Bizimlə əlaqə

Xəbər

`Atam bu qərarına görə heç vaxt peşman olmadı` – Tofiq Bəhramovun oğlu (FOTOLAR)

Yayımlandı

da

“Atamın adı bizə çox şey qazandırıb”

Azərbaycanın əfsanəvi futbol hakimi, 1966-cı ildə keçirilən Dünya Çempionatının finalında verdiyi qərarla tarixə düşən Tofiq Bəhramovun oğlu Bəhram Bəhramov jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıb.

-Tofiq Bəhramov ailədə necə insan idi?

-Atam bir az əsəbi idi. Futbol oyunlarına görə həyəcan keçirirdi. Daha çox xaricə gedən zaman onda narahatlıq hiss olunurdu.

– Mətbuatda belə məlumat yayılmışdı ki, Tofiq Bəhramov daimi yaşaması üçün İngiltərəyə dəvət olub, amma qəbul etməyib. 

–SSRİ vaxtı vəziyyət fərqli idi. Belə bir şey mümkün deyildi.

İndiyə qədər İngiltərədə “Uemblİ” stadionunun qarşısında quraşdırılmış monitorda 1966-ci ildə atamın idarə etdiyi oyun zamanı vurulan qol nümayiş etdirilir. Atamı İngiltərədə hamı tanıyır. Ona hörmətlə yanaşırlar.

-Ailənizdə Tofiq Bəhramovun yolunu davam etdirən varmı?

-Oğlum atamın adını daşıyır. O da Tofiq Bərahmovdur. Amma, futboldan uzaqdır, tamamilə başqa sahədə çalışır.

-Tofiq Bəhramov adı sizə nələri qazandırıb?

-Atamın adına hamı hörmət edir. Buna görə bizə heç vaxt ziyan gəlməyib. Əksinə, bu ad bizə çox şey qazandırıb. Atama görə mənə hər yerdə hörmət edirlər, tanıyırlar.

-Atanız sizin üçün ən çox nə ilə yadda qalıb?

-Atam nəvələrini çox sevirdi. Onları tez-tez bulvara gəzməyə aparırdı. Çalışırdı boş vaxtlarını ailəsinə sərf etsin. Bakı və ailəsi onun üçün çox əziz idi.

-Siz niyə atanızın yolunu davam etdirmədiniz?

-Tofiq Bəhramov kimi adamlar yüz ildə bir dəfə dünyaya gəlirlər. Adi bir hakim olmağa nə var ki…

-Tofq Bəhramovun adını daşıyan stadiona gedən zaman bilet alırsınız?

-Bilet nədir? Mən heç vaxt bilet almıram. Biletsiz keçirəm. Atamın adı mənim biletimdi. ViP zalda əyləşib, oyunları izləyirəm.

-Tofiq Bəhramovu ingilislər hələ də unutmayıblar. Bəs sizə qarşı münasibətləri necədir?

– İngilislər mənə həmişə hörmət göstərirlər. Məndən müsahibələr alırlar. Britaniyanın ölkəmizdəki səfirliyi bayramlarda məni tədbirlərə dəvət edir.

-Atanız sağ olsaydı, Azərbaycan futbolu hansı səviyyədə olardı?

-İndi hər şey dəyişib. Hazırda yaxşı futbol mütəxəssisləri, məşqçilər var. O vaxt Sovet dövrü idi. Şərait tam fərqli idi. Zaman keçdikcə inkişaf özünü göstərir. Onda “Neftçi”yə daha çox maraq vardı, indi isə “Qarabağ”a…

Atam peşəkar mütəxəssis idi. O, futbolla yaşayırdı. Həyatını futbola həsr etmişdi. Tofiq Bəhramov Azərbaycanı çox sevirdi. O, dünyanın 52 ölkəsində Azərbaycanı futbol sahəsində tanıdıb.

-Ənənəvi olsa da, soruşmaq istərdim: 1966-cı ildə tarixə düşən İngiltərə-Almaniya oyununda atanızın qərarı doğru idi? Yəni, həmin epizodda qol var idi?

-Atam ən doğru qərarı vermişdi. O epizodda 100 faiz qol var idi.

-Atanız bu haqda nə deyirdi?

-Atam həmişə deyirdi ki, həmin oyun zamanı qol vurulub. Kritik qərara görə, atam heç vaxt peşman olmayıb. Həmin epizodda top 10 santimetrə qədər qapıya girmişdi. Yəni, qapı xəttini keçmişdi. İllər ötsə də, atamın doğru qərar verdiyinə əminəm.

-Atanızın son günlərini necə xatırlayırsınız?

-Atamın ürəyi xəstə idi, iki dəfə infarkt keçirmişdi. Ağır günlər keçirirdi.

-Tofiq Bəhramovu sevənlərə nə demək istərdiniz?

-Hər kəsə can sağlığı arzu edirəm. Futbolu sevin. İnşallah “Qarabağ” da, milli komandamız da qalib olacaq.

Xəbər

`Babamın qisasını ermənilərdən aldıq` – Xoyskinin nəticəsi: “İnanıram ki, onun başını uca etdim” (EKSKLÜZİV-FOTO)

Yayımlandı

da

Tərəfindən

“Həmin vaxt qisas hissi keçirirdim”

“Bizi döyüşdən-döyüşə aparan da məhz bu idi”

Vətən müharibəsində iştirak edən döyüşçülərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) lideri, qurucularından, AXC-nin ilk baş naziri Fətəli xan Xoyskinin həyatda olan yeganə varisi, nəticəsi Murad Hüseynovdur. O, sentyabrın 27-dən etibarən Azərbaycan ordusunun sıralarına qoşulub və Qarabağın işğaldan azad olunması uğrunda döyüşüb.

Bu yaxınlarda tərxis edilən Azərbaycan Xalq Cümhuriyyəti liderinin nəticəsi Vətən Müharibəsi ilə bağlı xatirələrini eksklüziv olaraq HafizTimes.com-la bölüşüb. O, Azərbaycan Quru Qoşunlarında xidmət edib.

Fətəli xan Xoyski –AXC-nin ilk baş naziri , daxili işlər, hərbi, ədliyyə və xarici işlər nazirləri vəzifəsində çalışıb. 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal edildi. Bundan 53 gün sonra 1920-ci ilin iyunun 19-da Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi. Qeyd edək ki, Murad Hüseynovun anası Tamara  Xoyski  Fətəli xan Xoyskinin doğma nəvəsidir.

– Ölkəmizdə tətbiq edilən qismən səfərbərlik çağrışına əsasən mən də böyük qürur hissi ilə Azərbaycan Ordusunun sıralarına qoşuldum. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşdüm. Vətənimizi müdafiə etdik.

Əvvəl Cəbrayıl, daha sonra Füzuli istiqamətindəki döyüşlərdə iştirak etdim. Füzulidən Xocavəndə getdik. Oradan isə Şuşa və Laçına getdik, döyüşlərdə olduq.

-Ordumuzda ruh yüksəkliyi vardı. Bizi döyüşdən-döyüşə aparan da məhz bu idi. Düşünürəm ki, bu çox əsasdır. Müxtəlif çətinliklərimiz də oldu. Hava həddən artıq soyuq idi.

Ən əsası isə biz bu sınaqlardan başı uca və alını açıq keçdik. Allaha şükür olsun ki, hər şey öz qaydasındadır. Mən həm də Fətəli Xan Xoyskinin nəticəsi kimi bu sınaqlardan çıxdım.

-Sizin Azərbaycan Xalq Cümhuriyyəti liderinin varisi olduğunuzu döyüşçü yoldaşlarınız bilirdilər?

-Orada dost olduğum bir-iki nəfərə bu barədə demişdim. Onlar tariximizi yaxşı bilirdilər. Fətəli Xan Xoyskinin adını çəkəndə onlar artıq deyirdilər ki, o, kimdir və Azərbaycan qarşısında hansı xidmətləri olub. Bu barədə başqa heç kimə demədim.

– Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirilib. Bu barədə nə demək istərsiniz? Ermənilərə qarşı döyüşdüyünüz zaman nə hiss etdiniz? Fətəli Xan Xoyskinin qisasını ermənilərdən aldınızmı?

-Əlbəttə ki, qisas hissi keçirirdim. Babamın qisasını aldıq. Özü də ki, yüz faiz bu qisası aldıq. Bu mənim borcum idi. Bacardığım qədər bu borcumu ödədim. İnanıram ki, onun başını uca etdim.

-Qələbə xəbərini necə qarşıladınız?

-Biz ön xətdə döyüşürdük. Daha sonra Şuşanın müdafiəsində iştirak etdik. Döyüş qurtaran zaman minomyotların səsi azaldı. Bu bizim üçün çox xoş oldu. Hamımız sevindik. Bunu sözlə izah etmək çətindir. Biz torpaqlarımızı düşməndən azad etdik. Bununla da nöqtəni qoyduq. Buna sadəcə olaraq sevinmək lazımdır. İnşallah, gələcək nəsillər bu əziyyətləri çəkməzlər.

-Hansı xatirənizi heç vaxt unutmazsınız?

-Bizim sıralarımızda da şəhidlərimiz oldu. Əlbəttə ki, onları heç vaxt unutmarıq. Daimi qəlbimizdə yaşayacaqlar.

Yəqin ki, Şuşada “hinduşka” kababı yeməyimizi heç vaxt unutmarıq. 28 ildən sonra biz ilk azərbaycanlılar idik ki, Şuşada kabab çəkdik və dağlara baxaraq yedik.

-Azərbaycan əsgərinə nə demək istərsiniz?

-Allah onlara kömək olsun. Hər zamankı kimi möhkəm olsunlar. Bilirəm ki, çətinliklər mövcuddur. Amma bunlar müvəqqətidir.

-Sizə də medal verilmədi?

-Hələ verilməyib. Bu barədə məlumatsızam. Yəqin ki, verilər.

“Heç vaxt soyadımızı dəyişmədik”– Fətəli xan Xoyskinin nəvə-nəticəsi ilə geniş müsahibəni BURADAN oxuya bilərsiniz (EKSKLÜZİV FOTOLAR)

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Xəbər

“Oğluma babamın adını qoydum” – Hacıbəylilərin varisi: “Fransa tarixi unudub erməniləri müdafiə etdi” (EKSKLÜZİV-FOTO)

Yayımlandı

da

Tərəfindən

“Ceyhun Hacıbəyli yenidən doğuldu”

“Mən jet ski sürürdüm, sizlər isə Qarabağ üçün döyüşürdünüz”

“Azərbaycanda olsaydım Qarabağ uğrunda döyüşməyə gedərdim. Qarabağ Azərbaycandır!”

“Azadlıq uğrunda mübarizə aparan hər birinizlə qürur duyuram”

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Fransada yaşayan nəticəsi Jeremie Hacıbəyli HafizTimes.com-a ekslüziv müsahibəsində Hacıbəylilər ailəsində baş verən xoş hadisədən bəhs edib. O, yeni doğulan övladına babası Ceyhun Hacıbəylinin adını qoyduğunu qeyd edib: 

(Ceyhun Hacıbəyli, Jeremie və atası Klement Hacıbəyli)

“Bu gün oğlum dünyaya göz açdı. Ceyhun Hacıbəyli yenidən doğuldu. Ona babamın adını qoydum. Teremoana, Ceyhun Hacıbəyli. Bizim ailəmiz hər zaman yaşayacaq. Artıq babam Ceyhun Hacıbəyli də yaşayır. Hacıbəylilər ailəsi ilə qürur duyuram”, – deyə Jeremie Hacıbəyli qeyd edib.

(Teremoana, Ceyhun Hacıbəyli)

Jeremie Hacıbəyli Azərbaycan Ordusu tərəfindən Qarabağın erməni işğalçılarından azad olunmasına da münasibət bildirib:

“Mən sizin hərbi geyimdə şəkillərinizi gördüm. Könüllü əsgər olduğunuzu bilirdim. Azərbaycanda olsaydım mən də sizin kimi edərdim, Qarabağ uğrunda döyüşməyə gedərdim. Qarabağ Azərbaycandır!

(Ceyhun Hacıbəyli ailəsi ilə birlikdə illər öncə)

Azadlıq uğrunda mübarizə aparan hər birinizlə qürur duyuram. Mən adada günəşin altında idim. Sizlər isə müharibəyə getmişdiniz. Mən jet ski sürürdüm, sizlər isə Qarabağ üçün döyüşürdünüz. Sizin hər birinizlə fəxr edirəm”

(Jeremie Hacıbəyli həyat yoldaşı ilə birlikdə )

Jeremie Hacıbəyli Fransanın Qarabağ müharibəsi zamanı tutduğu qərəzli mövqedən də söz açıb:

“Fransa tarixi unutdu. Və erməniləri müdafiə etdi. Amma biz sizinləyik! Qarabağ Azərbaycandır!”

(Üzeyir Hacıbəyli)

Jeremie Hacıbəyli ilə bir müddət öncə baş tutan geniş müsahibəmizi BURADAN oxuya bilərsiniz. 

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Xəbər

“Azərbaycan əsgərlərinə təşəkkür edirəm” – Hacıbəylilərin fransız gəlini Şuşanın azad edilməsindən danışdı (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Ümid edirəm ki, Qarabağda uzunmüddətli sülh olacaq”

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Fransada yaşayan gəlini Paskal Hacıbəyli Buşe (Timuçin Hacıbəylinin həyat yoldaşı) dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin illər sonra Şuşaya qaytarılmasına  münasibət bildirib. Paskal Hacıbəyli Buşe HafizTimes.com-a açıqlamasında Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsindən də bəhs edib:

-Həyat yoldaşım Timuçin əmisi Üzeyir bəyin heykəlinin illər sonra yenidən Şuşaya – Hacıbəylilər ailəsinin “beşiyi”nə qaytarıldığını görsəydi çox xoşbəxt olardı, gözü arxada qalmazdı. Onun atası Ceyhun Hacıbəyli, əmisi Zülfüqar Hacıbəyli də Şuşa şəhərində  dünyaya göz açıblar. Timuçin Şuşadakı ailə evlərinin (ev muzeyi) dağılmasına görə dərindən kədərlənirdi. 1976-cı ildə Timuçin əmisi oğlu Niyazi ilə birlikdə Şuşada qalan zaman çoxlu şəkillər çəkmişdi. Həmin şəkilləri mən sizə göndərirəm.

-Bəs siz Şuşanı görmək istərsiniz?
-Əlbəttə ki, mən Şuşanı çox görmək istəyirəm.

-Şuşanı da işğaldan azad edən Azərbaycan Ordusuna nə demək istərsiniz?
-Şuşanı azad etdikləri üçün bütün Azərbaycan əsgərlərinə təşəkkür edirəm. Ümid edirəm ki, Qarabağda uzunmüddətli sülh olacaq.

(Timuçin Hacıbəyli, həyat yoldaşı Pasqal xanım və Ceyhun Hacıbəyli)

HafizTimes.com illər öncə Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli ilə baş tutan eksklüziv müsahibələri də olduğu kimi təqdim edir:

Ceyhun Hacıbəylinin gəlini, Timuçin Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe:

– 1959-cu ildə Paris ətrafında dünyaya göz açmışam. Fransalıyam. Sarbonna Universitetində Psixologiya və Paris Siyasi Araşdırmalar Universitetində İnsan resursları fakültəsində təhsil almışam. Uzun müddət HR mütəxəssisi işləmişəm, indi isə Avropa sosial fondunda inzibati və maliyyə administratoru işləyirəm.

(Pasqal xanım, Timuçinin birinci həyat yoldaşından olan oğlu Klement və R.Abutalıbov – Bakıda)

– Necə oldu ki, Hacıbəylilərin gəlini oldunuz?

-Mən Timuçinlə ilk dəfə 1984-cü ildə qarşılaşmışam. 1988-ci ildə isə ailə həyatı qurduq. 1990-cı ildə bizim bir oğlumuz dünyaya gəldi. Adı Benjamindir.

– Timuçin Hacıbəyli necə insan idi?

– Timuçin Fransanın Nitsa şəhərində doğulub. O, Azərbaycan dilində danışmırdı. İlk dəfə 1985-ci ildə Azərbaycana getmişdi. O, 1993-cü ildə isə dünyasını dəyişdi. Timuçinin birinci nikahından bir oğlu var idi, adı Jan Klementdir.

(Ceyhun Hacıbəyli ailəsi ilə birlikdə)

– Qayınatanız Ceyhun Hacıbəylini heç görmüsünüzmü?

-Ceyhun Hacıbəyli 1962-ci ildə vəfat edib. Buna görə də mən onu heç vaxt görməmişəm. Həyat yoldaşım həmişə öz ailəsi ilə fəxr edirdi. 1945-ci il müharibəsində onun atası, anası, əmisi və qardaşı Fransa üçün həyatlarını fəda etmişdilər. Timuçin uzun müddət Ramiz Abutalıbovla birlikdə çalışıb. O, atası ilə bağlı sənədləri Ramiz müəllimə verib.

Həyat yoldaşım xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra mən Hacıbəylilər ailəsinin tarixini oğlum Benjamin üçün qoruyub saxlamağa çalışdım. Mən azərbaycanlılara Parisdə Ticarət Palatası yaratmaqda kömək etdim. Həmin Palatada ictimaiyyətlə əlaqələr üzrə müşavir işləmişəm. Heydər Əliyevin Parisə səfərinin təşkil olunmasında iştirak etmişəm.

– Sizin üçün Üzeyir Hacıbəyov kim olub?

– Əlbəttə ki, Üzeyir Hacıbəyov musiqisi ilə tanışam. O, Qərb və Şərq musiqilərini sintez edən bəstəkar idi. Ənənəvi Azərbaycan musiqisinin dünyada tanınan məşhur milli musiqilər – məsələn, Rusiya, Türkiyə, Skandinaviya və İspan musiqisi kimi,- məşhurlaşması üçün çox çalışıb. “Arşın Mal Alan” həzin musiqili komediya, “Koroğlu” isə möhtəşəm operadır.

Ceyhun Hacıbəylinin Fransada yaşamış oğlu Timuçinin (1921—1993) övladı Benjamin Hacıbəyli:

“27 yaşım var. Fransanın cənubundakı Nice şəhərində anadan olmuşam. Parisdə böyüdüm.  Parisdə və Lyonda  Riyaziyyat, Kompüter elmləri və iqtisadiyyatı üzrə təhsil almışam. Hazırda Fransa İqtisadiyyat Nazirliyi üçün  iqtisadi analizlər hazırlayıram”.

– Siz Azərbaycanda hörmətli bir nəslin nümayəndəsisiniz. Hacıbəylilər nəsli barədə nə düşünürsünüz? Bu ailənin  digər üzvləri ilə əlaqə saxlayırsınız?

-Bilirəm ki, ailəmizi Azərbaycanda  hər kəs tanıyır. Bununla da fəxr edirəm. Bir çox sahələrdə uğurlu işlər görmüş  doğmalarımız var. Belə bir nəslin nümayəndəsi olmaq mənim üçün böyük şansdır.

Təəssüf ki,  ailəmizin digər üzvləri ilə əlaqəmiz yoxdur. Azərbaycandakılarla  olan əlaqələrimiz rus inqilabından bəri kəsilib. Sovet İttifaqı dövründə xaricdəkilərlə  təmaslar riskli idi. 70-ci illərə qədər ailəmizin üzvləri arasında demək olar ki, heç bir əlaqə olmayıb. Bilirəm ki, atam  70-ci illərdə Niyazi ilə tanış  idi.  Ancaq mən atamı çox görə bilmədim. Buna  görə də mən  heç kəslə əlaqə qura bilmədim.

(Benjamin Hacıbəyli və anası Pasqal Hacıbəyli Buşet)

 – Necə bir ailədə böyüdünüz? Uşaqlıq xatirələrinizi bölüşərdiniz…

-Mənim 3 yaşım olanda , atam Timurçin vəfat edib.  Məni anam Pasqal Hacıbəyli Buşet böyüdüb.  Mən özüm də tək uşaq idim. Atam da yox idi. Belə bir ailədə böyüdüm.  Bu məni anama daha çox yaxınlaşdırdı. Amma heç vaxt güclü bir ailə hissini duymadım.  Mən çox yalnız bir uşaq idim.

(Timurçin Hacıbəyli və həyat yoldaşı Pasqal Hacıbəyli Buşet)

– Azərbaycan sizin üçün nə məna ifadə edir? Bakıya, Azərbaycana səfər etmək istəyirsiniz?

-Ailəmizin bir hissəsi Azərbaycanda yaşayıb. Mənim üçün Azərbaycanın xüsusi bir yeri var. Artıq iki dəfə Bakıya getmişəm və tezliklə yenidən ziyarət etmək istərdim.12 və 15  yaşım olanda  ora getmişdim.  Şəhər bu 3 il ərzində çox dəyişmişdi. Düşünürəm ki, bu gün mən Bakını tanımaram.

– Sizin fikrinizcə Üzeyir Hacıbəyli kim olub? Onunla aranızda oxşarlıqlar  varmı? 

-Üzeyir  bəy mənim babam Ceyhun Hacıbəylinin qardaşıdır.  Bilirəm ki, o, ailəmizin  ən tanınmış üzvü olub.  Onun necə bir insan olması ilə bağlı heç nə deyə  bilmərəm. Amma musiqilərini çox yaxşı bilirəm.  Bizim aramızda  bir o qədər də oxşarlıq yoxdur. O,bəstəkar olub. Uşaq olan zaman musiqini öyrənməyə çalışdım. Çox təəssüf ki, bu məndə yaxşı alınmadı…

 – Üzeyir bəyin musiqilərini dinləyən zaman hansı hissslər keçirirsiniz?

-Əlbəttə ki, mən qürur duyuram. Azərbaycan mədəniyyəti ilə birbaşa əlaqə qurmaq  çox gözəldir. Onun musiqiləri bütün dünyaya yayılıb.  “Arşın mal alan”  pyesinin Fransada bu il nümayiş etdirilməsi məni çox qürurlandırdı.

– Atanızla bağlı heç  xatirələriniz  varmı? Atasız böyümək çətin olmadı ki?

-Mənim atamla bağlı heç bir xatirəm yoxdur. Atam vəfat edən zaman mən körpə idim.  Anam mənə hər şeyi danışıb.

Atasız böyümək çətin olmadı. Həqiqətən də düşünürəm ki, bu mənim üçün çox asan oldu. Daha az təziq və rəqabət vardı.  Hacıbəylilər çox böyük , güclü bir nəsildir. Bəlkə də mən atamın yanında böyüsəydim tamamilə fərqli bir şəxsiyyətə sahib olacaqdım.

– Ceyhun Hacıbəylinin məqalələrini heç oxuyubsunuz?

-Evimizdə olan və ya internetdə tapdığım məqalələri oxuyuram.  Babam Ceyhun Hacıbəyli müxtəlif mövzularda yazıb: siyasət, sənət, elm… Babamın gördüyü işlər barədə çox da məlumatım yoxdur. Çünki atam vəfat etdikdən sonra bütün məqalə və sənədlər Azərbaycana göndərilib.

– Fransada  sizə, Azərbaycana qarşı münasibət necədir? 

-Fransada mənim ailəm haqqında heç kim eşitməyib. Əvvəllər heç Azərbaycanı  da tanımırdılar. Son illər  Azərbaycanda çoxlu reklam, idman və ya mədəni tədbirlər təşkil olunur. İndi insanlar Azərbaycanı tanıyırlar.  Ailəm, nəslimiz haqqında onlara deyən zaman çoxlu suallar verirlər, maraqlanırlar. Bəziləri internetdə axtarış edirlər, musiqilərimizi dinləyirlər.

-Siz Vətən kimi haranı qəbul edirsən?

-Mən Fransada böyüdüm, fransız dilində danışıram, mədəniyyətim də bura  ilə bağlıdır. Mənim atam  da bir növ azərbaycanlı xüsusiyyətlərinə sahib olmasına baxmayaraq , fransız mədəniyyətini özündə daşıyırdı.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar