Bizimlə əlaqə

Müsahibə

Əsir düşməmək üçün özlərini partlatdılar – Kəşfiyyatçının dəhşətli xatirələri (VİDEO)

Yayımlandı

da

Birdən “Allahu Əkbər” sözünü eşitdim. Partlayış oldu. Gördüm ki, hərbçi yoldaşımın qabırğaları dağılıb, ağrıdan inildəyirdi. Kəlmeyi-şəhadəti deyib, gözlərimi yumdum…

1976-cı ildə Zaqatalada anadan olan Əhmədov Aqil Mürsəl oğlu keçmiş kəşfiyyatçıdır. 1997-ci ildə kəşfiyyat tapşırığını yerinə yetirərkən ağır yaralan A.Əhmədov 2 ilə yaxın erməni əsirliyinə olub.20 il əvvəl aprel ayının 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıdıb. Lakin düşmən tərəfindən ikinci qrup mühasirəyə düşüb və təslim olmalarını söyləyiblər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb.

 

Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olub. A.Əhmədov həmin qrupdan sağ qalan yeganə kəşfiyyatçıdır.

O, ağır yaralanaraq huşsuz vəziyyətdə düşmənə əsir düşüb. Qondarma erməni məhkəməsi tərəfindən A. Əhmədovun barəsində güllələnmə hökmü çıxarılıb. Uzun sürən danışıqlardan sonra 1999-cu ildə Aqili dəyişmək mümkün olub.

Keçmiş kəşfiyyatçı Aqil Əhmədov Hafiztimes.com -a videomüsahibəsində 7 hərbçi yoldaşının şəhid olduğu kəşfiyyat əməliyyatından, dözülməz əsirlik həyatından danışıb.

Jurnalist: Hafiz Əhmədov

Reklam
Şərh yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müsahibə

“Təqaüd vermədilər, qoca vaxtında iş axtarırdı” – Milyonçu Tağıyevin Türkiyədəki nəticələri (EKSKLÜZİV+FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyevin nəticələri hazırda Türkiyədə yaşayırlar.

Əbdürrəhman Tağıyev (Abdurrahman Taki)Hacı Zeynalabdin Tağıyevin nəvəsidir.  H. Z. Tağıyevin birinci həyat yoldaşı Zeynəb xanımdan olan övladı İsmayıl Tağıyevin oğludur. 1899-cu ildə Bakı şəhərində anadan olub. Bakı gimnaziyasını bitirib. 1926-cı ildə İstanbul Texniki Universitetinin inşaat fakültəsinin məzunu olub.  Həmin illərdə bolşevik hökumətinin Tağıyevlər ailəsinə qarşı olan təzyiqlər səbəbi ilə ölkəyə geri qayıtmayıb. 1926-cı ildə Türkiyədə əmək fəaliyyətinə başlayıb. O, tanınmış bir inşaat mühəndisi olub.  Türkiyə İnşaat Mühəndisləri Birliyinə üzv seçilib. Faika Onat adlı xanımla ailə həyatı qurub. 1932-ci ildə Suna adlı bir qızı dünyaya gəlib. Suna xanımın həyat yoldaşı 1983-1986-cı illərdə Türkiyənin Dövlət naziri vəzifəsini icra etmiş Prof. Dr.Mehmet Nimet Özdaşdır. Əbdürrəhman Tağıyev 1983-cü ildə İstanbul şəhərimdə vəfat edib. Qızı Sona Özdaş 2011-ci ildə, kürəkəni Mehmet Nimet Özdaş 2014-cü ildə vəfat edib. Mehmet və Orxan Özdaş adlı övladları var.

HafizTimes.com uzun müddət davam edən axtarışdan sonra Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq məşhur azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabidin Tağıyevin Türkiyədə yaşayan varisləri Mehmet və Orxan Özdaş qardaşlarını tapıb, həmsöhbət olmağa çalışıb.  Eksklüziv müsahibə zamanı Mehmet və Orxan Özdaş qardaşları ailələri ilə bağlı uzun illərdir ki, gizli qalmış məqamlara aydınlıq gətirib, Bakı, Azərbaycanla bağlı fikir və duyğularını ifadə ediblər. Qeyd edək ki, Özdaş qardaşları Hacı Zeynalabidin Tağıyevin Türkiyədəki varislərinin şəxsi fotolarını da özəl olaraq HafizTimes.com-a təqdim ediblər:

Mehmet Özdaş: “1957-ci ildə İstanbulda dünyaya göz açmışam. Atam NATO-da çalışdığına görə mən liseyi Belçikada bitirdim. Daha sonra isə Türkiyədə prestijli universitetlərdən biri olan Boğaziçi Universitetinin Elektrik mühəndisliyi fakültəsinin məzunu oldum. İstanbul Universitetində “İşlətmə” ixtisası üzrə magistr təhsili aldım. Beynəlxalq inşaat sektorunda əsas yer tutan firmalardan biri olan ENKA-da uzun illər çalışdım. Bundan sonra isə həyatım uşaqlıqdan bəri həvəs göstərdiyim dəniz və yelkən sahəsinə yönəldi. İstanbuldan Egeyə köçdükdən sonra yelkən idman növü ilə məşğul olmağa başladım. Yelkən idarə etməyə əvvəllər hobbi kimi yanaşırdım. Daha sonralar isə professional şəkildə məşğul olmağa başladım. Hələ də davam edirəm. Yelkənlə Ege, Ağdəniz, Qırmızı dəniz və Atlantik okeana  səfərlər etmişəm. İstanbul və Ağdəniz arasında bir həyat yaşayıram.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailəni təsvir edərsiniz…

İstanbulun dənizlə daha çox iç-içə olduğu zamanlarda babam Əbdürrəhman Tağıyev və nənəmlə bir-birinə bidişik olan evlərdə yaşayırdıq. Nəticədə onları daha yaxından tanımaq şansına sahib oldum.  Təhsilə, fərdi inkişafa, elmə, sənətə meyilli, uşaqlarının fərdiliyini dəstəkləyən, Atatürk Türkiyəsinin müasir, dünyəvi və mütərəqqi dəyərləri ilə əhatələnmiş bir ailədə böyüdüm. Demokratik, səyahəti sevən, kitabxanası kitablarla dolu, idmanı sevən,  dostlarla əhatəli bir ailəm vardı. Həyatımın formalaşmasında bunların rolu çox böyükdür.

-Tağıyev (Taki) ailəsini sizin dilinizdən eşitmək, öyrənmək istərik. Onlarla birlikdə keçirdiyiniz illəri necə xatırlayırsınız?

– Tağıyev (Taki) ailəsindən olan babam Əbdürrəhman Tağıyev mənim üçün örnək bir insandır. Həm elmə, həm də sənətə çox meyilli idi. O, hər zaman bu iki mövzu üzərində çalışırdı. Hesab edirəm ki, lap uşaqlıqdan bəri aldığı təhsil onun bu qədər mükəmməl, hərtərəfli bir şəxsiyyət kimi yetişməsinə səbəb olub. Rəsimlər çəkən, bağçasına qulluq edən, idmana, bağçılığa meyilli, ensiklopedik biliyə sahib və 5 dil bilən bir inşaat mühəndisi idi. Onlarla birlikdə keçirdiyim illəri sevgi və həsrətlə xatırlayıram. Və hər zaman qəlbimdə yaşadacağam.

-Hacı Zeynalabidin Tağıyevin, Əbdürrəhman Takinin nəvəsi olmaq necə bir hissdir?

– Zaman keçdikcə Hacı Zeynalabidin Tağıyev haqqında daha çox bilmək şansına sahib oldum. Onun nə dərəcədə uzaqgörən və vətənpərvər olduğunu öyrəndim. Bu mənim üçün böyük bir qürurdur. Və hər zaman onlarla qürur duyucağam.

-Ailənizlə bağlı heç vaxt unutmadığınız bir xatirəni bizimlə bölüşərsiniz…

-Bir neçə dəfə başıma gələn və hər zaman qürur duyduğum, həyəcanlandığım bir hadisəni sizinlə bölüşmək istəyirəm. Bəzən Azərbaycandan olan insanlarla qarşılaşıram, həmsöhbət oluruq. Hacı Zeynalabidin Tağıyevin nəvəsi olduğumu bilən zaman əvvəllcə çox təccüblənirlər. Deyirlər: “Babanızla nə qədər çox qürur duysanız azdır. O, bizim ölkəmizin milli dəyəridir”. Əsrlər sonra da xatırlanan bir babaya sahib olmaq böyük qürurdur. Həmin anlar mənim üçün unudulmazdır.

Əbdürrəhman Tağıyev – Uşaqlıq illəri

-Babanız Əbdürrəhman Taki və ananız mərhum Suna Taki Özdaş sizə ailəniz, keçmişinizlə bağlı nələr danışardılar? 

 -Anam və babam Hacı Zeynalabidin Tağıyevlə qürur duyardılar və onun vətənpərvərliyindən, xalqı üçün həyata keçirdiyi uğurlu işlərdən danışardılar. Onlar Tağıyevin Türkiyədə də tanınması üçün buradakı insanlara, akademiklərə çoxlu məlumatlar verirdilər.

Əbdürrəhman Tağıyev iş yoldaşları ilə birlikdə

-Hacı Zeynalabidin Tağıyev və övladları barəsində nələr bilirsiniz? 

-Anam Azərbaycana bir dəfə səfər etmişdi. Orda olan zaman qohumları ilə görüşüb, söhbətləşib. Bizə həmişə bu barədə danışardı…

-Babanız Əbdürrəhman Tağıyev necə bir insan idi? Necə bir həyat yaşadı? Ailəsiylə bağlı sizə nələr danışardı?

– Babam çox gənc yaşlarında İngiltərəyə səfər edəcəkmiş.Bu səfər ərəfəsində Rusiya inqilabına görə İstanbulda qalmalı olur. Bundan sonra o, bir daha heç vaxt Azərbaycana qayıtmayıb. İstanbul Texnik Universitetinin İnşaat mühəndisi ixtisası üzrə məzunu olub. Daha sonra Türkiyənin müxtəlif bölgələrində çalışıb. O, özünü son dərəcə mükəmməl formada yetişdirib. Elm, bilik, sənətdən tutmuş, idmana qədər bütün sahələrlə məşğul olub. Xeyirxah, mehriban, insanlarla yaxşı münasibət qurmağı bacaran bir insan idi.

Ə. Tağıyevin ailəsi, nəvələri

Onun həyatı Azərbaycanın çox zəngin bir ailəsinin övladı olaraq başladı. Amma, təəssüf ki, Türkiyədə babamın həyatı elə də rahat davam etmədi. Anadolunun müxtəlif yerlərində tikintidə çalışdı. Amma heç vaxt həyatından şikayətlənmədi. Babam həmişə deyərdi ki, əsas maddiyat deyil, əsas şəxsi bilikləri artırmaq və yaxşı savada malik olmaqdır.

Təəssüf ki, təqaüdə çıxanda qanundakı dəyişiklik səbəbindən babamın təqaüdü etibarlı sayılmadı. Ona deyiblər ki, bir müddət yenidən çalışmalıdır. Həmin vaxt isə babam təqaüd alacağına inandığı üçün işdən çıxmışdı. Nəticədə o, yenidən iş tapmaq üçün çox çətinliklər çəkdi. Bir dövlət layihəsi üçün isveç dilində  tərcüməçi axtarılması barədə xəbər eşitdi. Çox qısa bir zamanda isveç dilini öyrəndi və bu vəzifəyə təyin olundu. Hesab edirəm ki, bu dediklərim babamın şəxsiyyəti ilə bağlı sizə olduqca geniş məlumat verir…

Əbdürrəhman Takinin nəvələri

-Əbdürrəhman Takinin qızı, ananız mərhum Suna Taki Özdaş haqqında məlumat verərsiniz…

-Anam çox aktiv bir insan idi. Həmyaşıdlarından fərqli olaraq zamanı qabaqlayırdı. Çox sosial, həyat dolu, həvəsli, hər zaman öyrənən, daimi özünü təkmilləşdirən, şən və səmimi bir insan idi. Ömrünün bir hissəsini Amerika və Belçikada keçirdi. İngilis və fransız dillərini bilirdi. Ömrünün son 10 ilini xəstəliklərlə mübarizdə keçirsə də, son dərəcə həyata bağlı idi.

Əbdürrəhman Takinin nəvəsi Orhan Özdaş

-Bəs ananız heç Azərbaycana gəldimi? 

-Anam Azərbaycana getmişdi. Oradakı qohumlarımızla əlaqə qurub. Babası Hacı Zeynalabidin Tağıyevin gördüyü işlər ilə yerindəcə tanış olan zaman çox təsirlənib, qürur duyub. Həmişə bu barədə bizə danışardı.

-Atanız mərhum Prof. Dr. Mehmet Nimet Özdaşın Türkiyənin tarixindəki rolunu necə dəyərləndirirsiniz?

-Atam Türkiyənin də elmdə inkişaf etmiş ölkələr səviyyəsinə gəlməsini özü üçün hədəf seçmişdi. Bu məqsədlə o, Türkiyə Elmi Araşdırma Təşkilatı (TÜBİTAK) və ona bağlı Mərmərə Araşdırma İnsititutlarının qurulmasına rəhbərlik edib. Daha sonra elm sahəsini Türkiyədə inkişaf etdirəcək, elm siyasətinin qurulduğu “1983-2003 Türkiyə Elm Siyasəti Belgesi”nin yaradılması üçün əsas vəzifəni öz öhdəsinə götürüb. Bununla yanaşı, Türkiyənin o vaxtkı “siyasi konjonktürü” həmin layihənin tətbiqinə icazə verməyib. Nəticədə bu gün Türkiyənin elmdəki səviyyəsi atamın həyata keçirəcəklərindən çox uzaqdır…

Orhan Özdaşın qızı Damla və oğlu Əli

-Babanız Əbdürrəhman Taki öz atası İsmayıl Tağıyevlə bağlı sizə nələrsə danışdı?

-Xüsusi bir məqam xatırlamıram.

-Sizin üçün Hacı Zeynalabidin Tağıyev kimdir?

-Azərbaycanın yetişdirdiyi böyük bir vətənpərvər, xeyriyyəçi ! O, bizim üçün qürur mənbəyi olan bir şəxsiyyətdir.

-Siz Azərbaycana, Bakıya heç gəldinizmi? Azərbaycan sizin üçün nə məna ifadə edir?

-Çox təəssüflə qeyd edirəm ki, bu günə qədər heç Azərbaycana gedə bilmədim. Ancaq anam və mənim danışdıqlarımdan təsirlənən həyat yoldaşım Bakıya getmişdi. Bakını çox sevib. Planımızda var ki, yaxın vaxtlarda Bakını ziyarət edək.

Aslıhan Karay və həyat yoldaşı Mehmet Özdaş

-Türkiyənin məşhur yazarı, jurnalist Refik Halid Karayın nəvəsi, həyat yoldaşınız Aslıhan Karay Özdaş Bakı səfərindən necə təəssüratla qayıdıb? Sizə Bakı haqqında nələr danışdı?

– Tağıyevlərin gəlini olduğunu söylədiyi zaman muzeydəki işçilər ona xüsusi münasibət göstəriblər. Onu sevgi ilə qucaqlayıblar. Muzeydəki pianolar, rəsimlər sənəti sevən həyat yoldaşımı heyran edib. O, həmin binanın gözəlliyi, zərif əzəməti, H.Z. Tağıyevin həyat hekayəsi ilə məst olaraq Türkiyəyə qayıtmışdı…

– Qardaşınız Orhan Özdaş barədə bilmək istərik. O hansı işlə məşğul olur?

-Mən təqaüdçü mühəndis kimi vaxtımın çox hissəsini dənizlərdə keçirirəm. Qardaşım Orhanın isə dəniz elektronikası ilə bağlı bir şirkəti var.

-Sonda Azərbaycanda sizin ailənizi sevənlərə nə söyləmək istərsiniz?

– Hacı Zeynalabdin Tağıyevin nəvələrindən biri olaraq Türkiyədə tez-tez ondan bəhs edirik,  onu nümunə kimi təqdim edirik. Ən qısa zamanda Bakıya gəlmək, həm qohumlarımızla, həm də bizi sevənlərlə görüşmək istəyirik. Sevgi və hörmətimizi ifadə edirik.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Azərbaycanı görmək istəyərik” – Əfsanəvi ÇE GEVARANIN həkim qızı, nəvələri (EKSKLÜZİV + FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

 “Uzun illər tibb sahəsində çalışsam da uşaqlar mənə deyirlər ki “Siz Çenin qızısınız. Buna görə də yaxşısınız”

“Babam da, anam da həkim olub. Mən də onların yolunu davam etdirirəm”

Ernesto Çe Gevara – Kuba azadlıq inqilabının simvolu, XX əsrin əfsanəsi, inqilabçı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1924-cü il iyunun 14-də Argentinanın Rosario şəhərciyində dünyaya göz açıb. Valideynləri ona Ernesto Gevara de la Serna adını veriblər.  Lakin o, tarixə, sadəcə, “Çe” təxəllüsü ilə düşüb. Adındakı “Çe” hissəciyi argentinalılar üçün xarakterik müraciət forması olub, “yoldaş”, “dost” mənalarında işlənir. İxtisasca həkim olan Ernesto Çe Gevara Latın Amerikası xalqlarının azadlığı uğrunda mübarizənin simvoludur. 1959-cu ildə Fidel Kastro ilə Kubada inqilabın qələbəsinə nail olan Çe Gevara mübarizəni davam etdirmək qərarına gəlib. 1967-ci ildə o, Boliviya ordusunun dəstələri tərəfindən ələ keçirilib. 1967-ci il oktyabrın 9-da güllələnib.

Çox kiçik yaşlarından astma xəstəsi olan Çe Gevara həmişə “sən xəstəsən bacarmazsan” deyilən şeyləri mütləq bacardığını sübut edib. Ernesto uşaqlıq illərindən etirazçı ruha sahib olub.  Həmişə astma xəstəliyindən xilas olmağın yollarını axtarıb. O, digər insanları da xəstəliklərdən xilas edə bilmək üçün həkim olmağı seçib. 1948-ci ildə dünyanın ən yaxşı 300 universiteti arasında yer alan “Bueonos Aires” Universitetinin Tibb fakültəsinə daxil olub. Səyahət etməyi çox sevib. Səfalət, xəstəlik içərisində yaşayan Latın Amerikalıların tək qurtuluş yolunun inqilab olduğuna inanıb. Sosial-bərabərsizlikdən marksist nəzəriyyə və sosializm sayəsində qurtuluş olacağına inanıb.

Çe Gevara xanımı Aleyda Març və uşaqları ilə birlikdə

İki dəfə ailə həyatı qurub. 1955-ci il 18 avqustda Hilda Gadea ilə evlənib. Bu evlilikdən 1956-ci ildə Hilda Beatriz adlı qız övladları dünyaya gəlib. İnqilabdan sonra Çe Gevara Aleyda Març (Çenin ikinci həyat yoldaşı) adında bir qadını sevdiyini açıqlayıb. Aleyda Març öz kitabında yazır: “Çe məni ilk görəndə agent olduğumu düşünmüşdü, ancaq bir gün gəldi mənə dedi ki “maşına min, döyüşə gedirik” bundan sonra o  maşından bir də düşmədim”. Çenin Aleyda Marçla sevgi münsibətindən xəbər tutan Hilda Gadea Kubaya gələrək Çe Gevaradan boşanma tələb edib. Cütlük 1959-cu il 22 mayda boşanıblar. 2 iyun 1959-cu ildə Ernesto Aleyda Març ilə evlənib. Toy mərasimində Çe həmişəki görünüşdə – yaşıl formasını geyinib,  üstündə ulduz olan məşhur papağını taxıb…

HafizTimes.com  Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq bir ilə yaxın davam edən axtarışdan sonra nəhayət ki,  Kuba azadlıq inqilabının simvolu, XX əsrin əfsanəsi, məşhur inqilabçı Ernesto Çe Gevaranın varislərini tapıb, həmsöhbət olmağa çalışıb.  (Çe-nin ailəsinin axtarışına çıxdığımız bu bir il ərzində çox çətinliklərlə qarşılaşmalı olduq. Onun övladları, nəvələri ilə həmsöhbət olmaq üçün demək olar ki, Kubada yaşayan ən məşhur şəxslər, jurnalistlər, siyasi partiya üzvləri, Gevara nəslinə yaxın hər kəs ilə əlaqə saxladıq. Və nəhayət Ernesto Çe Gevaranın qızı Aleyda Gevara Marçın ailə üzvlərinə müsahibə ilə bağlı təklifimizi  göndərdik).

HafizTimes.com  məşhur inqilabçı Ernesto Çe Gevaranın gənc nəvələrinin fikirlərini olduğu kimi təqdim edir:

Seliya Marçin Gevara – Ernesto Çe Gevaranın ikinci nikahından dünyaya gələn böyük qızı Aleyda Gevaranın övladıdır. “Victoria de Giron” Tibb Universitetinin məzundur. Angieologiya-damar cərrahı kimi  fəaliyyət göstərir. Hazırda Havanada yaşayır.

– İngilis dilində danışa bilərik?

-Mənə yalnız ispan dilində müraciət edin! (İngiliscə bilir, amma danışmır)

-Sizi yaxından tanımaq istərik. Necə bir ailədə böyüyübsünüz?

-Öncə sizə təşəkkür  edirəm ki, mənim ailəmlə maraqlanırsınız. “Çox sağ olun” deyirik.  Çe mənim babamdır. Yəni anamın  atasıdır. Babam yaxşı həkim olub. Anam da həkimdir. Bizim ailəmiz tibb sahəsinə meyillidir.

Babamla bağlı deyə bilərəm ki, mən çox təəssüf ki, onu canlı görə bilməmişəm. Çünki mən dünyaya gələndə o, artıq yox idi. Anam onun haqqında bizə çox danışıb. Hər kəs babamı tanıyır. Onun yaxşı insan olduğunu, xalqını, insanları sevdiyini deyirlər. Babam xalq, ədalət üçün mübarizə aparıb,  tarixi bir şəxsiyyətdir!

  “Mən də babam kimi həkim oldum”

-Mən də öz peşəm üzrə xalqa xidmət edirəm.(həkimlik). Babam da, anam da həkim olub. Mən də onların yolunu davam etdirirəm. Babamla qürur duyuram. Bu bizim üçün böyük xoşbəxtlikdir. Artıq heç nə deyə bilmərəm. Həkimlər də çox danışmırlar…

-Azərbaycan, Bakını görmək istəyərsiniz?

-Əlbəttə görmək istərəm. Sizinlə əlaqə qurana qədər Azərbaycanla bağlı çox az məlumatım var idi. Sizə təşəkkür edirəm ki, uzaq bir ölkədən bizi axtarıb tapmısınız. Bir gün ailəmizlə birlikdə ora səfər etmək istəyərəm. Hər kəsə “salam” göndərirəm. Anam ailəmiz, babamla bağlı sizə geniş məlumat verər…

Fanni Maçin GevaraErnesto Çe Gevaranın qızı Aleyda Gevaranın övladıdır. 1988-ci ilin dekabrın 21-də dünyaya gəlib.  Havanada İqtisad Universitetinin məzunu olub.  Hazırda  IIFT-də iqtisadçı kimi çalışır:

“Sevgi və gülüş bizim üçün hər şey deməkdir. Çünki insanları xoşbəxt edir”.

Və nəhayət aylar sonra Kuba azadlıq inqilabının simvolu, məşhur inqilabçı Ernesto Çe Gevaranın özü kimi məşhur həkim qızı Aleyda Marçin Gevara HafizTimes.com -un sorğusuna cavab göndərir:

– Qızım Seliya sizin fikirlərinizi mənə çatdırdı. Çox təşəkkür edirəm. Ailəmə göstərdiyiniz hörmət və ehtirama görə çox sağ olun. Təəssüf ki, Azərbaycan barədə kifayət qədər məlumatlı deyiləm. Sizin ölkədə Kubaya qarşı münasibətin necə olması barədə məlumatsızam. Bilmirəm ki, sizin ölkə mətbuatında bizim Kuba barədə necə məlumatlar dərc olunur. Əlbəttə bu mənim müsahibə verməyim üçün çox vacibdir. Həmçinin qeyd edim ki, mən yalnız  Kuba mətbuat cəmiyyətinə üzv olan mətbuat orqanlarının suallarını cavablandırıram”.

Bir müddət sonra Aleyda Marçin Gevara yazır:  “Sizin istəyinizi, təklifinizi yüksək qiymətləndirirəm. Göndərdiyiniz məlumatları tam oxudum. Azərbaycanla Kuba arasındakı gözəl, əlverişli münasibətlər barədə məlumat verdiniz üçün təşəkkür edirəm. İndi Azərbaycanla bağlı daha çox məlumatlıyam. Gözəl ölkəniz, paytaxtınız var. Bir gün Azərbaycana səfər etmək istəyərəm”.

“Ernesto Çe Gevara mənim atamdır. Onun qızı olduğum üçün özümü xoşbəxt hiss edirəm”.

Aleyda Gevara Març – Ernesto Çe Gevaranın ikinci həyat yoldaşından dünyaya gələn ilk övladıdır. 1960-cı il noyabrın 24-də dünyaya göz açıb.  Havanadakı “William Soler Uşaq Xəstəxanasında” həkimdir.  Bir müddət Anqola, Ekvador və Nikaraquada könüllü olaraq həkim kimi fəaliyyət göstərib.  O, daha çox insan hüquqlarının müdafiəçisi kimi çıxış edir. Bu istiqamətdə bir neçə kitabın müəllifidir.İki qız anasıdır.

Çe Gevara və övladları

HafizTimes.com Aleyda Gevaranın ailəsi, atası, həyatı ilə bağlı bizə təqdim etdiyi fikirlərini olduğu kimi təqdim edir:

-Ernesto Çe Gevara necə bir ata, insan idi? Onu necə xatırlayırsınız? Onunla bağlı hansı xatirələriniz var?

– Atamla bağlı çox az xatirələrim var. Atamı mütəmadi olaraq görmürdüm.  Əslində uşaq vaxtı ondan bir az qorxurdum. O, evdə olmadığı üçün mən anamla birlikdə yatardım. Bundan bir bəhanə kimi istifadə edirdim. O, gecə evə qayıdan kimi məni qucağına alıb öz otağıma aparardı, öpərdi. Həmin vaxt mən də yuxudan oyanardım. Beləliklə xəyal etdiyim, üzünü çox az gördüyüm bir insanı gecənin qaranlığında  qarşımda görərdim.

Atam bəzən bizi də özü ilə könüllü işlər görməyə aparardı. Bu atamın bizimlə olmaq, söhbət etmək üçün yeganə vaxt idi. Bir dəfə könüllü işdən evə qayıtdı, paltarlarını dəyişirdi. Balaca qardaşım Camilo və mən tez onun çiyinlərinə çıxdıq.  Bizi çiyinlərində gəzdirməsini istədik…

Atamın intizamlı olmağı necə tələb etdiyini və sevdiyini çox yaxşı xatırlayıram. O,  bizə daxilən çoxlu dəyərləri aşıladı: Kitab sevgisi, oxumaq, öyrənmək, heyvanlara, insanlara hörmət və qayğı ilə yanaşmaq. Amma bütün bunları həyata keçirmək üçün kifayət qədər ömrü olmadı…

Aleyda Gevara və qızları

-Atanızın ölümündən sonrakı illəri necə xatırlayırsınız? Necə böyüdünüz? Hansı çətinliklərlə üzləşdiniz?

-Anamız üçün ən çətin şey atamdan ayrı qalmaq idi. O, Boliviyada atamla birlikdə qalmaq istəyirdi. Amma atam xahiş etdi ki, ən azı iki il müddətində Havanada yaşasın. Bu bir öhdəlik idi. Atam demişdi ki, müharibə iki ildən çox davam edərsə anamı geri qaytaracaq.

Kuba cəmiyyəti hər zaman anama dəstək olurdu. Atamın dostlarının bir çoxu mütəmadi olaraq bizi görməyə gələrdilər. Əgər anamın hər hansı bir problemi olurdusa birbaşa olaraq Fidelə (Kastro), ya da Ramon Valdesə (Kuba İnqilab Lideri) müraciət edə bilirdi. Onlar da dərhal gəlirdilər.

-Atanız həm də tanınmış bir yazar idi. Onun daha çox hansı əsərini sevirsiniz?

-Atamın ilk oxuduğum əsəri “Səyahət qeydləri” idi. Hansı ki, sonralar bu əsər əsasında film çəkildi. Mən bu kitab nəşr olunan zaman önsöz yazdım. Əslində anam oxumaq üçün ilk dəfə mənə bu kitabı verən zaman 16 yaşım vardı. Həmin kitab hələ tam hazır deyildi, əlyazma formasında idi. Kitabı oxumağa başladım. Bu zaman kitabın müəllifini sevdim. Daha sonra isə başa düşdüm ki, həmin kitabın müəllifi mənim atam imiş. O, enerjili, səyahət həvəskarı bir insan idi. Mən özümü ona çox yaxın hiss edirdim. Bir çoxları kimi mən də onun yazılarını bəyənirdim. Hər şeyi olduğu kimi təsvir edirdi. Onun əlyazmalarını oxuyan zaman elə bil ki, hər şey gözünün önündə canlanır. Onun əsərləri müxtəlif mövzulardadır. İlk kitabını yazan zaman yayımlamaq istəməyib. İllər sonra həmin əlyazma atamın adını daşıyan mərkəz tərəfindən yayımlandı. Həmçinin kitabda ilk dəfə olaraq atam tərəfindən çəkilmiş şəkillərə də yer verilmişdi. Atam həm də yaxşı şəkillər çəkirdi.

-Ernesto Çe Gevaradan sizə nə miras qalıb?

-Bu çox geniş mövzudur. Amma ən önəmlisi fərqli bir cəmiyyət yaratmaq üçün yeni bir insanın yaradılmasıdır.

-Siz atanızın necə xatırlanmasını istərdiniz?

-Atam necə seviləcəyini özü çox yaxşı bilirdi. Buna görə də o, böyük bir  kommunist idi…

Çe Gevaranın oğlu Camilio Gevara

-Atanızın öldüyü ili necə xatırlayırsınız? Kuba xalqı bu xəbəri necə qarşıladı?  Bundan sonra həyatınız necə dəyişdi? Çe-nin qızı olmaq necə hissdir?

-Kuba xalqı üçün bu çox çətin idi. Bu ölkəyə addım atdığı andan etibarən xalq onu çox sevdi. Uzun illər ötsə də, onun yoxluğunda da biz bu sevgini aydın şəkildə görürük. Mən bir uşaq həkimiyəm və uşaqlarla işləməyi çox sevirəm. Bəzən məni çox təəccübləndirirlər. Adımı, soyadımı (Gevara) bilən kimi tez mənə sual verirlər ki, “Çenin qızısınız?”. Deyirlər ki, “Həqiqətən də siz Çe Gevaranın qızısınız?”.  Cavab verirəm ki, “bəli, mən onun qızıyam”. Bu zaman  mənə çox təəccüblə baxırlar. Uzun illər tibb sahəsində çalışsam da mənə deyirlər: “Siz Çenin qızısınız. Buna görə də çox yaxşısınız”.

Çe Gevaranın oğlu və nəvələri

İllər öncə Quantanamodakı bir məktəbə baş çəkdim. Balaca, xəstə bir qız uşağı zorla yeriyərək mənə tərəf gəldi və mənə iki dənə qələm hədiyyə etdi. Ona dedim ki, “qızım bu qələmlərə məndən çox sənin ehtiyacın var, xahiş edirəm geri götür”. Xəstə olan bu qız uşağı mənə cavab verdi: “Geri qaytarma. Sənə verə biləcəyim tək şey bunlardır”.

-Ernesto Çe Gevaranın qızı olduğunuzu bilən zaman insanların sizə qarşı reaksiyası necə olurdu?

-Buna görə kimsə bizə böyük bir problem yaratmadı. Biz normal uşaqlar idik. İmkanımız yox idi, hansısa bir maşın bizi məktəbə aparmırdı. Böyüdüyümüz zaman işlər tamamilə dəyişdi. Kuba televiziyasında bizi nümayiş etdirdilər. Səhər bir mağazaya  getdim. Mənə baxıb dedilər ki, “Televizordakı siz idiniz?”. Mən də gülərək cavab verdim. Daha sonra bir banka getməli oldum. Bankın qarşısında uzun bir növbə vardı. Bir nəfər mənim Çenin qızı olduğumu hiss etdi və dedi: “Əminəm ki, biz hamımız sizin birinci banka daxil olmağınızı istəyirik”. Mən isə nəzakətlə bu təklifi qəbul etmədim.

Ernesto Çe Gevara da bir həkim idi. Atanız sizin həyatınıza, peşə seçimizə necə təsir edib?

-İnsanlara layiq olmağa çalışıram. Bunu atam da çox istəyirdi. Atam deyirdi ki, uşaqları yaşadıqları yerlərə layiq olmalıdırlar. Biz də həmişə belə insanlar olmağa çalışdıq. Bir həkim olaraq Nikaraqua və Anqolada iki beynəlxalq missiyada iştirak etdim. Ekvadorda yerli xalqla, Argentinada tibbi briqadada, Brazilyadakı evsizlərin hərəkatında iştirak etdim. Anqolada irqçilik və korrupsiyaya qarşı mübarizə birliklərində çıxış etdim.

Bir tərəfdən baxanda deyə bilərəm ki, atam peşə seçimimə “bəli” təsir etdi. Amma bu öz qərarım idi. Mən də insanlara borclu idim və bunu geri qaytarmalı idim. Bu mənə daha çox ehtiyacı olan insanlara yaxın olmağın bir yoludur.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

“Bir gün hamımız Şuşaya toplaşacağıq” – Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının Fransadakı varisləri (EKSKLÜZİV+FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan şəxsiyyətlərdən biri də Ceyhun Hacıbəylidir. Onun Vətən və millət qarşısında gördüyü böyük işlər danılmaz tarixi həqiqətdir.

Ceyhun Hacıbəyli  –  1891-ci ilin fevralın 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada Nəcəf bəy Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda alıb. 1908-ci ildə, yanvarın 12-də qardaşı Ü. Hacıbəylinin “Leyli və Məcnun” operasının H.Z.Tağıyevin teatrında tamaşaya qoyulmasında onun da xidmətləri olub.

C.Hacıbəyli bir müddət Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində çalışıb, sonradan təhsilini davam etdirmək üçün Peterburqa gedib, universitetin hüquq fakültəsinə daxil olub. Ardınca Fransaya gedib və Sorbonna universitetində təhsil alıb. Azərbaycana qayıtdıqdan sonra müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib.

C.Hacıbəyli eyni zamanda “Müsəlmanlıq”, “İzvestiya”, “İttihad”, “Azərbaycan” qəzetlərinin redaktoru olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib, orada ciddi fəaliyyət göstərib.

Ceyhun Hacıbəylinin nəvəsi Klement Bailly Hacıbəyli

1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacirət həyatı yaşayıb. Avropada o, ictimai-siyasi fəaliyyətini davam etdirib, Qərb oxucularını Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə tanış edib.

Ceyhun Hacıbəylinin nəticəsi Jeremie Hacıbəyli

C.Hacıbəyli Parisdə nəşr olunan müxtəlif jurnallarda çıxış edərək, sovet totalitarizminin, Stalin rejiminin antidemokratik olmasını tənqid edən və ölkənin nəhəng bir həbs düşərgəsinə çevrildiyini pisləyən çoxlu yazılar nəşr etdirib.

Ceyhun Hacıbəyli oğlu ilə birlikdə

O, filoloji və tarixi mövzularda – xüsusən Azərbaycanın Rusiya tərəfindən işğalına aid, həmçinin qədim Azərbaycan şəhərləri ilə də bağlı yazılar çap etdirib.

Ceyhun Hacıbəylinin nəvəsi Klement və nəticəsi Jeremie

Ceyhun Hacıbəylinin ən böyük xidmətlərindən biri isə Avropada Azərbaycan Mühacirət Mətbuatının yaranmasına verdiyi dəstək idi. Ceyhun Hacıbəyli və Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin baş redaktorluğu ilə “Azərbaycan” jurnalı nəşr edilib. Jurnalda Azərbaycanın tarix və millətimiz barədə məqalələr dərc olunub. Məqalələrinin birində C. Hacıbəyli yazırdı: “Bu gün gərək firqəçi və gərəksə müstəqil və firqəsiz Azəri Türklərinin hamısını üçrəngli bayrağımızın altında toplanıb, bir yerdə vətənimizin qurtarılması uğrunda çalışmağa dəvət edirik. Azərbaycan davam edir”.

İkinci Dünya müharibəsinin ağrıları Ceyhun bəyin ailəsindən də yan keçmir. Üzeyir bəyin hər bir məktubunda xatırlanan və əzizlənən Ceyhun bəyin  Bakıda dünyaya gəlmiş oğlu Ceyhun 1937-ci ildə Paris Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirəndən sonra alman faşizminə qarşı vuruşmaq üçün cəbhəyə gedir. Düşmənlə döyüşmək üçün təyyarəsi ilə səmaya qalxan Ceyhun  bərabər olmayan vuruşda qəhrəmanlıqla həlak olur. 23 yaşlı oğlunu itirən Ceyhun bəy sarsıntılar keçirir. Bir tərəfdən Vətən həsrəti, digər tərəfdən isə oğlunun faciəsi uzun zaman onu rahat buraxmır.C. Hacıbəyli 1962-ci ilin oktyabr 2-də vəfat edib, Parisin Sen-Klu məzarlığında dəfn edilib. 

HafizTimes.com Ceyhun Hacıbəylinin Fransada yaşamış digər oğlu Timuçinin (1921—1993) ailə üzvlərini tapıb, həmsöhbət olmağa çalışıb:

Jeremie Hacıbəyli –  Timuçin Hacıbəylinin birinci nikahından dünyaya gəlmiş oğlu Klement Bailly Hacıbəylinin yeganə övladıdır. 1977-ci ilin sentyabrın 12-də Fransada dünyaya gəlib.”Lycee Paul Gauguin”də təhsil alıb. Hazırda Fransaya məxsus Uturoa bölgəsində yaşayır. O, Ceyhun Hacıbəylinin nəticəsidir:

-Çox təəssüflər olsun ki, mən musiqiçi deyiləm. Amma bizim nəsil musiqi sahəsində böyük istedadlı şəxsiyyətlər yetişdirib.

Mən gəncikən bass musiqi ailətlərində ifa etməyi öyrəndim. Amma bu uzun müddət davam etmədi. 20 – 30 yaş aralığında elektronik musiqi daha çox üstünük verdim. Bəzən isə Dj-lik edirəm. Təbii ki, bu həvəs, zövqlə bağlıdır. Hazırda isə musiqi ilə nadir hallarda məşğul oluram.

“Mən daha çox kommersiya sahəsi, turizim bələdçiliyi ilə məşğul oluram”.

-Düşünürəm ki, bu sahədə daha çox uğur qazana bilərəm. Mən insanlarla daha çox səyahətlə bağlı məsləhətlərimi bölüşürəm. Müxtəlif mədəniyyətləri, dəyərləri öyrənməyi, yaymağı sevirəm. Hazırda isə turizim mövsümüdür. Mənim işlərim isə həddindən çoxdur.

Jeremie Hacıbəyli anası ilə birlikdə

– Baba yurdunuz Azərbaycanla bağlı nə düşünürsünüz? Azərbaycana nə vaxt səfər edəcəksiniz?

-Mən hər zaman Azərbaycanla bağlı hazırlanmış televiziya şoularına baxıram. Ümid edirəm ki, bir gün mütləq Azərbaycana, gözəl Bakıya səfər edəcəyəm. Azərbaycana səfər etməyi çox istəyirəm.

Jeremie Hacıbəyli həyat yoldaşı ilə birlikdə

Tahiti Azərbaycandan çox uzaqdır. Düşünürəm ki, lotoreyda qazansam  Yaponiyaya,  Azərbaycana gedəcəyəm. Mən hər həftə lotereya oynayıram. Mütləq qalib olacam və ora səfər edəcəyəm.

Klement Hacıbəyli

-Babanız Timuçin Hacıbəylinin ikinci ailəsi ilə münasibətiniz necədir? Ötən illərdə T. Hacıbəylinin gənc oğlu Benjamin Hacıbəyli və anası Pasqal Hacıbəyli Azərbaycana səfər etmişdilər…

-Benjaminlə dostuq. Həmçinin qeyd edim ki, o mənim əmimdir. Baxmayaraq ki, məndən yaşca çox kiçikdir.(gülür)

İnanıram ki, bir gün atamla birlikdə mən də Azərbaycana səfər edəcəyəm.

-Hacıbəylilər ailəsi barədə nə düşünürsünüz?

-Ailəmizlə, babamla qürur duyuram. Sizə də çox təşəkkür edirəm ki, bizim ailəyə belə yüksək dəyər verirsiniz. Bütün azərbaycanlılara salam göndərirəm.

Klement Bailly Hacıbəyli – Fransada məşhur musiqiçidir. 1951-ci ildə Parisdə anadan olub. Dörd yaşında olarkən pianoda ifa etməyi öyrənib. Onun bir musiqiçi kimi yetişməyində nənəsi Madeleine Duparcın böyük rolu olub.  

Klement Bailly Hacıbəyli  məşhur caz-musiqi qruplarında ifa edib.    Hazırda Fransada yaşayır, tələbələr yetişdir. O, Ceyhun Hacıbəylinin oğlu Timuçin Hacıbəylinin birinci nikahından dünya gəlib. Ceyhun Hacıbəylinin ilk nəvəsidir. Jeremie Hacıbəylinin isə atasıdır.

HafizTimes.com  Şuşalı Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının Fransada yaşayan varisləri, məşhur musiqiçi Klement Bailly Hacıbəylinin Azərbaycan, Qarabağ-Şuşa ilə bağlı zaman-zaman qeyd etdiyi fikirlərini olduğu kimi təqdim edir: 

Klement Bailly Hacıbəyli: “Azərbaycan mənim Vətənim, Torpağımdır!”

Klement Bailly Hacıbəyli: “Biz bir gün mütləq Şuşaya toplaşacağıq”

Klement Bailly Hacıbəyli: “Şuşa mənim babamın, atamın şəhərdir. Erməni millətçiləri tərəfindən Qarabağın ürəyi – Şuşa məhv edilib”

Şuşa – Qarabağ

“Qarabağ Şikəstəsini” dinləyən Klement Hacıbəyli: “Bu Qarabağdan mənim ürəyimə yayılan bir musiqdir. Mənim əmim övladları Şuşadan, Qarabağdan ifa edirlər. Amma onlar öz torpaqlarına, yurd-yuvarlarına gedə bilmirlər. O torpaqlar mənim də torpağımdır! Əminəm ki, biz bir gün mütləq Şuşada toplaşacağıq”

Klement Bailly Hacıbəyli: “Şuşaya Azadlıq”

Klement Bailly Hacıbəyli: “Şuşa mənim babamın şəhərdir. Atamın, babamın ürəyinin bir hissədir.  Qarabağın ürəyi erməni millətçiləri tərəfindən dağıdıldı, məhv edildi”

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar