Bizimlə əlaqə

Müsahibə

ABŞ tarixinə düşən azərbaycanlı: `Küçələrdə pizza satırdım…`(MÜSAHİBƏ FOTOLAR)

Yayımlandı

da

Nəimi Əsgər oğlu Əmirəl ( John Naimi Amiral) Amerika Birləşmiş Ştatlarının Rumıniyada istifadəyə verilən NATO Ballistik Raketlərə qarşı Müdafiə Sistemində Xarici Əlaqələr Bürosunun direktoru vəzifəsində çalışır. Bir neçə ay öncə ABŞ Hərbi Dəniz Donanması və Dəniz Qüvvələrinin şərəf medalı ilə təltif olunub.

ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi olan Nəimi Əmirəl Amerika tarixində ilk azərbaycanlı olaraq Vircinia Əyalət Məclisinə daxil olmaq üçün partiya namizədi olub. O, Vaşinqton Milli Müdafiə Universitetinin məzunudur. ABŞ Hərbi Dəniz Qüvvələri Zabitlərinin hazırlandığı hərbi məktəblərdə də təhsil alıb. Bununla yanaşı, Nyu-Yorkda yerləşən nüfuzlu universitetlərdə siyasi əlaqələr, biznes və maliyyə ixtisaları üzrə təhsilini davam etdirib.

ABŞ tarixinə düşən azərbaycanlı Nəimi Əsgər oğlu Əmirəl HafizTimes.com-a eksklüziv müsahibə verib. 

“Naxçıvanda həkim ailəsində dünyaya gəlmişəm. Sadə, zəhmətkeş bir ailənin nümayəndəsiyəm. Atam dünyasını dəyişib. Valideynlərim heç vaxt məmur olmayıblar. Normal həyat yaşamışıq”.

Nəimi uşaqlıq illərində idmanın müxtəlif növləri ilə, daha çox karate ilə məşğul olub. O, daha sonra həkim, hüquqşünas və iqtisadçı olmaq istəyib. Həmsöhbətimiz orta məktəbi bitirdikdən sonra xarici ölkədə təhsilini davam etdirmək qərarına gəlib.

“O, vaxtlar çox az adam Amerikaya gedirdi. Mən də təhsil almaq, işləmək üçün Amerikaya getmək qərarına gəldim. Fikirləşirdim ki, həm işləyib ali təhsil alaram, həm də pul qazanaram. Amerikaya gedəndə cibimdə cəmi 700 dollar pulum var idi. Amerikada heç kimi tanımırdım. Məni ayaqda saxlayan məqsədim idi. Bütün çətinliklərə baxmayaraq, məqsədimə çatmalı idim”.

Amerikada yaşamaq, təhsil almaq uğurunda mübarizə aparan həmyerlimiz qərib ölkədə ilk günlər çox çətinliklərlə üzləşdiyini etiraf edib. İlk vaxtlar yarı ac, yarı tox həyat sürdüyünü deyən Nəimi bir müddət Amerika küçələrində pizza satmaqla məşğul olub. O, qazandığı pulla təhsil almağa çalışdığın söyləyib:

“Nyu-Yorkda universitetdə təhsil almağa başladım. Gündüz oxuyurdum, gecələr isə işləyirdim”.

2001-ci il sentyabr ayının 11-i idi. Yatırdım. Birdən telefonuma gələn zəngin səsinə oyandım. Dostlarım idi. Amerikada dəhşətli terror hadisəsinin törədildiyini, insanların öldüklərini dedilər. Çox dərin sarsıntı keçirdim. Artıq Amerika mənə doğma bir yer idi. Orada baş verən dəhşətli hadisələr mənə pis təsir edirdi”

Yüzlərlə insanın həyatını itirdiyi terror hadisəsindən sonra dərin sarsıntı keçirən Nəimi Amerika qarşısındakı mənəvi öhdəliklər daşıdığını bildirib. Bu mənəvi öhdəliklər onun yolunu Amerika ordusunda hərbi xidmətə qədər gətirib çıxarıb. Beləliklə, Nəimi ABŞordusunda xidmət etmək üçün müvafiq dövlət qurumlarına müraciət edib: “Təsadüfən mənim müraciət etdiyim dövlət qurumu hərbi dəniz qüvvələri oldu. Sənədlərimi təqdim etdim. Nəhayət, mən də dənizçi oldum. Hərbi xidmətdə olan zaman təhsilimi davam etdirirdim”

Üç il ABŞ Hərbi Dəniz Qüvvələrində sıravi dənizçi kimi xidmət edən Nəimi ovaxtki ABŞprezidenti Corc Buşun sərəncamı ilə zabit təyin olunub. Bununla yanaşı, o, nüfuzlu zabit məktəblərində təhsil alıb. Roket gəmisində xidmət etməyə başlayan zabit Nəimi Əmiral bir müddət sonra batalyon komandiri seçilib.

Nəimi Əsgər oğlu Əmirəl John Naimi Amiral adını götürməsinin səbəbini izah edib: “Amerikaya gəldiyim ilk günlərdə heç kəs adımı deyə bilmirdi. Hamı mənə Con (John) deyirdi. Ona görə də bu sözü təxəllüs kimi götürdüm. Nəimi adını isə mənə rəhmətlik atam qoyub. Şair Nəsiminin müəllimi Fəyzullah Nəiminin adıdır”.

Bir vaxtlar “Əmirəliyev” soyadını daşıyan həmyerlimiz daha sonra “ov-yev” sonluqlarından imtina edib.

Hərdən istirahət etmək, ailəsini görmək üçün Azərbaycana gəldiyini deyən Nəimi ölkəmizdəki inkişafdan söhbət açıb. Onun fikrincə, Azərbaycan, xüsusi ilə paytaxt Bakı öz gözəlliyi müasirliyi ilə dünyanın məşhur şəhərlərindən geridə qalmır: “Azərbaycan inkişaf edir, Bakı ilbəil gözəlləşir. Yeni-yeni müasir binalar, geniş yol örtükləri, Xəzər sahili boyunca uzunan möhtəşəm Bakı Bulvarı, fəvvarələr, yaşıl parklar insanın ürəyini oxşayır. İnsanlar səmimi, mehribandırlar”.

Həmsöhbətimiz Bakıda yerli sakinlərin ana dilimizə biganəliyindən gileylənib: “Bakıda olduğum zaman xeyli insanla qarşılaşır, ünsiyyətdə oluram. İnsanlar dogma dildə deyil, daha çox rus dilində danışmağa üstünlük verirlər. Hər kəs mənə rus dilində müraciət edir. Fikirimcə, bu narahatlıq doğurmalıdır. Çünki insanları torpaq, vətənlə yanaşı doğma dil birləşdirir. Doğma dildə nə qədər çox danısşaq bir o qədər xalqın birliyini, bütövlüyünü və tarixini qoruyub saxlaya bilərik”.

Həmsöhbətimizin fikrincə, ölkədə doğma dildə təhsilə daha çox yer ayrılmalıdır: “Bizdə valideynlər övladlarının daha çox rus dilli məktəblərdə təhsil almasını istəyir. Fikirləşirlər ki, xarici dildə təhsil alan övladları gələcəkdə yaxşı iş sahibi olacaq. Amma unudurlar ki, həmin övladları öz dilini bilmir. Dili unutmaq, həmin dildə danışmaqdan utanmağın axırı heç də yaxşı olmur. Dili yaşatmaq lazımdır ki, xalqın varlığı əbədi olsun! Niyə axı rus dilli təhsil pulsuzdur, ingilis dilli təhsil pulludur? İngilis dilində təhsil pulsuz olsa, əlbəttə, valideynlər övladlarına ingilis dilində təhsil verəcəklər. Ya bütün xarici dillərdə təhsil pullu olmalıdır, ya da hamısı pulsuz olmalıdır. Əgər uşağın valideynlərindən heç olmasa biri rusdursa, dövlət onları ödənişdən azad edilə bilər. İnsanlar özləri seçim etməlidirlər. Mən rus dilində mükəmməl danışıram. Amma öz doğma dilimə hörmət edirəm, Azərbaycanda ana dilimdə danışıram. Rus dilində mənə müraciət edən soydaşlarımıza doğma dildə cavab verirəm. Əgər öz dilimizdə danışmaq “çuşqalıq”dırsa, xahiş edirəm məni o “çuşkaların siyahısında” birinci yazın. 

Ailədə də doğma dildə danışıram. Ona görə də oğlum Kamal bu gün xarici dillərlə yanaşı, Azərbaycan dilində də mükəmməl şəkildə danışa bilir”.

Dünyanın bir sıra ölkələrində səfərdə olan həmsöhbətimizin ən böyük arzularından biri də Azərbaycanın ərazi-bütövlüyünün bərpasıdır. O, Dağlıq Qarabağın yenidən Azərbaycana birləşəcəyi günü səbirsizliklə gözləyir. Söhbətimiz zamanı, o, Azərbaycan əsgərinin gücündən danışıb:

“Azərbaycan ordusunun, əsgərlərin gücünə inanıram. Ordumuz günü-günüdən güclənir, rəhbərlikdə peşəkarlar təmsil olunur. İnanıram ki, bir gün Azərbaycanın ərazi bütövlüyü yenidən bərpa olunacaq.

“Qarabağ mənim ürəyimdir” – deyən Nəimi Əmirəl azərbacanlı olması ilə fəxr etdiyini söyləyib. 

“Azərbaycan və Türkiyə ata-ana vətənimdir. Ailə üzvlərinin müəyyən çətinlikləri ola bilər. Bu zaman bütün ailə bir olmalı və bir-birlərinə dəstək olmalıdırlar. Azərbaycan-Türkiyə bir ailədir.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şərəfinə övladımın adını Kamal qoymuşam. Uşaq vaxtı Azərbaycanın müstəqil bir dövlət olmasını arzulayırdım. Müstəqilliyin nə olduğu haqda valideynlərim mənə tez-tez danışırdılar. Vaxt gəld, SSRİ dağıldı və Şimali Azərbaycan müstəqil oldu. Buna çox sevinirdim”.

Nəiminin sözlərinə görə, insanda şəxsi qürur hissləri ilə yanaşı, milli qürur hissləri də olmalıdır: “Əgər insanda şəxsi qürur hissləri varsa, demək onda milli qürur hissləri də mövcuddur. Milli qürur hisslərinə malik olmayan insanın şəxsi qüruru da yoxdur. Şəxsi qürura sahib olan insanlar xalqının başqa xalqa tabe olmasını heç vaxt qəbul etməzlər”.

Həmsöhbətimiz Azərbacan xalqının Ümummilli lideri Heydər Əliyevin əvəzsiz siyasətçi olduğunu vurğulayıb: “Heydər Əliyev çox uzaq görən insan idi. Əgər azyaşlı bir uşaq barmağı ilə şəkili göstərib deyirsə, mən onun kimi olacağam, demək o, şəkildəki şəxs liderdir!”.

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

Samir Sadıxovun son layihəsi (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Bu avtomobili evdə, boş vaxtımda hazırladım. Şəxsi layihədir”

“Gənclərə demək istəyirəm ki, ölkədəki və ya cəmiyyətdəki vəziyyətə görə ruhdan düşməsinlər və gələcəyə ümidlə baxsınlar”

“Bu texnologiya dünya sənayesində ciddi dəyişikliklərə səbəb olacaq”

HafizTimes.com-un növbəti müsahibi gənc yaşlarında dünyada məşhur olan azərbaycanlı dizayner Samir Sadıxovdur.

Məlumat üçün bildirək ki, S.Sadıxov 1990-ci ildə Gəncədə ziyalı ailəsində dünyaya göz açıb. Anası həkim, atası isə mühəndisdir. Gəncədə Azərbaycan – Türk liseyində orta təhsil alıb. İtaliyanin Turin şəhərində olan Istituto Europeo di Design – Nəqliyyat dizaynı fakültəsində bakalavr təhsili alıb. Almaniyanın Pforzheim Universitetində Nəqliyyat dizaynı fakültəsində isə magistr təhsili alıb. 

Sadıxov Azərbaycanın ilk peşəkar maşın dizayneridir. O, 2011-ci ildə Ferrari World Design Contest dizayn müsabiqəsində ikinci yeri tutan Ferrari Xezri Competizione Edition layihəsi ilə məşhur olub. Gənc yaşında bir çox uğura imza atan azərbaycanlı dizanyer “Ferrari World Design Challenge 2014” müsabiqəsində qalib olmaqla məşhurluq qazanıb.

O, 30 dizayn məktəbi, 500 tələbə arasında bir neçə turu keçərək, ilk pilləyə yüksəlib. Bundan başqa, o, Cadillac C-Ville və XTS konseptlərini layihələşdirib. Eləcə də Rezvani Beast (“Heyvan”) markalı avtomobil də azərbaycanlı dizayner tərəfindən layihələşdirilib, həmin avtomobil Hankook Tyre Design Challenge 2014 müsabiqəsinin qalibi olub. Samir Sadıxov təxminən 6 ay ərzində dizayn üzərində işləyib. Azərbaycanlı gənc dizayner Red Dot Design Award-ın 4680 layihəsi sırasında “Luminary” və “Best of the Best” mükafatlarına layiq görülüb. 

Qeyd edək ki, Red Dot Design Award yer kürəsinin dizayn Mərkəzi olan Essene (Almaniya) şəhərində yerləşən Şimali Reyn-Vestfaliya İnstitutu (alm. Design Zentrum Nordhein Westfalen) tərəfindən təqdim edilən dizayn sahəsində nüfuzlu mükafatdır. Mükafatlanmış işlər, Essendə Red Dot dizayn muzeyində sərgilənir. Bu muzey müasir dizaynın nailiyyətlərinin nəhəng toplusudur. Samir Sadıxov hazırda dünyanın çox nüfuzlu avtomobil şirkətində dizayner olaraq çalışır. Bu yaxınlarda onun hazırladığı Rezvani Motors TANK dizaynı işıq üzü görüb. Çox qısa zamanda hər kəsin rəğbətini qazanıb.

-Necə oldu ki, siz avtomobil dizayneri olmaq qərarına gəldiniz? 

– Uşaqlıqdan avtomobillərə qarşı xüsusi marağım olub. Hər zaman avtomobil eskizləri çəkməyi sevirdim, lakin yoldaşlarımdan fərqli olaraq, var olan avtomobilləri çəkməyi sevmirdim, hələ də sevmirəm. Hər zaman istəyirdim ki, öz fantaziyamda olan yeni bir avtomobil çəkim. Orta məktəbdə oxuyarkən, belə bir məşğuliyyətin, peşəkar səviyyədə etməyin mükün olduğunu öyrəndim və o gündən qərarım dəyişmədi. Nəhayət, avtomobil dizayneri oldum.

-Hazırkı işinizlə bağlı məlumat almaq istərdik.

-Hazırda dünya nəhəngi olan, Cənubi Koreyadakı “Hyundai” qrupuna məxsus olan “Genesis” brendində dizayner olaraq çalışıram.

“Bu isə şəxsi layihədir. Ticarət məqsədi daşımır. 70-ci illərdəki AutoMecca şirkətinin istehsal etdiyi “BrubakerBox” modelinin yeni versiyasını hazırladım. Evdə olan zaman, boş vaxtımda! Qeyd edim ki, hazırda yaşadığım ölkədə karantin rejimindəyik”.

– Sizcə, peşəkar avtomobil dizayneri necə olmalıdır? Bunun üçün nələr tələb olunur?

– Avtomobil dizayneri olmaq üçün əsas iki şərt vacibdir. Dizayn etmək üçün xəyal gücü və rəssamlıq qabiliyyəti önəmlidir. Çünki xəyalınızda təsəvvür etdiyiniz dizaynı canlandırmağın ən ideal və tez üsulu onu yaxşı çəkməkdir. Dizayner olmaq üçün bu çox vacibdir. Şirkətlər və universitetlər adətən işə qəbul prosessində birinci bu xüsusiyyətlərlə önəm verirlər. Dizayn ideyalarının yenilikçiliyi və dizaynların necə təsvir olunduğuna diqqət yetirirlər. Əsas rəqabət də bunun üzərində gedir.

-Gündəlik iş rejiminiz necədir? 

– Standart iş rejimi ilə çalışırıq. Həftədə 5 gün işləyirik. Əsas iş rejimi layihə üzərində olur. Əgər konsept bir modelin üzərində işləyiriksə, proses 1 il çəkir. Əgər istehsala gedəcək seriya avtomobilidirsə, 2 – 3 il çəkir. Gündəlik işimiz isə avtomobilin dizayn prosesi ilə bağlıdır. Bəzən yeni avtomobil üzərində eskizlər, bəzən 3D formatlə layihələr hazırlayırıq, bəzən isə hansısa modelin detallarını yenidən dizayn edirik.

Avtomobil insanlıq tarixinin ən vacib kəşflərindən biridir. Həyatımızı asanlaşdıran, bizi bir-birimizə tez və rahat qovuşduran vasitədir.

-Dünyada ən çox hansı avtomobillərə təlabat var?

– Hazırda ən əsas təlabat SUV ve Crossover seqmentində olan avtomobillərədir və ikinci tələb olunan isə ekonomik kompakt avtomobillərdir.

-Avtomobil istehsalı o qədər də asan başa gəlmir. Ən çətin proses nədən ibarətdir?

– Avtomobilin ən çətin hissəsi onun monokokunun ve şassisinin hazırlanmasıdır. Sonra isə ona uygun olan mühərrik ve transmissiya sisteminin hazırlanmasıdır.

– Gələcək avtomobil dizaynlarını necə təsəvvür edirsiniz? 

– Avtomobil dizaynı heç vaxt inqilaba uğramayıb, hər şey təkamül olub, inkişaf edib və yeni formalara sahib olub. Düşünürəm ki, gələcəkdə də avtomobillər texnologiyaya uyğun dizaynlara sahib olacaq. Dizayndakı ən çox dəyişikliklərin səbəbi, texnologiya və yeni çıxan qanunlardır. Bunların işimizə təsiri çox olur.

-Dizayner olmaq üçün fitri istedad lazımdır, yoxsa ağıl?

– İstedad 20 faiz, çalışmaq və zəhmət isə 80 faiz…

-Siz hansı avtomobillərə üstünlük verirsiniz?

– Praktik, əlverişli, ekonomik və sürətli avtomobilə daha çox üstünlük verirəm. Bunları özündə birləşdirən modellər mənim üçün daha məqsədəuyğundur.

-Artıq dünyada özü idarə olunan avtomobillərin dövrü başlayır. 

– Avtonom avtomobiller qaçınılmaz və üzümüzə doğru gələn inqilabi texnologiyadır və bu texnologiya dünya sənayesində ciddi dəyişikliklərə səbəb olacaq. Buna uyğunlaşmalıyıq, yoxsa geridə qalacağıq.

-Azərbaycana gəlirsinizmi? Çalışdığınız yerdə ölkəmizə qarşı insanların münasibəti necədir?

– Təəssüf ki, işlərimə görə Azərbaycanda gec-gec gəlirəm. Gələndə isə maksimum ailəm və sevdiklərimlə vaxt keçirməyə çalışıram. İş yerimdə tək azərbaycanlı olduğum üçün maraq pozitivdir və çalışıram ki, ölkəmizi yaxşı təmsil edim.

-Azərbaycanda iş qurmaq istərdinizmi? Bu istiqamətdə planlarınız nədən ibarətdir? 

– Plandan əlavə xəyallarım və arzularım var. Bu sahədə planları reallaşdırmaq üçün hökumətimiz və iş adamları dəstək olmalıdırlar. Uğurlu iş ortaya qoymaq üçün ciddi investisiya və plan lazımdır.

-Sonda gənclərə nələri məsləhət görərdiniz?

-Gənclərə ən əsas məsləhətim budur ki, dayanmadan öz üzərlərində çalışsınlar, xəyallarının ardınca getmək üçün özləri özlərini motivasiya edib, bütün maneələrə üz döndərib onlara qarşı vuruşsunlar. Ölkədəki və ya cəmiyyətdəki vəziyyətə görə ruhdan düşməsinlər və gələcəyə ümidlə baxsınlar.

Ümidi isə reallaşdıracaq olan sadəcə özləri, zəhmət və cox çalışmalarıdır. Tək formula – çox çalışmaqdır.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

`Ailəsini qorumaq üçün bunu edib` – Mirzə Cəlilin Kanadadakı mühacir nəticəsi (EKSKLÜZİV-FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Bir ailə olmağımıza baxmayaraq, illərlə bir-birimizi tanımamışıq”

“Mirzə Cəlilin adını çəkməyə qorxublar”

“Babam xəstələri pulsuz müalicə edirdi”

“Kökümüzün Azərbaycandan olduğunu bilmək məni qürurlandırır”

Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) – Görkəmli dramaturq və yazıçı, publisist, ictimai xadim,  Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalı.  “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Ana dilinin saflığı uğrunda mübarizə apar Mirzə Cəlilin zəngin irsində azərbaycançılıq məfkurəsi  əsas yer tutub. Xаlqımızın mədəni gеriliyinə, dini хürаfаtа, mövhumata, cəhalətə, avamlığa, mürtəce çаrizm siyаsətinə qаrşı inаdlа mübаrizə аpаrıb, milli mədəniyyətin yüksəlməsi üçün mühüm xidmətlər göstərib. Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. 1907-ci ildə Həmidə xanım Cavanşirlə ailə həyatı qurub və oğlanları Midhət və Ənvər dünyaya gəlib. Böyük Vətən müharibəsi illərində həkim kimi ordu sıralarına çağırılan Mirzə Cəlilin oğlu Ənvər, sovet qoşunlarının tərkibində İrana gedib. Ənvər burada polyak qızı, onunla bir xəstəxanada işləyən tibb bacısı Zofya Bahrinovskaya ilə evlənib. Bu nikahdan övladları – Midhət, Nizhət, Teymur, İren Cavanşirlər dünyaya gəlib. O, heç vaxt İrandan Vətənə qayıtmayıb. Qeyd edək ki, bu il Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, görkəmli ictimai xadim, maarifçi Cəlil Məmmədquluzadənin (Mirzə Cəlil) varislərinin  axtarışına çıxıb.  Mirzə Cəlilin nəvəsi Teymur Cavanşirinin Kanadaya mühacirət edən oğlu Şahin Cavanşiri eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı ailəsi ilə bağlı bir çox önəmli məqamdan söhbət açıb,  Azərbaycan haqqında fikirlərini ifadə edib və ailə üzvlərinin fotolardan ibarət daha bir şəxsi arxivini təqdim edib. Qeyd edək ki, Mirzə Cəlilin Polşada yaşayan varisləri Martin Cavanşiri və oğlu Przemysłavı, İralandiyada mühacir həyatı yaşayan nəticəsi Ramin Cavanşirini də illər sonra Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com tapıb, ailə kökləri ilə tanış edib və eksklüziv müsahibələr götürüb.

Cəlil Məmmədquluzadənin Kanadada mühacir həyatı yaşayan nəticəsi Şahin Cavanşiri HafizTimes.com-a danışır:

-Azərbaycan xalqının ailəmə olan sevgisini çox yüksək qiymətləndirirəm. Bu sevgi heç vaxt ailəm üçün mənfəətə çevrilməyib. Hər zaman gözəl sözlər kimi yaddaşlarda qalacaq. Biz heç vaxt Azərbaycanda yaşamamışıq. Buna görə də kitablarda ailəmiz haqqında nələr yazıldığını təəssüf ki, bilmirik: Həmidə xanımın taleyi necə oldu? Biz onun haqqında heç nə bilmirik. Onların adına muzey varmı? Bakıda qohumlarımız yaşayırmı? Ailəmizlə qürur duyuruq. Amma əlaqələrimizin kəsildiyinə görə çox kədərlənirik.

-Mən İranın Tehran şəhərində sevgi dolu bir ailədə dünyaya göz açdım, böyüdüm. İranda orta məktəbdə təhsil aldım. Daha sonra Kanadaya köçdüm. 10 ilə yaxındır ki, Kanadada yaşayıram. İT sahəsində çalışıram. Hazırda 43 yaşım var. Ümid edirəm ki, ailəmizin bütün üzvlərini bir gün görəcəyəm.

Təəssüf ki, Azərbaycana gedən əmim oğlu Martin Cavanşirini, oğlunu görmək şansım olmadı. Uşaq olanda Martini görmüşdüm.

(Ailəmiz: Atam Teymur Cavanşiri, anam Nəsirin, mən və qardaşım)

Biz bilirik ki, Mirzə Cəlilin həyatı heç də rahat keçməyib. Bundan sonra oğlu Ənvər İrana köçdü. Və ailəsini qorumağa çalışdı. Mən hələ də bilmirəm ki, əmim oğlu Martin ora necə getdi? Bu bizim ailəmizin təhlükəsizliyinə təsir edə bilərdi…

Ailəmizdən təkcə bibimin yaşadığını bilirəm. Başqaları barədə məlumatlı deyiləm. Ailəmizdə heç vaxt Azərbaycan, türk dilində danışmırdılar. Buna görə də, biz Azərbaycan dilini bilmirik. O vaxtlar Azərbaycanla heç bir əlaqəmiz olmayıb. Hər yerdə Mirzə Cəlilin əleyhidarları çox olub. Buna görə də bir ailə olmağımıza baxmayaraq, bir-birimizi tanımamışıq. Diqqət çəkmək istəməmişik. Axı siz heç vaxt İranda yaşamayıbsınız…

(Atamla anamın toyu-1974. Neşat əri ilə birlikdə, İren, Zofia nənə, atam Teymur, anam Nəsrin, Elisabeth, Ənvər babam, Midhət əmi, Neşətin qızı Zərrin)

-Niyə Kanadaya köçdünüz?

-Kanadaya oxumaq, əsasən də işləmək üçün köçdüm. Qardaşım da Britaniyaya köçüb. İllərdir ki, bir-birimizdən ayrı düşmüşük…

Mirzə Cəlilin ailəsinin üzvü olduğuma görə qürur duyuram. Azərbaycandakı insanların onu sevdiyini bilirəm. Mirzə Cəlilin Azərbaycan ədəbiyyatında, mədəniyyətində mühüm rol oynadığı da bizə məlumdur. Hərdən beynimdə Mirzə Cəlillə bağlı çoxlu suallar yaranır. Əgər Mirzə Cəlili bu qədər çox sevirdinizsə niyə axı onun həyatı çox ağır keçib? Hətta İrandakı ailə üzvlərimiz Mirzə Cəlilin adını çəkməkdən belə qorxublar.

Artıq mən də uzun müddətdir ki, İrana getmirəm. Amma gələcəkdə ora yenidən baş çəkmək fikrim var. Hazırda İranda siyasi vəziyyət çox mürəkkəbdir. Bizim İranda qohumlarımız yaşayır. Yəqin ki, onları ziyarət etməyimiz də çətinləşəcək…

(Atam Teymur, mən və balaca qardaşım Barzinin əlində Mirzə Cəlilin şəkili var)

-Cəlil Məmmədquluzadə sizin üçün kimdir?

-Mirzə Cəlil xürafat-cəhalətlə mübarizə aparmaq üçün canını fəda edən cəsur bir insan idi. Mən onun kimi cəsarətli deyiləm. Siyasətlə də məşğul olmuram. Ailəmizdə Mirzə Cəlilin yolunu davam etdirən birini tanımıram.

-Babanız Ənvər Cavanşirini (Mirzə Cəlilin oğlu) heç görmüsünüz? Onu necə xatırlayırsınız? Azərbaycan, ailəsi barədə sizə nə danışırdı?

-Bəli mən onu gördüm, çox bacarıqlı və mehriban bir həkim idi. Babam İranın şimalında bir çox xəstələri pulsuz sağaldıb, onlara kömək edib. Həmin xəstələrin ödəməyə pulları da yox idi. Oradakı insanlar babama inanırdılar və onu çox sevirdilər. Babam Azərbaycandakı ailəsi haqqında bizə heç danışmadı. Atam isə bizə dedi ki, o, ailəsini qorumaq hər şeyi gizli saxlayıb…

(Atam Teymurun toyu-1974. Mirzə Cəlilin oğlu Ənvər babam, anam Nəsrin, atam Teymur, Zofia nənəm)

-Atanız Teymur Cavanşiri, ananız Nəsrin xanımla bağlı bilmək istərik.

-Atam çox illər öncə qəzada həyatını itirdi. Anam Nəsrin isə Britaniyada qardaşımla yaşayır. Bu barədə qardaşımla müsahibənizdə geniş məlumat veriləcək.

-Azərbaycan haqqında fikirlərinizi bilmək istərik. Ailənizin Azərbaycan əsilli olduğunu nə vaxt öyrəndiniz?

-Eşitmişəm ki, Azərbaycan qonaqpərvər insanların yaşadığı gözəl bir ölkədir.  Əlbəttə ki, Bakını, Azərbaycanı çox görmək istəyərəm. Ailəmizin Azərbaycan əsilli olduğunu uşaq ikən öyrənmişdim.

Mən Azərbaycan xalqını sevirəm. Onların böyük bir hissəsi İranda yaşayır. Kökümüzün Azərbaycandan olduğunu bilmək məni qürurlandırır. Belə bir qanı daşıdığıma görə, başqa ölkələrdən olan insanlarla da daha yaxşı əlaqələr  qura bilirəm.

-Siz niyə Azərbaycana dəvət edilmədiniz?

-Bu, mənim də sualımdır. Cavabını bilmirəm. İstərdim ki, siz və ya oxucularınız mənim üçün bu suala cavab verəsiniz.

Bizi illər sonra məhz siz axtarıb tapdınız. Buna görə sizə təşəkkür edirik. Sizin göndərdiyiniz ilk mesajınız bizə çox təsir etmişdi. Ailəmizin digər üzvləri ilə 30 ildən sonra yenidən əlaqə saxlamağımıza vasitəçi oldunuz. Biz bunu heç vaxt unutmarıq. (Ünvanları, telefon nömrələrini göndərdik)

(Ənvər babamın evinin önü. Onun kiçik qızı İren, Zofia nənəm, Ənvər baba, atam Teymur və Martin)

-Azərbaycana səfər etmək istərsinizmi?

-Azərbaycan mənə çox maraqlıdır. Ümid edirəm ki, nə vaxtsa bu ölkənin gözəlliklərini görmək şansına sahib olacağam.

-Mirzə Cəlilin Polşadakı varisləri Martin Cavanşiri və oğlu Przemysłav ilə EKSKLÜZİV MÜSAHİBƏ-ni BURADAN oxuya bilərsiniz.

-Mirzə Cəlilin İralandiyadakı varisi Ramin Cavanşiri ilə EKSKLÜZİV MÜSAHİBƏ-ni BURADAN oxuya bilərsiniz.

Davamı olacaq…

HafizTimes.com

Hafiz Əhmədov                                                                    

Oxuyun

Müsahibə

`Nənəmgili zirzəmidən də qovurdular`– Hacı Zeynalabidinin rus nəticəsi: “Həmin kasetdə hər şeyi danışıb” (EKSKLÜZİV+SƏNƏDLƏR)

Yayımlandı

da

Tərəfindən

Nənəmin səs yazısı olan kaseti verdiyimiz şəxs qəflətən helikopter qəzasında həlak oldu”

“Tağıyev restoran sahibinə deyib ki, bu illər ərzində hər bir azərbaycanlı orada pulsuz, onun hesabına yemək yeyə bilər. Bunu nənəm Sara xanım mənə danışıb”

Nənəm öz oğlu Oleqi Sankt-Peterburqda yaşayan qohumumuza vermişdi. Mənim atam isə internatda böyüyüb

“Nənəmə kömək etməyə yox, muzey eksponatı kimi baxmağa gəlirdilər”

Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyevin nəticələrinin bir qismi hazırda Rusiyada yaşayırlar. 

HafizTimes.com Hacı Zeynalabidin Tağıyevin qızı Sara Tağıyeva-Sarayevanın Moskvada yaşayan nəvəsi Dmitri Sarayev ilə həmsöhbət olub. Dmitri Sarayev babası Hacı Zeynalabidin Tağıyevlə bağlı illərdir ki, gizli qalmış bir çox məqamlara aydınlıq gətirib, ailəsinin fotolarını, nənəsi Sara Tağıyevanın əlyazmalarını da HafizTimes.com-a təqdim edib:

Qeyd edək ki, Hacı Zeynalabidin Tağıyevin qızı Sara xanımın hazırda Rusiyada Oleq və Lev Nikolayeviç Sarayev adlı iki oğlu yaşayır. Bizim müsahibimiz Dimitri Sarayev Lev Sarayevin oğludur. Uzun müddət Bakıda nənəsi Sara xanımın yanında yaşayıb.

(Sağdakı 2-ci xanım Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadədir)

– Azərbaycan dilində danışa bilirsinizmi?

– Bəli. Amma çox da yaxşı danışa bilmirəm. Elə sözlər var ki, başa düşmürəm.

– Tağıyevin nəvələri – Sara Tağıyevanın oğulları indi harada yaşayırlar, nə ilə məşğuldurlar?

– Nənəm Sara Xanımın bir oğlu Oleq hazırda Sankt-Peterburqda yaşayır, Elmlər Akademiyasında çalışır. Digər oğlu, yəni mənim atam Lev isə hazırda Ryazan şəhərində yaşayır. Atam indi yaşlanıb, pensiya alır. Mənim Oleq adlı qardaşım isə 5 il bundan öncə rəhmətə edib.

(Sara Tağıyeva və övladları: Oleq, Lev Sarayev)

– Onlar Azərbaycana gəlmək istəyirlərmi?

– Əmim Oleq Nikolayeviçin fikirini bilmirəm. Amma atam yaşlandığı üçün ona uzaq yol getmək çətindir. Mən özüm Bakıda anadan olmuşam. 1993-cü ildə Bakıdan çıxmışam. Həmin vaxt atam Bakıda yaşayırdı. Amma Oleq əmim hələ uşaqlıqdan Sankt-Peterburqda yaşayıb.

– Hazırda hansı işlə məşğulsunuz?

– Mən podpolkovnikəm, uzun müddət polis orqanında çalışmışam, indi isə pensiyaya çıxmışam.

– Nənəniz Sara xanım necə bir həyat yaşayırdı?

– Biz nənəmin evinin qonşuluğundakı binada qalırdıq. Nənəm həmişə tək qalmaq istəyirdi. Həmişə yanına gəlirdim, soruşurdum ki, ay nənə, nə lazımdır? Nənəm həmin vaxt zəif eşidirdi, görə bilmirdi. Deyirdi ki, “Dima, bir bax gör, evin polunu necə yumuşam? Gör, hər yer təmizdirmi?” Deyirdi ki, “Dima, sən heç nə etmə, qonaq gəlmisən, heç nəyə əl vurma, özüm hər şeyi edəcəyəm”.

Nənəm öz atasını çox sevirdi. Bütün həyatını atasına həsr etmişdi. Həmişə bizə atasından danışırdı. Deyirdi ki, atası öz millətini həddindən artıq çox sevirdi. Dostumun bir maqnitofonu vardı. Nənəmin yanına gələndə ona çoxlu suallar verib, səsini kasetə yazırdım. Amma o kaset indi itib. Atam o vaxt həmin kaseti Vəli Məmmədova verib. Nənəm hər şeyi danışmışdı. Daha sonra Vəli Məmmədovun helikopter qəzasında faciəvi şəkildə həlak olduğunu eşitdik. Təəssüf ki, bu gün həmin kaset yoxa çıxıb.  Qeyd edim ki, Vəli Məmmədov atamla tez-tez gürüşərdi. O, nənəmə də hər zaman kömək edərdi.

Məndə indi də nənəmin babama yazdığı məktubları qalıb. Fikrim vardı ki, həmin məktubları kompüterdə çapdan çıxarım. Çünki, nənəmin yazdığı sözlərin çoxunu başa düşmürəm.

Məndən öncə qardaşım nənəmlə birlikdə qalırdı. Mən isə həmin vaxt ata-anamla birlikdə Culfada yaşayırdıq. Qardaşım birinci sinifdə oxuyanda mən də Bakıda Yasamal rayonunda nənəmin yanında qalmağa başladım.

– Siz azərbaycanlısınızmı?

– Xeyr. Mən rusam. Mənim nənəmin ikinci həyat yoldaşı Nikolay Sarayev rus olub. Ona görə bizim milliyətimiz rusdur.

– Hacı Zeynalabidin Tağıyev haqqında nələr bilirsiniz?

– Yəqin, Hacı Zeynalabidin Tağıyevin Almaniyada restorana getməsi məsələsindən xəbərdarsınız. Bu, tamamilə doğrudur. Nənəm mənə danışırdı ki, Tağıyev Birinci Dünya Müharibəsi vaxtı Almaniyada olub. O vaxt Kayzer belə bir əmir vermişdi ki, rus təbəələrinin banklarda olan hesabları bağlansın. Amma Tağıyevin bankdakı hesabını açmışdılar ki, o, Almaniyadan çıxa bilsin.

Tağıyev Almaniyada olanda restorana gedib. Xidmətçi ona yemək verməyib. Amma axşam restoranın sahibinə məlum olur ki, ora kim gəlibmiş. Onu yenidən restorana dəvət edib, böyük bir süfrə açıb. Axşam yeməyi zamanı Tağıyev soruşub ki, bir günlük bu stolun qiyməti nə qədərdir? Bir həftəlik, bir aylıq və bir illik nə qədərdir? On illik qiyməti nə qədərdir? Qiyməti biləndən sonra Tağıyev restoran sahibinə deyib ki, bu illər ərzində hər bir azərbaycanlı orada pulsuz, onun hesabına yemək yeyə bilər.

Nənəm danışırdı ki, bir aralar bazarda balıq olmayıb. Hamı Tağıyevin yanına gəlib ki, balıq yoxdur. Tağıyev dənizin kənarına gedərək, deyib ki, mənə bir balıq tutun. Barmağındakı üzüyü çıxarı, balığın quyruğuna bağlayıb və dənizə buraxıb. Deyib ki, kim bu balığı tutsa, üzük də onun olacaq.

Nənəm hətta danışırdı ki, Tağıyev ilk dəfə olaraq Bakıya pomidor gətirdib və dadına baxıb. İndi Şollar suyunu Bakıda camaata butulkalarda satırlar. Amma Tağıyev Şollar suyunu o vaxt Bakıya çəkmişdi ki, camaat o suyu pulsuz içsin.

Nənəm deyirdi ki, o vaxt çar Aleksandr Bakıda vağzalda Tağıyevlə görüşərkən Hacı papağını çıxarmayıb…

– Sara xanımın həyat yoldaşı ilə bağlı danışaq…

– Babamız Nikolay o vaxt Leninqradda zavodda mühasib işləyirmiş. Nənəmlə orada tanış olublar. Babam müharibədə həlak olub.

– Nənəniz Sara xanımın övladlarını atıb, Bakıya gəldiyini deyirlər. Bu, nə dərəcədə doğrudur?

– Nənəm öz oğlu Oleqi Sankt-Peterburqda yaşayan qohumumuza vermişdi. Mənim atam isə internatda böyüyüb. O vaxtlar çox çətin idi. Nənəm işləmək istəyirdi. Amma onu Bakıda hər yerdən qovurdular. Atam həmişə bizə danışırdı ki, bir müddət Bakıda zirzəmidə yaşayıb. Nənəmgili hətta zirzəmidən də qovurmuşlar. Buna görə nənəm elə bir addım atmışdı. Nənəmə ömrünün sonlarına yaxın Nərimanov prospektində ev vermişdilər. O, elə həmin evdə də yaşayırdı..

– Bəs atanız, əminiz öz anaları Sara xanımdan inciməmişdilər?

– Nənəm həmişə uşaqlarına məktublar yazırdı. Həmin məktubları oxuyanda nənəmin öz övladlarına nə dərəcədə bağlı olduğunu görmək olur. Hətta nənəm ömrünün son günlərində Respublika Xəstəxanasının reanimasiya şöbəsində yatırdı. Onun otağında qalmaq üçün mənə və atama icazə vermişdilər, növbə ilə orada qalırdıq. Nənəm orada da dünyasını dəyişdi. Həmin gecə atam onun yanında qalmışdı. Nənəm dünyasın dəyişən vaxt heç nə deməyib.

– Bəs siz niyə Azərbaycanı tərk etdiniz?

– Həmin vaxt qardaşım Arxangelskdə işləyirdi. Mən isə Neft Daşlarında çalışırdım. Qardaşım onunla getməyi təklif elədi, mən də fikirləşmədən ona qoşuldum.

– Bəs atanız, əminiz nəyə görə getdilər?

– Bu, çox çətin sualdır. Evimiz də var idi. Ayaz Mütəllibovun vaxtında bizə Mərdəkanda bağ da vermişdilər. Elçibəy hakimiyyətə gələndə siyasət bir az başqa cür oldu.

– Elçibəyə görə Azərbaycandan getdilər?

– Çox çətin sualdır. Cavab verə bilmirəm.

– Siyasəti bəyənmədiniz?

– Bəli. Deyək ki, səbəb budur. Məndə bu sualın cavabı var. Amma demirəm.

– Bəlkə sizi incidirdilər?

– Mən Bakıda anadan olmuşam. Bizi kimsə incitməyib.

– Deyirlər ki, o vaxt nənəniz dilənçilik edirdi, çörək pulu yox idi… Doğrudurmu?

– Mən o vaxtlar Neft Daşlarında işləyirdim, yaxşı pul qazanırdım. Nənəmin yanına gəlirdim. Həmişə mənə deyirdi ki, “Dima bir, yoxsa iki manat pul verim?” Deyirdim ki, “Nənə, mənə pul lazım deyil. Əsas sənə pul lazımdırsa, de, istədiyin qədər verim…” Nənəm belə bir insan idi.

– Nə yaxşı, Azərbaycan dilini unutmamısınız?

– Mən Moksavada yaşayıram. Burada isə xeyli azərbaycanlı var. Axı mən Azərbaycan dilini necə unuda bilərəm? Həmişə azərbaycanlılarla söhbət edirəm. Biz Azərbaycan Tarix Muzeyinin 90 illiyində Bakıya gəlmişdik. Babamın bütün qohumlarını ilə görüşdük. Amma indi elə də yaxın əlaqələrimiz yoxdur.

– Bakı üçün darıxırsınız?

– Əlbəttə. Mən Bakıda anadan olmuşam, böyümüşəm, əsgərliyə getmişəm… İndi isə 53 yaşım var.

– Bakıdan getdiyinizə görə peşmansınızmı?

– Əlbəttə, peşman oluram. Belə gətirdi ki, çıxıb getdik. Amma ora qayıtmaq istəyirəm.

(Lev Sarayevin oğlanları: Dmitriy və Oleq)

– Nənəniz Sara xanımın acınacaqlı vəziyyətdə ömür sürməsi ilə bağlı mətbuatda qeyd olunan iddialara münasibətiniz necədir?

-80-ci illərin sonu 90-cı illərin əvvəlində nənəmin yanına çox adam gəlirdi. Lakin onların əksəriyyəti nənəmə muzey eksponatı kimi baxmağa gəlirdilər. Əslində isə kömək edənlər çox az idi. Yaxşı xatırlayıram ki, Vəli Məmmədov ona həmişə kömək edirdi. İndi isə əlbəttə bəziləri çox söz danışa bilərlər… Nənəmin xasiyyətinə bələd olduğum üçün deyə bilərəm ki, tələbələrin gəlib onu çimdirmələri ilə bağlı mətbuatda yazılanlar sadəcə olaraq cəfəngiyyatdır.

Bəli, xatırlayıram ki, texniki bir məktəbdən ona yemək gətirdilər. Amma 6 il boyu belə davam etmədi. Onun həqiqətən də buna ehtiyacı yox idi. Sadəcə olaraq atasının xidmətlərinə görə ona qayğı göstərilməsini xoş qarşılayırdı. Həyatının son günlərində Respublika xəstəxanasında reanimasiya şöbəsində yatarkən də atam daim onun yanında olub. Mən atamla birlikdə növbə ilə onun yanında qalırdıq. Bir dəfə o qolundakı iynəni çıxarıb atdı və heç kimə icazə vermədi. Yalnız biz onun əlini tutanda sakitləşdi…

Hafiz Əhmədov

HafizTimes.com

Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadənin Sara Tağıyeva ilə bağlı HafizTimes.com-a açıqlamasını BURADAN oxuya bilərsiniz: Qarakənd faciəsi noyabr ayının 20-də olmuşdu. Ayın 23-cü biz eşitdik ki, Vəli də vertolyotda olub və həlak olub. Bir həftə sonra Sara Tağıyeva mənə zəng edib dedi ki, Xalidə, mən ikinci atamı da itirdim, bundan sonra çətin ki, yaşayım. Vəlidən bir həfətə sonra Sara Tağıyeva da dünyasını dəyişdi…”.

Oxuyun

Trend yazılar