Bizimlə əlaqə

Müsahibə

“Alov qüllələrini İlham Əliyevə təqdim etdim, Trump Tower isə bağlı qaldı”– Məşhur memar (EKSKLÜZİV)

Yayımlandı

da

“Alov Qüllələri”nin sayı  dörd  idi. Daha sonra qüllələrin sayı azaldılıb” . 

“Trump Tower” adlı möhtəşəm layihəmin qapılarının hələ də bağlı qalması kədərləndiricidir”

Pierre Baillargeon –  Dizayn və təqdimat sahəsində 25 illik təcrübəyə malikdir.  2006-cı ildə  Londonda “Mixity”  adlı dizayn şirkətini təsis edib. Hazırda məşhur “Mixity” memarlıq və dizayn şirkətinin icraçı direktorudur.

Kanadanın Montreal şəhərində dünyaya göz açan Pierre Baillargeon, Cornell Universitetinin Memarlıq Sənayesi və Planlaşdırma Kollecində təhsil alıb. Texas ştatının Dallas şəhərində WZMH-da işləməyə başlayıb. ABŞ-da HOK şirkətinin memarları ilə beş il birlikdə çalışdıqdan sonra Böyük Britaniyaya gedib. Londonda HOK şirkətinin Avropa-Yaxın Şərq bölməsini təsis edib. Bir müddət sonra həmin bölmə HOK şirkətinin ən böyük və nüfuzlu ofisinə çevrilib. Londondakı HOK ofisində dizayn sahəsində lider və vitse prezident olan Pierre Baillargeon otellər,  AVM-lər, şəhər salma, ofis və bir çox HOK komersiya əsaslı nəhəng layihələrin  hazırlanmasına rəhbərlik edib. Pierre Baillargeon dünyada ən böyük Amerika memarlıq şirkəti olan HOK-un beynəlxalq nüfuzunu yüksəltmək üçün ömrünün 20 ilini həsr edib.

Uzun müddət davam edən axtarışımızdan sonra nəhayət məşhur memar, dizayner  Pierre Baillargeonun Bakıda inşa etdiyi möhtəşəm binaları da müəyyən etdik. P. Baillargeon Bakı şəhərində nəhəng “Flame Towers”(Alov Qüllələri), “Trump Tower” və  “Baku Fountain City” (Bakı Fəvvarələr şəhəri) layihələrinin müəllifi, baş memarıdır.

Pierre Baillargeon HafizTimes.com-a eksklüziv müsahibə verib. Əfsanəvi memar müsahibə zamanı ilk dəfə olaraq “Alov Qüllələri” layihəsinin hazırlanması ilə bağlı önəmli məqamları açıqlayıb. Memar həmçinin Bakıda inşa etdiyi “Trump Tower layihəsi ilə bağlı bir çox gizli qalmış məqamlardan söhbət açıb. İlk dəfə olaraq Azərbaycan mətbuatına müsahibə verən Pierre Baillargeon Bakı ilə bağlı istək və arzularını da ifadə edib:

-Bakı gözəl bir şəhərdir. İlk dəfə oranı ziyarət edən zaman çox təsirləndim. Bakı üçün əhəmiyyətli bir bina inşa etməklə bağlı təklif aldım. Bu zaman tarixi qaynaqlarınızdan ilham aldım.

“Baku Flame Towers” – Azərbaycanın gələcək güc potensialının və keçmiş tarixinin simvoludur. Bakının əsas təpələrindən birinin üzərindən göyə ucalan bir alov dilimləri kimi dizayn edilib. Orijinal dizaynda dörd qüllə əks olunub. Layihəyə əsasən qüllələrin sayı azaldılıb. 

-“Flame Towers” layihəsi  necə yarandı? Həmin günləri necə xatırlayırsınız?  Niyə məhz əsas element kimi alovu seçdiniz?

-Mən “Flame Towers”in dizaynında atəşin qədim ənənələrini, əhəmiyyətini və alovun gələcəkdə Azərbaycana enerji və tərəqqi  bəxş edəcəyini əks etdirdim. Həmçinin Alov qüllərini  Azərbaycanın neft və təbii qaz  resuslarını  əks  etdirən bir formada dizayn  etdim.

“Flame Towers”la bağlı idea və dizaynımı Prezident İlham Əliyevə  təqdim etməkdən böyük zövq aldım”.

-Prezident İlham Əliyev mənə dedi ki, binanın tikintisi ilə bağlı dərhal işlərə başlaya bilərəm. Sizin vasitənizlə bir daha Prezident İlham Əliyevə öz minnətdarlığımı göndərirəm.

“Alov qüllələri” Azərbaycanı  dünyada tanıdan, təmsil edən  bir simvola çevrildi. Gözəl ölkəniz və insanlarınız üçün Alov qüllələrini yaratmaq imkanına sahib olduğum üçün qürur duyuram.

“Cənab Tramp Ağ Ev-də yeni işinə başladığı andan etibarən hələ də Bakıdakı “Trump Tower” adlı layihəmə yeni ad axtarılır”.

-Məndən xahiş etdilər ki, “Trump Tower” adlı bir lahiyəni yaradım. Bu layihəm də çox əhəmiyyətli bir simvoldur. Həmin otelin sahibləri qapıları açan zaman Azərbaycanda hər kəs yeni və gözəl formada dizayn edilmiş otel və konfrans salonundan zövq alacaqlar.

“Qapılarını dünyaya açmağa hazır olan böyük və həyəcanlandıran bir şəhər layihəsinin hələ də  bağlı qalması çox kədərlidir”.

-Ümid edirəm ki, tezliklə Bakıya səfər edəcəyəm və otelin qapılarının təntənli şəkildə açıldığını görəcəyəm. Bu Tower Bakının beynəlxalq nüfuzuna və cəzbediciliyinə daha da böyük töhfələr verəcək.

 “Azərbaycandakı layihələrimlə qürur duyuram”

-“Mixity”dəki memarlar və daxili dizaynerlərdən ibarət qrupumuz Azərbaycandakı fəaliyyətimizlə qürur duyur. Biz ümid edirik ki, gələcəkdə də Bakıya qayıdıb yeni layihələr üzərində çalışacağıq!

“Biz Azərbaycanı sevirik”

-Hər zaman bütün dostlarımıza da tövsiyyə edirik ki, Azərbaycana səfər etsinlər! Ümid edirəm ki, tezliklə Bakıya səfər edəcəyəm və sizə orada daha geniş müsahibə verəcəyəm.

Hafiz Əhmədov

Müsahibə

“Atamın bədənindəki zəhər torpağa yayılmışdı”-Turqut Özalın oğlu: “Azərbaycandakılara demək istəyirəm ki,”(EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

Tevfik Əhməd Özal – Türkiyənin keçmiş prezidenti və baş naziri, mərhum Turqut Özalın oğlu.  1955-ci ildə Ankarada dünyaya gəlib. Çankayada ilk təhsilini alıb. Daha sonra Amerikada liseydə təhsilini davam etdirib.  ABŞ-da Şimali Karolina Dövlət Universitetinin məzunu olub. 1979-cu ildə iş həyatına başlayıb. Bir müddət bank sahəsində fəaliyyət göstərib. 1983-cü ildə Türkiyəyə qayıdıb. 1989-cu ildə Türkiyənin ilk özəl televiziya kanalını qurub. 1999-cu ildə Malatya bölgəsindən millət vəkili seçilib. Daha sonra bir neçə siyasi partiyanın əsasını qoyub. Bir müddət öncə isə siyasətdən uzaqlaşdığını açıqlayıb.

Türkiyənin keçmiş prezidenti mərhum Turqut Özalın oğlu Əhməd Özal  HafizTimes.com-a eksklüziv müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məqamlara aydınlıq gətirib. Əhməd Özal ilk dəfə olaraq atasının ölümü ilə bağlı illərdir ki, gizli saxlanılan  faktlardan da söhbət açıb. Türkiyənin keçmiş prezidentinin oğlu müsahibə zamanı Azərbaycanla bağlı fikirlərini də ifadə edib:

-Türkiyənin keçmiş prezidenti, mərhum Turqut Özalın oğlu necə bir həyat  yaşayır, hansı işlə məşğul olur? Həyatınızla bağlı danışarkən daha çox hansı məqamları vurğulamaq istərdiniz?

-Atamın Baş nazir, Prezident olduğu vaxtlarda və yaxud da bu gün mənim həyatım heç dəyişmədi. Hər zaman olduğu kimi üç otaqlı sadə bir bina evində yaşayıram. Ailəmiz üçün bir avtomobilimiz var. O da ki, standart bir Tayota markalı avtomobildir. Həmişə xaricdə bir iş qurmağa çalışdım. Türkiyədə atamın vaxtlarında və yaxud da bu gün heç vaxt dövlət ilə çalışmadım. Heç vaxt dövlət tenderlərində iştirak etmədim. Yəni ki, Allaha şükür olsun ki, dövlətdən bir qəpik də olsa cibimə girməyib. Vurğulamaq istədiyim ən vacib məqam budur ki, vəzifələr, mövqelər hamısı gəlib-keçəndir. Və heç vaxt bu yalan həyata öyrəşmək doğru deyil. Kiminsə özünü başqa birindən daha üstün görməsi düzgün deyil.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Atanızın ölümündən sonra həyatınızda nələr dəyişdi?

-Uşaqlıq illərim çox gözəl keçdi.  Xoşbəxt bir ailədə, ata-anamızın sevgisi ilə böyüdük. Atam dövlət işçisi idi. Maaşı çox olmasa da bərəkətli idi. Bizə hər zaman kifayət edirdi.

Həyatımdakı tək dəyişiklik bu idi ki, artıq atam yox idi. Atam həyatda ikən yanımızda peyda olan yalan insanlar yox oldu və buna görə çox şadam. Çünki zamanında da onlara yer verməmişdim. Yəni bizi narahat edənlər azaldı.

-Turqut Özalın həyatını  sizdən dinləmək və öyrənmək istəyirik. Onunla keçirdiyiniz illəri necə xatırlayırsınız? Turqut Özalın övladı olmaq necə bir hissdir?

-Atam çox sakit, kimsəyə əsəbləşməyən, hər zaman xalqın içərisində olan bir siyasətçi idi. Çox zaman gəzməyə çıxardı. Bu zaman polislərin onunla birlikdə getməsini istəməzdi. Təbii ki, uşaqlıq illərimizdə atamı çox görə bilmirdik. Çünki həftə sonları da daxil olmaqla  atam hər gün çalışırdı.

38 il Dövlət vəzifəsində çalışdı. Türkiyəni müasir, demokratik, dinc və zəngin bir ölkə etmək üçün çalışdı. Və bunu da bacardı!

-Turqut  Özal necə bir ata, insan və prezident idi? Atanızla bağlı bir xatirənizi bizimlə paylaşardınız.

-Atam İstanbula gəldiyi zaman dövlətə məxsus qonaq evində qalardı.(Harbiyə Ordu evi). Təbii ki, xeyli sayda polis, jurnalistlər və yüzlərlə insanla birlikdə! Bəzən çox bezirdi və mənə zəng edib deyirdi ki, qaldığı binanın arxa qapısına özümün şəxsi maşınım ilə gəlim. Mən  də ora gedib tək atamı maşına mindirib aparırdım. Sadəcə ikimiz birlikdə İstanbulda gəzməyə gedərdik. Onu müdafiə etmək üçün bir nəfər də olsa polisi avtomobilə götürməzdi.

Bir şənbə günü yenə atamla birlikdə avtomobillə gedirdik. Qeyd edim ki,  sükan arxasında atam əyləşmişdi. Bir polis nəfəri maşınımızı dayandırdı. Fəqət polis avtomobili idarə edən şəxsin atam olduğunu bilmirdi və görmürdü. Polis işarə edən kimi atam avtomobili yolun kənarına sürdü və gözlədik. Önəmli olan məqam budur ki, atam o zaman hələ baş nazir idi. Buna rəğmən sürücülük vəsiqəsini çıxarıb polisə təqdim etmək üçün gözləyirdi.

Polis avtomobilimizin pəncərəsinə tərəf yaxınlaşdı. Atamdan sürücülük vəsiqəsini istədi. Atam da sürücülük vəsiqəsini ona təqdim etdi. Bu zaman polis inana bilmirdi ki, qarşısındakı ölkənin baş naziridir. “Həqiqətən də bu baş nazirdirmi?”- deyə atama baxırdı. “Bu dəqiqə əmr edin, Hörməti Baş Nazirim!”- deyə qışqırmağa başladı. Atam çox sakit bir formada polisə dedi ki, “övladım bir xətam oldusa cəzamı yaz”. Son dərəcə sakit və sevgi ilə polisə baxırdı. Polis də çox sevinirdi.

– Atanızın öldüyü günü necə xatırlayırsınız? İllər keçsə də bu ölüm hadisəsi ilə bağlı həqiqətlər nədənsə gizli saxlanılır. Sizcə Turqut Özalı kim və nə üçün zəhərlədi?

-Həmin vaxt mən Türkiyədə deyildim. Aparılan bütün araşdırmaların nəticələrinə görə atamın ölümü  tamamilə normal bir ölüm faktı deyil. Bunu hər kəs bilir. Ölümündən 19 il sonra məhkəmə qərarına əsasən məzar açıldı. Ədliyyə Tibb naziri, professor məzar açılmadan öncə mənə dedi ki, insanın vücudu 5 il içərisində torpağa qarışır və sadəcə olaraq sümükləri tapa bilərik. Zəhər məsələsini bu sümüklərdə axtarmalı olacağıq.

Fəqət məzar açıldığında sümüklər deyil, atamın vücudu ortaya çıxdı. Hətta daxili orqanları, beyin, sümük iliyi də üzə çıxdı. Təbii ki, bu inanılmaz bir nəticə idi. Hətta o zamankı Ədliyyə naziri açıqlama verdi ki, Özalın vücudu çürüməyib.

“Nəticədə çox geniş bir formada analizlər aparıldı. Atamın bədənində 4 fərqli zəhər aşkar edildi. Hətta bu zəhərlər torpağa da yayılmışdı”.

-Kim bunu etmişdi? Bilmək çətindir. Ancaq bu bir həqiqətdir ki, ölüm faktı atamın Orta Asiyaya çox geniş səyahətindən sonra baş vermişdi. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan ölkələrinə çox uğurlu səfərlər etmiş, oralarda önəmli sazişlər imzalamışdı. Bu səfərlərin sonunda Türkiyə ilə bu qardaş ölkələrimiz arasında çox mühüm addımlar atılacaqdı.

Düşünürəm ki, bəzi güclər bu regionda birləşmə, böyümə və güclənməni istəmədilər.  Artıq atamdan sonra bu münasibətlər də təəssüf ki, istədiyimiz şəkildə getmədi. İnşallah bu xəyal heç vaxt yox olmayacaq  və bu region güclənəcək.

-Turqut Özalın Türkiyənin tarixindəki rolunu necə dəyərləndirirsiniz?

-Mən ölkə xaricinə etdiyim səfərlərdən və tanış olduğum böyük liderlərdən eşitdiklərimi sizə çatdırmaq istəyirəm. Xaricdə mövcud olan dünya bunu söyləyir: “Müasir Türkiyənin təməllərini (bünövrə) Atatürk qoyub, sonra isə bu ölkənin inşaatını Özal həyata keçirib”.

Mən dəqiq bilirəm ki, atam həyatda olsaydı, Türkiyə Avropa Birliyinə daxil olmuşdu. Orta Asiyadakı qardaş ölkələri ilə çox güclü iqtisadi və siyasi birlik  qurmuşduq. Düşünürəm ki, onun ölümü sadəcə Türkiyənin deyil, sizlərin də gələcəyinə təsir göstərdi.

-Hazırkı  Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı nə düşünürsünüz?

-Türkiyə və Azərbaycanın hazırkı münasibətlərinin yaxşı olduğunu hesab edirəm. Amma bu qətiyyən kifayət qədər deyil. Bundan ən azı 100 dəfə artıq mükəmməl olması vacibdir.

-İşlərinizlə bağlı bilmək istərdik. Gələcək planlarınız nədir?

-Mən siyasətdən uzaqlaşdım. Amma insanlar, çox böyük bir kütlə son zamanlarda mənim siyasətə geri qayıtmağımı istəyir və bu istiqamətdə mənə təzyiq edirlər. Əlbəttə ki, insan öz atasının başladığı hədəflərə çatmaq istəyər. Bütün bunlar sadəcə olaraq Allahın təqdiri ilə olur. Hər şeyin xeyirlisi olsun.

– Azərbaycandakı Özal ailəsini sevənlərə, mərhum atanızın dostlarına nə demək istərsiniz?

-Özalı sevən bütün qardaşlarıma demək istəyərəm ki, Özalın çıxışlarını, etdiklərini gənc nəsillərə öyrədin, izah edin. Özalın hamımız üçün olan xəyallarını yaşadın ki, bunlar bir gün reallaşsın.

Bütün azərbaycanlı qardaşlarımı sevgi ilə qucaqlayıram, onlara sevgi və hörmətlərimi mütləq çatdırın!

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Azərbaycanı görmək istəyərəm”– Markın həkim atası:“Valideynlər məndən soruşurlar ki…”(EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Bacarıqlı övlad yetişdirmək üçün nə etmək lazımdır?”

“Facebook” qurulan ilk vaxtlarda oğluma məsləhətlər verirdim”

Edvard J. Zukerberq – 30 ildən çoxdur ki, diş klinikasında ən müasir texnologiyaların inteqrasiyası və “Ağrısız” diş həkimliyi ilə bağlı texnologiyaların inkişafı sahəsində liderdir. Diş həkimliyi ilə bağlı konfranslarda çıxış edərək diş həkimliyində yeni texnologiyaların inkişafına çalışır.  Diş həkimliyi ilə bağlı sosial media təcrübələrini bölüşərək bu sahənin inkişafına töhfə verir. Rəqəmsal marketinqin imkanları və sosial mediadan necə istifadə edilməsi ilə bağlı diş həkimlərinə yerli və beynəlxalq mühazirələr keçir. Sosial media vasitəsi ilə xəstə və həkimlər arasında əlaqələrin necə qurulması, online marketinqlə bağlı təcrübələrini bölüşür.

-Nyu-York şəhərində anadan olub, təhsil alıb. 1978-ci ildə Nyu-York Diş Həkimliyi Kollecinin məzunu olub. 40 ilə yaxındır ki, lisenziyalı diş həkimidir. 4 övladı, 6 nəvəsi var.

 

“Facebook” sosial şəbəkəsinin rəhbəri, milyarder iş adamı Mark Zukerberqin atası, diş həkimliyi sahəsində ilklərə imza atmış həkim   Edvard J. Zukerberq eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb.  Dünyanın ən zəngin və şöhrətli Zukerberq ailəsinin başçısı Edvard Zukerberq müsahibə zamanı Azərbaycan, Bakı ilə bağlı da fikirlərini bölüşüb:

-Artıq uzun illərdir ki, “Ağrısız” Diş Həkimliyi sahəsi ilə məşğul olursunuz. İlk dəfə Diş klinikasında ən yeni texnologiyaların tətbiqinə məhz siz başlamısınız. Həmin vaxtları necə xatırlayırsınız? Dr. Edvard Zukerberqi daha yaxından tanımaq istərdik.

-Hər zaman texnologiyalara heyran olmuşam. Ən son texnologiyaların hər birindən istifadə etmişəm. Həmkarlarımdan öncə çox yaxşı təcrübə keçdim, çalışdım. Əslində mən bir iz açdım. Bütün ofisimi 1985-ci ildə ilk IBM PC XT ilə kompiterləşdirdim.  Bu 10 MB-lıq sadə bir maşın idi. 512K RAM və DOS əməliyyat sistemi. Həmin vaxt mənim həmkarlarımın bir çoxu tapşırıqları tamamlamaq üçün kitab kağızları və formlardan istifadə edirdilər.

                        “Mən də  bir iz açdım”

-Tezliklə mən xəstələrin ağzında şəkillər çəkmək üçün intraoral kamerlardan istifadə etməyə başladım. Və xəstələrin ağzındakı vəziyyəti əks etdirən şəkilləri televizor ekranında onların özlərinə nümayiş etdirdim. İndi bu adi bir şeydir. Amma 1980-ci illərin sonunda Diş Həkimliyi Ofisində iz açan bir texnologiya idi.

-“Ağrısız” Stomatologiya nədir? Diş həkimliyi sahəsində daha hansı ilklərin müəllifisiniz?

-1990-cı illərin əvvələrində hava aşındırma texnologiyasından istifadə etdik. Bir çox “Dental fobya”sı olan xəstələrin istifadəsinə təqdim etdik. Kiçik boşluqları alətlərdən istifadə etmədən müalicə etmək üçün çox yaxşı üsuldur. Xüsusi ilə balaca uşaqların müalicəsi üçün əla metod idi.

1990-cı illərin sonlarında ilk dəfə olaraq məhz mənim ofisimdə Digital X- şüalarından istifadə etdik. Bu mənim ofisimdə baş tutmuş ilklərdən biri idi.

                      “Kağızdan imtina etdim”

-2005-ci ildə kürəkənimlə birlikdə daha bir sistemi inkişaf etdirdim. Bütün cədvəllərimizi, yazılarımızı rəqəmsallaşdırdıq və praktik olaraq bütün  kağızları ofisimizdən çıxardıq.

2008-ci ildə ilk dəfə olaraq CAD/CAM təklif etdik.  Həmin gün tac (plomb), dişüstü örtük, “inlay/onlay” bərpalar üçün texnologiyalar üzərindəki işlərimizi tamamladıq.

– Siz nə vaxtdan bəri sosial mediaya maraq saldınız?

-Oğlum Mark 1996-cı ildə, 12 yaşında mənim ofisimdə kompiterləri çalışdıran bir proqram yazdı. Bu proqram vasitəsi ilə ofisimizdəki işçi heyətimiz bir-biri ilə əlaqə saxlayıb, danışa bilirdilər.

“Zucknet” adlanan bu proqram həqiqətən dünyanın ilk Sosial Mediası idi”

-Sosial medianın insanların həyatındakı rolu ilə bağlı nə düşünürsünüz? “Painless Dr. Z.” haqqında bilmək istərdik. Həmin vaxtları necə xatırlayırsınız?

-Xəstələrimə rahat və yaxşı müalicə təqdim etmək bacarığıma görə mənim adımın önünə “Painless” (Ağrısız) sözünü əlavə etdilər. Yəni ki, “Painless Doktor Zukerberq” (DRZ).

(Edvard Zukerberq, həyat yoldaşı Karen, qızı Randi və kürəkəni)

Psixoloq olan həyat yoldaşım Karen dişlə bağlı fobyası olan xəstələrimi ağrısız müalicə etmək üsullarını inkişaf etdirməklə bağlı mənə çox kömək etdi. Beləliklə biz diş həkiminə getməklə bağlı böyük qorxu və narahatlıqları olan bir çox xəstələri ofisimizə cəlb etdik və ağrı-acısız onları müalicə edirik.

“Sosial media ilə bağlı məsuliyyəti öz üzərimə götürdüm”

-Sizin bütün fəaliyyətiniz ən son texnologiyalar ilə bağlıdır. Hazırda diş həkimliyində  ən yaxşı texnologiyalar hansılardır? “Painless Social Media” ilə bağlı fikirlərinizi bilmək istərdik.

-Bu mənim ikinci və hazırkı kariyeramdır. Diş həkimliyi üzrə məsləhətçi, Diş Həkimliyi  üzrə Təşkilatlar və Diş Həkimliyi Texnologiyaları üzrə startup biznesləri. Qeyd edim ki, Sosial media vasitələrindən istifadə üsulları diş həkimləri üçün çox çətin idi. Beləliklə mən bu məsuliyyəti qəbul etdim və “Painless Social Media” işini həyata keçirməyə başladım.

“Hazırda yarım gün ərzində diş həkimliyi ilə məşğul oluram”

 -“Facebook” səhifələrini özünüz idarə edirsiniz?

 -Artıq mən köhnə Dişçilik ofisimin “Facebook” səhifəsini idarə etmirəm. Amma xoşbəxtlikdən Einstein Medical bunu mənim üçün edir. Çünki mən hazırda çox az vaxt ərzində diş həkimliyi ilə məşğul oluram.

www.facebook.com/painlessdrz səhifəsi xəstələrim üçün dəyərli bir mənbədir.

Bununla yanaşı mənim gündəlik konsultasiyalar səhifəm də mövcuddur. Bu da diş həkimlərinə öz sosial media fəaliyyətlərini idarə etmək üçün kömək edir. www.facebook.com/painlesssocialmedia

   “Nəvələrimlə vaxt keçirməyi sevirəm”

 -Ailəniz haqqında bilmək istərdik. Gündəlik nə ilə məşğul olursunuz?

-Hazırda diş həkimlərinə və yeni başlayanlara  konsultasiyalar keçirəm. Startup-larla bağlı mühazirələr keçirəm. Müqavilələr üzərində çalışıram.

Həmçinin fotoqrafiya, yerimək, səyahət etməkdən zövq alıram.

“Həyat yoldaşım, 6 nəvəm və işdə məğul olmayan 4 övladımla çoxlu vaxt keçirməkdən zövq alıram”.

 

“Övladlarımıza dəstək olduq”

-Edvard Zukerberq valideynlərə hansı məsləhətləri verə bilər?

-Bir çok insan məndən soruşur ki, bacarıqlı övlad yetişdirmək üçün nə etmək lazımdır. Söyləyə biləcəyim tək söz budur ki, həyatda hər şeydən çox iş yerində daha çox zaman keçirməlisiniz. Hansı ki, həmin işdən zövq alırsınız.

Biz övladlarımıza həyatda öz sevdikləri yerləri tutmaları üçün icazə verməyə çalışdıq. Və maraqlarına uyğun kariyeralarını qurmaları üçün onlara dəstək olduq və təşviq etdik.

-“Facebook” necə quruldu? “Facebook”un qurulmasında sizin rolunuz nə olub?

-“Facebook”un inkişafında mənim birbaşa rolum olmasa da, ilk vaxtlar oğluma məsləhətlər verən şəxs kimi xidmət etmişəm. Amma onun ən yaxşı etdiyi şeylərdən biri isə özünün ətrafına böyük məsləhət verən şəxsləri toplamasıdır. Onların məndən çox texnologiya ilə bağlı təcrübələri var.

-Mark Zukerberqin uğurunun sirləri nədir?

-O, uğurlu bir biznes modeli qurmaq üçün mentor-ların gücündən istifadə etdi. Özünün daxilinamı və şəxsi bacarıqlarından istifadə edərək möhtəşəm bir biznes modeli təqdim etdi.

-Ailənizdə sizin yolunuzu davam etdirən varmı? Nəvələrinizin gələcəkdə diş həkimi olmasını istəyirsinizmi?

-Övladlarımın heç biri diş həkimi olmasa da, nəvələrimdən birinin  bu peşə ilə məşğul olmasını məmnuniyyətlə qarşılayaram. Əsas odur ki, onlar öz sevdikləri iş ilə məşğul olsunlar.

(Edvard Zukerberq həyat yoldaşı, oğlu və gəlini ilə birlikdə)

-Sonda Azərbaycan, Bakı haqqında düşüncələrinizi bilmək istərdik. Bakıya səfər etmək istərdinizmi?

 -Mən heç vaxt Azərbaycanda olmamışam. Amma gələcəkdə bir dəfə ora baş  çəkməyi çox istərdim.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Sadə bir  insan kimi böyüdüm”-Brüs Linin qızından Azərbaycan mətbuatına ETİRAFLAR (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Mənə həmişə deyirlər ki, xarakter və görünüşümə görə atama çox oxşayıram”

“Mən Brüs Linin qızı kimi böyümədim, sadə bir  insan kimi böyüdüm”. 

Dünyaca məşhur əfsanəvi döyüşçü, kinoaktyor, ssenarist və rejissor Brüs Linin həyatda olan yeganə övladı  Şennon Li HafizTimes.com-a eksklüziv müsahibə verib.

Şennon Li –  aktrisa və prodüser.  Döyüş sənəti və biznes sahəsi ilə məşğul olur. Ailəlidir. Vren Kisler adlı bir qız övladı var.

-1969-cu ilin 19 aprel tarixində Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub. Brüs və Linda Linin ailəsində ikinci övlad olaraq dünyaya göz açıb. 1987-ci ildə Chadwick liseyinin məzunu olub.  Daha sonra Nyu-Orleans Tulane Universitetində təhsilini davam etdirib. Hazırda “Brüs Li”nin adını daşıyan Fonda rəhbərlik edir.  Bir neçə filmdə rol alıb. O, həmçinin ilk dəfə olaraq atasının həyatından bəhs edən sənədli filmdə də çıxış edib.

-Atanızı necə xatırlayırsınız?  

-Mən atamı çox az görmüşəm. O, həyatda olanda mən çox balaca idim. Atamla birlikdə keçirdiyim uşaqlıq illərinin çox az bir qismini xatırlayıram.

   “Mən Brüs Linin qızı kimi böyümədim”

-Brüs Linin qızı olaraq böyüməyin hansı çətinlikləri oldu?

– Hər zaman məndən soruşurlar ki, “Brüs Linin qızı olaraq böyümək çətin olmadı ki? Mən də cavab verirəm ki, xeyr: “Brüs Linin qızı olaraq böyümək çətin olmadı.  Çünki mən Brüs Linin qızı kimi böyümədim, sadə bir  insan kimi böyüdüm”.

-Atanızla aranızda  hansı oxşarlıqlar var?

-Mən bunu özüm yaxşı bilmirəm. Amma ailəm hər zaman deyir ki, mən xarakter və görünüşə görə atama çox oxşayıram. İnsanlar fərqli-fərqli fikirlər söyləyirlər.

“Atam çoxlu kitab oxuyurdu”

-Atanızla bağlı yaddaşınızda qalmış hansısa xatirəniz varmı?

-Atamla bağlı mənim  çox az xatirələrim var. Az da olsa xatırlayıram ki, evdə həmişə bilikdə olardıq. Atamla qardaşım Brandon müxtəlif oyunlar oynayırdı.

-Brüs Linin hansısa bir uğur sirri olubmu?

-Brüs Linin  elə də gizli uğur sirri olmayıb. O, həmişə hər şeyi açıq şəkildə edib. Beləliklə insanlar onun necə biri olduğunu gördülər və başa düşdülər.

-Sizcə Brüs Linin ən böyük tarixi xidməti nə olub?

-Brüs Li Şərqin yeni bir döyüş sənəti növünü dünyaya təqdim etdi.  O, filmlərdəki döyüş sənəti ilə bağlı dünyanı dəyişdi.

“Atam deyirdi: “Su olun Dostlar”

-Atanızdan örnək götürdüyünüz hansı məqamlar var?

-Atam Brüs Lidən bir örnək götürdüm: “Hər zaman irəli gətməlisən”

-Atanız Brüs Linin daha çox hansı fəlsəfi fikirlərini dəstəkləyirsiniz?

-Atamın demək olar ki, bütün fikirlərini sevirəm və  dəstəkləyirəm. Atamın “Su ol,  mənim dostum” məşhur fikrini hər kəs kimi mən də dəstəkləyirəm.

 “Qardaşım üçün çox darıxıram”

-Qardaşınız mərhum Brandon Lini necə xatırlayırsınız? Onun vəfatından sonra illər necə keçdi?

-Mənim Brandonum möhtəşəm bir insan idi. Onu hər zaman sevəcəm. Onun üçün çox darıxıram…

-Qardaşınız Brandon Linin ölümü ilə bağlı zaman-zaman müxtəlif şübhəli fikirlər səsləndirilir. İddia edilir ki, o, film çəkiliş meydançasında qətlə yetirilib, ona atəş açılan silaha kimsə əvvəlcədən barut qoyub. Sizcə Brandonun qatili kimdir?

– Sadəcə olaraq deyə bilərəm ki, qardaşım Brandon film çəkiliş meydanında baş verən qəza nəticəsində vəfat etdi. Bu ailəmiz üçün ən böyük faciə idi.

“Qardaşım qəza nəticəsində vəfat etdi”

-Hazırda hansı işlə məşğul olursunuz? Film çəklişlərinə davam edirsiniz?

-Bildiyiniz kimi, bir müddət film sahəsində çalışdım. Hazırda  atamla bağlı  bir film çəkməyə çalışıram.

-Hədəfim Brüs Linin irsini qorumaq və onu dünyaya təqdim etməkdir.  Mənim ilk filmim “Dragon: Brüs Linin həyat hekayəsi” idi. Hazırda isə biz “Warrior” filmini çəkirik.

“Brüs Linin nəvəsi Vren”

 “Atamın həyatı ilə bağlı teleserial çəkirəm

 -Şəxsi həyatınızla bağlı bilmək istərdik.

-Bu barədə çox danışmaq istəmirəm. Mən də anayam. Vren adlı bir qız övladım var. Ona çox bağlıyam.

“Bu həyatda etmək istədikləriniz hər şeyin siyahısını tutun”

– Gənclərə uğur qazanmaqla bağlı hansı məsləhəti verərsiniz?

-Xəyallarınızın ardınca gedin. Arzularınızı fəaliyyətinizlə dəstəkləyin. Əgər bir şeyi ürəkdən istəyirsənsə bu istiqamətdə həm qəlbdən, həm də fiziki olaraq fəaliyyət  göstər. Hər şeyə qəlbinizlə qərar verin. Düşünləriniz, davranış və görüntünüz bir-birinə zidd ola bilməz.

“Azərbaycandakı Brüs Li sevərlərə sevgimi göndərirəm”

-Sonda Azərbaycanda Brüs Li sevənlərə nə demək istərdiniz?

-Brüs Liyə verdiyiniz dəyər və hörmətə görə hər kəsə öz təşəkkürlərimi, sevgimi göndərirəm. O, həyatda olsaydı bu sevgiyə görə çox xoşbəxt olardı…

Sonda isə qeyd edim ki, bir neçə sualınızı cavablandıra bilmədiyim üçün üzr  istəyirəm. Bəzi sualların cavabını mən özüm də bilmirəm. Anlayışınız üçün təşəkkür edirəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar