Bizimlə əlaqə

Araşdırma

Artur Rasizadənin uşaqlıq və gənclik illəri – EKSKLÜZİV FOTOLAR

Yayımlandı

da

…Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin gənclik illərinə işıq salmaq üçün əvvəlcə onun uşaqlıq və gənclik dövrünün keçdiyi Lənkəran şəhərinə yollandıq. Baş nazirin evində və təhsil aldığı Lənkəran şəhər 4 saylı orta məktəbdə olduq.

Ömrünün 54 illini müəllimlik peşəsinə həsr edən Svetlana Orucova adlı qocaman müəllimə bir yerdə böyüdükləri ailə dostları və qonşusu olan baş nazirlə bağlı xatirələrini HafizTimes.com  ilə bölüşdü. O, baş nazirin ailəsindən, uşaqlıq illərindən, gəncliyindən, üzləşdiyi çətinliklərdən danışdı.

– Arturun atası, rəhmətlik Tahir müəllim müharibəyə könüllü getmişdi. Çox təəssüf ki, geri qayıtmadı. Anası Tamara xanım isə Lənkəranın Yol İdarəsində baş mühasib işləyirdi. O, işdə olan zaman nənələri uşaqlara – Artura və bacısı Tamilla xanıma tərbiyə verərdi.

Arturun dayısı da müharibəyə gedib, bir daha geri qayıtmamışdı. Babasının qardaşı böyük Hüseyn Cavid idi. Anası da əsl azərbaycanlı idi. Bacısı Tamilla xanım Arturdan balaca idi. O, çox sakit və şirin bir qız idi. Biz həmişə bir yerdə olardıq…

Biz Arturgil ilə bir evdə yaşayırdıq. Onların iki otaqları var idi. Mən də anamla qalırdım. Biz bir yerdə böyümüşük. O vaxtı müharibə illəri idi, qonşular da bilirdilər ki, həyat çox müvəqqətidir. Ona görə bir-birilərinə çox yaxın idilər.

Məktəbdə əlaçı şagird olan Artur dəqiq elmləri gözəl bilirdi. Riyaziyyat, kimya və fizikanı çox yaxşı oxuyurdu. Ancaq ədəbiyyatdan da əl çəkə bilmirdi. O, həmişə kitab oxuyardı. Onların evlərində çox gözəl kitablar olardı. Mən də o kitabları oxuyurdum. Artur həm savadlı, həm də çox gözəl tərbiyəli bir şagird idi. Onların ailəsi çox yüksək mədəniyyətə malik idi.

Artur orta məktəbi bitirdikdən sonra Bakıya getdi. İmtahanları çox uğurlu şəkildə verdikdən sonra Dövlət Neft Akademiyasının Mexanika fakültəsinə daxil oldu. Bütün fənnlərdən 5 almışdı. Çox utancaq idi. Heç vaxt bəziləri kimi özünü gözə soxan olmayıb. Amma onun qabiliyyətini, istedad və bacarığını hamı görürdü. Ona görə də yavaş-yavaş irəli getdi.

Artur müəllim gələcək həyat yoldaşı Aidə xanımla bir institutda işləyirdilər. Bir müddət sonra evləndilər. Sonra Aidə xanım Lənkərana gəldi. Arturun Nailə adlı bir qızı var, atası kimi istedadlı, bacarıqlı və mədəniyyətlidir.

…Müəlliməni çətinliklə şəkil çəkdirməyə razı sala bildim. Uzun ağ saçlarını geriyə darayaraq, zarafatla dedi ki: “İstəmirəm ki, bizim Arturumuz məni belə qoca görsün. Amma mən onu çox istəyirəm”.

Müəllimə ilə sağollaşıb baş nazirimizin uşaqlığının keçdiyi evə getdik. Bir vaxtlar Artur müəllimin ailəsi ilə birgə yaşadığı evdə indi bir dövlət idarəsi yerləşir. Daha sonra isə Baş nazirin təhsil aldığı Lənkəran şəhər 4 saylı orta məktəbinə baş çəkdik.

Artur Rasizadə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ “AzİNMAŞ”-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində çalışıb.

Artur Rasizadə-uşaqlıq illəri

“AzİNMAŞ”-dan Artur Rasizadənin əmək fəaliyyəti barədə bizə bu məlumatlar verildi:
– Azərbaycan Elmi-tədqiqat və Layihə-konstruktroneft Maşınqayırma İnstitutu (AZİNMAŞ) Respublikamızda ən qocaman müəssisələrdən biridir. İnsititut 80 ildən çoxdur ki, fəaliyyət göstərir. Sovet dövründə AzİNMAŞ neft-mədən avandanlığının əsas layihəçisi idi və göstərilən avadanlığının 70 faizdən çox hissəsi institutun layihələri əsasında hazırlanırdı. AZİNMAŞ-ın layihələri əsasında SSRİ-nin 50-yə yaxın zavodunda çoxlu sayda neft-mədən avadanlığı istehsal olunub.

Artur müəllim mədən avadanlıqlarının layihəsi və sənayedə tətbiqi üzrə Respublikanın aparıcı mütəxəssislərindən sayılır. Onun iştirakı ilə Neft quyularında açıq fontanın qarşısını almaqdan ötrü yaratdığı atqıya qarşı avadanlıq 1971-ci ildə SSRİ-nin Dövlət mükafatına layiq görülüb.

O, yüksək vəzifələrdə işləməsinə baxmayaraq, çox səmimi, sadə və mehriban insandır. Onunla ünsiyyətdə olanlar bilir ki, Artur müəllimlə söhbət zamanı elə səmimi mühit yaradır ki, özünü onun yanında sərbəst hiss edirsən, sıxılmadan fikrini söyləyə bilirsən. Hər bir məsələnin həllində özü xırdalıqlarına qədər işin mahiyyətini öyrənir və sonra öz fikrini bildirir.

“Artur müəllim çox təvazökar insandır. Xoşlamır ki, onu tərifləsinlər. Onun haqqında xoş söz demək (baxmayaraq ki, həqiqətən buna layiqdir) özü böyük məsuliyyət tələb edir, çünki hələ bilmək olmaz ki, bu məqaləyə necə reaksiya verəcək”, – deyə bizə bildirdilər.

O zamanlar Artur Rasizdə ilə birlikdə AzİNMAŞ-da çalışan iş yoldaşları da baş nazirlə bağlı xatirlərini bölüşdülər. İlk müsahibimiz Baş nazirlə eyni vəzifədə çalışan, iş yoldaşı və həmyaşıdı olan Namiq Səfiyev oldu. Hazırda institutda elmi işçi olan N.Səfiyev Artur Rasizadənin ilk əmək fəaliyyətindən söhbət açdı və onunla bağlı xatirələrini bölüşdü:

– 1960-ci ildən bu institutda mühəndis vəzifəsində işləməyə başlamışam. Artur müəllimlə bir yerdə çalışmışıq. Həmin vaxtlar o, gənc mühəndis idi. Bizim idarənin aşağı hissəsində zavod kimi balaca bir sex var idi. AzİNMAŞ-ın layihələndirdiyi avadanlıqların ilkin nümunələrini çox vaxt orda özümüz hazırlayıb, sınaqdan çıxarıb istehsal şöbəsinə təqdim edirdik. Artur müəllim də o vaxtlar zavodun istehsalı ilə tanış olurdu, dəzgahların quruluşu və təyinatı məsələsini öyrənirdi. Çox vaxt Azərbaycan Neft Akademiyasından gələn gənc mühəndisləri həmin istehsalat sexinə təcrübə keçməyə göndərirdilər. Artur müəllimi ilk dəfə orada gördüm. Həmin vaxtlar onun 24-25 yaşı olardı. Həmişə çox səliqəli geyinərdi.

Bir müddət sonra Artur müəllimi idarədəki 8-ci şöbəyə müdir təyin etdilər. Bununla da sexdəki fəaliyyəti yekunlaşdı. O vaxt AzİNMAŞ-ın kollektivi çox da böyük deyildi. İdarənin bütün işçiləri Artur müəllimin fəaliyyətini yüksək səviyyədə qiymətləndirirdilər. O, vəzifəsinin öhdəsindən çox yaxşı gəlirdi.

60-cı illərin sonlarında AzİNMAŞ Dəniz mədənlərinin mənimsənilməsi məsələlərinə cəlb olundu. Xüsusi avadanlıqlar hazırlamağa başladıq. Atqıya qarşı avadanlığın hazılığı ilə məşğul olurduq. Volqoqrad şəhərində Barrikada zavodu vardı. Həmin zavodda bu avadanlıq istehsal edilirdi. Bu dəniz avadanlığı quruda işləyənlərdən çox fərqlənirdi. Bu avadanlıq sayəsində dənizdə aparılan işlərin bütün mərhələlərində təhlükəsizlik, etibarlıq, davamlıq daha yüksək səviyyədə təşkil olunurdu. Həmin avadanlığın layihəsini Artur müəllimin rəhbəri olduğu Mühəndis-Texniki şöbə hazılaşmışdı. Burada isə bütün iş şöbə müdiri Artur müəllimin üzərinə düşürdü. Şöbənin yaratdığı Atqıya qarşı avadanlıq hər kəs tərəfindən çox yüksək rəğbətlə qarşılandı. Volqoqrad zavadu ilə birlikdə AzİNMAŞ-ın mütəxəssisləri SSRİ-nin dövlət mükafatına layiq görüldülər. O cümlədən də, Artur müəllim.

1972-ci ildə isə AzİNMAŞ-ın bütün rəhbərliyi dəyişdi. Firudin Əliyev zavoda direktor təyin olundu. Direktorun elmi işlər üzrə müavini vəzifəsinə isə Artur müəllimi təyin etdilər. Daha sonra mən də də həmin şöbədə işləməyə başladım. Artur müəllim yeni vəzifəsinə uyğun olaraq zavodun bütün elmi işlərinə baxırdı. Araşdırma aparırdı, planlar hazırlayırdı. Artur müəllim çox sərt adam idi. Amma onunla yoldaşcasına da ünsiyyət qurmaq olurdu.

Bir dəfə katibə bizə zəng vurub dedi ki, Artur müəlllim təcili işçiləri otağına çağırır. Biz də tez onun otağına getdik və içəridə əyləşdik. Artur müəllim danışmağa başladı. Birdən qapı döyüldü. Zavodun şöbə müdirlərindən biri içəri daxil oldu və dedi: “Artur müəllim, bağışlayın, bir az gecikdim”. Artur müəllim şöbə müdirinin üzünə bir az baxdı və dedi: “Xahiş edirəm, çıxın gedin, qapını da o tərəfdən bağlayın”. Hamımız bir-birimizin üzünə baxdıq və yavaş səslə dedik: “Qayda-qanun belə olmalıdır!”

O vaxt neft-mədən avadanlıqları ilə məşğul olan birlik var idi, AzİNMAŞ da həmin birliyə daxil idi. Artur müəllim həmin birliyin baş mühəndisi vəzifəsinə təyin olundu. Tez-tez şöbə müdirlərini, direktorları həmin birliyə çağırırdılar. Bilirdik ki, zavodlar arasında mübahisə düşəcək. Mübahisələrin kökündə isə zavodların iş planının həddindən artıq ağır olması dururdu.

Artur müəllim də başda olmaqla biz mədənlərdə çox olurduq. Çünki bütün avadanlıqlar bu zavodda sınaqdan çıxarılırdı. Həmin avadanlıqların mədənlərdə yerləşdirilməsində bilavasitə iştirak edirdik. Artur müəllim olan yerdə qayda-qanun var idi. Onun zamanında aparılan müzakirələrdə əlavə mövzudan danışmaq olmazdı. Zavodlar arasında aparılan müzakirələr çox düzgün və qanun çərçivəsində təşkil olunurdu. Artur müəllim çox hazırcavab idi. Onunla müzakirəyə girişən adamlar bilirdilər ki, o, çox savadlı və məlumatlıdır. Çox prinsipial adam idi.

1977-ci ildə o, AzİNMAŞ-a qayıdı və direktor vəzifəsini icra etməyə başladı. 1978-ci ilə qədər zavodun direktoru oldu. Bundan sonra isə Dövlət Plan Komitəsində sədr müavini, Azərbaycan KMK (Kominist Partiyası Mərkəzi Komitəsi) maşınqayırma şöbəsinin müdiri oldu. Daha sonra isə Nazirlər Kabinetinə getdi.

Artur müəllimin Nəriman adlı bir yaxın dostu var idi. Onlar Lənkəranda eyni orta məktəbi bitirmişdilər. Zavodda da bir yerdə işləyirdilər. Yadımdadır ki, bir dəfə Nəriman müəllimin ad günü idi. O vaxt biz hamımız mühəndis idik. Yaxşı ad günü keçirdik. Artur müəllim də gələn qonaqların içində idi. O da bizim kimi aparıcı mühəndis idi. O, işdən kənarda da çox səmimi və sadə bir insan idi. Dostları ilə zarafat edirdi. Həmin vaxt bizim heç birimizin maşınımız yox idi. Geyimlərimiz də çox sadə idi.

60-cı illərin axırında Artur müəllimə birinci mənzili AzİNMAŞ vermişdi. O vaxt bütün işçilərə mənzillər verilirdi. Həmin mənzillər indiki 20 yanvar metrosunun yaxınlığında yerləşirdi. Beşmərtəbə binalar idi. Deyəsən həmin evlər 2 otaqlı idi.

O vaxt AzİNMAŞ-ın yaxınlığında Şin zavodu vardı. Zavodun sexindən çıxan bütün qara his AzİNMAŞ-ın həyətinə yayılırdı. Səhər işə gəlirdik, görürdük ki, stolun üstü qapqara tozdur. Zavodun həyətində olan sərçələr və şam ağacları da hisdən qaralmışdı. Səhər işə ağ köynəkdə gəlirdik, axşam evə gedəndə paltarımız qapqara olurdu. Artur müəllimin bilavasitə səyilə həmin Şin zavodunun sexinin yeri Qaradağa köçürüldü. Bundan sonra həmin ərazinin ekologiyası təmizləndi. O vaxt insititutun həyətində meydança da vardı. Voleybol, stolüstü tenis oynayardıq. Artur müəllim yaxşı voleybol oynayardı.

Sonda isə N.Səfiyev öz keçmiş iş yoldaşına ürək sözlərini çatdırdı:

– Rəhbərlikdə texnokratların olması çox vacidir. Çünki onlar texnikanı yaxşı bilirlər. Məsələləri daha dəqiq görür, ölçüb-biçirlər. Mühəndisin vəzifəsi onu məcbur edir ki, hər şeyə son dərəcə dəqiqliklə yanaşısın. Odur ki, Artur müəllim də bir texnokrat kimi öz vəzifəsində çox faydalı və yaxşı işlər görür. Ona Allahdan can sağlı, uğur arzulayıram.

Artur Rasizadənin AzİNMAŞ-dakı fəaliyyəti ilə bağlı fikirlərini bölüşən şəxslərdən biri də vaxtilə onun işə götürdüyü Natiq Hacıəliyev oldu. O da bir zamanlar müdiri olan Artur müəllimlə bağlı xatirlərini bölüşdü:

-1977-ci ilin dekabr ayının 9-u idi. Mən AzİNMAŞ-a işə düzəlmək üçün gəlmişdim. Qaydalara uyğun olaraq, məni birinci şöbə müdiri qəbul elədi. Təhsilimlə bağlı suallar verdi. Sonra direktor müavininin qəbulunda oldum. O dedi ki, gedək Artur müəllimin yanına. İlk dəfə Artur müəllimi orada gördüm. 15 dəqiqəyə yaxın söhbət elədik. Əsgərlik illərim, təhsilim və məqsədlərimlə bağlı mənə suallar verdi. Sonra isə AzİNMAŞ-ın fəaliyyəti barədə danışdı. Mən bu zavoda ikinci kursda oxuyanda gəlmişdim. Texnik kimi işləyirdim. İnsititutu bitirdikdən sonra burda aparıcı konsturuktur vəzifəsinə qədər yüksəldim. Artur müəllim gənclərə çox qayğı və həssaslıqla yanaşırdı. Düzgünlüyü sevən insan idi. Artur müəllimin qoyub getdiyi qayda-qanun bir ənənə kimi bu gün də zavodda davam edir. Çox ciddi bir adam idi. Artur müəllim biz gənclər üçün bir məktəb idi. Biz hər şeyi ondan öyrəndik.

O vaxtlar tez-tez iməcliklər keçirilərdi. Müdir də, adi işçi də – hər kəs iməcliklərdə işləyərdi. Artur müəllimi də orada görərdim. Hamının əlində bel olardı.

İndi onu efirdən görəndə çox sevinirik. Hətta mənim bir yaşlı anam var. Artur müəllimi efirdə görən kimi deyir “Natiq, bu kişi sənin müdirin olub”.

Artur Rasizadənin gənclik illəri ilə bağlı xatirələrini bölüşən şəxslərdən biri də o vaxtlar, elə indinin özündə də AzİNMAŞ-da şöbə müdiri vəzifəsində çalışan Rafiq Hacıyev oldu.

– Tapşırıqlarının vaxtında, dəqiq yerinə yetirilməsinə həmişə nazarət edərdi. Tapşırdığı işin yüksək səviyyədə yerinə yetirildiyini görəndə çox şad olurdu. Artur müəllim zavodda müdir olanda mən söbə müdiri işləyirdim. Nizam-intizama çox diqqət yetirirdi. Həmişə kabinetində müşavirələr keçirərdi. Saat 10 tamama təyin olunan müşavirəyə heç kəs gecikə bilməzdi. Hamı vaxtında orada olmalı idi. Müşavirəyə vaxtında gələ bilməyənlərə Artur müəllim deyirdi ki, işlərini düzgün təşkil edə bilmədikləri üçün belə bir vəziyyətə düşürlər.

Artur müəllim çox yaxşı konstruktor idi. Karandaşı götürüb, fikirlərini izah etmək üçün löhvədə çertiyojlar çəkirdi. Çox cəld işləyirdi.

Artur müəllimin də o vaxt maşını yox idi. İşə avtobus və metro ilə gələrdik. AzİNMAŞ-ın özünün də bir avtobusu var idi, adına “alabaş” deyirdilər. Daha öncələr isə 56 nömrəli avtobus bura gələrdi. O qədər dolu olardı ki, insanlar avtobusdan sallaşa-salaşa gələrdilər. Metro isə sonra açıldı.

Artur müəllimin mənə etdiyi bir yaxşılığı heç vaxt unutmamışam. Mən etiraz etdim. Amma o, yenə də mənə kömək elədi. Oğlum xəstə idi. Onun həkimi isə Saray qəsəbəsində olurdu. O vaxtı ora gedib-gəlmək çox çətin idi. Həmişə yoldaşlardan xahiş edirdim ki, maşınları ilə həftədə bir dəfə də olsa, oğlumu o həkimin qəbuluna aparım. Bir dəfə ailəliklə oturub fikirləşdik ki, çətinliklə də olsa, bir maşın alaq və uşağı özümüz həkimin yanına aparıb-gətirək, heç kəsə də əziyyət verməyək. O vaxtlar maşın almaq üçün gərək illərlə gözləyərdik. Fikirləşdik ki, mən də növbəyə yazılım. 3-4 ilə də növbə gəlib mənə çatacaq və maşını alacaqdım.

Bir gün idarəyə gəldim, maşınla bağlı ərizə yazdım. Axşam oldu. Artur müəllim birdən zəng vurdu və dedi ki, yanıma gəl. Getdim yanına. Gördüm poçtun önündə dayanıb və əlində mənim ərizəm var. Soruşdu ki, bu ərizəni niyə yazmısan? Dedim, Artur müəllim, övladım xəstədir onu tez-tez Saray qəsəbəsinə həkimin yanına aparmaq üçün mənə maşın lazımdır. Hər dəfə dostlardan xahiş edə bilmirəm. Ona görə yazdım ki, nə vaxtsa növbəm çatsa, mən də maşın alaram və oğlumu da həkimə özüm aparıb-gətirərəm.

O, sakitcə qulaq asdı və qayıtdı ki, “Məndə bir maşın var, özü də VAZ 2106-dır. Onu sənə verirəm”. Artur müəllimə dedim ki, lazım deyil, camaat maşın gözləyir, onların növbəsini pozmayım; yoxsa hay-küy qaldıracaqlar, anonim məktublar yazacaqlar. Dedi ki, mən heç kəsdən qorxmuram, müdir kimi bunu etməyə ixtiyarım çatır və növbədən kənar həmin maşını sizə verirəm. Bir neçə gün sonra həmin maşını mənim adıma yazdılar. Artur müəllimin bu yaxşılığını heç vaxt unutmayacağam. O, mənim oğlumu xilas etdi.

Hafiz Əhmədov

HafizTimes.com

Araşdırma

Dünyanı fəth edən BAKILI AİLƏ – Biri “Oskar” alıb, digəri Sofi Lorenin…TARİXİ ARAŞDIRMA (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Bakı nefti ilə zəngin olan, dünyanı fəth edən milyonçu Şiffrinlər ailəsinin köklərini, varislərini araşdırıb. 

“Uzaq bir ölkədə Bakı neftinin qoxusunu duyan bir tacir həyat yoldaşını da tez yanına alıb məsafələr qət edərək milyonçular yetişdirən Xəzərin sahilinə – Azərbaycana gəlir. Bu adi tacir də bir müddət sonra Bakının qara qızılının milyonlarına bürünüb şan-şöhrətli bir neft maqnatına çevrilir. Doğub-törəyirlər, artırlar. Bakı  neftinin milyoçuya çevridiyi bu ailəni oktyabr ilqilabının dalğaları pərən-pərən salır. Fransa sahillərinə yan almalı olan bu ailənin fərdləri dünyanı fəth etməyə, tarix yazmağa başlayırlar. Qəfildən əsən müharibə rüzgarı Şiffrinlər ailəsini Amerika sahillərinə vurur. Yəhudi qanı daşıdıqlarına görə daimi təziqlərə məruz qalan Şiffrinlər ailəsi öz uğurları ilə dünya tarixinə həkk olunurlar”.

HafizTimes.com Bakıda doğulub-böyüyən yəhudi-rus əsilli məşhur Şiffrin qardaşlarının həyatını araşdırıb. Uzun müddət davam edən axtarışlarımız nəticəsində Şiffrinlərin həyatı, mübarizələri, uğurları ilə bağlı önəmli fatkları üzə çıxardıq. Şiffrin qardaşlarının uğurlu varislərini də tapıb həmsöhbət olmağa çalışdıq. Hazırda dünyanın hər yerində ən yüksək vəzifələrdə çalışan Şiffrinlərin məşhur varisləri HafizTimes.com-a eksklüziv açıqlamlarında ilk dəfə olaraq ailə kökləri, baba yurdları olan Azərbaycanla bağlı fikirlərini ifadə ediblər.

  “Simon Şiffrin Amerika Kino Akademiyasının “Oskar mükafatına layiq görülüb”.

Simon Şiffrin – Məşhur film istehsalçısı, rejissor, film produseri. 1894-cü ilin 29 sentyabr tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. Əsl adı Semyon Savelevich (Shevelevich) ,Şiffrin olub. Daha sonra adı Simon Şiffrin kimi təqdim edilib.

İlk fransız film istehsal şirkətinin təsisçisi – sahibi olub. Bu şirkət əvvəllər onun öz adını daşıyıb: “Les Films Simon Schiffrin”. Daha sonralar isə “Flags Films” adlandırılıb. Ömrünün  41 ilini kino sahəsinə  həsr edib.(1927 – 1967)

Şiffrinlər ailəsinin varisi, məşhur jurnalist Anya Şiffrin

Simon Şiffrin Bakıda zəngin bir yəhudi – rus ailəsində dünyaya gəlib. Atası Saveliy Lvoviç (Şevel Leyboviç) Şiffrin olub. İlk vaxtlar o, “mqlinski meşşan”, “1-ci gildiyanın taciri” olub.  Saveliy Lvoviç Şiffrin 1892-ci ildən etibarən Bakıda tanınmış milyonçu – neft maqnatına çevrilib. Şiffrin ailəsi 1917-ci ilin oktyabr inqilabına qədər Bakıda neft maqnatı kimi həyat sürüblər. O, həmçinin Bakıda sulfat – sement zavodlarının sahibi olub. Nobel qardaşları ilə yaxın münasibət qurub, əməkdaşlıq edib. Simon Şiffrinin anası Fedosya Aleksandrovna Shiffrin (Litvinov) Moskvada məşhur at yetişdirən Litvinovun qızı olub.

Simon Şiffrin – İlk fransız kino istehsalı şirkətinin rəhbəri

Simon Şiffringil ailədə 5 uşaq olub.  Yevgeni Şiffrin adlı bir bacıları olub. Yevgeni ailənin ən böyük övladı olub.  1890-cı ildə  Voronejdə anadan olub. 1905-1908 illərdə  Bakıda 2-ci qızlar gimnaziyasında təhsil alıb.

Simon Şiffrinin qardaşı Jacques Şiffrin

Jacques Schiffrin  –  1892-ci ilin 28 mart tarixində Bakı şəhərində anadan olub. 1899-cu ildə Bakıda ailənin kiçik övladı Lev, 1900-cu ildə isə Aleksandr dünyaya gəlib. Onların həyatları barədə təəssüf ki, heç bir məlumat mövcud deyil.

Jacques Şiffrinin oğlu Andre Şiffrin

1-ci Dünya Müharibəsi zamanı Şiffrin ailəsi Bakını tərk edib Fransaya köçdülər, bir müddət orduda xidmət etdilər. İkinci Dünya müharibəsi başlayanda isə Simon və Jacques Şiffrin qardaşları ailələri ilə birlikdə ABŞ-a sığındılar. Ancaq müharibənin sonunda Simon Şiffrin Fransaya qayıtdı və Jaques isə həyatının sonuna qədər ABŞ-da yaşadı. 1960-cı illərdə və sonralar Simon Shiffrin bir neçə dəfə SSRİ -ni ziyarət edib.

Simon Şiffrin və Sofi Loren Moskvada festivalda

“Simon Şiffrin məşhur italyan kino-ulduzu Sofi Lorenlə birlikdə Moskvaya gəlib”

– Fransa kino istehsalı şirkətinin sahibi milyonçu Simon Şiffrin müharibədən sonra 1965-ci ildə SSRİ -yə yenidən səfər edir. Bu zaman o, məşhur italyan aktrisa Sofi Loreni müşayət edir. İtalyan aktrisa IV Beynəlxalq Moskva Film Festivalında iştirak edir. O,  Vittorio de Sicanın  “İtalyada nikah” adlı filmdəki roluna görə mükafatlandırılır.

Simon Şiffrin, Karlo Ponti, Sofi Loren

Simon Şiffrinlə yanaşı məşhur aktrisanı gələcək həyat yoldaşı film produseri Karlo Ponti də müşayət edib. Simon Şiffrin Sofi Lorenlə birlikdə Moskva küçələrində gəzib, insanlarla şəkillər çəkdiriblər. Milyonçu Simon Şiffrinin cazibədar Sofi Lorenə baxan zaman çəkilmiş şəkli uzun müddət müzakirə mövzusu olub. 

“Bakılı Simon Shiffrinə “Chagall” filminə görə “Oskar” təqdim olunur”

 -Simon Şiffrinin çəkdiyi “Chagall”(1963) filmi 1964-cü ildə Amerika Kino Akademiyasının “Ən yaxşı qısa sənədli film” kateqoriyasında – “Oskar” mükafatına layiq görülür. 36 dəqiqəlik fransız sənədli filmində rəssam və yazıçı Marc Chagall-ın həyat və fəaliyyətindən bəhs olunur.  İtaliyalı rejissor Lauro Venturi tərəfindən çəkilən filmdə Mark Chagall-ı canlı olaraq görə bilərsiniz. Təəssüf ki, 13 aprel 1964-cu ildə baş tutan “Oskar” mükafatının təqdim etmə mərasimində Simon Şiffrinin özü iştirak edə bilmir. Onun mükafatını Yosef Auerbaxın qəbul edir.

Simon Şiffrin və Sofi Loren Moskvada

Simon Şiffrin 22 iyul 1985-ci ildə Fransanın paytaxtı Paris şəhərində 90 yaşında dünyasını dəyişir.

Jacques (Jak) Schiffrin – Məşhur naşir, tərcüməçi, Bakı neft kralı Savely L. Şiffrininin oğlu,  Simon Şiffrinin isə qardaşıdır.

– Jak Şiffrinin də həyatı heç də asan keçməyib. O da bütün ömrü boyu köçkün həyatı yaşamalı olub. 1892-ci ilin 28 mart tarixində Bakı şəhərində anadan olub. 1917-ci ildə oktyabr inqilabı başlayanda Bakını tərk edib, ailəsi ilə birlikdə Parisə sığınır. Orada nəşriyyat sahəsi ilə məşğul olur. Müharibədən sonra Parisdə  özünə məxsus məşhur “Edicions de la Pleiade” nəşriyyatının əsasını qoyur. Görkəmli şəxsiyyətlərin, yazarların əsərlərini, klassik ədəbiyyat nümunələrini nəşr edir. Tez bir zamanda böyük şöhrət qazanır.

Şiffrin qardaşlarının nəticələri

Amma bir müddət sonra İkinci Dünya müharibəsi başlayır. Fransa faşistlərin istilasına məruz qalır. Həmçinin Fransada da yəhudi əsilli insanlar barəsində sərt tədbirlərin görülməsi ilə bağlı göstərişlər verilir. Yəhudi əsilli ailənin övladı olan Jaques Şiffrin də təziqlərə məruz qalır. Nəticədə o, bütün işini, mal-mülkünü atır və ailəsi ilə birlikdə Nyu-Yorka köçməli olur.

Cibində pulu olmayan J. Şiffrin Nyu-Yorkda iş axtarır, müxtəlif yerlərdə çalışmalı olur, çətinliklərlə üzləşir.

“Jacques Şiffrin Nyu-Yorkda məşhur “Pantheon Books”un əsasını qoyub”.

 – “Pantheon Books”da “Fransanın mübarizəsi” başlıqlı əsərlər nəşr etdirir. Tezliklə dünyanın ən məşhur yazarlarının əsərlərini nəşr edir. Böyük şöhrət qazanır. Dünya ədəbiyyatının təbliği, yayılması istiqamətində onun gördüyü işlər hər kəs tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlara baxmayaraq Jacques Şiffrin dəfələrlə Fransaya, öz köhnə nəşriyyatına,  dostlarının yanına  qayıtmaq istəyir. Amma təssüf ki, onun istəyi  baş tutmur.

Jacques Şiffrinin nəvəsi Jurnalist Anya Şiffrin

Jacques Şiffrinin vəfatından sonra 1961-ci ildə “Pantheon Books” nəhəng “Random House” tərəfindən satın alınır. Qeyd edək ki, bu gün “Pantheon Books” Amerikada heç kəsdən aslı olmayan müstəqil bir kitab nəşriyyat orqanıdır və “Knopf Doubleday” yayım qrupunun bir hissəsidir.

Qeyd edək ki, Jacques Şiffrin 1950-ci ildə Nyu-Yorkda vəfat edib və orada dəfn olunub.

Jacques Şiffrinin oğlu Andre Şiffrin

 Andre Schiffrin – Məşhur amerikan yazar, naşir.  J. Şiffrinin yeganə oğludur.

– 1935-ci ilin 14 iyun tarixində Parisdə  dünyaya gəlib. Andre Şiffrin kommunizmə qarşı mübarizə aparan bir sosialist olub. O, Çexoslovakiyanın Sovetlər tərəfindən işğalına, Vyetnamda ABŞ müharibəsinə qarşı çıxıb. Andre Şiffrin Demokratik Cəmiyyət üçün tələbələr yetişdirməklə bağlı təşkilatın ilk qurucusu olub. Həmçinin A. Şiffrin dəyərli əsərləri Amerika xalqına təqdim etmək kimi məsuliyyətli bir vəzifəni də icra edib.

“Andre Şiffrin 28 il nəhəng “Pantheon Books”un yayım müdiri vəzifəsində çalışıb”.

 1990-ci ildə isə özünün yeni, heç bir maddi məqsəd güdməyən “New Press” nəşriyyatının əsasını qoyur. O, açıqlamasında bildirir ki, həmin illərdə iqtisadi maraqlara görə ciddi əsərlərin yayımlanmasına qarşı qadağalar tətbiq olunurdu. Məhz bu səbəbdən A. Şiffrin 28 il rəhbər vəzifədə çalışdığı, atasının təsis etdiyi “Pantheon Books”u tərk edir və heç bir iqtisadi aslılığı olmayan yeni bir nəşriyyat “New Press”i yaradır. 2011-ci ildə A. Şiffrin Fransa hökuməti tərəfindən “Légion d’honneur Chevalier” elan edilib.  2013-cü ilin dekabrın 1-də  Parisdə xərçəngdən dünyasını dəyişib.

Andre Şiffrinin qızı Natalya Şiffrin

Andre Şiffrinin iki qız övladı olub. Bir qızı məşhur jurnalist Anya Şiffrin iqtisadçı və Nobel mükafatı laureatı Jozef Stiglitz ilə evlidir. Digər qızı Natalya Şiffrin beynəlxalq dərəcəli hüquqşünas Philippe Sands ilə ailə həyatı qurub.

Anya Şiffrin və həyat yoldaşı Nobel mükafatlı iqtisadçı, yazıçı Cozef E. Stiglitz

HafizTimes.com çox çətinliklə də olsa Bakılı Şiffrin qardaşlarının məşhur varislərini tapıb,  həmsöhbət olmağa çalışıb:

Anya Şiffrin – Kolumbiya Universitetinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Məktəbində (SIPA) Texnologiya, Media və Əlaqələr (TMaC) bölməsi üzrə direktor.  Beynəlxalq və İctimai Məsələlər Məktəbində müəllim. Amerikalı biznes jurnalisti. Barselonada “Reuters”in qurucusudur. Nyu-Yorkda “The Industry Standard”da maliyyə yazarı, Amsterdam və Hanoidə “Dow Jones Newswires”in büro şefidir. Kolumbiyadakı  Jurnalistika məktəktəbində biznes jurnalistliyi üzrə akademik işçidir. Reed  Kollecin məzundur.

Anya  Schiffrin həmçinin Açıq Cəmiyyət Fondunun Müstəqil Jurnalistika üzrə Proqramı, Qlobal İdarə Heyəti və Təbii Resursları İdarəetmə İnstitutu da daxil olmaqla bir çox qurumlarda fəaliyyət göstərir. Anya Şiffirin 2004 -cü ildə Nyu-Yorkda Kolumbiya Universitetində dərs deyən Nobel mükafatlı iqtisadçı və yazıçı Cozef E. Stiglitzlə ailə həyatı qurub:

“Bizim ailəmizlə bağlı araşdırma apardığınıza görə sizə dərindən təşəkkür edirəm. Mənim babam Jacques Şiffrinin Azərbaycanla bağlı xətirələri çox idi. Bəzən babam Azərbaycanla bağlı danışardı… Mən yaxşı xatırlamıram. Babam çox illər öncə vəfat edib.  O,  Bakı şəhərində dünyaya gəlib. 

Mən də şəxsən işimlə əlaqədar olaraq 3 dəfə Bakıda olmuşam. Atam da Bakıya səfər edib.Bakı çox gözəl bir şəhərdir”, – deyə Anya Şiffrin HafizTimes.com-a bildirib. 

Jacques Şiffrinin nəvəsi Natalya Şiffrin

Natalia Şiffrin – Məşhur vəkil. 1992-ci ildən bəri Nyu-York Vəkillər Kollegiyasının üzvüdür. İnsan Hüquqlarının Qorunması üzrə Mərkəzdə çalışır. Uşaqların qoruması ilə bağlı fəaliyyət göstərir. İngiltərədə Uşaqların Hüquqları Birliyində çalışıb. “London Multi-Agency Public Protection Arrangement”də strateji idarə heyətinin üzvü və hakimidir.

Natalya Şiffrinin həyat yoldaşı məşhur hüquqşünas Philippe Sands

Philippe Sands – “Matrix Chambers”də britaniya-fransalı hüquqşünas. Hüquq üzrə professor və London Universitet – Kollecində Beynəlxalq Məhkəmələr və Tribunallar Mərkəzinin direktorudur. Beynəlxalq hüquq üzrə mütəxəssisdir. O, həmçinin  Beynəlxalq Ədalət Məhkəməsində, Dəniz Hüquqları üzrə Beynəlxalq Tribunalda, Avropa Ədalət Məhkəməsində, Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəmlərində vəkil və məsləhətçi kim çıxış edir. P. Sands İnvestisiya Mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəzdə (ICSID) və İdman üzrə Arbitraj Məhkəməsində (CAS) hakim panelində təmsil olunur. O, beynəlxalq hüquqa dair 16 kitabın müəllifidir. (“Lawless World” və “Torture Team”) . Onun “East West Street: On the Origins of Genocide and Crimes against Humanity” adlı kitabı çox saylı mükafatlara layiq görülüb. O cümlədən 2016-cı ildə “Baillie Gifford” mükafatına layiq görülüb. Phillpe Sands “English PEN”in prezidentidir. Şimali Londonda həyat yoldaşı və üç uşağı ilə yaşayır. Jacques Şiffrinin nəvəsi Natalya Şiffrinin həyat yoldaşıdır:

“Sizə təşəkkkür edirəm ki, Şiffrinlər ailəsi ilə bağlı araşdırma aparıbsınız. Mən də hər kəs kimi Şiffrinlər ailəsi ilə fəxr edirəm. Mənim həyat yoldaşım Natalya xanım Jacques Şiffrinin nəvəsidir. Onun nəticəsi də hazırda BBC-də jurnalist kimi çalışır. Sizə öz təşəkkürlərimizi göndərirəm.

Əminəm ki, gözəl Bakı şəhərinə səfər edən zaman sizinlə görüşəcəyik və bu ailə barədə daha ətraflı söhbət edəcəyik”- deyə Plippe Sands qeyd edib.

 Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Araşdırma

“5 kilo qızılı vedrəyə yığdıq” – Azərbaycanda dəfinə tapanlar: “Hər il ən azı 10-15 dəfinə tapılır” (ARAŞDIRMA)

Yayımlandı

da

Tərəfindən

“Qızıl pullardan ibarət ən zəngin dəfinəni ilk dəfə mən tapdım və dövlətə təhvil verdim”.

“Çoban tapdığı xəzinə pullarını ətrafa atırdı”

Azərbaycanın müxtəlif bölgələrində tez-tez dəfinələrin aşkar edilməsi ilə bağlı məlumatlar eşidirik. Keçmişdə insanların yad ələ düşməməsi üçün torpağa basdırdıqları, divara hördükləri, hündür ağacların koğuşunda gizlədikləri ən qiymətli sərvətləri, əsrlər sonra dəyəri milyonlara bərabər olan xəzinələr formasında üzə çıxır. HafizTimes.com olaraq Azərbaycan ərazisində basdırılmış dəfinələrlə bağlı geniş araşdırma apardıq. Uzun müddət davam edən araşdırmamız zamanı Azərbaycan ərazisində aşkar edilən dəfinələrlə bağlı çox ciddi məqamlar üzə çıxdı. Bütün ömrünü xəzinələrin axtarışına, tədqiqinə həsr etmiş mütəxəssislərlə həmsöhbət olduq. Azərbaycan ərazində  indiyə qədər ən zəngin qızıl dəfinəni tapan şəxsdən də eksklüziv müsahibə götürdük. Xəzinələrin basdırıldıqları yerlər, əlamətlər, aşkar etmək formaları, qanunsuz “xəzinə ovçuları”  və s. bir çox mühüm məqamlara aydınlıq gətirməyə çalışdıq.

Əli Rəcəbli Tarix elmləri doktoru, professor, numizmat-arxeoloq, AMEA-nın müxbir üzvü, Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika Elmi Fondunun şöbə müdiri:

-Mənim işlədiyim vaxtlarda Azərbaycanda təkcə antik dövrə aid 10-dan çox dəfinə tapılıb. Onlardan cəmi iki-üçü bizim Muzeyə təhvil verilib. Təsəvvür edin ki,  2300 il bundan öncə basdırılan dəfinələr, qızıl sikkələr (pul) bizim dövrə qədər gəlib çatıb. İndi 10 dənə dəfinə tapılıbsa, görün bu illər ərzində nə qədər dəfinələr aşkar olunub?! Nə qədər dəfinə də hələ yerin altındadır!  Bu dəfinələr axtarmaqla yox, təsadüfən tapılır. Bəzən həmin dəfinəni basdıran adamın özü ölür, bəzən də basdırdığı yeri tapmır. Beləliklə həmin sikkələr bizə gəlib çatır. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada dəfinə tapılmasın.

“Dəfinəni tapan adamlar çox vaxt onu özləri  mənimsəyib, satırlar. Buna görə də həmin dəfinlərin hamısı bizə gəlib çatmır”. 

-Xalqımızın diqqətinə çatdırmaq lazımdır ki, dəfinələr yerin altında olan hər şeydən- neft, qazdan daha qiymətlidir. Çünki həmin dəfinələr tariximizin güzgüsüdür, keçmişimizi əks etdirir. Hər şey həmin dəfinəni tapanların vicdanından aslıdır.  Həmin insanlar gərək tapdıqları dəfinəni bütövlükdə Muzeyə təhvil versinlər. Neft və qaz xalqın, dövlətin malı olduğu kimi dəfinələrə də dövlətin malıdır.

“Dövlət həmin dəfinələri tapıb təhvil verənlərə 20, 30, 50 faizlik pul mükafatları təqdim edir”. 

-Müxtəlif adamların əllərində aparatlarla dəfinə axtarışına çıxmaları ilə bağlı bizə çox sayda  məlumatlar daxil olur. Bu cinayətdir! Yerli icra nümayəndələri də onlarla birlikdə hərəkət edir, guya xəbərləri yoxdur. Əslində hamısı bir yerdə işləyir. Qiymətli bir şey tapan kimi öz aralarında bölüşürlər.

-Bir dəfə Ucar rayonunda 100-dən çox Bizans qızılının olduğu böyük bir dəfinə tapılmışdı. Bəzək əşyaları, bilərziklərlə və s. zəngin bir dəfinə idi. Mən də ora getdim. Orda məni polislər qarşıladılar, kəndə apardılar. Guya dəfinəni tapan adam itib-batıb, yoxa çıxıb. Camaat isə hər şeyi danışırdı. Polis, prokuror da hər şeyi bilirdi…

     “Şamaxıda tapılan dəfinəni camaata pul verib satın aldım”

-Şamaxıda tapılan dəfinə barədə də mənə tez məlumat verdilər. Şəxsən özüm ora getdim. Camaata müəyyən məbləğdə pullar verdim və həmin dəfinənin bəzi hissələrini satın alıb bura gətirdim. Dəfinənin  xeyli hissəsi insanlarda qaldı.

Digər dəfinə isə Qəbələ yaxınlığında tapıldı. Orda arxeoloqlar işləyirdi. Pullar da dəfinə tapılan yerə səpələnmişdi. Təxminən  600- 700 dənə pulu toplayıb Muzeyə təhvil verdilər.

        “Hər il ölkəmizdə ən azı  10-15 dəfinə tapılır”.

-Təsəvvür edin ki, bu illər ərzində ölkəmizdə nə qədər dəfinə tapılıb! Tək sadaladığım rayonlarda dəfinə tapılmayıb. Hər yerdə belə dəfinələr tapılır. Amma həmin dəfinələri kimlərsə mənimsəyir. Əvvəllər əhali bir qədər də gözü açıq deyildi. İndi “kolleksioner” deyilən “məxluq”lar peyda olub. Guya kolleksiya toplayırlar, dəfinə pullarını bahalı qiymətə satıb varlanırlar.

-Azərbaycan ərazisində tapılmış ən zəngin dəfinə hansıdır?

-Şamaxı və Qəbələdə antik dövrə aid tapılmış dəfinələr həm dövrə görə, həm də tərkibinə görə çox zəngin dəfinələrdir.Həmin dəfinələrin içərisində müxtəlif dövlətlərin sikkələri də  var. Dəyərsiz dəfinə yoxdur.  Hər bir pul dəfinəsi  torpağa  basdırılan vaxt, o ərazidə  mövcud olan ictimai, siyasi  həyatın mənzərəsini əks etdirir.Bu pulların üstündə olan yazılara əsasən, Azərbaycanda hansı şəhərlərin olduğunu, iqtisadi vəziyyəti müəyyən edə bilirik.Bizə məlum olmayan hakimlərin, şəhərlərin  adları pullar üzərində həkk olunur.

-Bu günə qədər tapılan dəfinələrdən hansı önəmli tarixi faktları aşkar etmisiniz? Azərbaycanda hansı şəhərin olduğunu müəyyən etmisiniz?

-Hələ 2000 il əvvəl Azərbaycan (Atropatena) sözü monaqrama şəkilində pul üzərində həkk olunub. 696-cı ildə isə Ərəb Xilafətinin milli pullarının üzərində ilk dəfə “züriaba hazə dirham pi Azerbaican”. “Bu sikkə Azərbaycanda kəsilib” deməkdir.  “Zuriaba hazə pi Aran”. Bu pul Aranda kəsilib. Ərəblər artıq 6-cı əsridə Azərbaycanın hara olduğunu bilirdilər ki, burada pullar kəsirdilər.

Bir zamanlar Azərbaycan ərazisində Mahmudabad şəhəri olub. Orada şahlar çoxlu sayda pullar kəsib.  Pulun üzərində “Mahmudabad” yazılıb. İndi isə həmin şəhərin yeri  dəqiq məlum deyil. Bu yolla  15-20 dənə belə şəhərlər aşkar edilib.

-Tapılan dəfinələr sizə təqdim olunan zaman harada saxlanılır və  aqibəti necə olur?

-Muzeyimizdəki Numizmatika Fondunda saxlanılır.

-Azərbaycanın  Numizmatika Fondunda nə qədər xəzinə saxlanılır?

-Fondda 150 minə qədər mis, gümüş, qarışıq  sikkə var. 1000-dən çox qızıl sikkə var. 10 minlərlə gümüş sikkə var. 100 minlərə isə mis sikkə var.

-Azərbaycan ərazisində nə qədər itmiş xəzinə mövcududur?

-Sadəcə olaraq deyə bilərəm ki, Azərbaycanda hər il ən azı 10-15 dəfinə tapılır.

“Bu yaxınlarda 5 kiloqram ağırlığında dəfinəni təhvil verdilər”

-Hər sikkənin çəkisi də bir qramdır.  Dəfinənin içində beş min sikkə vardı. Sovet dövründə bir dəfə Bərdə də böyük dəfinə tapılmışdı. Dəfinəni vedrə ilə bura gətirmişdilər.

      “Bərdədə tapılan dəfinəni vedrə ilə bizə təhvil verdilər”

-Hələ sovetlər vaxtında Qəbələdə qazıntı aparılıb. Təxminən 50-60 il olar ki, bu qazıntı işləri davam edir. Çuxur-Qəbələ adlı kənddə antik dövrə aid böyük bir sikkə dəfinəsi tapılıb. Sikkələr bütün kurqan boyu dağılmışdı. Yağış yağan zaman göbələk kimi görünüb, parıldayırdı. 500-600 yüz sikkəni gətib muzeyə təhvil verdilər. Bu yaxınlarda balaca bir dəfinə də  tapılıb. Orada  Şirvanşah Qubadın adına da  pul var.

        “Xəzinələr əksər hallarda küpə formasında tapılır”.

-Çünki küpə xəzinəni yaxşı saxlayır. Amma bəzən küpənin ağzı açılır və içərisinə su düşür. Nəticədə sikkələr paslanır. Bəzən əskilərə bükülmüş  xəzinlər də tapılır. Kimin nəyi varsa ona büküb basdırır.

-Bütün ömrünü xəzinə axtarışlarına həsr edən insanlara nə demək istərdiniz?

-Onların hər biri cani, cinayətkardır. Heç kəs yerin altındakı sərvəti birbaşa məniməsəyə bilməz. Əgər xəzinə tapmısansa onu dövlətə təqdim etməlisən. Dövlət də bunun müqabilində sənə mükafat verir. Biz xəzinə gətirənlərə elə mükafatlar veririk ki, əgər o xəzinəni kənar bir şəxsə satarsa bizim təqdim etdiyimiz məbləğdən çox az qazanacaq.Yəni ki, biz daha çox pul təklif edirik.Buna baxmayaraq  yenə də xəzinə tapan insanlar  bura gəlmirlər. Dövlətdən qorxurlar. Gedib gizlin şəkildə alver edirlər.

Televizordan tez-tez eşidirəm ki, rayonlarımızda dəfinələr tapılıb. Bizim arxeoloqlar da gedib həmin dəfinə tapanlarla danışıb, onlar da söz veriblər ki, gətirəcəyik. Hələ indiyə qədər gözləyirik ki, dəfinəni gətirəcəklər.

Şəmkirdə qazıntı gedən zaman da qızıl pullar aşkar edilmişdi. Onu muzeymizə təhvil verdilər. Bizim torpağımız çox bərəkətlidir. Niyə Gürcüstanın bu qədər şəhərində pul kəsilməyib. Yalnız Tiflisdə pul kəsilib. Amma təkcə Şimali Azərbaycanda 50-dən çox şəhərdə pul kəsilib. Bu iqtisadi həyatın inkişafını göstərir.

-Niyə xəzinəni tapıb, gizlədən şəxslər cəzalandırılmır?

-Biz bir neçə dəfə polisə məktub yazmışıq. Polis də gedib 3-5 dənə dəmiri tapıb bizə verir. Gedib o xəzinə tapanların əlində nə varsa alırlar,  qorxudurlar. Üstəlik  başqa şeylər də tələb edirlər. Deyirlər ki, guya bunları tapıblar…

-Həyətində xəzinə olduğunu  güman edən insanlar  kimə müraciət etsinlər?

-Əgər sən ev tikirsənsə o torpaq öz mülkündür. Buna heç kəs söz deyə bilməz. Amma çöldə haranısa qazmağına heç kəs icazə verməməlidir. Həyətini qazıb,  xəzinə  tapan çox insan var… Və yaxud da gedib birini tapıb həyətlərini qazdırsınlar. Bunun bizə  heç bir aidiyyatı yoxdur.  Tapıb muzeyə  təhvil versələr  daha yaxşı olar.

        “Çoban tapdığı xəzinə pullarını ətrafa atırdı”

-Şamaxıda böyük bir dəfinə tapılmışdı. Bir neçə dəfə Şamaxıya getdim. Qədim şəhər yeridir. Həmin ərazidə əkin işləri də aparılmamışdı. Əhali orada üzümlük  salmışdı. Həmin vaxt bir çoban orada sürü otarırmış. Çomağı  ilə yeri eşən zaman birdən küp tapıb. Çoban küpün içərisindəki 15 qram ağırlığındakı iri, gümüş  pulları  götürüb ətrafa atmağa başlayıb. Oradakı camaata xeyli pul ödədim və 300-ə qədər sikkəni alıb Muzeyə gətirdim.

-Bir qızıl sikkəni muzeyə təhvil verən zaman əvəzində nə qədər pul ödənilir?

-Əgər həmin qızıl sikkə bizim Muzeydə yoxdursa, biz onun qiymətini 1000 manatdan 10 min manata qədər qaldıra bilərik. Məsələn, Şirvanşah Qubadın  xalis gümüş olmayan bir sikkəsini tapıb bizə təhvil verənə 1000 manat ödədik.

-Makedoniyalı İsgəndərin, Çingiz xanın xəzinəsinin Azərbaycan ərazisində olduğu iddia edilir. Bu nə dərəcədə doğrudur?

-Hələ Çingiz xanın, Makedoniyalı İsgəndərin xəzinəsini tapan yoxdur. Hansı rayona getsən orda sənə deyəcəklər ki, burada  hansısa şahın  xəzinəsi basdırılıb. Təsəvvür edin ki, Çingiz xan bütün dünyanın yarı hissəsini zəbt etmişdi, xeyli sərvət  monqolların əlində toplanmışdı. Həmin xəzinəni basdıranları öldürdülər.  Öldürən şəxsləri də qətlə yetirdilər. Beləliklə, iz-toz itdi.  Amma hardasa o xəzinə var, yatıb qalıb…

Qafar Cəbiyev – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda tarixçi alim, tarix elmləri doktoru. Qafar Cəbiyev Azərbaycanda indiyə qədər ən böyük qızıl dəfinəsini tapan və dövlətə təhvil verən ilk arxeoloqdur. Bu barədə bir neçə kitabın müəllifidir.  Q. Cəbiyev HafizTimes.com-a müsahibəsində dəfinələrlə bağlı mühüm məqamları açıqlayıb:

Bu yaxınlarda Ağsu rayonu ərzisində bir orta əsr şəhəri aşkar etdim. Həmin şəhərin adı Mehrəvandır. Bu şəhərin adı Musa Kalankatlının “Albaniya tarixi” əsərində qeyd olunub. Şəhərin qalıqlarını ilk dəfə 2004-cü ildə mən aşkara çıxardım. 2014-2015-ci illərdə orda  geniş miqyaslı tədqiqatlar apardıq. Qazıntı zamanı orada xeyli pullar, bir neçə qızıl üzük, bilərzik  və qızıl zəncirin hissələrini də aşkar etdik.

“Şamaxıda hökmdar və xanımının ləl-cəvahiratla bəzənmiş məzarını açdıq”

-2017-ci ildə isə Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında Dəmirçi-Lahıc yolu çəkilən zaman orada daş qutu qəbirlər üzə çıxıb. SOCAR-ın sifarişi ilə biz ora getdik və  may ayında 20 gün ərzində orada tədqiqat işi apardıq. 30-qədər daş qutu açıldı. Həmin qəbirlərin 18-ni tam şəkildə tədqiq etdik. Orada hökmdar statusunda olan bir sərkərdənin qəbrini aşkar etdik. Bu qəbrdən o dövr üçün çox önəmli hesab olunan qılınc və xəncərlər tapdıq. Hökmdarın başının altına gümüş nimçə qoyulmuşdu. Gümüş nimçənin içərisində parça vardı. Bu nadir tapıntıdır. Həmin sərkərdənin yanında isə 45-46 yaşlarında bir xanım dəfn olunmuşdu. Məzardan çox qiymətli əşyalar çıxdı. Bir cüt ləl-cəvahiratlə bəzənmiş Roma istehsalı olduğu güman edilən qızıl sırğa, daha sonra gümüş fibula(sancaq) da tapdıq. Həmin qəbirdə çox saylı gümüş, Roma və Parfiya pulları da aşkar etdik. Bəzək əşyalarının yanında üstü-üstə formada 1500-ə qədər müxtəlif qiymətli daşlardan olan muncuqlar, asmalar  aşkar etdik. Həmin asmaların kəhrəbadan, firuzədən olduğunu üzə çıxardıq. Həmin qiymətli  əşyaların bir çoxu standart ölçüdədir, elə bil qəlibdən çıxıb.Düşünəm ki, həmin məzarlar Girdiman hökmdarı Xurs və onun xanımına məxsusdur.

“Hər yeri  gedib qazmaq olmaz. Arxeoloq ərzini  gəzib görməlidir, orda nələrinsə ola biləcəyindən xəbər verən əlamətləri  müəyyən etməlidir”.

-Arxeologiya özü başdan-başa romantikadır, sensassiyalarla dolu olan bir elmdir. Haranı tətqiq etmək arxeoloqun duyumundan aslıdır. Həmin yerdən çox nadir, sensassiya sayılacaq nələrsə çıxa bilər. Və belə hallar çox olub. Amma ordan heç nə çıxmaya da bilər.

– Dəfinənin olduğunu göstərən əlamətlər nələrdir? 

-Məsələn düzənlik bir ərazidir. Nə bilirik ki, orada əvvəllər yaşayış olmayıb. Yəqin o düzənlik zaman-zaman  şumlanıb. Bəlkə də heç şumlanmayıb. Nə vaxtsa kimsə orada hansısa bir xəndək qazıb. Elektrik dirəyi basdırıb. Bu zaman orada  təsadüfən hansısa bir yarğan olubmu? Arxeoloq həmin yerləri gəzir. Yarğanlarda müəyyən yaşayış izləri görünür. Əgər orada kömür qalığı, kül, sümüklər, saxsı qırıqları və insan əlinin məhsulu olan əşyaların hissələri varsa, demək ki, orda həyat olub. Tapılan əşyalara görə orda hansı dövrdə yaşayış olduğunu müəyyənləşdirmək olur. Bəzi qazıntılar  zamanı 30 metrə qədər yerin altına gedib çıxmaq olur. Çox dərində qazıntı işləri aparmaqla da qədimliyi üzə çıxarmaq olmaz. 30 metr qazandan sonra  lal təbəqə üzə çıxır. Lal  təbəqə ona görə deyilir ki, orda insan həyatının izi yoxdur.

“Siçan yuvaları, kömür,kül, saxsı qırıqları olan yerə diqqət yetirmək  lazımdır”

-Məsələn, bir təpə görürük. Necə bilərik ki, orada yaşayış olub, yoxsa olmayıb? O təpənin kənarlarını gəzirik. Bir dəfə gördük ki,  təpənin kənarlarında siçan yuvaları var. İçəridən kül, kömür, saxsı  qırığı çıxıb. Bir az gəzdik, gördük yaxınlıqda bir dənə porsuq yuvası da var. O da torpağı eşib.  Həmin vaxt dedik ki, burada yüz faiz həyat olub. Tədqiqat aparmağa başaldıq. Nəticədə  7000 il tarixi olan təbəqə aşkar etdik.

        “Gözə görünən yerdə dəfinə ola bilməz”

-Pulu heç vaxt insanlar çölə atmayıblar. Pulu kimlərsə itiriblər.Dəfinələri də  adətən gizlədiblər. Güman edilməyən yerlərdə isə dəfinələr ola bilər. Çox nadir hallarda tədqiqatlar zamanı dəfinələr üzə çıxır. Azərbaycanda bu vaxta qədər çoxlu dəfinələr aşkar edilib.

“Qızıl pullardan ibarət dəfinəni ilk dəfə mən tapmışam. Arxeoloji  tədqiqatlar zamanı tapılan bu dəfinə Ağsu dəfinəsidir. Orda  qızıl pullarla yanaşı, gümüş pullardan ibarət dəfinə də tapdıq”.

-Həmin günü necə xatırlayırsınız?

-Dəfinə tapılan yer şəhərin anbar buzxanası olub. 7-8 metr dərinlikdə böyük bir ərazidir. Şəhərin strateji ərzaq ehtiyatları orada saxlanılıb. Üstü kərpic “arka” ilə bağalanıb.Müəyyən tarixi dövrdən sonra həmin daşlar çöküb.Ordan biz top mərmisi  də tapdıq. Güman edirəm ki, 18-ci əsrdə ruslar Azərbaycana hücum edən zaman oranı top  atəşi ilə dağıdıblar. Töküntünü təmizləyərəkən bir yerdən topa hallında 37 ədəd qızıl çıxdı. Holland qızıl duqatlarıdır. Əyyarı 986, diametri 21,8  mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qram, forması dairəvi,kənarı döyülüb, üzəri zərb olunub. Sikkələrin üzərində latın dilində yazısı olan  kvadrat lövhə var. Təcüməsi isə belədir: “İmperiya qanunlarına uyğun olaraq Belçika Əyalət Federasiyası hökumətinin  sikkəsidir”. Sikkənin digər üzündə zirehli cəngavər təsvir olunub.

-Həmin gün mən Bakıda idim. Müavinim Elmira Abbasova orda qalıb, işə nəzarət edirdi. Səhər saat təxminən 08:15-də mənə zəng etdi. Dedi ki, “işin gedişatı zamanı, qazarkən qızıl….”

“Qızıl” deyən kimi dedim ki, “dayan, artıq heç nə demə. Heç kəsi kənardan ora buraxma. Və ordan  kənara heç kəsi buraxma. Qızılı apara bilərlər. Bu barədə  informasiya yayılmamalıdır.Mən gəlirəm”.

-Bakıdan Ağsuya təxminən iki saatdan artıq yol var. Mən həmin yolu 1 saat 10 dəqiqəyə getdim. Ora çatan kimi diktafonu, videonu da qoşdum. Dedim ki, tapıntı prossesini danışın. Dedilər ki, “filankəs qazarkən lapatka dəyən kimi qızıllar üzə çıxdı”. Şahidləri də danışdırdım, aktlaşdırdım.Çünki sabah məni şərləyə bilərdilər. Deyərdilər ki, guya çox olub, yarısını oğurlayıblar. Daha sonra xəzinəni bazaya gətirdik və tətqiq etməyə başladıq. Bu hadisə şənbə günü olmuşdu. Birinci gün onu Tarix Muzeyinə Nadir Metal Əşyalar Fonduna aktla təhvil verdim.

  “Pullar isə iki əl qarışı qədər yerdə yayılmış bir vəziyyətdə idi”.

-Ehtimal edirik ki, ya yerli, ya da xarici bir tacir gəlib orda alveri edirmiş. Həmin pul kisədə olub. Çox güman ki, parça kisədə olub. Bəlkə də qəfildən  hücum və yaxud da zəlzələ  olub. Hansısa şəraitdə o kisə həmin şəxsin əlindən yerə düşüb. Biz tapan zaman artıq kisə çürümüşdü.  Pullar yerə yayılmışdı.

-Həmin qızıl xəzinəni tapıb dövlətə təhvil verəndən sonra həyatınızda nələr dəyişdi? Hansı hissləri keçirdiniz?

-Həmin qızılları təhvil verəndən sonra söz-söhbət çoxaldı. Yəni ki, bəs bu arxeoloqlar yüz ildi qazıntı işləri aparırlar, nə əcəb indiyə qədər  qızıl tapmayıblar? Məlum oldu ki, ayrı-ayrı arxeoloqlar müəyyən vaxtlarda qızıl əşyalar tapıblar və özlərində saxlayıblar. Tarix Muzeyinin təkidindən sonra bəzi arxeoloqları bir neçə qızıl əşyanı gətirib muzeyə təhvil verdilər.

“Bəzi arxeoloqlar birbaşa olaraq mənə dedilər ki, “sən çox pis bir iş gördün. Sən tapdığın qızılları aparıb ora təhvil verməklə hamımızı təzyiq altına saldın”.

-“Onu  qara bazarda bu qədər qiymətə satardın? Sənin ağlın yox idi ki, belə etdin?”

Cavab verdim ki,  “mən bunu etməklə zövq aldım.  Qoy bütün ölkə desin ki, bu axmaq bir kişidir. Nə isə ölkədə bir kişi tapıldı ki, qızıl tapa bilir və onu aparıb dövlətə təhvil verə bilir. Bunun qüruru mənə bəs edir”.

Şamaxıda qızıl dəfinəni tapıb Tarix Muzeyinə təhvil verəndə oranın direktoru, Akademik Nailə Vəlixanlı mənə dedi ki, “Qafar müəllim bu vaxta qədər düşünürdüm ki, bu arxeoloqlar  niyə qızıl tapmırlar? Axı bu qədər qazıntı işləri aparırlar. İndi isə mənə tam şəkildə məlum olub ki, qızıl çıxır, amma üzə çıxmır”.

“Qəbələdə Teymurləngin 25  dəvə yüklü qızıl xəzinəsini axtardılar”.

-1980-ci  illərdə xəbər yaydılar ki, Qəbələnin Vəndam kəndində Teymurləngin 25  dəvə yüklü qızıl xəzinəsi var. O vaxt axtarışların nəticəsi olmadı. Mən yazı hazırlayıb qeyd etdim ki, bu “şarlatanlıqdır”, belə şey yoxdur.

“Xalq Cəbhəsinin vaxtında Qəbələyə texnikalar göndərib, xəzinə axtarmağa başladılar”. 

-Nəticədə heç nə tapa bilmədilər. Təxminən 5-6 il öncə də dedilər ki, orada xəzinə var. Aidiyyatlı qurumlar mənimlə əlaqə saxladılar. Dedim ki, orada, Qəbələnin Vəndam kəndində, Girvə deyilən ərazidə heç nə yoxdur.  İnsanlar düşünmürlər ki, orada qızıldan qiymətli bir tarix var. Çox arzu edirəm ki, Qəbələdən Alban əlifbasının sistemli halda olan bir mətnini tapım. Bu vaxta qədər həmin əlifba açılmayıb, oxunmayıb.Tariximizin ağ səhifəsidir. Onu tapmaq mənim üçün 10 dənə qızıl dəfinəsindən daha önəmlidir.

-Ən zəngin qızıl dəfinələr tapmış bir şəxs olaraq, özünüzü qeyri-adi insan kimi hiss edirsiniz? Yəqin ki, dəfinə də hər adamın  əlinə gəlmir…?

-Mən  sadəcə olaraq buna bir “naxış” kimi baxıram. Arxeoloqlar  arasında  bəzən “naxışlı arxeoloqlar”da var. Həmin  insanın duyumu, peşə hazırlığı, təcrübəsinin çox olması da bura daxildir. Elə hallar olur ki, qazıb xəzinəni kənara atırlar. Görmürlər ki, orada qiymətli əşyalar var.

  “Qısqanclıq zəmnində Ağsu ekspedisiyasını bağlamaq istədilər”.

-Bir məqamı heç vaxt unutmaram. 2011-ci il tədqiqatlarından sonra qısqancılıq zəmnində Ağsu ekspedisiyasını bağlamaq istədilər. Həmin ekspedisiyaya dövlət tərəfindən bir manat da vəsait verilmirdi.İctimai birlik tərəfindən maliyyələşdirilirdi.Daha sonra yuxarı orqanlar tərəfindən Akademiyanın  rəhbərliyinə tədqiqatların davam etməsi  bağlı göstəriş verildi. 2012-ci ildə məhz  orada qızıl dəfinəsi aşkar etdik. Bu sanki həmin ekspedisiyanı bağlamaq istəyənlərə  bir cavab oldu.

              “Azərbaycanın hər yerində dəfinələr ola bilər”

-Azərbaycan ərazisi başdan-başa muzeydir. Onun torpağının altında hər qarışda bir tarix var. Fikrimcə, Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi  heç olmasa orta səviyyədə tədqiq olunarsa, bu  uzun illər ərzidə neft-qazdan daha artıq ölkəmizə divident gətirə bilər.

“Mənim əlimə də qızıl axtaran aparat versələr, bir gün ərzində 50-yə yaxın ərazidə qızılın olduğunu göstərərəm”.

-Vizual  görüntülərə, məntiqimə və duyğuma əsasən deyə bilərəm ki,  filan nöqtədə qızıl var. Amma bu elm deyil!

-Qızıl dəfinənin olduğu yerin vizual görünüşü necə olur? Yəni harada xəzinə ola bilər?

-Yaşayış izləri özü sənə deyir ki, orada davamlı yaşayış olub, hakim zümrəyə məxsus insanlar burada yaşayıblar və s. Tikinti, ordakı əmək alətlərindən, təsadüfən tapılan sikkə və yazı nümunələrindən hər şeyi müəyyən etmək olur.

“Qızıl tapmaq üçün qəbirlərin üzərindəki bütün daş qoç fiqurlarını sındırıblar”

-Bu da ermənilərin bir hiyləsi idi. Guya həmin daş fiqurların içərisində qızıl var. Daşdan düzələn həmin qoç fiqurları Azərbaycan ərazisindəki məzarın üzərində olurdu. Qaraqoyunlu, Ağqoyunlu dövləti ilə bağlıdır. Ermənilər də bilirdilər ki, bu bizim tariximizlə bağlıdır. Ermənilər tariximizi  məhv etmək üçün 19-cu əsrin sonlarından belə bir şaiyə yayıblar ki, guya həmin fiqurların içərisində qızıl var. Bizim camaat da Cənub, Şimali-qərb bölgəsində hətta Gücüstan ərazisində olan xeyli sayda daş qoç fiqurlarını qırıb, dağıdıblar ki, guya qızıl tapacaqlar.

19-cu əsrin sonlarından etibarən Qarabağda, Naxçıvanda, Daşkəsəndə, Gədəbəydə və Lənkəran bölgələrində qızıl axtaranların, xüsusən də xarici ölkələrdən olan şəxslərin tarixi abidələrə bir növ total hücumu müşahidə olunub. Nəticədə qalalar, kurqanlar, daş heykəllər və daş qutu qəbirlər dağıdılıb, tapılan materiallar isə talan edilərək gizli yollarla ABŞ, Almanya, Fransa, İsveç, Hollandiya və s. ölkələrə daşınıb.

 “Makedoniyalı İsgəndərin dəfinəsini Azərbaycanda axtarırdılar”

-Ötən  əsrin əvvəllərində qızılaxtaranların Şirvan bölgəsində, xüsusən də Şamaxı ətrafında intensiv axtarışları olub. O zaman başlıca hədəf Makedoniyalı İsgəndərin xəzinəsini tapmaq arzusu idi. Qəribədir, İskəndərin və onun adamlarının heç zaman olmadığı yerdə onun nə vaxtsa gizlətmiş olduğu xəzinəni axtarırdılar. Maraqlıdır ki, bu axtarışlar barədə məlumatlar hətta həmin dövrün nəşrlərində də özünün geniş əksini tapıb. Amma İsgəndərin dəfinəsini tapan olmayıb.

“Kənd sakini gecələr, gizli olaraq Qəbələdə Teymurləngin xəzinəsini axtarırdı”

-Əvvəllər polis orqanlarında çalışan və sağlamlıq durumunda yaranan problemlə bağlı təqaüdə çıxan Vəndam kənd sakini Sabir Əhmədovun təşəbbüsü və rəhbərliyi ilə Girvə ərazisində Teymurləngin “basdırmış” olduğu 25 dəvə yükü qızılın axtarışına başlayıblar. O zaman Sabirin maliyyələşdirdiyi və rəhbərlik etdiyi bu axtarışlar əsasən gecələr, həm də gizli aparılsa da, hətta Elmlər Akademiyasında da bundan xəbərdar idilər. Amma Sabirin axtarışları nəticəsiz qaldı.

“1992-ci ildə AXC-nin hakimiyyəti dövründə Sabirin məlumatları əsasında Girvədə dövlət səviyyəsində daha bir irimiqyaslı axtarışlara başlanıldı”.

-Dəfinə tapmaq hərisliyi ilə əraziyə çoxlu texnika və əsgəri qüvvə gətirdilər. Axtarışların lap qızğın çağında xidməti işimlə bağlı Qəbələyə getmişdim. İcra başçısı və hüquq-mühafizə orqanlarından birinin rəhbəri mənə təklif etdi ki, Girvəyə gedək. Etiraz etdim. Dedim ki, 80-ci illərdə orada olmuşam və fikrimi də elə o zaman mətbuatda çap etdirmişəm. Girvədə Teymurləngin xəzinəsini axtarmaq boş şeydir.  Təbii ki, mənim bu sözlərim rayon rəsmilərinin xoşuna gəlmədi. Dedilər ki, sən nə danışırsan, nazir müavini özü bir neçə dəfə orada olub. Moskvadan xüsusi olaraq qızılaxtaran cihaz gətiriblər. Hansı ki, həmin cihaz orada xəzinə olduğunu göstərir. Bir sözlə, gördüm ki, kişilər möhkəm inad edirlər, mən də inadımdan dönmədim. Dedim ki, 10-12-il öncə mətbuatda yazdıqlarımı bir daha təkrar edirəm: Girvədə, yerin dərin qatlarında, bəlkə də, qızıl yataqları ola bilər. Bunu müəyyən etmək geoloqların işidir. Amma qəti şəkildə bildirirəm ki, orada Teymurləngə aid heç bir dəfinə və ya xəzinə ola bilməz. Onu axtarmaq da mənasız bir işdir. Girvədə təqribən bir ay davam edən növbəti “axtarışlar”ın da sonu nəticəsiz oldu. Yeganə müsbət nəticə o oldu ki, 16-17 metr dərinlikdə gözəl bir bulaq üzə çıxdı ki, bu da ətraf ərazidə yaşayan sakinlər üçün, həqiqətən, çox qiymətli tapıntı oldu. 

Təəssüf ki, Girvədə xəzinə axtarışı bununla da bitmədi. Sonralar Sabir Əhmədov və digərləri aidiyyatı orqanlara təkrar-təkrar müraciət etməklə öz “ideyalarını” yenidən cücərtməyə çalışdılar. Yenidən nəzərlər Girvəyə yönəldi. Amma növbəti dəfə də xəzinə axtarışı uğursuzluqla nəticələndi.

Sabir Əhmədovla əlaqə saxlamağa çalışdıq. Məlum oldu ki, o bir neçə il öncə dünyasını dəyişib: “O, ailə həyatı da qurmamışdı.Heç bir övladı da yoxdur.  Sabir  ömrü boyu  xəzinə axtarışında oldu. Xəzinə deyə-deyə dünyadan köçdü”.

   “Kürdəmirdə su kanalı qazılarkən Muradxan dəfinəsi üzə çıxdı”

-2010-cu ildə Kürdəmir Rayon Suvarma Sistemləri İdarəsinin mexanizatoru Əlimövsüm İsmayılov Muradxan kəndi ərazisində ekskavatorla kanal yeri qazarkən saxsı küpdə basdırılmış pul dəfinəsi aşkara çıxıb. Bu barədə o, aidiyyatlı dövlət orqanlarına məlumat verib.Telefon zəngi əsasında biz Kürdəmirə yollandıq.

Muradxan kəndində olduq, dəfinənin tapıldığı ərazi ilə tanış olduq. Yerli sakinlərin sözlərinə görə, kanal qazılan sahədə və ona yaxın ərazilərdə əvvəllər də torpaq işləri aparılarkən müxtəlif növ maddi mədəniyyət qalıqları, o cümlədən iri saxsı küp parçaları üzə çıxıb. Yerli sakinlərin sözlərinə  görə, Muradxan kəndi yaxınlığında “Kültəpə” adı ilə bəlli olan yerdə də bu qəbildən olan tapıntılara tez-tez təsadüf olunur.

      “Dəfinənin çəkisi 5 kiloqramdan artıq idi”

-Muradxan dəfinəsi uzun müddət çöl şəraitində qalıb, nəm çəkdiyinə görə, güclü surətdə oksidləşməyə məruz qaldığından onun içərisindəki sikkələrin hamısı vahid metal külçəsi kimi bir-birinə yapışmış vəziyyətdə tapılıb. Sikkələrin səthi bütünlüklə oksidləşərək göyərdiyindən ilk baxışda onların mis pullar olduğu təsirini bağışlayırdı. Elə bu səbəbdən dəfinə Kürdəmir tarix-diyarşünaslıq muzeyinə mis pullardan ibarət dəfinə kimi təhvil verilib. Təhvil-təslim aktına əsasən dəfinənin ilkin çəkisi 5 kiloqram 470 qramdır. Qeyd edim ki, indiyədək Azərbaycan ərazisində tapılmış əksər pul dəfinələrindən fərqli olaraq Muradxan dəfinəsi heç bir dağıntı və itkiyə məruz qalmadan tam şəkildə əldə olunub. Dəfinədə ümumilikdə 1134 ədəd sikkə aşkar olunub. Onlardan təqribən 16-sı sınaraq xırda-xırda hissələrə parçalanmış vəziyyətdədir. Sikkələr təmizlənərkən onların əvvəlcə güman edildiyi kimi, misdən deyil,  gümüşdən olduğu müəyyən edilib. Dəfinədəki sikkələrin orta çəkisi 3,5-4,5 qramdır. Muradxan dəfinəsinin təqribən 1441 -1445-ci illər   arasında  basdırıldığını güman etmək olar.

“Qonşu rayonlardan olan “qızılaxtaranlar” qızıl pulları talan ediblər”

-1970-ci illərdə rayonun Ərəbqubalı kəndi yaxınlığındakı “Şəhərgah” adlı orta əsr şəhər yerində  pambıq əkiləcək sahələr  şumlanarkən də bir neçə yerdə əsasən qızıl pullardan ibarət dəfinələr üzə çıxıb. Nəzarətsizlik səbəbindən həmin dəfinələr yerli sakinlər və qonşu rayonlardan olan “qızılaxtaranlar” tərəfindən tam şəkildə talan edilərək dağıdılıb. Kürdəmirdə uşaqdan böyüyədək hamının bildiyi bu olay barədə guya aidiyatı orqanlara məlumat verilməyib…

Firudin Qurbansoy – Məşhur astroloq. Uzun illər öncə “Xəzinə tapmağın sirləri” adlı kitab yazıb. Kitabda xəzinə tapmağın qeyri-adi yolları, xəzinə basdırılmış yerin əlamətləri qeyd olunub. HafizTimes.com  məşhur astroloqun xəzinə tapmaqla bağlı fikirlərini olduğu kimi təqdim edir:

-Xəzinəni nə vaxt  və necə axtarmaq lazımdır?

-Rusiya xəzinə axtaranlarının fikrincə, xəzinə axtarmağın ən vacib məqamı, vaxtı düz müəyyənləşdirməkdir. Təcrübəlilər cavan “goreşənləri” belə öyrədilər: “Hər dəfinənin öz zamanı var, göylərin izni ilə bir amanı  var”. Deyirlər ki, tilsimlənmiş dəfinələr il ərzində 3 dəfə  yerini dəyişirlər.Xristianlar inanır ki,  bu Yeni il gecəsi, Pasxa və İvan Kupala gününə təsadüf edir. Yeni il gecəsi köhnə kişilərin çoxlu sikkələr tapmaları ilə bağlı əfsanələr də yayılıb. Deyilənə görə,  bu vaxt yerdən göy alov çıxır. Həmin alovu bəsirət gözü ilə görə bilən hər kəs əynində nəyisə çıxarıb alovun üstünə atmalı və elə həmin dəqiqə də  qazımağa başlamalıdır. Yoxsa bir daha heç kəs o pulları əldə edə bilməz.

“Təmiz dəfinələr həzin, kədərli səslə, bədxahları isə qışqırıq, söyüş, fitli səslə  səslənərək aşkara çıxarılmağını istəyir”.

-Daha bir məqamı da qeyd edim ki, yeni il gecəsi xəzinənin  səsi olur. Bu səsə görə xəzinənin hansının daha zəngin olduğunu bilmək mümkündür. Pasxa gecəsinin öz qayda-qanunu var. Şənbə günü qaş qaralanda xəzinə axtaran xaçpərəstlər özləri ilə xaç, xeruvim ladanı (ətirli bitki) və şam götürüb yola çıxırlar. Xəzinəni tapmaq üçün dualar oxunmalıdır. Qətiyyən əsəbləşmək olmaz. Pasxa gecəsi bir şey çıxmasa işi Simon Zilota günün təkrar etmək lazımdır.

27 iyun gecəsi – İvan Kupalo vaxtı xəzinə axtaranlar hesab edirlər ki, ugurlu gün gəlib çatıb. Qocalar deyirlər ki, əgər yaxşı dəfinəyə rast gəlmək istəyirsənsə sübh şəfəqləri yenicə görünməyə başladığı vaxt axtar. Əgər səfeh bir şey tapmaq istəyirsənsə o zaman axşam işə başla.  Tam gecə yarı, ay çıxan zaman kurqanın təpəsinə dırmanan adam kölgəsinə baxıb onu ölçməlidir.  Deyilənə görə, dəfinə elə bu məsafədə basdırılıb.  Bəziləri əlavə edirlər ki, kölgənin uzunluğundan iki addım məsafədə axtarılsa da tapılar. Çünki dəfinəni basdıran tapandan daha hündür olur. (“Orakul” qəzeti, 1999 , N: 7)

“Sovet vaxtı gizli tədqiqatlarla məşğul olanlar Naxçıvanda Gəmiqaya ərazisində qəribə, qeyri-adi  hadisələrlə rastlaşdılar”.

-Həmin tədqiqat ekspedisiyasında iştirak etmiş bir nəfərin etirafına görə, mağarada uzun, qaranlıq yolun uc tərəfini işıqlandıranda ayaq üstə, yanında köpək olan ağheykəli sileuti görünüb. Buna görə ekspedisiya rəhbəri mağaraya girməyi qətiyyətlə yasaqlayıb.Ayağına qırılmayan elastik tilov ipi bağalanmış dovşanı mağaranın ağzına yaxın gətirirlər. Gücləndirici vasitəsi ilə it hürüşü yazılmış maqnitafon lentini səsləndirirlər.Qorxmuş dovşan işıqlandırılan dar yolla mağaranın içərilərinə doğru götürülür. Mağaranın dərinliyində, heykələ yaxın yerdə ağ bulud topasına bənzər  çoxsaylı mığmığı dəstəsi dovşana hücum edib, onu sancırlar.Dovşanı öldürdükdən sonra, mığmığı topası qəfildən yox olub.  Ekspedisiya üzvləri ipi çəkib dovşanı mağaradan çıxarılar. Həyat əlamətləri olmayan dovşan sanki gipislənib.  Bu dovşan heykəli hamını heyrətə gətirib. Bütün bunlar kino lentinə alınır.  Moskvadan  gəlmiş ekspedisiya üzvləri dovşanı da, kino lentini də götürüb heç kəsə bir söz demədən oranı tərk edirlər.

-Dəfinəni basdıran adamlar təbii və sünni əlamətlər  qoyurlar.

-Təbii əlamətlərə nümunə kimi divar, böyük daş, qaya, ağac, yolayrıcı və s. göstərmək olar. Süni əlamətlər isə xəzinə basdıranın özünün qoyduğu nişanlardır. Hərbçilərin meşədə, çay içində, bataqlıqda, qamışlıqda xəzinə basdırmasına dair  məlumatlar var. Onlar ölmüş atın leşini basdırmaq adı altında iri bir çala qazırlar. Əslində isə əl altından əldə etdikləri hərbi qəniməti basdırır, üstünü torpaqladıqdan sonra at leşini də üstünüdən qoyub çalanı doldururdular. Bəzən belə çalalara at deyil, şəhid olmuş döyüşçü yoldaşlarının, düşmən tərəfin əsgərlərinin cəsədlərini  qoyurdular. Qəbri torpaqladıqdan sonra üstünə əlamət də qoyurdular. Bu əsasən dik hamar daşlar, taxta və ağac olurdu. Bəzən döyüşçülər başqa ərazidə həlak olurdular və bir daha həmin yerə qayıtmırdılar. Vaxt ötür, cəsədlər çürüyür, məzar yerlə-yeksan olurdu.Cəsədlərin çürüməsi və fosforun oksigenlə birləşməsi nəticəsində yaranan qaz yerin üstünə sızırdı. Bu qaz açıq göy, mavi rəngdə görünürdü.  Mavi rəngli qaz çıxan xəzinələrdə magik bir əlamət yoxdur. Bu təbii kimyəvi reaksiyadır. (Ensiklopediya suevery. M. 1995, səh. 159)

-Suyun içində, çay yatağında, göllərdə, köhnə evlərin xarabalığında, mağaralarda, tərk edilmiş qədim yaşayış yerlərində dəfinə tapmaq ehtimalı böyükdür.

-Dağ yolunda qara keçi görmək həmin yerdə dəfinənin basdırılmasından xəbər verir. Çöllükdə nəzərə çarpan böyük qaya parçası, çəmənlikdəki tək, cüt hətta üç ədəd palıd, qoz, şabalıd ağacalarının ətrafında da dəfinə axtarmaq yaxşı nəticələnə  bilər. Yerdən alov (dilimləri mavi, bənövşəyi, sarı, qırmızı rənglərdə ola bilər) çıxmağı əsas əlamətdir. İldırım vuran yerdə xəzinənin olması da sınamalarda təsdiqlənib.

    “Dəfinəni yuxarıdan yox, yandan götürmək  lazımdır”.

-Çünki onun lənətlənmiş və ya boş olduğu hamı üçün ayıdınlaşmır. Xəzinə yan tərəfdən çıxarılanda sərvət səpələnir və bununla da  lənət dağılıb gedir. Xəzinəni çıxaranda söyüş söymək, bəd ruhları xatırlamaq, yerə tüpürmək, təbii ehtiyacını ödəmək qəti olmaz. Göy rənglə yanan alovu ancaq xəzinəni çıxarmağa icazə verilən adam görə bilər. Çox vaxt xəzinə uşaqların qismətinə çıxır. Belə sınama var ki, xəzninəni qoruyan ruhlar tam məsum uşaqlara daha çox şəvqətlidir. Çünki onlar günah iş tutub, hələ çirklənməyiblər.  Dəfinə və xəzinələrdə 3, 9, 12, 40 rəqəmləri önəm daşıyır.

Gəzərgi dəfinlər də var. Bəzən dəfinələr obraza girib heyvan, quş və əldən düşmüş qoca şəkilində, səfil insan görkəmində adamın qarşısına  çıxırlar. Heyvanı və quşu vuran kimi dəfinə səpələnir, ya da insandan nəsə xırda bir xahiş edir, xahişi rədd etməsən, xəzinənin sahibinə çevirilə bilərsən. Xəzinə xoş niyyətlə axtarılmalıdır. Tapılmış xəzinənin onda biri kasıba, bivarisə, xəstəyə verilməlidir ki, özün kasıb, bivaris və xəstə olmayasan.  Xəzinənin yerinin dərinliyə çəkilməsinə, “küsməsinə” səbəb insanların fikirlərindəki bəd niyyətdir. Axı qoruyucu ruhlar fikirləri “oxuyur”. “Dəfinəni başla axtarmaq lazımdır, bellə, külünglə yox”-deyimi yerində söylənilib.

“Dəfinə dəmir çəndə, mis və ya şüşə qabda basdırılıbsa, bir ildən sonra yeri qazıb onu tapmaq olmaz”.

-Bu zaman insanın ürəyinə elə hiss gəlir ki, guya kimsə qazıyıb çıxarıb. Əslində qızılın xüsusi çəkisi ağır olduğundan torpağın qatlarını keçib suya çatınca dərinliyə  enir.

HafizTimes.com olaraq son illər Azərbaycanın müxtəlif bölgələrində tapılan xəzinələri də araşdırdıq. “Xəzinə ovuna çıxanlar”la bağlı çox ciddi, eyni zamanda təhlükəli məqamlarla qarşılaşdıq:

12/10/ 2014 – Yardımlı rayonunun Məlikli kəndində xəzinə tapılıb. Mətbuatın yazdığına görə, qızılla dolu xəzinə Məlikli kəndinin yaxınlığında “Əli daşı” deyilən yerdə olub. Yerli sakinlər bir əsrdən artıq müddətdə buranı pir olaraq ziyarətgah kimi istifadə ediblər. İddialara görə, pirdə böyük bir daşın üzərində Həzrət Əlinin ayaq izləri olub. Lakin sonradan bu daşın xəzinənin basdırıldığı yeri işarələmək üçün bura qoyulduğu ortaya çıxıb.Xəzinə xüsusi xəritə əsasında aşkara çıxıb. Arus kəndinin ərazi nümayəndəsi İrasət Nəzərov: Tanımadığımız adamlar kəndimizə  gəlmişdilər. Heç bir sakinimiz onları tanımırdı.  Arxeologiya İnstitutunun adından istifadə edərək gəlmişdilər. Həmin İnstitutun rektoru olan Maya xanıma  rəsmi  məktub yazdım.  Cavab gəldi ki, bizim bu işdən xəbərimiz yoxdur, həmin şəxslərin kim olduqlarını bilmirlər. Təxminən 5-6 nəfər gəlmişdilər.  Həmin ərazi Məlikli kəndinin ətrafında yerləşən bir ərazidir. Oranın sakinləri repressiya illərində sürgün ediliblər. Təxminən 2-3 gün orda axtarış apardılar.Həmin şəxslər orda vəhşilik ediblər. Həmin böyük daşı da uçurublar. İki yerdə 7-8 metr dərinlikli quyular qazıblar”.

HafizTimes.com olaraq qızıl-gümüş axtaran cihazların Azərbaycanda satış qiymətləri ilə bağlı da araşdırma apardıq.

Məlum oldu ki, Azərbaycanda kütləvi sayda metal-qızıl-gümüş axtaran cihazların satışı təşkil olunur. Belə ki, ölkəmizdə fəaliyyət göstərən elan  saytlarında Almaniya, ABŞ istehsalı olan belə cihazlar satışa təqdim olunur. Qiymətlər isə 1000 manatdan, 7500 manata qədərdir. Həmçinin qeyd edək ki, metal axtaran cihazların qiymətləri dərinlikdən aslı olaraq dəyişir. Belə ki, 8-12 metr dərinliyə qədər torpaqda metal axtaran cihazların qiymətləri çox yüksəkdir. Elan saytlarından da gördüyümüz qədəri ilə, ölkə əhalisinin də böyük əksəriyyəti xəzinə tapmağa xüsusi maraq göstərir…

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Araşdırma

Xəngəli sevən, nisyə mal götürən, bic “Serjik” – Sarkisyanın azərbaycanlı iş yoldaşları danışır – (VİDEO+FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Oxuyun

Trend yazılar