Bizimlə əlaqə

Müsahibə

“Allahla danışıb Quranda dəyişiklik edəcəyini deyirdi” – KQB-nin azərbaycanlı polkovnikinin şok xatirələri (FOTOLAR)

Yayımlandı

da

“Bıçağımı saqqallının boğazına soxdum”

“Yeltsin hovuzdan çıxdı və mənə dedi ki, gedirik Moskvaya”

“Heydər Əliyev və oğlunu qorumaq mənə tapşırılmışdı. Yeməyi, suyu əvvəlcə özüm içib yoxlayırdım”

“Ələkrəm Hümbətov “Qaz-24” maşınında sürətlə çıxdı. O, maşını camaatın üstünə sürürdü. İkinci “Niva” çıxmaq istəyəndə mən əsgərlərə “vurun!” əmrini verdim”

“Şəkidəki məscidin ətrafında nizəli adamlar durmuşdu. Dedilər ki, rəhbərimiz Allahla danışır, Quranda dəyişikliklər edəcək”

“Balakəndə “Dağıstan dövləti” yaratmaq istəyirdilər. Rəhbərləri ilə çox riskli danışıqlara getdim”

“Zərifə xanım dərman içmək istəyirdi. Həmin suyu yoxlamaq üçün özüm içdim”

HafizTimes.comun müsahibi 1980-ci illərdə SSRİ-Əfqanıstan müharibəsində iştirak edən və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı adına layiq görülən yeganə azərbaycanlı Şabanov Elşad Yusif oğludur. O, xidməti dövründə üzləşdiyi bir çox maraqlı məqamlardan söhbət açıb.

– Moskvada əks-kəsfiyyat məktəbini bitirdikdən sonra Qəbələyə gəldim. Orada xüsusi rejimli obyekt tikilirdi. Ağdaş, Qəbələ və İsmayıllı rayonlarına da həmçinin bizim xidmət nəzarət edirdi. Xidmətin mərkəzi ofisi isə Qəbələdə yerləşirdi. Hərbi yükün hamısı Ağdaş rayonundakı Ləki stansiyasına göndərilirdi. Biz obyektlə bağlı məlumatların düşmənin əlinə keçməməsi üçün çalışırdıq. Mən orada 5 il işlədim. Əməliyyat müvəkkili vəzifəsindən başladım, baş əməliyyat müvəkkilinə qədər yüksəldim. Yaxşı nəticələrim oldu.

1982-83-cü illərdə məni Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik İdarəsinin Kadrlar Şöbəsinə çağırdılar. Məndən başqa 15 nəfəri də ora çağırmışdılar. Kadrlar İdarəsinin rəisi general-mayor Xalkov məni şəxsən qəbul elədi. O, işimin uğurlu nəticələrinə görə təşəkkürünü bildirdi. Dedi ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Baş Kəşfiyyat İdarəsinin nəzdindəki iki illik ali xüsusi kurslara mənim də namizədliyimi irəli sürüblər. Beləliklə, mənim və başqalarının sənədlərini Moskvaya – həmin Komitəyə göndərdilər. 3 aydan sonra məni yenidən çağırdılar. Bildirdilər ki, yalnız mənim sənədlərim həmin komitə tərəfindən bəyənilib. Kurslar Daşkənd şəhərində təşkil olunmuşdu. Daşkəndin iqlim şəraiti Əfqanıstana uyğun gəlirdi. Əfqanıstan Dövlət Təhlükəsizlik orqanının Mərkəzi də orda yerləşirdi. Biz orada əfqan dilini də öyrənirdik. Kurslarda keçmiş SSRİ-nin müxtəlif bölgələrindən gəlmiş 70-ə yaxın gənc var idi. İmtahan verdik. 30 nəfər imtahandan keçdi. Onlardan biri də mən oldum. Qafqaz, Orta Asiyadan o kursu qazanan ancaq mən idim. Qalanlarının hamısı Ukrayna, Rusiya və Pribaltikadan idi. İki il həmin kusrlarda oxudum. Sonradan məlum oldu ki, bizi Əfqanıstana hazılayırlar. 1985-ci ilin avqust ayının axırlarında Moskvadakı Baş Kəşfiyyat idarəsində bizə sənədlər verdilər. Sentyabrın 2-də biz sərhədi keçdik və Kabul şəhərinə gəldik. Sonra bizi başqa-başqa yerlərə bölüşdürdülər. İxtisasımıza uyğun olaraq qruplaşdırdılar. Mən əvvəlcə Əfqanıstanın şimalına – Qədəfşan əyalətinə göndərildim. Ora SSRİ ilə sərhəd idi. Mən 5-ci xətt, yəni Terrorizm və Banditizmlə Mübarizə bölməsinə rəhbərlik elədim.

Müsahibimiz bilavasitə onun rəhbərliyilə həyata keçirilən ağır döyüş əməliyyatlarından da söhbət açdı:

– Biz mərkəzə xəbərlər verirdik ki, mücahidlər yeni silahlar alırlar. Aldığım kəşfiyyat məlumatlarını Əməliyyat Qrupunu rəhbəri Boris Konstantinoviç Ratnikov mərkəzə – Qəndahara göndərirdi. Həmin silahlar müasir silahlar idi. O vaxt bizim əməliyyat qrupumuzun mərkəzi Zabul əyalətində yerləşir və puştun dilində “Kalate Gilzəyi” adlanırdı. Bizim yaxınlığımızda mücahidlərin hazırlıq mərkəzləri, düşərgələri yerləşirdi. Mücahidləri orada hazırlayır və Əfqanıstan ərazisinə göndərirdilər. Orada SSRİ-yə düşmən ölkələrin müşavirləri işləyirdilər. Bizim aldığımız həmin məlumat SSRİ-nin Pakistanda olan rezidenturası tərəfindən yoxlanılırdı. Bir dəfə mənə məlumat daxil oldu ki, mücahidlər yeni raket kompleksi alıblar. Həmin komplekslə təyyarələri vuracaqlar. Bir müddət sonra bizim əyalətin hava məkanında Qəndahar-Kabul reysilə uçan “AN” markalı sərnişin təyyarəsi həmin raketlə vuruldu. Sonra məlum oldu ki, həmin raket “Stinger” imiş.

Bir neçə gün sonra bizə belə bir göstəriş verildi ki, nəyin bahasına olursa-olsun, həmin silah ələ keçirilməlidir. 1987-ci il mayında məlumat aldıq ki, həmin əyalətdən keçən yolla mücahidlər “Simurq” adlı iri tutumlu maşınlarla şimala silahlar daşıyırlar. Mənə məlumat daxil oldu ki, raket komplekslərindən biri həmin maşınların içərisində aparılır. O vaxtlar bizim Təhlükəsizlik Orqanının Xüsusi Batalyonu var idi. O batalyona mən rəhbərlik edirdim. Keçmiş mücahidlər də orada xidmət edirdilər. O vaxt yaşım az idi, xüsusi əməliyyatlarda təcrübəm o qədər də yox idi. Çox şeyləri həmin mücahidlərdən öyrənirdim. Onların döyüş təcrübələri çox idi. Bir gün biz gecə saat 3-də həmin maşın karvanl üçün pusqu qurduq. Hücum etdik. Döyüş gündüz ikiyə qədər davam etdi. Mücahidlər çoxlu itki verdilər və geri çəkildilər. Beləliklə, biz iki maşın ələ keçirdik. Maşında avtomatdan tutmuş, ağır silahlara qədər hər şey var idi. Həmçinin narkotik maddələr də çıxdı. Qutulardan birində “Stinger” raket kompleksi var idi. Həmin əməliyyatdan sonra məlum oldu ki, həmişə özünü neytral kimi göstərən Çin də mücahidlərə silah satırmış.

Mən xüsusi əməliyyatların təşkilatçısı olmuşam. Bura kəşfiyyat və təxribat daxil idi. Müharibənin başa çatmasına az qalmış biz yemək, su tapa bilmirdik. Şəraitimiz çox pis idi. Mərkəzdən bildirdilər ki, hər şeyə dözməliyik. Məlumat almışdıq ki, mücahidlər heç vaxt silahı yerə qoymayacaqlar. Xalq artıq yerli dövlətə inanmırdı. Güc mücahidlərin əlində idi. Mən bütün məlumataları mərkəzə ötürmüşdüm. Bizim orada olmağımız artıq əbəs idi. Sovet mütəxəssiləri, milli təhlükəsizlik orqanları müharibəni uduzmamışdılar, sadəcə, əfqanıstan beynəlxalq paliqona çevirilmişdi. Bir hadisə heç vaxt yadımdan çıxmaz. Bizim əməliyyat qrupunun mərkəzindən bazar görünürdü. Bazarın önündə isə uşaqlar oynayırdılar. Uşaqların səs-küyü hər yerə yayılardı. Bir gün mücahidlər düz uşaqların oynadıqları yerə raket atdılar. Uşaqların səsi elə bil birdəfəlik kəsildi. Əfqanıstana gəlməmişdən öncə evlənmişdim. Bir oğlum və bir qızım var idi. Həmişə onların şəkillərini cibimdə gəzdirirdim.

Orada Molla Mədət adlı bir mücahid var idi, çox qəddar idi. Köçəri tayfalarından idi. Biz onu cismanı məhv etdik. “Stinger” əməliyyatından sonra biz əyalətin və ordunun müəyyən hissəsini yığdıq və ələ keçirdiyimiz həmin silahları xalqa nümayiş etdirdik. Onların qarşısında çıxış edərək, mücahidlərin amansız hərəkətlərindən danışdıq. Bildirdik ki, biz Əfqansıtanda sülhün olmasını istəyirik. Sülh olarsa, Sovet ordusu oradan çıxacaq. Həmin yığıncaq zamanı da mücahidlər bizi atəşə tutdular. Xeyli sayda insan məhv oldu. Mücahidlər bu hadisədən sonra daha da əzazilləşdilər. Mənə məlumat daxil oldu ki, həmin əməliyyatın heyfini bizdən çıxacaqlar. Çünki onlar çoxlu itki vermişdilər, “stinger” raketləri ələ keçirilmişdi. Bizdən sonra xüsusi təyinatlılar da əməliyyat apardılar və yenə də mücahidlərin raketləri ələ keçirildi. Bizim əməliyyat qrupumuzun mərkəzinin yerləşdiyi əyalətdə bir çay axırdı. Çayın o biri tərəfində mücahidlərin postları var idi. Onlar çox həyasızlaşmışdılar, atəş açırdılar.

Bir gün xeyli itki vermişdik. Mən və 20-yə yaxın döyüşçü iki maşına minib, meytləri gətirməyə getdik. İndiki kimi yadımdadır. Mən əfqan paltarı geyinmişdim, gözlərimə də sürmə çəkmişdim. Həddindən çox isti hava vardı, su da yox idi. Kəndə yaxınlaşırdıq. Birdən mən heç nə hiss etmədim. Bir dənə onu bildim ki, havada uçuram. Qulaqlarıma gurultu gəlirdi. Maşınımız minaya düşmüşdü. Bir də gözümü açdım ki, hər tərəfim qandır. Qulaqlarım eşitmirdi, hissiyatım da itmişdi. Heç bilmədim hara gəlmişəm. Elə bildim ki, yuxu görürəm. Fikirləşdim ki, qan itirdiyim üçün yəqin ölürəm. Gördüm ki, qarşımda bir göl var, içərisində ördəklər üzür. Avtomatı kənara qoyub, özümü suya atım. Həmin təmiz olmayan lilli sudan içməyə başladım. Suyun içindən güclə qalxdım. Bildim ki, artıq yuxuda deyiləm. O vaxtlar barmağıma mücahidlərin üzüyünü taxırdım ki, məni onlardan biri sansınlar. Sürünə-sürünə oradakı kəndə gəlib çatdım. Sən demə, həmin kənddə mücahidlərin bir qrupu da var imiş. Mina partlayan əraziyə daha sonra bizim başqa əməkdaşlarımız gəlib və meyitləri yığıblar. Bu zaman məni tapa bilməyiblər və axtarışma başlayıblar.

Mən isə qan içində kənddə olan kərpic divarlardan birinə söykəndim. Balaca uşaqlar başıma toplaşdılar. İki saqqalı da mənə yaxınlaşdı. Onların çiyinlərində avtomatları var idi. Onlar mənim barmağımdakı üzüyü gördülər . Məni isə qan aparırdı. Birdən necə oldusa, şübhələndilər. Uşaqlara “boro-boro” dedilər. Yəni “qaçın gedin”. Mənə hücum etmək istədilər. Mən avtomata əl ata bilmədim. Əlimdə olan bıçağı həmin saqqallılardan birinin boğazına soxdum. O biri saqqallı məni avtomatılə nişan aldı. Fikirləşdim ki, artıq sonumdur. Elə həmin vaxt saqqallını arxadan güllələdilər. Bir də baxdım ki, bizim qrupumuzun adamları kəndə gəlib və o saqqalını da vurublar. Sonra kənddə çox dəhşətli atışma baş verdi. İndiyə qədər də həmin mina partlamasının əziyyətini çəkirəm. Bədənimin müxatəlif yerlərində hələ də ağrılarım olur. Nə qədər müalicə olunsam da, sağala bilmirəm. Bizə atılan mərmilərdən bəzilərinin içində kimyəvi maddə olurdu. Həmin maddə düşən yer yanırdı. Həmin kimyəvi maddə mənim qıçıma da düşmüşdü. Sonra həmin maddə qanıma keçdi və böyrəklərimi zədələdi. Böyrək çatışmazlığından əziyyət çəkməyə başladım.

Sonralar Yeltsinin yaxın adamlarından olan Boris Konstantinoviç Ratnikovla çox yaxşı münasibətimiz var idi. Mən operativ əməliyyat qrupuna gəldikdən sonra biz xeyli müddət bir yerdə çalışdıq. Ratnikov Əfqanıstanda Kabul aeroportunun təhlükəsizlik xidmətinin rəisi olub. O, çox yaxşı qarmon ifa edirdi, yaxşı şeirlər yazırdı. Xətrimi çox istəyirdi. Bir dəfə mən SSSR-dən təzə qayıtmışdım. Noyabr ayı idi, möhkəm xəstələnmişdim.Ratnikov məni çoxlu tərlətdi ki tez sağalım. Ratnikov Moskvaya qayıtmazdan qabaq mənə dedi ki, hər şeyi sənə etibar edirəm, təhlükəli işlər sizi gözləyir. Və balaca bir parçaya bükülmüş nəsə verdi. Dedim ki, Boris, bu nədir? Qayıtdı ki, bu, duadır: “Anam mən Əfqanıstana gəlməmişdən öncə kənddə olan xristian kilsəsinin keşişinə bu duanı yazdırmışdı ki, Tanrı həmişə məni qorusun. Şabanov, bu dua indiyə kimi məni qoruyub. Mən Moskavaya qayıdıram. İstəyirəm ki, bu dua indi də səni qorusun. Çünki bütün ağır işləri hər zaman sən görmüsən. Mən sadəcə yazmışam, sən isə ən ağır əməliyyatlarda iştirak etmisən”.

Çox dəhşətli bir hadisəni danışım. Bir dəfə əfqanlardan biri kustar üsulla uşaq arabası düzəltmişdi. Uşaqları ona mindirib qəsəbəni gəzdirirdi. Bu vaxt da Ratnikov təyyarəyə minib Moskavaya uçurdu. Qəfildən bir partlayış səsi eşitdik. Tez səmaya baxdıq ki, Ratnikovun təyyarəsi vurulubmu? Gördük, təyyarə uçur. Sonra məlum oldu ki, uşaqların olduğu araba minaya düşüb. Ümumilikdə, mənim Əfqanıstanda keçirdiyim əməliyyatlar zamanı rəsmi rəqəmlərə görə, 300-dən çox mücahid həyatını itirib. Ratnikovdan sonra mən də Moskvaya qayıtdım, orada görüşdük. Həmin vaxt mən “Qırmızı ulduz” medalına layiq görülmüşdüm. SSRİ Dövlət Təhlükəsizlik Komistəsinin fəxri əməkdaşı oldum. Kabulda təhlükəsizlik xidmətinin rəisi Korjakov sonralar Boris Yeltsinin Təhlükəsizlik Xidmətinin rəisi olur və Ratnikova təklif edir ki, müavini olsun. Korjakovun dövründə Prezidentin yanında xüsusi xidmət orqanı yaradılmışdı, çox güclü bir idarə idi.

Elşad Şabanov həmçinin Rusiyanın keçmiş prezidenti Boris Yeltsinlə əlaqələrindən də söhbət açdı:

– 1991-ci illin əvvələrində vəziyyət gərginləşmişdi. Ayaz Mütəllibov prezident idi. Müharibə şəraiti hökm sürürdü. Həmin vaxt Boris Yeltsin və Nazarbayev Bakıya gəldilər. Bu zaman Ratnikov məni Bakıda çox axtarıb. Ona bəzi adamlar deyiblər ki,mən burada yoxam. O vaxtlar mən Əzizbəyov rayonunda Təhlükəsizlik Xidmətində rəis işləyirdim. Moskvaya zəng vurdum. Oradan dedilər ki, qonaqlar Bakıdakı `Moskva` mehmanxanasında qalırlar. Gecə saat 12-də mən həmin mehmanxanaya gəldim. Gördüm ki, Mütəllibov mühafizəçiləri ilə oradan çıxır. Sonra içəri daxil oldum. Ratnikovun özü aşağı düşdü və mənimlə görüşdü. Mənə dedi ki, “yuxarı qalxaq, səni Korjakovla tanış edəcəyəm”. İndiki kimi yadımdadır, Korjakov stolun arxasında oturmuşdu. Üstündə silahı da var idi. Ətrafı mühafizəçilərlə dolu idi. Ratnikov məni Korjakova təqdim etdi və haqqımda məlumatlar verdi. Korjakov isə mənə təklif etdi ki, Moskavada Əməliyyat Məlumat idarəsində çalışım. Görüşdən çıxandan sonra Ratnikova dedim ki, “Konstantinoviç, evdə yaxşı kotlet bişiriblər, gedək, qonağım olun”. Mən o vaxtlar bağda yaşayırdım, evim yox idi. Mənim maşınımla gecə saat 2-yə qalmış bağa gəldik. O, mənim yoldaşıma dedi ki, “Biz Ediki, yəni məni Moskavaya aparmaq istəyirik”. Məni Mərkəzi Komitənin bağında Yelstsinlə də görüşdürdülər. Həmin vaxt Yeltsin hovuzda çimirdi. Nazarbayevə də təklif etdi, amma o, çimmədi. Yeltsin hovuzdan çıxdı və bir kənara çəkildi. Mənə dedi ki, gedirik Moskvaya. Mən isə ona dedim ki, fikirləşərəm. Yeltsin heç bir cavab vermədi. Fikirləşdim ki, Yeltsinin təklifinə “hə” deyim. Amma Azərbaycanda müharibə qızışırdı və mən fikrimdən döndüm. Moskvaya getməyi vicdanım qəbul eləmədi. Məni Mərkəzi Aparata gətirdilər.

– Haradasa 1981-ci ilin yay ayları olardı. Mən Qəbələdə işləyirdim. Ağdaşda isə Respublika Pambıq Müşavirəsi keçirilirdi. Bütün rayonların katibləri Ağdaşa toplaşmışdılar. Heydər Əliyev də ailəsilə Yevlaxa gəldi. Mənə dedilər ki, Heydər Əliyevin oğlu da rayona gəlir. Onu qorumaq mənə tapşırılmışdı. Şən, istiqanlı oğlan idi, hər şeylə maraqlanırdı, çoxlu suallar verirdi.

İsmayıllı rayonunun İvanovka kəndində böyük bir kolxoz var idi. Oranın rəhbəri Nikolay Vasileviç Nikitin idi. Rayonda müəyyən anti-sovet qruplar var idi. Onlar dövlət əleyhinə təbliğat aparırdılar. Gizli toplaşıb iclaslar keçirirdilər. Həmin dini sektanın rəhbər isə Serebrekova idi. Onlar xarici ölkələrin kəsfiyyat orqanları ilə əlaqədə idilər. Həmin  dini sektanın məhv edilməsində Mərkəzlə birlikdə şəxsən mənim çox böyük xidmətlərim olmuşdu. Nikitin isə bunu heç vaxt unutmamışdı. O, mənə həmişə hörmətlə yanaşırdı. İsmayıllıda Ümum Respublika Kənd Təsərrüfatı Müşavirəsi keçiriləndə də Heydər Əliyev gəlmişdi. O vaxt gölün kənarında Kolxozun ikimərtəbli mehmanxanası var idi. Həmin mehmanxana polis və daxili qoşunlar tərəfindən qorunurdu. Mən isə həmin mehmanxananın ikinci mərtəbəsində Heydər Əliyev və ailəsinin mühafizəsində dururdum. Birinci mərtəbədə nazirlər, rəislər üçün yerlər ayrılmışdı. Mənə siyahı verilmişdi, orada adları olanlardan başqa heç kəsi mehmanxanaya buraxa bilməzdim.

Yemək, çay, suyu əvvəlcə şəxsən mən yoxlayırdım. Daha sonra isə ikinci mərtəbədə olan Heydər Əliyev və ailəsinə təqdim edirdim. Bir məqamı heç vaxt unutmaram. Bir dəfə yenidən mehmanxananın ikinci mərtəbəsinə qalxdım və yeməkləri ora qoydum. Rəhmətlik Zərifə xanım da otaqda idi. O, dərman içmək istəyirdi. Dedim ki, bir dəqiqə gözləyin. Əvvəlcə mən həmin suyu yoxlamaq üçün özüm içdim. Daha sonra Zərifə xanıma dedim ki, su təmizdir, içə bilərsiniz. O isə mənə təşəkkür etdi və bunu heç vaxt unutmayacağını dedi.

Müsahibimiz 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələrdən də söhbət açdı:

– O zaman Ayaz Mütəllibov və komandası özlərini tamam itirmişdilər. Qarabağda xaos hökm sürürdü. Saxta özünümüdafiə dəstləri yaradılmışdı. 1991-ci ildə mən Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Təyinatlı bölməsini yaratdım. Şabakayevi ora mən rəis gətirmişdim. Məndən sonra isə onlar “vuruldular”.

Mən Xaçmazda təhlükəsizlik xidmətinin rəisi olanda bir qrup “maradyor” prokurorluq idarəsini tutmuşdu. Onlar polis idarəsinə, Hərbi xidmətə çağırış məntəqəsinə də hücum etdilər ki, silahları ələ keçirsinlər. Həmin gecə komendant saatı elan edildi. Mən həmin adamları zərərsizləşdirdim. Xalq Cəbhəsi hakimiyyətə gədikdən sonra barəmdə cinayət işi açdılar. Sonra açılan cinayət işi xətm edildi və bildirildi ki, mən öz vəzifəmi həyata keçirmişəm.

1993-cü ilin avqust ayında “Talış-Muğan Respublikası”na qarşı aparılan əməliyyatın rəhbərlərindən biri olmuşam.Vaqif Novruzov, Nəriman İmranov və mən təyyarə ilə Lənkərana getdik. Oradakı hərbi hissələrdə olan Ələkrəm Hümbətovun əsgərlərinin əksəriyyətini mən dağırtdım. Əsgərlərin analarına müraciət elədim. Texnikalarını sıradan çıxardım. Ələkrəm Hümbətov bizdən çıxış üçün dəhliz istəyirdi. Gərgin danışıqlar gedən əsnada güllə səsləri eşitdim. Amma bizimkilər atmadılar. Əgər güllə atsaydılar, çox dəhşətli qanlı hadisələr baş verəcəkdi. Qadın-uşaq hər kəs küçələrə çıxmışdı. Heç kəs yatmırdı. Birdən qapılar açıldı, Ələkrəm Hümbətov “Qaz-24” maşınında sürətlə çıxdı. O, maşını camaatın üstünə sürürdü. İkinci “Niva” çıxmaq istəyəndə mən əsgərlərə “vurun!” əmrini verdim. Həmin maşını biz vurduq, maşın aşdı. Ələkrəm isə sürətlə çıxdı və qaçdı. İndi o, yenidən baş qaldırmaq istəyir. Düşünürəm ki, Vətənin düşmənlərinə yenidən baş qaldırmaq üçün imkan vermək olmaz.

Xalq Cəbhəsinin dövründə Şəkidə “Yeni Azəri-İslam cəmiyyəti” adlı bir qurum əmələ gəlmişdi. Onlara Molla Məmmədəmin rəhbərlik edirdi. Onlar islamın bayrağı altında ayrıca rotalar düzəldərək, mərsiyə deyə-deyə bütün Şəkini gəzirdilər. İmkanlı adamlardan pul yığırdılar, cammatı incidirdilər.

1993-cü ilin noyabr ayında gecə saat 12-də nazir Nəriman İmranov mənə zəng vurdu. Dedi ki, Şəkiyə gedim. Daxili İşlər Naziliyindən də ora dəstə göndərmişdilər ki, mənə kömək etsinlər. Əvvəlcə xalqın reaksiyasını öyrəndik ki, həmin mollanı həbs etsək, onlar nə edəcəklər. Sonra onların Şəkidəki məscidlərinə gəldim. Ətrafında nizəli adamlar durmuşdu. Mənə dedilər ki, rəhbərimiz Allahla danışır, Quranda dəyişikliklər edəcək. Görüşdüm onunla, yaxşı bir söyüş söydüm və dedim ki, ay kafir, sən nə vaxtdan Quranda dəyişikliklər etməyə başlamısan? Nə vaxtdan İrəvana bayraq sancan olmusan? Sonra əməliyyat keçirdik və onların rəhbərlərini də, tərəfdarlarını da həbs etdik. Cavanların hamısını hərbi xidmətə göndərdik. Beləliklə, həmin cəmiyyətin axırına çıxdıq.

Daha sonra məni Balakənə göndərdilər. Orada separatçılar Sovet ordusunun hərbi formalarını geyinib, düz dağın zirvəsində özləri üçün qərargah düzəltmişdilər. Onlarla danışıqlara başladım. Dedilər ki, Dağıstan dövləti yaratmaq istəyirlər. Söhbətimiz uzun çəkdi. Rəhbərlərilə çox böyük və riskli danışıqlara getdim. Sonra Bakıda hər şeyi rəhbərliyə məruzə etdim və üzərimə düşən bütün öhdəliyi yerinə yetirdim…

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

`Elə bilirdim ki, babam prezident olub` – Topçubaşının nəticəsi: “Bu, məni çox təsirləndirir” (EKSKLÜZİV-FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Bodrumda işlədiyim gümüş zərgərlik mağazasına azərbaycanlı müştərilər də gəlirdi. Deyirdilər ki, Azərbaycandakı məktəblərdə babam Əlimərdan bəy Topçubaşı ilə bağlı dərslər keçirilir. Çox xoşbəxt olurdum”

“Nənəm onun Prezident (Cumhurbaşqanı) olduğunu söylərdi. Amma deyəsən elə deyilmiş…”

“Babam Bakıdakı çiçək mağazalarından bütün gülləri satın alıb və ona hədiyyə edib”

“Babam pul qazanmaq üçün Parisdə meyvə-tərəvəz bazarında hamballıq edib”

“Azərbaycanlıların babamı belə xatırlamaları və ondan yüksək səviyyədə bəhs etmələri məni çox təsirləndirir…”

Əlimərdan bəy Topçubaşı – Azərbaycanın görkəmli dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin ilk sədri, Xarici işlər naziri. Milli müstəqilliyimiz və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi bir şəxsiyyət

Əlimərdan bəy Topçubaşının böyük qızı Sara Kürdəmirdən (Topçubaşı) 2 nəvəsi olub, Zərifə və Gülnarə Kürdəmir. İllər öncə Zərifə Kürdəmir vəfat edib. 97 yaşlı Gülnarə Kürdəmir və Zərifə Kürdəmirin qızları hazırda İstanbulda yaşayırlar.

(Xalam Zərifə, anam Gülnar və mən)

Jurnalist Hafiz Əhmədov tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşının Türkiyədə yaşayan məşhur nəticəsi Nilufer Sanderi və ailə üzvlərini  tapıb həmsöhbət olub. HafizTimes.com-a eksklüziv müsahibəsində Nilufer Sander ailəsi ilə bağlı bir çox gizli qalmış məqamlara aydınlıq gətirib. N.Sander həmçinin ailəsi ilə bağlı foto şəkillərdən ibarət arxivi də Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com-a təqdim edib:

(Nilufer Sander)

-Əvvəlcə bizə özünüzdən bəhs edin…

-1950-ci ildə İstanbulda anadan olmuşam. Rəhmətlik atam Necdet Sander məşhur şair, Cümhuriyyət qadını Şükufə Nihal və Ədəbiyyat-Türk Dili üzrə Prof. Mithat Sadullah Sanderin oğlu idi. Atam 1960-1980-ci illərdə İstanbulun ən gözəl, böyük kitab evlərini açdı və öz nəşriyyatını qurdu, bir çox kitabı fransız və ingilis dillərindən tərcümə etdi.

(Solda mən və xalam qızı -1965)

-Nilufer xanım, hazırda nə işlə məşğul olursunuz, harada yaşayırsınız?

– 32 ildir ki, Bodrumda yaşayıram. Əvvəllər isə 8 il Almaniyada, 8 il Cənubi Amerikada yaşadım. 4 il Braziliyada və Venesuelada yaşadım. Keçmiş həyat yoldaşım alman idi və işlə əlaqədar olaraq orada yaşayırdıq. O illər çox gözəl idi. Oğlum Alex isə 1976-cı ildə San Pauloda anadan olub.

(Əlimərdan bəyin məzarını anam ziyarət edib – Paris)

-Ananız Gülnar xanım Kürdəmirin (Əlimərdan bəyin nəvəsi) səhhəti necədir? Karantin rejimində ananızla heç görüşə bilirsinizmi?

-Anamın 97 yaşı var. İstanbulda tək yaşayır, gözləri də çox zəif görür. Məlum virusa görə bu il anamı görə bilmədim, yalnız telefonla əlaqə saxlayırıq.

(Anam Parisdə iti ilə birlikdə)

-Ananızın ailəsinin azərbaycan əsilli olduğunu nə vaxt öyrəndiniz? Bu barədə nənəniz Sara xanım Topçubaşı (Əlimərdan bəyin qızı) və ananız sizə nə danışardı?

-Həmin vaxt çox balaca idim. Təxminən 8 yaşım olardı… Hələ 5 yaşım olarkən yəni 1955-ci ildə anam və qardaşım Fikrət ilə Cenevrəyə köçdük. 3 il orada yaşadıq, fransızca məktəbə getdik. Evdə həmişə fransızca danışardıq. 1958-ci ildə İstanbula qayıtdıq və qardaşımla birlikdə nənəmgilin (Sara xanım Topçubaşı) evində qalırdıq. Çünki anam müalicə üçün İsveçrəyə qayıtdı. 2 il boyunca nənəm Sara xanım bizə çox yaxşı baxdı.

(Nənəm Sara Topçubaşı-Kürdəmir Bakıda)

Təbii ki, babam Əli Əşrəf Kürdəmirlə (Sultanov) ya rusca, ya Azərbaycan dilində, ya da fransızca danışardılar. Əslində Sara nənəm qardaşım və mənə bu mövzuda çox şey danışmazdı. Yəqin ki, çox balaca idik və siyasəti başa düşmürdük…

(Anam və babam Əli Əşrəf Kürdəmir Parisdə -1940 )

-Nənəniz Sara xanım Topçubaşını (Əlimərdan bəyin qızı) necə xatırlayırsınız? Onunla bağlı hansı xatirələriniz var?

-Anamın anası, yəni Sara nənəm bir mələkdi. Onu anamdan daha çox sevdim. Anamın böyük bacısı Zərifə xalamın da iki qızı vardı. Biz 4 uşaq eyni yaşda idik. Hər il məktəbimiz yaz tətilində olanda 3,5 ay və digər qış tətillərində də Sara nənəm və Əli Əşrəf Kürdəmir babamın Erenköydəki böyük baxçalı villalarında qalırdıq. Orada geniş bir baxça, bostan vardı. Bütün tərəvəz və meyvələri bağımızdan toplayırdıq. Təbii ki, nənəmgilin azərbaycanlı dostları, qonaqları da ora gəlirdilər. Nənəm və babam Parisdən qayıtdıqdan sonra Erenköydə bu böyük baxçalı villanı satın almışdılar. Mənim həmin baxçada çəkilmiş çoxlu ağ-qara şəkillərim var.

(Saffet əminin xanımı Nəfisə və mən)

-Nənəniz Sara Topçubaşının qardaş-bacılarını (Əlimərdan bəy Topçubaşının digər övladları) heç gördünüzmü?

-Nənəmin Saffet əmi adlı (Həsən bəy Zərdabinin sonuncu övladı) Ankarada yaşayan bir qohumu vardı. Həyat yoldaşı Nəfisə xala yazda bizə qonaq gələndə mənə rus dilində dərs keçərdi. Bir neçə ağ-qara şəklimiz də var. Təəssüf ki, Saffet əminin belə tanınmış bir atasının olduğundan indiyə qədər xəbərim yox idi. Çox sağ olun ki, onun atası Həsən bəy Zərdabi ilə bağlı mənə geniş bilgi verdiniz.

(Saffet Məlik-Zərdabinin sənədi)

Bizə həmişə deyirdilər ki, Saffet nənəmin dayısıdır. Biz də fikirləşərdik ki, nənəmizin belə gənc dayısı necə ola bilər? Uzun boylu və ciddi bir insan idi. Əsasən də rus dilində danışardı. Həyat yoldaşının adı Nəfisə idi. Onların övladı yox idi. Nəfisə xanım mənə rus dilini öyrədirdi. Onlar Ankarada yaşayırdılar. Yaz aylarında nənə-babamın Erenköydəki evinə qonaq gəlirdilər. 2-3 həftə nənəmgildə qalırdılar. Erenköydəki villanın həyətində başqa bir ev də vardı. Onlar qonaq gələndə həmin evdə qalırdılar.

(Anam Gülnar Kürdəmir və nənəm Sara Topçubaşı 1970)

Nilufer Sanderin anası Gülnar Kürdəmir: “Saffet dayı ilə Nefise xala çox gec evlənmişdilər. İkisi də yaşılı idi. Anamla Saffet bəy çox yaxın idi. Çünki, Saffet onun doğma dayısı, ailə üzvü idi. Saffet dayı mədəni bir insan idi. Onu çox sevərdik. Çox az danışardı. Nefise xanımla ailə qurduğu günü xatırlayıram. Həmin vaxt Saffet dayı İstanbulda yaşayırdı. Onların heç toy mərasimləri də olmadı. Çünki, hər ikisi də yaşlı insanlar idi. Onlar evlənəndə Nefise xalanın 40-dan çox yaşı vardı. Anam tez-tez onları bizə yeməyə dəvət edərdi”.

(Ənvər Topçubaşı və mən Erenköydə -1953)

-Başqa bir şəkildə isə nənəmin qardaşı Ənvər əmi (Əlimərdan bəy Topçubaşının oğlu) məni qucağına alıb. 1952-1953-cü illər olmalıdı… Dəqiq xatırlamıram.

(Əlimərdan bəy Topçubaşı Parisdə parkda)

-Azərbaycanla bağlı hansı xatirələriniz var?

-Mən heç vaxt Azərbaycanda olmamışam. Amma Azərbaycandan bir neçə dostum var. Yayda Bodrumda işlədiyim gümüş zərgərlik mağazasına azərbaycanlı müştərilər də gələrdilər. Dərhal onlarla danışardım, nənəmin azərbaycanlı olduğunu söylərdim. Atası Əlimərdan bəy Topçubaşıdan söhbət açardım. Hamı Əlimərdan bəy Topçubaşını tanıyar, ondan  heyranlıq və hörmətlə bəhs edərdilər. Deyirdilər ki, Azərbaycandakı məktəblərdə Əlimərdan bəy Topçubaşı ilə bağlı dərslər keçirilir. Mən də xoşbəxt olardım.

(Nənəm Şükufə Nihal və mən 1951-ci il)

-Əlimərdan bəy Topçubaşı və həyat yoldaşı Pəri xanım haqqında daha nə bilirsiniz?

-Əlimərdan bəy haqqında yalnız internetdən oxuduqlarımı bilirəm. Nə anam, nə də nənəm onun haqqında çox danışmadılar … Əlbəttə ki, onun Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olduğunu deyirdilər. Anam isə son illərdə nənəsi Pəri xanımı çox sevdiyini söylərdi.

(Solda nənəm Sara xanım qucağında anam, xalam İstanbulda çimərlikdə)

-Əlimərdan bəy Topçubaşı sizin üçün kimdir?

-Əlimərdan bəy Topçubaşı fəxr etdiyim bir babamdır. Əlbəttə ki, onu şəxsən tanıya bilmədim. Sonralar internetdən oxuyub öyrəndim ki, babam Qafqazdakı bütün müsəlman ölkələrini bir yerə toplayıb Rus çarının hakimiyyətindən xilas etmək istəyib. Bu, təbii ki, nəhəng bir layihə idi…

(Anam və oğlum Alex 2003, anamın evi)

-Ananız Gülnar xanım Kürdəmirin (Əlimərdan bəy Topçubaşının nəvəsi) evində babası Əlimərdan bəy Topçubaşının rəsimləri var. O rəsimlərlə bağlı hansı xatirəniz var? Ananız sizə ailəsi ilə bağlı nə danışardı?

-Həmin şəkillər çəkiləndə mən hələ doğulmamışdım. Sadəcə onun kim olduğunu söylədilər. Nənəm onun Prezident (Cumhurbaşqanı) olduğunu söylərdi. Amma deyəsən elə deyilmiş… Parlament sədri olduğu haqqında oxudum. Şəkillərdə nənəmin çox gözəl olduğunu gördüm. Əlimərdan babam isə çox ciddi görünür.

(Babam Əli Əşrəf çox sevdiyi bağında -1960-cı illərdə )

-Əlimərdan bəy Topçubaşının kürəkəni, yəni sizin babanız Əli Əşrəf Kürdəmir (Sultanov) də Azərbaycan əsilli idi. Təəssüf ki, onunla bağlı məlumatlarımız çox azdır. Babanız Əli Əşrəf Kürdəmiri necə xatırlayırsınız?

-Babam Əli Əşrəfi çox sevirdim. O, Moskvada universitetdə təhsil almışdı. Nənəm Sara isə çox gözəl bir qadın idi. Babam da daxil olmaqla çox sayda kişi Bakıda nənəmlə ailə qurmaq istəyirlərmiş. Bir gün onun doğum günündə babam şəhərdəki çiçək mağazalarından bütün gülləri satın alıb. Başqa heç kim nənəmə gül hədiyyə etməsin deyə, o, aldığı bütün gülləri nənəmə göndərib. Babam mənim kimi qoç bürcü idi və çox əzmli idi.

(Anamın nişanı 1948-49: Öndə ata-anam, arxada solda nənəm, babam və xalamın azərbaycanlı qaynanası Tamara)

Rusların təqiblərindən qaçıb Parisə gəldikləri zaman bütün əmlakları, hər şeyləri Bakıda qalmışdı. Çox az məbləğdə pulları vardı. Babam pul qazanmaq üçün əvvəllər Parisdə meyvə-tərəvəz bazarında hamballıq etməyə başladı. Daha sonralar isə əzmi, iqtisadi sahədəki zəkası və çalışqanlığı ilə ticarətə qoşuldu. Azərbaycandan gətirdiyi xalçaları Parisdə satmağa başladı və zaman ötdükcə çox zəngin oldu. Şən və zarafatcıl bir insan idi. Anam və xalam Zərifə Parisin ən yaxşı məktəblərində təhsil aldılar. Konservatoriyada piano çalmağı öyrəndilər. Sorbonne Universitetində təhsil aldılar.

(Zərifə xalam və mən 1951-1952)

Babam Erenköydəki villasında səhərlər bağçada gəzməyi, əlləri ilə meyvələrə toxunmağı çox sevərdi. Nənəmi “Sarışka” deyə çağırardı. Biz – 4 uşaq, sonralar isə 4 gənc: qardaşım Fikrət, xalamın qızları Fevziyə, Səlma və mən ilin çox hissəsini Erenköydə həmin villada keçirirdik. Çox yaxşı günlərimiz olurdu. Səhərlər babam bizdən gec oyanardı. Səhər yeməyi süfrəsində oturanda biz dörd nəvəsinə deyirdi ki, bir-bir gəlin yanağımı öpün və fransızca “bonjour” (sabahınız xeyir) deyin. Biz də babamızı öpərdik. O, bir-iki saat orada oturardı və yenə bizi çağırardı: “Nilufer sən mənə “bonjour” dedinmi?”. Mən də cavab verərdim ki, “dedim baba”. O isə deyirdi ki, “xeyr, deməyibsən”. Yəni ki, bir daha öpülmək istəyirdi. Biz babamın bu oyununu artıq bilirdik və onu çox sevirdik.

-Bizə məşhur nənəniz Şükufe Nihal və atanız dəyərli Necdet Sanderdən bəhs edin. Belə insanların ailəsində böyümək necə bir hissdi?

-Atamın anasını, yəni nənəm Şükufe Nihalı həyatda olan zaman çox da tanımadım. Mən uşaq olanda adi bir qəza zamanı nənəmin oma sümüyü sınıb. Sonralar isə o, qocalar evində yaşadı. Bəzən atam məni və qardaşım Fikrəti bazar günləri onun yanına aparardı. Onun əslində kim olduğunu ölümündən sonra tərcümeyi-halını oxuyaraq öyrəndim. Cümhuriyyətin qadın ziyalısı idi. Universitet bitirən ilk türk qadın tələbə idi. Nazim Hikmətin eşqi idi. Özü Anadoluda müəllimlik etmişdi. Qurtuluş savaşında fəallıq göstərib və Sultan Əhməd meydanına toplaşan minlərlə insanın qarşısında çox təsirli bir nitq söyləyib. 6 romanı, 1 hekayə kitabı və saysız-hesabsız şeirləri var. Nənəm çox gözəl və baxımlı bir qadın idi. Həmişə zövqlü geyinər və bəzənərdi. Hündürdaban ayaqqabı ilə küçədə gedərkən yıxılıb və oma sümüyü sınıb.

(Atam Necdet Sander 1980-ci il)

Atamdan isə saatlarla danışa bilərəm. Onu çox sevərdim. 5 yaşım olanda valideynlərim boşandılar. Qardaşımla mən anamla birlikdə 3 il Cenevrədə yaşadıq. Həmin illərdə atamın üzünü çox az gördük. İstanbula qayıtdıqdan sonra atam hər bazar günü öz maşını ilə gəlib bizi evdən götürərdi və bütün günü onunla birlikdə keçirərdik.

İstanbuldakı ən gözəl kitab mağazaları atamın idi. Onun sayəsində kitabların içində böyüdüm. Atam çox zəhmətkeş idi, bütün günü kitab mağazalarında olurdu. Eyni zamanda kitabları ingilis və fransız dillərindən tərcümə edirdi, gözəl əsərlər meydana çıxırdı. Anamın evində də çox sayda fransızca kitab vardı. Təbii ki, onların çoxunu oxumuşam. Kitabların arasında böyüdüyüm üçün özümü çox şanslı hiss edirəm.

(Qardaşım Fikrət Sander -1970)

-Qardaşınız Fikrət Sanderle bağlı bilmək istərik. Bildiyimiz qədəri ilə o, gənc yaşda vəfat edib…

-Qardaşım Fikrət Sander məndən 13 ay balaca idi. 1983-cü ildə atamın vəfatından sonra qardaşım kitab mağazasının müdiri oldu. Ancaq atamda olan kitab sevgisi və əzmkarlıq qardaşımda yox idi. Çox təəssüf ki, o, içkiyə meyillənməyə başladı və kitab dükanımızı idarə edə bilmədi. Mən o vaxtlar Almaniyada yaşayırdım. Qardaşım 1987-ci ildə vəfat etdi…

(Solda nənəm və digərlərini tanımıram)

-Azərbaycana gəlmək istərsinizmi? Azərbaycanda sizin ailənizi sevənlərə nə deyərsiniz?

-Bir gün imkanım olanda təbii ki, Bakını çox görmək istərdim. Burada tanıdığım bir neçə azərbaycanlı var. Onlar səmimi və mehriban insanlardı. Mənə Sara nənəmi xatırlatdıqları üçün onlarla söhbət edən zaman çox xoşbəxt oluram. Hər birinizə öz sevgilərimi göndərirəm.

(Alex və mən İstanbulda, 2003)

-28 may Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı gündür. Babanız Əlimərdan bəy Topçubaşı da qurucularından biridir. Bu günlə bağlı nə söyləmək istərsiniz?

-Babamın Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olması ilə qürur duyuram. Və azərbaycanlıların babamı belə xatırlamaları və ondan yüksək səviyyədə bəhs etmələri məni çox təsirləndirir…

-Ə.M.Topçubaşının ailə üzvləri uzun illər Fransada yaşadılar. Siz Fransada ailənizin yaşadığı həmin evə heç getdinizmi?

-Xeyr, ziyarət edə bilmədim. Məndə yalnız bir şəkil var. Anam öz babasının məzarı önündə durur…

-Xalanız Zərifə Kürdəmiri (Əlimərdan bəyin digər nəvəsi) necə xatırlayırsınız?  

-Xalam anamdan 2 yaş böyük idi. Onu çox sevirdim. Xalamın iki qızı var: Fevziyə mənimlə eyni yaşdadır, Səlma isə bizdən 3 yaş kiçikdir. Biz birlikdə böyüdük.

-Sizin ailəniz, oğlunuz barədə bilmək istərik. Oğlunuz heç Azərbaycana gəldimi?

-Oğlum Alexander Brasack (həyat yoldaşım almandı) Almaniyanın Köln şəhərində yaşayır, ailəlidir və  4 yaşında bir nəvəm var.

Fırat Sander isə mərhum qardaşım Fikrətin oğludur. O, Aleksdən 2 yaş böyükdür. Bodrumda yaxınlığımda yaşayır, evlənib və 10 yaşlı bir oğlu var. Fıratla tez-tez görüşürəm. O da heç vaxt Azərbaycana getməyib.

(Fırat Sander)

-Sonda oxucularımıza nə söyləmək istərsiniz?

-Dostlar, bu an hamımız çətin günlər yaşayırıq, məlum virusa görə 2 aydır ki, evdəyik. Şükürlər olsun ki, yaşadığım kirayə evin böyük bir bağçası var. Hamımız üçün xoş günlərin gəlməsini arzulayıram. Bu müsahibəyə görə Jurnalist Hafiz Əhmədova dərindən təşəkkür edirəm, çox sevindim və şad oldum. Bütün azərbaycanlı qardaşlarımı öpürəm, ümid edirəm ki, bir gün görüşəcəyik.

Həsən bəy Zərdabi ailəsinin gizlinləri: “Dedi ki, məni bacımın yanında dəfn edin”– (EKSKLÜZİV MÜSAHİBƏ-FOTOLAR) BURADAN oxuya bilərsiniz.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

`Azərbaycanı sevən 3 övlad böyütdük` – Keçmiş səfir: “Qarabağın planı masanın üstündədir” (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Qarabağ münaqişəsinin çox uzun müddət davam etməsinə icazə verildi”

“Azərbaycanda göyərti, balqabaq, quzu qutabı və yanında manqal salatı hazırlamağı öyrəndik.  ABŞ-a qayıtdıqdan sonra ailəmiz və dostlarımız üçün də bu yeməkləri hazırladıq”

“ABŞ münaqişənin həllinə kömək etmək üçün daha çox diqqət yetirməli və yanaşmalarında daha yaradıcı olmalıdır”

“Bakıda ən çox insanları sevdik. Səfir olduğum üçün şanslı idim”

“Təkcə ABŞ hökuməti deyil, amerikalı şəxslər və təşkilatlar tərəfindən addımların atılması Qarabağ münaqişəsinin vaxtı keçmiş sülh yolu ilə həllinə kömək edə bilər”

“Azərbaycanda Səfir olduğum müddətdə edə biləcəyim bir şeylə bağlı demək istəyirəm ki…”

HafizTimes.com-un növbəti müsahibi ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert F. Sekutadır. Amerikalı diplomat eksklüziv müsahibə zamanı şəxsi həyatı, Qarabağ münaqişəsinin həlli, eləcə də ABŞ-ın Azərbaycanla bağlı siyasəti barədə önəmli məqamlardan söz açıb:

Hazırda harada yaşayırsız? Nə işlə məşğul olursunuz?

-Həyat yoldaşım Anne ilə birlikdə Vaşinqtondakı evimizə qayıtdıq. Vaxtımızın çoxunu Maine-dəki yerimizdə  keçiririk. Mən Vaşinqtondakı “Caspian Policy Center”də çalışıram. Bu Mərkəz Qafqaz və Orta Asiyadakı inkişafı diqqət mərkəzində saxlayır. Enerji və iqtisadi mövzularda, həmçinin ABŞ, Azərbaycan və bölgədəki digər ölkələr arasında əlaqələrin necə möhkəmləndiriləcəyini təhlil edirəm, yazılar hazırlayıram. Xaricdə biznes qurmaqda maraqlı olan və enerji sahəsində fəaliyyət göstərən şirkətlərə də məsləhətlər verirəm.

-Siz koronavirusadan necə qorunursunuz? İnsanlara hansı məsləhətləri verərsiniz?

-COVID-19 dəhşətli bir xəstəlikdir və dünyada ölən insanların sayı çoxdur. Məhz ABŞ-da bu virusdan ölənlərin sayı, Vyetnam müharibəsində ölən amerikalıların sayından daha çoxdur. COVID-in Azərbaycanda və dünyanın digər yerlərində insanlara nə edəcəyindən çox narahatam. Dünya miqyasında birgə tədbirlərin görülməsi vacibdir.

Ailəm də, mən də hər kəs kimi həkimlərin, elm adamlarının və ictimai səhiyyə mütəxəssislərinin tövsiyələrini dinlədik, əməl etdik. Buna evdə qalmaq, yalnız lazım olduqda çölə çıxmaq, ictimai yerdə olduğumuz zaman maska taxmaq və əllərimizi dəfələrlə yumaq və s. daxildir. Görüşlər videokonfrans və ya telefon danışıqları ilə əvəz edilib. Ailə üzvləri, dostları ilə də “Zoom”, “FaceTime”, telefon danışıqları və ya e-poçt-la əlaqə saxlayırıq. Hər birimiz buna ciddi yanaşmalıyıq.

-Azərbaycan üçün darıxırsınızmı? Bakıda ən çox nə etməyi sevərdiniz?

-Əlbəttə ki, Azərbaycan üçün darıxırıq. Həyat yoldaşım və mən Azərbaycanda çox gözəl, maraqlı illər keçirdik. İnsanları, ölkəni tanımaqdan zövq aldıq. Bu bizim üçün bir şans idi. Heç vaxt görmədiyimiz yerləri gedib gördük. Belə dostları tərk etmək çətin idi. Bakıda ən çox insanları sevdik. Səfir olduğum üçün şanslı idim. Çünki, bütün insanlarla eləcə də Bakıda yaşayan amerikalılar və digər diplomatlarla da görüşə bildim.

Bakıda bulvarda gəzərkən qədim şəhər memarlığından, 20-ci əsrin əvvəllərindəki binalardan və yeni, müasir dizaynlardan zövq alırdım. Ancaq bunu da deməliyəm ki, Bakıdan kənara çıxmağı və bütün Azərbaycanı mümkün qədər çox görməyi, gəzməyi həmişə sevmişəm. Hətta sabiq ABŞ səfirlərinin getmədiyi bir sıra yerləri də ziyarət etmişəm.

Qeyd edim ki, bəzi Azərbaycan yeməklərini – göyərti, balqabaq, quzu qutabı və yanında manqal salatı hazırlamağı öyrəndik. ABŞ-a qayıtdıqdan sonra ailəmiz və dostlarımız üçün də bu yeməkləri hazırladıq.

-Azərbaycanla bağlı ən unudulmaz xatirəniz nədir?  

-Qəribə görünə bilər, amma bu suala cavab vermək çətindir. Azərbaycan məktəblərində tədbir keçirmək, şagirdlər və müəllimləri ilə görüşmək və onlarla ABŞ haqqında söhbət etmək mənim üçün çox xoş idi. Mən Gəncə, Quba, Lənkəran və digər şəhərlərə getdim, Azərbaycanın milli parklarını mümkün qədər çox gəzib gördüm, ölkənin təbii müxtəlifliyini və gözəlliyini görmək şansına sahib oldum. Qaçqın və məcburi köçkünlərlə birlikdə oturmağımı, Dağlıq Qarabağ münaqişəsindən hələ də təsirlənən azərbaycanlılarla görüşməyimi və onlara nə baş verdiyini deyil, gələcək barədə, özləri, ailələri və Azərbaycanla bağlı fikirlərini xatırlayıram.

-Ailəniz haqqında bilmək istərik. Gündəlik həyatınız necə keçir? Robert Sekuta bir ailə başçısı, ata kimi necədir? Valideynlərə hansı məsləhəti verərsiniz?

-Bu suala görə xüsusi təşəkkür edirəm! Azərbaycanı bəyənən, orada olduğumuz illərdən zövq alan 3 övladımız böyüyür. Hər birinin də fərqli karyera planları, maraqları var. Böyük oğlumuz Vaşinqtonda müəllimdir və fotoqraflığa çox bağlıdır. O həqiqətən də Azərbaycanda, xüsusən də şəhər və qəsəbələrdəki insanların fotoşəkillərini çəkməkdən çox zövq alırdı. Onun əkiz bacısı da Vaşinqtondadır, bir konsaltinq firmasında çalışır.  Kiçik oğlumuz isə hökumətlə maraqlanır və hazırda ictimai siyasi məsələlər üzərində çalışır. Azərbaycanı ziyarət etdiklərinə görə özlərini şanslı hiss edirlər və orada baş verənlərlə daimi maraqlanırlar.

Gündəlik həyatıma gəlincə isə bu anda bütün dünyadakı insanlar kimi mən və ailəm də uzaqdan çalışırıq. Əlbəttə ki, dostlardan, ailədən uzaq qalmaq və bunu hiss etmək çətindir.  Bununla yanaşı, səhiyyə mütəxəssislərinin tövsiyələrinə əməl etməliyik və hazırda üzərinə ağır iş düşən tibb işçilərimizə, xəstəxanalarımıza dəstək olmalıyıq. Həmçinin, indi sağlam qalmağın yeganə yolu başqalarından təcrid olmaqdır. Hazırda gündəlik həyatım budur.

-Azərbaycanda səfir olduğunuz illəri necə xatırlayırsınız? ABŞ-ın Azərbaycandakı səfiri kimi tamamlamadığınız hansı iş var?

-ABŞ səfiri olmaq əvəzsiz bir fürsət idi və düşünürəm ki, həmin illərdə ABŞ və Azərbaycan bir sıra problemləri həll edə bildilər. Ancaq ölkələr arasındakı münasibətlər insanlar arasındakı münasibətlər kimidir; daimi qayğı və əlaqə tələb edir. Və bunları daha da yaxşı hala gətirmək üçün həmişə edilə biləcək çox şey var.

Səfir olduğum müddətdə edə biləcəyim bir şeyə gəlincə, deyərdim ki, ən böyük şey ABŞ-ın Sülh Korpusu (Peace Corps program) proqramının Azərbaycanda yenidən qurulması olacaqdı. Yenidən Azərbaycana səfər edərkən Sülh Korpusu proqramlarının, xüsusilə də ingilis dilini öyrətmək üçün verdikləri proqramların nə dərəcədə faydalı olduğu barədə məlumat eşidirəm.

Həmin Sülh Korpusu proqramlarının yenidən qurulması ölkə daxilindəki bir çox azərbaycanlının xeyirinə olardı və istədikləri çiçəklənən, uğurlu, müstəqil, demokratik bir ölkəni qurmaq üçün çalışdıqları zaman onlara kömək olardı. Onu da qeyd etməliyəm ki, Azərbaycanda Sülh Korpusunda işləyən tanış olduğum amerikalıların hamısı ölkəyə və onun uğurlarına xüsusi maraq göstərirlər.

-Xaricdən Azərbaycan necə görünür?

-Azərbaycan beynəlxalq təhlükəsizlik sferasında yalnız neft və qazla deyil, həm də mühüm insan resurslarına malik bir ölkə kimi tanınır. Azərbaycanın geosiyasi mövqeyi – dünyada Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir və Avrasiya boyunca uzanan şərq-qərb tranzit yollarında əsas mövqe tutur – bu, beynəlxalq münasibətlər barədə düşünməyimizin digər mühüm səbəbidir. Azərbaycanın birlikdə yaşayan müxtəlif dinlərə və etniklərə mənsub olan insanlarının tarixi də əhəmiyyətlidir. Ölkələrimizin birlikdə edə biləcəyi çox şey var.

-Qarabağ münaqişəsi ilə bağlı mövqeyiniz necədir? Nə üçün bu günə qədər münaqişənin həlli ilə bağlı irəliləyiş yoxdur?

-Dağlıq Qarabağda və ətrafındakı işğal olunmuş ərazilərdə uzun sürən münaqişə qəbul edilməzdir. Çox uzun müddət davam etməsinə icazə verildi. Mövcud vəziyyət nə Ermənistana, nə də Azərbaycana fayda gətirmir. Hər iki ölkədə insanlar əzab çəkməyə və ölməyə davam edirlər. Dinc bir həll yolu üzərində çalışmaq üçün bir araya gəlmək vacibdir.

-Münaqişənin həllinin gecikməsi kimin maraqlarına xidmət edir? Tərəflər maneləri necə aşmalıdır?

-Minsk Qrupu həmsədrləri bu məsələdə irəliləyişə nail olmaq üçün çalışmağa davam edirlər. Bu illər ərzində irəli sürülən planlar var və mənim başa düşdüyüm də budur ki, bir müddətdir ki, o, masanın üstündədir. Düşünürəm ki, beynəlxalq ictimaiyyət də bu uzadılmış münaqişəni həll etmək üçün tərəflərin səylərini dəstəkləməli və bölgədəki digər münaqişələrin həllində də kömək etməlidir. Dağlıq Qarabağ və digər uzun sürən münaqişələr, Soyuq Müharibədən sonra qurub görəcəyimizi ümid etdiyimiz daha geniş bölgənin, Avropanın sülhü və təhlükəsizliyini təhdid edir.

-ABŞ-ın dörd konqresmeni – Frank Pallone, Adam Schiff, Jackie Speier və Gus Bilirakis Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qanunsuz rejimin qondarma “nümayəndəsinə”  təbrik məktubu göndərdilər. Sizcə, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə daha çox diqqət yetirməli deyilmi?

-Düşünürəm ki, bu məsələdə ABŞ-ın mövqeyi aydındır və elə də qalır.

Bununla yanaşı, düşünürəm ki, ABŞ münaqişənin həllinə kömək etmək üçün daha çox diqqət yetirməli və yanaşmalarında daha yaradıcı olmalıdır.  Digər uzun müddət davam edən beynəlxalq mübahisələrə və problemlərə baxdığımda görürəm ki, ABŞ hökuməti, Amerika təşkilatları və ayrı-ayrı amerikalılar mübahisədə iştirak edən insanlar arasında anlaşma yaratmağa və dinc həll yolunu tapmağa kömək etmək üçün müxətəlif səylər göstərirlər. Düşünürəm ki, təkcə ABŞ hökuməti deyil, amerikalı şəxslər və təşkilatlar tərəfindən addımların atılması münaqişənin vaxtı keçmiş sülh yolu ilə həlli üçün uyğun şəraitin yaranmasında faydalı ola bilər.

-Demokratiya, azadlığa nail olmaq siz özünüz nə edərsiniz?

-Yaxşı idarəetmə və qanunun aliliyi hər bir ölkədə vacibdir. İnsanlar istəyirlər ki, hökumətlər onların istəklərini dinləsin və ictimai iradə qarşısında özlərini məsuliyyətli hiss etsinlər. Düzgün idarəetmə, qanunun aliliyi, ölkə vətəndaşlarının ehtiyaclarını ödəyən sistemlərin qurulması və davam etdirilməsi uzunmüddətli bir prosesdir. ABŞ-da gedən müzakirələrə və debatlara baxsınlar.

-Cənubi Qafqazda işləmiş bir diplomat kimi bölgənin gələcəyi barədə nə deyə bilərsiniz?

-Cənubi Qafqaz böyük potensiala malik bir bölgədir. Orada təbii ehtiyatlarla yanaşı, çox sayda yaradıcı, ağıllı insanlar var. Onların zəkası və enerjisi ilə yeni müəssisələr yaratmaq və inkişaf etdirmək olar. Artan nəqliyyat sistemi və digər əlaqə vasitələri barədə düşünmək xüsusi ilə maraqlıdır: Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri, o cümlədən Əfqanıstanda – Türkiyə və Mərkəzi və Şərqi Avropa ölkələri ilə, Çin / Şərqi Asiya və Hindistan və Pakistan ilə əlaqələr və s. Bu Azərbaycan xalqı və Cənubi Qafqazın digər ölkələri üçün sonsuz imkanlar deməkdir. Fürsətlər çox böyükdür.

-Koronavirusdan sonra yeni dünya nizamında kim “qalib” gələr, kim “uduzar”?

-COVID-19-dan “qazananlar” və “itirənlər” barədə düşünmürəm. Pandemiya dünyanın hər yerində insanlara təsir edir və öldürür. Elm adamları və tibb mütəxəssisləri xəstəliyin sağalma yollarını və uğurlu bir peyvəndi tapa biləndə hamımız qazanacağıq. Məncə, pandemiyanın bizim üzərimizdə qalıcı təsirləri də olacaqdır. Önəmli olan isə budur ki, post pandemiya dünyasının necə olması, iqtisadiyyat və digər institutları yenidən inşa etmək haqqında düşünməliyik.

-Gələcək planlarınız nədir? Azərbaycanda sizi sevən insanlara nə demək istərsiniz?

-Ümid edirəm ki, Qafqazın və bütövlükdə Böyük Xəzər bölgəsinin inkişafına, firavanlığına və təhlükəsizliyinə təsir edən suallar üzərində işləyirəm. Amerikalılarla bölgə xalqları arasında möhkəm, konstruktiv əlaqələr qurmaq yollarını tapmağa çalışıram. Dəyişən qlobal enerji mənzərəsi ilə maraqlanmağa və məşğul olmağa davam edirəm. Və həmçinin illərlə davam edən layihələrimizi tamamlamaq, Maine-dəki yerimizdə daha çox vaxt keçirmək istəyirəm.

Sonda isə azərbaycanlılara sadəcə bunu demək istəyərəm ki, ailəm və mən onlarla tanış olmaq şansını çox yüksək qiymətləndiririk. Və arzu edirik ki, onlar üçün hər şey yaxşı olsun. Görmək istədikləri çiçəklənən, təhlükəsiz, demokratik Azərbaycan qurmaq üçün onlara kömək etmək istəyirik.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

Bryan Adams: “Eat less, love more and be thankful” (EXCLUSİVE İNTERVİEW)

Yayımlandı

da

Tərəfindən

“I’d like to visit to Azerbaijan”

“I’ve never heard of the Mughams of Azerbaijan until you mentioned it”

“If concerts ever happen again, I’d be happy to spend the remaining years of my life performing”

“It was hard to get in the door and be heard”

International bestselling Canadian rock star legend Bryan Adams has been interviewed by Azerbaijani journalist Hafiz Ahmadov. This is an historic moment, as it is the first interview this leading figure in the world of music has spoken to the Azerbaijani media.

HafizTimes.com proudly presents the exclusive interview with music legend Bryan Adams.

-How do you remember your childhood?
-We were brought up between living in Canada and our father’s diplomatic postings around the world.

-What was missing in the family as you grew up?
-Perhaps a sister…but my cousins are like the sisters I never had, I adore them.

-How do you manage to stay on top for years?
-Well, you can’t climb a mountain straight up, you have to zig zag. That’s the secret.

-What is the biggest misconception about you?
-People often think that I’m American, but I’m actually Canadian

-What keeps you motivated in these hard times? How do you stay creative?
-It’s all down to the team you make for yourself, as no-one can do it alone.

-What are your plans for the future?
-Well if concerts ever happen again, I’d be happy to spend the remaining years of my life performing.

-What would you like to say to those who love you?
-Let’s have a cup of tea.

-What is the secret of success of Shine A Light?
-It’s intangible. Songs are a bit magic, and that song is especially magic live.

-To what do you credit your the success?
-Touring and a few decent songs.

-And what has been the greatest obstacle you’ve overcome?
-When I started in music it was hard to get in the door and be heard, it took time.

-What advice would you give to someone who wants to follow in your footsteps?
-Don’t sign anything.

-How do you want to be remembered?
-Just a regular bloke that loved music.

-What’s happening in world now? Shine A Light…
-People are discovering more and more that consuming every living creature in the animal world isn’t compatible with humanity.

How and with which color would you draw the picture of the present world?
-A rainbow,

-What does the end mean for you?
-The start of something else.

-What is your philosophy of life in 3 sentences?
-Eat less, love more and be thankful.

-How do you stay young all the time?
-Music.

-We would like to know your thoughts about Baku, Azerbaijan. Would you like to visit to Azerbaijan?
-Yes one day.

-Have you ever heard about the famous folk music of Azerbaijan, Mughams?
-Not until you mentioned it.

-What would you like to tell people, particularly the youth who love you in Azerbaijan?
-Hello from over here, hope you love the music. Be safe.

-What is your advice for preventing Coronavirus?
-Do what we’re being asked to do, wash your hands, social distancing and wear a mask.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar