Bizimlə əlaqə

Müsahibə

“150 minlik paltolar istəyirlər” – Məşhur italyan biznesmen: “Azərbaycanda zövqlü müştərilərimiz var” (EKSKLÜZİV)

Yayımlandı

da

“Bizim üçün “Lüks”- milyonda bir müştərilər üçün daha əlçatan olmaq deməkdir”

“Uşaq vaxtımdan ipəyin qoxusu ilə nəfəs alırdım”

“Bakıdakı insanlar arasında xüsusi bir enerji var”.

Filippo Ricci – İtalyanın məşhur Stefano Ricci brend kişi geyimləri şirkətinin yaradıcı direktordur. İtalyanın Florensiya  şəhərində dünyaya gəlib, təhsil alıb. O, məşhur dizner Stefano Riccinin övladıdır.

Stefano Ricci – Ailə tərəfindən idarə olunan, İtalyan lüks həyat  tərzi brendidir. 1972-ci ildə məşhur dizayner  Stefano Ricci və həyat yoldaşı Claudia tərəfindən təsis edilib. Dünyada 60-dan çox butikləri fəaliyyət göstərən Stefano Ricci şirkəti kişi geyim-aksesuarlarının  və digər brend məhsulların istehsalı, satışı ilə məşğul olur. 

Stefano Ricci şirkətinin yaradıcı direktoru, məşhur italyan biznesmen Filippo Ricci Hafiztimes.com-a özəl müsahibə verib:

-Necə bir ailədə böyüyübsünüz? Dünya şöhrətli bir dizaynerin övladı olmağın hansı çətinlikləri var?

-Məktəbdə dərslərim bitən kimi nənəmin Florensiyada yerləşən evinə gedib, xeyli vaxt keçirərdim. Bizim hazırkı ailə şirkətimiz də orada yerləşir. Hələ lap balaca vaxtlarımdan ipəyin qoxusu ilə nəfəs alırdım. Moda kimi həyəcan verici, gözəlliklərlə dolu bir sahədə çalışmağa qərar verməyim çox təbii bir haldır.  İllərdir ki, birlikdə çalışdığım atamın  öyrətdiklərindən ilham alırdım.

-Brend geyimlərin dizaynı üzrə dünyada ən önəmli simalardan biri olan Stefano Riccinin övladı olmaq necə bir hisdir?  Atanız ailədə necə bir insandır? Ailəniz barədə bilmək istərdik.

-Stefano Ricci kimi bir məşhur bir şəxsin övladı olmaqla qürur duyuram. Onun hər detala göstərdiyi diqqət,  qərarlılıq qeyri-adi qabiliyyəti mənim çox xoşuma gəlir.  Yüz faiz  İtalyada istehsal edilən təbii məhsulla istedadlı ustaları təmin etməsini sevirəm. O, evdə də ofisdə olduğu kimidir. Biz həmişəki kimi bir ailəyik: Qardaşım  Nikol və mənim valideynlərim. Bütün italyan ailələri kimi, əsl rəis isə Anamdır!

-Stefano Riccinin yarandığı ildən bu günə qədərki fəaliyyətini necə dəyərləndirirsiniz?

-1972-ci ilin əvvələrində valideynlərim  “qalstuk” mağası kimi  bir şirkət qurdular. Qısa müddət ərzində o fəaliyyətini genişləndirdi və köynək istehsalına başladı.Bütün məhsullarımız yüz faiz İtalyada istehsal olunur. Nadir parça və dizaynlar ilə yüksək istehsal komponentləri ilə hazırlanır. Fəaliyyətinin 45 il ərzində ən mühim məqam isə şübhəsiz ki, 1993-cü ildə Şanxayda  Stefano Riccinin istehsal mağazasının açılması ilə bağlı qərarın verilməsidir.

-Sizin işiniz nədən ibarədir? Yeni layihələriniz barədə bilmək istərdik…

Mənim əsas məqsədim, brend kişi geyim şirkətini qlobal həyat tərzi brendinə çevirməkdir. Atamın yaratdığı kolleksiyaları dəstəməklə yanaşı mənim işim lüks həyat tərzi ilə bağlı təkliflərimizi daha da genişləndirmək və bununla bağlı  yeni yollar tapmaqdan ibarətdir.

-Stefano Ricci kimi bahalı bir brendin yaradılması məqsədi nə idi? Həmin geyimlərin qiymətini necə müəyyənləşdirirsiniz?

-Bu brendin yaradılması ideası mənim valideynlərimə məxsusdur.  Bizə görə, dəyər-  İtalyada mütəzəm olaraq vergiləri ödəyən bir şirkətdə nadir dizaynlı, unikal parçalar və yüksək sənətkarlıq keyfiyyətli məhsulları istehsal etməkdir. Yalnız bu keyfiyyətlər dəstəklənən zaman yekun xərcləri müzakirə edə bilərik.

-Bizim uğurumuz ailə hekayəmizdir.  Ailəmiz gücümüzdür.

-Valideynlərim bu şirkəti qurdular. İndi, 46 il sonra isə mən və qardaşım bu xətti inkişaf etdirməyə çalışırıq.

Əsas məqsədimiz bu mirasın qorunması və müzakirə edilməyən bir keyfiyyət fəlsəfəsilə daimi  böyüməyə çalışmaqdır. Mənim vəzifəm də bu mirası  qorumaqdır, onu gündəlik meydana çıxan çətinliklərə uyğunlaşdırmaq və eyni zamanda brend kişi geyimlərini lüks həyat tərzinə çevirməkdir.

-Loqo kimi niyə qartalı seçdiniz? Timsah sizin üçün nə məna kəsb edir: kəmər, çanta, yoxsa heyvan?

-Simvol olaraq qartal ailəmiz tərəfindən seçilib.Qartal şərəf, güc və qürur mənasını ifadə edir. Bu bizim kimliyimizdir. İnsanlar Stefano Ricci haqqında düşünəndə, tez timsahdan hazırlamış məhsullarımızı gözləri önününə gətirirlər. Bunun səbəbi isə bizim brendin bu sahədə özünü inanılmaz dərəcədə inkişaf etdirməsidir. Timsah dərisi dünyada ən çox tələb olunan məhsullardan biridir. Bizim timsahdan hazırlanan məhsullarımız (Kəmər, çanta  və s. )yüksək ixtisaslı mütəxəssislərin əli ilə keyfiyyətli formada istehsal olunur və bazara təqdim olunur. Ətraf mühitə qayğı ilə yanaşırıq. İlk addımlarımızdan hər şeyi qanunla, sertifikatlaşdırıraq həyata  keçiririk

–Biznesinizə dair ilk xatirələriniz nələrdir? Yaratmaq üçün sizi nə ruhlandırır?

-Mən  biznesdə doğulmuşam. İlk xatirələrim uşaq ikən  fabrikimizdə əllə hazılanmış rəngli ipəklər arasında oynadığım  zamanlardı. Mən məktəbə başladığım ilk vaxtlarda ev tapşırıqlarımın hamısını ofisimizdə edərdim. Fabrikimizin  havası ilə nəfəs alardım. Həmin illərdə ən əyləncəli məqamlardan biri şübhəsiz ki, Pitti Uomo ilə bağlı idi. Florensiyada dünyanın ən mühüm kişi geyimləri sərgisi təşkil  edilirdi. Atam həmişə beynəlxalq qonaqları salamlamağı bizə tapşırırdı.  Qonaqlarla yeni şəhərlərdən danışmaq, getdikcə artan müştəri təlabatını, təcrübələrini eşitmək bizi bu dünyanın bir parçası olmağa ruhlandırırdı.

Ailəm və mənim komandamla birlikdə gözəlliklər axtarışına çıxmaq, səyahət etmək, onları tapıb paylaşmaq mənə daha çox ilham verir. Bizim müxtəlif ilhamverici mənbələrimiz var. Birincisi təbiətdir. Tuscan təpələri, Thyrrenean dənizindəki adalar.Afrika qitəsinə olan sevgimiz,  Tanzaniyanın yaşıl təpələrindən Kamerunun yağışlı meşələri…

–Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Heç Azərbaycana səfər edirsiniz? Azərbaycandakı müştəriləriniz haqqında nə düşünürsünüz?

-Orta əsrlər və futuristik memarlıq arasında dialoqun hökm sürdüyü bir şəhərdir. Mən də bu şəhəri sevirəm. Bakıda ilk dəfə olduğum zaman çox sayda tikinti obyektlərini gördüm. İnsanlar arasında xüsusi bir enerjinin olduğunu xatırlayıram. Həmin vaxtlar Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə butiklər açmaq firmamızın hədəfi idi. Bakının zövqlü müştələrindən aldığımız tələb bizim gözlədiklərimizə ən yaxşı cavabdır.

Filippo Ricci Creative Director

-Sizin üçün “Lüks” nə deməkdir? Kişilərin həyatında bahalı paltarlar necə bir rol oynayır?

-Lüks sözündən bir az sui-istifadə olunub. 2001-ci ildən etibarən, bir çox şirkət “Lüks”  sözündən istifadə edərək öz məhsullarının yekun qiymətini artırmağa  çalışıblar. Stefano Ricci üçün “lüks”  bir  duyğudur, son dərəcə mükəmməllik konsepsiyasıdır, məhsulun əsl dəyərini anlayan, reklam və digər şəxslərin təkliflərini qəbul etməyən milyonda bir müştərilər üçün daha əlçatan olmaq deməkdir. Stefano Ricci insanı yaxşı görünməyi sevir və özünü daha yaxşı hiss edir.

-Geyimləriniz üçün pul xərcləyirsiniz? Siz də həmişə, hər yerdə brend kişi geyimlərindən istifadə edirsiz? Stefano Riccinin ən bahalı kişi geyimi  neçəyədir?

-Səhayətlərim üçün istehsalat saatından tutmuş, texniki paltarlara qədər, aksesuarlar üçün hər zaman çoxlu pul xərcləyirəm. Stefano Ricci həyatını yaşadığım üçün hər zaman keyfiyyətli paltarlar geyinmək imkanına sahibəm. İngilis parçalarında və ya Brazilya ipəklərində bir növ təcrübə keçirəm. Nəzəri olaraq deyə bilərəm ki, sifariş olunan bir paltarın qiyməti ilə bağlı hansısa bir məhdudiyyət yoxdur. İllərdir ki, bizdən xahiş edirlər ki, qeyri adi, müdhiş parçalar, dərzilik sənətinin əsərlərini  istehsal edək: 150 min avrodan artıq bir qiymətlə  bazara çıxardığımız rus samuru astarlı gözəl bir  mavi rəngli Ricci paltosu kimi….

-Uğur qazanmaq üçün gənclərə hansı məsləhəti verərdiniz?

-Həyatınızda, qidanızda, geyiminizdə və düşüncə tərzinizdə keyfiyyət axtarmaqdan heç vaxt yorulmayın.

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

“Atam baş nazirin ailəsinin süründüyünü görüb və qızı ilə evlənib” – N.Yusifbəylinin nəvəsi ilə TARİXİ MÜSAHİBƏ (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Evimizdə heç kim babam Nəsib bəy Yusifbəylidən bəhs etməzdi”

“Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb”

“Bundan sonra atam baş nazirin qızı ilə evlənməyə qərar verib”

“Bəlkə babamı da ermənilər öldürüb”

“Bütün həyatları boyu Vətən həsrəti ilə yaşamalı oldular”

“Atam deyərdi ki, ermənilər azərbaycanlılara qarşı hər zaman düşmən münasibəti bəsləyib”

“Ağ ruslar” da bizim evimizdən əksik olmazdı”

“Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar”

Oğuz Yusuf Göygöl – Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən biri, Azərbaycan hökumətinə başçılıq etmiş tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsidir. Atası Mirzə Göygöl Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri olub. Əmisi Çingiz Göygöl Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi, Azərbaycan Milliyyətçilər Dərnəyinin başqanı idi. Anası Zöhrə Yusifbəyli-Göygöl Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Nəsib bəy Yusifbəylinin qızıdır. Nənəsi Şəfiqə Qaspıralı-Yusifbəyli məşhur Krım tatar ictimai xadimi, “dildə, fikirdə, əməldə birlik” ideyasının müəllifi İsmayıl Qaspıralının qızıdır.

Tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsi Oğuz Yusuf Göygöl Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq  HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Oğuz Yusuf Göygöl ailəsi ilə bağlı illərlə gizli qalmış bir çox məqamlara aydınlıq gətirib. O, həmçinin ailəsinin fotoşəkillərdən ibarət şəxsi arxivini HafizTimes.com-a təqdim edib.

-Əvvəlcə özünüz haqqında danışaq. Uşaqlığınızı necə xatırlayırsınız? Göygöl ailəsində böyümək necə idi? İndi harada yaşayırsınız?

-Mən uşaq olan zaman həmişə İstanbulda, Yeşilköydə böyük bağçası olan evlərdə, hətta “köşk”lərdə kirayə qalardıq. Qohumlarımız bizə gələrdilər, bütün yay tətillərini bizimlə keçirərdilər. Evlərimiz hər zaman dəniz sahilində olardı. Anamın dayısı Heydər də Türkiyədə təhsil aldı. Daha sonralar isə Kayseridə məskunlaşdı. Həyat yoldaşının möhtəşəm bir sarayı da vardı. Çox zəngin idilər. Heydər dayı ailəsi və xidmətçiləri ilə bizə gələr, bütün yayı birlikdə keçirərdik. Onlar üçün üç növ süfrə qurulardı. Hətta xüsusi aşbazımız da vardı.

(Çingiz Göygöl, qardaşı Mirzə Göygöl və nəvə Tuluğ)

Xəlil dayi (Has?) bir gün atamı kənara çəkib məsləhət verdi ki, bu evdən heç vaxt qonaq əksik olmur, belə davam edə bilməz. Cavad qardaş da oxuyub həkim oldu. Atamın “yeğeni” idi, oxumaq üçün İrandan İstanbula gəlmişdi. O da bizimlə birlikdə yaşadı. Atamın Berlindən də tələbə yoldaşları gələrdilər. Atamın süfrəsi axasında həmişə xeyli insan əyləşərdi. Maaşı çox yüksək olsa da, heç vaxt pulu bir yerə toplayıb zəngin ola bilmədi. Bütün dostlar, qohumlar varlandılar, bizdə də yeyib-içdilər. Bundan sonra Cavad bəy Azərbaycan əsilli iranlı, çox zəngin bir xanımla ailə qurdu.

(Zöhrə Yusifbəyli və oğlu Oğuz Göygöl)

Mənim uşaqlıq illərim gözəl keçdi. Dəniz sahilində yaşamaqdan həzz alırdım. Yesilköy çox kosmopolit bir bölgə idi və xeyli sayda qeyri-müsəlman ailələr yaşayırdı. Onların uşaqları yay tətilində ataları ilə işləməyə məcbur idilər, biz isə (qardaşım və mən) səhər duran kimi dənizə gedirdik. 1952-ci ildə Almaniyanın Darmştadt şəhərinə təhsil almağa gəldim. 1963-cü ildən bəri Hamburqda yaşayıram.

(Məhəmməd Əmin Rəsulzadə də fotoda yer alıb)

-Ailənizin Azərbaycandan olduğunu nə vaxt öyrəndiniz? Atanız Mirzə Göygöl Azərbaycan haqqında sizə nələr danışardı?

-Atam öz millətini çox sevən bir insan idi. Bizə xüsusilə Gəncənin nə qədər gözəl olduğunu söylərdi. Azərbaycanı cənnətin bir hissəsi kimi təsvir edərdi. Azərbaycanın müstəqillik ildönümlərində bütün qohum-əqrabaları, dostlarını başına toplayıb həmin günü qeyd edərdilər. Bunun üçün gözəl yerlər icarəyə götürüb, əyləncələr təşkil edərdilər. 28 may 1918-ci il Azərbaycanda Cümhuriyyətin yaranması günüdür

(Mirzə Göygöl və xanımı Zöhrə Yusifbəyli)

-Bizə mərhum atanız Mirzə Göygöl, ananız Zöhrə Göygöl-Yusifbəylidən bəhs edin. Göygöl ailəsinin həyatını sizdən öyrəmək istərik. Valideynləriniz necə tanış olublar, evləniblər? Türkiyəyə köçməli olduqdan sonra hansı çətinlikləri yaşadılar? Axı ananız Zöhrə xanım Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin yeganə qızı idi…

-Atam millətçi bir insan olduğu üçün anamla nənəmin (Nəsib bəy Yusifbəylinin qızı və həyat yoldaşı: Zöhrə Yusifbəyli və Şəfiqə xanım Qaspıralı) İstanbulda tək yaşadıqlarını biləndə onları axtarır tapıb. Nənəm iki uşağı ilə birlikdə Sevastapoldan İstanbula qaçmağı bacarıb. Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) Qalatasaray Liseyində təqaüd ilə təhsil alıb. Anam isə Erenköydəki qız liseyindən məzun olub.

(Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım İstanbulda)

Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb. Daha sonra kim olduqlarını araşdırıb tapıb. Azərbaycan baş nazirinin həyat yoldaşı və uşaqlarının belə ağır vəziyyətdə yaşamaları atamı çox məyus edib, kədərləndirib. O, anamla evlənməyə qərar verib. Nənəmi də (Şəfiqə xanım Qaspıralı) öz yanlarına gətiriblər, birlikdə yaşayıblar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) isə ərzurumlu zəngin bir ailənin qızı ilə evləndi.

(Bu şəkili illərlə nənəm qoruyub, saxlayıb)

İş qurmaları üçün qayınatası onlara sərmayə verdi. Fəqət dayımı aldatdılar və təəssüf ki, pullar batdı. Dayım heç nəsiz ortalıqda qaldı. Daha sonra bir liseydə müəllim kimi çalışmağa başladı. Atam anamla evləndikdən sonra nənəmlə yanaşı, dayım da onlarla birlikdə yaşamağa başladı. Onlara da atamgil baxırdı.

Atam məni Almaniyaya göndərəndə dedi ki, heç vaxt alman qadınla evlənmə. Dostlarının hamısı alman qadınla evlənib, boşanmışdılar. Mən də atama qulaq asmadım. Atam haqlı idi. Alman qadınla nikahımız davam etmədi və ayrıldıq.

(Mirzə Göygöl, Zöhrə xanım, Oğuz bəy, Nuran xanım və Neriman Aykut)

-Göygöl Azərbaycanda Gəncə şəhəri yaxınlığında məşhur bir göldür. Necə oldu ki, siz “Göygöl” soyadını qəbul etdiniz? Atanız bu barədə sizə nə danışıb?

-Atamgilin keçmiş soyadı “Hacızadə” olub. Türkiyədə soyadla bağlı qanun tətbiq edilən zaman məmurlar atama deyiblər ki, “elə hacı-macı olmaz. Özünüz üçün başqa bir soyad tapın”. Cavad bəy tez “Gəncəli” soyadına sahiblənib. Atam da “Göygöl” sözünü soyad kimi qəbul edib. Hətta illər sonra atam öz evini qurarkən binanın adını “Gəncə” qoydu.

(Şəfiqə xanım Qaspıralı-Yusifbəyli)

– Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan babanız Nəsib bəy Yusifbəyli və həyat yoldaşı Şəfiqa xanım haqqında nələr bilirsiniz? Ananız ailəsi haqqında sizə nələr danışardı?

-Anam ailəsi haqqında danışanda yalnız İsmayıl Qaspıralıdan bəhs edərdi. Atası haqqında danışmazdı. Babam və nənəm haqqında çox şey bilmirəm. Nənəm kədərlənməsin deyə babam haqqında evdə heç kim danışmazdı.

(Babamın qoruyub saxladığımız rəsimi)

-Nənəniz Şəfiqə xanım Qaspıralını (Nəsib bəy Yusifbəylinin xanımı) necə xatırlayırsınız? Şəfiqə xanım Nəsib bəydən ayrıldıqdan sonra necə yaşadı?

-Qohumlarımızdan başqa bir çox rus dostumuz vardı. Onlar İstanbuldan qatara minib, Yesilköyə bizə qonaq gələrdilər. Yemək yeyib, çay süfrəsi açardılar. Corc adlı bir nəfəri də xatırlayıram. Rus kolbasalarını gətirib bizimkilərə satardı. Nənəm evimizə gələn qonaqları qarşılardı, yola salardı, uşaqlarla vaxt keçirərdi.

(Mirzə Göygöl, Zöhrə, Səlcuk, Oğuz Yusuf)

-Şəfiqə xanım həyat yoldaşı Nəsib bəy Yusifbəylidən necə bəhs edərdi?  Nəsib bəylə Şəfiqə xanım ayrılmışdılar? 

-Evimizdə bu mövzuda heç kim danışmazdı. Çünki nənəm çox kədərlənirdi. Nənəmi incitməmək üçün heç kəs bu barədə söhbət açmazdı.

-Nəsib bəy Yusifbəylinin öldürülməsi, məzarının yeri ilə bağlı nə bilirsiniz? Ailədə bu barədə nə danışardılar? Ananız Zöhrə xanım atasından necə bəhs edərdi? Nəsib bəyin də qatili ermənilərdi?

-Gəncənin yaxınlığında azərbaycanlı və ermənilərdən ibarət yanaşı kəndlər olub. Bəzi erməni kəndliləri azərbaycanlıları təhdid edib oradan keçmələrinə mane olurlarmış. Atam da çox ehtiyatlı hərəkət edərmiş. Bəzən erməni kəndliləri qışqırırlarmış ki, “kəndə ayaq basma, səni öldürəcəyik”. Bəlkə babamı da onlar öldürüb. Amma bununla bağlı məndə dəqiq məlumat yoxdur.

Anam heç vaxt öz atasından bəhs etməzdi. Rus qonaqlar daim ətrafımızda idi. Gələn qonaqlar bir-biri haqqında qeybət edərdilər. Anam və nənəm isə sadəcə olaraq onlara müvəqqəti xoş münasibət göstərərdilər. Yəqin ki, anam babamla bağlı onlara məlumat ötürmək istəməyib.

-Azərbaycan Cümhuriyyətinin Ədliyyə naziri, görkəmli şəxsiyyət eyni zamanda qohumunuz olan Halil Has Mehmet Gürgören (Xəlil bəy Xasməmmədov) haqqında nə bilirsiniz?

-İnsanlar daim bizə gəlib, gecə yarısına qədər söhbət edərdilər. Onların arasında “Xan” adlı biri də vardı. Çox güman ki, o da önəmli bir insan idi. Atam onlara deyirdi ki, Azərbaycan cənnət kimi bir ölkədir, həyət-bağlarının gözəlliyindən söz açardı. Atam ermənilərin azərbaycanılara qarşı hər zaman düşmən münasibəti bəslədiklərini də qonaqlara danışardı. “Ağ ruslar” da bizim evimizdən əksik olmazdı. Halil Has Mehmet Gürgörenin ailəsindən heç kimi tanımıram. Valideynlərim sağ olsaydılar onlar barəsində bilərdilər.

(Mirzə Göygöl, Çingiz Göygöl və nəvə Tuluğ)

-Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi olan əminiz Çingiz Göygöl necə bir həyat yaşadı? Əminizin övladları ilə əlaqə saxlayırsınız?

-Əmim Çingiz inşaat mühəndisi idi, öz şirkəti vardı. Evlərin damını tikirdilər. Qazancı bol idi. Biz uşaqlara həmişə xərcləmək üçün pul verərdi. Təəssüf ki, əmim qızı Türkizlə əlaqəmiz kəsildi. Əmim çox vaxt kefsiz olurdu. Çünki onun heç oğlan övladı olmamışdı. Daha sonralar isə çoxlu oğul nəvələri oldu.

-Azərbaycanla bağlı hansı xatirələriniz var? Azərbaycan sizin üçün nə deməkdir? Gəncəyə gəlmək istəyərsiz?

-Atamın iki böyük bacısı (sürgündən gəliblər) illər sonra Hamburqa bizi ziyarət etməyə gəlmişdilər. Daha sonra Viesbadendə yaşayan bacım Şuləyə də baş çəkdilər. Birlikdə çox gözəl vaxt keçirdik. Təəssüf ki, mən heç vaxt Azərbaycana getməmişəm.

Anam və atam quru yol ilə Azərbaycana gedəndə Naxçıvandakı erməni gömrük məmurları onlara qarşı ədəbsizlik edərlərmiş, çox kobud və qəddar münasibət göstərirlərmiş.

İndi isə Azərbaycana getmək çox asandır. Amma mən qocalmışam. İnşallah qızım və nəvələrim bir gün Azərbaycana gedərlər.

Atam həmişə vətən həsrəti ilə yaşadı. Anam da, atam da öz vətənlərindən uzaq düşdülər. Bütün həyatları boyu bunun kədəri ilə yaşamalı oldular. Mən də vətənim olan İstanbul, Türkiyəmi itirdim. Uşaqlığımın, gəncliyimin keçdiyi ölkə, şəhər artıq yoxdur və ya çox uzaqda qalıb.

(Meral Qaspıralı və Tuluğ Göygöl)

-28 May Azərbaycan Xalq Cümhuriyyətinin ildönümüdür (1918-ci il). Ailəniz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərindəndir. Azərbaycanda sizi sevən insanlara nə demək istərsiniz?

-İnsanlar bir-birlərinə hörmət etməli, yaxşı yola getməlidirlər.

-Cənnət Vətəninizi qoruyun, sahib çıxın.

-Bir millət, iki Cümhuriyyət.

-Sevgi, hörmət və salamımı göndərirəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

ABŞ Prezidenti Vilsonun nəticəsi: “AXC diplomatlarının 100 il öncəki bu fəaliyyətini dəyərləndirirəm” (TARİXİ MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

Hafiz Əhmədov

HafizTimes.com

(Tüstü ilə hazırlanmış əsər)

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `Azərbaycan gəncləri, həmişə səmimi və dürüst olun` (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Uşaqlarım mənim əsas ilham mənbəyimdir

“Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq”

“Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar”

“Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildim”

Eros Ramazzotti — Məşhur italyan müğənni və bəstəkar. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edir. O, Adriano Çelentano, Andrea Baçelli, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin və digərləri ilə duet oxuyub. Geniş vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar. Müğənni ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir. Bu günədək 14 albomu işıq üzü görüb.

Dünya şöhrətli müğənni Eros Ramazzotti eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox maraqlı məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nələr çatışmırdı?

-Uşaqlığım çox sevdiyim, gözəl bir dövrdür. Sevgi olduğu üçün hər şeyimiz vardı.

 -İllərlə zirvədə qalmağı necə bacarırsınız?

Bu yalnız bir iş deyil: mahnı oxumaq mənim həyatımdır. Gördüyünüz işi sevsəniz və qərarlı olsanız istədiyiniz hər şeyə nail ola bilərsiniz. Heç bir şey verilmir, amma hər şeyi qərarlılıq və ağır zəhmətlə fəth etmək olar. Əlbətdə ki, lazımi vaxtda bir az şans da kömək edə bilər.

-Bu ağır günlərdə sizi motivə edən nədir? Necə yaradıcı qala bilirsiniz?

-Kiçik şeylərdən ilham alıram: gəzməyə çıxmaq, uşaqlarımla oynamaq və söhbət etmək və təbiətlə təmas qurmaq.

-Uğurunuzu nəyə borculusunuz?

-Çətin iş və səmimiyyətin həmişə qarşılığı olur.

 -Gələcək üçün hansı planlarınız var? Sevənlərinizə nə söyləmək istərsiniz?

-Həmişə yeni musiqi və əsərlər üzərində işləyirəm. Özümü aktiv və motivasiyalı tutmağı sevirəm. Tezliklə yenidən qarşılaşacağıq.

– “Vita ce n’è” nin uğur sirri nədir?

-Vita Ce N’è çox səmimi bir ifadır, əsas mövzu sevgidir: sevgi hər şeyin mərkəzidir, hər kəsin inana biləcəyi nikbinlikdir.

-Mahnılarınızın ilham mənbəyi nədir? Kimin üçün yazmaq istərsiniz?

-Musiqimi  hər zaman ürəyimlə yazıram: duyğularınızı yazmaq və onları musiqiyə çevirə bilmək bir hədiyyədir. Və əgər bunu səmimiyyətlə etsəniz, insanlar onu hiss edəcəklər və hər şeyi sizə qaytaracaq. Uşaqlarım mənim əsas ilham mənbəyim, məni hərəkətə gətirən mühərrikdir. Ancaq gündəlik həyatın anlarından, yaşadığım və ya mənə söylənən hekayələrdən ilham alıram.

-Öhdəsindən gəldiyin ən böyük əngəl nə olub?

-Uçmaq qorxum.

– Qəbul etdiyiniz dəyərləri musiqinizdə necə tətbiq edirsiniz?

-Sadəcə hisslərimdən və həqiqətən kim olduğumdan danışıram. Bu, təbii bir prosesdir, kim olduğum mövzusunda sadəcə olaraq dürüstəm.

-Sizin izinizlə getmək istəyən birinə nə məsləhəti verərsiniz?

-Zəhmət həmişə qarşılığı olur. Xəyallarınıza sadiqsinizsə və özünüzə inanırsınızsa, sonda hər şey qaydasında olacaq.

-Necə xatırlanmaq istərsiniz?

-Bu barədə heç düşünmürəm. Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildin.

-Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

-Müəyyən bir şüarım yoxdur: həyatda təəssüflə yaşamamalıyıq, ancaq hər zaman inam və ümidlə  gələcəyə baxmağa çalışmalıyıq.

 -Həmişə gənc görünməyi necə bacarırsınız?

-Gənc qalmağa deyil, sağlam olmağa köklənmişəm. Hər gün məşq etmək, yerimək, açıq havada olmaq, sağlam yemək və yaxşı yatmaq üçün əlimdən gələni edirəm. Hamısı budur.

-Zamanı geriyə çevirsəydiniz siz hara qayıdardınız?

-Peşimanlıq hissi ilə yaşamıram: etdiyim hər şeyi edərdim.

-Nə vaxt çox xoşbəxt olursunuz?  Almaq, yoxsa vermək daha yaxşıdır?

-Şübhəsiz ki, vermək.

-Azərbaycan, Bakı necə xatırlayırsan? Azərbaycanlılarla bağlı unudulmaz xatirəniz nədir?

-Bütün dünyadakı pərəstişkarlarımla görüşə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanlılar da konsert turum zamanı məni çox isti qarşıladılar. Bu mənim üçün çox gözəl bir xatirədir.

-Azərbaycanın məşhur musiqiləri, Muğamlar haqqında heç eşitmisinizmi? Yenidən Azərbaycana səfər etmək istərsinizmi?

-Bu barədə eşitməmişəm. Amma həmişə yeni musiqilər tapmaqda maraqlıyam, təşəkkür edirəm. Konsert turu üçün getdiyim şəhərləri nadir hallarda gəzə bilirəm. Buna görə də bir gün Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

-Xəyallarınıza həmişə inanın, hər zaman özünüzə və digər insanlara qarşı səmimi və dürüst olun.

Hafiz Ahmadov

HafizTimes.com

`Azərbaycana getmək istəyərəm` – Əfsanəvi rok ulduz Bryan Adamsla eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz.

Oxuyun

Trend yazılar