Bizimlə əlaqə

Müsahibə

“Ağıllı insan İslamın sülh dini olduğunu bilir” – Məhəmməd Əlinin qızları –“Azərbaycana gəlmək istəyirik” (EKSKLÜZİV)

Yayımlandı

da

“Azərbaycan müsəlman ölkəsidir. Azərbaycanı çox görmək istəyirik”.
“Edə biləcəyimiz tək şey atamın getməsinə icəzə vermək və onu Allaha təhvil vermək idi…”
“Atamın  etdiyi dua və ibadətlərin səs yazısına qulaq asıram. O, deyirdi ki, bir ürəyin əzabını dayandıra bilməsən heç vaxt rahat yaşaya bilməyəcəksən”.

 Məhəmməd Əli Boks əfsanəsi, ağır çəkidə üç dəfə dünya çempionu olmuş yeganə boksçu… 20 illik idman karyerası ərzində 56 döyüşdə qalib gəlib, 37-si nokautla başa çatıb. O, Kentukki ştatının Luisvil şəhərində tərtibatçı rəssam Cassius Clay-in və evdar qadın Odessa Clay-in ailəsində dünyaya göz açıb. 1964-cü ilin fevralında rəqibinə  qalib gələrək ağır çəkidə dünya çempionu olub. Daha sonra o,  adını və dinini dəyişərək Məhəmməd Əli edib. 1976-cı ilin payızında Məhəmməd Əli  idmandan getmək və özünü dinə həsr etmək planlarını açıqlayıb.1981-ci ilin dekabrında rinqdə  məğlub olduqdan sonra Məhəmməd Əli öz idman karyerasının başa çatdığını elan edib və öz məşhurluğundan dinini təbliğ etmək üçün istifadə etməyə başlayıb.  4 dəfə  ailə həyatı qurub. 9 övlada sahibdir. 75 yaşlı əfsanəvi boks ustası Məhəmməd Əli iki il öncə iyunun 4-də səhər saatlarında dünyasını dəyişib. Onun ölümünə səbəb kimi Parkinson xəstəliyinin nəticəsi olaraq ağ ciyərlər çatışmazlığı göstərilir.

Boks əfsanəsi Məhəmməd Əlinin  qızları  Hafiztimes.com-a eksküliziv müsahibə veriblər. Suallarımızı cavablandıran mərhum dünya çempiyonunun övladları  ataları ilə bağlı xatirələrini bölüşüb, həyatının gizli qalmış bir çox məqamlarına aydınlıq gətiriblər.

 

Hana Əli (Həna) Məhəmməd Əlinin üçüncü həyat yoldaşı Veronika  Porşedən olan qızıdır.

–  Əvvəlcə sizi daha yaxından tanıyaq…

 – 1976-cı ildə  dünyaya gəlmişəm. Atamın Veronika Porşe ilə olan 3-cü nikahından mən və bacım Laila (Leyla) dünyaya gəlmişik. Atamın birinci nikahdan heç bir uşağı olmayıb. İkinci həyat yoldaşından isə 4 uşağı olub. Digər iki uşağı isə  heç vaxt ailə həyatı qurmadığı bir qadından dünyaya gəlib. Talelərimizin fərqli olmasına baxmayaraq  biz bütün övladlar atamızın bizə bağışladığı sevgi və qayığını bir-birimizlə bölüşürük. Mən Kaliforniyada  balkonunda gül-çiçəklər olan dörd  mərtəbli bir binada nağıl kimi böyüdüm. Atam dünyada ən məşhur adam, anam isə ən gözəl qadın idi. Məşhurlar tez-tez bizim evimizi ziyarət edirdilər. Hovuz partiləri və sehirli şoular olurdu.  Həyat  gözəl idi.  Valideynlərimizin sevgisi ilə böyüyürdük.

– Atanızı necə xatırlayırsınız?  Yoxluğu ilə barışıbsınız?

-Atamın hələ də səsi qulağımda eşidilir,  darıxdığım zamanlarda  mənə bir rahatlıq  bəxş edir. Səhər namazları zamanı oxuduğu sözlərdən ibarət səs yazılarına qulaq asıram və  bütün dünyanın heyran olduğu atamdan yaşamaq üçün ilham alıram. Telefonumda atamın 6 dəqiqəlik bir səs yazısı var. Maşında olanda həmin səs yazısına  qulaq asıram.   Atamın ibadət etməsini, dualarını dinləyirəm.  Deyirəm ki, “Ey mənim Tanrım , nə böyük bir hədiyyədir, mən onunla birlikdə dua etdiyimi hiss edirəm”.

– Məhəmməd Əli necə bir insan, ata olub?

 –Atama həmişə bizə deyərdi ki, Allaha xidmət edin. Onun ən böyük məqsədi də bu idi. Deyirdi ki, bütün insanlara qarşısı sədaqətli, mərhəmətli olun. Bu zaman Allah sizi mükafatlandıracaq. Atam bizə şan-şöhrətli, zəngin insanların digər insanlardan üstün olmadığını öyrətdi. Onun fikrincə insanı ucaldan və kiçildən ürəkləridir. Atam bir çox məşhur insanlardan fərqli olaraq həyatına daxil olmaq istəyənləri çox məmnuniyyətlə qarşılayırdı. O mühafizədən imtina edirdi, insanlarla çox sərbəst formada ünsiyyət saxlayırdı. İnsanların ona sevgisi hədsiz idi. Qonaq evimizdə yaşayan evsiz insanları görmək üçün məktəbdən onların yanına gedirdim.

Atam isə onları küçədə görən kimi  “Rolls-Royce”-nu gətirib onları evimizə aparardı.  Onlara paltar alar, otellərə aparar və bütün xərclərini özü ödəyərdi. Atam məni qucağına oturdub gözlərimin içinə baxaraq deyirdi: “Hana, bir ürəyin əzabını dayandıra bilməsən, rahat yaşamayacaqsan”. Anamızla özümüzü daha rahat hiss edirdik. Amma mən atamın qızı idim. Bizə gülməli hadisələr danışar, əyləndirər, sehirli səhnələr göstərərdi.   Böyük iş stolunun arxasında oturub telefonla danışardı, diqqət mərkəzində olmaqdan ləzzət alırdı. Mən də gedib onun dizləri üstə oturardım.

 -Heç vaxt unutmayacağınız bir xatirənizi bölüşərdiniz…

-Atamla bağlı xatirələr zehnimə əbədi olaraq həkk olunub.  Həmin xatirələri elə bil hansısa bir qərb filmi kimi gözlərimin önündə canlanır. Atamdan mənə qalan xatirələri həmişə canlı tuturam, imkan vermirəm ki, köhnəlsinlər. Atamın bir sözünü heç vaxt unutmaram: “Başqalarına xidmət etmək, cənnətdəki otağın üçün ödədiyin kirayə haqqıdır”.

Atam tez-tez səyahət edirdi,  amma mənim  xatirələrimin çoxu evimizlə , onunla bağlı idi. Yaxşı xatırlayıram ki, o iş masasının arxasında işləyərdi, mən isə döşəmədə oturub oynayardım. Nə olursa olsun atamın qapısı həmişə açıq olurdu.  O evdə olan zaman  hər axşam bizimlə yemək yeyərdi. Yuxuya gedənə qədər mənə nağıllar danışardı. Səhər yuxudan isə öpərək oyadardı. Məktəbdən evə gəldiyim zaman saçlarımı sığallayardı. Sonra gəzməyə aparardı. Bəzən saçlarımı atam düzəldərdi.  Mən onun sayəsində özümü dünyanın ən xüsusi balaca qızı kimi hiss edirdim.

Hər yay atam bütün uşaqlarını bizim evə toplayırdı. O bizi öz Rolls-Roys avtomobilinə mindirib Los-Anclesi gəzdirirdi. Yol boyu  insanlar düzülərdi. Atamın adını çəkib sevgi ilə qışqırardılar. İnsanlar atama yaxınlaşıb, ona toxunamaq istəyirdilər. Atam isə onlara  əli ilə salam göndərərdi, işıqforun qırmızı işığında dayanıb avtoqraf verərdi.

-Atanızın həyatında çox sayda xanımların olması ilə bağlı məlumatlar dərc olunur. Qeyd etdiyiniz xoşbəxt ailəniz niyə tez  dağıldı? Niyə atanız Məhəmməd Əli bəzi qadınların qəzəbinə uğradı?

-On yaşım olanda  valideynlərim boşandılar və bizim bu xoşbəxt nağıl da  sona çatdı. Anam hələ atamla ilk tanış olduqları vaxtda, 18 yaşında  tibb üzrə təhsil alırdı. Bir əfsanə isə onu yolundan çıxarmışdı. Bu isə mənim atam idi. Atamın ikinci həyat yoldaşı Belinda və onun ətrafındakı mətbuat  atamı təhqir edirdilər.  O atamı anamdan uzaqlaşdırmağa çalışmaqla yanaşı çox kobud və hörmətə layiq olmayan bir qadın idi. Qadınlar atamın arxasınca qaçırdılar. Hətta bəziləri uşaqlarının atamdan olduğunu da iddia edirdilər. Bir gün atamın həyatında bir xanımın olduğunu bildik. Həmin qız onun yanına gələn zaman atamın gözləri parlayırdı. Amma atam bir daha heç vaxt başqa qadınlara anam kimi baxmadı. Mən şəxsən özüm bunu  görmədim.

– Valideynlərinizin boşandıqları günləri necə xatırlayırsınız? Atanız hansısa  qadına aşiq olmuşdu ?

– Valideynlərim boşandıqdan təxminən 30 il sonra  onun sevgi məktubları Los-Anclesdəki evdən tapıldı. Həmin məktublar zərfin içərisində idi. Anam heç vaxt həmin məktubları qəbul etməmişdi.Uşaq olduğum həmin vaxtlarda anamın atam üçün  kövrəldiyini görmədim. Mən bu ayrılığa görə həmişə anamı günahlandırdım. İllər sonra 2012-ci ilin bir yay gecəsində anamın bizdən uzaqlaşıb təkliyə çəkilərək həmin məktublara  baxıb ağladığını gördüm. Məktublardakı başlıqlar belə idi: “Gəl yenə cəhd edək, “Bizim sevgi hekayəmiz”, “Veronikam” və s. Anam isə “mənim üçün  heç vaxt mübarizə aparmadın” deyirdi, gözlərindən yaşlar axırdı. Biz də ağlamağa başladıq. Anam bizə dedi: “O, heç vaxt parkinson xəstəliyinə düçar olduğunu mənə deməyib. Ancaq hər şeyi boşandıqdan sonra öyrəndim. O, sevilməyə layiq bir insan idi. Onun ən böyük günahı bu idi ki, özü ilə bağlı hər şeyi ətrafındakılara danışmırdı. Mən çox vaxt onun harada olmasını bilmirdim. Çox əziyyət çəkdikdən sonra  ona qarşı duyğularım yavaş-yavaş yox olmağa başladı. Onu hər zaman düşünürdüm, amma artıq aramıza bir məsəfa qoymağa məcbur idim”.

Valideynlərimin sevgi hekayəsini dərk etməyə çalışmaq mənim ürəyimə əziyyət verirdi. Bütün ailəmizin bir evdə yaşamasının sona çatmasına artıq bircə həftə qalmışdı. Yaxşı xatırlayıram,  nənəm və xalam anamın əşyalarını toplayırdılar,  xoşbəxt anlarımızın əks olunduğu şəkillərimizi gizləyirdilər. Atam isə aşağı mərtəbədə boş ofisində tək qalmışdı.  Anama olan sevgisini etiraf etmək üçün əlindən heç nə gəlmirdi.  Amma  sevgi məktublarını heç vaxt anama göstərmədi.

Atam tez-tez  yeni evimizə bizi ziyarət etməyə gələrdi. Daha sonra o,  dördüncü həyat yoldaşı Yolanda Villiamsla ailə həyatı qurdu və Miçiqan şəhərinə köçdü.  Bəzən atam bizə gələndə nahar edərdi.  Onu buraxmamaq üçün  bütün gücümlə qucaqlayardım. Maşına yaxınlaşanda gözlərimdən yaş axardı. O isə maşını yavaş sürərək geriyə, bizə baxardı. Tək olduğu üçün narahat olurdum. Həmişə fikirləşirdim ki, görəsən atam yemək yeyib.  Düşürdüm ki, birdən atam evin açarını itirər və bayırda qalar.  Çox narahat olurdum.  Həmin günlər yaddaşımdan heç vaxt silinməyəcək. Mənim dünyam atam və anamdan ibarət idi. Bir gün gəldi hər şey puç oldu. Atamsız yeni evimizin pəncərəsindən baxmağım  və onun bizi ziyarətə gələn zaman atdığı addımları heç vaxt yaddaşımdan çıxara bilmirəm.

– Atanızın son günlərini necə xatırlayırsınız?

-Bir gün atamı ziyarətə getdiyimdə  onun dəri stulunda oturub televizorda özünün kardlarına baxaraq gülümsədiyinə şahid oldum. Jurnalistlərə  Corc Foremeni necə məğlub etməsindən danışırdı. Birdən mənə tərəf dönüb dedi ki “Gör mən kim idim…”. Atama dedim ki, “sən hər zaman elə də olacaqsan”. Üzündə olan sevinc hissini təsvir edə bilmərəm. Gülümsəyərək televizora baxdı. O artıq 72 yaşlı parkinson xəstəsi olan bir insan idi. Daha sonra keçmişimizlə  bağlı ürəyimdə bəzi yaraların olduğunu hiss etdim. Həmin an qərar verdim ki, kədər və itki ilə qarşılaşan zaman mən də atam kimi etməliyəm. Edə biləcəyimiz tək şey onun getməsinə icəzə vermək və onu Allaha təhvil vermək idi…

– Məhəmməd Əli heç vaxt unudulamayacaq…

-O, həmişə  həyatdan çox şey öyrəndiyini deyirdi.  Çox erkən yaşlarımızdan bizə baş verəcək hər şey ilə necə davranacağımızı öyrədib. Boksla məşğul olmadığı  vaxtlarda o düşünürdü ki, dünya onu xatırlayacaqmı? Mən isə həmişə deyirdim ki, ata sən heç vaxt unudulmayacaqsan.  Buna görə atam mənə çox minnətdarlıq edirdi. Bu gün siz də çox uzaq bir ölkədə, Azərbaycanda onun haqqında düşünürsünüz, sevgi və hörmətinizi ifadə edirsiniz.  Bu da bir daha sübut edir ki, Məhəmməd Əli heç vaxt unudulmayacaq.

-Kədərli olan zaman  mən də atam kimi xoşbəxtliyi hiss edirəm.

-Hələ lap uşaq olarkən atam bizə öyrətmişdi ki, bir gün o da öləcək, hamımız öləcəyik, bu həyatın bir hissəsidir. Ağlamaq və kədərlənmək yaxşıdır, bu, sağlam bir emosiyadır. Amma belə vəziyyətdə çox da qalmalı deyilsən.Allahı günahlandırmaq,  “niyə axı mən” demək lazım deyil.  Çünki bütün bunlar biz yer üzünə gəldiyimiz zaman  aldığımız  şansın bir hissədir. Bu isə yaxşı və pis olur.

-Azərbaycanla bağlı nələr bilirsiniz? Azərbaycandakı Məhəmməd Əli sevənlərə nə demək istərdiniz?

 -Siz müsahibə ilə bağlı müraciət edən zaman  biz  də Azərbaycanla bağlı maraqlandıq. Müsəlman ölkəsidir. İnternetdə şəkillərə baxdım. Paytaxtınız çox gözəldir. Biz müsəlman ailədə böyümüşük. Çox sevindim ki, dünyada belə inkişaf etmiş bir müsəlman ölkəsi  var. Atamı sevən, onu heç vaxt unutmayan, ürəyində yaşadan hər kəsə öz sevgilərimizi göndəririk. Onların sevgisi ilə Məhəmməd Əli hər zaman bizimlə olacaq. Ümid edirəm ki, bir gün  Azərbaycana gedəcəyik.

Mayrum Əli  (Məryəm)-  Evdə  iki ekiz bacım da var:  Cəmilə və Rəşidə.  Yaxşı xatırlayıram ki,  bir dəfə ailəlikcə İsveçrəyə getdik. Atam Sürixdə bir alman döyüşçüsü ilə qarşılaşacaqdı.  Hər gün məşq edirdi.  Məşq zamanı onu bir it möhkəm dişlədi.  Milad bayramı idi. Amma biz İslam tərbiyəsi aldığımıza görə bu bayramı qeyd etmirdik. Mən də atam kimi olmaq istəyirdim.  Onun yanına getdiyimi və ona heyranlıqla baxdığımı hər kəs yaxşı bilir. Oteldə qaldığımız zaman bir anı yaxşı xatırlayıram. Atam üzünü qırxırdı. Kremi üzünə çəkib ülgüclə təmizləndiyini gördüm. Uşaq idim. Atam hamamdan çıxan kimi ora girdim və atam kimi ülgüclə kremi əlimə götürdüm və atamın etdiklərini təkrarladım. Hamamı qan qötürdü. Anam içəri daxil oldu, qanı görən zaman o huşunu itirdi.  Həmin ülgüc çənəmi kəsmişdi. Hələ də o kəsiyin izi üzümdə qalıb. Və mən o kəsik izinə baxanda uşaqlıq illərimizi, atamı xatırlayıram. Atam həmişə döyüşlərə, məşqə gedən zaman ağlayırdım ki, məni də özü ilə aparsın. 1973-cü ildə Kenny Nortonla döyüş zamanı çənəsi qırıldı. Atam evə çənəsi sarğıda gəldi.  Həmin gecə səhərə qədər atama baxıb ağlamışdım.

-Ağbəniz bir gənc atamı bərk qucaqladı, ağlaşmağa başladılar…

 -Atam bizim yanaqlarımızı öpməyi sevirdi. O, çox erkən yaşlarımızda bizə bir valideyn kimi dünya, həyat haqqında məsləhətlər verirdi. Mənim 10-11 yaşlarımda o mənə oğlanlar haqqında danışmağa başladı. Müsəlman qızların niyə sevgilisinin olmadığını izh etdi. Onun düşüncələri çox təsirli idi. O bizə özümüzü tapmaq üçün məsləhətlər verirdi. Biz hələ çox körpə olanda atamızın məşhur olduğunu başa düşürdük. İctimaiyyət arasına çıxdıqda hamı ətrafımıza toplaşırdı, ona  heyranlıqla baxırdılar.14 yaşımız olardı. Kaliforniyada atamla birlikdə restoranda oturub yemək yeyirdik. Birdən ağbəniz bir gənc oğlan bizə yaxınlaşdı. Atamın heyranı olduğunu dedi. Atam da onu bizimlə oturmağa dəvət etdi. Həmin gənc oğlan atama ona aşılanmış olan irqçiliyi içərisində necə yox etdiyindən danışdı.  Atam və həmin gənc oğlan eyni vaxta hönkür-hönkür ağlamağa başladılar.  O zaman atamın boksçudan daha yüksəkdə duran bir insan olduğunu başa düşdüm.

-İslamı dünyaya daha düzgün formada təqdim etməliyik…

– Bilməliyik ki, hər bir dinin pis tərəfi də olur. Çox təəssüf ki, bəziləri bu gün İslam dinini dünyaya pis  formada təqdim etməyə çalışırlar. Biz də öz növbəmizdə İslamın həqiqi təmsilçiləri olaraq bu dini dünyaya ən yaxşı  formada təqdim etməliyik.  Əgər sizin ağlınız, düşüncəniz varsa , bu dinin sülh dini olduğunu görə bilərsiniz. Çox insan buna inanmaq istəmir, ya da ki, araşdırmağa çalışmırlar.  Fikrimcə insanlar təkcə İslam dinini yox,   meyl etdikləri bütün dinləri araşdırmalı və öyrənməlidirlər. Atam din, irq və cinsindən aslı olmayaraq hər kəsi sevdi, hörmət etdi. Və bizlərə də bunu  öyrətdi. Məncə atam bir örnəkdir.  O, da mükəmməl deyildi. Amma çox səmimi idi və Müsəlman dinimizin bütün dəyərlərini hər kəsə nümayiş etdirə bildi.

-Məhəmməd Əli niyə İslam dinini seçmişdi? Siz də İslam dininə ibadət edirsiniz?   

Hana Əli (Həna Əli )- Atam gözəl, müdrik və sülh dini olduğu üçün İslamı seçdi. O, İslamı çox sevmişdi. İnanırdı ki, İslamın təbliğ etdikləri amerikalı qara dərililəri məruz qaldıqları zehni köləlikdən xilas edəcək. Mən də İslamın gözəl bir din olduğunu hiss edirəm. Atam bəzi ekstremistlərin İslamı pis formada təmsil etdiklərini görən zaman təəssüflənirdi. O, həmişə deyirdi ki, İslam sülh dinidir.

Hafiz Əhmədov

 

 

 

Reklam
Şərh yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müsahibə

“Azərbaycan gözəl ölkədir” – Nazim Hikmətin xəyanət etdiyi Pirayəsinin ƏFSANƏVİ NƏVƏSİ (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Nazimi çox ittiham etmirəm. Çünki həbsxanada yaşayan mən deyildim”.

“Pirayə nənəm Nazimdən ayrılsa da onun bütün şeirlərini, məktublarını qoruyub saxladı, çap etdirdi

Kənan BengüTürkiyənin əfsanəvi voleybolçusu. 20-ci əsr dünya ədəbiyyatının ən böyük şairlərindən biri Nazim Hikmətin uğruna şeirlər yazdığı, “sən mənim ən yaxın insanımsan” dediyi, 14 illik həyat yoldaşı “qızılı saçlı” Pirayənin nəvəsidir. 

Qeyd: “Çox sayda qadınlarla birlikdə olmasına baxmayaraq Nazim Hikmətin qəlbində kimsə Pirayəni əvəz edə bilməyib. Pirayə ölkə xaricində konsertlər verməyə gedən həyat yoldaşının yolunu iki uşağı ilə gözləyən 24 yaşlı qadın.  Yeni boşanmış Nazim isə Pirayəni görən kimi onun qızılı saçlarına aşiq olur. Hər iki tərəfin ailəsi bu sevgiyə qarşı çıxırlar. Pirayə evli, iki uşaq anası, Nazim isə  cibində bir qəpiyi də olmayan kommunist bir şair. Bütün çətinliklərə baxmayaraq onlar 1932-ci ildə ailə həyatı qururlar. Hər şeyin yolunda getdiyi bir vaxtda Nazim həbs olunur. Əvvəlcə Nazimin edam edilməsini tələb edilir. Daha sonra həbs cəzası ilə əvəz edilir. Nazim Hikmət ömrünün 12 ilini həbsxanada  keçirməli olur. Pirayə bu illər ərzində həyat yoldaşı Nazimi həbsxanada ziyarət edir, ümidlə yolunu gözləyir, sevgi, hörmət və sədaqətini ifadə edir. N. Hikmət də Pirayənin birinci nikahından olan övladlarına doğma ata kimi yanaşır, həbsxanadan göndərdiyi məktublarında Pirayə və onun övladlarına olan sevgisini ifadə edir. Nazim həmçinin həbsxanada yazdığı ən gözəl şeirilərini də məktubla Pirayəyə göndərir. Nəhayət 12 ildən sonra Nazim azadlığa çıxanda öz vəfalı həyat yoldaşı Pirayənin deyil, yeni sevgilisi, dayısı qızı evli Münəvvərin yanına gedir. Münəvvər də birinci həyat yoldaşından ayrıldıqdan sonra N. Hikmətlə evlənir. Cütlüyün bir oğlan evladı dünyaya gəlir. Nazim Hikmət 14 il evli qaldığı, sonda xəyanət etdiyi Pirayənin oğlu Mehmetin adını Münəvvərdən dünyaya gələn öz doğma oğluna qoyur. Bir müddət sonra Nazim Münəvvəri və oğlu Mehmeti də əbədi tərk edib Sovet Rusiyasına köçür və yeni-yeni eşqlərə meydan açır…”.

Türkiyə mətbuatının Nazim Hikmətin nəvəsi kimi təqdim etdiyi peşəkar idmançı, əfsanəvi voleybolçu Kənan Bengü eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı özü və ailəsi ilə bağlı bir çox önəmli məqamlara aydınlıq gətirib:

– Qeyd edim ki, mən sevgi və hörmət duyduğum Nazim Hikmətin doğma nəvəsi deyiləm. Bir çox insan bunu dəqiq bilmir. Buna görə də məsələyə aydınlıq gətirmək istəyirəm. Pirayə xanımın Vedat Orfi Bengü ilə olan nigahından iki övladı dünyaya gəlib. Biri mənim atam Mehmet Fuad Bengü, digəri isə bibim Suzan Yasavul (Bengü). Mən Nazim Hikmətin bir zamanlar həyat yoldaşı olmuş Pirayə xanımın doğma nəvəsiyəm. Nazim Hikmət Pirayədən sonra evləndiyi Münəvvər xanımdan dünyaya gələn doğma oğluna da “Mehmet” adını qoyub. Zaman-zaman yazılan məktublarda, şeirlərdə “Mehmet” adları qarışıq düşmüşdü. Bu məsələni dərindən bilməyən bəzi insanlar mənim atam Mehmet Fuadı Nazim Hikmətin doğma oğlu Mehmet Nazim kimi təqdim edirlər. Bu yanlışlığın bir səbəbi də budur ki, atam “Türkiyə Ədəbiyyatı”da Mehmet Fuad olaraq tanınır. Və atam Nazim Hikmətin bir çox yazılı əsərlərini anası Pirayə xanımın qoruyub saxladığı arxivindən götürüb özünün De Yayın Evi kanalıyla çap etdirib. Xüsusi ilə atam Mehmet Fuat Nazim Hikmətə böyük hörmət və sevgi bəsləyirdi, əsərlərini nəşr etdirirdi. Ədəbi mövzularda da Nazimlə bağlı doğru və geniş məlumata sahib olduğuna görə bir çoxları onu Nazim Hikmətin doğma oğlu kimi tanıyırlar.

-Bu açıqlamadan sonra bir az da öz həyatım haqqında məlumat verim. Mən gənclik illərimdə Türkiyədə hökm sürən qarışıq siyasi vəziyyətə görə atam tərəfindən daha çox idman sahəsinə yönəldildim. 10-40 yaş aralığında 30 il  peşəkar formada voleybol oynadım. 40 yaşımdan sonra İdman Marketinqi və Təşkilatları üzrə özümə aid bir şirkəti idarə etdim. 50 yaşımdan sonra peşəkar idman həyatımdan tamamilə uzaqlaşdım. Bu gün 58 yaşımda özümə məxsus bir yelkənli gəmidə ilin 7 ayını keçirirəm. Həmçinin də yelkənlə bağlı təlim keçirəm. Nəhayət ilin geridə qalan 5 ayını isə İstanbulda başa vururam. Ədəbiyyatla əlaqəm isə oxuyucu olmaqla yekunlaşır. Bu mövzda hər  hansı bir çalışmam olmadı. Qısaca olaraq deyim ki, Kənan Bengü sakit və təvazökar həyat sürür.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Necə bir aildə böyüdünüz?

-Uşaqlıq illərim daha çox təbiətlə əhatələnmiş bir formada keçdi. Anam və atam işlədiyi üçün mən və bibimin uşaqları nənəm Pirayə xanımın (Nazim Hikmətin həyat yoldaşı) əlində böyüdük.

Pirayə xanım çox savadlı, pedaqoq idi. Bizi hər mövzuda çox yaxşı yetişdirdi. Süfrədə çəngəl-qaşıq tutmaqdan, bağda pomidor yetişdirməyə, toyuq bəsləməyə qədər hər şeyi ondan öyrəndik. Sakit, sevgi və təbiətlə əhatələnmiş bir uşaqlıq illəri yaşadım.

“Nazim Hikmətin ailəsinin üzvü olmaq mənim üçün şərəfdir”.

-Pirayə xanım- Nazim Hikmətin nəvəsi olmaq necə bir hissdir?

-Pirayə xanımın yanında böyüdüyüm üçün onu daha yaxından tanıdım. Onun nəvəsi olmaq mənim üçün böyük bir şans idi. Mənim iki yaşım olanda isə Nazim Hikmət vəfat etdi. Onu heç vaxt yaxından görə bilmədim. Amma belə bir böyük şairin ailəsinin üzvü olmaq mənim üçün böyük bir şərəfdir. Nazim Hikmət 20-ci yüzilliyin ən böyük şairilərindən biridir. Ona sevgim və hörmətim hər zaman davam edəcək.

-Nazim Hikmət – Pirayə eşqini sizin dilinizdən öyrənmək istərik. Sizcə bu eşqdə nə çatışmadı?

-Mənim fikrimcə onlar bir-birini çox sevib, fikirlərinə böyük hörmət qoyublar. Ancaq həbsxanadakı illərə görə birlikdə vaxt keçirə bilməyiblər.  Pirayə və Nazim hər zaman bu eşqə hörmət ediblər. Ancaq həbsdə keçən illər, ailənin maddi vəziyyəti, Pirayənin uşaqlarını daha çox valideynlərinin yanında böyütməsinə səbəb oldu.

Nəticədə bir-birinə aşiq olan bu iki insanın uzaqda yaşamaq məcburiyyətində qalmaları bu eşqin ər-arvad münasibətlərini də müəyyən zaman ərzində tükətdi. Mənim fikirimcə bu eşqdə çatışmayan bu idi.

-Nənəniz Pirayə xanım Nazim Hikmətlə bağlı sizə nələr danışardı?

-Pirayə xanım Nazim Hikmətlə bağlı yaxşı və pis tərzdə heç vaxt danışmadı. Başqalarına da icazə vermədi. O zamanlar türk siyasətində Nazim Hikmətə qarşı aparılan qaralama kampaniyası üçün bir çoxları Pirayənin Nazim Hikmət haqqında pis danışması üçün xeyli işlər görüblər. Amma Pirayə heç vaxt Nazim Hikmət haqında pis danışmayıb. Nənəm Nazim Hikmət haqqında həmişə susub. Mənim fikrimcə Pirayə xanımın susmasının səbəbi isə Nazimi qorumaq, onun haqqında yalan-yanlış xəbərlərin yayılmasının qarşısını almaq idi.

-Nazim Hikmət xəyanət etdikdən sonra Pirayə xanım necə yaşadı? Pirayə xanım bu ayrılıqla bağlı nəsə danışırdı?

-Pirayə xanım Nazimdən ayrıldıqdan sonra susdu. Bu ayrılığın səbəbləri barədə danışmadı.Ancaq mənim anam və atam bu ayrılığın səbəblərini bilirdilər. Ancaq onlar da Pirayəyə olan hörmətlərinə görə susdular.

Bu mövzuda ən məlumatlı şəxs həm Nazimə, həm də Pirayəyə yaxın olan atam Mehmet Fuat idi.  Mehmed Fuad Nazimin ədəbiyyaçı şəxsiyyəti və əsərlərinin yayılması üçün böyük əmək sərf etdi. Əlbəttə ki, bütün bu əziyyətlərin arxasında da yenə Pirayə dururdu. Çünki Nazim həbsxanada yazdığı bütün şeirlərini bir-iki dostuna və Pirayəyə göndərirdi. Ancaq həmin insanların hamısı o vaxt Türkiyədə hökm sürən siyasi təzyiqlərə görə Nazimin əsərlərini yox etdilər. Pirayə isə Nazimin ona göndərdiyi əsələrin hamısını qoruyub saxladı. Nazim Hikmət Pirayəyə xəyənət etmiş olsa da Nazim böyük ədəbiyyat insanı idi. Pirayə bunu yaxşı bilirdi. Pirayənin Nazim Hikmətin  əsərlərini qoruyub saxlaması nəticəsində  bu gün onun bir çox əsərləri tam və doğru olaraq bütün dünyada yayımlanır.

-Pirayə xanımın Nazim Hikmətsiz həyatı necə keçdi? Yenidən ailə həyatı qurdumu?

-Pirayənin Nazim Hikmətsiz keçən həyatı barədə deyə bilərəm ki, o, Nazimdən ayrıldıqdan sonra uşaqları Suzan və Mehmet, gəlini İzgen, kürəkəni Metin Yasavul (Nazimin doğma qardaşı) və nəvələri Mehmet Əli, Nurhayat və mənimlə  sadə  bir həyat yaşadı. Erkenköydə satılan bir ərazidən əldə etdikləri pulla Altunizadə məhəlləsində oğlu Mehmed Fuad onun üçün iki mərtəbli ev tikdi. 1955-ci ildən etibərən orada yaşadılar. Evin baxçasında  Pirayənin çox  sevdiyi Ebruli hanıməli vardı. Pirayə xanım Nazimdən sonra heç vaxt evlənmədi, uşaqları ilə birlikdə yaşadı. 1995-ci ildə elə həmin evdə vəfat etdi.

-Siz Nazim Hikmətin nənəniz Pirayə xanımı tərk etməsi ilə bağlı nə düşünürsünüz?

-Məsələyə bir kişi gözü ilə baxdığım zaman deyə bilərəm ki, o,  həbsxanada keçən illərə görə həyat yoldaşından uzaq düşüb və ona yaxın münasibət göstərən qohumu Münəvvər xanıma tərəf hissləri meyillənib. Çox ittiham etmirəm. Çünki həbsxanada yaşayan mən deyildim. Mövzulara kənardan münasibət bildirmək fikrimcə doğru deyil. O insanın yaşadıqlarını, yalnızlığını, problemlərini bilmərik…

-Nazim Hikmət Pirayə xanımı tərk etdikdən sonra atanız Mehmet Fuadın Nazim Hikmətə (ögey atası) qarşı münasibəti necə dəyişdi? Yenə də ata-oğul kimi idilər?

-Atam Mehmet Fuat Bengü Nazim Hikmətə hər zaman yaxın olmağa çalışdı. Onunla yenə də görüşmək istədi. Ancaq o vaxtlar Nazimin yanında olanlar bu münasibəti xoş qarşılamadılar və mane oldular. Nəticədə atam müəyyən bir zamandan sonra Nazimdən uzaqda durmağa başladı. Ölkə xaricində də heç görüşmədilər. Ancaq atam Nazimi həmişə sevdi, hörmət etdi. Atamın onun bütün şeirlərini yayımlaması da buna bir nümunədir.

-Atanız Mehmet Bengü Nazim Hikmətlə bağlı sizə nələr danışardı? Nazim Hikmətin necə bir insan olduğunu söylərdi?

-Nənəm Pirayə vəfat edən qədər bu mövzuda atamla heç vaxt danışmadıq. 1995-ci ildə Pirayə vəfat etdikdən sonra atamla bu mövzuda çox danışdıq. Atam Nazimdən həmişə yaxşı danışırdı. Onun ədəbiyyatçı şəxsiyyətinə olan heyranlığının səbəblərini deyirdi. Atam Nazimin bir şeir yazarkən necə çalışdığını, detallara diqqət yetirdiyini söylərdi. Mehmet Fuatın özü də ədəbi fəaliyyəti zamanı çox detallara fikir verən idi. Düşünürəm ki, bu Nazimdən atama keçmiş bir davranış foması idi. Nazimin şəxsi həyatı ilə bağlı çox danışmazdı.

-Nazim Hikmətin Münəvvər xanımdan olan oğluna da atanızın adını (Mehmet) qoyması ilə bağlı nə düşünürsünüz?

-Kaş ki bu adı qoymamaydı. Çünki kimin kim olduğu, hansı şeiri kimə yazdığı, doğma və ögey oğlu arasında qarışılıq baş verməzdi.

– Nazim Hikmət Mehmet Bengüyə doğma ata ola bildimi?

-Nazimin həbsxanada keçən illərinə görə onlar fiziki olaraq çox da yaxın ola bilmədilər. Ancaq məktublaşmalarını oxuduğumuz zaman Nazimin Mehmet Fuatın düşüncə və yaşam tərzinə daha çox təsir etdiyini görürük. Mən də deyə bilərəm ki, atam ilə olan söhbətlərimdə hiss edirdim ki, Nazimin bir ata kimi təsiri onun üzərində çox olub. Çünki Mehmet Bengünün öz doğma atası onun 1 yaşı olarkən Pirayədən ayırılıb və onlar bir daha heç vaxt görüşməyiblər.

-Nazim Hikmətin doğma oğlu Mehmet Nazimlə heç əlaqə saxladınızmı? Atanızla Nazim Hikmətin doğma oğlunun münasibəti necə idi?

-Mən onunla heç vaxt münasibət qurmadım. Atamın da onunla üz-üzə görüşdüyünə inanmıram.Ancaq Nazim Hikmətin əsərlərini yayımlamaqla bağlı müəllif hüquqları icazəsi üçün müəyyən vasitəçilərlə əlaqə qurduğunu bilirəm. Çünki Nazimin varisi öz doğma oğlu Mehmet Nazim idi.

-Pirayə xanımla Nazim Hikmətin sonrakı həyat yoldaşı Münəvvər  xanım heç görüşdülərmi?

-Nazim Hikmət vəfat etmədən öncə Münəvvərlə Pirayənin qarşılaşdığını bilirik. Kitablarda da bu barədə yazılıb. Ancaq Nazimin vəfatından sonra onlar heç vaxt görüşmədilər.

 -Nənəniz Pirayə xanım və atanız Mehmet Fuat Nazim Hikmətlə bağlı sizə nə miras qoyular?

-Nazim Hikmətlə mənim aramda qanuni bir miras bağlılığı yoxdur. Ancaq Pirayənin qoruyub saxladığı rəsmlər, həbsxanada hazırlanan taxta əl işləri, Pirayəyə yazdığı məktubların orjinalları,  bir çox şeir də Pirayədən biz övladlarına miras qalıb.

-Nazim Hikmətin daha çox hanşı şeirini bəyənirsiniz?

-“Kuvayi Milliye Destani” və “Memleketimden İnsan Manzaraları”nı hər kəs kimi mən də çox bəyənirəm.

Bu dördlüyü də çox bəyənirəm:

Sana düşman, bana düşman

Düşünen insana düşman

Vatan ki insanların evidir

Sevgilim onlar Vatana düşman.

-Nazim Hikmətin evli qadınlarla eşq macəraları barədə nə deyə bilərsiniz?

Bu çox daha çox şəxsi həyata daxildir. Bu mövzuda fikir bildirmək istəmirəm.

Nazim Hikmət

-Atanız Nazim Hikmətin ölümüylə bağlı nə söylərdi?  Pirayə xanım Nazim Hikmətin ölümünü necə qarşıladı?

-O illərdə mən uşaq idim. Buna görə də hər şeyi bilmirəm. Sonra isə bu mövzuda Pirayəyə heç bir sual vermədim.

-Pirayə xanım ona xəyanət etmiş həyat yoldaşı Nazim Hikməti bağışladımı?

-Pirayə xanım bu mövzularda heç vaxt danışmazdı. Amma təxmin edirəm ki, ər-arvad münasibətlərinə son qoyduğu bu insanın sənətinə, fikirlərinə hər zaman hörmət edib.

Xüsusi ilə qeyd edim ki, Pirayə “Sənətkarın həyat yoldaşı olmaq çətindir” deyirdi. Sənətkarların “ruh hallarının fərqli olduğunu, hər növ fakta (Təbiət, qadın, kişi, hadisələr kimi) tez bir zamanda aşiq ola bildiklərini və bu eşqlərin fırtınalı ola biləcəyini” deyirdi. Nazim də bu fikirlərə çox uyğun bir sənətkar idi. Bu düşüncəsinə görə Pirayənin Nazimi çox ittiham etmədiyini, ona qarşı çox incik olduğunu düşünmürəm.

-Bakı, Azərbaycana gəlibsiniz? Azərbaycanla bağlı nə düşünürsüz?        

-Azərbaycana heç vaxt getməmişəm. Sadəcə olaraq gözəl bir ölkə olması ilə bağlı tez-tez məlumatlar eşidərəm. Azərbaycan və Türkiyə xalqlarının çox yaxın olduğunu bilirəm.

-Sonda gənclərə həyatları və idmanla bağlı hansı tövsiyyələri vermək istərsiniz?

-İdman insanın sağlamlığı baxımından çox önəmlidir. İdmanla məşğul olarkən yüksək səviyyəli bir idmançı olacağınızı düşünməyin. Hədəfiniz yüksək olsun amma buna çata bilməsəniz də idmanın sizə bəxş edəcəyi faydaları qarışıdakı həyatınızda hiss edəcəksiniz. Birlik, paylaşmaq və ya itirmək duyğusu, komanda şəklində çalışmaq, məğlub olduqca xətalardan dərs götürüb yeni hədəflərə köklənmək, stressi yönəltmək kimi bir çox duyğuları idman və sənət sayəsində əldə edə bilərsiniz. Buna görə də idmanla məşğul olmaq çox önəmlidir.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Əfsanəvi Freddi Merkyuri azərbaycanlı idi?” – bacısı Kəşmirə Bulsara ilə EKSKLÜZİV MÜSAHİBƏ (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Freddi Merkyuri (Fərrux Bulsara) – Böyük Britaniyanın əfsanəvi müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox “Queen” qrupunun solisti kimi tanınır. Freddi Merkyuri parlaq səhnə performansı və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşıb.

1946-cı ildə Tanzaniyanın Zənzibar adasında anadan olub. Valideynləri Bomi və Cer Bulsara Hindistana köçən Pars Zərdüştləri olub. Onlar Hindistandan Zənzibara Bominin Britaniya Koloniya İdarəsindəki işləri ilə əlaqədar immiqrasiya ediblər. “Bulsara” soyadı Hindistanın Qucarat ştatındakı Bulsar (Valsad) şəhərinin adından götürülüb. Dünya rok musiqisinin kralı 45 yaşlı Freddi Merkyuri 1991-ci ilin 24 noyabr tarixində gözlərini əbədi olaraq yumub. Ölümünün əsl səbəbi kimi QİÇS-dən əmələ gəlmiş sətəlcəm xəstəliyi göstərilir. Mənsub olduğu Zərdüştlük dininə əməl etməsə də, dəfni bu dinin qayda-qanunları əsasında həyata keçirilir. Cənazəsi Kensal adında Yaşıl Qəbirsanlıqda yandırılır amma, külünün yerləşdiyi yer hələ ki, heç kimə məlum deyil. Freddi Merkyurinin özündən kiçik Kəşmirə adlı bacısı da var. Freddi Merkyurinin ailəsinin Azərbaycan əsilli olması da iddia edilir.

Əfsanəvi müğənni Freddi Merkyurinin bacısı Kəşmirə Bulsara (Kashmira Cooke – Bulsara) eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq baş tutan bu müsahibə zamanı Kəşmirə Bulsara ailəsinin kökləri və qardaşı Freddi Merkyuri ilə bağlı mühüm məqamlara aydınlıq gətirib. O, ailəsinin Azərbaycan əsilli olması ilə bağlı yayılan iddialara da ilk dəfə olaraq HafizTimes.com vasitəsi ilə münasibət bildirib. Kəşmirə Bulsara həmçinin Freddi Merkyurinin iki özəl şəkilini də təqdim edib:

Kəşmirə Bulsara (Kashmira Cooke – Bulsara) – 1952-ci ildə Zanbizarda anadan olub, orada təhsil alıb. Roger Cooke ile evlidir. 67 yaşı var. Samuel Cooke adlı oğlu var.

-Kəşmirə xanım hazırda nə işlə məşğul olursunuz?

-Brian May ilə Fredinin keçmişini çəkirəm.

-Uşaqlıq illəriniz necə keçib? Freddinin bacısı olmaq çətin deyildi ki?

-Mənim uşaqlıq illərim normal keçib. Bəzən Freddi ilə mahnı oxuyurdum. Freddinin bacısı olmaq bir az çətin idi.

-Freddi Merkyuri ilə aranızda hansı oxşarlıqlar var?

-Mənim gözlərim və üzüm ona çox oxşayır.

-Freddi Merkyuri necə bir insan idi? Heç vaxt unutmadığınız bir xatirənizi bizimlə bölüşərdiniz…

-Freddi çox utanan oğlan idi. Amma həm çox sevimli, həm də gözəl idi. Mən yaxşı xatırlayıram ki, bir gün o mənə gül almışdı. Gülü mənə verdi və bərk qucaqlayıb dedi: “Kaş, sən mənim ən yaxşı bacımsan”.

-F. Merkyurinin tez bir zamanda şöhrət, uğur qazanmasının sizcə sirri nə idi?

-Düşünürəm ki, Freddinin uğur qazanmasının sirri onun xarizması ilə bağlı idi.

-Freddi Merkyurinin tarixdə ən böyük xidməti nə olub? Sizcə onun hansı əməli nümunə götürülə bilər?

-Mənim qardaşım kim olduğunun axtarışında idi… Onun musiqi sahəsinə böyük təsiri oldu. Freddi özü idi.  Özü olmaq isə yaxşı bir örnəkdir.

Kəşmirə Bulsaranın ailəsi, həyat yoldaşı və övladları

-Freddi Merkyurinin bacısı olmaq necə hisdir? O, evdə, ailədə necə bir insan idi?

-Freddinin bacısı olduğum üçün çox xoşbəxtəm. O, evdə də çox utancaq idi. Hətta mən onu bizimlə yeməyə dəvət edəndə də mənə güllər alırdı.

İndi isə onun sevənlərinə çox bağlıyam.

-Kimi daha çox qardaşınıza oxşadırsınız? Ailədə ona oxşar biri var?

-Marc Martel fiziki və vokal olaraq mənə qardaşımı xatırladır.

-Freddi Merkyurinin həyatının belə tez sona çatmasına nə səbəb oldu?

Fredinin həyatı çox kədərli oldu. Onun ölüm səbəbi AIDS və “sətələcəm” oldu.

Onun videolarına və şəkillərinə baxanda çox özümü xoşbəxt hiss edirəm.

– Azərbaycana səfər etmisiniz? Azərbaycan barədə nə deyə bilərsiniz?

-Xeyr. Mən heç vaxt Azərbaycana getməmişəm. Ona görə də bu haqqda heç nə deyə bilmərəm.

Kashmira Bulsara, Sam Cooke, Brian May- Freddi Merkyurinin evində

-Freddi Merkyurinin ailəsinin Azərbaycan (Cənubi Azərbaycan-İran) əsilli olduğu idda edilir. Bu nə dərəcədə doğrudur?

-Xeyr!  Freddi də “İndian Parsi” idi! O, Fərrox Bulsara adı altında dünyaya gəldi. “Zoroastrian Parsi” idi!

-Sonda Azərbaycanda Freddi Merkyuri sevənlərə,oxuyucularımıza nə demək istərsiniz?

-Freddi hələ də sizi sevir…

(Qeyd edək ki, müsahibə Freddi Merkyurinin bacısı oğlunun dəstəyi ilə baş tutub)

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Şuşadakı ailə ocağımıza gedə bilmədim”– Əhməd bəy Ağaoğlunun ƏFSANƏVİ VARİSİ (EKSKLÜZİV FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Azərbaycandan gəlmiş ziyarətçilər ailəmin məzar daşları üzərinə hər zaman çiçək qoyurlar. Həmin çiçəkləri görən zaman qürur duyuram.”

“Barış Manço Heydər Əliyevə mənim Azərbaycan əsilli olduğumu dedi” 

Əhməd Güvənç  – Türk musiqi tarixinin ən önəmli simalarından biri, əfsanəvi musiqiçi, gitarist. Məşhur “Kurtalan Ekspres” qrupunun baş gitaristi olan Əhməd Güvənç Barış Mançonun vəfatına qədər onunla birlikdə çalışıb, yaxın dost olublar. O, uzun illərdir ki, yaddaşlardan silinməyən, dillər əzbəri olmuş “Gülpembe” və “Dönence” adlı mahnıların bəstəkarıdır.

Əhməd Güvənç Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun nəticəsidir. O, 1951-ci ildə Əhməd bəy Ağaoğlunun nəvəsi Suna Gülərin birinci nikahından dünyaya gəlib. Mərhum Suna Gülər Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıranın övladıdır. Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıran isə Türkiyənin Qars bölgəsinin ilk qadın millət vəkili olub. Qeyd edək ki, ölkə rəhbərinin sərəncamı ilə Azərbaycanda bu il  Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunur.

Azərbaycanlı görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun nəticəsi, Türkiyə musiqi tarixinə adı qızıl hərflərlə yazılan əfsanəvi musiqiçi Əhməd Güvənç eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı ailə kökləri, həyatı, fəaliyyəti ilə bağlı bir çox önəmli məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini bölüşüb. Əhməd Güvənç Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Ağaoğlu ailəsinin şəxsi fotolarını, mühüm tarixi faktları da özəl olaraq HafizTimes.com-a təqdim edib:

Əhməd bəy Ağaoğlu

-Necə bir ailədə böyüyübsünüz? Əhməd bəy Ağaoğlunun ailəsinin bir üzvü  olmaq necə bir hissdir? Ağaoğlu ailəsi ilə bağlı fikirlərinizi bilmək istərik.

-Əvvəlcə ailəmə və mənə göstərdiyiniz hörmətə, sevgiyə görə sizə dərindən təşəkkür edirəm. Bizə olan bu münasibətiniz qürurvericidir.

Əhməd bəy Ağaoğlunun övladları: Sürəyya, Səməd və Gültəkin Ağaoğlu

-Çox təəssüf edirəm ki, hörmətli babam Əhməd bəy Ağaoğlunu heç vaxt görə bilmədim.  Amma mən Əhməd bəy Ağaoğlunun övladları nənəm Təzər Taşkıran, bacıları (xalalarım) Sürəyya və Gültəkin Ağaoğluların əllərində böyüdüm.  Hər biri mənim üçün çox əzizdilər. Mənim yetişməyimdə böyük əməkləri olub.

“Onlar mənə əxlaqlı olmağı, Vətəni sevməyi, Əziz Atatürk kimi intizamlı və çalışqan olmağı öyrətdilər”.  

Əhməd Güvənçin anası Suna Gülər

-Çox sevdiyim hörmətli anam Suna Gülər də qeyri-adi bir insan idi. Onların əllərinin içində böyümək mənim üçün böyük bir şans idi.

-Sizin adınızı kim qoyub? Bu adın Əhməd Bəy Ağaoğlu ilə bağlılığı var?

-İlk nəvə (nəticə) olduğuma görə mənə babamın (Əhməd bəy Ağaoğlu) adını qoyublar.

Əhməd Güvənç: “Nənəm Təzər Taşkıran və babam Nimət Taşkıran”.

-Babanızın Vətəni olan Azərbaycana heç səfər etmisinizmi?

-Barış Manço ilə  birlikdə 3 dəfə Azərbaycana səfər etmişik. Azərbaycana ilk getdiyim zamanlarda ermənilərlə müharibə dövrü idi. Bakıda bəzi qohumlarımı tapdım, Ağaoğlu binasını ziyarət etdik.

-Əhməd bəy Ağaoğlunun həyatı ilə bağlı nə bilirsiniz?

– Əhməd bəy Ağaoğlu Türkiyəyə gəldikdən sonra “məclisi məbusan” ilə ingilislər tərəfindən həbs edilib, Maltaya sürgünə göndərilib. Sürgündən göndərdiyi məhbus məktublarının hamısı məndədir. Üzərlərinə ingilis dilində məhbus məktubu damğası vurulub. Sürəyya xalam vəfat etmədən öncə bunları mənə əmanət etmişdi. Həmçinin Sürəyya xalam Əhməd bəy Ağaoğlunun heç vaxt yanından ayırmadığı kəhrəba təsbehini də mənə verib. Mən də sizə göndərdim…

Əhməd bəy Ağaoğlunun Maltda sürgündən göndərdiyi məhbus məktubu

-Babanız Əhməd bəy Ağaoğlunun doğulduğu Şuşa şəhəri də illərdir ki, erməni işğalı altındadır. Bu barədə nə bilirsiniz?

-Çox təəssüf ki, Azərbaycana getdiyimiz zaman müharibəyə görə Şuşadakı ailə ocağımızı ziyarət edə bilmədim. Turqut Özal ilə Azərbaycana ikinci ziyarətimizdə Bakı Havalimanının açılışında iştirak etdik, musiqilər ifa etdik.

“Barış Manço Heydər Əliyevə mənim Azərbaycan əsilli olduğumu dedi”

-Bu zaman hörmətli Heydər Əliyev üzünü mənə tərəf çevirib dedi: “Ata evinə xoş gəldin”. Həmin an çox sevinmişdim…

Əhməd bəy Ağaoğlunun Maltda sürgündən göndərdiyi məhbus məktubu 2

-Bakı ilə bağlı nə deyə bilərsiniz?

-İndi  Bakıya gedib-gələn dostlarımdan sizi xəbər alıram. Bakının çox gözəlləşdiyini görüb-eşidib sevinirəm.

Ağaoğluların ailə məzarlığı

“Ailəmin məzar daşları üzərinə hər zaman çiçək qoyurlar”

-İstanbul Feriköydəki ailə məzarlığımıza getdiyim zaman Azərbaycandan gəlmiş ziyarətçilərin məzar daşları üzərinə qoyduqları çiçəkləri görürəm, qürur duyuram. Hər nə qədər uzaq olsaq da qəlbim hər zaman sizinlə döyünür.

“Kurtalan Ekspres”: Barış Manço, Ahmet Güvenç və s.

-Musiqi fəaliyyətinizlə bağlı məlumat verərsiniz. Niyə musiqi sahəsini seçdiniz?

-Bildiyiniz kimi, mən Barış Manço vəfat edənə qədər onunla çiyin-çiyinə çalışdım. 25 il bərabər fəaliyyət göstərdik. Dünyanın bütün ölkələrində konsertlər verdik. Əlbəttə ki, “Gülpəmbə” və “Dönence” mənim bəstələrimdir.

-Azərbaycan musiqilərini də dinləyirsiniz?

-Azərbaycan musiqisini də hər bir Türk kimi yaxından izləyirəm.

“Bu il Barış Mançonu itirməyimizdən 20 il ötür”.

-Yəni ki, 20 ildir ki, “Kurtalan Ekspresi” yaşadırıq, hər bir konsertimizdə Barış Mançonu, 5 il bərabər fəaliyyət göstərdiyimiz Cem Karacanı və itirdiyimiz qədim dostum Bahadır Akkuzunu alqışladırıq, gənclərə xatırladırıq. Barışın vəfatından sonra təxminən 2000 konsert verdik, 4 CD çıxardıq.

Feriköy məzarlığının girişindəki bir kitabə

“Qeyd edim ki, Cem Karacanın atası da Azərbaycanlı idi”.

-Barış Manço deyirdi ki, insan xatırlanmadığı zaman ölür. Mən də özüm ölənə qədər bu əziz dostlarımın unudulmamasına çalışacağam.

-“Gülpəmbə” kimi unudulmaz bir mahnı necə yarandı?

-Ən gözəl musiqilər, bəstələr uzayda (kosmos) olur. Əgər çox çalışsan və  layiq olsan bir dənəsini almağına icazə verilər.

Əhməd bəy Ağaoğlunun heç vaxt yanından ayırmadığı kəhribar təsbehi

-Sonda Azərbaycanda  Ağaoğlu ailəsini sevənlərə nə demək istərdiniz?

-Bütün Azərbaycana və sizə sonsuz sevgilərimi göndərirəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar