Bizimlə əlaqə

Müsahibə

“Azərbaycana indi getmək zamanıdır”-Milyarder Rokfellerin varisləri: “Siqareti tərgitməlisiniz” (EKSKLÜZİV)

Yayımlandı

da

“Ariana Rokfeller  ilə evləndiyim üçün çox xoşbəxtəm”

“Bu inanılmaz tarixi yaşadığıma görə fəxr edirəm. İndi kim olduğumu daha yaxşı dərk edirəm”.

Metyu Baklin – İş adamı. Siqareti tərgitməklə bağlı səhiyyə mütəxəssisi. O, siqaret məhsullarından imtina ila bağlı nəhəng “Quit Company”nin qurucusudur. Həmçinin dünyada məşhur olan siqaret tərgitmə çayı “Quit Tea”nin yaradıcısıdır. Metyu Baklinin ailəsi İngiltərədə məşhur tikinti biznesinin sahibidir. O, həmçinin dünyanın ən nüfuzlu və zəngin ailəsi olan, Amerikanın ilk milyarderi mərhum Devid Rokfellerin yeganə nəvəsi Ariana Rokfellerin həyat yoldaşıdır.    

Dünyanın ən nüfuzlu, milyarder ailəsinin varisləri olan Metyu Baklin və Ariana Rokfeller cütlüyü eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. İlk dəfə olaraq Azərbaycan mətbuatına danışan Rokfeller ailəsinin varisləri həyatları ilə bağlı bir çox gizli məqamlara da aydınlıq gətiriblər. Onlar həmçinin müsahibə zamanı Bakı, Azərbaycanla da bağlı fikirlərini bölüşüblər.

HafizTimes.com Rokfeller ailəsinin gənc varisləri ilə eksklüziv müsahibəni  olduğu kimi tədim edir:

-Meytu Baklin sizi yaxından tanımaq istərdik…

-36 yaşım var.  Northeast Harbor, Maine şəhərindənəm. Həm ana, həm ata nəslim uzun illərdir ki, Yeni İngiltərə sahillərində yaşayırlar. Mən Maine-də kiçik bir liberal incəsənət məktəbində, Colby Kollecində təhsil almışam.  London və Nyu-Yorkda maliyyə və start-up sahələrində çalışdım.

-Siz “Quit Market” qurucusunuz. İşiniz barədə bizə nə deyə bilərsiniz? “Quit Market”-i  necə qurdunuz?

-“Quit Tea”-nin (Tərgitmə çayı) satışı ilə çox tez bir zamanda uğur qazandım. Bu çay siqareti tərgitmək istəyənlərə kömək edir. “Quit Tea” siqaret çəkmək  vərdişini daha sağlam  bir şeylə əvəz etməyə kömək edən bir bitki çayıdır. Mən anladım ki, siqaret çəkənlərin bu vərdişlərini tərgitmələri üçün yeni, real bir seçimlərə ehtiyacları var. Həmçinin siqaret çəkənlərin bu vərdişlərindən əl çəkmələri üçün  təqdim edilən bütün üsulların hamsının bir yerdə cəmləşmədiyini öyrəndim. Nəticədə siqareti tərgitmək istəyənlərə kömək edən bir çox unikal  üsulların bir yerə toplandığı QuitMarket.com elektron ticarət saytını yaratdım.

David C. Rokfeller, Ariana Rokfeller və Metyu Baklin

-Bu sahədə əldə etdiyiniz uğur-nailiyyətləriniz barədə bilmək istərdik. Belə bir gənc yaşda uğur qazanmağın şərtləri nədir?

-Hər hansı bir işə başlamaq çətindir. Mənim səhiyyə şirkətimin də fəaliyyət istiqaməti çox mürəkkəb idi. Əvvəllər çoxlu uğurlar qazandıq. “Quit Tea” böyük bir distribyutor tərəfindən satın alındı. Mən 4 kitab və bir akademik dərs vəsaiti yazdım.  CNBC-nin bizness xəbərlərində çıxışlarım yayımlandı. Konsultasiyalar keçməyimi, konfranslarda çıxış etməyimi xahiş  edirdilər. Ən əsası da minlərlə siqareti tərgitmək istəyənlərə kömək etdim. Şirkətiminizin sikaret çəkənlərə bu vərdişlərindən uzaqlaşmaları üçün kömək etdiyini görən zaman qürur duyuram. Hələ də qət etmək üçün uzun bir yol bizi gözləyir.

-Bizneslə bağlı ilk xatirələriniz nədir?

-Nyu-Yorkda MDRxFinancial üçün çalışırdım. Bu mənim  ilk işim idi. Dərman preparatları ilə bağlı maliyyə analitiki idim. Həmin vaxt dərman reseptləri və  sağlamlıq sahəsində şeylər öyrəndim.

Bu sahədə mənim ilk təhsilim idi. Öyrəndiklərim məni bir çox məhsulu yaratmağa,  əvvəl “Quit” Şirkətini, sonra isə “Quit Tea”i satmaq üçün “Quit Market”i qurmaq fikrinə gətirib çıxardı

-İşinizdə peşəkar olmaq üçün nələr edirsiniz?

-Düşünürəm ki, siqaret, tütün məhsulları aslılığı mövzusunda çıxan bütün elmi araşdırmaları oxumağa davam etmək çox vacibdir. Mən bütün sahələrdən olan insanlarla mümkün qədər çox görüşməyə çalışıram.

-Biznes sahəsində dünyanın ən nüfuzlu nəsillərindən biri olan Rokfeller ailəsinin üzvü olmaq necə bir hissdir? Bu ailə haqqında nə düşünürsünüz?

-Gözəl həyat yoldaşım Ariana Rokfeller  ilə evləndiyim və Rokfeller ailəsinin bir üzvü olduğum üçün çox xoşbəxtəm.  Rokfeller ailəsi dünya tarixində ən məşhur  nəsillərdən biridir. Bu nəsil uzun illərdir ki, mövcuddur. Bu isə Con D. Rokfeller nəslinin cəmiyyət ilə əlaqələri və düyaya verdiyi önəmin həqiqi bir isbatıdır.

-Ariana Rokfellerlə nikahınız haqqında bilmək istərdik. Necə tanış oldunuz və evləndiniz?  Məşhur Rokfelər ailəsinin yeganə varisi olan xanımla ailə həyatı qurmaq çətin olmadı ki?

-Ariana və mən yaz aylarında Mainedə kollecdə olduğumuz zaman  görüşdük. Biz kolleci bitirdikdən sonra Maine və Nyu-York şəhərlərində yaşadıq, nəhayət  28 yaşımız  olanda ailə həyatı qurduq.Evləndiyimizdə nə ilə qarşılaşdığım barədə heç bir fikrim yox idi. İndi gözəl nikah, ailə və xoşbəxt həyata sahib olduğum üçün özümü çox şanslı hiss edirəm.

 Ariana Rokfeller –  Amerikanın ilk milyarderi olan Standart OİL-un qurucusu John D. Rokfellerin yeganə nəvəsidir. Bir çox xeyriyyə təşkilatlarının rəhbəri olan Ariana Rokfeller  2014-cü ildə özünə aid yeni moda markasını yaratmağa başlayıb.  İlk kolleksiyası uşaqlar evinin divarında asılmış bir Pikasso rəsmindən ilhamlanıb. Atlara xüsusi sevgisi var.  3 yaşından bəri at minməklə məşğul olur:

-Atların ətrafında böyüdüm. Atları və at minməyi sevirəm. 3 yaşımdan bəri at minirəm.  Bizim at saxladığımız böyük bir mərkəzimiz vardı.  Lap körpə vaxtlarımdan  atlarla bağlı hər şeyi bilirdim. Atlarımın nəfəsi məni yaşamağa sövq edir. Dizaynlarımın çox hissəsini atlardan ilham alaraq yaratmışam.

Suzan Rokfeller, David Rokfeller , Ariana və Metyu Baklin

-Ariana xanım “Rokfeller” soyadı sizin üçün nə anlam ifadə edir?

-Amerikanın ən məşhur və ən zəngin ailələrindən birinin beşinci nəsil üzvü olmaq heç də asan bir şey deyil. “Rokfeller” soyadının məsuliyyəti də çoxdur. Amma mənim yaxşı dostlarım, atlardan ibarət dünyam və zövq aldığım işim var. Rokfeller ailəsinin bir hisssəsi olduğuma görə qürur duyuram. Bu inanılmaz tarixi yaşadığıma görə fəxr edirəm. İndi mən kim olduğumu daha yaxşı dərk edirəm. Güman edirəm ki, mən soyadıma layiqəm. Bu istiqamətdə doğru bir yol tutmuşam.

-Siz niyə neft sahəsini seçmədiniz?

-Mütləq ki, mənim də neft işinə girişəcəyimi düşünən insanlar çox idi. Amma bu  çox asan bir iş olardı.  Hər zaman bir marka yaratmaq istədim. Bunun üçün isə gərək bütün həyatını ora yönəldəsən.Mən böyük risk alaraq dizayn, geyim sahəsində öz işimi qurdum.

-Meytu Baklin, idmanla  aranız necədir? Hansı idman növü ilə məşğul olursunuz? Həyat yoldaşınız kimi siz də at minməyi sevirsiniz?

-İdman və məşqləri sevirəm. Çox aktiv və sağlam bir insanam. Qaçıram, üzürəm, ağırlıq qaldırıram, Brazilya Jui-Jitsu ilə məşğul oluram, krossfit, boks, xizək, yelkənli qayıq və velosiped sürməyi sevirəm. Atları  da sevirəm. Onların ətrafında olmaq, izləmək  əyləncəlidir. Amma at minməyi xoşlamıram.

-Yeni layihələriniz, hədəfləriniz nədən ibarətdir? Bucklin ailəsi nə işlə məşğuldur?

-Mən, həqiqətən də  biznes və bina tikintisindən zövq alıram. Bucklin ailəsi yüz ildən artıq müddətdir ki,  Maine sahilində tikinti işləri aparır. Atamın sahibi olduğu tikinti inşaatı biznesi 5 nəsildir ki, mövcuddur. Dülgərlik və bina işi mənim qanımdadır. Bu sahə ilə də daha çox məşğul olmaq üçün bir yol  tapmaq istərdim.

-Siqareti tərgitmək istəyən insanlara hansı məsləhəti verərsiniz?

-Mənim şəxsi nəzəriyyəmə görə insanlar bir çox səbəblərdən siqaretə meyilli olurlar. Kompleks və müxtəlif bənzərsiz individual səbəblər bura daxildir. Bəziləri üçün bu bir vərdişdir, bəziləri isə siqaret çəkməyə ehtiyacı olduqlarını özlərini inandırıblar. Bəziləri isə nikotinlə bağlıdır. Bir siqaret çəkən özü siqaret çəkmə səbəblərini daha yaxşı bilir. Bu zaman vədişi tərgitməsi daha asandır.

-Siyasət haqqında nə düşünürsünüz?

-Mən, həqiqətən də  siyasətdən ləzzət alıram. Tarixi başa düşməyə və daha dərindən düşünməyə çalışıram. Mən şəxsən inanıram ki, insanlar, siyasətçilərin əksəriyyəti xoş niyyətlidir. Biz hamımız eyni şeyləri istəyirik. Amma bu məqsədimizə necə çatacağımız barədə sadəcə olaraq hər birimiz fərqli fikirdəyik.

-Azərbaycan, Bakı haqqında düşüncələrinizi bilmək istərdik. Bakıya gəlmək istərdinizmi?

-Mən heç vaxt Bakıda olmamışam. Fikrimcə orda olmaq üçün çox həyəcanverici bir zamandır. Bir çox imkanlar və uğurla, sürətlə böyüyən bir yerdə olmaq çox əyləncəli olar.

-Uğur qazanmaqla bağlı gənclərə hansı mələhəti verə bilərsiniz?

-Dünya çox sürətli dəyişir. Belə ki, növbəti tendensiyaların nə olduğunu bilmək çətindir. Gələcək üçün hansı bacarıqların nə dərəcədə vacib olacağını  bilmək mümkün deyil. Beləliklə, hər hansı yeni, maraqlı layihələr, işlərlə məşğul olmağı təklif edirəm. Bunu etməklə çox şey öyrənə bilərlər.

 Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

“Atam baş nazirin ailəsinin süründüyünü görüb və qızı ilə evlənib” – N.Yusifbəylinin nəvəsi ilə TARİXİ MÜSAHİBƏ (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Evimizdə heç kim babam Nəsib bəy Yusifbəylidən bəhs etməzdi”

“Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb”

“Bundan sonra atam baş nazirin qızı ilə evlənməyə qərar verib”

“Bəlkə babamı da ermənilər öldürüb”

“Bütün həyatları boyu Vətən həsrəti ilə yaşamalı oldular”

“Atam deyərdi ki, ermənilər azərbaycanlılara qarşı hər zaman düşmən münasibəti bəsləyib”

“Ağ ruslar” da bizim evimizdən əksik olmazdı”

“Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar”

Oğuz Yusuf Göygöl – Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən biri, Azərbaycan hökumətinə başçılıq etmiş tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsidir. Atası Mirzə Göygöl Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri olub. Əmisi Çingiz Göygöl Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi, Azərbaycan Milliyyətçilər Dərnəyinin başqanı idi. Anası Zöhrə Yusifbəyli-Göygöl Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Nəsib bəy Yusifbəylinin qızıdır. Nənəsi Şəfiqə Qaspıralı-Yusifbəyli məşhur Krım tatar ictimai xadimi, “dildə, fikirdə, əməldə birlik” ideyasının müəllifi İsmayıl Qaspıralının qızıdır.

Tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsi Oğuz Yusuf Göygöl Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq  HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Oğuz Yusuf Göygöl ailəsi ilə bağlı illərlə gizli qalmış bir çox məqamlara aydınlıq gətirib. O, həmçinin ailəsinin fotoşəkillərdən ibarət şəxsi arxivini HafizTimes.com-a təqdim edib.

-Əvvəlcə özünüz haqqında danışaq. Uşaqlığınızı necə xatırlayırsınız? Göygöl ailəsində böyümək necə idi? İndi harada yaşayırsınız?

-Mən uşaq olan zaman həmişə İstanbulda, Yeşilköydə böyük bağçası olan evlərdə, hətta “köşk”lərdə kirayə qalardıq. Qohumlarımız bizə gələrdilər, bütün yay tətillərini bizimlə keçirərdilər. Evlərimiz hər zaman dəniz sahilində olardı. Anamın dayısı Heydər də Türkiyədə təhsil aldı. Daha sonralar isə Kayseridə məskunlaşdı. Həyat yoldaşının möhtəşəm bir sarayı da vardı. Çox zəngin idilər. Heydər dayı ailəsi və xidmətçiləri ilə bizə gələr, bütün yayı birlikdə keçirərdik. Onlar üçün üç növ süfrə qurulardı. Hətta xüsusi aşbazımız da vardı.

(Çingiz Göygöl, qardaşı Mirzə Göygöl və nəvə Tuluğ)

Xəlil dayi (Has?) bir gün atamı kənara çəkib məsləhət verdi ki, bu evdən heç vaxt qonaq əksik olmur, belə davam edə bilməz. Cavad qardaş da oxuyub həkim oldu. Atamın “yeğeni” idi, oxumaq üçün İrandan İstanbula gəlmişdi. O da bizimlə birlikdə yaşadı. Atamın Berlindən də tələbə yoldaşları gələrdilər. Atamın süfrəsi axasında həmişə xeyli insan əyləşərdi. Maaşı çox yüksək olsa da, heç vaxt pulu bir yerə toplayıb zəngin ola bilmədi. Bütün dostlar, qohumlar varlandılar, bizdə də yeyib-içdilər. Bundan sonra Cavad bəy Azərbaycan əsilli iranlı, çox zəngin bir xanımla ailə qurdu.

(Zöhrə Yusifbəyli və oğlu Oğuz Göygöl)

Mənim uşaqlıq illərim gözəl keçdi. Dəniz sahilində yaşamaqdan həzz alırdım. Yesilköy çox kosmopolit bir bölgə idi və xeyli sayda qeyri-müsəlman ailələr yaşayırdı. Onların uşaqları yay tətilində ataları ilə işləməyə məcbur idilər, biz isə (qardaşım və mən) səhər duran kimi dənizə gedirdik. 1952-ci ildə Almaniyanın Darmştadt şəhərinə təhsil almağa gəldim. 1963-cü ildən bəri Hamburqda yaşayıram.

(Məhəmməd Əmin Rəsulzadə də fotoda yer alıb)

-Ailənizin Azərbaycandan olduğunu nə vaxt öyrəndiniz? Atanız Mirzə Göygöl Azərbaycan haqqında sizə nələr danışardı?

-Atam öz millətini çox sevən bir insan idi. Bizə xüsusilə Gəncənin nə qədər gözəl olduğunu söylərdi. Azərbaycanı cənnətin bir hissəsi kimi təsvir edərdi. Azərbaycanın müstəqillik ildönümlərində bütün qohum-əqrabaları, dostlarını başına toplayıb həmin günü qeyd edərdilər. Bunun üçün gözəl yerlər icarəyə götürüb, əyləncələr təşkil edərdilər. 28 may 1918-ci il Azərbaycanda Cümhuriyyətin yaranması günüdür

(Mirzə Göygöl və xanımı Zöhrə Yusifbəyli)

-Bizə mərhum atanız Mirzə Göygöl, ananız Zöhrə Göygöl-Yusifbəylidən bəhs edin. Göygöl ailəsinin həyatını sizdən öyrəmək istərik. Valideynləriniz necə tanış olublar, evləniblər? Türkiyəyə köçməli olduqdan sonra hansı çətinlikləri yaşadılar? Axı ananız Zöhrə xanım Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin yeganə qızı idi…

-Atam millətçi bir insan olduğu üçün anamla nənəmin (Nəsib bəy Yusifbəylinin qızı və həyat yoldaşı: Zöhrə Yusifbəyli və Şəfiqə xanım Qaspıralı) İstanbulda tək yaşadıqlarını biləndə onları axtarır tapıb. Nənəm iki uşağı ilə birlikdə Sevastapoldan İstanbula qaçmağı bacarıb. Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) Qalatasaray Liseyində təqaüd ilə təhsil alıb. Anam isə Erenköydəki qız liseyindən məzun olub.

(Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım İstanbulda)

Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb. Daha sonra kim olduqlarını araşdırıb tapıb. Azərbaycan baş nazirinin həyat yoldaşı və uşaqlarının belə ağır vəziyyətdə yaşamaları atamı çox məyus edib, kədərləndirib. O, anamla evlənməyə qərar verib. Nənəmi də (Şəfiqə xanım Qaspıralı) öz yanlarına gətiriblər, birlikdə yaşayıblar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) isə ərzurumlu zəngin bir ailənin qızı ilə evləndi.

(Bu şəkili illərlə nənəm qoruyub, saxlayıb)

İş qurmaları üçün qayınatası onlara sərmayə verdi. Fəqət dayımı aldatdılar və təəssüf ki, pullar batdı. Dayım heç nəsiz ortalıqda qaldı. Daha sonra bir liseydə müəllim kimi çalışmağa başladı. Atam anamla evləndikdən sonra nənəmlə yanaşı, dayım da onlarla birlikdə yaşamağa başladı. Onlara da atamgil baxırdı.

Atam məni Almaniyaya göndərəndə dedi ki, heç vaxt alman qadınla evlənmə. Dostlarının hamısı alman qadınla evlənib, boşanmışdılar. Mən də atama qulaq asmadım. Atam haqlı idi. Alman qadınla nikahımız davam etmədi və ayrıldıq.

(Mirzə Göygöl, Zöhrə xanım, Oğuz bəy, Nuran xanım və Neriman Aykut)

-Göygöl Azərbaycanda Gəncə şəhəri yaxınlığında məşhur bir göldür. Necə oldu ki, siz “Göygöl” soyadını qəbul etdiniz? Atanız bu barədə sizə nə danışıb?

-Atamgilin keçmiş soyadı “Hacızadə” olub. Türkiyədə soyadla bağlı qanun tətbiq edilən zaman məmurlar atama deyiblər ki, “elə hacı-macı olmaz. Özünüz üçün başqa bir soyad tapın”. Cavad bəy tez “Gəncəli” soyadına sahiblənib. Atam da “Göygöl” sözünü soyad kimi qəbul edib. Hətta illər sonra atam öz evini qurarkən binanın adını “Gəncə” qoydu.

(Şəfiqə xanım Qaspıralı-Yusifbəyli)

– Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan babanız Nəsib bəy Yusifbəyli və həyat yoldaşı Şəfiqa xanım haqqında nələr bilirsiniz? Ananız ailəsi haqqında sizə nələr danışardı?

-Anam ailəsi haqqında danışanda yalnız İsmayıl Qaspıralıdan bəhs edərdi. Atası haqqında danışmazdı. Babam və nənəm haqqında çox şey bilmirəm. Nənəm kədərlənməsin deyə babam haqqında evdə heç kim danışmazdı.

(Babamın qoruyub saxladığımız rəsimi)

-Nənəniz Şəfiqə xanım Qaspıralını (Nəsib bəy Yusifbəylinin xanımı) necə xatırlayırsınız? Şəfiqə xanım Nəsib bəydən ayrıldıqdan sonra necə yaşadı?

-Qohumlarımızdan başqa bir çox rus dostumuz vardı. Onlar İstanbuldan qatara minib, Yesilköyə bizə qonaq gələrdilər. Yemək yeyib, çay süfrəsi açardılar. Corc adlı bir nəfəri də xatırlayıram. Rus kolbasalarını gətirib bizimkilərə satardı. Nənəm evimizə gələn qonaqları qarşılardı, yola salardı, uşaqlarla vaxt keçirərdi.

(Mirzə Göygöl, Zöhrə, Səlcuk, Oğuz Yusuf)

-Şəfiqə xanım həyat yoldaşı Nəsib bəy Yusifbəylidən necə bəhs edərdi?  Nəsib bəylə Şəfiqə xanım ayrılmışdılar? 

-Evimizdə bu mövzuda heç kim danışmazdı. Çünki nənəm çox kədərlənirdi. Nənəmi incitməmək üçün heç kəs bu barədə söhbət açmazdı.

-Nəsib bəy Yusifbəylinin öldürülməsi, məzarının yeri ilə bağlı nə bilirsiniz? Ailədə bu barədə nə danışardılar? Ananız Zöhrə xanım atasından necə bəhs edərdi? Nəsib bəyin də qatili ermənilərdi?

-Gəncənin yaxınlığında azərbaycanlı və ermənilərdən ibarət yanaşı kəndlər olub. Bəzi erməni kəndliləri azərbaycanlıları təhdid edib oradan keçmələrinə mane olurlarmış. Atam da çox ehtiyatlı hərəkət edərmiş. Bəzən erməni kəndliləri qışqırırlarmış ki, “kəndə ayaq basma, səni öldürəcəyik”. Bəlkə babamı da onlar öldürüb. Amma bununla bağlı məndə dəqiq məlumat yoxdur.

Anam heç vaxt öz atasından bəhs etməzdi. Rus qonaqlar daim ətrafımızda idi. Gələn qonaqlar bir-biri haqqında qeybət edərdilər. Anam və nənəm isə sadəcə olaraq onlara müvəqqəti xoş münasibət göstərərdilər. Yəqin ki, anam babamla bağlı onlara məlumat ötürmək istəməyib.

-Azərbaycan Cümhuriyyətinin Ədliyyə naziri, görkəmli şəxsiyyət eyni zamanda qohumunuz olan Halil Has Mehmet Gürgören (Xəlil bəy Xasməmmədov) haqqında nə bilirsiniz?

-İnsanlar daim bizə gəlib, gecə yarısına qədər söhbət edərdilər. Onların arasında “Xan” adlı biri də vardı. Çox güman ki, o da önəmli bir insan idi. Atam onlara deyirdi ki, Azərbaycan cənnət kimi bir ölkədir, həyət-bağlarının gözəlliyindən söz açardı. Atam ermənilərin azərbaycanılara qarşı hər zaman düşmən münasibəti bəslədiklərini də qonaqlara danışardı. “Ağ ruslar” da bizim evimizdən əksik olmazdı. Halil Has Mehmet Gürgörenin ailəsindən heç kimi tanımıram. Valideynlərim sağ olsaydılar onlar barəsində bilərdilər.

(Mirzə Göygöl, Çingiz Göygöl və nəvə Tuluğ)

-Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi olan əminiz Çingiz Göygöl necə bir həyat yaşadı? Əminizin övladları ilə əlaqə saxlayırsınız?

-Əmim Çingiz inşaat mühəndisi idi, öz şirkəti vardı. Evlərin damını tikirdilər. Qazancı bol idi. Biz uşaqlara həmişə xərcləmək üçün pul verərdi. Təəssüf ki, əmim qızı Türkizlə əlaqəmiz kəsildi. Əmim çox vaxt kefsiz olurdu. Çünki onun heç oğlan övladı olmamışdı. Daha sonralar isə çoxlu oğul nəvələri oldu.

-Azərbaycanla bağlı hansı xatirələriniz var? Azərbaycan sizin üçün nə deməkdir? Gəncəyə gəlmək istəyərsiz?

-Atamın iki böyük bacısı (sürgündən gəliblər) illər sonra Hamburqa bizi ziyarət etməyə gəlmişdilər. Daha sonra Viesbadendə yaşayan bacım Şuləyə də baş çəkdilər. Birlikdə çox gözəl vaxt keçirdik. Təəssüf ki, mən heç vaxt Azərbaycana getməmişəm.

Anam və atam quru yol ilə Azərbaycana gedəndə Naxçıvandakı erməni gömrük məmurları onlara qarşı ədəbsizlik edərlərmiş, çox kobud və qəddar münasibət göstərirlərmiş.

İndi isə Azərbaycana getmək çox asandır. Amma mən qocalmışam. İnşallah qızım və nəvələrim bir gün Azərbaycana gedərlər.

Atam həmişə vətən həsrəti ilə yaşadı. Anam da, atam da öz vətənlərindən uzaq düşdülər. Bütün həyatları boyu bunun kədəri ilə yaşamalı oldular. Mən də vətənim olan İstanbul, Türkiyəmi itirdim. Uşaqlığımın, gəncliyimin keçdiyi ölkə, şəhər artıq yoxdur və ya çox uzaqda qalıb.

(Meral Qaspıralı və Tuluğ Göygöl)

-28 May Azərbaycan Xalq Cümhuriyyətinin ildönümüdür (1918-ci il). Ailəniz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərindəndir. Azərbaycanda sizi sevən insanlara nə demək istərsiniz?

-İnsanlar bir-birlərinə hörmət etməli, yaxşı yola getməlidirlər.

-Cənnət Vətəninizi qoruyun, sahib çıxın.

-Bir millət, iki Cümhuriyyət.

-Sevgi, hörmət və salamımı göndərirəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

ABŞ Prezidenti Vilsonun nəticəsi: “AXC diplomatlarının 100 il öncəki bu fəaliyyətini dəyərləndirirəm” (TARİXİ MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

Hafiz Əhmədov

HafizTimes.com

(Tüstü ilə hazırlanmış əsər)

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `Azərbaycan gəncləri, həmişə səmimi və dürüst olun` (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Uşaqlarım mənim əsas ilham mənbəyimdir

“Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq”

“Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar”

“Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildim”

Eros Ramazzotti — Məşhur italyan müğənni və bəstəkar. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edir. O, Adriano Çelentano, Andrea Baçelli, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin və digərləri ilə duet oxuyub. Geniş vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar. Müğənni ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir. Bu günədək 14 albomu işıq üzü görüb.

Dünya şöhrətli müğənni Eros Ramazzotti eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox maraqlı məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nələr çatışmırdı?

-Uşaqlığım çox sevdiyim, gözəl bir dövrdür. Sevgi olduğu üçün hər şeyimiz vardı.

 -İllərlə zirvədə qalmağı necə bacarırsınız?

Bu yalnız bir iş deyil: mahnı oxumaq mənim həyatımdır. Gördüyünüz işi sevsəniz və qərarlı olsanız istədiyiniz hər şeyə nail ola bilərsiniz. Heç bir şey verilmir, amma hər şeyi qərarlılıq və ağır zəhmətlə fəth etmək olar. Əlbətdə ki, lazımi vaxtda bir az şans da kömək edə bilər.

-Bu ağır günlərdə sizi motivə edən nədir? Necə yaradıcı qala bilirsiniz?

-Kiçik şeylərdən ilham alıram: gəzməyə çıxmaq, uşaqlarımla oynamaq və söhbət etmək və təbiətlə təmas qurmaq.

-Uğurunuzu nəyə borculusunuz?

-Çətin iş və səmimiyyətin həmişə qarşılığı olur.

 -Gələcək üçün hansı planlarınız var? Sevənlərinizə nə söyləmək istərsiniz?

-Həmişə yeni musiqi və əsərlər üzərində işləyirəm. Özümü aktiv və motivasiyalı tutmağı sevirəm. Tezliklə yenidən qarşılaşacağıq.

– “Vita ce n’è” nin uğur sirri nədir?

-Vita Ce N’è çox səmimi bir ifadır, əsas mövzu sevgidir: sevgi hər şeyin mərkəzidir, hər kəsin inana biləcəyi nikbinlikdir.

-Mahnılarınızın ilham mənbəyi nədir? Kimin üçün yazmaq istərsiniz?

-Musiqimi  hər zaman ürəyimlə yazıram: duyğularınızı yazmaq və onları musiqiyə çevirə bilmək bir hədiyyədir. Və əgər bunu səmimiyyətlə etsəniz, insanlar onu hiss edəcəklər və hər şeyi sizə qaytaracaq. Uşaqlarım mənim əsas ilham mənbəyim, məni hərəkətə gətirən mühərrikdir. Ancaq gündəlik həyatın anlarından, yaşadığım və ya mənə söylənən hekayələrdən ilham alıram.

-Öhdəsindən gəldiyin ən böyük əngəl nə olub?

-Uçmaq qorxum.

– Qəbul etdiyiniz dəyərləri musiqinizdə necə tətbiq edirsiniz?

-Sadəcə hisslərimdən və həqiqətən kim olduğumdan danışıram. Bu, təbii bir prosesdir, kim olduğum mövzusunda sadəcə olaraq dürüstəm.

-Sizin izinizlə getmək istəyən birinə nə məsləhəti verərsiniz?

-Zəhmət həmişə qarşılığı olur. Xəyallarınıza sadiqsinizsə və özünüzə inanırsınızsa, sonda hər şey qaydasında olacaq.

-Necə xatırlanmaq istərsiniz?

-Bu barədə heç düşünmürəm. Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildin.

-Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

-Müəyyən bir şüarım yoxdur: həyatda təəssüflə yaşamamalıyıq, ancaq hər zaman inam və ümidlə  gələcəyə baxmağa çalışmalıyıq.

 -Həmişə gənc görünməyi necə bacarırsınız?

-Gənc qalmağa deyil, sağlam olmağa köklənmişəm. Hər gün məşq etmək, yerimək, açıq havada olmaq, sağlam yemək və yaxşı yatmaq üçün əlimdən gələni edirəm. Hamısı budur.

-Zamanı geriyə çevirsəydiniz siz hara qayıdardınız?

-Peşimanlıq hissi ilə yaşamıram: etdiyim hər şeyi edərdim.

-Nə vaxt çox xoşbəxt olursunuz?  Almaq, yoxsa vermək daha yaxşıdır?

-Şübhəsiz ki, vermək.

-Azərbaycan, Bakı necə xatırlayırsan? Azərbaycanlılarla bağlı unudulmaz xatirəniz nədir?

-Bütün dünyadakı pərəstişkarlarımla görüşə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanlılar da konsert turum zamanı məni çox isti qarşıladılar. Bu mənim üçün çox gözəl bir xatirədir.

-Azərbaycanın məşhur musiqiləri, Muğamlar haqqında heç eşitmisinizmi? Yenidən Azərbaycana səfər etmək istərsinizmi?

-Bu barədə eşitməmişəm. Amma həmişə yeni musiqilər tapmaqda maraqlıyam, təşəkkür edirəm. Konsert turu üçün getdiyim şəhərləri nadir hallarda gəzə bilirəm. Buna görə də bir gün Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

-Xəyallarınıza həmişə inanın, hər zaman özünüzə və digər insanlara qarşı səmimi və dürüst olun.

Hafiz Ahmadov

HafizTimes.com

`Azərbaycana getmək istəyərəm` – Əfsanəvi rok ulduz Bryan Adamsla eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz.

Oxuyun

Trend yazılar