Bizimlə əlaqə

Müsahibə

“Əfsanəvi Freddi Merkyuri azərbaycanlı idi?” – bacısı Kəşmirə Bulsara ilə EKSKLÜZİV MÜSAHİBƏ (FOTOLAR)

Yayımlandı

da

Freddi Merkyuri (Fərrux Bulsara) – Böyük Britaniyanın əfsanəvi müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox “Queen” qrupunun solisti kimi tanınır. Freddi Merkyuri parlaq səhnə performansı və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşıb.

1946-cı ildə Tanzaniyanın Zənzibar adasında anadan olub. Valideynləri Bomi və Cer Bulsara Hindistana köçən Pars Zərdüştləri olub. Onlar Hindistandan Zənzibara Bominin Britaniya Koloniya İdarəsindəki işləri ilə əlaqədar immiqrasiya ediblər. “Bulsara” soyadı Hindistanın Qucarat ştatındakı Bulsar (Valsad) şəhərinin adından götürülüb. Dünya rok musiqisinin kralı 45 yaşlı Freddi Merkyuri 1991-ci ilin 24 noyabr tarixində gözlərini əbədi olaraq yumub. Ölümünün əsl səbəbi kimi QİÇS-dən əmələ gəlmiş sətəlcəm xəstəliyi göstərilir. Mənsub olduğu Zərdüştlük dininə əməl etməsə də, dəfni bu dinin qayda-qanunları əsasında həyata keçirilir. Cənazəsi Kensal adında Yaşıl Qəbirsanlıqda yandırılır amma, külünün yerləşdiyi yer hələ ki, heç kimə məlum deyil. Freddi Merkyurinin özündən kiçik Kəşmirə adlı bacısı da var. Freddi Merkyurinin ailəsinin Azərbaycan əsilli olması da iddia edilir.

Əfsanəvi müğənni Freddi Merkyurinin bacısı Kəşmirə Bulsara (Kashmira Cooke – Bulsara) eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq baş tutan bu müsahibə zamanı Kəşmirə Bulsara ailəsinin kökləri və qardaşı Freddi Merkyuri ilə bağlı mühüm məqamlara aydınlıq gətirib. O, ailəsinin Azərbaycan əsilli olması ilə bağlı yayılan iddialara da ilk dəfə olaraq HafizTimes.com vasitəsi ilə münasibət bildirib. Kəşmirə Bulsara həmçinin Freddi Merkyurinin iki özəl şəkilini də təqdim edib:

Kəşmirə Bulsara (Kashmira Cooke – Bulsara) – 1952-ci ildə Zanbizarda anadan olub, orada təhsil alıb. Roger Cooke ile evlidir. 67 yaşı var. Samuel Cooke adlı oğlu var.

-Kəşmirə xanım hazırda nə işlə məşğul olursunuz?

-Brian May ilə Fredinin keçmişini çəkirəm.

-Uşaqlıq illəriniz necə keçib? Freddinin bacısı olmaq çətin deyildi ki?

-Mənim uşaqlıq illərim normal keçib. Bəzən Freddi ilə mahnı oxuyurdum. Freddinin bacısı olmaq bir az çətin idi.

-Freddi Merkyuri ilə aranızda hansı oxşarlıqlar var?

-Mənim gözlərim və üzüm ona çox oxşayır.

-Freddi Merkyuri necə bir insan idi? Heç vaxt unutmadığınız bir xatirənizi bizimlə bölüşərdiniz…

-Freddi çox utanan oğlan idi. Amma həm çox sevimli, həm də gözəl idi. Mən yaxşı xatırlayıram ki, bir gün o mənə gül almışdı. Gülü mənə verdi və bərk qucaqlayıb dedi: “Kaş, sən mənim ən yaxşı bacımsan”.

-F. Merkyurinin tez bir zamanda şöhrət, uğur qazanmasının sizcə sirri nə idi?

-Düşünürəm ki, Freddinin uğur qazanmasının sirri onun xarizması ilə bağlı idi.

-Freddi Merkyurinin tarixdə ən böyük xidməti nə olub? Sizcə onun hansı əməli nümunə götürülə bilər?

-Mənim qardaşım kim olduğunun axtarışında idi… Onun musiqi sahəsinə böyük təsiri oldu. Freddi özü idi.  Özü olmaq isə yaxşı bir örnəkdir.

Kəşmirə Bulsaranın ailəsi, həyat yoldaşı və övladları

-Freddi Merkyurinin bacısı olmaq necə hisdir? O, evdə, ailədə necə bir insan idi?

-Freddinin bacısı olduğum üçün çox xoşbəxtəm. O, evdə də çox utancaq idi. Hətta mən onu bizimlə yeməyə dəvət edəndə də mənə güllər alırdı.

İndi isə onun sevənlərinə çox bağlıyam.

-Kimi daha çox qardaşınıza oxşadırsınız? Ailədə ona oxşar biri var?

-Marc Martel fiziki və vokal olaraq mənə qardaşımı xatırladır.

-Freddi Merkyurinin həyatının belə tez sona çatmasına nə səbəb oldu?

Fredinin həyatı çox kədərli oldu. Onun ölüm səbəbi AIDS və “sətələcəm” oldu.

Onun videolarına və şəkillərinə baxanda çox özümü xoşbəxt hiss edirəm.

– Azərbaycana səfər etmisiniz? Azərbaycan barədə nə deyə bilərsiniz?

-Xeyr. Mən heç vaxt Azərbaycana getməmişəm. Ona görə də bu haqqda heç nə deyə bilmərəm.

Kashmira Bulsara, Sam Cooke, Brian May- Freddi Merkyurinin evində

-Freddi Merkyurinin ailəsinin Azərbaycan (Cənubi Azərbaycan-İran) əsilli olduğu idda edilir. Bu nə dərəcədə doğrudur?

-Xeyr!  Freddi də “İndian Parsi” idi! O, Fərrox Bulsara adı altında dünyaya gəldi. “Zoroastrian Parsi” idi!

-Sonda Azərbaycanda Freddi Merkyuri sevənlərə,oxuyucularımıza nə demək istərsiniz?

-Freddi hələ də sizi sevir…

(Qeyd edək ki, müsahibə Freddi Merkyurinin bacısı oğlunun dəstəyi ilə baş tutub)

Hafiz Əhmədov

HafizTimes.com

Müsahibə

`Cənazənin yanında tək qaldı` – Milyarderin müəlliməsi, dostu danışır: “Ona bir məktub yazdım…” (ARAŞDIRMA)

Yayımlandı

da

Tərəfindən

“Kasıb olduğu üçün azərbaycanlı ailələr Bakıda ona qız vermədi”

“Çox da yüksək səviyyədə oxumurdu”

“Vahid həmin oğlana deyib ki, o qızla evlənmək istəyirsənsə birinci ərizəni yazıb LUKoil-dəki işindən çıxmalısan”

“Cins şalvarı cırıq olduğu üçün toyda qalxıb oynamadı”

“Mənə bir televizor həddiyyə etdi”

“Biz ona “Alen Delon” deyirdik”

Vahid Ələkbərov – Azərbaycanlı milyarder, neft maqnatı. “LUKoil” şirkətinin prezidenti. 1950-ci ilin sentyabrın 1-də Bakı şəhərinin “Razin” qəsəbəsində, (hazırkı Bakıxanov qəsəbəsi) Yusif Ələkbərov və Tatyana Fyodrovana cütlüyünün ailəsində dünyaya gəlib. Ailədə 3 bacı və 2 qardaş olublar. Vahid evin sonbeşiyi olub. Neftçi Yusif Ələkbərov mədənlərdə çalışıb. Ana Tatyana Fyodrovana isə evdar xanım olub. Ailə illərlə Yusif kişinin qazandığı fəhlə maaşı ilə dolanmalı olub. Vahidin 3 yaşı olarkən atası qəfildən vəfat edib. Bu isə ailənin maddi vəziyyətini daha da dözülməz edir. Nəticədə V.Ələkbərovun uşaqlığı ehtiyac içində, kasıblıqla mübarizədə keçir. Həmin vaxta qədər heç bir yerdə çalışmayan 38 yaşlı ana T. Fyodrova dövlətdən aldığı 34 rubl pensiya ilə beş uşağına baxmağı düşünür. Amma sonda çarəsiz qalan ana müxtəlif yerlərdə çalışmalı olub. Bütün çətinliklərə, dözlüməz şəraitə baxmayaraq övladlarından imtina etməyib, onların ehtiyaclarını qarşılamaq üçün var gücü ilə mübarizə aparıb. Bir müddət sonra ailənin böyük övladı Züleyxa Ələkbərova da neft sahəsində işlə başlayıb. Nəhayət Ələkbərovlar ailəsinin ən ağır günləri geridə qalır. Ailənin kiçik qızı Nelli Ələkbərova həmin günləri belə xatırlayır: “Anamız ailəmizi birləşdirməyi bacardı. Bütöv bir yumruq kimi idik. Böyüklər həmişə kiçiklərə kömək edir, kiçiklər də böyüklərə qulaq asırdı. Tərbiyəmizdə əsas yeri anamız tutur. Anamız bizim baş müəllimimiz idi”

HafizTimes.com Vahid Ələkbərovun həyatını araşdırıb. Uzun müddət davam edən araşdırma zamanı maraqlı faktlar üzə çıxıb.

Vahid Ələkbərovun müəlliməsi Taisa Petrovna HafizTimes.com-a danışır:

-189 saylı orta məktəbdə 52 il müəllimə, direktor işləmişəm. Vahid Ələkbərov isə ora 5-ci sinifdə oxuyan zaman gəlib. Mən onun rus dili və ədəbiyyatı müəlliməsi olmuşam. İndi isə 96 yaşım var. Evdən çıxa bilmirəm.

(Taisa Petrovna, Bilik günü)

-Vahid Ələkbərov necə şagird idi? Dərslərini necə oxuyurdu?

-Oxumağı ilə bağlı deyə bilərəm ki, orta səviyyədə idi. Çox da yaxşı oxumurdu. Amma həddən artıq fəal oğlan idi. Xüsusi ilə təşkilatçılıq qabiliyyəti ilə məktəbdə fərqlənirdi. Tədbirlərin təşkilatçılığını da edirdi. Sinif yoldaşları arasında da öz nizam-intizamı ilə fərqlənirdi. İstəyirdi ki, sinif yoldaşları da irəli çıxsın, geridə qalmasınlar. Təşkilatçı olmaqla yanaşı tələbkar idi. Verdiyimiz tapşırıqları zamanında yerinə yetirərdi.

-Bir zamanlar dərs dediyiniz Vahid Ələkbərovu necə xatırlayırsınız?

-Bu gün 96 yaşım olmasına baxmayaraq, Vahid Ələkbərovu çox yaxşı xatırlayıram. İllər öncə ona bir məktub yazdım. Məktəbimizin təmirə ehtiyacı olduğunu qeyd etdim. O isə təhsil aldığı məktəb üçün yüksək məbləğdə vəsait ayırdı. Məktəbimizi tam təmir etdirdi. Bir müddət sonra məktəbə yenidən gəldi, həmin vaxt mənə bir televizor da hədiyyə etdi.

“Vahid Ələkbərov məktəbimizi təmir etdirdikdən sonra hər kəs ora “Lukoil məktəbi” deyirdi

-Vahid Ələkbərovun ayırdığı vəsait hesabına məktəbimizin hər küncü çox yüksək səviyyədə təmir olunmuşdu. Hətta Vahid Ələkbərovun bacıları da həmin məktəbdə təhsil almışdılar. Məktəbimiz təmir olunduqdan sonra onlar da ora gəldilər. Təmir-tikinti işləri ilə tanış oldular. Çox tərbiyyəli, mərhəmətli xanımlardı. Keçmişlərinə hər zaman hörmətlə yanaşırlar. Bu da yəqin ki, onları hər zaman irəli aparır.

(Vahid Ələkbərov və bacısı Nelli xanım)

Vahidin valideynlərini heç vaxt görməmişəm. Amma bildiyim qədəri ilə, atası Yusif bəy neft mədənində çalışıb və erkən yaşda vəfat edib. Vahid neftçi bir atanın oğlu olub. Vahidgili anaları böyüdüb, tərbiyyə edib.

-Bu gün Vahid Ələkbərova nə demək istərsiniz?

-Mən ona can sağlığı arzu edirəm. Demək istərdim ki, hər zamankı kimi enerjili olsun. Həyat-fəaliyyətini belə uğurla davam etdirsin.

Vahidin doğum günü sentyabrın 1-dir. Mən bu tarixi heç vaxt unutmamışam. Məktəbdə çalışdığım zaman bu tarixi tez-tez jurnala qeyd edərdim.

Bəs Vahid  Ələkbərov necə bir tələbə olub?!

İdris Mövsümov – Vahid Ələkbərovun tələbə yoldaşı, ömürlük dostu, yeganə sirdaşı. Çox təəssüf ki, İdris Mövsümovun iki ay öncə vəfat etdiyini öyrəndik.

İ. Mövsümovun bacısı Lalə Mövsümova HafizTimes.com-un suallarını cavablandırır:

-Vahidin Bakıda yeganə dostluq etdiyi şəxs mənim qardaşım İdris Mövsümov idi. Onlar indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıblar, tələbə yoldaşı, ən yaxın dost olublar. Bu dostluq tələbəlikdən bəri, 50 ildən artıqdır ki, davam edirdi. Vahid də bizim ailəmizin bir üzvüdü.

(Lalə Mövsümova)

-Siz Vahid Ələkbərovgilin ailəsini necə xatırlayırsınız?

-Çox zəhmetkeş ailə idilər. Kasıblıqla böyüyüblər, əziyyət çəkiblər. Vahid evdə ən kiçik uşaq olduğuna görə, bütün bacıları ona kömək edirdi. Vahidin atası Yusif kişi İran azərbaycanlısı olub. O vaxtlar müharibədən sonra İrandan çoxlu sayda azərbaycanlılar ölkəmizə köç edirdilər. (1947-ci illərdə) Bakı şəhərində isə çox adam öz qızlarını onlara ərə vermirdi. Çünki onların heç nələri yox idi, həddindən artıq kasıb idilər. Hətta bir çoxları təhsil də almamışdı. Diqqət etsəniz görərsiniz ki, həmin şəxslərin çoxunun həyat yoldaşı rus, erməni əsilli olub. Vahidin atası da Bakıda Tatyana adlı bir rus xanım tapıb və onunla ailə həyatı qurub. Tatyana da çox kasıb bir ailənin qızı olub. Hündür boylu, ağbəniz, dolu bir qadın idi. Həmişə üzü gülərdi. Vahid də elə anasına oxşayır. O, anasına həddindən artıq bağlı idi Vahidin imkanları artdıqdan sonra anasını da Moskvaya apardı. Birlikdə yaşadılar.

(Vahid Ələkbərov və bacısı Nelli xanım)

Vahidin o biri qardaşının adı Vaqifdir. “Vovo” deyirlər. Yaxşı münasibətimiz var. Böyük bacıları Züleyxanı da tanıyıram. Zəhmətkeş bir xanımdı. Ailənin ən ağır günlərində çalışıb, qardaş-bacılarına dəstək olub.

Deyə bilmərəm ki, Vahid univesiteti çox da əla qiymətlərlə başa vurub. Amma xüsusi ilə qeyd etmək istəyirəm ki, Vahid yaxşı bir təşkilatçı olub.

(İdris Mövsümov)

-Vahid Ələkbərovun gənclik illərini necə xatırlayırsınız?

-Vahid bizim evin bir üzvü kimi idi. Hündür boylu, yaraşıqlı oğlan idi. Biz ona “Alen Delon” deyirdik. Bir-birinə çox oxşayırdılar. Çox mədini və utancaq bir oğlan idi. Mənim anam gözəl yeməklər bişirərdi. Həmişə deyərdi ki, “Vahid sən də otur çörək ye”. Anam bilirdi ki, Vahid bozbaş yeməyi çox sevir. Sonrakı illərdə də anam Vahidi unutmadı. Vahid Moskvada işləyəndə də anam ona bankada əncir mürəbbələri göndərirdi. Bilirdi ki, Vahid bunu çox sevir. Anam həmişə deyərdi ki, birdən Vahid ac olar…

Vahidlə qardaşım İdrisin heç vaxt adi bir mübahisələri də düşməyib. Ömür boyu mehriban dost olublar. Vahid elə bil İdrisdən başqa heç kimi özünə yaxın buraxmadı. Hətta Vahid Bakıya bir saatlıq gəlsə də mütləq birinci İdrislə görüşərdi.

(İdris Mövsümov və Vahid Ələkbərov)

Vahid illər öncə “Razində” yaşadıqları evə də getmişdi. Görüb ki, orada başqa insanlar yaşayırlar. Vahid həmin ata evini təmir etdirdi. Orada təhsil aldığı orta məktəbə də pul ayırdı, təmir etdirdi. Anasının adına bir rus kilsəsi də tikmək istəyirdi. O, anasının adını əbədiləşdirmək istəyirdi…

“Vahid ömürlük dostunu son mənzilə yola saldı”

-İki ay öncə qardaşım İdris Mövsümov qəflətən vəfat etdi. Vahid öz dostunu son mənzilə yola salmağa gəlmişdi. O, mühafizəçiləri ilə birlikdə yas mərasiminə gəlmişdi. Həmin vaxt camaatı evdən bayıra çıxarıb dedilər ki, Vahid dostu ilə vidalaşmaq istəyir. Vahid İdrisin cənazəsinin olduğu otağa daxil oldu. Dedi ki, məni İdrislə tək qoyun. Və dostu ilə əbədi olaraq vidalaşdı.(kövrəlir)

Vahid İdrisə çox bağlı idi. O, İdris üçün hər şey edib. Mən 22 ildir ki, Hollandiyada yaşayıram. Həmişə ora gedəndə İdris mənə deyərdi ki, “Vahid bu dəfə gələndə mənim üçün bunu etdi, bu villanı, bağı mənə aldı, bu maşını hədiyyə etdi…”

Hətta Vahid İdrisə deyirdi ki, mən səni “LUKoil”də ən yüksək vəzifəyə də təyin edə bilərəm. Amma lazım deyil. Niyə? “Çünki, mən işçilərimi həmişə təndiq edirəm, onların nöqsanlarını üzlərinə deyirəm. İstəmirəm sən də mənim üçün bir işçi olasan. İstəmirəm ki, bizim münasibətlərimiz bu səviyəyə düşsün. Amma mən sənə necə istəsən kömək edəcəyəm”. İdris “LUKoil”də həmişə menecer vəzifəsində oldu. Vahid həmişə İdrisi xarici səfərlərə göndərirdi…

Vahid heç vaxt bəziləri kimi öz doğmalarını unutmadı. Hətta onun bir qız qohumu da vardı. O da “LUKoil”də işləyir. Həmin qızın ərə getmək istədiyi oğlan da “LUKoil”də çalışırdı. Vahid həmin oğlana deyib ki, əgər sən həqiqətən də bu qızı sevirsənsə və onunla ailə quracaqsansa birinci “LUKoil”dəki işindən çıxmalısan. Həqiqətən də oğlan həmin işdən öz ərizəsi ilə çıxdı. Vahid əvvəlcə fikirləşib ki, bu oğlan qızı guya Vahidə görə alıb, işində daha da yüksəlmək istəyib. Vahid isə belə şeylərin qəti əleyhinə idi. Bütün bunlara baxmayaraq onlar ailə həyatı qurdular. Vahid də onlar üçün hər şey etdi. İndi də həmin oğlan başqa bir şirkətdə çalışır…

(Vahid Ələkbərov və Larisa xanım)

-Vahid-İdris dostluğu ilə bağlı hansı xatirəni bölüşə bilərsiniz?

-Vahidlə İdris cavan oğlanlar idi. Onlar bizə gəlib piano çalardılar. Həmin vaxtlar Polad Bülbüloğlunun mahnıları məşhur idi.  Onlar qurup halda yığışıb mahnılar oxuyurdular.

İdrisin toyunu heç vaxt unutmaram. Vahid o vaxt nişanlısı olan Larisa xanımla İdrisin toyuna gəlmişdi. Gözəl bir fotomuz da var. Həmin foto illərlə evimizin salonunda durdu. Vahid həmişə deyirdi ki, “mən ömrüm boyu yadımdan çıxarmaram ki, Lalanın (yəni mənim) toyunda cins şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim”…

Univesitetdə 3-cü kursdan sonra tələbələri təcrübə keçməyə göndərirdilər. İdris də, Vahid də neft mədənlərinə gedib həm təcrübə keçirdilər, həm də özləri üçün pul qazanırdılar. Atam da onlara deyirdi ki, gedin işləyin pul qazanın. Atam mədən sahiblərinə zəng edib deyirdi ki, iki tələbə gələcək onları işlə təmin edin. Vahidlə yenidən görüşüb, həmin günləri yada salmaq istərdim…

İki il öncə Vahid İdris birlikdə kürəkənimin Moskvadakı restoranına gedib. Həmin gün bütün restoranı bağladıblar. Vahid oradan gedəndə deyib ki, ömrümdə ilk dəfədir ki, restorandan pul ödəmədən çıxıram.

 

-Vahid Ələkbərovun uğur qazanması ilə bağlı nə deyə bilərsiniz?

 -Bizim tək bildiyimiz budur ki, böyük şəxsiyyət Azad Mirzəcanzadənin ona köməyi olub. Vahidin bacısı Züleyxa da orada işləyirdi. Çox ağıllı, yaxşı qadındı. Azad Mirzəcanzadə də görüb ki, Vahid də ciddi, yaxşı təşkilatçı gəncdir. Nəhayət Azad müəlim Vahidə düzgün yol göstərib, o da uğurlar qazanıb. Vahid işləmək üçün əvvəlcə Surquta gedib. Sonra Moskvada çalışıb. Vahid birdən-birə uğur qazanmadı. Hər şeyi pillə-pillə edib.

(Vahid Ələkbərov və oğlu Yusif)

Hətta Vahid öz yeganə övladı Yusifi də universiteti bitirdikdən sonra Surquta işləməyə göndərdi. Ona deyib ki, get mənim ilk işlədiyim yerdə çalış və istehsalatı öyrən. O, oğlunu əziz-xələf bilib başının üstündə saxlamayıb. Çox ciddi ata olub. İdris də həmişə bunu deyirdi. Vahid oğluna kömək etməyib, yol göstərib. İstəyib ki, oğlu da əziyyət çəkib, uğur qazanmağı bacarsın.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

`Azərbaycan muğamı oxumaq istəyirəm`– İslamı seçən amerikalı müğənni: “Ona görə bunu etdim ki…” (EKSKLÜZİV)

Yayımlandı

da

Tərəfindən

“Azərbaycanı ziyarət etməkdən şərəf duyaram”

“İslamı qəbul etməklə yalnız bilik qazandım”

“Əksər liderlər demokratiyaya ən böyük əngəldir. Unudurlar ki, bu onların şəxsi mübarizəsi və qazancı deyil”

“Heç vaxt narkotik maddə istifadə etmədim, içki içmədim”. 

Dünyaca məşhur amerikalı müğənni Della Miles eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. Maykl Cekson və Uitni Hyuston da daxil olmaqla bir çox əfsanəvi müğənninin vokalistliyini edən Della Miles bir neçə il öncə İslamı qəbul etdiyini və Türkiyəyə köçdüyünü açıqlayıb. 

HafizTimes.com-a müsahibəsində Della Miles həyatı ilə bağlı bir çox önəmli məqamdan söhbət açıb, ilk dəfə olaraq Azərbaycanla bağlı fikirlərini ifadə edib.

-Uşaqlığınızı necə xatırlayırsınız?

-Mən musiqiçi ailəsində böyümüşəm. Anam əla incil oxuyardı, atam isə cazı çox sevirdi.

– Böyüdüyünüz ailədə nə çatışmırdı?

-Altı uşağın ən kiçiyi mən idim. Ailəmiz bizi qoruyurdu. Həqiqəti bilmək istəyirsizsə etiraf edim ki, böyüyənə qədər kasıb olduğumuzu başa düşməmişəm. Gucci-si olan uşaqlardan deyildik. Biz maddiyyat üzərində böyümədik. Ehtiyacımız olan hər şeyimiz vardı.

-Uğurunuzu nəyə borclusunuz?

-Bəziləri uğuru pul və maddi şeylərlə ölçür. Amma mən uğuru qazandığımı söyləyirəm. Çünki insanlar iki saatdan da artıq mənim musiqilərimi dinlədikləri zaman üzlərində təbəssüm yaranır və problemlərini az da olsa unudurlar.

-Sizinlə bağlı ən böyük yanlış fikir nədir?

-İnsanlar bəzən bütün sənətçilərin eyni olduğunu düşünürlər. Whitney Houstonla (narkotik və alkoqol problemi olan) ilə işlədiyim üçün məni də bəzən onunla eyni tuturlar. Amma mən heç vaxt narkotik maddədən istifadə etməmişəm, içki içməmişəm. Bu bir çox sənətçi haqqında yanlış şablon düşüncədir.

-Gələcək üçün hansı planlarınız var?

-Uşaqlar üçün televiziya proqramı hazırlamaq üçün çalışıram. Yenilik olduqca məlumat verəcəyəm. Xüsusi ilə, bu il bir neçə “single” yayımlayacam və YouTube konsertlərimə start verəcəyəm.

-Maykl Ceksonla bağlı ən unudulmaz xatirəniz nədir?

-Biz onun “Sisterella” müziklını ifa edirdik. O isə teatrın ikinci mərtəbəsində tək otururdu. Maykl Cekson orada olduğu üçün heç kimin eyvana çıxmasına icazə verilmədi.

Bütün qonaqlar tamamilə birinci mərtəbədə qalmalı oldu. Bunun çox qəribə olduğunu düşündüm.

-İslamı qəbul etdikdən sonra həyatınızda ilk olaraq nə dəyişdi?

-Mən eyni insanam. Həmişə vicdanlı və sədaqətli bir insan kimi yaşamağa çalışmışam. Beləliklə, yalnız bilik qazandım.

-İslamı seçməyinizin ən böyük səbəbi nə idi?

-BİLİK.

-Xristianlıqda sizin üçün nə kifayət etmədi?

-Mən kiməm ki, xristian olmağın kifayət etmədiyini söyləyim. Sonda görəcəyik ki, sadəcə olaraq hamımızın yalnız bir Allahı var.

– “İslam” sizin həyatınıza nə bəxş etdi?

-Müsəlman olmaq bir dərman deyil. Həyatımı yalnız Allahın istədiyi kimi yaşamağa çalışıram.

-Müsəlman qadın olmağın ən böyük çətinliyi nədir?

-Mən müsəlman doğulmamışam və həyatımı müsəlman ölkəsində yaşamamışam. Buna görə müsəlman qadınların üçün nəyin ən çətin olduğunu deyə bilmərəm. Ancaq dünyadakı bütün qadınlar mübarizə aparırlar.

– “İslamofobiya” kimə xidmət edir?

-Mən bunu heç başa düşmürəm.

-İslam ölkələrindəki müharibələr sizi heç qorxutmur?

-Niyə qorxmalıyam, bir İslam ölkəsindəki müharibə və ya öz ölkənizdə hədəfə alınmış Afro-amerikalı (Afrika) arasında heç bir fərq yoxdur. Müharibə nifrətdir, acgözlükdür!! Hətta qonşunuz da bu xüsusiyyətlərə sahib ola bilər.

-Dünyada belə müharibələri törədənlərə nə demək istərsiniz?

-Demək istəyirəm ki, bu qərəzə, düşmənliyə son verin artıq! Bu dünya sizə hakimiyyət qurmaq, nəzarət etmək üçün verilməyib. Allahın bizə bəxş etdikləri ilə qürur duymalı və bölüşməliyik.

-Siz üçün demokratiyanın təməl daşı nədir?

– İlk növbədə demokratiya, ali hakimiyyətin xalqın ixtiyarına verdiyi üstünlükdür və vaxtaşırı keçirilən azad seçkiləri əhatə edən təmsilçilik sistemidir.

-Biz öz kökümüzə qayıtdıqda isə bu dediyiniz təməl daşı lazım olmayacaq.

– Demokratiyaya əngəl olaraq nəyi görürsünüz?

-Əksər liderlər demokratiyaya ən böyük əngəldir. Çünki unudurlar ki, bu onların şəxsi mübarizəsi və qazancı deyil. Amma əksəriyyətin ehtiyacıdır.

-Türkiyədə azadsınızmı?

-Azadam.

-Azadlığın həddi sizin üçün harada başa çatır?

-Əgər azadlığa sahib olmaq sizə sui-istifadə, qətl, yalan, fırıldaqçılıq və oğurluq hüququ verirsə, deməli artıq həmin həddə çatmışıq.

-Rasizm kimə xidmət edir?

-Əlbəttə ki, irqçilərə xidmət edir!

-Sizin üçün xoşbəxt həyatın düsturu nədir?

-Düzgün bir formulum olub-olmadığını bilmirəm. Sadəcə olaraq müalicə olunmaq istədiyim üçün insanlarla rəftar etməyə çalışıram. Ailəmi, dostlarımı və özümü sevirəm.

-Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycana səfər etmək istərsinizmi?

-Ölkənizlə bağlı çox gözəl sözlər eşitmişəm. Azərbaycanı ziyarət etməkdən şərəf duyaram.

– Azərbaycanın məşhur muğamları haqqında heç eşitmisiniz?

-Bəli !!!!! Və bu musiqini sənətkarlarınızdan biri ilə ifa etmək istərdim.

-Sizi Azərbaycanda sevən insanlara, gənclərə nə demək istərsiniz?

-Bu anda onlara deyirəm ki, COVİD-19-dan qorunmaq üçün EVDƏ QALIN.  Bundan sonra Azərbaycana gedib SOUL MUSİQİMİ onlarla bölüşərəm. Bir seminar təşkil etmək istəyirəm. Həm onlar öz musiqilərini mənə öyrətsinlər, həm də mən öz musiqimi onlar üçün ifa edim.

-Nəhayət, Coronavirusun qarşısını almaq üçün tövsiyələriniz nədir?

-Ən yaxşı cavab Evdə qalın!

  • Hər zaman yanınızda kağız salfet gəzdirin, asqırdığınız zaman ağzınızı və burnunuzu örtün. Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın.
  • Əllərinizi tez-tez yuyun. ÜST-ün qeydlərinə əməl edin. Əgər əl altınızda sabun və yaxud da su yoxdursa, tərkibində ən azı 60% spirt olan antiseptik geldən istifadə edin. Əgər əlləriniz əyani olaraq çirkli görsənərsə, onları daim su və sabunla yuyun.
  • Yuyulmamış əllərlə üzünüzə, xüsusən ağzınıza, gözlərinizə və burnunuza toxunmayın.
  • Xəstəliyi olan insanlarla əlaqə qurmayın.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Müsahibə

Samir Sadıxovun son layihəsi (FOTOLAR)

Yayımlandı

da

Tərəfindən

“Bu avtomobili evdə, boş vaxtımda hazırladım. Şəxsi layihədir”

“Gənclərə demək istəyirəm ki, ölkədəki və ya cəmiyyətdəki vəziyyətə görə ruhdan düşməsinlər və gələcəyə ümidlə baxsınlar”

“Bu texnologiya dünya sənayesində ciddi dəyişikliklərə səbəb olacaq”

HafizTimes.com-un növbəti müsahibi gənc yaşlarında dünyada məşhur olan azərbaycanlı dizayner Samir Sadıxovdur.

Məlumat üçün bildirək ki, S.Sadıxov 1990-ci ildə Gəncədə ziyalı ailəsində dünyaya göz açıb. Anası həkim, atası isə mühəndisdir. Gəncədə Azərbaycan – Türk liseyində orta təhsil alıb. İtaliyanin Turin şəhərində olan Istituto Europeo di Design – Nəqliyyat dizaynı fakültəsində bakalavr təhsili alıb. Almaniyanın Pforzheim Universitetində Nəqliyyat dizaynı fakültəsində isə magistr təhsili alıb. 

Sadıxov Azərbaycanın ilk peşəkar maşın dizayneridir. O, 2011-ci ildə Ferrari World Design Contest dizayn müsabiqəsində ikinci yeri tutan Ferrari Xezri Competizione Edition layihəsi ilə məşhur olub. Gənc yaşında bir çox uğura imza atan azərbaycanlı dizanyer “Ferrari World Design Challenge 2014” müsabiqəsində qalib olmaqla məşhurluq qazanıb.

O, 30 dizayn məktəbi, 500 tələbə arasında bir neçə turu keçərək, ilk pilləyə yüksəlib. Bundan başqa, o, Cadillac C-Ville və XTS konseptlərini layihələşdirib. Eləcə də Rezvani Beast (“Heyvan”) markalı avtomobil də azərbaycanlı dizayner tərəfindən layihələşdirilib, həmin avtomobil Hankook Tyre Design Challenge 2014 müsabiqəsinin qalibi olub. Samir Sadıxov təxminən 6 ay ərzində dizayn üzərində işləyib. Azərbaycanlı gənc dizayner Red Dot Design Award-ın 4680 layihəsi sırasında “Luminary” və “Best of the Best” mükafatlarına layiq görülüb. 

Qeyd edək ki, Red Dot Design Award yer kürəsinin dizayn Mərkəzi olan Essene (Almaniya) şəhərində yerləşən Şimali Reyn-Vestfaliya İnstitutu (alm. Design Zentrum Nordhein Westfalen) tərəfindən təqdim edilən dizayn sahəsində nüfuzlu mükafatdır. Mükafatlanmış işlər, Essendə Red Dot dizayn muzeyində sərgilənir. Bu muzey müasir dizaynın nailiyyətlərinin nəhəng toplusudur. Samir Sadıxov hazırda dünyanın çox nüfuzlu avtomobil şirkətində dizayner olaraq çalışır. Bu yaxınlarda onun hazırladığı Rezvani Motors TANK dizaynı işıq üzü görüb. Çox qısa zamanda hər kəsin rəğbətini qazanıb.

-Necə oldu ki, siz avtomobil dizayneri olmaq qərarına gəldiniz? 

– Uşaqlıqdan avtomobillərə qarşı xüsusi marağım olub. Hər zaman avtomobil eskizləri çəkməyi sevirdim, lakin yoldaşlarımdan fərqli olaraq, var olan avtomobilləri çəkməyi sevmirdim, hələ də sevmirəm. Hər zaman istəyirdim ki, öz fantaziyamda olan yeni bir avtomobil çəkim. Orta məktəbdə oxuyarkən, belə bir məşğuliyyətin, peşəkar səviyyədə etməyin mükün olduğunu öyrəndim və o gündən qərarım dəyişmədi. Nəhayət, avtomobil dizayneri oldum.

-Hazırkı işinizlə bağlı məlumat almaq istərdik.

-Hazırda dünya nəhəngi olan, Cənubi Koreyadakı “Hyundai” qrupuna məxsus olan “Genesis” brendində dizayner olaraq çalışıram.

“Bu isə şəxsi layihədir. Ticarət məqsədi daşımır. 70-ci illərdəki AutoMecca şirkətinin istehsal etdiyi “BrubakerBox” modelinin yeni versiyasını hazırladım. Evdə olan zaman, boş vaxtımda! Qeyd edim ki, hazırda yaşadığım ölkədə karantin rejimindəyik”.

– Sizcə, peşəkar avtomobil dizayneri necə olmalıdır? Bunun üçün nələr tələb olunur?

– Avtomobil dizayneri olmaq üçün əsas iki şərt vacibdir. Dizayn etmək üçün xəyal gücü və rəssamlıq qabiliyyəti önəmlidir. Çünki xəyalınızda təsəvvür etdiyiniz dizaynı canlandırmağın ən ideal və tez üsulu onu yaxşı çəkməkdir. Dizayner olmaq üçün bu çox vacibdir. Şirkətlər və universitetlər adətən işə qəbul prosessində birinci bu xüsusiyyətlərlə önəm verirlər. Dizayn ideyalarının yenilikçiliyi və dizaynların necə təsvir olunduğuna diqqət yetirirlər. Əsas rəqabət də bunun üzərində gedir.

-Gündəlik iş rejiminiz necədir? 

– Standart iş rejimi ilə çalışırıq. Həftədə 5 gün işləyirik. Əsas iş rejimi layihə üzərində olur. Əgər konsept bir modelin üzərində işləyiriksə, proses 1 il çəkir. Əgər istehsala gedəcək seriya avtomobilidirsə, 2 – 3 il çəkir. Gündəlik işimiz isə avtomobilin dizayn prosesi ilə bağlıdır. Bəzən yeni avtomobil üzərində eskizlər, bəzən 3D formatlə layihələr hazırlayırıq, bəzən isə hansısa modelin detallarını yenidən dizayn edirik.

Avtomobil insanlıq tarixinin ən vacib kəşflərindən biridir. Həyatımızı asanlaşdıran, bizi bir-birimizə tez və rahat qovuşduran vasitədir.

-Dünyada ən çox hansı avtomobillərə təlabat var?

– Hazırda ən əsas təlabat SUV ve Crossover seqmentində olan avtomobillərədir və ikinci tələb olunan isə ekonomik kompakt avtomobillərdir.

-Avtomobil istehsalı o qədər də asan başa gəlmir. Ən çətin proses nədən ibarətdir?

– Avtomobilin ən çətin hissəsi onun monokokunun ve şassisinin hazırlanmasıdır. Sonra isə ona uygun olan mühərrik ve transmissiya sisteminin hazırlanmasıdır.

– Gələcək avtomobil dizaynlarını necə təsəvvür edirsiniz? 

– Avtomobil dizaynı heç vaxt inqilaba uğramayıb, hər şey təkamül olub, inkişaf edib və yeni formalara sahib olub. Düşünürəm ki, gələcəkdə də avtomobillər texnologiyaya uyğun dizaynlara sahib olacaq. Dizayndakı ən çox dəyişikliklərin səbəbi, texnologiya və yeni çıxan qanunlardır. Bunların işimizə təsiri çox olur.

-Dizayner olmaq üçün fitri istedad lazımdır, yoxsa ağıl?

– İstedad 20 faiz, çalışmaq və zəhmət isə 80 faiz…

-Siz hansı avtomobillərə üstünlük verirsiniz?

– Praktik, əlverişli, ekonomik və sürətli avtomobilə daha çox üstünlük verirəm. Bunları özündə birləşdirən modellər mənim üçün daha məqsədəuyğundur.

-Artıq dünyada özü idarə olunan avtomobillərin dövrü başlayır. 

– Avtonom avtomobiller qaçınılmaz və üzümüzə doğru gələn inqilabi texnologiyadır və bu texnologiya dünya sənayesində ciddi dəyişikliklərə səbəb olacaq. Buna uyğunlaşmalıyıq, yoxsa geridə qalacağıq.

-Azərbaycana gəlirsinizmi? Çalışdığınız yerdə ölkəmizə qarşı insanların münasibəti necədir?

– Təəssüf ki, işlərimə görə Azərbaycanda gec-gec gəlirəm. Gələndə isə maksimum ailəm və sevdiklərimlə vaxt keçirməyə çalışıram. İş yerimdə tək azərbaycanlı olduğum üçün maraq pozitivdir və çalışıram ki, ölkəmizi yaxşı təmsil edim.

-Azərbaycanda iş qurmaq istərdinizmi? Bu istiqamətdə planlarınız nədən ibarətdir? 

– Plandan əlavə xəyallarım və arzularım var. Bu sahədə planları reallaşdırmaq üçün hökumətimiz və iş adamları dəstək olmalıdırlar. Uğurlu iş ortaya qoymaq üçün ciddi investisiya və plan lazımdır.

-Sonda gənclərə nələri məsləhət görərdiniz?

-Gənclərə ən əsas məsləhətim budur ki, dayanmadan öz üzərlərində çalışsınlar, xəyallarının ardınca getmək üçün özləri özlərini motivasiya edib, bütün maneələrə üz döndərib onlara qarşı vuruşsunlar. Ölkədəki və ya cəmiyyətdəki vəziyyətə görə ruhdan düşməsinlər və gələcəyə ümidlə baxsınlar.

Ümidi isə reallaşdıracaq olan sadəcə özləri, zəhmət və cox çalışmalarıdır. Tək formula – çox çalışmaqdır.

Hafiz Əhmədov

HafizTimes.com

Oxuyun

Trend yazılar