Bizimlə əlaqə

Video-foto

Azərbaycanın ən yaşlı sakini – Alman qızın sevgi hekayəsi (FOTOLAR)

Yayımlandı

da

“Mən sevdiyim insan üçün Azərbaycana gəlmişəm”

Hazırda Azərbaycanın ən yaşlı vətəndaşı Lena Abbasovadır. 1890-cı ildə anadan olan Lena Abbasova hazırda Yevlax rayonun Nərmanabad kəndində yaşayır. O, həm də ölkənin ən yaşlı seçicisidir.

Hafiztimes.com məlumatına görə, üç əsrin canlı şahidi olan Lena Abbasovanın anası alman, atası isə rus əsilli olub. 126 yaşlı sakinin hazırda səhhətində müəyyən problemlər var.

O, gəzməkdə və danışmaqda çətinlik çətir. Qəhrəman ananın nə az, nə çox 113 nəvə-nəticəsi var.

Bu barədə saytımıza Lena Abbasovanın nəvəsi Bəylər Abbasov bildirib: “Nənəm bizimlə yaşayır. Onun 3 övladı var. İki oğul, bir qız. Oğlunun biri rəhmətə gedib. Nənəmin indi vəziyyəti yaxşı deyil. Səhhətində müəyyən problemlər var.

O, Lenin dövrünü görüb. Nənəmin anası alman qızı olub, atası isə rus. Onlar Rusiyanın Krasnodar şəhərində yaşayıblar. Daha sonra Gürcüstanın Kaxetiya şəhərinə köçüblər. Babamla orada tanış olub və ailə həyatı qurublar. 1947-ci ildə isə Yevlaxa köçüblər.

Həmin vaxt nənəm Azərbaycan dilini bilmirmiş. Çətinliklə bizim dilini öyrənib. Çox əziyyətlər çəkib. Uşaqlara baxmaq üçün kənddə kolxoz-sovxozda işləyib. Biz məktəbdə oxuyan zaman nənəm xadimə işləyirdi. Zəhmətkeş insandır”.

Ailə üzvlərinin bildirdiyinə görə, Lena Abbasovanın Rusiyadan köçküyü üçün qohumları ilə münasibətləri pozulub.

“Babamla ailə həyatı qurmamışdan öncə nənəmin dayıları ilə münasibəti yaxşı olub. Gürcüstana köçmək istəyəndə dayıları ona icazə verməyiblər. Amma nənəm dayılarından gizli avtobusa minərək Gürcüstana gəlib, orada babamla ailə həyatı qurub. Bundan sonra qohumları ilə əlaqələri pozulub.

Nənəm babamı sevdiyi üçün Azərbaycana köçdüyünü deyir. O, bildirirdi ki, əgər sevirsənsə, harada yaşamağından aslı olmayaraq, orada xoşbəxtsən. Nənəmlə babam bir-birilərini seviblər. Onların sevgisi bu gün gənclər üçün örnəkdir. Nənəm babamı sevməsəydi, ailəsindən, vətənindna imtin edib, tanımadığı ölkəyə gəlməzdi”.

Hafiz Əhmədov

Reklam
Şərh yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müsahibə

“Azərbaycana öz sevgilərimi göndərirəm”– Braziliyalı əfsanəvi aktyor “Petruço” (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Tikan və qızılgül” teleserialı bütün karyeramda önəmli yer tutur. “Petruço” obrazı ilə çıxış etdiyim üçün qürur duyuram”.

“Təəssüf ki, indiyə qədər Azərbaycan barədə çox məlumatlı deyildim”.

İllər öncə  internet, sosial medianın həyatımıza qədəm qoymadığı bir vaxtda Azərbaycan televiziya  tamaşaçıları “Petruço” adlı bir kəndli-fermerlə tanış oldu. Televiziyadan evimizə qonaq gələn bu obraz  tez bir zamanda hər kəsin sevgisini, rəğbətini qazandı. Özü bir qədər qaba, kobud və eyni zamanda komik olsa da, bu “fermer” gənc sevginin insanı necə dəyişdirəcəyini hər kəsə nümayiş etdirdi, zəhmətin, əməyin dəyərini aşılamağa çalışdı. “Tikan və qızılgül” adlanan bu  Braziliya telenovellası illər ötməsinə baxmayaraq hələ də, Azərbaycan tamaşaçısının yaddaşından silinməyib. Teleserialın əsas qəhrəmanları “Katalina və Petruçi” cütlüyü olub. İnadçıl bir fermer gənclə, “şəhərli” dəlisov Katarinanın komediya, sevgi və dram dolu  telenovellası “Tikan və qızılgül” həftə içi hər gün, 45 dəqiqə olmaqla Azərbaycan televiziya tamaşaçısının görüşünə gəlib.

HafizTimes.com çox çətinliklə də olsa, “Tikan və qızılgül” teleserialında əfsanəvi “Petruçi” obrazına həyat verən, brazilyalı məşhur aktyor Eduardo Moskovisi tapıb, həmsöhbət olmağa çalışıb. Dünya şöhrətli aktyor HafizTimes.com -a eksklüziv açıqlamasında Azərbaycana olan sevgisini ifadə edib, “Petruçi” obrazından da söhbət açıb.

Eduardo Moskovis – Brazilyalı məşhur kino, teleserial aktyoru. 1968-ci ilin 8 iyun tarixində Braziliyanın Rio de Janeyro şəhərində dünyaya gəlib. Heç vaxt aktyor olmağı arzulamayıb. Hətta Rio-da ən məşhur teatr məktəblərindən biri olan Tabladuda təhsil almağa başlayanda da aktyor olacağına inanmayıb. Atası Vernora di Andradi alman mənşəli, anası Sevasti isə yunan əsillidir.  Eduardo Moskovisin teatra təsadüfən yolu düşüb. O, əvvəllər  idarə etmə ilə bağlı təhsil almağa başlayıb. 3-cü kursda ixtisasını dəyişməklə bağlı qərar verib. Və təhsilini yarımçıq qoyaraq fakültədən uzaqlaşıb.

Bir müddət  atası ilə birlikdə tikinti materiallarının şatışı ilə məşğul olan firmada çalışıb. Həmin vaxt onun xanım dostlarından biri aktyorluq təhsili alıb. Eduardo da günlərin birində həmin dostunu müşayət etməyə başlayıb. Nəhayət aktyorluq sahəsində də özünü sınamaq barədə qərar verib. Əvvəllər aktyorluğa əyləncə kimi baxıb. Daha sonra isə aktyorluq Eduardonun həyatının ən mühüm hissələrindən birinə çevrilib.

Aktyor tezliklə ölkənin ən reytinqli televiziya seriallarına dəvət olunur. Şöhrəti bütün dünyaya yayılır.  “Cravo e a Rosa” (2000), “Pecado Capita”l (1998) və “Louco por Elas” (2012) kimi məşhur televiziya seriallarında baş qəhrəman obrazında  çıxış edir.

Nəhayət məşhur aktyor 1995-ci ildə Roberta Richard adlı xanımla ailə həyatı qurub.  Cütlüyün bu nigahdan Qabriyela və Sofiya adlı iki qız övladları dünyaya gəlib. Aktyorun bu nigahı  uzun sürməyib. Belə ki, 2002-ci ildə cütlük boşanma ilə bağlı məhkəməyə müraciət edib.

Aktyor 2007-ci ilin  martın  10-da məşhur televiziya aparıcısı  Cynthia Haulett adlı xanımla  ikinci dəfə ailə həyatı qurur. Bu nigahdan da cütlüyün  iki övladı -Manuela və yeganə oğlu Antonio dünyaya gəlir.

Azərbaycan tamaşaçısı bu məşhur aktyoru ilk dəfə 2003-cü ildə ölkə telekanallarının birində yayımlanan “Tikan və qızılgül” adlı məşhur telenovellada həyat verdiyi “Juilian Petrupçi” obrazı ilə tanıyıb, sevib.

“Tikan və qızıl gül”  (“O cravo e a rosa”, 2000) teleserialı aktyorun kariyerasında mühüm yer tutur. Serialın rejissoru Denis Carvalho aktyora bu rolu təklif edən zaman əvvəlcə o, qəbul etməyib. Hətta aktyor bu serialda çıxış etməkdən imtina edib. O, bildirib ki, yenidən “qəddar” bir obrazda izləyicilərinin önünə çıxmaq istəmir.  Çünki, aktyorun bundan öncə canlandırdığı  “Karlos” obrazı öz qəddarlığı ilə hər kəsin nifrətini qazanmışdı.

Bütün tərəddüdlərinə  baxmayaraq, aktyor bir müddət sonra televiziyada  komediya serialında çıxış etməyi kariyerasında bir şans kimi dəyərləndirir. Beləliklə aktyor ilk dəfə “Tikan və qızılgül”  adlı televiziya serialında komik obrazda heyranlarının qarşısına çıxıb:

“Rejissor həmin serialda mənə tam azadlıq vermişdi. Bütün hərəkət və ifadələrimi ürəkdən etmişəm. İnanıram ki, Petruçonun zarafatları bütün izləyiciləri şad edib, əyləndirib. Həmin obraz mənim serial-kino kariyeramda çox ön pillədə dayanır”.

Eduardo Moskovis məşhur telenovellada inadçıl fermer – “Peturuçi” obrazını calandırıb. Aktyorun qadın tərəfdaşı isə  məşhur aktrisa Adriana Estevez olub. Xanım aktrisa telenovellada  “şəhərli, zəngin Katalina” obrazına həyat verib.

“Katarina” və “Petruço” obrazları serial boyunca bir-birinə zidd fikir və mədəniyyətləri təmsil ediblər.  Komediya, sevgi və dramın ağırlıq təşkil etdiyi serial başladığı ilk gündən reytinqlərdə birinci yerin sahibi olub. Nəticədə dünyanın ən məşhur telekanalları tərəfindən satın alınan telenovella yayımlandığı bütün ölkələrdə izləyicilərin rəğbəti ilə qarşılanıb.

Rusiya telekanalında öz tamaşaçısı ilə qovuşan “Tikan və qızılgül” serialı bir müddət sonra Azərbaycan tamaşaçısının evinin qonağı olub. İllər ötməsinə baxmayaraq hələ də Azərbaycan tamaşaçısı “Petruço və Katarina” obrazılarını unutmayıb. Hətta serialdakı məşhur ifadə və hərəkətlər izləyicilər tərəfində real həyatda da təkrarlanmağa başlayıb. Katarina və Petruçonun fermada pendir düzəltməklə keçirdiyi tragikomik hadisələrdən bəhs edən serial Azərbaycan tamaşaçısının yaddaşına həkk olub:

“Mən xoşbəxt aktyoram ki, dünyanın hər yerində insanların sevgisini qazanmışam. Bilmirdim ki, Azərbaycanda da mənim çəkildiyim teleserial nümayiş olunub. Bunu ilk dəfə sizdən eşitdim. Çox xoşbəxt oldum. Dünyanın uzaq bir ölkəsində insanların sevgisini qazanmaq, onların yaddaşında yaşamaq hissi məni qürurlandırır. “Tikan və qızılgül” teleserialı bütün kariyeramda önəmli yer tutur. Artıq illər ötüb. Amma “Petruço” obrazında çıxış etdiyim üçün qürur duyuram. “Petruço” məni də xoşbəxt etdi. Onun sayəsində bu gün dünyanın hər yerindən sevgi dolu mesajlar alıram.

-Təəssüf ki, indiyə qədər Azərbaycan barədə çox məlumatlı deyildim. Sizin mənə yazmağınıza çox sevindim.  İndi Azərbaycan barədə xeyli məlumat topladım. Gözəl bir ölkəniz, müasir paytaxtınız var. İnsanlarınızın da ürəyi sevgi doludur. “Petruço”nun simasında məni sevənlərə, bütün Xalqınıza sevgilərimi göndərirəm.

-Hazırda işlərim çoxdur. Qalan vaxtımı ailəm, övladlarımla keçirirəm.  Amma bir gün mütləq Azərbaycana səfər etmək istəyirəm. Hər birinizə  təşəkkkür edirəm”.

Hafiz Əhmədov

                  Adriana Esteves (Katalina)

Adriana Esteves (Katalina) həyat yoldaşı və oğlu ilə birlikdə 

Oxuyun

Müsahibə

Əfsanəvi Vaqif Mustafazadənin ailə gizlinləri: Onun qızları Azərbaycanı niyə sevmirlər? – EKSKLÜZİV (FOTO-VİDEO)

Yayımlandı

da

Tərəfindən

Hafiztimes.com-a müsahibəsində Vaqif Mustafazadənin dayısı qızı Afaq xanım nəhəng musiqiçinin həyatı ilə bağlı olduqca maraqlı məqamlara toxunub. Bu faktların əksəriyyəti indiyə qədər heç bir kütləvi informasya vasitəsində yer almayıb…

– 1997-ci ildə Moskvadan Bakıya qayıtdım. Çünki Vaqifin anası Zivər xanım artıq qocalmış və xəstələnmişdi. Tək qalmışdı, baxanı yox idi. Bibimlə mən həmişə bir-birimizi çox istəmişik. Mənim uşaqlığım Vaqiflə bir yerdə keçib. Həmin vaxt Zivər xanımın evi İçərişəhərdə idi, Qoşa Qala Qapısı ilə üzbəüz evdə yaşayırdılar. Bu gün isə Vaqifin və anası Zivər xanımın qəbri üstünə gedib ziyarət edən yeganə adam mənəm.

– Vaqif Mustafazadənin hamıdan gizlətdiyi birinci evliliyi və yoxa çıxan övladı Lalə Mustafazadə barəsində nə bilirsiniz?

– Vaqif gənc olanda tez-tez Azərbaycan Dövlət Neft Akademiyasına gedər və gecələr orada təşkil edilən konsertlərdə musiqilər ifa edərdi. Oranın bütün tələbələri Vaqifi çox sevirdi. Vaqifin birinci həyat yoldaşı olan Nərminə xanım da ADNA-da təhsil alırdı. Onları rejissor Rüstəm İbrahimbəyov tanış etmişdi. Nərminə ləzgi qızı idi.

Vaqiflə Nərminənin Səadət Sarayında rəsmi nikahları oldu. Həmin nikahdan Lalə Mustafazadə dünyaya gəldi. Amma Vaqiflə Nərminənin evliliyi uzun sürmədi. Çünki Nərminə mühəndis, Vaqif isə musiqiçi idi. Bəlkə də Nərminə xanım anlamırdı ki, necə bir insanla ailə həyatı qurub, Vaqif necə bir musiqiçidir və onunla hansı tərzdə rəftar etməlidir. Nəticədə onların münasibəti pozuldu. Nərminə xanım Laləni də götürüb, getdi.

Zivər xanım həmişə danışardı ki, Nərminə heç vaxt özünü yaxşı aparmırdı. Boş yerə qışqırarmış, çıxıb gedərmiş. Vaqif heç vaxt onun arxasınca getmirmiş. Boşandıqdan sonra Nərminə Laləni nə atası Vaqifə, nə də nənəsi Zivər xanıma göstərirdi.

– Bəs Vaqif Mustafazadə ikinci həyat yoldaşı – Əzizənin anası Elza xanımla necə ailə qurdu?..

– Vaqif Mustafazadə boşandığı dövrdə Konservatoriyada oxuyurdu. Birinci kursda oradan çıxıb, Tiflisə getmişdi. Çünki gürcülər onu “Orero” ansamblının rəhbəri vəzifəsinə dəvət etmişdilər. Vaxtanq Kikabidze, Nani Prikivadze Vaqifin ifasını çox bəyənmişdilər. Bakıda isə həmin vaxtlar caza maraq çox deyildi.

Vaqif Tiflisə köçəndə orada Elza ilə tanış olub. Elza gürcü qızıdır. Görürdü ki, Vaqif çox istedadlı bir pianoçudur. Gürcülər öz işlərini çox yaxşı bilirlər. Elza pərvanə kimi Vaqifin başına dolanmağa başladı. Şənbə və bazar günləri Zivər xanım oğlunu görmək üçün Tiflisə gedirdi. Elza Zivər xanımın da başına dolanırdı. Ona görə də, Zivər xanımın Elzadan xoşu gəlirdi.

1966-1967-ci illərdə Tallində keçirilən festivalda Vaqif Mustafazadə Gürcüstanı təmsil etdi. O festivaldan sonra Vaqifi bütün dünyada tanıdılar. Azərbaycanın o vaxtkı mədəniyyət naziri Rauf Hacıyev bundan sonra dedi ki, Vaqif ölkəsinə qayıdıb, Azərbaycanı təmsil etsin. Vaqif də Elza ilə birlikdə Azərbaycan qayıdır. Həmin vaxt Elza Əzizəyə hamilə idi. Amma Vaqiflə evli deyildilər. Zivər xanım Vaqifə dedi ki, bala, ayıbdır, Elza uşağı dünyaya gətirməmiş gərək sən onunla nikaha girəsən. Mən bütün bunları öz gözlərimə görürdüm.

Elza çox artistlik edirdi. Biz onun bu əməllərini sonradan başa düşdük. Elza Zivər xanıma “mamoçka, mamçka” deyə-deyə rəsmi nikaha düşdükdən sonra qayınanasına münasibəti dəyişdi. Ev aldıqdan sonra daha Zivər xanımı tanımadı.

Vaqifin ölümündən 3 il qabaq Milli Liderimiz Heydər Əliyev ona “Tarqovı”da ev vermişdi. Vaqif də bütün əşyalarını, yeni aldığı royalı həmin evə aparmışdı. Elza qızı Əzizə ilə birlikdə o evdə yaşayırdılar. Vaqif öldükdən sonra Elza xanım yeni evdə qaldı.

Zivər xanım Vaqif öləndən sonra bütün həyatını göz önünə alıb, bu muzeyi yaratdı. Vaqifin bütün sənədlərini, şəkillərini bir yerə topladı. Bu işdə Elza qayınanasına heç bir yardım etmirdi.

– Əzizə niyə Azərbaycana gəlmir?

– Əzizə elə qız deyil. Bunların hamsını Elza edir. Qızı Əzizəyə öyrədib ki, onu Azərbaycana dəvət etsələr, əvvəlcədən pul tələb etsin. Ancaq böyük məbləğdə pul alandan sonra gəlib Azərbaycanda musiqi ifa edə bilər.

`Elza, axı bura Əzizənin atasının Vətənidir! Sizə ayıb deyilmi?`

-Elza heç vaxt Azərbaycanı sevməyib. Hətta əvvəllər qəzetlərə verdiyi müsahibələrində deyirdi ki, Vaqif Mustafazadə gürcüdür, Gürcüstanda anadan olub.

Elza paxıl insan idi. Lalənin uğurlarını görəndə pis olurdu. Uşaq vaxtı Lalə ilə Əzizə Bülbül adına musiqi məktəbində oxuyurdular. Elza qızı Əzizəni Lalənin yanına aparıb. Lalə isə nə Elzanı, nə də Əzizəni tanıyırdı. Elza soruşub ki, Lalə, bu qızı tanıyırsan? Lalə də deyib ki, xeyr. Elza “Tanımırsan, tanıma”,- deyərək, Əzizəni götürüb özü ilə aparıb. Lalə həmin vaxt uşaq idi, cəmi 11 yaşı vardı. Əzizəni necə tanıya bilərdi axı? Onlar heç vaxt bir-birini görməmişdilər.

Lalə 1992-ci ildə Fransada çox nüfuzlu musiqi yarışmasında birinci yerin sahibi oldu. Laləni Fransada musiqi yarışmasına göndərdiyim üçün Elza mənimlə olan bütün münasibətini kəsdi.

Əzizəgil isə 1993-cü ildə Almaniyada “Sony” şirkəti ilə müqavilə bağladılar. Bundan sonra Elza qızı ilə Almaniyaya köçdü.

– Vaqif Mustafazadənin birinci qızı Lalə Mustafazadə indi haradadır?

– Vaqifdən boşanmış Nərminə başqa bir kişiyə ərə getmişdi. Lalənin atalığı Aşurbəyov yaxşı insan idi.

Lalə Konservatoriyada təhsil alırdı. Həmin vaxt da mən Moskavda yaşayırdım. Bir gün Bakıya qayıdanda hava limanında Nərminə və Lalə ilə qarşılaşdım. Görüşüb, qucaqlaşdıq. Nərminə mənə dedi ki, “Bilirsənmi, Lalə necə istedadlı qızdır. Rauf Atakişiyevin sinifində təhsil alıb. Biz istəyirik ki, hər kəs Vaqifin qızının necə istedada sahib olduğunu görsün”.

Hələ o vaxtlar mənim İsveçrədə yaxşı musiqiçi dostlarım vardı. Tez-tez ora gedirdim. Nərminəyə dedim ki, gərək biz Laləni müsabiqəyə yola salaq, bundan sonra məşhurlaşar. Hər kəs də bilər ki, Lalə Vaqifin qızıdır. Bütün ölkələrdəki musiqi yarışmalarına məktublar göndərirdim. Qeyd edirdim ki, Lalə Mustafazadə Vaqif Mustafazadənin qızıdır, onun atası dünyada caz-muğamının banisidir. Bir də gördüm ki, dünyanın hər yerindən mənə məktublar gəlib. Bütün ölkələrdəki musiqi yarışmalarından Lalənin iştirakı ilə bağlı dəvətnamlər göndərmişdilər. Biz Fransadakı “Epinal” musiqi müsabiqəsini seçdik.

Çətinliklə də olsa, viza aldıq. Mənim Fransada çox yaxşı bir rəfiqəm yaşayır – Nigar Abutalıbova, hörmətli Ramiz Abutalıbovun qızıdır. Onların da köməyilə Laləni müsabiqəyə yola saldıq. 10 gün sonra zəng vurub, dedi ki, “Afaq, məni təbrik elə. Qran-Prini, birinic yeri qazandım”. İkimiz də telefonda ağlamağa başladıq.

– Bəs münasibətiniz niyə pozuldu?

– Mən onun üçün hər şey etmişdim. Amma o, verdiyi müsahibələrdə bircə dəfə də olsun, demədi ki, Vaqifin dayısı qızı Afaq xanım da bizə çox böyük dəstək oldu. Sadəcə deyirdilər ki, “Biz özümüz Fransaya gedib birinci yerə layiq görüldük”. Hətta Vaqifin anası Zivər xanım mənə zəng edib dedi ki, “Afaq, bunlar niyə sənin adını çəkmirlər? Axı onlara bütün dəstəyi sən göstərmisən”. Dedim ki, Zivər xanım, mən də gəlib bunun səbəbini soruşacağam”. Soruşanda isə Nərminə belə cavab verdi ki, “Mən səni qoruyuram”. Dedim, axı kimdən?!

Həmin vaxt onlara qarşı bir az ürəyim sındı. Fikirləşdim ki, bu da etdiyim yaxşılığın nəticəsi! Əzizənin anası Elza biləndə ki, Laləni Fransaya mən göndərmişəm, mənimlə düşmən oldu.

1996-cı ildə Əzizə birinci dəfə Azərbaycana gəldi. Həmin vaxt mən Moskvada idim. Zivər xanım da konsertə gedib. Konsertin sonunda Elza səhnəyə çıxıb, deyib ki, “Burada Vaqifin anası Zivər xanım da əyləşib. Əzizə ilə birlikdə biz ona salam göndəririk”. Və əlində olan gül buketini zala atıb. Zivər xanım çox pərt olub. Heç belə də hərəkət edərlər? Bundan sonra mən onlara necə yaxşı münasibət göstərə bilərəm? Yeri gələndə onlara hətta nifrət edirəm…

1999-cü ildə biz “Rast” kompaniyası ilə birlikdə ilk dəfə Vaqif Mustafazadənin diskini buraxdıq. Həmin vaxt Lalənin anasına zəng vurdum. Nərminə Bakıda idi, Lalə isə xaricdə. Dedim ki, Nərminə, Lalə Bakıya gəlsin, hamı da görsün ki, Vaqif Mustafazadənin qızı atasının diskinin təqdimatında iştirak etdi. Mən onun bilet pulunu ödəyəcəyəm. Həmin vaxt Paris-Bakı reysinin qiyməti 700 dolar idi. Amma Lalənin Bakıya gəlib, atasının ilk disk təqdimatında iştirak etməsi üçün məndən 5 min dollar pul istədilər!

Çox hirsləndim. Çox pis oldum. Çünki bu, Lalənin atasının tədbiri idi. Mənə elə gəlir ki, bunu Lalə yox, elə Nərminənin özü deyib. O vaxtdan əlaqəmiz kəsildi.

Daha bir pis məqamı da qeyd edim. 1997-ci ilin yanvar ayının 25-də Zivər xanım vəfat etdi. Nə Lalə, nə də Əzizə nənələrinin yas mərasiminə gəlmədilər. Heç zəng edib başsağlığı da vermədilər.

Biz Zivər xanımı son mənzilə yola salanda Vaqifin birinci həyat yoldaşı Nərminə də yasa gəldi. Məndən soruşdu ki, “Eşitmişəm, Zivər xanım evi sənə verib?” Dedim ki, evi yox, amma bu otağı mənim adıma keçirib. Mən özüm demişdim, “Zivər xanım, bəs Lalə və Əzizə narazı olmazlarmı?” O da cavab verdi ki, Lalə ilə Əzizə bu günə qədər haradadırlar? Neçə illərdir ki, yanıma gəlməyiblər. 6-7 ildir heç nənələrinə zəng də etməyiblər”. Nərminə isə mənə dedi ki, “Bilsəydim, Zivər bu evi kiməsə vəsiyyət edəcək, özüm ona baxardım”. Mat qaldım. Dedim ki, “Nərminə, mən Zivər xanıma evə görə baxmamışam. Mənim həmin vaxt biri Moskvada olmaqla 3 evim vardı. Zivər xanım mənim əziz bibimdir. Tək qalmışdı deyə, qardaşımla mən ona baxırdıq.

Sonralar Nərminənin ikinci ərindən bir qızı da oldu. İkinci qızı Fəridə də Lalənin yanına, Fransaya getdi. 

Vaqifin nə Elza, nə də Nərminə sarıdan bəxti gətirdi. Çünki heç biri azərbaycanlı deyildi. Nərminə ləzgidir, Elza isə gürcü. Onun bir azərbaycanlı xanımı olsaydı, bəlkə də, belə olmazdı…

Lalə Fransada çox əsilli-nəcabətli, imkanlı bir fransız ailəsinə ərə gedib. Bir dəfə Nərminənin ikinci həyat yoldaşı Azərbaycana gəlmişdi. Mənə dedi ki, Lalənin fransız ərindən bir oğlu var. Adı Mikayıldır. Amma Lalə Bakıya gəlmir, uşağını da gətirmir. Biz bilmirik ki, ona nə olub. Haqqında heç bir məlumatımız yoxdur. Nərminə xanım isə bir dəfə Bakıya gəlib, buradakı evlərini satıb. Bizim bir qohum ondan Laləni soruşub. O, söhbəti başqa məcraya çevirib, Lalə haqqında danışmayıb, o biri qızı Fəridədən söz salıb.

– Bəs Əzizə niyə Azərbaycana gəlmir?

– 1996-ci ildə gəlmişdi. Daha sonra 2007-ci ildə Caz festivalında iştirak etmək üçün gəldi. Deyəsən, buna görə 70 min avro almışdı. Həmin vaxt prezidentimiz İlham Əliyev şəxsən Əzizəni və anası Elzanı qəbul etdi. Onlara lüks villa bağışladı. Elza xanım Prezidentə müraciət etdi ki, onlara royal versinlər. Dövlət başçısı onlara royal da hədiyyə etdi. Sağ olsun bizim Prezident və xanımı Mehriban Əliyeva! Vaqifin adına görə onlar hər şey etdilər.

1997-ci ildə Əzizə İngilis Kraliçasının klubunda ifa etdi. Və kraliça ona “Cazın Şahzadəsi” adını verdi. Əzizənin dünyanın bütün şəhərlərində konsertləri olur. Diskləri yüksək tirajla satılır.

2010-cu ildə Əzizə yenidən Azərbaycana gəldi. Biz Heydər Əliyev Sarayında Vaqifin 70 illik yubileyini qeyd edirdik. Bundan sonra Əzizə bir daha Bakıya gəlmədi.

Əzizənin birinci həyat yoldaşı ingilis idi. Londonda yaşayırdılar. Sonra boşandı və anasının yanına – Almaniyaya qayıtdı. Əzizənin birinci həyat yoldaşı Bakıya gəlmişdi. Muzeylə tanış olmaq istəyirdi. O, Vaqifin məzarı üstə də getmişdi. Əzizənin həmin kişidən övladı olmayıb.

2010-cü ildə Bakıda olanda Əzizə kasıb bir ləzgi oğlanı sevdi və ikinci dəfə ona ərə getdi. Amma anası Elza xanım buna qarşı idi. İstəyirdi ki, qızı varlı, imkanlı insana ərə getsin. Əzizənin bir oğlu oldu, adını Ramizxan qoyublar. İndi Almaniyada yaşayırlar. Əzizə bütün gününü övladı ilə keçirir. Ona görə hazırda konsertləri olmur.

– Toy mərasimində iştirak etdinizmi?

– Toy etməyiblər. Etsələr də, mən getməzdim. Çünki Əzizədən çox incimişəm. Amma onu çox istəyirəm. Çünki yanımızda böyüyüyb.

2006-ci ildə Əzizənin Türkiyədə konserti vardı. Mən də getdim. Bakıdan çox insan getmişdi. Deputatlarımız da iştirak edirdi. Konsertdən sonra mən Elza və Əzizəyə yaxınlaşdım. Bizi çox pis qarşıladılar. Dedilər ki, nə var, nəyə gəlmisiniz? Əzizəni anası idarə edir, amma çox səhv istiqamətə yönəldir.

– Elza xanım niyə Əzizəni Azərbaycandan uzaqlaşdırır ki?

– Hər şeyi danışa bilmirəm. Elzanın fikrincə, bütün azərbaycanlılar pisdir, gürcülər yaxşıdır. Azərbaycandan fərqli olaraq, Gürcüstana həmişə gedirlər.

– Elza xanım indi kiminlə yaşayır?

– Elza üçün Əzizə Almaniyadan ev alıb. Özü isə həyat yoldaşı və övladı ilə birlikdə başqa evdə yaşayır. Elza ailə həyatı qurmayıb.

– Vaqif Elzanı sevirdimi?

– Mənə elə gəlir ki, onlar bir-birini sevmirdilər. Çünki mən Vaqifi yaxşı tanıyıram. Elza hamilə olduğu üçün Vaqif onunla evlənməyə məcbur qalıb. Zivər xanım da həmişə Elzaya deyirdi ki, “Səni mən arvad eləmişəm”. Deyirdi ki, Vaqif heç vaxt Elza ilə evlənmək istəməyib.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

Bir gün də yaşasa, müdafiə naziri olacaqdı – Həzi Aslanovun ölümünün böyük sirri (MÜSAHİBƏ+VİDEO)

Yayımlandı

da

Tərəfindən

Azərbaycanın igid oğlu, general-mayor Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı olub.Azərbaycanlı general-mayordur. 1910-cu il yanvarın 22-də Lənkəranda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1929–cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.

Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi igidliyə görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunub. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.Stalinqrad Cəbhəsi Veteranlar Şurasının fəxri üzvü, Respublika Veteranlar şurasının üzvü, SSRİ Jurnalistlər İttifaqı və Kinomatoqrafçılar İttifaqının üzvü, professor, əməkdar İncəsənət xadimin Musa Bağırov ömrünün 25 ilini Həzi Aslanovun həyat və fəaliyyətinin tətqiqinə həsr edib, filmlər çəkib, kitablar yazıb. Məhz onun zəhmətinin nəticəsi olaraq, H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

O,  Hafiztimes.com-a müsahibəsinə xalqımız igid oğlunun ölümünün sirli qalan tərəflərilə bağlı maraqlı faktlar açıqlayıb:

-Mən çox maraqlanırdım ki, Həzi Aslanov niyə belə gənc yaşında dünyasını dəyişib? Özü də çox müəmmalı şəkildə ölüb. Mənə dedilər ki, Həzini qətlə yetiriblər. 1967-ci ildə onun haqqında çəkdiyim filmin təqdimatından sonra balaca banket oldu. Orada polkovnik Filimenko mənə təklikdə dedi ki, Baqramyanın sağlığında heç kim Həzi Aslanovun necə ölməsi barədə həqiqəti danışmırdı. Əli ilə bir sxem çəkdi. Həmin sxem indi də məndə durur. Dedi ki, Həzi Aslanov başından balaca yaralanmışdı, xəstəxanada yatırdı. 1945-ci ildə bütün müttəfiq Respublikalarda Müdafiə Nazirlikləri yaranırdı. O cümlədən də, Azərbaycanda. Mircəfər Bağırov deyib ki, Həzi Aslanovu Azərbaycanın Müdafiə naziri təyin edək. Həmin vaxt Nazirlər Sovetinin sədri olan Teymur Quliyev bildirib ki, hazırda müharibə gedir, Həzi Aslanova icazə verməzlər, o, döyüşdədir. Bağırov Stalinə zəng edib və Həzi Aslanovun Azərbaycana gəlməsi üçün icazə alır. Həzini xəstəxanadan qulluq etdiyi hərbi hissəyə çağırırlar. Baqramyan ona deyir ki, “Həzi, mən səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan”.

Bu planlaşdırma – rekoqnisirovka vaxtı bütün komandirlər orada iştirak edirlər. Təxminən 18-20 nəfər adam olur. Həzi təklif edir ki, almanlardan qənimət götürülən altılüləli minamyot orta cihanda yerləşdirilsin və düşmənə atəş açsın. Səhərisi gün Həzi Aslanov Bakıya getməli idi. Onun bir yük maşını vardı, dincəlmək üçün həmin maşını yaşayış otağına çevirmişdi. Ora gedir, çəkmələrini çıxarır ki, rahatlansın. Onu görən şahid Kulkov deyir ki, Həzi Aslanovın ayağında milli qaydada toxunmuş corab var idi. Aradan 20-25 dəqiqə keçməmiş o altılüləli minamyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir.

– O atəşi kim aça bilərdi?

– Minamyot bizim sahədə olub. Yalnız sovet ordusunun nümayəndələri ondan atəş aça bilərdilər. Ona görə, Klemenko mənə xəlvətcə dedi ki, Həzi Aslanov ölməyib, onu qətlə yetiriblər. Bu hadisə məndə çox maraq oyatdı: 34 yaşında general, Sovet İttifaqı Qəhrəmanı necə qətlə yetirilib? Mən maraqlanmağa başladım ki, niyə Həzi Aslanov ikinci Ulduzunu almayıb? Axı İyunun 23-dən 30-na qədər Həzi Aslanovun apardığı əməliyyatlara görə cəbhə komandanı Çernyayovski onu ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edib. Aradan 15 gün keçir, Həzi Aslanovun qulluq etdiyi bütün korpus Birinci Pribaltika cəbhəsinin sərəncamına verilir. Orada da komandir Baqramyan idi. Həzi ilə bağlı təqdimatın əslini mən çox axtarsam da, tapa bilmədim. Onu məhv edib, təhrif edilmiş təqdimat yazıblar, buna görə də ona qəhrəman adı verilməyib.

– Bunu kim edə bilərdi?

– Burada 100 faiz ermənilərin rolu olub. Köhnə təqdimatı gizlədənlər də, məhv edənlər də, təzə təqdimatı yazanlar da İ.Baqramyanın rəhbərliyi alıtında ermənilər olublar. Bir müddət sonra mən əsas, yəni köhnə təqdimatı da tapdım və SSRİ Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Marşal Arximeyevin yanına apardım. O, təqdimata baxıb dedi ki, Həzi Aslanova ikinci dəfə də qəhrəman adı düşür. Yazılı şəkildə bildirlər ki, xahiş edirik, bu təqdimat əsasında Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilsin.Amma bundan sonra həmin məsələni həll etməli olan Georgi Şahnazarov bizə xeyli əngəl törətdi. O, Qorbaçovun birinci köməkçisi idi. Dəfələrlə yanına getdik, işi xeyli süründürdü. Məsələ – yəni, Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının təqdim olunması iyun ayının 21-nə qədər həll olunmalı idi. Çünki müharibənin 50 illiyinə həsr olunacaqdı. Əks halda, daha sonra bu işə qayıtmayacaqdılar. İyunun 19-da Şahnazarov məni kabinetinə çağırdı. Dedi ki, nə istəyirsən? Mən də dedim, istəyirəm ki, siz sənədlərə baxıb, Qorbaçova təqdim edəsiniz, çünki bu adam qəhrəman adına layiqdir. Şahnazarov qalxıb, mənim yaxamdan tutub, dedi ki, burada xuliqanlıq eləmə! Mənim köynəyimdəki düymə qopdu. Mən də onu itələdim, divana əyləşdi. Sən demə, qabacaqdan hazırlıq işləri görübmüş. Zəngi vurdu, iki nəfər içəri daxil oldu. Dedi ki, “bunu aparın buradan!”

Məni həmin iki nəfər milis şöbəsinə apardılar. Məqsədləri bu idi ki, məni bir saxlasınlar və ad verilməsi işini qaldıran olmasın. Amma milis işçiləri elə bilirdilər, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov mənəm və ikinci dəfə ad tələb edirəm. Buna görə mənə çox yaxşı münasibət göstərdilər. Oradakı bir polkovnik dedi ki, sizə necə kömək edə bilərik? Cavab verdim ki, icazə verin, mən Marşal Belova zəng edim. Telefon nömrəsini verdim, özləri zəng etdilər. Dedilər ki, burada bir nəfər sizinlə danışmaq istəyir. Məsələni Belova izah etdim.Aradan yarım saat keçdi. Marşal Belov, Andrey İvanoviç və Tank Qoşunları Akademiyasının rəis müavini, general Orlov ora gəldilər. Nəsə söhbət etdilər, sonra məni milis şöbəsindən çıxarıb, özlərilə apardılar. Yolda onlara hər şeyi danışdım. Dedilər ki, rahat ol, hər şey yaxşı olacaq.

Gecə saat 12-də yoldaşım Bakıdan mənə zəng etdi. Dedi ki, səni təbrik edirəm, 20 illik zəhmətin bəhrəsini verdi, gecə televiziyz bütün verilişləri dayandırdı və Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsini elan etdilər. Mən 3 dəfə yoldaşımdan xahiş etdim ki, həmin sözləri bir də təkrar etsin. Təsəvvür edin, mən arxivlərdə 20 il çalışmışam, Belorusiyada, Stalinqradda, Moskva, Ukraynada gecə-gündüz əziyyət çəkmişəm. Bu, mənim əziyyətimin bəhrəsi idi. Özümü saxlaya bilmədim, ağladım. Həmin vaxt oteldə mənimlə yanaşı şair Cabir Novruz da qalırdı. O, mənim səsimi eşidib otağa gəldi. Dedi ki, ay Musa, nə olub, niyə ağlayırsan? Ona hər şeyi danışdım. Dedi ki, ay kişi, ağlamaq yox, biz bunu qeyd etməliyik! Gecə saat 1-də biz bu qələbəni qeyd etdik.Əslində Qorbaçov o sərəncama qol çəkməyə məcbur olmuşdu. Çünki o da ermənilər kimi istəmirdi ki, Həzi Aslanova ikinci dəfə Qəhrəman adı verilsin.

Mən medalı və ordeni götürüb, Bakıya gəldim. Həmin vaxt prezident olan Əbülfəz Əliyevin yanına getdim, məsələni danışdım. Qayıdıb dedi ki, Musa müəllim, bunun bizə dəxli yoxdur, Həzi Aslanov ruslar üçün vuruşub, onun bizə aidiyyatı yoxdur. Medalı, ordeni qəbul etmədi. Dedim ki, Əbülfəz müəllim, Azərbaycandan 700 min insan müharibəyə gedib, 350 mini həlak olub. Bu, Azərbaycanın hərb tarixidır, şərəfi, şöhrətidir. Xahiş edirəm, bunu qəbul edin. O isə götürmədi. Həmin Qızıl Ulduz Ordenini və Medalı evə gətirdim. Onlar düz iki il bizim evdə qaldılar. Hara verə bilərdim? Heç kim qəbul etmirdi…Heydər Əliyev hakimiyyətə gələndən sonra bir müşavirə keçirilirdi. Mən də orada çıxış elədim. Sonda isə ona yaxınlaşıb dedim ki, həmin orden və medal iki ildir məndədir, heç kim qəbul etmir. O isə “Nə danışırsan?! Haradadır!? Tez onaları mənə gətir!”,- dedi.

Səhərisi gün saat on bir tamamda ordeni də, medalı da götürüb Mərkəzi Komitəyə getdim. Heydər Əliyev çox mehribanlıqla məni qucaqladı, ordeni-medalı məndən təhvil aldı. Bir gün sonra Azərbaycanda bununla bağlı fərman çıxdı. Heydər Əliyev özü məni təbrik elədi.Həzi Aslanovla birlikdə vuruşan generallar Heydər Əliyevin vaxtında tez-tez Azərbaycana gəlirdilər. İndi onların çoxu dünyasını dəyişib. Həzi Aslanov çox yaxşı komandir olub. Onun əməliyyatları ilə bağlı birinci kitabımı rus dilində yazmışdım. O kitabdan Zirehli Tank Qoşunları Alkademiyasında dərslik kimi istifadə edirlər. Mən 20 il əziyyət çəkmişəm, gecə-gündüz arxivlərdə olmuşam. Səhər saat doqquzda arxivə daxil olurdum, saat dörddə-beşdə görürdüm ki, acından başım gicəllənir. Çox çətinliklə o təqdimlarları, gündəlikləri tapmışam. İndi bəzi tarixçilər, jurnalistlər mənim kitablarımı qarşılarına qoyub, üzünü köçürürlər. Heç biri də demir ki, bütün bunları Musa Bağırov yazıb.

– Həzi Aslanovun cəbhə yoldaşları onun ölümünün səbəbkarı olaraq kimi görürdülər? Onun vertalyotla xəstəxanaya aparılmasına kimlər mane olub?

– Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olub. Mən Həzi Aslanovun oğlu ilə birlikdə 1980-ci ildə Tiflisdə onun evinə getdim. O, dedi ki, Həzi Aslanovun yarası ölümcül deyildi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb, başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Daha sonra Həzi Aslanova həkim çağırırlar. Bu, ermənilərin fırldağı idi Onda süni ürək çatışmazlığı yaradırlar. Halbuki, Həzi Aslanov öləsi deyildi, onun qabırğaları sınmışdı.

– Cəbhə yoldaşları Həzi Aslanovla bağlı hansı xatirələri bölüşürdülər?

– Bunu mənə elmlər doktoru, professsor Paqadayka bu yaxınlarda danışıb.Deyir ki, Həzi Aslanov 1941-ci ildə Tulada maşınla keçəndə görür ki, cammat bir evin qarşısına toplaşıb. İki balaca uşaq isə ağlayır. Həzi Aslanov tez maşını geriyə verib, düşür və soruşur ki, bu uşaqlar niyə ağlayırlar? Yerli camaat deyir ki, bu iki uşağa nənələri baxırdı, ataları müharibədə həlak olub, anaları da dünyasını dəyişib. Nənələri də indi rəhmətə getdi. Bu iki uşaq ortada qalıb. Həzi Aslanov soruşub ki, bəs bunları niyə uşaq evinə aparmırsınız? Deyirlər ki, uşaq evinə aparmışdıq, amma yer yox idi. Həzi Aslanov bütün iş-gücünü bir kənara qoyub, uşaqları maşına mindirib, uşaq evinə gəlib. Direktorun otağına daxil olub. Direktor da görüb ki, bu şəxs Sovet İttifaqı Qəhrəmanıdır. Həzi Aslanov hər iki uşağı ora qəbul etdirib. Daha sonra yenə də gedib, həmin uşaqları yoxlayıb. Qız uşağının səkkiz, oğlanın isə 6 yaşı olub. Qız Həzi Aslanovu görən kimi onu qucaqlayıb, ağlayıb. Həzi Aslanov soruşub ki, bəs qardaşın haradadır? Qız deyib ki, qardaşımı elektrik vurdu, öldü, mən tək qalmışam. Həzi Aslanov tapşırıq verib ki, bu qıza baxın, məktəbi bitirsin, unirversitetə daxil olsun. Həmin qız indi Almaniyda yaşayır, akademikdir. Onun Həzi Aslanov haqqında çoxlu xatirələri var: “Bizim həyatımızda onun böyük rolu var. Biz yad uşaqlar idik, o, bizə kömək etməyə də bilərdi. Ondan başqa heç kəs bizim əlimizdən tutmadı. Onu heç vaxt unutmarıq”.

Həzi Aslanov hər şeydən öncə xeyirxah insan olub. Təsəvvür edin ki, müharibə başlayan vaxt Həzi Aslanov mayor idi. Olduğu Lvovda zabitlərin ailələrini vaqonlara mindirib, axta cəbhəyə göndərəndə həyat yoldaşı Xavər xanım, oğulları Tofiq və Arif də orada olublar. O, qətiyyən ailəsinə xüsusi yer ayırmayıb, hamı kimi onları da ümumi vaqona mindirib, uşaqların üzündən öpüb, ayırılıb. Öz ailəsi ilə başqaları arasında heç bir fərq qoymayıb.

– Həzi Aslanovun oğlu ilə yaxın münasibətiniz olub. Onlar atları barədə nə danışırdılar?

– Həzi Aslanovun həyat yoldaşı Xavər xanım həmişə deyirdi ki, mənim iki yox, üç oğlum var. Tofiq və Arifdən başqa Musa, yəni məni də oğlu bilirdi. Xavər xanım Həzi Aslaovunun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını almasına çox az qalmış rəhmətə getdi. Mənə dünyasını dəyişməmişdən öncə demişdi ki, Musa, çalış, başladığın işi sona çatdır, Həzi Aslanov qəhrəman adını alsın. Həzi Aslanov ikinci dəfə layiq olduğu qəhrəman adını alandan sonra mən Bakıya qayıdanda öncə qəbirstanlığa gedib, Xavər xanımın məzarını ziyarət etdim. Dedim ki, Ana, mən sənin tapşırığını yerinə yetirmişəm, Allah sənə rəhmət eləsin və rahat yat!

Mən bu işləri görərkən 7 nəfər marşalla görüşümüşəm. Təəccüb edirdim ki, o cür yaşlı generallar, marşallah mənim yanıma düşüb, hər yerə gedirdilər. Deyirdilər ki, biz bunların hamısını Həzi Aslanovun xətrinə edirik. Görün, ona nə qədər hörmət var idi ki, 80 yaşında qoca Marşal mənim yanıma düşüb, arxivə gedirdi!

– Həzi Aslanov hansı əməliyyatına görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunmuşdu?

– Almanlar Berejina çayının üzərindəki körpünü bombalayıb, dağırtmışdılar. Cəbhə komandanı Çernyavski deyir ki, kim bu çayı birinci keçsə, qəhrəman olacaq. Həzi Aslanov iki tankı suda batırır, qalan maşınlar o tankların üzərindən o biri sahilə adlayırlar və hücum davam edir.

Həzi Aslanov çox ağıllı insan olub. O, sağ qalsa, mütləq Marşal olacaqdı. Mən Baqramyanla bir neçə dəfə görüşmüşəm. Bir dəfə ona dedim ki, Həzi Aslanov barədə iki-üç kəlmə fikirləşrini bölüş. Gülərək, qayıtdı ki, heç müsəlmandan da zabit olar? Mən cavab verdim ki, niyə olmur? O, təmiz Azərbaycan dilində mənə qayıtdı ki, atalar məsəli var, müsəlmandan yaxşı bostançı olar.Mən də ona cavab verdim ki, İvan Kritoviç, başqa misal da var: müsəlmandan yaxşı bostançı olur, ermənidən də yaxşı zurnaçı. Baqramyan yaman hirsləndi. Mənə dedi ki, sən nə danışırsan? Siz axı kimsiniz? Ermənilər iki dəfə azərbaycanlılardan azdırlar, görün, bizdə nə qədər general, marşal var? Sizdə kim var?..Bizim bir Həzimiz ermənilərin bütün generallarına dəyərdi! Akademik Samsonov deyirdi ki, başqaları tankda lyuklu örtüb hücuma keçəndə, Həzi Aslanov maşında oturub gedirdi. O, özünü Allahın saxladığı insan kimi hiss edirdi, ölümdən qorxmurdu. Samsonova görə, Aslanov inanırdı ki, o, ölə bilməz.
Ölməyib də!

 

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar