda yazılanlar sadəcə olaraq cəfəngiyyatdır.

Bəli, xatırlayıram ki, texniki bir məktəbdən ona yemək gətirdilər. Amma 6 il boyu belə davam etmədi. Onun həqiqətən də buna ehtiyacı yox idi. Sadəcə olaraq atasının xidmətlərinə görə ona qayğı göstərilməsini xoş qarşılayırdı. Həyatının son günlərində Respublika xəstəxanasında reanimasiya şöbəsində yatarkən də atam daim onun yanında olub. Mən atamla birlikdə növbə ilə onun yanında qalırdıq. Bir dəfə o qolundakı iynəni çıxarıb atdı və heç kimə icazə vermədi. Yalnız biz onun əlini tutanda sakitləşdi…

Hafiz Əhmədov

HafizTimes.com

Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadənin Sara Tağıyeva ilə bağlı HafizTimes.com-a açıqlamasını BURADAN oxuya bilərsiniz: Qarakənd faciəsi noyabr ayının 20-də olmuşdu. Ayın 23-cü biz eşitdik ki, Vəli də vertolyotda olub və həlak olub. Bir həftə sonra Sara Tağıyeva mənə zəng edib dedi ki, Xalidə, mən ikinci atamı da itirdim, bundan sonra çətin ki, yaşayım. Vəlidən bir həfətə sonra Sara Tağıyeva da dünyasını dəyişdi…”.

Oxuyun

Trend yazılar