Bizimlə əlaqə

Reportaj

15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTOLAR)

Yayımlandı

da

Artıq bir ilə yaxındır ki, mediada Günay Axundova adlı gənc ananın övladının doğuşdan sonra xəstəxanada ölməsi, valideynlərindən xəbərsiz kimsəsizlər qəbirstanlığında dəfn olunması ilə bağlı xəbərlər yer alır. Yaxın günlərdə ananın şikayəti üzrə yenidən məhkəmə prosesi baş tutacaq. Buna görə də HafizTimes.com müəmmalı məsələni araşdırmaq qərarına gəlib.

Günay Axundovanın 37 yaşı var. 2016-cı il aprelin 6-da Respublika Klinik Xəstəxanasında qeysəriyyə yolu ilə bir qız uşağı dünyaya gətirib. Əməliyyatı həmin xəstəxanada çalışan mama-ginekoloq Vüsalə Ağalarova edib. Əməliyyatdan bir gün sonra uşaq tələf olub.

Amma ana övladının meyitini götürmək istəyəndə anlaşılmaz bir oyunun içinə düşüb. 

– Bizə morqda dedilər ki, həmin gün Hövsandakı kimsəsizlər qəbiristanlığına dəfn olunması üçün 15-ci tabutda 7 uşaq meyiti göndəriblər,- deyə Günay Axundova Hafiztimes.com-a bildirib:

– Amma biz qəbrin ekshumasiyası zamanı orada 8 uşaq meyiti aşkar etdik. Mənim uşağım həmin meyitlərin içində deyildi. Daha sonra oradan qanqrenaya görə kəsilmiş bir insan ayağı da tapdıq.

15-ci tabutdan çıxan uşaq meyitləri adi sellofan paketlərin içində idi. Hər paketdə cəmi iki-üç sümük olardı. Üzərinə “birka”lar da vurulmuşdu. Müstəntiqə bildirdim ki, bizə təqdim olunan sənəddə tabutda 7 uşaq meyitinin olduğu yazılıb. Amma mənim uşağımın meyiti bu qəbirdə yoxdur. Daha sonra bir uşaq meyiti də tapdıq. Üzərində birkası yox idi. Müstəntiq mənə dedi ki, bu, yəqin, sənin uşağının meyitidir. Mən də dedim ki, axtaraq, ola bilər, birka yaxınlıqda torpağa düşüb.

Müstəntiq tabutun baş tərəfindəki kəsilmiş ayağını yuxarı qaldıranda qara rəngli paket gördük. Digər paketlərin hamısı çürümüş, dağılmış vəziyyətdə olsa da, bu, təzə idi. İçərisində sadəcə bir pampersin arasında iki dənə sümük vardı. Sümüklər də təzə idi. Müstəntiqə dedim ki, bizə deyiblər, burada 7 uşaq meyiti var. Amma biz 9 uşaq meyiti tapdıq axı… 

Mən həmişə deyirdim ki, uşağımın üzərində pampers vardı. Çünki həkimlər 4 gün pampers istəmişdilər, yoldaşım da alıb, həkimlərə vermişdi. Məni yalandan inandırmaq üçün həmin o təzə sümükləri pamersin içinə büküb, yeni paketə qoyaraq, qəbri açıblar, tabutun baş tərəfinə yerləşdiriblər ki, ekshumasya zamanı guya uşağımın orada dəfn olunduğunu görüm.

Biz həmin sümükləri də götürüb, yoldaşımla birlikdə DNA testinə getdik. Bir ay sonra qohumumuz müstəntiqə zəng vurub soruşdu ki, DNA testinin nəticəsi necə oldu? Cavab verib ki, müəyyən etmək olmur. Təsəvvür edin ki, bizə həmin analizin nəticəsi olan kağızı da vermədilər.

Mənim əlimdə sənəd var. Orada qeyd olunub ki, uşağım 29 həftə, 2 günlük olub. Amma morqda mənim uşağım kimi təqdim olunan körpənin meyiti 33 həftəlik imiş. 33 həftə ilə 29 həftənin arasında bir ay vaxt var!..

– Yəni sizə başqa bir uşağın meytini veriblər?

– Mənə meyit verilməyib. Mənə sadəcə olaraq, iki sümük verilib. O sümüklərin də bizim uşağa məxsusu olub-olmadığını müəyyən edə bilmirik. Bəlkə onlar heç insan sümüyü də deyillər. Açığı, toyuğun bud sümüyünə oxşayır. Məhkəmə zamanı hakim bildirdi ki, dünyada uzun illərdən qalmış, çürümüş sümüklər də DNA testi edilə bilir. Necə yəni, bu sümükləri test etmək olmayıb?

Hövsan qəbiristanlığının müdiriyyəti mənə dedi ki, ora 7 uşaq meyti göndərilibmiş. Soruşdum ki, həmin meyitlər ayın neçəsində qəbiristanlığa gətirilib? Dedilər, 11-də. Necə ola bilər ki, ayın 9-da mən morqda oluram, orada mənə deyirlər ki, guya soyuducu işləmədiyinə görə, ayın 7-8 də meyitləri basdırmaq üçün qəbiritsanlığa göndəriblər. Qəbiristanlığın müdiriyyəti isə mənə deyir ki, meyitlər ayın 11-də ora gətirilib. Bu, məndə şübhə doğurdu. Onlar görüblər ki, mən uşağımın arxasınca morqa qədər getmişəm, meyitini istəyirəm. Buna görə də mənim uşağımın adı ilə səhərisi gün Hövsan qəbiristanlığına bir paket göndəriblər ki, onu görüb, sakitləşim. 

Bir il ərzində mən iki müstəntiq dəyişmişəm. Məhkəmə qərar verib ki, gedin, ekshumasiya edin. Bu müddət ərzində isə bir-iki sümük tapıb, gətirib həmin qəbrin baş tərəfinə qoyublar. Əgər uşaqlar eyni vaxtda ölüb və dəfn olunublarsa, niyə üzərində mənim adım qeyd olunan sümüklər də o birilər kimi çürüməyib?

Biz qəbristanlıqdan xəstəxanaya qayıtdıq. Baş həkim Telman bəyin qəbuluna düşdüm. Mənə dedi ki, “qızım, Günay, gəl, səni pulsuz müalicə edim, lazım gələrsə, Türkiyəyə də göndərərəm. 9 aydan sonra qucağına bir uşağı da verim, get evinə”. Mən də ona bildirdim ki, öz uşağımı istəyirəm. “Burada analiz üçün iki manat tapa bilməyən analar var, belə xeyirxah insansınızsa, gedin, onları pulsuz analiz edin”,- dedim.

Müstəntiqin əlində çoxlu sübutlar var. Amma o, qarşı tərəfə güc gələ bilmir. Müstəntiq də mənimlə morqa getdi. Təsəvvür edin ki, morqda işləyən kişi məni heç vaxt görməyib, tanımır. Mən içəri girən kimi soruşdu: “Sən Axundova Günaysan?” Dedim, “Alnıma yazılıb ki, mən Axundova Günayam? Haradan bilirsən?”

Morqdakı kişi mənə qayıtdı ki, “Ay qızım, camaatın heç meytinin yiyəsi tapılmır, sənin uşağını aparıb basdırmışıq, daha nə istəyirsən?” Dedim, xahiş edirəm, jurnalı aç, görüm ki, mənim uşağımı yoldaşıma dediyiniz kimi, ayın 7-8-də basdırmısınızmı?

Jurnalı açdı. Orada tarix yox idi. Sadəcə, guya mənim uşağımla birlikdə dəfn olunan digər uşaqların valideynlərinin adları qeyd olunmuşdu. Bütün valideynlərin adları göy qələmlə yazılmışdı. Bir dənə mənim adım isə qırmızı qələmlə işarələnib. Bunu müstəntiq cinayət işinə də daxil edib. Sual verdim ki, niyə mənim adımı qırımızı qələmlə yazmısınız? Cavab verə bilmədi.

– Bütün bunlarda məqsəd nə ola bilər ki?

– Mənim uşağım ölməyib. Buna tam əminəm. Sadəcə olaraq, bunu araşdırb üzə çıxaran yoxdur. Mən istəyirəm ki, səsim eşidilsin. Mənim uşağım ölə bilməzdi! Əlimdə sənəd də var ki, uşaq əməliyyatdan bir gün qabaq tam sağlam vəziyyətdə olub. Onların qoyduqları diaqnozun mənim uşağıma aidiyyatı belə yoxdur. Tabutdan çıxan sümüklər isə toyuğun bud sümüyü idi…

15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTO)

* * *

Hövsan qəbirstanlığı 1991-ci ildə salınıb. İlk vaxtlar orada ruslar dəfn olunurmuşlar. Sonradan müsəlmanlar da basdırılıb. Çox böyük bir ərazini əhatə edən qəbiristanlıqda kimsəsizlərin dəfn olunduğu məzarlığı tapmaq yarım saatdan çox vaxtımızı aldı. Dağılmış torpaq məzarın üzərində təxminən 500-ə yaxın “birka” vardı. Məzarların əksəriyyətinin üzərində olan torpaq eşilmiş, dağılmış vəziyyətdə idi. Yaxınlıqdakı 7 dərin çuxur isə növbəti kimsəsizləri gözləyirdi. Bunu təmtəraqlı məzarları qoruyan, güllərə-çiçəklərə su tökən, addımbaşı “Yasin” oxuyaraq pul qazanan mollalar da təsdiqlədilər.

Qəbiristanlığın özünü təqdim etmək istəməyən gənc müdiri məzarlıqda türmədən, xəstəxanadan gəlmiş kimsəsiz meyitləri dəfn etdiklərini bildirdi: 

“Bu dəfnlər dövlətin hesabına olur. Çünki həmin şəxslərin heç kimi yoxdur. Bizə ölüm kağızı göndərilir. Orada bütün qeydlər olur. Biz də tabutu açmadan sadəcə olaraq, torpağa dəfn edirik. Bizim tabutu açmağa ixtiyarımız yoxdur. Buna rəsmi dövlət orqanlarının icazəsi olmalıdır. Günay xanımın dediklərinə cavab olaraq bildirirəm ki, biz həmin tabutu açmamışıq. Bizə tabutu morqdan göndəriblər. Üzərində də ölüm kağızı olub. Biz də onu dəfn etmişik. Tarixlə bağlı dəqiq heç nə deyə bilmərəm. Çünki üzərindən artıq bir ildən çox vaxt keçib”.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının müdir müavini Etibar Əlləzov Günay Axundovanın ittihamlarına cavab olaraq bildirdi ki, hazırda şikayət üzrə yenidən araşdırma aparılır: “Vətəndaşın müraciəti nəzərə alınb. Əgər yeni bir fakt üzə çıxarsa, biz bunu sizə də təqdim edəcəyik”.

* * *
Bütün bunlar nə deməkdir? Körpəsini itirən dərdli bir ananın çırpıntıları, yoxsa doğrudan da hansısa çirkin bir oyun var? Biz ümid edirik ki, yaxın vaxtlarda baş tutacaq məhkəmə bu suala aydınlıq gətirəcək.

Jurnalist: Hafiz Əhmədov

HafizTimes.com

Reportaj

“Şuşa, Ağdam xarabalıqları” – İşğal edilmiş Azərbaycan torpaqlarından FOTO-REPORTAJ 

Yayımlandı

da

Tərəfindən

“Şuşa İmperiyasının xarabalıqları”. “Cinlər, kabuslar şəhəri Ağdam”. “Ağdərədəki kənddə yalnız bir qoca qadın yaşayır”,  “Suriyadan Qarabağa köçürülmüş erməni uşaqların dəhşətli həyatı”.  “Yandırılmış, kabuslar şəhər olan Ağdama yolumuz düşdü”. “Ağdamdakı məsciddə heyvanlar otlayır”. “Zəngilana köçmüş Suriya erməniləri”. “Şuşada ocaq üstündə  tənha qalmış çaynik”. “Qafqazın Xirosiması Ağdam”. “Kömək edin, mən Kəlbəcərdəyəm”. 

HafizTimes.com  30 ilə yaxındır ki, erməni işğalı altında olan Azərbaycan ərazilərindən reportaj hazırlayıb. Bu reportaj adət ediləndən bir az fərqlidir. Belə ki, erməni tapdağı altında qalan Azərbaycan ərazilərinə illərdir ki, baş çəkmək mümkün deyil. Uzun müddətli axtarışlarımızdan sonra belə qərara gəldik ki, erməni hərbi birləşmələrinin Azərbaycanın əzəli torpaqlarında törətdikləri vandalizm faktlarına elə birbaşa olaraq məhz düşmənin fotoaparatlarının obyektivindən nəzər salaq. Erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərində törətdikləri vəhşilikləri məhz düşmənin,  erməni gənc “fotoqraf”ların çəkdiyi şəkillər və qeyd etdikləri fikirlər  ifşa edir.İşğal altında olan Azərbaycan ərazilərinə səfər edən(qanunsuz) turist, blogerlərin  və yaxud orada müvəqqəti məskən salmış şəxslərin çəkdikləri fotoları çətinliklə də olsa əldə etdik. Reportajla əlaqədar olaraq bəzi xarici ölkə vətəndaşları, fotoqraflar ilə də əlaqə saxladıq. Onlar da Qarabağda törədilən erməni vəhşiliklərini əks etdirən fotoları bizimlə bölüşdülər. Reportajda Azərbaycanın erməni işğalı altında olan Şuşa, Ağdam, Zəngilan, Kəlbəcər, Ağdərə, Cəbrayıl  və s. rayonlarında  hazırda hökm sürən dəhşətli vəziyyət əks olunub:

 “Şuşa. Qırmızı qapılı ev.Xarabalıq”

Müəllif: “Şuşa xarabalığı”

Gənc erməni fotoqraf:”Bura Şuşadır.Bu kitabı burdan tapdım. Çox təsirlidir”

“Emalatxana. xalça. Boş qalıb. Şuşa”

“Şuşa. Qədim ev. Boş qalıb”

Anna Çerkizyan  :”Qarabağ. Məscid. Xarabalığa çevrilib”

“Şuşa xarabalığı”

Şuşa real məktəbi —1992-ci ildə Şuşa işğal olunduqdan məktəb yandırılaraq xarabaya çevrilib.

Şuşa- Xarabalığa çevrilmiş ev.

“Şuşa. Dağılmış ev”.

“Şuşa. Qıfıl vurulmuş ev”.

Erməni gənc xanım: “Şuşa- dağılmış məscid” 

Brazilyalı fotoqraf: “Dağılmış məscid”

 “Qədim Şuşa imperiyası”

“Xarabalıq. Uçub-dağılıb”

“Şuşa xarabalığı”

Bolqar fotoqraf : “Ağdam-məscid. Müharibədən sonra dağıdılıb, yandırılıb. Təmirə ehtiyacı var”

“Qarabağ. Dağılmış məscid”

“Xarabalığa çevrilmiş məscid”

“Şuşa, dağılmış ev. Boş qalıb”

Fotoqraf: “Müharibə. Dağılmış ev. Sülh lazımdır”

İran, erməni fotoqraf Serge Madikians: “Şuşada dağılmış ev”

“Şuşanın dağılmış evləri “

Erməni gənc fotoqraf Artur:”Şuşada dağılmış ev, 1982-ci ilin televizoru”

Turist: “Şuşada bağlı qalmış ev”.

“Şuşa xarabalığı”

“Şuşa dağılıb”

Gənc fotoqraf Artur: “Boş qalmış ev”

“Şuşa dağılıb”

“Şuşa, xarabalıq”

“Şuşada boş  ev”

Saşa Solovey: “Şuşa- dağılmış evlər, binalar, məscid və mehmanxanalar”

Fotoqraf: “Şuşa- dağılmış bina. Love story çəkilişi”

“Şuşa ev. Yoxsulluq”

“Şuşa-dağılmış məktəb”

Fotoqraf Pisidro: “Şuşada dağılmış məscid”

Ərəb turist: “Şuşa. Bağlı qalmış ev”

“Şuşada dağılmış ev”

“Sunny Xoxe” ləqəbli fotoqraf: “Şuşa. Kollec. Hələ də tələbələrini gözləyir”

“Şuşada xarabalıq”

“Dağılmış məscid. Təmir olunmalıdır”

“Şuşanın sehri”

“Şuşa. Azərbaycanlı qadının güllələnmiş məzarı”

“Şuşada bağlı qalmış ev”

Fotoqraf Mete Petrany: “Ağdam. Dağılmış abidə. Dəhşət”

“Dumanlı Şuşa. Dağılıb”

Rəqqas: “Şuşa. Sükut, səssiz bir şəhər. Kədərlidir. Gülüşə ehtiyacı var”.

Anuş Babayan: “Zəngilan dağılmış, qədim restoran”

Şuşa- Sevgi hekayəsi. Dağılmış bina

“Şuşa dağılmış məscid”

“Şuşada 16 min dollara ev satılır”

Anuş Babayan:”Zəngilan.Küçədən mənzərə.Qədim struktur təbiətə çevrilir”

“Şuşa dağılmış ev”

“Qədim Şuşa qalası. Uçub”

“Şuşa qədim ev”

Müəllim, fotoqraf Emily: “Şuşa. Xarabağlıq”

“Şuşa. Xarabalıq”

“Şuşa. Qədim ev”

Tosunyani: “Şuşa. Qədim ev. Ocaqda qalmış çaynik. Dəhşətlidir”

Fotoqraf Emily: “Şuşa. Xarabalıq”

“Şuşa. Dağılmış məktəb”

“Şuşa. Suriya erməniləri. Ev”

“İstifadəsiz qalmış idarə”

“Şuşa. Dağılmış bina”

Turist, Fotoqraf Pisidro: “Şuşa. Köhnəlmiş avtobus dayanacağı”

“Şuşada dağılmış kollec”

“Şuşa. Xarabalıq”

John Satanmeyer(National Geographic fotoqraf. Rejissor.): “Hava yağışlıdır. Günortadan sonra biz maşınımızı Ağdamın içi ilə sürməyə başladıq. Kabuslar şəhəri, xarabalıq. Gördüyümüz mənzərə dəhşət idi. Sülh!”

“Şuşa. Dağılmış məscid”

“Şuşa. Dağılmış kollec”

“Qarabağ. Dağılmış ev”

“Şuşa. Dağılmış bina”

“Şuşa. Köhnə bina”

“Şuşa. Dağılmış, uçmuş məscid”

“Şuşa. Gülələnmiş divar”

“Şuşa. Dağılmış qədim bina”

“Şuşa. Bağlı qapı. Ev”

“Şuşa.Qarabağ”

“Şuşa. Dağılmış məscid”

“Şuşa. Unudulmuş balkon”

“Vay Points” ləqəbli turist: “Bura, kabuslar şəhəri Ağdamdır. Dağılmış məscid. Dəhşətli fotodur. Orada müharibə gedir. Məni əsgərlər həbs etdilər. 3 saat sonra azad etdilər. Orada çox dəhşətli bir mənzərə var”

Dioqo Falmeida: “Şuşa. Dağılmış abidə”

“Şuşa. Dağılmış abidə”

“Just Artur” ləqəbli gənc fotoqraf: “Şuşa. Boş ev. Boş qalmış dəmir stul”

“Şuşa. Dağılmış şəhər”

“Şuşa. Qədim, boş bina”

“Şuşa. Uçmuş ev”

“Ani Agh” ləqəbli fotoqraf: “Dumanlı Şuşa. Məscid təmir olunmalıdır”

“Şuşa. Uçmuş bina”

“Şuşa. Kabuslar şəhəri”

“Ağdam. Dağılmış məscid”

“Şuşa. Uçmuş bina”

“Şuşa. Boş qalıb”

Fotoqraf Anuş Babayan”Qarabağ. Suriya ermənisi, uşaq. Yoxsulluq”

“Şuşa. Qırmızı qapılı ev. Xarabalıq”

“Ağdam. Dağılmış məscid. Minarə”

Şuşa qalası

“Şuşa dağılmış ev”

Turist Anna: “Qədim Şuşa imperiyası. Dağılıb”

“Şuşa. Xarabalıq”

“Şuşa. Xarabalıq”

“Şuşa. Bağlı qalmış ev. “

“Zəngilan. Suriya erməniləri. Kartofu evə toplayıblar. Yoxsulluq”

“Şuşa qədim ev. Boş qalıb”

Fotoqraf Həmidrza Srouri: “Qədim abidə. Dağılmaq üzrə”

“Şuşa. Ağ-qara. Küçə”

“Şuşa. Suriya erməniləri. Ev”

“Şuşa. Suriya ermənisi uşaq valideynlərini axtarır”

“Şuşa. Xarabalıq. Küçələr”

“Qarabağ. Suriyadan köçürülən erməni ailə”

“Qarabağ. Xarabalıq”

“Dağılmış məscid. Xarabalıq. Qarabağ”

“Ağdam. Uçmuş məscid”

“Şuşa. Boş qalmış ev”

“Şuşa. Xarabalıq”

“Şuşa. Dağılmış məscid”

“Şuşa. Dağılmış, uçmuş şəhər”

“Şuşa. Dağılmış bina”

“Şuşa. Qar yağıb”

“Şuşa. Boş qalmış həyət”

“Şuşa. Dağılmış qədim abidə”

Fotoqraf: “Zəngilan. Qədim, uçmuş abidə”

Fotoqraf: “Ağdam. Kabuslar, cinlər şəhəri. Dağılmış məscid”

“Çoban qoyunlarını Ağdam istiqamətində otlamağa aparır”

“Şuşa. Xarabalıq”

“Şuşa. Dağılmış bina”

Blogger Saşa Solovey (Gospozha Solovjova): “Mən buranı görmək üçün getmişdim. Möhtəşəm bir mənzərdir. Dağların əhatəsində isti su. Ora gedəndə çox təəcübləndim. Mən heç vaxt burada yaşaya bilmərəm. Ora getmək üçün yol yoxdur. Heç bir bələdçi də yoxdur. Qeyd edim ki, oralarda bir nəfər insan da yaşamır. Maşın sayı da sıfıra bərabərdir. Orada sadəcə olaraq hərbçilər var. Onları uzaqda gördüm və qışdırdım ki, mən buradayam, kömək edin…”(Kəlbəcər)

“Şuşa. Dağılmış ev.Heç kəs yaşamır”

“Şuşa. Dağılmış küçələr”

“Sehirli Şuşa”

Fotoqraf Simone Zoppellaro: “Sentyabr ayında Kabuslar şəhəri Ağdama getmişdim. Bu şəkili orada çəkmişəm”

Fotoqraf: “Dağılmış məscid. Çox ağır bir mənzərədir. Qarabağ”

“Şuşa. Xarabalıq”

Şuşa

“Şuşa. Evlər, binalar hər şey dağılıb.”

“Uçmuş məscid. Qarabağ”

“Way Points” ləqəbli fotoqraf: “Güllələnmiş kabuslar şəhəri Ağdam”

“Şuşada dağılmış məscid”

Erməni qız: “Şuşada boş qalmış, dağılmış məscid”

“Dumalı, yağışlı Şuşa. Palçıqlı küçələr”

“Dağılmış məscid. Qarabağ”

“Şuşa. İstifadəsiz qalmış emalatxana”

Alaina Maral: “Qədim Şuşa imperiyası. Xarabalıq”

“Qarabağ. Dağıdılan məscid”

“Qədim mədəniyyət abidəsi”

“Şuşa. Dağılmış, boş qalmış ev”

Fotoqraf Həmidrza Sururi: “Dağılmış Şuşa məscidi”

“Rolje” ləqəbli fotoqraf:”Xankəndi. Uçub,dağılmış evlər. Bərpa edilməlidir”

“Azərbaycan torpaqları”

“Ani Agh” ləqəbli fotoqraf:”Şuşa. Məscid. Təmir olunmalıdır”

Fotoqraf Pisidro: “Şuşada dağılmış məscid”

 “Zəngilan. Hər şey yox olub təbiətə qarışır “

“Xankəndi. Uçmuş teatr binası”

Fotoqraf Həmidrza Sururi: “Şuşa. Gövhər aga məscidi. Dağılıb”

“Şuşaya qar yağıb”

“Ağdam. Kabuslar şəhərinə qar yağıb”

Gənc fotoqraf: “Şuşa. Dağılmış və boş qalmış ev”

“Xankəndi. Ərzaq mağazası. Bağlı qalıb”

“Dağılmış Talış kəndi”

“Şuşa. Dağılmış, uçmuş bina”

“Şuşa. Boş qalmış evlər…”

“Şuşa. Dağılmış məscid”

“Şuşa. Xarabalıq. ev”

“Şuşa. Sehirli mənzərə”

“Şuşa. Dağılmış ev”

“Şuşa. Uçmuş bina”

Stufankjian: “Xocavənd rayonu. Merujan və bacısı Gita dağılmış, yandırılmış həyətlərdə oynayırlar”

Vika Sunnyar: “Şuşa. Hər yer dağılıb, uçub”

“Şuşa. Dağılmış bina. Xarabalıq”

“Ağdam. Dağılmış məscid. Xarabalıq”

Barbara Viollet: “Ağdərə. Kənd. 97 faizi hərbçi. Yalnız bu qadın burada yaşayır”.

“Şuşa. Dağılmış məktəb”

“Şuşa. Tək qalmış Gövhər ağa məscidi”

“Ağdam. Bütün evlər dağılıb”

Turist Solovjova: “Kəlbəcər. Burada yalnız təbiət möhtəşəmdir. Amma insan yaşamır. Heç bir maşın da yoxdur. Dəhşətdir”

“Şuşa. Dağılmış realni məktəbi”

Diogo Falmeida :”Ağdam. Yandırılmış kənd. Külə dönüb”

“Şuşa. Xarabalıq. Uçmuş evlər”

“Şuşa. Dağılmış evlər”

“Kəlbəcər. Xarabalıq. Hər yer dağılıb”

“Dağılmış məscid. Qarabağ”

“Şuşa. Qarabağ”

“Şuşa. Dağılmış park”

“Şuşa. Boş qalmış ev”

“Şuşa. Xarabalıq.  Dağılmış evlər”.

Solovjova: “Kəlbəcər. Möhtşəm təbiət. Amma burda insan yaşamır. Dəhşətdir. Xarabalığa çevrilib. Mən ora əsgərlərlə getmişdim”

“Şuşa. Dağılmış, uçmuş evlər, yollar”

“Allaha aparan yol. Qarabağ”

“Ağdam. Dağılmış məscid”

“Kəlbəcər. Buralarda insan yaşamır. Hər yer boş qalıb”

“Zəngilan. Dağılmış evlər”

“Şuşa. Park. Xarabalıq”

“Kəlbəcər. Möhtəşəm təbiət. Amma burada insan yaşamır”

“Şuşa. Qarabağ. Dağılmış binalar. Xarabalıq”

“Şuşa. Xarabalığa çevrilmiş bina”

“Şuşa. Qədim tarix”

Şuşa

                                    Şuşa

Fotoqraf Alex Domenex:”Kabuslar şəhəri Ağdam. Bizi ora bir taksi apardı. Ora “Qafqazın Xirosiması” kimi tanınır və  cəmi beş və ya altı ailə yaşayır. Şəhərdə heç bir elektrik, qaz və ya su yoxdur. Dəhşətdir”

`Şuşanın payızda çəkilmiş son şəkilləri`

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Reportaj

“Elə bil, bizi kimsə yatızdırdı…” – Mələyin öldürüldüyü evdən (XÜSUSİ REPORTAJ – FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Xəbər verdiyimiz kimi, Lənkəranda 5 günlük körpə – Nuriyeva Mələk Şaiq qızı öldürülərək, quyuya atılıb. Darquba kəndində hadisə baş verən gecə, yəni iyulun 29-da evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Nuriyeva Atifə və digər yaxın qohumları olublar.

Anası körpəni yedizdirdikdən sonra yuxuya gedərkən uşaq beşikdən yoxa çıxıb. Sonra körpənin cansız bədəni həyətlərindəki üstü taxta və daşla bağlı olan 5 metrlik su quyusunda aşkar olunub. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində aparılan ekspertiza zamanı ölən körpənin bədənində qıyıq və sancaq dəlikləri müşahidə olunub.

Körpənin bədənində, döş qəfəsinin sol nahiyəsində isə tikiş iynəsi aşkar edilərək, çıxarılıb. Mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, bu ailədə əvvəllər də anormal hadisələr baş verib, körpənin atası Nurullayev Şaiq Muxtar oğlunun gözünə hansısa məxluqlar görünüb. Onun psixi durumunun tam yerində olmadığı bildirilir. Körpənin ölümü ətrafında artıq bir neçə gündür ki, sensasion məlumat yayılır. Bildirilir ki, ailə üzvləri qız uşağı istəmədikləri üçün Mələyi öldürərək, quyuya atıblar.

 HafizTimes.com  məsələni araşdırmaq üçün Lənkəranın Darquba kəndinə yollanıb.

Kənd sakinləri bizimlə söhbətlərində bildirdilər ki, bu hadisə təkcə Darqubanın yox, bütün ölkənin adına ləkə gətirən pis, qəddar əməldir: “Biz kənd sakinləri olaraq, bu hadisəni törədənlərin tezliklə öz cəzalarını alamlarını tələb edirik. Niyə axı bütün ölkə bu kəndi qız uşaqlarının düşməni kimi tanımalıdır? Bizim də evimizdə qız uşaqları böyüyür. Onlar da Allahın bir nemətidir. Bir ailədə törədilən vəhşiyi bütün kəndin adına yazmaq güzgün deyil”.

Sakinlərin sözlərinə görə, Nuriyevlər ailəsi uzun müddətdir ki, kənddə yaşayır: “Ailənin ağsaqqalı yaxşı insandır. Heç kiminlə mübahisəsini eşitməmişik. Hamımız şokdayıq. Qonşuları da polis idarəsinə aparıb, sorğu-sual edirlər”.

– Sizin kənddə hansısa paranormal hadisələr müşahidə olunubmu? Bəziləri məsələni bu tərəfə yönəltmək istəyirlər…

– Biz illərdir ki, bu kənddə yaşayırıq. Heç vaxt elə söz-söhbət eşitməmişik. Nə də ki, heç vaxt cin-şeytan görməmişik. Bunlar sadəcə olaraq, uyğurmadır. Əsas cinayətkarı tapmaq lazımdır. Uşağı özləri öldürüblər, günahı kənd camaatının, cinin-şeytanın boynuna atırlar. Əgər məlum olsa ki, o körpəni ailə üzvlərindən biri öldürüb, bütün kənd camaatı həmin şəxsi daş-qalaq edəcəyik. Bizim kəndimizə elə cinayətkarlar yaşaya bilməz. Onlar kəndin adına ləkə gətirirlər.

…Nuriyevlərin evinin qarşısında bizi ailənin böyüyü, Mələyin babası Muxtar Nuriyev qarşıladı. Çətinliklə də olsa, ailə üzvlərilə həmsöhbət olmağa çalışdıq. Səsləndirilən ifadələri və fikirləri olduğu kimi sizə təqdim edirik:

– Bizi bütün dövlət orqanları sorğu-sual ediblər. Oğlum, həyat yoldaşım, gəlinim hazırda polis idarəsindədirlər. Hələ heç kəsi həbs etməyiblər. Dünən Bakıdan da nümayəndə gəlib, məndən izahat aldı.

– Oğlunuzun psixoloji probemləri varmı?
– Xeyr. Bunların hamısı yalandır.

-Bu zaman ailənin yeznəsi söhbətə müdaxilə edir:

Yıxılan ağacı baltalayarlar. Yalan söhbətlərdir. Amma cin-şeytan kimi söhbətlər doğru ola bilər. Çünki insan qorxan zaman gözünə hər şey görünə bilər.

Ailənin Bakıda yaşayan digər oğlu Camal da söhbətə qoşulur. Onlar da hadisə baş verən vaxt kənddə olublar. Onun həyat yoldaşı da polis idarəsində idi:

– Heç kim hadisə barədə dəqiq heç nə bilmir. Amma internetdə ailəmiz haqqında yalan məlumatlar yayılır. Heç nəyi araşdırmadan, bizə şər atırlar.

Muxtar Nuriyev yenidən söhbətə müdaxilə edir:

– Yalandan yazırlar ki, guya beş nəfər həbs olunub. Hələ heç kəsi həbs etməyiblər. Hazırda araşdırma gedir.

– Sizcə, hadisəni kim törədə bilər?
– Araşdırıb, günahkarı tapacaqlar.

– Doğulan körpə qız uşağı olduğuna görəmi onu öldürüblər?
Şaiqin qardaşı:

– Əgər o uşağı istəməsəydilər, abort etdirərdilər.
Ailənin yeznəsi:
– O uşağın doğulması üçün 7 min manata qədər pul xərcləyiblər. Uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.

– Düşünürsünüz ki, yad bir insan gəlib, sizin evdə nəvənizi öldürüb? Axı yazırlar kı, evinizin dəmir hasraları olduğu üçün yad insan girə bilməz…

– Gördüyünüz kimi, mənim evimin ətrafında heç bir dəmir hasar yoxdur, hər tərəf açıqdır… Yəni evə kənar şəxslər də daxil ola bilər. Kimsə bu evdəki mehribanlığı pozmaq istəyir. Bu hadisə çox da gizli qalmayacaq. Bir müddətən sonra hər şey üzə çıxacaq.

– Muxtar bəy, hadisə törədilən zaman siz harada idiniz?
– Mən izahatımda da qeyd etmişəm ki, hadisə törədilən zaman evdə olmamışam. Axırıncı dəfə evimdən ayın on ikisi çıxmışdım, 31-də qayıtmışam. Evə qayıdanda gördüm ki, həyətimizdə çoxlu insanlar var. Başıma toplaşdılar və olanları danışdılar. Özümü itirdim, təzyiqim qalxdı. Dərman qəbul etidkdən sonra özümə gəldim.

Evin yeznəsi:
– Biz Bakıda yaşayıq. Uşağın imtahanı idi. Xeyli pul xərcləyib, uşağı imtahana hazılaşdırmışdıq. İmtahanı verib, bura gəlmişdik. Heç nədən də xəbərimiz yoxdur. İndi isə hər gün polisə gedib-qayıdırıq.

– Kənddə ədavətdə olduğunuz insanlar varmı?
– Xeyr. Heç kəslə düşmənçiliyimiz yoxdur.

– Bir ata kimi oğlunuza, həyat yoldaşınıza günahkar olub-olmamaları ilə bağlı sual verinizmi?
– Axı kimin ürəyi gələr ki, körpənin başına belə bir oyun açsın?! Günahakarı tezliklə üzə çıxaracaqlar.

Evin digər oğlu Camal:
– Bu ailə çox mehribandır. Mümkün deyil ki, bu ailənin hansısa üzvü belə bir hadisə törətsin. 3-4 gündür ki, istintaq gedir. Mən artıq bu evin üzvlərindən şübhələnmirəm. Polisdən tələb edirəm ki, günahkarı tapsın.

– Kimdən şübhələnirsiniz?
Evin böyüyü Muxtar bəy:

– Mən bu kənddə heç kimdən şübhələnmirəm. Kiminsə xətrinə dəyə bilmərəm.

– O biri nəvənizə, yəni oğlunuz Şaiqin digər qızına münasibətiniz necədir?
– Yaxşıdır. Bu il nəvəm məktəbə gedəcək.

Söhbət edə-edə hadisə baş verən quyunun ətrafına yaxınlaşırıq.

– Bu iki daş nə vaxtdan quyunun üzərindədir? Bəs deyirlər ki, daşlar ağırdır və qadınların onu götürməyə gücü çatmaz?!..
– Lap əvvəldən bu daşları quyunun üstünə qoyurduq. Həyətdə körpə uşaqlar gəzir. Uşaqlar quyuya düşməsinlər deyə, ağzını bağlayıb bu iki daşı da üzərinə qoymuşuq. Mən hadisədən sonra bu quyuya yaxınlaşa bilmirəm. Ürəyim ağrıyıq, qəribə hisslər keçirirəm…

Evin digər oğlu Camal:
– İnternetdə yazıblar ki, guya qardaşım içkili olub və belə bir hadisəni törədib. Qardaşım Şaiq nə içki içir, nə də siqaret çəkir. Məni də qoymurdu.
Ekspert guya uşağı yarıb və bədənində iynə izləri aşkar edib. Niyə axı qandan, əl izlərindən götürülən nümunələri açıqlamırlar? Biz tələb edirik ki, günahkar tapılsın.

– Niyə axı məhz uşağın atasının ağlına gəlib ki, Mələk quyunun içindədir?
– Bu fikir uşağın atasının ağlına gəlməyib. 3 saata yaxın axtarış aparıblar. Birdən qonşu deyib ki, gedin, bir quyunun içinə də baxın…

– O qonşudan şübhələnirsinizmi?
– O da ifadə vermək üçün polis idarəsinə aparılıb.

– Bəs uşağın anası nə deyir?
– Gəlin də ağlayaraq, uşağını öldürənin tapılmasını istəyir. Onu da hər gün polisə aparırlar.

Bu zaman evin qızları – yəni körpə Mələyin bibiləri də söhbətə qoşulurlar.

– Bu kənddə qız uşaqlarına qarşı qəddar münasibət varmı?
– Biz də bu kəndin qızlarıyıq. Bura çox gözəl, qədim kənddir. Qızları da əxlaqlıdırlar. Heç bir pis münasibət yoxdur.

– Evin gəlinini qız doğduğuna görə incitmirdiniz ki?
-Anamız Arifə gəlinı qarşı çox yaxşıdır. Anamın uşaq üçün ürəyi gedir. Bütün kənd bu söhbətlərdən şoka düşüb. Görürüsünüz, həyətdə nə qədər qız uşağı var? Mənim bir qızım, bir oğlum var. Bacımın iki qızı var. Şaiqin də bir qızı var. Hamısını da çox istəyirik. Qız uşağı da Allahın bir payıdır. Qız uşağını axı necə istəməmək olar? Qardaşımız Şaiq elə bir qızı ilə nəfəs alırdı. Anamız bütün nəvələrinə qarşı yaxşı olub. Bu hadisə isə isə sirrlərlə doludur. Nə qədər düşünsək də, heç kimdən şübhələnə bilmirik.

– Uşaq sağlam idimi?
– Çox gözəl, sağlam uşaq idi. Adı kimi özü də Mələk idi. Onu quyuya atanın, ürəyinə iynə batıranın Allah ürəyinə od salsın.

Uşağın anası Valiyə Nuriyeva da bizimlə söhbətində heç kimdən şübhələnə bilmədiklərini dedi:
– Bütün ailə üzvlərimizi uşağı öldürməkdə ittiham edirlər. İnternetdə ən çox qeyd edirlər ki, ata, ana və qaynana günahkar ola bilər. Qayınanam mənə ana kimidir. Bütün varını, pulunu mənə xərcləyib. Heç kəs evində oturub, fikir söyləməsin. Kəndi də araşdırsınlar. Həkimlərimdən də soruşa bilərlər. Məni bütün həkimlərə qayınanam aparıb. Həkimlərə yalvarırdı ki, bətimidə olan uşağı yaşatsınlar.
(Valiyə Nuriyeva xəstəxanda olması ilə bağlı xeyli sayda sənədləri bizə təqdim etdi.)

– Həyat yoldaşınızdan şübhələnirsinizmi?

– Ata balasını öldürə bilməz. Biz onunla üç il nişanlı qalmışıq. Yeddi ildir evliyik. Sevərək ailə həyatı qurmuşuq. Axı necə ola bilər ki, o, uşağımızı öldürsün?

– Sizdən də şübhələnənlər var… 
– Ana öz uşağını necə öldürə bilər?! Onu zülmlə dünyaya gətirmişdim. Övlada bir şey olanda ananın canı yanır. Həkim demişdi ki, hamiləlik zamanı çox tərpənmə. Qarnımı əlimlə tuta-tuta güclə gəzirdim ki, uşağa heç nə olmasın…

– Bəs bu uşağı kim öldürə bilərdi?
– Mən ailənin üzvlərindən şübhələnmirəm.

– Niyə? Bəlkə sizi qorxudurlar?
– Ona görə ki, biz bir ailəyik. Hamımız sevinə-sevinə, dəm-dəsgahla uşağımı xəstəxanadan evə gətirdik. Mənim qaynanam xalamdır. Həyat yoldaşım da xalam oğludur. Yad deyillər ki…

– Uşağınız yanınızda ola-ola ona kim iynə batıra bilərdi?
– Uşağa iynə batırılanda ən azından səs çıxarar, ağlayardı. Ya da bunu kimsə düşməncəsinə həyətdə edib, sonra da quyuya atıb. Amma evin içində bunu etmək qeyri-mümkündür.

– Həyat yoldaşınız qız uşaqları dünyaya gətirtdiyinizə görə sizə heç təzyiq edirdimi?
– Xeyr. Uşağın 3 ayında qız olduğunu öyrənmişdik. Problemim olmuşdu. Müalicəm üçün xeyli pullar xərclədi. Uşağımı sevinə-sevinə dünyaya gətirmişəm.

– Qaynınızın yoldaşını da polis idarəsinə aparıblar. Ondan şübhələnirsinizmi?
– O, mənim bacımdır. Mənim qulluğumda dururdu. Hər işimdə kömək edirdi. Mən onun yolunda başımı qoyaram. O, heç vax mənim uşağımı öldürə bilməz.

– Həyat yoldaşınız ruhi xəstə deyil ki?
– Xeyr. Bu haqda yazılanlar yalandır. Əgər həyat yoldaşım ruhi xəstə idisə, bu illər ərzində mən necə bunu görməyə bilərdim?

Valiyə Nuriyevanın anası, yəni körpə Mələyin nənəsi Nüşabə xanım Dağıstanda imiş, bir həftəliyə gəlib ki, qızının yanında olsun:

– Sevinclə gəlmişdim. Nəvəm üçün xonça da bəzəyib, gətimişəm. Uşağın adını da mən Mələk qoymuşam. O, Allahın bir Mələyi idi. Özü də Mələk kimi bir uşaq idi. Qızım birinci uşağını dünyaya gətirən zaman mən onun yanında ola bilməmişdim. Bu dəfə isə mənə zəng vurmuşdu ki, ana, əməliyyata gedirəm, gəl, yanımda ol. Biz bacımla, yəni qızımın qayınansı ilə həmişə yaxşı münasibətdə olmuşuq. Onu çox istəmişəm və qızımı da onlara gəlin vermişəm. O, mənim böyük bacımdır.

– Həmin gecə nə baş vermişdi?
– Elə bil, bizi kimsə yatızdırdı. İki gecə bacımla birlikdə balamın yanında yatmışıq. 3-cü gecə, yəni hadisə baş verən axşam bacımla qapı-qapıya yatmışıq. Yəni bu otaqda mən, o birisində isə bacım yatıb. Bacımın da, mənim də yatdığımız otaqların pəncərəsi açıq olub. (Açıq pəncərələri bizə göstərir və oradan kiminsə içəri daxil ola biləcəyinə eyham vurur.)

Elə istəyirdim ki, oyanım, amma oyana bilmirdim. Sanki sərxoş kimi idim. Gecə saat 2-3 arasında durduq, uşağa ana südü verdik. Yedirib, “kolyaska”ya qoyduq. Yatdım və bir də səhər 6 tamamda oyandım. Birdən evin gəlini yanıma gəldi və soruşdu ki, uşaq hanı? Gördüm ki, uşaq yoxdur. Dedim, bəlkə o biri nənəsi uşağı yanına aparıb. Getdik gördük ki, uşaq orada da yoxdur. Həyətə düşüb, evin hər tərəfini gəzdik. Elə bir yer qalmadı ki, baxmayaq. Birdən səs eşidik ki, qonşu gəlin quyunun ağzını açıb, qışqırır. Gedib gördük ki, uşaq quyunun içindədir.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Reportaj

Salyandakı ailə qətliamının sirri: Qatil ata öz qızlarına şər atıb (XÜSUSİ REPORTAJ – FOTOLAR) 

Yayımlandı

da

Tərəfindən

Fərhad Əliyev və oğlunun qandonduran əməlləri

Salyanda törədilən ailə qətliamı eşidənləri dəhşətə gətirir. 3 il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehparə Əliyeva və 4 qızı – İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. İçki aludəçisi olan Fərhad Əliyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşını və 4 qızınını öldürərək onları yaşadıqları evdə basdırıb.Qatil ataya bu işdə oğlu Fəqan Əliyevin kömək etdiyi bildirilir. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib, barələrində həbs qətimkan tədbiri seçilib.

Ölkə gündəmini silkələyən qətl hadisəsi günlərdir müzakirə predmetinə çevrilib. Ortaya hamının cavabını maraqlı gözlədiyi ciddi suallar çıxır: Ata doğma balalarını niyə qətlə yetirib? Qanlı cinayət 3 il ərzində necə gizlədilib?  HafizTimes.com bu suallara cavab tapmaq, qətlin gerçək səbəbini araşdırmaq üçün Salyana yollanıb. Jurnalist Hafiz Əhmədov mərhum Mehparə Əliyevanın ata evinə gedərək, qohumları ilə həmsöhbət olub. Mərhumun yaxınları onun acınacaqlı həyatından, faciəvi ölümünün səbəblərindən danışıblar.

– Fərhad Əliyevlə Mehbarə xanım sevərək evləniblər? 

Mehparə Əliyevanın bibisi qızı Həsənova Qəmərxanım: Fərhadın bacısı dayımın qonşusu idi. Mehparəni orada görüb bəyəniblər. Sonra qızı qaçırıblar. Fərhaddan xoşumuz gəlmirdi. Onun avara olduğunu bilirdik. Buna görə onların evlərinə getmirdik.

-Fərhadın içki aludəçisi olduğu deyilir. O, işləmirdi? Evi kim dolandırırdı bəs?

– Fəhləlik edirdi. Yalnız öz qarnını güdürdü. Qazandığı pula özü üçün yemək və içki alırdı. Təsəvvür edin, Fərhad evdə tək oturub yemək yeyirdi, qızları o biri otaqda acından ağlayırdılar. O, ancaq özünü fikirləşirdi. Qızlarının ac olması onun vecinə də deyildi.

Qızlardan biri deyib ki, “ata, bizə yemək al, acıq”. Fərhad cavab verib ki, “siz belə yaşamalısınız, özünüz işləyin, yemək alın”. Bu sözləri ata öz doğma qızlarına deyib.

Mehparə çox sakit qadın idi. Çarəsizlikdən üzüm sahəsində günü 5 manata işləyirdi. Uşaqlar evdə gözləyirdilər ki, anaları işdən gəlsin, onlar üçün yemək alsın. Çox çətinliklə dolanırdılar.

Hərdən Mehparə atasının evinə gəlirdi. O, heç vaxt evindəki problemlərdən danışmırdı. Biz gücümüz çatdığı qədər ona kömək etməyə çalışırdıq.

– Hadisədən öncə həyat yoldaşı ilə münasibətləri necə idi?

M.Əliyevanın qohumlarının sözlərinə görə, onların evləri dava-dalaşlı olub. Fərhad həyat yoldaşını, qızlarını tez-tez döyürmüş:

– Mehparə ailə sirini heç kimə verməzdi. Amma ərinin qohumları bizə deyirdilər ki, onun günü qaradır. Mehparədən soruşurduq ki, Fərhad səni incidir? Deyirdi, narahat olmayın. Qardaşlarına da bildirmirdi ki, Fərhad onu döyür, işgəncə verir. Əri içki aludəçisi idi, Mehparəyə deyirdi, get, işlə araq al. Fərhad bir dəfə qızını elə döymüşdü ki, qızın başı ağır zədə almışdı.

-Fərhad öz ailəsinə qarşı niyə bu qədər qəddar idi? 

– O, uşaqlarının hamısına qarşı qəddar olub. Görün, nə qədər manyak adam olub ki, doğma qızlarının boğazını kəsib öldürüb. Oğlu Fəqan da atasına kömək edib. Onlar Mehparə və qızlarını biryerdə öldürüblər.

– Sizcə, belə dəhşətli qətlə nə səbəb ola bilər?

– Fərhad bütün günü içki içirdi. Mehparəni döyürdü ki, işləsin, ona araq alsın. Fərhad Mehparənin cehizlərini satmışdı. Evlərində heç nə yox idi. Mehparə qorxusundan səsini çıxarmırdı. Fərhadın hər dediyini edirdi ki, evdə dava olmasın. Onların evlərində hamam yox idi, qızlar evdə çimirdilər. Bax, belə həyat yaşayıblar.

Qızları İradə və Sevda müəllim yanına getmədən ali məktəbə qəbul olmuşdular. Pulları olmadığı üçün oxuya bilmədilər. Fərhad onları oxumağa qoymurdu. Deyirdi, qız oxuya bilməz. Qızlarını işləməyə məcbur edirdi.

Yazıq qızlar geyinməyə paltar tapmırdılar. Biri dərsdən gələn kimi paltarını, ayaqqabısını çıxarıb, o biri bacısına verirdi. Ata olub, qızlarına heç nə etməyib, işgəncə verməkdən başqa. Fərhadın bacılarının, qardaşlarının yaxşı imkanı var. Onlar da Fərhaddan üz döndərmişdilər, kömək etmirdilər.

– M. Əliyevanın qardaşı Elnur Qurbanov: Mən meyitlər yuyulan yerə girdim. Dəhşətə gəldim. Onların ancaq sümükləri qalmışdı. Bacımın başının sümükləri qırılmışdı, çənəsi qopmuşdu. Mehparənin ağzında qızıl dişləri var idi. Fərhad Mehparəni öldürəndən sonra qızıl dişlərini çıxarıb. Qızların hamısının boğazı kəsilib. Birinin bıçaqla boynunun arxasından vurub. Meyitlərin iyindən nəfəs almaq olmurdu. Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Sevdanın sümüklərinin üstündə ət parçaları vardı. Bu, sadəcə dəhşət idi. Bütün meyitlər çürümüşdü, Sevdanın bədəni sanki çürüməmişdi…

– Sizcə, 3 il ərzində cinayətin üstün niyə açılmayıb? 

– Bu barədə polisə məlumat vermişdik. Fərhaddan Mehparə və qızlarının harada olduğunu soruşanda, deyirdi ki, bizi narahat etməyin, ailəmlə işiniz olmasın. Mehparə ilə danışmaq istəyəndə, Fərhad imkan vermirdi. Bakıda işlədiklərini, imkanlı bir ailənin bağ evində qaldıqlarını deyirdi.

M.Əliyevanın qardaşının həyat yoldaşı: Hadisə martın 4-də baş verib. Bizim heç nədən xəbərimiz olmayıb. Novruz bayramı günü xonça bəzəyib Mehparəgilə bayram payı aparırdım. Gördüm ki, evin qapısı bağlıdır, açarın üstündə məktub var. Məktubu açdım. Yazılmışdı ki, “Fərhad, mən səni gözləyirəm, fəhlə işi var, gəl, gedək işləyək”. Məktubu büküb yerinə qoydum. On gün sonra yenidən getdim. Gördüm ki, həmin məktub orda durur. Evdə heç kim yox idi. Fərhadın qohumları dedilər ki, onlar Bakıya köçüblər, orada yaşayırlar.

Fərhad hadisəni törədəndən sonra bir müddət həmin evdə yaşayıb. Eşitdiyimizə görə, Fərhad evdə olan qızılları satıb, özünə araq, yemək alıb. Rayona gələndə, isə arvad-uşağının Bakıda olduğunu deyib.– Beş nəfəri eyni vaxtda öldürmək fikizi cəhətdən asan deyil. Sizcə, Fərhad həyat yoldaşını və qızlarını tək öldürə bilər?

– Fərhad hadisəni tək törətməyib, oğlu ilə birlikdə edib. Fərhad qızlarının və arvadının başını kəsdikdən sonra aynabəndin sağ tərəfində olan otağın döşəməsinin taxtalarını qaldırıb, torpağı qazıb. Əvvəlcə ananı, sonra böyük qızını, daha sonra digər qızlarını qazdığı quyuya atıb. Meyitlərin üzərlərinə evdəki ədyalı qoyub, sonra topraq töküb.

Bir il altı ay idi ki, Mehparədən xəbər yox idi. Fərhad qohumlarımızdan birinə demişdi ki, Mehparə elə bir adamın yanında işləyir ki, telefon işlətməyə icazə vermir. Dediyinə görə, guya həmin adam Mehparəni qohumlarını görməyə də qoymurmuş. Bu sözü eşidən kimi Mehaprənin qardaşına zəng etdim. Dedim bizə gəlin. Bildirdim ki, Fərhad yalan danışır, Mehparə və qızlarını öldürüblər. Həmin gün polisə şikayət etdik. Məcbur olub, televiziyaya çıxdıq. Həmin gündən sonra Fərhad və oğlu Fəqan Salyana gəlmədi.

M.Əliyevanın qardaşı Elnur Qurbanov: Bir dəfə Fərhadın qardaşı Raisin evinə getdim. Bacımın harada olduğunu soruşdum. Rais Fərhadın onları da saymadığını dedi. Dedim ki, Mehparə sizin də qeyrətinizdir, necə ola bilər ki, harada olduğunu bilmirsiniz?!

– Qohumlarınız mətbuata bildiriblər ki, qətldə Fərhad və oğlu ilə yanaşı başqa şəxslərin də əli var. Kimlərdən şübhələnirsiniz?

– Bacımı və qızlarını Fərhad oğlu ilə birlikdə öldürüb. Başqa kiminsə adını çəkə bilmərəm. Bəlkə, Fərhadın qardaşının də bu işdə əli olub. Fərhad qardaşları ilə bir həyətdə qalırlar. Evlərinin arasında hasar yoxdur. Necə ola bilər ki, belə dəhşətli hadisə olub, onların xəbərləri olmasın! Meyitlərin iyini ola bilməz ki, hiss eləməsinlər.

– Şayiələr yayılıb ki, guya bacınızın hansısa xoşagəlməz hərəkətinə görə, Fərhad onları öldürüb. Bu haqda nə deyə bilərsiniz?

M.Əliyevanın qardaşı: Bacımın heç bir günahı olmayıb. Fərhadın arağına, siqaretinə kimi bacım alırdı. Mehparə günü 5 manata işləyib, ailə saxlayırdı.

Evin böyük qızı İarədə atasının hərəkətlərinə dözə bilmirdi. Fərhad Mehparə işdən gələn kimi 5 manatı əlindən alıb, özünə araq alırdı. Fərhad o qədər insafsız insandır ki, 13 yaşlı Ümidə acından ağlayanda, o yeməyi tək yeyirmiş. Belə ata olar? İradə atasına deyirmiş ki, heç olasa yeməyindən Ümidəyə ver. Onların həyatları əzab içində keçib. Elə gün olub ki, yeməyə çörək tapmayıblar.

Dünən Fərhadın qardaşı Raisin həyat yoldaşı bura gəlmişdi. Bizə dedi ki, Rais Fərhada dedi ki, “get, izahat ver. “Olmasa…!” Bu “olmasa ” sözünün arxasında nə durur? Yəni, mən gedib, polisə hər şeyi deyəcəyəm. Telekanaldan zəng edib, Fərhadın qardaşını sıxışdırıblar ki, məsələni tez açıqlasın.

– Sizcə, Fərhadın qardaşı Raisin cinayətdə əli ola bilər?

– Qətlin törədilməsində əlinin olması ilə bağlı heç nə deyə bilmərik. Amma yüz faiz cinayəti bilib, hamıdan gizlədib. Rais Fərhadla qapı qonşudur. Evlərinin arasında 10 metr məsafə var. Bir toyuğu kəsən zaman hamının xəbəri olur, 5 nəfəri öldürürlər, amma heç kim bilmir?!

– Cinayətin üstü açılandan sona Fərhad hadisəni niyə törətdiyini deyib?

– Vicdansız ata deyib ki, guya böyük qızından şübhələnib. Halbuki, hamı onun qızlarının başına and içirdi. Onlar qeyrətli qızlar olublar. Qardaşı evə gec gələndə, böyük qız səhərə kimi yatmırdı. Özünə haqq qazandırmaq üçün qızlarının üstünə şər atıb. Qızlarını, arvadını qətlə yetirmisən, heç olmasa onların təmiz adını ləkələmə. Əgər Fərhad qeyrətli kişi olsaydı, öldürüb, bizə deyərdi ki, bacınızı bu səbəbdən öldürdüm.

– Siz deyirsiniz ki, Mehparə, qızları işgəncələrə məruz qalıb. Onları niyə Fərhadın əlindən xilas etmirdiniz? Bunu bilə-bilə necə göz yumurdunuz?

– Mehparənin uşaqları böyük idi. O, bu yaşdan sonra ayrıla bilmədiyini deyirdi. Dəfələrlə deyirdik ki, gəl, bizimlə qal. Amma razılaşmırdı. Ailəsini ata bilmirdi.

– Bir məqamı soruşum, siz bildirəndə ki, onlar ölkə sərhədlərindən kənara çıxmayıblar. Bundan sonra polis Fərhadı və oğlunun ifadəsini aldımı?

– Bunu bilən kimi Mehparənin qardaşı polis idarəsinə getdi. Orda bildiriblər ki, Mehparəni və qızlarını hər yerdə axtarıblar, amma tapa bilmirlər. Məcbur olub efirə çıxdıq. Gördük ki, işin üstü açılmır, ona görə Xoşqədəm xanıma müraciət etdik. Üç həftə sonra isə cinayətin üstü açıldı.

Efirdə səslənəndə ki, Mehparə və qızları Türkiyəyə gediblər, bu vaxt Fəqan guya qeyrətə gəlib. Deyib ki, biz qeyrətsiz deyilik ki, ana-bacımız Türkiyəyə getsin. İşin üstü açılandan bir gün əvvəl Fərhadla oğlu kafedə dalaşıblar. Fəqanı polis bölməsinə aparıblar. O, polisə hər şeyi etiraf edib.

– Qızlardan ailə həyatı quran, nişanlı olanı vardı?

– Elə atası olan qıza kim nəzər salardı? Qızın birinə bir dəfə elçi apardım. Elçilərə dedilər ki, anamız ərə gedib nə gün görüb ki, biz də ərə gedək? Analarını çox istəyirdilər, ondan ayrıla bilmirdilər. Hər dəfə onlara kimsə elçi düşəndə, razı olmurdular.

İki il öncə Mehparənin qardaşı Elmana bir qız zəng edib demişdi ki, boş yerə onları axtarmayın, əvvəl bizimlə işləyirdilər, indi başqa yerə gediblər. Sonra mən həmin qıza zəng vurdum. Oğlan götürdü, aqresiv cavab verdi ki, bir də bu nömrəyə zəng edib, narahat etməyin. Məncə, biz efirə çıxandan sonra Fərhad kiməsə zəng elətdirmişdi. Sonradan həmin qızın nömrəsinə zəng çatmadı.

-Bəzən qız övladlarına qarşı kişilərdə aqresiyya olur, istəmirlər qızları olsun. Fərhad bəlkə qızlarını qəbul etmirdi, o səbəbdən onları öldürüb. 

M.Əliyevanın qohumlarının bildirdiyinə görə, Fərhad qızlarına qarşı heç vaxt sevgi ilə yanaşmayıb. Hər fürsətdə onları döyüb, təhqir edib. Oğlu isə onunla eyni xarakterdə olub.

Söhbətimizi başa vuraraq, hadisənin baş verdiyi ünvana üz tutduq. Qətlin törədildiyi həyətin qapıları bağlı idi, ətrafda heç kim gözə dəymirdi. Hasardan həyətə daxil olub, 5 nəfərin vəhşicəsinə öldürüldüyü yerin fotolarını çəkə bildik.

Daha sonra qatil atanın qonşuluqda olan qardaşının evində olduq. Fərhadın qardaşı Raisin oğlu Vüsal Əliyevdən indiyədək bu hadisədən xəbərlərinin olub-olmadığını soruşduq.

V.Əliyev and-aman etdi ki, məlum hadisədən Fərhad və oğlunun həbsindən sonra xəbər tutublar.

– Bir qədər əvvəl həmin evdə olduq. Sizinlə məsafələri çox yaxındır. Necə ola bilər ki, 5 nəfəri qətlə yetirsinlər, sizin bundan xəbəriniz olmasın? 

– Bizim onlarla münasibətimiz olmayıb. Nə biz onlara getmişik, nə onlar bizə gəliblər. Bu həyətdə dörd qardaş yaşayır. Heç kimin Fərhadgillə əlaqəsi olmayıb. Bir müddətdən sonra hiss elədik ki, Mehbarə xala və qızları həyətdə görünmürlər. Fərhad əmimdən soruşdum ki, bəs qızlar hardadı. Dedi ki, arvadı, uşaqları onu atıb, Bakıya gediblər. Bildirdi ki, 3-4 günə biz də şəhərə gedəcəyik. Sonradan əmimlə oğlu da yoxa çıxdı. Biz də fikirləşdik ki, yəqin Bakıda ev tutub, qalırlar. Hadisə nə vaxt olub, necə olub bilmirik. Məlumatımız olsaydı, dərhal polisə deyərdik.

– Sizə gəlməmişdən əvvəl hadisə olan evdə idim. Meyitlərin qoxusu hər yeri bürüyüb. Üç il ərzində bunu hiss etməmisiniz?

– Əvvəllər hiss etməmişik. Quyu açılandan sonra meyitlərin iyi ətrafı bürüyüb.

– Üç il ərzində əminizdən, ya da oğlundan bacılarının harada olduğunu soruşmusunuzmu? Çünki Mehparə Əliyevanın qohumları onları axtarışa vermişdilər.

– Fəqan il yarım əvvəl gəlmişdi. Ondan soruşdum ki, bacıların haradadır. Bakıda olduqlarını, işlədiklərini dedi. Hətta bildirdi ki, şəhərdə torpaq alıb, ev tikirlər.

– Əminiz cinayətin üstü açılandan sonra deyib ki, guya qeyrətini təmziləmək üçün öz ailəsini öldürüb. 

– Yalan danışır, şər atır. Mehparə xala da, qızları da kişi qeyrətli olublar. Onların indiyədək bir səhv hərəkətlərini görməmişik. Əmim özünə haqq qazandırmaq üçün şər atır, ona inanmayın. Fərhadın necə insan olduğunu hamı yaxşı tanıyır. O, araqdan ötrü hər şey edərdi. Oğlu da özü kimi avara, səfehin biri olub. Bütün günü içib, evdə dava salıblar.

V.Əliyevlə söhbətləşdikdən sonra Mehparə Əliyevanın qonşuları ilə görüşdük. Onlar nələrin baş verdiyi hələ anlaya bilmədiklərini deyirlər.

– Biz onların necə namuslu insan olduğunu bilirik. Buna zərrə qədər şübhəmiz yoxdur. Mehparə uşaqlarını zülümlə böyüdüb. Fərhadın belə amansız olacağını gözləmirdik. Heyf, günahsız insanların həyatları məhv oldu. Fərhada, oğluna ən ağır cəza verilməlidir. Allah onların bəlalarını verəcək. Fərhad və oğlu Fəqan bu üç il ərzində özlərini təmkinli aparırdılar, evə gecə saatılarında gəlirdilər. Onların haradan gəlib-hara getdiklərindən xəbərimiz olmurdu. Onların evi ilə Kür çayının arasında 15 metr məsafə yoxdur. Ola bilsin, Kür çayı cəsədlərin qoxusunu özünə çəkib.

Sakinlərlə söhbətimiz zamanı aydın oldu ki, zəhmətkeş ana və 4 məsum qızı heç bir səbəb olmadan, günahsız yerə öldürülüb. Şübhə yox ki, Fərhad və oğlu Fəqan tutduqları əmələ görə ən ağır cəzaya məhkum ediləcək.

Jurnalist: Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar