Bizimlə əlaqə

Müsahibə

`Babamı yazıçı dostları satıb` – Əhməd Cavadın nəvəsi: “Dedi ki, onun arzusunu həyata keçirdim” (EKSKLÜZİV)

Yayımlandı

da

“1991-ci ilin payızında Milli Məclisdə Azərbaycanın Müstəqillik Aktının imzalanması zamanı atam iki- üç gün parlamentdə qaldı, evə gəlmirdi”

“Bunu hamı bilsin ki, himnimizin sözləri Əhməd Cavada məxsusdur”

 Azərbaycanın görkəmli şairi, ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan, 1937-ci ildə repressiyanın qurbanı olmuş Əhməd Cavadın nəvəsi Anar Axundzadə jurnalist Hafiz Əhmədovun suallarını  cavablandırıb.

HafizTimes.com sözügedən müsahibəni olduğu kimi təqdim edir:

–Oxucularımız bəlkə də sizin kim olduğunuzu bilmirlər. İstərdik özünüzü onlara təqdim edəsiniz.

-Mən Əhməd Cavadın nəvəsiyəm. İxtisasca Hüquqşünasam. Amma heç vaxt öz sahəm üzrə çalışmamışam. İş adamıyam. Gürcüstanda yük daşımaları ilə məşğul olan şirkətim var. Hazırda şəxsı biznesimlə məşğul oluram. Əvvəllər dövlət işində çalışmışam. Əfsuslar olsun ki, Əhməd Cavadın yaradıcılığını davam etdirə bilmədim. Çünki onun kimi xüsusi istedadım yoxdur. Bəlkə də var. Bunu axtarıb tapmaq lazımdır.

-Harada yaşayırsınız?

-Bakıda. Tez-tez Türkiyəyə gedirəm. Əhməd Cavadla bağlı mərasimlərdə iştirak etmək üçün Türkiyədən dəvətlər alıram. 2012-ci ildə Ankara şəhərində Əhməd Cavadın 120 illik yubileyi qeyd olundu. Tədbirə Azərbaycandan Yazıçılar Birliyinin sədri Anar və mən dəvət olunmuşdum.

-Ailənizdə babanızın yolunu davam edirən varmı?

– İki bacım var. Böyük bacım əvvəllər şeirlər yazırdı. Amma öz üzərində çalışmadı. Həkim oldu. Heç birimiz yaradıcılıq baxımından babamızın yolunu davam etdirmirik. Əhməd Cavadın nəticələri çoxdur. Onların da belə bir istedadları yoxdur.

-Əhməd Cavadın nəvəsi olmaq sizin üzünüzə hansı qapıları açıb?

-Bütün qapılar hər zaman üzümə açıqdır. Əhməd Cavadın doqquz nəvəsi var. Mən ən kiçik nəvəyəm. Onun 60-70 yaşılı nəvələri də var. Əhməd Cavadın nəvəsi olmaq böyük məsuliyyət deməkdir. Mənim atam tanınmış hüquqşünas idi, uzun illər prokurorluq orqanlarında çalışıb, millət vəkili olub. Bu mənim üçün iki qat məsuliyyət deməkdir.

-Bu məsuliyyəti daha çox nə zaman hiss edirsiniz?

-Hər yerdə hiss edirəm. Mən ən birinci Əhməd Cavadı fikirləşib, hərəkət edirəm. Bütün görüş və tədbirlərdə birinci Əhməd Cavadı, sonra atamı və sonda isə özümü düşüb müəyyən addımlar atıram. Heç vaxt Əhməd Cavadın nəvəsi olmağın mənfi tərəfləri ilə üzləşməmişəm. Atam vaxtilə Bakı Dövlətin Universitetinin hüquq fakültəsinə daxil olan zaman ona icazə verməmişdilər. Demişdilər ki, sizin atanız “xalq düşməni”dir. Halbuki, həmin vaxtlar Stalin ölmüşdü. 1937-ci ildə barələrində güllələnmə əmri verilən şəxslər bağışlanmışdı. Atam əvvəlcə Dövlət Neft Akademiyasına daxil olub. Bir ildən sonra ona hüquq fakültəsinə daxil olmaq üçün icazə veriblər. Amma mən heç vaxt belə problemlərlə qarşılaşmamışam.

-Türkiyədə Əhməd Cavada qarşı münasibət necədir?

– Həqiqətən də Türkiyədə Əhməd Cavada qarşı münasibət çox yüksək səviyyədədir. Deyirlər ki, sən Əhməd Cavadın torunusan orada oturma, bura otur və s. Onlar çox böyük hörmətlə Əhməd Cavadı anırlar.

-Bununla bağlı yaddaşınızdan heç vaxt silinməyəcək hər hansı bir xatirəniz var?

-Bir dəfə ailəm, uşaqlarımla birlikdə Türkiyənin Antalya şəhərində dincəlirdik. Otelin meneceri ilə söhbət edirdim. Söhbət zamanı ona dedim ki, mən Əhməd Cavadın nəvəsiyəm. Həmin dəqiqə dayanıb, üzümə baxdı. Çox təəccübləndi. Şad oldular. Bir gün axşam menecer mənim otağıma qalxdı. Dedi ki, patronumuza Əhməd Cavadın torunun onun otelində qaldığını söylədim. O, başqa bir şəhərdə yaşayırdı. Bunu eşidən kimi, bütün övladlarını, ailəsini başına yığıb otelə mənimlə tanış olmağa gəldi. Yaşlı və çox zəngin bir insan idi. Məni axşam yeməyinə dəvət etdilər. Biz də ailəliklə onlarla görüşüb, tanış olduq.

On gün həmin oteldə qaldım. Otel rəhbərinin böyük, lüks yaxtası vardı. Orada qaldığım müddətdə otel rəhbəri yaxtanı təmənnasız bizə vermişdi. Həmin şəxs hər gün zəng edib mənimlə maraqlanırdı. Ümumiyyətlə, Türkiyədə olan zaman çox utanıram. O qədər hörmət göstərirlər ki, bəzən diskomfort hiss edirəm.

-Bəs, Azərbaycanda sizə qarşı münasibət necədir?

-Əlbəttə, burada da bizə hörmət edirlər. Hesab edirəm ki, Əhməd Cavada ən böyük hörmət onun sözlərinin bu gün Respublikanın himni olmasıdır.

-Eşitdiyimə görə sizi babanıza bənzədirlər?

-Doğru deyirsiniz, hamı məni babama oxşadır. Amma babamın bir az gözləri açıq və ağ olub.

-Əhməd Cavad sizin üçün kimdir?

-Əhməd Cavadı şair, tərcüməçi olmaqla yanaşı Azərbaycanın müstəqilliyinin qurulmasında böyük xidməti olan tarixi şəxsiyyətdir. O, Azərbaycanın müstəqilliyi üçün öz canından, qanından, ailəsindən, bir sözlə, hər şeyindən keçib. Əhməd Cavad bütün şeirlərində Vətən, torpaqdan bəhs edib.

-Səhv etmirəmsə, sizin məktəbli olduğunuz illərdə Əhməd Cavadın şeirləri dərsliklərdə yox idi.

-Mən rus məktəbini bitirmişəm. Hətta Azərbaycan sektorunda da Əhməd Cavadın şeirləri heç bir kitabda tədris edilmirdi. 1991-ci ildən sonra onun kitabları çap edilməyə başlandı. Sinif yoldaşlarım bilirdilər ki, mən Əhməd Cavadın nəvəsiyəm. Amma əksəriyyət onu tanımırdı. İndi onun nəticələri babalarının şeirlərini, kitblarını oxuyurlar.

-Əhməd Cavadın ən çox hansı şeirini bəyənirsiniz?

-Məncə, babamın bütün şeirlərində xalqa, vətənə bağlılıq əks olunub. Bu baxımdan onun bütün şeirləri mənə doğmadır. Ən çox “Susmaram” şeirini sevirəm. Bu şeirin belə bir tarixçəsi var. 2004-cü il idi. Dayım Gəncədən zəng vurdu ki, “Gəncə Səsi” qəzetində bir məqalə çıxıb. O, məqaləni bizə oxudu və Bakıya göndərdi. Əhməd Cavadın bir dostu olub. Güllələnməmişdən bir-iki ay öncə Gəncə Parkında gəzərkən ona deyib ki, sənə bir şeir deyəcəyəm, sən bunu əzbərlə və yaddaşında saxla. Amma hələ heç kəsə demə. Vaxt gələr mənim övladlarıma, nəticələrimə çatdırarsan. Həmin kişi 2004-cü ildə yatağa düşür. Öz övladlarını yanına çağırır və o şeiri deyir. Bildirir ki, bu şeiri yazıb Əhməd Cavadın nəticələrinə çatdırsınlar. Bu həmin “Susmaram” şeiridir!

-Əhməd Cavadın ən böyük arzusu nə olub?

-1991-ci ilin payızında Milli Məclisdə Azərbaycanın Müstəqillik Aktının imzalanması zamanı atam iki- üç gün parlamentdə qaldı. O, evə gəlmirdi. Müstəqiliyin qəbul olunmasına qarşı çıxanlar çox idi. Daxildən və xaricdən təzyiqlər edilirdi. Nəhayət, akt imzalandıqdan sonra atam evə gəlib bizə dedi ki, mən Əhməd Cavadın ən böyük arzusunu yerinə yetirdim. Atam buna görə çox sevinirdi…

-Bəzən, tanınmış şəxslərin davamçıları heç də onlara layiq ola bilmirlər.

-Pis yola getmək üçün bizim ixtiyarımız yoxdur. Bu ailədən, gendən gəlir.

-Əhməd Cavad işgənclərə sınmadı. Amma onun xeyli müasiri sındı, xilas oldu və artdılar. Çoxaldılar. Sizcə bu genefondumuza necə təsir edir?

-Əlbəttə, pis təsir edir

-Əhməd Cavadın düşmənləri kimlər idi? Yaxud Əhməd Cavadı kimlər satdılar?

– Əhməd Cavadı yazıçı dostları, Yazıçılar İfftiqanın üzvləri satdılar. Ayrı heç kim! Əhməd Cavadı üç dəfə həbs ediblər. Hər dəfə onun evdə olan bütün əlyazmalarını götürüb aparıblar. Babamın neçə-neçə şeirlərinı başqaları öz adına çıxdı. Atam bizə deyirdi ki, siz onlara heç nə etməyin. Mircəfər Bağırov mənim babamla Qubada kənddə eyni məktəbdə müəllimlik edib. Babamın evində çörək yeyib. Nənəm həmişə onun üçün süfrə açardı. Axırda nə oldu. Güllələdilər!

-Babanızı satanların yaxınları, nəvələri ilə görüşəndə hansı hisləri keçirirsiniz?

-Heç bir hiss keçirmirəm. Babamı satanların nəticələrinin heç bir günahı yoxdur. Onlar babalarının etdiklərinə görə günahkar deyillər. Səməd Vurğunun oğlu mənim atamla tanış olub, neçə illər bir yerdə millət vəkili işləyiblər. Atam bu barədə heç vaxt danışmazdı. Hətta nənəm, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım o qədər əziyyətdən sonra bir dəfə də olsun pis günlərini yadına salmırdı. Ancaq yaxşı günlərindən danışırdı. Bir dəfə Qazaxıstanda sürgündə olan nənəmgil haqqında film çəkmişdilər. Çəkiliş rayonda aparılırdı. Mən də rayona nənəmgilə getmişdim. Nənəm həmin vaxt əsəbləşmişdi.

-Şükriyyə xanımın çox əzablı günlər yaşayıb. Bu, bir qadın üçün dözülməz həyatdır.

-Əhməd Cavad və Şükriyyə xanım əsl məhəbbət hekayəsidir. Şükriyyə xanım əzablı günlərindən heç vaxt bizə danışmazdı. Həmişə xoş günlərini, Əhməd Cavadla teatra getməsindən danışardı. Biz onun ağrılı həyat yolu barədə ancaq kitablardan məlumat toplamışıq. Əhməd Cavadı 1937-ci ildə sonuncu dəfə həbs edən zaman Şükriyyə xanımı da KQB-yə dəvət ediblər. Deyiblər ki, ərizə yazıb Əhməd Cavaddan boşanmalısan. O, isə deyib ki, mən vaxtında Əhməd Cavada görə öz ata, anamdan imtina etmişəm. İndi siz deyirsiniz ki, mən öz övladlarıma görə Əhməd Cavaddan imtina edim? Bilirəm ki, siz onu güllələyəcəksiniz. Mənim boşanma ərizəm ona sizin güllənizdən daha ağır olar. Bu, mənim üçün ən dəhşətli məqamdır. Nənəm 10 il Qazaxıstana sürgün edilib. Ancaq səkkiz ildən sonra ölkəyə geri qayıda bilib.

-Nənənizin sürgündə olması ilə bağlı xeyli yazılar dərc olunub. Deyilənə görə, Şükriyyə xanım Qazaxıstanda sürgündə olarkən adını təmiz saxlamaq üçün “öz paltarını çirkaba bulaşdırırmış ki, heç kəs ona yaxın gəlməsin…”

-Mən özüm də belə yazıları intenetdə, “Facebook”da görmüşəm. Bizdə bu barədə heç bir məlumat yoxdur. Heç bilmirik ki, bu məlumatları onlara kim danışıb, haradan əldə ediblər. Biz bunu dəqiq bilmirik.

-Şükriyyə xanımın son günləri yadınızdadırmı?

-Əfsuslar olsun ki, yaşım çox az olduğu üçün onunla ünsiyyətdə çox ola bilmədim. Son günləri yadımdadır. Həmin vaxtlar o, artıq yaşa dolmuşdu. Çox adamı tanımırdı. Keçmişdə olanların hamısı yadında idi. Amma son zamanlar olan hadisələr yadında qalmırdı. Məni hərdən tanıyırdı, hərdən yox. Nənəm ömrünün son günlərində Şəmkirdə qalırdı. Biz tez-tez onu ziyarət edirdik. Sürgündən qayıtdıqdan sonra nənəm çox əziyyələr çəkdi. Bakıda yaşamağa ona icazə verilmədi. Ona görə Şəmkirdə yaşamağa məcbur oldu. Hətta nənəm xəstə vaxtı Bakıya gələn kimi sahə müvəkkili gəlib bildirirdi ki, siz təcili geri qayıtmalısınız. Qanunlara əsasən sürgündən qayıdanlara Bakıda yaşamaq üçün icazə verilmirdi. Nənəm dünyasını dəyişən gün biz Bakıda idik. Kənddən yenicə qayıtmışdıq. Atam kənddə qalmışdı. Gecə zəng gəldi ki, artıq nənəniz dünyasını dəyişib.

-İnsanların ona qarşı münasibəti necə idi?

-Çox yaxşı idi. Şükriyyə xanım həbs olunan zaman mənim atam yaş yarımlıq olub. Əmilərimi uşaq kalonuna göndəriblər. O vaxtlar Seyfəli kəndində olan qohumlarımız atama sahib çıxıblar. Atam on yaşına kimi kənddəki qohumların yanında qalıb.

– Atanızın vaxtilə millət vəkili olduğunu bildirdiniz. Yəqin ki, bu posta gəlib çıxmaq ona heç də asan başa gəlməyib.

-Atam da çox çətinliklər görüb. On yaşına qədər anasız qalıb. Atam həmişə deyərdi ki, mən Azərbaycanda ən az yaşlı məhbus olmuşam. O, yaş yarım olan zaman anası ilə birlikdə bir neçə gün həbsə salınıb. Bütün bu əzablara baxmayaraq atam ölkə miqyasında tanınan insan oldu. Bu gün mən babam və atamın çörəyini yeyirəm. Nəinki, mən, bütün qohumlarımız! Oğluma Yılmaz – atamın adını qoymuşam. Atam həmin vaxt həyatda idi. Bunu ona sürpriz etmişdim. Cavad adını isə əmim nəvələri daşıyır. Atam o vaxt bizə dedi ki, onların həyatı çox ağır olub, ona görə də istəmirəm ki, uşaqlar bizim adımızı daşısın.

-Nədənsə, bəzən mətbuatda Dövlət Himnimizin sözlərinin Əhməd Cavada məxsus olmaması ilə bağlı fikirlər səsləndirilir. Bu haqda nə deyə bilərsiniz?

-Bəzi adamlar bunu mövzu kimi qaldırırlar. Bunu hamı bilsin ki, himnimizin sözləri Əhməd Cavada məxsusdur. Mən buna əminəm. Bunu hər kəs bilir. Camo bəy Əhməd Cavadla birlikdə universitetdə dərs deyib. Camo bəy şair olmayıb. Səhv etmirəmsə, bioloq olub. O vaxt müsabiqə keçiriblər. Şairlər gizli formada həmin müsabiqələrə öz şeirlərini göndəriblər. Əhməd Cavad şeirinə CAMO imzası qoyub. Yəni ki, Cavad Axundzadə Məhəmmədəli oğludur. Kimsə bilərəkdən bu məsələni mətbuatda qaldırır. Mən buna ciddi yanaşmıram. Biz bu söz-söhbətlərə fikir vermirik.

-Müasir şairlərdən kimləri bəyənirsiniz?

– İndiki şairlərlə tanışlığım yoxdur. Bəxtiyar Vahabzadənin şeirlərini çox bəyənirəm. Səməd Vurğunun da gözəl şeirləri var.

-Sizcə, əsl şair necə olmalıdır?

-Mənim düşüncəmə görə, əsl şair elə mənim babam Əhməd Cavad kimi olmalıdır.

-Dövlət səviyyəsində babanıza qarşı münasibətdən razısınızmı?

-Əlbəttə, razıyıq. Şəmkirdə onun möhtəşəm heykəli ucaldılıb. Çox istərdim ki, Bakıda da babamın heykəli olsun. Çünki babamı güllələyiblər. Bu günə qədər onun harada dəfn olunduğunu bilmirik. Atam deyirdi ki, onun bir heykəli olsaydı, ziyarət edərdik. Təəssüf ki, atam babamın Şəmkirdəki heykəlini görə bilmədi.

-Bildiyimizə görə, Əhməd Cavadın sonradan bəzi şeirləri tapılıb.

-Bəli, babamın ölümündən sonra bir çox şeirləri tapıldı. Biz onları toplayıb kitab kimi çıxarmaq istəyirik. “Susmaram” şeiri də bura daxildir. Həmin şeir 2004-cü ildə tapıldığına görə kitablarda yoxdur.

-Əhməd Cavadın məzarının harada olması haqda maraqlanmısınızmı?

-O vaxtlar insanları Nargin adasında güllələyiblər. Amma indi babamın harada güllələnməsi, harada dəfn olunması haqda heç bir sənəd yoxdur. Arxivdə Əhməd Cavadla bağlı olan bütün sənədləri oxumuşuq. Amma məzarının yeri bilinmir. Atam babamın məzarının olmamasına görə çox pis olurdu. Həmişə atasından danışılan zaman gözləri dolurdu.

-Sonda Əhməd Cavadın nəvəsi olaraq oxucularımıza nə demək istəyərdiniz?

-İstərdim ki, gənclərimiz vətənpərvər, millətini, xalqını sevən olsunlar. Yaxşı təhsil alsınlar, pis yollardan çəkinsinlər. Əhməd Cavad poeziyasına dəyər verən hər kəsə öz minnətdarlığımızı bildiririk.

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

“Atam baş nazirin ailəsinin süründüyünü görüb və qızı ilə evlənib” – N.Yusifbəylinin nəvəsi ilə TARİXİ MÜSAHİBƏ (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Evimizdə heç kim babam Nəsib bəy Yusifbəylidən bəhs etməzdi”

“Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb”

“Bundan sonra atam baş nazirin qızı ilə evlənməyə qərar verib”

“Bəlkə babamı da ermənilər öldürüb”

“Bütün həyatları boyu Vətən həsrəti ilə yaşamalı oldular”

“Atam deyərdi ki, ermənilər azərbaycanlılara qarşı hər zaman düşmən münasibəti bəsləyib”

“Ağ ruslar” da bizim evimizdən əksik olmazdı”

“Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar”

Oğuz Yusuf Göygöl – Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən biri, Azərbaycan hökumətinə başçılıq etmiş tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsidir. Atası Mirzə Göygöl Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri olub. Əmisi Çingiz Göygöl Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi, Azərbaycan Milliyyətçilər Dərnəyinin başqanı idi. Anası Zöhrə Yusifbəyli-Göygöl Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Nəsib bəy Yusifbəylinin qızıdır. Nənəsi Şəfiqə Qaspıralı-Yusifbəyli məşhur Krım tatar ictimai xadimi, “dildə, fikirdə, əməldə birlik” ideyasının müəllifi İsmayıl Qaspıralının qızıdır.

Tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsi Oğuz Yusuf Göygöl Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq  HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Oğuz Yusuf Göygöl ailəsi ilə bağlı illərlə gizli qalmış bir çox məqamlara aydınlıq gətirib. O, həmçinin ailəsinin fotoşəkillərdən ibarət şəxsi arxivini HafizTimes.com-a təqdim edib.

-Əvvəlcə özünüz haqqında danışaq. Uşaqlığınızı necə xatırlayırsınız? Göygöl ailəsində böyümək necə idi? İndi harada yaşayırsınız?

-Mən uşaq olan zaman həmişə İstanbulda, Yeşilköydə böyük bağçası olan evlərdə, hətta “köşk”lərdə kirayə qalardıq. Qohumlarımız bizə gələrdilər, bütün yay tətillərini bizimlə keçirərdilər. Evlərimiz hər zaman dəniz sahilində olardı. Anamın dayısı Heydər də Türkiyədə təhsil aldı. Daha sonralar isə Kayseridə məskunlaşdı. Həyat yoldaşının möhtəşəm bir sarayı da vardı. Çox zəngin idilər. Heydər dayı ailəsi və xidmətçiləri ilə bizə gələr, bütün yayı birlikdə keçirərdik. Onlar üçün üç növ süfrə qurulardı. Hətta xüsusi aşbazımız da vardı.

(Çingiz Göygöl, qardaşı Mirzə Göygöl və nəvə Tuluğ)

Xəlil dayi (Has?) bir gün atamı kənara çəkib məsləhət verdi ki, bu evdən heç vaxt qonaq əksik olmur, belə davam edə bilməz. Cavad qardaş da oxuyub həkim oldu. Atamın “yeğeni” idi, oxumaq üçün İrandan İstanbula gəlmişdi. O da bizimlə birlikdə yaşadı. Atamın Berlindən də tələbə yoldaşları gələrdilər. Atamın süfrəsi axasında həmişə xeyli insan əyləşərdi. Maaşı çox yüksək olsa da, heç vaxt pulu bir yerə toplayıb zəngin ola bilmədi. Bütün dostlar, qohumlar varlandılar, bizdə də yeyib-içdilər. Bundan sonra Cavad bəy Azərbaycan əsilli iranlı, çox zəngin bir xanımla ailə qurdu.

(Zöhrə Yusifbəyli və oğlu Oğuz Göygöl)

Mənim uşaqlıq illərim gözəl keçdi. Dəniz sahilində yaşamaqdan həzz alırdım. Yesilköy çox kosmopolit bir bölgə idi və xeyli sayda qeyri-müsəlman ailələr yaşayırdı. Onların uşaqları yay tətilində ataları ilə işləməyə məcbur idilər, biz isə (qardaşım və mən) səhər duran kimi dənizə gedirdik. 1952-ci ildə Almaniyanın Darmştadt şəhərinə təhsil almağa gəldim. 1963-cü ildən bəri Hamburqda yaşayıram.

(Məhəmməd Əmin Rəsulzadə də fotoda yer alıb)

-Ailənizin Azərbaycandan olduğunu nə vaxt öyrəndiniz? Atanız Mirzə Göygöl Azərbaycan haqqında sizə nələr danışardı?

-Atam öz millətini çox sevən bir insan idi. Bizə xüsusilə Gəncənin nə qədər gözəl olduğunu söylərdi. Azərbaycanı cənnətin bir hissəsi kimi təsvir edərdi. Azərbaycanın müstəqillik ildönümlərində bütün qohum-əqrabaları, dostlarını başına toplayıb həmin günü qeyd edərdilər. Bunun üçün gözəl yerlər icarəyə götürüb, əyləncələr təşkil edərdilər. 28 may 1918-ci il Azərbaycanda Cümhuriyyətin yaranması günüdür

(Mirzə Göygöl və xanımı Zöhrə Yusifbəyli)

-Bizə mərhum atanız Mirzə Göygöl, ananız Zöhrə Göygöl-Yusifbəylidən bəhs edin. Göygöl ailəsinin həyatını sizdən öyrəmək istərik. Valideynləriniz necə tanış olublar, evləniblər? Türkiyəyə köçməli olduqdan sonra hansı çətinlikləri yaşadılar? Axı ananız Zöhrə xanım Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin yeganə qızı idi…

-Atam millətçi bir insan olduğu üçün anamla nənəmin (Nəsib bəy Yusifbəylinin qızı və həyat yoldaşı: Zöhrə Yusifbəyli və Şəfiqə xanım Qaspıralı) İstanbulda tək yaşadıqlarını biləndə onları axtarır tapıb. Nənəm iki uşağı ilə birlikdə Sevastapoldan İstanbula qaçmağı bacarıb. Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) Qalatasaray Liseyində təqaüd ilə təhsil alıb. Anam isə Erenköydəki qız liseyindən məzun olub.

(Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım İstanbulda)

Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb. Daha sonra kim olduqlarını araşdırıb tapıb. Azərbaycan baş nazirinin həyat yoldaşı və uşaqlarının belə ağır vəziyyətdə yaşamaları atamı çox məyus edib, kədərləndirib. O, anamla evlənməyə qərar verib. Nənəmi də (Şəfiqə xanım Qaspıralı) öz yanlarına gətiriblər, birlikdə yaşayıblar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) isə ərzurumlu zəngin bir ailənin qızı ilə evləndi.

(Bu şəkili illərlə nənəm qoruyub, saxlayıb)

İş qurmaları üçün qayınatası onlara sərmayə verdi. Fəqət dayımı aldatdılar və təəssüf ki, pullar batdı. Dayım heç nəsiz ortalıqda qaldı. Daha sonra bir liseydə müəllim kimi çalışmağa başladı. Atam anamla evləndikdən sonra nənəmlə yanaşı, dayım da onlarla birlikdə yaşamağa başladı. Onlara da atamgil baxırdı.

Atam məni Almaniyaya göndərəndə dedi ki, heç vaxt alman qadınla evlənmə. Dostlarının hamısı alman qadınla evlənib, boşanmışdılar. Mən də atama qulaq asmadım. Atam haqlı idi. Alman qadınla nikahımız davam etmədi və ayrıldıq.

(Mirzə Göygöl, Zöhrə xanım, Oğuz bəy, Nuran xanım və Neriman Aykut)

-Göygöl Azərbaycanda Gəncə şəhəri yaxınlığında məşhur bir göldür. Necə oldu ki, siz “Göygöl” soyadını qəbul etdiniz? Atanız bu barədə sizə nə danışıb?

-Atamgilin keçmiş soyadı “Hacızadə” olub. Türkiyədə soyadla bağlı qanun tətbiq edilən zaman məmurlar atama deyiblər ki, “elə hacı-macı olmaz. Özünüz üçün başqa bir soyad tapın”. Cavad bəy tez “Gəncəli” soyadına sahiblənib. Atam da “Göygöl” sözünü soyad kimi qəbul edib. Hətta illər sonra atam öz evini qurarkən binanın adını “Gəncə” qoydu.

(Şəfiqə xanım Qaspıralı-Yusifbəyli)

– Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan babanız Nəsib bəy Yusifbəyli və həyat yoldaşı Şəfiqa xanım haqqında nələr bilirsiniz? Ananız ailəsi haqqında sizə nələr danışardı?

-Anam ailəsi haqqında danışanda yalnız İsmayıl Qaspıralıdan bəhs edərdi. Atası haqqında danışmazdı. Babam və nənəm haqqında çox şey bilmirəm. Nənəm kədərlənməsin deyə babam haqqında evdə heç kim danışmazdı.

(Babamın qoruyub saxladığımız rəsimi)

-Nənəniz Şəfiqə xanım Qaspıralını (Nəsib bəy Yusifbəylinin xanımı) necə xatırlayırsınız? Şəfiqə xanım Nəsib bəydən ayrıldıqdan sonra necə yaşadı?

-Qohumlarımızdan başqa bir çox rus dostumuz vardı. Onlar İstanbuldan qatara minib, Yesilköyə bizə qonaq gələrdilər. Yemək yeyib, çay süfrəsi açardılar. Corc adlı bir nəfəri də xatırlayıram. Rus kolbasalarını gətirib bizimkilərə satardı. Nənəm evimizə gələn qonaqları qarşılardı, yola salardı, uşaqlarla vaxt keçirərdi.

(Mirzə Göygöl, Zöhrə, Səlcuk, Oğuz Yusuf)

-Şəfiqə xanım həyat yoldaşı Nəsib bəy Yusifbəylidən necə bəhs edərdi?  Nəsib bəylə Şəfiqə xanım ayrılmışdılar? 

-Evimizdə bu mövzuda heç kim danışmazdı. Çünki nənəm çox kədərlənirdi. Nənəmi incitməmək üçün heç kəs bu barədə söhbət açmazdı.

-Nəsib bəy Yusifbəylinin öldürülməsi, məzarının yeri ilə bağlı nə bilirsiniz? Ailədə bu barədə nə danışardılar? Ananız Zöhrə xanım atasından necə bəhs edərdi? Nəsib bəyin də qatili ermənilərdi?

-Gəncənin yaxınlığında azərbaycanlı və ermənilərdən ibarət yanaşı kəndlər olub. Bəzi erməni kəndliləri azərbaycanlıları təhdid edib oradan keçmələrinə mane olurlarmış. Atam da çox ehtiyatlı hərəkət edərmiş. Bəzən erməni kəndliləri qışqırırlarmış ki, “kəndə ayaq basma, səni öldürəcəyik”. Bəlkə babamı da onlar öldürüb. Amma bununla bağlı məndə dəqiq məlumat yoxdur.

Anam heç vaxt öz atasından bəhs etməzdi. Rus qonaqlar daim ətrafımızda idi. Gələn qonaqlar bir-biri haqqında qeybət edərdilər. Anam və nənəm isə sadəcə olaraq onlara müvəqqəti xoş münasibət göstərərdilər. Yəqin ki, anam babamla bağlı onlara məlumat ötürmək istəməyib.

-Azərbaycan Cümhuriyyətinin Ədliyyə naziri, görkəmli şəxsiyyət eyni zamanda qohumunuz olan Halil Has Mehmet Gürgören (Xəlil bəy Xasməmmədov) haqqında nə bilirsiniz?

-İnsanlar daim bizə gəlib, gecə yarısına qədər söhbət edərdilər. Onların arasında “Xan” adlı biri də vardı. Çox güman ki, o da önəmli bir insan idi. Atam onlara deyirdi ki, Azərbaycan cənnət kimi bir ölkədir, həyət-bağlarının gözəlliyindən söz açardı. Atam ermənilərin azərbaycanılara qarşı hər zaman düşmən münasibəti bəslədiklərini də qonaqlara danışardı. “Ağ ruslar” da bizim evimizdən əksik olmazdı. Halil Has Mehmet Gürgörenin ailəsindən heç kimi tanımıram. Valideynlərim sağ olsaydılar onlar barəsində bilərdilər.

(Mirzə Göygöl, Çingiz Göygöl və nəvə Tuluğ)

-Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi olan əminiz Çingiz Göygöl necə bir həyat yaşadı? Əminizin övladları ilə əlaqə saxlayırsınız?

-Əmim Çingiz inşaat mühəndisi idi, öz şirkəti vardı. Evlərin damını tikirdilər. Qazancı bol idi. Biz uşaqlara həmişə xərcləmək üçün pul verərdi. Təəssüf ki, əmim qızı Türkizlə əlaqəmiz kəsildi. Əmim çox vaxt kefsiz olurdu. Çünki onun heç oğlan övladı olmamışdı. Daha sonralar isə çoxlu oğul nəvələri oldu.

-Azərbaycanla bağlı hansı xatirələriniz var? Azərbaycan sizin üçün nə deməkdir? Gəncəyə gəlmək istəyərsiz?

-Atamın iki böyük bacısı (sürgündən gəliblər) illər sonra Hamburqa bizi ziyarət etməyə gəlmişdilər. Daha sonra Viesbadendə yaşayan bacım Şuləyə də baş çəkdilər. Birlikdə çox gözəl vaxt keçirdik. Təəssüf ki, mən heç vaxt Azərbaycana getməmişəm.

Anam və atam quru yol ilə Azərbaycana gedəndə Naxçıvandakı erməni gömrük məmurları onlara qarşı ədəbsizlik edərlərmiş, çox kobud və qəddar münasibət göstərirlərmiş.

İndi isə Azərbaycana getmək çox asandır. Amma mən qocalmışam. İnşallah qızım və nəvələrim bir gün Azərbaycana gedərlər.

Atam həmişə vətən həsrəti ilə yaşadı. Anam da, atam da öz vətənlərindən uzaq düşdülər. Bütün həyatları boyu bunun kədəri ilə yaşamalı oldular. Mən də vətənim olan İstanbul, Türkiyəmi itirdim. Uşaqlığımın, gəncliyimin keçdiyi ölkə, şəhər artıq yoxdur və ya çox uzaqda qalıb.

(Meral Qaspıralı və Tuluğ Göygöl)

-28 May Azərbaycan Xalq Cümhuriyyətinin ildönümüdür (1918-ci il). Ailəniz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərindəndir. Azərbaycanda sizi sevən insanlara nə demək istərsiniz?

-İnsanlar bir-birlərinə hörmət etməli, yaxşı yola getməlidirlər.

-Cənnət Vətəninizi qoruyun, sahib çıxın.

-Bir millət, iki Cümhuriyyət.

-Sevgi, hörmət və salamımı göndərirəm.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

ABŞ Prezidenti Vilsonun nəticəsi: “AXC diplomatlarının 100 il öncəki bu fəaliyyətini dəyərləndirirəm” (TARİXİ MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Bakıda çox maraqlı memarlıq nümunələri var”

“Amerikadakı mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır”

“Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik”

“Heç bir şəkildə mükəmməl deyildik, amma…”

Tomas Sayre – Amerikalı məşhur rəssam-heykəltəraş. O, qeyri-adi “public art” layihələri ilə bütün dünyada tanınır. Qeyd edək ki,  Tomas Sayre Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsidir.

HafizTimes.com-un növbəti müsahibi Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur rəssam-heykəltəraş Tomas Sayredir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran ABŞ prezidentinin varisi T. Sayre ailəsi, fəaliyyəti ilə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. O, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq babası prezident Tomas Vudro Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) olan münasibətindən də bəhs edib:

-Ohayo ştatının Klivlend şəhərində anadan olmuşam. Sonralar atam Vaşinqtondakı kafedral kilsədə baş keşiş (dean) olub. Beləliklə biz də Vaşinqtona köçdük. Mən də orada böyüdüm. Oğlanlar üçün olan “ST Albans” məktəbində təhsil aldım. Şimali Karolina Universitetində və Miçiqandakı Cranbrook İncəsənət Akademiyasındakı sənət məktəbində təhsil aldım.

-Prezident ailəsinin üzvü necə oldu ki, heykəltəraş-rəssam olmağa qərar verdi? Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Həmişə əllərimlə əşyalar düzəltmişəm. Kilsənin kölgəsində böyüdüyüm zaman artıq bütün daş hörgüləri, rəngli şüşə istehsal edənləri, heykəltəraşları və bir çox fərqli sahələr üzrə çalışan sənətkarları tanıyırdım. Hələ uşaq ikən bildim ki, sənət və memarlıq dərin insani duyğu və məna daşıyır. Beləliklə bütün karyeramı bu fikri ifadə etməyə həsr etdim. Hazırladığım heykəllər əsasən çox böyükdür və ictimaiyyət üçün açıqdırlar. Onlar ictimai məkanlara müəyyən bir məna bəxş edirlər və hansısa bir yer haqqında hekayələr danışmağa çalışırlar. Hazırda bütün ABŞ-da 5 böyük ictimai layihə üzərində çalışıram. Floridanın Tampa şəhərindəki muzeydə rəsmlərim nümayiş olunur. Hər gün yeni rəsmlər çəkirəm.

-Siz həmçinin məşhur dizayn firması olan “Clearscapes”in təsisçisisiniz.

“Clearscapes” bir rəssam və bir memarın arasındakı səmərəli əməkdaşlığın nəticəsində meydana çıxdı. Stiv Şuster ilə otuz ildən çox idi ki, tanış idim. Təxminən bir il əvvəl o, vəfat edənə qədər birlikdə çalışdıq. Firmanın memarlıq bölməsi əsasən Şimali Karolinada yerləşir: “Raleigh Convention” Mərkəzi, yeni “Raleigh” qatar stansiyası və bir çox sənət obyektləri bura daxildir. ABŞ, Kanada və Asiyada ictimaiyyət üçün açıq olan bir çox sənət əsərlərimiz mövcuddur.

-Hansı sənət əsərinizlə həqiqətən də qürur duyursunuz? Gələcək üçün hansı uğurlu layihələriniz var?

-Layihə mövcud olduğu cəmiyyətə təsir edən zaman çox qürur duyuram. Məsələn, “Oberlin Rising” 100 ildən çoxdur ki, Afro-Amerikan cəmiyyətini xatırladır. Hansı ki, “Raleigh”də baş verənlər nəticəsində məhv edilib. Müəyyən bir bir nahatlığı, xəstəliyi olanların sağalması üçün istifadə olunan Sağlamlıq Mərkəzinin adını qürurla çəkə bilərəm. Bundan başqa Vaşinqtondakı Milli Ballball Stadionunun girişindəki əyləncəli “Curve Ball” heykəlindən zövq alıram. Hətta Vaşinqton komandası keçən yay dünya kubokunu da qazandı.

Hazırda Texasdakı Texnologiya-Tibb Məktəbinin bir hissəsi olan Tibbi Araşdırma Müəssisəsinin qarşısında nəhəng və qeyri-adi layihə üzərində çalışırıq. Yeni Meksikadakı Albuquerqu bölgəsində suyun qorunması və insanların bu məsələyə ehtiyatla yanaşmaları ilə bağlı bir layihəyə start vermişik. Bundan başqa Şimali Karolinadakı Greensboro-da çay boyunca böyük bir ictimai park yaradırıq.

-Yaratmaq üçün nədən ilham alırsınız?

-Torpaqdan ilham alıram,  insanla müəyyən bir yerin vədhətindən doğan hekayələr məni ruhlandırır. Hər şey insanın niyyəti ilə təbiətin ona bəxş etdikləri arasındakı əlaqədən aslıdır. Yəni demək istəyirəm ki, dünyada tarazlıq yaradan sənətdən ilham alıram.

-Tarix abidələrinin qorunması ilə bağlı nə demək istərsiniz? Son vaxtlar Amerikada da heykəlləri dağıdırlar…

-Bu çox ağır və çətin bir sualdır. Mən bir neçə tarixi abidəni yenidən dizayn etdim. Bu çox çətin idi. Hətta bu barədə danışmaq da çətindir. Amerikadakı Vətəndaş müharibələri ilə bağlı dağılan abidələrə gəlincə deyə bilərəm ki, onlar bu ölkədə böyük bir siyasi uçurum yaratmaqda ittiham olunurlar… Təəssüf ki, bu ölkədəki mübahisələrin mərkəzində dərinə kök atmış irqçilik dayanır.

(Vudro Vilson)

-Siz Amerika Birləşmiş Ştatlarının 28-ci Prezidenti Tomas Vudro Vilsonun nəticəsisiniz. Vudro Vilsonun varisi kimi böyümək necə idi?

– Ailəmiz bir az qarışıqdır. Ailə tarixini miras kimi qəbul etmək və ən yaxşı formada yaşatmaq çox vacibdir. Bəxtim gətirib ki, onların sırasında dəyərli insanlar çoxdur… Ümumilikdə onların hamısı ilə eyni fikirdə olmasam da, Vudro Vilson da daxil olmaqla ailəmizin bütün üzvlərinə qarşı hörmətlə yanaşıram.

-Vudro Vilson sizin üçün kimdir?

-Hesab edirəm ki, Vudro Vilson idealizm və təcrübəni özündə birləşdirən, güclü, yüksək intellektli və bəzən də gözüaçıq bir insan idi. Vilson əsl lider idi. Heç bir şəkildə mükəmməl deyildik, amma Amerikanı yaxşılığa doğru dəyişməyə müvəffəq olduq. Kaş ki, dünya ilə bağlı düşüncələri də daha yaxşı qəbul olunardı. Birinci Dünya Müharibəsindən sonra baş verən faciəli hadisələrin çoxunun qarşısını ala bilərdik…

-Hazırda Amerikada nə baş verir? Amerikadakı irqi problemlər sizə necə təsir edir? İrqçilik kimlərə xidmət edir?

-Amerika dünyanın hər yerində olduğu kimi, Covid-19 ilə də mübarizə aparır. Bəlkə də bu pandemiya Corc Floydun öldürülməsinə qarşı daha dərin və tutarlı cavab vermək üçün bir yol açdı. Dua edirəm ki, mövcud iğtişaşlar əslində Amerikada sistematik şəkildə qurulan ağların üstünlüyünün çökməsi istiqamətində ciddi bir fəaliyyətə səbəb olacaq. Sistemimiz ağ insanların maraqlarını digərlərindən üstün tutur. Bu səhvdir, bu ölkənin mənimsədiyi dəyərlərə ziddir və dəyişməliyik. Bəlkə də indi real dəyişikliyə çatmaq üçün bir fürsətdir. Buna ümid edirəm.

-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları hələ 1919-cu ildə Parisdə babanız Vudro Vilsona Azərbaycan haqqında geniş məlumatlar veriblər. 

-Təəssüf ki, sizin paytaxt şəhərinizdə olmamışam. Amma görürəm ki, irəliyə doğru getmək üçün böyük işlər görülür. Bakıda çox maraqlı memarlıq nümunələri var: “Flame Towers”, “SOCAR Tower” və “Crystal Hall” – möhtəşəm görünüşlü dizaynlardır. Mən bunların yalnız şəkillərini görmüşəm…

Bakıda layihələrim yoxdur, amma mütləq orada işləmək istəyirəm. Həm fiziki, həm də mədəniyyət baxımından fərqli yerlərdə işləmək maraqlı olar.

(Əlimərdan bəy Topçubaşov – Parisdə)

-Azərbaycan və ABŞ arasında siyasi və diplomatik əlaqələlərin qurulmasına ilk təşəbbüs 1919-cu il mayın 28-də Parisdə olub. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti V.Vilsonla görüşüb. Görüşdə müstəqil Azərbaycan dövlətinin tanınması, onun Millətlər Liqasına qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. haqqında Azərbaycan hökumətinin rəsmi memorandumu ABŞ prezidenti Vudro Vilsona təqdim edilib. Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz…Təəssüflər olsun ki, 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Və bizim Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi… 70 il SSRİ-nin hökmranlığı altında yaşamalı olduq… Və nəhayət ki, 25 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldı və 70 ildən sonra ABŞ Azərbaycanı müstəqil dövlət kimi rəsmi olaraq tanıdı … Vudro Vilsonun nəticəsinin buna münasibəti necədir?

Ölkənizin yaxın keçmişi haqqında çox da məlumatlı deyiləm. Amma Paris danışıqlarından sonra Azərbaycanın məyus olması ilə bağlı bilirəm. Bir çox qrup məyus oldu. Amma təbii ki, bəziləri yox. Hələ də bütün dünyada sülh üçün ümumilikdə bir vizyon kimi görünən Paris razılaşmalarının sonralar gözardı edilməsi məyusluq doğurur. Sizin bu məyusluğunuzu mən də bölüşürəm… Azərbaycandan olan insanların təxminən 100 il öncə azadlıq üçün göstərdikləri bu fəaliyyəti yüksək dəyərləndirirəm.

Hafiz Əhmədov

HafizTimes.com

(Tüstü ilə hazırlanmış əsər)

Oxuyun

Müsahibə

Eros Ramazzotti: `Azərbaycan gəncləri, həmişə səmimi və dürüst olun` (EKSKLÜZİV MÜSAHİBƏ)

Yayımlandı

da

Tərəfindən

“Uşaqlarım mənim əsas ilham mənbəyimdir

“Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq”

“Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar”

“Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildim”

Eros Ramazzotti — Məşhur italyan müğənni və bəstəkar. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edir. O, Adriano Çelentano, Andrea Baçelli, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin və digərləri ilə duet oxuyub. Geniş vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Onu “Dünyanın musiqi səfiri” adlandırırlar. Müğənni ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir. Bu günədək 14 albomu işıq üzü görüb.

Dünya şöhrətli müğənni Eros Ramazzotti eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox maraqlı məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nələr çatışmırdı?

-Uşaqlığım çox sevdiyim, gözəl bir dövrdür. Sevgi olduğu üçün hər şeyimiz vardı.

 -İllərlə zirvədə qalmağı necə bacarırsınız?

Bu yalnız bir iş deyil: mahnı oxumaq mənim həyatımdır. Gördüyünüz işi sevsəniz və qərarlı olsanız istədiyiniz hər şeyə nail ola bilərsiniz. Heç bir şey verilmir, amma hər şeyi qərarlılıq və ağır zəhmətlə fəth etmək olar. Əlbətdə ki, lazımi vaxtda bir az şans da kömək edə bilər.

-Bu ağır günlərdə sizi motivə edən nədir? Necə yaradıcı qala bilirsiniz?

-Kiçik şeylərdən ilham alıram: gəzməyə çıxmaq, uşaqlarımla oynamaq və söhbət etmək və təbiətlə təmas qurmaq.

-Uğurunuzu nəyə borculusunuz?

-Çətin iş və səmimiyyətin həmişə qarşılığı olur.

 -Gələcək üçün hansı planlarınız var? Sevənlərinizə nə söyləmək istərsiniz?

-Həmişə yeni musiqi və əsərlər üzərində işləyirəm. Özümü aktiv və motivasiyalı tutmağı sevirəm. Tezliklə yenidən qarşılaşacağıq.

– “Vita ce n’è” nin uğur sirri nədir?

-Vita Ce N’è çox səmimi bir ifadır, əsas mövzu sevgidir: sevgi hər şeyin mərkəzidir, hər kəsin inana biləcəyi nikbinlikdir.

-Mahnılarınızın ilham mənbəyi nədir? Kimin üçün yazmaq istərsiniz?

-Musiqimi  hər zaman ürəyimlə yazıram: duyğularınızı yazmaq və onları musiqiyə çevirə bilmək bir hədiyyədir. Və əgər bunu səmimiyyətlə etsəniz, insanlar onu hiss edəcəklər və hər şeyi sizə qaytaracaq. Uşaqlarım mənim əsas ilham mənbəyim, məni hərəkətə gətirən mühərrikdir. Ancaq gündəlik həyatın anlarından, yaşadığım və ya mənə söylənən hekayələrdən ilham alıram.

-Öhdəsindən gəldiyin ən böyük əngəl nə olub?

-Uçmaq qorxum.

– Qəbul etdiyiniz dəyərləri musiqinizdə necə tətbiq edirsiniz?

-Sadəcə hisslərimdən və həqiqətən kim olduğumdan danışıram. Bu, təbii bir prosesdir, kim olduğum mövzusunda sadəcə olaraq dürüstəm.

-Sizin izinizlə getmək istəyən birinə nə məsləhəti verərsiniz?

-Zəhmət həmişə qarşılığı olur. Xəyallarınıza sadiqsinizsə və özünüzə inanırsınızsa, sonda hər şey qaydasında olacaq.

-Necə xatırlanmaq istərsiniz?

-Bu barədə heç düşünmürəm. Mənim üçün uğur bununla ölçülür: sonda həyat və musiqi ilə nə qədər sevgi ötürə bildin.

-Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

-Müəyyən bir şüarım yoxdur: həyatda təəssüflə yaşamamalıyıq, ancaq hər zaman inam və ümidlə  gələcəyə baxmağa çalışmalıyıq.

 -Həmişə gənc görünməyi necə bacarırsınız?

-Gənc qalmağa deyil, sağlam olmağa köklənmişəm. Hər gün məşq etmək, yerimək, açıq havada olmaq, sağlam yemək və yaxşı yatmaq üçün əlimdən gələni edirəm. Hamısı budur.

-Zamanı geriyə çevirsəydiniz siz hara qayıdardınız?

-Peşimanlıq hissi ilə yaşamıram: etdiyim hər şeyi edərdim.

-Nə vaxt çox xoşbəxt olursunuz?  Almaq, yoxsa vermək daha yaxşıdır?

-Şübhəsiz ki, vermək.

-Azərbaycan, Bakı necə xatırlayırsan? Azərbaycanlılarla bağlı unudulmaz xatirəniz nədir?

-Bütün dünyadakı pərəstişkarlarımla görüşə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanlılar da konsert turum zamanı məni çox isti qarşıladılar. Bu mənim üçün çox gözəl bir xatirədir.

-Azərbaycanın məşhur musiqiləri, Muğamlar haqqında heç eşitmisinizmi? Yenidən Azərbaycana səfər etmək istərsinizmi?

-Bu barədə eşitməmişəm. Amma həmişə yeni musiqilər tapmaqda maraqlıyam, təşəkkür edirəm. Konsert turu üçün getdiyim şəhərləri nadir hallarda gəzə bilirəm. Buna görə də bir gün Azərbaycanı daha düzgün bir şəkildə ziyarət etsəm xoşbəxt olaram. Bakını gəzmək isə daha da maraqlı olar.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərdiniz?

-Xəyallarınıza həmişə inanın, hər zaman özünüzə və digər insanlara qarşı səmimi və dürüst olun.

Hafiz Ahmadov

HafizTimes.com

`Azərbaycana getmək istəyərəm` – Əfsanəvi rok ulduz Bryan Adamsla eksklüziv müsahibəni BURADAN oxuya bilərsiniz.

Oxuyun

Trend yazılar