Bizimlə əlaqə

Müsahibə

`3 aylıq olmuşam, atam məni daşlıqda atıb gedirmiş…` – Almas İldırımın oğlu (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

HafizTimes.com -un müsahibi Azərbaycanın Vətən həsrətilə yazıb-yaradan mühacir şairi Almas İldırımın Türkiyədə yaşayan böyük oğlu Azər Almasdır. Ömrünün böyük hissəsini sürgündə keçirən, olmazın işgənclərə məruz qalan Almas İldırım, yazdığı şeirlərilə hər zaman Azərbaycan milli azadlıq mücadiləsinə xidmət edib. Cəmi 45 il yaşayan şair milliyətçi və istiqlalçı ruhda yazdığı məşhur şeirlərilə yanaşı, çox ağır həyatı ilə də fərqlənib.

Almas İldırımın böyük oğlu Azər Almas danışır:

– Mən 3 ay 19 günlük olan zaman ata-anamın qucağında Türkiyənin Elazığ bölgəsinə gəlmişik. 1940-cı ildə orada birinci sinfə getmişəm. Daha sonra gimnaziyada təhsil aldım. Həmin vaxt atamın böyrəkləri ilə bağlı narahatlığı vardı. Çətinliklə də olsa, atam məni Ankara Universitetinə imtahan verməyə apardı. Siyasi biliklər fakültəsinə daxil oldum.

Amma geri qayıdanda 1952-cü ilin 14 yanvarında tarixində atam vəfat etdi. Ona görə də mən təhsil almağa gedə bilmədim. Çünki anam və 4 qardaşım ortada qaldıq. Atam elə bir insan idi ki, onun bir çöpü belə yox idi. Malatyada Şekik han deyə bir vali vardı, atamız Almas İldırımı çox sevərdi. O, bizi axıra oxşayan bir evə yerləşdirdi. Ac qalmamaq üçün bizə iş də verdi. Qapsının ağızına bir stol qoydu. Mənə dedi ki, sən burada otur və giriş-çıxışlara nəzarət elə. Əvəzində mənə iki lirə verirdi. Atamdan bizə 800 lirə borc da qalmışdı. Onu da işləyib ödədim.

Bir gün mənim təhsil aldığım gimnaziyanın müdiri valinin yanına gələndə, məni gördü. Dedi ki, Azər, sən burda nə edirsən? Ona işlədiyimi söylədim. Sonra müəllimim valinin otağına daxil olub və ondan soruşub ki, Azər burda nə edir? Vali deyib ki, işləyib, pul qazanır. Gimnaziyanın müdiri daha sonra valiyə deyib ki, Azər məktəbi birincilikə bitirib, məndən 10 qat artıq savadlıdır. Belə olmaz. Ona yardım etmək lazımdır.

Müəllimim gedəndən sonra Vali məni yanına çağırdı. Dedi ki, 3 qardaşın və anan mənə əmanətdir. Mən sənin cibinə 10 lirə qoyacağam. Sən də gedib İstanbulda ən yüksək Universitetə daxil olursan. Daha sonra mən ailəni də yanına göndərəcəyəm. Əgər universitetə daxil ola bilməsən geri – yanımıza qayıt.

Beləliklə, mən valinin verdiyi qəpik-quruşla İstanbula getdim. Söhbət 1953-cü ildən gedir. O zamanlar İstanbul Texniki Universitetinə imtahanla daxil olurdular. Cəmi beş fakültə vardı. Bizim mədənçilik fakültəsi yeni açılmışdı.

Beynimidə həmişə atamın fikirləri dolaşırdı. O, deyərdi ki, oğlum sən mütləq gələcəkdə neft mühəndisi olmalısan. Mütləq Bakıya gedib, Azərbaycana xidmət etməlisən. Ona görə də mən Mədənçilik fakültəsini yazdım və indiyə qədər də ən yüksək bilik göstəricisi ilə o fakültəyə daxil oldum.

Yatmağa yerim yox idi. Məzunlar cəmiyyəti mənə yataq verdi. Pilləkənlərin altında yatırdım. Vali 6-7 ay sonra anamı, qardaşlarımı da qatara mindirib, İstanbula, yanıma göndərdi. Mədənlərin araşdırılması fakültəsinin bursunu qazandım. Həmin pulla ailəmi də saxladım. Bir il sonra yenidən burs qazandım. Məni Alamaniyaya göndərdilər. Bir neçə il Almaniyada təhsil aldıqdan sonra Türkiyəyə qayıtdım və diplomumu aldım. İki il də magistraturada oxudum. Bir az da müəllim kimi çalışdım. Nə isə, yoxsulluqlar içərisində birtəhər böyüdük.

1961-ci ildən bəri Türkiyənin müxtəlif dağlarında mədənçilik işləri gördüm. 2001-ci ilə qədər işlədim. İndi isə pensiya alıram. İki oğlum var. Böyük oğlum İldırım Rutil Almas Bakıdakı xarici neft şirkətlərindən birində çalışır. Atamın xəyalını mən yox, o həyata keçirdi. İkinci oğlum Səlcuk Almas da Türkiyədədir. Dərman satışı ilə bağlı şirkət qurub.

Mən Almaniyadan Türkiyəyə təzə qayıtmışdım. O vaxtlar burada Rusiyadan qaçıb gələnlərlə bağlı bir düşərgə vardı. Həyat yoldaşımla ilk dəfə orada tanış olmuşam. Onun anası naxçıvanlıdır, məşhur nəsildəndirlər. Özü isə Ankarada doğulub. Adı Katerinadır. 1967-ci ildə onunla ailə həyatı qurdum.

1990-ci ilə qədər bizim Azərbaycanla heç bir əlaqəmiz olmadı. Elə bil, araya dəmir pərdə çəkilmişdi.

Almas İldırımın nəvələri Səlcuk və Rutil

– Atanız Almas İldırımın Vətəndən uzaqda, sürgündə keçən illərini necə xatırlayırsınız?

– Atamı öncə Bakıdan Dağıstana sürgün etdilər. Daha sonra deyiblər ki, bu adam ağıllanmadığına görə Aşqabada sürgün edək. Atam müəllim idi. Aşqabadda zəngin bir ailənin qızı olan anamla ailə həyatı qurub. Bir gün Əhməd Cavad Aşqabada xəbər göndərir ki, səni gəlib orada tutacaqlar, tez Aşqabadı tərk et. Həmin vaxt 3 aylıq olan məni də qucaqlarına alıb, qatırlara minib, kürdlərlə birlikdə İrana gediblər.

Amma atam yolda yaman şübələnir, fikirləşir ki, yanında olan adamlar bizi satacaqlar. Həmin adamlardan uzaqlaşıblar. Üç-beş gün getdikdən sonra atamgil taqətdən düşüb. Anamın sinəsi yara olmuşdu, ağlayıb, səsimi çıxarmayım deyə, ağızımı sinəsi ilə bağlayırdı. Ayaqları yalın olub. Atam deyib ki, uşağı, yəni məni bu daşlardan birinin yanında qoyub gedək, kimsə tapıb saxlaylar. Bizi isə necə olsa da, tapıb öldürəcəklər. Əsas uşaq sağ qalsın. Məni daşın yanına qoyub, uzaqlaşıblar. Bu vaxt mən yüksək səslə ağlamağa başlamışam. Atam deyib ki, mən uşağı burda qoya bilmərəm, götürək, eybi yox, mən ölsəm, o da ölər. Bir gün sonra isə İran tərəfinə təslim olublar. Öncə atamı casus biliblər, sinəsinə qədər soyuq suyun içinə salıblar. İki gün orada qalıb. Deyiblər, etiraf elə ki, sən casussan. Atam da deyib ki, mən casus deyiləm, mən oradan qaçıram. Çox çətin günlər keçiriblər. Ac qalıblar. Atam həmin vaxtdan böyrək xəstəliyinə tutulub.

Hətta 1940-cı illərdə atama çoxlu təhdidlər gəlirdi. Amma o, heç vaxt geri çəkilmədi. Elazğın dağına, daşına “Azərbaycan” yazırdı. Elazığda Gölcük adlı bir göl vardı. Atam daha sonra Mustafa Kamal Atatürkə məktub yazdı və gölün adını dəyişib, Xəzər qoydular. Elazığda “Xan köyü” adlı bir kənd vardı. Oranın da adını dəyişdirib, Xankəndi qoydurdu. Həmişə Azərbaycanı düşünürdü. Ona görə də Türkiyədə atamı sevib, hörmət edirdilər. Bizim indi Türkiyədə həm Xankəndimiz, həm də Xəzərimiz var.

Atamın danışdığını, güldüyünü heç vaxt görmədim. O, susmuş, heykəl kimi bir adam idi. Ailəsinə qarşı da elə idi. Daimi gözlərini bir yerə zilləyib, nəsə fikirləşərdi. Dayanmadan əlindəki qələmlə şeirlər yazardı. Heç vaxt atamızın gülüb, başımızı oxşadığını görmədik.

– Atanızın son günlərini necə xatırlayırsınız?

– Mən gimnaziyanı bitirdikdən sonra atam artıq yatağa düşdü. Atamın əlacı adi bir “pensillin”də imiş. Olsa, atam sağ qalacaqdı. Bir ay xəstə yatdı, qanında laxtalanma vardı. Çünki hər iki böyrəyi də işləmirdi. Mənim isə həmin vaxt 17 yaşım olardı. 14 yanvar tarxində atam yataqdaca canını tapşırdı. Biz ağlaşırdıq. Həkimlər gəldi. Amma artıq gec idi. Atamız vəfat etmişdi.

– Azərbaycanla əlaqələriniz necə yarandı?

– 1990-cı il idi. Bir axşam xanımla İstanbulda evdə otururduq. Telefona zəng gəldi. Cavab verdik. Dedi ki, mən Azərbaycandan gəlirəm, Zeynəb Xanlarovanının musiqiçisiyəm, İstanbulda konsert verəcəyik. Sizə bir məktub gətirmişik. Məktub indi Şüvəlanda yaşayan əmim oğlu Hacıağa Almaszadədən gəlmişdi. Onlar məni İstanbuldakı Mədən Mühəndisləri Mərkəzinin vasitəsilə tapmışdılar. Biz çox təəcübləndik. Daha sonra bir-birimizi qonaq dəvət etdik. Məlum oldu ki, mənim Mərdəkan-Şüvəlanda 20-yə yaxın qohumum, əmim oğlu, əmim qızıları var.

Azər Almas və oğlu Səlcuk Almas

– Atanız “Əsir Azərbaycan” şeirində yazır: “Azərbaycan, mənim bəxtsiz anam, oy!” Sizcə, Qarabağın “qara bəxti” nə zaman açılacaq?

– Qarabağ siyasətin aləti oldu. Ermənilər cürbəcür yalanlar söyləyirlər. Ona görə də, siyasəti sevmirəm. Latınca “Poli” çox, “tika” isə üz deməkdir. Yəni politika – “çoxüzlülük” deməkdir. Heç vaxt siyasətlə məşğul olmamışam. Amma Azərbaycana qarşı ermənilər çox böyük pisliklər ediblər. Xocalı soyqrımının anım günlərində mən yas tuturam.

– Azərbaycan gəlib, burada yaşamaq istəyirsinizmi? Azərbaycana tez-tezmi gəlirsiniz?

– Azərbaycana viza ilə gəlirəm. “Almas İldırımın oğluyam” deməklə bir şey dəyişmir. Azərbaycan Hava Limanında məni hər kəs tanıyır. Hamı ətrafıma toplaşır. Bir dəfə Hava Limanında işləyən gənclər əlimdəki çamadanımı açmağımı istədilər. Baxdılar, dedilər ki, kimsiniz? Dedim ki, mən Almas İldırımın oğluyam. Həmin dəqiqə dedilər ki, bəs niyə öncədən söyləmədiniz, yoxsa çamadanınızı açdırmazdıq. Dedim ki, övladım, niyə açmırsınız? Elə həmin dəqiqə məndən üç addım aralıda dayanan bir nəfər uca səslə dedi ki, “Kimsə bilməz Tanrı dağın yaşını, Duman almış Altayların başını”. Atamın “Qara dastan” adlı şeirini səsləndirdi. Gəlib boynumu qucaqladı, dedi ki, “Qoca Türkün düşüdüyü hal yaman oy…” Atamın bu şeiri çox məşhurdur.

– Ailədə atanızın yolunu davam etdirib, şeirlər yazan varmı?

– Araz adlı kiçik qardaşım vardı, əmimoğlu Hacıağa Almaszadə onu Şüvəlana apardı. Qardaşım xəstələndi, dünyasını dəyişdi. Elə Azərbaycanda da dəfn elədik. Onun Azərbaycanda şeirlər kitabı çıxdı. Mənim də şeirlərim var. Universitet illərində də çoxlu şeirlər yazmışam.

Almas İldırımın oğlu Odkan Almas

– Atanızla bağlı heç vaxt unuda bilməyəcəyiniz bir xatirəni bölüşərsinizmi?

– O zaman başçılara araba yox, at verərdilər. Atam məni atının tərkinə mindirib Xəzərin (Gölcük) kənarına aparardı. Bir qayanın üstündə oturub şeir yazardı. Mən də gölə daş atar, uşaqlarla oynayardım. Soruşardım ki, ata nə edirsən? Cavab verərdi ki, heç nə oğul, şeir yazıram. Dedim nə şeiri yazırsan? Həmin vaxtlar çox balaca idim. Hələ şeirin nə olduğunu yaxşı anlamırdım. Dedi ki, oğlum uzaqda bir məmləkət var, mən ora heç vaxt gedə bilməyəcəyəm. Oranın adı Azərbaycandır. Siz ora gedəcəksiniz. Ora cənnət kimi bir yerdir. Bunu deyən kimi, hönkür-hönkür ağlamağa başladı. Bunu heç vaxt unutmaram. Bir şeiri də vardı:

Aç qoyununu, uzaqdan gəlmişəm
Yurdu çalınmış qərib bir qafqazlıyam
Zənn etmə ki, yoxsulam
Mən Baküdən ayrılalı hastayam.

Bu şeirini də həmin gölün ətrafında yazıb. Atamın şeirlərini əzbər bilirdim. Cavab verdim ki, mütləq oralara gedəcəyəm, Atam!

– Atanızın qəbri haradadır?

– Çox təəssüf ki, atamın qəbrini hələ tapa bilməmişik. Qəbirstanlığı tanıyıram. Amma həmin qəbirstanlığın indi bir hissəsi yoxdur. Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin göstərişi ilə bir heyət təşkil edib, Türkiyə göndərdilər. On beş günə yaxın atamın qəbrini axtardılar. Amma tapa bilmədilər. Onlar atamın məzarını tapıb, Şüvəlandakı heykəlinin yanına aparmaq istəyirdilər. Amma tapa bimədik.

– Atanızı sevənlərə sözünüz?

– Mən onlara candan, ürəkdən salamlarımı göndərirəm. Türkiyədə azərbaycanlı görən kimi, çox sevinirəm. Bakını çox sevirəm. Bütün Azərbaycanı sevirəm.

Almas İldırımın nəvəsi İldırım Rutil Almas

`Babamın məzarının tapılmamasının bir tilsimi var` – Almas İldırımın nəvəsi ilə müsahibəni BURADAN oxuya bilərsiniz (VİDEO)  

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

NASA-da işləyən,“MARS”da olan azərbaycanlı: “Yadplanetlilər yerə enib” (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Azərbaycan mənim Vətənimdir”

“Süni intellekt heç vaxt insan amilini üstələməyəcək”

“Əks təqdirdə, 50 il sonra doğma planetimizin qorxunc mənzərəsini görəcəyik”

“Bakıda böyümək bir xoşbəxtlik idi”.

 “Öz doğma Azərbaycan dilimi eşidəndə zövq alıram”

Allen Mirdirov – Azərbaycan əsilli ABŞ aerokosmik mühəndisi və ABŞ Hərbi Hava Qüvvələrinin zabiti. 2010-cu ildən bəri ABŞ-ın Milli Kosmik Agentliyində (NASA) çalışır. Hazırda NASA-nın Merilanddakı Goddard Kosmik Uçuş Mərkəzində (Space Flight Center) aerokosmik mühəndis və nəzarətçidir. O, Amerika Milli Aerokosmik Agentliyinin (NASA)“Hİ-SEAS” (Hawaii Space Exploration Analog and Simulation) proqramı çərçivəsində Marsa uçmaq üçün seçilən 6 astronavtdan biri olub. Havayda başlayan Marsa şərti 8 aylıq uçuş zamanı ekipaj üzvləri planetlərarası kosmik gəmini imitasiya edən xüsusi kapsulda qalıblar. Bir neçə ay öncə isə Allen Moskvada dörd aylıq “SIRIUS-19” eksperimentində iştirak edib. Əsas məqsədi uzun müddət təcrid vəziyyətində qalmanın kosmonavtın psixoloji və fizioloji vəziyyətinə təsirini müəyyən edən eksperment zamanı əldə olunmuş məlumatlar Beynəlxalq Kosmik Stansiyada və kosmosda istifadə ediləcək. A. Mirqədirov həmçinin NASA-nın Goddard Kosmik Uçuş Mərkəzində Telekommunikasiya Şəbəkələri və Texnologiyaları şöbəsində müdir vəzifəsində çalışır. Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) 40 yaşlı zabiti, komandanın bort mühəndisi Allen Mirqədirov Bakıda dünyaya gəlib. 10 yaşında ikən ailəsi birlikdə ABŞ-a köçüb.

Allen Mirqədirov HafizTimes.com-a eksklüziv müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məsələlərdən söhbət açıb, Azərbaycana olan sevgisini ifadə edib.

 Bakı şəhərindəki 145 saylı orta məktəbdə təhsil almışam.(8-ci kilometr qəsəbəsi) Uşaqlıq illərim Bakıda keçib. O illəri yaxşı xatırlayıram. Həqiqətən də düşünürəm ki, dünyada ən yaxşı uşaqlıq illəri keçirmişəm. Uşaqlıq dostlarım, möhtəşəm qonşularım, Bakıda yetişən dadlı meyvələr, ləziz yeməklər hər zaman ən yaxşı dövr kimi yaddaşımda yaşayacaq. Bakıda böyümək bir xoşbəxtlik idi. Belə bir təcrübəyə sahib olduğum üçün çox şanslıyam. Bəzi qonşularımızla bu günə qədər də dostluq edirəm. Mənim üçün böyümək hər gün futbol oynamaq və hərdən dəcəllik etmək idi. Ancaq Bakıda böyüməyin ən yaxşı tərəfi dostlarımız və qonşularımızla qurduğumuz möhkəm bağlardır.Bu əlaqələrimiz ömrümüz boyu davam edəcək.  5-7 yaşında iki övladım var. Valideynlərim, bacım və iki gənc qardaşım var. Hamısı Bakıda doğulub böyüyüblər. Hazırda valideynlərim və qardaşlarım Avropada yaşayır. Bacım və bir ABŞ-da yaşayırıq.

-Bəs Azərbaycan sizin ailə üçün nə məna ifadə edir?

-Azərbaycan mənim ailə üzvlərimin dünyaya gəldiyi bir yerdir. Bizim Vətənimizdir! İnanıram ki, biz dünyanın ən yaxşı şəhərindən – Bakıdan gəlmişik. Ora kimi başqa bir yer mövcud deyil. Həmişə köklərimizi xatırlayacağıq.

-Bakını necə xatırlayırsınız?

-Yaxşı xatırlayıram ki, yayda Bakıda hava çox isti olurdu.  Amma siz həmişə Xəzər dənizinin sahilindəki gözəl çimərliklərdən birinə gedə bilərsiniz. Ailə olaraq getdiyimiz bəzi çimərlikləri – Şıxovo və Bilgəhi yaxşı xatırlayıram. Bakıda dörd fəsil vardı: qış, yaz, yay və payız. Qışda qar yağardı, yazda çiçəklər açardı, yayda hava həddindən çox isti keçərdi, payızda bol miqdarda yağış və xəzan olardı. Bakıda ilin hansı fəslini yaşamağımızdan aslı olmayaraq hər şey çox gözəl idi. Mən yayda Bakıda yetişən meyvələrin əhatəsində böyüdüm.

-NASA məcaranız necə başladı?

– San Diego Dövlət Universitetini (SDSU) Aerokosmik mühəndislik ixtisası üzrə magistr dərəcəsi ilə bitirdim.  Bundan sonra başa düşdüm ki,  mənim məqsədim NASA tərəfindən işə götürülməkdir. Buna görə də, NASA-da işləmək istəyərkən bir neçə yüksək maaşlı iş təkliflərini də rədd etdim. Müraciətimdən on ay sonra NASA-dan iş təklifi ilə bağlı bir zəng gəldi. Mən də dərhal iş təklifini qəbul etdim. O vaxtdan bəri burada çalışıram.

-Bütün bu uğurlarınızı nəyə borclusunuz?

-Həyatda indiyə qədər qazandığım əksər uğurlarıma görə həm yüksək təhsili, həm də övladlarının bütün cəhdlərini dəstəkləyən valideynlərimə borcluyam. İkincisi isə Bakıdakı 145 nömrəli məktəbdə oxumaqla başlayan və ömrüm boyu davam edən yüksək keyfiyyətli təhsilə borcluyam.  İnanıram ki, 1980-ci illərdə Bakıda böyüyərkən aldığım şəxsi təcrübələr, savadlı müəllimlərim, onların keyfiyyətli təlim metodları və ailəmin dəstəyi mənim gələcəyimin formalaşmasında əvəzsiz rol oyanyıb.

-NASA-dakı adi iş gününüzü necə təsvir edərsiniz?

-Mən NASA-nın Goddard Kosmik Uçuş Mərkəzində Telekommunikasiya Şəbəkələri və Texnologiyaları şöbəsində də işləyirəm. Dünyadakı peyklər və yer stansiyaları arasındakı müxtəlif telekommunikasiya əlaqələrinin yaradılması, saxlanması, yenilənməsi, izlənməsi və problemlərinin aradan qaldırılmasına görə məsuliyyət daşıyırıq. Sadəcə olaraq, vaxtımın böyük hissəsini işçilərimi həvəsləndirməyə, tapşırıqları yerinə yetirmələrinə sərf edirəm. Mənim vəzifələrimdən digəri isə şöbəmizin də daxil olduğu Yerin monitorinqi, radio tezliyi və optik rabitə və gələcək rabitə texnologiyasının inkişafı ilə bağlı çoxsaylı layihələrə nəzarət etməkdir.

– NASA-da çalışmağın ən çətin tərəfi nədir?

-Düşünürəm ki, NASA-da çalışmağın ən çətin tərəfi işin inzibati və bürokratik yanlarıdır. NASA Amerika Federal Hökumət Agentliyi olduğuna görə, fəaliyyət göstərməsi üçün Prezidentdən və Konqresdən maliyyə almalıdır. Prezident və ya Konqres NASA-nın maliyyəsini azaltmaq qərarına gəlsə, NASA-nın çox sayda işçisi iş yerlərini itirmək təhlükəsi ilə üzləşə bilər. Bundan başqa, keçmişdə olduğu kimi bəzi proqramların maliyyələşdirilməməsi və ya ləğv edilməsi ilə bağlı hər zaman narahatlıq mövcuddur.

-Süni intellektin gücü insanları ötüb keçəndə və məntiqlə irəliləyəndə bu bizim üçün tamamilə faydalı olacaq, yoxsa fəlakət…?

-Çox yaxşı bir sualdır. Şəxsən mən inanıram ki, süni intellekt bütün incəliklərindən asılı olmayaraq heç vaxt insan amilini üstələməyəcək. Xüsusilə, süni intellekt  yaşamaq üçün əsas olan əmz-səbr, inam, ümid, birlik-bütövlük və digər vacib insani keyfiyyətlərə sahib ola bilməyəcək. Bu səbəbdən də bəşər övladı bu münaqişədə (əgər baş verərsə) həmişə üstün bir pilləyə (bir az da olsa) sahib olacaq. Səmimi qəlbdən ümid edirəm ki, biz heç vaxt insanlar və robotlar arasındakı qarşıdurma mövqeyinə çatmamalıyıq.

– Uzaq bir yerdə insanların yaşadığı bir qalaktikanın mövcudluğuna inanırsınız?

-İnanıram ki, digər planetlərdə və qalaktikalarda da insanlardan fərqli bir formada olsa da həyat var.

-Sizin yad planetlilər nəzəriyyəniz və buna olan inancınız necədir?

-İnanıram ki, yadplanetlilər mövcuddur və keçmişdə onların bir neçə qrupu yerə baş çəkiblər. Bu cür fikirləri nəzərə almamaq üçün sadəcə olaraq hər qitədə çoxlu tarixi sübutlar mövcuddur.

-Yad planetlilərin mövcudluğu barədə konkret olaraq nə düşünürsünüz? Biz yadplanetlilər tərəfindən izlənilirik?

-Mən mütləq şəkildə düşünürəm ki, onlar mövcuddur. Çox ehtimal ki, izlənilirik də! İnsanların müxtəlif elmi tədqiqatlar apararkən Yerdə daha az ağıllı və zəif inkişaf etmiş həyat formalarını müşahidə etdikləri kimi, bəzi inkişaf etmiş müəyyən varlıqlar tərəfindən bizim də səssizcə müşahidə olunmağımız ehtimalı az deyil…Biz sadəcə olaraq bu həqiqətdən xəbərdar deyilik.

-Mars Elon Musk, yoxsa NASA tərəfindən kəşf olunacaq, tədqiq olunacaq?

-Marsa yol NASA və ya Elon Musk mövcud olmamışdan əvvəl kəşf edilib. Marsın müstəmləkə edilməsinə gəlincə isə inanıram ki, NASA və özəl sənayenin (SpaceX və Elon Musk kimi) birliyi baş tutacaq və nəticədə Qırmızı Planetə insanların yerləşdirilməsi prossesi başlanacaq.

– Elon Muskun Mars planları ilə bağlı nə düşürsünüz?

-Məncə Elon Musk çox iddialı bir iş adamı və xəyalpərəstdir. O, dünyada uğurlu bir izaçma keyfiyyətlərinə sahibdir. Səmimi qəlbdən ümid edirəm ki, o, insanlara Marsa uçmaq və məskunlaşmaqla bağlı kömək edir. Bəzi planları nəticəsiz qala bilər, amma onun ideaları davam edəcəkdir.

-O, Marsda nüvə bombası partlatmaq istəyir…

-Qeyd etdiyim kimi, o çox iddialı bir insandır. Amma bəzi planları yəqin ki, nəticə verməyəcək. Nüvə bombaları həmişə yer üzündəki insanları qorxuya salır. Buna görə də Elon Muskun belə bir risk etməsinə icazə verilməsi çox yüksək bir sifariş ola bilər.

-Sizcə necə, insanlar robortlardan qorxmalıdır?

-Xeyr. Robotlar insanların həyatını asanlaşdırmaq üçün yaradılmışdır. Həyatımızda olan robotların mürəkkəbliyini təqdir etməliyik və texnologiya sivilizasiyası kimi inkişafa davam etməliyik.

-Gələcəkdə Marsa uçuş və yaşamaq üçün faydalı ola biləcək məlumatlar nələrdir? Siz təcrübənizi bizimlə bölüşərsiniz.

-Hazırda “SIRIUS” kimi müxtəlif kosmik analoq missiyalarda toplanmış bir çox məlumat Marsa və digər planetlərə  uzun müddətli kosmik uçuşu planlaşdırmağa kömək edəcək. İnanıram ki, ekipajımın Moskvadakı “SIRIUS” missiyasında iştirak etməsi və bu ekspedisiyadan əldə edilən məlumatlar gələcək kosmik missiyalar üçün çox faydalı olacaq.

– Gələcəkdə Marsa real uçuşunuz mümkündür?

-Əlbəttə inanıram ki, texnologiya və resuslarımız belə bir səfərə hazır olan kimi bir gün Marsa uçacağam. Əgər bu gün Marsa uçmağa çağrılsam, getməyə hazıram!

 -“Mars” ilə  bağlı ən çox sevdiyiniz təcrübəniz nə olub?

– 2014-2015-ci illərdə Mars üzərində yaşamağı və işləməyi öyrədən bir analoji kosmik missiyada iştirak etdim (SIRIUS-a oxşar). Bu, yəqin ki, mənim Marsla bağlı ən sevdiyim və təltif edildiyim təcrübəm idi. Bu, Havay Kosmik Tədqiqat Analog və Simulyasiya (HI-SEAS) adlanırdı.

-Kosmosdakı peykləri necə daha çox faydalı edə bilərik?

-Kosmosdakı peyklər Yerin monitorinqindən tutmuş komunikasiya, dərin kosmik tədqiqatlara və s. kimi mühüm sahələr üzrə çox faydalıdır. Məncə, peykləri indikindən daha faydalı etmək üçün yeni bir nəsil peykini inkişaf etdirməliyik. Bununla da həmin peyklər kosmosda yenidən asanlıqla istifadə olunar və orbitdə daha uzun müddət qala bilərlər.

– Azərbaycan artıq 3-cü peykini Kosmosa göndərib…

-Bu çox sevindicidir! Ümid edirəm ki, kosmik tədqiqatlardakı texnoloji irəliləyiş həm Azərbaycan, həm də kosmik missiyalarda iştirak edən digər ölkələr üçün də davam edəcəkdir.

-50 ildən sonrakı dünyanı necə təsvir edərsiniz?

-50 ildən sonra dünyanın necə olacağını proqnozlaşdırmaq çətindir. Amma düşünürəm ki, Mars kimi başqa bir planeti müstəmləkə etmək prossesinin mütləq yarısında olacağıq.  Ən azından, Günəş sistemindəki digər cisimlərə peyklər göndərə biləcəyimiz daimi ay mənbələri üzərində çalışmalıyıq. Yerə gəldikdə isə mütləq şəkildə ümid edirəm ki, hazırkı dünya liderlərimiz ətraf mühitimizi qorumaq və qlobal istiləşmənin qarşısını almaq üçün ciddi qərarlar qəbul edəcəklər; Əks təqdirdə, 50 il sonra doğma planetimizin daha qorxunc bir mənzərəsini görəcəyik.

-Siz Allahın mövcudluğuna inanırsınız?

Mən özümü dindar şəxs hesab etmirəm, amma Tanrı da daxil olmaqla bir çox formada adlandırıla biləcək daha yüksək bir gücün varlığına inanıram.

  -Sizcə dünyanın əsl sahibi nədir?

– Əgər planetimiz Yer haqqında danışırıqsa, o zaman insanlar qida zəncirinin lap zirvəsində dayanırlar. Ancaq Yerdəki digər canlılar üzərində bu qədər böyük bir gücə sahib olduğumuz görə gələcəkdə də həyatın davam etməsi üçün planetimizi və sakinlərini qorumaqla bağlı məsuliyyət daşıyırıq.

-Siz yenidən Azərbaycana qayıtmaq istərsiniz?

-Əlbəttə! Hər iki ildən bir ora getməyə çalışıram. Bakıda hələ də ziyarət etdiyim dostlarım və ailəm yaşayır. Sonuncu dəfə  2018-ci ilin ən isti iyul günlərində Bakıda olmuşam.

-Azərbaycanla bağlı hansı xatirənizi bizimlə bölüşə bilərsiniz?

-Bakıdakı hökumət binasının yaxınlığındakı dənizkənarı parkda gəzməyimi və bulvar boyunca oynamağımı yaxşı xatırlayıram. Suyun yanında yaşamağın necə də gözəl olduğunu xatırlayıram. Doğulduğum və böyüdüyüm gözəl şəhərlə bağlı xatirələrim hər zaman mənimlə birlikdə olacaq.

 -Bu günkü Azərbaycan barədə nə düşünürsünüz?

-Düşünürəm ki, Azərbaycan hər kəs üçün çox mehriban, dost ölkədir. Bunu Bakının ev sahibliyi etdiyi məşhur “Eurovision”, Formula 1 yarışları, konsertlər, idman tədbirləri və s. sübut edir.

-Azərbaycan dilini bilirsiniz?

-Çox təəssüf ki, ABŞ-a köçdükdən sonra məktəbdə öyrəndiyim dili biz az unutmuşam. Bir neçə kəlmə və ifadəni bilirəm. Amma mütləq daha çox şey öyrənməliyəm. Ümid edirəm ki, Azərbaycanda bir müddət vaxt keçirsəm, öz ana dilimi öyrənə bilərəm. Bu məqamda Azərbaycan dilini yalnız Azərbaycan telekanallarına baxarkən eşidirəm. Doğma dilimi eşitməkdən böyük zövq alıram.

 – Sizin kimi olmaq istəyənlərə hansı məsləhətləri verərsiniz?

-Əsas odur ki, təhsilinizi davam etdirin və daim ətrafınızdakı dünya ilə bağlı suallar verin. Astronavt, mühəndis, pilot, elm adamı və ya digər texniki karyera sahibi olmaq istəyən insanlar mütləq riyaziyyat, elm, fizika və digər oxşar fənlərə diqqət yetirməlidirlər. Ancaq  xəyal qurmağı da heç vaxt unutmamalısınız – bu isə hədəflərinə və xəyallarına doğru irəliləyənləri, imtina edənləri və daha asan bir yol seçənləri ayıran bir şeydir. Nəhayət, gələcək illərdə daha uğurlu olmaq üçün sağlam həyat tərzi sürməli və özünüzə qayğı göstərməlisiniz.

– Azərbaycanda sizi sevən, müsahibənizi diqqətlə oxuyan oxucularımıza nə demək istərsiniz?

 -Oxuculara demək istəyirəm ki, bu günə qədər onlardan aldığım isti və mehriban münasibətə görə qürur duyuram və təşəkkür edirəm. Ailəm və qohumlarım mənim “SIRIUS” missiyamla bağlı Azərbaycanda yayımlanmış bir neçə xəbər və video paylaşdılar. Bunu görmək və oxumaq çox xoş oldu. Həqiqətən də bunu gözləmirdim. Nə qədər çətin olsa da, ən yüksək hədəflərə çatmaq üçün çalışmağa davam edəcəm.Ancaq haradan gəldiyimi və köklərimin harada yerləşdiyini heç vaxt unutmayacağam. Başqa bir ölkədə və ya başqa bir planetdə yaşasam da Bakı həmişə Vətənim olacaq!

 -NASA, yoxsa Elon Musk?
-NASA (Mən burada işləyirəm, siz bilirsiniz axı (gülür)
-Mars, yoxsa Ay?
-Mars
-Elm, yoxsa din?
-Birləşməsi
-Ən sevdiyiniz kitab?
“Resurrection” (by Lev Tolstoy)
-Ən böyük mentorunuz?
-Valideynlərim
-Etdiyin ən möhtəşəm şey?
F-15E Strike Eagle hərbi qırıcı təyyarəsində uçdum və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasında Hava Qüvvələri Akademiyası kursantı olduğum müddətdə Mach 1.6 sürətinə çatdım.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Babam bəlkə də zəhərlənərək öldürülüb” – Kazımbəyli və Xoyskinin İtaliyadakı biznesmen varisi (EKSKLÜZİV+FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Ailəmin tarixi kökləri ilə bağlı məlumat öyrənmək üçün Azərbaycana gedəcəyəm”

“Atamın ailəsi müsəlman olsa da, mənim xristian dininə ibadət etməyim barədə qərar verdi”

“Şirkətim  Kazımbəyin adını daşıyır: K-BEK”

“Mənim qanım, kökümün Azərbaycan ərazilərindən gəlməsi xoşbəxtlikdir”

Cahangir bəy Kazımbəyli –Azərbaycan Demokratik Respublikasında ordu zabiti, Gəncə alayında briqada komandiri, Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq Gəncədə başlayan üsyanın rəhbərlərindən biri. Dərin hərbi biliyə malik olan polkovnik. 1888-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Sankt-Peterburq Hərbi Akademiyasını bitirib. Azərbaycan Demokratik Respublikasının Milli Ordusu yaradılanda Gəncəyə qayıdıb. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun düşmənlərinə qarşı mübarizəyə qalxıb. Gəncə üsyanından bir qədər əvvəl həyat yoldaşı Valiyə Xoyskini, altıaylıq oğlu Abbası qayınatası Hüseynqulu xanla İrana yola salıb, özü doğma şəhərinə qayıdıb, mübarizəyə başlayıb və Gəncə üsyanına başçılıq edib. 1920-ci ilin mayında bolşeviklərin hakimiyyəti ələ aldığını eşidən günü həm Gəncədə XI Orduya, həm də “Yelendorf” (indiki Göygöl) tərəfdən gələn daşnak və bolşevik qüvvələrinə amansız zərbələr vurub.

May ayının 24-dən 25-nə keçən gecə artıq şəhərdəki bolşevik ordusunu tərksilah edib, burada hakimiyyəti ələ alıb. Bir qədər sonra qiyamın yatırılacağını hiss edən C. Kazımbəyli bədbinləşməyib, əksinə nikbinliklə deyib: “Qoy biz məğlub olaq, lakin qoy düşmən də öz qələbəsinə yüzlərlə, minlərlə meyitlərin üzərindən addımlayıb keçsin. Qoy 28 may günü tariximizə təkcə müstəqilliyimizin elan olunduğu bir gün kimi yox, həm də vətən mehrabında böyük qurbanlar günü kimi həkk olunsun. Qoy 28 may günü düşmən amansız müqavimətlə qarşılaşsın. 28 may gününün ləyaqətli müqaviməti bizim mənəvi qələbəmizi sübut etsin”. Düşmənlər qədim Gəncəni bir həftə artilleriya və pulemyot atəşinə tutublar. Minlərlə itki verdikdən sonra artıq müqavimətin mənasız olduğunu görən Cahangir bəy və silahdaşları 5 iyun gecəsi döyüş mövqelərini tərk ediblər. Bundan sonra C. Kazımbəyli canından artıq sevdiyi doğma vətənindən mühacirət etmək məcburiyyətində qalıb.  Bir müddət sonra marşal Yuzef Pilsudskinin dəvəti ilə Varşavaya köçüb. Polşa ordusunda diviziya komandiri olub.

(Cahangir Kazımbəylinin həyat yoldaşı Valiyə Xoyski və övladları)

“Prometey” cəmiyyətində istilaçı ruslara qarşı mübarizədə həyat yoldaşı Valiyə xanım Xoyskiylə birgə çalışıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəşr edib, “Azəri-türk” dərnəyini yaradıblar. Böyük Vətən müharibəsi vaxtı Polşa işğal olunanda əsir düşüb. Sovet əsirliyindən qaçıb əvvəlcə Almaniyada, sonra isə İtaliyada yaşayıb. Yenidən İstanbula gəlib, ağır güzəran keçirdiyindən Almaniyaya köçüb, ömrünün sonuna kimi “Azadlıq” radiosunu ilə əməkdaşlıq edib. Cahangir bəy Kazımbəyli  AXC liderilərindən biri olan Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xan Xoyskinin qızı Valiyə xanımla ailə qurub. Abbas, Mustafa, Əli bəy adlı oğulları dünyaya gəlib.

HafizTimes.com bir neçə il davam edən axtarışdan sonra nəhayət ki, Cahangir bəy Kazımbəylinin İtalyada yaşayan varisini tapıb, həmsöhbət olmağa çalışıb. İtalyada biznes sahəsində böyük uğurlar qazanmış Daniel Kazımbəy eksklüziv müsahibəsində Kazımbəyli-Xoyski ailəsi ilə bağlı uzun illər gizli qalmış məqamlara aydınlıq gətirib, Gəncə-Azərbaycanla bağlı fikirlərini ifadə edib. Daniel Bəy ailəsinin fotolardan ibarət şəxsi arxivini də Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com-a təqdim edib:

Daniyel Kazım Bəy – 1962-ci ildə Roma şəhərində dünyaya gəlib. Romadakı La Sapienza Üniversitetində İqtisadiyyat üzrə təhsil alıb.  Daha sonra Milandakı Bocconi Üniversitetində Biznesin İdarə olunması üzrə magistr təhsili alıb.  Son 22 ildir ki,  Daniel Kazım Bəy İtalyada tekstil (idman geyimləri ) biznesi ilə məşğul olur. O, Cahangir bəy Kazımbəylinin oğlu Mustafanın övladıdır.

(Nənəm Valiyə xanım, babam Cahangir bəy və oğlanları)

-Siz Azərbaycanda hörmətli bir ailəni təmsil edirsiniz. Kazımbəy ailəsi haqqında düşüncənizi bilmək istərik…

-Çünki Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra babam Cahangir bəy Kazımbəyli oranı tərk edib. Daha sonra ailəmizin bütün üzvləri Azərbaycandan gediblər. Mən yalnız Kazımbəy ailəsinin üzvü olan atam və əmilərimlə əlaqə saxlaya bildim. Babamı isə heç vaxt tanımadım. Mən dünyaya gəlməmişdən öncə o vəfat etmişdi.  Amma xüsusi olaraq vurğulaya bilərəm ki, mənim babamın şəxsiyyəti  ləyaqətin, xeyirxahlığın, mədəniyyət  və gözəlliyin nümunəsi olub. Həyatımda bildiyim ən yaxşı insan olub.

(Cahangir Kazımbəyli, Valiyə Xoyski və oğlanları)

Atanız, əmiləriniz barədə bilmək istərik. Kazımbəy ailəsinin üzvləri necə həyat yaşadı? Ailənizin digər üzvləri ilə əlaqə saxlayırsınız?

 -Atamın qardaşı Əli Kazım Bəy İstanbulda yaşayırdı.  İtaliyada İqtisadiyyat təhsili aldı və daha sonra bank direktoru olaraq İstanbula geri qayıtdı. Onun qızı Lalə Kazım Bəy hazırda İstanbulda yaşayır və İnsan Resursları üzrə professordur.  3 gün öncə onunla Yunanıstanda qarşılaşdıq. Əli bəy 7 il öncə vəfat etdi.

Əli bəy Kazımbəyli və həyat yoldaşı

Atamın Abbas adlı böyük qardaşı isə Almaniyada (Kassel) yaşayırdı.   O, riyaziyyat üzrə professor idi. 30 il öncə dünyasını dəyişib.

Mənim atam Mustafa isə İstanbulda dünyaya göz açıb.17 yaşına qədər ailəsi ilə birlikdə Varşavada (Polşa) yaşayıb. Berlində Mexanika Mühəndisliyi Universitetində təhsil alıb. Berlində müharibə olan zaman   o, ailəsi ilə birlikdə Avstriyaya (Kitzbhuel) qaçıblar. 1946-cı ildə isə  Romaya gəlib. 1959-cu ildə anam Giulia tanış olub və ailə həyatı qurublar. Atam Romada ticarət və patent üzrə bir ofisdə çalışırdı. O, 2004-cü ildə Romada vəfat etdi.

Cahangir bəy Kazımbəyli və oğlu Mustafa Kazımbəyli

– Babanız Cahangir bəy Kazımbəylinin həyatı ilə bağlı nələr bilirsiniz? Onu kim və nə üçün qətlə yetirib? Zəhərlənərək öldürülməsi məsələsi nə dərəcədə doğrudur?

-Babamın öldürülməsindən əmin deyilik. Amma atam mənə demişdi ki, o təxminən mədə infeksiyasından dünyasını dəyişib. Amma o da əmin deyildi. Heç kim babamın nə üçün və kim tərəfindən öldürüldüyünü bilmir.

“Mənim atamın ailəsi müsəlman idi. Amma atam mənim xristian dininə ibadət etməyim barədə qərar verib”

O, İtaliyada italyan bir xanım ilə ailə həyatı qurub. Atamın bu qərarına görə, mənim də bütün həyatım xristianlıqla bağlı oldu.

Amma bütün dinlərə hörmətlə yanaşıram. Dininə görə insanların şiddətə, zülmə məruz qalmasının qəti əleyhinəyəm.

(Cahangir Kazımbəyli və həyat yoldaşı Valiyə Xoyski)

-Nənəniz Valiyə xanım Xoyski necə bir insan idi? Onu necə xatırlayırsınız?

 -Təəssüf ki, nənəmi də heç vaxt görməmişəm. Yunanıstanda Olimpus dağında təyyarə qəzası zamanı dünyasını dəyişib. Atam  həmişə mənə deyirdi ki, nənəm qeyri-adi istedada malik, mükəmməl  bir insan idi. O, əsl insani duyğulara malik şəxsiyyət, böyük bir Xan Xoyski idi.

Valiyə Xoyski və oğlanları: Əli, Abbas və Mustafa

-“Kazımbəy” soyadı sizin həyatınıza nələr bəxş edib?

-Kazım Bəy ailəsinə məxsus olmaqdan qürur duyuram. Mən bu müsahibədən sonra başa düşürəm ki, atam niyə bu qədər xüsusi bir insan olub.

-Biznes fəaliyyətinizlə bağlı məlumat verin. K-BEK Sport  şirkətinizi  necə qurdunuz? K-BEK Sport-un fəaliyyəti nədən ibarətdir?

K-BEK Sport şirkətini 2015-ci ildə qurmuşam. Şirkətimin adı da ailəmizlə bağlıdır. “Kazım Bəy” deməkdir. Şirkətimiz dağ-xizək idman növləri üzrə ixtisaslaşmış geyim brendidir. Satış üçün əsasən  on-line səhifəmizdən istifadə edirik. (www-k-bek.it) “İtalyada hazırlanan” ilk aktif idman geyimi dəstini 2019-cu ildə bazara təqdim etməyi planlaşdırmışıq.

-İdman geyimlərinin istehsalı, satışı sahəsində  hansı nailliyyətlər qazanmısınız?

 -Biz aktiv idman geyimləri sahəsində İtalyan tekstil şirkəti olaraq xüsusi yer tutmuşuq. Bizim işimiz  xüsusi texnologiya ilə parçalardan italyan dizaynlı məhsullar hazırlamaqdır. Dağlarda xilasetmə və nəzarət tədbirləri üçün İtaliyanın Carabinieri hərbi qrupunu və  700-dən çox xizək təlimçini idman geyimləri ilə təmin edirik.

Əli bəy Kazımbəyli

“İdman geyimləri, tekstil biznesi üzrə 22 ildən artıqdır ki, fəaliyyət göstərirəm”

-Romadakı İqtisadiyat Universitetindən məzun olduqdan sonra 4 il boyunca bir reklam agentliyində çalışdım. Bun ilk təcrübəmdən sonra Milandakı Bacconi Universitetində magistr təhsili almağa qərar verdim. Elə həmin vaxtdan etibarən tekstil sahəsində də çalışmağa başladım.

Əli Kazımbəylinin qızı və nəvəsi

 -Atanız, əmiləriniz heç doğma yurdunuz Gəncəyə gəldilərmi? Ailəniz Azərbaycan, Gəncə haqqında nə danışırdılar?

 -Atamgil heç vaxt Azərbaycana, Gəncəyə qayıtmayıblar. Çünki ailəmin geri qayıtması heç də asan deyildi. 10 il öncə ailəmin qohumlarından biri Azərbaycana gedib. Hökumət Xan Xoyski ailəsinə aid hər şeyi ona göstərib.

Bəs siz heç Azərbaycana gəlibsiniz?

 -Çox təəssüf edirəm ki, heç vaxt Azərbaycanda olmamışam. Ancaq bilirəm ki, gözəl təbiətə və zəngin mədəniyyətə sahib bir ölkədir. Bakı indi böyük və gözəl bir şəhər olub. İndi bir məqsədim var, ailəmin tarixi kökləri ilə bağlı daha çox məlumat öyrənmək üçün Azərbaycana getməliyəm.

-Son olaraq oxucularımıza nə demək istərsiniz?

 -Mənim qanım, kökümün Azərbaycan ərazilərindən gəlməsi xoşbəxtlikdir. Bu möhtəşəm Cahangir Bəy Kazımbəylinin ailəsinin üzvü olmaqdan qürur duyuram. Mütləq gəlib oraları ziyarət edəcəyəm. Ailəm haqqında daha çox məlumata sahib olmaq üçün Azərbaycana səfər etməkdən şərəf duyaram.

Qeyd: Daniyel bəy bir müddət öncəki müsahibəsində doğma babası Cahangir bəy Kazımbəylini yanlışlıqla “Mirzə Kazım Bəy” kimi təqdim etmişdi. Daniel bəyin doğma ailəsini müəyyən etməkdə bizə dəstək olan Kazımbəyli ailəsinə və diqqətli oxucularımıza təşəkkür edirik!

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Atam övladlığa verilməyib” – Azərbaycanlı milyonçu və nazirin fransız varisi (EKSKLÜZİV+FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Ailəmə Azərbaycan əsilli olduğumu söyləməyin” 

“Şəmsi Əsədullayev mənim babamdır

“Nənəm atamı ingilis qadına övladlıq verməyib”

Kristina Vəzirov Petit  – 1947-ci ilin yanvarın 23-də Fransanın Marsel şəhərində dünyaya göz açıb.  1960 – 1961-ci illərdə “Adventistlər” məktəbində təhsil alıb. Jean-Lou Petitlə ailə həyatı qurub. Hazırda ailəsi ilə birlikdə Fransanın DignelesBains regionunda yaşayır.

Jurnalist Tommi Franklin müsahibə götürür

Kristinanın atası Tommi Franklin Fransada məşhur idman jurnalisti olub. “RTF” və “France İnter” kanallarında çalışıb. T. Franklinin əsl adı Fərrux Murad oğlu Vəzirov olub. O, Azərbaycanda ən böyük sənaye maqnatlarından sayılan milyonçu Şəmsi Əsədullayevin (1840-1913) nəticəsidir. Belə ki, Fərrux Vəzirovun anası Sürəyya Əsədullayeva Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədullayevin qızıdır. Fransada yaşayıb-yaratmış məşhur azərbaycanlı yazıçı, 20-ci əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi Ümmülbanu ilə (Banin) Sürəyya Əsədullayeva doğma bacı olub.

Mirzə Şəmsi oğlu ƏsədullayevAzərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi hökumət kabinetində Ticarət və Sənaye naziri vəzifəsini icra edib.  Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milyonçu Şəmsi Əsədullayevin mülkiyyəti müsadirə olunub. Mirzə Əsədullayev isə 1920-ci ilin mayında həbs edilib. Bir müddət sonra azadlığa buraxılıb. 1921-ci ildə Fransaya mühacirət edib. M. Əsədullayev ömrünün sonuna kimi Fransanın paytaxtı Parisdə yaşayıb. 1936-cı ildə orada vəfat edib və Bobinyada dəfn olunub.

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq uzun müddət davam edən axtarışdan sonra nəhayət ki, azərbaycanlı ən nüfuzlu neft maqnatlarından biri, milyonçu, xeyriyyəçi Şəmsi Əsədullayevin Fransada yaşayan yeganə varisi, nəticəsi Kristina Vəzirova Petiti tapıb, həmsöhbət olmağa çalışıb. Eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandıran K. P. Vəzirova Əsədullayevlər ailəsi ilə bağlı illərdir ki, gizli qalmış  bir çox məqamlara aydınlıq gətirib, Bakı-Azərbaycanla bağlı  arzu və istəklərini ifadə edib:

Tommi Franklin iş yoldaşları ilə birlikdə

-Əvvəlcə qeyd etmək istəyirəm ki, mən Azərbaycanda (SSRİ) doğulmamışam. Mən Fransada dünyaya göz açmışam. Atam Tommy Franklindir. Onun əsil adı Fərrux bəy Vəzirov olub. Daha sonra o, soyadını dəyişib “Vəziri” etdi. Bir müddət sonra isə o, bütün ad-soyadını dəyişdi və Tommi Franklin oldu. Nənəmin adı isə Sürəyya Əsədullayeva olub.

“Anam da rus deyildi. Fransız idi! Mən də Fransada böyüdüm”.

-Banin, Sürəyya və Kübra bacıları ilə çox yaxın münasibətim vardı. Xüsusilə yazar Banin və nənəm Sürəyyanın adını qeyd etmək istəyirəm.

Banin, Sürəyya Əsədullayeva bacıları və Kristine Petit

“Babamı görə bilmədiyim üçün çox təəssüflənirəm”

-Əlbəttə ki, Şəmsi Əsədullayev mənim babam idi. Amma çox təssüf ki, mən onu görüb, tanıya bilmədim. Çünki, həmin vaxt mən dünyaya gəlməmişdim. Mən daha çox atam və nənəmi görmüşəm, həmsöhbət olmuşam.

“Banin ilə yaxşı münasibətlərimiz olub”.

-Amma onun həyatı barədə danışmaq istəmirəm…Banin “Qafqaz günləri” əsərində hər şeyi özü qeyd edib. Baninin həyatı barədə bilmək istəyənlər həmin kitabı mütləq oxusunlar…

“Ailəmin heç bir  üzvü, nəvə-nəticələrim də Azərbaycan əsilli olduğumu bilmir. Xahiş edirəm sizə də deməyin”

Kristine Vəzirov Petitin atası Tommi Franklin

– Baninin alman varisi illər öncə müsahibəsində bildirmişdi ki, nənəniz Sürəyya Əsədullayeva öz oğlunu- atanız Fərrux Vəzirovu bir ingilis qadına övladlıq verib. Bu nə dərəcədə doğru məlumatdır?

-Bu məlumatı haradan əldə ediblər?! Təbii ki, bu doğru deyil. Nənəmlə yaxşı münasibətimiz vardı. Ailəm haqqında çox məlumat vermək istəmirəm!

-Azərbaycana gəlmək istərsinizmi?

 -Övladlarım və nəvələrim mənim Azərbaycanda olan ailə köklərim barədə heç nə bilmirlər. Mən heç vaxt Azərbaycanda olmamışam. Buna görə çox peşimanam.

-Sonda Azərbaycanda sizin ailənizi sevənlərə nə demək istərsiniz?

 -Yaşadığım Dese Les Bains bölgəsindən hər kəsə ən xoş arzularımı, sevgilərimi göndərirəm.

Ramiz Abutalıbovun qızı Nigar Baninin evində

Kristina Vəzirov Petit kitab oxuyur

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar